Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Şuşaya duman gəlib
ŞUŞAYA DUMAN GƏLIB


    Şuşaya duman gəlib,
    Ürəyimə güman gəlib.
    Hər dərdimi-sərimi
    Sinəmdən qovan gəlib.
    (Yerli şair Hüsaməddin Alovlunun «Can dəftəri»ndən dörd misra)

I


    Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.
    Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
    Doppa Dadaşın kamançası sözünü deyib qurtarandan sonra, Hüsaməddin Alovlu sanatoriyada istirahət edənlərlə mədəni-mədəni iş aparan «massovik» Sadıq müəllimdən söz alıb meydanın ortasına çıxdı və gözlərini Marusya Nikiforovadan çəkməyərək yeni yaranmış həmin şerini oxudu:
    Ya tebya lyublyu,
    Oçen xoroşo!
    Za tebya ya umru,
    Oçen xoroşo!
    Amma Marusyanın fikri bu saat burada yox, Tambovdakı kolxoz bazarında idi: bu il həyətyanı sahələrinin məhsulunu kiçik bacısı Vasilisa Tambov kolxoz bazarına aparmışdı. Marusya isə Tambov vilayətindən Şuşa sanatoriyasına istirahətə gəlmişdi: Vasilisa ömründə birinci dəfə idi bazara gedirdi və buna görə də Marusya hərdən nigarançılıq keçirirdi ki, birdən Vasilisanı aldadıb-edərlər, evə əliboş qayıdar. Marusya özü də ömründə birinci dəfə idi belə uzaq səfərə çıxırdı, sanatoriyada istirahət edirdi.
    Əlbəttə, Ağdamda maliyyə məktəbini bitirib, indi Şuşanın Xəlfəli kolxozunda hesabdar işləyən və bu avqust ayında sanatoriyada dincələ-dincələ Marusyanın eşqindən yerə-göyə sığmayan Hüsaməddin Alovlunun Tambov vilayətindən gəlmiş bu təmiz-tariq, sağlam, səliqəli, pambıq kimi ağappaq qızın ürəyindəki nigarançılıqdan xəbəri yox idi və yaradıcılığa başladığı vaxtdan indiyə kimi ilk dəfə rus dilində yazdığı şeri özü öz sənətindən həzz ala-ala oxuyurdu:
    Ya tebya lyublyu,
    Oçen xoroşo!
    Za tebya ya umru,
    Oçen xoroşo!
    – Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... –
    Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından gülümsəyib yanında dayanmış Cavanşirdən soruşdu:
    – Sən niyə gedib dans eləmirsən, balası? Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra, Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı və meydanı dövrəyə almış adamlar yavaş-yavaş rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə gəzməyə gələn yerli oğlanlar da öz növbəsində bir-biri ilə rəqs edirdi və belə bir məqamda Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş əydi, qızı rəqsə dəvət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu qarabuğdayı, qara bığlı oğlanın dəvətini sidq-ürəkdən qəbul etdi.
    – Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a kişi qırığı?.. Hı?..
    Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb, sataşır ona; ayrı vaxt nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə, Şuşa sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu:
    – Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli, şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı.
    Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü, Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala Şuşa sanatoriyasında oturub qatıq içmir.
    Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tətil vaxtı, evdən onu qoymadılar bir yerə tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası ağladı, atası acıqlandı, əlqərəz, onu yenə tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında, çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi, gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün? Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..» Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə də xəcalətindən bilmir neyləsin.
    Bu əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının üzünə baxa bildi, nə də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası belə bir təklif irəli sürdü ki, Cavanşir tək Şuşaya getsin, Şuşa sanatoriyasına işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki, nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha maşallah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də görəcəyəm Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki, dünyanın cikinə də bələddi, bikinə də və dünyanın cikinə-bikinə bələd olmaqdan ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış tikənlərdən birini alıb gətirib qoyasan evə, deyəsən ki, mən uşağam, neynək, amma mənim bu arvadcığazımı yola verin.
    Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu.
    Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə əllərini başının altında çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra dili bir balaca topuq vura-vura dedi:
    – Nənəm xahiş elədi mənnən ki, iynə-sap götürüm sizdən... Dürdanə də Şuşa sanatoriyasına nənəsi ilə birlikdə gəlmişdi və indi, əlbəttə, Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, biləbilə ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin Güləndam nənədə var, qoy gedim ondan alım gətirim. Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu.
    Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi:
    – Nənə!
    Hüsaməddin Alovlu yenə də özünü saxlaya bilməyib meydanın ortasına çıxmışdı və yenə də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus dilində yazdığı şeri oxuyurdu:
    Ya tebya lyublyu,
    Oçen xoroşo!
    Za tebya ya umru,
    Oçen xoroşo!
    Güləndam nənə:
    – Vallah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... – Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay, xoş gəlmisən, qızım, axşamın xeyir, keç əyləş.
    Dürdanə:
    – Yox, çox sağ olun, – dedi. – Nənəm iynə-sap istəyirdi...
    – Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir, balası, iynə-sap götürməmisən sən?
    O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı:
    – Iynə-sap götürənəm mən?
    
    Dürdanə:
    – Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı.
    Güləndam nənə:
    – Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Al, qadan alım, al, bizim bu Cavanşir yaman acıqlıdı,– dedi.
    Cavanşir yenə nənəsinə «Əzginiş olma, ay arvad» demək istədi, amma Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir acıqlı söz deyəcəkdi; Dürdanə Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik:
    – Bağışlayın, – dedi və otaqdan çıxdı.
    – Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmialəm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?..
    Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı:
    – Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı.
    Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi, yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə gəlirdi və Cavanşir bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş xəyal aləminə gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş dünyanı dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç kim onu başa düşə bilməzdi...
    Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.
    Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni nəzərlərlə baxırdı, hələ mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını hələ yaxşı başa düşmürdü, amma bu hisslər Şuşanın bu ab-havası ilə, Şuşanın bu dağları, bu kol-kosları, bu ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür, artırdı, açıq-aşkarlaşırdı.
    Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı ağzında dayandı və Güləndam nənə də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox, anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.
    Dürdanə də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu, özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə gəlib yer kürəsinə çatmış bir qalaktika idi.
    Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə, Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı:
    – Sizin adınız Cavanşirdi? – soruşdu.
    Cavanşir:
    – Hə, Cavanşirdi, – dedi və təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı, qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə gözəlləşib və necə yaraşıqlı olub.
    dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu «xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və hər dəfə üz-üzə çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla, amma Cavanşir də düz ötüb çıxıb gedirdi.
    Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə Cavanşirdən soruşdu:
    – O qız kimdi elə bizə salam verir?
    Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan Dürdanəni gördü və istər-istəməz Şuşa sanatoriyasına təzə gəlmiş bu qızla salamlaşdı və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı, gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da Cavanşirgilə salam verdi.
    – Kimdi, ə, bu qız belə, a kişi qırığı?
    Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə:
    – Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı.
    Güləndam nənə də bu dəfə zarafatsız dedi:
    – Hə də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların əlindən...
    Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də doğrudan bu qızların heç birini tanımırdı, bəlkə də görsəydi üzdən tanıyardı – ya universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər; Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək kişi olsun.
    Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki, Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub:
    – Bu qızı demirəm ha... – dedi.
    Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da qarabağlıdı, o da nənəsiylə gəlib Şuşa sanatoriyasına, atasını məzuniyyətə buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul, Bəhlul arvad.
    Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı və Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə Marusya Nikiforovanı rəqsə dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə qızlar bir-biriləriylə, Şuşanın, Şuşaya yaylağa çıxmış Ağdamın, Bərdənin, Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar. Bir azdan Şuşanın aşağısında, Ərimgəldi tərəfdəki istirahət evinin həyətində klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» Iran filmindən «tormoz» Hüseynin havasını çalacaqdı və sanatoriyada istirahət edən əmək qabaqcılı, qəhrəman ana və həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındırasındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan Sadıq müəllimin iş günü sona yetəcəkdi.
    Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı və bunu görən Güləndam nənə eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə hədəqorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir nigarançılıq doldu və tez də Dürdanə tərəfə baxdı ki, görsün bu qız Güləndam nənənin him-cimini görür, yoxsa yox.
    Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı.
    – Axşamınız xeyir. – Hələ də ağ xələtini əynindən çıxartmayıb sanatoriyanın həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə tamaşa edən Isgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə salamlaşdı.
    Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı hələ və mədənikütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı, qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış qəzetin qırıntılarını isə yenə ovcunda, təzə qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış qəzetin qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin. Dietoloq Isgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib:
    – Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin fokusundan valehliklə başını tərpətdi: – Interesna!..
    Isgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa sanatoriyasında işləməyə gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara bığlı, yanağı qara xallı Isgəndər Abışovun ağ xələti həmişə tərtəmiz, kraxmallı və ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı və qalstukunun ortasında da həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və şam zamanı Isgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz yeməyinə baxıb şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və təqdir etmək münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « – Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin «D»di deyirdi və Güləndam nənə də Isgəndər Abışova «Vitamin oğlan» deyirdi və sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi ki, bu «Vitamin oğlan» ağ xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı Isgəndər Abışova «həkim» deyə müraciət edirdi.
    Müslüm dəstəsiylə tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı və klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı, Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib meydana çıxdı, sındıra-sındıra süzməyə başladı.
    Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın havalarda Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın havalarda Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və aşağılarda – Stepanakertdə, Müxətər kəndində, Şüşü kəndində, Keşiş kəndində yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü.
    – Gedək bir yerdə bir az çaxır içək.
    – Çaxır içək? – Isgəndər Abışov təəccüblə Cavanşirə baxdı.
    – Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir Isgəndər Abışovun qoluna girdi. – Gedək...
    Cavanşirin bu təklifi Isgəndər Abışov üçün çox gözlənilməz oldu və Isgəndər
    Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra:
    – Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki...
    – Yaxşı söz deyir professor Gerasimov. Gedək.
    – Qoy gedim xələti çıxarım.
    Cavanşir təəccüblə Isgəndər Abışova baxdı, elə bil ki, Isgəndər Abışov əynindəki xələti çıxara bilməzmiş.
    – Gözləyirəm.
    Isgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi.
    Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz» Hüseynin havasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən:
    – Gecəniz xeyrə qalsın, əziz yoldaşlar! – dedi. – Sizə gözəl Şuşa gecəsi arzulayıram!
    Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına.
    Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı və onunla rəfiqəsi Lyudmilanı teatra dəvət etdi; Lyudmila mənalı-mənalı Marusyaya baxdı və Marusya Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun dəvətini qəbul etdi.
    Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki, Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az içən kimi, ürəyi bulanırdı; nədənsə, birdən-birə bütün bu yerlər, Şuşanın ayı, ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları, ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında, bax, bu sanatoriyanın indiki yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala, Isa bulağınacan piyada gedib moruq yığardı, uşaqlarla mərc edib yanmış kilsənin qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin Şuşa birdən-birə çox-çox uzaqlara getdi, beş-altı il əvvəlki uşaqlıq illəri Şuşa sanatoriyasının həyətindəki bu avqust axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mənasını itirdi.
    Isgəndər Abışov:
    – Mən hazır, – dedi və Cavanşir Isgəndər Abışovu adi bəndələrin geydiyi kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış bu cavan oğlan elə bil ki, doğrudan da Isgəndər Abışov deyildi, bir başqa adam idi.
    Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda Isgəndər Abışov dedi:
    – Yaman baxır sənə o qız...
    Isgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin vitaminiylə maraqlanmalıydı və hər hansı bir qız barədə, ümumiyyətlə, arvad məxluqu haqqında söz demək Isgəndər Abışova yaraşmırdı.
    – Hansı qız?
    – Ode, o qız... Isgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yəni mən hara, o qız hara, yəni mən plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay Isgəndər Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, Isgəndər Abışov özü Cavanşirin bu gülümsəməyinin mənasını təsdiq elədi, sanatoriyadan şəhərə enən yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var...
    – Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə nə ehtiyac var və ümumiyyətlə, heç Isgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə lazımdı?

II


    Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də Isgəndər Abışovun boşqabına çəkdi, göygöyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.
    Isgəndər Abışov:
    – Iki şüşə çoxdur, – dedi.
    Cavanşir:
    – Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi və stəkanı birnəfəsə başına çəkdi və Isgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi, amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi. Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi Isgəndər Abışova təsir etdi və Isgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə gözaltı bir qızı vardı, nə də evi, şəhər sovetində söz veriblər ki, bu il ona ev verəcəklər, amma köhnə ev istəmir, təzə ev istəyir, şəhərsayağı, hamamı ilə ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı qızdı, şübhələnirdi ki, birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki Isgəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi, bir də ki dünyanın işlərini kim bilir, bəlkə elə sevdi Azadəni; hər halda, şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam olur, ab-havadandı, sudandı, amma hayıf ki, hələ gözaltı bir qız yoxdu və ümumiyyətlə, Isgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların fikrinə-zadına yaxşı bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi, əlindən gəlmirdi.
    Cavanşir özü bir söz danışmırdı, danışan elə Isgəndər Abışov idi və Cavanşir də yüngülcə gülümsəyə-gülümsəyə və arabir də mənalı-mənalı başını tərpədə-tərpədə Isgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində, dodaqlarının təbəssümündə Isgəndər Abışovdan qat-qat artıq görüb-götürmək ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə ki, Isgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun, amma saflıq olsun.
    Əlbəttə, Isgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş və məlum məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bu təkəbbür Isgəndər Abışova elə təsir edirdi ki, içdikləri çaxır daha o cür təsir etmirdi və elə bu təbəssümə, bu ifadəyə görə də Isgəndər Abışovun öz-özündən şikayəti getgedə artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi. Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan, mizlərə bir-bir baş çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı yelləyən Əbülfət Cavanşirgilə yaxınlaşıb:
    – Adama bir şiş də gətirimmi, başşım? – soruşdu.
    Cavanşir Isgəndər Abışova baxdı. Isgəndər Abışov dedi:
    – Heç yarım tikə də getməz!
    Cavanşir gülümsədi və yenə də elə-eləcə gülümsədi, yuxarıdan aşağı və yenə özündən dilxor oldu ki, belə gülümsəyir. Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni şorabasının pulunu alıb heç saymadı da, cibinə basıb:
    – Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ ağzı açılmamış ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə. Cavanşirlə Isgəndər Abışov parka çıxdı və Isgəndər Abışov dayanmaq bilməyib gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı, əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini, günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı. Isgəndər Abışov ardı-arası kəsilmədən öz güzəranından şikayət edirdi, Cavanşir isə həmin avqust gecəsi Şuşa parkında gəzişə-gəzişə Şuşanın təmiz, saf ab-havası ilə nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin ətrini duyurdu və doğrudan-doğruya öz üstünlüyünü hiss edirdi; elə bil hər şey yalandan yox, doğrudan idi, doğrudandoğruya bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında Isgəndər Abışovla gəzə-gəzə dincəlirdi.
    Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı və təkcə parkın yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı Şuşada qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər rəqs edərkən» adlı məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova, Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı teztez qızlara tərəf uzadıb Marusyanı və təbii ki, Lyudmilanı konfetə qonaq edirdi, səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə tərcümə edirdi və Marusya Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət faciəsinə göz yaşı axıdırdı.
    Və elə bu vaxt Isgəndər Abışov da özünü saxlaya bilməyib dedi:
    – Bu qadına bir bax! Pah!..
    Qarşıda, ay işığında Şuşa parkındakı ağaclara, gül-çiçəyə baxa-baxa hündürboylu, şümalbədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, təbiətdən və özündən həzz ala-ala gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi; bu qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər şeyin yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə bir sehr var idi.
    Isgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi:
    – Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı.
    Bu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sürətlə irəliləyib bu qadına yaxınlaşdı və:
    – Bağışlayın... – dedi.
    Qadın Cavanşirə baxdı və yalnız bu zaman elə bil ki, Cavanşir özünə gəldi, yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı, birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə:
    – Bağışlayın... – deyə təkrar etdi.
    Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudraboyası çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin və vecsiz adamı idi.
    Arxadan gələn Isgəndər Abışov xoşbəxt bir heyrət və həsəd dolu nəzərlərlə Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı olan bu oğlana və naməlum gözəl qadına, gözlərinin qarşısında addımlayan, amma əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı.
    Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı, əbləh vəziyyətini və vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızardı.
    Arxada isə Isgəndər Abışov addımlayırdı.
    – Bağışlayın... bilmirsiz teatr burada hardadı?
    Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu, qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib:
    – Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə yayıldı.
    Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə girməyə hazır idi.
    Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə:
    – Yoldaşınız sizi gözləyir, – dedi.
    Cavanşir təəccüb etdi ki, bir dəfə də olsun geri çönüb baxmayan bu qadın
    Isgəndər Abışovu necə gördü və:
    – Eybi yox... – dedi. – Cavanşir bunu dedi və bu sözlərin mənasızlığından və köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb. Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki, söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində Isgəndər Abışov da arxadan onları müşayiət etdi.
    Teatr binasının qabağındakı lövhələrə əllə yazılmış afişalar yapışdırılmışdı və qadın bu afişalara baxıb:
    – O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin Isgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. – Sonra birdən-birə Cavanşirdən soruşdu:
    – Siz bu teatrın tamaşalarına baxmısınız?
    Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə:
    – Yox, baxmamışam, – dedi və Cavanşirə elə gəldi ki, yenə iki-üç il geri qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir.
    Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə bil öz-özüylə danışmağa başladı və bu qadının çox zövqlə yüngülcə boyalanmış gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə Cavanşir üçün Şuşadakı həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir hissəsinə çevrilirdi.
    – Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır... Insan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir...
    Cavanşir sözün əsl mənasında əzablı bir sıxıntı ilə bu qadınla yanaşı addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki, lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa bilmirdi.
    Məlum oldu ki, bu qadın memardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət edir və Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır, Şuşanın Xan sarayı, Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər, qurğular, hər şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının, bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir memarlıqda öz əksini tapmalıdı...
    Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını tərpədib bu qadının söylədiyi fikirlərin hamısını təsdiq edirdi, uzaq başı bircə kəlmə: « – Elədir...» – deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə addımladıqca, Isgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və ən qəribəsi də bu idi ki, Isgəndər Abışov, nədənsə, Cavanşirdən başqa özünü də həmin avqust gecəsinin qəhrəmanı hiss edirdi...
    Cavanşir çox çətinliklə və gözlənilməz bu düşünülməz, ağlasığmaz gecə gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və məlum oldu ki, bu qadının adı Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə xanım Cavanşirdən soruşdu:
    – Bəs, siz harda işləyirsiniz?
    Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür; başqa vaxt olsaydı, bu, Cavanşirin ürəyinə yayılardı, amma bu dəfə yenə qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb:
    – Mən filoloqam, – dedi. – Universitetdəyəm...
    – Dərs deyirsiniz?
    Cavanşirin bütün sifəti alışıb-yanırdı və ona elə gəldi ki, Mədinə xanım onu dolayır və bərkdən qaqqanaq çəkib güləcək və Isgəndər Abışov da gülməkdən qarnını tutacaq.
    – Yox... Aspirantam...
    – A-a... Sizinçün hələ hər şey irəlidədi...
    Cavanşir buna da bir söz deyə bilmədi.
    Isgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm Isgəndər Abışov Cavanşirlə Əbülfətin kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı və elə bil ki, Isgəndər Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.
    Mədinə xanım dedi:
    – Mən daha istirahət evinə getməliyəm...
    Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:
    – Mən sizi ötürərəm...
    Mədinə xanım dedi:
    – Sizi yoldaşınız gözləyir...
    Cavanşir dedi:
    – O mənim yoldaşım deyil...
    Mədinə xanım dedi:
    – Onda deyin arxamızca gəlməsin...
    Cavanşir bu sözlərdə bir balaca əsəbilik hiss elədi, gizli bir acıq hiss elədi, amma əslində onu pərt eləyən bu olmadı, Cavanşiri bu pərt elədi ki, Isgəndər Abışovla yoldaş olduğunu bu qadının yanında dandı və əlbəttə, burada pərt olası bir şey yox idi, Cavanşirlə Isgəndər Abışov doğrudan da, yoldaş deyildilər və bu gecə də birinci dəfə oturub kəlmə kəsmişdilər, amma hər halda Isgəndər Abışovdan imtina eləməsi Cavanşirə nəsə bir xəyanət kimi gəldi, elə bil doğrudan da, hansı bir yaxın yoldaşınasa, elə bil nəsə işıqlı bir şeyə xəyanət elədi; bu, ötəri hiss idi və Cavanşir Mədinə xanımdan geri qalıb Isgəndər Abışovun ona çatmasını gözlədi və dedi:
    – Sən daha get.
    Isgəndər Abışov ay işığında qaşlarını çatdı, sonra öz aləmində hər şeyi başa düşdü, yəni ki, məlumdu məsələ, gözlərinin ucu ilə mənalı-mənalı gülümsəyib:
    – Oldu, – dedi və geri çönüb qaranlıqda Şuşa parkının ağacları arasında görünməz oldu.
    Mədinə xanım Sovet Ittifaqının bir çox kurortlarında olmuşdu, Karlovı-Varıda, Bolqarıstandakı Qızıl Qumda istirahət etmişdi, Fransanın cənubunu, Nitsanı gəzmişdi, amma heç birinin havası Şuşa ilə müqayisə oluna bilməzdi, düzdü, Isveçrədə olmamışdı, deyirlər ki, Davosun havası çox gözəldi, amma Mədinə xanım bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı təmizlik, saflıq da insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır, insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır; adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər şeyi unudur, bütün qayğıları, pislikləri, iztirabları və bütün ətrafı, bütün münasibətləri qatı rənglərlə, qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür.
    Cavanşir Mədinə xanımın bu etiraflarına qulaq asa-asa addımlayırdı və daha əvvəlki kimi sıxılmırdı. Əlbəttə, Cavanşir heç vaxt fikirləşməzdi, ağlına da gətirməzdi ki, belə bir qadının bu cür etiraflarına qulaq asa-asa sakit, aylı-ulduzlu bir Şuşa gecəsində kimsəsiz, qədim bir küçə ilə beləcə addımlayacaq.
    Onlar Şuşa istirahət evinin həyət darvazasına gəlib çatanda gecə saat on birə qalırdı. Mədinə xanım əlini Cavanşirə uzadıb:
    – Sağ olun, – dedi. – Gecəniz xeyrə qalsın.
    Şuşa istirahət evinin darvazası üstündən asılmış elektrik lampasının işığında Mədinə xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha nəsə deyirdi və elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı əli də gözlərinin dediklərini təsdiq edirdi.
    Cavanşir başa düşürdü, hiss edirdi ki, nəsə demək lazımdı, bu elə məqamdır ki, mütləq nəsə demək lazımdı, nəsə elə bir söz ki, bu baxışlara layiq olsun, lap dərinlərdə gizlənmiş istehzanı alt-üst eləsin, amma Cavanşir başqa heç nə deyə bilmədi, heç nə eləyə bilmədi, təkcə:
    – Sağ olun, – dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu: – Sabah görüşəcəyik?
    Mədinə xanım eyni mehribanlıqla gülümsədi və:
    – Görüşərik, – dedi.
    Sabah axşam saat yeddidə (o vaxt ki, Doppa Dadaş sanatoriyanın həyətində kamançasının simlərini kökləməyə başlayacaqdı) Şuşa istirahət evinin yuxarısındakı tutluqda görüşəcəklərini vədələşdilər (bu yeri, təbii ki, Mədinə xanım təklif elədi) və bundan sonra Mədinə xanım əlini Cavanşirin yekə ovcundan çəkib darvazanın kiçik qapısından içəri girdi.
    Cavanşir bir müddət darvazanın qabağında dayandı, o əlin hərarətini, mehribanlığını, qayğısını ovcunda hiss etdi, o əlin nəsə dediyini və özünün vecsizliyini, əfəlliyini fikirləşdi, sonra siqaret çıxarıb yandırdı və Şuşanın qaranlıq, sal daş döşənmiş küçələrindən keçib sanatoriyaya tərəf qalxmağa başladı. Və bu dəm «Skeletlər rəqs edərkən» tamaşası da sona yetmişdi və Marusya Nikiforova, Marusya Nikiforovanın yanında Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu nakam məhəbbət faciəsinin təsiri altında yavaş-yavaş sanatoriyaya tərəf gedirdilər.
    Cavanşir Mədinə xanımın yanında siqaret çəkməyə də ürək eləməmişdi.
    Belə-belə işlər.
    Sabah belə olmayacaqdı.
    Cavanşir sanatoriyanın həyətinə girəndə bütün işıqlar sönmüşdü, təkcə Güləndam nənənin işığından başqa və eyvanlarda da heç kim yox idi, təkcə Dürdanə çiyninə yun jaket salıb üşüyə-üşüyə öz eyvanlarında dayanmışdı və gözlərini sanatoriyanın həyət darvazasından çəkmirdi.
    Həmin avqust gecəsi Cavanşir çarpayısındakı yorğan-döşəkdə uzanıb gah bu böyrü, gah o böyrü üstə çevrilə-çevrilə səhərə kimi yuxu ilə doğru arasında oldu, bütün gecəni Mədinə xanımla idi, bütün gecəni Mədinə xanımla Şuşa parkında gəzirdilər, Cavanşir bilirdi ki, bu həqiqət deyil, mürgüdü, yuxudu, amma Mədinə xanımın gözlərindəki mehribanlığı görürdü, səsindəki yumşaqlıq, ilıqlıq Cavanşirin bütün bədəninə yayılırdı, Mədinə xanımın ətrini duyurdu, əlinin hərarəti ovcunu qızdırırdı, amma nəsə çatışmırdı, bu narahatlıq da, bu nigarançılıq da ondan ibarət idi ki, nəsə çatışmırdı, o böyrü, bu böyrü üstə aşmağı da ondan idi və səhərə yaxın birdən-birə Cavanşirə elə gəldi ki, çatışmayan Isgəndər Abışovun daha arxadan eşidilməyən addım səsləridi.

III

    – Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?
    Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.
    Axşam düşhadüş idi və bir azdan Sadıq müəllim sanatoriyanın həyətindəki meydançanın ortasına çıxıb istirahətçilərin axşamını xeyirləyəcəkdi, sonra Doppa Dadaşın kamançası dil açıb söz söyləyəcəkdi, sonra Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çalacaqdı və Hüsaməddin Alovlu da yerli cavanların həsəd dolu baxışları altında Marusya Nikiforovanı rəqsə dəvət edəcəkdi.
    Həmin gün çox tez gəlib keçdi.
    Səhər Güləndam nənə ilə Cavanşir yeməkxanaya düşəndə yenə tərtəmiz, kraxmallı və ütülü xalatını əyninə geyib saçlarına da brialin sürtüb səliqə ilə daranmış Isgəndər Abışov onlara xüsusi diqqət yetirdi, Cavanşirlə xüsusi bir ehtiramla və gizli həmsirr kimi salamlaşdı, tez-tez gəlib onların mizinin yanında dayandı, diqqətlə süfrələrinə baxdı və Güləndam nənə səhər-səhər lüləkababı yeyib lüləkababın yanındakı bişmiş pomidora əl vurmayanda Isgəndər Abışov:
    – Ba-a-a!.. – dedi. – Heç bilirsiz bu nədi?
    Güləndam nənə bir bişmiş pomidora, bir də Isgəndər Abışovun çatılmış qaşlarına baxıb şübhələndi ki, bəlkə bu, doğrudan da, pomidor deyil, bir başqa şeydi:
    – Nədi ki? – soruşdu.
    Isgəndər Abışov dedi:
    – Bu, vitamin «A»dır! Onu yemək lazımdır!
    Güləndam nənə yenə bir Isgəndər Abışovun çatılmış qaşlarına, bir də bişmiş «A»ya baxdı və Isgəndər Abışovun belə vitamin təəssübkeşliyi elə bil arvada təsir etdi, pomidoru qabağına çəkib yeməyə başladı.
    Isgəndər Abışov, əlbəttə, bu işdən çox razı qaldı.
    O gün Dürdanə nənəsinin xahişi ilə Cavanşirgilin otağına gəlib qayçı istədi, sonra qayçını gətirib qaytardı, günorta nahar üçün yeməkxanaya düşəndə Cavanşirlə üz-üzə gəldi, salam verdi və Cavanşir də bu dəfə açıq-aşkar gördü, hiss etdi ki, bu qız onunla qarşılaşanda, salamlaşanda, baxışında tamam-kamal özünü itirir və qıpqırmızı qızarır.
    – Nədi, a kişi qırığı, nə tərs-tərs baxırsan mənə, hə? Yenə gecə saat on ikiyə işləmiş gələcəksən? – Güləndam nənə çarpayının üstündə oturub çeşməyinin yuxarısından Cavanşirə baxa-baxa gülümsəyirdi və bu gülümsəmədəki çox yüngül, xoş bir rişxəndə də şəkk-şübhə yox idi.
    Cavanşir güzgünün qabağında dayanıb uzun saçlarının ucunu düzəldirdi və güzgüdən də Güləndam nənəyə baxıb:
    – Bəlkə heç gəlmədim gecə... – dedi.
    Ən maraqlısı bu oldu ki, Güləndam nənə bu sözlərə lağ eləmədi, inandı bu sözlərə, içini çəkib:
    – Cavanşir... – dedi və arvadın gözlərindəki rişxənddən əsər-əlamət qalmadı.
    – Nədi, nə Cavanşir?..
    Və həmin axşam Cavanşir Şuşa istirahət evinin yuxarısındakı tutluğa vaxtından yarım saat əvvəl gəldi (Dürdanə eyvanda dayanmışdı və Cavanşiri Şuşa sanatoriyasının həyətindən bu qızın gizli bir təlaşla, gizli bir narahatlıqla dolu gözləri yola saldı).
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1077 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more