– Bir anam var Bakıda, Fəttah dayı, elə bil sənin dediklərini yığıb bir-bir.
Fəttah dayı bankaları torbadan çıxarıb, sandığın üstünə düzdü.
– Sənin kimiləri az görməmişəm, bacıoğlu. Sizin xəmiriniz işlə yoğrulub.
Astanın işi qalmaz, xəstənin işi qalar, deyiblər. Asta olmağına asta adama
oxşamırsan sən, amma xəstə olmağına xəstəsən. Mənim də borcum budu ki, anan
səni necə göndərib bura, elə də mən qaytarım səni onun üstünə. Niyə ki, mənim
qonağımsan, başqasının yox. – Sonra Fəttah dayı qapıya tərəf dönüb bərkdən
çağırdı: – Mürşüd!
Mürşüd qapıdan içəri boylandı:
– Nədi, dədə?
– Gəl kömək elə mənə.
Mürşüd içəri girib təbii ki, çarpayıda oturan qonağı tanıdı. Gündüz Kərimbəyli
əlini uzadıb onunla görüşdü.
– Ba!.. – dedi, – Mürşüd kişi, sənin qonağınammış ki...
Fəttah dayı təəccüblə onlara baxdı və o saat da məsələni başa düşüb, oğluna
acıqlandı:
– Yenə vağzala getmişdin?
Gündüz Kərimbəyli əynindəki cempiri çıxara-çıxara:
– Kişi kolleksiyaçıdır də! – dedi və əli ilə Mürşüdün qıvrım, qara saçlarını
qarışdırdı. – Kolleksiyaçı bilirsən nədir? Biri marka yığır, o biri qəlyan yığır, bir
başqası tramvay yığır. Sən də kibrit kağızı yığırsan. Kolleksiyaçı sizsiniz, sizə
deyirlər...
Fəttah dayı balaca dəmir çubuğun ucuna pambıq dolaya-dolaya lap
təəccübləndi:
– Tramvay ha!
– Hə, Fəttah dayı, hardasa bir milyoner var, tramvay yığır.
Fəttah dayı dedi:
– Harınlıqdandı. Tramvay yığmaq da elə bir qızıl saatdan ötrü adam öldürmək
kimi bir şeydi əslində... Bir şahının iki üzüdü... – Sonra spirt şüşəsini də torbadan
çıxarıb ağzını açdı. – Tamam soyun, gir yerinə. Bankalayandan sonra üstünü
basdıracam. Əslinə baxsan heç gərək sabah da çıxmayasan eşiyə...
– Elə şey yoxdu, Fəttah dayı, sənin bankandan sonra sabah gərək qiyamət
eləyək!
Fəttah dayı başını bulaya-bulaya gülümsədi.
Gündüz Kərimbəyli üzüqoylu çarpayıda uzandı. Fəttah dayı yorğanı belinəcən
onun üstünə çəkib yekə, döyənəkli əlləri ilə Gündüz Kərimbəylinin kürəklərini
ovxaladı, sonra kibriti Mürşüdə verib dedi:
– Yandır görüm.
Mürşüd kibrit çöpünü çəkib yandırdı, Fəttah dayı da yaşına uyuşmayan bir
cəldliklə əlindəki dəmir çubuğun pambıqlı ucunu spirtə batırıb yandırdı və bankaları
bir-bir salmağa başladı.
– Hə, gör necə tutur!... Bacıoğlu, lap kefin istəyən soyuqlamısan ha...
Gündüz Kərimbəyli qollarını hər iki tərəfdən yanlarına uzadıb, üzünü onlara
tərəf tutmuşdu. O, Mürşüdə göz vurdu, Mürşüd gülümsədi.
Fəttah dayı bankaları salıb yorğanı lap yuxarıyacan çəkdi, sonra kətildə oturub
pencəyinin cibindən tənbəki kisəsini, qəlyanını çıxartdı.
Mürşüd sandığın üstündə oturdu.
Gündüz Kərimbəyli Mürşüddən soruşdu:
– Neçə nəfərsiz?
Mürşüd dedi:
– Dörd bacım var, iki qardaşım.
Gündüz Kərimbəyli gülümsədi:
– Ordudu ki, bu, a Fəttah dayı!..
Fəttah dayı qəlyanını yandırıb, gülümsəyə-gülümsəyə başını buladı, yəni ki,
görürsən də...
Gündüz Kərimbəyli Mürşüddən soruşdu:
– Sən kiçiyisən?
– Yox, bir bacım məndən böyükdü, qalanları hamısı kiçikdi...
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə bir ayağını qaldırıb altına qoydu və
dedi:
– Tez yeyənlə tez evlənən peşman olmaz, deyiblər. Yemək heç, amma
evlənməyi düz deyiblər. Mənim kimi gec evlənəndə nəvən yerindəkilərə atalıq
eləyəsən gərək... Düzdü, bunu da deyiblər ki, subaylıq sultanlıqdı, amma mən bir
sultanlıq görməmişəm... Həmişə zəhmətlə keçib ömrüm. Elə indi də... Buraları silibsüpürürəm,
bağ-bağatla məşğul oluram, sənin kimi hörmətli qonaqlara qulluq
edirəm, gecələr də kitab dükanında qarovulçuluq edirəm.
– Bəs heç yatmırsan, Fəttah dayı?
– Yatmaq nədi, a saqqalı ağarmış?! Zarafatdı bir ordunun əppəyini yetirmək?..
«Qu» deyəndə su verəsən gərək, «qa» deyəndə çörək. – Fəttah dayı qəlyanına dərin
bir qullab vurdu.
Gündüz Kərimbəyli dedi:
– Boynumun yanındakı yaman göynədir, Fəttah dayı.
– Soyuğu çəkib çıxarır də canından. Vaxtı çatanda götürəcəyəm.
– Darıxmırsan mağazada?
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:
– Yox, bacıoğlu, darıxmıram. Sizin vaxtınız olanda kinoya baxırsınız, bunları, –
Fəttah dayı Mürşüdə işarə elədi, – televizorun qabağından çəkmək olmur. Mənim
kinom da, televizorum da keçib getmiş günlərdi, gəlirlər bir-bir gözümün qabağına...
– Fəttah dayının gözləri naməlum bir nöqtəyə zillənib qaldı və kişi elə bil ki,
dünyanın bütün işlərini yadından çıxarıb sidq-ürəkdən dedi. – Keçən günə gün
çatmaz, calasan da günü günə!.. – Sonra elə bil ki, yenə özünə qayıtdı. – Qayğı da
ki, – Fəttah dayı yenə Mürşüdə işarə elədi, – görürsən də, kefin istəyən qədər...
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli sir-sifətini qırışdırdı:
– Yaman göynədir e, Fəttah dayı...
Fəttah dayı qəlyanını ağzından çıxarıb, bir az rişxəndlə gülümsədi:
– Ba, a kişi, sənin heç davamın yoxmuş ki...
Fəttah dayı yenə də qəlyanını ağzına qoydu və bu dəfə pəncərəyə tərəf baxdı.
Sulu qar pəncərə şüşəsini döyəcləyirdi, elə bil ki, bayırın soyuğu bu isti və xudmani
otağa soxulmaq istəyirdi.
Gündüz Kərimbəyli Mürşüdə, sonra Fəttah dayıya baxdı və soruşdu:
– Imaş harda işləyir, Fəttah dayı?
– Hansı Imaş?
Mürşüd də öz növbəsində soruşdu:
– Səadət müəllimənin qardaşı?
Gündüz Kərimbəyli yəqin ki, yenə bankaların göynətməsindən sifətini
turşudub:
– Hə, – dedi. – Səadət müəllimənin qardaşı.
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:
– Gərək heç harda işləməsin, – dedi.
– Niyə? Xəstədi?
Fəttah dayı bir müddət cavab vermədi, sonra dedi:
– Xəstə olmağına xəstədi, amma başqa xəstəlikdi xəstəliyi...
Gündüz Kərimbəyli bir söz deməyib Fəttah dayıya baxdı. Fəttah dayı:
– Adamlardı də... – dedi. – Hərənin bir xəstəliyi olur, biri iflic olur, birinin gözü
tutulur, biri də oğru olur. Bayaq dediyin də... Kolleksiyaçı...
Gündüz Kərimbəyli soruşdu:
– Hansındandı Imaş?
Fəttah dayı kətildə qurcalandı:
– Biri ki, haram çörək yedi, gözümün düşmənidi... Düşmənidi gözümün! Hə,
oğrudu, oğru Imaş deyərlər ona, anasının əmcəyini kəsəndi...
Mürşüd dedi:
– Səadət müəllimə yaxşı adamdı.
Fəttah dayı:
– Meşə çaqqalsız olmaz, – dedi. – Camaatın toyuğunu, hinduşkasını, qazını,
ördəyini oğurladı, yedi-içdi, tənbeh elədilər, bu dəfə də başladı camaatın qoyununu,
inəyini, camışını oğurlamağa, atını oğurlamağa, tutdular, neçə il yatdı, indi çıxıb biriki
aydır, işləmir hələ...
Mürşüd dedi:
– Indi bəs nə oğurlayacaq? Adam?
Fəttah dayı qəlyanı ağzından çıxarıb oğluna çımxırdı:
– Sən kiri! – Gecə vaxtı oğru söhbəti kişinin qanını qaraltmışdı; sonra ayağa
qalxıb yorğanı aşağı çəkdi və bankaları bir-bir qoparmağa başladı; bankalar səs salasala
Gündüz Kərimbəylinin kürəklərindən qopurdu. – Pah! Qapqara qançırdı yerləri,
yaman tutubmuş...
Bankalar bir-bir torbaya yığıldı. Fəttah dayı bankaların yerini tez-tələsik
ovxalayıb yorğanı yuxarı çəkdi və qonağın üstünü əməllicə basdırdı.
– Yat, bacıoğlu. Gecən xeyrə qalsın.
– Sağ olun.
– Gecə durmaq olmaz. – Guya ki, bir işdən ötrü gecənin yarısı durub-durmamaq
mühüm işlər müstəntiqinin özündən asılı idi.
Mürşüd bic-bic güldü:
– Sağ olun.
– Sağ ol, Mürşüd kişi.
Mürşüd banka torbasını götürüb otaqdan çıxdı. Fəttah dayı da işığı keçirib,
onun ardınca otaqdan çıxdı və qapını örtdü.
Birdən-birə otağa çökən qaranlıq içində pəncərənin şüşəsi yavaş-yavaş
parıldamağa başladı.
Sulu qar tıqqıltı ilə şüşəni döyəcləyirdi.
Gündüz Kərimbəyli arxası üstə çevrilib qollarını başının ardında çarpazladı və
gözlərini pəncərəyə zillədi; elə bil ki, şüşənin tıqqıltısı elə hey nəsə deyirdi və
mühüm işlər müstəntiqi də bu tıqqıltıya qulaq asırdı...
VI
Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.
Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu
bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
Ayna xala başını qapıdan artırmaya tərəf uzadıb bir müddət qaranlığa baxdı,
sonra artırmadan keçib ehmallıca-ehmallıca taxta pilləkənləri qalxmağa başladı.
Ayna xala bir pilləkən qalxıb dayanırdı, qulaq asırdı, şübhəli bir şey hiss etməyib bir
pilləkən də qalxırdı.
Ayna xala ikinci mərtəbəyə çıxıb qapı ağzında dayandı, yenə bir müddət
tərpənmədi, sonra aşağı əyilib qulağını qapıya söykədi.
Içəridə kimsə var-gəl edirdi – addım səsi gəlirdi. Sonra çarpayının dəmir yayları
cırıldadı, sonra sükut çökdü.
Ayna xala bir az beləcə dayandı, sonra qalxdığı kimi də ehmallıca-ehmallıca
pilləkənləri bir-bir aşağı düşdü və artırmanın taxta sürahisinin yanındakı mis aftafanı
əlinə aldı, palçığa bulaşmasın deyə uzun tumanının balaqlarını yığıb həyətin aşağı
başına tərəf getdi və qaranlıqda ağacların arasında gözdən itdi.
VII
Xoruzun axırıncı banından xeyli keçmişdi.
Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topatopa
buludlar bir azdan yenə qiyamət edəcəkdi.
Hər tərəf yaş idi – çılpaq alma, gilənar, alça ağacları da, həyətin aşağı başına
gedən asfalt cığır da, ikinci mərtəbənin altındakı artırmanın sement döşəməsi də.
Fəttah dayı həyətdə odun yarırdı və Mürşüd də yarılmış odunu qucaq-qucaq
götürüb ikinci mərtəbəyə qalxan taxta pilləkənin altına yığırdı.
Fəttah dayının arvadı Güldəstə artırmada samovar qaynadırdı. Onun qırx-qırx
iki yaşı olardı və yeddi uşağın anası olmağına baxmayaraq, canının suyu hələ
çəkilməmişdi, yaraşıqlı arvad idi.
Fəttah dayının böyük qızı taxta pilləkənlərin palçığını yuyurdu.
Səkkiz-doqquz yaşlarında bir qız artırmanın divarına söykədilmiş mizin
üstündəki stəkan-nəlbəkini balaca ləyəndə isti suya salıb-çıxarıb qurulayırdı.
Üçyaşlı balaca qızın – yəqin ki, sonbeşiyin sol əli iplə bədəninə bağlanmışdı –
tərpədə bilmirdi; dişlərində tutduğu çörəyi sağ əli ilə didişdirib həyətdəki toyuqcücəyə
atırdı.
Gündüz Kərimbəyli ikinci mərtəbənin şüşəbəndindən çıxanda, Fəttah dayı
başını qaldırıb onu gördü və birinci salamlaşdı:
– Sabahın xeyir, bacıoğlu, nə var, nə yox?
Gündüz Kərimbəyli həyətə düşə-düşə:
– Sabahınız xeyir, – dedi. – Işlər düzəlib deyəsən.
Güldəstə sübhdən həyətə düşən qonağın yanında, deyəsən, özünü bir balaca
naqolay hiss edib, yun şalının altından başına örtdüyü ipək yaylıqla yaşmaqlandı və
yavaşdan onun salamını aldı.
Gündüz Kərimbəyli Fəttah dayıya yaxınlaşıb gülümsəyə-gülümsəyə:
– Həmişə işdə-gücdə, Fəttah dayı! – dedi.
Fəttah dayı iki əli ilə baltanın vələs sapından yapışıb yuxarı qaldırdı, kötüyün
üstündəki oduna endirdi və bir zərbə ilə yoğun odun parçasını ikiyə böldü. Dedi:
– Iş yiyəsi işdə gərək.
– Kömək eləyim?
Fəttah dayı:
– Dəmir döyən dəmirçi olar, – dedi və güldü. – Inciyib eləyərsən ha birdən
sözümdən... Yəni deyirəm ki, hər iş öz ustasının əlində asandı.
Gündüz Kərimbəyli də gülümsəyib:
– Incimək nədi, a Fəttah dayı? – dedi və yanında dayanmış Mürşüdün qıvrım
saçlarını qatışdırıb başını sinəsinə tərəf sıxdı. – Yadında saxla atanın bu sözlərini.
Hikmətdi bunlar...
Fəttah dayı dedi:
– Atasının sözləri yox, elin-obanın sözüdü bunlar. Milyon-milyon mənim kimi
Fəttah dayılar gəlib, Fəttah dayılar gedib, Süleymana qalmayan dünyadı... Elin
sözüsə qalıb... – Fəttah dayı baltanı yenə başının üstünə qaldırdı və: – Dərslərini
yaxşı oxusunlar, özlərinə bir gün qazansınlar, vaxt gələcək bu sözlər öz-özünə gəlib
düşəcək yadlarına – deyib zərbəni vurdu; kötüyün üstündəki yoğun odun yenə bir
zərbəyə ikiyə bölündü.
Balaca qız gəlib onların yanında dayandı və maraqla tanımadığı əmiyə baxdı.
Gündüz Kərimbəyli soruşdu:
– Sənin adın nədi?
Qız cavab vermədi.
– Dilin yoxdu sənin, hə?
Qız dilini çıxarıb göstərdi.
– Varıymış ki!.. – Və yalnız bundan sonra Gündüz Kərimbəyli uşağın sol
qolunun bədəninə sarıldığına fikir verdi.
– Bu qızın qoluna nə olub belə?
Güldəstə başındakı şalı düzəldə-düzəldə:
– Solaxaydı, – dedi. – Bağlamışam ki, sağ əlini işlətsin.
Qız anasına tərəf baxdı, sonra üzünü qonağa tutub bağlı əlini tərpətdi və sübh
tezdən düşdüyü bu bəladan xilas olmaq üçün ondan imdad istədi:
– Mən istəyirəm ki, sağ əlim bu olsun. – Yenə sol əlini tərpətdi.
Gündüz Kərimbəyli güldü. Güldəstə də gülümsəyib başını buladı, yəni ki,
bunun belə balacalığına baxmayın, şeytana papış tikər.
Fəttah dayı dedi:
– Gör bir nə istəyir ha! – və o da güldü, sonra üzünü qonağa tutub soruşdu:
– Əl-üzünü yumusanmı?
– Şüşəbənddəki əlüzyuyanda yudum.
– Əşşi, o yuyunmaq deyil ki... Mürşüd, yeri su tök, əmin üzünü yusun.
Mürşüd birinci mərtəbədəki otağa girib bir dolça su gətirdi və elə həyətin
ortasındaca Gündüz Kərimbəylinin əlinə tökdü. Gündüz Kərimbəyli suyu üzgözündə
şappıldada-şappıldada:
– Bu lap qiyamət iş oldu!.. Borclu borclunun sağlığını istər, a Fəttah dayı! –
dedi.
Fəttah dayı da sırıqlısının döş cibindən çıxartdığı qəlyanı ağzına qoyub:
– Borc almaq başlanan yerdə dostluq pozular, – dedi. – Nə borc? Öz evin bil
buranı. Nə qədər ki, buradasan, gözümüz üstə yerin var. Özünü möhkəm tutasan
gərək, vaxtında yeyib-içəsən. Işin sənin ağır işdi...
VIII
Prokuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları
yerbəyer elədi. Isti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı
sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla
mizin arxasına keçib əyləşdi.
Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu
və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin
görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.
Cinayət axtarışı üzrə baş inspektor, kapitan Cabbarov arıq, uzun kişi idi, yuxarı
başı prokurorun mizinin tən ortasına söykədilmiş uzun stolun arxasında oturmuşdu
və qarşısındakı qovluğun içindəki kağızlara baxırdı. Sonra o, araya çökmüş sükutu
pozdu:
– Altı ildi mən bu rayonda işləyirəm. Elə bilirdim ki, bura, dünyanın ən sakit
guşəsidi. Oğurluq olub, dava-dalaş olub, alver olub, amma ölüm hadisəsi olmayıb.
Balaca rayondu, adamlar bir-birini tanıyır, mehribandı... Birdən-birə bu cür
soyğunçuluq...
Gündüz Kərimbəyli ayağa qalxıb kürkü kürsünün üstünə atdı və:
– Bunları eşitmişəm! – dedi, sonra pəncərəyə tərəf yaxınlaşıb dayandı.
Yenə yavaş-yavaş sulu qar yağırdı və bir dəstə uşaq bunun fərqinə varmayıb
suya, palçığa bata-bata futbol oynayırdı.
Gündüz Kərimbəyli gözlərini futbol oynayan uşaqlardan çəkməyərək dedi:
– Soyğunçuluğa oxşamır bu...
Araya sükut çökdü və kapitan Cabbarov gözlərini qovluqdakı kağızlardan çəkib
prokurora baxdı. Prokuror Dadaşlı mizə dirsəklənib ətli çənəsini hər iki ovcuna
söykədi və altdan-yuxarı mühüm işlər müstəntiqinə baxdı.
Küçədən bir yük maşını keçib səkiyə çıxmış uşaqların üst-başını, üz-gözünü
tamam lığ elədi. Uşaqlar maşının ardınca əllərini-qollarını oynada-oynada yəqin ki,
sürücünün qarasına deyindilər və sonra yenə də küçənin ortasına düşüb oynamağa
başladılar.
Gündüz Kərimbəyli pəncərədən aralanıb kapitan Cabbarovla üzbəüz oturdu:
– Mən Mahmud Qəmərlinskinin soyğunçuluq məqsədilə öldürülməsini tamam
inkar etmirəm. Hər şey ola bilər... Amma bir məsələ məni çox düşündürür. O,
nəfəsini dərməmiş nə üçün evdən çıxıb, özü də tək? Ürəyi qısılıb? Ola bilər. Bəs,
niyə həyətdə, evin qabağında gəzişməyib, gəldiyi yolla düz geri qayıdıb? Deyirsiniz
ki, Mahmud Qəmərlinski gəzməyə çıxıb. Şübhə edirəm buna. Fazil müəllimin evi ilə
hadisə baş verən yer arasında xeyli məsafə var. Palçıqlı, sulu bir yoldu. Arada isə,
Fazil müəllimgilin evlərinin yaxınlığında, lap yolun üstündə parkdı. Niyə orada
gəzişməyib? Palçıq yox, su yox... Vağzala qayıdırmış? Nə üçün? Bakıya qayıtmaq
istəyirmiş?
Kapitan Cabbarov dedi:
– Gecə vaxtı burdan Bakıya gedən qatar yoxdu.
Gündüz Kərimbəyli onun sözlərini təsdiq etdi:
– Elədir, mən də yoxladım bunu. Ikincisi, bu cür tələsik Bakıya qayıtmaq üçün
bir səbəb olmalı idi. Nə ola bilərdi? Nəvəsi ilə sözləşib? Belə tezliklə? Bəlkə Fazil
müəllim düz demir?
Prokuror Dadaşlı nəyəsə etiraz etmək istədi. Gündüz Kərimbəyli ona macal
vermədi:
– Bütün bunların hamısı rəvayətlərdir, yoldaş prokuror. Əgər Fazil müəllim düz
demirsə, daha məntiqli bir yalan uydurmaq olmazdı? Olardı... Özü də Fazil müəllim
küt adama oxşamır... Bu saat, mənim fikrimcə, ən əsas məsələ budu: Qəmərlinski nə
üçün tələsik evdən çıxıb, nə üçün birbaş vağzala tərəf qayıdıb, yəni nə üçün gəldiyi
yolla da geri qayıdıb?
Prokuror Dadaşlı mizin orta gözünü çəkib siqaret çıxartdı və Gündüz
Kərimbəyliyə təklif etdi.
Gündüz Kərimbəyli:
– Çox sağ olun, – dedi. – Çəkən deyiləm.
Prokuror Dadaşlı siqareti yenidən mizin üstünə qoyub:
– Mən də çəkən deyiləm, – dedi və ayağa qalxıb sobaya yaxınlaşdı, yenə
maşanı götürüb ocağın közünü qarışdırdı, sonra belini düzəldib mühüm işlər
müstəntiqinə baxdı. – Deməli, Qəmərlinski başqa bir məqsədlə öldürülüb. Izi də
yayındırmaqdan ötrü cibindən saatını, portmanatını çıxarıblar...
Bir müddət yenə araya sükut çökdü. Prokuror Dadaşlının sözlərindəki rişxəndi
sezmək üçün Tarix - Nadiri yarısına kimi oxumaq lazım deyildi. Sükutu Dadaşlının
özü pozdu:
– Bu ki, lap standart oldu, yoldaş mühüm işlər müstəntiqi...
Gündüz Kərimbəyli prokuror Dadaşlının pörtmüş sifətinə baxıb gülümsədi:
– Standart nədi? Standart da, şablon da, trafet də gündə gördüyümüz, gündə
təsadüf etdiyimiz şeylərdi, elə deyil?
Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sualına cavab vermədi; pərtliyi
hələ keçib getməmişdi və o, həmişəki yüngül və ahəstə addımları ilə öz mizinə tərəf
gələ-gələ:
– Əlbəttə, – dedi, – sizin «nə üçün?» – sualınızda bir həqiqət var. Bunun
üstündən elə-belə keçmək olmaz. Amma, axı, bu tərəfdən də bir «nə üçün?» – çıxır.
Oğru Imaşın ki, bu işlərdə bir barmağı yoxdu, niyə danır ki, vağzalda olub? Bir
səbəb var ki, danır də...
Prokuror Dadaşlı iki əlini də mizə söykəyib mühüm işlər müstəntiqinə tərəf
əyildi və bu dəfə rəsmi yox, yana-yana dedi:
– Adamtanıyanam mən! Imaş kimilərini yaxşı tanıyıram, dabbaqda gönlərinə
bələdəm bu köpəkuşağının! Bağışlayın... Canavar ac olanda kəndin, rayonun
həndəvərində dolanar... Gəlib sümsünüb vağzalda, görüb ki, Bakıdan gələn adamdı,
qolunda da qızıl saat, nə bilsin ki, kişi pensiya ilə dolanandı, portmanatında da otuz
manat pul... Qaralayır onu, özü də bilirsiniz, o fikirlə yox ki, bu saat öldürəcək bunu,
var-dövlətinə sahib olacaq, yox, elə-belə, necə deyim, sövq-təbii... Kişinin evdə
ürəyi qısılıb... Sizin «nə üçün?»ünüz burada başlayır. Hər halda, Qəmərlinski evdən
çıxıb. Oğru Imaş soyuqdan büzüşə-büzüşə, cibində siçanlar oynaya-oynaya,
öyrəncəli əlləri də gicişə-gicişə yenə onunla rastlaşır. Bəlkə elə söhbətə başlayır
onunla, dünyanın dərdindən-sərindən danışır... Sonra da bitirir kişinin işini! Ola bilər
bu cür, vicdan haqqı ola bilər! Mən yaxşı tanıyıram bu... – Prokuror Dadaşlı demək
istədiyi açıq-aşkar yağlı bir sözü udub soruşdu. – Ola bilməz belə, hə?
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və:
– Bütün bunlar hamısı rəvayətlərdir, – dedi. – Sizin söylədikləriniz də, mənim
mülahizələrim də... – Sonra ayağa qalxıb telefon aparatına yaxınlaşdı. – Buradan
Bakını avtomatla yığmaq olur?
Müstəntiq Cabbarov:
– Yox, – dedi. – Gərək sifariş edəsiniz. Bizi tez calaşdırırlar.
Prokuror Dadaşlı yenə bir balaca rişxəndlə soruşdu:
– Yenə konsperasiya?
– Yox, konsperasiya üçün bir əsas yoxdu. Evlə danışmaq istəyirəm, uşaqlarla.
O, telefonun dəstəyini götürdü.
IX
Güldəstə birinci mərtəbənin artırmasında ocaq qalamışdı.
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə həyətdə yekə bir xoruzun dalınca
qaçan Mürşüdə deyirdi:
– Allahın bir xoruzunu da tuta bilmirsən!
Güldəstə içi su dolu mis qazanı ocağın üstünə qoya-qoya:
– Allahın xoruzu yox, Allahın bəlasıdı bu! – dedi. – Uşaq neyləsin buna?
Sol qolu hələ də bədəninə bağlanmış balaca qız Fəttah dayının yanına gəlib:
– Qolumu aç, – dedi. – Mən tutum.
Fəttah dayı uşağın başını sığallayıb:
– Bicin birisən, – dedi. – Kimə oxşamısan belə?
Güldəstə gülə-gülə:
– Kimə oxşayacaq, ay kişi? – dedi. – Bilmirsən kimə oxşayıb?
Balaca qız dedi:
– Cırtdana oxşamışam.
Fəttah dayı uşağı qucağına aldı:
– Cırtdana oxşamamısan e, elə özüsən Cırtdanın!..
Mürşüd atılıb xoruzun quyruğundan tutdu, amma bu dəfə də əlində saxlaya
bilmədi. Xoruz qaqqıldaya-qaqqıldaya əldən çıxıb qaçdı.
Fəttah dayının səbr kasası daşdı:
– Tez elə, ə, a bivec, günorta keçir, qonaq gələcək indi!..
Mürşüd yenə də xoruzun dalınca yüyürdü.
X
Yağmırdı, amma yenə də hər tərəf bomboz idi və bu bozluq içində
taxtapuşlardakı bacalardan çıxan tüstü güclə seçilirdi. Tüstü bir az yuxarı qalxıb
rayonun üstündən gəlib-keçən topa-topa buludlara qatışırdı; buludlar az qala
bacaların üzərindən axıb gedirdi.
Rayonun yuxarısındakı dağların ətəyi də duman içində idi.
Bu yaş taxtapuşlar da, bu dumanlı dağlar da, bu yerlərdə gözə görünən hər şey
bu saat gün həsrətində idi.
Imaş həyətin aşağı başında diz çöküb, təzə düzəltdiyi qapının kənarlarını
rəndələyirdi və bir müddətdən sonra o, Gündüz Kərimbəylinin böyürtkən
kollarından salınmış çəpərin yanında dayandığını görəndə, halına təfavüt etmədi.
Gündüz Kərimbəyli:
– Işiniz irəli! – dedi.
Imaş cavab vermədi və daha artıq bir cidd-cəhdlə işinə davam elədi.
Gündüz Kərimbəyli yaxınlaşıb həyətin qapısını açdı:
– Olar?
Imaş dönüb bu üzlü qonağa tərəf baxdı, başını tərpətdi, yəni ki, olar.
– Salaməleyküm. – Bunu da mühüm işlər müstəntiqi dedi.
Və Imaş yenə də başını tərpətdi, yəni ki, əleyküməssalam.
Gündüz Kərimbəyli əvvəlcə axurun qabağında qapını iki dizləri arasına alıb
rəndələyən Imaşa baxdı, sonra hər şeyi yerli-yerində olan bu səliqəli həyəti nəzərdən
keçirdi və dedi:
– Əgər bu gün danışmaq fikriniz yoxdursa, mən gedim.
Imaş işinə davam edə-edə:
– Bu gün gedib, sabah qayıdacaqsan də, naçalnik! – dedi.
Gündüz Kərimbəyli:
– Qayıdacağam yox, sizi çağırtdıracağam! – dedi. – Sonra öz xüsusi
təbəssümüylə gülümsədi. – Nə bildiniz ki, «naçalnik»əm?
Imaş:
– Sizlərlə çox rastlaşmışam, – dedi. – Görən kimi tanıyıram. O avçarkalar var
ha, naçalnik, iyləyib iz tapırlar e, mən də bir dəfə burnumu çəkən kimi o saat sizləri
tanıyıram.
Görünür, mühüm işlər müstəntiqi də belələrini yaxşı tanıyırdı və onlarla
danışmağın qaydasını da bilirdi. O, əlini kürkün döş cibinə salıb vəsiqəsini çıxartdı
və Imaşın gözlərinin qabağında tutub birbaş məsələyə keçdi:
– Ayın iyirmi beşində gecə siz halda idiniz?
Imaş hələ də işinə davam edirdi.
– Iyirmi beşində?.. Nə bilim mən, naçalnik, işsiz-gücsüz adamam, görəsən,
harada veyillənirdim...
– Yadınıza salın.
– Nədi axı, naçalnik, yenə keçisi, buzovu oğurlanan var?
Gündüz Kərimbəyli Imaşın sözlərindəki açıq-aşkar lağlağıya fikir verməyib
daha artıq təfsilatla təkrar etdi:
– Ayın iyirmi beşində, müəllim Fazil Qəmərlinskinin babası öldürüldüyü gecə,
siz harda idiniz?
Imaşın əli işdən dayandı və onun damarları çıxmış arıq boğazının iri hülqumu
enib-qalxdı.
– Nə demək istəyirsən, naçalnik?
Mühüm işlər müstəntiqi bu dəfə səsini qaldırıb daha artıq bir sərtliklə dedi:
– Onu demək istəyirəm ki, tanımadığınız adamla «sən»lə danışmayın! Biz
yoldaş olmuşuq?
Imaş cavab vermədi.
– Soruşuram sizdən, yoldaş olmuşuq biz? Cavab verin!
Imaş özü də bilmədi ki, necə ayağa qalxdı və cavab verdi:
– Yox.
– Onda zəhmət çəkin «Siz»lə danışın!
Imaş şalvarının dizlərini çırpa-çırpa:
– Bağışlayın, – dedi.
– Ayın iyirmi beşində gecə hardaydınız?
Imaş sırıqlısının cibindən siqaret çıxarıb yandırdı və bir-iki qullab vurandan
sonra bir az özünə gəlib dedi:
– Həmin gecə... iyirmi beşində mən evdə idim... yatmışdım...
– Evinizdəkilər bunu təsdiq edə bilər?
Imaş cavab vermədi.
– Bacınız necə? Təsdiq edər bunu?
Imaş təzə yandırdığı siqareti hirslə yerə çırpdı:
– Onunla işiniz olmasın! – dedi. – Mənim tayım deyil o! Təmiz adamdı...
Gündüz Kərimbəyli həyətin qapısına tərəf addımlaya-addımlaya:
– Sağ olun, – dedi. – Hələ görüşəcəyik yəqin. – Sonra bir an ayaq saxlayıb
əlavə etdi. – Dünyada ən xoşuma gəlməyən şey yalan danışmaqdı. Yadınızda
saxlayın bunu...
Imaş onun ardınca gedə-gedə:
– O vaxt ki, adam gözükölgəli oldu, – dedi, – onda da batdı...
Gündüz Kərimbəyli ona tərəf döndü:
– Niyə işləmirsiniz?
Nədənsə, Imaş daha bu cavan «naçalnik»in gözlərinin içinə baxa bilmirdi və bu
dəfə də gözlərini yayındırıb:
– Bizim bu rayonda adamın adı çıxınca, canı çıxsa yaxşıdı! – dedi. – Adımın
yanına «oğru» ləqəbi qoyublar. Kimdi indi burada oğru Imaşa iş verən? Kimdi oğru
Imaşla bir yerdə işləmək istəyən? Eh... – Imaş əlini yellədi və yenə də sırıqlısının
cibindən bir siqaret çıxarıb yandırdı. – Deyirəm çölüm yanır, demirəm içim... –
Sonra yəqin bu dərəcədə açıqlıq elədiyinə görə özünün də özünə acığı tutdu. –
Bilirəm, o müəllimin işləridi bu! O göndərib sizi mənim üstümə! Amma bir şey
çıxmaz bundan! – Imaş yavaş-yavaş səsini qaldırırdı. – Demişəm ona! – Sonra əyilib
axurun qabağında yerə atılmış iri paslı bıçağı götürüb zərblə qapıya atdı; bıçaq
qapıya sancıldı və paslı-palçıqlı dəstəsi bir müddət titrədi. – Demişəm ki...
Mühüm işlər müstəntiqi onun sözünü yarımçıq kəsdi:
– Neçə yaşınız var?
Imaş susub gözlərini döydü, yəqin fikirləşdi ki, görəsən bu sualın da arxasında
bir biclik durur, ya yox? Sonra cavab verdi:
– Əllini ötüb...
Gündüz Kərimbəyli həyət qapısından çıxa-çıxa:
– Bəs nə vaxt özünüzə bir gün ağlayacaqsınız? – dedi. – Vaxtdı.
Gündüz Kərimbəyli sağollaşmadan uzaqlaşıb getdi.
Imaş bir müddət dayanıb onun ardınca baxdı, sonra geri dönüb axura tərəf gəldi
və yenə də siqareti ağzından alıb hirslə palçığa çırpdı.
Qapıya sancılmış bıçağın dəstəsi isə hələ də titrəyirdi.
XI
Gündüz Kərimbəyli soyuq bayırdan sonra prokuror Dadaşlının isti kabinetinə
girəndə əvvəlcə, istər-istəməz, çırthaçırtla yanan sobaya baxdı. Əlbəttə, bu, prokuror
Dadaşlının gözündən qaçmadı və o, əməlli-başlı bir qürurla:
– Hə, yaxşı yanır, – dedi. – Sonra qarşısındakı uzun mizin arxasında cinayət
axtarışı üzrə baş inspektor Cabbarovla üzbəüz oturmuş cavan oğlana işarə etdi. –
Ekspert sizi gözləyir.
Gündüz Kərimbəyli kürkünü çıxara-çıxara cavan oğlanla əl tutuşdu.
– Məhkəmə-tibb eksperti Kazımov.
Mühüm işlər müstəntiqi birbaşa mətləbə keçdi:
– Yoldaş prokuror, zəhmət olmasa, Qəmərlinskinin ölüm işi ilə əlaqədar
qaldırılmış cinayət işini göstərin.
Prokuror Dadaşlı qarşısındakı qovluğu Gündüz Kərimbəyliyə tərəf uzatdı:
– Budur, buyurun. – Yəni ki, biz də burda oturub gözümüzü göyə zilləməmişik,
iş görürük.
Gündüz Kərimbəyli bir balaca gülümsədi, sonra qovluğu götürüb, Kazımovun
yanında əyləşdi və qovluqdan məhkəmə-tibb ekspertizasının rəyini çıxartdı:
– Sizin rəyinizə görə Qəmərlinski bir tərəfi iti, o biri tərəfi küt bıçaqla vurulub?
– Bəli, elədir.
– Bıçağın iti tərəfi üzüyuxarıdı?
– Elədir.
Gündüz Kərimbəyli bu dəfə prokuror Dadaşlıya müraciət etdi:
– Bıçaq çox dərinə yeriyib. Buna görə də siz bu fikirdəsiniz ki, onu
hündürboylu bir adam vurub?
Prokuror Dadaşlı:
– Əlbəttə, – dedi. – Qəmərlinski yağışın altında küçədə oturmayıb ki, gəlin
məni yuxarıdan aşağı bıçaqla vurun.
– Məsələ də burasındadır ki, bıçağı əllə vurmayıblar, atıblar! – Gündüz
Kərimbəyli ayağa qalxıb divanın üstünə atdığı kürkün cibindən iri bir ovçu bıçağı
çıxartdı. – Bunu bu gün sizin univermaqdan almışam. Doludur orda. – Sonra o,
əlindəki bıçaqla məhkəmə-tibb ekspertinə yaxınlaşdı. – Təxminən belə bir bıçaqla
vurulub, eləmi? Görürsünüz, bir tərəfi iti, o biri tərəfi kütdür.
Ekspert Kazımov ovçu bıçağına baxa-baxa hələ də bir şey başa düşə bilmədi:
– Hə, – dedi. – Belə bir bıçaqla vurublar.
Mühüm işlər müstəntiqi Dadaşlıya baxdı və prokuroru tamam çaş-baş salmış bu
mülahizəsini izah etdi:
– Heç bir adamöldürən cani, yuxarıdan aşağı bıçağın küt tərəfi ilə zərbə
vurmaz. – O, bıçağın dəstəyindən yapışıb yuxarı qaldırdı. – Bax, belə tutasan
gərək... Tərsinə tutmaq heç cürə mümkün deyil.
Prokuror Dadaşlı bir söz demədi, əvvəlcə əlini uzadıb qovluğun içindəki
fotoları götürdü və elə bil birinci dəfə görürmüş kimi, bir-bir onlara baxdı, sonra
ayağa qalxdı, mühüm işlər müstəntiqinin ona tərəf uzatdığı bıçağı alıb ətli
barmaqlarıyla dəstəyindən yapışdı və Gündüz Kərimbəylinin göstərdiyi kimi, yuxarı
qaldırdı; bu bircə anın içində həmişə onun sifətindən əskik olmayan mehriban ifadə
itdi, elə bil ki, o, doğrudan da kimi isə vurmaq istəyirdi, sonra dedi:
– Burada mübahisəlik bir şey yoxdu. Düz deyirsiz... Atıb zalım oğlu, işini
bitirəndən sonra da dartıb çıxarıb.
Prokuror Dadaşlı bu sözləri elə dedi, elə bil ki, şahmat oynadığı vaxt vəziri
gətirib qoyub piyadanın qabağına ki, vur və bunu sonradan görüb, duyuq düşüb.
O, mizin arxasından çıxıb sobaya tərəf getdi; elə yüngül və ahəstə addımlayırdı
ki, elə bil yüz otuz kiloluq bədənin yiyəsi o deyildi.
Gündüz Kərimbəyli gülümsəyib:
– Hə, kimdi sizin rayonda belə bıçaq atan? – soruşdu.
Prokuror Dadaşlı sobanın yanındakı maşanı götürüb dedi:
– Bıçaq atanı bilmirəm, amma Fazil Qəmərlinski məktəbdə ox atmaq dərnəyi
düzəldib.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də sobaya yaxınlaşdı və prokuror
Dadaşlının əyilib maşa ilə ocağı qarışdırmağına baxa-baxa:
– Sizin xəbəriniz var? – dedi. – Qəmərlinski əvvəllər milisdə işləyib.
Prokuror Dadaşlı gözlərini ocaqdan çəkib altdan-yuxarı mühüm işlər
müstəntiqinə baxdı, yəni ki, görəsən, bu yeni xəbərin arxasında nə dayanıb?
Gündüz Kərimbəyli Cabbarova müraciət etdi:
– Siz elə bu gün Bakıya getməlisiniz. Daxili Işlər Nazirliyinin arxivində
Qəmərlinskinin sənədləri ilə tanış olmalısınız. Bu barədə sizinlə ətraflı söhbət
edəcəyəm.
XII
Fatma arvadgilin küçə qapısının ağzında iki gödək şalban parçasının üstünə
vurulmuş uzun bir taxta vardı və bu əldədüzəltmə skamya rayon arvadlarının gimgə
yeri idi. Üç-dörd gün yağan sulu qar hələlik dayandığı üçün, fürsəti fövtə verməyib
bura yığılmışdılar.
Fatma arvad deyirdi:
– Müəllimin ki, babasını öldürüblər burda, tapacaqlar bu gün-sabah öldürəni!
Bakıdan böyük naçalnik gəlib. Deyir adamın ki, gözünün içinə baxdı, bilir ki, düz
adamdı, ya yox! Bilir ki, hansı yuvanın quşudu! Eh! Gidi dünya!.. Kişini öldürüblər,
amma nəvə eşqbazlıqdadı oğru Imaşın bacısıyla! Səhərdən-axşamacan çay qırağıyla
o baş sənin, bu baş mənim...
Qarılardan biri söyləndi:
– Nə bilirsən axı, a Fatma, heylə danışırsan?
O biri qarı dedi:
– Fatma bilməyən şeyə qurd düşər.
Fatma arvad:
– Gözümlə görmüşəm, – dedi. – Gözümlə görmüşəm həyasızların çay qırağında
qol-boyun olduğunu!
Ayna xala soruşdu:
– Bu havada?
– Qızışanda nə havabazlıqdı, Fatma, – dedi. – Oğru Imaşın bacısına hava nə
təsir edəcək?
– Yəni deyirsən o Səadət müəllimə Zibadan da pisdi? – Bu sözləri də Ayna xala
dedi.
Fatma arvad yaman acıqlandı və belə məlum oldu ki, bu sözlər onun yarasının
üstünə köz basdı.
– Bura bax, ay arvad! – dedi. – Allaha and olsun, sənə bir düdəmeyi-hindi
gələrəm ki, yüz il bundan əvvəl anadan əmdiyin süd indi burnundan tökülər! Zibadı,
nə zibildi, o mənim nəciyəzimdi ki, başıma vurursan, hə?!.
Cəbinin yük maşını gəlib qapının ağzında dayanmasaydı, yəqin ki, arvadlar
küçə söyüşünə çıxacaqdılar.
Cəbi maşından atılıb salamsız-kalamsız həyətə girdi və Fatma arvad da tələsik
oğlunun ardınca içəri keçib taxta pilləkənlə ikinci mərtəbəyə qalxdı.
Cəbi əynindən çıxartdığı meşin kürkü şüşəbənddəki taxta atıb köynəyinin
yaxasını açdı. Əlüzyuyanın qabağına əyilib üz-gözünü yudu.
Fatma arvad dördkünc mizin üstünə göy-göyərti, çörək, duz, istiot düzdü və:
– Yaxşıca piti asmışam, – dedi. – Qəssab Abış bu gün yaxşı bir erkək kəsmişdi,
döş əti götürmüşəm. Bu saat gətirirəm.
Cəbi bir söz deməyib mizin arxasında əyləşdi: bir dəstə göyü birdəfəyə götürüb
ortadan bükdü və duza batırıb yeməyə başladı.
Fatma arvad bir kasa pitini buğlana-buğlana gətirib oğlunun qabağına qoydu və
üstünə üzü qurama döşəkcə saldığı taxta kətildə oturdu.
Cəbi pitidən bir qaşıq götürüb çörəkdən dişlədi və çeynəyə-çeynəyə:
– Sözlü adama oxşayırsan, – dedi.
Fatma arvad həm yaşdan, həm də işdən-gücdən quruyub qaxaca dönmüş
barmaqlarını bir-bir mizin üstündəki güllü klyonkaya sürtə-sürtə soruşdu:
– Sənin niyə qanın qaradı?
– Sözünü de görüm!..
– Heç... – Fatma arvad dedi. – Nə sözüm olacaq? Bayaq yenə Şəmistanın anası
Tutu havayı-havayı danışırdı... O küpəgirən Ayna da bir tərəfdən...
– Nə deyirdi?
– Heç... Nə deyəcək? Zibanı çaxırdı başıma yenə.
Cəbi ağzına aparmaq istədiyi qaşığı yenə kasanın içinə saldı və təkcə bunu dedi:
– Başqa söz danış.
Cəbi təkcə bunu dedi, amma Fatma arvad yəqin başa düşdü ki, bir də Zibanın
adını çəksə, qalmaqal qopacaq.
Cəbi pitini təzədən qaşıqladı.
Fatma arvad dedi:
– Niyə çörək doğramırsan?
Cəbi cavab vermədi.
Fatma arvad bir az yerində vurnuxub yenə dedi:
– Səlbinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Vecələnin biridi deyirlər,
hayıf o qızdan!.. Yaxşı qızdı, hamamda görmüşəm...
Cəbi bir söz demədi. Araya sükut çökdü və bu sükutu yenə də Fatma arvad özü
pozdu:
– Bizim tində öldürülən kişinin işi üstə Bakıdan böyük adam gəlib. Deyirlər bu
günə, sabaha tapacaq ki, kimdi öldürən.
Bu dəfə Cəbi qaşığı kasanın içinə atdı və pitinin suyu da bütün ətrafa sıçradı.
Cəbi bir söz demədi, ayağa qalxıb taxtın üstündən meşin kürkünü götürdü və iti
addımlarla şüşəbənddən çıxıb həyətə düşdü.
Fatma arvad bu işə lap məəttəl qaldı.
Cəbinin kabinkaya atılması ilə motoru işə salmağı bir oldu; maşın yerindən
götürüldü.
XIII
Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan,
soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş.
Və işıqforun qırmızı işığı günün altında ora-bura şütüyən maşınları saxlayan
kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili
Işlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı...
XIV
Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay
hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.
Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən
başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.
Hətta addımların səsi də eşidilmirdi burada – hər tərəfi bürümüş xəzəl yaş idi və
mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli çılpaq ağacların arası ilə çayın axarı
boyu addımladıqca bu yerlərin səssizliyinə, təmizliyinə, saflığına bir xələl
toxunmurdu; bu dəm burada insanla təbiət üzbəüz idi və bu dəm burada insan
təbiətin işlərinə qarışa bilmirdi.
Gündüz Kərimbəyli əllərini kürkünün cibinə salıb, asta-asta xəzəl basmış cığırla
addımlayırdı. O, çaya baxırdı, ağaclara baxırdı, böyürtkən, itburnu kollarına baxırdı
və burası da açıq-aşkar hiss olunurdu ki, bu saat o, bütün varlığı ilə bu səssiz, təmiz,
saf təbiətin qoynunda idi, fikirləri də yəqin bu yerlərdə dolanırdı; bəlkə də başqa şey
fikirləşirdi, fikirləşirdi ki, bir halda ki, dünyada belə bir səssizlik var, təmizlik, saflıq
var, niyə adam adam öldürür, niyə bir nəfər başqa birisinin qanına bais olur?
Fazil müəllimlə Səadəti birinci o gördü; onlar yavaş-yavaş addımlayaaddımlaya
Gündüz Kərimbəyliyə tərəf gəlirdilər; uzaqdan onların yerişində bir
biganəlik hiss olunurdu, elə bil ki, bütün bu yerlərlə və ümumiyyətlə, bütün dünya
ilə küsülü idilər; sonra Fazil müəllimlə Səadət onu gördü və bir-birlərinə nəsə
dedilər; nə dedikləri məlum deyildi, amma bu lap yaxşı məlum idi ki, təbiətin bu
kimsəsizliyində birdən-birə mühüm işlər müstəntiqi ilə rastlaşmalarına
sevinmədilər...
Onlar üzbəüz dayananda, təbii ki, salamlaşdılar və Gündüz Kərimbəyli
gülümsəyərək dedi:
– Mənə inanın ki, bu görüşümüz tamam təsadüfdür.
Nə Fazil müəllimin, nə də Səadətin onun gülümsəməyinə gülümsəməklə cavab
vermək halı yox idi. Fazil müəllim dedi:
– Hər şey elə təsadüfdən başlanır...
– Hə, təsadüfdən çox şey asılıdı. – Bunu da Gündüz Kərimbəyli dedi.
Səadət müəllimə isə sağollaşdı:
– Sağ olun. Mən getdim.
Mühüm işlər müstəntiqi bu dəfə özünü birtəhər hiss etdi:
– Mən öz yolumla gedirəm... Sizə maneçiliyim olmayacaq...
Fazil dedi:
– Onsuz da, buralarda bir-birimizdən ayrılırıq... Rayonda bizi bir yerdə görəndə
qeybət ikiqat artır...
Səadət müəllimə bir daha:
– Sağ olun, – dedi və onlardan uzaqlaşdı.
Fazil müəllim Gündüz Kərimbəylinin yanında dayandı. Bir müddət heç biri heç
nə demədi. Sonra Gündüz Kərimbəyli əyilib yerdən bir çubuq götürdü və çaya baxabaxa
yavaş-yavaş addımlamağa başladı. Fazil müəllim də onun yanınca getdi.
Gündüz Kərimbəyli soruşdu:
– Sizin mənə bir sözünüz var?
– Yox, mənim... mənim elə bir sözüm yoxdu. Amma sizin yəqin yenə mənimlə
işiniz var... Sabah da yəqin mənim üçün məktəbə gələcəkdiniz...
Gündüz Kərimbəyli yenə də məxsusi təbəssümüylə gülümsədi və:
– Acığınız tutmasın, – dedi. – Səadət müəllimə ilə bugünkü söhbətimiz faydalı
oldu.
– Bir şey öyrənə bildiniz? – Fazil müəllimin sualında əməlli-başlı rişxənd
vardı.
– Öyrəndim, əlbəttə...
– Məsələn, nə öyrəndiniz?
– Məsələn, öyrəndim ki, – Gündüz Kərimbəyli ani olaraq Fazil müəllimə baxdı,
– o sizi çox istəyir.
Fazil müəllim əvvəlcə bir söz demədi və yəqin burasını da birdəfəlik başa
düşdü ki, bu adamla danışanda rişxəndi qatlayıb cibə qoymaq lazımdı, çünki bu
adam nə məktəb direktorudu, nə də rayon maarif şöbəsinin inspektoru. Sonra dedi:
– Məlumat üçün çox sağ olun.
Görünür ki, belə bir söhbət Gündüz Kərimbəylinin ürəyinə yatmırdı və onun
səbri tükəndi:
– Bura baxın, cavan oğlan! – Ayaq saxlayıb düz Fazil müəllimin gözlərinin
içinə baxdı. – Elə bilirsiniz ki, mənim xoşuma gəlir camaatın işinə qarışım, görüm
kim kimi istəyir, kim də kimi istəmir? Kimin qardaşı necə adamdı?
Fazil müəllim cavab vermədi.
Gündüz Kərimbəyli yenə asta addımlarla yoluna davam etdi və bu dəfə
həmişəki mülayimliyi ilə:
– Amma, – dedi, – sizə, doğrudan da, sözüm var... Bir şey soruşacağam, daha
doğrusu, təzədən soruşacağam.
O susdu və əlindəki çubuğu oynada-oynada bir müddət heç nə deməyib
irəlilədi.
Yavaş-yavaş qaş qaralırdı.
– Yaxşı yadınıza salın. Sizin deyəcəklərinizdən çox şey asılıdı. Babanız
qatardan düşəndən sonra, – Gündüz Kərimbəyli bu sözləri xüsusi bir vurğu ilə
tələffüz etdi, – otağınıza girdiyiniz vaxta qədərki müddətdə kiminlə rastlaşdınız,
kimi gördünüz? Çalışın ki, həmin gecəni bütün təfərrüatı ilə yadınıza salasınız,
bütün təfərrüatı ilə, tələsməyin.
Onlar yanaşı addımlayırdı və Fazil müəllim gözlərini ayaqlarının altına dikib
bir söz demirdi; nəhayət ki, dilləndi:
– Heç kimlə rastlaşmamışıq...
– Heç kimi də görməmisiniz?
Fazil müəllim yenə bir müddət susduqdan sonra:
– Yox! – dedi.
– Axı, bu ola bilməz ki, heç kimi görməyəsiniz?
– Qışda hava pisdi, gecə vaxtıydı özü də... Adam olmur rayonda bu vaxt... Yəni
küçədə, çöldə deyirəm...
– Vağzalda heç kim yox idi?
– Yox...
– Bəs vağzalın işçiləri?
– Işçiləri? Yəqin ki, orada idi...
– Bax, görürsüz...
– Tanımadığım adamlardı, bəlkə də yan-yörəmizdə olublar, fikir
verməmişəm...
– Bəs küçə boyu? Evə gələndə?
Mühüm işlər müstəntiqinin bu cür cidd-cəhdlə verdiyi suallar Fazil müəllimi
düşündürürdü və o, addımladıqca həmin gecənin təfərrüatını yadına salmağa
çalışırdı.
– Fəttah dayını – qarovulçunu kitab mağazasının yanında gördüm, salamlaşdıq
da...
– Görürsünüz, bir-bir yada düşür. Sonra kimi gördünüz? Bax, bu cür fikir
vermədiyiniz adamlardan?
Fazil yenə bir müddət susduqdan sonra:
– Ayna xalanı, – dedi. – Salamlaşıb qalxdıq yuxarı. Sonra Ayna xala çay
gətirdi, gördü ki, babam çıxıb evdən, təəccüb elədi ki, bu havada hara belə?..
– Bax, bu iki nəfər... Sonra kimi?
Fazil müəllim dayandı və gözlənilmədən:
– Bilirəm siz nə fikirləşirsiniz, – dedi.
Gündüz Kərimbəyli də ayaq saxladı və gülümsəyə-gülümsəyə dedi:
– Qəribədi. Siz bilirsiniz, amma mən özüm öz fikirlərimdən baş açmıram hələ.
Fazil müəllim yəqin ki, bu sözləri də növbəti bir fənd hesab edib dedi:
– Məni çox da sadəlövh bilməyin. Mənim işlərimin babamın ölümünə dəxli
yoxdur.
– Burası hələ məlum deyil...
Fazil müəllim, qulaqlarına inanmırmış kimi, mühüm işlər müstəntiqinə baxdı və
nə isə demək istədi, amma Gündüz Kərimbəyli onun danışmağına imkan vermədi:
– Burası da məlum deyil ki, sizin işlərinizin bizim indiki söhbətimizə nə dəxli
var?
Fazil müəllim artıq qaranlıq düşdükcə yavaş-yavaş işıldamağa başlayan çaya
tərəf baxdı və dedi:
– Imaş vağzalda idi.
– Bax, bu üç nəfər...
Fazil müəllim bu dəfə də təəccüblə mühüm işlər müstəntiqi Gündüz
Kərimbəyliyə baxdı. Əlbəttə, o, heç cür gözləmirdi ki, dediyi bu sözlər, verdiyi bu
xəbər beləcə sakit qarşılanacaq.
Gündüz Kərimbəyli soruşdu:
– Bunu nə üçün gizlədirdiniz?
– Istəmirəm Səadəti bu məsələyə qarışdırsınlar. Istəmirəm onun adı rayonda
dildən-dilə gəzsin.
– Imaş vağzalda nə edirdi?
– Kassanın yanında dayanıb bizə baxırdı.
– Sizinlə üzbəüz idi?
– Hə.
– Sonra?
– Sonra çıxıb getdi.
– Daha onu görmədiniz?
– Yox. – Fazil müəllim bir az çətinliklə də olsa əlavə etdi. – Amma onun bu işə
dəxli yoxdu... Səadəti çox istəyir o. Belə iş tutmaz... Soyublar babamı...
– Siz oxatma dərnəyi düzəltmisiniz məktəbdə?
Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı:
– Bəli. Nədir ki?
Gündüz Kərimbəyli yenə nə isə soruşmaq istədi, amma bu vaxt arxadan Mürşüd
onu hayladı:
– Gündüz əmi! Gündüz əmi!
Mürşüd qaça-qaça gəlib onlara çatdı və tövşüyə-tövşüyə:
– Bizim prokuror sizi axtarır, – dedi. – Evə adam göndərmişdi. Maşını da
küçələri dolaşır sizinçün...
XV
Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdanyuxarı
ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər
müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki
prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.
Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:
– Milissiz bir günümüz olmasın! – dedi və qarnını məhdud imkanları daxilində
geri çəkib mizin yeşiyini özünə tərəf siyirdi.
– Sizi sürpriz gözləyir.
Kiçik leytenant qalxıb ayaq üstə dayandı. Gündüz Kərimbəyli isə mizə
yaxınlaşıb:
– Saat? – soruşdu.
Dadaşlı gözlərini yeşikdən çəkib yaşından çox cavan görünən bu şəhərli oğlana
baxdı və öz növbəsində soruşdu:
– Buna nə deyirlər? Telepatiya?
Gündüz Kərimbəyli öz məxsusi təbəssümüylə gülümsəyib:
– Instinkt, – dedi.
Prokuror Dadaşlı kiçik leytenanta baxıb başını buladı, yəni ki, görürsən də,
yoldaş kiçik leytenant, belə işlər var dünyada, sonra yeşikdən çıxartdığı qızıl qol
saatını mizin üstünə qoydu.
Gündüz Kərimbəyli saatı götürüb ona elə maraqla baxdı ki, elə bil bu qızıl saat
indicə dil açıb başına gələn qəza-qədərin hamısını bircə-bircə danışacaqdı.
Dadaşlı ayağa qalxıb əllərini şalvarının ciblərinə saldı və mizin arxasından
keçib Gündüz Kərimbəylinin yanına gəldi, birinci dəfə görürmüş kimi, mühüm işlər
müstəntiqinin başı üstündən saata baxdı, sonra sağ əlini cibindən çıxarıb kiçik
leytenantın çiyninə qoydu.
– Sən otur, – dedi. – «Şahzadə və dilənçi»ni oxumusan?
Həsənzadə:
– Oxumuşam, yoldaş prokuror, – dedi.
– Mayls yadına gəlir orda?
Həsənzadə bir balaca tutulub:
– Çoxdan oxumuşam, yoldaş prokuror, – dedi.
– Həmin Maylsa ixtiyar verilmişdi ki, Ingiltərə krallarının qarşısında istədiyi
vaxt otura bilər. – Prokuror Dadaşlı öz sözlərindən ləzzət çəkib bərkdən güldü, – bu
qızıl saatın tapılması kişini əməlli-başlı sevincək etmişdi – o yenə də əlini cibinə
qoyub saata baxdı. – Bizim bu kiçik leytenantın adama elə yaxınlaşması var ki, heç
xəbərin olmur, bir də görürsən ki, çıxdı böyürdən. Zibanın başının üstünü eləcə alıb.
Gündüz Kərimbəyli saatı mizin üstünə qoyub kiçik leytenanta sarı çöndü:
– Eşidirəm sizi.
Onun ciddiliyi Dadaşlıya zərrə qədər də sirayət etmədi və prokuror kiçik
leytenantın əvəzinə dedi:
– Bizim bu rayonda bir Zibamız var, vağzalda peraşki satır. Elə vağzalda da bu
saatı qatardan düşmüş bir nəfərə sırımaq istəyirmiş. – Dadaşlı yenə kiçik leytenanta
baxdı. – Sırımaq istəyirmiş, – amma bizim bu qoçaq Mayls qartal kimi alıb başının
üstünü!
Gündüz Kərimbəyli eyni ciddiyyətlə soruşdu:
– Izahat verib?
Bu dəfə onun ahəngindəki ciddilik prokuror Dadaşlıya da sirayət etdi və o,
mizin arxasına keçib yerində əyləşərək:
– Guya tapıb, – dedi.
Kiçik leytenant əyilib ayaqlarının yanına qoyduğu portfeldən bir vərəq çıxartdı
və mühüm işlər müstəntiqinə tərəf uzatdı.
– Buyurun, – dedi. – Budu izahatı.
Gündüz Kərimbəyli:
– Lazım deyil, – dedi. – Ziba harada yaşayır?
Həsənzadə portfeli yerdən götürüb:
– Icazə versəniz mən sizi ötürərəm, – dedi.
XVI
Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı
pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar
yenə vay verəcək. Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlayaaddımlaya
soruşdu:
– Şəhərdə də maşına minmirsiniz, yoldaş Kərimbəyli?
– Lazım olanda minirəm, əlbəttə. Bakıda maşınsız keçinmək çətin işdi. Amma
maşınla da, trolleybusla da, avtobusla da aram yoxdu.
Kiçik leytenant Bakıdan gəlmiş bu məşhur işçinin hər sözünə xüsusi diqqət
verirdi və yəqin ki, hər sözdən də özü üçün bir nəticə çıxarırdı. O, bir az çəkinəçəkinə:
– Bilirsiz, – dedi, – rayonumuz yaxşı rayondu. Gəzməli rayondu. Adamları da
yaxşı adamlardı...
Gündüz Kərimbəyli kiçik leytenanta baxıb gülümsədi, yəni ki, qara qızın dərdi
varmış, sonra dedi:
– Mən başqa fikirdə deyiləm.
Həsənzadə yenə də çəkinə-çəkinə:
– Bilirsiz, – dedi, – adam özünü bir az belə... birtəhər hiss eləyir... Birinci
dəfədi gəlirsiz bura... Birinci dəfədi görürsüz bu yerləri, bu adamları... Amma cani
axtarırsız...
– Bizim işimiz belə işdi, leytenant. – Gündüz Kərimbəyli yəqin bilə-bilə
«kiçik» sözünü ixtisara saldı. – Sizin də, mənim də, hamımızın... Neçə yaşınız var?
– Iyirmi dörd.
– Hələ hər şey irəlidədi, leytenant. Hələ çox üzlər görəcəksiz, çox işlərlə
rastlaşacaqsız, ürəyiniz də çox qısılacaq, amma bir şey olmasın gərək: peşmançılıq.
Gərək peşman olmayasan ki, bu nə işdi ömrümü həsr etmişəm, camaat gül becərir,
kitab yazır, konsert verir, amma mən də gecəmi gündüzümə qatıb oğru axtarıram,
cani gözləyirəm, fikrimdə hərəyə bir qara yaxıram, sonra da məlum olur ki, pis adam
bu yox, bir başqasıdı. Gərək haçansa bütün bunlar barədə fikirləşib peşman
olmayasan. Bununçün bilirsiz nə lazımdır?
Kiçik leytenant bir söz deməyib mühüm işlər müstəntiqinə baxdı.
Gündüz Kərimbəyli yenə öz məxsusi təbəssümüylə gülümsəyib dedi:
– Bununçün gərək, adamları da çox istəyəsən, bax, bu çiskini də, o dağları da...
Bu sözlərim bir az müəllim nəsihətinə oxşadı, hə? Mən, axı, hüquq fakültəsində
xeyli vaxt dərs demişəm.
|