Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ox kimi bıçaq-2
<< 1 / 2 / 3 >>


    – Bir anam var Bakıda, Fəttah dayı, elə bil sənin dediklərini yığıb bir-bir.
    Fəttah dayı bankaları torbadan çıxarıb, sandığın üstünə düzdü.
    – Sənin kimiləri az görməmişəm, bacıoğlu. Sizin xəmiriniz işlə yoğrulub. Astanın işi qalmaz, xəstənin işi qalar, deyiblər. Asta olmağına asta adama oxşamırsan sən, amma xəstə olmağına xəstəsən. Mənim də borcum budu ki, anan səni necə göndərib bura, elə də mən qaytarım səni onun üstünə. Niyə ki, mənim qonağımsan, başqasının yox. – Sonra Fəttah dayı qapıya tərəf dönüb bərkdən çağırdı: – Mürşüd!
    Mürşüd qapıdan içəri boylandı:
    – Nədi, dədə?
    – Gəl kömək elə mənə.
    Mürşüd içəri girib təbii ki, çarpayıda oturan qonağı tanıdı. Gündüz Kərimbəyli əlini uzadıb onunla görüşdü.
    – Ba!.. – dedi, – Mürşüd kişi, sənin qonağınammış ki...
    Fəttah dayı təəccüblə onlara baxdı və o saat da məsələni başa düşüb, oğluna acıqlandı:
    – Yenə vağzala getmişdin?
    Gündüz Kərimbəyli əynindəki cempiri çıxara-çıxara:
    – Kişi kolleksiyaçıdır də! – dedi və əli ilə Mürşüdün qıvrım, qara saçlarını qarışdırdı. – Kolleksiyaçı bilirsən nədir? Biri marka yığır, o biri qəlyan yığır, bir başqası tramvay yığır. Sən də kibrit kağızı yığırsan. Kolleksiyaçı sizsiniz, sizə deyirlər...
    Fəttah dayı balaca dəmir çubuğun ucuna pambıq dolaya-dolaya lap təəccübləndi:
    – Tramvay ha!
    – Hə, Fəttah dayı, hardasa bir milyoner var, tramvay yığır.
    Fəttah dayı dedi:
    – Harınlıqdandı. Tramvay yığmaq da elə bir qızıl saatdan ötrü adam öldürmək kimi bir şeydi əslində... Bir şahının iki üzüdü... – Sonra spirt şüşəsini də torbadan çıxarıb ağzını açdı. – Tamam soyun, gir yerinə. Bankalayandan sonra üstünü basdıracam. Əslinə baxsan heç gərək sabah da çıxmayasan eşiyə...
    – Elə şey yoxdu, Fəttah dayı, sənin bankandan sonra sabah gərək qiyamət eləyək!
    Fəttah dayı başını bulaya-bulaya gülümsədi. Gündüz Kərimbəyli üzüqoylu çarpayıda uzandı. Fəttah dayı yorğanı belinəcən onun üstünə çəkib yekə, döyənəkli əlləri ilə Gündüz Kərimbəylinin kürəklərini ovxaladı, sonra kibriti Mürşüdə verib dedi:
    – Yandır görüm.
    Mürşüd kibrit çöpünü çəkib yandırdı, Fəttah dayı da yaşına uyuşmayan bir cəldliklə əlindəki dəmir çubuğun pambıqlı ucunu spirtə batırıb yandırdı və bankaları bir-bir salmağa başladı.
    – Hə, gör necə tutur!... Bacıoğlu, lap kefin istəyən soyuqlamısan ha...
    Gündüz Kərimbəyli qollarını hər iki tərəfdən yanlarına uzadıb, üzünü onlara tərəf tutmuşdu. O, Mürşüdə göz vurdu, Mürşüd gülümsədi. Fəttah dayı bankaları salıb yorğanı lap yuxarıyacan çəkdi, sonra kətildə oturub pencəyinin cibindən tənbəki kisəsini, qəlyanını çıxartdı. Mürşüd sandığın üstündə oturdu.
    Gündüz Kərimbəyli Mürşüddən soruşdu:
    – Neçə nəfərsiz?
    Mürşüd dedi:
    – Dörd bacım var, iki qardaşım.
    Gündüz Kərimbəyli gülümsədi:
    – Ordudu ki, bu, a Fəttah dayı!..
    Fəttah dayı qəlyanını yandırıb, gülümsəyə-gülümsəyə başını buladı, yəni ki, görürsən də...
    Gündüz Kərimbəyli Mürşüddən soruşdu:
    – Sən kiçiyisən?
    – Yox, bir bacım məndən böyükdü, qalanları hamısı kiçikdi...
    Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə bir ayağını qaldırıb altına qoydu və dedi:
    – Tez yeyənlə tez evlənən peşman olmaz, deyiblər. Yemək heç, amma evlənməyi düz deyiblər. Mənim kimi gec evlənəndə nəvən yerindəkilərə atalıq eləyəsən gərək... Düzdü, bunu da deyiblər ki, subaylıq sultanlıqdı, amma mən bir sultanlıq görməmişəm... Həmişə zəhmətlə keçib ömrüm. Elə indi də... Buraları silibsüpürürəm, bağ-bağatla məşğul oluram, sənin kimi hörmətli qonaqlara qulluq edirəm, gecələr də kitab dükanında qarovulçuluq edirəm.
    – Bəs heç yatmırsan, Fəttah dayı?
    – Yatmaq nədi, a saqqalı ağarmış?! Zarafatdı bir ordunun əppəyini yetirmək?..
    «Qu» deyəndə su verəsən gərək, «qa» deyəndə çörək. – Fəttah dayı qəlyanına dərin bir qullab vurdu.
    Gündüz Kərimbəyli dedi:
    – Boynumun yanındakı yaman göynədir, Fəttah dayı.
    – Soyuğu çəkib çıxarır də canından. Vaxtı çatanda götürəcəyəm.
    – Darıxmırsan mağazada?
    Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:
    – Yox, bacıoğlu, darıxmıram. Sizin vaxtınız olanda kinoya baxırsınız, bunları, –
    Fəttah dayı Mürşüdə işarə elədi, – televizorun qabağından çəkmək olmur. Mənim kinom da, televizorum da keçib getmiş günlərdi, gəlirlər bir-bir gözümün qabağına...
    – Fəttah dayının gözləri naməlum bir nöqtəyə zillənib qaldı və kişi elə bil ki, dünyanın bütün işlərini yadından çıxarıb sidq-ürəkdən dedi. – Keçən günə gün çatmaz, calasan da günü günə!.. – Sonra elə bil ki, yenə özünə qayıtdı. – Qayğı da ki, – Fəttah dayı yenə Mürşüdə işarə elədi, – görürsən də, kefin istəyən qədər...
    Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli sir-sifətini qırışdırdı:
    – Yaman göynədir e, Fəttah dayı...
    Fəttah dayı qəlyanını ağzından çıxarıb, bir az rişxəndlə gülümsədi:
    – Ba, a kişi, sənin heç davamın yoxmuş ki...
    Fəttah dayı yenə də qəlyanını ağzına qoydu və bu dəfə pəncərəyə tərəf baxdı. Sulu qar pəncərə şüşəsini döyəcləyirdi, elə bil ki, bayırın soyuğu bu isti və xudmani otağa soxulmaq istəyirdi. Gündüz Kərimbəyli Mürşüdə, sonra Fəttah dayıya baxdı və soruşdu:
    – Imaş harda işləyir, Fəttah dayı?
    – Hansı Imaş?
    Mürşüd də öz növbəsində soruşdu:
    – Səadət müəllimənin qardaşı?
    Gündüz Kərimbəyli yəqin ki, yenə bankaların göynətməsindən sifətini turşudub:
    – Hə, – dedi. – Səadət müəllimənin qardaşı.
    Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:
    – Gərək heç harda işləməsin, – dedi.
    – Niyə? Xəstədi?
    Fəttah dayı bir müddət cavab vermədi, sonra dedi:
    – Xəstə olmağına xəstədi, amma başqa xəstəlikdi xəstəliyi...
    Gündüz Kərimbəyli bir söz deməyib Fəttah dayıya baxdı. Fəttah dayı:
    – Adamlardı də... – dedi. – Hərənin bir xəstəliyi olur, biri iflic olur, birinin gözü tutulur, biri də oğru olur. Bayaq dediyin də... Kolleksiyaçı...
    Gündüz Kərimbəyli soruşdu:
    – Hansındandı Imaş?
    Fəttah dayı kətildə qurcalandı:
    – Biri ki, haram çörək yedi, gözümün düşmənidi... Düşmənidi gözümün! Hə, oğrudu, oğru Imaş deyərlər ona, anasının əmcəyini kəsəndi...
    Mürşüd dedi:
    – Səadət müəllimə yaxşı adamdı.
    Fəttah dayı:
    – Meşə çaqqalsız olmaz, – dedi. – Camaatın toyuğunu, hinduşkasını, qazını, ördəyini oğurladı, yedi-içdi, tənbeh elədilər, bu dəfə də başladı camaatın qoyununu, inəyini, camışını oğurlamağa, atını oğurlamağa, tutdular, neçə il yatdı, indi çıxıb biriki aydır, işləmir hələ...
    Mürşüd dedi:
    – Indi bəs nə oğurlayacaq? Adam?
    Fəttah dayı qəlyanı ağzından çıxarıb oğluna çımxırdı:
    – Sən kiri! – Gecə vaxtı oğru söhbəti kişinin qanını qaraltmışdı; sonra ayağa qalxıb yorğanı aşağı çəkdi və bankaları bir-bir qoparmağa başladı; bankalar səs salasala Gündüz Kərimbəylinin kürəklərindən qopurdu. – Pah! Qapqara qançırdı yerləri, yaman tutubmuş...
    Bankalar bir-bir torbaya yığıldı. Fəttah dayı bankaların yerini tez-tələsik ovxalayıb yorğanı yuxarı çəkdi və qonağın üstünü əməllicə basdırdı.
    – Yat, bacıoğlu. Gecən xeyrə qalsın.
    – Sağ olun.
    – Gecə durmaq olmaz. – Guya ki, bir işdən ötrü gecənin yarısı durub-durmamaq mühüm işlər müstəntiqinin özündən asılı idi.
    Mürşüd bic-bic güldü:
    – Sağ olun.
    – Sağ ol, Mürşüd kişi.
    Mürşüd banka torbasını götürüb otaqdan çıxdı. Fəttah dayı da işığı keçirib, onun ardınca otaqdan çıxdı və qapını örtdü. Birdən-birə otağa çökən qaranlıq içində pəncərənin şüşəsi yavaş-yavaş parıldamağa başladı. Sulu qar tıqqıltı ilə şüşəni döyəcləyirdi. Gündüz Kərimbəyli arxası üstə çevrilib qollarını başının ardında çarpazladı və gözlərini pəncərəyə zillədi; elə bil ki, şüşənin tıqqıltısı elə hey nəsə deyirdi və mühüm işlər müstəntiqi də bu tıqqıltıya qulaq asırdı...

VI


    Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı. Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı. Ayna xala başını qapıdan artırmaya tərəf uzadıb bir müddət qaranlığa baxdı, sonra artırmadan keçib ehmallıca-ehmallıca taxta pilləkənləri qalxmağa başladı. Ayna xala bir pilləkən qalxıb dayanırdı, qulaq asırdı, şübhəli bir şey hiss etməyib bir pilləkən də qalxırdı.
    Ayna xala ikinci mərtəbəyə çıxıb qapı ağzında dayandı, yenə bir müddət tərpənmədi, sonra aşağı əyilib qulağını qapıya söykədi. Içəridə kimsə var-gəl edirdi – addım səsi gəlirdi. Sonra çarpayının dəmir yayları cırıldadı, sonra sükut çökdü.
    Ayna xala bir az beləcə dayandı, sonra qalxdığı kimi də ehmallıca-ehmallıca pilləkənləri bir-bir aşağı düşdü və artırmanın taxta sürahisinin yanındakı mis aftafanı əlinə aldı, palçığa bulaşmasın deyə uzun tumanının balaqlarını yığıb həyətin aşağı başına tərəf getdi və qaranlıqda ağacların arasında gözdən itdi.

VII


    Xoruzun axırıncı banından xeyli keçmişdi. Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topatopa buludlar bir azdan yenə qiyamət edəcəkdi. Hər tərəf yaş idi – çılpaq alma, gilənar, alça ağacları da, həyətin aşağı başına gedən asfalt cığır da, ikinci mərtəbənin altındakı artırmanın sement döşəməsi də. Fəttah dayı həyətdə odun yarırdı və Mürşüd də yarılmış odunu qucaq-qucaq götürüb ikinci mərtəbəyə qalxan taxta pilləkənin altına yığırdı. Fəttah dayının arvadı Güldəstə artırmada samovar qaynadırdı. Onun qırx-qırx iki yaşı olardı və yeddi uşağın anası olmağına baxmayaraq, canının suyu hələ çəkilməmişdi, yaraşıqlı arvad idi.
    Fəttah dayının böyük qızı taxta pilləkənlərin palçığını yuyurdu. Səkkiz-doqquz yaşlarında bir qız artırmanın divarına söykədilmiş mizin üstündəki stəkan-nəlbəkini balaca ləyəndə isti suya salıb-çıxarıb qurulayırdı. Üçyaşlı balaca qızın – yəqin ki, sonbeşiyin sol əli iplə bədəninə bağlanmışdı – tərpədə bilmirdi; dişlərində tutduğu çörəyi sağ əli ilə didişdirib həyətdəki toyuqcücəyə atırdı.
    Gündüz Kərimbəyli ikinci mərtəbənin şüşəbəndindən çıxanda, Fəttah dayı başını qaldırıb onu gördü və birinci salamlaşdı:
    – Sabahın xeyir, bacıoğlu, nə var, nə yox?
    Gündüz Kərimbəyli həyətə düşə-düşə:
    – Sabahınız xeyir, – dedi. – Işlər düzəlib deyəsən.
    Güldəstə sübhdən həyətə düşən qonağın yanında, deyəsən, özünü bir balaca naqolay hiss edib, yun şalının altından başına örtdüyü ipək yaylıqla yaşmaqlandı və yavaşdan onun salamını aldı.
    Gündüz Kərimbəyli Fəttah dayıya yaxınlaşıb gülümsəyə-gülümsəyə:
    – Həmişə işdə-gücdə, Fəttah dayı! – dedi.
    Fəttah dayı iki əli ilə baltanın vələs sapından yapışıb yuxarı qaldırdı, kötüyün üstündəki oduna endirdi və bir zərbə ilə yoğun odun parçasını ikiyə böldü. Dedi:
    – Iş yiyəsi işdə gərək.
    – Kömək eləyim?
    Fəttah dayı:
    – Dəmir döyən dəmirçi olar, – dedi və güldü. – Inciyib eləyərsən ha birdən sözümdən... Yəni deyirəm ki, hər iş öz ustasının əlində asandı.
    Gündüz Kərimbəyli də gülümsəyib:
    – Incimək nədi, a Fəttah dayı? – dedi və yanında dayanmış Mürşüdün qıvrım saçlarını qatışdırıb başını sinəsinə tərəf sıxdı. – Yadında saxla atanın bu sözlərini. Hikmətdi bunlar...
    Fəttah dayı dedi:
    – Atasının sözləri yox, elin-obanın sözüdü bunlar. Milyon-milyon mənim kimi Fəttah dayılar gəlib, Fəttah dayılar gedib, Süleymana qalmayan dünyadı... Elin sözüsə qalıb... – Fəttah dayı baltanı yenə başının üstünə qaldırdı və: – Dərslərini yaxşı oxusunlar, özlərinə bir gün qazansınlar, vaxt gələcək bu sözlər öz-özünə gəlib düşəcək yadlarına – deyib zərbəni vurdu; kötüyün üstündəki yoğun odun yenə bir zərbəyə ikiyə bölündü. Balaca qız gəlib onların yanında dayandı və maraqla tanımadığı əmiyə baxdı.
    Gündüz Kərimbəyli soruşdu:
    – Sənin adın nədi?
    Qız cavab vermədi.
    – Dilin yoxdu sənin, hə?
    Qız dilini çıxarıb göstərdi.
    – Varıymış ki!.. – Və yalnız bundan sonra Gündüz Kərimbəyli uşağın sol qolunun bədəninə sarıldığına fikir verdi.
    – Bu qızın qoluna nə olub belə?
    Güldəstə başındakı şalı düzəldə-düzəldə:
    – Solaxaydı, – dedi. – Bağlamışam ki, sağ əlini işlətsin.
    Qız anasına tərəf baxdı, sonra üzünü qonağa tutub bağlı əlini tərpətdi və sübh tezdən düşdüyü bu bəladan xilas olmaq üçün ondan imdad istədi:
    – Mən istəyirəm ki, sağ əlim bu olsun. – Yenə sol əlini tərpətdi.
    Gündüz Kərimbəyli güldü. Güldəstə də gülümsəyib başını buladı, yəni ki, bunun belə balacalığına baxmayın, şeytana papış tikər.
    Fəttah dayı dedi:
    – Gör bir nə istəyir ha! – və o da güldü, sonra üzünü qonağa tutub soruşdu:
    – Əl-üzünü yumusanmı?
    – Şüşəbənddəki əlüzyuyanda yudum.
    – Əşşi, o yuyunmaq deyil ki... Mürşüd, yeri su tök, əmin üzünü yusun.
    Mürşüd birinci mərtəbədəki otağa girib bir dolça su gətirdi və elə həyətin ortasındaca Gündüz Kərimbəylinin əlinə tökdü. Gündüz Kərimbəyli suyu üzgözündə şappıldada-şappıldada:
    – Bu lap qiyamət iş oldu!.. Borclu borclunun sağlığını istər, a Fəttah dayı! – dedi.
    Fəttah dayı da sırıqlısının döş cibindən çıxartdığı qəlyanı ağzına qoyub:
    – Borc almaq başlanan yerdə dostluq pozular, – dedi. – Nə borc? Öz evin bil buranı. Nə qədər ki, buradasan, gözümüz üstə yerin var. Özünü möhkəm tutasan gərək, vaxtında yeyib-içəsən. Işin sənin ağır işdi...

VIII


    Prokuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. Isti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi. Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.
    Cinayət axtarışı üzrə baş inspektor, kapitan Cabbarov arıq, uzun kişi idi, yuxarı başı prokurorun mizinin tən ortasına söykədilmiş uzun stolun arxasında oturmuşdu və qarşısındakı qovluğun içindəki kağızlara baxırdı. Sonra o, araya çökmüş sükutu pozdu:
    – Altı ildi mən bu rayonda işləyirəm. Elə bilirdim ki, bura, dünyanın ən sakit guşəsidi. Oğurluq olub, dava-dalaş olub, alver olub, amma ölüm hadisəsi olmayıb. Balaca rayondu, adamlar bir-birini tanıyır, mehribandı... Birdən-birə bu cür soyğunçuluq...
    Gündüz Kərimbəyli ayağa qalxıb kürkü kürsünün üstünə atdı və:
    – Bunları eşitmişəm! – dedi, sonra pəncərəyə tərəf yaxınlaşıb dayandı.
    Yenə yavaş-yavaş sulu qar yağırdı və bir dəstə uşaq bunun fərqinə varmayıb suya, palçığa bata-bata futbol oynayırdı. Gündüz Kərimbəyli gözlərini futbol oynayan uşaqlardan çəkməyərək dedi:
    – Soyğunçuluğa oxşamır bu...
    Araya sükut çökdü və kapitan Cabbarov gözlərini qovluqdakı kağızlardan çəkib prokurora baxdı. Prokuror Dadaşlı mizə dirsəklənib ətli çənəsini hər iki ovcuna söykədi və altdan-yuxarı mühüm işlər müstəntiqinə baxdı. Küçədən bir yük maşını keçib səkiyə çıxmış uşaqların üst-başını, üz-gözünü tamam lığ elədi. Uşaqlar maşının ardınca əllərini-qollarını oynada-oynada yəqin ki, sürücünün qarasına deyindilər və sonra yenə də küçənin ortasına düşüb oynamağa başladılar.
    Gündüz Kərimbəyli pəncərədən aralanıb kapitan Cabbarovla üzbəüz oturdu:
    – Mən Mahmud Qəmərlinskinin soyğunçuluq məqsədilə öldürülməsini tamam inkar etmirəm. Hər şey ola bilər... Amma bir məsələ məni çox düşündürür. O, nəfəsini dərməmiş nə üçün evdən çıxıb, özü də tək? Ürəyi qısılıb? Ola bilər. Bəs, niyə həyətdə, evin qabağında gəzişməyib, gəldiyi yolla düz geri qayıdıb? Deyirsiniz ki, Mahmud Qəmərlinski gəzməyə çıxıb. Şübhə edirəm buna. Fazil müəllimin evi ilə hadisə baş verən yer arasında xeyli məsafə var. Palçıqlı, sulu bir yoldu. Arada isə, Fazil müəllimgilin evlərinin yaxınlığında, lap yolun üstündə parkdı. Niyə orada gəzişməyib? Palçıq yox, su yox... Vağzala qayıdırmış? Nə üçün? Bakıya qayıtmaq istəyirmiş?
    Kapitan Cabbarov dedi:
    – Gecə vaxtı burdan Bakıya gedən qatar yoxdu.
    Gündüz Kərimbəyli onun sözlərini təsdiq etdi:
    – Elədir, mən də yoxladım bunu. Ikincisi, bu cür tələsik Bakıya qayıtmaq üçün bir səbəb olmalı idi. Nə ola bilərdi? Nəvəsi ilə sözləşib? Belə tezliklə? Bəlkə Fazil müəllim düz demir?
    Prokuror Dadaşlı nəyəsə etiraz etmək istədi. Gündüz Kərimbəyli ona macal vermədi:
    – Bütün bunların hamısı rəvayətlərdir, yoldaş prokuror. Əgər Fazil müəllim düz demirsə, daha məntiqli bir yalan uydurmaq olmazdı? Olardı... Özü də Fazil müəllim küt adama oxşamır... Bu saat, mənim fikrimcə, ən əsas məsələ budu: Qəmərlinski nə üçün tələsik evdən çıxıb, nə üçün birbaş vağzala tərəf qayıdıb, yəni nə üçün gəldiyi yolla da geri qayıdıb?
    Prokuror Dadaşlı mizin orta gözünü çəkib siqaret çıxartdı və Gündüz Kərimbəyliyə təklif etdi.
    Gündüz Kərimbəyli:
    – Çox sağ olun, – dedi. – Çəkən deyiləm.
    Prokuror Dadaşlı siqareti yenidən mizin üstünə qoyub:
    – Mən də çəkən deyiləm, – dedi və ayağa qalxıb sobaya yaxınlaşdı, yenə maşanı götürüb ocağın közünü qarışdırdı, sonra belini düzəldib mühüm işlər müstəntiqinə baxdı. – Deməli, Qəmərlinski başqa bir məqsədlə öldürülüb. Izi də yayındırmaqdan ötrü cibindən saatını, portmanatını çıxarıblar...
    Bir müddət yenə araya sükut çökdü. Prokuror Dadaşlının sözlərindəki rişxəndi sezmək üçün Tarix - Nadiri yarısına kimi oxumaq lazım deyildi. Sükutu Dadaşlının özü pozdu:
    – Bu ki, lap standart oldu, yoldaş mühüm işlər müstəntiqi...
    Gündüz Kərimbəyli prokuror Dadaşlının pörtmüş sifətinə baxıb gülümsədi:
    – Standart nədi? Standart da, şablon da, trafet də gündə gördüyümüz, gündə təsadüf etdiyimiz şeylərdi, elə deyil?
    Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sualına cavab vermədi; pərtliyi hələ keçib getməmişdi və o, həmişəki yüngül və ahəstə addımları ilə öz mizinə tərəf gələ-gələ:
    – Əlbəttə, – dedi, – sizin «nə üçün?» – sualınızda bir həqiqət var. Bunun üstündən elə-belə keçmək olmaz. Amma, axı, bu tərəfdən də bir «nə üçün?» – çıxır. Oğru Imaşın ki, bu işlərdə bir barmağı yoxdu, niyə danır ki, vağzalda olub? Bir səbəb var ki, danır də...
    Prokuror Dadaşlı iki əlini də mizə söykəyib mühüm işlər müstəntiqinə tərəf əyildi və bu dəfə rəsmi yox, yana-yana dedi:
    – Adamtanıyanam mən! Imaş kimilərini yaxşı tanıyıram, dabbaqda gönlərinə bələdəm bu köpəkuşağının! Bağışlayın... Canavar ac olanda kəndin, rayonun həndəvərində dolanar... Gəlib sümsünüb vağzalda, görüb ki, Bakıdan gələn adamdı, qolunda da qızıl saat, nə bilsin ki, kişi pensiya ilə dolanandı, portmanatında da otuz manat pul... Qaralayır onu, özü də bilirsiniz, o fikirlə yox ki, bu saat öldürəcək bunu, var-dövlətinə sahib olacaq, yox, elə-belə, necə deyim, sövq-təbii... Kişinin evdə ürəyi qısılıb... Sizin «nə üçün?»ünüz burada başlayır. Hər halda, Qəmərlinski evdən çıxıb. Oğru Imaş soyuqdan büzüşə-büzüşə, cibində siçanlar oynaya-oynaya, öyrəncəli əlləri də gicişə-gicişə yenə onunla rastlaşır. Bəlkə elə söhbətə başlayır onunla, dünyanın dərdindən-sərindən danışır... Sonra da bitirir kişinin işini! Ola bilər bu cür, vicdan haqqı ola bilər! Mən yaxşı tanıyıram bu... – Prokuror Dadaşlı demək istədiyi açıq-aşkar yağlı bir sözü udub soruşdu. – Ola bilməz belə, hə?
    Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və:
    – Bütün bunlar hamısı rəvayətlərdir, – dedi. – Sizin söylədikləriniz də, mənim mülahizələrim də... – Sonra ayağa qalxıb telefon aparatına yaxınlaşdı. – Buradan Bakını avtomatla yığmaq olur?
    Müstəntiq Cabbarov:
    – Yox, – dedi. – Gərək sifariş edəsiniz. Bizi tez calaşdırırlar.
    Prokuror Dadaşlı yenə bir balaca rişxəndlə soruşdu:
    – Yenə konsperasiya?
    – Yox, konsperasiya üçün bir əsas yoxdu. Evlə danışmaq istəyirəm, uşaqlarla.
    O, telefonun dəstəyini götürdü.

IX


    Güldəstə birinci mərtəbənin artırmasında ocaq qalamışdı. Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə həyətdə yekə bir xoruzun dalınca qaçan Mürşüdə deyirdi:
    – Allahın bir xoruzunu da tuta bilmirsən!
    Güldəstə içi su dolu mis qazanı ocağın üstünə qoya-qoya:
    – Allahın xoruzu yox, Allahın bəlasıdı bu! – dedi. – Uşaq neyləsin buna?
    Sol qolu hələ də bədəninə bağlanmış balaca qız Fəttah dayının yanına gəlib:
    – Qolumu aç, – dedi. – Mən tutum.
    Fəttah dayı uşağın başını sığallayıb:
    – Bicin birisən, – dedi. – Kimə oxşamısan belə?
    Güldəstə gülə-gülə:
    – Kimə oxşayacaq, ay kişi? – dedi. – Bilmirsən kimə oxşayıb?
    Balaca qız dedi:
    – Cırtdana oxşamışam.
    Fəttah dayı uşağı qucağına aldı:
    – Cırtdana oxşamamısan e, elə özüsən Cırtdanın!..
    Mürşüd atılıb xoruzun quyruğundan tutdu, amma bu dəfə də əlində saxlaya bilmədi. Xoruz qaqqıldaya-qaqqıldaya əldən çıxıb qaçdı.
    Fəttah dayının səbr kasası daşdı:
    – Tez elə, ə, a bivec, günorta keçir, qonaq gələcək indi!..
    Mürşüd yenə də xoruzun dalınca yüyürdü.

X


    Yağmırdı, amma yenə də hər tərəf bomboz idi və bu bozluq içində taxtapuşlardakı bacalardan çıxan tüstü güclə seçilirdi. Tüstü bir az yuxarı qalxıb rayonun üstündən gəlib-keçən topa-topa buludlara qatışırdı; buludlar az qala bacaların üzərindən axıb gedirdi. Rayonun yuxarısındakı dağların ətəyi də duman içində idi. Bu yaş taxtapuşlar da, bu dumanlı dağlar da, bu yerlərdə gözə görünən hər şey bu saat gün həsrətində idi.
    Imaş həyətin aşağı başında diz çöküb, təzə düzəltdiyi qapının kənarlarını rəndələyirdi və bir müddətdən sonra o, Gündüz Kərimbəylinin böyürtkən kollarından salınmış çəpərin yanında dayandığını görəndə, halına təfavüt etmədi. Gündüz Kərimbəyli:
    – Işiniz irəli! – dedi.
    Imaş cavab vermədi və daha artıq bir cidd-cəhdlə işinə davam elədi.
    Gündüz Kərimbəyli yaxınlaşıb həyətin qapısını açdı:
    – Olar?
    Imaş dönüb bu üzlü qonağa tərəf baxdı, başını tərpətdi, yəni ki, olar.
    – Salaməleyküm. – Bunu da mühüm işlər müstəntiqi dedi. Və Imaş yenə də başını tərpətdi, yəni ki, əleyküməssalam. Gündüz Kərimbəyli əvvəlcə axurun qabağında qapını iki dizləri arasına alıb rəndələyən Imaşa baxdı, sonra hər şeyi yerli-yerində olan bu səliqəli həyəti nəzərdən keçirdi və dedi:
    – Əgər bu gün danışmaq fikriniz yoxdursa, mən gedim.
    Imaş işinə davam edə-edə:
    – Bu gün gedib, sabah qayıdacaqsan də, naçalnik! – dedi.
    Gündüz Kərimbəyli:
    – Qayıdacağam yox, sizi çağırtdıracağam! – dedi. – Sonra öz xüsusi təbəssümüylə gülümsədi. – Nə bildiniz ki, «naçalnik»əm?
    Imaş:
    – Sizlərlə çox rastlaşmışam, – dedi. – Görən kimi tanıyıram. O avçarkalar var ha, naçalnik, iyləyib iz tapırlar e, mən də bir dəfə burnumu çəkən kimi o saat sizləri tanıyıram.
    Görünür, mühüm işlər müstəntiqi də belələrini yaxşı tanıyırdı və onlarla danışmağın qaydasını da bilirdi. O, əlini kürkün döş cibinə salıb vəsiqəsini çıxartdı və Imaşın gözlərinin qabağında tutub birbaş məsələyə keçdi:
    – Ayın iyirmi beşində gecə siz halda idiniz?
    Imaş hələ də işinə davam edirdi.
    – Iyirmi beşində?.. Nə bilim mən, naçalnik, işsiz-gücsüz adamam, görəsən, harada veyillənirdim...
    – Yadınıza salın.
    – Nədi axı, naçalnik, yenə keçisi, buzovu oğurlanan var?
    Gündüz Kərimbəyli Imaşın sözlərindəki açıq-aşkar lağlağıya fikir verməyib daha artıq təfsilatla təkrar etdi:
    – Ayın iyirmi beşində, müəllim Fazil Qəmərlinskinin babası öldürüldüyü gecə, siz harda idiniz?
    Imaşın əli işdən dayandı və onun damarları çıxmış arıq boğazının iri hülqumu enib-qalxdı.
    – Nə demək istəyirsən, naçalnik?
    Mühüm işlər müstəntiqi bu dəfə səsini qaldırıb daha artıq bir sərtliklə dedi:
    – Onu demək istəyirəm ki, tanımadığınız adamla «sən»lə danışmayın! Biz yoldaş olmuşuq?
    Imaş cavab vermədi.
    – Soruşuram sizdən, yoldaş olmuşuq biz? Cavab verin!
    Imaş özü də bilmədi ki, necə ayağa qalxdı və cavab verdi:
    – Yox.
    – Onda zəhmət çəkin «Siz»lə danışın!
    Imaş şalvarının dizlərini çırpa-çırpa:
    – Bağışlayın, – dedi.
    – Ayın iyirmi beşində gecə hardaydınız?
    Imaş sırıqlısının cibindən siqaret çıxarıb yandırdı və bir-iki qullab vurandan sonra bir az özünə gəlib dedi:
    – Həmin gecə... iyirmi beşində mən evdə idim... yatmışdım...
    – Evinizdəkilər bunu təsdiq edə bilər?
    Imaş cavab vermədi.
    – Bacınız necə? Təsdiq edər bunu?
    Imaş təzə yandırdığı siqareti hirslə yerə çırpdı:
    – Onunla işiniz olmasın! – dedi. – Mənim tayım deyil o! Təmiz adamdı...
    Gündüz Kərimbəyli həyətin qapısına tərəf addımlaya-addımlaya:
    – Sağ olun, – dedi. – Hələ görüşəcəyik yəqin. – Sonra bir an ayaq saxlayıb əlavə etdi. – Dünyada ən xoşuma gəlməyən şey yalan danışmaqdı. Yadınızda saxlayın bunu...
    Imaş onun ardınca gedə-gedə:
    – O vaxt ki, adam gözükölgəli oldu, – dedi, – onda da batdı...
    Gündüz Kərimbəyli ona tərəf döndü:
    – Niyə işləmirsiniz?
    Nədənsə, Imaş daha bu cavan «naçalnik»in gözlərinin içinə baxa bilmirdi və bu dəfə də gözlərini yayındırıb:
    – Bizim bu rayonda adamın adı çıxınca, canı çıxsa yaxşıdı! – dedi. – Adımın yanına «oğru» ləqəbi qoyublar. Kimdi indi burada oğru Imaşa iş verən? Kimdi oğru Imaşla bir yerdə işləmək istəyən? Eh... – Imaş əlini yellədi və yenə də sırıqlısının cibindən bir siqaret çıxarıb yandırdı. – Deyirəm çölüm yanır, demirəm içim... – Sonra yəqin bu dərəcədə açıqlıq elədiyinə görə özünün də özünə acığı tutdu. – Bilirəm, o müəllimin işləridi bu! O göndərib sizi mənim üstümə! Amma bir şey çıxmaz bundan! – Imaş yavaş-yavaş səsini qaldırırdı. – Demişəm ona! – Sonra əyilib axurun qabağında yerə atılmış iri paslı bıçağı götürüb zərblə qapıya atdı; bıçaq qapıya sancıldı və paslı-palçıqlı dəstəsi bir müddət titrədi. – Demişəm ki...
    Mühüm işlər müstəntiqi onun sözünü yarımçıq kəsdi:
    – Neçə yaşınız var?
    Imaş susub gözlərini döydü, yəqin fikirləşdi ki, görəsən bu sualın da arxasında bir biclik durur, ya yox? Sonra cavab verdi:
    – Əllini ötüb...
    Gündüz Kərimbəyli həyət qapısından çıxa-çıxa:
    – Bəs nə vaxt özünüzə bir gün ağlayacaqsınız? – dedi. – Vaxtdı.
    Gündüz Kərimbəyli sağollaşmadan uzaqlaşıb getdi. Imaş bir müddət dayanıb onun ardınca baxdı, sonra geri dönüb axura tərəf gəldi və yenə də siqareti ağzından alıb hirslə palçığa çırpdı. Qapıya sancılmış bıçağın dəstəsi isə hələ də titrəyirdi.

XI


    Gündüz Kərimbəyli soyuq bayırdan sonra prokuror Dadaşlının isti kabinetinə girəndə əvvəlcə, istər-istəməz, çırthaçırtla yanan sobaya baxdı. Əlbəttə, bu, prokuror Dadaşlının gözündən qaçmadı və o, əməlli-başlı bir qürurla:
    – Hə, yaxşı yanır, – dedi. – Sonra qarşısındakı uzun mizin arxasında cinayət axtarışı üzrə baş inspektor Cabbarovla üzbəüz oturmuş cavan oğlana işarə etdi. – Ekspert sizi gözləyir.
    Gündüz Kərimbəyli kürkünü çıxara-çıxara cavan oğlanla əl tutuşdu.
    – Məhkəmə-tibb eksperti Kazımov.
    Mühüm işlər müstəntiqi birbaşa mətləbə keçdi:
    – Yoldaş prokuror, zəhmət olmasa, Qəmərlinskinin ölüm işi ilə əlaqədar qaldırılmış cinayət işini göstərin.
    Prokuror Dadaşlı qarşısındakı qovluğu Gündüz Kərimbəyliyə tərəf uzatdı:
    – Budur, buyurun. – Yəni ki, biz də burda oturub gözümüzü göyə zilləməmişik, iş görürük.
    Gündüz Kərimbəyli bir balaca gülümsədi, sonra qovluğu götürüb, Kazımovun yanında əyləşdi və qovluqdan məhkəmə-tibb ekspertizasının rəyini çıxartdı:
    – Sizin rəyinizə görə Qəmərlinski bir tərəfi iti, o biri tərəfi küt bıçaqla vurulub?
    – Bəli, elədir.
    – Bıçağın iti tərəfi üzüyuxarıdı?
    – Elədir.
    Gündüz Kərimbəyli bu dəfə prokuror Dadaşlıya müraciət etdi:
    – Bıçaq çox dərinə yeriyib. Buna görə də siz bu fikirdəsiniz ki, onu hündürboylu bir adam vurub?
    Prokuror Dadaşlı:
    – Əlbəttə, – dedi. – Qəmərlinski yağışın altında küçədə oturmayıb ki, gəlin məni yuxarıdan aşağı bıçaqla vurun.
    – Məsələ də burasındadır ki, bıçağı əllə vurmayıblar, atıblar! – Gündüz Kərimbəyli ayağa qalxıb divanın üstünə atdığı kürkün cibindən iri bir ovçu bıçağı çıxartdı. – Bunu bu gün sizin univermaqdan almışam. Doludur orda. – Sonra o, əlindəki bıçaqla məhkəmə-tibb ekspertinə yaxınlaşdı. – Təxminən belə bir bıçaqla vurulub, eləmi? Görürsünüz, bir tərəfi iti, o biri tərəfi kütdür.
    Ekspert Kazımov ovçu bıçağına baxa-baxa hələ də bir şey başa düşə bilmədi:
    – Hə, – dedi. – Belə bir bıçaqla vurublar.
    Mühüm işlər müstəntiqi Dadaşlıya baxdı və prokuroru tamam çaş-baş salmış bu mülahizəsini izah etdi:
    – Heç bir adamöldürən cani, yuxarıdan aşağı bıçağın küt tərəfi ilə zərbə vurmaz. – O, bıçağın dəstəyindən yapışıb yuxarı qaldırdı. – Bax, belə tutasan gərək... Tərsinə tutmaq heç cürə mümkün deyil.
    Prokuror Dadaşlı bir söz demədi, əvvəlcə əlini uzadıb qovluğun içindəki fotoları götürdü və elə bil birinci dəfə görürmüş kimi, bir-bir onlara baxdı, sonra ayağa qalxdı, mühüm işlər müstəntiqinin ona tərəf uzatdığı bıçağı alıb ətli barmaqlarıyla dəstəyindən yapışdı və Gündüz Kərimbəylinin göstərdiyi kimi, yuxarı qaldırdı; bu bircə anın içində həmişə onun sifətindən əskik olmayan mehriban ifadə itdi, elə bil ki, o, doğrudan da kimi isə vurmaq istəyirdi, sonra dedi:
    – Burada mübahisəlik bir şey yoxdu. Düz deyirsiz... Atıb zalım oğlu, işini bitirəndən sonra da dartıb çıxarıb.
    Prokuror Dadaşlı bu sözləri elə dedi, elə bil ki, şahmat oynadığı vaxt vəziri gətirib qoyub piyadanın qabağına ki, vur və bunu sonradan görüb, duyuq düşüb.
    O, mizin arxasından çıxıb sobaya tərəf getdi; elə yüngül və ahəstə addımlayırdı ki, elə bil yüz otuz kiloluq bədənin yiyəsi o deyildi. Gündüz Kərimbəyli gülümsəyib:
    – Hə, kimdi sizin rayonda belə bıçaq atan? – soruşdu.
    Prokuror Dadaşlı sobanın yanındakı maşanı götürüb dedi:
    – Bıçaq atanı bilmirəm, amma Fazil Qəmərlinski məktəbdə ox atmaq dərnəyi düzəldib.
    Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də sobaya yaxınlaşdı və prokuror Dadaşlının əyilib maşa ilə ocağı qarışdırmağına baxa-baxa:
    – Sizin xəbəriniz var? – dedi. – Qəmərlinski əvvəllər milisdə işləyib.
    Prokuror Dadaşlı gözlərini ocaqdan çəkib altdan-yuxarı mühüm işlər müstəntiqinə baxdı, yəni ki, görəsən, bu yeni xəbərin arxasında nə dayanıb? Gündüz Kərimbəyli Cabbarova müraciət etdi:
    – Siz elə bu gün Bakıya getməlisiniz. Daxili Işlər Nazirliyinin arxivində
    Qəmərlinskinin sənədləri ilə tanış olmalısınız. Bu barədə sizinlə ətraflı söhbət edəcəyəm.

XII


    Fatma arvadgilin küçə qapısının ağzında iki gödək şalban parçasının üstünə vurulmuş uzun bir taxta vardı və bu əldədüzəltmə skamya rayon arvadlarının gimgə yeri idi. Üç-dörd gün yağan sulu qar hələlik dayandığı üçün, fürsəti fövtə verməyib bura yığılmışdılar. Fatma arvad deyirdi:
    – Müəllimin ki, babasını öldürüblər burda, tapacaqlar bu gün-sabah öldürəni! Bakıdan böyük naçalnik gəlib. Deyir adamın ki, gözünün içinə baxdı, bilir ki, düz adamdı, ya yox! Bilir ki, hansı yuvanın quşudu! Eh! Gidi dünya!.. Kişini öldürüblər, amma nəvə eşqbazlıqdadı oğru Imaşın bacısıyla! Səhərdən-axşamacan çay qırağıyla o baş sənin, bu baş mənim...
    Qarılardan biri söyləndi:
    – Nə bilirsən axı, a Fatma, heylə danışırsan?
    O biri qarı dedi:
    – Fatma bilməyən şeyə qurd düşər.
    Fatma arvad:
    – Gözümlə görmüşəm, – dedi. – Gözümlə görmüşəm həyasızların çay qırağında qol-boyun olduğunu!
    Ayna xala soruşdu:
    – Bu havada?
    – Qızışanda nə havabazlıqdı, Fatma, – dedi. – Oğru Imaşın bacısına hava nə təsir edəcək?
    – Yəni deyirsən o Səadət müəllimə Zibadan da pisdi? – Bu sözləri də Ayna xala dedi.
    Fatma arvad yaman acıqlandı və belə məlum oldu ki, bu sözlər onun yarasının üstünə köz basdı.
    – Bura bax, ay arvad! – dedi. – Allaha and olsun, sənə bir düdəmeyi-hindi gələrəm ki, yüz il bundan əvvəl anadan əmdiyin süd indi burnundan tökülər! Zibadı, nə zibildi, o mənim nəciyəzimdi ki, başıma vurursan, hə?!.
    Cəbinin yük maşını gəlib qapının ağzında dayanmasaydı, yəqin ki, arvadlar küçə söyüşünə çıxacaqdılar.
    Cəbi maşından atılıb salamsız-kalamsız həyətə girdi və Fatma arvad da tələsik oğlunun ardınca içəri keçib taxta pilləkənlə ikinci mərtəbəyə qalxdı. Cəbi əynindən çıxartdığı meşin kürkü şüşəbənddəki taxta atıb köynəyinin yaxasını açdı. Əlüzyuyanın qabağına əyilib üz-gözünü yudu. Fatma arvad dördkünc mizin üstünə göy-göyərti, çörək, duz, istiot düzdü və:
    – Yaxşıca piti asmışam, – dedi. – Qəssab Abış bu gün yaxşı bir erkək kəsmişdi, döş əti götürmüşəm. Bu saat gətirirəm.
    Cəbi bir söz deməyib mizin arxasında əyləşdi: bir dəstə göyü birdəfəyə götürüb ortadan bükdü və duza batırıb yeməyə başladı. Fatma arvad bir kasa pitini buğlana-buğlana gətirib oğlunun qabağına qoydu və üstünə üzü qurama döşəkcə saldığı taxta kətildə oturdu.
    Cəbi pitidən bir qaşıq götürüb çörəkdən dişlədi və çeynəyə-çeynəyə:
    – Sözlü adama oxşayırsan, – dedi.
    Fatma arvad həm yaşdan, həm də işdən-gücdən quruyub qaxaca dönmüş barmaqlarını bir-bir mizin üstündəki güllü klyonkaya sürtə-sürtə soruşdu:
    – Sənin niyə qanın qaradı?
    – Sözünü de görüm!..
    – Heç... – Fatma arvad dedi. – Nə sözüm olacaq? Bayaq yenə Şəmistanın anası Tutu havayı-havayı danışırdı... O küpəgirən Ayna da bir tərəfdən...
    – Nə deyirdi?
    – Heç... Nə deyəcək? Zibanı çaxırdı başıma yenə.
    Cəbi ağzına aparmaq istədiyi qaşığı yenə kasanın içinə saldı və təkcə bunu dedi:
    – Başqa söz danış.
    Cəbi təkcə bunu dedi, amma Fatma arvad yəqin başa düşdü ki, bir də Zibanın adını çəksə, qalmaqal qopacaq. Cəbi pitini təzədən qaşıqladı.
    Fatma arvad dedi:
    – Niyə çörək doğramırsan?
    Cəbi cavab vermədi.
    Fatma arvad bir az yerində vurnuxub yenə dedi:
    – Səlbinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Vecələnin biridi deyirlər, hayıf o qızdan!.. Yaxşı qızdı, hamamda görmüşəm...
    Cəbi bir söz demədi. Araya sükut çökdü və bu sükutu yenə də Fatma arvad özü pozdu:
    – Bizim tində öldürülən kişinin işi üstə Bakıdan böyük adam gəlib. Deyirlər bu günə, sabaha tapacaq ki, kimdi öldürən.
    Bu dəfə Cəbi qaşığı kasanın içinə atdı və pitinin suyu da bütün ətrafa sıçradı. Cəbi bir söz demədi, ayağa qalxıb taxtın üstündən meşin kürkünü götürdü və iti addımlarla şüşəbənddən çıxıb həyətə düşdü. Fatma arvad bu işə lap məəttəl qaldı. Cəbinin kabinkaya atılması ilə motoru işə salmağı bir oldu; maşın yerindən götürüldü.

XIII


    Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan, soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş. Və işıqforun qırmızı işığı günün altında ora-bura şütüyən maşınları saxlayan kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili Işlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı...

XIV


    Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı. Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü. Hətta addımların səsi də eşidilmirdi burada – hər tərəfi bürümüş xəzəl yaş idi və mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli çılpaq ağacların arası ilə çayın axarı boyu addımladıqca bu yerlərin səssizliyinə, təmizliyinə, saflığına bir xələl toxunmurdu; bu dəm burada insanla təbiət üzbəüz idi və bu dəm burada insan təbiətin işlərinə qarışa bilmirdi.
    Gündüz Kərimbəyli əllərini kürkünün cibinə salıb, asta-asta xəzəl basmış cığırla addımlayırdı. O, çaya baxırdı, ağaclara baxırdı, böyürtkən, itburnu kollarına baxırdı və burası da açıq-aşkar hiss olunurdu ki, bu saat o, bütün varlığı ilə bu səssiz, təmiz, saf təbiətin qoynunda idi, fikirləri də yəqin bu yerlərdə dolanırdı; bəlkə də başqa şey fikirləşirdi, fikirləşirdi ki, bir halda ki, dünyada belə bir səssizlik var, təmizlik, saflıq var, niyə adam adam öldürür, niyə bir nəfər başqa birisinin qanına bais olur?
    Fazil müəllimlə Səadəti birinci o gördü; onlar yavaş-yavaş addımlayaaddımlaya Gündüz Kərimbəyliyə tərəf gəlirdilər; uzaqdan onların yerişində bir biganəlik hiss olunurdu, elə bil ki, bütün bu yerlərlə və ümumiyyətlə, bütün dünya ilə küsülü idilər; sonra Fazil müəllimlə Səadət onu gördü və bir-birlərinə nəsə dedilər; nə dedikləri məlum deyildi, amma bu lap yaxşı məlum idi ki, təbiətin bu kimsəsizliyində birdən-birə mühüm işlər müstəntiqi ilə rastlaşmalarına sevinmədilər...
    Onlar üzbəüz dayananda, təbii ki, salamlaşdılar və Gündüz Kərimbəyli gülümsəyərək dedi:
    – Mənə inanın ki, bu görüşümüz tamam təsadüfdür.
    Nə Fazil müəllimin, nə də Səadətin onun gülümsəməyinə gülümsəməklə cavab vermək halı yox idi. Fazil müəllim dedi:
    – Hər şey elə təsadüfdən başlanır...
    – Hə, təsadüfdən çox şey asılıdı. – Bunu da Gündüz Kərimbəyli dedi.
    Səadət müəllimə isə sağollaşdı:
    – Sağ olun. Mən getdim.
    Mühüm işlər müstəntiqi bu dəfə özünü birtəhər hiss etdi:
    – Mən öz yolumla gedirəm... Sizə maneçiliyim olmayacaq...
    Fazil dedi:
    – Onsuz da, buralarda bir-birimizdən ayrılırıq... Rayonda bizi bir yerdə görəndə qeybət ikiqat artır...
    Səadət müəllimə bir daha:
    – Sağ olun, – dedi və onlardan uzaqlaşdı.
    Fazil müəllim Gündüz Kərimbəylinin yanında dayandı. Bir müddət heç biri heç nə demədi. Sonra Gündüz Kərimbəyli əyilib yerdən bir çubuq götürdü və çaya baxabaxa yavaş-yavaş addımlamağa başladı. Fazil müəllim də onun yanınca getdi.
    Gündüz Kərimbəyli soruşdu:
    – Sizin mənə bir sözünüz var?
    – Yox, mənim... mənim elə bir sözüm yoxdu. Amma sizin yəqin yenə mənimlə işiniz var... Sabah da yəqin mənim üçün məktəbə gələcəkdiniz...
    Gündüz Kərimbəyli yenə də məxsusi təbəssümüylə gülümsədi və:
    – Acığınız tutmasın, – dedi. – Səadət müəllimə ilə bugünkü söhbətimiz faydalı oldu.
    – Bir şey öyrənə bildiniz? – Fazil müəllimin sualında əməlli-başlı rişxənd vardı.
    – Öyrəndim, əlbəttə...
    – Məsələn, nə öyrəndiniz?
    – Məsələn, öyrəndim ki, – Gündüz Kərimbəyli ani olaraq Fazil müəllimə baxdı,
    – o sizi çox istəyir.
    Fazil müəllim əvvəlcə bir söz demədi və yəqin burasını da birdəfəlik başa düşdü ki, bu adamla danışanda rişxəndi qatlayıb cibə qoymaq lazımdı, çünki bu adam nə məktəb direktorudu, nə də rayon maarif şöbəsinin inspektoru. Sonra dedi:
    – Məlumat üçün çox sağ olun.
    Görünür ki, belə bir söhbət Gündüz Kərimbəylinin ürəyinə yatmırdı və onun səbri tükəndi:
    – Bura baxın, cavan oğlan! – Ayaq saxlayıb düz Fazil müəllimin gözlərinin içinə baxdı. – Elə bilirsiniz ki, mənim xoşuma gəlir camaatın işinə qarışım, görüm kim kimi istəyir, kim də kimi istəmir? Kimin qardaşı necə adamdı?
    Fazil müəllim cavab vermədi.
    Gündüz Kərimbəyli yenə asta addımlarla yoluna davam etdi və bu dəfə həmişəki mülayimliyi ilə:
    – Amma, – dedi, – sizə, doğrudan da, sözüm var... Bir şey soruşacağam, daha doğrusu, təzədən soruşacağam.
    O susdu və əlindəki çubuğu oynada-oynada bir müddət heç nə deməyib irəlilədi.
    Yavaş-yavaş qaş qaralırdı.
    – Yaxşı yadınıza salın. Sizin deyəcəklərinizdən çox şey asılıdı. Babanız qatardan düşəndən sonra, – Gündüz Kərimbəyli bu sözləri xüsusi bir vurğu ilə tələffüz etdi, – otağınıza girdiyiniz vaxta qədərki müddətdə kiminlə rastlaşdınız, kimi gördünüz? Çalışın ki, həmin gecəni bütün təfərrüatı ilə yadınıza salasınız, bütün təfərrüatı ilə, tələsməyin.
    Onlar yanaşı addımlayırdı və Fazil müəllim gözlərini ayaqlarının altına dikib bir söz demirdi; nəhayət ki, dilləndi:
    – Heç kimlə rastlaşmamışıq...
    – Heç kimi də görməmisiniz?
    Fazil müəllim yenə bir müddət susduqdan sonra:
    – Yox! – dedi.
    – Axı, bu ola bilməz ki, heç kimi görməyəsiniz?
    – Qışda hava pisdi, gecə vaxtıydı özü də... Adam olmur rayonda bu vaxt... Yəni küçədə, çöldə deyirəm...
    – Vağzalda heç kim yox idi?
    – Yox...
    – Bəs vağzalın işçiləri?
    – Işçiləri? Yəqin ki, orada idi...
    – Bax, görürsüz...
    – Tanımadığım adamlardı, bəlkə də yan-yörəmizdə olublar, fikir verməmişəm...
    – Bəs küçə boyu? Evə gələndə?
    Mühüm işlər müstəntiqinin bu cür cidd-cəhdlə verdiyi suallar Fazil müəllimi düşündürürdü və o, addımladıqca həmin gecənin təfərrüatını yadına salmağa çalışırdı.
    – Fəttah dayını – qarovulçunu kitab mağazasının yanında gördüm, salamlaşdıq da...
    – Görürsünüz, bir-bir yada düşür. Sonra kimi gördünüz? Bax, bu cür fikir vermədiyiniz adamlardan?
    Fazil yenə bir müddət susduqdan sonra:
    – Ayna xalanı, – dedi. – Salamlaşıb qalxdıq yuxarı. Sonra Ayna xala çay gətirdi, gördü ki, babam çıxıb evdən, təəccüb elədi ki, bu havada hara belə?..
    – Bax, bu iki nəfər... Sonra kimi?
    Fazil müəllim dayandı və gözlənilmədən:
    – Bilirəm siz nə fikirləşirsiniz, – dedi.
    Gündüz Kərimbəyli də ayaq saxladı və gülümsəyə-gülümsəyə dedi:
    – Qəribədi. Siz bilirsiniz, amma mən özüm öz fikirlərimdən baş açmıram hələ.
    Fazil müəllim yəqin ki, bu sözləri də növbəti bir fənd hesab edib dedi:
    – Məni çox da sadəlövh bilməyin. Mənim işlərimin babamın ölümünə dəxli yoxdur.
    – Burası hələ məlum deyil...
    Fazil müəllim, qulaqlarına inanmırmış kimi, mühüm işlər müstəntiqinə baxdı və nə isə demək istədi, amma Gündüz Kərimbəyli onun danışmağına imkan vermədi:
    – Burası da məlum deyil ki, sizin işlərinizin bizim indiki söhbətimizə nə dəxli var?
    Fazil müəllim artıq qaranlıq düşdükcə yavaş-yavaş işıldamağa başlayan çaya tərəf baxdı və dedi:
    – Imaş vağzalda idi.
    – Bax, bu üç nəfər...
    Fazil müəllim bu dəfə də təəccüblə mühüm işlər müstəntiqi Gündüz
    Kərimbəyliyə baxdı. Əlbəttə, o, heç cür gözləmirdi ki, dediyi bu sözlər, verdiyi bu xəbər beləcə sakit qarşılanacaq. Gündüz Kərimbəyli soruşdu:
    – Bunu nə üçün gizlədirdiniz?
    – Istəmirəm Səadəti bu məsələyə qarışdırsınlar. Istəmirəm onun adı rayonda dildən-dilə gəzsin.
    – Imaş vağzalda nə edirdi?
    – Kassanın yanında dayanıb bizə baxırdı.
    – Sizinlə üzbəüz idi?
    – Hə.
    – Sonra?
    – Sonra çıxıb getdi.
    – Daha onu görmədiniz?
    – Yox. – Fazil müəllim bir az çətinliklə də olsa əlavə etdi. – Amma onun bu işə dəxli yoxdu... Səadəti çox istəyir o. Belə iş tutmaz... Soyublar babamı...
    – Siz oxatma dərnəyi düzəltmisiniz məktəbdə?
    Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı:
    – Bəli. Nədir ki?
    Gündüz Kərimbəyli yenə nə isə soruşmaq istədi, amma bu vaxt arxadan Mürşüd onu hayladı:
    – Gündüz əmi! Gündüz əmi!
    Mürşüd qaça-qaça gəlib onlara çatdı və tövşüyə-tövşüyə:
    – Bizim prokuror sizi axtarır, – dedi. – Evə adam göndərmişdi. Maşını da küçələri dolaşır sizinçün...

XV


    Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdanyuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu. Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:
    – Milissiz bir günümüz olmasın! – dedi və qarnını məhdud imkanları daxilində geri çəkib mizin yeşiyini özünə tərəf siyirdi.
    – Sizi sürpriz gözləyir.
    Kiçik leytenant qalxıb ayaq üstə dayandı. Gündüz Kərimbəyli isə mizə yaxınlaşıb:
    – Saat? – soruşdu.
    Dadaşlı gözlərini yeşikdən çəkib yaşından çox cavan görünən bu şəhərli oğlana baxdı və öz növbəsində soruşdu:
    – Buna nə deyirlər? Telepatiya?
    Gündüz Kərimbəyli öz məxsusi təbəssümüylə gülümsəyib:
    – Instinkt, – dedi.
    Prokuror Dadaşlı kiçik leytenanta baxıb başını buladı, yəni ki, görürsən də, yoldaş kiçik leytenant, belə işlər var dünyada, sonra yeşikdən çıxartdığı qızıl qol saatını mizin üstünə qoydu. Gündüz Kərimbəyli saatı götürüb ona elə maraqla baxdı ki, elə bil bu qızıl saat indicə dil açıb başına gələn qəza-qədərin hamısını bircə-bircə danışacaqdı.
    Dadaşlı ayağa qalxıb əllərini şalvarının ciblərinə saldı və mizin arxasından keçib Gündüz Kərimbəylinin yanına gəldi, birinci dəfə görürmüş kimi, mühüm işlər müstəntiqinin başı üstündən saata baxdı, sonra sağ əlini cibindən çıxarıb kiçik leytenantın çiyninə qoydu.
    – Sən otur, – dedi. – «Şahzadə və dilənçi»ni oxumusan?
    Həsənzadə:
    – Oxumuşam, yoldaş prokuror, – dedi.
    – Mayls yadına gəlir orda?
    Həsənzadə bir balaca tutulub:
    – Çoxdan oxumuşam, yoldaş prokuror, – dedi.
    – Həmin Maylsa ixtiyar verilmişdi ki, Ingiltərə krallarının qarşısında istədiyi vaxt otura bilər. – Prokuror Dadaşlı öz sözlərindən ləzzət çəkib bərkdən güldü, – bu qızıl saatın tapılması kişini əməlli-başlı sevincək etmişdi – o yenə də əlini cibinə qoyub saata baxdı. – Bizim bu kiçik leytenantın adama elə yaxınlaşması var ki, heç xəbərin olmur, bir də görürsən ki, çıxdı böyürdən. Zibanın başının üstünü eləcə alıb.
    Gündüz Kərimbəyli saatı mizin üstünə qoyub kiçik leytenanta sarı çöndü:
    – Eşidirəm sizi.
    Onun ciddiliyi Dadaşlıya zərrə qədər də sirayət etmədi və prokuror kiçik leytenantın əvəzinə dedi:
    – Bizim bu rayonda bir Zibamız var, vağzalda peraşki satır. Elə vağzalda da bu saatı qatardan düşmüş bir nəfərə sırımaq istəyirmiş. – Dadaşlı yenə kiçik leytenanta baxdı. – Sırımaq istəyirmiş, – amma bizim bu qoçaq Mayls qartal kimi alıb başının üstünü!
    Gündüz Kərimbəyli eyni ciddiyyətlə soruşdu:
    – Izahat verib?
    Bu dəfə onun ahəngindəki ciddilik prokuror Dadaşlıya da sirayət etdi və o, mizin arxasına keçib yerində əyləşərək:
    – Guya tapıb, – dedi.
    Kiçik leytenant əyilib ayaqlarının yanına qoyduğu portfeldən bir vərəq çıxartdı və mühüm işlər müstəntiqinə tərəf uzatdı.
    – Buyurun, – dedi. – Budu izahatı.
    Gündüz Kərimbəyli:
    – Lazım deyil, – dedi. – Ziba harada yaşayır?
    Həsənzadə portfeli yerdən götürüb:
    – Icazə versəniz mən sizi ötürərəm, – dedi.

XVI


    Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı pəncərələri qarşısında lap aydın görünürdü; bu çiskin deyirdi ki, bir azdan sulu qar yenə vay verəcək.
    Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlayaaddımlaya soruşdu:
    – Şəhərdə də maşına minmirsiniz, yoldaş Kərimbəyli?
    – Lazım olanda minirəm, əlbəttə. Bakıda maşınsız keçinmək çətin işdi. Amma maşınla da, trolleybusla da, avtobusla da aram yoxdu.
    Kiçik leytenant Bakıdan gəlmiş bu məşhur işçinin hər sözünə xüsusi diqqət verirdi və yəqin ki, hər sözdən də özü üçün bir nəticə çıxarırdı. O, bir az çəkinəçəkinə:
    – Bilirsiz, – dedi, – rayonumuz yaxşı rayondu. Gəzməli rayondu. Adamları da yaxşı adamlardı...
    Gündüz Kərimbəyli kiçik leytenanta baxıb gülümsədi, yəni ki, qara qızın dərdi varmış, sonra dedi:
    – Mən başqa fikirdə deyiləm.
    Həsənzadə yenə də çəkinə-çəkinə:
    – Bilirsiz, – dedi, – adam özünü bir az belə... birtəhər hiss eləyir... Birinci dəfədi gəlirsiz bura... Birinci dəfədi görürsüz bu yerləri, bu adamları... Amma cani axtarırsız...
    – Bizim işimiz belə işdi, leytenant. – Gündüz Kərimbəyli yəqin bilə-bilə «kiçik» sözünü ixtisara saldı. – Sizin də, mənim də, hamımızın... Neçə yaşınız var?
    – Iyirmi dörd.
    – Hələ hər şey irəlidədi, leytenant. Hələ çox üzlər görəcəksiz, çox işlərlə rastlaşacaqsız, ürəyiniz də çox qısılacaq, amma bir şey olmasın gərək: peşmançılıq. Gərək peşman olmayasan ki, bu nə işdi ömrümü həsr etmişəm, camaat gül becərir, kitab yazır, konsert verir, amma mən də gecəmi gündüzümə qatıb oğru axtarıram, cani gözləyirəm, fikrimdə hərəyə bir qara yaxıram, sonra da məlum olur ki, pis adam bu yox, bir başqasıdı. Gərək haçansa bütün bunlar barədə fikirləşib peşman olmayasan. Bununçün bilirsiz nə lazımdır?
    Kiçik leytenant bir söz deməyib mühüm işlər müstəntiqinə baxdı.
    Gündüz Kərimbəyli yenə öz məxsusi təbəssümüylə gülümsəyib dedi:
    – Bununçün gərək, adamları da çox istəyəsən, bax, bu çiskini də, o dağları da...
    Bu sözlərim bir az müəllim nəsihətinə oxşadı, hə? Mən, axı, hüquq fakültəsində xeyli vaxt dərs demişəm.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (10.01.2014) | Müəllif: R.C E W
Baxış: 660 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more