Kiçik leytenant:
– Bilirəm, – dedi, – bir dəfə bizim məktəbə də gəlmişdiniz. Mən Mərdəkandakı
milis məktəbində oxumuşam. Bizim rəis sizi dəvət etmişdi bizə mühazirə oxumağa.
Valyutaçıların işini açmışdınız onda... Gündüz Kərimbəyli söhbəti davam etdirmədi və taxtapuşların üstündən qaralan
dağlara tərəf baxdı; elə bil bayaq kiçik leytenanta dediyi sözlərdən sonra bu dağlar
da, bu taxtapuşlar da, işıqlı pəncərələr və həmin işıqda tor tutmuş çiskin də onunçün
daha da doğmalaşmışdı; görünür, mühüm işlər müstəntiqinin təbiətində müəllimliklə
bərabər, bir tələbəlik də hələ qalmaqda idi.
Kiçik leytenant qarşı səkidəki ikimərtəbəli binanın darvaza qapısını göstərib:
– Budu, çatdıq, – dedi. – Zibanın evi budu.
Bu ikimərtəbəli binanın birinci mərtəbəsi qaraj idi, ikinci mərtəbəsinin isə
pəncərəsindən işıq gəlirdi.
– Maşını da var deyəsən?
– Yox, əşşi, onunku deyil, Cəbinin «Moskviç»idi, köhnə...
– Cəbi kimdi?
Kiçik leytenant bir balaca tutuldu:
– Heç, şoferdi, – dedi, – kolxozun yük maşınını sürür.
– Fatma arvadın oğlu Cəbi?
Kiçik leytenant təəccüblə Gündüz Kərimbəyliyə baxdı:
– Bəli.
– Bəs öz maşınını niyə burda saxlayır?
Kiçik leytenant cavab vermədi və onlar darvazaya yaxınlaşanda qapını aralayıb
boynunu həyətə tərəf uzatdı:
– Ziba! Ay Ziba!
Ziba, yəqin ki, səsindən o saat kiçik leytenantı tanıyıb, hələ içəridə deyinədeyinə
pilləkənin başına çıxdı.
– Nədi? Nə istəyirsən məndən? – soruşdu. – Nə veribsən mənə, ala bilmirsən?
Başıma itin müsibətini açdın, azındı? – Və sonra kiçik leytenantın yanında
tanımadığı bir adam da görüb bir balaca ürkdü elə bil, daha deyinməyib onlara
baxdı.
Həsənzadə dedi:
– Yoldaş Kərimbəyli Bakıdan gələn prokurordu. Sənnən özü danışmaq istəyir.
– Istəsin də...
Gündüz Kərimbəyli çiskindən gözlərini qıyıb aşağıdan-yuxarı Zibaya tərəf
baxdı və soruşdu:
– Qalxmaq olar yuxarı?
– Olar də, niyə olmur...
Onlar yuxarı qalxıb otağa girdilər.
Ziba alnını dəsmalla bərk-bərk bağlamışdı və indi ahından-ufundan belə məlum
olurdu ki, başı ağrayır; amma qəribə idi, bu arvadın başı bəlkə doğrudan-doğruya
möhkəmcə ağrıyırdı, di gəl ki, ahı da, ufu da adama elə təsir edirdi ki, elə bil,
başağrısı yalandandır.
Gündüz Kərimbəyli:
– Vaxtınızı çox almayacağıq, – dedi. – Deyəsən, yaxşı hiss eləmirsiniz
özünüzü?
Ziba nifrət dolu nəzərlərlə Həsənzadəyə baxıb:
– Day necə hiss eləyəcəyəm özümü? – dedi. – Qoyurlar ki, adam qaxılıb
otursun xarabasında rahatca? – Sonra o, kiçik leytenanta yox, məhz Gündüz
Kərimbəyliyə yer göstərdi. – Oturun də, ayaq üstdə niyə dayanırsız?..
Gündüz Kərimbəyli girdə mizin arxasındakı stullardan birini çəkib oturdu:
– Çox sağ olun, – dedi. – Bəs siz niyə əyləşmirsiniz?
Ziba əli ilə alnını tutub:
– Mən elə səhərdən-axşamacan otururam də, – dedi və səhərdən axşamacan bu
işlə məşğul olmağına baxmayaraq, Gündüz Kərimbəyli ilə üzbəüz oturdu.
Kiçik leytenant həyət pəncərəsinin sürahisinə söykənib ayaq üstə dayandı.
Ziba yenə alnını ovuşdura-ovuşdura, öz-özünə danışırmış kimi ağlamsındı:
– Işimə bax mənim, ay Allah, gücümə bax! Camaat kefdə-damaqda, mənim də
evimə prokuror gəlir...
Gündüz Kərimbəylinin əvəzinə kiçik leytenant pərt oldu:
– Yaxşı danışmırsan, Ziba.
Ziba yenə nifrət dolu gözlərlə kiçik leytenantı təpədən-dırnağacan süzüb dedi:
– Sən kəs! Pişik kimi gəlib adamın başının üstünü almağı bilirsən... Dayan bir!
Zibanın bənzətməsi kiçik leytenantı təbdən çıxartdı:
– Nədi, Cəbiyə deyəcəksən?
Ziba bu sözlərdən lap yandı-yaxıldı:
– Sən get bacın Gülyazın dərdini çək ki, əri şəhərdə qızlarla kef eləyir!
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı və Həsənzadə bu baxışlar altında
ağzını yummağa məcbur oldu.
Onun susmasını Ziba özü bildiyi cür yozdu, yəni, bunu üstünlüyü hesab eləyib,
fürsəti fövtə vermədi, qabaqdan gəlmişliklə çığırmağa başladı:
– Nədi? Nə böyük iş görmüşəm! Saatdı, tapmışam, sonra da istəmişəm satım!
Cibgirlik eləməmişəm ki?!
Gündüz Kərimbəyli qəribə bir sakitliklə soruşdu:
– Harda tapmısız?
Ziba kiçik leytenanta işarə edib:
– Demişəm də ona, – dedi. – Yazdım da hamısını bir-bir! Qol da çəkdirib
mənə!.. Nədi, savadı çatmayıb, pis yazıb?
Gündüz Kərimbəyli eyni sakitliklə dedi:
– Mənə də deyin.
Onun sakitliyi və bu sakitlikdəki qətiyyət Zibaya da sirayət etdi və arvad bu
dəfə adam kimi cavab verdi:
– Bu gün tapmışam. Tapdım, elə orada da satmaq istədim ki, bu... – Ziba kiçik
leytenanta baxıb yağlı bir söz deməkdən özünü güclə saxladı, – bu... aldı başımın
üstünü..
– Bəs qabını neylədiniz?
– Hansı qabını?
– Saatın qabını. Meşindən balaca qabı olmalı idi.
– Hə, qabını... qabını tulladım də, uşaq deyiləm ik, saatqabı oynadam!..
– Hara tulladınız?
– Nə bilim, hara tulladım? Vağzalda adam bəyəm bilir ki, nəyi hara tullayır?
Gündüz Kərimbəyli ayağa qalxıb nəinki Zibanın, hətta kiçik leytenantın belə
gözləmədiyi bir sərtliklə:
– Burda sizinlə söhbətimiz baş tutmayacaq, Ziba xanım! – dedi. – Söhbətimizi
prokurorluqda davam etdirərik.
Zibanın gözləri kəlləsinə çıxdı:
– Niyə tuturlar məni? Neyləmişəm mən? Adam soymuşam?
Bir müddət araya sükut çökdü və bu sükutu mühüm işlər müstəntiqinin səsi
pozdu:
– Saatını satmaq istədiyiniz adam öldürülmüşdür. Bilmirəm, sizin bundan
xəbəriniz var, ya yox?! Amma yalan danışırsınız. Belə bir işdə yalan satmağın özü
ağır cinayətdir.
Yenə araya sükut çökdü və bu dəfə Zibanın gözləri xalis heyvani bir qorxudan
az qala hədəqəsindən çıxacaqdı. Gündüz Kərimbəyli diqqətlə ona baxırdı.
Ziba alnındakı dəsmalı dartışdırıb açdı və udquna-udquna:
– Mən yalan demirəm, – dedi.
– Siz yalan deyirsiz! Saatın qutusunu vağzalda hara atmısınız, özünüz də
bilmirsiniz, hə? – Mühüm işlər müstəntiqi yəqin ki, özündən asılı olmayaraq səsini
qaldırdı.
– Hə...
– Qutu nə rəngdə idi?
– Palçığa batmışdı... Çirkli idi, fikir vermədim mən rənginə... Yağır də, neçə
gündü...
– Doğru dediyiniz söz də elə budur. Doğrudan da yağır neçə gündü... Amma
həmin saatın heç bir qutusu olmayıb! Siz də nə palçığa batmış, nə də palçığa
batmamış qutu görə bilməzdiniz, hələ onu vağzalda harasa tullamağınız bir tərəfə!
– Necə görə bilməzdim?.. Özünüz dediniz də... – Və yalnız bundan sonra Ziba
məsələni başa düşdü və məsələni başa düşməyilə də bayaq alnından açdığı dəsmalı
gözlərinə sıxıb hönkürməsi bir oldu. – Niyə gəlmisiniz bura? Adam öldürəndi o?
Məndən bir söz qopara bilməyəssiz!..
Mühüm işlər müstəntiqi qapıdan çıxdı, kiçik leytenant da onun ardınca getdi və
onlar pilləkənlə həyətə düşüb küçəyə çıxana qədər yuxarıdan Zibanın hönkürtüsü
eşidilirdi.
Bir müddət yanaşı addımladılar.
Yenə də əməlli-başlı yağmağa başlamışdı.
Gündüz Kərimbəyli kürkünün boynunu qaldırıb əllərini cibinə saldı və bir az
getdikdən sonra Həsənzadə dilləndi:
– Ziba düz demir, yoldaş Kərimbəyli...
Gündüz Kərimbəyli gözlərini ayaqlarının altından çəkməyərək soruşdu:
– Nəyi?
– Mənim bacımın əri Moskvada aspiranturada oxuyur...
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı.
Həsənzadə əlavə etdi:
– Özü də tərbiyəli oğlandı...
XVII
Rayon prokurorluğunun bircə pəncərədən başqa, qalan bütün pəncərələrinin
işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu –
mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor
Cabbarov.
Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə
nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada
oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı.
Kapitan Cabbarov gözlərini Gündüz Kərimbəylidən çəkmirdi və bu məşhur
müstəntiqi bu dərəcədə məşğul edən sənədləri toplayıb Bakıdan gətirdiyi üçün indi
yəqin özündən çox razıydı.
Nəhayət, mühüm işlər müstəntiqi sənədləri qovluğa yığdı, bir müddət kapitan
Cabbarova baxdı və soruşdu:
– Bakıda havalar necədi?
Əlbəttə, cinayət axtarışı üzrə baş inspektor Gündüz Kərimbəylidən daha
mühüm suallar gözləyirdi...
– Yaxşıdı... – dedi.
XVIII
Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədətüstülədə
deyirdi:
– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda
görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq
başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl
danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça
toxumağınacan, danış ki, danışasan!.. Pəh...
Gündüz Kərimbəyli Fəttah dayı ilə üzbəüz oturub çay içirdi. Mürşüd də taxta
kətildə oturub gözlərini dikmişdi dədəsinin ağzına və Fəttah dayının bu söhbətləri də
onunçun yəqin elə Məlikməmməd nağılı kimi bir şey idi.
– Yaman da qorxaq idi arvad. Gecələr həyətə tək düşməyə qorxurdu. Qış
keçirdi, yazda, yayda da axşamlar yığılırdıq başına ki, nağıl de. Nətər şeydisə,
yazda-yayda nağıl deməklə arası yoxdu. Deyirdik ki, deməsən, gecələr çıxmarıq
sənnən həyətə. Qalırdı naəlac, başlayırdı danışmağa... Indi fikirləşirəm ki, niyə heylə
qorxudurduq o yazıq qarını... – Fəttah dayı gülümsəyib: – Ərə gedən qızın dili altda
qənd gərək, qayınanası olan gəlinin dili altda fənd gərək, deyiblər!.. – dedi. –
Dünyanın işləri belədi...
– O nağılları mən də bilirəm. – Bunu da Mürşüd dedi.
– Sən bilərsən də, sənə nə var ki!.. Indi hara baxırsan, Allaha şükür, nağıl
kitabıdı!.. Hələ məktəbə getməmişdən oxumağı öyrənirsiz. Bəs bizə Nabat qocam
danışmasaydı, nə biləcəydik?
– Mən də yaman nağılbazıydım uşaqlıqda. – Bunları da Gündüz Kərimbəyli
dedi. – Bəzən səhərə kimi nağıl oxuyurdum. Atam acıqlanardı, gəlib otağın işığını
keçirirdi ki, yatım, yorğanın altında əl fənərini yandırıb oxuyurdum...
Fəttah dayı:
– Eh!.. – dedi. – Keçər bu dövran, sənə də qalmaz, deyiblər... – Sonra soruşdu.
– Atan da sağdı, bacıoğlu?
Gündüz Kərimbəyli dedi:
– Hə, sağdı.
– Mənim kimi qocafəndidi, hə? O nə sənətin sahibidi?
– Bəstəkardı.
Fəttah dayı da, Mürşüd də təəccüblə Gündüz Kərimbəyliyə baxdı, guya ki,
Bakıdan gələn bu qonağın atası bəstəkar ola bilməzmiş.
Fəttah dayı tənbəkidən sapsarı saralmış baş barmağı ilə qəlyanının odluğunu
bir-iki dəfə basıb tüstülədə-tüstülədə soruşdu:
– Yəni mahnı yazandı də?
– Mahnı, opera, balet, nə istəyirsiz! – Mühüm işlər müstəntiqi gülümsədi.
Birdən Mürşüd tapdı ki, qonaqlarının atası kimdi:
– Fəzli Kərimbəyli?
– Özüdür ki, var. – Atasının belə bir məşhurluğu Gündüz Kərimbəyliyə açıqaşkar
ləzzət verdi.
Fəttah dayı başını buladı və özünü saxlaya bilməyib dedi:
– Balam, bəs, sən nə əcəb belə bir sənət seçmisən özünə?
– Özün demirsən ki, dünyanın işləri belədi, Fəttah dayı? On il musiqi
məktəbində oxumuşam, amma musiqi, oxumaqla deyil, vergiynəndi.
– Bəs, sənin bu işin vergiynən deyil?
Gündüz Kərimbəyli çiyinlərini çəkdi:
– Çətin sual verirsən, Fəttah dayı.
– Çətinliyə düşmənin düşsün. Niyə çətin olur?
– Cinayət elə şeydi ki, Fəttah dayı, həmişə təsadüf axtarır ki, açılsın, çünki yenə
də sən deyən kimi, dünyanın işləri belədi. Cinayət təbiətə ziddi. Insan da təbiətin bir
parçasıdı...
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə bir müddət susdu, sonra sulu qarın
döyəclədiyi pəncərəyə tərəf işarə etdi:
– Bizim bu rayon ki, var, bacıoğlu, balaca yerdi. Burda bir söz gizlətmək çətin
işdi. Hamı indi sənnən danışır. Sözün də ki, bilirsən də, bacıoğlu, damarı olar,
çəkərsən uzanar. Indi sən nə vaxt son qoyursan bu söz-söhbətə, inşallah?
Mühüm işlər müstəntiqi əlini ağzına aparıb əsnədi:
– Görək də, Fəttah dayı...
– Gec olsa yaxşıdı. – Bunu gözlərindən yuxu tökülən Mürşüd dedi.
Fəttah dayı təəccüblə oğluna baxdı.
Gündüz Kərimbəyli soruşdu:
– Niyə?
– Çünki siz də o qədər çox qalarsız burda.
Gündüz Kərimbəyli bərkdən güldü və ayağa qalxıb Mürşüdün qıvrım saçlarını
qarışdırdı.
Fəttah dayı da ayağa qalxıb başını bulaya-bulaya:
– Yaman gimgəbazdı bizim bu gədə, – dedi. – Adama azarı var. Mən də elə
beləydim uşaqlıqda. – Sonra Mürşüdə işarə elədi. – Dur, dur gedək, az qalıb gecə
yarı ola.
Mürşüd ayağa qalxdı:
– Gecəniz xeyrə qalsın.
– Xeyrə qarşı get, Mürşüd kişi.
Fəttah dayı da qapıdan çıxı-çıxa:
– Yat, – dedi. – Bu gün heç öskürmədin, düzəlirsən deyəsən.
Gündüz Kərimbəyli:
– Qızılmış sənin əllərin, Fəttah dayı. – dedi.
– Eh, qızıldansa, çarıq yaxşıdı, bacıoğlu. Çünki qızıldan çarıq geysən, adı
çarıqdı, qızıl deyil. Gecən xeyrə.
– Sağ ol, Fəttah dayı.
Fəttah dayı otaqdan çıxıb qapını ardınca örtdü.
Gündüz Kərimbəyli pəncərəyə yaxınlaşıb çölə baxdı.
Rayonun işıqları tamam sönmüşdü.
XIX
Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında
addımlamağa başladı.
Qaranlıqda onu tanımaq mümkün deyildi.
Bir azdan o, gedə-gedə sırıqlısının cibindən bir siqaret çıxarıb yaş olmasın deyə
ovcunda tutdu, sonra bir an ayaq saxlayıb kibritlə siqareti yandırdı.
Kibrit çöpünün bir anlıq işığında Cəbinin sifəti göründü.
Sonra Cəbi iti addımlarla yoluna davam etdi.
XX
Neçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün
beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi
və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.
Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki,
beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında
gümüş kimi parıldayırdı.
Içi su dolu vedrəyə salıb çıxartdığı əsgi ilə böyük yük maşınının kuzovunu
yuyub təmizləyən yaşlı bir sürücü dedi:
– Əcəb gün çıxıb. Yaxşıca havadı...
Öz maşınının pəncərə şüşələrini silən Cəbi, işindən ayrılmayıb:
– Hava da adam kimidir, – dedi. – Etibar yoxdu ona...
– Adamlar yəni belə etibarsızdı? – Bu sualı gəlib Cəbinin maşınının yanında
dayanan mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli verdi.
Cəbi ona baxdı və yəqin ki, məsələnin nə yerdə olduğunu başa düşdü. Gündüz
Kərimbəylini başdan-ayağacan süzüb elə bil ki, birinci dəfədən necə adam olduğunu
bilmək istədi, sonra əllərini əsgi ilə silə-silə soruşdu:
– Mənimlə işiniz var?
Gündüz Kərimbəyli kürkünün döş cibindən vəsiqəsini çıxarıb ona tərəf uzatdı.
Cəbi vəsiqəyə baxmadı:
– Lazım deyil, – dedi. – Bilirəm, Bakıdan gələn müstəntiqsiniz. Görən kimi
tanıdım sizi. Gözləyirdim...
Məlum məsələ idi ki, Cəbi bu məlumatları Zibadan toplamışdı.
– Tələsmirsiz?
Cəbi saatına baxıb:
– Tələsirəm, – dedi. – Kəndə gedib gəlməliyəm.
– Kəndə nə vaxt gedib gəlməlisiniz?
– Bir saata gedib qayıdaram, yaxındadı.
– Məni də özünüzlə götürün. Belə havada bir saat gəzməyin özü də savab işdi.
Cəbi bu dəfə açıq-aşkar tutuldu və çiyinlərini çəkdi:
– Necə bilirsiz...
Mühüm işlər müstəntiqi xüsusi bir dəvət gözləmədən qalxıb kabinədə oturdu.
Cəbi də öz yerinə qalxdı və içəri tərəfdən şüşəni silə-silə təkrar etdi:
– Köhnə dəyirmanın yanında beş dəqiqəlik işim var...
– Eybi yox, gözləyərəm.
– Yolun üstündədi elə...
– Cəbi narahat idi.
Motor işə düşdü və maşın qarajdan çıxdı.
Gündüz Kərimbəyli qarşısındakı şüşədən küçəyə baxa-baxa gülümsəyib:
– Siz mənim sualıma cavab vermədiz, – dedi.
Cəbi təəccüblə yol yoldaşına baxdı:
– Hansı sualınıza?
– Adamların etibarsızlığı barədə.
Bu dəfə Cəbi də gülümsədi:
– Hə... Olur də, görürsən ki, birini Allah kimi tanıyırsan, peyğəmbər bilirsən,
sonra məlum olur ki, çaqqalın biridi...
– Bir nəfər olar, amma hamı yox də. Necə bilirsiz?
– Bir nəfər də adamdı də...
Maşın rayonun küçələri ilə gedirdi və Gündüz Kərimbəyli şüşədən baxa-baxa
heç nə demirdi və belə bir sükut görünür ki, Cəbinin ürəyindən deyildi, hövsələdən
çıxarırdı onu; nəhayət o özü dilləndi:
– Bilirəm, – dedi. – Zibadakı saata görə mənimlə yolyoldaşlığı edirsiniz indi...
Gündüz Kərimbəyli gülümsəyib:
– Necə deyərlər, – dedi. – Həm ziyarət, həm ticarət...
Cəbinin isə daha gülümsəməyə halı yox idi.
– O, tapmayıb saatı, mən tapmışam, vermişəm ona. Belə olmaz?
– Niyə olmur? Əgər, doğrudan da, belədisə, olar.
– Əgər, doğrudan da, belə deyilsə, nə olar bəs? Adamsoyan olaram mən,
adamöldürən olaram?
Mühüm işlər müstəntiqi cavab vermədi; güman ki, o, Cəbini daha yaxşı
tanımışdı: Cəbi özü nəyi lazım bilirdisə, danışacaqdı, qalanlar isə sonranın işi idi.
Maşın rayondan çıxıb hələ qurumamış asfalt yolla getməyə başladı. Yolboyu
uzanan elektrik məftillərinə tək-tək, hərdən ikisi bir yerdə, qarğalar qonmuşdu və bu
saat bu qarğalar da elə bil ki, günün altında qızına-qızına dünyanın işləri barədə
fikirləşirdi.
Cəbi sükan arxasında qurcalanıb, guya ki, yerini rahatladı və dedi:
– Düzdü, əhmədi-biqəmliyim olub, dünyanı vecimə almamağım olub, yeməyiiçməyi
xoşlayıram, bəzən hətərən-pətərən danışmağım da var, at keçməz işlərim də
var, amma nə adam soya bilərəm mən, nə də ki, adam öldürə bilərəm...
Mühüm işlər müstəntiqi cavab vermədi.
– Bilirəm fikirləşirsiz ki, Cəbi bildiklərinin hamısını demir.
Maşın çayın üstündəki körpüdən keçib, çılpaq budaqları sallanmış söyüdün
yanında dayandı.
Cəbi yoldan yüz-yüz on metr aralıdakı köhnə dəyirmanı göstərib dedi:
– Bu saat gəlirəm. Beş dəqiqəlik işim var orda. – Sonra mənalı-mənalı
gülümsədi. – Cəbi təmiz oğlandı...
O, motoru söndürüb aşağı düşdü və yolun kənarındakı kolluqların arası ilə
dəyirmana tərəf getdi.
Mühüm işlər müstəntiqi də maşından düşüb körpüyə tərəf gəldi və iki əli ilə
körpünün taxta sürahisindən yapışıb çaya baxdı.
Çay köpüklənə-köpüklənə axıb meşənin içində çılpaq ağacların, kolların arasında
yox olurdu. Meşənin yuxarı tərəfindəki dağların ətəkləri bomboz idi və bu saat
həmin bozluq da elə bil ki, günün şüalarından ləzzət alırdı. Dağların başındakı qar
isə öz soyuq tənhalığının hündürlüyündən gümüş kimi parıldayırdı. Yolboyu uzanan
və çayın da üstündən keçən elektrik məftillərinə qonmuş qarğalar da tərpənmir və
elə bil ki, bu qəfil çıxmış günün şüalarından məst olub mürgü döyürdü.
Mühüm işlər müstəntiqi körpüdən aralanıb yenə maşına tərəf gəldi və gözlərini
qıyıb günə baxdı, sonra elə bil ki, yaxşıca bir rahatlığın ləzzətini qabaqcadan hiss
edirmiş kimi, qollarını geniş açıb ləzzətlə gərnəşdi və bu dəfə Cəbinin getdiyi köhnə
dəyirmana tərəf baxdı – köhnə dəyirman elə bil ki, həm köhnəliyindən, həm də daha
işə-gücə yaramadığından çölün düzündə tək-tənha öz axırını gözləyirdi.
Və bu zaman elə bil ki, dəyirmanın arxasından bir kölgə ötüb meşəlikdə yox
oldu.
Bu kölgə mühüm işlər müstəntiqinin nəzərindən yayınmadı və o, daha artıq bir
diqqətlə köhnə dəyirmana tərəf baxdı.
Elə bil ki, bu adi kölgənin beləcə qəflətən görünüb itməsiylə bu yerləri xoflu bir
intizar bürüdü.
Gündüz Kərimbəyli açıq-aşkar narahat idi və o, eyni diqqətlə köhnə dəyirmana
tərəf baxa-baxa əlini qaldırıb kabinkanın qapısını açdı və maşının əvvəlcə qısa, bir
müddətdən sonra uzun siqnalı çayın şırıltısını üstələyib bu meşəyə, bu dağlara səs
saldı.
Köhnə dəyirmanda nə bir adam göründü, nə də ordan bir səs-səmir gəldi.
Gündüz Kərimbəyli əvvəlcə asta addımlarla, sonra daha cəld hərəkətlə kolkosun
arası ilə köhnə dəyirmana tərəf gəldi və dəyirmanın qapısı ağzında dayanıb
çağırdı:
– Cəbi!
Dəyirmandan səs gəlmədi. Mühüm işlər müstəntiqi ayağı ilə qapını itələyib
içəri girdi. Qapı cırıldadı və bu qapı cırıltısında bu an bir müdhişlik vardı. Gündüz
Kərimbəyli keçib dəyirmanın içinə girdi və bir göz qırpımında əlini atıb döşündən
tapança çıxartdı.
Cəbi taxta pilləkənin üstünə düşüb qalmışdı. Onun sol kürəyinə sancılmış
bıçağın dəstəsi dəyirmanın balaca pəncərəsindən düşən işıqda parıldayırdı. Cəbinin
gözləri elə bil ki, dünyanın işlərinə matı-qutu qurumuş kimi geniş açılmış və beləcə
də bərələ qalmışdı. Onun ağzı açıq idi və ağzından axan qan sırıqlısının ətəklərini,
taxta pilləkəni büsbütün qırmızıya boyamışdı.
Gündüz Kərimbəyli bircə anın içində bu bomboş dəyirmanı gözdən keçirib
pilləkənə atıldı, sonra pəncərəyə yaxınlaşdı; taxtası çürümüş bu şüşəsiz pəncərə o
qədər balaca idi ki, buradan girib-çıxmaq mümkün deyildi.
Gündüz Kərimbəyli həyətə çıxdı və dolanıb bayır tərəfdən pəncərənin yanına
gəldi, diqqətlə ətrafa baxdı: dörd tərəfdə çılpaq ağaclar idi və indi burada adam
axtarmaq yəqin ki, mənasız idi.
O, bir neçə an beləcə dayandı və hara gedəcəyini bilmədi, sonra sürətlə maşına
tərəf qaçıb kabinkaya atıldı və kabinkaya atılmağı ilə də maşını işə salmağı bir oldu.
Maşın dairə vurub rayona tərəf götürüldü.
Maşın sürətlə rayonun küçələri ilə getdikcə, orda-burda oynaşan uşaqlar,
küçədən keçib gedənlər təəccüblə onun arxasınca baxıb yəqin fikirləşdilər ki, nə
olub belə görəsən, Cəbinin maşınını başqası sürür və elə də sürür ki, elə bil, daldan
onu cin qovur.
Kiçik leytenant Həsənzadə də portfelini yellədə-yellədə gedirdi və o da
təəccüblə maşının ardınca baxıb addımlarını yeyinlətdi.
Gündüz Kərimbəyli maşını Imaşgilin həyət qapısı ağzında saxlayıb aşağı atıldı
və qapını itələyib həyətə girdi.
Imaş bellə həyətdəki nar ağacının dibini yumşaldırdı və o, əl saxlayıb birdənbirə
bu cür nagah peyda olmuş mühüm işlər müstəntiqinə baxdı, sonra çəpərdən
görünən maşına nəzər saldı və rişxənd eləməkdən özünü saxlaya bilmədi:
– Bəs, Ziba hanı? – deyib gülümsədi. – Cəbi yoxdu maşında, heç olmasa, Ziba
oturaydı də...
Əlbəttə, bu saat hiss olunurdu ki, mühüm işlər müstəntiqi Imaşın beləcə rişxənd
edə-edə həyətdə işdə-gücdə olacağına bir o qədər də əmin deyildi.
Və elə bil birdən-birə hər şey onun üçün aydın oldu. O, heç nə deməyib geri
döndü və yenidən kabinkaya sıçrayıb maşını yerindən tərpətdi.
Imaş bu məsələdən bir mətləb qanmayıb işinə davam etdi.
Maşın sürətlə gedib vağzalın qabağında dayananda daha aşağı düşməyə bir
ehtiyac yox idi. – Zibanın peraşki köşkü kimsəsiz idi və sobadan da isti peraşkinin
buxarı qalxmırdı.
Maşın yenə də yerindən götürüldü və bu dəfə rayonun küçələrindən ötüb
Zibanın evinin qabağında dayandı. Gündüz Kərimbəyli aşağı atıldı, darvazanı
itələyib açmaq istədi, amma darvaza bağlı idi. Gündüz Kərimbəyli yuxarı boylanıb
evin pəncərəsinə tərəf baxdı, sonra qapını bir neçə dəfə döyəclədi.
Yoldan ötənlər ayaq saxlayıb gah Cəbinin maşınına, gah da tanımadıqları bu
adama baxırdılar və onun tələsik hərəkətlərindən yəqin başa düşürdülər ki, nə isə bir
iş var bu işin içində.
Mühüm işlər müstəntiqi qapını bu dəfə daha artıq bir təkidlə döyəclədi.
Əlində içi dolu zənbil tutub, güman ki, bazardan qayıdan yaşlı bir arvad:
– Yoxdu Ziba evdə! – dedi. – Indicə aşağı düşürdü, çay qırağına tərəf.
Gündüz Kərimbəyli bu sözləri deyən arvada baxdı və əvvəlcə elə bil ki, arvadın
dediklərinin mənasını yaxşı başa düşmədi, sonra daha da tələsik kabinkaya sıçradı;
maşın yerindən götürüldü.
Maşın rayondan çıxıb torpaq yolla çaya tərəf getdi və meşənin kənarında
dayandı.
Bu o yerlər idi ki, mühüm işlər müstəntiqi, Fazil müəllimlə və Səadətlə burada
rastlaşmışdı.
O, maşından atılıb çılpaq ağacların arası ilə çay boyu irəlilədi və bu saat
Gündüz Kərimbəyliyə baxan bir kəs heç şübhə etməzdi ki, dörd bir tərəfdə quş da
uçsa onun gözündən yayınmayacaqdı.
Və nəhayət, o, böyük bir palıd ağacının yanında dayanmış Zibanı gördü. Ziba
qəribə bir kədərlə başı qarlı dağlara tərəf baxırdı və bu saat günün şüaları altında o
başı qarlı dağlar elə bil ki, bu arvadın gözlərindəki kədərə biganə deyildi.
Mühüm işlər müstəntiqi kolların, quru budaqların arası ilə daha sürətlə
irəliləyərək qəflətən nəsə görüb bərkdən qışqırdı:
– Ziba!
Zibanın gözlərini dağlardan çəkib bu gözlənilməz qışqırığa tərəf dönməsi ilə iri
bir bıçağın bir göz qırpımında palıdın yoğun gövdəsinə sancılması bir oldu; Ziba
qışqırığa tərəf bircə an gec dönsəydi, iş işdən keçəcəkdi.
Arvad bu dəfə dəhşət dolu nəzərlərlə palıdın gövdəsində hələ də dəstəyi titrəyən
bıçağa baxdı.
Gündüz Kərimbəyli isə artıq özünü kolların, ağacların arasına atıb bıçaqatanın
ardınca qaçırdı.
Bıçaqatan adamın ağaclar arasında hərdən kürəyi, hərdən başı görünürdü və bu
saat onu beləcə qovan, təbii ki, mühüm işlər müstəntiqinin səsi idi.
Gündüz Kərimbəyli qışqırdı:
– Dayan! Dayan deyirəm sənə!
O, sağ əlində tapança tutmuşdu, sol əli ilə quru budaqlar gözünə girməsin deyə
özünə yol açırdı.
– Dayan!
Sonra o, qaçan adamın başı üstən dalbadal iki güllə atdı və daha artıq bir inadla
caniyə yaxınlaşmağa başladı.
Bıçaqatan adamın sürəti yavaş-yavaş azalırdı və onun tez-tez nəfəs almasından,
tövşüməsindən hiss olunurdu ki, bir atımlıq barıtı qalıb. Birdən o, qəflətən ayaq
saxladı və bir anın içində əyilib haçansa qalanmış köhnə ocaq yerindən tutarlı bir
kösöv götürdü, geri çevrildi və geri çevrilməyi ilə kösövü Gündüz Kərimbəyliyə
tərəf vıyıldatmağı bir oldu.
Və biz də, ancaq indi onu görüb tanıdıq.
Bu adam Fəttah dayı idi.
Kösöv zərblə Gündüz Kərimbəylinin sağ əlinə dəyib tapançanı ağacların dibinə
saldı və elə bil ki, Fəttaha təzədən güc gəldi. O, ağ saqqalına yaraşmayan bir
sıçrayışla Gündüz Kərimbəylinin üzərinə atılıb:
– Boğacağam səni, köpəkoğlu! – dedi. – It kimi gəbərdəcəyəm səni!
Və o, doğrudan da, iki əli ilə mühüm işlər müstəntiqinin boğazından yapışıb
bütün ağırlığını onun üstünə saldı; Gündüz Kərimbəyli arxası üstdə yerə yıxıldı və
onun sifətinin damarları şişdi, gözləri qızarıb qanla doldu.
Fəttahın gözlərindən od, alov tökülürdü, kin-küdurət, qəzəb tökülürdü, elə bil
ki, neçə illərdən bəri ürəyində gizlincə saxladığı, gizlincə onu yandırıb-yaxan adam
boğmaq ehtirası birdən-birə üzə çıxmışdı və bu alışıb-yanan ehtiras dolu gözlərdə
indi bir təntənə şovqü oynayırdı.
Lakin, Gündüz Kərimbəyli bütün gücünü toplayıb ayağı ilə Fəttahı öz
üzərindən ata bildi; bu dəfə Fəttah arxası üstə yerə sərildi, amma Gündüz
Kərimbəyli onun üzərinə atıla bilmədi. Fəttah tez üzü üstə çevrilib ayağa qalxdı və
iki əlini birləşdirib, balta ilə odun yarırmış kimi, var gücü ilə Gündüz Kərimbəylinin
boynuna vurdu. Bu zərbə Gündüz Kərimbəylini sarsıtdı, o, arxasını vələs ağacının
gövdəsinə söykəyib qaldı və Fəttah başını bədəninə qısıb bir az yanpörtü irəli
sıçradı, bu dəfə də var gücü ilə Gündüz Kərimbəylinin qabırğalarının arasına kəllə
vurdu. Gündüz Kərimbəylinin sinəsindən bir inilti qopdu və o, əlləri ilə mədəsini
tutub aşağı əyildi. Fəttah:
– It balası! – deyib onun boynunun ardına güclü bir zərbə ilişdirdi; Gündüz
Kərimbəyli dizləri üstə yerə çökdü; Fəttah üçüncü dəfə zərbə vurmağa hazırlaşırdı,
amma gözü beş-on metr aralıdakı palıdın dibinə düşmüş tapançaya sataşanda bir an
əl saxlayıb tapançaya tərəf atıldı və bu zaman mühüm işlər müstəntiqi cəld bir
sıçrayışla onun ayaqlarından yapışdı, Fəttah üzü üstə yerə sərildi. Gündüz
Kərimbəyli eyni cəldliklə onun üstünə atılıb sağ qolunun dirsəyi ilə ilan boğurmuş
kimi onun boynundan basdı: sol əli ilə Fəttahın çəkməsindən yapışıb yana gərdi və
Fəttah üstünü xəzəl basmış palçığın içində çapalamağa başladı.
Dalbadal atılan üç güllə səsi eşidildi və elə bil ki, bu güllə səsləri ilə Fəttaha
təzədən güc gəldi; o, bir həmlə ilə Gündüz Kərimbəylinin əlindən buraxılıb özünü
irəli atdı və əvvəlcə palçığın içi ilə bir-iki addım iməkləyib sonra ayağa qalxdı və
qaçmağa başladı.
Gündüz Kərimbəyli qarşısına çıxan ağac budaqlarına, kol-kosa ilişə-ilişə onun
ardınca qaça-qaça:
– Dayan! – dedi. – Hara qaçacaqsan?!
Və elə bil ki, bu sözlərdəki həqiqəti Fəttah birdən-birə dərk etdi, yerində
dayanıb geri döndü və nifrət dolu nəzərlərlə Gündüz Kərimbəyliyə baxdı; bu
baxışlarda nifrətlə bərabər, bir ümidsizlik vardı və bu ümidsizliyin doğurduğu qorxu
dəhşəti, daxili bir fəryad Fəttahın gözlərini böyütmüşdü.
O, axırıncı gücünü toplayıb sonuncu dəfə Gündüz Kərimbəylinin üstünə atıldı;
bu həmlənin sonuncu olması, ölüm-dirim işi olması Fəttahın sinəsindən qopub gələn
iniltinin yanğısından bilinirdi; elə bil ki, bu saat bütün dünya və o cümlədən,
Fəttahın özünün də aqibəti bir tərəfə idi, Gündüz Kərimbəylini didib-parçalamaq,
anasını ağlar qoymaq bir tərəfə.
Fəttah qabırğasının arasına dəyən zərbədən sarsılmadı, iki əlilə də Gündüz
Kərimbəylini qamarlayıb altına basdı və ikisi də yerə – palçığın üstünə yıxıldı;
Fəttah Gündüz Kərimbəylinin saçlarından yapışıb onun başını palçığa basmaq,
nəfəsini kəsmək istəyirdi, mühüm işlər müstəntiqi isə iki əli ilə onun çənəsini yuxarı
sıxır, bu fısıldayan qəzəbli sifəti üstündən rədd etmək istəyirdi.
Bu zaman bir əl Fəttahın kürkünün boynundan yapışıb onu qaldırdı və elə bil ki,
Fəttah da birdən-birə süst düşüb asıla qaldı.
Prokuror Dadaşlı bir əli ilə onu qaldırıb, az qala, ayaqlarını yerdən üzəcəkdi və
adamın heç ağlına gəlməzdi ki, bu həddən artıq kök və astagəl kişinin qolunda bu
qədər güc var.
Gündüz Kərimbəyli hələ də nəfəsi tıncıxan prokuror Dadaşlının, müstəntiq
Cabbarovun, kiçik leytenant Həsənzadənin bura nə vaxt gəlib çıxdıqlarını hiss
etməmişdi və indi onlara elə baxırdı ki, elə bil başqa dünyadan gəlmiş adamlara
baxır.
Sonra prokuror Dadaşlı Fəttahın kürkünün boynunu buraxdı və Fəttah yumşaq
yeri üstə palçığa düşdü, eləcə də oturub qaldı.
Gündüz Kərimbəyli üz-gözünün palçığını silə-silə dikəlib Fəttahla üzbəüz
oturdu və bir-bir prokuror Dadaşlıya, Cabbarova, Həsənzadəyə baxıb:
– Vaterlooda Blyuxerin köməyə gəlməsinə döndü bu!.. – dedi, sonra Fəttaha
baxdı, sağ əlinin kösöv dəymiş barmaqlarını ovxaladı. – Güc varmış bunda!..
Fəttah da iki əli ilə, salavat çevirirmiş kimi, üzünü sildi və:
– Gərək gecəylə başını kəsəydim sənin! – dedi. – Qoyun başı kimi! – Həm də
bu sözləri elə sakit dedi ki, bu adam qəssabının həvəsinin doğruluğuna heç kimin
şübhəsi qalmadı.
Indi kənardakı şam ağacının yanında dayanıb onlara baxan Ziba da bu sözlərin
həqiqət ola biləcəyinə qətiyyən şübhə etmədi.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və onun sifətinin
ifadəsində neçə günlərin, bəlkə də neçə ayların, neçə illərin yorğunluğu, əziyyəti
indi açıq-aşkar görünürdü; beləcə gülümsəyə-gülümsəyə də dedi:
– Səndən nə desən çıxar!... – Və necə deyərlər, acıdillik eləmək dilxoşluğundan
özünü saxlamaq istəmədi. – Amma yaxşıca bankalayıb sağaltdın məni!
Fəttah:
– O da mənim səfehliyim! – dedi. – Hər adamın bir səhvi olur!... Səhv
eləmişəm...
– Deyirdin ki, milyon-milyon fəttahlar gəlib-gedib bu dünyadan. Amma səndən
tək-tək olub, Qurd Cəbrayıl!
Fəttah gözlərini qıyıb diqqətlə mühüm işlər müstəntiqinə baxdı və dedi:
– Əvvəldən gözüm su içmirdi səndən!.. Yaşından ki, cavan göründü adam, heç
xoşlamıram onları... Amma Qurd Cəbrayıllığı sübut eləyəsən gərək!
– Eləyərik, eləyərik!... Barmaqlarının izindən tutmuş, nə istəsən, qoyacayıq
qabağına. Başını kəsdiyin adamların arvad-uşağıyla da üzləşdirəcəyik səni...
Araya sükut çökdü və onsuz da, bütün işlərdən bir şey başa düşməyən prokuror
Dadaşlı matdım-matdım gah mühüm işlər müstəntiqinə, gah da Fəttaha baxırdı.
Gündüz Kərimbəyli isə səhərdən bəri cınqırını çəkməyən Həsənzadəyə baxıb
gülümsədi:
– Siz gətirdiz bu camaatı, hə? Küçədə mən gördüm sizi bayaq. Belədir bizim
işimiz, yoldaş leytenant, mənim, sizin, hamımızın. Görürsüz də, kimlərə rast gəlirik
hərdən?... Müharibə vaxtının quldurudu bu, Cəbrayıldı adı, Qurd Cəbrayıl
deyirmişlər. Bütün Qarabağ dad deyərmiş əlindən. Sonra da qaçıb gəlib burada
məskən salıb, bıçaq atmağıyla məşhuruymuş. Çox qan axıdıb. Atdığı bıçaqla
Mahmud Qəmərlinskini də bir dəfə arxadan vurub beləcə. Budəfəki ikinci sınaq idi.
Belədi işlər, leytenant!.. Mahmud Qəmərlinski pensiyaya çıxandan sonra iş başında
həlak olub.
Gündüz Kərimbəyli bir müddət susdu və yenə də sağ əlinin barmaqlarını
ovxaladı, görünür, Fəttahın atdığı kösöv əlini əməlli-başlı əzmişdi. Sonra Fəttaha
baxa-baxa dedi:
– Cabbarovun nazirliyin arxivindən gətirdiyi sənədlərdən hiss etdim ki, Qurd
Cəbrayılın işidi bu. Beləcə bıçaq atmaq onun işidi. Vaxtıyla Mahmud
Qəmərlinskinin yaralanıb sağaldıqdan sonra öz əli ilə yazdığı izahatı da oxudum.
Amma bilmirdim ki, Qurd Cəbrayıl kimdi, hansıdı... Budu, yoxsa... – Gündüz
Kərimbəyli sözünün ardını deməyib prokuror Dadaşlıya müraciət etdi. – Imaşa niyə
bir iş düzəltmirsiz, yoldaş Dadaşlı?
Prokuror Dadaşlı səhərdən bəri birinci dəfə ağzını açdı və:
– Ərizə verib pensiyaya çıxacağam mən... – dedi. – Mənimki bundan sonra
kitab oxumaqdı, prokurorluq deyil! Konstitusiya müddətim gəlib çatır onsuz da...
Mühüm işlər müstəntiqi, elə bil, onun sözlərini eşitmədi:
– Sizin «nə üçün?» – sualınızın cavabı isə çox sadədir, prokuror. Imaş da, Fazil
müəllim kimi, istəmirdi bacısının adı dilə düşsün. Ona görə danırdı vağzalda
olmağını. Həm də... Həm də «Ilanvuran ala çatıdan qorxar» – deyiblər. Belə
deyiblər, Qurd Cəbrayıl?
Fəttah baxdı, baxdı və:
– Elə deyiblər, – dedi.
Gündüz Kərimbəyli sözünə davam etdi:
– Imaş bilirdi ki, Fazil müəllimin Bakıda nişanlısı var, qorxurdu ki, Fazil onun
bacısını aldada. Bilirdi ki, onun babası bu məsələdən ötrü buraya gələcək. Vağzalda
gəlib öz gözləriylə görmək istəyirdi, Fazilin sözlərinin doğruluğunu bilmək
istəyirdi...
Sonra Gündüz Kərimbəyli yenə də kiçik leytenant Həsənzadəyə baxdı:
– Bilmək istəyirsiniz necə olub bütün bu işlər, leytenant? Qurd Cəbrayıl necə
öldürüb Mahmud Qəmərlinskini, həmin Mahmud Qəmərlinskinin ki, bir vaxt Qurd
Cəbrayılın dəstəsini darmadağın etmişdi, bilmək istəyirsiz?
Fəttah, daha doğrusu, Qurd Cəbrayıl yenə mühüm işlər müstəntiqinə baxdı və
bu saat o, qətiyyən şübhə etmirdi ki, yaşından xeyli cavan görünən bu bəstəkar oğlu,
doğrudan da, hər şeyi bilir; sonra çox gözlənilməz bir hadisə baş verdi: Fəttah əlini
aparıb ağzındakı diş protezini çıxartdı və onun damaqları bir-birinə yapışanda xalis
qoca çaqqala oxşadı.
– Belə olub əhvalat, leytenant, qulaq asın... – dedi. Gündüz Kərimbəyli və elə
bil ki, onun sözlərinə qulaq asan Fəttah da bir neçə gün bundan əvvəlki həmin gecə
görüşünə qayıtdı...
... Sulu qar dayanmaq bilmirdi və paltosunun boynunu qaldırıb şlyapasını
gözünün üstünə çəkmiş Mahmud Qəmərlinski yanında addımlayan Fazilə nəsə deyədeyə
gəlirdi.
Rayonun küçələri qaranlıq və kimsəsiz idi.
Onlar kitab mağazasına yaxınlaşanda, Fəttah mağazanın arakəsməsində taxta
kətildə oturub qəlyanını tüstülədə-tüstülədə əllərini elektrik plitəsinin cərəyandan
qızarmış məftillərinin üstünə tutmuşdu və o bu soyuq gecədə kiminsə gəldiyini hiss
edib mağazanın qapısından küçəyə boylandı, Fazillə babası onun yanına gəlib
çatanda:
– Salam, a müəllim, – dedi. – Gecə vaxtı xeyir ola belə?
Fazil dedi:
– Salam, Fəttah dayı. Babam gəlib Bakıdan.
Fəttah:
– Xoş gəlib, səfa gətirib, – dedi və Mahmud kişiyə baxdı.
– Çox sağ olun. – Bunu da Mahmud kişi dedi və elektrik plitəsinin zəif işığında
Fəttahın sifətini güclə sezdi.
Onların baxışı cəmi bir an toqquşdu, sonra Fəttah başını içəri saldı, Mahmud
kişiylə nəvəsi də yoluna davam etdi. Və bütün yolboyu Mahmud kişi ancaq bunu
soruşdu:
– Nədi dedin adı bu kişinin?
– Fəttah dayıdı. Kitab mağazasının qarovulçusudu. Oğlu bizdə oxuyur.
Sonra onlar Ayna xalanın açdığı qapıdan həyətə girib pilləkənlə ikinci
mərtəbəyə, Fazil müəllimin otağına qalxdılar.
Elə bil ki, Mahmud kişinin fikri özündə deyildi və o, pəncərəyə yaxınlaşıb bir
müddət bayırın qaranlığına baxdı, sonra əlini paltosunun, pencəyinin yaxasından
sinəsinə salıb ürəyinin üstünü ovuşdurdu, nəvəsinə sarı dönüb nəsə dedi, Fazil
nəyəsə etiraz etdi və nəhayət, Mahmud kişi yenə elə-eləcə əynindən çıxartmadığı
paltosunun boynunu qaldırıb aşağı düşdü, küçəyə çıxdı.
O, asta addımlarla boş və kimsəsiz küçələrlə addımlaya-addımlaya gəlib kitab
mağazasının qabağına çatdı.
Fəttah qapının ağzında ayaq üstdə dayanıb qəlyanını tüstülədirdi və elə bil ki,
Mahmud kişinin bu gəlişini gözləyirdi.
Onlar bir müddət üzbəüz dayanıb bir-birinə baxdılar.
Sonra Mahmud kişi:
– Səhərdən fikirləşirdim ki, sən deyilsən, bəlkə səhv edirəm, – dedi. – Sağ
qalmışam mən. Görürsən də.
Mahmud kişi bu sözləri dedi və elə bil ki, neçə illər bundan əvvəlki son
görüşləri onların ikisinin də gözlərinin qabağından gəlib-keçdi. Iyirmi-otuz il
bundan əvvəlki son görüş...
...Qurd Cəbrayıl dağın döşündəki sıldırım qayaların arası ilə çapırdı və tez-tez
arxaya çevrilib baxırdı; arxadan gələn atlı Mahmud idi və o Qurd Cəbrayılı
qovduqca, atının ayaqlarının altından çınqıl qopub ətrafa səpələnirdi.
Qurd Cəbrayıl böyük bir qayanın başına fırlanıb atın yüyənini çəkdi və at
yüyənin tarımlığından boynunu az qala ikiqat yana əyib qabaq ayaqlarını qaldırdı;
Qurd Cəbrayıl atın belində qayanın dibinə qısıldı.
Mahmud çapıb qayanı keçdi və o, bir balaca aralanan kimi, Qurd Cəbrayıl sağ
əlində hazır tutduğu iri bıçağı qaldırıb arxadan bir göz qırpımında Mahmuda tərəf
atdı; bıçağın kürəyinə sancılması ilə Mahmudun atın belindən yerə sərilməsi bir
oldu.
Sonra o, güclə başını qaldırıb qızarmış və genişlənib, az qala, hədəqəsindən
çıxacaq gözləri ilə qayanın dibindən çıxmış Qurd Cəbrayıla baxdı, sonra da əllərini
yerə basıb qolları əsə-əsə dizləri üstə dayandı, gücdən boğazının, üz-gözünün
damarları şişdi, dodaqları səyriyə-səyriyə dedi:
– Arxadan vurursan, Qurd! Kişi arxadan vurmaz!
– Sən kişi niyə olursan?! – dedi Qurd Cəbrayıl. – Adam izləyən itsən sən, indi
gəbər, köpəkoğlu! Milsanerlərin, geroyların indi gəlsin köməyinə, görüm necə gəlir!
Və Mahmud daha bu sözləri eşitməyib üzü üstə yerə sərildi.
Qurd Cəbrayıl ata yağlı bir şallaq ilişdirib çapdı və bir azdan qayaların arasında
görünməz oldu...
– ...Mən sağ qaldım, – Mahmud kişi dedi, – amma elə bilirdim sən itibbatmısan
çoxdan, amma sağmışsan sən də... – Mahmud kişi çevrilib bayaqkı ağır
addımlarla geri qayıtdı.
Fəttah bir müddət elə-eləcə kitab mağazasının qapısı ağzında dayandı, sonra
tələsik küçəyə çıxıb Mahmud kişinin ardınca getdi və ona on-on beş addım qalmış
gecə gözətçisi kimi cibində gəzdirdiyi bıçağı, bu işin köhnə ustası kimi zərblə atdı.
Mahmud kişi yerində dayandı, başını geri çevirib Fəttaha baxdı və nə isə demək
istədi, amma bir söz deyə bilməyib uzuqoylu səkinin üstünə sərildi; paltonun
üstündən kürəyinə sancılmış bıçağın dəstəyi qaranlıqda işıldadı.
Fəttah tələsik addımlarla ona yaxınlaşdı, əyilib baxdı və əvvəlcə bilmədi ki,
neyləsin, sonra Mahmud kişinin qolundakı qızıl saata baxdı, tələsik saatı açdı, əlini
onun paltosunun döş cibinə salıb portmanatını çıxartdı.
Və elə bu vaxt sulu qarın şırhaşırı içində Cəbinin kefli zümzüməsi eşidildi:
Gül açılanda yaz olur, bəh-bəh-bəh!
Kədərim, qəmim az olur, bəh-bəh-bəh!
Gözəldə işvə, naz olur, bəh-bəh-bəh!
Gəl, gəl, gözəl yar, sevirəm səni!
Cəbi tini burulub alışıb-yanan gözləriylə onu gözləyən Fəttahı gördü, yerə
yıxılmış adam qaraltısına baxdı və güclə ayaq üstə dura-dura dedi:
– Bu nədir a, Fəttah dayı, indi də piyanları daşıyırsan ayıltmaya?
Fəttah ona yaxınlaşıb:
– Gir, gir evinə! – dedi. – Sənnik bir iş yoxdu!
– Qoy görüm kimdi ki, o elə, ceyran südünün qədrini bilmir?
– Gir evinə, dedim sənə!
– Yox, a Fəttah dayı, canın üçün gərək görəm kimdi bu səfeh.
– Dedim ki, gir evinə!.. – Fəttah Cəbinin qolundan tutub darvazalarına sarı
çəkdi.
Cəbi onun əlindən dartınıb:
– Vallah, görüm gərək kimdi o! – dedi.
Fəttah qızıl saatı Cəbinin ovcuna basdı:
– Al bunu! – dedi, – Qızıl saatdı, mən tapmışam, səninki olsun.
– Nədi? Qızıl saatdı? Mənə verirsən bunu, Fəttah dayı? Bu ki, Mirpaşanın
kababxanasında ikigünlük kefin puludu!
– Hə, hə, sənə verirəm! Yeri, yeri, get gir evinə! – Fəttah Cəbinin qolundan
çəkib darvazanın qapısından içəri saldı və Cəbi əlində tutduğu saata baxa-baxa bu
dəfə vurnuxmadı, təzədən ləzzətlə zümzümə edə-edə həyətdən keçib pilləkənlə
ikinci mərtəbəyə qalxdı:
Bülbul bağlarda səs salır: cəh-cəh-cəh!
Güllərin ətrini alır, bəh-bəh-bəh!
Musiqi səsi ucalır, cəh-cəh-cəh!
Gəl, gəl, gözəl yar, sevirəm səni!..
... Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ayaq üstə dayanıb, kürkünün
ətəklərindəki palçığı təmizləyə-təmizləyə hələ də bayaqkı yerində oturub qalmış
Fəttahdan soruşdu:
– Elə səhəri gün aldın Cəbinin başının üstünü? Saatı gizlət dedin, hə? Indi
xatası var, mən tapmışam, sənə bağışlamışam, amma ölüymüş, kefli deyilmiş yerə
yıxılan, saat da, deyəsən, onunkudu, hə? Qorxutdun onu yaxşıca? Yaxşı bacarırdın
bunu...
Prokuror Dadaşlı əllərini paltosunun cibinə salıb:
– Bir də mənim kabinetimdəki sobanı yaxşı qalayırdı... – dedi.
Hamı Fəttahın haqqında keçmiş zamanla danışırdı.
Mühüm işlər müstəntiqi sözünə davam etdi:
– Cəbi aparıb saatı verdi Zibaya. Ziba da nəfsini saxlaya bilməyib satmaq istədi.
Bu yerdə Qurd Cəbrayıl özünü saxlaya bilmədi, iyrənc bir şeymiş kimi, başdanayağacan
Zibanı süzüb:
– Toyuqca da ağlın yoxdu, səfeh qızı, səfeh! – dedi. – Sənin tamahın
ucbatındandı bütün bu işlər!
Gündüz Kərimbəyli yenə sözünə davam etdi:
– Saat gəlib çıxdı bizə. Sən də bildin bunu, Cəbi dedi. Qorxdun yaman. Cəbini
köhnə dəyirmana çağırdın, ağzından söz qaçmasın deyə, dəyirmanın pəncərəsindən
bıçaq atıb onun da işini bitirdin...
Sonra Gündüz Kərimbəyli prokuror Dadaşlıya müraciət etdi:
– Cəbinin meyiti köhnə dəyirmandadı.
Və bu sözləri eşidəndə Zibanın gözləri az qaldı böyüyüb hədəqəsindən çıxsın:
– Necə? Cəbini? Cəbini öldürdün, a kaftar? – Ziba bu sözləri pıçıldayapıçıldaya
dizləri üstə taqətsiz halda yerə çökdü və eləcə də pıçıldaya-pıçıldaya: – Bu
nə müsibətdi belə mən düşmüşəm, ay Allah? – deyib Fəttaha sarı tüpürdü. – Tfu
sənin zatına, a kaftar! Gorbagor olasan səni, a kaftar! Məni də qanıma qəltan eləmək
istəyirdin? Kimə lazımam mən indi, ay Allah?!
Mühüm işlər müstəntiqi Zibanın yanından ötüb ağacların arası ilə yavaş-yavaş
addımlaya-addımlaya buradan uzaqlaşdı.
Prokuror Dadaşlı Fəttaha baxıb:
– Dur, kişi, dur gedək, – dedi.
Fəttah bayaqdan əlində tutduğu diş protezini yenə ağzına saldı, sonra
sırıqlısının cibindən qəlyanını çıxartdı və güclə ayağa qalxıb ayaqlarını sürüyəsürüyə
mühüm işlər müstəntiqinin ardınca addımladı; Fəttah on dəqiqənin içində
qocalıb əldən düşmüşdü.
Prokuror Dadaşlı onun ardınca gedirdi. Cabbarovla Həsənzadə də axır ki,
bayaqdan bəri dayandıqları yerdən tərpəndilər.
Fəttah Zibanın yanından keçəndə arvad bir göz qırpımında ayağa qalxıb
ağızdolusu bir lomba Fəttahın üzünə tüpürdü. Fəttah sırıqlısının qoluyla üzünü silib
Zibaya tərəf baxmadı və bir söz də demədi, elə bil ki, daha dünyanın bütün işlərinə
biganə idi; sonra cibindən çıxartdığı kibritlə qəlyanını yandırıb tüstülətdi.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli əyilib tapançanı yerdən götürdü və
bu zaman Fəttah bir dəm tapançaya nəzər salıb rişxəndlə gülümsədi.
Gözlərini ondan çəkməyən kiçik leytenant Həsənzadə pıçıldadı:
– Iblisdi! Xalis iblisdi!
Prokuror Dadaşlı başını geri çevirib:
– Cavid bilirsən nə deyib? – soruşdu.
Kiçik leytenant cavab vermədi, çünki Cavidin nə dediyindən xəbərsiz idi və bu
saat ədəbiyyatla məşğul olmaq halında da deyildi.
Prokuror Dadaşlı dedi:
– Belə deyib Cavid: Hər kəsə xain olan insan nədi? Iblis!
Kiçik leytenant:
– Dəhşətdir! – dedi.
Mühüm işlər müstəntiqi qanrılıb kiçik leytenanta baxdı və:
– Adi cinayət işidir, leytenant! – dedi, sonra gülümsədi. – Əgər cinayətə adi
demək mümkündürsə... – Sonra da yerdən bir çubuq götürdü və çubuqla cığırı
basmış xəzəli eşələyə-eşələyə çayın kənarına gəlib çıxdı.
Çay köpüklənə-köpüklənə axırdı.
Və topa-topa buludlar da daha günün qabağını almışdı; bir azdan yenə sulu qar
başlayacaqdı.
XXI
Yavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin
darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.
Mürşüd ayaq saxlayıb qonağa baxdı.
Mühüm işlər müstəntiqi uşağın qarşısında dayandı.
Bir müddət onlar bir-birinə baxdılar.
Gündüz Kərimbəyli:
– Sağ ol, Mürşüd, – dedi.
Mürşüd cavab vermədi.
Onlar yenə bir-birinə baxdılar.
Gündüz Kərimbəyli:
– Kibrit kağızı göndərəcəyəm sənə, – dedi.
Mürşüdün gözləri doldu, dodaqları əsə-əsə:
– Dədəmi buraxdır! – dedi.
Mühüm işlər müstəntiqi gözlərini Mürşüddən çəkmədi; onun baxışları açıqaşkar
belə deyirdi ki, sənin nə təqsirin var, evdəki bacılarının, qardaşının nə təqsiri
var ki, bu dünyada atasız böyüyəsiz? Atanıza sizin nə deyim mən!..
Gündüz Kərimbəyli əlini qaldırıb Mürşüdün qıvrım saçlarını qarışdırdı və:
– Böyüyəndə çox şeyi başa düşəcəksən! – dedi. – Məni də başa düşəcəksən.
Sonra asta addımlarla uzaqlaşdı...
... Və daha sonra qatar qar basmış meşənin səssizliyini poza-poza getdi.
1975.
|