OX KİMİ BIÇAQ
PROLOQ
Gecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə
bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil
daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.
Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki,
rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına,
darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu;
ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu
idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr
başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su
süzülürdü.
Sulu qarın şırıltısı elə bil ki, həmin qaranlıq qış gecəsinin canına hopmuş xofun
səsi idi.
Və küçədə yavaş-yavaş boğuq addım səsləri eşidildi, sonra qara paltosunun
boynunu qaldırıb şlyapasını gözünün üstünə kimi çəkmiş bir kişi göründü.
Kişi addımladıqca onun addım səsləri bomboş küçədə əks-səda verirdi.
O, əllərini paltosunun ciblərinə salıb asta addımlarla irəliləyirdi; hərdən ayağı
səkidəki sucuğa düşürdü, palçığa, zığa girirdi və bu addımlardan da, onun
görkəmindən də belə məlum olurdu ki, bu saat kişinin fikri bu yerlərdən çox-çox
uzaqdadı.
Sulu qar elə bil vedrədən tökülürdü, amma həmin qaranlıq gecənin yeganə
qonağı bunu heç vecinə almırdı. Külək hərdən qarı onun lap üzünə çırpırdı və o, su
damcıları sifətindən axıb tökülənəcən gözlərini açmayıb asta-asta addımlamağında
davam edirdi.
Birdən nə isə küt bir səs eşidildi və kişi yerində donub qaldı. Onun gözlərinin
hədəqəsi birdən-birə genişləndi və bu gözlərdə birdən-birə də bir dəhşət əmələ gədi.
Sonra kişi bir neçə an yerində səndələyib heç əllərini də cibindən çıxarmağa macal
tapmadı və üzüstə səkiyə sərildi.
Onun kürəyinin sol tərəfində, paltosunun üstündə yekə bıçaq dəstəyi, həmin
qaranlıq qış gecəsində birdən-birə işıldadı.
Dəstəyin altından axan qan, suya qarışıb səki ilə axdı.
I
Ağaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi
bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.
Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar
idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap
təzəcə dayanmışdı.
Əvvəlcə qarın xırıltısı eşidildi, sonra meşədən bir cüyür çıxıb açıqlıqda dayandı,
bir müddət qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı. Cüyürün ağzından, burnunun
pərələrindən buğ çıxırdı. Ayaqları qara bata-bata bir neçə addım da irəlilədi və yenə
də qulaqlarını şəkləyib o tərəf-bu tərəfə baxdı.
Cüyürün ayaqları altında qalan qarın xırtıltısı bütün bu tərəflərə çökmüş
səssizlik içində çox aydın eşidilirdi və bu xırtıltı kəsiləndən sonra yenə də hər tərəfə
sükut çökdü; elə bil ki, həmişə belə olmuşdu və həmişə də belə olacaqdı; təbiət
həmişə bu cür tərtəmiz, pak, şəffaf olacaqdı və elə bil ki, bütün yer üzündə təkcə
cüyür ayağı altında qalan qar xırtıltısı bu yerlərin səssizliyini poza bilərmiş.
Və həmin vaxt uzaqdan gələn qatarın səsi eşidildi. Cüyür də başını qaldırıb
uzaqda görünən parovozun tüstüsünə baxdı. Parovozun tüstüsü hər tərəfi bürümüş
bu ağlıqda özündən sonra qapqara zolaq buraxa-buraxa irəliləyirdi. Cüyür yenə
başını aşağı saldı; belə məlum olurdu ki, parovozun səsi də, görkəmi də onu
qorxurtmurdu; elə bil bilirdi ki, parovoz da, qatarlar da heç vaxt yolundan
çıxmayacaqdı və onu qabağına qatıb bağrı yarılanacan qovmayacaqdı.
Qatar bu yerlərə uyuşmayan bir sürətlə gəlib-keçdi və parovoz elə bil ki,
bayaqkı səssizlikdən intiqam alırmış kimi, birdən-birə fit verdi. Bu parovoz fiti hər
tərəfi lərzəyə gətirdi və cüyür də bu eybəcər səsdən ürkdü, ayaqları qara bata-bata
qaçıb meşədə gözdən itdi.
Vaqonun pəncərəsi ağzında dayanıb bayıra baxan səkkiz yaşlı qəşəng bir qız
bərkdən qışqırdı:
– Ceyran!.. Ceyran!..
Saçına bağlanmış ağ bantları özündən böyük olan bu qəşəng qız qəfil ceyran
sevincindən geniş açılmış gözlərini pəncərədən çəkib anasına baxdı:
– Ceyran idi e, mama, ceyran idi! Elə gözəl idi ki! Dayanmışdı, sonra qaçdı...
Anası gözlərini qarşısında tutduğu jurnaldan çəkməyib:
– Yaxşı, yaxşı... – dedi.
Qız başa düşdü ki, anası yenə inanmır ona və belə bir insafsızlıqdan dodağı
qaçdı:
– Inanmırsan? – dedi. – Doğru deyirəm...
Anası bu dəfə gözlərini jurnaldan ayırıb təkrar etdi:
– Yaxşı! – Sonra yenə gözlərini jurnala dikdi.
Qız bircə dəqiqənin içində bikeflədi və dünyanın belə bir insafsızlığı onun
gözlərindəki parıltını söndürdü.
Yumşaq kupedə dörd nəfər yol gedirdi – bizim bu balaca qız, anası, qəzet
oxuyan yaşlı bir kişi və həmin yaşlı kişi ilə üzbəüz oturan cavan bir oğlan.
Cavan oğlan soruşdu:
– Üşüyürdü ceyran?
Qız əmiyə baxdı və başa düşdü ki, bu cavan əmi ona inanır, inanır ki, indicə
doğruçu ceyran görüb.
– Ağzından, burnundan buğ çıxırdı, – dedi.
Cavan oğlan gülümsədi. Onun qəribə gülümsəməyi vardı – nazik dodaqları
qaçırdı, ağappaq dişləri ağarırdı və gözlərində də bir təmizlik parlayırdı – bu
təmizlikdə həmişə bir yaxınlıq, doğmalıq hiss edirdin.
Qızın anası yenə də gözlərini jurnaldan çəkib, əvvəlcə bu sadəlövh cavan
oğlana baxdı, sonra qızına və başını buladı, yəni ki, dünyada əcəb avam adamlar var.
Qız yenə də bikeflədi və pəncərənin yanından aralanıb anası ilə üzbəüz oturdu.
Parovoz hər tərəfi bürümüş qarın içi ilə uzun qatarı ardınca çək ki, çəkirdi.
Qız anasına dedi:
– Şaşki oynayaq, mama?
Qızın qaradinməz anası gözlərini jurnaldan çəkmədi.
– Həbəşistanda iki yüz min adam acından ölüb! Pah atonnan! – Bunu da qəzet
oxuyan kişi, guya ki, öz-özünə dedi.
Qız əlini uzadıb anasının çantasından kart çıxartdı və yenə də anasını insafa
gətirmək ümidilə:
– Onda gəl kart oynayaq, «duraki»... – dedi.
Anası yenə cavab vermədi.
Cavan oğlan kartı qızdan aldı və sürətlə qarışdırıb:
– Birini götür, bax, – dedi.
Qızın, məlum məsələdir ki, o saat kefi kökəldi və o, bir kart çəkib gizlincə
baxdı.
Cavan oğlan əlindəki kartları qızın qabağına sərib:
– Hara istəyirsən qoy, – dedi.
Qız ehtiyatla və bir az şübhə ilə öz kartını qarşısındakı kartların arasına qoydu.
Cavan oğlan dedi:
– Götür, özün qarışdır.
Bu lap möcüzə olacaqdı. Qız cidd-cəhdlə kartı qarışdırdı, sonra göydə axtarıb,
yerdə tapdığı bu cavan əmiyə uzatdı.
Cavan oğlan kartı qızdan alıb lap gözlərinin qabağına gətirdi və bir-bir baxdı,
nəhayət, kartın birini çıxarıb qıza göstərdi:
– Budu?
Qız gözlərini geniş açıb:
– Hə! – dedi. – Necə tapdız? – Və cavab gözləmədən heyrətini anasıyla
bölüşdü: – Gördün, mama?
Qızın anası gözlərini jurnaldan çəkib, cavan oğlana baxdı.
– Gör neçə vaxtdır Italiyada hökumət böhranı davam edir! – Bunu təbii ki, yenə
də yaşlı kişi dedi və sonra o da qəzeti büküb cavan oğlana baxdı.
Cavan oğlan əlindəki kartları saya-saya:
– Kartın biri çatışmır... – dedi. – Sən götürməmisən?
Qız sidq-ürəkdən:
– Yox, – dedi. – Hamısı oradadı...
– Bəs bu nədir? – Cavan oğlan bomboş əlini qızın əynindəki yun jaketə uzatdı
və onun düymələrinin arasından bir kart çıxartdı, sonra əlini qızın qara saçlarına
tərəf aparıb bir kart da ordan çıxartdı. – Biri də burdaymış ki!
Qız heyrətlə anasına baxdı və dünyanın bu cür sirli işlərindən vəcdə gəlib cavan
əmiyə dedi:
– Yenə göstərin də!..
Qızın anası şübhəli-şübhəli cavan oğlana baxıb, çantasını özünə tərəf çəkdi –
yəqin içində qiymətli şeylər vardı.
Cavan oğlan gülümsədi və:
– Daha bəsdi, – deyib ayağa qalxdı, kupenin qapısını açıb vaqonun darısqal
arakəsməsinə çıxdı.
Yaşlı kişi də onun ardınca arakəsməyə adladı və cibindən siqaret qutusu
çıxarıb:
– Çəkirsiz? – soruşdu.
– Yox, çox sağ olun.
Yaşlı kişi bir siqaret yandırıb:
– Birinci dəfədir görürəm ki, – dedi – cavan oğlan vaqonda siqaret çəkmir.
Cavan oğlan gülümsədi:
– Siz deyən qədər də cavan deyiləm...
Yaşlı kişi dedi:
– Cavanların adətidir, həmişə istəyirlər ki, yaşlı görünsünlər... Iyirmi beş, iyirmi
altı yaşınız ancaq olar, cavanlıq deyil bu?
Cavan oğlan bu dəfə güldü:
– Otuz yeddi yaşım var mənim...
Yaşlı kişi lap möhkəmcə heyrət etdi:
– Ola bilməz!..
– Lap doğrusu belədir ki, var!
– Siz foksçusunuz? – Yaşlı kişi yol yoldaşının cavan qalmasını da «foksçuluğa»
yozdu.
Cavan oğlan yenə güldü – kişinin bu sualı ona lap ləzzət eləmişdi:
– Yox, canım!
Bu dəfə də yaşlı kişi gülümsədi:
– Amma uşağın anası sizdən qorxdu, çantasını özünə tərəf çəkdi ha... – Sonra
ciddiləşib əlavə etdi. – Yazıq neyləsin, nadürüstlər çoxdu hələ...
Cavan oğlan bir az dərindən nəfəs alıb:
– Elədir, – dedi.
II
Vağzala sulu qar yağırdı, hava da yaman soyuq idi və elə bil ki, bu cür havada
heç kim gəlib, heç kim də getməyəcəkmiş kimi, ins-cins deyilən şey gözə dəymirdi,
təkcə peraşkisatan arvaddan və onun köşkünün yanında dayanıb, peraşki təpişdirən
on bir-on iki yaşlarında iki oğlan uşağından başqa.
Vağzalda yeganə isti yer də yəqin ki, peraşkisatan arvadın balaca köşkü idi. Içi
peraşki dolu qabdan buxar qalxırdı və belə səfeh havada peraşkilər üçün həmin
buxardan yaxşı reklam yox idi, amma qalın kürkün üstündən ağ xələt geymiş
peraşkisatan arvad müştərisizlikdən mürgü döyürdü.
Oğlanlardan biri dedi:
– Ziba xala, yaxşı peraşkidi bugünkü peraşki.
Peraşkisatan Ziba mürgüsünü döyə-döyə gülümsədi, sonra köhnə «Araz»
radioqəbuledicisində Qədir Rüstəmovun səsi eşidiləndə arvad gözünün birini açıb
baxdı və Qədir Rüstəmov oxuyanda ki:
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Ziba özünü saxlaya bilməyib:
– Sözə bax e! – dedi. – Pah atonnan!.. Küçələrə su səpib ki, sevgilisinin ayağı
toza batmasın!.. Hanı indi elə kişi?
Peraşki yeyən bayaqkı oğlan bu sözlərdən bir mətləb qanmayıb soruşdu:
– Nə deyirsən, Ziba xala?
Ziba o biri gözünü də açıb oğlana tərəf baxdı və yenə də gülümsəyib dedi:
– Sən bilən işlər deyil bu, a Mürşüd!... Balacasan e, sən hələ... Böyüyəndə
biləssən ki, nə sözlərdi bu sözlər...
Qəribə iş idi – bu arvad beləcə gülümsəyəndə peraşkisatan Zibadan çox, uşağın
könlünü almaq istəyən bağça müəlliməsinə oxşayırdı.
Qədir Rüstəmov oxuyurdu:
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın.
Bu dəfə Ziba xalis peraşkisatan Ziba idi, əlini bulaya-bulaya radioqəbulediciyə
dedi:
– Ay olmadı ha!..
Və yenə də həmişəki kimi, əvvəlcə parovozun səsi gəldi, sonra qatar göründü
və qatar gəlib vağzalda dayananda peraşkinin axırıncı tikələrini az qala diri-diri udan
oğlanlar vaqonlara tərəf qaçdı. Mürşüd qaça-qaça yoldaşına dedi:
– Sən o yandan, mən bu yandan!
Uşaqlardan biri parovoza tərəf, o birisi qatarın axırına tərəf götürüldü.
Ziba Mürşüdün sözlərini mahnının bir misrası kimi dodaqaltı zümzümə etdi:
«Sən o yandan, mən bu yandan».
Bizim tanışımız cavan oğlan qatardan düşüb əvvəlcə göyə baxdı, sonra
əynindəki kürkün boynunu qaldırıb isti yerdən çıxdığı üçün üşüyə-üşüyə vağzalın
çıxacağına tərəf addımladı və Mürşüd də onu elə burada haqladı:
– Əmi, əmi, spiçkanız var? Dəyişək?
Cavan oğlan ayaq saxlayıb:
– Spiçka kağızı yığırsan? – soruşdu.
– Hə.
Cavan oğlan ürəkdən təəssüf etdi:
– Hayıf... Papiros çəkmirəm...
Uşaq da kor-peşman qatara tərəf baxdı və başqa bir adam gözünə dəymədiyi
üçün onun yanınca addımlamağa başladı.
– Çoxdan yağır belə?
– Üç gündü başlayıb.
– Soyuqdu yaman. – Və cavan oğlanın bədənindən bir üşütmə keçdi; kürkün
içində bədənini silkələdi.
– Bakıda yağıb-eləmir? – Mürşüd böyüklər kimi xəbər aldı.
– Bakıda yaz havasıdı.
Onlar vağzaldan çıxanda cavan oğlan soruşdu:
– Adın nədi sənin?
– Mürşüd.
– Ünvanını ver mənə, Bakıdan sənə spiçka kağızı göndərim.
Sevindiyindən Mürşüdün gözləri parladı:
– Doğrudan? – Amma sonra gözlərindəki bu sevinc çəkilib getdi. – Yox, belə
olmaz, – dedi.
– Niyə?
– Mən də gərək spiçka verim axı sizə.
– Mən neynirəm spiçkanı, nə papiros çəkənəm, nə də spiçka kağızı yığanam.
– Nolsun... – Havayı istəmirəm mən...
– Yamansan ha, sən!.. Kitab mağazası haradadı burda?
Mürşüd diqqətlə Bakıdan gələn qonağa baxdı:
– Yoxlayacaqsız oranı?
Qonaq güldü:
– Nədi ki?
– Atam işləyir mənim orada.
– Hə... Qorxursan ki, atanı yoxlayım?
Mürşüd çiyinlərini çəkdi:
– Eh, atamın nəyini yoxlayacaqsız? – Sonra da əlini uzadıb göstərdi. – Bude, bu
küçə ilə düz gedin, sonra da dönün sağa...
– Sən burada qalırsan?
– Hə, yoldaşımı gözləyirəm.
– Yaxşı, Mürşüd kişi, çox sağ ol. – Bakıdan gələn qonaq Mürşüdlə əl tutuşdu,
sonra küçəboyu addımlamağa başladı.
Havanın belə bir bozluğundan idi ki, yəqin, küçədə adam tək-tək gözə dəyirdi.
Sulu qar, təbii ki, yerdə qalmırdı, orda-burda sucuqlar, gölməçələr əmələ gətirmişdi,
palçıq, zığ var idi və bu sucuqlar, balaca gölməçələr, addımladıqca çəkmənin
altından sıçrayan palçıq adamı lap üşüdüb islanmış cücəyə döndərirdi.
Bakıdan gələn qonaq boynunu kürkün içinə qısıb, üstündən su süzülən qara
portfeli əlində yellədə-yellədə Mürşüdün göstərdiyi tindən sağa dönüb bir müddət də
getdi və təzə tikilmiş ikimərtəbəli kitab mağazasının qabağında dayandı.
Mağazanın qapısı ağzındakı kiçik girişdə yaşlı bir kişi üstü qurama döşəkçəli
taxta kətildə oturub qəlyanını tüstülədə-tüstülədə girdə elektrik plitəsini
qurdalayırdı. Kişi yəqin ki, mağazanın qarovulçusu idi və uzun qış gecəsinin
hazırlığını görürdü.
Axşam hələ təzəcə düşürdü.
Bakıdan gələn qonaq kitab mağazasının yanından keçib qapısında iri hərflərlə
«Rayon prokurorluğu» – yazılmış ikimərtəbəli qədim binaya girdi.
III
Prokuror Dadaşlı çırthaçırtla yanan sobanın gözünü maşa ilə yerbəyer edib, ağır
cüssəsini düzəltdi və əllərinin ikisini də şalvarının ciblərinə soxub dodaqaltı
zümzümə edə-edə öz yazı mizinə yaxınlaşdı, çayı yarımçıq qalmış armudu stəkanı
götürüb bir-iki qurtum içdi, yenə mizin üstünə qoydu.
Armudu stəkan prokuror Dadaşlının yüz otuz kiloluq bədəni müqabilində elə
kiçik görünürdü ki, elə bil o, bu soyuq havada yaxşıca dəmlənmiş xoruzpipiyi çay
içmirdi, oyuncaq oynadırdı və burası da adama qəribə gəlirdi ki, bu çay bu boyda
adama nə edəcək?
Kabinetin qapısı açıldı və Bakıdan gələn qonaq içəri girib:
– Salam, – dedi, – sonra qapını ardınca örtdü.
Prokuror Dadaşlı əynindəki kürkü də soyunmayıb birbaş içəri girən bu adamı
təəccüblə nəzərdən keçirdi və elə bil ki, Azərbaycan SSR prokuroru yanında mühüm
işlər müstəntiqi, ədliyyə müşaviri Gündüz Kərimbəylini bu dəm qarşısında
gördüyünə inanmırmış kimi:
– Gündüz Kərimbəyli? – soruşdu və yəqin özü də hiss etmədən «Gündüz»
sözünü xüsusi bir vurğu ilə tələffüz etdi.
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib:
– Icazə olar? – dedi.
– Buyurun, buyurun, əlbəttə!.. – Prokuror Dadaşlı birdən-birə peyda olmuş bu
qonaqla əl tutuşdu. – Gəlin, əyləşin! – Sonra yoğun biləkli, ətli əlini Gündüz
Kərimbəylinin çiyninə qoyub onunla birlikdə mizə tərəf addımladı.
Prokuror Dadaşlının kündə kimi girdə, dolu sifətinin müqabilində xırda qara
gözləri vardı və bu gözlər gülümsəyəndə o, dünyanın ən mehriban adamına
oxşayırdı; prokuror beləcə gülümsəyə-gülümsəyə öz mizinin arxasına keçdi, geniş
və yumşaq kürsüdə əyləşib qonağa da yer göstərdi.
Gündüz əynindən çıxartdığı kürkü divanın üstünə atıb oturdu.
Prokuror Dadaşlı iki qara üzüm giləsi kimi işıldayan xırda gözlərini qıyıb,
Gündüz Kərimbəyliyə baxa-baxa dedi:
– Adam tanıyanam mən, inanın mənə, amma vicdan haqqı, sizi tanımasaydım,
ömrümdə deyə bilməzdim ki, mühüm işlər müstəntiqisiniz, ədliyyə müşavirisiniz,
hələ üstəlik də Gündüz Kərimbəylisiniz! Hər dəfə sizi görəndə belə fikirləşirəm...
Görünür, bu cür təriflər, məşhurluq, hətta Gündüz Kərimbəyliyə də təsir edə
bilərmiş – yaman şeydir tərif! – və o, bir balaca özündən razı halda gülümsəyib:
– Istidi bura, – dedi. – Yaman qızdırmısınız.
Bu söhbət, deyəsən, prokuror Dadaşlının ürəyindən idi:
– Belə havanınkı odur ki, yaxşıca odun yandırıb oturasan qırağında. Fəttah dayı
da ki, peç qalamağın ustasıdı. – Prokuror Dadaşlı ləzzətlə əlini əlinə sürtdü, sonra
dirsəklərini səliqə ilə mizin üstünə sərdiyi nişastalanmış dəsmala söykəyib ətli
barmaqlarını bir-birinə keçirdi və heç vaxt, hətta ciddi olanda da sifətindən
çəkilməyən bir mehribanlıqla qonağına baxa-baxa:
– Mənim kimilər Amosovun gözündən iraq, – dedi. – Mənimki bax, bu peçdi,
kitabdı, bir də ki, bu yerlərin sakitliyi. Bilirəm, siz də kitabbazsız yaman. – Söhbət
kitabın üstünə gələndə prokuror Dadaşlının kefi lap yüz əlli faiz duruldu. – Mən də
ki, kitabbazın ən böyüyü! Kitabxanamı gərək göstərim sizə!
– Mütləq. Işimizi qurtaran kimi, sizin kitabxananıza baxarıq.
Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sözlərindəki işarəni, təbii ki, başa
düşdü və burası da açıq-aşkar hiss olunurdu ki, kitab söhbətindən sonra cinayət
söhbətinə keçmək onun üçün bir o qədər də xoşagələn iş deyil.
– Neçə gündü rahatlığım yoxdu. Iyirmi yeddi ildi bu sistemdə çalışıram, amma
belə bir vicdansızlığı... Işi özüm aparıram, özü də... özü də düşmüşük, deyəsən, izə...
– Prokuror əllərini bir-birindən ayırıb pəncələrini mizin üstünə qoydu və yəqin ki,
daxili bir əsəbilikdən barmaqları ilə mizi döyəclədi. – Istəyirsiniz əməliyyat qrupunu
da çağırım, ətraflı söhbət edək.
Prokuror Dadaşlı əlini zəngin düyməsinə tərəf aparıb katibəni çağırmaq istədi,
amma Gündüz Kərimbəyli dedi:
– Hələlik ikilikdə söhbət edək. Yoldaşlarla sonra görüşərik.
Bakıdan gələn bu qonaq, açıq-aşkar prokuror Dadaşlının xoşuna gəlirdi və o,
mizin arxasından qalxıb, Gündüz Kərimbəyli ilə üzbəüz stulda əyləşdi; o, stula
lövbər salanda adama elə gəlirdi ki, stulun nazik ayaqları bu nəhəng bədəni saxlaya
bilməyib çilik-çilik olacaqdı bu saat.
Dadaşlı stulun üstə yerini rahatlayıb:
– Sakit rayondu bura, – dedi. – Ölüm hadisəsi, demək olar ki, yox idi. Demək
olar ki, deyirəm, çünki iyirmi ildə bircə ölüm hadisəsi olub burda, namus üstdə bir
kişi arvadını doğramışdı xəncərlə... on beş il bundan əvvəl... Indi birdən-birə bu cür
bir iş!.. Özü də prokurorluğun binasının üç addımlığında, rayonun mərkəzində!..
Vicdan haqqı, elə bil ki, sakit günlərimin hayıfını alıblar məndən, neçə gündü gecə
yerimə girəndə də, əlimə bir kitab alıb vərəqləyə bilmirəm əsəbilikdən... Mən heç
bilmirdim ki, respublika prokurorluğundan adam gələcək... Niyə xəbər eləmədiniz
qarşılayaq sizi?
– Nə ehtiyac var buna?
– Oğlum düz deyirmiş ki, Gündüz Kərimbəyli konsperasiyanı xoşlayır. Bakıda
hüquq fakültəsində oxuyur oğlum. Bunu bilirsiniz özünüz yəqin, amma mən də
deyim: – Adınız hüquq fakültəsi tələbələrinin dilinin əzbəridi. Xüsusən
Mehrəlizadənin cinayət işinin açılması...
Görünür, mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ilə prokuror Dadaşlının
fərqi yalnız onda deyildi ki, biri yetmiş altı kilo, o biri yüz otuz kilo idi, həm də onda
idi ki, birinin səbr kasası daşmaq bilmirdi, o biri, yəni Gündüz Kərimbəyli isə bir o
qədər də səbrli deyildi.
Mühüm işlər müstəntiqi soruşdu:
– Hadisə nə zaman baş verib? (Yəni ki, indi Mehrəlizadə söhbətinin yeri deyil.)
Prokuror Dadaşlı, əlbəttə, bu dəfə də mühüm işlər müstəntiqinin eyhamını başa
düşdü və yəqin bu qərara gəldi ki, keçsin birbaş mətləbə:
– Hadisə tasrağagün gecə saat on iki ilə bir arasında baş verib. Məhkəmə tibb
ekspertizasının rəyi belədir. Bütün gecəni sulu qar yağırdı. Meyit səhərə kimi
yağışın altında qalıb. Bir iz qoymayıb hadisə yerində. Öldürülən adam – Mahmud
Qəmərlinski Bakıdan buraya iyirmi iki iyirmi beş qatarı ilə gəlib. Nəvəsinin
dediyinə görə, təxminən on bir üçün evə çatıblar. Yenə də təxminən on beş-iyirmi
dəqiqədən sonra evdən çıxıb.
– Nə üçün?
Prokuror Dadaşlı çiyinlərini çəkdi və onun buxağı daha da ətləndi, şişdi:
– Nəvəsi deyir ki, ürəyi qısılırdı. Belə havada adamın ürəyi qısılmasın, nə
eləsin?
Gündüz Kərimbəyli gülümsədi:
– O baxır adamına.
Prokuror Dadaşlı:
– Orası da düzdü, – dedi və sözünə davam etdi. – Evlərindən hadisə yerinəcən
təxminən on beş-iyirmi dəqiqəlik yoldu.
Prokuror Dadaşlı stulun üstündən qalxıb sobaya tərəf getdi və səliqə ilə
düzülmüş odun parçalarından birini götürüb sobanın içinə atdı; təzə odun parçasının
o saat alışıb-yanması bircə anın içində kişinin kefini yenə də kökəltdi və o:
– Vələsdir, – dedi. – Qiyamət yanır. – Sonra sobanın ağzını açıq qoyub mizə
tərəf gedə-gedə soruşdu. – Siz kitabsevənlər cəmiyyətinin üzvüsünüz?
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib:
– Əlbəttə, dedi və sonrakı sözlər də elə bil kitabsevənlər cəmiyyəti ilə
əlaqədarıymış kimi, əlavə etdi. – Mahmud Qəmərlinski ilk dəfə idi bu rayona
gəlirdi?
Prokuror Dadaşlı:
– Bəli! – dedi. – Ilk dəfə gəlirmiş. – Sonra mizin üstündəki qovluqlardan birini
açdı. – Qəmərlinskinin öldürülməsi ilə əlaqədar qaldırılmış cinayət işi budur.
– Icazə olar?
Prokuror Dadaşlı:
– Əlbəttə, buyurun, – dedi və barmaqları ilə gicgahını ovuşdurdu; görünür, bu
da əsəbiləşəndə sakitləşmək üçün bir gicgah masajı idi və yəqin hansı köhnə kitabda
isə bu barədə ətraflı təlumat yazılmışdı.
Gündüz Kərimbəyli qovluğun içindəki sənədləri vərəqləyə-vərəqləyə soruşdu:
– Qızıl saatını götürüblər?
Prokuror Dadaşlı əllərini gicgahından çəkib dedi:
– Hə. Köhnə qızıl qol saatını götürüblər. Bir də portmanatını çıxarıblar
cibindən. Içində nə qədər pul varıymış – məlum deyil. Nəvəsi deyir ki, otuz-qırx
manatdan artıq olmazdı... Pensiyaçıymış, respublika dərəcəli...
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli bu dəfə əlindəki sənədi oxudu:
– Qəmərlinski Fazil, iyirmi dörd yaşında, tarix müəllimi. Nəvəsidir, hə?
– Hə, nəvəsidir. – Prokuror Dadaşlı bu sözləri dedi və birdən özü öz
fikirlərindən hirslənib yumruğunu mizin üstünə vurdu; əli çox ətli olduğundan top
kimi öz-özünə atılıb-düşdü. – Belə də vicdansızlıq olar?! Bir insanı vur öldür ki,
qəpik-quruş qazanacaqsan! Bir köhnə qızıl saat, otuz manat da pul!
Gündüz Kərimbəyli isə qovluğun içindəki fotoları bir-bir gözdən keçirirdi.
Fotolarda üzüstə səkiyə sərilmiş kişinin şəkli idi.
Gündüz Kərimbəyli gözlərini fotoşəkillərdən çəkib dedi:
– Bayaq siz izə düşməyinizi deyirdiniz...
– Hə, mənim üçün şəxsən məlumdur məsələ... Burda biri var, Imaş deyərlər
adına. Anasının əmcəyini kəsəndi! Onun işidi bu!
– Dəlilləriniz nədir?
– Mahmud Qəmərlinski Bakıdan gələndə Imaş vağzalda imiş. Kassanın
qabağında dayanıb gözlərini onlardan çəkmirmiş. Kassir deyir bunu. Amma özü
danır. Qorxur ki, soruşum ondan: a oğru Imaş, o cür qarda-boranda, gecə vaxtı
vağzalda nə işin vardı? Bir yerə ki, getməyəcəkdin... Nə cavab versin? Desin ki,
yoldaş prokuror, şikara çıxmışdım, ov axtarırdım?
– Başqa dəlilləriniz də var?
– Var.
Gündüz Kərimbəyli prokuror Dadaşlıya baxdı, yəni ki, – hansılardır?
Prokuror Dadaşlı:
– Iyirmi yeddi ilin yaratdığı intuisiya, yoldaş mühüm işlər müstəntiqi, – dedi. –
Imaşın gözlərinə baxıram və hiss edirəm ki, bu, əclafdı, bağışlayın, qəpik-quruş
üstündə adam öldürəndi! Iki dəfə oğurluq üstündə dustaq yatıb.
– Özü nə deyir?
– Özü ilə hələ üstüörtülü danışıram. Kassirlə də üzləşdirməmişəm hələ. Düzdü,
evlərində yoxlama aparmışam, amma saatla portmanat tapılmayıb... Harda gizlədib,
Allah bilir!
Gündüz Kərimbəyli gülümsəyib bir söz demədi. Prokuror Dadaşlı sözünə
davam etdi:
– Eybi yox, taparıq!.. Bıçağı sapına qədər yeridiblər. Yaranın uzunluğu on
yeddi santimetrdir, təsəvvür edirsiniz? Qəmərlinski hündür adam idi. Gərək Imaş
kimi boy-buxunun olsun ki, belə vəhşiliyi bacarasan.
Gündüz Kərimbəyli fotoları qovluğa qoyub, yeni sənəd götürdü və bu sənədi
gözdən keçirdikdən sonra soruşdu:
– Ekspertiniz təcrübəli yoldaşdır?
– Tibb institutunu bu il bitirib, gəlib. Ağıllı oğlandı. Bir də ki, burda hər şey
kor-kor, gör-gördür də...
– Onunla görüşmək istəyirəm.
– Indi?
Gündüz Kərimbəyli saatına baxdı:
– Yox, gecdi indi, sonra bir yerdə söhbət edərik. Iş vaxtı qurtarıb daha...
O, qovluğu örtüb ayağa qalxdı və birdən-birə öskürməyə başladı.
Prokuror Dadaşlı seyfi açarla bağlayıb, ona tərəf gəldi:
– Soyuqlamısız deyəsən?
– Hə, deyəsən, bir balaca soyuqlamışam.
– Belə havanınkı odu ki, heç bir dərdin-sərin olmaya, oturasan özünçün sobanın
qırağında, qabağına da bir qalaq kitab yığasan! Bizim qonaq evinin də sobası yaxşı
yanır.
– Uzaqdı burdan?
– Yox, canım. Bizim bu rayon balaca yerdi, burda nə uzaq, nə yaxın?! Qonaq
evinin bağbanı Fəttah dayı da yaxındakı kitab mağazasının gözətçisidi.
Onlar üz-üzə dayanmışdılar. Hərgah bütün yer üzündə, görkəminə görə birbirindən
ən çox fərqlənən iki nəfər vardısa da, mühüm işlər müstəntiqi Gündüz
Kərimbəyli ilə prokuror Dadaşlı idi: biri həddən artıq kök, başının tükü tökülmüş və
əlli dörd, əlli beş yaşı olsa da, yaşından yaşlı görünən, amma səliqə və zövqlə qara
kostyum, qara çəkmə, ağappaq köynək geymiş, qırmızı güllü enli qalstuk taxmış bir
kişi, o biri isə ortaboylu, çəkisi qaydada, kobud toxunmuş yun cemper və «cins»
şalvar geymiş, yaşından çox cavan görünən bir oğlan; doğrudan da, heç kimin ağlına
gəlməzdi ki, bu oğlan Azərbaycan SSR Baş prokuroru yanında mühüm işlər
müstəntiqi, ədliyyə müşaviri və prokuror Dadaşlı demişkən, həm də Gündüz
Kərimbəylidir; on nəfərdən doqquzu deyərdi ki, futbolçudur.
IV
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və
Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə
çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:
– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
Kitab mağazasının qarovulçusu küçənin o biri tərəfindən:
– Axşamın xeyir, – deyə cavab verdi.
– Bir bu tərəfə gəlsənə...
Fəttah dayı kətildən qalxıb sırıqlısını düymələyə-düymələyə küçəni keçdi və
onların yanına gələndə təzədən dedi:
– Axşamınız xeyir.
Gündüz Kərimbəyli ilə bərabər, prokuror Dadaşlı da kişi ilə ikinci dəfə
salamlaşdı və yəqin ki, belə bir havada küçədə ayaq üstdə çox dayanmamaq üçün
birbaş mətləbə keçdi:
– Bakıdan qonaq gəlib bizə, a Fəttah dayı, qonaq evində qalacaq.
Fəttah dayı qonağa baxdı:
– Lap əcəb eləyəcək! – dedi.– Gözümüz üstə yeri var.
Dadaşlı bu dəfə də Gündüz Kərimbəyliyə müraciət etdi:
– Fəttah dayının sözlərinə qulaq asmaq təzədən bir universitet qurtarmaq kimi
şeydi. Özü də qonaq evinin həm bağbanıdı, həm administratoru, bir sözlə, bizim
qonaq evi bu kişiyə baxır. Özü də elə ailəsi ilə orada yaşayır.
Bu ağsaçlı, ağsaqqal şümşad kişi, görünür, mühüm işlər müstəntiqinin də
xoşuna gəlmişdi.
Prokuror Dadaşlı Fəttah dayıya dedi:
– Qonağı elə indicə apar rahatlansın bir az. Işi çoxdu. Kitablarından da, qorxma,
heç nə olmaz, tez qayıdarsan.
Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə gülümsəyib:
– Qorxaq gündə yüz yol ölər, igid ömründə bir dəfə, – dedi. – Nədən
qorxacağam?!
Fəttah dayının bu sözləri, prokuror Dadaşlıya ləzzət elədi və o gülüb dedi:
– Gördünüz ki, belədi bizim bu Fəttah dayı. Buyurun mənim maşınıma.
Gündüz Kərimbəyli dedi:
– Piyada getsək yaxşıdı.
– Bax, bu yerdə başqa-başqa adamlarıq. Piyada getməklə aram yoxdu mənim.
Yaxşı, siz gedin dincəlin. Sabahdan bizim işçilər də, milis də hazırdı sizin
qulluğunuzda. Əlimizdən nə gəlir!.. Bilirəm, sizin çoxluqla aranız yoxdur, amma nə
lazımsa, biz hazır.
Gündüz Kərimbəyli Dadaşlının əlini sıxa-sıxa:
– Bunu da hüquq fakültəsi deyir? – soruşdu.
Prokuror Dadaşlı:
– Elədir ki, var! – dedi.
Onlar xudahafizləşib ayrıldılar. Gündüz Kərimbəyli Fəttah dayı ilə birlikdə
səkiylə üzüaşağı addımlamağa başladı, prokuror Dadaşlı isə səhərdən bəri onu
gözləyən «QAZ-69»a tərəf getdi və birdən nəsə çox mühüm bir şey xatırlayıb geri
çevrildi, gülümsəyə-gülümsəyə arxadan Gündüz Kərimbəylini səslədi:
– Az qala yadımdan çıxacaqdı sizə deyim! Bax e bir!
Gündüz Kərimbəyli ayaq saxlayıb prokuror Dadaşlıya tərəf döndü.
Prokuror Dadaşlı dedi:
– Şeyx Mahmud Şəbüstərinin qiyamət bir əlyazmasını tapmışam, çox nadir
şeydir, XVI əsrdən bu tərəfə deyil! Sizə göstərərəm kitabxanama baxanda.
Bu saat Gündüz Kərimbəylinin beləcə gülümsəməyini prokuror Dadaşlı yəqin
ki, feyzbazlıq kimi qiymətləndirdi.
Gündüz Kərimbəyli:
– Mütləq! – dedi.
Prokuror Dadaşlı yüz otuz kiloya yaraşmayan bir çevikliklə «QAZ-69»a mindi
və maşın gəlib Gündüz Kərimbəylinin yanından keçəndə qapının şüşəsindən ona əl
elədi.
Fəttah dayı qəlyanının başını ovcuna alıb dərindən qullab vura-vura bir balaca
irəlidə addımlayırdı. Gündüz Kərimbəyli yenə də isti yerdən çıxdığı üçün kürkün
boynunu qaldırıb üşüyə-üşüyə Fəttah dayının yanınca gedirdi və çəkmələri su
çuxuruna düşməsin deyə gözlərini ayaqlarının altından çəkmirdi.
Fəttah dayı qəlyanını ağzından götürməyərək, başının işarəsiylə bir az irəlini
göstərdi:
– Budu ha bax, buradı.
Gündüz Kərimbəyli təəccüblə Fəttah dayıya baxdı. Fəttah dayı qəlyanını
tüstülədə-tüstülədə təmkinini pozmayıb:
– Ay bacıoğlu, – dedi, – balaca rayondu bizim rayonumuz. Həm də deyiblər ki,
iynə torbada qalmaz. Sakit yerdi buralar, indi ilin düz vaxtında bu boyda bir
əhvalat!... Müəllimin babasının öldürülməsini deyirəm...
Gündüz Kərimbəyli Fəttah kişinin göstərdiyi yerə çatanda ayaq saxladı və
gözlərini qıyıb ətrafa baxdı.
Bura rayonun adi küçələrindən idi. Küçəboyu birmərtəbəli, ikimərtəbəli
binaların həyət hasarı uzanırdı və hər on beş-iyirmi addımdan bir rəngbərəng
darvazalar artıq alaqaranlıqda güclə sezilirdi.
Gündüz Kərimbəyli bir neçə dəfə öskürdü və kürkün içində daha da büzüşdü.
Fəttah dayı:
– Gedək, bacıoğlu, gedək, – dedi. – Özünü soyuğa vermisən deyəsən...
Mühüm işlər müstəntiqi Fəttah dayının sözlərini eşitmirmiş kimi, dayandıqları
səkiyə bitişik hasarın darvazasına tərəf işarə edib soruşdu:
– Bura kimin evidi?
Fəttah dayı da elə bil bu tərəflərin qonağı idi, əvvəlcə o da darvazaya tərəf
boylandı, sonra dedi:
– Bura?.. Bura Fatma arvadın həyətidi.
– Nəçidi Fatma arvad?
Fəttah dayının, qəlyanı sümürən dodaqları qaçdı:
– Nəçi olacaq, qeybətçi.
Gündüz Kərimbəyli də gülümsədi:
– Kimlə qalır bəs burda?
– Bir gədəsi var, şoferdi, onunla...
– Adı nədi oğlunun?
– Cəbi.
Gündüz Kərimbəyli yenə nəsə soruşmaq istədi, amma bu dəfə öskürək ona
macal vermədi və o öskürdükcə Fəttah dayı açıq-aşkar narahat olub:
– Soyuqlamısan möhkəmcə, – dedi. – Gəl, gəl gedək. Allah kərimdi, bəlkə hava
düzəldi sabah. Indi gedək, dincəl bir az.
Gündüz Kərimbəyli bir-iki dəfə də öskürüb:
– Biri – dedi, – deyirmiş ki, borcun içindəyəm. Deyiblər ki, fikir eləmə, Allah
kərimdi. Deyib məsələ burasındadı ki, elə Kərimə də borcluyam...
Gündüz Kərimbəyli bu sözləri deyib gülümsədi və yenə də öskürməyə başladı.
Fəttah dayı bu dəfə də onun qolundan tutub:
– Getdik, getdik, – dedi. – Kərimin borcu qalsın sabaha.
Mühüm işlər müstəntiqi də:
– Getdik, – dedi. – Amma birbaş sizə yox, Fəttah dayı, Fazil Qəmərlinski
yaşayan evə, sonra sizə.
Fəttah dayı soyuqlamış qonağın bu sözlərinə lap ürəkdən etiraz etdi:
– Yox, bu olmadı, qonaq. O ev rayonun o başındadı, qonaq evi bu biri
başında!..
– Havadan qorxursan, Fəttah dayı?
Fəttah dayı bu dəfə hirsləndi və qəlyanı ağzından götürüb:
– Havadan qorxmuram, a kişi! – dedi. – Səndən qorxuram, səndən! Cavanlığına
salma. Özün də havanı dəyişmisən. Səni də Bakıda gözləyən var yəqin?
Mühüm işlər müstəntiqi kürkün içində büzüşdü:
– Bunu lap ürəyimdən dedin, Fəttah dayı. Yaman tələsirəm Bakıya! Bilirsən
niyə? Qızımın ad günüdü üç gündən sonra...
Fəttah dayının acığı soyumuşdu daha:
– Böyük qız olsun! Uşaqdı yəqin...
– Çox sağ ol, on yaşı tamam olur. On yaş da ki, bilirsən də Fəttah dayı,
yubileydi. Getdik?
– Qonaq evinə?
– Əvvəlcə Fazil müəllimin yaşadığı evə tərəf, sonra da evimizə.
Fəttah dayı, deyəsən, daha yəqin elədi ki, Bakıdan gələn bu qonağı fikrindən
daşındırmaq çətin məsələdi, başını bulayıb yenə də bir az irəlidə yanpörtü
addımlamağa başladı.
Hava yavaş-yavaş tamam qaralırdı daha və bu alaqaranlıq içində taxtapuşların
bacası tüstülədikcə, elə bil, bayırın soyuğu bir az da artıq təsir edirdi. Pəncərələr birbir
yanırdı və mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli Fəttah dayının yanınca
addımlaya-addımlaya kirpiklərindən sulu qarın damcıları süzülən gözlərini qıyıb
tüstüləyən bacalara, işığı yanan pəncərələrə baxırdı, sonra da ayaqları su çuxuruna
düşməsin deyə başını aşağı dikirdi.
Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə elə bil öz-özünə danışırmış kimi:
– Belədir dünyanın işləri, – dedi. – Ağsaqqal yaşında durub gələsən nəvənə baş
çəkməyə, bir namərd səni qanına qəltan eləsin ki, on beş köpük xeyir görəcək!.. Ay
gördü, ha!.. Zəhrimar olub töküləcək burnundan...
– Dünyanın işləri deyil bu, a Fəttah dayı, adamların işləridi...
– Dünya da elə adamlardı də, bacıoğlu!.. Insana cəmi məxluqatın əşrəfi
deyiblər! Indi gör bu cəmi məxluqatın əşrəfi olan insan hərdən necə oyun çıxarır...
Olacağa çarə yoxdu, bu, düzdü. Kimin alnında nə yazılıbsa da odu. Ölümün də pisiyaxşısı
yoxdu, bu da düzdü, ölüm ölümdü. Amma vəzni var ölümün, ucuzluğu
yandırır adamı!..
Fəttah dayı addımlaya-addımlaya pis adamların qarasına deyindikcə, hava da
tamam qaraldı – rayona gecə düşdü daha və elə bil sulu qar da fürsəti fövtə
verməyib bərkidi; Gündüz Kərimbəyli də daha tez-tez öskürdü və şəhərdən gələn bu
qonaq öskürdükcə Fəttah dayı başını buladı:
– Səninki bu saat odu ki, evdə oturub moruq mürəbbəsiylə çay içəsən...
Gündüz Kərimbəyli özünü saxlaya bilməyib:
– Hə, – dedi, – bu saat moruqlu çay dərmandı.
Fəttah dayı qaranlıqda divarları ağaran ikimərtəbəli evin darvaza qapısı ağzında
ayaq saxladı və ikinci mərtəbədə işığı yanan pəncərəyə işarə eləyib dedi:
– Budu, burda olur.
Gündüz Kərimbəyli boynunu kürkün içinə qısıb işıq gələn pəncərəyə baxdı.
Bir müddət dinməz dayandılar və bu müddət ərzində getdikcə bərkiyən sulu
qarın şırıltısı içində bir-birinə qatışan adam səsləri eşidildi; səslər işığı yanan
pəncərədən gəlirdi və burası da açıq-aşkar hiss olundu ki, iki nəfər bir-biri ilə
höcətləşir.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də, Fəttah dayı da pəncərədən
gələn səslərə qulaq asdılar. Sözləri ayırd etmək mümkün deyildi, amma bir şey
məlum idi: içəridəki mübahisə get-gedə qızışırdı.
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə dedi:
– Deyəsən, vaxtında gəlməmişik...
Gündüz Kərimbəyli gözlərini pəncərədən çəkməyib:
– Ya da ki, lap vaxtında gəlmişik! – dedi və səhərdən bəriki yumşaq danışığına
yaraşmayan bir qətiliklə əlavə etdi. – Sən get, Fəttah dayı, mən sonra gələcəyəm.
Fəttah dayı başa düşdü ki, etiraz etməyin yeri deyil; bu qonağın islanmış cücə
kimi üşüməyi də gözgörəti kəsmişdi.
– Bəlkə gözləyim səni burda?
– Yox, niyə gözləyirsən, get.
– Bəs bizi necə tapacaqsan?
– Taparam. Müəllim yola salar məni.
– Neynək. Elə məktəblə üzbəüz oluruq...
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə geri çevrildi və yavaş-yavaş
uzaqlaşaraq qaranlıq içində itdi.
Gündüz Kərimbəyli darvazanın kiçik qapısını döymək istədi, amma qapı açıq
idi. O, içəri girəndə həyətin aşağı başındakı it damından qulağıkəsik yekə bir köpək
çölə sıçrayıb, hürməyə başladı; boynu zəncirli olmasaydı, işlər xarab olacaqdı;
birinci mərtəbənin artırmasından gələn işıqda itin gözləri par-par parıldadı.
Yaşlı bir arvad birinci mərtəbədəki evin qapısını aralayıb, belə bir havada nə
qədər mümkünsə bir elə də başını bayıra çıxarıb səsləndi:
– Kimdi, ə, orda heylə?
– Fazil müəllimin yanına gedirəm.
Arvad bu dəfə itə tərəf çımxırdı:
– Kiri!
It o saat səsini kəsdi və elə bil bu arvadın çımxırmağını gözləyirmiş kimi,
quyruğunu bulaya-bulaya tez-tələsik də damına girdi.
Gündüz Kərimbəyli taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb şüşəbəndin
qapısına yaxınlaşdı. Içəridən gələn səslər indi aydın eşidildi:
– Mən səninçün balaca bəbə-zad deyiləm ki, qorxudasan məni!
– Bilmirəm, bəbəsən, ya nəsən, budu deyirəm sənə, islanmışın yağışdan
qorxusu yoxdu, sırğa elə, as qulağından, əgər naxələflik eləsən, tökəcəyəm yerə
bağırsaqlarını!
– A kişi, necə adamsan sən? Adam dili başa düşmürsən? Niyə durub gəlmisən
üstümə?
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli iş xatirinə də olsa, qapı dalında
gizlənib başqalarının danışığına qulaq asmağı yəqin ki, xoşlamırdı, əlini kürkünün
cibindən çıxarıb qapını tıqqıldatdı.
Əvvəlcə bir sakitlik çökdü, sonra içəridən səs gəldi:
– Heç nə lazım deyil, Ayna xala!
Gündüz Kərimbəyli qapını bir də döydü.
– Nədi axı? – sözüylə qapının açılması bir oldu və qapını açan oğlan tanımadığı
bu qonağa baxıb soruşdu: – Kim lazımdı?
Gündüz Kərimbəyli əynində sırıqlı, otağın ortasında dayanmış qırx beş, əlli
yaşlarında kişiyə baxıb qarşısındakı cavan oğlandan soruşdu:
– Fazil müəllim sizsiniz?
– Bəli, mənəm.
– Sizinlə bir balaca işim var.
Fazil müəllim sırıqlılı kişiyə ötəri bir nəzər salıb, Gündüz Kərimbəyliyə yer
göstərdi.
– Gəlin içəri, buyurun, əyləşin.
Gündüz Kərimbəyli içəri girdi və otaq isti olduğundan, Fazilin göstərdiyi stula
tərəf gedə-gedə kürkünü çıxartdı, üzərindən su süzülən portfeli stulun yanında yerə
qoyub oturdu və kürkü dizlərinin üstünə saldı.
Sırıqlı geymiş kişi qonağa tərs bir nəzər salıb, Fazil müəllimə baxdı və xüsusi
bir tələffüzlə:
– Mən getdim! – dedi. – Lazım olsa, gələcəyəm yenə!
O, qapıdan çıxanda Fazil müəllim dərindən nəfəs alıb, Gündüz Kərimbəyliyə
tərəf çevrildi:
– Bağışlayın, elə bildim ki, yenə Ayna xaladı, soruşur ki, nə lazımdı. Ev
yiyəsini deyirəm... Kirayənişinəm mən burda.
Mühüm işlər müstəntiqi dizlərinin üstündəki kürkün döş cibindən vəsiqəsini
çıxarıb Fazil müəllimə göstərdi:
– Mahmud Qəmərlinskinin işi ilə əlaqədar sizə əziyyət verirəm.
Fazil müəllim qapının yanındakı köhnə meşin divanda oturdu və lap ürəkdən
gələn bir yanğı ilə:
– Kişi yaman getdi! – dedi. – Mənim üstümdə getdi!
– Sizin üstünüzdə niyə?
Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı və ancaq Gündüz Kərimbəylinin
sezə biləcəyi bir tərəddüddən sonra dedi:
– Mən olmasaydım, nə işi vardı burda?
Gündüz Kərimbəyli dizlərinin üstündəki kürkü sürüşməyə qoymayıb, soruşdu:
– Nəyə görə gəlmişdi ki, bura?
Fazil müəllim divandan qalxıb ona yaxınlaşdı və kürkü götürüb:
– Qoyun asım, – dedi. – Yaşdı, qurusun bir az.
O, kürkü qapının arxasına vurulmuş mismardan asıb, yenə də bayaqkı yerində
oturdu.
– Məni görməyə gəlmişdi də...
– Bunu ifadənizdə oxumuşam.
Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı, yəni ki,
oxumusunuzsa, niyə təzədən soruşursunuz?
– Sizin doğma babanızdı, hə?
Fazil müəllim əlini ağzına aparıb uşaq kimi baş barmağının dırnağını dişi ilə
gəmirtləyə-gəmirtləyə:
– Hamısını demişəm də. Protokola yazıblar hamısını...
– Mənimlə danışmaq istəmirsiniz?
Fazil əlini ağzından çəkmədən:
– Niyə istəmirəm? Doğma babamdı, əlbəttə... Atam müharibədə ölüb, tək oğlu
idi. Iki nəvəsi vardı, biri mən, biri də mənim bacım, daha heç kimi yox idi. Bacım
məndən böyükdü, Bakıda ərdədi, öz ailəsi var. Babam tək qalırdı. – Fazil müəllim
əlini ağzından çəkib qollarını döşündə çarpazladı.
– Bacınız babanızın dəfninə gəlmişdi?
– Gəlmişdi, əlbəttə. Çox qala bilmədi, körpə uşağı var...
– Qabaq bir yerdə yaşayırdınız?
– Hə. Universiteti qurtarandan sonra mənim təyinatımı verdilər bura.
– Nə vaxt?
– Il yarımdı burdayam.
– Bakıya gedib-gəlirdiniz? Babanızı yoluxmağa?
– Hə, əlbəttə. Bizsiz darıxırdı yaman...
– Axırıncı dəfə nə vaxt getmişdiz Bakıya?
– Ayın iyirmi ikisində, şənbə günü, dərslər qurtarandan sonra.
– Bazar günü də orada qaldız?
– Hə. Gecə çıxdım Bakıdan, bazar ertəsi gəlib çatdım dərsə.
– Deməli, siz iyirmi üçündə Bakıdan çıxmısınız. Iyirmi dördü keçib, iyirmi
beşində babanız bura gəlib. Cəmi bircə gün keçəndən sonra təzədən sizi görmək
üçün bura gəlib?
Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı, sonra iki əli ilə də üzünü tutub
başını aşağı saldı və bu dəfə özünü saxlaya bilməyib riqqətə gəldi:
– Mənim üstümdə getdi kişi! – dedi. – Mənim üstümdə!
Gündüz Kərimbəyli bərkdən öskürdü, öskürəyi daha boğazdan yox, xalis
sinədən gəlirdi və belə məlum olurdu ki, özünü əməlli-başlı soyuğa verib. O, öskürəöskürə
ayağa qalxıb qapıdan asılmış kürkünün cibindən dəsmal çıxartdı və dəsmalı
ağzına tutub bir daha öskürdükdən sonra dedi:
– Mənə baxın, Fazil müəllim! Əgər istəyirsinizsə ki, babanızı öldürən adam, ya
da adamlar cəzalarına yetsinlər və bu məsələ tez həll olunsun, nə bilirsiniz, hamısını
deyin, heç nə gizlətməyin. Bizim gizlənpaç oynamaq vaxtımız çoxdan keçib! Sizi
mütləq prokurorluğa çağırıb rəsmi sorğu-suala tutmalıyam?!
Fazil müəllim başını əllərinin arasından qaldırıb təəccüblə qonağa baxdı, elə bil
ki, ondan belə sərt danışıq gözləmirdi; sonra dedi:
– Bunların bir-birinə dəxli yoxdur.
– Nəyin?
– Mənim məsələmlə, babamın öldürülməsinin.
– Sizin hansı məsələnizin?
Fazil müəllim əllərini üzündən çəkib barmaqlarını sındırdı və başını divanın
arxasına söykəyib qızarmış gözlərini tavana zillədi; yəqin başa düşdü ki, bu
çağırılmamış qonaq havayı yerə adamdan əl çəkən deyil, açmalıdı sandığı, tökməlidi
pambığı. – Babam mənim işim üçün gəlmişdi...
Mühüm işlər müstəntiqi eyni sərtliklə soruşdu:
– Sizin hansı işiniz üçün?
Fazil müəllim ayağa qalxıb pəncərəyə yaxınlaşdı və şüşənin arxasındakı
qaranlığa baxa-baxa:
– Onsuz da bu rayonda heç nə gizlətmək mümkün deyil, – dedi. – Sonra
gözlərini pəncərədən çəkməyərək sıxıla-sıxıla əlavə etdi. – Mənim Bakıda nişanlım
var. Babalarımız uşaqlıq dostu olublar... Hələ universitetdə oxuyanda
nişanlanmışdıq... Mən gəldim bura, o qaldı Bakıda... Bura gələndən sonra... – Fazil
müəllim sözünə davam edə bilmədi: yəqin bu saat özünü dünyanın ən naqolay
vəziyyətində olan bir adam hesab edirdi.
Gündüz Kərimbəyli ona kömək etmək istədi:
– Qız başqasını...
Fazil müəllim gözlərini pəncərənin şüşəsindən çəkməyərək onun sözünü kəsdi:
– Yox, qız başqasını yox, mən başqasını...
Araya sükut çökdü. Gündüz Kərimbəyli dəsmalını kürkün cibinə qoyub
pəncərəyə yaxınlaşdı:
– Gecələr qaranlıq olur rayonunuz, – dedi. – Küçələrdə işıq azdır.
Fazil müəllim, görünür, başladığı söhbəti tez də qurtarmaq istəyirdi:
– Rus dili müəlliməsidir. Səadətdir adı... Babam razılıq vermirdi, deyirdi ki,
yaxşı iş görmürsən, kişi belə iş tutmaz... Mən də bilirəm, yaxşı iş deyil bu, amma
adamın özündən asılıdı bəyəm? Adam özü bilir ki, nə olacaq? Cavan uşaqlardıq,
nişanlamışdılar bizi, elə bilirdik ki, istəyirik bir-birimizi, amma sonra məlum oldu
ki, uşaq işləridi bu, istəmirik bir-birimizi... – Fazil müəllim özü öz sözlərindən
əsəbiləşərək yavaş-yavaş səsini qaldırdı. – Sonra məlum oldu ki, mən başqasını
istəyirəm!.. Getdim kişini başa salım. Yox, dedi, gərək özüm gəlib görüm ki, nə
məsələdi bu! Tərs idi yaman!.. Bir şey ki, beyninə batdı, çıxarmaq olmazdı...
Xasiyyəti belə idi, evdə də, işdə də... – Fazil müəllim gözlərini şüşədən çəkib
yanında dayanmış Gündüz Kərimbəyliyə baxdı. – Vaxtilə o da sizin, bir növ,
kolleqanız idi... Qabaqlar rayonlarda milisdə işləyirdi, milis rəisi... Hələ biz yox idik
o vaxtlar... Sonralar təqaüdə çıxanacan, başqa işlərdə işləyirdi... Quldurlara,
qaçaqlara can verməyib, amma bir saat oğrusunun bıçağının qurbanı oldu...
Öskürək yenə də Gündüz Kərimbəylini boğdu.
Fazil müəllim pəncərədən ayrılıb soruşdu:
– Bəlkə Ayna xalaya deyim çay gətirsin?
– Yox, çox sağ olun, getmək istəyirəm. – Bu sözləri deyən adam artıq yenə də
əvvəlki xoşrəftar qonaq idi. – Bağışlayın, bir-iki sual da vermək istəyirəm... Qız
bilirdi ki, babanız bu işə razı deyil?
– Hansı qız?
– Buradakı müəllimə, Səadət.
Fazil müəllim başı ilə təsdiq edə-edə:
– Bilirdi! – dedi.
– Bura gəlməyini də bilirdi?
– Yox, ona deməmişdim.
– Bəs kimə demişdiniz?
Fazil müəllim bir az susduqdan sonra cavab verdi:
– Imaşa. Səadətin qardaşı... Böyük qardaşı...
Gündüz Kərimbəyli qapıya yaxınlaşıb kürkü mismardan aldı və geyinə-geyinə
soruşdu:
– Babanızı qarşılamağa tək getmişdiniz?
– Bəli.
– Yolda heç kimə rast gəlmədiniz?
– Yox.
– Birbaşa bura gəldiniz?
– Hə.
– Gələn kimi də evdən çıxdı?
– Hə.
– Niyə?
– Bilmirəm, ürəyi qısıldı, ya nə oldu... Birdən-birə tutulmuşdu yaman.
Paltosunu da çıxarmayıb beş-altı dəqiqə oturdu, bəlkə on dəqiqə... Sonra dedi ki,
çıxıram küçəyə. Nə qədər elədim, olmadı. Məni də qoymadı ki, yanınca gedim. Dedi
ki, bir az hava alıb qayıdacağam...
– Yolda, ya da evdə olduğu vaxt sizdən bir şey soruşmadı?
– Yox, soruşmadı.
– Lap dəqiq?
Fazil müəllim bir az fikrə getdi, sonra dedi:
– Soruşdu ki, ev yiyəsindən razıyam, ya yox? Dedim ki, yaxşı adamdı Ayna
xala.
– Vəssalam?
– Hə.
– Yolda da?
– Yolda heç nə soruşmurdu. Əvvəlcə kefi pis deyildi. Deyirdi ki, şəhərdən
sonra buralar adama ləzzət eləyir, maşınların tüstüsü, hər tərəfin asfaltı bezikdirib
məni... Sonra daha bir söz demədi...
Gündüz Kərimbəyli portfeli götürüb qapını açmaq istəyəndə, əl saxladı və
axırıncı sualını verdi:
– Buradakı kişi Imaş idi?
Fazil müəllim təəccüblə Gündüz Kərimbəyliyə baxdı:
– Hə, o idi. Nə bildiniz?
Mühüm işlər müstəntiqi gülümsəyib çiyinlərini çəkdi.
Fazil müəllim də çarpayının başına saldığı paltosunu götürüb geyinə-geyinə
dedi:
– Sizi ötürüm...
V
Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır,
yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel
kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində,
bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha
da üşüdürdü.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı
taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca
elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın
soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
Mühüm işlər müstəntiqi kürkünü çiyninə salmışdı və çölün zəhlətökən
havasından sonra yəqin ki, bu saat bu plitə istisinin, bu balaca otaqdakı xudmaniliyin
ayrı ləzzəti vardı; amma burası da hiss olunurdu ki, onun gözləri plitənin qızarmış
məftillərinə baxırdısa da, fikri başqa yerlərdə dolaşırdı.
Pəncərənin qabağındakı girdə mizin üstündə qənd, mürəbbə, balaca çaynik və
bir armudu stəkan vardı. Pəncərənin pərdələri aralanmışdı və şüşənin bayır tərəfinə
çırpılan sulu qardan bilinirdi ki, bu hava hələ düzələn şey deyil.
Fəttah dayı əlində balaca bir torba içəri girdi:
– Yatmamışdan əvvəl bir bankalıyam səni gərək, bacıoğlu...
Gündüz Kərimbəyli banka dəsgahının ləzzətini əvvəlcədən hiss edə-edə
gülümsədi və:
– Fəttah dayı, – dedi, – pis öyrədirsən ha, qonağı...
Fəttah dayı əlindəki torbanı dəmir çarpayının yanındakı alabəzək sandığın
üstünə qoyub:
– Qonaq istəyənin süfrəsi boş olmaz, – dedi. – Düzdü, bu zəmanədə heç kim ac
qalmır, hərənin süfrəsində bir şey olur, ağ çörəyin kilosu otuz qəpiyədi, qonaq da ki,
umduğunu yeməz, olduğunu yeyər... Amma, bacıoğlu, bu öskürəklə ki, o cür yağışın
altında başladın işini görməyə, tanıdım səni yaxşıca! Bildim ki, sabah da belə
edəssən, biri gün də, o birisi gün də. Lap ömrünün axırınacan... Deyiblər ki, yaxşılıq
elə, at dəryaya, balıq bilməsə də, Xaliq bilər. Sənin də evdə gözləyənin var!..
Gündüz Kərimbəyli ayağa qalxıb kürkü çarpayının başına atdı və gəlib
çarpayıda otura-otura dedi:
|