Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mən sənin dünyanam
MƏN SƏNİN DÜNYANAM (On üç şəkildən ibarət komediya)


Teatr. –
Özünə gülür.

İŞTİRAK EDƏNLƏR


    D i r e k t o r.
    Ə h m ə d Dayı – gənc artist.
    S i l v a n a – aktrisa, naməlum yaşda.
    B a ş r e j i s s o r.
    A r t i s t.
    G ə n c a k t r i s a – ingilis dilini öyrənir, ABŞ-a getmək və Mehdiqulu bəyin sayəsində əvvəlcə Hollivudu, sonra da Brodveyi fəth etmək istəyir və inanır ki, mütləq belə də olacaq; hər halda, belə olmalıdır!
    M ü ə l l i f.
    Katib – atəşin bir arzusunu ürəyində gizlətməyə məcburdur.
    Teatrın yaradıcı heyəti:
    Birinci artist.
    Ikinci artist.
    Assistent.
    Birinci aktrisa.
    Ikinci aktrisa.
    Xorun üzvləri: Hamlet, Hacı Qara, Ofelya, Tartüf, Kral Lir, Karl Moor,
    Dərviş Məstəli Şah, Medeya, Vladimir Iliç Lenin, Hertruda,
    Sergey Mironoviç Kirov, Skapen, Maqbet, Jorj Danden və b.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1993-cü ilin aprel ayı.

BİRİNCİ ŞƏKİL


    Xor
    Xorun üzvləri müxtəlif tanış qrimdə və geyimdə səs-küylə bir göz qırpımında səhnəyə səpələnir: Hamlet, Hacı Qara, Karl Moor, Otello, Tartüf, Ofelya, Kral Lir, Dərviş Məstəli Şah, Vladimir Iliç Lenin, Şeyx Nəsrullah, Medeya, Jorj Danden, Sergey Mironoviç Kirov, Hertruda, Kefli Isgəndər, Skapen, Koroğlu, Dezdemona və b. Xorun sözləri bütün tamaşa boyu dialoq şəklində söylənir, misal üçün, iki misra Hacı Qara, üç misra Vladimir Iliç Lenin və s.
    Nəqarəti isə, təbii ki, bütün xor üzvləri bir ağızdan deyir.
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    – Hamı yatıbdı,
    Tək bizik oyaq!..
    – Bu gün yolçuyuq,
    Sabahsa qonaq...
    Dünən qarıydıq,
    Bu günsə gəlin!..
    – Haydı, mərəkə,
    Görməyə gəlin!..
    – Dünən can alan
    Bu gün can satır!..
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    – Şeyx Əhmədin lotu şefi
    Şeyx Nəsrullah gəlib cuşa,
    Isgəndərin sağlığına
    Buz qədəhi çəkir başa!
    – Nazlı gülür nazlı-nazlı.
    – Hamı içir, içməyən bir
    Kefli Isgəndərmidir?!
    – Diabetdir, olmaz ona...
    – Bax o yana, bax bu yana!..
    Nəqərat. Tamaşadır, tamaşa,
    Yaşa, teatr, yaşa!
    Min yaşa, min bir yaşa!..
    – Mən kim, sən kim, o kimdir?
    – Dəlilər – ağıllıdır,
    Ağıllı başdan kəmdir!..
    – Dünən lotu
    Bu gün qorxaq!..
    Bu gün ulu,
    Sabah alçaq!..
    – Dünən yava,
    Bu gün fağır!..
    – Bu gün aqil,
    Sabah dılğır!..
    Heç soğulmaz
    Belə dəhnə
    – Həyat – səhnə!..
    Nəqərat. Tamaşadır, tamaşa!..
    Yaşa, teatr, yaşa!..
    Min yaşa, min bir yaşa!..
    – Üst qatda yaşayanın
    Mən nə deyim aşına!..
    – Hertruda vannadan
    Su axıdır, odur, bax,
    Kral Lirin başına!..
    – O yaşmana-yaşmana
    Gələn Almazdır elə...
    – Aşiq olub, bu sən öl,
    Məşədi Ibad kələ!
    – Tartüf Hacı Qarayla
    Hesab verir bu barda!..
    – Hamlet ərizə yazıb
    Baksovetdən ev umur,
    Deyir qalmışam darda!..
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Işıq sönür.

İKİNCİ ŞƏKİL


    Teatrın səhnəsi və səhnə arxası Artist (Otello), S i l v a n a (Dezdemona), Baş rejissor, Əhməd, Gənc aktrisa, Katibə və digər əhli-teatr. Bizim səhnə iki yerə bölünüb: yarısı teatr səhnəsidir, sol tərəfdəki qalan yarısı isə səhnə arxasıdır. «Otello» tamaşası gedir və biz yalnız tamaşanı görürük, tamaşaçıların isə səsini, reaksiyalarını eşidirik. Səhnə arxasında fəhlələr, teatr işçiləridir.
    O t e l l o. Sus daha, danışma boş yerə, nahaq.
    D e z d e m o n a. Susuram. Nə olub, bir söylə ancaq...
    B a ş r e j i s s o r (səhnə arxasından tamaşaya baxa-baxa).
    Yenə əlini qaldırır də! Əlli ildi
    ona deyirəm ki, bu yerdə əlini qaldırma!
    Əhməd (səhnə arxasından tamaşaya baxa-baxa Baş rejissora). Əlli il?
    B a ş r e j i s s o r (hirsli). Bir az da artıq!
    Ə h m ə d. Üzünə deyərsiz?
    Baş rejissor (barmağı ilə Əhmədi hədələyir). Bura bax a-a-a.
    O t e l l o. Dünyada mənimçün əziz, yeganə
    Dəsmalı yadigar vermişdim sənə.
    Sənsə Kassioya vermisən onu...
    D e z d e m o n a.
    Vallah, bu düz deyil!
    Gənc aktrisa (səhnə arxasından tamaşaya baxa-baxa). Oy!.. Bunu belə deyərlər?! (Rola girərək.) «Vallah bu düz deyil». Bax, belə!
    Dezdemona.
    Tez Kassionu çağırtdır...
     (Yavaşdan səhnə arxasına çımxırır.) Səs salmayın orda!
    Qoy gəlsin, soruş özündən...
    O t e l l o. Füsunkar məleykə...
    Gənc aktrisa. Yaman füsunkardı!..
    Ə h m ə d. O-o-o!..
    O t e l l o. Həya eylə sən,
    Utan əməlindən, fikirləş barı,
    Qırmısan, pozmusan əhdi, ilqarı.
    Sən artıq öz ölüm yatağındasan,
    Əcəlin amansız qucağındasan!..
    D e z d e m o n a.
    Məni öldürməzsən yəqin ki, hələ...
    Gənc aktrisa. Vay!.. Gör necə deyir e!.. «Məni öldürməzsən yəqin ki, hələ...» Bax, belə! Mən oynamalıyam Dezdemonanı! Mən! Mən!
    D e z d e m o n a (yavaşdan səhnə arxasına çımxırır). Yenə bazar açmısız orda?!
    O t e l l o. Indi öləcəksən, bitib məsələ,
    Odur ki, havayı uzatma bunu...
    B a ş r e j i s s o r. Özü uzadır! Özü! Dinamika yoxdur!
    Ə h m ə d. Çünki dinamit yoxdur!
    B a ş r e j i s s o r. Nə? Nə dinamit?
    Ə h m ə d. Dinamit də! Bu teatrı partlatmaq üçün! Əvəzinə yenisini yaratmaq üçün!
    B a ş r e j i s s o r. Bura bax! Sən özünü harda hesab edirsən?
    Ə h m ə d. Teatrda!
    B a ş r e j i s s o r. Mitinqlər vaxtı qurtardı! Sovet hökuməti deyil daha! Indi biz müstəqil demokratiyamızı qururuq!
    Ə h m ə d. Indi də direktorumuzun sözlərini təkrar edirsiz? Bəs nə vaxt öz sözünüzü deyəcəksiz?
    Baş rejissor (səhnəni göstərir). Ode mənim sözüm, bax!
    Əhməd (gözləri ilə səhnəni axtararaq). Hanı, orda siz yoxsuz!.. Orda yazıq Şekspirdi, başına da turp əkirlər!..
    O t e l l o. Artıq etiraf eylə suçunu.
    And içib suçunu atma boynundan,
    Bil ki, xəbərdaram hər oyunundan.
    Qərarım qətidir, çalışma əbəs,
    Heç nə qərarımı dəyişə bilməz.
    Baş rejissor. Temp! Temp!
    O t e l l o. Qəlbim fəryad edib çəksə də nalə
    Mütləq ölməlisən...
    D e z d e m o n a.
    Allah, rəhm elə...
    Gənc aktrisa. Oy!.. Bu yeri heç belə deyərlər?.. «Allah, rəhm elə...» Bax, belə! Mən! Mən! Mən oynamalıyam Dezdemonanı! Şekspir mənim üçün yazıb bu rolu! Əhməd. Eybi yox, burda vermirlər, Ingiltərədə oynayarsan...
    Gənc aktrisa. Oynayacağam! Ingiltərədə də oynayacağam! Amerikada da! Sən də mənim paxıllığımı çəkirsən!
    Bütün bu mükalimələr zamanı səhnədə tamaşa davam edir, amma biz Otello ilə Dezdemonanın yalnız hərəkətlərini görür, səslərini isə eşitmirik.
    Ə h m ə d. Mən?
    Gənc aktrisa. Bəli, sən!
    Ə h m ə d. Bəyəm mən də Dezdemonanı oynamaq istəyirəm?
    Gənc aktrisa. Yox. Sən Otellonu oynamaq istəyirsən, amma sənə də rol vermirlər, çünki sənin də dayın yoxdu!
    Ə h m ə d. Nə bilirsən yoxdu?
    G ə n c a k t r i s a. Olsaydı verərdilər. Sənin dayın yoxdu, vermirlər. Mənə də Dezdemonanı vermirlər, çünki Silvanadan qorxurlar!
    Dezdemona. Sərvərim, mürvətin çatsın hayıma,
    Qov məni, ancaq ki, ömrümə qıyma.
    O t e l l o.
    Öl, fahişə!
    Gənc aktrisa. Bax, belə!
    K a t i b ə (tələsik səhnə arxasına daxil olur). Iclas! Iclas!
    Baş rejissor. Nə iclas?
    K a t i b ə. Direktor iclas çağırır. Tamaşa qurtaran kimi, təcili iclasdı!
    Baş rejissor (yavaşdan). Sənət əldən gedir, bu partokrat isə iclas çağırır!
    D e z d e m o n a. (Yavaşdan səhnə arxasına tərəf çımxırır). Dəlixanadır, vallah, dəlixanadır!
    Sabah sən öldür məni...
     (Yavaşdan səhnə arxasına tərəf) Səsə bax e!..
    Möhlət ver yaşayım tək bu gecəni.
    G ə n c a k t r i s a (iki əlilə də sifətini qapayır). Oy, mama!..
    K a t i b ə. Nə oy mama? Kişi iclas çağırır!
    O t e l l o.
    Mənə qarşı durmaq?!
    B a ş r e j i s s o r. Alə, belə yox! Belə yox! Bura sənət məbədidir!
    Əhməd. Bura sənət mətbəxidir!
    Baş rejissor. Bəsdir!
    K a t i b ə. Iclas!
    O t e l l o.
    Beləsə, heyhat...
    Dezdemona.
    Izin ver yaşayım yarımca saat...
    K a t i b ə (Dezdemonanın sözlərini özü bildiyi tərzdə yavaşdan təkrar edərək). «Izin ver... yaşayım... yarımca... saat...» (Özünə gələrək bərkdən.) Iclas!
    O t e l l o.
    Yox, olmaz, dəyişməz heç nə qərarı...
    K a t i b ə (səhnədə oynayan artistlərə işarə edərək). Tez olun! Tez qurtarın! Iclasdı!
    Dezdemona.
    Bircə dəfə dua eləyim barı...
    K a t i b ə (xəyal aləmində). «Bircə dəfə... dua.. eləyim barı...» (Özünə gələrək.) Tez olun! Qurtarın! Iclas!
    O t e l l o.
    Yox, olmaz, bu gecdir.
    Dezdemonanı boğur.
    Gənc aktrisa. Yazıq Dezdemonanın canı qurtardı!..
    Tamaşa oynanılan səhnənin pərdəsi salınır. Tamaşaçıların alqışı.
    Silvana (Dezdemonanı oynayan aktrisa qalxıb səhnə arxasına keçərək). Bura teatr deyil, dəlixanadı! Bilmirsən, əsəri oynayasan, yoxsa bura qulaq asasan?! Şikayət eləyəcəyəm! Şikayət eləyəcəyəm!
    Tamaşaçıların alqışı.
    Qaldırın pərdəni!
    K a t i b ə. Iclasdı!
    Silvana (hirslə). Qaldırın, dedim, pərdəni! (Səhnə arxasına gəlmiş Otello rolunu ifa edən Artistə.) Əlimdən tut, məni qabağa çək!
    Səhnənin pərdəsi qalxır. Silvana ilə Artist əl-ələ verib gülümsəyərək səhnənin qarşısına çıxır, təzim edirlər.
    K a t i b ə. Salın də, pərdəni! Kişi iclas çağırıb!
    Tamaşa səhnəsinin pərdəsi salınır. Silvana ilə Artist səhnə arxasına qayıdır.
    Silvana (hirs-həyəcanla). Prezidentə yazacağam! Birbaş Prezidentə!
    Ə h m ə d (kinayə ilə). Özü də sizi yaxşı tanıyır.
    S i l v a n a (onun sözlərindəki kinayənin fərqinə varmadan). Bəli! Azərbaycanda məni tanımayan yoxdu. (Acıqla Gənc aktrisaya nəzər salaraq.) Bəzilərindən fərqli olaraq!..
    Tamaşaçıların adda-budda alqışı eşidilir.
    Qaldırın pərdəni!
    K a t i b ə. Iclasdı!
    S i l v a n a (amiranə). Qaldırın pərdəni! (Artistə) Əlimdən tut apar! Qaldırın pərdəni!
    Tamaşa səhnəsinin pərdəsi yenidən qalxır. Silvana ilə Artist əl-ələ səhnənin qabağına gedərək gülümsəyə-gülümsəyə təzim edirlər.
    Katibə(yavaşdan). Bunun qışqırmağına bax, kaftar!.. (Bərkdən) Iclasa! Bütün yaradıcı heyət iclasa!
    İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri. Katibə. Direktor. Baş rejissor, Əhməd, Silvana, Artist, Gənc aktrisa, Müəllif və teatrın digər yaradıcı heyəti. Səhnənin ortasında Katibənin əyləşdiyi qəbul otağı, sağ tərəfdə Direktorun kabineti, solda isə Baş rejissorun kabinetidir.
    Biz hər üç otaqda cərəyan edən hadisələri görürük. Direktor kabinetdə yazı mizinin arxasında əyləşib. Əhli-teatr bir-bir qəbul otağından keçib kabinetə daxil olur, orda-burda oturur. Katibə qəbul otağında öz mizinin arxasında əyləşib telefonla danışır.
    Katibə (telefon dəstəyinə). Ne mojet bıt?!
    Ə h m ə d (qəbul otağına girərək). Nə?
    K a t i b ə. Sənnən deyiləm. Keç içəri. (Telefon dəstəyinə.) Sənnən deyiləm...
    S i l v a n a (Dezdemonanın qrimində və qiyafəsində deyinə-deyinə qəbul otağına girir). Dünyanın hansı teatrında görünüb bu, hə? Tamaşa qurtarmamış iclas! Totalitar rejim xəstəliyi!
    K a t i b ə (kabinetə keçən Silvananın arxasınca). Totalitar rejim. Totalitar rejim.. O rejim sənə elədiyi yaxşılığı kimə eləyib, ay kaftar? (Telefon dəstəyinə) Yox, sənnən deyiləm...
    A r t i s t (Otello qrimində və qiyafəsində qəbul otağına daxil olaraq).
    Yox, Yaqo, soyumaz bu qəzəb, bu kin!
    Soyuq dalğaları Qara dənizin
    Axır Dardanelə, axır hər zaman,
    Iclas atamızı yandırır yaman!
     (Heç kimə fikir vermədən məğrur addımlarla Direktorun kabinetinə keçir.)
    K a t i b ə. Dezdemonası elə olanın, Otellosu da belə olar də!.. (Telefon dəstəyinə.) Yox, ay qız, yox...
    Baş rejissor qəbul otağına girib cibindən çıxardığı açarla öz kabinetinin qapısını açır. (Bərkdən) Iclasdı! Iclasa!
    Baş rejissor. Bu saat. «Hamlet»in bir yeri var, qoy ora baxım, bu saat. (Öz kabinetinə keçir.)
    Direktor. Tez eləyin... Tez eləyin, yoldaşlar... E-e-e... Bağışlayın, cənablar! Əyləşin...
    Əhli-teatr Direktorun kabinetində yerbəyer olur. (Ayaq üstə dayanmış Əhmədə) Sən də əyləş!
    Əhməd (Silvanaya tərəf işarə edir). Yox, qoyun burada senator Brabansionun gözəl qızı gənc
    Dezdemona əyləşsin!..
    S i l v a n a (hiddətlə). Bu xuliqanlıqdır? (Direktora) Siz isə belə biabırçılığa dözürsüz!
    Direktor(yavaşdan). Darıxmayın, az qalıb...
    Ə h m ə d. Mən nə dedim ki?
    Baş rejissor qapının ağzında dayanıb qəbul otağı tərəfə qulaq asır, sonra cəld addımlarla yazı mizinə yaxınlaşıb tələsik mizin dolabından araq şüşəsi, qədəh çıxarır, arağı süzüb diqqətlə qədəhə baxır, sonra qədəhin başını təzədən düzəldir və birnəfəsə içir.
    D i r e k t o r. Tak, tovarişi!.. E-e-e... Bağışlayın... Cənablar! Çox vacib bir məsələdən ötrü təcili iclas çağırmağı lazım bildik!..
    Əhməd (istehza ilə). Deyəsən bizim teatrın işləri düzələcək! Problemlər həll olunacaq!
    Direktor(kinayə ilə). Teatrı bilmirəm, amma sənin problemlərin deyəsən həll olunacaq!
    Gənc aktrisa Yoxsa Otellonu verirlər ona?
    A r t i s t. Necə?!.
    Gənc aktrisa. Bəs mən?
    S i l v a n a (kinayə ilə Gənc aktrisaya tərəf). Ba-a-a!.. Sən bir Dezdemona iddiasına bax!.. Yazıq Şekspir!..
    Katibə (telefon dəstəyinə). Vay-vay-vay!.. Lap elə dedi?
    Baş rejissor araq şüşəsini, qədəhi yerinə qoyub iti addımlarla qəbul otağına çıxır.
    B a ş r e j i s s o r. Başlayıb?
    K a t i b ə. Çoxdan!..
    Baş rejissor Direktorun kabinetinə girir.
    Ə h m ə d (Baş rejissora tərəf işarə edərək kinayə ilə). Indi day bu iclasın işindən arxayın olmaq olar!..
    B a ş r e j i s s o r (barmağı ilə hədələyir). Bura bax, ey!..
    Direktor. Tak, yol... E-e-e... Xanımlar və bəylər! Bilirsiz ki, biz demokratik bir cəmiyyət qurmağa başlamışıq. Totalitar rejim artıq geridə qalmışdır! Mən həmişə demokratiyanın tərəfdarı olmuşam!
    Artist (yavaşdan). Xüsusən Sekada işləyəndə...
    Birinci artist (yavaşdan). Day demə.
    Birinci a k t r i s a (yavaşdan). Məni görəndə həmişə svidaniya verirdi.
    Direktor. Nə deyirsiz?
    A r t i s t. Heç. Sizinlə deyilik.
    Əgər qulaq assam düzgün olarmı?
    Hersoq bu işlərdən razı qalarmı?
    D i r e k t o r. Ona görə bu gün də qərarı tək çıxarmıram. Qərarı birlikdə çıxarmalıyıq. Ümumi müzakirədən sonra. Demokratik cəmiyyətdə yalnız və yalnız kollegial işləmək lazımdı. Belədir məsələ...
    K a t i b ə (telefon dəstəyinə). O-o-o!..
    Əhməd(yavaşdan Gənc aktrisaya). Söylə, Dezdemona, nədir diləyin?
    Gənc aktrisa (xəyallar aləmində).
    Mən Mavrı sevdim ki, çəkib dərd, bəla,
    Hər yerdə, hər zaman qalım onunla.
    Bütün aləm bilir artıq bu işi...
     (Özünə gələrək) Bəsdir!
    Direktor. Müstəqil respublikamızın maliyyə vəziyyəti çox ağırdır. Bayaq Sekadan da zəng... ee- e... bağışlayın, Prezident aparatından da zəng eləmişdilər... Büdcə tükənib. Istiqlal uğrunda mübarizə apardığımız bir vaxtda, əlbəttə, bu, təbiidir.
    Artist (yavaşdan). Böyük istiqlal mübarizəsi!
    Ikinci artist (yavaşdan). Büdcə təəssübkeşi!..
    Birinci aktrisa (yavaşdan). Tiqant!..
    Direktor (onlara tərəf). Nə deyirsiz orda?
    A r t i s t. Heç... Sizinlə deyilik...
    Cənablar, ağırdır vəhşi adətim,
    Dəyişib davada öz təbiətim...
    D i r e k t o r. Uzun sözün, qısası, Smetamız Maliyyə Nazirliyindən yenə keçmədi. Maaş fondunu azaltmaq lazımdı... Yenə bir nəfəri ixtisar etmək lazımdı...
    Pauza.
    Yaradıcı kollektivdən.
    Pauza.
    A r t i s t. Kassio, növbədə intizam ara,
    Ciddi nəzarət et qarovullara...
    Katibə (telefon dəstəyinə). Bir dəqiqə dayan... (Dəstəyi mizin üstünə qoyur və Direktorun kabinetinin örtülü qapısına yaxınlaşaraq əyilib açar deşiyindən baxır.)
    Direktor. Buyurun! Fikrinizi söyləyin! (Bir-bir iclas iştirakçılarına baxır və əhli-teatr da birbir gözünü ondan yayındırır.) Biz demokratik cəmiyyətə kollegial getməliyik! Hə? Bir nəfər ixtisar olunmalıdı!
    Pauza.
    Fikrinizi deyin.
    Katibə (açar deşiyindən baxa-baxa). O-o-o!.. (Tələsik gedib mizin üstündəki dəstəyi götürür.) Bir az gözlə Vacib adam gəldi. Yox. Prezident aparatından! Gözlə! (Dəstəyi yenidən mizin üstünə qoyub qapıya yaxınlaşır və əyilib açar deşiyindən baxır.)
    D i r e k t o r. Eşidirəm sizi! Baş rejissor(yavaşdan). Birinci ixtisar olunası adam elə sən özünsən!
    Pauza.
    K a t i b ə. Diliniz belə girər e, qarnınıza!
    Pauza.
    Direktor. Kollegial! Ancaq kollegial!.. Bayaq Sekadan... e-e-e... Prezident aparatından zəng eləyəndə də elə belə dedim! Biz demokratik cəmiyyətə kollegial gedirik! Buyurun! Silvana (qəfil bir ehtirasla). Xanımlar və bəylər! Biz, bax, bu adamdan teatrı xilas etməliyik! (Barmağı ilə Əhmədi göstərir.) Istiqlalımız bizim üçün əzizdir! Biz bu cürə adamlara maaş verəverə respublikamızın büdcəsinə zərbə vura bilmərik! Biz belə adamlara maaş verə-verə düşmənlərimizin dəyirmanına su tökürük! Imperiya təzədən baş qaldırmaq istəyir, biz buna imkan verə bilmərik!
    K a t i b ə. Əhməd getdi!..
    S i l v a n a. Mən demişəm, yenə deyəcəyəm! Onunla heç vaxt səhnəyə çıxmayacağam! O Otello iddiasındadı!
    A r t i s t. Otello ilə zarafat eləmək olmaz!..
    Silvana. Vulqar bir tipdi!.. Mənim haqqımda deyib ki... Deyib ki...
    G ə n c a k t r i s a (tələsik). Deyib ki, Dezdemona nənəm yaşındadı!
    S i l v a n a (başını tutur). Ah!.. (Əhmədə) Hayıf, mən demokratam! Yoxsa...
    Yaradıcı kollektiv sevincini gizlədə bilmir ki, ixtisar qorxusu onların başının üstündən ötdü.
    Birinci artist. Ay-yay-yay!..
    Ikinci a k t r i s a. Çox kobuddu!.. Çox!..
    A s s i s t e n t. Sənətin qədrini bilmək lazımdı!
    Birinci a k t r i s a. Sənətdə gərək ciddi olasan!..
    Ikinci artist. Axı, belə olmaz!..
    Birinci a r t i s t. Lyubov Orlova yetmiş yaşında on beş yaşında qız rolunu oynayırdı!..
    Silvana (hirslə). Nə demək istəyirsən?
    Birinci artist (qorxmuş). Yox... Onu deyirəm də, Əhmədi, danışığını bilmir!..
    D i r e k t o r. Sakit olun, yoldaşlar!.. E-e-e... Bağışlayın, cənablar!..
    Baş rejissor. Orasını da deyim ki, mənə çatan siqnallara görə o (Barmağı ilə Əhmədi göstərir.) tez-tez restoranlara gedir... Sənət ilə araq tutmaz!
    Birinci aktrisa. Düzdür! (Sonra üzünü yanaşı oturduğu Baş rejissordan kənar çəkir.) Püf!..
    Əhməd. Qulaq asın! Bir dəqiqə mənə qulaq asın! Həzərat! Axı, mən nə istəyirəm?! Mən istəyirəm ki, teatrımız əsl teatr olsun! Əsl sənət ocağı olsun!
    Ikinci aktrisa (yavaşdan). Düz deyir də!..
    Assistent (yavaşdan). Nə olsun düz deyir?..
    Direktor. Bəsdir! Baxma ki, mən demokratam! Bu lap ağ oldu!
    Əhməd. Niyə ağ olur? Mən istəyirəm ki, bu teatrda işgüzar, səmimi bir direktor olsun!
    Baş rejissor (qeyri-iradi). Düzdür!
    Direktor. Nə?
    Baş rejissor (səhvini düzəltməyə çalışaraq). E-e-e... Düzdür də, bu adam (Əhmədi göstərir.) teatrı tərk etməlidir!
    Əhməd. Mən istəyirəm ki, yaradıcı bir baş rejissorumuz olsun. Hər gecə qolun-qanadın sındıra-sındıra «Otello» göstəririk!
    Artist (coşaraq). Ar olsun bu adama! Ar olsun!
    Əhməd. Mən istəyirəm ki, zəngin repertuarımız olsun! Istedadsız adamlar sənət iddiası ilə bura doluşmasın! Bura siyasət alverindən kənar olsun!
    Artist (yenidən coşaraq). Biz meydanda boğazımızı yırtıb qışqıra-qışqıra qırmızı imperiyaya qarşı mübarizə aparanda sən haradaydın?!
    Əhməd. Mən istəyirəm ki, Dezdemonanı...
    Silvana (onun sözünü kəsərək qışqırır). Ona söz verməyin!
    Artist. Ar olsun!
    Ə h m ə d. Birinin adamı var! Birinin adı var! Birinin sırtıqlığından qorxursuz! O biri demaqoqdu, qorxursuz!
    Direktor. Kifayətdir! Demokratiya anarxiya demək deyil! Biz bu təhqirlərə dözə bilmərik!
    Katibə (açar deşiyindən baxa-baxa). Əhməd batdı, Aşqabad batan kimi!
    Gənc aktrisa. O məni də qəbul etmir! Deyir ki, Amerikaya getsən də, səndən Dezdemona olmayacaq, deyir orda da acından öləcəksən!
    Silvana (yavaşdan). Onu düz deyir!..
    Direktor. Əslində o demokratiyanı da qəbul etmir!
    Birinci artist. Yox, canım!.. Neujeli?
    Direktor. Inandırıram sizi!
    Artist. Bütün məsələ ondadır ki, bu adam (Əhmədi göstərir.) öz xalqının taleyini düşünmür! Biz gecələri meydanda keçirəndə, o bizə yaxın düşmürdü! Hələ mən bunun Otello iddiasını demirəm!..
    Direktor. Aydındır, yoldaşlar... E-e-e... Bağışlayın!.. Aydındır, cənablar!
    Əhməd. Bir dəqiqə mənə qulaq asın!
    S i l v a n a. Ona söz vermək olmaz!
    Direktor. Aydındır!
    Baş rejissor. Sənət ilə restoran bir yerdə tutmaz! Ya araq, ya sənət! Səhnə asketizm tələb edir!
    Artist. Xalqı sevmək lazımdı! Xalqa sadiq olmaq lazımdı!..
    B a ş r e j i s s o r. Mənəvi təmizlik! Budur məsələ!
    Direktor. Səsə qoyuram! Kim Əhmədin ixtisar olunmasına tərəfdardı, əlini qaldırsın.
    Əhməd. Mənim adamım yoxdu, ona görə! Yetim görmüsüz məni!
    Direktor. Səs verin!
    Hamı, hətta qapının arxasında əyilib açar deşiyindən baxan Katibə də əlini qaldırır.
    Yekdilliklə! (Əhmədə) Doğma respublikamızın maliyyə çətinlikləri ilə əlaqədar siz ixtisara düşürsünüz! Inanırıq ki, başqa bir yerdə özünüzə iş tapacaqsınız!..
    Əhməd. Bəs... Bəs mənim dayıma nə cavab verəcəksiniz?
    Müəllif əlində portfel qəbul otağına daxil olur və təəccüblə qarşısında əyilib açar deşiyindən baxan Katibəyə nəzər salır.
    Direktor. Kimə?
    Əhməd. Mənim dayıma!
    Direktor (bir az narahat). Nə dayı? Kimdi sənin dayın?
    Əhməd. Mənim dayım mənim dayımdı də! Ona nə cavab verəcəksiz? Kimsəsiz görmüsüz məni?!
    Müəllif eləcə qarşısında əyilmiş Katibəyə baxır.
    Silvana. Xox!.. Bunun dayısından qorxduq!
    D i r e k t o r. Bizi dayıyla-zadla qorxutma! Indi daha totalitar rejim deyil! Indi biz demokratik cəmiyyət qururuq! Gedə bilərsiz!
    Ə h m ə d. Mənim dayım...
    K a t i b ə (hələ də Müəllifin qabağında əyilib açar deşiyindən baxa-baxa). Dayın olsaydı səni kim ixtisar eləyərdi, ay bədbəxt!..
    Direktor. Iclasımız bağlı elan olunur!
    Katibə tələsik belini qaldırıb mizinə tərəf getmək istəyəndə Müəlliflə üz-üzə gəlir.
    Katibə (səksənərək). Oy!.. Siz neynirsiz mənim dalımda? Hə? Mənim nişanlım var!
    M ü ə l l i f. Mən... mən yeni əsərim barədə düşünürdüm...
    K a t i b ə. Bəs dalımda niyə dayanmısız? Hə? Niyə gəlmisiz bu vaxt?
    Müəllif. Baş rejissor mənə yaradıcılıq görüşü təyin edib.
    K a t i b ə (mizin üstündəki telefon dəstəyini götürərək). Hə, alo!.. Heç, əşşi... Əhmədi ixtisar elədilər... (Acıqlı.) Əlbəttə, Əhmədi!.. Yox bir, məni! Burda yetənə yetirdi, yetməyənə daş atırdı. Teatrı qaldırmaq istəyirdi... (Gülür.) Indi getsin vağzalda meşok qaldırsın!
    A r t i s t (ayağa qalxaraq heç kimə məhəl qoymadan).
    Ona inanıram varlığım kimi...
    Sənə tapşırıram mən sevgilimi,
    Sədaqətli Yaqo...
    Gedir.
    Ə h m ə d. Mənim dayım bu işi belə qoymayacaq!
    Gənc aktrisa. Dayına bizdən atəşin salam!
    Ə h m ə d. Mənim dayım...
    D i r e k t o r. Get-get, əzizim, get, dayın sənə başqa iş tapsın!..
    Ə h m ə d. Yaxşı...
    Leytenant, Montano daha bəsdir, bəs!
    Dayanın, cənablar, qan tutub sizi?
    Qəbul otağından çıxır.
    Katibə. Nə?
    Əhməd. Yoxsa unutdunuz vəzifənizi?
    Katibə (telefon dəstəyinə). Deyəsən, bu yazığın başı xarab olub...
    Əhməd. Qoy dayım gəlsin bura, onda görərik kimin başı xarab olub?!
    Katibə. Ay yazıq! Sənin elə dayın olsaydı, indi heç ixtisara düşərdin, hə?
    Əhməd. Görərsiz də!
    General danışır sizinlə axı,
    Ayıbdır, qılıncı salın aşağı!..
    Gedir.
    Direktor (açıq qapıdan onun ardınca baxa-baxa). Bu nə səfehləyirdi belə? Nə general?
    Baş rejissor. O demirdi.
    Direktor (təəccüblə). O demirdi? Bəs kim deyirdi?
    Baş rejissor. Şekspir! Yaqonun sözləriydi! (Qəbul otağına çıxıb səhərdən bəri əlində portfel orada dayanmış Müəllifi görür.) O-o-o!. Əziz dost!.. Gəlmisən?!
    Direktor. Yaqo? Vallah, teatr ki, teatr!..
    Xorun üzvləri bir göz qırpımında səhnəyə səpələnirlər.
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Bir üzü gülər,
    Bir üzü ağlar!
    - Sevinc, qəzəbi
    Vulkan tək çağlar!
    - Min bir üzü var,
    Bax, o maskanın!
    - Səbri daşanda,
    Onu da atır!
    N ə q ə r a t. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Riqoletto donosbaz,
    Antoni lağlağıdır!
    - Karmen tində dayanır,
    Maqbet cüvəllağıdır!
    - Kleopatra gül satır,
    Həmzə imarət yapır!
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Müsyö Jordan, Məstəli Şah
    Qucaqlaşıb, məst olub, bax!
    - Lenin, Kaplan - aşiq-məşuq,
    Öpüşürlər sabah-sabah!..
    - Kefli Marks ləngər vurub
    Engelsə təpik atır!..
    - Stalinin kefi yoxdu,
    Üzüquylu düşüb yatır!..
    Nəqərat. Məsxərədir, məsxərə!
    Tamaşadır, tamaşa!
    Yaşa, teatr, yaşa!..
    Min yaşa, min bir yaşa!
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. Katibə, Direktor, Baş rejissor, Gənc aktrisa, Dayı. Direktor kabinetindəki televizorun qabağında oturub futbola baxır. Baş rejissor kabinetindəki yazı mizinin üstündə özü üçün səliqə ilə süfrə açır. Katibə də öz mizinin arxasında əyləşib telefonla danışır.
    Katibə. Ne mojet bıt?! Qaçıb şifonerə girib?
    Direktor (yerindən sıçrayır). Vur! Vur! Ay səni!.. (Ürəyini tutub yerində əyləşir.)
    Gənc aktrisa (əlində tutduğu dəftərdən oxuya-oxuya qəbul otağına girir). Əls zrays-centl Kassi!.. May advəkeyşn iz not nau in tyun... (Direktorun kabinetinə tərəf gedir.)
    Katibə. Məşğuldu! (Telefon dəstəyinə.) Sənnən deyiləm...
    Gənc aktrisa (oxuya-oxuya Direktorun qapısını açmaq istəyir). May lord iz not may lord...
    Katibə. Dedim ki, məşğuldu! Əsər oxuyur!
    Gənc aktrisa. Burda dayanıb axıracan gözləyəcəm!
    Katibə (acıqla). Gözlə! (Telefon dəstəyinə.) Sənnən deyiləm. Neyniyim, adamı bir dəqiqə vacib söhbətini eləməyə də qoymurlar! Teatrdı də, bura, teatr!..
    Gənc aktrisa (əzbərləməyə çalışır). May lord iz not may lord!.
    Katibə (telefon dəstəyinə). Heç əşşi... (Yavaşdan) Biri var burda, ingiliscə Dezdemonanın rolunu əzbərləyir ki, guya, haçansa xaricdə oynayacaq (Gülür.) Day demə!..
    Direktor (yerindən sıçrayır). Alə, vur də! Nəyi gözləyirsən?! Vur! (Ürəyini tutub oturur.) Əfəl oğlu, əfəl!..
    Gənc aktrisa. No-o-o şuld ay nou him...
    Baş rejissor asta addımlarla qəbul otağının qapısı ağzına gəlib qulağını qapıya dirəyir və diqqətlə qulaq asır, sonra yazı mizinə yaxınlaşıb dolabdan araq çıxarır, qapıya tərəf baxa-baxa qədəhə süzür.
    Direktor. Vur!..
    Dayı qəbul otağına daxil olur, maraqla o tərəf-bu tərəfə baxır.
    Dayı. Salam!
    Katibə. Bu kimdi belə? (Telefon dəstəyinə) Heç... Biri gəlib...
    Köhnə bolşeviklərə oxşayır...
    Dayı Direktorun qapısına tərəf gedir.
    Katibə. Olmaz! Əsər oxuyur!
    Gənc aktrisa. May lord iz not may lord...
    D a y ı (Gənc aktrisaya). Nə?
    Gənc aktrisa (fərqinə varmadan). No-o şuld, ay nou him...
    Katibə (telefon dəstəyinə). Oy!.. (Bərkdən gülür və Dayının Baş rejissorun kabinetinə getdiyini görüb bərkdən.) Ora da olmaz!
    D a y ı. Niyə?
    K a t i b ə. Işləyir!
    D a y ı. Nə işləyir?
    K a t i b ə. «Hamlet»i! Nə sorğu-suala tutmusuz belə? Siz kimsiz?
    D a y ı. Mən?
    K a t i b ə. Bəli, siz.
    D a y ı. Dayı.
    K a t i b ə. Necə yəni dayı?
    D a y ı. Dayı də, dayı!
    K a t i b ə (dərindən köks ötürür). Ay Allah, belələri hardan gəlib tapır buranı?! Elə bil ki, özümüzünkülər azdı!
    Baş rejissor qədəhi başına çəkir.
    D a y ı (əvvəlcə diqqətlə Gənc aktrisaya baxır, sonra cibindən çıxartdığı qədim saata baxır).
    Qocalıb daha. Xarab olub.
    K a t i b ə. Saatı xarab olub, guya ki, özü düz-əməllidi!.. (Telefon dəstəyinə.) Sənnən deyiləm...
    Direktor (yerindən sıçrayaraq). Vur də, ay eşşək, vur! Vur!
    D a y ı (Gənc aktrisaya). Saat neçədir, gözəl qız?
    G ə n c a k t r i s a (fərqinə varmadan). Vuse in feyvə... əs in hyumə oltəd...
    D a y ı. Nə?
    Gənc aktrisa (fərqinə varmadan). Əs in hyu-mə oltəd...
    K a t i b ə (telefon dəstəyinə). Ne mojet bıt?! Özü də trusikdə? Vay-vay-vay!... (Bərkdən gülür.)
    Gənc aktrisa (əzbərdən). May lord iz not may lord...
    D a y ı (katibəyə). Mən saatı soruşuram, bu nə deyir belə?
    Katibə (Gənc aktrisaya tərəf işarə edərək öz başını göstərir, yəni ki, onun başı çatışmır. Dayı da öz başını göstərir).
    D a y ı. Hə?
    Katibə. Hə!.. (Gənc aktrisanın ona baxdığını görüb tələsik öz saatına baxır.) Saat dördə işləyib.
    Gənc aktrisa (hirslə). Gecəyəcən burdan getməyəcəyəm! So helpmi evri... spirit... sənqtifayd...
    Direktor(yerindən sıçrayır). Alə, tut! Tut! Vay!.. (Əlilə ürəyini tutub oturur.) Buraxdı... Elə bil Qorbaçovdu...
    Dayı. O-o-o!.. Dördə işləyib? Gecikdim mən! Day gözləyə bilməyəcəyəm! Qalsın sabaha! Saat üçdə Mehdiqulu bəy ABŞ-dan zəng eləməliydi!.. (Tələsik getmək istəyir.)
    Gənc aktrisa. So help mi evri... (Birdən diksinir.) Haradan?
    Dayı (ayaq saxlayır). Amerikadan də, Los-Ancelesdən.
    G ə n ç a k t r i s a (elə bil ki, qulağına inanmır). Los-Ancelesdən!..
    D a y ı. Hə də. Mehdiqulu bəy.
    Gənc aktrisa. Mehdiqulu bəy kimdi?
    Baş rejissor yenə də qəbul otağının qapısına yaxınlaşıb qulaq asır və əmin-amanlıq olduğu üçun, təzədən qayıdıb yazı mizinin dolabından araq şüşəsini çıxarır, qədəhinə süzür.
    Katibə (istehza ilə). Amerika Birləşmiş Ştatlarının prezidenti! (Telefon dəstəyinə) Sənnən deyiləm!
    D a y ı. Bu nə danışır belə? Mehdiqulu bəy Amerikanın prezidenti haçan oldu, mənim xəbərim olmadı? (Tərəddüdlə) Yox canım, Amerikanın prezidenti olsaydı, mənə xəbər eləyərdi... Heç olmasa bir teleqram vurardı!.. Uzaq başı «Vətən» cəmiyyətinə bir teleqram göndərərdi, Elçin müəllimə!.. Yox, bu səhv eləyir...
    Gənc aktrisa. Siz ona fikir verməyin! Bəs kimdi?
    Katibə (hirslə telefon dəstəyinə). Bura teatrdı e, teatr!.. Burda ala qarğa baş çıxarmaz, ağəz, sözünü de!.. Hə, trusikdə qaçıb deyirsən?..
    Direktor. Vay!.. (Iki əliylə də öz başına qapaz vurur.)
    G ə n c a k t r i s a (səbrsiz). Kimdi Mehdiqulu bəy?
    D a y ı. Hollivudda «Mehdiqulu portinş kompani»nin prezidenti. (Katibəyə işarə edir.) Bu səhv salır, ABŞ-ın prezidenti deyil...
    Gənc aktrisa (az qalır bayılsın). Oy!.. Oy!.. Nə? Harada? Hollivudda?.. May lord iz not may lord. Hollivudda...
    Baş rejissor qədəhi başına çəkir.
    Dayı. Hə, Hollivudda!.. Dünyanın işləridi də. Mənnən bir yerdə Stalinqradda vuruşurdu faşistlərnən. Plen düşdü... Qabaq bura məktub yazırdı ki, partizan olmuşam... Amma indi deyir ki, yox, Vlasovçu olmuşam, legionda vuruşmuşam... Bakının fəxri vətəndaşı olmaq istəyir!.. Görüm neynirəm də?! Bakının icra hakimiyyəti başçısına məktub yazmışam bu barədə. (Getmək istəyir.)
    Gənc aktrisa. Bir dəqiqə!.. Bir dəqiqə!.. O sizin dostunuzdu?
    D a y ı. Əlbəttə! Birinci sinifdən bir yerdə oxumuşuq! Özü də səhər-səhər idman eləyir, yaxşı qalıb!
    G ə n c a k t r i s a. Oy!..
    K a t i b ə. Bax e, Mehdiquluya ərə getmək istəyir!..
    G ə n c a k t r i s a. Ənd stud vizin ze blank of his displeja... Amerikada yaşayır?
    D a y ı. Hə də...
    G ə n c a k t r i s a. Hollivudda?
    D a y ı. Hə...
    G ə n c a k t r i s a. Özü də Vlasovçu?
    D a y ı. Hə!.. (Gülə-gulə başını yelləyir.) Ay səni, Mehdiqulu!..
    G ə n c a k t r i s a. Bəs... Bəs siz kimsiniz?
    D a y ı. Mən? Mən dayıyam...
    G ə n c a k t r i s a. Kimin dayısı?
    D a y ı. Bizim o uşağın...
    G ə n c a k t r i s a (diqqətlə Dayıya baxır). Əhmədin!..
    Direktor (yerindən sıçrayır). Vur! Vur! Köpək oğlu, köpək!.. It oğlu, it!.. Eşşək oğlu, eşşək!..
    D a y ı. Hə də...
    G ə n c a k t r i s a. O-o-o!.. Əhməd mənim ən sevimli aktyorumdu! Özündən soruşsaz, deyər sizə!.. Mən həmişə demişəm, Əhməd bu teatrın ümid yeridi!..
    K a t i b ə. Vay.. (Heyrətlə.) Gör necə rola girdi birdən-birə!
    G ə n c a k t r i s a. Mən çox çalışdım ki, o bizim teatrdan getməsin, ancaq mümkün olmadı.
    Katibə.Dezdemona nədi, zad nədi?! Kakoye kovarstvo! Kakaya loj! (Telefon dəstəyinə) Yox, sənnən deyiləm. Kimnənəm? Teatrnan!.. Teatrnan!..
    G ə n c a k t r i s a. (bir uşaq məsumluğu ilə). Mənim ən böyük arzum onunla bir yerdə «Otello»da oynamaq olub!.. O teatra qayıtmalıdı! Mən mitinq eləyəcəyəm! Aclıq elan edəcəyəm!.. O-o ABŞ!.. Hollivud! Əziz Mehdiqulu bəy! Sevimli insan! Fo may fri spitç! O-o-o!.. Əls zraye-centl Kassio! May advə keyşn iz not nau in tyun!.. Milli Məclisə yazacağam!.. Spikerin qəbuluna gedəcəyəm! Bizdə istedadı boğurlar!.. Əhməd istedaddı! O-o-o! Hollivud!.. (Dayının qoluna girir.) Gedək! Mən sizə öz həyatımın tarixçəsini danışacağam! Qoy Mehdiqulu bəy hər şeyi bilsin! Gəlin! Mən sizə hər şeyi danışacağam! Mən sizdən heç nəyi gizlətməyəcəyəm! Əhməd teatra qayıtmalıdı! Ancaq siz də mənim sözlərimi Mehdiqulu bəyə çatdırmalısız! (Qol-qola səhnədən çıxırlar.) Direktor (yerindən sıçrayır). Davay! Davay! Oy! (Iki əlilə də başına qapaz vurub yerində oturur.)
    Baş rejissor bir yazı mizinin dolabına, bir də qapıya tərəf baxır, böyük tərəddüdlərdən sonra yenə araq çıxarır.
    Katibə (telefon dəstəyinə). Yox, yox, sənnən deyiləm!.. (Gənc aktrisanı yamsılayır.) May lord iz not may lord... Ala e, ala! (Telefon dəstəyini çiyni ilə qulağına sıxıb iki əliylə də Gənc aktrisanın qarasına kül eləyir.)
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

    Artistin qrim otağı. Artist, Dayı, Silvana.
    Artist Otellonun qrimində və qiyafəsində güzgü qarşısında oturub qriminin ora-burasını düzəldə-düzəldə rolunu təkrar edir.
    Artist. Emiliyadır, yəqin, gətirib xəbər...
    Demək Kassionu məhv eləyiblər -
    Bu saat, bu saat, hə, öldü daha...
    D a y ı (qapını açıb başını içəri salır). Icazə olar?
    A r t i s t. Yox! yox!
    Artıq qımıldanmır... tərpəndi, aha...
    Yox, yox, yatıb qalıb, xəyanətsizdir...
    Məzar tək sakitdir, hərəkətsizdir...
    D a y ı. Bircə dəqiqə!
    A r t i s t. Yox! Dedim ki, məşğulam!
    Emilyanı evə buraxım, ya yox?
    Hansı yaxşı olar? Bağırır nə çox...
    Mənə elə gəlir, yenə tərpəndi...
    Dayı içəri girir.
    Eşitmədiz məni?
    Dayı ardıyca qapını bağlayır.
     (Diqqətlə baxır.) Yoxsa o Dayıdı-nədi, sizsiz? Teatrda yaman söz-söhbət gəzir... Hə?
    Dayı (barmaqını dodağına qaldırır). S-s-s...
    A r t i s t. Nə?
    D a y ı (barmağı dodağında). S-s-s...
    A r t i s t. Aha!.. Deyəsən öyrənmisiz teatrda hamıya bir-bir «xox!» deməyə?! Mən «xox!»dan qorxanlardan deyiləm! Mən heç o boyda Sovet hökumətindən qorxmadım! Mən rus ordusundan qorxmadım! (Amiranə) Çıxın bayıra!
    Yox, yox, tərpənmədi, nə edim indi?
    Emiliya içəri elə girəntək,
    Şübhəsiz, zövcəmə xitab edəcək...
    Demədim, çıxın?!
    Zövcəm? Hanı zövcəm? Yadam bu ada,
    Artıq mənim zövcəm yoxdu dünyada!..
     (Daha da bərkdən qışqırır.) Çıxın! Mən sizinçin partokrat-zad deyiləm, qorxuya düşüm! Mən bu xalqın yolunda mitinqlərdə can qoymuşam! Gedin, məndən Prezidentə şikayət ərizəsi yazın!
     (Ayağa qalxır.) Deyin ki, Otello məni qovdu!
    Zövcəm? Hanı zövcəm? Yadam bu ada,
    Artıq mənim zövcəm yoxdu dünyada!..
    Dayı (sakit). «Faraonı lyubyat oxotitsya!»
    Pauza.
     (Halını pozmadan eyni gərgin sakitliklə) «Faraonı lyubyat oxotitsya!»
    Pauza.
    A r t i s t (tamam özünü itirmiş). Mən... Siz... Mən... (Oturur.)
    D a y ı (amiranə). Qalxın!
    A r t i s t (yerindən dik atılaraq əlini qulağının üstünə aparıb hərbi rəsmi təzim edir). Yest, tovariş...
    D a y ı (onun sözünü kəsərək). Ostavit!..
    A r t i s t. Baş üstə!
    D a y ı. Oturun!
    Artist dərhal yerində oturur.
     (Otaqda gəzişə-gəzişə, barmağını hərdən güzgünün qabağındakı qrimlərə toxundurub baxabaxa.) Təkrar edim?
    A r t i s t (nigaran nəzərlərlə qapıya tərəf baxaraq tələsik). Yox...
    Dayı otaqda gəzişir.
    Siz kimsiz?
    D a y ı. Dayı.
    A r t i s t. Onu bildim... Başqa kimsiz?
    D a y ı. Başqa da Dayı.
    A r t i s t. Bəs... Bəs parolu hardan bilirsiz? (Tamam gərgin) A-a-a... Ordan gəlmisiz?
    D a y ı. Yox.
    Artist. Bəs hardan?
    D a y ı. O biri tərəfdən.
    Artist (həyəcanla). Hardan? Türkiyədən?
    D a y ı. Sualları mən verirəm!
    A r t i s t. Baş üstə!
    D a y ı (barmağını Artistin burnuna toxundurub qrimə baxır). Bunu hardan tapmısan?
    A r t i s t. Almışam.
    D a y ı. Hə?
    A r t i s t. Vallah, Moskvadan göndərməyiblər! Əldən almışam.
    D a y ı. Harda satırlar?
    A r t i s t. Kubinkada.
    Dayı diqqətlə barmağındakı qrimə baxır, iyləyir.
    Vallah, Moskvadan göndərməyiblər! Yaman xəsisdirlər! Bax, bunu göndəriblər mənə!
     (Fırçanı göstərir.) Vəssalam! (Qrimləri göstərir.) Bunları özüm almışam.
    D a y ı. Iki məsələni həll etməliyik.
    A r t i s t. Baş üstə!
    D a y ı. Birinci, bizim o bacı oğlunu...
    Artist (cidd-cəhdlə Dayının sözünü kəsir). Əhmədi deyirsiz. O mənim qardaşımdı! Onu nə qədər müdafiə elədim, olmadı! Bu partokrat onu ixtisara saldı!
    Dayı barmağını bu dəfə də Artistin qulağına vurub diqqətlə baxır.
    Vallah, Moskvadan deyil!
    D a y ı. Əhməd teatra qayıtmalıdı!
    A r t i s t. Baş üstə! Qaytarmasalar, mətbuat konfransı çağıracağam!
    D a y ı. Ikincisi... (Cibindən kağız çıxarıb ona verir.) Yaz!
    A r t i s t. Baş üstə!
    Dayı (imtina edərək). «Faraonı bolşe ne lyubyat oxotitsya!»
    A r t i s t. Bəs... Bəs məni axı, birtəhər eləyərlər!..
    D a y ı. Əvvəldən fikirləşəydin.
    A r t i s t. Neynəyim?.. Dedilər ki, Otellonu oynayacaqsan... Şirnikləndirdilər, verbovat elədilər... Mən... mən...
    D a y ı. Yaz!
    A r t i s t. Mən... Mən...
    Dayı barmağını Artistin yanağına toxundurub diqqətlə baxır. (Tələsik)
    Yazıram!..
    D a y ı. Faraonı...
    A r t i s t. Rusca yazım?
    D a y ı. Əlbəttə!
    A r t i s t. Baş üstə.
    D a y ı. Faraonı...
    A r t i s t (yaza-yaza). Fa... raonı...
    D a y ı. ...bolşe ne lyubyat...
    A r t i s t. Bolşe... Səni görüm lənətə gələsən, KQB!.. bol.. şe... Səni görüm... ne... lyubyat...
    D a y ı. ...oxotitsya!
    A r t i s t. ... o... xo... titsya... sya!..» Yazdım.
    D a y ı. Ver bura!
    A r t i s t. Baş üstə! (Kağızı Dayıya verir.)
    A r t i s t. Heç kim bilməyəcək ki? Hə? Bilməyəcək?..
    D a y ı. Bəs deyirdiz ki, Prezidentə yaz?!
    Artist. Kimə yazırsız, yazın, amma teatrda heç kim bilməsin! Teatrda!.. Teatrda!.. Teatr!.. Teatr!..
<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.01.2014) | Müəllif: R.C E W
Baxış: 454 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more