Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mən sənin dünyanam-2
<< 1 / 2 / 3 >>

    Xorun üzvləri bir göz qırpımında səhnəyə səpələnir.
    Nəqərat. Məsxərədir! Məsxərə!..
    Tamaşadır!.. Tamaşa!..
    Yaşa, teatr, yaşa!..
    Min yaşa, min bir yaşa!..
    - Teatr - sandığı açır!
    - Teatrda yoxdu sirr!..
    - Ha bəzə, bəzə, bəzə,
    Kim nə deyəcək bizə?!
    - Sözün düzün deyərik!
    - Hər nə gəldi geyərik!..
    - Səhnədə plov, kabab,
    Evdə sosis yeyərik!..
    - O da heyhat, olanda!..
    - Sosiska da olanda?
    - Sosiska da olanda!
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Bu selbə kimi tuta,
    Bu paya kimə dəyə?!
    - Dar dalanın tinində,
    Qır qazanı tinindən
    Çıxıb qoçaq Otello.
    Rüşvət verir birinə,
    Fəxri ad alsın deyə!..
    - Faciədir!.. Faciə!..
    - Məsxərədir!.. Məsxərə!..
    - Yatanlar çoxdan yatıb,
    Ayıqlar qaçsın hara?
    - Qaçan özündən qaçır,
    Qovan... ölüyə çatır!..
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Birdən-birə işıq yalnız Silvananın və onunla üz-üzə gələn
    Dayının üzərinə düşür.
    D a y ı (şaşqın). Aman!.. Bu doğrudanmı sizsiniz?!
    S i l v a n a (təəccüblə). Nə?
    D a y ı. Mənim həyatımın mənası!.. Sizin bundan xəbəriniz yoxdu...
    S i l v a n a. Siz nə danışırsınız?
    D a y ı. Əlbəttə, sizin xəbəriniz yoxdu! Siz hardan biləsiniz? Siz hardan biləsiniz ki, mən, sadə bir insan, bütün həyatım boyu sizin... sizin eşqinizlə yaşamışam?!
    S i l v a n a. Nə?
    D a y ı. Bəli! Bəli! Yüz dəfə bəli! Min dəfə bəli! Biz haçansa rastlaşmalıydıq! Mən haçansa bu sözləri sizə deməliydim! Bu etiraf olmalıydı!
    S i l v a n a (yavaş-yavaş nazlanaraq). Axı, mən sizi tanımıram...
    D a y ı. Əlbəttə... Amma sizi Azərbaycanda tanımayan yoxdu! Siz Azərbaycanın Sara Bernarısınız!
    S i l v a n a (yavaş-yavaş həvəslənərək). O-o-o... Siz Sara Bernarı da tanıyırsınız?..
    D a y ı. Illərdən bəri sizin xəyalınızla nəfəs alıb teatrdan bixəbər qalmaq bəyəm mümkündür? Yox, mümkün deyil! Əyər siz də Sara kimi Fransada yaşasaydınız, təkcə Azərbaycan yox, bütün dünya sizə heyran qalardı. Sizin Dezdemona!.. Sizin səsiniz!... (Dezdemonanın səsiylə)
    Mən Mavrı sevdim ki, çəkib dərd, bəla,
    Hər zaman, hər yerdə qalım onunla...
    Bütün aləm bilir artıq bu işi,
    Məni oda atıb bəxtin gərdişi...
    Onun mərdliyinə məftun olmuşam...
    Otellonun -
    eşqi ilə çırpınan quşam...
    Ah!.. Bu sözləri sizdən başqa kim belə deyə bilər? Kim? (Qışqırır.) Kim?
    S i l v a n a (xoş bir həyəcanla). Sakit olun...
    D a y ı. Heç kim! Heç kim!
    Mənim əziz atam...
    Sən mənə vermisən həyat, tərbiyə,
    Mən sənə borcluyam qızınam deyə,
    Fəqət...
    Pauza.
    Ərim vardır... Heç kim! Heç kim! Siz! Yalnız siz!
    S i l v a n a. Doğrusu... Mən birinci dəfədi sizin kimi pərəstişkar görürəm...
    D a y ı. Yox... Mən sizin yalnız pərəstişkarınız deyiləm? Mən, mən... Mən aşiqəm! Sizi beləcə üz-üzə görən kimi hər şeyi unutdum... Əhməd də yadımdan çıxdı getdi!..
    S i l v a n a. A-a-a!.. Əhmədin o dayısı sizsiniz, hə?
    Dayı başını tərpədir, yəni ki, bəli, mənəm.
     (Müştəri gözü ilə diqqətlə təpədən-dırnağacan Dayını süzərək.) Hə.... Əhməd... Əhməd istedadsız adam deyil... Ondan sənətkar yetişdirmək mümkündü...
    D a y ı (ehtirasla). Mənim sizə deyəcək sözlərim çoxdu!.. Əhməd heç!..
    Silvana. Yox, niyə? Əhmədin yaradıcılıq imkanları az deyil... Dayı. Siz!.. Yalnız siz!.. Təbiətin bir gözəl guşəsində mən öz urəyimi sizə boşaltmaq istəyirəm!.. Imtina etməyin! Xahiş edirəm sizdən! Bu mənim həyatımın ən ali bir məqamıdı!.. Imtina etməyin!..
    Işıq sönür.
ALTINCI ŞƏKİL


    Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri. Katibə, B a ş r e j i s s o r, M ü ə l l i f, D i r e k t o r. Katibə həmişəki kimi, öz mizinin arxasında oturub telefonla danışır. Direktor öz kabinetində var-gəl edir. Baş rejisssor dostumuz da öz mizinin arxasında oturub.
    Direktor. Kimin ağlına gələrdi?! Kimin ağlına gələrdi ki, o boyda Sovet hökuməti bir göz qırpımında tar-mar olacaq?! Gorun çatdasın, Stalin!
    K a t i b ə. Lap əməlli-başlı öpüşürdülər?
    Baş rejissor mizin dolabını açır və barmaqlarını mizin üstündə oynada-oynada diqqətlə dolabın içinə baxır. Müəllif əlində portfel qəbul otağına daxil olur.
    Katibə. Olmaz!
    Müəllif tələsik Baş rejissorun qapısını açıb başını içəri soxur.
    Dedim ki, olmaz! (Telefon dəstəyinə) Sənnən deyiləm.
    Baş rejissor (gözünü dolabdan çəkərək narazı). Yenə sənsən?
    M ü ə l l i f. Hə də... Özünüz demişdiz!
    K a t i b ə. Olmaz!
    Baş rejissor. Nə demişdim?
    M ü ə l l i f. Demişdiz ki, sabah gəl, əsər barədə yaradıcılıq söhbəti eləyək!
    B a ş r e j i s s o r. Mən? Harda demişdim?
    M ü ə l l i f. Dünən də... Restoranda...
    B a ş r e j i s s o r. Hə? Yaxşı... Keç içəri...
    Müəllif (kabinetə keçərək katibəyə). Icazə verdi!
    K a t i b ə. Psix! (Telefon dəstəyinə) Heç, burda biri var... E, nə bilim nədi adı? Birdi bəyəm? Beşdi? Ondu? Sizdə? Yox canım, sizdə çox ola bilməz!.. Zato bizdə direktor demokratdı! Baş rejissor. Əyləş də...
    Müəllif əyləşir.
    Belədi... yaradıcılıq söhbəti deyəndə ki... Belədi, qoyunlar var e, orda..
    M ü ə l l i f. Bəli!
    Baş rejissor. Onları dəyişmək lazımdı... Qoyun olmasın...
    M ü ə l l i f. Necə? Axı, pyes qoyunçuluğa həsr olunub!
    Gülzar quzuları qucağına alır, onları əzizləyir...
    Baş rejissor. Gülzar kimdi?
    M ü ə l l i f. Yadigarın sevgilisi!
    Baş rejissor. Kimin?
    M ü ə l l i f. Yadigarın!
    B a ş r e j i s s o r. O kimdi?
    M ü ə l l i f. Yadigar? Bəs sizin o cürə xoşunuza gəlmişdi! O cürə tərifləyirdiz!..
    Baş rejissor. Mən? Harda?
    M ü ə l l i f. Keçən həftə... Restoranda...
    Baş rejissor. Hə... Yadigar... Yadigar...
    M ü ə l l i f. Bəli! Qabaqcıl çoban! Hər quzudan iki bala alır!..
    Baş rejissor. Nolar? Inəkdən bala almaq olmaz?! Indi bizdə maldarlığı inkişaf etdirmək lazımdı! Inək qalmayıb, camış qalmayıb, qaçaq mal keçirirlər Irana!.. Süd tapılmır, qatıq yox!.. Qatıqsız Allahın yarpaq dolmasını da yemək olmur, belə müsibət olar?! Hə? Soruşuram da sənnən, özü də dramaturq olmaq istəyirsən!.. Istəyirsən ki, bizim teatrda əsərin oynanılsın!.. hə?
    M ü ə l l i f. Bəs...
    Direktor (var-gəl edərək). Kül olsun başına KQB-nin!.. Elə adı varıymış!.. Amerikanın şipyonu gəldi oldu Sekanın Baş katibi, sonra da satdı partiyanı bir keçi qiymətinə!..
    M ü ə l l i f. Bəs...
    Baş rejissor. Nə bəs? Inəyin əti də çox olur!
    Müəllif. Bəs Gülzar o boyda buzovları neçə qucağına alsın?
    Baş rejissor. Əşşi!.. Gülzarın qucağı bəyəm vağzal bufetidi? Elə gərək nəsə alsın qucağına?! Dinc otura bilmir Gülzar? Qoy sağıcı olsun! Süd tapılmır indi, qoy süd sağsın! Sənin heç vətəndaşlığın yoxdu e!..
    M ü ə l l i f. Mənim istedadım...
    Baş rejissor (onun sözünü kəsərək). Nə mənim istedadım?! Millətin bu ac vaxtında sənin istedadın ətin, südün əleyhinədi?
    M ü ə l l i f (tələsik). Xeyr! Xeyr!
    Baş rejissor. Bəs onda nə deyirsən?
    K a t i b ə. O-o-oy!.. O da trusikdə?!
    M ü ə l l i f. Axı əvvəlcə sağıcı idi!..
    Baş rejissor. Kim?
    M ü ə l l i f. Gülzar! Siz dediz ki, sağıcı day moddan düşüb!..
    Baş rejissor. Mən?
    M ü ə l l i f. Hə. Dediz ki, totalitar rejimdən miras qalıb, sosializm-realizmindən...
    Baş rejissor. Nə vaxt dedim, a kişi?
    Müəllif. Keçən həftə!.. Restoranda... Dediz ki, mən gərək yenilik gətirim səhnəyə!.. Mən də gətirdim də!..
    Baş rejissor (acıqlı). Yaxşı! Yaxşı!.. Nə deyirik, elə də, elə!.. Biz sənətin yolunda can qoymuşuq!.. Teatrdı e, bu, teatr! (Ayağa qalxır.) Başa düşdün?! (Qışqırır.) Teatr!
    Xorun üzvləri yenə də bir göz qırpımında səhnəyə səpələnir.
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Rus, fransız, yaponam!..
    - Başdan papaq qapanam!..
    - Gah gözələm, gah kifir!..
    - Hambal Dadaş gül vurub,
    Gedib olubdu səfir!
    - Robin Qudun qılıncı
    Paslanıb, qında yatır!..
    - Qırat - axsaq bir qatır!
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Işıq yalnız Müəllifin üzərinə düşüb.
    Müəllif. Ay-hay!.. Sən öləsən, day restoran yoxdu! Qurtardı! Qələt eləyərəm mən bir də səni restorana apararam! Restoranda vurub əsəri tərifləyir deyir ki, gərək səhnədə romantika olsun, qoy Gülzar quzuları qucağına alsın, camaat bezib day gərginlikdən! Ayılanda da başlayır ki, qoyunu inək elə, day nə bilim, nə? Təqsir səndə deyil, mənim kor taleyimdədir! Kor taleyim də ki, mənim istedadımı, mənim yuxusuz gecələrimi gətirib sənin ayaqlarının altına atır!.. Mənim yaradıcılıq əzablarım bəs deyilmi?! Yazmaq məşəqqəti mənimçün kifayət deyilmi?! Üstəlik nə üçün tale məni sənət yolunda bu cürə antipodlara ürcah eləyir?! Nə üçün?! Amma mən ruhdan düşməyəcəyəm! Mən qəhrəman xalqımın sevimli sənətkarı olacağam! Öz əsərim uğrunda mübarizə aparacağam! Mən yeni əsərlər yazacağam! Nəyin bahasına olursa-olsun. Mənim ilhamım çağlayan bir bulaqdır! Coşğun şəlalədir! Büllur göz yaşıdır! Mən öz istedadıma xəyanət edə bilmərəm!.. Əyər etsəm, mənim qəhrəman xalqım öz sənətkarını bağışlamaz! (Portfelini yerə qoyub iki əlini də göyə qaldırır.) Ey ulu Tanrı! Sən özün mənim ilham pərimi hifz elə! Qoru, qoru sənətkar oğlunu, qoru!..
    İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL


    Təbiətin gözəl bir guşəsi. Silvana, Dayı. Silvana ilə Dayı o gözəl təbiət guşəsində gəzişir, hərdən dayanıb təbiətdən və bir-birlərindən həzz alır, sonra yenə gəzişirlər.
    S i l v a n a. Ah!.. Quşların səsini eşidirsinizmi?
    D a y ı. Eşidirəm...
    S i l v a n a. Əlli ildi teatrda o qədər yalançı quşların səsinə qulaq asıram ki, həqiqi quşların səsi məni az qalır bihuş etsin...
    Pauza.
    D a y ı. Neçə ildi?
    S i l v a n a. Nə neçə ildi?
    D a y ı. Dediz ki, neçə ildi teatrda yalançı quşların səsinə qulaq asırsız?
    S i l v a n a. E-e-e... Bir neçə ildi!.. Əzizim, siz quşların səsinə qulaq asın... Illəri yaddan çıxarın... Ancaq bu tərəfə baxaq, o tərəfə yox...
    D a y ı. O tərəfdə nədi ki?
    Silvana. O tərəfdə bizim teatrın damı görünür... Bu tərəfə baxın, bu tərəfə!.. Quşlara qülaq asın!.. Yarpaqların pıçıltısına fikir verin!.. (Gözlərini yumur.)
    Pauza.
    Siz də gözlərinizi yumun!..
    Pauza.
    Yumdunuzmu?
    D a y ı. Bəli...
    Pauza.
    S i l v a n a. Mən dağ şəlalələrini görürəm... Nə gözəl çəmənlikdi... Hər tərəf laləlikdi... Siz də görürsüz?
    D a y ı. Mən yox...
    S i l v a n a (gözlərini açaraq narahat). Görmürsüz?
    D a y ı. Yox...
    S i l v a n a (gizli bir həyəcanla). Bəs siz nə görürsüz?
    D a y ı. Mən?
    S i l v a n a. Hə də, siz!
    D a y ı. Sizi...
    S i l v a n a (tələsik). Açmayın gözünüzü, açmayın!. (Təzədən gözlərini yumur.) Mən də açmıram... O-o-o... Mən də sizi görürəm... Biz bir yerdə o şəlalənin kənarındayıq... Üstümüzə narın su çilənir... O-o-o... Siz mənə təklif edirsiniz...
    D a y ı. Nə təklif?
    Silvana. Belə hallarda kişilər qadınlara nə təklif edir?
    D a y ı. E-e-e... (Gözlərini açır.)
    S i l v a n a. Mən indi o təklifi sizin özünüzdən eşitmək istəyirəm...
    D a y ı. Elə burada?
    S i l v a n a (gözlərini açır). Əlbəttə... Bura çox gözəldir... Ancaq (Əli ilə teatr tərəfi göstərir.) o tərəfə baxmayın...
    D a y ı. Birdən adam-zad gəldi?..
    S i l v a n a. Nə olar? Gəlsin də!..
    Dayı (ətrafa boylanır). Heç olmasa uzun skamyadan-zaddan da yoxdu...
    Silvana. O-o-o!.. (Yavaşdan) Gör indidən ürəyindən nə keçir e... yaman şeydi!.. (Bərkdən)
    Mən ciddi təklif deyirəm...
    D a y ı. Yəni... Mən...
    Silvana (bir az səbrsiz). Ailə təklifi!..
    D a y ı. Siz... Siz mənə gələrsiz?
    Silvana. O-o-o!.. (Gözlərini yumur.) Necə də ürəkdən deyirsiz!.. Quşların səsini eşidirsinizmi?
    D a y ı. Bəli...
    S i l v a n a. Gözlərinizi yumun...
    D a y ı. Yenə?
    S i l v a n a. Hə...
    Dayı gözlərini yumur.
    Elə bil... Elə bil, məni qara basır... Bu həqiqətdir, elə deyilmi?
    D a y ı. Elədi...
    S i l v a n a. Təkrar edin...
    D a y ı. Quşların səsini eşidirəm.
    S i l v a n a. Onu yox. Təklifi!
    D a y ı. Siz mənə gələrsiz?
    S i l v a n a. O-o-o!.. Mən indi sizə cavab verməliyəm, hə?
    D a y ı (çiyinlərini çəkir). Yəqin də...
    S i l v a n a. Birdən-birə cavab verim? Bu cürə ciddi təklifə o saat cavab vermək olmaz axı...
    Ilk dəfədi... Ilk dəfədi mənə bu cürə təklif edirlər! Adətən həmişə təklifi mən özüm eləmişəm...
    Dayı. Nə?
    S i l v a n a. Yəni çox ciddi təklifdi! Qoyun... qoyun iki gün fikirləşim!
    D a y ı (tələsik). Siz nə danışırsız? Mən sizə lap bir ay vaxt verirəm!
    S i l v a n a. Yox, yox!.. Iki gün kifayətdi!
    D a y ı. Eybi yox, qoy on gün olsun! Siz nə xahiş edirsinizsə, mən istəyirəm ki, çox olsun!..
    Bol olsun!.. Sizin ürəyinizcə olsun!..
    S i l v a n a. Ah, əzizim!.. Amma iki gün kifayətdi!
    D a y ı. Ancaq mən...
    Silvana (gözlərini açır). Nə ancaq?
    D a y ı. Heç... Bizim o uşaqdan nigaranam...
    S i l v a n a. Əhməd? (Birdən-birə o gözəl romantikadan sərt realizmə keçir.) Əhməd! Əhməd mütləq teatra qayıtmalıdır! Əhməd rol oynamalıdır! Mənim tərəfmüqabilim olmalıdır!
    D a y ı. Əhməd?
    S i l v a n a. Bəli!
    D a y ı. Onunla bir yerdə oynayarsınız?
    S i l v a n a. Əlbəttə!
    D a y ı. Yəni doğru sözünüzdü?
    S i l v a n a. Mütləq! Biz mütləq bir yerdə oynayacağıq! Mən yeni istedadlar yetişdirməliyəm!
    Mən ona sənətin sirlərini öyrətməliyəm!
    D a y ı. Axı, əvvəllər...
    S i l v a n a. Əvvəllər daha əvvəldə qaldı! Əvvəllər siz yox idiniz mənim həyatımda! Mən onu teatra qaytaracağam! (Əlini qaldırıb teatr binası görünən tərəfi hədələyir.) Mən onların başına bir oyun açım ki, heç ağıllarına da gəlməsin! Analarını ağladacağam onların! Turp əkəcəyəm başlarına! Mənə sataşmaq?! Əhmədi ixtisar eləmək?! Yox, mən buna dözə bilmərəm! (Iti addımlarla teatra tərəf gedərək səhnədən çıxır.)
    Pauza.
    D a y ı. Allah, sən saxla!..
    İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL


    Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri. Katibə, Direktor, Baş rejissor, Gənc aktrisa,
    S i l v a n a.
    Katibə öz yerində oturub telefonla danışır. Direktor kabinetində oturub televizora baxır. Baş rejissor kabinetində mizin arxasında oturub «Hamlet»i oxuyur.
    Direktor (televiziya ilə çalınan qara zurnaya qulaq asa-asa). Eh!..
    K a t i b ə (telefon dəstəyinə). Oy, ne mojet bıt?!
    B a ş r e j i s s o r (yumruğunu mizin üstünə vurur). Sənət belə olar e!..
    Yox, yox, yersiz deyil, yox, elə demə!
    Sənin şan-şöhrətin, bütün var-yoxun
    Və bütün sərvətin saf əxlaqındır,
    Üzünə demirəm, inan, Horatsio!..
    Maldarlıq deyil e, sənətdir, sənət!
    D i r e k t o r. Ay zalım!.. Ay zalım!.. Gör bir necə çalır e!.. O gözəl keçmiş zamanlar adamın yadına düşür! Adamın gözünün qabağına gəlir!.. Of-of!..
    Pauza.
    Of!.. (Cibindən dəsmal çıxarıb dolmuş gözlərini silir.)
    G ə n c a k t r i s a (ingilis dilində əzbərləyə-əzbərləyə gəlir). May lord iz not may lord...
    Katibə (acıqlı). Gəldi gözəlçə!.. (Telefon dəstəyinə) Sənnən deyiləm...
    G ə n c a k t r i s a. No-o-o şuld ay nou him... (Direktorun kabinetinə tərəf gedir.)
    Katibə. Məşğuldu! (Telefon dəstəyinə) Sənnən deyiləm.
    Zurnanın səsi isə Direktorun lap atasını yandırır.
    D i r e k t o r. Eh... Kim idin, indi gör gəlib kim olmusan?! Hayıf o keçən günlərdən!.. Qədrini bilmədik o günlərin!.. Bilmədik, bilmədik!.. (Dolmuş gözlərini silir.)
    G ə n c a k t r i s a. Vuee hi in feyvə əs in hyumə ol-təd... (Qəflətən Direktorun kabinetinin qapısını açıb içəri girir.) Salam!..
    D i r e k t o r (diksinərək). Hə? Kimdi? (Ayağa qalxır.)
    K a t i b ə. Olmaz!..
    Gənc aktrisa. Oy, nə olub belə? Gözləriniz nə yaman qızarıb?
    B a ş r e j i s s o r. Budur sənət!..
    Gecə sehrbazları başladı artıq,
    Indi ölülər qalxır öz məzarından!..
    Bəla və od püskürür indi cəhənnəm!..
    Budur!..
    Direktor. Heç... Toz girib gözümə...
    Katibə (telefon dəstəyinə). Sənnən deyiləm... Burda biri var, Dezdemonanı oynamaq istəyir. Rol vermirlər ona. Indi ingiliscə öyrənir ki, Mehdiqulu ona rol versin Amerikada!.. Mehdiqulu?
    Heç, biri var...
    D i r e k t o r. Yenə nə lazımdı?
    Gənc aktrisa. Dezdemona!
    Direktor. Nə?
    G ə n c a k t r i s a. Dezdemona! Siz o rolu mənə verməlisiz!.. Mən səhnədə Dezdemonanı oynamalıyam!.. Mən Dezdemona ilə yaşayıram! Mənim üçün yox, heç olmasa tamaşaçılar üçün edin bunu!..
    D i r e k t o r. Qulaq asın...
    Gənc aktrisa. Sonra gec olar!.. Mehdiqulu bəy onsuz da məni Amerikaya dəvət edəcək! Onda siz xəcalət çəkəcəksiniz!
    Direktor. Mehdiqulu?
    G ə n c a k t r i s a. Yoxsa siz hələ Dayını tanımırsız?
    Direktor. Vallah, mən sizin danışığınızdan heç nə başa düşmürəm!
    Gənc aktrisa. Eybi yox! Əhmədi teatra qaytaranda başa düşərsiz!
    Direktor. Əhmədi? (Gülür.) Əhməd getdi e!..
    Gənc aktrisa. Xeyr!
    Direktor. Vallah, baş açmıram ki, sizin hamınıza nə olub? Birtəhərsiz hamınız!.. Qulaq asın! Siz bilirsiz ki, mən həmişə demokratiya uğrunda mübarizə aparmışam!.. Mən nə qədər çalışmışam ki, indiki gözəl günlərimizi əldə edək!.. Siz hələ cavansız!.. Qədrini bilin bu gözəl günlərin!.. Totalitar rejim artıq arxada qalıb! (Əli ilə televizora işarə edir.) Eşidirsiz? O qara zurna bizim azadlıq uğrunda mübarizəmizdən xəbər verir!..
    Katibə (telefon dəstəyinə). Bir dəqiqə dayan. (Dəstəyi mizin üstünə qoyur və gəlib direktorun kabinetinin qapısı ağzında əyilərək açar deşiyindən içəri baxır.)
    G ə n c a k t r i s a. Mən bilirəm ki, siz demokratsınız!
    D i r e k t o r. Əlbəttə!.. (Yenə bir anlıq qara zurnanın səsinə qulaq asır.) Of-of!...
    Gənc aktrisa. Ancaq mən Dezdemonanı istəyirəm!
    Direktor (gizli bir hədə ilə). Bəs, demokratiyanı istəmirsiz?
    Gənc aktrisa. Olsun də!.. Demokratiya olsun, nə olur-olsun, ancaq Dezdemonanı mənə verin!
    Direktor. Ay-yay-yay!.. Mən sizdən belə söz gözləməzdim!.. Yaşadığımız bu günlərin qədrini bilin!.. Keçmiş o mənfur totalitar rejim yadıma düşəndə, indi hirsimdən gözlərim dolur!
    Baş rejissor (yumruğunu mizin üstünə vurub ayağa qalxır). Eh, Şekspir!.. Şekspir!..
    Sən Neronun ruhunu mənim sinəmə
    Gətirmə, yox, gətirmə!
     (Qapını açıb qəbul otağına baxır və arxası ona əyilmiş Katibəni görür.) Ehe-ehe...
    K a t i b ə (tələsik belini düzəldir). Düyməm düşüb...
    B a ş r e j i s s o r. Siz bu düymələrinizi bərkidin də!.. Adamın düyməsi nə qədər düşər? Mən «Hamlet»lə məşğulam, heç kim girməsin!
    K a t i b ə. O portfellə gəzən də?
    B a ş r e j i s s o r. Heç kim!
    K a t i b ə. Yaxşı.
    Baş rejissor qapını örtüb mizə tərəf gəlir, mizin dolabını açıb araq şüşəsi, qədəh çıxarır, araqdan süzür. Katibə yenə də əyilib Direktorun qapısındakı açar deşiyindən baxır.
    Gənc aktrisa. Dezdemona!.. Dezdemona!.. (hıçqıra-hıçqıra ağlayır.) Dezdemona!..
    D i r e k t o r. Qulaq asın!.. Mən sizə kömək eləmək istəyirəm. Bilirsiz ki, mən demokratam! Amma...
    Gənc aktrisa daha da bərkdən ağlayır.
    Amma... Silvana!.. Silva!.. O-o-o!.. Bilirsiz ki, dəhşətdi!.. Respublikanın prezidenti də gəlsə, Dezdemonanı onun əlindən ala bilməz!
    Gənc aktrisa. Mən onu... Mən onu öldürəcəyəm!
    Direktor (kənara). Hardaydı bizdə o bəxt?! (Bərkdən.) Siz nə danışırsınız? Özünüzü ələ alın! Mən özüm onunla mübarizə aparacağam! Silva mənfur totalitar rejimin qalığıdır! Üzdəniraq Sovet Ittifaqının yadigarıdır! Siz bir az səbr eləyin! Görəcəksiniz mən nə eləyəcəyəm!
    Baş rejissor. Eh, Şekspir!.. Şekspir!.. (Qədəhi başına çəkir.)
    S i l v a n a (qəbul otağına girərək arxası ona tərəf əyilib açar deşiyindən baxan Katibəni görür). O-o-o!.. Nə gözəl mənzərə!..
    K a t i b ə (səksənərək belini qaldırır). Mən... Elə-belə...
    S i l v a n a. Nədi? (Qapıya işarə edərək.) Bir şey-zad eləyirlər orda?
    K a t i b ə. Mənim düyməm düşmüşdü...
    S i l v a n a. Mən də içəri girəndə düymən düşür?
    K a t i b ə. Yox a-a-a!..
    S i l v a n a. Düzünü de! Mən də içəri girəndə deşikdən baxırsan?
    Katibə. Allah haqqı baxmıram!.. (Silvana Baş rejissorun kabinetinə girmək istəyir.) O, «Hamlet»lə məşğuldu...
    Silvana hirslə Direktorun qapısını açıb içəri girir.
    Buna bir bax! (Yamsılayır.) «Mən də içəri girəndə deşikdən baxırsan?..» Nənəm yaşındadı, gör bir ürəyindən nələr keçir?! (Mizin üstündəki dəstəyi götürür.) Alo!
    Direktor (özünü itirmiş). Salam... Xanım... Siz...
    S i l v a n a. Əhməd nə üçün teatrdan uzaqlaşdırılıb?
    Direktor (təəccüblə). Ixtisara düşdü də... Siz də varıydız. Siz də onu təklif etdiz...
    S i l v a n a. Xeyr! Mən bu işi belə qoymayacağam! (Tərs-tərs Gənc aktrisaya baxaraq) Ixtisar eləməli o qədər adam var ki!.. Mən bu işlə məşğul olacağam! Bəs «Hamlet» nə oldu?
    Direktor (kənara). Vay dədə!.. Deyəsən indi də Ofelyanı oynamaq istəyir!.. (Bərkdən) Hə, bir az gecikir... (Baş rejissorun kabinetinə tərəf işarə edərək) Deyir ki, Şekspirlə zarafat eləmək olmaz! Mən elə özüm də bu saat «Hamlet»lə məşğul olmaq istəyirdim. Siz... siz burda söhbət edin, mən gəlirəm.
    Silvana (amiranə). «Hamlet»i gecikdirmək olmaz!
    Direktor. Əlbəttə!
    Gənc aktrisa daha da bərkdən zırıldayır.
    S i l v a n a. Mən Hamleti oynamalıyam!
    D i r e k t o r. Kimi?
    S i l v a n a. Hamleti! Hamletin özünü!
    Pauza.
    Direktor (Gənc aktrisaya tərəf). Hamlet.. daha kişi deyil? (Gənc aktrisa daha da bərkdən zırıldayır).
    S i l v a n a (barmağı ilə hədələyərək). Əhmədin məsələsini də belə qoymayacağam! Artıq demokratiya zamanıdır! Istedadları küçəyə atmaq olmaz! (Hirslə gedir.)
    Gənc aktrisa lap bərkdən ağlayır.
    B a ş r e j i s s o r (qədəhi yenidən dolduraraq). Eh, Şekspir!
    Direktor (özünü saxlaya bilməyərək qışqırır). Bu necə həyatdı?! Bu, həyat deyil, teatrdı!.. Teatrdı!.. Teatr!..
    Xorun üzvləri səhnəyə səpələnir.
    Nəqərat. Teatr!.. Teatr!...
    Teatr!.. Teatr!...
    - Teatrda Əzrayıl
    Işsiz qalıb, odur, bax!
    - Onun vəzifəsinə
    Göz dikən nə çoxdur, ah!..
    - Yarımştat ölülər,
    Yarımştat dirilər
    Şeytan toxumu əkib
    Iblislə gül dərirlər!
    - Yer əkindir, göy çadır,
    Su yerinə qan axır,
    Qan yerinə su axır!
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Məsxərədir, məsxərə!..
    Tamaşadır, tamaşa!..
    Yaşa, teatr, yaşa!..
    Min yaşa, min bir yaşa!..
    - O Dezdemona, Yaqo
    Düz bir ay bir həftədir
    Xaricdə səfərdədir!
    - Cülyetta Romeonun
    Müdiriylə kefdədir!
    - Otello camadardır!
    - Şmaqa da özün dartır!
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    - Mən güclüyəm səhnədə,
    Köməksizəm həyatda!
    - Hər anda, hər saatda
    Qorxuram, gülürəm də!
    - Döyürəm, söyürəm də!
    - Asıram, ölürəm də!
    - Mənim qrimim, parikim
    Dünyaya həşir salır!..
    Nəqərat. Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Işıq sönür.

DOQQUZUNCU ŞƏKİL


    Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri. Katibə, Direktor, Baş rejissor, Müəllif. Katibə telefonla danışır. Direktor kabinetində mizin arxasında oturub. Baş rejissor əyilib mizin dolabından araq çıxarır və qədəhə süzür.
    Direktor (Baş rejissorun kabinetinə işarə edərək). «Hamlet»i o qoymaq istəyir, ancaq Hamletin vəziyyətində mən özüməm! Necə deyirdi? Gör e yadımdan çıxıb. Əşşi, heç teatra gedirdim ki?! Kimin ağlına gələrdi ki, dövran dəyişəcək, mən də gəlib olacam teatr direktoru?! Ey, gidi dünya!..
    Müəllif qəbul otağına daxil olur.
    K a t i b ə. Mürdəşir, gəldi yenə!.. (Telefon dəstəyinə). Sənnən deyiləm...
    Müəllif Baş rejissorun qapısına tərəf gedir.
    Olmaz!
    Müəllif. Salam.
    K a t i b ə. Olmaz!
    M ü ə l l i f. Icazə verin bir balaca qapını açım, məni görsün.
    Katibə. Olmaz! Siz məni işləməyə qoymursunuz!
    M ü ə l l i f. Təkcə görsün də məni...
    K a t i b ə. Olmaz! O da işləyir, başa düşdüz? Burda işləyən tək mən deyiləm! Yaradıcılıqla məşğuldu! «Hamlet»i işləyir!
    Baş rejissor arağı içir və şüşə ilə qədəhi mizin yeşiyində gizlədir.
    B a ş r e j i s s o r (kefi kök). «Moskovski» hamısından yaxşıdı!
    Müəllif qapını aralayır.
    K a t i b ə. Dedim ki, olmaz! (Ayağa qalxır.)
    Baş rejissor (ruh yüksəkliyi ilə). O-o-o!.. Gəl, doroqoy!
    M ü ə l l i f (tənə ilə Katibəyə) Gördüz?! Özü deyir ki, gəl! Şekspir kənarın dramaturqudu, nolsun ki, onu hamı tanıyır?! Mən isə öz xalqımızın sənətkarıyam! Niyə biz sənətkarın qədrini ancaq öləndən sonra bilirik? «Hamlet» yox e, budur bizim milli tragediyamız! (Içəri girir.)
    K a t i b ə. Bunun dediyindən mən heç nə başa düşmürəm! Əlində də portfel!.. (Telefon dəstəyinə.) Yox, sənnən deyiləm!..
    Baş rejissor. Xoş gördük!.. Xoş gördük!..
    Müəllif (bu cürə səmimi görüşdən şaşırıb). Dünənki restorandan sonra, deyəsən kefi kökdü! (Bərkdən.) Salam, müəllim...
    Baş rejissor. Sadis!
    Müəllif əyləşir.
    Camaat ət dükanının müdiridi, çaxır dükanının müdiridi, amma sən kitab dükanının müdirisən!
    M ü ə l l i f. Bəli...
    Baş rejissor. O boyda bazar müdirliyini atdın, öz xoşunla, getdin oldun kitab dükanının müdiri! Hə?
    M ü ə l l i f. Bəli...
    Baş rejissor. Bilirsən niyə?
    M ü ə l l i f. Niyə?
    B a ş r e j i s s o r. Çünki sən sənətlə nəfəs alırsan, ona görə!
    M ü ə l l i f. Çox sağ olun...
    D i r e k t o r. Hə!.. Olum, ya ölüm! Budur məsələ! Yadıma düşdü! Bəli! Budur məsələ! Hamlet üçün bu sual səhnədədi, mənimçün həyatda! Kaş elə mənimçün də səhnədə olaydı, həyatda isə yenə əvvəlki kimi, iclaslar olaydı!.. Çıxışlar eləyəydik!. Bilmədik, qədrini bilmədik o günlərin!..
    Baş rejissor. Bütün günü sənin haqqında fikirləşmişəm! Sənət fədaisi!
    M ü ə l l i f. Çox sağ olun...
    Baş rejissor. Özü də tapmışam!
    M ü ə l l i f (səksəkəli). Nə tapmısız?
    B a ş r e j i s s o r. Dəvə!
    M ü ə l l i f. Nə?
    Baş rejissor. A kişi, təbin bəyəm kor eləyib səni? Ağlına gəlməyib? Dəvə!
    M ü ə l l i f. Axı, nə dəvə?
    Katibə (telefon dəstəyinə). Va-a-ay!.. Lap lütəccə?!
    B a ş r e j i s s o r. Dəvə də, dəvə! Tapmışam səninçün! Indi dəvəçiliyi inkişaf etdirmək lazımdı! Azərbaycan indi müstəqil dövlət quruculuğuna qədəm qoyub! Indi qədimlərdən gələn ənənələrimizi inkişaf elətdirmək lazımdı!..
    M ü ə l l i f. Axı...
    Baş rejissor (onu danışmağa qoymur). Nə axı?! Yetmiş ildə totalitar rejim dəvənin kökünü kəsib Azərbaycanda! Axırıncı dəfə haçan yemisən dəvə qutabı?
    M ü ə l l i f. Axı...
    Baş rejissor. Hə!.. Axı... Çünki heç yadına gəlmir! Mən axırıncı dəfə Allah bilir, iyirmi il, otuz il bunnan əvvəl yemişəm dəvə qutabı, indi də dadı damağımdadı! Bəli, dəvəçiliyi mütləq inkişaf elətdirmək lazımdı!
    M ü ə l l i f. Axı...
    Baş rejissor. Yenə başladı «axı...» Sən niyə öz qədrini bilmirsən?! Bu əsl sənin mövzundu! Gör heç Şekspirdə bir dənə qoyun var, inək var?! Ola bilməz! Bu bizə sosializm-realizmindən gəlib! Dəvəçilik! Güləndam da elmi işçidi!..
    M ü ə l l i f. Güləndam kimdi?
    Baş rejissor. Sənin qəhrəmanın də!.. Buzovu öpürdü e...
    M ü ə l l i f. Gülzar.
    B a ş r e j i s s o r. Hə. Gülzar... Bura bax, bu Gülzar adı da birtəhərdir. Onu da dəyişdir, elə Güləndam.
    M ü ə l l i f (qəflətən protest eləyərək ayağa qalxır). Yox! Heç vaxt! Mən heç vaxt Gülzarın adını dəyişməyəcəyəm! O... O mənim ilk məhəbbətimin adıdı! Sizdən xahiş edirəm ki...
    B a ş r e j i s s or. Yaxşı, yaxşı, sadis, doroqoy! Mən nə bilim ki, sənin ilk məhəbbətin olub?
    Müəllif yenidən oturur.
    D i r e k t o r. Bəli, olum, ya ölüm!.. Nə olacaq bu işlərin axırı? Yəni bu Sovet hökuməti doğrudan day qayıtmayacaq? Yəni Kommunist Partiyası da qurtardı? Politbüro olmayacaq day? Vallah, adam fikirləşəndə, elə bilir yuxudu, qarabasmadı!.. Bu tərəfdən də bunlar birdən-birə bu Əhməd söhbətini salıblar ortaya, bilmirəm niyə, amma heç xoşuma gəlmir. Nədisə dalağım sancır...
    Baş rejissor. Qoy Gülzar olsun! Müəllifin hüququna toxunmaq olmaz! Bir tərəfdən də ilk məhəbbət... (Qəflətən ağlına gəlir.) A zalım, elə ilk məhəbbətdən yaz də!.. Neynirsən bu heyvanları?
    Müəllif (coşqun). Yox! O müqəddəs mövzudu! O hələ gələcəkdə yazılacaq! Mənim qələmim...
    Baş rejissor. Yaxşı, yaxşı! Deməli, belə!.. Gülzar elmi işçidir, özü də Xalq Cəbhəsinin üzvüdü! Gecə-gündüz arxivlərdə işləyir! Dəvəçilik ənənələri uğrunda mübarizə aparır! Imperiya qulları ona mane olmaq istəyirlər... Ancaq Gülzar onların üzərində qələbə çalır!
    M ü ə l l i f. Bəs... Bəs Yadigar?
    B a ş r e j i s s o r. Nə Yadigar?
    M ü ə l l i f. Yadigar də... Gülzarın nişanlısı. O çobanıydı axı. Sonra oldu naxırçı...
    Baş rejissor. Sən nə danışırsan, a kişi?! Heç yaraşar bizə? Indi çoban vaxtıdı? Nə deyərlər bizə düşmənlərimiz? Nə deyərlər bizə beynəlxalq aləmdə? Türkiyədə nə deyərlər? Hə?
    Müəllif (tamam çaşbaş qalıb). Vallah... siz məsələni elə qoyursuz ki... axı...
    Baş rejissor. Professor! Yadigar professor olmalıdır! Özü də Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü! Güləndam...
    M ü ə l l i f (dərhal yerindən qalxır). Yox! Gülzar! Burda mən heç vaxt kompromisə getmərəm! Bilirsiz ki, məllim, sizə hörmətim var, ancaq...
    Baş rejissor (tələsik). Hə, Gülzar! Gülzar ilə Yadigar bir-birlərini sevirlər, ancaq... professor Yadigar Azərbaycan Milli Istiqlal Partiyasının təəssübkeşidir... Elə konflikt də bunun üzərində qurulmalıdır!
    Katibə (telefon dəstəyinə). Vay-vay-vay!.. Əri xəbər tutub deyirsən, hə?!
    M ü ə l l i f. Axı, onda...
    Baş rejissor. Yenə nə «axı»?
    M ü ə l l i f. Axı, onda təzə bir əsər yazılmalıdı də... Mənim əsərim axı başqa şeydi...
    Baş rejissor. Yaz də!
    Müəllif. Axı, dünən restoranda dediz ki, «Hamlet»i qoyuram bir tərəfə, sabahdan bu əsəri başlayıram!..
    Baş rejissor. Kim? Mən dedim?..
    M ü ə l l i f. Bəli...
    Baş rejissor. Indi nə deyirəm ki? Yaz gətir, tamaşaya qoyaq də! Istedad səndə! Həyat təcrübəsi səndə! Qorxursan?
    Müəllif (ehtirasla). Xeyr! Mən heç vaxt əsər yazmaqdan qorxmamışam!
    Direktor. Bəli! Olum, ya ölüm?! Budur məsələ!
    Baş rejissor. Vəssalam! Qorxma! Yaz! Yarat! Bura teatrdı e, teatr!
    Işıq yalnız Müəllifin üzərinə düşür, qaranlıqdan isə Xorun oxuduğu nəqərat eşidilir:
    Teatr!.. Teatr!..
    Teatr!.. Teatr!..
    Məzhəkədi, məzhəkə!..
    Tamaşadır, tamaşa!..
    Yaşa, teatr, yaşa!..
    Min yaşa, min bir yaşa!..
    M ü ə l l i f. Mən axıracan gedəcəyəm! Mən bu sənət pyaniskələrinə sübut edəcəyəm ki, istedadın qarşısına sədd çəkmək olmaz! Qurtardı daha restoran! Qurtardı! Daha aldanmayacağam! Sənət sadəlövhlüyü bağışlamır! Bu bir də qulağının dalını görər, restoran görsə! Elə bu gün gedib Milli Istiqlal Partiyasının proqramını tapıb oxuyacağam! Yadigar gərək proqramı əzbər bilsin! Nizamnaməni də! Mən yazacağam! Mən sübut edəcəyəm! (Iti addımlarla səhnədən çıxır.)
    İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL


    Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. Katibə, D i r e k t o r, Baş rejissor, D a y ı. Katibə öz mizinin arxasında oturub, telefonla danışır. Baş rejissor öz kabinetində «Hamlet»lə məşğuldu. Direktor öz kabinetində televizora baxır. Dayı qəbul otağına girir.
    D a y ı. Salam...
    K a t i b ə (bir əli telefon dəstəyində, o biri əli ilə hər iki kabinetə işarə edir). Olmaz!
    D a y ı. Niyə?
    K a t i b ə. Işləyirlər!
    D a y ı. Ikisi də?
    K a t i b ə. Bəli!
    D a y ı. Ay maşallah! (Qəflətən cəld hərəkətlə Direktorun qapısını açıb kabinetə girir.)
    K a t i b ə. Olmaz! (Telefon dəstəyini mizin üstünə qoyub ayağa qalxır.) Olmaz!
    Baş rejissor. Eh!..
    Kral, prins Hamlet öz anasının
    Yataq otağına getdi indicə...
    Budur konflikt! Budur!
    D a y ı. Icazə olar?
    D i r e k t o r (cəld televizorun qabağından çəkilir). Nə istəyirsiz?
    K a t i b ə. Mən ona icazə verməmişəm.
    Direktor.Necə? Mən demokratiyanın tərəfdarıyam, ancaq bu dərəcədə yox də! Icazəsiz mənim kabinetimə girmək?!
    D a y ı (məhəl qoymadan əlindəki qalın dəftəri vərəqləyərək oxuyur). «Azərbaycan milli teatr sənətini inkişaf etdirməkdən ötrü biz dramaturqlardan, teatr xadimlərindən alovlu bolşevik Sergey Mironoviç Kirovun parlaq bədii obrazını yaratmağı tələb etməliyik, yoldaşlar!..»
    D i r e k t o r. Bu nə səfeh sözlərdi belə?
    D a y ı (məhəl qoymadan oxuyur). «Azərbaycan teatrı üçün bağışlanmaz nöqsanlı cəhətlərdən biri də budur ki, indiyə qədər səhnəmizdə Ümumittifaq ağsaqqalı Mixail Ivanoviç Kalininin ürəkləri fəth eləyən unudulmaz obrazı yaranmamışdır, yoldaşlar!..»
    Direktor (Katibəyə). Bu hardan gəlib çıxıb belə? (Acıqla Dayıya) Biz milli varlığımızı dərk eləyib xalqımızın azadlıq ideallarını səhnədə təcəssüm etdirməliyik. Milli teatr sənəti hara, Kalinin kimi keçisaqqal hara?
    Dayı (məhəl qoymadan oxuyur). «Əziz Nikita Sergeyeviç Xruşşov qarğıdalı mədəniyyətinin inkişafı ilə bağlı yorulmadan mübarizə apardığı bir zamanda biz Azərbaycan xalqı üçün taleyüklü əhəmiyyət kəsb edən qarğıdalı təsərrüfatını hələ səhnəmizə çıxarmağı bacarmamışıq və buna görə teatrın rəhbərliyi ciddi cəzalandırılmalıdır!..»
    Direktor (əsəbi). Siz özünüzü harada hiss edirsiniz?! Bu nə əbləh sözlərdi belə?
    D a y ı. Bunlar hamısı sizin sözlərinizdi...
    D i r e k t o r. Nə?
    D a y ı. Bunlar hamısı sizin sözlərinizdi... Azərbaycan incəsənət işçilərinin müşavirəsi, 1958- ci il, 13 may, sizin məruzəniz. 1960-cı il, 20 oktyabr, Teatr xadimlərinin müşavirəsi, sizin çıxışınız, «Kommunist» qəzeti...
    K a t i b ə (pıqqıldayıb gülür). A-a-a...
    D i r e k t o r (hirslə Katibəyə). Sən niyə içəri girmisən?
    K a t i b ə. Padumayeş! (Qəbul otağına çıxıb telefon dəstəyinə) Bir dəqiqə gözlə! (Gəlib əyilərək qapının açar deşiyindən baxır.)
    D i r e k t o r. Siz kimsiz?
    D a y ı. Dayı.
    D i r e k t o r. Necə yəni dayı?
    D a y ı. Dayı də, Dayı. Siz soruşursunuz, kimsən, mən də deyirəm ki, Dayı!
    D i r e k t o r. Adınız Dayıdı?
    D a y ı. Adım da Dayıdı, özüm də dayıyam.
    D i r e k t o r. Heç nə başa düşmürəm...
    D a y ı. Bu saat sizi başa salaram. (Oxuyur.) «Əziz-Leonid Iliç Brejnevin atalıq qayğısına cavab olaraq biz Azərbaycan teatr sənətində «Malaya zemlya»ya əbədi bir abidə ucaltmaq kimi şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməliyik! Bu, Azərbaycan teatr xadimlərinin şərəfli borcudur!» Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin plenumundakı çıxışınız...
    K a t i b ə. Va-a-ay!..
    Direktor. Bir dəqiqə! Bir dəqiqə! Yavaş olun!..
    B a ş r e j i s s o r.
    Nə gözəl fürsətdir! O dua edir,
    Bir qılınc zərbəsi kifayətdir ki,
    O, yeri tərk edib göyə ucalsın...
    Eh!.. (Əlini mizin üstünə vurub dolabı açır, arağı, qədəhi çıxarıb diqqətlə baxır, sonra yavaşyavaş süzür.)
    D i r e k t o r. Siz kimin dayısısız?
    Dayı. Bizim o uşağın...
    Pauza.
    D i r e k t o r. Silvanın?
    D a y ı. Yox.
    Direktor. Bəs... bəs kimin?
    D a y ı. Əhmədin.
    D i r e k t o r. Hə... O dayı sizsiz?
    D a y ı. Bəli.
    D i r e k t o r. Bəs mənnən nə istəyirsiniz?
    D a y ı. Sizdən? (Oxuyur.) «Anastas Ivanoviç Mikoyan...»
    K a t i b ə. Vay, dədə!..
    Direktor (tələsik). Yaxşı, yaxşı!.. Axı... Axı, onu mən ixtisar eləməmişəm. Kollektiv...
    D a y ı (onun sözünü kəsərək oxumağa başlayır). «Anastas Ivanoviç Mikoyan...»
    Direktor (həyəcanlı). Yavaş olun!..
    Baş rejissor. «Moskovski»dən yaxşısı yoxdu! (Qədəhi başına çəkir.)
    Direktor. Əhməd çox istedadlıdı! Mənim ona böyük rəğbətim var idi...
    B a ş r e j i s s o r. Nə? Bu nədi belə? (Araq şüşəsini iyləyir.) Kim bura su doldurub? (Qışqırır.) Kim mənim arağımı içib, yerinə su doldurub?!
    D i r e k t o r. Mən çox istərdim ki, Əhməd qayıtsın, ancaq...
    D a y ı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...»
    D i r e k t o r. Yavaş olun!.. Eşidərlər!..
    B a ş r e j i s s o r. Kim? (Qalxıb qəbul otağının qapısını açır və arxası ona əyilib açar deşiyindən baxan Katibəni görür.) Kim bura su doldurub?! Yenə düymən düşüb?
    K a t i b ə. Bəli...
    B a ş r e j i s s o r. Sən elə birdəfəlik düyməsiz geyin ki, canımız qurtarsın!
    K a t i b ə. Bu nə sözdü deyirsiz? Mənim nişanlım var!.. Eşitsə ki, mənə belə sözlər deyirsiz...
    B a ş r e j i s s o r əlini yelləyib səhnədən çıxır.
    K a t i b ə (telefon dəstəyini götürərək). Oy!!. Çto tvoritsya!..
    Direktor. Mən Əhmədin xətrini çox istəyirəm! Istəyirəm ki, o səhnəyə qayıtsın, bizim müstəqil respublikamızın azad sənətkarı olsun, ancaq...
    Dayı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...»
    D i r e k t o r. Yavaş, yavaş!.. Eşidən olar!.. Vallah... tək məndən asılı deyil...
    D a y ı (oxuyur). «Anastas...»
    Direktor. Yaxşı! Yaxşı!.. Əhmədi qaytararıq, bəs... bəs kimi ixtisara salaq?
    D a y ı (oxuyur). «Anas...»
    D i r e k t o r. Oldu! Oldu! Hə?! Bir daş altda, bir daş üstə! Danışdıq! (Yavaşdan) Belə dünya, səni görüm... lap!.. Lap e, lap!..
    İ ş ı q s ö n ü r.

ON BİRİNCİ ŞƏKİL


    Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. K a t i b ə, D i r e k t o r, B a ş r e j i s s o r, M ü əl l i f, D a y ı.
    Katibə öz yerində telefonla danışır. Müəllif onun qarşısındakı kürsüdə oturub intizarla Baş rejissorun qapısına baxa-baxa qəbul gözləyir. Direktor öz kabinetində oturub, əli ilə başını tutaraq dərin fikrə dalıb. Baş rejissor cibindən bir dəstə açar çıxarır və iki-üç ayrı-ayrı açarla mizin dolabının təzə kilidlərini açaraq araq, qədəh, bir-iki gözəl nemət çıxarır, arağı diqqətlə iyləyir, o gözəl nemətləri səliqə ilə mizin üstünə düzür.
    K a t i b ə (telefon dəstəyinə). Oy!.. Ne mojet bıt?!
    D a y ı (qəbul otağına daxil olur). Salam!..
    K a t i b ə. Vay!.. yenə gəldi! (Telefon dəstəyinə) Yox, xortdan deyil, onnan beşbətərdi!..
    D a y ı (Baş rejissorun kabinetinə işarə ilə). Icazə olar?
    K a t i b ə. Xeyr! Olmaz! (Müəllifi göstərir.) Bu da onu gözləyir!.. Qoyun kişi «Hamlet»i qurtarsın də!
    Baş rejissor qədəhi başına çəkir.
    Direktor. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!..
    Baş rejissor. Araqdı!
    D a y ı (Müəllifə). Siz də teatrda işləyirsiz?
    Katibə. Bircə elə o qalmışdı!.. (Telefon dəstəyinə) Sənnən deyiləm!
    M ü ə l l i f. Xeyr!
    D a y ı. Deməli sizin teatra dəxliniz yoxdu...
    M ü ə l l i f. Necə yəni mənim teatra dəxlim yoxdu? Bu nə sözdü? Mən müəllifəm!
    D a y ı. Nəyin müəllifi?
    M ü ə l l i f. Dramanın!
    D a y ı. Bizim zəmanənin dramasıdı?
    M ü ə l l i f. Bəli! Dəvəçiliyin inkişafına həsr olunub. Siyasi münaqişələr də var.
    D a y ı. Adı nədi?
    K a t i b ə. «Zəhləmgetmişin taleyi»! (Gülür, telefon dəstəyinə) Yox, sənnən deyiləm...
    M ü ə l l i f. «Mələklər röyada süzür...»
    D a y ı. Eşitməmişəm...
    Müəllif (coşur). Eybi yox! Eşidəcəksiz! Hamı eşidəcək! Hamı! Mən bu ağır günlərdə xalqın dərdini onunla birlikdə bölüşürəm! Mənim əsərlərim xalqın göz yaşından su içib! Dramım burda tamaşaya qoyulacaq!
    Katibə. Ay-hay!.. (Telefon dəstəyinə.) Yox əşşi!.. Bizim təzə Şekspirdi də, əlində portfel, oturub burda!.. Nə? Necə yəni Şekspir ölüb? Bilirəm də ölüb... Ancaq bu təzəsidi!..
    Müəllif. Mütləq! Mən bu xalqın dərdini-sərini, sevincini-qürurunu şerlə deməliyəm! Səhnədə göstərməliyəm! Kitablarda yazmalıyam!
    K a t i b ə. Gözlə!..
    M ü ə l l i f. Bəs siz neyləyirsiz burda?
    D a y ı. Rol oynayıram.
    M ü ə l l i f. Nə? Kimin rolunu?
    D a y ı. Siz kimin rolunu oynayırsız? (Katibəni göstərir) O kimin rolunu oynayır? Özünüz də sənətkarsız! Bilmirsiz ki, bu dünyada hamı rol oynayır? (Qəflətən Baş rejissorun qapısını açıb içəri girir.)
    K a t i b ə (yerindən sıçrayıb onun ardınca). Dayan «Hamlet»i işləyir.
    M ü ə l l i f (qışqırır). Birinci mən gəlmişdim. (Katibəyə) Deyəsən, bunun başı xarabdı...
    Katibə (yerində oturaraq). Öz başından xəbəri yoxdu...
    Direktor. Heç xoşuma gəlmir!.. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!.. Qorbaçovu Baş katib seçəndə də dalağım belə sancmışdı!..
    Baş rejissor mizə düzdüyü o gözəl nemətlərin üstünə tələsik qəzet salır.
    Baş rejissor (acıqlı). Burda işləmək olar?! Belə yerdə Şekspiri qoymaq olar?! Kim istəyir, özünü dürtür içəri! Şekspiri gərək Prezident aparatında tamaşaya hazırlayasan ki, qapıda polis dayansın! Siz kimsiz?
    D a y ı (qoyun kimi mələyir). Mə-ə-ə!..
    Baş rejissor. Nə?
    D a y ı. Mə-ə-ə!.. Mə-ə-ə!..
    Baş rejissor (hirslə). Bu nədi belə?
    D a y ı. Mə-ə-ə!..
    Baş rejissor. Siz özünüzü harda hiss edirsiniz?
    D a y ı. Mə-ə-ə!..
    B a ş r e j i s s o r. Bura teatrdı, tövlə deyil!
    D a y ı. Mə-ə-ə!.. Qoyun!
    Baş rejissor. Nə?
    D a y ı. Qoyun! O dramaturqfason Qurbanəlizadə var e, poçt müdiri, onun sizin evə göndərdiyi qoyun! Mə-ə-ə!.. Rəhmətlik sizin xolodelnikə girməmişdən əvvəl belə mələyirdi: Mə-əə!.. Qurbanəlizadə də istəyirdi ki, pyesi teatrda müzakirə olunsun. Indi teatrdakıların hamısının dədəsinin goruna söyür! Mə-ə-ə!..
    B a ş r e j i s s o r (hücuma keçmək istəyir). Bilirsiz nə var? Mən siz deyən...

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.01.2014) | Müəllif: R.C E W
Baxış: 430 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more