«Qaçqınlar» silsiləsindən BAYRAQDAR (Eysebionun faciəli ölümü haqqında
kədərli povest)
– Adam dəli olanda, özü bilmir ki, dəli olub? Hıy?
(Gözlə-Gəlirəm Məmməd kişinin Cümüyə (Qızıl Diş Cümşüdə) verdiyi sual.)
– Nə deyim e, qağa? Üçrəngli bayrağımıza qurban olum! Mən ölüm, bunnan
artığını nə deyim? Hıy? Denə, deyim!
(Bi-bi-si müxbirinin: «– Bu bayraq sizin üçün nədir?»– sualına Bayraqdarın
verdiyi cavab.)
– Sovet zubulu ilə zarafat eləmək olmaz ha!..
(Cümünün (Qızıl Diş Cümşüdün) söylədiyi kəlam.)
... sonra o həyətdə, elə bil, xəzri, giləvar yox, bir sevinc küləyi əsdi:
– Eysebio gəldi!..
– Eysebio!..
– Eysebio!..
... və o həyətdə gözəl bir futbol oyunu başladı...
... və o zaman o həyəti ilk dəfə görən adam, yəqin, fikirləşərdi ki, burada nə
xoşbəxt insanlar yaşayır...
I
2003-cü il Mayın 28-nə – Azərbaycan Demokratik Respublikasının 85-ci
ildönümünə bir gün qalmış, yəni mayın 27-də, axşamçağı, böyük-kiçik – bütün
şuşalıların Bayraqdar çağırdığı Surxayın daha sabahı gözləməyə səbri çatmadı,
səliqə ilə ağ çitə, üstündən də sellofana büküb çarpayının altında – başqa yer yox idi
– saxladığı bayrağı – müstəqil Azərbaycanın üçrəngli bayrağını – çıxartdı, xüsusi bir
həvəslə, ləzzətlə çiti, sellofanı açdı və bayrağı götürüb Buzovna Fəhlə
Yataqxanasının həyətinə düşdü, gözünü qıyıb zəndlə qazanxananın damına baxdı.
Birmətrəbəli o köhnə qazanxana həyətin yuxarı başında idi, ondan o tərəfə həyət
qurtarırdı və Bakıya gedən şose yol başlayırdı. Surxay Yataqxanada
məskunlaşdıqları bu on ildə bayrağı həmişə üçüncü mərtəbədəki evinin (otağının)
pəncərəsindən uzadıb asırdı, amma pəncərədən uzanan bayraq bu yerlərin küləyinə
dözmürdü, xəzri əsəndə bir tərəfə əyilirdi, gilavar əsəndə o biri tərəfə və Surxay da
gündə neçə dəfə o bayrağın səmtini düzəltməli olurdu. Bir müddət bundan əvvəl
cani-dildən 28 Mayı gözləyə-gözləyə birdən Surxayın ağlına gəldi ki, bu dəfə
bayrağı evin (otağın) pəncərəsindən yox, qazanxananın damında, küncdən assın.
Bayraq həm şose yol tərəfdən görünəcəkdi, həm həyətdən, həm də onu orda elə
bərkitmək olardı ki, hər dəfə küləyin səmtinə əyilməsin. Surxay belə hesablamışdı
ki, Mayın 28-də sübh tezdən durub bayrağı o küncdən asacaq, amma Mayın 28-i
yaxınlaşdıqca, çarpayının altındakı o bayraq da Bayraqdarı maqnit kimi özünə
çəkirdi, – srağagün dözdü, dünən dözdü, amma bu axşam daha dözə bilmədi və
bayrağı götürüb beləcə həyətə endi.
Şose yolun Yataqxananın həyətinə bitişik səkisi boyunca dörd-beş addımdan bir
otuz-otuz beş illik tut ağacları əkilmişdi – yeddi-səkkiz ağac idi və o tut
ağaclarından biri ilə qazanxananın divarı arasında yarım metrdən də az bir məsafə
var idi və Bayraqdar bayraqla birlikdə o tut ağacının yanına getdi.
Bir vaxtlar Bayraqdar bayrağı əlinə alanda, həndəvərdə nə qədər uşaq var idi,
onun başına yığılırdı, amma indi həyətdə heç kim yox idi və ümumiyyətlə, elə bil ki,
illər ötdükcə o bayrağın da cazibəsi azalırdı və bu barədə – xüsusən gecələr yerinə
girib yuxuya getməzdən əvvəl – fikirləşəndə, Surxaya elə gəlirdi ki, elə bil, ürəyində
Şuşadan başqa (bəlkə, Şuşadan da betər!), ikinci bir dərd yarğanı da əmələ gəlir.
Surxay əlində tutduğu bayrağa baxdı və birdən-birə ürəyindən belə bir ağrı da
keçdi ki, bayraq – bu gözəl bayraq, bu gözəl üçrəngli bayraq qocalıb... Göyünün də,
qırmızısının da, yaşılının da rəngi solmuşdu, qotazı tiftiklənmişdi, dəmir ucluğunun
nikeli nöqtə-nöqtə orda-burda pas atmışdı, dəstəyinin lakı adda-budda tökülmüşdü
və bu bayraq açıq-aşkar deyirdi ki, Surxay, qardaş, daha mən yorulub əldən düşdüm,
məni dəyişdir. Elə həmin anda da Bayraqdarın bütün içindən bir vicvicə keçdi,
birdən-birə də əməlli-başlı gözləri doldu, çünki Surxay – Bayraqdar belə vəfasız
adam deyildi.
Əvvəlcə Cümünün (Qızıl Diş Cümşüdün) sürdüyü lafetli motorellerin (tırtırın)
tırıltısı gəldi, sonra özü görünüb şosedən həyətə buruldu və Cümü əlində bayraq
tutub, qazanxananın küncündə dayanmış Surxayı görəndə tırtırı saxladı:
– Nədi, ə, Bayraqdar, bayram bu gündü?
O axşam Buzovnada külək yox idi, xəfif bir yel əsirdi, amma elə o xəfif yel də
bəs elədi ki, Cümüdən gələn araq iyi bütün ətrafa yayılsın.
– Hara vurassan?– Cümü soruşdu və motorollerdən düşüb Surxayın yanına
gəldi...
– Istəyirəm ora, – Bayraqdar əlini uzadıb qazanxana damının küncünü göstərdi,
– vurum.
– Bə nətər bərkidəssən?
– Odu ha, – Bayraqdar haçansa tut ağacının dibində düşüb qalmış yekə bir kubik
parçasını göstərdi, – onu dəstəyin üstünə qoyajam. – Sonra: – Amma o azdı, – dedi.
– Bir-iki yekəsini də tapım gərək.
Cümü, elə bil, bir bəhanə axtarırdı ki, Yataqxananın beşinci mərtəbəsindəki
evinə (otağına) getməsin və:
– Qoy, əvvəlcə mən dırmaşım, – deyib, elə bil, çoxdan gözlədiyi əzizi idi, tutun
yoğun gövdəsini bağrına basıb yuxarı dırmaşmağa başladı və dırmaşa-dırmaşa da,
hıqqandıqca bir az bundan əvvəl Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi 200
qram arağın iyi aləmi başına götürürdü və Bayraqdar üçün bu araq iyi ilə o bayraq
bayramı ərəfəsinin gözəl ab-havası arasında tamam bir uyuşmazlıq var idi.
Cümü yuxarı dırmaşıb asanca qazanxananın damına adladı və Surxay bayrağı
uzadıb ona verdi, tutun dibindəki yekə kubik qırığını da qaldırıb Cümüyə ötürdü və
o tərəf-bu tərəfə baxdı ki, yenə daş tapsın, amma Cümü:
– Burda zubul kimi bir şey var, – dedi. – Qalx, elə onuynan vuraq. Üstünə daş
qoymağnan başa gəlməyəjək.
Bayraqdar da tutla dırmaşıb qazanxananın damına çıxdı və Cümü, doğrudan da,
Allah bilir nə vaxtdan atılıb damda qalmış, illərdən bəri də paslanmış, amma ucu iti,
uzun və nazik zubul kimi bir şey tapmışdı.
Surxay zubulun o tərəfinə-bu tərəfinə baxa-baxa bir az tərəddüdlə:
– Görən paralamaz dəstəyi?– soruşdu.
Cümü:
– Nə bilim, – dedi. – Küləyin öhdəsindən gəlsə, o gələjək. Daş yığmağnan
düzələsi iş deyil...
Surxay o nazik, uzun zubulu o tərəf-bu tərəfə çevirərək fikirləşdi ki, elə bunun
özünün də başını nikelləmək, həmişəlik dəstəkdə saxlamaq, hər dəfə də istədiyin
yerə vurmaq olar və bu qərarından sonra bayrağı qazanxananın damının küncündən
uzatdı, Cümü bayrağı tutdu, Surxay da o daş parçası ilə zubulu bayrağın dəstəyinə
vurmağa başladı.
Surxay:
– Ə, yavaş ol, buralar dağılıf əldən gedif, – dedi. – Yıxılarsan.
Cümü sidq-ürəkdən:
– Cəhənnəmə yıxılım! – dedi. – Amma, qağa,bu bayrağı gərək remont eləyəsən,
qotazını-zadını təzələyəsən...
Bu bədbəxt Cümü – «pyaniskə» olanda nə olar (yaxşı gününə görə içmir ki!) –
yaxşı adam idi, onun o «remont» sözü Bayraqdarın xoşuna gəldi. Cümü «gərək bu
bayrağı atasan» demədi, «gərək remont eləyəsən» dedi və elə bil 2003-cü il mayın
27-dəki o axşam, Fəhlə Yataqxanasının həyətindəki o qazanxana damında birdənbirə
üçbucaq bir doğmalıq əmələ gəldi: Surxay – Bayraq – Cümü.
Surxay:
– Hə, – dedi, – əl gəzdirəjəm.
Cümü zarafatla:
– Sovet zubulu ilə zarafat eləmək olmaz ha!.. – dedi. – Yavaş ol, əlini əzərsən.
Surxay:
– Ə, buna da üçrəngli bayrağ deyərlər! – dedi və o paslı zubul, elə bil,
Bayraqdarın o sözlərini eşidib, o ruh yüksəkliyini hiss edib kubik parçası ilə vurulavurula
dəstəyi parçalayıb-eləmədi, amma damın özünün daşları illərin yağışının,
küləyinin altında suvaqdan çıxmışdı, tərpənirdi və Bayraqdar nigarançılıqla: – Allah
eləməsin, – dedi, – amma bu daşlar bir dəfə burdan kiminsə başına düşəcək.
Cümü:
– Qağa, mən ölüm, onlara tapşır ki, mənim başıma düşsün, – dedi və güldü.
Surxay:
– Mənim tapşırmağımnan olsaydı, elə tapşırardım, sənin o taksini qaytarardılar
özünə! – dedi və birdən qorxdu ki, onun bu sözləri qazanxananın üstündə Cümünü
kövrəldər, yaxşı olmaz, amma Cümü kövrəlmədi, əksinə, bayrağın duruşunu
təriflədi:
– Allah haqqı, əla görünür!..
Surxay:
– Çox sağ ol, – dedi, elə bil, Cümü bayrağı yox, Surxayın özünün əlalığından
dəm vururdu, amma o zubul bayrağı, doğrudan da, dama möhkəm bərkitdi və
Surxayın da kefi açıq-aşkar kökəldi. – Bu zubulu elə dəstəkdə saxlayajam...
Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi o 200 qram arağın təsiri tamam
keçib getməsə də, Cümü ay işığında Bayraqdarın gözlərinin güldüyünü, bütün
dərdini-sərini yadından çıxardığını gördü və elə bil, Bayraqdarın içindən gələn o
gözgörəti uşaq sevinci Cümüyə də sirayət etdi, Cümü də Buzovna Fəhlə
Yataqxanasının həyətindəki o qazanxananın damında sinədolusu yaxşıca bir nəfəs
aldı.
Nə müddət idi, Cümünün (Qızıl Diş Cümşüdün) sinəsi beləcə «doydum» deyib,
hava ilə dolmamışdı.
II
Çox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı
– bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından
üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda
Məşədi Ağarəhim Mir Abdulla oğlunun əncir, iydə, innab, püstə, badam, muşmula
bağı idi və Kolxoz kişinin, əlbəttə, bundan xəbəri yox idi ki, o uzaq zamanlarda hər
dəfə yazağzı səksən yaşlı Məşədi Ağarəhim o boyda bağın ağaclarını aftafa ilə birbir
özü sulayırdı və bundan sonra gələn yaza qədər bağa Məşədinin bağbanları
qulluq edirdi və yenə də növbəti yazqabağı xəzrisiz-gilavarsız gözəl bir sübh çağı
kişi özü ağappaq alt paltarının üstündən əyninə bir pencək geyib, ağ təsəyi də
həmişəki kimi, başında, əlinə aftafa alıb bağı sulamağın siftəsini edirdi və bu, illər
keçdikcə etiqad mərasimi kimi bir şeyə çevrilmişdi, elə bil, kişinin ömrünü də bütün
il boyu gözlədiyi o növbəti sulama mərasimi uzadırdı.
Və əlbəttə, Kolxoz kişinin, aydın məsələdir, burasından da xəbəri yox idi ki,
Abşeronda sovet hökuməti qurulanda birdən-birə bolşevik olmuş üç-dörd nəfər
keçmiş fəhlə – onlardan birinin büstü Sovet Ittifaqı dağılanacan Buzovna parkında
dururdu, birinin də adını məktəbə vermişdilər, sonra həmin məktəbdə oxumuş
Qarabağ şəhidinin adı ilə dəyişdilər – iki rus əsgəri ilə gəlib, Məşədi Ağarəhimi
yuxudan durğuzub, elə həmin ağappaq tuman-köynəkdə, aparıb sinfi düşmən kimi
güllələdilər və iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Məşədi Ağarəhim Mir
Abdulla oğlunun bağı tamam tələf olub getdi və o bağdan təkcə üç iydə ağacı, bir də
o qədim zeytun qaldı.
Sonralar – müharibə qurtarandan sonra – qırxıncı illərin axırlarında burada bu
Fəhlə Yataqxanasını tikdilər və elə ki, Sovet Ittifaqı dağıldı, müəssisələr dayandı,
Yataqxanada yaşayan fəhlələrin hərəsi bir tərəfə dağılışdı, sonra ermənilər Qarabağı
işğal etdi, o vaxt – 1992-ci ilin cırhacır isti yay aylarında Şuşadan qaçqın düşmüş
camaatın bir qismini müvəqqəti olaraq bu Yataqxanada yerləşdirdilər və o
müvəqqəti, bu müvəqqəti, – Buzovnadakı Fəhlə Yataqxanası həmişəlik məsgən olub
qaldı.
Kolxoz kişi həyətdə durub əlini uzadaraq orda-burda suvağı tökülmüş, Nuh-
Nəbidənqalma əhəngi rəngini itirmiş, il-on iki ay pəncərələrinin, eyvanlarının
arasında zivədən pal-paltar asılmış Yataqxana binasını göstərib deyirdi:
– Bu da bizim elimiz, obamızdır də...
III
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988-
ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun
maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə –
Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi
uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma
üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına
görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın
dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın
mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən
ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə
həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat köşkündə qəzetjurnal
satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay
Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa
başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox
xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün
etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək
tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi
Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza
atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da
bundan ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox,
«Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar.
Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti
dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğandöşəyə
düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da
Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o
gözəl köşkdə qəzet-jurnal satdı.
Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç
onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə
gedirdi, amma bir dəfə Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün
qabağında dayanıb:
– Dərsə niyə gəlmirsən, a bala? – soruşdu.
Surxay:
– Dədəmin yerindəyəm axı... – donquldandı.
Məleykə müəllimə də:
– Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da
kifayətlənməyib əli ilə köşkü göstərdi: – Pah!.. – dedi. – Bura da sənin
padşahlığındı?!
Və Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı,
amma oxumağın dalınca getməsə də, Şuşada az adam tapılardı ki, Surxay qədər
siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş
Suslovun dədəsinin adınacan) və «perestroyka»nın şıdırğı vaxtında ilk dəfə
Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay
oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından sonra nəhayət ki, Azərbaycana
qayıda bildiyinə görə Şuşadakı o qəzet köşkünün şüşəsindən xəfif bir təbəssümlə
gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu
kimdi belə?
Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi
ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq.
Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi, amma dünyada
Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və əlbəttə, o vaxt
Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü
üçün) bu dünyada az bir möhlət ayırıb.
Illər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o
qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey
belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası
və onu Bayraqdar edən üçrəngli bayraq oldu.
Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək
göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın
üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ
ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki, yüngül olsun,
sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından
bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və
rəhmətlik Uzun Məti kişinin cavanlıq çağlarında həyətdə əkdiyi böyük qoz ağacının
bir gözəl budağından dəstək düzəltdi, Bazar başında misgər Əlihüseyn kişinin
dükanına gedib bayrağa dəmir ucluq düzəltdirdi, o ucluğa nikel çəkdirdi və
qaynanasına – Səyyarənin anasına – o arvadın əl işi bütün Şuşada məşhur idi – ipək
qotaz düzəltdirib o ucluqdan asdı və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı
başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet
Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik
bayrağını birinci dəfə gördü.
Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı
olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o
bayraq orada başını əyməsin...
Və o bayrağın eşqi Telefon Stansiyasının yanındakı o mətbuat köşkünə, qəzetjurnallara
və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və məhəbbəti də
sıxışdırıb Surxayın ürəyində büzüşdürdü – indi o ürəyin içindəki üçrəngli bayraq
idi...
IV
Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb
ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra
da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera
Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən
artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.
Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi
sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya
əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera
Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa,
iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən
evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini
yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir
araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını
da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları
yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə
qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb
haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə
cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna
özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə,
Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata
birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
Və hərdən bağda – Əhməd Ağayeviçin bağında qədim əncir ağacının dibində
oturub kürəyini ağacın yoğun gövdəsinə söykəyərək filtrsiz siqaret çəkə-çəkə o
zamanları xatırlayan Vasili Kuzmiçin, bəzən, özünün də inanmağı gəlmirdi ki,
haçansa, həqiqətən elə gözəl bir həyat yaşayıb, amma Vasili Kuzmiçin ürəyində
xüsusi bir təəssüf hissi də yox idi, çünki o, həyat adamı idi və fikirləşirdi ki, həyatdı,
yaşanıb, keçib-gedib və yalnız Vera Arxipovnanı xatırlayanda, sonuncu siqareti nə
vaxt çəkməyindən asılı olmayaraq, Kuzmiç təzə bir siqaret yandırırdı.
Sovet zamanının bayramlarında – 1 Mayda, 9 Mayda, 7 Noyabrda Vasili
Kuzmiç Vera Arxipovnanın səliqə ilə ütülədiyi göy kastyumunu geyib, Lampa
zavodunda işlədiyi müddətdə əmək qələbələrinə görə aldığı orden və medalları
döşünə taxırdı, axşamdan şotka ilə təmizləyib boya sürtdüyü üçün pap-par
parıldayan ayaqqabılarını geyirdi və nümayişlərə gedirdi, sonra da ya onlarda, ya
dostlardan birinin evində yığışırdılar, gecəyə qədər yeyib-içirdilər, qarmon çalıb
oynayırdılar və indi o günlər – o gözəl günlər Vasili Kuzmiçə yuxu kimi gəlirdi,
onun ürəyini bir kədər bürüyürdü, amma yenə də xüsusi bir təəssüf hissi keçirmirdi,
çünki həyat idi və həyatın öz qanunları var idi.
Uşaqların hərəsi bir tərəfə getdi, sonra satqın Qorbaçovun (ABŞ kəşfiyyatının
onu ələ almasına Kuzmiçin qəti şəkk-şübhəsi yox idi) «perestroyka» boşboğazlığı
başladı, ara qarışdı, məzhəb itdi, sonra Sovet Ittifaqı dağıldı, Lampa zavodunda
istehsal dayandı, sonra Vera Arxipovna öldü və işsiz Vasili Kuzmiç üçotaqlı
mənzilində tək qaldı. Yavaş-yavaş alətlərini – çəkicini, mişarını, kəlbətinini,
rəndəsini... – satmağa başladı, sonra yorğan-döşəyə, qab-qaşığa keçdi və bu
minvalla o üçotaqlı mənzildə demək olar ki, bir şey qalmadı.
Əhməd Ağayeviçin sürücüsü, tatar balası Şövkət Vasili Kuzmiç ilə bir blokda
yaşayırdı və Bilgəhdəki o bağa köçməyi, ora qulluq eləməyi və oranın qarovulunu
çəkməyi də həmin sürücü təklif elədi.
Bakının 3-cü mikrorayonundakı həmin üçotaqlı mənzili Vasili Kuzmiçə Lampa
zavodunda vermişdilər və Vasili Kuzmiç o boş mənzilin mətbəxində qabağına bir
şüşə araq qoyub xeyli fikirləşdi, özü özü ilə söhbət elədi və səhər Vanyaya teleqram
vurdu ki, Bakıya gəlsin. Vera Arxipovna öləndə Vanya gəlməmişdi və Vasili
Kuzmiç fikirləşdi ki, çağırışının səbəbini bilməsə, Vanya yenə gəlməyəcək, ona görə
də teleqramda yazdı: «Evi satıram. Gəl.»
Üç gündən sonra Vanya Bakıda idi və Vasili Kuzmiç, doğrudan da, evi satdı,
doqquz min dolları gətirib mətbəxdəki mizin üstünə qoydu və dedi:
– Nə qədər istəyirsən, götür.
Vanya udquna-udquna mizin üstündəki o bir dəst yüzlük dollara baxdı – bu
qədər pulu Vanya, ancaq kinoda görmüşdü – sonra, elə bil, gördüklərinin
gerçəkliyinə inanmayan gözlərini güclə o pullardan çəkib atasına baxdı, sonra
özündən asılı olmayaraq birdən-birə titrəməyə başlamış əlini uzadıb pulun hamısını
götürdü, sonra da eləcə udquna-udquna yenə atasına baxdı:
– Sənə də lazımdı?
Vasili Kuzmiç barmağını bığına çəkib:
– Yox, – dedi və o vaxtdan da Əhməd Ağayeviçin Bilgəhdəki bağında yaşamağa
başladı.
O isti iyun günü də Vasili Kuzmiç əncir ağacının altında oturub acqarına siqaret
çəkirdi və siqaret çəkə-çəkə də o bir dəst dolları xatırladı, Vanyanın udquna-udquna
o pullara baxmağı gözlərinin qabağına gəldi və fikirləşdi ki, o pulların üstündə
Vanya onu öldürə də bilərdi.
Düzdü, Vasili Kuzmiç bunu fikirləşdi, amma Vanyaya qəzəblənmədi, çünki
həyat idi və həyatın öz qanunları var idi.
Vasili Kuzmiç siqaretdən bir dərin qullab alıb ciyərlərinə çəkdi və ağzından,
burnunun pərələrindən tüstü çıxa-çıxa:
– Allah ona kömək eləsin... – dedi.
Vasili Kuzmiç məhz «Allah» sözünü dedi.
Məsələ burasında idi ki, Vasili Kuzmiç müsəlman olmuşdu, hər halda, özü
deyirdi ki, mən daha müsəlmanam.
V
On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına
yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz
otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı
qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş
lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq
(onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o
zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan,
doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng
tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı
bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.
Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü
saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
– Bu da mənim günüm... – dedi.
VI
Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan
Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:
– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə
özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol
oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
Sonralar Xədicə xala ürəyi yana-yana deyirdi ki, o uşağı, o bədbəxt Əbilini elə
Səyyarənin özü gözə gətirdi...
VII
Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz
qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib
çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi
avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri
təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o
tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.
Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
maşınların qabağına qaçdığı bu müddət ərzində günün altında saralmış, üstünə
maşın təkərlərinin altından çıxan toz hopmuş kağız yığınını yox, yekə bir dəstə gülü
sinəsinə sıxmışdı.
Surxay arıq adam idi, Abşeron günəşinin altında qapqara yanmışdı, hərdən
dayanıb it kimi ləhləyə-ləhləyə nəfəsini dərirdi və Kamança Tanrıverdi uşaq kimi
maşınların qabağına qaçan bu uzun adama baxa-baxa Şuşada əlində bayraq yellədəyellədə
mitinqlərin önündə dayanan, yürüşlərin qabağında addımlayan, həmişə də
başını dik tutan, özünün də, yerişinə, duruşuna, gözgörəti, o bayrağa layiq bir o
məğrurluq şəsti verən Bayraqdarı gözünün qabağına gətirirdi və o bayraqdarlıq
məğrurluğu ilə Buzovna dairəsində beləcə qəzet satmaqla məşğul olmaq
düşgünlüyünü, Kamança Tanrıverdi, nəinki Surxaya, bütün xatirələrin canlı şahidi
olan bir adam kimi, heç özünə də sığışdıra bilmirdi və ürəyində dünyanın qarasına
ən pis küçə söyüşləri söyürdü.
Bayraqdarın bu aqibəti, əslində, elə Kamança Tanrıverdinin özünün aqibəti kimi
bir şey idi və dünyanın qarasına söydüyü o küçə söyüşləri də, əslində, təkcə Surxay
Bayraqdara görə deyildi, həm də özünə görə idi, Buzovna Fəhlə Yataqxanasına
pərçim edilmiş o camaata görə idi.
Nəsillikcə kamançaçalan olan Tanrıverdi müəllim (ona Kamança Tanrıverdi
müəllim deyirdilər) Şuşa Musiqi Məktəbində kamançadan dərs deyirdi, yay
aylarında isə axşamlar Şuşa Istirahət Evinin həyətində dünyanın ən gözəl havalarını
ifa edirdi və onun o kamançasının elə aşiqləri var idi ki, Füzulidə, Bərdədə,
Ağdamda, Xankəndində yeyib-içəndə birdən Kamança Tanrıverdi müəllimin o
havaları yadlarına düşürdü və maşını sürüb xüsusi Şuşaya gəlirdilər ki, ona qulaq
assınlar və pencəyinin ciblərini də pulla doldursunlar.
Hərdən Abşeronun 40 dərəcə istisində, ya Abşeron küləkləri əsməyə başlayanda
və az qala, Buzovnadakı Fəhlə Yataqxanasının (Kamança Tanrıverdigilin də orada
mənzili (otağı) var idi) damını uçurub aparmaq istəyəndə, Kamança Tanrıverdi,
sərin yay axşamları Şuşa Istirahət Evinin həyətində çaldığı havaları, elə bil, qəfildən
eşitməyə başlayırdı və kişiyə elə gəlirdi ki, o zaman o havaları o çalmırdı, əslində, o
havaları Şuşanın dağları çalırdı, Şuşanın bulaqları, ab-havası, gülləri, çiçəkləri,
rəngbərəng kəpənəkləri çalırdı, ona görə də indi rəhmətlik Ustad Məşədi Müzəffər
Ağanın kamançası daha o səsləri çıxara bilmirdi. Qaçaqaç düşəndə Kamança
Tanrıverdi müəllim Şuşadakı mülkündən təkcə rəhmətlik babası Ustad Məşədi
Müzəffər Ağadan qalmış kamançanı götürüb qaçmağa macal tapdı və indi o
kamança ilə gecə-gündüz Abşeron kababxanalarında çalıb qəpik-quruş qazanırdı.
Kamança Tanrıverdi müəllim indi, ancaq Kamança Tanrıverdi olmuşdu, «müəllim»
sözü yaddan çıxıb getmişdi.
On dəqiqədən çox olardı ki, Kamança Tanrıverdi o böyük muşmula ağacının
kölgəsində dayanıb, uşaq kimi maşınların qabağına qaçan Surxay Bayraqdara
baxırdı və bu müddət ərzində bir nəfər də olsun, Bayraqdardan qəzet alan olmadı.
Bayraqdar növbəti dəfə Kamança Tanrıverdinin böyründən ötən maşının üstünə
qaçanda onu gördü və ona yaxınlaşıb ləhləyə-ləhləyə:
– Boy, qağa?– dedi. – Nətərsən?
Kamança Tanrıverdi bir müddət heç nə demədi və birdən – heç özü də bilmədi
necə oldu? nəyə görəsə Bayraqdarı sancmaq istəyirdi? ya özü-özündən nəyinsə
acığını çıxırdı?– soruşdu:
– Deyirsən o bayraq qayıdacaq də, Şuşaya?– Və bu sözlərdə açıq-aşkar bir
rişxənd var idi.
Surxay Bayraqdar sübh tezdən Buzovna dairəsində ciyərinə çəkdiyi maşın
tüstüsündən, qazdan xırıldaya-xırıldaya bir müddət ösgürdü və ösgürtüdən nazik,
uzun boğazının damarlarının şişi getməmiş, çox ciddi və heç bir şübhə yeri
qalmayan təntənə ilə:
– Əlbəttə! – dedi.
Onun o «Əlbəttə!»si ilə sinəsinin xırıltısı, eləcə ləhləməsi heç cürə bir-birinə
uyuşmurdu, amma olanı bu idi ki, Bayraqdar o «Əlbəttə!»ni elə bir xatircəmliklə
dedi ki, Kamança Tanrıverdinin o «Əlbəttə!»ni lağa qoymaq həvəsi (yanğısı) itib
getdi.
Məsələ burasında idi ki, qaçaqaç düşəndə, camaat Şuşadan çıxanda – 1992-ci il
mayın 8-də – Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti
sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu
qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o
dedi:
– Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya!
Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin – «Bir kərə yüksələn
bayraq bir daha enməz!» – sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən
dediyi o sözlər Bayraqdara Ilahidən gələn sözlər kimi təsir etdi və Bayraqdar bir əli
ilə üçrəngli bayrağın dəstəyini daha da bərkdən sıxdı, o biri əliylə də qucağındakı
Əbülfəti sidq-ürəkdən bağrına basdı, addımları gözgörəti sağlamlaşdı, enerjisini
çoxaltdı və elə bil, onun o sağlam addımları Bayraqdarı Şuşadan uzaqlaşdırmırdı,
elə indidən onu Şuşaya qaytarmağa başlamışdı.
... Sonralar Bayraqdarın o sözləri şuşalıların da ağzına düşdü, onlar da toyda,
yasda bu sözləri dedilər, amma yavaş-yavaş o sözlər də, Şuşanın dağları kimi,
uzaqlarda qaldı...
VIII
Iş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə
müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa
dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və
humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki,
haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin
padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda
gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o
üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş
qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək
eləmir.
– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
Və Məleykə müəllimə birdən-birə dedi:
– Nə qəşəng budkan varıydı, ay Surxay!.. Qəzet budkasını deyirəm... Nə
qəşəngiydi...
Yataqxananın bütün mərtəbələrindəki aralığın hər iki başında burada yaşayanlar
üçün ümumi tualet var idi və o tualetlərin iyini itirməkdən, çirkabını təmizləməkdən
ötrü, ora birucdan xlor tökürdülər və Məleykə müəllimə də bu sözləri dedi, sonra
əlindəki xlorla tualetə getdi.
Və o gün həmin sübh tezdən ta gecə yerinə girənəcən Surxayın ürəyindən qara
qanlar axdı – görəsən, durur o «budka»? erməni indi orda qəzet satır? – və Surxay,
düzdü, bunları fikirləşirdi, amma gözünün qabağında şüşələri qırılmış, cırıldayacırıldaya
qapısı tərpənən, içi boş bir köşk gəlib dururdu. O küçə də bomboş idi və
orada o köşkün qapısının cırıltısından başqa heç nə eşidilmirdi və birdən o küçədən
arıqlayıb qabırğaları sayılan eşşəklər tək-tək keçməyə başladı və küçədə o arıq
eşşəklərin də heç bir səsi eşidilmirdi: nə ləpir səsi gəlirdi, nə fınxırırdılar, nə də
eşşəyin bir anqıranı var idi. Xruşşov eşşəklər üçün böyük məbləğli vergi (o məbləğ
eşşəyin dəyərindən və xeyrindən artıq idi) müəyyən eləyəndə, Şuşada kim ki, eşşək
saxlayırdı, yüksək vergini verə bilmədiyi üçün o eşşəklərdən imtina etmişdi və başlıbaşına
qalan eşşəklər də çöllərdə, düzlərdə vəhşi heyvana dönmüşdü. Surxay bilirdi
ki, o boş küçədə, tək-tək köşkün qabağından keçən o arıq və tamam səssiz-səmirsiz
eşşəklər, Xruşşov vaxtının o eşşəkləridi, amma nə üçün birdən-birə gəlib Surxayın
yadına düşmüşdülər (o Xruşşov eşşəklərinin indi sümükləri də çürüyüb getmişdi) və
bütün günü beynində o bomboş küçədəki bomboş qalıb qapısı cırıldayan köşkün
qabağından keçirdilər?
Yataqxanada ikinci idi, ya üçüncü idi – ölən şuşalı da elə yazıq Məleykə
müəllimə oldu və o vaxt Məleykə müəllimənin qırx illik əri Kazım – Dəmir Kazım!
– neçə gün kimi görürdüsə, özünü saxlaya bilməyib, uşaq kimi hönkür-hönkür
ağlayırdı.
Dəmir Kazım Məleykə müəllimənin dərs hissə müdiri işlədiyi məktəbdə idman
müəllimi idi, həqiqətən, dəmir kimi sağlam bir adam idi və internat məktəbin idman
müəllimi Salman onun yanında zəif bir məxluq idi. Salman Buzovna Fəhlə
Yataqxanasında məskunlaşandan sonra, bir müddət özünə iş tapa bilmədi, axırda
xəstəxanada gözətçi işləməyə başladı və gecələr oradan spirt oğurlayıb satdığı üçün,
işdən qovuldu və indi onda keçmiş idman müəllimliyindən heç nə qalmamışdı.
Dəmir Kazım isə özünü saxlaya bilmişdi, nə olur-olsun, hər səhər idman edirdi, nə
cür hava olur-olsun, həyətə düşüb qaçırdı, yazağzından ta payızın sonuna qədər teztez
dənizə gedib üzürdü və Məleykə müəllimə vəfat edəndə hamı dedi ki, Dəmir
Kazımı öldürsə, bu dərd öldürəcək – onların uşağları olmamışdı və bir-birindən
başqa heç kimi yox idi – amma Dəmir Kazım ölmədi, düzdü, qaradinməz oldu, daha
səhərlər idman eləmədi, qaçmadı, dənizə gedib üzmədi, sınıxdı, zəiflədi, dəmirliyi
ilə birlikdə ləğəbi də əriyib getdi, amma ölmədi. Kazım, evdə (otaqda),
ümumiyyətlə, bu həndəvərdə az görünürdü, çünki qoyun otarmağa başlamışdı.
Yataqxananın arxasında hələ Xruşşovun vaxtında tikilmiş beşmərtəbə binada
yaşayanlardan kimin qoyunu var idi, ona vermişdi və Kazım da sübh tezdən
qoyunları qabağına qatıb bağlararası torpaq yollarla Bilgəh sahilindən fırlanıb, gedib
Nardarana çıxırdı, qoyunlar da torpaq yolların qırağında, bağ hasarlarının dibində
toz basmış adda-budda otdan-alaqdan otlayırdı, yay vaxtları dənizkənarı plyajlarda
ora-bura atılmış qarpız, yemiş qabığı, quru çörək axtarıb, tapıb yeyirdi.
Kazım deyirdi:
– Buranın qoyunları, elə bil, itdi, plyajdakı zibillikdə eşələnirlər, iyləyif
selefanların arasını axtarırlar...
IX
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri
solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan
Gülzar arvada:
– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
Axır vaxtlar eşitdiyi sözlər, elə bil, Gülzar arvadın beyninə bir az gec gəlib
çatırdı və bu dəfə də:
– Hıy?– soruşdu.
Güllü arvad bu «Hıy?»dan açıq-aşkar narazılıqla təkrar elədi:
– Humanitar yardım gətiriblər... Düş aşağı...
Gülzar arvad birdən-birə alışıb:
– Humanitar yardım onların dədəsinin təpəsinə dəysin! – dedi. – Şuşanı
qaytarsınlar mənə!
Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad, elə bil, bir az
duruxdu, sonra:
– Gözlə! – dedi. – Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər!.. – Və hirslə
çönüb pilləkənə tərəf getdi.
On il bundan əvvəl bu arvadlardan soruşsaydılar ki, «humanitar» nə deməkdir,
çiyinlərini çəkərdilər, amma indi «humanitar» (yardım) sözü onların dilinə elə
yatmışdı ki, elə bil, bu dünyada gözlərini açıb «ana» sözü ilə, «ata» sözü ilə bir
yerdə «humanitar» (yardım) sözünü də demişdilər.
Gülzar arvad, bağlananda, elə bil, daha da artıq cırıldayan qapını hikkə ilə örtüb
açıq pəncərənin qabağına gəldi – otağa ağcaqanad girməsin deyə pəncərənin
çərçivəsinə cuna vurmuşdular – və nə qədər yuyursan, yu, Abşeron küləyinin üç
dəqiqənin içində toza basıb bozartdığı cunanın arxasından eşiyə baxdı: bayır da o
cuna kimi həmişəki bozluq içində idi.
Cümü (Qızıl Diş Cümşüd) səhər tezdən tırtırına minib cəhənnəm olub, getmişdi,
Cəmilə dərsdə idi – bu il onuncu sinifə keçirdi, Səyyarə Buzovna bazarına göyərti
almağa getmişdi (günortalar göyərti səhərə nisbətən ucuz olurdu) – bir sözlə, Gülzar
arvad otaqda tək idi və eləcə, o bomboz eşiyə baxırdı və birdən, heç özü də bilmədi,
necə oldu, arvadın dodağı qaçdı və öz-özünə:
– Get, köpəy qızı, – dedi. – Canın çıxsın, get, humanitar yardımını al! – Çənəsi
əsə-əsə pəncərənin qabağından çəkilib otağın küncündə, Cəmilənin dəftər-kitabının
yanında yerə atılmış torbanı götürdü və cırıltıyla qapını açıb: – Get, sülən orda, it
kimi, vermişelini versinlər... – deyə-deyə pilləkənləri aşağı düşdü.
Qapı cırıldaya-cırıldaya öz-özünə bağlandı.
X
Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab
eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların
xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna,
səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş
birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.
Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin
generalissimus formasında rəngli şəklini yapışdırmışdı və Vasili Kuzmiç qəti
surətdə bu fikirdə idi ki, Stalin əsl rəhbər və əsl rus mujiki idi (Qorbaçov isə – Iuda
idi). Vasili Kuzmiçin gəncliyi Stalinin zamanına düşmüşdü və o, Stalinə sevgi və
ehtiramını bu günə kimi ürəyində saxlamışdı.
Vasili Kuzmiç o bağı da sevirdi, daha doğrusu, həyətdəki o əncir, tut, üzüm,
ərik, şəftəli, armud, zoğal, əzgil – bir sözlə, o ağacların hamısı, illər keçdikcə,
Kuzmiç üçün əziz bir məxluqa çevrilmişdi, Kuzmiç onların hamısını – az qala,
budaqlarının sayınacan – bir-bir tanıyırdı və əsas məsələ burasında idi ki, ona elə
gəlirdi, elə bil, o ağaclar da onu tanıyır, onun üçün darıxır və ağacların belə bir
vəfadarlığı Kuzmiçə bəzən elə təsir edirdi ki, – xüsusən bir az araq içəndən sonra –
kişi qəhərlənirdi, burnunu çəkib bir siqaret yandırırdı.
Kuzmiç bəzən ağacların arasında dolaşanda, özündən asılı olmayaraq, hansı
ağacınsa yanında dayanırdı, əlini onun gövdəsinə sürtüb:
– Necəsən?– soruşurdu və onun o sualının ağac üçün xoş olduğunu, az qala,
cismən hiss edirdi.
Vasili Kuzmiçin heç bir güzəran iddiası yox idi, gününü bir kömbə çörək və bir
şüşə araqla keçirə bilərdi və bunu özünə dərd eləmirdi – həyat idi və həyatın öz
qanunları var idi. Əhməd Ağayeviçin verdiyi pul azlıq edirdi, amma Vasili Kuzmiç
bir dəfə də olsun, bu barədə bir söz demirdi və əsas məsələ burasında idi ki, Vasili
Kuzmiç o ağaclara Əhməd Ağayeviçin verdiyi pula görə qulluq etmirdi, o ağacları
sevdiyinə görə onlara o cür sidq-ürəkdən qulluq edirdi – dibini boşaldırdı, sulayırdı,
budayırdı, gövdəsinə əhəng çəkirdi, vaxtlı-vaxtında dərman püsgürdürdü, dibinə
peyin tökürdü və s. – Vera Arxipovna xəstələnib yatağa düşəndə, arvadına necə
xidmət etmişdisə, indi Əhməd Ağayeviçin bağındakı o ağaclara da eləcə cani-dildən
xidmət edirdi, intəhası, Veranın o bəd xəstəliyinə görə, Kuzmiçin ürəyi kədərli
olurdu, indi isə, əksinə, ağaclara xidmət edəndə ürəyi tamam açılırdı.
Bağdakı o ağaclardan sonra Vasili Kuzmiçin ünsiyyətdə olduğu ikinci məxluq
isə ağac yox, insan idi – üzbəüz bağa baxan Ələmdar – və Ələmdar hərdən arvadının
qorxusundan xəlvət-xəlvət Vasili Kuzmiçin yanına gəlib onun arağına şərik çıxırdı.
Ələmdar Ermənistandan qaçqın düşmüşdü və ailəsi – arvadı, dörd uşağı – ilə
birlikdə Əhməd Ağayeviçin bağının qarşısındakı bağda, Vasili Kuzmiçin damı kimi
birotaqlı damda yaşayırdı və onun bağ sahibindən aldığı pul araq almağa imkan
vermirdi, imkan olanda da, arvadı o saat duyuq düşürdü və Ələmdarı növbəti dəfə
qovub bağa buraxmırdı.
Bir dəfə, axşam Ələmdar yenə arvadından gizlin Vasili Kuzmiçin yanına gəldi
və böyük heyva ağacının altında, Əhməd Ağayeviçin Lənkərandan gətirtdiyi, üzünə
lak çəkilmiş kötüklərin üstündə oturub, Kuzmiçin günorta aldığı, yarısı hələ qalmış
araq şüşəsini iki stəkana boşaltdılar.
Ələmdar:
– Zakuskaya bir şey net?– soruşdu.
Vasili Kuzmiç:
– Net, – dedi. – Quyu suyu yest.
Ələmdar:
– Olmadı ki... – dedi və arağı içdi, sonra quyu suyu doldurulmuş bardaqdan biriki
qurtum aldı, sonra da ağzını su ilə doldurub cidd-cəhdlə qarqara eləməyə başladı
– bəzən arvadı ondan şübhələnəndə ağzını iyləyirdi – axırı ki, ağzındakı suyu yerə
tüpürüb: – Sabah, – dedi, – səni bir əntiqə yerə qonaq aparacam...
Ələmdar araq içəndə çox şey deyirdi, səhərisi də dediklərini yadından çıxarırdı,
amma o günün sabahı, doğrudan da, Vasili Kuzmiçi çağırdı:
– Adevaysa, paydyom.
Vasili Kuzmiç:
– Hara paydyom?– soruşdu.
Ələmdar:
– Ə, dünən ne skazal tebe?– dedi. – Qonaq vazmu tebya. Adevaysa.
Vasili Kuzmiç daha bir söz deməyib dama girdi. Otaqda dolab yox idi və Vasili
Kuzmiç divarın bir küncünə qəzet yapışdırıb mismar vurmuşdu və sovet vaxtı
bayramlarda geydiyi o yeganə kastyumu da Nuh-Nəbidən qalma bir asılqana keçirib
o mismardan asmışdı – onu götürüb geyindi. Burada yaşadığı beş il müddətində
kastyumu bir dəfə də olsun əyninə geymədiyi üçün, Vasili Kuzmiçə elə gəldi ki, elə
bil, onu qəfəsə salıblar və o, damdan çıxanda Ələmdar mat-mat onun pencəyinin
döşündəki orden-medallara baxdı:
– Eta vsyo tvoy?
Vasili Kuzmiç açıq-aşkar bir qürurla:
– A kak je?.. – dedi.
Ələmdar bir müddət də o orden və medallara baxıb:
– Net, – dedi. – Eta vsyo snimat!
Vasili Kuzmiçin içində bir etiraz dalğası yarandı, amma Kuzmiç o dalğanın
qarşısını aldı, çox atılıb-düşmək lazım deyildi, dünya dəyişmişdi, həyat idi və
həyatın öz qanunları var idi.
Vasili Kuzmiç iyirmi beş il bundan qabaq o kastyumu alıb döşünə orden və
medalları taxdığı gündən sonra, ilk dəfə onları açıb çıxartdı.
Ələmdar:
– Tak xaraşo. Getdik.
– Kuda getdik?
– Maştağa! Ehsan tam.
– Çto?
– Ehsan! Znayeş ehsan şto?
– Net.
Və həmin gün Ələmdar ehsanın nə olduğunu Vasili Kuzmiçə başa saldı və elə
həmin gündən də ehsan Vasili Kuzmiçin güzəranının gözəl bir hissəsinə çevrildi.
Məsələ burasında idi ki, Ələmdar son üç ildə təkcə Bilgəhdə yox, yaxın
kəndlərdə də tanıyıb-tanımamağından asılı olmayaraq – əksəriyyətini tanımırdı –
hansı mərhumlar üçün ehsan məclisi düzəlirdisə, çayxanada, bazarda, məsciddə,
bundan xəbər tuturdu, ünvanı öyrənirdi və gedib ədəb-ərkanla orada ehsan – adətən,
plov – yeyirdi və tanımadığı o mərhuma da Allahdan rəhmət diləyirdi. Əlbəttə,
ehsan sahibləri Ələmdarı tanımırdılar, amma bunun fərqi yox idi, elə bilirdilər ki,
Ələmdar mərhumun, ya da onun hansısa qohumunun tanışıdı, bir də ki,
müsəlmançılıqda ehsan savab idi və heç kim Ələmdarı yas yerindən qova bilməzdi
ki, niyə gəlib burda ehsan yeyirsən.
Ələmdarla birlikdə Maştağaya gedib həyatında ilk dəfə həqiqi plov, halva
yeyən, zəfəranlı şərbət içən və bütün bunlardan vəcdə gələn Vasili Kuzmiç həmin
gündən sonra bir müddət Ələmdarla birlikdə öyrəndikləri yas məclislərinə gedib
ehsan yedi. Bəzən elə olurdu ki, kəndlərdəki o yas məclislərində təəccüb və maraqla
Vasili Kuzmiçə baxırdılar və günlərin birində Ələmdar dedi:
– Znayeş şto? Tı addelna, mən də addelna. A to, vmeste, patom ploxo budet!
Və Vasili Kuzmiç həftədə iki dəfə, üç dəfə, elə həftə olurdu ki, lap beş dəfə
kimlərinsə yas məclislərinə gedib ehsan yeyirdi və onun sidq-ürəkdən təəssüf elədiyi
bircə şey var idi ki, bu da ehsan süfrələrində arağın olmaması idi.
Vasili Kuzmiç müsəlmanlığı elə həmin vaxtlarda qəbul etdi – məscidə getmədi,
heç bir mollaya müraciət etmədi, sadəcə, bir gecə tut ağacının altındakı o laklı
kötüklərdən birinin üstündə oturub siqaret çəkə-çəkə fikirləşdi ki, düz eləmir və bu,
Allahın xoşuna gələn iş deyil, özü xaçpərəst ola-ola müsəlmanların yas məclisində
iştirak edir və elə həmin gecə də Vasili Kuzmiç özü-özünə qərar verdi ki, müsəlman
olub.
Ələmdar ona deyirdi:
– Sən necə müsəlmansan ki, araq içirsən?
Vasili Kuzmiç ondan soruşmurdu ki, bəs, sən niyə müsəlman ola-ola araq
içirsən – bu, həyat idi və həyatın öz qanunları var idi, ona görə də deyirdi:
– Mən musalman olanda dedim ki, bunun yedinstvenni, vodkaya daxli yoxdu.
– Sünnət oldun?
– Sunnat olsa da, olmasa da, o, heç neyə ne qodidsya.
Ələmdar araqdan sonra quyu suyu ilə ağzını qarğara eləyəndən sonra soruşurdu:
– Bəs, sən necə müsəlmansan?
– Ya musalman olanda dedim ki, ya müsəlmanam, i vsyo! Uje elə Vasili
Kuzmiç deyiləm, kak ranşe...
Ələmdar:
– Heç olmasa, adını dəyiş də... – deyirdi. – Vasili Kuzmiçdən müsəlman olar?
Vasili Kuzmiç:
– Allax urakdadi, adda yox. Man Vasili Kuzmiçam, i vsyo!
XI
Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma
məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından
özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan
ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü
özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə
müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi
bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu,
Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq
Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz
adını çəkib:
– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci
görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar!
Surxay Kolxoz kişinin adını heç cürə üçrəngli bayrağın dalğalanmasına
yaraşdıra bilmirdi və bir dəfə Kolxoz kişiyə dedi:
– Bura bax, Kolxoz kişi, sənə bir sözüm var...
Kolxoz kişi:
– Nədi, a bala?– soruşdu.
Surxay dedi:
– Sən dədəyin goru, Kolxoz kişi, adını dəyişdir. Bizi biyabır eləmə...
Kolxoz kişi at gözü kimi iri və qara gözləriylə zəndlə Surxayın gözlərinin içinə
baxıb:
– Kişinin bir adı olar! – dedi, sonra dediyi sözdən özünün də açıq-aşkar xoşu
gələ-gələ əlavə etdi: – Kişi odu ki, adı Kolxoz ola-ola kolxoza qarşı mübarizə apara!
XII
Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın –
Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora
«Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri
ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular.
Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi,
həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin
birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar Ittifaqından aldığı
maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini
dolandıran bir erməni idi.
Bu fani dünyaya varlı bəy ailəsində gəlmiş, sovet hökuməti qurulandan sonra isə
Şuşada hamballıq edən Hambal Əsgər bəy, bir dəfə, növbəti yükü daşıyandan sonra
Bazar başında dayanıb nəfəsini dərəndə, bir yekə kisə kartof gətirib bazarda satan
Arsendən soruşdu:
– Ə, Arsen, «Allahverdiyan» da erməni famili olar? «Verdi» də bizimki,
«Allah» da bizimki!
Arsen dedi:
– Ara, Əsgər bəy, niya olmasın? Allax hamının Allaxıdı da!..
Arsenin arvadı Yeva rus idi və deyilənə görə, Arsenin böyük oğlu Vova da,
əslində, Yevanın hansısa bir rusdan olan bic oğlu idi, Arsen Yevanı alanda yanında
gətirmişdi və doğrudan da, Vovanın sifətində ermənilikdən bir əlamət yox idi, xalis
sarışın bir rus, slavyan balası idi, amma Arsenin ikinci oğlu Arkadi sifətdən əsl
erməni idi ki, varıydı, çünki, elə bil, Arsen asqıranda, burnundan düşmüşdü.
Və – dünyanın qəribə işləri var – həmin gün ki, Məleykə müəllimə əlində
yarımçıq xlor şüşəsi tutub Buzovnadakı Fəhlə Yataqxanasının üçüncü mərtəbəsində
o bayraq rəngli qapıya baxa-baxa birdən-birə Surxayın qəzet-jurnal köşkünü yada
salmışdı, bax, elə həmin günün axşamı Arsen Allahverdiyan, Şuşada, elektrik
olmadığı üçün qaranlıq çökmüş küçə ilə evinə gedirdi. Əslində, Şuşanın özü də bu
küçə kimi bomboş idi, düzdü, ordan-burdan gəlmiş erməni ailələri var idi ki, qaçqın
düşmüş azərbaycanlıların evlərində yaşayırdılar, amma Arsen onları tanımırdı,
tanıdığı, ancaq şuşalı ermənilər idi ki, onların da çoxu ora-bura dağılmışdı – bir-ikisi
Yerevanda veyllənirdi, qalanı da Moskvada, Rusiyanın başqa şəhərlərində idi,
bacarığı, imkanı, qohumu olan da Avropada, Amerikadaydı.
Arsen ehtiyatla addımlayırdı, çünki Ermənistandan, xüsusən Gorus tərəfdən
ermənilər Şuşaya axışıb evlərin, səkilərin daşlarını, elektrik dirəklərini, məftilləri,
boruları – nə vardısa, söküb aparırdılar Irana, satdıqlarını satırdılar, qalanından da
özləri istifadə edirdi və həmin qaranlıqda Arsen, necə oldusa, həmin o qəzet-jurnal
köşkünün qabağında dayandı.
Arsen özü qəzet oxuyan deyildi, amma yayda ki, Azərbaycan yazıçıları Bakıdan
Şuşa Yaradıcılıq Evinə gəlirdi, onda hər gün Arsenə pul verib, xahiş edirdilər ki,
təzə qəzet alıb gətirsin və Arsen də yoxuşu aşağı enib gəlib Surxaydan qəzet alırdı.
Arsen nə üçün paslı dəmir skleti qalmış o köşkün qabağında dayandı, niyə
birdən-birə Surxayı xatırladı (xatırlamağa, yada salmağa o qədər adam vardı ki...) –
bunu heç özü də bilmədi və o qaranlıq içində köşkün dəmir skletinə baxa-baxa özözünə
azərbaycanca soruşdu:
– Ara, Surxay, xardasan indi, ara? Ara, sağsan xeç olmasa?..
Və Arsen Allahverdiyan ayağı çuxura düşməsin deyə, eləcə ehtiyatla addımlayaaddımlaya
o qəzet-jurnal köşkündən uzaqlaşdı və qaranlıq içində itməzdən əvvəl bir
dəfə də ayaq saxlayıb yenə öz-özünə danışıb azərbaycanca:
– Köpay oğlu, Vova!.. – dedi.
Vova Şuşada deyildi, Yerevanda yaşayırdı və özü də böyük adam olmuşdu,
Ermənistanda Daxili Işlər Nazirinin birinci müavini idi. Vova Qarabağı Ermənistana
birləşdirmək tələbi ilə odlu-alovlu nitq söyləyəndə, onun qabağında durmaq
mümkün deyildi.
XIII
Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar –
onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla
futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan
uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün
Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları
Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.
Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik»
Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin
futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa,
Ingiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki,
mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın,
özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda,
arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə
Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın
həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi Ibadulla
onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio
kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar,
futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın
gənclərdən ibarət yığma komandasına daxil etdilər.
Əbülfətin işım-işım işıldayan qara saçları qıpqıvrım idi və Abşeronun günəşi
də, elə bil, Bolelşik Bufetçi Ibadullanın bu uşağa qoyduğu adı daha da görümlü
eləməkdən ötrü, onun qarabuğdayı dərisini bir az da qaraltmışdı (gözləri isə gömgöy
idi) və Əbülfətin futbol oynamağı, həqiqətən, möcüzə kimi bir şey idi, elə bil, hansı
top olur-olsun, Əbülfətin ayaqlarını tanıyırdı, uşaq anasının qucağından əl çəkməyən
kimi, top da gəlib yapışırdı onun ayaqlarına və Əbülfət nə oyun deyirdin, o topun
başına açırdı və o topla da bir yerdə rəqib tərəfin başına oyun açırdı.
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad çirkli pal-paltarı
Yataqxananın beşinci mərtəbəsindən aşağı düşürüb həyətdəki krantın altında
sabunlayıb yuya-yuya Səyyarəyə deyirdi:
– Az, sənə nə var e... Əbili («Eysebio» adını tələffüz eləyə bilməyən Güllü arvad
Əbülfətə, çağa çağlarındakı kimi elə «Əbili» deyirdi), Allah qoysa, milyaner olajağ,
dərd bizim dərdimizdi, bizi aparıb o ilan mələyən qəbiristanlığda basdırajağlar.
Səyyarə, əlbəttə, içində bir qürur hissi keçirirdi, amma nə qədər edirdisə də, o
qürur hissinə həmişə bir kədər də qarışırdı və özündən asılı olmayaraq, bir «ah»
çəkib deyirdi:
– Helə demə, Güllü xala... Allah qoysa, öz elimizə - obamıza qayıdıf dədəmizin,
nənəmizin yanındaja öz torpağımızda öləjəyik...
Güllü xala:
– Ba?– deyirdi və kiriyirdi.
Güllü nənə bir də haçansa Şuşaya qayıdacaqlarına daha heç cürə özünü inandıra
bilmirdi.
|