Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bayraqdar
«Qaçqınlar» silsiləsindən
BAYRAQDAR
(Eysebionun faciəli ölümü haqqında kədərli povest)


    – Adam dəli olanda, özü bilmir ki, dəli olub? Hıy?
     (Gözlə-Gəlirəm Məmməd kişinin Cümüyə (Qızıl Diş Cümşüdə) verdiyi sual.)
    – Nə deyim e, qağa? Üçrəngli bayrağımıza qurban olum! Mən ölüm, bunnan artığını nə deyim? Hıy? Denə, deyim!
     (Bi-bi-si müxbirinin: «– Bu bayraq sizin üçün nədir?»– sualına Bayraqdarın verdiyi cavab.)
    – Sovet zubulu ilə zarafat eləmək olmaz ha!..
     (Cümünün (Qızıl Diş Cümşüdün) söylədiyi kəlam.)
    ... sonra o həyətdə, elə bil, xəzri, giləvar yox, bir sevinc küləyi əsdi:
    – Eysebio gəldi!..
    – Eysebio!..
    – Eysebio!..
    ... və o həyətdə gözəl bir futbol oyunu başladı...
    ... və o zaman o həyəti ilk dəfə görən adam, yəqin, fikirləşərdi ki, burada nə xoşbəxt insanlar yaşayır...

I


    2003-cü il Mayın 28-nə – Azərbaycan Demokratik Respublikasının 85-ci ildönümünə bir gün qalmış, yəni mayın 27-də, axşamçağı, böyük-kiçik – bütün şuşalıların Bayraqdar çağırdığı Surxayın daha sabahı gözləməyə səbri çatmadı, səliqə ilə ağ çitə, üstündən də sellofana büküb çarpayının altında – başqa yer yox idi – saxladığı bayrağı – müstəqil Azərbaycanın üçrəngli bayrağını – çıxartdı, xüsusi bir həvəslə, ləzzətlə çiti, sellofanı açdı və bayrağı götürüb Buzovna Fəhlə Yataqxanasının həyətinə düşdü, gözünü qıyıb zəndlə qazanxananın damına baxdı. Birmətrəbəli o köhnə qazanxana həyətin yuxarı başında idi, ondan o tərəfə həyət qurtarırdı və Bakıya gedən şose yol başlayırdı. Surxay Yataqxanada məskunlaşdıqları bu on ildə bayrağı həmişə üçüncü mərtəbədəki evinin (otağının) pəncərəsindən uzadıb asırdı, amma pəncərədən uzanan bayraq bu yerlərin küləyinə dözmürdü, xəzri əsəndə bir tərəfə əyilirdi, gilavar əsəndə o biri tərəfə və Surxay da gündə neçə dəfə o bayrağın səmtini düzəltməli olurdu. Bir müddət bundan əvvəl cani-dildən 28 Mayı gözləyə-gözləyə birdən Surxayın ağlına gəldi ki, bu dəfə bayrağı evin (otağın) pəncərəsindən yox, qazanxananın damında, küncdən assın. Bayraq həm şose yol tərəfdən görünəcəkdi, həm həyətdən, həm də onu orda elə bərkitmək olardı ki, hər dəfə küləyin səmtinə əyilməsin. Surxay belə hesablamışdı ki, Mayın 28-də sübh tezdən durub bayrağı o küncdən asacaq, amma Mayın 28-i yaxınlaşdıqca, çarpayının altındakı o bayraq da Bayraqdarı maqnit kimi özünə çəkirdi, – srağagün dözdü, dünən dözdü, amma bu axşam daha dözə bilmədi və bayrağı götürüb beləcə həyətə endi.
    Şose yolun Yataqxananın həyətinə bitişik səkisi boyunca dörd-beş addımdan bir otuz-otuz beş illik tut ağacları əkilmişdi – yeddi-səkkiz ağac idi və o tut ağaclarından biri ilə qazanxananın divarı arasında yarım metrdən də az bir məsafə var idi və Bayraqdar bayraqla birlikdə o tut ağacının yanına getdi.
    Bir vaxtlar Bayraqdar bayrağı əlinə alanda, həndəvərdə nə qədər uşaq var idi, onun başına yığılırdı, amma indi həyətdə heç kim yox idi və ümumiyyətlə, elə bil ki, illər ötdükcə o bayrağın da cazibəsi azalırdı və bu barədə – xüsusən gecələr yerinə girib yuxuya getməzdən əvvəl – fikirləşəndə, Surxaya elə gəlirdi ki, elə bil, ürəyində Şuşadan başqa (bəlkə, Şuşadan da betər!), ikinci bir dərd yarğanı da əmələ gəlir. Surxay əlində tutduğu bayrağa baxdı və birdən-birə ürəyindən belə bir ağrı da keçdi ki, bayraq – bu gözəl bayraq, bu gözəl üçrəngli bayraq qocalıb... Göyünün də, qırmızısının da, yaşılının da rəngi solmuşdu, qotazı tiftiklənmişdi, dəmir ucluğunun nikeli nöqtə-nöqtə orda-burda pas atmışdı, dəstəyinin lakı adda-budda tökülmüşdü və bu bayraq açıq-aşkar deyirdi ki, Surxay, qardaş, daha mən yorulub əldən düşdüm, məni dəyişdir. Elə həmin anda da Bayraqdarın bütün içindən bir vicvicə keçdi, birdən-birə də əməlli-başlı gözləri doldu, çünki Surxay – Bayraqdar belə vəfasız adam deyildi.
    Əvvəlcə Cümünün (Qızıl Diş Cümşüdün) sürdüyü lafetli motorellerin (tırtırın) tırıltısı gəldi, sonra özü görünüb şosedən həyətə buruldu və Cümü əlində bayraq tutub, qazanxananın küncündə dayanmış Surxayı görəndə tırtırı saxladı:
    – Nədi, ə, Bayraqdar, bayram bu gündü?
    O axşam Buzovnada külək yox idi, xəfif bir yel əsirdi, amma elə o xəfif yel də bəs elədi ki, Cümüdən gələn araq iyi bütün ətrafa yayılsın.
    – Hara vurassan?– Cümü soruşdu və motorollerdən düşüb Surxayın yanına gəldi...
    – Istəyirəm ora, – Bayraqdar əlini uzadıb qazanxana damının küncünü göstərdi,
    – vurum.
    – Bə nətər bərkidəssən?
    – Odu ha, – Bayraqdar haçansa tut ağacının dibində düşüb qalmış yekə bir kubik parçasını göstərdi, – onu dəstəyin üstünə qoyajam. – Sonra: – Amma o azdı, – dedi.
    – Bir-iki yekəsini də tapım gərək.
    Cümü, elə bil, bir bəhanə axtarırdı ki, Yataqxananın beşinci mərtəbəsindəki evinə (otağına) getməsin və:
    – Qoy, əvvəlcə mən dırmaşım, – deyib, elə bil, çoxdan gözlədiyi əzizi idi, tutun yoğun gövdəsini bağrına basıb yuxarı dırmaşmağa başladı və dırmaşa-dırmaşa da, hıqqandıqca bir az bundan əvvəl Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi 200 qram arağın iyi aləmi başına götürürdü və Bayraqdar üçün bu araq iyi ilə o bayraq bayramı ərəfəsinin gözəl ab-havası arasında tamam bir uyuşmazlıq var idi. Cümü yuxarı dırmaşıb asanca qazanxananın damına adladı və Surxay bayrağı uzadıb ona verdi, tutun dibindəki yekə kubik qırığını da qaldırıb Cümüyə ötürdü və o tərəf-bu tərəfə baxdı ki, yenə daş tapsın, amma Cümü:
    – Burda zubul kimi bir şey var, – dedi. – Qalx, elə onuynan vuraq. Üstünə daş qoymağnan başa gəlməyəjək. Bayraqdar da tutla dırmaşıb qazanxananın damına çıxdı və Cümü, doğrudan da, Allah bilir nə vaxtdan atılıb damda qalmış, illərdən bəri də paslanmış, amma ucu iti, uzun və nazik zubul kimi bir şey tapmışdı. Surxay zubulun o tərəfinə-bu tərəfinə baxa-baxa bir az tərəddüdlə:
    – Görən paralamaz dəstəyi?– soruşdu.
    Cümü:
    – Nə bilim, – dedi. – Küləyin öhdəsindən gəlsə, o gələjək. Daş yığmağnan düzələsi iş deyil...
    Surxay o nazik, uzun zubulu o tərəf-bu tərəfə çevirərək fikirləşdi ki, elə bunun özünün də başını nikelləmək, həmişəlik dəstəkdə saxlamaq, hər dəfə də istədiyin yerə vurmaq olar və bu qərarından sonra bayrağı qazanxananın damının küncündən uzatdı, Cümü bayrağı tutdu, Surxay da o daş parçası ilə zubulu bayrağın dəstəyinə vurmağa başladı. Surxay:
    – Ə, yavaş ol, buralar dağılıf əldən gedif, – dedi. – Yıxılarsan.
    Cümü sidq-ürəkdən:
    – Cəhənnəmə yıxılım! – dedi. – Amma, qağa,bu bayrağı gərək remont eləyəsən, qotazını-zadını təzələyəsən...
    Bu bədbəxt Cümü – «pyaniskə» olanda nə olar (yaxşı gününə görə içmir ki!) – yaxşı adam idi, onun o «remont» sözü Bayraqdarın xoşuna gəldi. Cümü «gərək bu bayrağı atasan» demədi, «gərək remont eləyəsən» dedi və elə bil 2003-cü il mayın 27-dəki o axşam, Fəhlə Yataqxanasının həyətindəki o qazanxana damında birdənbirə üçbucaq bir doğmalıq əmələ gəldi: Surxay – Bayraq – Cümü. Surxay:
    – Hə, – dedi, – əl gəzdirəjəm.
    Cümü zarafatla:
    – Sovet zubulu ilə zarafat eləmək olmaz ha!.. – dedi. – Yavaş ol, əlini əzərsən.
    Surxay:
    – Ə, buna da üçrəngli bayrağ deyərlər! – dedi və o paslı zubul, elə bil, Bayraqdarın o sözlərini eşidib, o ruh yüksəkliyini hiss edib kubik parçası ilə vurulavurula dəstəyi parçalayıb-eləmədi, amma damın özünün daşları illərin yağışının, küləyinin altında suvaqdan çıxmışdı, tərpənirdi və Bayraqdar nigarançılıqla: – Allah eləməsin, – dedi, – amma bu daşlar bir dəfə burdan kiminsə başına düşəcək.
    Cümü:
    – Qağa, mən ölüm, onlara tapşır ki, mənim başıma düşsün, – dedi və güldü. Surxay:
    – Mənim tapşırmağımnan olsaydı, elə tapşırardım, sənin o taksini qaytarardılar özünə! – dedi və birdən qorxdu ki, onun bu sözləri qazanxananın üstündə Cümünü kövrəldər, yaxşı olmaz, amma Cümü kövrəlmədi, əksinə, bayrağın duruşunu təriflədi:
    – Allah haqqı, əla görünür!..
    Surxay:
    – Çox sağ ol, – dedi, elə bil, Cümü bayrağı yox, Surxayın özünün əlalığından dəm vururdu, amma o zubul bayrağı, doğrudan da, dama möhkəm bərkitdi və Surxayın da kefi açıq-aşkar kökəldi. – Bu zubulu elə dəstəkdə saxlayajam... Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi o 200 qram arağın təsiri tamam keçib getməsə də, Cümü ay işığında Bayraqdarın gözlərinin güldüyünü, bütün dərdini-sərini yadından çıxardığını gördü və elə bil, Bayraqdarın içindən gələn o gözgörəti uşaq sevinci Cümüyə də sirayət etdi, Cümü də Buzovna Fəhlə Yataqxanasının həyətindəki o qazanxananın damında sinədolusu yaxşıca bir nəfəs aldı.
    Nə müddət idi, Cümünün (Qızıl Diş Cümşüdün) sinəsi beləcə «doydum» deyib, hava ilə dolmamışdı.

II


    Çox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı – bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun əncir, iydə, innab, püstə, badam, muşmula bağı idi və Kolxoz kişinin, əlbəttə, bundan xəbəri yox idi ki, o uzaq zamanlarda hər dəfə yazağzı səksən yaşlı Məşədi Ağarəhim o boyda bağın ağaclarını aftafa ilə birbir özü sulayırdı və bundan sonra gələn yaza qədər bağa Məşədinin bağbanları qulluq edirdi və yenə də növbəti yazqabağı xəzrisiz-gilavarsız gözəl bir sübh çağı kişi özü ağappaq alt paltarının üstündən əyninə bir pencək geyib, ağ təsəyi də həmişəki kimi, başında, əlinə aftafa alıb bağı sulamağın siftəsini edirdi və bu, illər keçdikcə etiqad mərasimi kimi bir şeyə çevrilmişdi, elə bil, kişinin ömrünü də bütün il boyu gözlədiyi o növbəti sulama mərasimi uzadırdı.
    Və əlbəttə, Kolxoz kişinin, aydın məsələdir, burasından da xəbəri yox idi ki, Abşeronda sovet hökuməti qurulanda birdən-birə bolşevik olmuş üç-dörd nəfər keçmiş fəhlə – onlardan birinin büstü Sovet Ittifaqı dağılanacan Buzovna parkında dururdu, birinin də adını məktəbə vermişdilər, sonra həmin məktəbdə oxumuş Qarabağ şəhidinin adı ilə dəyişdilər – iki rus əsgəri ilə gəlib, Məşədi Ağarəhimi yuxudan durğuzub, elə həmin ağappaq tuman-köynəkdə, aparıb sinfi düşmən kimi güllələdilər və iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Məşədi Ağarəhim Mir Abdulla oğlunun bağı tamam tələf olub getdi və o bağdan təkcə üç iydə ağacı, bir də o qədim zeytun qaldı.
    Sonralar – müharibə qurtarandan sonra – qırxıncı illərin axırlarında burada bu Fəhlə Yataqxanasını tikdilər və elə ki, Sovet Ittifaqı dağıldı, müəssisələr dayandı, Yataqxanada yaşayan fəhlələrin hərəsi bir tərəfə dağılışdı, sonra ermənilər Qarabağı işğal etdi, o vaxt – 1992-ci ilin cırhacır isti yay aylarında Şuşadan qaçqın düşmüş camaatın bir qismini müvəqqəti olaraq bu Yataqxanada yerləşdirdilər və o müvəqqəti, bu müvəqqəti, – Buzovnadakı Fəhlə Yataqxanası həmişəlik məsgən olub qaldı.
    Kolxoz kişi həyətdə durub əlini uzadaraq orda-burda suvağı tökülmüş, Nuh- Nəbidənqalma əhəngi rəngini itirmiş, il-on iki ay pəncərələrinin, eyvanlarının arasında zivədən pal-paltar asılmış Yataqxana binasını göstərib deyirdi:
    – Bu da bizim elimiz, obamızdır də...

III


    Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:
    – Bay-raq-dar!..
    – Bay-raq-dar!..
    – Bay-raq-dar!..
    Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat köşkündə qəzetjurnal satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da bundan ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox, «Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar.
    Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğandöşəyə düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o gözəl köşkdə qəzet-jurnal satdı. Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə gedirdi, amma bir dəfə Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün qabağında dayanıb:
    – Dərsə niyə gəlmirsən, a bala? – soruşdu.
    Surxay:
    – Dədəmin yerindəyəm axı... – donquldandı.
    Məleykə müəllimə də:
    – Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da kifayətlənməyib əli ilə köşkü göstərdi: – Pah!.. – dedi. – Bura da sənin padşahlığındı?!
    Və Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı, amma oxumağın dalınca getməsə də, Şuşada az adam tapılardı ki, Surxay qədər siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş Suslovun dədəsinin adınacan) və «perestroyka»nın şıdırğı vaxtında ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından sonra nəhayət ki, Azərbaycana qayıda bildiyinə görə Şuşadakı o qəzet köşkünün şüşəsindən xəfif bir təbəssümlə gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu kimdi belə?
    Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq. Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi, amma dünyada Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və əlbəttə, o vaxt Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü üçün) bu dünyada az bir möhlət ayırıb.
    Illər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası və onu Bayraqdar edən üçrəngli bayraq oldu.
    Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki, yüngül olsun, sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və rəhmətlik Uzun Məti kişinin cavanlıq çağlarında həyətdə əkdiyi böyük qoz ağacının bir gözəl budağından dəstək düzəltdi, Bazar başında misgər Əlihüseyn kişinin dükanına gedib bayrağa dəmir ucluq düzəltdirdi, o ucluğa nikel çəkdirdi və qaynanasına – Səyyarənin anasına – o arvadın əl işi bütün Şuşada məşhur idi – ipək qotaz düzəltdirib o ucluqdan asdı və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik bayrağını birinci dəfə gördü.
    Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o bayraq orada başını əyməsin...
    Və o bayrağın eşqi Telefon Stansiyasının yanındakı o mətbuat köşkünə, qəzetjurnallara və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və məhəbbəti də sıxışdırıb Surxayın ürəyində büzüşdürdü – indi o ürəyin içindəki üçrəngli bayraq idi...

IV


    Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı. Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
    Və hərdən bağda – Əhməd Ağayeviçin bağında qədim əncir ağacının dibində oturub kürəyini ağacın yoğun gövdəsinə söykəyərək filtrsiz siqaret çəkə-çəkə o zamanları xatırlayan Vasili Kuzmiçin, bəzən, özünün də inanmağı gəlmirdi ki, haçansa, həqiqətən elə gözəl bir həyat yaşayıb, amma Vasili Kuzmiçin ürəyində xüsusi bir təəssüf hissi də yox idi, çünki o, həyat adamı idi və fikirləşirdi ki, həyatdı, yaşanıb, keçib-gedib və yalnız Vera Arxipovnanı xatırlayanda, sonuncu siqareti nə vaxt çəkməyindən asılı olmayaraq, Kuzmiç təzə bir siqaret yandırırdı.
    Sovet zamanının bayramlarında – 1 Mayda, 9 Mayda, 7 Noyabrda Vasili Kuzmiç Vera Arxipovnanın səliqə ilə ütülədiyi göy kastyumunu geyib, Lampa zavodunda işlədiyi müddətdə əmək qələbələrinə görə aldığı orden və medalları döşünə taxırdı, axşamdan şotka ilə təmizləyib boya sürtdüyü üçün pap-par parıldayan ayaqqabılarını geyirdi və nümayişlərə gedirdi, sonra da ya onlarda, ya dostlardan birinin evində yığışırdılar, gecəyə qədər yeyib-içirdilər, qarmon çalıb oynayırdılar və indi o günlər – o gözəl günlər Vasili Kuzmiçə yuxu kimi gəlirdi, onun ürəyini bir kədər bürüyürdü, amma yenə də xüsusi bir təəssüf hissi keçirmirdi, çünki həyat idi və həyatın öz qanunları var idi.
    Uşaqların hərəsi bir tərəfə getdi, sonra satqın Qorbaçovun (ABŞ kəşfiyyatının onu ələ almasına Kuzmiçin qəti şəkk-şübhəsi yox idi) «perestroyka» boşboğazlığı başladı, ara qarışdı, məzhəb itdi, sonra Sovet Ittifaqı dağıldı, Lampa zavodunda istehsal dayandı, sonra Vera Arxipovna öldü və işsiz Vasili Kuzmiç üçotaqlı mənzilində tək qaldı. Yavaş-yavaş alətlərini – çəkicini, mişarını, kəlbətinini, rəndəsini... – satmağa başladı, sonra yorğan-döşəyə, qab-qaşığa keçdi və bu minvalla o üçotaqlı mənzildə demək olar ki, bir şey qalmadı.
    Əhməd Ağayeviçin sürücüsü, tatar balası Şövkət Vasili Kuzmiç ilə bir blokda yaşayırdı və Bilgəhdəki o bağa köçməyi, ora qulluq eləməyi və oranın qarovulunu çəkməyi də həmin sürücü təklif elədi.
    Bakının 3-cü mikrorayonundakı həmin üçotaqlı mənzili Vasili Kuzmiçə Lampa zavodunda vermişdilər və Vasili Kuzmiç o boş mənzilin mətbəxində qabağına bir şüşə araq qoyub xeyli fikirləşdi, özü özü ilə söhbət elədi və səhər Vanyaya teleqram vurdu ki, Bakıya gəlsin. Vera Arxipovna öləndə Vanya gəlməmişdi və Vasili Kuzmiç fikirləşdi ki, çağırışının səbəbini bilməsə, Vanya yenə gəlməyəcək, ona görə də teleqramda yazdı: «Evi satıram. Gəl.»
    Üç gündən sonra Vanya Bakıda idi və Vasili Kuzmiç, doğrudan da, evi satdı, doqquz min dolları gətirib mətbəxdəki mizin üstünə qoydu və dedi:
    – Nə qədər istəyirsən, götür.
    Vanya udquna-udquna mizin üstündəki o bir dəst yüzlük dollara baxdı – bu qədər pulu Vanya, ancaq kinoda görmüşdü – sonra, elə bil, gördüklərinin gerçəkliyinə inanmayan gözlərini güclə o pullardan çəkib atasına baxdı, sonra özündən asılı olmayaraq birdən-birə titrəməyə başlamış əlini uzadıb pulun hamısını götürdü, sonra da eləcə udquna-udquna yenə atasına baxdı:
    – Sənə də lazımdı?
    Vasili Kuzmiç barmağını bığına çəkib:
    – Yox, – dedi və o vaxtdan da Əhməd Ağayeviçin Bilgəhdəki bağında yaşamağa başladı.
    O isti iyun günü də Vasili Kuzmiç əncir ağacının altında oturub acqarına siqaret çəkirdi və siqaret çəkə-çəkə də o bir dəst dolları xatırladı, Vanyanın udquna-udquna o pullara baxmağı gözlərinin qabağına gəldi və fikirləşdi ki, o pulların üstündə Vanya onu öldürə də bilərdi.
    Düzdü, Vasili Kuzmiç bunu fikirləşdi, amma Vanyaya qəzəblənmədi, çünki həyat idi və həyatın öz qanunları var idi.
    Vasili Kuzmiç siqaretdən bir dərin qullab alıb ciyərlərinə çəkdi və ağzından, burnunun pərələrindən tüstü çıxa-çıxa:
    – Allah ona kömək eləsin... – dedi.
    Vasili Kuzmiç məhz «Allah» sözünü dedi.
    Məsələ burasında idi ki, Vasili Kuzmiç müsəlman olmuşdu, hər halda, özü deyirdi ki, mən daha müsəlmanam.

V


    On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.
    Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
    – Bu da mənim günüm... – dedi.

VI


    Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:
    – Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı... Sonralar Xədicə xala ürəyi yana-yana deyirdi ki, o uşağı, o bədbəxt Əbilini elə Səyyarənin özü gözə gətirdi...

VII


    Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı. Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən maşınların qabağına qaçdığı bu müddət ərzində günün altında saralmış, üstünə maşın təkərlərinin altından çıxan toz hopmuş kağız yığınını yox, yekə bir dəstə gülü sinəsinə sıxmışdı.
    Surxay arıq adam idi, Abşeron günəşinin altında qapqara yanmışdı, hərdən dayanıb it kimi ləhləyə-ləhləyə nəfəsini dərirdi və Kamança Tanrıverdi uşaq kimi maşınların qabağına qaçan bu uzun adama baxa-baxa Şuşada əlində bayraq yellədəyellədə mitinqlərin önündə dayanan, yürüşlərin qabağında addımlayan, həmişə də başını dik tutan, özünün də, yerişinə, duruşuna, gözgörəti, o bayrağa layiq bir o məğrurluq şəsti verən Bayraqdarı gözünün qabağına gətirirdi və o bayraqdarlıq məğrurluğu ilə Buzovna dairəsində beləcə qəzet satmaqla məşğul olmaq düşgünlüyünü, Kamança Tanrıverdi, nəinki Surxaya, bütün xatirələrin canlı şahidi olan bir adam kimi, heç özünə də sığışdıra bilmirdi və ürəyində dünyanın qarasına ən pis küçə söyüşləri söyürdü.
    Bayraqdarın bu aqibəti, əslində, elə Kamança Tanrıverdinin özünün aqibəti kimi bir şey idi və dünyanın qarasına söydüyü o küçə söyüşləri də, əslində, təkcə Surxay Bayraqdara görə deyildi, həm də özünə görə idi, Buzovna Fəhlə Yataqxanasına pərçim edilmiş o camaata görə idi.
    Nəsillikcə kamançaçalan olan Tanrıverdi müəllim (ona Kamança Tanrıverdi müəllim deyirdilər) Şuşa Musiqi Məktəbində kamançadan dərs deyirdi, yay aylarında isə axşamlar Şuşa Istirahət Evinin həyətində dünyanın ən gözəl havalarını ifa edirdi və onun o kamançasının elə aşiqləri var idi ki, Füzulidə, Bərdədə, Ağdamda, Xankəndində yeyib-içəndə birdən Kamança Tanrıverdi müəllimin o havaları yadlarına düşürdü və maşını sürüb xüsusi Şuşaya gəlirdilər ki, ona qulaq assınlar və pencəyinin ciblərini də pulla doldursunlar.
    Hərdən Abşeronun 40 dərəcə istisində, ya Abşeron küləkləri əsməyə başlayanda və az qala, Buzovnadakı Fəhlə Yataqxanasının (Kamança Tanrıverdigilin də orada mənzili (otağı) var idi) damını uçurub aparmaq istəyəndə, Kamança Tanrıverdi, sərin yay axşamları Şuşa Istirahət Evinin həyətində çaldığı havaları, elə bil, qəfildən eşitməyə başlayırdı və kişiyə elə gəlirdi ki, o zaman o havaları o çalmırdı, əslində, o havaları Şuşanın dağları çalırdı, Şuşanın bulaqları, ab-havası, gülləri, çiçəkləri, rəngbərəng kəpənəkləri çalırdı, ona görə də indi rəhmətlik Ustad Məşədi Müzəffər Ağanın kamançası daha o səsləri çıxara bilmirdi. Qaçaqaç düşəndə Kamança Tanrıverdi müəllim Şuşadakı mülkündən təkcə rəhmətlik babası Ustad Məşədi Müzəffər Ağadan qalmış kamançanı götürüb qaçmağa macal tapdı və indi o kamança ilə gecə-gündüz Abşeron kababxanalarında çalıb qəpik-quruş qazanırdı. Kamança Tanrıverdi müəllim indi, ancaq Kamança Tanrıverdi olmuşdu, «müəllim» sözü yaddan çıxıb getmişdi.
    On dəqiqədən çox olardı ki, Kamança Tanrıverdi o böyük muşmula ağacının kölgəsində dayanıb, uşaq kimi maşınların qabağına qaçan Surxay Bayraqdara baxırdı və bu müddət ərzində bir nəfər də olsun, Bayraqdardan qəzet alan olmadı. Bayraqdar növbəti dəfə Kamança Tanrıverdinin böyründən ötən maşının üstünə qaçanda onu gördü və ona yaxınlaşıb ləhləyə-ləhləyə:
    – Boy, qağa?– dedi. – Nətərsən?
    Kamança Tanrıverdi bir müddət heç nə demədi və birdən – heç özü də bilmədi necə oldu? nəyə görəsə Bayraqdarı sancmaq istəyirdi? ya özü-özündən nəyinsə acığını çıxırdı?– soruşdu:
    – Deyirsən o bayraq qayıdacaq də, Şuşaya?– Və bu sözlərdə açıq-aşkar bir rişxənd var idi.
    Surxay Bayraqdar sübh tezdən Buzovna dairəsində ciyərinə çəkdiyi maşın tüstüsündən, qazdan xırıldaya-xırıldaya bir müddət ösgürdü və ösgürtüdən nazik, uzun boğazının damarlarının şişi getməmiş, çox ciddi və heç bir şübhə yeri qalmayan təntənə ilə:
    – Əlbəttə! – dedi.
    Onun o «Əlbəttə!»si ilə sinəsinin xırıltısı, eləcə ləhləməsi heç cürə bir-birinə uyuşmurdu, amma olanı bu idi ki, Bayraqdar o «Əlbəttə!»ni elə bir xatircəmliklə dedi ki, Kamança Tanrıverdinin o «Əlbəttə!»ni lağa qoymaq həvəsi (yanğısı) itib getdi.
    Məsələ burasında idi ki, qaçaqaç düşəndə, camaat Şuşadan çıxanda – 1992-ci il mayın 8-də – Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o dedi:
    – Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya! Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin – «Bir kərə yüksələn bayraq bir daha enməz!» – sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən dediyi o sözlər Bayraqdara Ilahidən gələn sözlər kimi təsir etdi və Bayraqdar bir əli ilə üçrəngli bayrağın dəstəyini daha da bərkdən sıxdı, o biri əliylə də qucağındakı Əbülfəti sidq-ürəkdən bağrına basdı, addımları gözgörəti sağlamlaşdı, enerjisini çoxaltdı və elə bil, onun o sağlam addımları Bayraqdarı Şuşadan uzaqlaşdırmırdı, elə indidən onu Şuşaya qaytarmağa başlamışdı.
    ... Sonralar Bayraqdarın o sözləri şuşalıların da ağzına düşdü, onlar da toyda, yasda bu sözləri dedilər, amma yavaş-yavaş o sözlər də, Şuşanın dağları kimi, uzaqlarda qaldı...

VIII


    Iş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.
    – Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
    Və Məleykə müəllimə birdən-birə dedi:
    – Nə qəşəng budkan varıydı, ay Surxay!.. Qəzet budkasını deyirəm... Nə qəşəngiydi...
    Yataqxananın bütün mərtəbələrindəki aralığın hər iki başında burada yaşayanlar üçün ümumi tualet var idi və o tualetlərin iyini itirməkdən, çirkabını təmizləməkdən ötrü, ora birucdan xlor tökürdülər və Məleykə müəllimə də bu sözləri dedi, sonra əlindəki xlorla tualetə getdi.
    Və o gün həmin sübh tezdən ta gecə yerinə girənəcən Surxayın ürəyindən qara qanlar axdı – görəsən, durur o «budka»? erməni indi orda qəzet satır? – və Surxay, düzdü, bunları fikirləşirdi, amma gözünün qabağında şüşələri qırılmış, cırıldayacırıldaya qapısı tərpənən, içi boş bir köşk gəlib dururdu. O küçə də bomboş idi və orada o köşkün qapısının cırıltısından başqa heç nə eşidilmirdi və birdən o küçədən arıqlayıb qabırğaları sayılan eşşəklər tək-tək keçməyə başladı və küçədə o arıq eşşəklərin də heç bir səsi eşidilmirdi: nə ləpir səsi gəlirdi, nə fınxırırdılar, nə də eşşəyin bir anqıranı var idi. Xruşşov eşşəklər üçün böyük məbləğli vergi (o məbləğ eşşəyin dəyərindən və xeyrindən artıq idi) müəyyən eləyəndə, Şuşada kim ki, eşşək saxlayırdı, yüksək vergini verə bilmədiyi üçün o eşşəklərdən imtina etmişdi və başlıbaşına qalan eşşəklər də çöllərdə, düzlərdə vəhşi heyvana dönmüşdü. Surxay bilirdi ki, o boş küçədə, tək-tək köşkün qabağından keçən o arıq və tamam səssiz-səmirsiz eşşəklər, Xruşşov vaxtının o eşşəkləridi, amma nə üçün birdən-birə gəlib Surxayın yadına düşmüşdülər (o Xruşşov eşşəklərinin indi sümükləri də çürüyüb getmişdi) və bütün günü beynində o bomboş küçədəki bomboş qalıb qapısı cırıldayan köşkün qabağından keçirdilər?
    Yataqxanada ikinci idi, ya üçüncü idi – ölən şuşalı da elə yazıq Məleykə müəllimə oldu və o vaxt Məleykə müəllimənin qırx illik əri Kazım – Dəmir Kazım! – neçə gün kimi görürdüsə, özünü saxlaya bilməyib, uşaq kimi hönkür-hönkür ağlayırdı.
    Dəmir Kazım Məleykə müəllimənin dərs hissə müdiri işlədiyi məktəbdə idman müəllimi idi, həqiqətən, dəmir kimi sağlam bir adam idi və internat məktəbin idman müəllimi Salman onun yanında zəif bir məxluq idi. Salman Buzovna Fəhlə Yataqxanasında məskunlaşandan sonra, bir müddət özünə iş tapa bilmədi, axırda xəstəxanada gözətçi işləməyə başladı və gecələr oradan spirt oğurlayıb satdığı üçün, işdən qovuldu və indi onda keçmiş idman müəllimliyindən heç nə qalmamışdı. Dəmir Kazım isə özünü saxlaya bilmişdi, nə olur-olsun, hər səhər idman edirdi, nə cür hava olur-olsun, həyətə düşüb qaçırdı, yazağzından ta payızın sonuna qədər teztez dənizə gedib üzürdü və Məleykə müəllimə vəfat edəndə hamı dedi ki, Dəmir Kazımı öldürsə, bu dərd öldürəcək – onların uşağları olmamışdı və bir-birindən başqa heç kimi yox idi – amma Dəmir Kazım ölmədi, düzdü, qaradinməz oldu, daha səhərlər idman eləmədi, qaçmadı, dənizə gedib üzmədi, sınıxdı, zəiflədi, dəmirliyi ilə birlikdə ləğəbi də əriyib getdi, amma ölmədi. Kazım, evdə (otaqda), ümumiyyətlə, bu həndəvərdə az görünürdü, çünki qoyun otarmağa başlamışdı.
    Yataqxananın arxasında hələ Xruşşovun vaxtında tikilmiş beşmərtəbə binada yaşayanlardan kimin qoyunu var idi, ona vermişdi və Kazım da sübh tezdən qoyunları qabağına qatıb bağlararası torpaq yollarla Bilgəh sahilindən fırlanıb, gedib Nardarana çıxırdı, qoyunlar da torpaq yolların qırağında, bağ hasarlarının dibində toz basmış adda-budda otdan-alaqdan otlayırdı, yay vaxtları dənizkənarı plyajlarda ora-bura atılmış qarpız, yemiş qabığı, quru çörək axtarıb, tapıb yeyirdi.
    Kazım deyirdi:
    – Buranın qoyunları, elə bil, itdi, plyajdakı zibillikdə eşələnirlər, iyləyif selefanların arasını axtarırlar...

IX


    Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan
    Gülzar arvada:
    – Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
    Axır vaxtlar eşitdiyi sözlər, elə bil, Gülzar arvadın beyninə bir az gec gəlib çatırdı və bu dəfə də:
    – Hıy?– soruşdu.
    Güllü arvad bu «Hıy?»dan açıq-aşkar narazılıqla təkrar elədi:
    – Humanitar yardım gətiriblər... Düş aşağı...
    Gülzar arvad birdən-birə alışıb:
    – Humanitar yardım onların dədəsinin təpəsinə dəysin! – dedi. – Şuşanı qaytarsınlar mənə!
    Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad, elə bil, bir az duruxdu, sonra:
    – Gözlə! – dedi. – Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər!.. – Və hirslə çönüb pilləkənə tərəf getdi.
    On il bundan əvvəl bu arvadlardan soruşsaydılar ki, «humanitar» nə deməkdir, çiyinlərini çəkərdilər, amma indi «humanitar» (yardım) sözü onların dilinə elə yatmışdı ki, elə bil, bu dünyada gözlərini açıb «ana» sözü ilə, «ata» sözü ilə bir yerdə «humanitar» (yardım) sözünü də demişdilər.
    Gülzar arvad, bağlananda, elə bil, daha da artıq cırıldayan qapını hikkə ilə örtüb açıq pəncərənin qabağına gəldi – otağa ağcaqanad girməsin deyə pəncərənin çərçivəsinə cuna vurmuşdular – və nə qədər yuyursan, yu, Abşeron küləyinin üç dəqiqənin içində toza basıb bozartdığı cunanın arxasından eşiyə baxdı: bayır da o cuna kimi həmişəki bozluq içində idi.
    Cümü (Qızıl Diş Cümşüd) səhər tezdən tırtırına minib cəhənnəm olub, getmişdi, Cəmilə dərsdə idi – bu il onuncu sinifə keçirdi, Səyyarə Buzovna bazarına göyərti almağa getmişdi (günortalar göyərti səhərə nisbətən ucuz olurdu) – bir sözlə, Gülzar arvad otaqda tək idi və eləcə, o bomboz eşiyə baxırdı və birdən, heç özü də bilmədi, necə oldu, arvadın dodağı qaçdı və öz-özünə:
    – Get, köpəy qızı, – dedi. – Canın çıxsın, get, humanitar yardımını al! – Çənəsi əsə-əsə pəncərənin qabağından çəkilib otağın küncündə, Cəmilənin dəftər-kitabının yanında yerə atılmış torbanı götürdü və cırıltıyla qapını açıb: – Get, sülən orda, it kimi, vermişelini versinlər... – deyə-deyə pilləkənləri aşağı düşdü.
    Qapı cırıldaya-cırıldaya öz-özünə bağlandı.

X


    Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.
    Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin generalissimus formasında rəngli şəklini yapışdırmışdı və Vasili Kuzmiç qəti surətdə bu fikirdə idi ki, Stalin əsl rəhbər və əsl rus mujiki idi (Qorbaçov isə – Iuda idi). Vasili Kuzmiçin gəncliyi Stalinin zamanına düşmüşdü və o, Stalinə sevgi və ehtiramını bu günə kimi ürəyində saxlamışdı.
    Vasili Kuzmiç o bağı da sevirdi, daha doğrusu, həyətdəki o əncir, tut, üzüm, ərik, şəftəli, armud, zoğal, əzgil – bir sözlə, o ağacların hamısı, illər keçdikcə, Kuzmiç üçün əziz bir məxluqa çevrilmişdi, Kuzmiç onların hamısını – az qala, budaqlarının sayınacan – bir-bir tanıyırdı və əsas məsələ burasında idi ki, ona elə gəlirdi, elə bil, o ağaclar da onu tanıyır, onun üçün darıxır və ağacların belə bir vəfadarlığı Kuzmiçə bəzən elə təsir edirdi ki, – xüsusən bir az araq içəndən sonra – kişi qəhərlənirdi, burnunu çəkib bir siqaret yandırırdı. Kuzmiç bəzən ağacların arasında dolaşanda, özündən asılı olmayaraq, hansı ağacınsa yanında dayanırdı, əlini onun gövdəsinə sürtüb:
    – Necəsən?– soruşurdu və onun o sualının ağac üçün xoş olduğunu, az qala, cismən hiss edirdi.
    Vasili Kuzmiçin heç bir güzəran iddiası yox idi, gününü bir kömbə çörək və bir şüşə araqla keçirə bilərdi və bunu özünə dərd eləmirdi – həyat idi və həyatın öz qanunları var idi. Əhməd Ağayeviçin verdiyi pul azlıq edirdi, amma Vasili Kuzmiç bir dəfə də olsun, bu barədə bir söz demirdi və əsas məsələ burasında idi ki, Vasili Kuzmiç o ağaclara Əhməd Ağayeviçin verdiyi pula görə qulluq etmirdi, o ağacları sevdiyinə görə onlara o cür sidq-ürəkdən qulluq edirdi – dibini boşaldırdı, sulayırdı, budayırdı, gövdəsinə əhəng çəkirdi, vaxtlı-vaxtında dərman püsgürdürdü, dibinə peyin tökürdü və s. – Vera Arxipovna xəstələnib yatağa düşəndə, arvadına necə xidmət etmişdisə, indi Əhməd Ağayeviçin bağındakı o ağaclara da eləcə cani-dildən xidmət edirdi, intəhası, Veranın o bəd xəstəliyinə görə, Kuzmiçin ürəyi kədərli olurdu, indi isə, əksinə, ağaclara xidmət edəndə ürəyi tamam açılırdı. Bağdakı o ağaclardan sonra Vasili Kuzmiçin ünsiyyətdə olduğu ikinci məxluq isə ağac yox, insan idi – üzbəüz bağa baxan Ələmdar – və Ələmdar hərdən arvadının qorxusundan xəlvət-xəlvət Vasili Kuzmiçin yanına gəlib onun arağına şərik çıxırdı. Ələmdar Ermənistandan qaçqın düşmüşdü və ailəsi – arvadı, dörd uşağı – ilə birlikdə Əhməd Ağayeviçin bağının qarşısındakı bağda, Vasili Kuzmiçin damı kimi birotaqlı damda yaşayırdı və onun bağ sahibindən aldığı pul araq almağa imkan vermirdi, imkan olanda da, arvadı o saat duyuq düşürdü və Ələmdarı növbəti dəfə qovub bağa buraxmırdı.
    Bir dəfə, axşam Ələmdar yenə arvadından gizlin Vasili Kuzmiçin yanına gəldi və böyük heyva ağacının altında, Əhməd Ağayeviçin Lənkərandan gətirtdiyi, üzünə lak çəkilmiş kötüklərin üstündə oturub, Kuzmiçin günorta aldığı, yarısı hələ qalmış araq şüşəsini iki stəkana boşaltdılar.
    Ələmdar:
    – Zakuskaya bir şey net?– soruşdu.
    Vasili Kuzmiç:
    – Net, – dedi. – Quyu suyu yest.
    Ələmdar:
    – Olmadı ki... – dedi və arağı içdi, sonra quyu suyu doldurulmuş bardaqdan biriki qurtum aldı, sonra da ağzını su ilə doldurub cidd-cəhdlə qarqara eləməyə başladı – bəzən arvadı ondan şübhələnəndə ağzını iyləyirdi – axırı ki, ağzındakı suyu yerə tüpürüb: – Sabah, – dedi, – səni bir əntiqə yerə qonaq aparacam... Ələmdar araq içəndə çox şey deyirdi, səhərisi də dediklərini yadından çıxarırdı, amma o günün sabahı, doğrudan da, Vasili Kuzmiçi çağırdı:
    – Adevaysa, paydyom.
    Vasili Kuzmiç:
    – Hara paydyom?– soruşdu.
    Ələmdar:
    – Ə, dünən ne skazal tebe?– dedi. – Qonaq vazmu tebya. Adevaysa.
    Vasili Kuzmiç daha bir söz deməyib dama girdi. Otaqda dolab yox idi və Vasili Kuzmiç divarın bir küncünə qəzet yapışdırıb mismar vurmuşdu və sovet vaxtı bayramlarda geydiyi o yeganə kastyumu da Nuh-Nəbidən qalma bir asılqana keçirib o mismardan asmışdı – onu götürüb geyindi. Burada yaşadığı beş il müddətində kastyumu bir dəfə də olsun əyninə geymədiyi üçün, Vasili Kuzmiçə elə gəldi ki, elə bil, onu qəfəsə salıblar və o, damdan çıxanda Ələmdar mat-mat onun pencəyinin döşündəki orden-medallara baxdı:
    – Eta vsyo tvoy?
    Vasili Kuzmiç açıq-aşkar bir qürurla:
    – A kak je?.. – dedi.
    Ələmdar bir müddət də o orden və medallara baxıb:
    – Net, – dedi. – Eta vsyo snimat!
    Vasili Kuzmiçin içində bir etiraz dalğası yarandı, amma Kuzmiç o dalğanın qarşısını aldı, çox atılıb-düşmək lazım deyildi, dünya dəyişmişdi, həyat idi və həyatın öz qanunları var idi.
    Vasili Kuzmiç iyirmi beş il bundan qabaq o kastyumu alıb döşünə orden və medalları taxdığı gündən sonra, ilk dəfə onları açıb çıxartdı.
    Ələmdar:
    – Tak xaraşo. Getdik.
    – Kuda getdik?
    – Maştağa! Ehsan tam.
    – Çto?
    – Ehsan! Znayeş ehsan şto?
    – Net.
    Və həmin gün Ələmdar ehsanın nə olduğunu Vasili Kuzmiçə başa saldı və elə həmin gündən də ehsan Vasili Kuzmiçin güzəranının gözəl bir hissəsinə çevrildi. Məsələ burasında idi ki, Ələmdar son üç ildə təkcə Bilgəhdə yox, yaxın kəndlərdə də tanıyıb-tanımamağından asılı olmayaraq – əksəriyyətini tanımırdı – hansı mərhumlar üçün ehsan məclisi düzəlirdisə, çayxanada, bazarda, məsciddə, bundan xəbər tuturdu, ünvanı öyrənirdi və gedib ədəb-ərkanla orada ehsan – adətən, plov – yeyirdi və tanımadığı o mərhuma da Allahdan rəhmət diləyirdi. Əlbəttə, ehsan sahibləri Ələmdarı tanımırdılar, amma bunun fərqi yox idi, elə bilirdilər ki, Ələmdar mərhumun, ya da onun hansısa qohumunun tanışıdı, bir də ki, müsəlmançılıqda ehsan savab idi və heç kim Ələmdarı yas yerindən qova bilməzdi ki, niyə gəlib burda ehsan yeyirsən.
    Ələmdarla birlikdə Maştağaya gedib həyatında ilk dəfə həqiqi plov, halva yeyən, zəfəranlı şərbət içən və bütün bunlardan vəcdə gələn Vasili Kuzmiç həmin gündən sonra bir müddət Ələmdarla birlikdə öyrəndikləri yas məclislərinə gedib ehsan yedi. Bəzən elə olurdu ki, kəndlərdəki o yas məclislərində təəccüb və maraqla Vasili Kuzmiçə baxırdılar və günlərin birində Ələmdar dedi:
    – Znayeş şto? Tı addelna, mən də addelna. A to, vmeste, patom ploxo budet!
    Və Vasili Kuzmiç həftədə iki dəfə, üç dəfə, elə həftə olurdu ki, lap beş dəfə kimlərinsə yas məclislərinə gedib ehsan yeyirdi və onun sidq-ürəkdən təəssüf elədiyi bircə şey var idi ki, bu da ehsan süfrələrində arağın olmaması idi. Vasili Kuzmiç müsəlmanlığı elə həmin vaxtlarda qəbul etdi – məscidə getmədi, heç bir mollaya müraciət etmədi, sadəcə, bir gecə tut ağacının altındakı o laklı kötüklərdən birinin üstündə oturub siqaret çəkə-çəkə fikirləşdi ki, düz eləmir və bu, Allahın xoşuna gələn iş deyil, özü xaçpərəst ola-ola müsəlmanların yas məclisində iştirak edir və elə həmin gecə də Vasili Kuzmiç özü-özünə qərar verdi ki, müsəlman olub.
    Ələmdar ona deyirdi:
    – Sən necə müsəlmansan ki, araq içirsən?
    Vasili Kuzmiç ondan soruşmurdu ki, bəs, sən niyə müsəlman ola-ola araq içirsən – bu, həyat idi və həyatın öz qanunları var idi, ona görə də deyirdi:
    – Mən musalman olanda dedim ki, bunun yedinstvenni, vodkaya daxli yoxdu.
    – Sünnət oldun?
    – Sunnat olsa da, olmasa da, o, heç neyə ne qodidsya.
    Ələmdar araqdan sonra quyu suyu ilə ağzını qarğara eləyəndən sonra soruşurdu:
    – Bəs, sən necə müsəlmansan?
    – Ya musalman olanda dedim ki, ya müsəlmanam, i vsyo! Uje elə Vasili
    Kuzmiç deyiləm, kak ranşe...
    Ələmdar:
    – Heç olmasa, adını dəyiş də... – deyirdi. – Vasili Kuzmiçdən müsəlman olar?
    Vasili Kuzmiç:
    – Allax urakdadi, adda yox. Man Vasili Kuzmiçam, i vsyo!

XI


    Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz adını çəkib:
    – Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar! Surxay Kolxoz kişinin adını heç cürə üçrəngli bayrağın dalğalanmasına yaraşdıra bilmirdi və bir dəfə Kolxoz kişiyə dedi:
    – Bura bax, Kolxoz kişi, sənə bir sözüm var...
    Kolxoz kişi:
    – Nədi, a bala?– soruşdu.
    Surxay dedi:
    – Sən dədəyin goru, Kolxoz kişi, adını dəyişdir. Bizi biyabır eləmə...
    Kolxoz kişi at gözü kimi iri və qara gözləriylə zəndlə Surxayın gözlərinin içinə baxıb:
    – Kişinin bir adı olar! – dedi, sonra dediyi sözdən özünün də açıq-aşkar xoşu gələ-gələ əlavə etdi: – Kişi odu ki, adı Kolxoz ola-ola kolxoza qarşı mübarizə apara!

XII


    Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular. Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar Ittifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.
    Bu fani dünyaya varlı bəy ailəsində gəlmiş, sovet hökuməti qurulandan sonra isə Şuşada hamballıq edən Hambal Əsgər bəy, bir dəfə, növbəti yükü daşıyandan sonra Bazar başında dayanıb nəfəsini dərəndə, bir yekə kisə kartof gətirib bazarda satan Arsendən soruşdu:
    – Ə, Arsen, «Allahverdiyan» da erməni famili olar? «Verdi» də bizimki,
    «Allah» da bizimki!
    Arsen dedi:
    – Ara, Əsgər bəy, niya olmasın? Allax hamının Allaxıdı da!..
    Arsenin arvadı Yeva rus idi və deyilənə görə, Arsenin böyük oğlu Vova da, əslində, Yevanın hansısa bir rusdan olan bic oğlu idi, Arsen Yevanı alanda yanında gətirmişdi və doğrudan da, Vovanın sifətində ermənilikdən bir əlamət yox idi, xalis sarışın bir rus, slavyan balası idi, amma Arsenin ikinci oğlu Arkadi sifətdən əsl erməni idi ki, varıydı, çünki, elə bil, Arsen asqıranda, burnundan düşmüşdü.
    Və – dünyanın qəribə işləri var – həmin gün ki, Məleykə müəllimə əlində yarımçıq xlor şüşəsi tutub Buzovnadakı Fəhlə Yataqxanasının üçüncü mərtəbəsində o bayraq rəngli qapıya baxa-baxa birdən-birə Surxayın qəzet-jurnal köşkünü yada salmışdı, bax, elə həmin günün axşamı Arsen Allahverdiyan, Şuşada, elektrik olmadığı üçün qaranlıq çökmüş küçə ilə evinə gedirdi. Əslində, Şuşanın özü də bu küçə kimi bomboş idi, düzdü, ordan-burdan gəlmiş erməni ailələri var idi ki, qaçqın düşmüş azərbaycanlıların evlərində yaşayırdılar, amma Arsen onları tanımırdı, tanıdığı, ancaq şuşalı ermənilər idi ki, onların da çoxu ora-bura dağılmışdı – bir-ikisi Yerevanda veyllənirdi, qalanı da Moskvada, Rusiyanın başqa şəhərlərində idi, bacarığı, imkanı, qohumu olan da Avropada, Amerikadaydı.
    Arsen ehtiyatla addımlayırdı, çünki Ermənistandan, xüsusən Gorus tərəfdən ermənilər Şuşaya axışıb evlərin, səkilərin daşlarını, elektrik dirəklərini, məftilləri, boruları – nə vardısa, söküb aparırdılar Irana, satdıqlarını satırdılar, qalanından da özləri istifadə edirdi və həmin qaranlıqda Arsen, necə oldusa, həmin o qəzet-jurnal köşkünün qabağında dayandı.
    Arsen özü qəzet oxuyan deyildi, amma yayda ki, Azərbaycan yazıçıları Bakıdan Şuşa Yaradıcılıq Evinə gəlirdi, onda hər gün Arsenə pul verib, xahiş edirdilər ki, təzə qəzet alıb gətirsin və Arsen də yoxuşu aşağı enib gəlib Surxaydan qəzet alırdı. Arsen nə üçün paslı dəmir skleti qalmış o köşkün qabağında dayandı, niyə birdən-birə Surxayı xatırladı (xatırlamağa, yada salmağa o qədər adam vardı ki...) – bunu heç özü də bilmədi və o qaranlıq içində köşkün dəmir skletinə baxa-baxa özözünə azərbaycanca soruşdu:
    – Ara, Surxay, xardasan indi, ara? Ara, sağsan xeç olmasa?..
    Və Arsen Allahverdiyan ayağı çuxura düşməsin deyə, eləcə ehtiyatla addımlayaaddımlaya o qəzet-jurnal köşkündən uzaqlaşdı və qaranlıq içində itməzdən əvvəl bir dəfə də ayaq saxlayıb yenə öz-özünə danışıb azərbaycanca:
    – Köpay oğlu, Vova!.. – dedi.
    Vova Şuşada deyildi, Yerevanda yaşayırdı və özü də böyük adam olmuşdu, Ermənistanda Daxili Işlər Nazirinin birinci müavini idi. Vova Qarabağı Ermənistana birləşdirmək tələbi ilə odlu-alovlu nitq söyləyəndə, onun qabağında durmaq mümkün deyildi.

XIII

    Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.
    Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, Ingiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi Ibadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.
    Əbülfətin işım-işım işıldayan qara saçları qıpqıvrım idi və Abşeronun günəşi də, elə bil, Bolelşik Bufetçi Ibadullanın bu uşağa qoyduğu adı daha da görümlü eləməkdən ötrü, onun qarabuğdayı dərisini bir az da qaraltmışdı (gözləri isə gömgöy idi) və Əbülfətin futbol oynamağı, həqiqətən, möcüzə kimi bir şey idi, elə bil, hansı top olur-olsun, Əbülfətin ayaqlarını tanıyırdı, uşaq anasının qucağından əl çəkməyən kimi, top da gəlib yapışırdı onun ayaqlarına və Əbülfət nə oyun deyirdin, o topun başına açırdı və o topla da bir yerdə rəqib tərəfin başına oyun açırdı. Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad çirkli pal-paltarı Yataqxananın beşinci mərtəbəsindən aşağı düşürüb həyətdəki krantın altında sabunlayıb yuya-yuya Səyyarəyə deyirdi:
    – Az, sənə nə var e... Əbili («Eysebio» adını tələffüz eləyə bilməyən Güllü arvad
    Əbülfətə, çağa çağlarındakı kimi elə «Əbili» deyirdi), Allah qoysa, milyaner olajağ, dərd bizim dərdimizdi, bizi aparıb o ilan mələyən qəbiristanlığda basdırajağlar. Səyyarə, əlbəttə, içində bir qürur hissi keçirirdi, amma nə qədər edirdisə də, o qürur hissinə həmişə bir kədər də qarışırdı və özündən asılı olmayaraq, bir «ah» çəkib deyirdi:
    – Helə demə, Güllü xala... Allah qoysa, öz elimizə - obamıza qayıdıf dədəmizin, nənəmizin yanındaja öz torpağımızda öləjəyik...
    Güllü xala:
    – Ba?– deyirdi və kiriyirdi.
    Güllü nənə bir də haçansa Şuşaya qayıdacaqlarına daha heç cürə özünü inandıra bilmirdi.
<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 1478 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more