Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bayraqdar-2
<< 1 / 2 / 3 >>
XIV

    Şuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş – çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da indi onun özünə qəribə görünürdü.
    Neçə il idi ki, daha o bayraq, ancaq Respublika günündə – 28 Mayda Buzovna Fəhlə Yataqxanasının beşinci mərtəbəsindəki o pəncərədən uzanıb dalğalanırdı, bir də xüsusi günlərdə – misal üçün, Türkiyə futbolçularının dünya çempionatında üçüncü yerə çıxdıqları gecə, yaxud «Türk ulduzları»nın sürdüyü reaktiv qırıcı təyyarələr Abşeronun üstündən uçanda, yaxud Namiq Abdullayev Sidneydə Olimpiya çempionu olanda və orada Azərbaycanın himni çalınıb, bayrağı qaldırılanda – Surxay o bayrağı götürüb yataqxananın həyətinə düşürdü, o saat ətrafına yığılan uşaqların, cavanların əhatəsində başının üstündə yelləyə-yelləyə dalğalandırırdı.
    Bir də ki, Ermənistanın işğal etdiyi ərazilərdə sərhəd boyu güllə ilə vurulan, yaxud minaya düşən şəhidlərin cənazəsini Bakıya, Abşeron kəndlərinə gətirəndə (bu yerlərdən əsgərliyə getmiş uşaqlar idi) Bayraqdar həmin gün Buzovna dairəsində qəzet satmırdı, özünə borc bilirdi ki, bayrağı götürsün və o şəhidlərin yas yerinə getsin və o üçrəngli bayraq, Şuşada olduğu kimi, şəhidin cənazəsi qarşısında baş əysin.
XV


    Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.
    – Eysebio gəlib!..
    – Eysebio oynayır!..
    Böyük-kiçik – hamı – yaxınlıqda yaşayan buzovnalılar, Buzovnada bağı olanlar, «Gənclik»də dincələnlər, Yataqxanadan bir az o tərəfdəki bazarda alver edənlər və müştərilər – kimin həvəsi varıydısa, həyətə doluşub oyunçuları dövrəyə alırdı və Eysebionun futbol oynamağına tamaşa edirdi. Səhər-səhər tırtırını (lafetli motorollerini) sürüb, Bolelşik Bufetçi Ibadullanın bufetində 150 (ya da 200) qram nisyə araq (üstündən də bir stəkan soyuq kampot) içib, sonra da Yataqxananın həyətində Əbülfətin futbol oynamağına tamaşa eləyən Cümü deyirdi:
    – Ə, sən ölmiyəsən, bu, Şuşada oynasaydı, indi SSRI-nin çempiyonuyduq!..
    Guya ki, SSRI hələ tar-mar olmamışdı...
    Cümü, adətən, Bolelşik Bufetçi Ibadullanın bufetində o 150 (200) qram arağı (üstündən də bir stəkan soyuq kampotu) içəndən sonra, tırtırı Maştağaya, yem satılan dükanlara sürüb, ot, quru çörək, arpa alıb lafeti doldururdu və Nardaranda, Bilgəhdə, Zuğulbada mal, qoyun, toyuq saxlanılan həyətlərə aparıb, nə qədər imkan olurdusa, o qədər də aldığından baha qiymətə satmağa çalışırdı, amma elə ki, eşidirdi, Eysebio gəlib həyətdə futbol oynayacaq, alveri yadından çıxırdı, tırtırı bufetdən birbaşa geriyə – təzədən Yataqxananın həyətinə sürürdü. Əlbəttə, Cümünün (və Cəmilə ilə Əbülfətdən başqa, ümumiyyətlə, dünyada heç kimin) xəbəri yox idi ki, Əbülfət Bakıdan bura, bu həyətdə oynamağa beşinci mərtəbədəki pəncərədən oğrun-oğrun aşağı baxan o qıza – Cəmiləyə – Cümünün qızına görə gəlir.
    Əbülfətin gənclərdən ibarət yığma komandada oyununa tamaşa edən braziliyalı Karlos Alberto Torres – Azərbaycanın böyüklərdən ibarət yığma komandasının yeni baş məşqçisi – günləri sayırdı ki, Əbülfətin, heç olmasa, 17 yaşı tamam olsun ki, onu yığmaya götürsün.
    Karlos Alberto Torres portuqal dilində deyirdi və onun dediklərini də tərcüməçi ləzzətlə azərbaycancaya çevirirdi:
    – Bu oğlan futbolun kralı olacaq!
    Ondan soruşurdular:
    – Bəs Pele? Kral Pele deyil?
    Karlos Alberto Torres həmyerlisinin və dostunun tərəfini vermirdi:
    – Yox, Pele futbolun kralı deyil... Pele futbolun Allahıdı... – deyirdi və gülümsəyirdi, amma elə gülümsəyirdi ki, elə bil, açıq-aşkar Pelenin tərəfkeşliyini etdiyi üçün, özünə gülür, sonra uzun, qara barmağını meydanda oynayan, ya məşq edən Əbülfətə tuşlayırdı: – O çox böyük futbolçu olacaq! Bunu sizə Karlos Alberto Torres deyir! Yadınızda saxlayın!
    Əbülfət çoxdan daha həyət oyunçusu deyildi, Azərbaycan futbolunun şərəfini xarici ölkələrdə də qorumuşdu, gənclərin yığması ilə Macarıstana, Pakistana və Estoniyaya getmişdi (Macarıstanda 2, Pakistanda 1, Estoniyada da 1 qol vurmuşdu) və Əbülfət son bir ildə Buzovnadakı o Yataqxananın həyətində, ancaq o qıza – Cəmiləyə görə gəlib futbol oynayırdı və məşqçiləri bundan xəbər tutsaydılar ki, Əbülfət gedib Buzovnada haçansa basılmış asfaltı çoxdan çala-çuxur olmuş bir həyətdə futbol oynayır, əlbəttə, bunu qadağan edərdilər – ayağı sına bilərdi, zədələnərdi; məşqçilər elə bilirdi ki, Əbülfət, sadəcə, gedib evlərinə baş çəkir. Düz bir il bundan əvvəl – onda da mayın axırı idi və Bayraqdar yenə də bayram ərəfəsində o üçrəngli bayrağı beşinci mərtəbədəki pəncərədən eşiyə çıxarmışdı – Əbülfət evdən (otaqdan) çıxıb Bakıya qayıtmaq istəyəndə o qız – Cəmilə, – elə bil, Əbülfəti güdürdü, pilləkəndə tələsik ona bir zərf verdi və qaça-qaça yuxarı qalxdı. Əbülfət elə pilləkəndəcə xlor iyindən burnu tutula-tutula o zərfi açıb məktubu oxudu:
    «Şanlı məktub.
    Gözümün işığı Əbülfət!.. Sənə məktub yazıram... Amma istədiklərimi yazmıram... Əbülfət!... Əbülfət!.. Əbülfət!.. Amma, Əbülfət, mən fikirləşəndə ki, hamımız Şuşaya qayıdacağıq, amma sən başqa ölkələrdə futbol oynayacaqsan, Şuşaya qayıtmayacaqsan, onda Əbülfət, az qalıram dəli olum... Çünki, Allah qoysa, hamımız Şuşaya qayıdacağıq, amma mən səni görə bilməyəcəyəm, Əbülfət... Eybi yox, Əbülfət, amma mən istəyirəm ki, bütün dünya səndən danışsın. Əbülfət!.. Əbülfət!.. Əbülfət!.. Bəlkə elə doğrudan da, dəliyəm mən? Gecə səhərə qədər ürəyimdə sənin adını çəkirəm... Sən həyətdə futbol oynayanda, Əbülfət, bizim həyətdə hər tərəf adamın üzünə gülür... Mənə acığın tutmasın, Əbülfət, sənə qurban olum... Heç kim də bilməsin ki, sənə məktub yazmışam... Cəmilə.»
    Qız məktubu göy mürəkkəblə, amma onun adını, yəni «Əbülfət»i hər dəfə qırmızı karandaşla yazmışdı və Əbülfət bu qırmızı rəngli «Əbülfət»lərə baxıb, əvvəlcə bilmədi ki, nə eləsin, – bu məktubu cırsın, cırmasın?– amma o qırmızı «Əbülfət»lərdə, bir də, o «istəyirəm ki, bütün dünya səndən danışsın»da nəsə elə bir şey var idi ki, – qəribədir, – birdən-birə Əbülfəti çəkib lap uşaqlıq illərinə apardı, Şuşada uşaqlarla futbol oynadığı vaxtlara.
    Əbülfət Şuşanı çox dumanlı xatırlayırdı, Şuşa onun üçün, əslində, nəsə... nəsə, içində, ürəyində olan gözəgörünməz, amma çox əziz və çox doğma bir... bir... nə idi? doğma bir... doğma bir varlıq idi... Misal üçün, anası Səyyarə Əbülfətin içində, ürəyində nə idisə, Şuşa da onun üçün elə bir şey idi, intəhası, anası yadına düşəndə Səyyarənin sifəti o saat gəlib dururdu Əbülfətin gözlərinin qabağında, amma Şuşanın simasını, şəklini görə bilmirdi, çünki Əbülfət Şuşadan çıxanda (Surxayın qucağında qaçanda) – 12 il bundan qabaq – 4 yaşı var idi və «Şuşa» deyəndə də onun gözlərinin qabağına futbol topu gəlirdi, Allahın hər verən günü, üzü şəhər hamamının daş divarına baxan – yadında qalan elə bu idi – darvazalarının ağzında uşaqlarla futbol oynadığı qara rezin top. Bir də ki, böyük məhəllə uşaqlarının küçənin axırındakı orta məktəbin həyətində səksəkə içində (birdən dərs hissə müdiri Məleykə müəllimə xəbər tutub gəlib onları qovalayar) futbol oynadıqları yekə top onun yaddaşına hopub qalmışdı və o zamanlarda Imranın velosipedinin tərkində gəzdirdiyi nasosla o yekə topu doldurmağına baxmaq Əbülfətin ən sevimli uşaqlıq xatirələrindən biri idi.
    Yayda, məktəblərdə tətil vaxtı məhəllənin böyük uşaqları Şuşanın yuxarı hissəsində, Yazıçılar Evinin arxasındakı düzənlikdə başqa məhəllələrin uşaqları ilə məhəllələrarası futbol oynayırdılar və Əbülfət də məhəllənin balacalarıyla birlikdə o düzənliyə doluşub böyüklərin oyununa baxırdı, uşaqlarla bir yerdə cani-dildən öz komandalarına, xüsusən də quş kimi hoppanıb topu tutan qapıçı Imrana azarkeşlik edirdi və aradan bu qədər il keçmişdi, Əbülfət əsl stadionlarda gözəl futbol oyunları görmüşdü, televizorun qabağında oturub Dünya birinciliyinə, Avropa birinciliyinə baxmışdı (sonra da məşqçilər o oyunların videosunu göstərə-göstərə təhlil etmişdilər), amma Şuşadakı o düzənlikdə gördüyü futbola dünyanın heç bir futbolu çatmazdı və Əbülfət bilirdi ki, ömrünün axırına kimi də belə olacaq, bilirdi ki, dünyanın hansı stadionunda hansı komandanın oyununa baxır-baxsın, – lap Milanda
    «Milan»ın, yaxud Istanbulda «Qalatasaray»ın oyunu olsun, fərq etməz, – Şuşadakı o məktəb həyətində baxdığı futbol oyunlarına çatanı olmayacaq. Imran Əbülfətgilin hasar qonşusu və məhəllə komandasının qapıçısı idi və Imranın top tutmağı uşaqların arasında bir əfsanə idi, kim hardan top vurursavursun, Imran quş kimi atılıb o topu tuturdu və elə buna görə də Imrana «Qartal» deyirdilər. Ermənilər Şuşanı götürəndə, qaça-qaç düşəndə, Imranı güllə ilə vurmuşdular və onun cəsədi «Ərimgəldi»nin altındakı qayalıqda düşüb qalmışdı və sonralar uşaqlar belə danışırdı ki, guya, qartallar Imranın gözlərini dimdikləyib yeyiblər.
    Imranın qəribə bir işıqla işıldayan yaşıl gözləri var idi və sən demə, o işım-işım işıldayan yaşıl gözlər əməlli-başlı Əbülfətin yaddaşında imiş və həmin məqamda ki, Əbülfət əlindəki o məktuba – Cəmilənin məktubuna – baxırdı, elə bil, Imranın qartal dimdikləməsindən pırtlamış gözlərinin yaşılımtıl rəngi o «Əbülfət»lərin qırmızısına qarışdı, elə bil, dama-dama şagird dəftərindən qoparılmış o vərəqə bulanıq bir rəng yayıldı...
    Əbülfət məktubu qatlayıb şalvarının cibinə qoydu. Doğrudan da, qəribə idi, o məktub, qırmızı karandaşla və gözəl hərflərlə yazılmış o «Əbülfət»lər birdən-birə Imranın yaşıl gözlərini tamam alatoran içində olan uşaqlıq xatirələrindən dartıb, çıxarıb, Əbülfətin yadına saldı. Nə üçün?
    Bu, bir sirri-xuda idi.
    Əbülfət həmin gecə Bakıda, məşq bazasında, çarpayıda uzanıb o tərəfə-bu tərəfə vurnuxurdu və heç cürə yuxuya gedə bilmirdi, axırda yerindən qalxdı, heç özü də bilmədi ki, şalvarının cibindən o məktubu necə götürdü və kortecdən eşiyə çıxıb qapının ağzındakı taxta pilləkənin üstündə oturdu, qapının başında yanan elektrik lampasının zəif işığında o məktubu təzədən bir də oxudu.
    O məktuba qədər o qız – Cəmilə – Əbülfət yatsaydı, heç yuxusuna da girməzdi. Əbülfət bilirdi ki, o qız Cümünün qızıdı və Buzovna Fəhlə Yataqxanasında yaşayan bütün şuşalılar kimi o qız da qaçqındı, amma sonra, elə o zəif elektrik lampasının altındaca Əbülfətin fikrindən keçməyə başladı ki, hər dəfə Buzovnadakı evlərinə (otaqlarına) gedib-gələndə, həmişə o qız beşinci mərtəbədəki o pəncərənin qırağından baxırdı (demə, ona – Əbülfətə baxırmış...), elə bil, o qız – Cəmilə – üçüncü mərtəbədəki o bayraq rəngli qapının açılıb-örtülməsindən və indicə oradan Əbülfətin çıxacağından o saat xəbər tuturdu...
    Və Əbülfət o zəif elektrik lampasının işığında o məktubu üçüncü dəfə oxudu. O günə qədər heç bir qız Əbülfətə məktub yazmamışdı və ümumiyyətlə, Əbülfətin heç bir qızla yaxınlığı olmamışdı. Onlar bazanın meydanında məşq edəndə, futbol azarkeşləri, idman müxbirləri, təsadüfi tamaşaçılar yığışıb baxırdı və o tamaşaçıların arasında Bayıl tərəfdən gələn rus qızları da olurdu. O qızlar cavan futbolçularla tanış olmaq üçün gəlirdilər və futbolçular da onlarla xəlvəti əlaqə yaradırdı, amma Əbülfət o qızlara yaxın durmurdu – təkcə ona görə yox ki, rus dilini pis bilirdi, ona görə də yox ki, məşqçilər o sırtıq qızlarla gəzməyi qəti qadağan etmişdilər; ona görə ki, Əbülfət meydanda, topla özünü necə hiss edirdisə, o qızlarla özünü heç vəchlə elə hiss edə bilmirdi, həmin qızlarla olanda, ona elə gəlirdi ki, ayağı top saxlaya bilmir, hamı da ona gülür.
    O zəif elektrik işığının altında əlində tutduğu o məktub birdən-birə Əbülfət üçün futbol topu kimi doğma bir şeyə çevrildi və o gecədən sonra məşqçilər mat qalmışdılar ki, necə oldu ki, bu yeniyetmə oğlan ikiqat bir həvəslə, ehtirasla oynamağa başlamışdı və meydanda, həqiqətən, möcüzə göstərirdi. Bir dəfə məşq zamanı yenə Əbülfətin oyununa baxan Karlos Alberto Torres özünü saxlaya bilməyib əlini əlinə vurdu:
    – Allaha and olsun, bunun yaşında Pele də belə oynaya bilmirdi!..
    Əbülfətin ayaqları topu özünə necə çəkirdisə, Buzovna Fəhlə Yataqxanasının həyəti də indi onu eləcə özünə çəkirdi. Əbülfət imkan tapan kimi, elektrik qatarına minib Buzovnaya gedirdi və həyətdə futbol oynaya-oynaya tez-tez gözlərini topdan çəkib yuxarı – beşinci mərtəbəyə – pencərənin küncündən gözlərini ona zilləmiş o qıza baxırdı və o qızı görmək, o qızın baxışları ilə öz baxışlarının eləcə toqquşması topdan sonra Ələkbər üçün ən əziz bir şey olmuşdu, amma bu bir ildə onlar bir dəfə də olsun görüşüb-danışa bilməmişdilər, təkcə iki dəfə məktublaşmışdılar. Birinci məktubu (əslində ikinci məktubu) yenə də Yataqxananın pilləkənində Cəmilə ona verməyə macal tapmışdı və o məktubu da Əbülfət xlor iyi burnuna doladola elə pilləkəndə oxumuşdu:
    «Şanlı məktub 2.
    Qurban olum sənə, Əbülfət... Əbülfət, mən həmişə ürəyimdə səninlə danışıram... Əbülfət... Əbülfət... Əbülfət... Mən ürəyimdə səninlə əl-ələ tutub dəniz qırağında gəzirəm, Əbülfət... Mən istəyirəm biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma gətirə bilmirəm, Əbülfət... Amma istəyirəm orada əl-ələ gəzək. Belə sözlər yazdığıma görə məni qınama, Əbülfət... Sən ki, mənim birinci məktubumu heç kimə deməmisən, mən sənə çox minnətdaram, Əbülfət. Sənə bir sualım var, Əbülfət: sən mənə görə gəlib həyətdə futbol oynayırsan? Qurban olum sənə, Əbülfət, mənə cavab yaz, yoxsa ürəyim gedir, Əbülfət... Cəmilə».
    O məktub yenə göy mürəkkəblə və o «Əbülfət»lər də qırmızı karandaşla yazılmışdı. Əbülfətin oturub yazı yazmaqla qəti arası yox idi, amma bu dəfə ürəyindəkilərin hamısını yazmaq istədi, gecə yenə kotecin taxta pilləkənində oturub o zəif elektrik işığında gözlərini dizinin üstünə qoyduğu dəftərçənin ağ kağızına zillədi və iki saatdan çox bir müddətdə nə qədər çalışdısa, nə qədər hıqqandızıqqandısa da, heç nə yaza bilmədi, kağızın ortasında iri hərflərlə təkcə elə bunu yazdı:
    «HƏ.»
    Bu, Əbülfətin həyatında yazdığı birinci və sonuncu məktub oldu. Və Əbülfət bilirdi ki, Cəmilə elə eləyəcək ki, Yataqxananın pilləkənində onun rastına çıxacaq və doğrudan da, belə oldu və Əbülfət də o bir kəlmədən ibarət məktubu Cəmiləyə verə bildi.

XVI


    Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacının altındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş174 yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə tələsik danışırdı ki, nə dediyini başa düşmək olmurdu və hərdən Bakıdan gəlib Buzovnadan keçərək Mərdəkanacan gedən və Şağan tərəfdə fırlanıb eləcə də geri qayıdan elektrik qatarının səsi eşidiləndə, qatar çarxlarının o tukkatukuyla Məmməd kişinin bərkdən dediyi anlaşılmaz sözlərin arasında, elə bil, çox doğma bir ahəngdarlıq əmələ gəlirdi.
    Bir azdan səhər növbəsində oxuyan uşaqlar məktəbə getdi, ikinci, üçüncü növbədə oxuyan uşaqlar da həyətə düşüb futbol oynamağa başladı (Eysebioya görə bu həyətdə və ümumiyyətlə, bu həndəvərdə futbol oynamayan uşaq yox idi) və birdən uşaqlardan hansı bir həssası isə hiss etdi ki, bu futbol hay-küyünün içində nəsə bir səs çatışmır, qeyri-iradi zeytun ağacının altına tərəf baxdı və gördü ki, Gözlə-Gəlirəm Məmməd kişinin boynu yana bükülüb, başı da o sınıq-salxaq skamyanın söykənəcəyinin üstündə düşüb qalıb.
    Gözlə-Gəlirəm Məmməd kişi şuşalıların Buzovna Fəhlə Yataqxanasında məskun olduqları vaxtdan üzü bu tərəfə, burada vəfat edən 16-cı şuşalı idi. Gözlə-Gəlirəm Məmməd kişinin yasında Cümünün (Qızıl Diş Cümşüdün) baldızı kor Solmaz qışqırırdı:
    – Ay Allah!.. Bizim camaat burda niyə milçək kimi qırılıb gedir?!.
    Qışqırırdı və ağlayırdı.
    Və o zaman Cümü fikirləşdi ki, görəsən, burada, bu Yataqxanada Allah dərgahına gedən 17-ci şuşalı kim olacaq? Və elə o dəmdə də Cümünün ürəyindən keçdi ki, Allah eləyəydi, o 17-ci şuşalı elə o özü olaydı...

XVII


    Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi Ibadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi Ibadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...
    Iyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi Ibadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, Iran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
    Müştərilər arağı Bolelşik Bufetçi Ibadullanın bufetinin bu nemətləri ilə içirdilər və iyunun həmin ilk günü, elə bil, qəfildən uzanan bir əl Ibadullanın beynini piydən qat bağlamış peysərindən dartıb çıxarıb, küləksiz gecəni səhərə qədər sahildəki qumun üstündə qalmış dəniz suyu kimi dup-duru, şəffaf və gözəl uşaqlıq illərinə apardı, Buzovnanın kahısını, Nardarandakı Paçan bağlarının qara şanısını, Sarayın, Novxanının ağ şanısını onun yadına saldı, Hacıxuna bağlarının sarıgiləsini, dərəndə adamın barmaqları yapışqan kimi bir-birinə yapışan Bilgəh əncirini, Hövsanın soğanını, Zirənin ağ turpunu, kəhrəba kimi kökünü – hələ qarpızı bir tərəfə – yadına saldı...
    Və elə bil, bu meyvə-tərəvəzin tumunun daha Abşerondan kəsilməyinin təqsirkarı Bolelşik Bufetçi Ibadullaymış kimi, onun rəhmətlik atası Həmidulla kişi o biri dünyadan iki əli ilə də oğlunun başına ürək dolusu bir kül ələdi və iyunun o ilk günü birdən-birə gəlmiş o pis istidə doyunca nəfəs ala bilməyən Bolelşik Bufetçi Ibadulla o biri dünyadan başına ələnən o qarğışı, təkcə başı ilə yox, az qala, bütün nəhəng və tərləmiş vücudu ilə hiss etdi.

XVIII


    Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi. Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
    – Qoy bir!.. Qoy bir, Əbili gedif Fransada oynamağa başlasın, onda burda nə ölümümüz var, az, bizim?.. Köçüf, gedif, oturajayığ Fransada! Orda sənə elə paltarlar alajam, göz istəyəjək, tamaşasına dursun!
    O gözəl Fransada haçansa Əbilinin futbol oynayacağı, əlbəttə, Surxaya açıqaşkar ləzzət edirdi, hətta o gözəl gələcək günlərin Fransadan, elə bil, yüngülcə bir ətri də gəlirdi və Surxay Fəhlə Yataqxanasının üçüncü mərtəbəsindəki otaqda o ətri açıq-aşkar hiss edirdi, amma buna baxmayaraq, sidq-ürəkdən deyirdi:
    – Mən Vətəndən heç hara gedən deyiləm!
    Səyyarə hirslə:
    – Qal! Sən qal burda! – deyirdi. – O sən, o da sənin bayrağın!..

XIX


    Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.
    Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
    Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülübqoparılıb gətirilmiş kubik daşlar idi və divarların köhnə suvağı adda-budda üstündə qalmış o kubik daşlar bu kiçik qəbiristanlığa elə bir ab-hava gətirmişdilər ki, elə bil, bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər...
    Gözlə-Gəlirəm Məmməd kişini də bu qəbiristanlıqda basdırdılar və Buzovna Fəhlə Yataqxanasından bura gətirilən o 17-ci şuşalının – Şuşada doğulan, Şuşanın dağlarında, meşələrində böyüyən, erməni gələndən qaçqın düşənəcən Şuşadan başqa bir şəhər görməyən, ayağını Şuşadan kənara basmayan məşhur çayçı Gözlə-Gəlirəm Məmməd kişinin – əlbəttə, heç vəchlə ağlına gələ bilməzdi ki, bərkdən öz-özünə danışa-danışa sınıq-salxaq bir skamyada öləcək və Abşeronun çöllü-biyabanında torpağa tapşırılacaq.

XX


    ... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...
    ... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...
    ... və həmin gecə o elektrik qatarının çarxlarının tukkatuku hələ tamam keçib getməmiş Səyyarə bərkdən:
    – Aparma!.. Aparma!.. – qışqırıb yuxudan ayıldı və o saat da qalxıb çarpayıda oturdu...
    – Noluf az, yuxu görürdün?– Bunu mizin üstünə salınmış döşəyində qurcalanan
    Güllü arvad yuxulu-yuxulu soruşdu.
    Səyyarə:
    – Hə... – pıçıldadı. – Görürəm, vaqon Əbilini dartıf güjlə mənnən alır, özüylə bir qaranlığa aparır... Görürəm, ora quyunun dibi kimi, zülmət bir yerdi... – Bir az susub təzədən pıçıldadı. – Qorxuram...
    Güllü arvad eləcə yuxulu-yuxulu:
    – Az, kiri... – dedi. – Niyyətin hara, mənzilin ora...
    Səyyarə yenə:
    – Nağayrım... – pıçıldadı. – Hələ yaxşı ki, Bakıdadı... Bir də gördün, aparıflar
    Amerikaya, nə bilim, hara... Başına bir iş gəlsə, nəğayrajıyıq?..
    Güllü arvad sinədolusu əsnəyib:
    – Az, yat... – dedi. – Bədniyyət olma...
    ... və o Amerika sözü nə ayıq kimi ayıq, nə də yatmış kimi yatmış olan
    Bayraqdarı get-gedə uzaqlaşan o tukkatuk altında gözəl bir mürgü aləminə apardı...
    ... böyük bir stadion idi və bütün stadion ayağa qalxıb bağırırdı...
    ... Əbili qol vurmuşdu...
    ... bütün stadion – hamısı da qalstuklu, şlyapalı adamlar idi – ayaq üstə qışqırırdı:
    – Ey-se-bi-o!..
    – Ey-se-bi-o!..
    – Ey-se-bi-o!..
    ... Əbiliyə görə Surxayı da o stadiona buraxmışdılar və Surxay iki əlilə də müstəqil Azərbaycanın üçrəngli bayrağının dəstəyindən tutub, başının üstündə fırlada-fırlada dalğalandırırdı...
    ... sonra elektrik qatarınının çarxlarının tukkatuku tamam eşidilməz oldu...

XXI


    O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.
    O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.
    ...və düyü axırı ki, qurtardı, Cəmilə sinini nənəsinə verdi və otağın küncündə yerdən bir-birinin üstünə yığılmış dəftər-kitabın arasından səhər dərsə aparacağını dartıb çıxartdı və bu vaxt Cəmilənin dəftərinin arasından bir şəkil sürüşüb döşəmədə linoliumun üstünə düşdü.
    Bu, bir zənci oğlanın rəngli şəkli idi və o zənci oğlan şəkildən baxa-baxa sidqürəkdən gülürdü.
    – Bu neqr kimdi az, belə?– Sona dəftərin arasından sürüşüb düşən o şəkilə baxdı və yaxşı ki, elektrik lampasının işığı eləcə zəif idi – Sona qızının bircə anın içində qıpqırmızı qızardığını görmədi.
    Cəmilə ağızucu:
    – Heç... – dedi və şəkli tələsik dəftərinin arasına qoydu.
    Əlbəttə, Buzovna Fəhlə Yataqxanasının beşinci mərtəbəsindəki o mənzildə (otaqda) heç kim bilmədi ki, o şəkildə eləcə gülən o zənci balası Portuqaliya futbolçusu Eysebio idi.
    O rəngli fotoşəkli Cəmilə köhnə bir «Oqonyok» jurnalından kəsib götürmüşdü. Və heç kim orasını da bilmirdi ki, Cəmilə tez-tez o şəkilə baxır və o şəkili öpür.

XXII


    Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün də yaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi, innabınacan ağac əkdirib bağ saldırmışdı və hər dəfə yay qurtaranda özü də, arvadı da söz verirdilər ki, gələn yay mütləq Bilgəhə köçəcəklər, amma elə ki, yay gəlib çıxırdı, o söz də yaddan çıxırdı, Əhməd Ağayeviç məzuniyyət götürə bilsəydi, bir yerdə, götürə bilməsəydi, özü Bakıda qalırdı, ailəsi isə ya Antalyada, ya Karlovı- Varıda, ya da başqa bir yerdə – sovet hökumətindən sonra azadlıq idi və kim hara istəyirdi, ora da gedirdi – istirahət edirdilər və illər də beləcə ötüb-gedirdi. Bilgəhdəki bağ Əhməd Ağayeviçin klassik daşınılmaz əmlakına çevrilmişdi və o əmlakın etibarlı gözətçisi də Vasili Kuzmiç idi.
    Həmin gün idarədə iş çox gərgin keçdi (haçan gərgin olmurdu ki?) və Əhməd Ağayeviç işdən sonra bir az yeyib-içib istirahət etmək, həm də Cavanşirin klarnetinə qulaq asmaq üçün dostlarıyla «Şən həyat» restoranına getdi və içkini çox xoşlamasa da, Cavanşir onun şəxsi sifarişi ilə klarnetdə elə bir «Segah» çaldı ki, Əhməd Ağayeviçin heç xəbəri olmadı neçə qədəh konyak içdi. Cavanşir klarnetin ağzını tavana tutub sidq-ürəkdən «Segah» çalırdı və o «Segah» Əhməd Ağayeviçi «Şən həyat» restoranından çıxarıb haralara apardı?– o yerin adı yox idi, amma görünməz-bilinməz bir uzaqlıqda olan o məkan çox kövrək və çox qəmgin bir yer idi, orda Əhməd Ağayeviç həyatın ötüb-getdiyini və sonun yaxınlaşdığını tükürpəşdirən bir aydınlıqla hiss edirdi, o məkanda bir əlacsızlıq var idi, yaşanmış ömrün və ümumiyyətlə, həyatın, dünyanın mənasızlığı oranın hər tərəfinə hopmuşdu və Əhməd Ağayeviçi «Şən həyat» restoranında nəfəs almağa qoymurdu.
    Hamı Əhməd Ağayeviçi sərt, hətta daşürəkli və təhlükəli bir adam kimi tanıyırdı, amma heç kimin xəbəri yox idi ki, axır vaxtlar, hərdən, gecə yuxuya getməzdən əvvəl, bəzən də hansısa bir iclasda, rəsmi konsertdə birdən-birə xəyal Əhməd Ağayeviçi – bu «sərt, daşürəkli və təhlükəli» adamı həmin o naməlum, amma tamam qüssəli məkana aparırdı və Əhməd Ağayeviç o məkanda özünü, elə bil, hava əvəzinə kədər doldurulmuş bir çəkisizlik içində hiss edirdi, həyatın amansız bir sürətlə sona doğru getməsi, 3 ildən, 5 ildən, lap 15 ildən – onda 75-76 yaşı olacaqdı – sonra heçə dönəcəyi, torpaqda çürüyəcəyi onu dəhşətə gətirirdi, pulları da, arvadının çox nadir daş-qaşları da, hətta oğlunun məktəbi bitirəndə aldığı qızıl medalı, qızının bəstələdiyi və iki ilin içində bütün Azərbaycanda məşhur olan mahnıları da tamam mənasız bir şeyə çevrilirdi və yaxşı ki, bu duyğular tez də keçib-gedirdi, yoxsa ki, onlara dözmək mümkün deyildi, amma bu dəfə – «Şən həyat» restoranındakı bu axşam Əhməd Ağayeviçin düşüncələri, hissiyyatı o kədərli məkandan geri qayıda bilmirdi, elə bil, yapışıb orada qalmışdı, qopa bilmirdi və bu azmış kimi, Əhməd Ağayeviç növbəti qədəhi içəndə, mədəsi bu qədər konyaka öyrənmədiyi üçün, az qaldı ürəyi bulansın, onu soyuq tər basdı, ayağa qalxıb tualet bəhanəsi ilə eşiyə çıxdı.
    «Şən həyat» restoranı Pirşağıda, dəniz kənarında idi və Əhməd Ağayeviç tualetə yox, sahilə getdi, əyilib dənizin dayaz qum sahilindən bir ovuc durulmuş su götürdü və o suyu sifətinə çırpdı, amma su ilıq olduğu üçün Əhməd Ağayeviçin əhvalına heç bir sərinlik, heç bir təravət gətirmədi, əksinə, ilıq dəniz suyunun damcıları sifətindən axıb boğazından ağ köynəyinin altına süzüldükcə, ürəyi daha artıq sıxılmağa başladı, elə bil, o adi dəniz suyu da damcı-damcı o kədərli, qəmli-qüssəli, uzaq məkandan (əslində naməkandan!) damırdı.
    Klarnet ağzını tavana yox, elə bil, həmin məkandan (naməkandan) düz Əhməd Ağayeviçin üzünə (ürəyinə... içinə...) tuşlayıb deyirdi ki, ay səfeh insan, yox, daha da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh Əhməd Ağayeviç, hər şeyin var, otuz ildi cürbəcür vəzifələrdəsən, pulun var, yaxşı övladların var, nəvən var, ev-eşiyin var, amma nə olsun? bunun mənası nədi? hər şeyin var, amma öz içində, öz ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki, üstünə çıxıb özünü boğulmaqdan xilas edəsən və Əhməd Ağayeviç hiss etdi ki, bu saat bu aydınlıq gecədə, dənizin kənarında arvad kimi hönkürüb ağlayacaq, tez geri çevrilib iri addımlarla «Şən həyat» restoranına qayıtdı. Cavanşirin klarneti bu dəfə hansısa bir xalq mahnısı çalırdı və süfrə arxasında oturmuş dostlar ləzzətlə ona qulaq asırdılar, amma Əhməd Ağayeviçin indi, hətta Cavanşirin klarnetinə də qulaq asmağa taqəti yox idi və: «– Gərək gedib bağa baş çəkim...»– bəhanəsi ilə dostlardan ayrıldı və qəribəsi də bu oldu ki, «Şən həyat» restoranından çıxıb maşına minəndə, doğrudan da, sürücüyə dedi:
    – Bilgəhə sür!
    Sürücü (tatar balası Şövkət):
    – Oldu! – dedi və fikirləşdi ki, dünyada kiminsə sürücüsü olmaqdan da əbləh bir iş yoxdu.
    O isti iyun günü Şövkətin qızının 10 yaşı tamam olurdu və axşamdan bəri «Şən həyat» restoranının qabağında Əhməd Ağayeviçi gözləyən sürücünün evə gedib qızını hələ yatmamış görmək ümidi tamam boşa çıxdı.
    Maşın gün istisindən yumşalıb dalğalanmış əyri-üyrü asfalt yolla «Şən həyat» restoranından uzaqlaşdıqca, elə bil, o «Segah»ın səsi də yavaş-yavaş Əhməd Ağayeviçin qulağından uzaqlaşırdı, arxada qalırdı, hətta Əhməd Ağayeviç fikrindən keçirdi ki, əvvəllər kolxozlara «Şən həyat» adı verirdilər, indi isə restoranlara və gülümsədi də, sonra fikirləşdi ki, bu gecə vaxtı nə var Bilgəhdə, bəlkə geri – Bakıya qayıtsın, amma bu vaxt, elə bil, kimsə qəflətən Vasili Kuzmiçin sifətini Əhməd Ağayeviçin gözlərinin qabağına gətirdi və Əhməd Ağayeviç bu rus kişisinin sifətində heç vaxt görmədiyi bir əzab, iztirab gördü, hiss etdi.
    Elə bil, uzaqdan yenə də o «Segah»ın sədaları yavaş-yavaş eşidilməyə başladı və Əhməd Ağayeviç ürəkdən gələn səmimi bir tənə və peşmançılıqla fikirləşdi ki, beş ildən artıqdı bu bədbəxt rus kişisinə həftədə otuz beş, qırx mindən artıq pul vermir. Otuz beş, qırx minə üç kilo ət almaq olardı, vəssalam. Yaxşı, ət yeməsin bu bədbəxt oğlu, nə zirzibil keçir əlinə, onu yesin, bir həftə otuz beş, qırx minə necə yaşamaq, geyinmək, siqaret çəkmək olar? Axı, it deyil, pişik deyil, insandı bu bədbəxt oğlu Vasili Kuzmiç... Günə nə qədər düşür? Beş min... Insanla belə rəftar eləyərlər? Bu adamın, bu bədbəxt oğlu Vasili Kuzmiçin sənin ona verdiyin o puldan başqa bir gəlir yeri yoxdu. Onu o cür ac saxlamağının günahını Allah elə bilirsən, bağışlayacaq sənə? Elə bilirsən, bunun altını çəkməyəcəksən?
    Əhməd Ağayeviç Bakıda təzə qəbiristanlıqda (köhnə qəbiristanlığın arxasında) geniş bir sahə almışdı, orada ağac əkdirmişdi, oranı mərmər üzlüklü hasara almışdı və indi, «Şən həyat»dan çıxıb Bilgəhə getdiyi bu dəqiqələrdə həmin qəbiristanlıq sahəsi onun gözlərinin qabağına gəldi və elə bil, gözəgörünməz bir əl Əhməd Ağayeviçin boğazından tutub onu boğmağa başladı: ay səfeh oğlu, səfeh, ora nə qədər bərbəzək vurdurursan, vurdur, özün qara torpağın içinə girəcəksən... nə aparacaqsan o qara torpağa? pul aparacaqsan özünlə, qızıl aparacaqsan?..
    Və bu vaxt, elə bil, pencəyinin sol tərəfdən iç cibi öz-özünə tərpənməyə başladı, Əhməd Ağayeviçin döşünü qapı kimi tıqqıldadıb kişinin ürəyinə: «– Aç qapını!»– dedi...
    Əhməd Ağayeviçin pencəyinin sol cibində səliqə ilə ağ kağıza bükülmüş on min dollar var idi. Bu pulu bu gün gətirib onun mizinin üstünə qoymuşdular və hələ evə aparmamışdı, dollar dəsti eləcə pencəyinin cibində idi. Bu on min dollara, əslində, Əhməd Ağayeviçin heç bir ehtiyacı yox idi, amma, bax, bu gecə vaxtı həmin dəsti cibindən çıxarıb Vasili Kuzmiçə bağışlasaydı... nə olardı? o bədbəxtin başına hava gələrdi? dəli olardı? hər halda o bədbəxtin bütün həyatı dəyişərdi, yəni haçanacansa (bəlkə də elə ömrünün axırınacan!) insan kimi yaşaya bilərdi...
    – O nəydi elə?– Bunu Əhməd Ağayeviç soruşdu.
    Sürücü maşının qabağından qaçıb qaranlığa girən heyvanın ardınca baxıb:
    – Çaqqalıydı... – dedi.
    Əhməd Ağayeviç istədi: «– Dünya çaqqallar dünyasıdı!»– desin və bu sözlərlə özü özündən bir az intiqam alsın, amma özünü saxladı və fikirləşdi ki, bilirsən, nə var, özünü ələ al, bəbə deyilsən... Vasili Kuzmiç kimsəsiz yazıq bir adamdı, on min dolları o nə edəcək? bundan sonra evlənən deyil ki, özünə təzə həyat qursun, ya maşın sürən deyil ki, gedib bir maşın alsın, nə edəcək? Bilgəhin bütün qarovulçuları yığışacaq onun başına, bir ayın içində on min dolları içəcəklər, çıxıb gedəcək. Kim bilir, bir də gördün o pulun üstündə cinayət də törətdilər – ola bilən işdi... Yox, on min yox, mincə dollar Vasili Kuzmiçin dədə-babasına da bəs idi, gedib özünə bir kostyum alar, ayaqqabı alar – Allah bilir dəyişəyi nə gündədi? – özünə dəyişək alar, ehtiyat azuqə yığar və bütün qışı xan kimi dolanar...
    Həmişəki kimi, maşının arxa oturacağında, sağ tərəfdə oturmuş Əhməd Ağayeviç dollar dəstini pencəyinin cibindən çıxardı və bir balaca aşağı əyilərək kağızı xısın-xısın, səssiz açıb qaranlıqda on dənə yüzlük saydı, qatlayıb şalvarının sol cibinə basdı ki, sağ cibindəki Azərbaycan manatlarına qarışmasın, dəsti isə yenidən kağıza büküb əvvəlki yerinə – pencəyinin iç cibinə qoydu.
    10-15 dəqiqədən sonra gözlərini bu min dollara bərəldəcək Vasili Kuzmiçin sevinci, elə bil, indidən Əhməd Ağayeviçə sirayət etdi, Cavanşirin o «Segah»ını eşidəndən bəri birinci dəfə sinə-dolusu, rahat nəfəs aldı. Əhməd Ağayeviç, əslində, bütün ömrü boyu başqalarına yaxşılıq etmək istəyib, alınmayıbsa – bu, onun təqsiri deyil, dünya belə dünyadı...
    Maşın dənizkənarından ayrılıb asfalt yoxuşla Bilgəhə girdi və gecə saat 11 radələri olsa da, kənd camaatı artıq yatmışdı, bağ sahibləri isə hələ Bakıdan köçüb gəlməmişdilər, asfalt boyu adda-budda taxta dirəklərin başındakı işıqlar, bir də boş bağlardakı qarovulçu köşklərinin təkəm-seyrək lampaları yanırdı və Əhməd Ağayeviç daş barıların üstündən görünən o lampalara baxa-baxa fikirləşdi ki, Vasili Kuzmiç gedib özünə nə kastyum, ayaqqabı alacaq, nə də qış ehtiyatı görəcək, üçdörd özü kimi rusla yığışıb qarmon çala-çala ikicə günə o min dolların axırına çıxacaqlar və maşın bağın darvazası qarşısında dayananda Əhməd Ağayeviç şalvar cibindəki min dolların arasından bir yüzlük çıxarıb pencəyinin yan cibinə qoydu.
    – Qoy, yığsın başına rusları, bir yaxşı məclis düzəltsin...
    Əhməd Ağayeviçin nəsə pıçıldadığını eşidən sürücü:
    – Nəsə deyirsiz, Əhməd Ağayeviç?– soruşdu.
    Əhməd Ağayeviç:
    – Yox, – dedi. – Düş, qapını aç.
    Və Əhməd Ağayeviç ayağını darvazadan içəri basan kimi, gecənin bu çağında bura gəlməyinə peşman oldu. Vasili Kuzmiç darvazanın qabağındakı meydançada elektrik peçini yandırıb üstündə it üçün sür-sümük bişirirdi və o böyük və köhnə qazandan elə ağır, iylənmiş iy gəlirdi ki, konyakın narahatlığı hələ də mədəsində qalmış Əhməd Ağayeviçin az qaldı əməlli-başlı ürəyi bulansın, hirslə:
    – Sluşi, – dedi, – bu gecə vaxtı, bu nədi belə?
    Vasili Kuzmiç indicə əyninə geydiyi şalvarın qayışını bağlaya-bağlaya:
    – Zdrastvuyte, xozyain. – dedi. – Itin xorayini indidan bişiriram da... Zavtra utrom soyusun, verim ona...
    Əhməd Ağayeviç bütün bağı bürümüş bu iyə daha tab gətirə bilmirdi, ona görə də əlini tələsik şalvarının sağ cibinə soxub bir əlli min manatlıq çıxardı və Vasili Kuzmiçə uzatdı:
    – Na, sluşi!..
    Vasili Kuzmiç əvvəlcə barmağını bığına çəkdi, sonra o gözlənilməz və ay işığında çox gözəl görünən yaşıl əlliminliyi Əhməd Ağayeviçdən alıb:
    – Spasibo, xozyain! – dedi.
    Əhməd Ağayeviç eləcə tələsik də maşına əyləşdi və maşın darvazanın qabağında dövrə vurub geri qayıtdı.
    Gecə vaxtı halını xarab edən o murdar iydən uzaqlaşdıqca, Əhməd Ağayeviç yavaş-yavaş özünə gələrək arxa oturacaqda yerini rahatlayıb:
    – Bəsidi... – pıçıldadı. – Mən qarovulçu tayfasını yaxşı tanıyıram, bunları qudurtmaq olmaz!..
    Sürücü (tatar balası Şövkət) bayaqdan ürəyində oxuduğu qəmli bir tatar mahnısını kəsib, başını geri çevirdi və:
    – Mənləsiz, Əhməd Ağayeviç? – soruşdu.
    Əhməd Ağayeviç:
    – Yox. Sənlə deyiləm... – dedi. – Sür!.. – Və pencəyinin yan cibinə qoyduğu o yüzlük dolları da, şalvarının sol cibinə qoyduğu o doqquz yüzü də çıxarıb bir yerə yığdı, sonra onları pencəyinin döş cibindəki doqquz minin yanına qoydu – evə çatanda onları da bir yerə yığar...
    ... klarnetçalan Cavanşir isə elə bu vaxtlar klarneti söküb qutusuna yığırdı ki, nəhayət «Şən həyat»dan çıxıb evə getsin...
    ... amma sabah axşam yenə bura gəlib gecəyəcən klarnet çalmalı idi...

XXIII


    Eysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...

XXIV


    Surxay Gözlə-Gəlirəm Məmməd kişinin dəfnindən sonra o kiçik qəbiristanlıqdan qayıdanda Kolxoz kişinin qəbrinin yanında ayaq saxladı və Kolxoz kişinin kubik başdaşına baxa-baxa:
    – Nətərsən, ay ağsaqqal?– soruşdu və elə bil, hiss etdi ki, o «ağsaqqal» sözü qəbrin içində də Kolxoz kişinin xoşuna gəldi.

XXV


    Gülzar arvad otağın açıq pəncərəsindən uzaqlara baxa-baxa sızıldayırdı və elə sızıldaya-sızıldaya da, elə bil, özü özündən soruşdu:
    – Hardadı, görən, indi o profesır?
    Səyyarə:
    – Hankı professor, ay nənə?– soruşdu.
    – O bizim evdə qalan də...
    Səyyarə təəccüblə qaynanasına baxdı:
    – Bizim evdə qalan?
    – Hə də... Onda sən hələ bizə gəlməmişdin... Yayda Bakıdan gəlmişdi arvaduşağıynan.
    Ikinci mərtəbəni onlara kirayə vermişdik... Deyirdi ki, Şuşa
    Isveçrədir...
    Deyirdi ki, gərək Şuşanın qədrin biləsiz...
    Səyyarə:
    – Sən də, ay nənə... – dedi. – Indi neynirsən o kişini?
    Gülzar arvad:
    – Yapışajam yaxasınnan, – dedi. – Deyəjəm, yaxşı, biz bilmədik Şuşanın qədrin, bə, sən niyə bilmədin Şuşanın qədrin, a köpəy oğlu?! Hıy?!
    Səyyarə, sulanmış gözləri də səsi, nəfəsi kimi sızıldayan qaynanasının hərdən beləcə yaddaşı ilə qabaq-qabağa durmağına öyrənmişdi:
    – Eh, ay nənə... Indi hərə öz hayındadı... – Sonra göz görəti Səyyarənin gözlərinə işıq gəldi (Əbilinin gələcək futbol məşhurluğunu xatırlayanda həmişə də belə olurdu, arvadın gözlərinə beləcə işıq gəlirdi). – Qoy bir, Əbili başlasın oynamağa, nə var ki, səni aparajam Isveçrəyə!..
    Səyyarənin bu sözləri arvada elə təsir elədi ki, az qaldı, hansısa professorun əvəzinə gəlininin yaxasından yapışsın, gəlinini söyüb biabır eləsin:
    – Isveçrəni neynirəm, az, mən? – Sonra qışqırdı: – Şuşanı ver mənə!.. Şuşanı!..
    Elə bil, Şuşanı ermənilər yox, Səyyarə tutub saxlamışdı və heç kimi də ora buraxmırdı...

XXVI


    O dəhşətli, o ağlasığmaz, inanılmaz hadisə iyunun 1-də baş verdi – birdən-birə, qəflətən baş verdi və o xəbərin həqiqiliyinə inanmaq mümkün deyildi. Buzovna Fəhlə Yataqxanasının həyətindən cənazəsi qaldırılan 17-ci şuşalı, belə bir aqibəti sidq-ürəkdən arzulayan Cümü (Qızıl Diş Cümşüd) yox, Eysebio oldu. O dəhşətli hadisə təkcə yataqxana camaatını, orda-burda məskunlaşmış və o tükqabardan xəbəri eşidən başqa şuşalıları yox, təkcə Yataqxananın qonşuluğundakı Buzovna sakinlərini, Eysebionun futbolçu yoldaşlarını, məşqçilərini də yox, elə bil, bu həyəti, bu həyətdəki o beşmərtəbəli binanı, o iydə ağaclarını, o qoca zeytunu, o kranı, elə o qazanxananın özünü də canlı bir varlıq kimi sarsıtmışdı, elə bil, Fəhlə Yataqxanasının o həyəti birdən-birə titrəyişlərinin arası kəsilməyən gözəgörünməz bir zəlzələyə düşmüşdü – o həyət də bu bəd xəbərdən uçunurdu. Mayın 28-i – bayram günü keçdi, 29-u, 30-u, 31-i də keçdi, Surxay Bayraqdarın o üçrəngli bayrağı Yataqxananın həyətindəki qazanxananın damında eləcə dalğalandı, iyunun 1-də Surxay saat 10 radələrində yenə tut ağacı ilə qazanxananın damına dırmaşıb bayrağı çıxardı və aşağı düşürüb, əvvəlcə evə aparmaq istədi, sonra fikirləşdi ki, günü günə satmasın, bayrağın təmirini elə indidən başlamaq lazımdır və ucluqdan başladı – dəmir ucluğu dartıb çıxartdı, bayrağı qəzetə, sonra da səliqə ilə sellofana büküb, qazanxananın divarının dibində yerə uzatdı, ucluğu təzədən nikel vurdurmaq üçün, avtobusa minib Mərdəkana getdi – qalayçı Mərdəkanda idi. Və o dəhşətli hadisə də həmin iyunun 1-də, günorta saat 12 radələrində baş verdi.
    Həmin gün Əbülfət məşq bazasında səhər idmanından sonra elektrik qatarına minib Buzovnaya gəldi və o saat onun başına toplanmış yeniyetmələr Əbülfətə heç otaqlarına qalxmağa da imkan vermədilər (sonralar Kamança Tanrıverdi deyirdi: «O yazığı əcəl girləyirmiş...»), həyətdə yenə gözəl bir futbol başladı.
    Cəmilə beşinci mərtəbədəki pəncərədən həyətə baxırdı.
    Əbülfətə elə gəlirdi ki, hansı simsiz teleqrafsa, onun gəlməyini o saat Cəmiləyə xəbər verir, çünki elə həyətə girəndə – hələ futbol hay-küyü (və sevinci) başlamamış – görürdü ki, Cəmilə o pəncərədən baxır və yüz faiz – buna heç bir şəkk-şübhə yox idi – Əbülfətin yolunu gözləyir.
    Cəmilənin o pəncərədən eləcə onun yolunu gözləməyi Əbülfət üçün futbol oynamağında məşqlərdən, səhər idmanlarından, baxdığı futbol videolarından qat-qat artıq bir şey olmuşdu – Cəmilənin onun yolunu gözləməsi Əbülfətin içində elə bir hissiyyat yaratmışdı ki, onu futbol meydanında eləcə oynadan, hər oyunda gözəl qollar vurduran da, bax, həmin o hissiyyat idi.
    O gün də – 2003-cü il iyunun 1-i – o cür adi (və qeyri-adi) gözəl bir gün idi, həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı və zərbələrin birindən sonra top qazanxananın damına düşdü. Əbülfət özü qaçıb bir göz qırpımında tut ağacı ilə yuxarı dırmaşdı – elə bil, o baxışların altında hər şeyi özü eləmək istəyirdi – qazanxananın damına atıldı və diyirlənib damın küncündə dayanmış topu götürmək istəyəndə ayağının altındakı daş qopdu və Əbülfət o daşla bir yerdə qazanxananın damından yerə yıxıldı.
    Əbülfət uzuqoylu o bayrağın üstünə düşdü.
    Bayrağın dəstəyinin ucundakı zubul Əbülfətin sinəsini deşib düz ürəyinə girmişdi...

XXVII


    Eysebionun ölüm xəbəri gəlib Bolelşik Bufetçi Ibadullaya çatanda, bu nəhəng kişi kövrəlib az qaldı, uşaq kimi ağlasın. Həmişə əlində olan böyük əl-üz dəsmalı ilə peysərinin, sinəsinin tərini silə-silə:
    – Alə, – dedi. – Allah, elə bil, seçib aparır bir-bir!.. Alə, bilirsən necə futbolist olaceydi o bədbəxt?! – Sonra şalvarının dal cibinin düyməsini açdı və həmişə xüsusi xərclər üçün ehtiyatda saxladığı əzik-üzük və tərdən nəm çəkmiş zərfi çıxarıb içindəki dörd əllilik dollardan birini çıxardaraq oğlu Ağasəlimə uzatdı. – Alaginən. Get, bir dənə toğlu alginən, apar ver onlara, qoy Eysebio üçün ehsan versinlər... Ağasəlim əyninə ağ xalat geyib bufetdə müştəriləri yola salmaqda atasına kömək edirdi və indi, bu istidə təzədən paltarını dəyişməliydi, Zabratla Maştağanın arasındakı qoyun bazarına gedib heyvan almalıydı, sonra da o heyvanı Buzovnadakı Fəhlə Yataqxanasına aparmalıydı...
    Bolelşik Bufetçi Ibadulla Ağasəlimin narazı sifətinə baxıb təkrar etdi:
    – Get, oğlum, get... Qoy, bir savabı da sənə düşsün...
    Və Ağasəlim əllilik dolları götürüb bufetdən çıxanda Bolelşik Bufetçi Ibadulla oğlunun ardınca qışqırdı:
    – Alə, alver elə, qoyun böyük olsun!..
    Ağasəlim yenə narazı-narazı atasının puçur-puçur tər süzülən sifətinə baxdı, yəni ki, mən nə vaxtdan bəri pulu göyə sovuran olmuşam?

XXVIII


    Əbülfəti iyunun 2-də dəfn etdilər.
    Əbülfətin cənazəsini otaqdan götürüb həyətə aparanda, elə bil, dibinə qum tökmüsən, torba kimi sallanan ətsiz döşlərinin üstündən açıq sinəsini, üzünü cırmaqcırmaq etmiş Səyyarə, Yataqxananın dəhlizində onu tutmuş arvadların əlindən buraxılıb Surxayın üstünə cummaq istəyirdi və batmış səsi ilə qışqırırdı:
    – Sən girməliydin o bayrağınla bir yerdə qara qəbirə, sən!..
    Arvadlar Səyyarəni güclə saxlayırdılar.
    – Səni görüm bayrağınla bir yerdə gorbagor olasan, Surxay!.. Sənə gəldiyim gün başıma bir qara daş düşəydi mənim!.. Gorbagor olasan səni, Surxay, bayrağınla bir yerdə!..

XXIX


    Molla Fərzəli (Fərzəli müəllim) həyətdə «Fatihə» verdi və Buzovna Fəhlə
    Yataqxanasının sakinləri, bu acı xəbəri eşidib gəlmiş başqa Şuşa qaçqınları, komanda yoldaşları, məşqçilər Əbülfətin cənazəsini qaldırıb Şuşalılar qəbiristanlığına tərəf üz tutdu.
    Cəmilə uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxırdı və uçunauçuna da pıçıldayırdı:
    – Əbülfət... Əbülfət... Əbülfət...
    Qəbiristanlığa ancaq kişilər gedirdi. Səhərin gözü açılandan Səyyarənin yanında olan Sona ilə Güllü arvad, heç olmasa, bir stəkan çay içməkdən ötrü otağa girdi və Sona qızının uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxa-baxa yazıq Əbülfətin adını pıçıldadığını görüb əməlli-başlı özünü itirdi, səhərdən bəri Səyyarənin dərdinə ağlamaqdan qızarmış gözləri bərəldi:
    – Az, Cəmilə?..
    Cəmilənin, elə bil, nə anası ilə nənəsinin otağa girməyindən xəbəri var idi, nə bir söz eşidirdi, elə o cür uçuna-uçuna pıçıldayırdı:
    – Əbülfət... Əbülfət... Əbülfət...
    Əlbəttə, Əbülfətin ölümü hamı kimi, Sonanın da ürəyini yandırırdı, amma qızını belə bir vəziyyətdə görməyi bu cavan qadını, həqiqətən, çaşdırmışdı:
    – Bu nədi az, nağayrırsan?
    Cəmilə pəncərənin qabağından çönüb, az qala, hədəqəsindən çıxmaq istəyən dəli gözləri ilə onlara baxdı və bərkdən:
    – Əbülfət!.. – deyə çığırıb özündən getdi.
    Güllü arvad tələsik Sonaya:
    – Az, qapını bağla, – dedi. – Camaat eşidər!..

XXX


    Əbülfətin dörd nəfər komanda yoldaşı ağlaya-ağlaya mafanı qaldıranda və kişilər onların ardınca Şuşalılar qəbiristanlığına tərəf üz tutub həyətdən çıxanda Gülzar arvad Yataqxana blokunun qabağında iki əli ilə arıq baldırlarına vura-vura nəvəsinin dalınca qışqırırdı:
    – Qız görməyən balam, hey!..

XXXI


    Həmin gün axşam Molla Fərzəli (Fərzəli müəllim) «Fatihə» oxuyub qurtarandan sonra, bozarıb naməlum rəngə düşmüş nimdaş pencəyin, üst-üstə geydiyi iki köynəyin içində cılız vücudundan bir üşütmə keçdi və Molla Fərzəli (Fərzəli müəllim) fikirləşdi ki, buranın küləyində də bir qəbir soyuqluğu var. Buzovna tərəflərdə xəzri ilə gilavar arasında hərdən dağ yeli deyilən külək əsirdi və Şamaxı dağlarından gələn bu külək qəfil başladığı kimi, qəfil də kəsirdi və həmin günün ikinci yarısında da birdən-birə dağ yeli əsməyə başladı. Fəhlə Yataqxanasının həyətində, krantın arxa tərəfində, həmin üç qoca iydə ağacının altında Yataqxana camaatı, yaxın kəndlərdə adda-budda məskunlaşmış və
    Bayraqdarın oğlunun ölümündən xəbər tutmuş başqa şuşalı kişilər Əbülfətin yas məclisinə yığılmışdı.
    Dərslər bitmişdi və keçən əyyamların (gözəl əyyamların) keçmiş hörmətli musiqi müəllimi kimi Kamança Tanrıverdi yaxınlıqdakı məktəbin müdirindən xahiş etmişdi və müdir də – sağ olsun! – qaçqınların xahişini yerə salmayıb yasa müəllimlər otağından, ayrı-ayrı siniflərdən altı uzun miz göndərmişdi. O mizləri elə həyətdəcə düzüb ehsan süfrəsi açmışdılar və Kamança Tanrıverdiylə Cümü o mizlərdən birinin arxasında yanaşı oturmuşdu.
    Əbülfət Buzovna Fəhlə Yataqxanasında yaşayan şuşalılar arasında haqq dünyasına köçən on yeddinci adam idi və bu on yeddi adamın, azı, onunun «Fatihə»sini Molla Fərzəli (Fərzəli müəllim) vermişdi və əgər on beş il bundan əvvəl Şuşada Molla Fərzəliyə (Fərzəli müəllimə) desəydilər ki, bir azdan sən molla olacaqsan və Abşeronun Buzovna deyilən bir kəndində milçək kimi qırılan yürdsuzyuvasız şuşalıları bir-bir haqq dünyasına yola salacaqsan, qırx ildən artıq məktəbdə tarixdən dərs deyən bu müəllimin saçları qabarıb papağını deşərdi. Molla Fərzəli (Fərzəli müəllim) Fəhlə Yataqxanasının, bax, bu həyətində «Fatihə»lərini verdiyi o rəhmətlikləri bir-bir gözlərinin qabağına gətirdi və yanında oturmuş, bütün günü susub bir kəlmə də söz deməyən Surxayın quru heyva kimi sıxılıb büzüşmüş sifətinə baxdı və birdən-birə, elə bil, kimsə tamam açıq-aşkar kişinin qulağına pıçıldadı ki, Molla Fərzəli (Fərzəli müəllim), burada növbəti ölən şuşalı – 18-ci şuşalı, bax, bu bədbəxt Bayraqdar olacaq. Bu qəfil hissiyyatdan Molla Fərzəlinin (Fərzəli müəllimin) bütün vücudundan növbəti bir üşütmə keçdi və bu hissiyyatı özündən uzaqlaşdırmaq üçün, yerində vurnuxub üzünü camaata qulluq eləyən cavanlara tutdu:
    – Yeməyi gətirin, camaat «Bismillah» eləsin...
    Məclis əhlinə Əbülfətin komanda yoldaşları xidmət edirdi və bu cavan oğlanlar elə cidd-cəhdlə və sidq-ürəkdən xidmət edirdilər ki, bu dəqiqələrdə o rəhmətlik oğlanın ruhu onları görürdüsə, şübhəsiz ki, qürurlanırdı. Səhərdən bəri susub heç nə danışmayan Cümü (Qızıl Diş Cümşüd) birdən dedi:
    – O uşaq, bədbəxt, gərək belə ucuz ölümün qurbanı olmayaydı...
    Kamança Tanrıverdi:
    – Qağa, – dedi. – Ölümün ucuzu, bahalısı olur?
    Cümü filtrsiz siqaret çəkməkdən iki barmağının arası sapsarı saralmış əlini neçə gündən bəri qırxmadığı sifətində gəzdirə-gəzdirə:
    – Nə bilim... – dedi.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 775 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more