AYSUNUN, HUMAYIN, GÜNAYIN,
YALÇININ VƏ NIGARIN NAĞILLARI
BALACA QIRMIZI ÇIÇƏK
Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı
Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki,
kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin
ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa
güllərə, başqa çiçəklərə qonurdu.
Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o
rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa
güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı
Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü
və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.
Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin
gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı,
göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı və elə bil ki, həmin gözəl yaz
günündə çəməndəki bütün rənglər gülürdü.
Bülbüllər də çəmənin sevinən rənglərinə baxırdı və gözəl nəğmələr oxuyurdu.
Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı işlərindən, gözəl
hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi.
Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o
Balaca Qırmızı Çiçək qəmgin idi.
Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə və
zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də.
O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər,
çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər
şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə
verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz
yeddi gün idi ki, açmışdı.
Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə ləçəklərdəki
qəmginliyi gördü və dedi:
– Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün
sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən?
Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə
baxdı və nazik, titrək səsi ilə dedi:
– Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca
bülbülün anası var... Bəs niyə mənim anam yoxdur?
Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi.
Inək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi.
Bülbülün balaları çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb
analarının səsinə səs verirdi.
Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi,
sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi:
– Sən hələ balacasan. Ona görə də hələ çox şey bilmirsən... Sənin anan
torpaqdır. Mənim də, bütün güllərin, çiçəklərin də, bax, o böyük ağacları görürsən,
onların da anası torpaqdır.
Sonra Böyük Sarı Gül göz işlədikcə uzanan düzlərə, çəmənlərə baxdı və yenə də
Balaca Qırmızı Çiçəyə dedi:
– Bax, görürsən, bizim anamız torpaq necə böyükdür, necə genişdir?
Balaca Qırmızı Çiçək də geniş çöllərə, düzlərə baxdı.
Əlbəttə, Balaca Qırmızı Çiçək sevinirdi ki, onun da anası var. Sevinirdi ki, onun
anası belə böyükdür, belə güclüdür.
Amma... amma o sevincdə Balaca Qırmızı Çiçəyin özü kimi lap yüngül, lap
zərif bir qəmginlik var idi, çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası
qucaqlaya bilsin, xırdaca ləçəklərini öpsün...
KÜLƏYIN, ÇINARIN VƏ QARANQUŞ
BALASININ HEKAYƏTI
O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il
dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər
böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından
yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.
O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan
aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik
idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.
O çinar ağacı heç nədən çəkinmirdi, heç nədən qorxmurdu və iş o yerə çatdı ki,
günlərin bir günündə o çinar ağacının yarpaqları xışıldadı:
– Mən o küləkdən də qorxmuram!
Əlbəttə, külək bunu eşitdi, çünki çöllərdə, düzlərdə, dağlarda, meşələrdə, hətta,
dənizlərdə, okeanlarda da nə səs olurdu, nə deyilirdisə, külək onu o saat eşidirdi və
bütün heyvanların, quşların, bitkilərin dilini bildiyi üçün, o saat başa düşürdü.
Külək bu xışıltını da eşitdi və qəzəbləndi.
Külək çinar ağacının ətrafında fırlandı, fırlandı, sonra daha da bərk əsdi, sonra
lap bərkidi, çovğuna çevrildi, qıy vurub bütün ətrafa hücum çəkdi, yer titrədi, göy
titrədi, o çinar ağacı silkələndi, yarpaqları qopdu, sonra budaqları qırılmağa başladı
və qəzəbli külək o çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzunuzun
illər bundan əvvəlki o sütül gövdəcik kimi, əsim-əsim əsməyə başladı, lap az
qalmışdı ki, torpaqdan qopsun və külək bircə an dayandı ki, yeni bir qıyla çinar
ağacını göyə sovursun.
Külək elə həmin bircə anlıq sükut içində qəfil bir civilti eşitdi.
O çinar ağacından kənarda köhnə bir dəyirman var idi və külək, ancaq çinarın
ətrafında burulğan yaratsa da, o burulğanın dalğası dəyirmanın taxtapuşunu
qoparmışdı. Dəyirmanın eyvanının dərinində, küncdə, tavanın altında isə bir
qaranquş yuvası var idi və eləcə zəif-zəif, yazıq-yazıq civildəyən də o yuvadakı
qaranquş balası idi. Eyvanın o küncünü hələ külək tutmurdu, amma bayaqdan yergöy
titrəyirdi və o köhnə dəyirman da az qala o taxtapuş kimi, yerli-dibli qopub
havaya uçacaqdı.
Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı,
birdən-birə aləmi bürümüş qasırğadan o qədər qorxmuşdu ki, təkcə öz ürəyinin
döyüntüsünü eşidirdi, daha başqa heç nə görmürdü, heç nə eşitmirdi. Həmin o bircə
anın içində ki, sükut çökdü, külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra
da o quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə civildədiyini eşitdi:
– Mən qorxuram...
Hə, külək bu civiltini eşitdi...
Külək yenidən qıy vurmağa tamam hazır idi və bilirdi ki, o qıydan sonra o çinar
ağacı köklü-dibli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdənbirə
tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə tıppıltısı içində daha qıy
vura bilmədi...
Külək qıy vursaydı, bilirdi, o çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, bu
köhnə dəyirmanla birlikdə o qaranquş yuvası da, o qaranquş yuvasıyla birlikdə o
qaranquş balası da göyə sovrulacaqdı...
Balaca qaranquş balası başını qaldırıb yuvadan iki nöqtə kimi xırdaca və
qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı və ətrafın bu sakitliyi davam
etdikcə, o cıqqılı ürəyin tıp-tıp tıppıltısı da azalırdı.
Külək o cıqqılı ürəyin tıppıltısının eləcə azalmasını eşidirdi və heç cürə təzədən
qıy vura bilmirdi...
O çinar ağacı isə yavaş-yavaş özünə gəlirdi və qolu-budağı sınsa da, yenə
əvvəlki kimi, yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi:
– Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi!..
NIGAR, YALÇIN VƏ ONLARIN DƏDƏSI
Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.
Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının
tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı,
Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz
velosipedi vardı, Yalçının öz velosipedi.
Amma Dədələri bircə nəfər idi – həm Nigarın Dədəsi idi, həm də Yalçının
Dədəsi idi.
Əslində Dədə Nigarın da, Yalçının da babası idi. Nigar hələ danışa bilməyəndə
belə deyirdi:
– Də-də-də-də-də...
Babası da ona baxıb gülürdü:
– Baxın, görün Nigar necə danışır: – də-də-də-də-də...
Nigar deyirdi:
– Də-də-də-də-də...
Babası gülürdü:
– Də-də-də-də-də...
Nigar hər dəfə babasını görəndə «Də-də-də-də-də»... – dedi, axırda «Də-də...» -
dedi. «Də-də», yəni ki, Dədə.
Nigar nə edirdisə, Yalçın da onu edirdi.
Nigar babasına Dədə dedi, Yalçın da babasına Dədə dedi.
Nigar istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. Yalçın da
istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin.
Indi bəs nə olsun? Axı, Dədə bir nəfərdir...
Heç belə də iş olar?..
Bir gün Nigar soruşdu:
– Dədə, hara gedirsən?
Nigar nə soruşdusa, Yalçın da o saat onu soruşurdu:
– Dədə, hara gedirsən?
Dədə dedi:
– Gedirəm televizordakıların iş yerinə. Orada məni lentə çəkəcəklər, axşam
televizorda danışacağam.
Nigar sevindi:
– Biz səni görəcəyik?
O saat Yalçın da sevindi:
– Biz səni görəcəyik?
Dədə dedi:
– Hə, axşam görəcəksiz...
Axşam Nigarla Yalçın eyvanda oturub kağızlarda şəkillər çəkirdilər. Axı,
onların ikisi də rəssam idi!.. Ən yaxşı rəssam hansı idi? Elə ikisi də!.. Ancaq... ancaq
Nigar öz kağızında nə çəkirdisə, Yalçın da öz kağızında onu çəkirdi... Birdən ataları
onları çağırdı:
– Nigar, Yalçın, gəlin bura, Dədə televizorda danışır.
Nigarla Yalçın tez qaça-qaça otağa gəldi.
Nigarla Yalçının anası, bir də atası, bir də Dədə oturub televizora baxırdı.
Televizorda... Dədə danışırdı.
Bu necə işdir?
Nigar bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan
Dədəyə baxdı.
Yalçın da bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda
danışan Dədəyə baxdı.
Doğrudan da bu necə işdi?.. Bay səni!..
Indi Nigarın da, Yalçının da iki Dədəsi vardı – bir Dədə çay içə-içə televizora
baxırdı, o biri Dədə də televizorda danışırdı.
Nigar dedi:
– A-a-a!...
Yalçın da o saat dedi:
– A-a-a!..
Birdən Nigar dedi:
– Yalçın, Yalçın, bilirsən nə var?
Yalçın da tez istədi ki, desin: Nigar, Nigar, bilirsən nə var? Amma sonra başa
düşdü ki, axı, belə olmaz... Dedi:
– Nə var?
Nigar dedi:
– Yalçın, qoy bu Dədə mənim olsun, televizordakı Dədə sənin olsun. Bu Dədə
həmişə mənimlə oynasın. O Dədə həmişə səninlə oynasın. Yaxşı, Yalçın? Hə?
Yalçın Nigara baxdı, sonra otaqda çay içən Dədəyə baxdı, sonra televizorda
danışan Dədəyə baxdı.
Nigar bir də soruşdu:
– Yaxşı, Yalçın?
Yalçın dedi:
– Yox, bu Dədə mənim olsun, o Dədə sənin olsun!
Necə oldu bu – televizorda danışan Dədə gülmədi, amma otaqda oturan Dədə
güldü?
Sonra Nigarla Yalçının anası da güldü, atası da güldü.
Sonra Nigar onlara baxıb bərkdən güldü.
Sonra da Yalçın Nigara baxıb lap bərkdən güldü.
MƏN YAMAN QOCAĞAM
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.
Yalçın dedi:
– Gördün, Nigar, adam özünü tərlətməz... Çünki adama soyuq dəyər, xəstələnər.
Günay da başını tərpətdi, yəni ki, düzdü, Yalçın düz deyir.
Axı, Günay hələ danışa bilmirdi, neyləsin?
Yalçın dedi:
– Günay, sən böyüyəndə, həyətə düşəndə, çox qaçıb özünü tərlətməzsən... Hə?
Günay başını tərpətdi, yəni ki, hə.
Yalçın atıla-atıla dedi:
– Gördün, Nigar! Biz özümüzü tərlətməyəcəyik! Biz xəstələnməyəcəyik!
Günay da əlini-əlinə vura-vura atıldı-düşdü, birdən... gurup!... dəydi yerə.
Günay istədi bərkdən ağlasın, amma bu vaxt qapının zəngi çalındı. Yalçın
qapıya qaçdı. Günay da tez qapıya tərəf baxdı.
Gələn Dədə idi, Günayın, Yalçının, Nigarın babası.
Yalçın dedi:
– Dədə, Dədə, biz özümüzü tərlətməyəcəyik, Günay da, mən də
xəstələnməyəcəyik! Nigar bizdən böyükdü, amma özünü tərlədib, xəstələnib!
Dədə dedi:
– Eybi yox, daha Nigar da bundan sonra özünü tərlətməyəcək, xəstələnməyəcək.
Yalçın Nigara baxdı:
– Hə, Nigar?
Günay da Nigara baxdı, istədi o da desin ki, «Hə, Nigar?», amma təkcə bunu
dedi:
– I-ı-ı...
Nigar başını yastığın üstündə yavaş-yavaş tərpətdi, yavaş-yavaş da dedi:
– Hə...
Dədə bazardan Nigar üçün qıpqırmızı gilənar alıb gətirmişdi. Anası gilənarı
yudu, boşqaba yığıb Nigarın çarpayısının yanındakı balaca kətilin üstünə qoydu.
Dədə dedi:
– Nigar, gör nə qəşəng gilənardı, ye.
Nigar yavaş-yavaş dedi:
– Istəmirəm, Dədə...
Dədə dedi:
– Sən bir bax, gör nə dadlıdı...
Dədə gilənardan birini götürüb Nigarın ağzına qoydu.
Yalçın da, Günay da Nigara baxırdı.
Nigar yavaş-yavaş dedi:
– Day istəmirəm... Acıdı...
Dədə dedi:
– Gilənar acı deyil, Nigar, sənin ağzın acı olub. Xəstələnmisən, ona görə ağzın
acılaşıb. Keçib gedəcək.
Yalçın gilənara baxa-baxa, udquna-udquna Nigarın lap yanına gəldi. Günay da
Yalçının yanına gəldi.
Yalçın soruşdu:
– Gilənar acıdı, Nigar?
Nigar yavaş-yavaş dedi:
– Hə...
Yalçın gilənarın birini ağzına qoyub dedi:
– Hə, acıdı...
Sonra bir gilənar da yedi:
– Hə, acıdı....
Sonra bir gilənar da yedi, bir gilənar da yedi, yedi, yedi:
– Hə, acıdı, acıdı, acıdı...
Yalçın gilənarların hamısını yedi qurtardı. Sonra Dədəyə baxdı, Nigara baxdı,
sonra da Günaya dedi:
– Gördün, Günay, gördün mən necə qoçağam?! Acı gilənarın hamısını yedim!
Dədə ağzı-burnu qıpqırmızı gilənar şirəsinə bulaşmış Yalçına baxıb güldü.
Nigar da Yalçına baxıb güldü. Günay da:
– I-ı-ı – dedi, yəni ki, Yalçın, doğrudan da, sən yaman qoçaqsan! Lap qoçaq!..
GÜNAYIN, YALÇININ, NIGARIN VƏ YEKƏ
CANAVARIN NAĞILI
Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.
Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə
gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ
görünürdü, özü də yamyaşıl meşəli dağ...
Nigar gavalı ağacına dırmaşdı. Yalçın da Nigara baxıb başqa gavalı ağacına
dırmaşdı, Günay da Yalçına baxıb başqa gavalı ağacına dırmaşmaq istəyirdi, amma
dırmaşa bilmirdi. Əlləri ilə ağacdan yapışıb bir ayağını yerdən qaldıranda – gurup! –
dəyirdi yerə.
Birdən Nigar qışqırdı:
– Dədə gəldi!
Yalçın da o saat qışqırdı:
– Dədə gəldi!
Günay da qışqırmaq istədi «– Dədə gəldi!». Amma təkcə elə bunu dedi:
– Də-də-də-də!..
Nigar ağacdan atılıb Dədənin qabağına qaçdı. Yalçın da Nigarın dalınca qaçdı.
Günay da Yalçının dalınca qaçmaq istəyəndə yenə də – gurup! – dəydi yerə. Ah, bu
gözəl Günay nə vaxt yaxşı yeriyə biləcək, hə?
Günay başını qaldırdı, üz-gözünü turşutdu, istədi ağlasın, amma Dədə tez onu
yerdən qaldırdı, tez də soruşdu:
– Günay, bura sənin xoşuna gəlir?
Nigar tez dedi:
– Mənim xoşuma gəlir!
Yalçın da o saat dedi:
– Mənim xoşuma gəlir!
Günay da demək istədi ki, «– Mənim xoşuma gəlir!» Amma təkcə elə bunu
dedi:
– Mə-mə-mə-mə...
Nigar güldü:
– Günay, sən quzusan mələyirsən?
Yalçın da o saat güldü:
– Günay, sən quzusan mələyirsən?
Günay da güldü, demək istədi ki, « – Günay, sən quzusan mələyirsən?». Amma
təkcə bunu dedi:
– Gü-gü-gü-gü...
Günay «Gü-gü-gü-gü...» – dedi, hamı da güldü.
Nigar, Yalçın, Günay Bakıdan buraya dünən yox, o biri gün yox, o biri gün
gəlmişdi. Nə qədər isti olacaqdı, o qədər də burada qalacaqdılar. Bu gözəl həyətdə.
Bütün yayı.
Dədə dedi:
– Sabah sizi meşəyə aparacağam...
Oy, gör Nigar necə sevindi!.. Dedi:
– Sabah meşəyə gedəcəyik? Ura-a-a!..
Əlbəttə, Yalçın o saat Nigar kimi sevindi!.. Dedi:
– Sabah meşəyə gedəcəyik? Ura-a-a!..
Amma Günay təkcə bunu deyə bildi:
– U-u-u!.. A-a-a!..
Yalçın dedi:
– Dədə, mən meşədə... – Sonra Nigara baxdı. – Nigar, mən meşədə... – Sonra
Günaya baxdı. – Günay mən meşədə...
Nigar dedi:
– De də, Yalçın, sən meşədə nə?
Günay da bunu soruşmaq istədi. Amma təkcə:
– Sə-ə-ə... Mə-ə-ə... – dedi.
Ah, bu gözəl Günay nə vaxt danışmağı öyrənəcək?
Yalçın dedi:
– Mən meşədə bir dənə yekə canavar öldürəcəyəm!
Dədə dedi:
– Doğrudan?
Yalçın dedi:
– Hə, doğrudan!
Nigar bilmədi nə desin... Bilmədi buna inansın, ya inanmasın? Nigar Günaya
baxdı. Günay da Nigara baxdı. Yalçın isə qollarının ikisini də qaldırıb pəhləvanlar
kimi bükdü, Dədəyə, Nigara, Günaya öz gücünü göstərdi:
– Görürsünüz, mən necə güclüyəm? Sabah meşədə böyük canavar öldürəcəyəm!
Dədə dedi:
– Yaşasın qəhrəman Yalçın!
Nigar da dedi:
– Hə, hə, yaşasın qəhrəman Yalçın!
Amma Günay təkcə elə bunu dedi:
– Ya-ya-ya-ya...
Gün keçdi, axşam oldu, sonra gecə də keçdi... Axı, nağılda vaxt tez keçir! Səhər
Dədə, Nigar, qəhrəman Yalçın, bir də lap balaca Günay meşəyə gedəndə Dədə
soruşdu:
– Yalçın, bu gün yekə canavar öldürəcəksən?
Nigar da tez Yalçına baxdı, Günay da gördü ki, Nigar Yalçına baxır, tez o da
Yalçına baxdı.
Yalçın dedi:
– Hə, meşədə yekə canavar öldürəcəyəm!
Onlar gəlib meşəyə çatdılar. Meşədə böyük-böyük ağaclar var idi, tikanlı-tikanlı
kollar var idi. Meşədən cürbəcür səslər gəlirdi:
– Qa-qa-qa-qa...
– Ci-ci-ci-ci...
– Hop-hop-hop-hop...
Nigar dedi:
– Yalçın, sən yekə canavarı harada öldürəcəksən?
Yalçın meşədəki böyük-böyük ağaclara, tikanlı-tikanlı kollara baxdı, cürbəcür
səslərə qulaq asdı, amma... Bay, bu necə işdi belə? Yalçın kimi qəhrəman heç bir
söz demədi, Nigarın sualına cavab vermədi...
Nigar yenə soruşdu:
– Yalçın, sən yekə canavarı harada öldürəcəksən?
Meşədən isə eləcə cürbəcür səslər gəlirdi:
– Ho-o-o...
– Mö-ö-ö...
– Va-a-a...
Yalçın meşədən gələn bu səslərə qulaq asdı, meşənin dərinliyinə baxdı, axırda
dedi:
– Dədə, bilirsən nədi?.. – Sonra Nigara baxdı. – Nigar, bilirsən nədi?... – Sonra
Günaya baxdı. – Günay, bilirsən nədi?..
Nigar dedi:
– Nədi, Yalçın, de də...
Yalçın dedi:
– Mən yekə canavarı yuxuda öldürəcəyəm!
Dədə güldü:
– Yaxşı, qəhrəman Yalçın!..
Nigar heç bilmədi qəhrəman Yalçının bu sözünə nə desin...
Heç kim də bilmədi ki, Günay nə deyir:
– Du-du-du-du...
Dədə, Nigar, Yalçın, bapbalaca Günay meşədə gəzdilər, ağaclara baxdılar, dələ
gördülər, çiçək yığdılar, sonra qayıtdılar evə. Sonra yenə axşam düşdü, yenə gecə
gəldi, yenə səhər açıldı və səhər yuxudan duranda Yalçın bərkdən dedi:
– Nigar, Günay, mən yuxuda yekə bir canavar öldürdüm! Bilirsiz nə boydaydı?
– Yalçın qollarını iri açıb göstərdi. – Bax, bu boyda! Mən onu götürüb yerə vurdum,
öldürdüm! Bax, belə-belə!.. – Yalçın yumruqları ilə havanı döyəcləyə-döyəcləyə
göstərdi ki, yuxuda yekə canavarı necə öldürüb!
Nigar qəhrəman Yalçına baxdı, bilmədi bu xəbərə inansın, ya inanmasın...
Günay da Nigara baxıb dedi:
– Mə-mə-mə-mə...
Günay demək istəyirdi ki, Nigar, Yalçın, mən də yuxuda yekə canavar
öldürmüşəm! Lap yekə! Bax, bu boyda!
HUMAYIN YUXUSU
Humay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.
Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün
uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay elə böyükdü, elə böyükdü, elə böyükdü, düz altı yaşının içindədi.
Humay elə balacadı, elə balacadı, elə balacadı, üç yaşı təzə tamam olub.
Amma Humayın böyük bacısı böyük Günay yatdı, Humay isə – bax a!.. –
yatmaq istəmirdi!..
Humay yerində uzanmışdı, amma istəmirdi yatsın, istəmirdi, istəmirdi,
istəmirdi, amma gözləri yumulurdu, amma özü yatmaq istəmirdi. Humay istəyirdi
ki, yaxşı-yaxşı, yaxşı-yaxşı, yaxşı-yaxşı dostları gəlsin yanına, bir yerdə oynasınlar.
Hə, hə, hə!.. Humay elə yatmaq istəmirdi, elə yatmaq istəmirdi, elə yatmaq
istəmirdi, amma gözləri yumuldu, açıldı, yumuldu, açıldı, yumuldu... Bay!... Elə
yumulu da qaldı ki!..
... Humayın bir dənə qırmızı topu var idi. Elə qırmızıydı, elə qırmızıydı ki, lap
qıpqırmızı.
Humayın topu evdən çıxdı, hoppana-hoppana, hoppana-hoppana pilləkənləri
aşağı düşdü, küçəyə çıxdı, hoppana-hoppana, hoppana-hoppana getməyə başladı.
Birdən Cıqqılı siçan Humayın topunun qabağına çıxdı. Cıqqılı siçan soruşdu:
– Ay Humayın topu, hara gedirsən belə?
Humayın topu dedi:
– Gedirəm, Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Cıqqılı siçan dedi:
– Humay yaxşı qızdı, Humay məni Bığlı pişiklə barışdırıb. Məni də apar
Humayın yanına, ay Humayın topu!
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan da Humayın topunun dalınca,
getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Bığlı pişik
çıxdı. Bığlı pişik soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
Humayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Bığlı pişik dedi:
– Humay yaxşı qızdı. Bir dənə parçadan düzəlmiş pişik var Humayda. Humay
söz verib ki, bir də heç vaxt parça pişiyin bığlarını dartmayacaq. Axı, o parça pişik
mənəm!.. Məni də apar Humayın yanına, ay Humayın topu!
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı
pişik də Cıqqılı siçanın dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər,
getdilər, birdən qabaqlarına bir Uzunboy zürafə çıxdı. Uzunboy zürafə soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
Humayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Uzunboy zürafə dedi:
– Humay yaxşı qızdı. Mənim bir dənə qəşəng şəklim var Humayda. Humay söz
verib ki, bir də heç vaxt o şəkli cırmayacaq, o şəkli əzməyəcək. Məni də apar
Humayın yanına, ay Humayın topu!...
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı
pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, getdilər.
Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Yaşıl karandaş
çıxdı. Yaşıl karandaş soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
vHumayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Yaşıl karandaş dedi:
– Humay yaxşı qızdı. Humay söz verib ki, bir də heç vaxt məni ağzına salıb
dişləməyəcək, Humay mənimlə elə qəşəng, elə qəşəng yarpaq şəkilləri çəkəcək ki!..
Məni də apar Humayın yanına, ay Humayın topu!..
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Uzunboy
zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca, getdilər.
Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən küçənin ortasında dayanmış
milisioner əmi fit çaldı, sonra əlini qulağının üstünə aparıb dedi:
– Vətəndaş Humayın topu, beləcə cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar
kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.
Humayın topu dedi:
– Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla
oynamağa.
Milisioner əmi dedi:
– A-a-a!.. Belə de!.. Humay yaxşı qızdı, çünki söz verib ki, bir də heç vaxt
ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək,
böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar
Humayın yanına, ay Humayın topu!..
– Gedək!..
Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik
Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş
Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu
dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər,
getdilər, Humayın çox xoşladığı fəvvarələrin qabağından keçdilər, Humayın çox
yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da
arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə.
Bir tərəfdən Humayın dostları gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün
çıxdı.
Gün çıxdı, səhər açıldı.
Hamı yuxudan oyandı.
Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı.
Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi,
Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu
gördü.
Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu:
– Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy
zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı?
Humayın topu cavab vermədi.
Axı, topun dili yoxdu danışsın...
Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı
pişik də, Uzunboy zürafə də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə
Milisioner əmi qaldı...
Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı.
Milisioner əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən
Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə
apardı, Humayı salamladı.
Həmin gün Humay üçün, bax, beləcə başladı...
GÜNAY, HUMAY, BIR DƏNƏ GÜNƏBAXAN VƏ QIRT TOYUĞUN
CÜCƏLƏRI
Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr
çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi,
istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib
yay istirahətinə kəndə getdilər.
Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və
Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
– Bax, armud ağacı!
– Bax, alma ağacı!
– Bax, alça ağacı!
Həyətdə bostan da var idi. Bostanda qarğıdalı əkmişdilər, pomidor, xiyar
əkmişdilər, amma bunların arasında bir dənə də gül uzanmışdı, saplağı elə uzun idi,
bir Günay, bir də Humay – ikisi boyda! Özü qoğal kimi girdə idi, sapsarı ləçəkləri
var idi və Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu
girdəliyində, bu sarılığında bu nə güldü belə?
Günay soruşdu:
– Bu nə güldü?
Günayın anası dedi:
– Yox, bu gül deyil, Günay, bu günəbaxandı. Yəqin bostana bir dənə toxumu
düşüb, beləcə uzanıb...
Humay təəccüblə çiyinlərini çəkdi:
– Günəbaxan nədi?
Düzdü, Günay da bilmirdi ki, günəbaxan belə olur, amma Günay bilirdi ki,
günəbaxan nədi, çünki Günay yaman çoxbilən qız idi, axı Günay, zarafat deyil ha,
ikinci sinifə keçmişdi!..
Günay tez dedi:
– Humay, günəbaxan bilirsən nədi? Bax, biz ki, hərdən tum çırtlayırıq ha,
günəbaxan odu, bildin?
Humay başını tərpətdi:
– Hə, hə, bildim! Tez onu çırtdayaq!
Axı, Humay hələ balaca idi. Axı, Humayın hələ cəmi-cümlətanı beş yaşı var idi.
Günayla Humayın anası dedi:
– Yox, Humay, günəbaxan hələ gərək lap böyüsün, yetişsin, sonra dərərik,
tumlarını çıxardarıq, tavada qovurarıq, bir yerdə oturub çırtlayarsız. Amma qabığını
yerə tökməzsiz ha!
Bundan sonra Günayla Humay hər gün həmin tək günəbaxanın dibinə su
tökdülər.
Humay balaca beli ilə hər gün günəbaxanın dibini bellədi, Günay tez-tez baxdı
ki, keçilər, buzovlar gəlib onların bu günəbaxanını yeməsin.
Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü, lap yekə olurdu...
Günayla Humay hər gün səhər tezdən yuxudan duran kimi ən birinci yerlərindən
boylanıb pəncərədən həmin günəbaxana baxırdı.
Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu. Qapqara
iri tumları var idi.
Bakıya qayıtmaqlarına iki gün qalmış Günayla Humayın anası dedi:
– Bu gün günəbaxanı dərəcəyik!
Humay qışqırdı:
– Ay can, ay ca-an!..
Günay dedi:
– Yaxşı da, Humay, bərkdən qışqırma...
Günay belə dedi, çünki Günayın həmin günəbaxana bir az yazığı gəlirdi...
Günəbaxanı dərdilər, Günayla Humay günəbaxanın tumlarını çıxartdılar, anaları
günəbaxanın tumlarını tavada qovurdu. Günayla Humay hərəsi bir nəlbəki gətirdi,
anaları qovrulmuş tumu yarıya bölüb nəlbəkiləri doldurdu.
Günayla Humay çoxdan bəri gözlədikləri qovrulmuş isti tumdan bir ovuc
götürüb həyətə qaçdılar ki, ləzzətlə çırtlasınlar.
Bir az keçdi.
Birdən Günayla Humay qaça-qaça evə gəldilər.
– Biz tumları cücələrə verdik!
Anaları güldü.
– Axı, cücələr tum yeməz...
Həyətdəki hində qırt toyuğun yeddi cücəsi var idi. Cücələr dörd gün idi
yumurtadan çıxmışdılar, lap balaca idilər. Hər birisi bir yumurta boyda idi, təkcə
nazik qılçaları, cıqqılı da ayaqları var idi. Belə bapbalaca cücələr iri tum dənələrini
necə yeyə bilərdi?
Günay, Humay ikisi də bir ağızdan dedi:
– Cücələrə anaları tum verir. Gəl, bax!.. Gəl, bax!..
Günayla Humay anaları ilə birlikdə hinin qabağına gəldilər, açıq pəncərədən
içəri baxdılar.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəzişirdi, cücələri də civildəyə-civildəyə onun
dalınca qaçışırdı. Qırt toyuq hinin açıq pəncərəsindən adam görüb daha bərkdən
qaqqıldadı.
Humay dedi:
– Ay cücələr!.. Ay cücələr!.. Alın!..
Humay hinə bir dənə iri tum atdı.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəlib dimdiyi ilə həmin tumu yerdən götürdü.
Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə, itələşə-itələşə analarının qabağına
yığışdı.
Qırt toyuq dimdiyinin ucundakı tumun qabığını sındırdı, tumun ağ ləpəsi
sıçrayıb yerə düşdü. Cücələr yenə civildəşə-civildəşə, itələşə-itələşə ağ ləpənin
üstünə qaçışdı, amma ağ ləpə iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ
ləpəni təzədən dimdiyinə aldı, sonra ağ ləpəni dimdiyində əzə-əzə xırdaladı, yerə
səpələdi. Cücələr bircə göz qırpımında tum ləpəsinin qırıntılarını dimdikləyib
yedilər.
Humay qışqırdı:
– Gördün!
Bu dəfə Günay hinə bir tum atdı və cücələr bu tumun da ləpəsini beləcə yedilər.
Qırt toyuq başını qaldırıb pəncərəyə baxırdı, cücələr civildəşirdi, tum ləpəsi,
deyəsən, cücələrin yaman xoşuna gəlmişdi və qırt toyuq da qaqqıldaya-qaqqıldaya
elə bil deyirdi ki, ay qızlar, nə durmusuz, görürsünüz tumun ləpələri balalarımın
necə xoşuna gəlir, yenə verin də!..
Günay dedi:
– Mən öz tumlarımın hamısını cücələrə verəcəyəm!
Humay da dedi:
– Mən də tumlarımın hamısını cücələrə verəcəyəm!..
Günay ovcundakı tumların hamısını bir-bir cücələrə atdı. Humay da ovcundakı
tumların hamısını bir-bir cücələrə atdı, təkcə bir dəfə dedi:
– Günay, olar mən özüm də bir dənə tum yeyim?
Günay Humaya baxdı, başını buladı, dərindən nəfəs aldı və dedi:
– Yaxşı, Humay, bir dənəsini ye...
Nə etmək olardı, Humay hələ balaca idi də... O da cücələr kimi, tum ləpəsi
yemək istəyirdi...
Sonra Günayla Humay cücələrə yenə tum gətirdilər, sonra yenə gətirdilər və
beləcə tumların hamısını cücələrə verdilər. Humay özü isə, doğrudan da, ancaq bircə
dənə tum çırtladı.
Cücələr başlarını qaldırıb hinin açıq pəncərəsinə baxırdı. Günayla Humayı görən
kimi, bərkdən civildəşməyə başlayırdı, yəni ki, yaxşı tumdu, biz yenə istəyirik!..
Ancaq hayıf ki, o günəbaxan cəmi bircə dənə idi...
Sonra Günayla Humay anaları ilə birlikdə, ataları ilə birlikdə Bakıya qayıtdılar.
Sonra yay qurtardı, payız gəldi, ağacların yarpaqları saraldı, yağışlar yağdı, quşlar
uçub isti ölkələrə getdi, təkcə sərçələr yağışın altında islanıb civildəyə-civildəyə
soyuqdan şikayət etdi, sonra qış gəldi, qar yağdı, amma o qovrulmuş tum ləpəsi
yeyən balaca cücələr heç vaxt Günayla Humayın yadından çıxmırdı...
|