Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları
AYSUNUN, HUMAYIN, GÜNAYIN, YALÇININ VƏ NIGARIN NAĞILLARI
BALACA QIRMIZI ÇIÇƏK


    Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.
    Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.
    Həmin gün elə bil ki, günəş də sevinirdi, şüaları bütün çəməni qızdırırdı. Həmin gün çəməndəki güllərin, çiçəklərin rəngləri də sevinirdi, qırmızı göyə qarışmışdı, göy sarıya, sarı yaşıla, yaşıl məxməriyə qarışmışdı və elə bil ki, həmin gözəl yaz günündə çəməndəki bütün rənglər gülürdü.
    Bülbüllər də çəmənin sevinən rənglərinə baxırdı və gözəl nəğmələr oxuyurdu.
    Bülbüllərin həmin yaz günündəki nəğmələri dünyanın yaxşı işlərindən, gözəl hadisələrindən xəbər verirdi, anaların laylasından, uşaqların yuxusundan deyirdi. Günəş də, güllər də, çiçəklər, kəpənəklər, bülbüllər də sevinirdi, təkcə... təkcə o Balaca Qırmızı Çiçək qəmgin idi.
    Balaca Qırmızı Çiçəyin zərif çiçəkləri gülə bilmirdi, onlar da o qədər incə və zəif idilər ki, həmin isti, günəşli yaz günü, hətta bir az üşüyürdülər də.
    O qırmızı çiçəyin yanında Böyük Sarı Gül bitmişdi. Çəməndə bütün güllər, çiçəklər, otlar Böyük Sarı Gülə hörmət edirdi. Böyük Sarı Gül hər şeyi bilirdi, hər şeydən xəbərdar idi. Çəməndə güllərin, çiçəklərin nə sualı olsaydı, Böyük Sarı Gülə verərdi. Çünki Böyük Sarı Gülün yaşı çox idi; Böyük Sarı Gülün qönçələri artıq düz yeddi gün idi ki, açmışdı.
    Böyük Sarı Gül Balaca Qırmızı Çiçəyə baxdı, qıpqırmızı incə ləçəklərdəki qəmginliyi gördü və dedi:
    – Bu gün gözəl gündür... Bütün çəmənimiz sevinc içindədi... Bəs sən nə üçün sevinmirsən? Nə üçün günəşin şüaları ilə qızınmırsan? Sən nə üçün qəmginsən?
    Balaca Qırmızı Çiçək zəif, incə ləçəklərini yüngülcə qaldırıb Böyük Sarı Gülə baxdı və nazik, titrək səsi ilə dedi:
    – Bax, o balaca qızın anası var... Bax, o balaca buzovun anası var. Bax, balaca bülbülün anası var... Bəs niyə mənim anam yoxdur?
    Anası balaca qızını qucağına alıb çəməndəki cığırla kəndə tərəf gedirdi.
    Inək buzovu yanına salıb qarşı dağın döşündən keçirdi.
    Bülbülün balaları çəmənə bitişik ağaclıqda başlarını yuvalarından qaldırıb analarının səsinə səs verirdi.
    Böyük Sarı Gül o balaca qızın anasına, o ana bülbülə, o inəyə baxdı, gülümsədi, sonra, elə bil, daha da mehribanlaşdı. Balaca Qırmızı Çiçəyə dedi:
    – Sən hələ balacasan. Ona görə də hələ çox şey bilmirsən... Sənin anan torpaqdır. Mənim də, bütün güllərin, çiçəklərin də, bax, o böyük ağacları görürsən, onların da anası torpaqdır.
    Sonra Böyük Sarı Gül göz işlədikcə uzanan düzlərə, çəmənlərə baxdı və yenə də
    Balaca Qırmızı Çiçəyə dedi:
    – Bax, görürsən, bizim anamız torpaq necə böyükdür, necə genişdir?
    Balaca Qırmızı Çiçək də geniş çöllərə, düzlərə baxdı.
    Əlbəttə, Balaca Qırmızı Çiçək sevinirdi ki, onun da anası var. Sevinirdi ki, onun anası belə böyükdür, belə güclüdür.
    Amma... amma o sevincdə Balaca Qırmızı Çiçəyin özü kimi lap yüngül, lap zərif bir qəmginlik var idi, çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası qucaqlaya bilsin, xırdaca ləçəklərini öpsün...

KÜLƏYIN, ÇINARIN VƏ QARANQUŞ BALASININ HEKAYƏTI


    O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.
    O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.
    O çinar ağacı heç nədən çəkinmirdi, heç nədən qorxmurdu və iş o yerə çatdı ki, günlərin bir günündə o çinar ağacının yarpaqları xışıldadı:
    – Mən o küləkdən də qorxmuram!
    Əlbəttə, külək bunu eşitdi, çünki çöllərdə, düzlərdə, dağlarda, meşələrdə, hətta, dənizlərdə, okeanlarda da nə səs olurdu, nə deyilirdisə, külək onu o saat eşidirdi və bütün heyvanların, quşların, bitkilərin dilini bildiyi üçün, o saat başa düşürdü.
    Külək bu xışıltını da eşitdi və qəzəbləndi.
    Külək çinar ağacının ətrafında fırlandı, fırlandı, sonra daha da bərk əsdi, sonra lap bərkidi, çovğuna çevrildi, qıy vurub bütün ətrafa hücum çəkdi, yer titrədi, göy titrədi, o çinar ağacı silkələndi, yarpaqları qopdu, sonra budaqları qırılmağa başladı və qəzəbli külək o çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzunuzun illər bundan əvvəlki o sütül gövdəcik kimi, əsim-əsim əsməyə başladı, lap az qalmışdı ki, torpaqdan qopsun və külək bircə an dayandı ki, yeni bir qıyla çinar ağacını göyə sovursun.
    Külək elə həmin bircə anlıq sükut içində qəfil bir civilti eşitdi.
    O çinar ağacından kənarda köhnə bir dəyirman var idi və külək, ancaq çinarın ətrafında burulğan yaratsa da, o burulğanın dalğası dəyirmanın taxtapuşunu qoparmışdı. Dəyirmanın eyvanının dərinində, küncdə, tavanın altında isə bir qaranquş yuvası var idi və eləcə zəif-zəif, yazıq-yazıq civildəyən də o yuvadakı qaranquş balası idi. Eyvanın o küncünü hələ külək tutmurdu, amma bayaqdan yergöy titrəyirdi və o köhnə dəyirman da az qala o taxtapuş kimi, yerli-dibli qopub havaya uçacaqdı.
    Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı, birdən-birə aləmi bürümüş qasırğadan o qədər qorxmuşdu ki, təkcə öz ürəyinin döyüntüsünü eşidirdi, daha başqa heç nə görmürdü, heç nə eşitmirdi. Həmin o bircə anın içində ki, sükut çökdü, külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra da o quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə civildədiyini eşitdi:
    – Mən qorxuram...
    Hə, külək bu civiltini eşitdi...
    Külək yenidən qıy vurmağa tamam hazır idi və bilirdi ki, o qıydan sonra o çinar ağacı köklü-dibli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdənbirə tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə tıppıltısı içində daha qıy vura bilmədi...
    Külək qıy vursaydı, bilirdi, o çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, bu köhnə dəyirmanla birlikdə o qaranquş yuvası da, o qaranquş yuvasıyla birlikdə o qaranquş balası da göyə sovrulacaqdı...
    Balaca qaranquş balası başını qaldırıb yuvadan iki nöqtə kimi xırdaca və qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı və ətrafın bu sakitliyi davam etdikcə, o cıqqılı ürəyin tıp-tıp tıppıltısı da azalırdı.
    Külək o cıqqılı ürəyin tıppıltısının eləcə azalmasını eşidirdi və heç cürə təzədən qıy vura bilmirdi...
    O çinar ağacı isə yavaş-yavaş özünə gəlirdi və qolu-budağı sınsa da, yenə əvvəlki kimi, yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi:
    – Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi!..

NIGAR, YALÇIN VƏ ONLARIN DƏDƏSI


    Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.
    Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı,
    Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.
    Amma Dədələri bircə nəfər idi – həm Nigarın Dədəsi idi, həm də Yalçının Dədəsi idi.
    Əslində Dədə Nigarın da, Yalçının da babası idi. Nigar hələ danışa bilməyəndə belə deyirdi:
    – Də-də-də-də-də...
    Babası da ona baxıb gülürdü:
    – Baxın, görün Nigar necə danışır: – də-də-də-də-də...
    Nigar deyirdi:
    – Də-də-də-də-də...
    Babası gülürdü:
    – Də-də-də-də-də...
    Nigar hər dəfə babasını görəndə «Də-də-də-də-də»... – dedi, axırda «Də-də...» - dedi. «Də-də», yəni ki, Dədə.
    Nigar nə edirdisə, Yalçın da onu edirdi.
    Nigar babasına Dədə dedi, Yalçın da babasına Dədə dedi.
    Nigar istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. Yalçın da istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin.
    Indi bəs nə olsun? Axı, Dədə bir nəfərdir...
    Heç belə də iş olar?..
    Bir gün Nigar soruşdu:
    – Dədə, hara gedirsən?
    Nigar nə soruşdusa, Yalçın da o saat onu soruşurdu:
    – Dədə, hara gedirsən?
    Dədə dedi:
    – Gedirəm televizordakıların iş yerinə. Orada məni lentə çəkəcəklər, axşam televizorda danışacağam.
    Nigar sevindi:
    – Biz səni görəcəyik?
    O saat Yalçın da sevindi:
    – Biz səni görəcəyik?
    Dədə dedi:
    – Hə, axşam görəcəksiz...
    Axşam Nigarla Yalçın eyvanda oturub kağızlarda şəkillər çəkirdilər. Axı, onların ikisi də rəssam idi!.. Ən yaxşı rəssam hansı idi? Elə ikisi də!.. Ancaq... ancaq Nigar öz kağızında nə çəkirdisə, Yalçın da öz kağızında onu çəkirdi... Birdən ataları onları çağırdı:
    – Nigar, Yalçın, gəlin bura, Dədə televizorda danışır.
    Nigarla Yalçın tez qaça-qaça otağa gəldi.
    Nigarla Yalçının anası, bir də atası, bir də Dədə oturub televizora baxırdı. Televizorda... Dədə danışırdı.
    Bu necə işdir?
    Nigar bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan Dədəyə baxdı.
    Yalçın da bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan Dədəyə baxdı.
    Doğrudan da bu necə işdi?.. Bay səni!..
    Indi Nigarın da, Yalçının da iki Dədəsi vardı – bir Dədə çay içə-içə televizora baxırdı, o biri Dədə də televizorda danışırdı.
    Nigar dedi:
    – A-a-a!...
    Yalçın da o saat dedi:
    – A-a-a!..
    Birdən Nigar dedi:
    – Yalçın, Yalçın, bilirsən nə var?
    Yalçın da tez istədi ki, desin: Nigar, Nigar, bilirsən nə var? Amma sonra başa düşdü ki, axı, belə olmaz... Dedi:
    – Nə var?
    Nigar dedi:
    – Yalçın, qoy bu Dədə mənim olsun, televizordakı Dədə sənin olsun. Bu Dədə həmişə mənimlə oynasın. O Dədə həmişə səninlə oynasın. Yaxşı, Yalçın? Hə?
    Yalçın Nigara baxdı, sonra otaqda çay içən Dədəyə baxdı, sonra televizorda danışan Dədəyə baxdı.
    Nigar bir də soruşdu:
    – Yaxşı, Yalçın?
    Yalçın dedi:
    – Yox, bu Dədə mənim olsun, o Dədə sənin olsun!
    Necə oldu bu – televizorda danışan Dədə gülmədi, amma otaqda oturan Dədə güldü?
    Sonra Nigarla Yalçının anası da güldü, atası da güldü.
    Sonra Nigar onlara baxıb bərkdən güldü.
    Sonra da Yalçın Nigara baxıb lap bərkdən güldü.

MƏN YAMAN QOCAĞAM


    Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.
    Yalçın dedi:
    – Gördün, Nigar, adam özünü tərlətməz... Çünki adama soyuq dəyər, xəstələnər.
    Günay da başını tərpətdi, yəni ki, düzdü, Yalçın düz deyir. Axı, Günay hələ danışa bilmirdi, neyləsin?
    Yalçın dedi:
    – Günay, sən böyüyəndə, həyətə düşəndə, çox qaçıb özünü tərlətməzsən... Hə?
    Günay başını tərpətdi, yəni ki, hə.
    Yalçın atıla-atıla dedi:
    – Gördün, Nigar! Biz özümüzü tərlətməyəcəyik! Biz xəstələnməyəcəyik!
    Günay da əlini-əlinə vura-vura atıldı-düşdü, birdən... gurup!... dəydi yerə. Günay istədi bərkdən ağlasın, amma bu vaxt qapının zəngi çalındı. Yalçın qapıya qaçdı. Günay da tez qapıya tərəf baxdı.
    Gələn Dədə idi, Günayın, Yalçının, Nigarın babası.
    Yalçın dedi:
    – Dədə, Dədə, biz özümüzü tərlətməyəcəyik, Günay da, mən də xəstələnməyəcəyik! Nigar bizdən böyükdü, amma özünü tərlədib, xəstələnib!
    Dədə dedi:
    – Eybi yox, daha Nigar da bundan sonra özünü tərlətməyəcək, xəstələnməyəcək.
    Yalçın Nigara baxdı:
    – Hə, Nigar?
    Günay da Nigara baxdı, istədi o da desin ki, «Hə, Nigar?», amma təkcə bunu dedi:
    – I-ı-ı...
    Nigar başını yastığın üstündə yavaş-yavaş tərpətdi, yavaş-yavaş da dedi:
    – Hə...
    Dədə bazardan Nigar üçün qıpqırmızı gilənar alıb gətirmişdi. Anası gilənarı yudu, boşqaba yığıb Nigarın çarpayısının yanındakı balaca kətilin üstünə qoydu.
    Dədə dedi:
    – Nigar, gör nə qəşəng gilənardı, ye.
    Nigar yavaş-yavaş dedi:
    – Istəmirəm, Dədə...
    Dədə dedi:
    – Sən bir bax, gör nə dadlıdı...
    Dədə gilənardan birini götürüb Nigarın ağzına qoydu. Yalçın da, Günay da Nigara baxırdı.
    Nigar yavaş-yavaş dedi:
    – Day istəmirəm... Acıdı...
    Dədə dedi:
    – Gilənar acı deyil, Nigar, sənin ağzın acı olub. Xəstələnmisən, ona görə ağzın acılaşıb. Keçib gedəcək.
    Yalçın gilənara baxa-baxa, udquna-udquna Nigarın lap yanına gəldi. Günay da Yalçının yanına gəldi.
    Yalçın soruşdu:
    – Gilənar acıdı, Nigar?
    Nigar yavaş-yavaş dedi:
    – Hə...
    Yalçın gilənarın birini ağzına qoyub dedi:
    – Hə, acıdı...
    Sonra bir gilənar da yedi:
    – Hə, acıdı....
    Sonra bir gilənar da yedi, bir gilənar da yedi, yedi, yedi:
    – Hə, acıdı, acıdı, acıdı...
    Yalçın gilənarların hamısını yedi qurtardı. Sonra Dədəyə baxdı, Nigara baxdı, sonra da Günaya dedi:
    – Gördün, Günay, gördün mən necə qoçağam?! Acı gilənarın hamısını yedim!
    Dədə ağzı-burnu qıpqırmızı gilənar şirəsinə bulaşmış Yalçına baxıb güldü.
    Nigar da Yalçına baxıb güldü. Günay da:
    – I-ı-ı – dedi, yəni ki, Yalçın, doğrudan da, sən yaman qoçaqsan! Lap qoçaq!..

GÜNAYIN, YALÇININ, NIGARIN VƏ YEKƏ CANAVARIN NAĞILI


    Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.
    Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
    Nigar gavalı ağacına dırmaşdı. Yalçın da Nigara baxıb başqa gavalı ağacına dırmaşdı, Günay da Yalçına baxıb başqa gavalı ağacına dırmaşmaq istəyirdi, amma dırmaşa bilmirdi. Əlləri ilə ağacdan yapışıb bir ayağını yerdən qaldıranda – gurup! – dəyirdi yerə.
    Birdən Nigar qışqırdı:
    – Dədə gəldi!
    Yalçın da o saat qışqırdı:
    – Dədə gəldi!
    Günay da qışqırmaq istədi «– Dədə gəldi!». Amma təkcə elə bunu dedi:
    – Də-də-də-də!..
    Nigar ağacdan atılıb Dədənin qabağına qaçdı. Yalçın da Nigarın dalınca qaçdı. Günay da Yalçının dalınca qaçmaq istəyəndə yenə də – gurup! – dəydi yerə. Ah, bu gözəl Günay nə vaxt yaxşı yeriyə biləcək, hə?
    Günay başını qaldırdı, üz-gözünü turşutdu, istədi ağlasın, amma Dədə tez onu yerdən qaldırdı, tez də soruşdu:
    – Günay, bura sənin xoşuna gəlir?
    Nigar tez dedi:
    – Mənim xoşuma gəlir!
    Yalçın da o saat dedi:
    – Mənim xoşuma gəlir!
    Günay da demək istədi ki, «– Mənim xoşuma gəlir!» Amma təkcə elə bunu dedi:
    – Mə-mə-mə-mə...
    Nigar güldü:
    – Günay, sən quzusan mələyirsən?
    Yalçın da o saat güldü:
    – Günay, sən quzusan mələyirsən?
    Günay da güldü, demək istədi ki, « – Günay, sən quzusan mələyirsən?». Amma təkcə bunu dedi:
    – Gü-gü-gü-gü...
    Günay «Gü-gü-gü-gü...» – dedi, hamı da güldü.
    Nigar, Yalçın, Günay Bakıdan buraya dünən yox, o biri gün yox, o biri gün gəlmişdi. Nə qədər isti olacaqdı, o qədər də burada qalacaqdılar. Bu gözəl həyətdə. Bütün yayı.
    Dədə dedi:
    – Sabah sizi meşəyə aparacağam...
    Oy, gör Nigar necə sevindi!.. Dedi:
    – Sabah meşəyə gedəcəyik? Ura-a-a!..
    Əlbəttə, Yalçın o saat Nigar kimi sevindi!.. Dedi:
    – Sabah meşəyə gedəcəyik? Ura-a-a!..
    Amma Günay təkcə bunu deyə bildi:
    – U-u-u!.. A-a-a!..
    Yalçın dedi:
    – Dədə, mən meşədə... – Sonra Nigara baxdı. – Nigar, mən meşədə... – Sonra Günaya baxdı. – Günay mən meşədə...
    Nigar dedi:
    – De də, Yalçın, sən meşədə nə?
    Günay da bunu soruşmaq istədi. Amma təkcə:
    – Sə-ə-ə... Mə-ə-ə... – dedi.
    Ah, bu gözəl Günay nə vaxt danışmağı öyrənəcək?
    Yalçın dedi:
    – Mən meşədə bir dənə yekə canavar öldürəcəyəm!
    Dədə dedi:
    – Doğrudan?
    Yalçın dedi:
    – Hə, doğrudan!
    Nigar bilmədi nə desin... Bilmədi buna inansın, ya inanmasın? Nigar Günaya baxdı. Günay da Nigara baxdı. Yalçın isə qollarının ikisini də qaldırıb pəhləvanlar kimi bükdü, Dədəyə, Nigara, Günaya öz gücünü göstərdi:
    – Görürsünüz, mən necə güclüyəm? Sabah meşədə böyük canavar öldürəcəyəm!
    Dədə dedi:
    – Yaşasın qəhrəman Yalçın!
    Nigar da dedi:
    – Hə, hə, yaşasın qəhrəman Yalçın!
    Amma Günay təkcə elə bunu dedi:
    – Ya-ya-ya-ya...
    Gün keçdi, axşam oldu, sonra gecə də keçdi... Axı, nağılda vaxt tez keçir! Səhər Dədə, Nigar, qəhrəman Yalçın, bir də lap balaca Günay meşəyə gedəndə Dədə soruşdu:
    – Yalçın, bu gün yekə canavar öldürəcəksən?
    Nigar da tez Yalçına baxdı, Günay da gördü ki, Nigar Yalçına baxır, tez o da Yalçına baxdı.
    Yalçın dedi:
    – Hə, meşədə yekə canavar öldürəcəyəm!
    Onlar gəlib meşəyə çatdılar. Meşədə böyük-böyük ağaclar var idi, tikanlı-tikanlı kollar var idi. Meşədən cürbəcür səslər gəlirdi:
    – Qa-qa-qa-qa...
    – Ci-ci-ci-ci...
    – Hop-hop-hop-hop...
    Nigar dedi:
    – Yalçın, sən yekə canavarı harada öldürəcəksən?
    Yalçın meşədəki böyük-böyük ağaclara, tikanlı-tikanlı kollara baxdı, cürbəcür səslərə qulaq asdı, amma... Bay, bu necə işdi belə? Yalçın kimi qəhrəman heç bir söz demədi, Nigarın sualına cavab vermədi...
    Nigar yenə soruşdu:
    – Yalçın, sən yekə canavarı harada öldürəcəksən?
    Meşədən isə eləcə cürbəcür səslər gəlirdi:
    – Ho-o-o...
    – Mö-ö-ö...
    – Va-a-a...
    Yalçın meşədən gələn bu səslərə qulaq asdı, meşənin dərinliyinə baxdı, axırda dedi:
    – Dədə, bilirsən nədi?.. – Sonra Nigara baxdı. – Nigar, bilirsən nədi?... – Sonra Günaya baxdı. – Günay, bilirsən nədi?..
    Nigar dedi:
    – Nədi, Yalçın, de də...
    Yalçın dedi:
    – Mən yekə canavarı yuxuda öldürəcəyəm!
    Dədə güldü:
    – Yaxşı, qəhrəman Yalçın!..
    Nigar heç bilmədi qəhrəman Yalçının bu sözünə nə desin...
    Heç kim də bilmədi ki, Günay nə deyir:
    – Du-du-du-du...
    Dədə, Nigar, Yalçın, bapbalaca Günay meşədə gəzdilər, ağaclara baxdılar, dələ gördülər, çiçək yığdılar, sonra qayıtdılar evə. Sonra yenə axşam düşdü, yenə gecə gəldi, yenə səhər açıldı və səhər yuxudan duranda Yalçın bərkdən dedi:
    – Nigar, Günay, mən yuxuda yekə bir canavar öldürdüm! Bilirsiz nə boydaydı?
    – Yalçın qollarını iri açıb göstərdi. – Bax, bu boyda! Mən onu götürüb yerə vurdum, öldürdüm! Bax, belə-belə!.. – Yalçın yumruqları ilə havanı döyəcləyə-döyəcləyə göstərdi ki, yuxuda yekə canavarı necə öldürüb!
    Nigar qəhrəman Yalçına baxdı, bilmədi bu xəbərə inansın, ya inanmasın...
    Günay da Nigara baxıb dedi:
    – Mə-mə-mə-mə...
    Günay demək istəyirdi ki, Nigar, Yalçın, mən də yuxuda yekə canavar öldürmüşəm! Lap yekə! Bax, bu boyda!

HUMAYIN YUXUSU


    Humay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı. Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
    Günay elə böyükdü, elə böyükdü, elə böyükdü, düz altı yaşının içindədi. Humay elə balacadı, elə balacadı, elə balacadı, üç yaşı təzə tamam olub. Amma Humayın böyük bacısı böyük Günay yatdı, Humay isə – bax a!.. – yatmaq istəmirdi!..
    Humay yerində uzanmışdı, amma istəmirdi yatsın, istəmirdi, istəmirdi, istəmirdi, amma gözləri yumulurdu, amma özü yatmaq istəmirdi. Humay istəyirdi ki, yaxşı-yaxşı, yaxşı-yaxşı, yaxşı-yaxşı dostları gəlsin yanına, bir yerdə oynasınlar. Hə, hə, hə!.. Humay elə yatmaq istəmirdi, elə yatmaq istəmirdi, elə yatmaq istəmirdi, amma gözləri yumuldu, açıldı, yumuldu, açıldı, yumuldu... Bay!... Elə yumulu da qaldı ki!..
    ... Humayın bir dənə qırmızı topu var idi. Elə qırmızıydı, elə qırmızıydı ki, lap qıpqırmızı.
    Humayın topu evdən çıxdı, hoppana-hoppana, hoppana-hoppana pilləkənləri aşağı düşdü, küçəyə çıxdı, hoppana-hoppana, hoppana-hoppana getməyə başladı. Birdən Cıqqılı siçan Humayın topunun qabağına çıxdı. Cıqqılı siçan soruşdu:
    – Ay Humayın topu, hara gedirsən belə?
    Humayın topu dedi:
    – Gedirəm, Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla oynasın, yatmasın.
    Cıqqılı siçan dedi:
    – Humay yaxşı qızdı, Humay məni Bığlı pişiklə barışdırıb. Məni də apar Humayın yanına, ay Humayın topu!
    – Gedək!
    Humayın topu düşdü qabağa, Cıqqılı siçan da Humayın topunun dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Bığlı pişik çıxdı. Bığlı pişik soruşdu:
    – Hara gedirsən, ay Humayın topu?
    Humayın topu dedi:
    – Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla oynasın, yatmasın.
    Bığlı pişik dedi:
    – Humay yaxşı qızdı. Bir dənə parçadan düzəlmiş pişik var Humayda. Humay söz verib ki, bir də heç vaxt parça pişiyin bığlarını dartmayacaq. Axı, o parça pişik mənəm!.. Məni də apar Humayın yanına, ay Humayın topu!
    – Gedək!
    Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı pişik də Cıqqılı siçanın dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına bir Uzunboy zürafə çıxdı. Uzunboy zürafə soruşdu:
    – Hara gedirsən, ay Humayın topu?
    Humayın topu dedi:
    – Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla oynasın, yatmasın.
    Uzunboy zürafə dedi:
    – Humay yaxşı qızdı. Mənim bir dənə qəşəng şəklim var Humayda. Humay söz verib ki, bir də heç vaxt o şəkli cırmayacaq, o şəkli əzməyəcək. Məni də apar Humayın yanına, ay Humayın topu!...
    – Gedək!
    Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Yaşıl karandaş çıxdı. Yaşıl karandaş soruşdu:
    – Hara gedirsən, ay Humayın topu? vHumayın topu dedi:
    – Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla oynasın, yatmasın.
    Yaşıl karandaş dedi:
    – Humay yaxşı qızdı. Humay söz verib ki, bir də heç vaxt məni ağzına salıb dişləməyəcək, Humay mənimlə elə qəşəng, elə qəşəng yarpaq şəkilləri çəkəcək ki!..
    Məni də apar Humayın yanına, ay Humayın topu!..
    – Gedək!
    Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən küçənin ortasında dayanmış milisioner əmi fit çaldı, sonra əlini qulağının üstünə aparıb dedi:
    – Vətəndaş Humayın topu, beləcə cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.
    Humayın topu dedi:
    – Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla oynamağa.
    Milisioner əmi dedi:
    – A-a-a!.. Belə de!.. Humay yaxşı qızdı, çünki söz verib ki, bir də heç vaxt ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək, böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar Humayın yanına, ay Humayın topu!..
    – Gedək!..
    Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, Humayın çox xoşladığı fəvvarələrin qabağından keçdilər, Humayın çox yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə.
    Bir tərəfdən Humayın dostları gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün çıxdı.
    Gün çıxdı, səhər açıldı.
    Hamı yuxudan oyandı.
    Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı.
    Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi, Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu gördü.
    Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu:
    – Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı?
    Humayın topu cavab vermədi.
    Axı, topun dili yoxdu danışsın...
    Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı pişik də, Uzunboy zürafə də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə Milisioner əmi qaldı...
    Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı.
    Milisioner əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə apardı, Humayı salamladı.
    Həmin gün Humay üçün, bax, beləcə başladı...

GÜNAY, HUMAY, BIR DƏNƏ GÜNƏBAXAN VƏ QIRT TOYUĞUN CÜCƏLƏRI

    Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.
    Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
    – Bax, armud ağacı!
    – Bax, alma ağacı!
    – Bax, alça ağacı!
    Həyətdə bostan da var idi. Bostanda qarğıdalı əkmişdilər, pomidor, xiyar əkmişdilər, amma bunların arasında bir dənə də gül uzanmışdı, saplağı elə uzun idi, bir Günay, bir də Humay – ikisi boyda! Özü qoğal kimi girdə idi, sapsarı ləçəkləri var idi və Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu girdəliyində, bu sarılığında bu nə güldü belə?
    Günay soruşdu:
    – Bu nə güldü?
    Günayın anası dedi:
    – Yox, bu gül deyil, Günay, bu günəbaxandı. Yəqin bostana bir dənə toxumu düşüb, beləcə uzanıb...
    Humay təəccüblə çiyinlərini çəkdi:
    – Günəbaxan nədi?
    Düzdü, Günay da bilmirdi ki, günəbaxan belə olur, amma Günay bilirdi ki, günəbaxan nədi, çünki Günay yaman çoxbilən qız idi, axı Günay, zarafat deyil ha, ikinci sinifə keçmişdi!..
    Günay tez dedi:
    – Humay, günəbaxan bilirsən nədi? Bax, biz ki, hərdən tum çırtlayırıq ha, günəbaxan odu, bildin?
    Humay başını tərpətdi:
    – Hə, hə, bildim! Tez onu çırtdayaq!
    Axı, Humay hələ balaca idi. Axı, Humayın hələ cəmi-cümlətanı beş yaşı var idi.
    Günayla Humayın anası dedi:
    – Yox, Humay, günəbaxan hələ gərək lap böyüsün, yetişsin, sonra dərərik, tumlarını çıxardarıq, tavada qovurarıq, bir yerdə oturub çırtlayarsız. Amma qabığını yerə tökməzsiz ha!
    Bundan sonra Günayla Humay hər gün həmin tək günəbaxanın dibinə su tökdülər.
    Humay balaca beli ilə hər gün günəbaxanın dibini bellədi, Günay tez-tez baxdı ki, keçilər, buzovlar gəlib onların bu günəbaxanını yeməsin. Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü, lap yekə olurdu... Günayla Humay hər gün səhər tezdən yuxudan duran kimi ən birinci yerlərindən boylanıb pəncərədən həmin günəbaxana baxırdı. Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu. Qapqara iri tumları var idi.
    Bakıya qayıtmaqlarına iki gün qalmış Günayla Humayın anası dedi:
    – Bu gün günəbaxanı dərəcəyik!
    Humay qışqırdı:
    – Ay can, ay ca-an!..
    Günay dedi:
    – Yaxşı da, Humay, bərkdən qışqırma...
    Günay belə dedi, çünki Günayın həmin günəbaxana bir az yazığı gəlirdi... Günəbaxanı dərdilər, Günayla Humay günəbaxanın tumlarını çıxartdılar, anaları günəbaxanın tumlarını tavada qovurdu. Günayla Humay hərəsi bir nəlbəki gətirdi, anaları qovrulmuş tumu yarıya bölüb nəlbəkiləri doldurdu. Günayla Humay çoxdan bəri gözlədikləri qovrulmuş isti tumdan bir ovuc götürüb həyətə qaçdılar ki, ləzzətlə çırtlasınlar.
    Bir az keçdi.
    Birdən Günayla Humay qaça-qaça evə gəldilər.
    – Biz tumları cücələrə verdik!
    Anaları güldü.
    – Axı, cücələr tum yeməz...
    Həyətdəki hində qırt toyuğun yeddi cücəsi var idi. Cücələr dörd gün idi yumurtadan çıxmışdılar, lap balaca idilər. Hər birisi bir yumurta boyda idi, təkcə nazik qılçaları, cıqqılı da ayaqları var idi. Belə bapbalaca cücələr iri tum dənələrini necə yeyə bilərdi?
    Günay, Humay ikisi də bir ağızdan dedi:
    – Cücələrə anaları tum verir. Gəl, bax!.. Gəl, bax!..
    Günayla Humay anaları ilə birlikdə hinin qabağına gəldilər, açıq pəncərədən içəri baxdılar.
    Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəzişirdi, cücələri də civildəyə-civildəyə onun dalınca qaçışırdı. Qırt toyuq hinin açıq pəncərəsindən adam görüb daha bərkdən qaqqıldadı.
    Humay dedi:
    – Ay cücələr!.. Ay cücələr!.. Alın!..
    Humay hinə bir dənə iri tum atdı.
    Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəlib dimdiyi ilə həmin tumu yerdən götürdü. Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə, itələşə-itələşə analarının qabağına yığışdı.
    Qırt toyuq dimdiyinin ucundakı tumun qabığını sındırdı, tumun ağ ləpəsi sıçrayıb yerə düşdü. Cücələr yenə civildəşə-civildəşə, itələşə-itələşə ağ ləpənin üstünə qaçışdı, amma ağ ləpə iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ ləpəni təzədən dimdiyinə aldı, sonra ağ ləpəni dimdiyində əzə-əzə xırdaladı, yerə səpələdi. Cücələr bircə göz qırpımında tum ləpəsinin qırıntılarını dimdikləyib yedilər.
    Humay qışqırdı:
    – Gördün!
    Bu dəfə Günay hinə bir tum atdı və cücələr bu tumun da ləpəsini beləcə yedilər. Qırt toyuq başını qaldırıb pəncərəyə baxırdı, cücələr civildəşirdi, tum ləpəsi, deyəsən, cücələrin yaman xoşuna gəlmişdi və qırt toyuq da qaqqıldaya-qaqqıldaya elə bil deyirdi ki, ay qızlar, nə durmusuz, görürsünüz tumun ləpələri balalarımın necə xoşuna gəlir, yenə verin də!..
    Günay dedi:
    – Mən öz tumlarımın hamısını cücələrə verəcəyəm!
    Humay da dedi:
    – Mən də tumlarımın hamısını cücələrə verəcəyəm!..
    Günay ovcundakı tumların hamısını bir-bir cücələrə atdı. Humay da ovcundakı tumların hamısını bir-bir cücələrə atdı, təkcə bir dəfə dedi:
    – Günay, olar mən özüm də bir dənə tum yeyim?
    Günay Humaya baxdı, başını buladı, dərindən nəfəs aldı və dedi:
    – Yaxşı, Humay, bir dənəsini ye...
    Nə etmək olardı, Humay hələ balaca idi də... O da cücələr kimi, tum ləpəsi yemək istəyirdi...
    Sonra Günayla Humay cücələrə yenə tum gətirdilər, sonra yenə gətirdilər və beləcə tumların hamısını cücələrə verdilər. Humay özü isə, doğrudan da, ancaq bircə dənə tum çırtladı.
    Cücələr başlarını qaldırıb hinin açıq pəncərəsinə baxırdı. Günayla Humayı görən kimi, bərkdən civildəşməyə başlayırdı, yəni ki, yaxşı tumdu, biz yenə istəyirik!.. Ancaq hayıf ki, o günəbaxan cəmi bircə dənə idi...
    Sonra Günayla Humay anaları ilə birlikdə, ataları ilə birlikdə Bakıya qayıtdılar. Sonra yay qurtardı, payız gəldi, ağacların yarpaqları saraldı, yağışlar yağdı, quşlar uçub isti ölkələrə getdi, təkcə sərçələr yağışın altında islanıb civildəyə-civildəyə soyuqdan şikayət etdi, sonra qış gəldi, qar yağdı, amma o qovrulmuş tum ləpəsi yeyən balaca cücələr heç vaxt Günayla Humayın yadından çıxmırdı...
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 1096 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more