Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılı-2
<< 1 / 2 >>
AXI, NƏ OLDU KI, BIRDƏN HAMI GÜLDÜ?


    Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar.
    Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, özü də lap təzəcə keçmişdi.
    Məktəbdə dərslər qurtarmışdı. Günay da birinci sinfi qurtarmışdı və Günay o qədər məktəbə getmişdi, o qədər dərs oxumuşdu, o qədər yazı yazmışdı ki, yaman yorulmuşdu.
    Düzdü, Humay hələ məktəbə getmirdi, hələ hərfləri tanımırdı, ona görə də oxuya bilmirdi, yaza bilmirdi, amma Humay da axı, Günayı məktəbə ötürürdü, Humay da axı, evdə oturub Günayı gözləyirdi, Humay da axı, Günayın kitablarına baxırdı, Humay da axı, Günayın çəkdiyi şəkilləri çəkirdi və Humay da yaman yorulmuşdu.
    Indi düz on gün idi ki, kənddə dincəlirdilər.
    Günayla Humayın atası yazıçı idi. Səhərdən axşama qədər Bakıdan gətirdiyi yazı makinasının arxasında oturub yaz ki, yazırdı. Günayla Humay isə bütün günü həyətdə oynayırdılar, anaları ilə kəndə gəzməyə çıxırdılar, bulaq başına gedirdilər, çəmənlikdə gül-çiçək dərirdilər, böyürtkən kollarından böyürtkən yığırdılar... Günayla Humay kənddə o qədər təzə şey öyrənmişdilər ki...
    Sən demə, qarpız alma kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda bitmir, yerdə bitirmiş...
    Sən demə, inəyin balasının öz adı var imiş, buzov, atın da balasının öz adı var imiş, dayça, camışın isə balasının adı balaq imiş...
    Sən demə... Eh, hansını deyəsən? Günayla Humay kənddə o qədər çox şey, o qədər çox şey öyrənmişdilər ki, elə bil kənd də bir təzə... məktəb idi! Düzdü, Günay Bakıdakı məktəbi də çox istəyirdi, amma bu məktəbi də lap çox istəyirdi! Indi də Günay ilə Humay şüşəbənddə oturub həyətdəki armud ağacının dibində armud yeyən qaratoyuğa baxırdı. Bu qaratoyuq neçə gün idi ki, uçub gəlib həmin armud ağacının dibinə qonurdu və ağacdan düşüb yerdə qalan armudları dimdikləyədimdikləyə bir-bir yeyirdi.
    Birdən kənddəki həmin gözəl evin sahibəsi Validə xala hinin yanından Günayla
    Humayı çağırdı:
    – Günay! Humay! Tez bura gəlin! Görün sizə nə göstərirəm?!
    Günayla Humay qaça-qaça hinin qabağına getdilər.
    Validə xalanın ovcunda bir dənə balaca, lap, lap, lap balaca cücə var idi. Bu cücə indicə yumurtadan çıxmışdı və Validə xala onu yavaşca əlinə götürüb Günayla Humaya göstərirdi.
    Cücənin hələ heç tükləri qurumamışdı. Elə yavaşdan civildəyirdi ki, elə bil cücə deyildi, cücü idi. Gözləri elə xırdaydı ki, elə bil bir düyünü iki yerə paralayıb qapqara rəngə boyamışdın. Qanadları elə kiçikdi ki, elə bir kibrit çöpünü ikiyə bölüb düzəltmişdin. Ayaqları elə nazik idi ki, elə bil çəyirtkə ayağıydı. Təkcə... təkcə dırnaqları yaman uzun idi.
    Günay cıqqılı cücənin bu cür uzun dırnaqlarını gördü və tələsik dedi:
    – Validə xala! Validə xala! Tez qaçım qayçı gətirim, cücənin dırnaqlarını tut!
    Humay da tələsik dedi:
    – Hə, Günay, tez qayçı gətir! Qoy qəşəng olsun!
    Birdən Validə xala Günayla Humayın bu sözlərinə bərk güldü. Validə xalanın böyük qızı Ilahə də, ortancıl qızı Nüşabə, kiçik qızı Əfiqə də bərkdən güldü.
    Validə xalanın balaca oğlu var idi, Nəsib, həmişə qaşqabaqlı olurdu, amma Nəsib də Günayın bu sözlərinə bərkdən güldü. Humay da heç bilmədi ki, hamı niyə güldü, amma Humay da güldü.
    Cıqqılı cücə də Validə xalanın ovcunun içində kiçik dimdiyini açıb yavaşcadan civildədi, elə bil ki, bu cıqqılı cücə də Günayın sözlərinə güldü...

AYICA


    Ayıca Aysunun ən birinci dostu idi.
    Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
    Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra:
    «Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular nə?
    Düzdü! «Ay-yı-ca!..».
    – Ayıca!.. Ayıca!.. Ayıca!..
    Ayı balasının adı da, bax, bu cür oldu Ayıca.
    Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü.
    Ayıca o qədər böyük idi ki, lap Aysudan da böyük. Amma elə də yüngül idi ki, lap yüngül. Aysu onu qucağına götürürdü. Axı, bu ayı balası əslində pambıqdan idi...
    Bu hadisə çoxdan olmuşdu, lap, lap çoxdan, düz altı gün bundan qabaq.
    Onda gün çıxmışdı. Aysugilin kənddəki evlərinin qabağında çəmənlik var idi.
    O çəməndəki güllər, çiçəklər gecənin sərinindən sonra, günün altında qızınırdılar.
    Aysu Ayıcanı qucağına alıb çəmənə çıxdı.
    Çəməndəki güllər, çiçəklər, otlar hamısı başını qaldırıb günəşə baxırdı. Bu güllərin, çiçəklərin, otların o qədər cürbəcür rəngi var idi ki, heç Aysunun bu qədər rəngli karandaşı yox idi: qırmızı, narıncı, sarı, yaşıl, xurmayı, məxməri, qızılı, göy, qəhvəyi, gümüşü, ağ, qızılı...
    Aysu Ayıcanı yamyaşıl otların üstündə oturtdu. Özü isə güllərin, çiçəklərin arasında bu güldən o gülə, o güldən bu gülə tərəf qaçdı və qaça-qaça heç özü də bilmədən necə oldusa, birdən-birə uzun cümlələr deməyə başladı:
    – Oy, nə qə... qə... qəşəng gül!..
    Bu sözləri Aysu iri qırmızı gül üçün dedi.
    – Oy, nə qə... qə... qəşəng gül!
    Bu sözləri balaca sarı çiçəklər üçün dedi.
    Aysunun yaş yarım yaşı var idi və ömründə birinci dəfə idi sözləri bir-birinin ardınca bu cür səliqə ilə düzürdü, lap böyüklər kimi danışırdı:
    – Oy, nə qə... qə... qəşəng gül!..
    Bu sözləri xırdaca mavi çiçəklər üçün dedi. O xırdaca mavi çiçəklər salxımsalxım idi.
    Aysu beləcə, güllərdən güllərə qaçdı:
    – Oy nə qəşəng gül!..
    – Oy, nə qəşəng gül!..
    – Oy, nə qəşəng gül!..
    Bu vaxt ağappaq böyük gülün üstündən bir kəpənək uçdu. O kəpənəyin sapsarı qanadları günün altında sarı işıq kimi işıldayırdı. Sarı qanadlarında qıpqırmızı, gömgöy xallar var idi və o qıpqırmızı, gömgöy xallar da günün altında qıpqırmızı, gömgöy işıq kimi işıldayırdı.
    O sarı kəpənək də uça-uça bu güldən o gülə, o güldən bu gülə qonmağa başladı.
    Aysu o qıpqırmızı, gömgöy xallı sarı kəpənəyə baxdı, baxdı və dedi:
    – Oy, nə qəşəng kə... kə... kəpənək!..
    Birdən o gözəl çəməndə, günün qızdırdığı o işıqlı, sakit çəməndə kimsə bərkdən ağladı.
    Aysu dayandı, o tərəfə baxdı, bu tərəfə baxdı: çəməndə heç kim yox idi.
    Bəs, bu gözəl gündə, bu qəşəng güllərin, çiçəklərin arasında kim beləcə ağlayırdı?
    Necə? Ola bilməz!..
    Aysu tez Ayıcanın yanına qaçdı.
    Hə, hə... Sən demə, o gözəl çəməndə o cür bərkdən ağlayan Ayıca idi...
    Aysu tez Ayıcanın yanında oturdu və bu dəfə də ömründə birinci dəfə sözləri bu cür yan-yana düzdü:
    – Sənə... nə... olub... Ayıca?
    Ayıca qalın və yumşaq pəncələri ilə ağlamaqdan qızarmış gözlərini ovuşduraovuşdura dedi:
    – Hamı qəşəng... Güllər qəşəng... Kəpənək qəşəng... Bəs... Bəs mən? – Və Ayıca lap bərkdən ağladı.
    Aysu:
    – Sən də qə... qəşəngsən, Ayıca! – dedi.
    Aysu Ayıcaya da bu sözləri birinci dəfə deyirdi.
    Sonra bu sözləri elə dedi ki, çəməndəki bütün güllər, çiçəklər, otlar, kəpənəklər eşitdi!
    – Sən də qəşəngsən, Ayıca!
    Elə bil, bu sözləri Günəş də eşitdi!
    Ayıca pəncələrini üzündən çəkdi, Günəşə baxdı və o ayı balasının gün işığında parıldayan gözləri yenə də əvvəlki kimi güldü.
    Sonra Ayıca gülümsəyən yaş gözləri ilə Aysuya baxdı və burnunu çəkə-çəkə dedi:
    – Sən də qəşəngsən, Aysu!..
    Sonra Aysu Ayıcanı qucağına aldı və onlar gözəl güllərin, çiçəklərin arası ilə gəzə-gəzə evə gəldilər...

GILAS QIZ

Aysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında
    Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:
    – Gilas qız gəldi...
    – Gilas qıza bax...
    – Oy, qıza bax...
    – Oy, Gilas qızın bantı nə qəşəngdi!..
    Əhvalat isə belə olmuşdu... Mən danışım, siz qulaq asın.
    Aysugilin kənddəki evlərinin həyətində güllərin, çiçəklərin, yamyaşıl otların arasında böyük bir gilas ağacı var və həmin yay o gilas ağacı o qədər bar gətirmişdi ki, ağırlığından budaqlarının ucu sallanıb, az qala, torpağa dəyirdi. Amma gilaslar hələ yetişməmişdi.
    Aysu hər gün səhər tezdən yerindən duran kimi evlərinin pəncərəsindən o gilas ağacına baxırdı ki, görsün, gilaslar yetişib qıpqırmızı qızarıb, yoxsa yox? Aysu tələsirdi, gilasların yetişib qızarmağını gözləyirdi. Gilaslar isə tələsmirdi, çünki atalar deyib ki, tələsən tələyə düşər. Düzdü, bunu atalar deyib, amma Aysuya bunu Aysunun nənəsi demişdi. Tələsmək lazım deyildi, Aysu bunu bilirdi, amma Aysu çox tələsirdi, çox istəyirdi ki, o gilaslar tez yetişsin, tez qızarsın, qıpqırmızı olsun.
    Nəhayət, günlərin bir günündə səhər Aysu yenə də yuxudan oyandı, pəncərədən o gözəl gilas ağacına baxdı.
    Oy!.. Gilas ağacının üstündə qırmızı gilaslar var idi. Bir gilas... Iki gilas... Üç gilas...
    Aysu daha böyük qız idi, daha iki yaşı tamam olmuşdu, üç yaşına – üç e! – keçmişdi, ona qədər saya bilirdi.
    Bax, dörd qırmızı gilas... Beş qırmızı gilas...
    Aysu qaça-qaça həyətə çıxdı və qaça-qaça da həyətdəki güllərin, çiçəklərin, yamyaşıl otların arasından keçib gilas ağacının yanına gəldi.
    Bir... iki... üç... dörd...
    Dörd qırmızı gilas da, yox, yox, ode, biri də var... beş qırmızı gilas da ağacın lap aşağı sallanmış budaqlarında idi və Aysu ayaqlarının ucuna qalxsaydı, əli o gilaslara çatardı.
    Bax, bax, bu... bu bir qırmızı gilas!..
    Aysu tək o gilası dərdi, tez də ağzına qoyub yedi.
    O biri gilaslar qoşa saplaqlarda idi, ikisi bir, ikisi də bir.
    Aysu yenə ayaqlarının ucuna qalxdı, əlini uzatdı, başını uzatdı, axır ki, o iki cüt gilası da ağacdan dərdi.
    Bu gilaslar elə iri idi, qırmızı idi, günün altında elə par-par parıldayırdı ki!.. Əlbəttə, Aysu o gilasları da yemək istəyirdi, çünki Aysu gilası çox xoşlayırdı, ona görə də o gilası da çox yemək istəyirdi, amma o gilaslar elə gözəl idi!.. Aysu o dörd gilası yemədi, qoşa saplaqların birini bir qulağından, o birini də o biri qulağının üstündən keçirtdi və o gözəl gilaslar iri, qırmızı sırğalar kimi Aysunun qulaqlarından sallandı...
    Həmin səhər çağı Aysugilin həyətindəki güllər, çiçəklər, yamyaşıl otlar da yuxudan təzəcə oyanmışdılar və gilas ağacından bir az kənarda bitmiş ağ çiçək də ləçəklərini tamam açmışdı.
    O çiçək əvvəlcə Günəşə baxdı, sonra gilas ağacına baxdı, sonra da gilas ağacının yanında dayanmış Aysuya baxdı. Baxdı və təəccübündən donub qaldı: axı, ağ çiçək bilirdi ki, gilas, ancaq ağacda bitər, amma indi bu qızın xurmayı saçlarının altında, hər iki qulağında gilas bitmişdi.
    Ağ çiçək heyrətlə pıçıldadı:
    – Vay!.. Gilas qız!..
    O gündən də həyətdəki bütün güllər, çiçəklər, yamyaşıl otlar Aysunu «Gilas qız» çağırdılar, Aysunu görən kimi pıçıldaşırdılar:
    – Gilas qız gəldi...
    – Gilas qıza bax...
    – Oy, Gilas qızın bantı nə qəşəngdi!

QƏHRƏMAN AYSU, QARA PIŞIK VƏ CIQQILI SIÇANIN NAĞILI


    Aysu çoxdan yuxudan durmuşdu, əl-üzünü yumuşdu, süd içmişdi, pendir-çörək yemişdi və indi də Fatma gəlinciyini durğuzub geyindirirdi.
    Yay gəlmişdi və Aysugil də neçə gün idi ki, yay istirahətində Bakıdan kəndə köçmüşdülər, kənddəki evlərində yaşayırdılar.
    Aysu Fatma gəlinciyini geyindirib qurtardı, istədi ki, aparıb Fatmanın da əlüzünü yusun, amma bu vaxt lap astaca bir civilti eşitdi.
    Aysu əvvəlcə diqqətlə qulaq asdı, sonra Fatma gəlinciyi çarpayının üstünə qoyb, açıq pəncərənin qabağına qaçdı və həyətə boylandı. Evin qabağındakı qızılgül kolunun yanında üç dənə cıqqılı siçan balası qaçışaqaçışa bir-biri ilə oynayırdı.
    Bu siçan balalarının tükü bomboz idi, nazik bığları var idi, uzun quyruqlarını tərpədə-tərpədə burunları ilə bir-birini itələyirdilər, ora-bura qaçışırdılar, atılıbdüşürdülər. Elə gözəl gün çıxmışdı, həyətdəki güllərin, çiçəklərin, otların elə gözəl rəngləri var idi ki, həyət elə sakitlik içində idi ki, boz siçan balaları civildəyə-civildəyə sevinirdilər və sevinə-sevinə də oynaşırdılar.
    Boz siçan balaları ömürlərində birinci dəfə idi ki, həyətə oynamağa çıxmışdılar. Aysu tez qaçıb Fatma gəlinciyini də gətirmək istədi ki, Fatma gəlincik də bu cıqqılı siçan balalarına baxsın, görsün ki, onlar necə sevinə-sevinə oynayırlar.
    Amma...
    Amma bu zaman çox qorxulu bir hadisə baş verdi...
    Birdən-birə elə bil ki, yerin altından çıxdı, ya göydən düşdü, bir qara pişik balası düz cıqqılı siçan balalarının qabağına atıldı, tüklərini qabartdı, belini dikəltdi və şimşək çaxan gözləri ilə acıqlı-acıqlı siçan balalarına baxıb bərkdən miyoldadı. Cıqqılı siçan balaları əvvəlcə yerlərində donub qaldılar, sonra birdən özlərinə gəldilər və hərəsi bir tərəfə qaçdı: biri yuxarı tərəfə, biri aşağı tərəfə, biri də Aysugilin evinə tərəf.
    Qara pişik balası əvvəlcə istədi ki, cıqqılı siçan balalarının üçünün də dalınca birdən qaçsın, amma başa düşdü ki, belə olmaz və cıqqılı siçan balalarından lap cıqqılısının dalınca atıldı.
    O, lap cıqqılı siçan balası qaçıb Aysugilin evinin divarının dibində dayandı, çünki daha qaçmağa yer yox idi.
    Qara pişik balası da üç-dörd dəfə atılıb, gəlib cıqqılı siçan balasının qabağında dayandı.
    Cıqqılı siçan balası qorxudan tir-tir əsirdi. O birinci dəfə idi ki, pişik görürdü və bilmirdi ki, nə eləsin...
    Qara pişik balası da, əslində, bilmirdi ki, nə eləsin, bu siçanla beləcə üzbəüz dayanırdı.
    Qara pişik balası yenə də tüklərini qabartdı, belini dikəltdi, qıpqırmızı ağzını açıb bərkdən miyoldadı.
    Bu vaxt Aysu:
    – Dayan! – qışqırdı.
    Aysunun səsini eşidən qara pişik balası bir az qorxdu. Cıqqılı siçan balasının isə tıp-tıp tıppıldayan cıqqılı ürəyində bir ümid yarandı.
    Aysugilin evi birmərtəbəli idi, pəncərəsi yerə yaxın idi və Aysu pəncərəyə dırmaşıb həyətə sallandı, gözlərini yumdu və əllərini buraxdı.
    Tap!..
    Aysu həyətə düşdü, tez qara pişik balası ilə cıqqılı siçanın yanına qaçdı və yenə də:
    – Dayan! – qışqırdı.
    Qara pişik balası Aysuya baxıb səsini çıxarmadı.
    Cıqqılı siçan balası qorxudan eləcə tir-tir əsirdi.
    Aysu barmağı ilə siçan balasını göstərib qara pişik balasından soruşdu:
    – Sən onu yemək istəyirsən?
    Qara pişik balası qıpqırmızı ağzını açıb bərkdən miyoldadı, yəni ki, hə, yemək istəyirəm.
    Aysu soruşdu:
    – Sənin anan var?
    Qara pişik balası yenə miyoldadı, yəni ki, əlbəttə, var.
    Aysu soruşdu:
    – Sən evə gəlməsən sənin anan nə eləyər?
    Bu sözləri eşidəndə az qaldı qara pişik balasının gözləri yaşarsın və o yavaşdan miyoldadı, yəni ki, anam ağlayar...
    Aysu soruşdu:
    – Sən istəyirsən ki, anan ağlasın?
    Qara pişik balasının gözləri doldu, lap yavaşdan miyoldadı, yəni ki, yox...
    Aysu yenə barmağı ilə qorxudan tir-tir əsən cıqqılı siçan balasını göstərdi:
    – Bəs, onun da axı, anası var!.. Axı, o öz yuvalarına qayıtmasa, anası həmişə ağlayacaq.
    Qara pişik balası gah Aysuya baxdı, gah da cıqqılı siçan balasına.
    Aysu soruşdu:
    – Hə, sən yenə onu yemək istəyirsən?
    Qara pişik balası bu dəfə qıpqırmızı ağzını açıb miyoldadı, təkcə yavaş-yavaş başını buladı, yəni ki, yox, mən daha cıqqılı siçan balasını yemək istəmirəm.
    Aysu dedi:
    – Onda gedin evinizə.
    Çünki Aysu özü də Fatma gəlinciyinin yanına tələsirdi, axı, Fatma gəlinciyin əlüzünü hələ yumamışdı.
    Cıqqılı siçan balası Aysunun qabağına gəldi, astaca civilti ilə:
    – Çox sağ ol, qəhrəman qız!.. – dedi, sonra qaça-qaça qızılgül kolunun yanındakı yuvalarına getdi.
    Qara pişik balası cıqqılı siçanın arxasınca baxa-baxa fikirləşdi: «Işə bir bax a-aa!..
    Sən demə, cıqqılı siçanların da anası olurmuş!..».

KUKLA, YOXSA, AYSU?


    Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əlüzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var. Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
    Ata soruşdu:
    – Bu kukla hardandı belə? Mən heç onu görməmişəm!..
    Birdən... o gözəl kukla güldü:
    – Ata, kukla deyiləm e, mənəm!
    – Kim?
    – Mənəm də!
    – Axı, sən kimsən?
    – Aysu!
    Sən demə, bu kukla, doğrudan da, kukla deyilmiş, Aysu imiş... Əl-üzünü yuyub, saçını darayıb, təmiz rahat geyib və buna görə də atası elə bilib ki, Aysu Aysu deyil, Aysu – kukladı...

AYSU YORULUB...


    Aysu birinci sinifdə oxuyur. Dünən də birinci sinifdə oxuyurdu, bu gün də birinci sinifdə oxuyur, eh... hələ sabah da birinci sinifdə oxuyacaq...
    Nə qədər birinci sinifdə oxumaq olar?..
    – Aysu, Aysu, dur, səhərdi daha!..
    Aysu isə hələ yuxu görür. Görür ki, Cəmiləylə, Əşrəflə, Laləylə, Nərimanla həyətdə top-top oynayırlar, ora qaçırlar, bura qaçırlar...
    – Aysu, Aysu, dur, məktəbin vaxtıdı!..
    Aysu əvvəlcə gözünün birini açır, sonra o birini açır, atasına baxır:
    – Mən yorulmuşam... – deyir.
    – Yorulmusan?
    – Hə! – deyir Aysu. – Yuxuda çox qaçmışam, yorulmuşam...
    Bax, beləcə yorulandı Aysu.
    Yuxuda o qədər ora-bura qaçır, o qədər top-top oynayır ki, səhər məktəbə getmək üçün durmaq lazım olanda da beləcə yorulur...

AYSU VƏ BALACA BALIQLAR


    Aysu yenə deyir ki, nağıl danış.
    – Nə qədər nağıl olar, ay Aysu?
    – Çoxlu!
    – Axı, gecədi...
    – Nə olsun!
    – Yatmaq lazımdı.
    – Sən istəyirsən ki, mən yatım?
    – Əlbəttə!
    – Onda bir dənə də nağıl danış.
    Aysu belə Aysudu.
    – Yaxşı... Biri var idi, biri yox idi, bir Yaşıl Ördək var idi. Bu Ördək çayın qırağında bir meşəlikdə özünə yuva qurmuşdu. Yaşıl Ördək tək yaşayırdı. Bütün quşların, bütün heyvanların balaları var idi. Yaşıl Ördək istəyirdi ki, onun da balaları olsun, o da yuvada tək yaşamasın. Hər şey Yaşıl Ördəyin istədiyi kimi oldu. Yaşıl Ördək iki yumurta yumurtladı, gecə-gündüz yumurtaların üstündə yatdı, öz istiliyini yumurtalara verib, onları qızdırdı ki, balaları yumurtadan çıxıb o gözəl meşəni, o gözəl çayı görsünlər, göyü görsünlər, böyüsünlər və Yaşıl Ördək kimi, onlar da göydə uça bilsinlər. Günlərin bir günündə Yaşıl Ördək hiss etdi ki, balaları cıqqılı dimdikləriylə yumurtanın qabığını taqqıldadırlar, elə bil deyirlər ki, açın qapını, biz gəlirik!.. Yaşıl Ördək yumurtanın qabığını sındırıb çıxmaqda balalarına kömək elədi. O balaca, o gülməli balalar beləcə dünyaya gəldilər. Yaşıl Ördək elə sevinirdi ki, heç vaxt belə sevinməmişdi, çünki heç vaxt balası olmamışdı. Sən demə, quşlar, heyvanlar, ancaq balaları olanda belə sevinə bilirlər...
    Aysu soruşur:
    – Bəs, adamlar?
    Mən deyirəm:
    – Əlbəttə, adamlar da! Hə, Yaşıl Ördək çox sevinirdi. Cıqqılı ördək balaları kibrit çöpü kimi nazik qılçalarının üstündə güclə dayana-dayana, hələ tüklənməmiş ətcə qanadlarını tərpədə-tərpədə, balaca gözlərinin qapağını güclə aça-aça Yaşıl Ördəyə baxırdılar, civildəyə-civildəyə analarından yem istəyirdilər. Yaşıl Ördək iri və güclü qanadlarını yelləyə-yelləyə havaya qalxırdı, çaya enib suya baş vururdu, lap cıqqılı bir balığı dimdiyinə alırdı, uçub yuvasına qayıdırdı, balalar civildəyəcivildəyə, ayaq üstə aşa-aşa dimdiklərini Yaşıl Ördəyin dimdiyinə uzadırdı, Yaşıl Ördək də dimdiyində çapalayan o cıqqılı balığı balalarından birinin ağzına qoyurdu, bala o cıqqılı balığı udandan sonra, Yaşıl Ördək təzədən havaya qalxıb çaya uçurdu, suya baş vurub təzədən balaca bir balığı dimdiyinə alırdı, yuvasına uçub o balaca balığı da o biri balasının ağzına basırdı və hər gün bu cürə neçə dəfə çayın suyuna baş vururdu, xırdaca balıqları tutub eləcə dimdiyində yuvaya gətirirdi, bala ördəkləri yedirdirdi. Bala ördəklər də o qədər acgözüydülər, doymaq bilmirdilər... Indi sənə kimdən deyim, nədən deyim, bir pis köstəbəkdən. Bu pis köstəbək də çayın qırağındakı o meşəlikdə yaşayırdı. Xəlvətcə-xəlvətcə ora gedirdi, bura gedirdi ki, görsün yeməyə nə tapır. Beləcə, o pis köstəbək gəlib çıxdı Yaşıl Ördəyin yuvasının yaxınlığına. Ördək balalarını görəndə ağzının suyu axdı. Gizlənib pusmağa başladı ki, balalar yuvada tək olanda tez gedib onları yesin. Yaşıl Ördəyin də bu pis köstəbəkdən xəbəri yox idi. Balaları ağızlarını açıb civildəyə-civildəyə yemək istəyəndə qanadlarını açıb çaya uçdu, suya baş vurdu. Pis köstəbək də elə bunu gözləyirdi, tez qaça-qaça yuvaya gəldi, o ördək balalarından birini dişinə alıb tələsətələsə yedi ki, anaları uçub gələnəcən o birini də yesin.
    – Pis ördək!
    – Pis ördək niyə? Pis köstəbək demək istəyirsən?
    Kövrəlib gözləri dolmuş Aysu, az qala, ağlaya-ağlaya:
    – Yox! Pis ördək! Köstəbək də pisdi, Yaşıl Ördək də! – dedi.
    – Niyə?
    – Yaşıl Ördək pisdi! Çünki Yaşıl Ördək niyə gedib balaca balıqları tutub gətirirdi? Bəs, onların anası yoxdu? O getdi balaca balıqları tutdu, onları yedilər, ona görə də pis köstəbək onun öz balasını yedi!.. Bəs, ördəyin ikinci balası necə oldu?
    Pis köstəbək onu da yedi?
    – Yox, yox... Macal tapmadı. Yaşıl ördək uçub gəldi, pis köstəbəyi qovdu!
    – Yaşıl Ördək yenə o balasına balaca balıqlar tutub gətirdi?
    – Yox... Yaşıl Ördək başa düşmüşdü ki, o da pis iş görür.
    Bundan sonra balasını meyvələrlə, otla, yarpaqla yedirdirdi.
    Aysu bir az sakitləşdi, sonra yavaş-yavaş yuxuya getdi.

<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 920 | Reytinq: 2.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more