VIII
Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq
kağız-kuğuza baxırdı.
Qüdrət içəri girib:
– Bəy, – dedi. – Solaxay Həsənalı sizi görmək istəyir.
Böyük bəy başını kağız-kuğuzdan ayırıb:
– Nə deyir? – soruşdu.
– Bilmirəm, bəy, yəqin oğlundan ötrü gəlib.
Böyük bəy ayağa qalxıb otaqda var-gəl elədi, sonra:
– Qoy gəlsin, – dedi.
Qüdrət bir az tərəddüd elədi, soruşdu:
– Yaraq-yasağını açdırımmı?
Böyük bəy dedi:
– Yox, qoy gəlsin!
– Baş üstə.
Qüdrətin otaqdan çıxmağı ilə Solaxay Həsənalının içəri girməyi bir oldu. Bu
ucaboy, arıq kişinin günəşdən, dağ havasından yanmış üzündə sakit və məğrur bir
ifadə vardı.
– Salaməleyküm, bəy.
Böyük bəy Solaxay Həsənalıya sərt bir nəzər yetirdi və kişinin salamını
almayıb:
– Nə var? Niyə gəlmisən? – soruşdu.
Solaxay Həsənalı:
– Uşağın işi üçün gəlmişəm, bəy, – dedi və əlindəki tüfəngi qapının yanında
yerə söykədi.
– Uşağın? Uşaq olan kəs də eylə qələt edər?!
Solaxay Həsənalı təmkinini pozmadı:
– Başa düşməyib, bəy.
Böyük bəy:
– Eybi yoxdu, başa salarlar, – dedi və keçib yazı mizinin arxasında oturdu,
mizin üstündəki qutudan bir siqaret çıxarıb yandırdı.
Solaxay Həsənalı dedi:
– Bəy, sən özün yaxşı bilirsən ki, bizim nəsildən dələduz çıxmayıb. Dosttanışlarımızın
arasında da bir nəfər dələduz tapılmaz. Nicat özü də ağlı başında
uşaqdu... Insan səhv eləyəndə eləyir, bəy...
– Dələduz tapılmaz deyirsən, dost-tanışının arasında sənin?
– Xeyr, bəy, tapılmaz!
– Bəs Bahadır kimin dostudu? Qaçaq Bahadır? Yoxsa padşahın əleyhinə
çıxmaq, günün günorta çağı naçalnikin kabinetinə soxulub onatılanı boğazına
dirəmək səncə dələduzluq deyil?
Solaxay Həsənalı eyni təmkinlə:
– Xeyr, bəy, – dedi. – Dələduzluq deyil. Naçalnik, Bahadırın atasını bihörmət
eləyəndə boğazına tapança dirərlər də.
– Hə? Qulağınıza səs dəyib yoxsa?
– Nə səs?
Böyük bəy əlindəki siqareti büllur külqabıya sıxıb söndürdü və hirslə:
– Yaxşı bilirsən nə səs! – dedi. – Sizlər tülküdən də çox bilirsiz!
Solaxay Həsənalının sifətindən bir qəzəb kölgəsi keçdi, amma özünü saxladı,
təmkinini pozmadı.
– Böyük bəy! – dedi. – Mən sənin evinə oğlumun təvəqqəsi üçün gəlmişəm.
Belə sözlərə dözmək mənim şanıma şayəstə deyil! Danışığına fikir ver!
Solaxay Həsənalının hər bir sözü xəncər kimi kəsirdi.
Böyük bəy ayağa qalxdı:
– Sənin oğlun cinayətkardı, Həsənalı kişi...
– Nə üçün?
– Çünki öz yerini bilməyib, çünki mənə silahlı müqavimət göstərib, seçmə
atlarımı qanına qəltan eləyib, adamlarımı yaralayıb!
– O, sənin bacını zorla aparmayıb.
– Bunu ədalət məhkəməsi həll eləyəcək. Naçalnik burda yoxdu, gələn kimi
oğlunu verəcəyəm onun sərəncamına.
– Axır sözündü, bəy?
– Qurtardıq, Həsənalı kişi!
Solaxay Həsənalı sol əlini tüfəngə apardı və tüfəngi yerdən qaldırıb:
– Böyük bəy! – dedi. – Ağa Məhəmməd şah Qacar Qarabağa hücum eləyəndə
mənim babam Güzdəkli Bayandur sənin babanı bütün əhli-əyalı ilə birlikdə ölümdən
qurtarıb. Bunu bütün Qarabağda bilməyən yoxdu.
Böyük bəy:
– Bunu mən də bilirəm. – dedi. – Sən də yaxşı bil ki, Həsənalı kişi, ikinci
dəfə belə bir hadisə baş versə, Güzdəkli Bayandurun nəvəsinə öz borcumu
qaytarram! Oğlunu buraxsam, bütün mahalda biabır ollam, tay-tuşlarım mənə tənə
eləyib gülər. Oğlun mənim ad-sanıma, əsil-nəcabətimə toxunub! Oğlun cəzasına
yetməlidi!
Solaxay Həsənalı daha qəzəbini boğa bilmədi, kişinin ağzı-gözü əyildi:
– Əsil-nəcabət böyük sözdü, bəy! – dedi. – Mənim babalarım üstündə
durduğumuz bu torpağın yolunda canlarından keçib! Amma sənin babaların bu
torpağı qəsb eləməyə gələnlərin qabağına düşüb bələdçilik eləyib!
Bu sözlər Böyük bəyi sarsıtdı və bəy bir müddət donuq nəzərlərlə Solaxay
Həsənalıya baxdı, sonra boğuq səslə:
– Bir də ayağın mənim evimə dəyməsin! – dedi.
Solaxay Həsənalı əlini qapıya atdı:
– Mənim oğlum bir stəkan bulaq suyu deyil, birnəfəsə başına çəkəsən!
– Əlindən gələni əsirgəmə, Solaxay Həsənalı!
– Baxarıq!
– Baxarıq!
Solaxay Həsənalı bəyin qapısını ardınca çırpıb iri addımlarla birinci mərtəbəyə
düşdü, həyətə çıxdı və yaşına yaraşmayan bir çevikliklə həyətdə yiyəsini gözləyən
kəhər atın belinə sıçrayıb, çapıb getdi...
...Fəxrəndə xanım yataq otağının pəncərəsindən çapıb gedən atlını gördü və
çiyninə, döşünə tökülmüş uzun saçlarını yığmadan başını darayan qulluqçu qızı
kənara itələyib yataq otağından çıxdı, uzun yataq libasının ətəkləri ayağına dolaşadolaşa
Böyük bəyin otağına girdi və hiddətindən alışıb yana-yana:
– Niyə buraxdın onu? – soruşdu. – Evdəki qulluqçu-nökərin hərəsinə bir qızıl
onluq bağışlamışam ki, ağızlarını mumlasınlar, amma bütün Şuşa əhli bu saat
Şahnazın ovçuya qoşulub qaçmasından danışır. Sənin bacın Yunis bəyi də tay-tuş
yanında xar elədi! Niyə salamat buraxdın bu quzğunu, it atasını?!
Böyük bəy arvadına yaxınlaşıb əllərindən tutdu:
– Sakit ol, Fəxrəndə xanım, – dedi. – Solaxay Həsənalı mənim qapıma
təvəqqəyə gəlmişdi. Qapıya gələn adamı yola salmağı da bacarmaq lazımdı.
Fəxrəndə xanım sakitləşə bilmirdi:
– Ərəbzənki kimi yaraq-yasağın içində idi, demirdin vurar səni, bizi başsız
qoyar?
Böyük bəy gülümsədi:
– Vurmadı ki!..
Fəxrəndə xanım:
– Yumşaqsan, Böyük, çox yumşaqsan, – dedi. – O gədə ölməlidi! Eşitdinmi?
Bu ləkə qanla yuyulmalıdı. Yoxsa bəylər, ağalar bir tərəfə, heç nökər-qulluqçunun
da gözünə baxa bilmərik, camaatın üzünə çıxa bilmərik. Qoy görsünlər ki, Böyük
bəyə sataşmaq nə deməkdi!
– Sakit ol, Fəxrəndə. Sənin sözündə bir həqiqət var. Mən kəndləri gəzib əlsizayaqsızlara
kömək edirəm. Kəndlilərin zəhmətini asanlaşdırmaq üçün maşınlar
gətirdirəm. Mil düzünə su çəkdirmək istəyirəm. Ancaq, görünür, biz bir əlimizdə
kitab, digərində qılınc tutmalıyıq.
– Allaha çox şükür, – dedi. – Nəhayət, qəti bir fikrə gəlib çıxdın.
– Fəxrəndə, mən hiss eləyirəm ki, hər tərəfi inqilab əhvali-ruhiyyəsi bürüyüb.
Qəzetlərdən də bunu hiss eləyirəm, Bakıdan, Peterburqdan aldığım xəbərlərdə də
bunu görürəm, lap elə bu – Solaxayın danışığında da bunu hiss elədim. Bu, dəhşətli
işdi, Fəxrəndə. Böyük-kiçik olmayandan sonra, hörmət də götürüləcək, aləm qarışıb
məzhəb itəcək. Bu gün mənim bacımı götürüb qaçmağa cəsarət eləyən rəiyyət,
sabah bütün zadəgan sinfinin üstünə çomaq qaldıracaq. Bunun qarşısını almaq
lazımdı.
Fəxrəndə xanımın gözləri mehribanlaşdı, bir az doluxsundu:
– Allaha çox şükür, Böyük, – dedi. – Çox şükür Allaha!..
... Kəhər at isə Şuşadan çıxıb Topxana meşəsinə girdi, kol-kosların, ağacların
arasından çapdı, dərə keçdi, təpə aşdı...
...Qaçaq Bahadırın gözətçilərindən biri qaya arxasından çıxıb onlara tərəf
çapan atlını gördü, beşaçılan tüfəngi belindən aşırıb fit çaldı. Bir neçə gözətçi qaçaq
qayaların arxasından başını qaldırıb atlıya tərəf baxdı və birdən qaçaqlardan biri
ayağa qalxdı, əlini gözünün üstünə qoyub atlıya bir də baxdı, sonra:
– Əyə, Solaxay Həsənalıdı! – dedi. – Biriniz düşün aşağı, kişiyə bələdçilik
eləyin. Biriniz də Bahadıra xəbər verin, qonağı gəlib.
Solaxay Həsənalı kəhər atın yalına yatıb çapırdı.
IX
Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri
də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağbağat
arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində
idi.
Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu.
Qaçaqlar Böyük bəyin imarətini dövrəyə aldı...
Və elə bil, bu qəfil nal səslərini, at fınxırtısını gözləyirmiş kimi, zirzəminin bir
küncündə oturub belini divara söykəmiş Nicat yerindən sıçradı, qulağını zirzəminin
qapısına söykədi, qulaq asdı...
...Qaçaqlardan biri atın üstündən Böyük bəyin həyət hasarına atıldı, hasardan
həyətə tullandı, darvazanın lomunu çəkib çıxartdı, darvazanın enli qapıları taybatay
açıldı və çiyninə yapıncı salmış, yaraqlı-yasaqlı Qaçaq Bahadır içəri birinci çapdı;
qalan atlılar da başçılarının dalınca Böyük bəyin həyətinə çapdı...
...Və bu dəm Qüdrət özünü hövlnak zirzəminin üstündən yerə atdı:
– Qaçaqlardı! – qışqırdı. – Qaçaqlar gəlib! – Sonra əlindəki beşatılan tüfənglə
həyətə dolmuş qaçaqların qaraltısına dalbadal atəş açdı.
Ara qarışıb, məzhəb itdi.
Böyük bəyin adamları kimisi zirzəminin damından, kimisi birinci, ikinci
mərtəbənin aynabəndindən, kimisi də pəncərələrdən qaçaqları gülləyə tutdu.
Atlar kişnədi, qaçaqlar tüfəng oynatdı, kimi ikinci mərtəbənin aynabəndindən,
pəncərələrindən başı üstə yerə gəldi, kimi atdan yıxıldı.
Böyük bəyin imarətinə vurnuxma düşmüşdü, qulluqçular çığırışa-çığırışa orabura
qaçdı, nökərlər əlinə tüfəng aldı. Böyük bəy özü təpiklə vurub yataq otağının
qapısını açdı, elə gecə paltarında da ikinci mərtəbənin həyət pəncərəsinə tərəf atıldı,
əlindəki tüfəngin qundağı ilə pəncərə şüşəsini vurub sındırdı və tüfəngi döşünə sıxıb
dalbadal atmağa başladı.
Çörəkçi Gözəl arvad çarpayısının üstündə oturub dili-dodağı əsə-əsə
pıçıldayırdı:
– Allah, sən saxla!.. Allah, sən saxla!..
Fəxrəndə xanım əynindəki gecə köynəyində, uzun saçları döşünə-başına
tökülmüş halda özünü o pəncərəyə, bu pəncərəyə vururdu, səsi gəldikcə qışqırırdı:
– Qüdrət! Qüdrət! O gədəni vur! Öldür ovçunu, Qüdrət! Qoyma diri qala onu!
Öldür onu, Qüdrət! Qüdrət!..
Fəxrəndə xanım özünə yer tapa bilmirdi, elə bil, qəfəsə salınmış heyvan idi,
bütün gözəlliyini, qadınlığını, xanımlığını yadından çıxarmışdı, əl-ayağına dolaşan
nökər-qulluqçuların arasından özünü o pəncərəyə, bu pəncərəyə atırdı, səsi
boğulanacan qışqırırdı:
– Qüdrət! Qüdrət! Öldür ovçunu! Öldür!..
Qüdrət isə, əlbəttə, xanımın sözlərini eşidirdi, amma böyük tut ağacının enli
gövdəsi yanında yerə sinib zirzəminin qapısına tərəf atılmağa macal tapmırdı –
qaçaqların gülləsi, elə bil, dolu idi, zirzəminin həndəvərini dəlik-deşik edirdi.
Böyük bəy gülləsi qurtarmış tüfəngi hiddətlə yerə çırpdı.
Güllə səsləri yavaş-yavaş seyrəldi və bu zaman Nicatın var gücü ilə zirzəminin
qapısını döyəcləməyi aydınca eşidildi.
Qaçaq Bahadır zirzəmiyə tərəf çapdı, atdan sıçrayıb qapının qıfılına iki güllə
sıxdı, sonra iki güclü təpiklə qapını açdı, var səsilə:
– At çəkin bura! – bağırdı, sonra zirzəmidən özünü çölə atan Nicata: – Atlan!
– dedi və özü də atının belinə sıçradı.
Nicat zirzəminin qabağına at çəkib gətirən qaçağa məhəl qoymadı, yüyürüb
özünü Böyük bəyin imarətinə saldı, əlini çırpa-çırpa, təpiklə qapıları bir-bir açdı:
bütün otaqlar bomboş idi və nəhayət, Nicat çarpayıda oturub öz-özünə:
– Allah, sən saxla!.. Allah, sən saxla!.. – pıçıldayan çörəkçi Gözəl arvadı
gördü.
– Şahnaz hardadı?
Qorxudan gözləri bərələ qalmış Gözəl arvad:
– Burda yoxdu, qadan alım, – dedi. – Kəndistana göndəriblər onu, dərdin
ürəyimə! Dünən axşam yola saldılar onu!
Və bu zaman at nallarının səsi aləmi ağzına götürdü. Qaçaqlardan biri
darvazadan həyətə çapdı:
– Kazaklar!
Qaçaq Bahadır atı birbaşa Böyük bəyin imarətinə çapdı, atlı-atlı da pilləkənləri
qalxıb dəhlizə girdi, ona tərəf yüyürən Nicata:
– Tez elə! – qışqırdı və yenə də çapıb dəhlizdən həyətə düşdü.
Nicat imarətdən çıxıb yəhərli atın belinə atıldı, yüyəni qaçaqdan aldı və Qaçaq
Bahadırın ardınca çapdı.
Bahadır darvazadan birinci çıxdı, sonra Nicat, sonra da o biri qaçaqlar çapıb
darvazadan çıxdı.
Otuz-qırx kazak atlısı qaçaqların ardınca düşdü və atışma təzədən qızışdı,
qaçaqlardan, kazaklardan bir neçəsi Şuşanın küçələrinə sərilib qaldı...
Böyük bəy özünü Qüdrətin çəkib gətirdiyi atın üstünə atdı:
– Atlanın! Kim salamatdısa atlanın! – dedi. – Hamısını qırmaq lazımdı!
Yurdlarını kor qoymaq lazımdı!
Qaçaqlar isə onları qovan kazakları bir-bir yerə sərə-sərə Topxana meşəsinə
tərəf üz qoymuşdu...
...Böyük bəyin seçmə atları özlərini kazaklara çatdırdı və atışma daha da
şiddətləndi, daha da qızışdı.
Böyük bəy ayağını üzəngiyə basıb, atın belində dikəldi:
– Qüdrət! – qışqırdı. – Qüdrət, min qızıldı ovçunun başı! Min qızıldı qiyməti!.
...Ehtirasdan və hiddətindən bığlarını gəmirən Qüdrətin xallı atı, axır ki,
kazaklardan və Böyük bəyin atlılarından ayrıla bildi, irəli çıxdı, dalbadal çapan
Qaçaq Bahadırla Nicata yaxınlaşmağa başladı.
Qaçaq Bahadır hərdən arxaya güllə atırdı, amma Qüdrət gah sola, gah sağa
burulub bu güllələrdən yayınırdı: Nicat silahsız idi.
Bu dəfə Qüdrət qabaqdakı atlıları gülləyə basdı və birdən-birə də Qaçaq
Bahadırın çapdığı atın qabaq ayaqları büküldü və at boynu üstə çevrilib yerə sərildi,
ağzından qan açıldı. Qüdrətin gülləsi ciyərini deşib keçmişdi, amma Qaçaq
Bahadırın belə işlərdə, görünür, səriştəsi çox idi, bir göz qırpımında sıçrayıb ayağa
qalxdı, sol əli ilə yapıncını boynundan qoparıb yerə atdı, sağ əli ilə tüfəngi qaldırdı,
gözünün birini qıyıb tələsmədən, arxayın nişan aldı və Qaçaq Bahadırın tətiyi
çəkməyi ilə az qala çapıb ona çatmış Qüdrətin başının geri getməyi bir oldu: Qaçaq
Bahadırın gülləsi Qüdrətin düz alnının ortasını deşib, beynini göyə sovurdu.
Qüdrət bir motal tuluğu kimi yerə düşüb qaldı. Xallı at bu vurhavurdan baş
götürüb çapdı.
Kazaklar Qaçaq Bahadırı atsız gördü; atsız gördü, yəni köməksiz gördü,
«qolu-qanadı sınmış» gördü, quzğun kimi üstünə çapdı və Qaçaq Bahadır da eyni
təmkinlə, eyni arxayınlıqda ayaq üstə dayanıb təkəlli tutduğu tüfəngi atırdı.
Kazaklardan biri yerə sərildi, ikincisi, üçüncüsü yerə sərildi, amma kazaklar da
çox idi və indicə Qaçaq Bahadıra yetişəcəkdilər.
Yasavul:
– Jivım! – bağırdı. – Jivım yeqo!
Və bu dəm Nicatın atı şahə qalxdı və Nicatın dartdığı yüyənin tarımlığından
iki dal ayağı üstə geri döndü və atın geri dönməsi ilə də Nicatın geriyə, Bahadıra
tərəf çapmağı bir oldu.
Qaçaq Bahadır əvvəlcə əlindəki tüfəngi Nicata atdı, sonra özü Nicatın
qabağına yüyürə-yüyürə bir göz qırpımında atın tərkinə atıldı və bu müddətdə
Nicatın əlindəki tüfəng iki dəfə dalbadal açıldı və az qala, onlara çatan iki kazak da
bir-birinin ardınca yerə sərildi...
...Qaçaqlar özlərini Topxana meşəsinə verdilər və sıx, uca ağaclar arasında
görünməz oldular...
Yasavul:
– Nazad! – qışqırdı və bu dəfə kazakların atı şahə qalxdı, kazaklar meşəyə
girməyib geri döndülər.
Böyük bəy:
– Qorxaqlar! – qışqırdı. – Muzdurlar! Gədə-güdədən qorxan acizlər! Söz
pəhləvanları.
Yasavul Böyük bəyə tərəf çapdı:
– Bek, oni v tom lesu – kak rıba v vode! Zastrelyat vsex nas kak zaysev!
Böyük bəy hiddətindən titrəyə-titrəyə öz atlılarına tərəf çöndü:
– Gedək! – dedi. – Dalımca! Solaxay Həsənalının evinə gərək od vurub yerləyeksan
eləyim!
...Və Böyük bəyin atlıları çapa-çapa kazaklardan ayrılıb Şuşaya tərəf üz
qoydu...
... Və həmin aydın gecənin macərası Solaxay Həsənalının ev-eşiyinin, bağbağatının
göyə qalxan alovu ilə axıra yetdi; alov dillərinin işığında həyət-bacadakı
arvad-uşağın ərşə çıxan naləsi ilə, bütün bu yerləri yandırıb külə döndərən əli
məşəlli atlılarının əməlinə baxa-baxa:
– Odlayın! Odlayın bu quldurlar yuvasını! – deyən Böyük bəyin sözləri ilə
axıra yetdi.
X
Gün Topxana meşəsində təkcə yarpaqların üstünə düşürdü; ağacların qolbudağı
o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam
idi.
Iki atlı yavaş-yavaş yanaşı addımlayırdı.
Qaçaq Bahadır:
– Qal, – dedi. – Qal mənimlə. Qal mənimlə bu köpək uşağının, bu tacirdarğaların,
bu kazakların anasını ağlar qoyaq!
Nicat:
– Sonra? – soruşdu. – Sonra nə olsun? Kazak azdı? Naçalnik, pristav olmağa
adam azdı? Bunlar gedib, onlar gələcək, nə qazanassan? Onun anasını sən ağlar
qoyassan, sənin atlılarından da beşinin anası ağlar qalacaq. Bu cür gəlib, amma bu
cür gedə bilməz, Bahadır! Ilanı gərək başından əzəsən!
– Haradı yolun?
– Horadizə düşüb, ordan Bakıya gedəcəyəm.
Qaçaq Bahadır:
– Vağzalda tutarlar səni, – dedi. – Böyük bəy bütün Qarabağ mahalında səni
axtartdırır.
– Maşinist dostlarım var, aparacaqlar məni.
– Böyük bəyin əli uzundu, Bakıda da çatar sənə.
– O uzun qolları kəsməkdən ötrü gedirəm Bakıya, Bahadır!
Qaçaq Bahadır atın başını çəkib dayandı. Nicat da atını saxladı. Bir müddət bir
söz demədilər, bir-birilərinə baxdılar. Sonra Qaçaq Bahadır:
– Yolun sayalı olsun, qardaş! – dedi. – Dünyanın işləridi, sən gedəsi oldun,
mən qalası. – Sonra Qaçaq Bahadır başını qaldırıb Topxana meşəsini ağac-ağac, kolkol
gözdən keçirtdi. – Mənimki bu Topxana meşəsidi. Nə qədər burdayam, nə qədər
at belindəyəm, nə qədər tüfəng tutur əlim, nişan seçir gözüm, atışacağam bu köpək
uşağıyla! Nə hökumət olur-olsun, atdan düşdü yoxdu, qardaş. Bütün dünyanın
hökumətləri mənim düşmənimdi! – dedi Qaçaq Bahadır. – Yaxşı yol sənə! – Və
Qaçaq Bahadır geri döndü, çapıb Topxana meşəsində görünməz oldu.
Tək atlı isə yavaş-yavaş dağlardan endi və bu dəm bu tək atlının hər bir
hərəkətində bir hüzn, bir kədər var idi, bütün bu yerlərdən ayrılıb getməyin hüznü,
kədəri.
İKİNCİ HİSSƏ
I
Yenə Cıdır düzü idi və yenə də bir neçə il bundan əvvəlki kimi hardansa
uzaqlardan həmin xanəndənin səsi gəlirdi:
Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda mələklərini.
Məndə qüdrət hanı qələm çalmağa,
Tərif eləməyə ancaq birini...
Yenə də Məlikşahnəzər kahasının üst tərəfində xalça salınmışdı və yenə də bu
xalçanın rəngbərəng naxışları, elə bil, öz rəngini bir-bir bütün ətrafdakı gül-çiçəkdən
almışdı.
Şahnaz xanım Məlikşahnəzər kahasının lap qabağına gəlib Topxana meşəsinə
baxırdı.
Gülgəz Cıdır düzündə kəklikotu qoymamışdı, ətəyini doldurub qaça-qaça
Şahnaz xanımın yanına gəldi:
– Oh, ay xanım, – dedi. – Yenə ora baxırsan? Vallah, sənin bu işlərin məni
salıb qorxuya, heç yata bilmirəm gecə...
Şahnaz xanım gözlərini Topxana meşəsindən çəkmədi:
– Niyə?
– Elə bil o Topxana meşəsi ovsunlayıb səni, ay xanım...
Şahnaz qulluqçu qıza bir söz demədi, elə bil, özü özü ilə danışdı:
– Elə bil, bu Topxana meşəsi də bizdən həmişəlik üz döndərib... Elə bil, çoxçox
uzaqdadı, soyuqdu, küskündü...
Gülgəz doğrudan-doğruya vahimələnmişdi və qız içini çəkib dedi:
– Düz dörd ildi belə sözlər danışırsan, ay xanım, vallah, tay qorxumdan
meşəyə gedə bilmirəm... – Sonra Gülgəz birdən-birə sevincək oldu. – Bilirsən, ay
xanım, bəyin bayaqkı qonaqlarından biri deyirdi ki, Fitilbörkdə bir oğlan görüb, lap
qağam Nicata oxşayırmış...
Şahnaz xanım bir söz demədi. Gülgəz and-aman elədi:
– Xanım, nənəmin canı üçün bu dəfə doğru deyirəm!
Şahnaz xanım qulluqçu qıza baxdı:
– Bəs bir söz danışmayıblar?
– Yox, danışmayıblar. Deyir elə yaxşı geyinmişdi ki, inanmadım o ola...
Axmaq kişi, guya ki, Nicat qağam yaxşı geyinə bilməzmiş... Vallah, xanım, sağsalamatdı
qağam!..
– Bilirəm, əlbəttə, sağ-salamatdı! – dedi Şahnaz xanım və elə dedi bu sözləri,
elə bil, Gülgəzi yox, özünü inandırmaq istəyirdi bu sözlərə. – Elə igid oğlan itibbatmaz!
Amma niyə bir yol tapıb məktub göndərmir mənə, bir xəbər çatdırmır
mənə?..
Gülgəz:
– Eh... – dedi. – Allah Böyük bəyə insaf versin...
Və qız bu cür hayıfsılanan kimi də, Şahnaz xanımın üzü sərt bir ifadə aldı:
– Bu nə sözdü, ay qız? – dedi. – Indi də bir o qalıb ki, sənin kimisinin biri
Böyük bəyin qarasına danışsın?
Gülgəz qorxdu əməlli-başlı və yazıq qız tez özünü yığışdırıb:
– Bağışla, ay xanım, – dedi. – Qələt elədim... Əlbəttə, Böyük bəy istəsəydi,
məni də elə qovardı ki, izim-sorağım da tapılmazdı. Amma sənə görə məni də
saxladı evində...
Şahnaz xanım yumşaldı:
– Yaxşı, – dedi. – Mən yadımdan çıxardım o sözləri.
– Allah canına sağlıq versin, ay xanım, sənsiz mənim bir günüm olmasın,
yetim qızam. Inşallah, qağam gəlib çıxar, yetişərsiniz bir-birinizə! Mənə də Allah
birini yetirər. – Gülgəz birdən-birə göyə baxdı: göy tərtəmiz, mavi və sonsuz idi.
Sənə qurban olum, ay Allah, tez ol, dayna!.. Elçi daşına baxmaqdan gözümün kökü
saraldı ki...
Şahnaz xanım özünü saxlaya bilməyib güldü:
– Bəs tez-tez qabağına çıxan o dərzi oğlan necə oldu?
Gülgəz:
– Eh... – dedi. – Qoy iynəsini taxsın yaxasına! Dalından dəydim onun, xanım.
Arvad kimi şeydi... Kişi gərək kişi olsun, Nicat qağam kimi!.. Oh, xanım, vallah, hər
şey yaxşı olacaq, təki tez ərə gedək!..
Şahnaz xanım bu dəfə gülmədi, dərindən nəfəs alıb:
– Nə yaxşı ki, sən varsanmış... – dedi və yeriyə-yeriyə Məlikşahnəzər
kahasının üstündən aşağı düşüb, Böyük bəyin imarətinə tərəf addımladı...
...Böyük bəy əyninə sadə libas geyib əlinə böyük bağ qayçısı almışdı və
həyətindəki gül kollarını, ağac budaqlarını qayçılayıb nizama salırdı. Bu dörd ildə
Böyük bəy heç dəyişməmişdi, təkcə saçları daha tamam-kamal ağarmışdı.
Böyük bəy darvazadan həyətə girən Şahnaz xanımı görəndə ağacların
arasından çıxdı.
– Salam, bacı.
– Əleykəssalam.
Böyük bəy gəlib artırmanın qabağındakı skamyada əyləşdi və əlindəki qayçını
qabağındakı mizin üstünə qoyub:
– Gəl otur, – dedi. – Gün çıxandan bağbanla birlikdə işləyirik.
Şahnaz xanım gəlib qardaşı ilə üzbəüz oturdu:
– Yaxşı eləyirsiz, işləmək kökəlməyinizin qabağını alır.
– Elədir, işləyəndə özümü çox yüngül hiss eləyirəm.
Bu vaxt Fəxrəndə xanım da imarətdən çıxıb, Böyük bəylə Şahnaz xanıma
yaxınlaşdı, salamlaşıb mənalı-mənalı Böyük bəyə baxdı, sonra əlindəkn qəzetləri
Şahnaz xanıma uzatdı:
– Al, sənin qəzetlərin gəlib.
Böyük bəy bir az yana çəkilib arvadına yer göstərdi:
– Gəl əyləş, Fəxrəndə. – Sonra gülümsəyib: – Bağışlayın ki, yanınızda belə bir
qiyafədə oturmuşam, – dedi. – Libas sadə olanda, elə bil, adam da özünü yüngül hiss
eləyir. – Sonra Şahnaz xanımın baxdığı qəzetlərə işarə eləyib zarafatyana: – Bu
bolşevik mətbuatını oxumaqdan yorulmadın, bacı? – soruşdu.
Şahnaz xanım da eyni zarafatyanalıqla bir-bir qəzetlərin başlığına baxdı:
– «Azərbaycan», «El həyatı», «Al bayraq»... Görürsünüz ki, qardaş, heç biri
bolşevik qəzeti deyil...
Böyük bəy qəzetlərdən birini açıb məqalələrin altındakı imzaları oxudu:
– Üzeyir Hacıbəyli... Hacı Ibrahim Qasımov... Ruhulla Axundov... – Böyük
bəy birdən-birə əsəbiləş acgözlüyüib qəzeti mizin üstündə bir tərəfə atdı və həmin sadə
libasının döşündən qızıl papirosqabını çıxarıb açdı, bir papiros yandırdı. – Müsavat
hökumətinin gözü kordu, görmür ki, bunlar hürriyyət, bərabərlik, demokratiya deyədeyə
əslində kommunizmi təbliğ edirlər!
Şahnaz xanım qardaşının könlünü almaq istədi:
– Hərənin bir əqidəsi var də, qardaş...
Böyük bəy dedi:
– Sən elə bilirsən ki, bunlar bir əqidə sahibidi?
Fəxrəndə xanım kinayə ilə söz atdı:
– Üzeyir bəyin millətin maariflənməsində haqqı var...
Böyük bəy, elə bil ki, arvadının sözlərindəki kinayəni hiss eləmədi:
– Bəs o birilər? – soruşdu. – Bunlar bolşeviklərə satılmış avantüristlərdi!
Bunlar cəmiyyətdə istədikləri mövqeyi qazana bilmədikləri üçün, həyatın dibində
çapaladıqları üçün, aristokratiyaya, var-dövlət sahibi olan ağıllı şəxslərə kin-küdurət
bəsləyir... Müsavat liderləri isə, qırqovul kimi başlarını kola soxub, üzr istəyirəm,
quyruqlarından xəbəri yoxdu! Heylə olmasaydı, doktor Nəriman bəy kimi
kommunistlərin açıq-açığına meydan sulamalarına yol verilməzdi. Nikolayı taxtdan
elə bu saldı! Gördünüzmü ingilisləri? Ermənini rusa qatdı, rusu müsəlmana qatdı,
hamısını bir yerə yığıb, Şaumyanını da, Məşədi bəyini də, Ivanını da Ağcaqum
səhrasında güllə-borandan keçirdi!..
– Yazıq Mir Həsən bəy də onların arasında idi, qardaş...
Fəxrəndə xanım bu dəfə kinayəsiz, açıq-aşkar bir hirslə:
– Mir Həsən bəy dinc oturaydı, Şuşada balalarımıza dərs deyəydi, cavan
yaşında qanına qəltan olmayaydı! Qudurğanlara qoşulanda, dinsiz-imansızlara
qoşulanda axırı belə olar!
Şahnaz xanım Fəxrəndə xanımla mübahisə eləmədi, qardaşından soruşdu:
– Sizcə Müsavat nə etməlidi, qardaş?
Böyük bəy, elə bil, özü də özünə bu sualı vermişdi və cavabını da çoxdan
hazırlamışdı:
– Bir gün, bir saat belə itirmədən xaricdən kömək istəmək lazımdır. Birinci
növbədə Ingiltərədən! Firənglər özləri təxribat carçısıdı, almanlar da bu saat öz
haylarındadı. Naxçıvan tərəfdə Türkiyə ilə sərhədi açmaq lazımdı. Dünya əfkarümumiyyəsini
ayağa qaldırmaq lazımdı! Müsavat liderləri isə, başda Məhəmməd
Əmin cənabları olmaqla, arxayın oturub süsən-sünbül oxuyurlar. – Sonra Böyük bəy
papirosu külqabıya sıxıb söndürdü və ayağa qalxdı. – Yaxşı, siyasətdən bəsdi daha.
Gəlin bir az gəzişək. Bu ab-hava ilə, bu təbiətlə bu söhbət heç uyuşmur bir-birinə...
Və Böyük bəy, Fəxrəndə xanım, Şahnaz xanım həyətdəki hündür tut
ağaclarının, qoz ağaclarının arası ilə gəzişməyə başladı; Böyük bəy nə isə dedi,
Şahnaz xanım güldü, Fəxrəndə xanımın da dodağı qaçdı...
...Bu zaman naçalnik Kəriş bəy başının dörd-beş atlısı ilə çapa-çapa Molla
Nəsrəddin yolundan çıxıb Daşaltı tərəfdən Şuşaya qalxdı...
... Bu dörd ildə Böyük bəyin imarətində təzə adam peyda olmuşdu. – Qüdrətin
kiçik qardaşı Hümmət böyük qardaşının yerini tutmuşdu; Hümmət tələsik imarətdən
çıxıb həyət darvazasına tərəf qaçdı, tələsik də darvazanın qapılarını taybatay açdı.
Kəriş bəy başının atlıları ilə içəri çapdı:
– Bəy evdədi?
Hümmət:
– Bəli, naçalnik! – dedi və Kəriş bəyin atının boynunu tutdu.
Kəriş bəy atdan yerə atılıb yüyəni Hümmətə verdi və iti addımlarla imarətə
tərəf getdi...
... Hümmət tələsik özünü bağçada gəzişən Böyük bəygilə yetirdi:
– Ağa, naçalnik Kəriş bəy cənabları gəliblər...
Böyük bəy təəccüb etdi:
– Naçalnikdən nə əcəb bu vaxt? – Sonra, istər-istəməz, üst-başına baxdı. –
Libasımı dəyişib gəlirəm. Get naçalniklə məşğul ol.
Hümmət:
– Işi vacibdi, ağa, – dedi. – Sizinlə tez görüşmək istəyir.
Böyük bəy, elə bil, nəsə hiss edib, Fəxrəndə xanıma baxdı:
– Siz gəzişin, – dedi və tələsik imarətə tərəf addımladı.
Fəxrəndə xanım nigarançılıqla ərinin ardınca baxdı, sonra üzünü Şahnaz
xanıma tutub dedi:
– Bu gecə qardaşın gözünü də yummayıb...
– Niyə?
– Bütün Şuşa əhli danışır ki, Böyük bəyin bacısı bir ovçuya aşiq olduğu üçün
heç kimə getmir, elçini elçi dalınca geri göndərir...
Şahnaz xanım çoxdan bəri ürəyində yığılıb qalmış sözləri, birnəfəsə Fəxrəndə
xanımın üzünə çırpdı:
– Eybi yoxdu, o sağ gəlsə, mənim ərim olacaq, ölmüş olsa, mən onun
xatirəsiylə yaşayıb heç kəsə getməyəcəyəm. Qoy desinlər ki, Mehmandar ağanın
qızı bir kasıb ovçunun dərdindən qarıyıb evdə qaldı!
Bu sözlər Fəxrəndə xanıma təsir etdi və bu dörd ildə saçlarına adda-budda dən
düşmüş, iri qara gözlərinin qıraqlarında güclə seziləcək qırışlar əmələ gəlmiş bu
qadın dərin bir mütəəssirliklə:
– Böyük bəy həmişə sənə ata, mən də həmişə ana-bacı olmuşam, – dedi. –
Adam anasıyla, böyük bacısıyla belə danışmaz... – Və Fəxrəndə xanım tələsik
addımlarla uzaqlaşdı.
Şahnaz xanım bu hündür ağaclar arasında, bu böyük bağda tək qaldı...
...Kəriş bəy Böyük bəyin otağında var-gəl edirdi, addım səsləri eşidib, qapıya
tərəf baxdı. – Böyük bəy tələsik içəri daxil oldu:
– Salam, Kəriş bəy, xeyir ola?
Kəriş bəy Böyük bəyin əynindəki bu qəribə libasa fikir vermədən birbaşa
mətləbə keçdi:
– Dünən Müsavat nazirləri hökuməti bolşeviklərə təhvil veribdi. Gəldim sizə
deyim ki, nə qədər camaat xəbər tutmayıb, özünüz barədə bir tədbir görəsiz.
Kəriş bəyin sözləri Böyük bəyi tamam sarsıtdı və bəy cibindən bir papiros
çıxarıb yandırdı:
– Mən bunu gözləyirdim, – dedi.
Kəriş bəy yenə də var-gəl edə-edə:
– Vaxt itirmək olmaz, bəy, – dedi. – Qırmızıların on birinci ordusu Bakını alıb,
ordadı, yeriyəcək ağzı bu tərəfə.
Böyük bəy əlindəki papirosu hirslə yerə çırpdı:
– Bəs siz onları necə qarşılayacaqsınız? Siz, Müsavat naçalnikləri?
Kəriş bəyin sifəti sərt bir görkəm aldı və yerində dayanıb sərt də dedi:
– Böyük bəy, boş mübahisənin yeri deyil. Mən sizinlə bir süfrədə duz-çörək
kəsmişəm, bununçün da özümə borc bildim ki, sizi şəxsən xəbərdar edim!
Böyük bəy özünü ələ aldı:
– Bağışlayın, bəy, – dedi. – Bəs, siz özünüz nə eləmək fikrindəsiz?
– Atlılarım sizin həyətdə gözləyir məni. Yarım saatdan sonra gedirəm Araz
qırağına – öz kəndimiz Hacımahmudluya.
– Sonra?
– Sonra da baxarıq işin gedişatına... Lazım gəlsə, keçərəm Arazın o tayına.
Rus ordusu sərhədi pozub Arazı keçməz. Iran, hər halda, Irandı...
– Demək qaçırsınız?
Kəriş bəyin sifəti yenə də sərt bir görkəm aldı:
– Başqa nə etmək olar, bəy? Rusiyanın hırnan-zırı qanmayanları ayaq açıb
üstümüzə yeriyir. Bizim millətin satqınları da onlara bələdçilik edir!..
– Hökuməti şəxsən kimlərə təhvil veriblər?
– Hökuməti Müsavatdan təhvil alanlardan mənə ikisi məlumdu: Həmid
Sultanov, Çingiz Ildırım.
Böyük bə, az qala, qəhqəhə çəkib güldü:
– Qubadlı Ildırım bəyin oğlu Çingiz Ildırım?! – dedi. – Kommunist imiş
demək! Öz xadimlərinin kim olduğunu bilməyən hökumətin aqibəti, əlbəttə, belə
olar! – Və Böyük bəy qəfildən əlini iri yazı mizinin ortasına çırpdı. – Yox, mən
qaçmayacağam.
Kəriş bəy istehza ilə dedi:
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım da beş yüz atlı ilə Bərdənin yolunu
kəsib, gözləyir ki, bolşevikləri Qarabağa buraxmasın...
Bu xəbər, bu istehza ilə deyilmiş sözlər, elə bil, bir dirək oldu Böyük bəy
üçün, yapışdı ondan:
– Afərin, Ayna xanım! Kişi qızıdır! Siz müsavatçılarsa qaçın gizlənin, aralıq
sakitləşəndən sonra hərəniz qolunuza bir qırmızı bağlayıb çıxarsınız ortalığa!
Kəriş bəy acıqlı-acıqlı:
– Mən belə sözlərə dözmərəm, bəy! – dedi. – Inciklik düşər araya! Vaxtı deyil!
Əgər bir su səni aparırsa, ona sel deməyi bacarmaq lazımdı!
Böyük bəy qışqıra-qışqıra:
– Yox, Kəriş bəy! – dedi. – Yox! Bolşevik hökuməti axıra qədər davam
gətirməyəcək! Rusiya camaatı acından qırılır! Xaricdən heç kim kömək eləmir.
Təkcə lütlərlə dövlət yaratmaq olmaz! Ona görə də bizim müqavimətimiz
məqsədəuyğundur. Biz, imkan düşdükcə, bolşeviklərin qabağını kəsib onları içimizə
buraxmamalıyıq. Biz Bakı neftinin Rusiyaya daşınmasına mane olmalıyıq. Bu saat
Rusiyaya neft hava, su kimi lazımdı! Mən bilirəm ki, siz deyən selin qabağında
dayanmaq çətindi. Ona görə də əl-ələ vermək lazımdı!..
– Mənasız işdi, bəy!
– Niyə? Niyə? Nə üçün?
– Çünki Lenin deyir: torpaq kəndlinin olmalıdı! Bilirsiniz bu nə deməkdi?
Bəy, ac – qılınca çapar! Min illərdən bəri həsrətində olduğu torpağı kəndliyə boyun
olandan sonra, onun qabağında da durmaq olmaz! Mən gedirəm, bəy, qoy Allah özü
sizə kömək olsun!..
...Kəriş bəy başda olmaqla atlılar çapıb həyətdən çıxdı...
...Fəxrəndə xanım başıalovlu Böyük bəyin otağına girdi:
– Bu nə xəbərdi, Böyük?
Böyük bəy arvadını qorxutmasın deyə özünü ələ aldı, imkan daxilində,
mülayim və sakit danışmağa çalışdı:
– Düzdü, Fəxrəndə, bolşeviklər hökuməti yıxıblar Bakıda. Naçalnik Kəriş bəy
buna görə gəlmişdi. Başımıza çarə qılmağımızı təklif edirdi.
– Bəs sən nə qərara gəldin?
Böyük bəy daha özünü saxlaya bilmədi qışqıra-qışqıra:
– Vuruşacağam! – dedi. – Axır nəfəsimə kimi vuruşacağam! Bolşevikləri
buraxmayacağam Qarabağa! Hümmət! Hümmət!
Hümmət tələsik içəri girdi:
– Bəli, ağa, nə buyurursunuz?
– Gədələrdən üç-dörd nəfərini götürüb çaparsan Şahsevən Vəli bəyin evinə.
Mənim adımdan deyərsən ki, Araz qırağındakı bəylərin hər biri yüz atlı ilə birigün
səhər tezdən Bərdədə hazır olsun. Nə qədər patron ehtiyatları var, nə qədər yaraqyasaq
var, götürsünlər! Di tərpən!
Hümmət otaqdan çıxa-çıxa:
– Baş üstə, – dedi...
...Hümmət başının üç-dörd atlısı ilə birlikdə çapıb bəyin həyətindən çıxdı...
...Rəngi-ruhu qaçmış Fəxrəndə xanım soruşdu:
– Atlıları Bərdəyə niyə çağırırsan?
Böyük bəy, elə bil ki, daha bu dəqiqənin özündən vuruşda idi, ehtirasdan və
hirsdən yana-yana qızdırmalı-qızdırmalı dedi:
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım beş yüz atlı ilə Bərdədədi. Fikrim
budu ki, onun atlıları ilə birləşib Yevlaxa gedək. Orda Gəncə, Şəmşir bəyləri ilə
birləşək. Mən bu saat Kürdüstana çapıb Soltan bəylə görüşəcəyəm. Soltan bəy min
beş yüz atlı çıxara bilər. Sonra Qazağa, o tərəfdən Qubaya, Lənkəran tərəfə,
Şamaxıda Mehdi bəyə çapar göndərmək lazımdı. Gürcü menşevikləri ilə əlaqəyə
girməyə çalışacağam, belə bir gün onları da gözləyir! Daşnaklardan kar aşmaz! Hə,
başımıza çarə qılmalıyıq, düzdü! Nə qədər ki, Rusiyada bolşevik hökuməti hələ
yerini möhkəmləndirməyib, başımıza çarə qılmalıyıq! Sonra gec olacaq! Bakıda
düzəlmiş bolşevik hökumətinin bütün üzvlərini divara dirəyib bir-bir
güllələyəcəyəm!..
Fəxrəndə xanım Böyük bəyə yaxınlaşıb iki əli ilə də ərinin güclü qollarından
yapışdı:
– Böyük bəy! Mən sənin o vuruşlarına indidən xeyir-dua verirəm!
Böyük bəyin gözləri doldu və o, Fəxrəndə xanımı bərk-bərk bağrına basıb:
– Sağ ol, Fəxrəndə! – dedi. – Başqa cürə ola da bilməzdi. Sənin damarlarından
gəncəli Cavad xanın qanı axır...
... Böyük bəy başının on-on beş atlısı ilə çapıb darvazadan çıxdı.
Fəxrəndə xanım da, Şahnaz xanım da, evin bütün qulluqçu-qaravaşı, hamı
Böyük bəyin ardınca su atdı...
...Böyük bəyin atlıları Şuşadan çıxıb Laçın yoluna düşdü və çapa-çapa Turşsu
dağları arasında gözdən itdi.
II
Qırmızı bayraq dalğalanırdı və bu bayrağı əlində tutmuş döyüşçü çapdıqca
qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol
göstərirdi və bu yol indi Şuşa qalasına idi.
Qırmızılar hücuma keçmişdi və bu dəm Əsgəran qalasının həndəvərində at
kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı.
Böyük bəyin atlıları davam gətirə bilmirdi.
Atının ayaqları qırılan kim, bir gülləyə hədəf olub yerə sərilən kim, vuran kim,
vurulan kim...
Böyük bəy atırdı, Yunis bəy atırdı, Hümmət atırdı.
Mirzə bəy bir qaya dibinə qısılıb atın cilovunu bərk-bərk əlində tutub
saxlamışdı və özünü güllə qabağına verməyib bütün bu həngamənin, bu qanlı
vuruşun nə ilə qurtaracağını gözləyirdi.
Qırmızıları saxlamaq mümkün deyildi.
Nicat Ovçuoğlu çapa-çapa əlini yuxarı qaldırıb qışqırdı:
– Irəli! Irəli!
Və bu çağırışdan sonra, elə bil, qırmızıların atları daha yeyin getdi, güllələri
daha sərrast oldu.
Birdən-birə Nicat Ovçuoğlunun altındakı atın qabaq ayaqları büküldü və düz
alnından dəyən güllə atı yerə sərdi və Nicat Ovçuoğlu da bir göz qırpımında atın
belindən yerə sıçrayıb:
– Irəli! Irəli! – qışqırdı.
Başına «Budyonnı papağı» qoymuş əsgərlərdən biri komandirin yanında atının
cilovunu çəkdi və ağzından köpük tökülən at şahə qalxdı. Əsgər atın belindən atılıb:
– Min, komandir. – dedi. – Atalar üçdən deyib, üçüncü atdı dəyişirsən!
Nicat Ovçuoğlu atın belinə sıçradı və yenə də çapa-çapa:
– Irəli! Irəli! – qışqırdı...
...Böyük bəy gülləsi qurtarmış «Mauzeri» yerə çırpdı:
– Qıracaqlar hamımızı... – dedi. – Qıracaqlar... – Sonra ayaqlarını üzəngiyə
basıb atın belində dikəldi və qışqırdı: – Çəkilin. Qurtarın canınızı! Salamat qalanlar
Turşsu meşəsinə gəlsin!..
Və Böyük bəy başının bir dəstə atlısı ilə sıldırım qayalar arası, daş-kəsək arası
kəsə yolla Şuşaya tərəf çapmağa başladı.
Bir dəstə qırmızı atlı onların ardınca düşdü.
Bayaq öz atını komandirə verən cavan əsgər indi başqa bir atda Böyük bəyi
qovurdu və Böyük bəy də, bu «Budyonnı papaq»lı cavan əsgər də güllələrdən
yayına-yayına bir-birinə atırdı.
Böyük bəy yenə də arxaya qanrılıb əlindəki tüfəngin tətiyini bir çəkdi, iki
çəkdi, tüfəng açılmadı, bu dəfə də güllə qurtarmışdı.
Cavan əsgər bunu başa düşdü və daha da bərk çapmağa başladı. Böyük bəy
tüfəngi yerə atıb iki əlilə də cilovdan tutdu və atın yalına yatıb özünü qurtarmaq
istədi, amma Böyük bəyin axırı yetmişdi deyəsən – cavan əsgər ona çataçatda idi.
Və bu zaman bu sıldırım qayalar arasında qəfil bir güllə açıldı, cavan əsgər bir
anlıq atın üstündə dikəldi, tüfəngi əlindən yerə düşdü, cilov əlindən çıxdı, iki əli ilə
də başının arxasını tutdu, sonra bərəlmiş gözləri ilə qandan qızarmış əllərinə baxdı
və bundan sonrasına vaxtı qalmadı, qızmış atın belindən sürüşüb böyrü üstə yerə
sərildi və az qala, hədəqəsindən çıxacaq gözləri naməlum nöqtədə həmişəlik donub
qaldı.
Arxadan çapıb gələn Hümmət indicə nişan alıb atdığı tüfəngi atın qarınaltı
qayışına keçirdi və vurulmuş cavan əsgərin yanından ötüb çapa-çapa da Böyük bəyə
yaxınlaşdı.
Böyük bəy:
– Sağ ol! Sağ ol, Hümmət! – dedi və iki əlilə də üst-başını yoxladı, bir şey
tapmayıb, barmağındakı böyük almaz qaşlı üzüyü çıxarıb Hümmətə tərəf atdı: –
Sənindi bu!
Hümmət üzüyü göydə tutub ovcunda sıxdı, sonra ovcunu açıb gün işığında
par-par yanan almaza baxdı və dedi:
– Buna görə çox sağ olun, bəy! Amma buna görə qurtarmadım sizi!
Böyük bəyin gözlərində bir sevinc qığılcımı parladı və bəy fəxrlə nökərinə
baxıb:
– Bilirəm, Hümmət! – dedi. – Qeyrətli qardaşlarsınız siz! Amma bu da
lazımdı. Görürsən, dünya qarışıq dünyadı indi. Bir saatdan sonra nə olacaq, bilmək
olmaz. Balalarına xərclik elə.
Və hər iki atlı çapıb sıldırım qayalar arasında gözdən itdi.
...Qırmızılar isə, «Ağa körpüsü»ndən keçirdi və daha onların qabağını heç kim
kəsmirdi...
...Qırmızı bayraqlılar aramla, tələsmədən irəliləyirdilər...
III
...Axşam düşmüşdü və həmin axşam Böyük bəyin imarətində təkcə bir işıq
yanırdı və indi Fəxrəndə xanımla Şahnaz xanım bu təkcə işığın – onluq lampanın
arxasında üzbəüz oturmuşdu.
Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə
həyəcan, bir intizar, bir xof vardı.
Birdən həyətdə səs-küy eşidildi, at ayaqlarının səsi gəldi, darvaza açılıbbağlandı
və Gülgəz qaça-qaça içəri girdi:
– Böyük bəydi, xanım. Gəldi Böyük bəy!
Fəxrəndə xanım da, Şahnaz xanım da ayağa qalxdı və xanımların qalxmağı ilə
də Böyük bəyin tələsik içəri girməyi bir oldu.
Fəxrəndə xanım:
– Böyük! – dedi.
Şahnaz xanım:
– Qardaş! – dedi.
Böyük bəy əyninə «çərkəzka» geymişdi və bu saat bəyin üst-başı çirkin-pasın
içində idi və belə bir görkəm Böyük bəyə heç yaraşmırdı; bəy qızdırmalı-qızdırmalı:
– Həyəcanlanmayın! – dedi. – Qorxmayın. Fəxrəndə, qorxma. Bacım, heç bir
şey olmayıb. Geri çəkilmək hələ məğlub olmaq deyil. Mən hələ qayıdacağam.
Bolşeviklərə deyiləsi sözüm çoxdu hələ. Güllə ilə deyəcəyəm bu sözləri. Inanın, and
olsun Allaha, dünənə qədər elə bilirdim ki, məndən çox nifrət eləmək mümkün deyil
bolşeviklərə. Amma bu gün, indi, dünənkindən min dəfə, milyon dəfə artıq
düşmənəm onlarla. Biz Qarabağ dağlarına çəkilirik, bir az qüvvə toplamaq üçün!..
Bir az nəfəsimizi dərmək üçün!.. Çoxdular!.. Vuruşandılar!.. Öldü var, döndü yoxdu
deyəndilər... Fəxrəndə, gecə ikən ələ keçən nə varsa götür, Şahnazla birlikdə get
Araz qırağında Şahsevən Xurşud bəyin evinə. On atlı seçmişəm, aparacaq sizi. Mən
sizə orda baş çəkəcəyəm.
Fəxrəndə xanım ayaq üstə titrəyə-titrəyə:
– Mən sənsiz qala bilmərəm, Böyük! – dedi. – Nə götürəcəyəm mən! Bu
malikanəni qoyub sənsiz neyləyəcəyəm mən? Sənsiz yuxumu gedər gözümə,
Böyük? Səni and verirəm əmdiyin südə, sən hara, mən də ora!
Böyük bəy:
– Dağa-daşa düşmək çətin olar sənə, – dedi.
Fəxrəndə xanımın boğazının damarları şişdi və xanım ayaq üstə güclə duradura:
– Böyük! – qışqırdı. – Böyük!..
Böyük bəy arvadının əlini sıxdı:
– Yaxşı, – dedi, sonra yenə özündən çıxdı: – Məlunlar! Ac-yalavaclar!
Evimizdən, babalarımızın min illik torpağından didərgin saldılar bizi! Yox, bu evə
qayıdacağam mən, qayıdacağam! Sən hələlik burda qal, Şahnaz, hələlik. Gözüm
üstündə olacaq, adamlarımın yarısını burda, sənin yanında qoyacağam. Palpaltarlarını
dəyişib səni qoruyacaqlar. Lazım olsa, tez qaçıracaqlar səni. Yoxsa ki,
səhər-axşam at belində, bu meşə sənin, o meşə mənim gəzmək sənin kimi bir qız
xeylağına şayəstə deyil. Nökər-naibdən kimi istəyirsən?
– Bir Gülgəz qalsa bəsdi. Başqa adam lazım deyil.
Böyük bəy yana-yana:
– Yox, – dedi. – Bir qulluqçu ilə səntək xanım keçinə bilməz. Aşpaz Hürü
arvad, faytonçu Həbib, bir də bağban Muradxan dayı da qalar. Muradxan dayı
etibarlı adamdı. Bəs... – Böyük bəy Fəxrəndə xanıma baxdı. – Bəs o çörəkçi Gözəl
arvad hanı?
Fəxrəndə xanım:
– Bilmirəm, – dedi. – Bu gün sübh tezdən yoxa çıxıb...
IV
Səhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı.
Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi.
Səhər tezdən idi, Şuşa təzəcə yuxudan ayılmışdı, amma elə bil ki, günün
günorta çağı idi, böyük-kiçik hamı həyətlərdə, küçələrdə idi və ən qəribəsi də bu idi
ki, elə bil, bu boyda Şuşada, o Şuşada ki, Qafqaz Parisi deyərdilər ona, bir nəfər də
olsun bəy geyimli-kecimli, xanım geyimli-kecimli adam yox idi, hamısı şəhər
alverçiləri idi, şəhər sənətkarları idi, adi şəhərlilər idi.
Qalayçı qalayını çəkirdi, nalbənd eşşək nallayırdı, bağırsağçı bağırsaq
aşılayırdı, sərrac yəhər düzəldirdi, misgər qazanla məşğul idi, palanduz palan tikirdi;
xalçasatan idi, şirnisatan idi, çörəksatan idi, çəkmə-çust satan idi, müştəri gözləyirdi.
Əslində bu dəm bütün Şuşa gözləyirdi.
Kimsə:
– Gəlirlər!.. – qışqırdı.
Aləm bir-birinə dəydi. Camaat Şuşanın aşağısındakı «Ərimgəldi»yə yığışdı,
«Xan qızı» bulağı boş qaldı, qızlar və o cümlədən, Gülgəz də camaata qoşulub
şəhərin aşağı başına qaçışdı.
Əvvəlcə at ayaqlarının tappıltısı, araba təkərlərinin cırıltısı eşidildi, sonra
qırmızı bayraq göründü, sonra şeypur dilə gəldi və Nicat Ovçuoğlunun başçılığı ilə
qırmızı əsgərlər dəstə-dəstə «Ərimgəldi»dən keçib Şuşaya daxil oldu...
Bütün Şuşa tamaşaya çıxmışdı, kimi maraqla baxırdı, kimi məhəbbətlə
baxırdı, kimi də paltarını dəyişsə də, gözlərinin ifadəsini dəyişə bilməmişdi, nifrətlə
baxırdı...
...Gülgəz tələsik darvazadan içəri girib boş səhəngi bir tərəfə atdı və qaça-qaça
Böyük bəyin imarətinə tərəf gəlib aşağıdan-yuxarı ikinci mərtəbəyə qışqırdı:
– Gəldilər! Gəldilər, ay xanım!..
Şahnaz xanım əlindəki kitabı bir tərəfə atdı, cəld ayağa qalxıb otağından çıxdı,
tələsik pilləkənləri aşağı enib həyətə çıxdı:
– Nədi? Nə olub? – soruşdu.
– Gəldilər! Gəldilər, ay xanım!
– Kim gəldi?
– Bolşeviklər!
Şahnaz xanım bir müddət susdu, sonra dedi:
– Bəs, sən niyə sevinirsən, ay axmaq?
Gülgəz təəccüblə Şahnaz xanıma baxdı:
– Boy, ay xanım, bəs, onlar bizim hökumətimizdi də!.. Bizimkilərdi!..
V
Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında,
indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.
Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə
şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.
Çöldə bir yağış yağırdı ki, tut ucundan qalx göyə.
Gülgəz:
– Vallah, ay xanım, – dedi. – Heç gözüm alışmır e sənin bu görkəminə...
Şahnaz xanım da, Gülgəz kimi, əyninə qulluqçu paltarı geymişdi.
Şahnaz xanım bu sözlərdən, elə bil, pərt oldu və elə bil, bu sözlər Şahnaz
xanımı daha da sıxdı:
– Sənin işlərindi də... – dedi.
– Yox, ay xanım, nənəmin canıyçün, Şuşadakı bütün xanımlar bu saat
qulluqçu paltarı geyib... Ay xanım, vallah, lətifəsi sənə gəlməsin, böyük şeymiş
geyim-kecim. Bayaq Şahbaz bəyin arvadı Pəri xanımı gördüm, Allah haqqı,
nənəmin canıyçün, elə bil, ömür-billah qulluqçu-qaravaş olub! Pəri xanım e!..
Şahnaz xanım əynindəki nimdaş paltarlara baxdı:
– Vaxtında Yunis bəyə getsəydim, indi bu günə qalmazdım... Indi
Parisdəydim, Brüsseldəydim, Allah bilir ki, haralardaydım...
Gülgəz, elə bil, qulaqlarına inanmadı:
– Hayıfsılanırsan, xanım?
Şahnaz xanım öz-özüylə danışırmış kimi:
– Bəzən hayıfsılanıram, – dedi. – Amma çifayda ki, ağıl deyirdi get Yunis
bəyə, amma ürək qoymurdu. Ürək ovçu oğlandan ayrı dura bilmirdi...
Gülgəz gizli bir sirr açırmış kimi:
– Ay xanım, – dedi. – Bilirsən nədi? Bolşeviklərin böyüyünün adı
Ovçuoğludu, özü də deyirlər buralıdı...
Şahnaz xanım ayağa qalxdı:
– Görmüsən onu?
– Yox, ay xanım, böyüklərini görməmişəm... Bilirsən, ay xanım, deyirlər ki,
bunnan sonra biz nə dedik, odu. Bunnan sonra bəy, xan, xanım olmayacaq.
Bulaqdakı qulluqçular danışırdı ki, çoxu ağası Böyük bəylə bir yerdə Turşsu
meşəsinə çəkilib. Xanımlar da qulluqçu paltarı geyib, kimi cəhrə əyirir, kimi corab
toxuyur, deyəcəklər bolşeviklərə ki, ağamız xanımla qaçıb, biz də oturub sizin
yolunuzu gözləyirik... Deyirlər ki, bu gün-sabah meşədən gəlib bolşevikləri
qovacaqlar. Eh, Allah vurmuşdu onları, nə hünərin yiyəsidirlər ki, gəlib bu qədər
qoşunu qırsınlar burda!
Şahnaz xanım qulluqçu qıza çıxmırdı:
– Kiri, ay qız!
Gülgəz isə tələsik qulaqlarını şəkləyib:
– Bu nə səsdi, ay xanım? – soruşdu.
Və bu dəfə yağış şırıltısı arasından darvazanın döyəclənməyi lap aydın
eşidildi.
– Qapını döyürlər, ay xanım, gəlirlər deyəsən... Bəlkə açmayım?
– Açmazsan, sındırarlar. Yeri get aç.
Gülgəz ayağa qalxdı...
...Və başına şal tutub yağışın altında qaça-qaça Böyük bəyin həyət darvazasıia
tərəf gəldi:
– Kimdi? – soruşdu.
– Açın! Hökumət adamlarıdı...
...Iki cavan oğlan və onların yanında bir arvad içəri girdi. Gülgəz arvada məhəl
qoymadı, qaranlıqda onu tanımadı, başlarına «Budyonnı papağı» qoymuş uzun
şinelli əsgərlərə: – Gəlin, – dedi. – Heç kim yoxdu evdə, ağayla xanım qaçıb, iki qulluqçu
qalmışıq...
...Bu gecə qonaqları Şahnaz xanım oturan otağa girəndə, Gülgəz onluq
lampanın işığında qonaqlarla gələn arvadı – çörəkçi Gözəli tanıdı:
– Boy... başıma xeyir... Ay arvad, sən indi də bolşevik olmusan?
Gözəl arvad özünü darta-darta:
– Mən arvadlarla iş aparanam, – dedi. – Yalançının biri yalançı! Bolşevik
hökumətini aldatmaq olmaz! – Sonra üzünü əsgərlərə tutub: – Bu birisi qulluqçu-zad
deyil, – dedi. – Böyük bəyin bacısıdı.
Oğlanlardan biri güldü:
– Onsuz da, xanım paltarını dəyişəndə brilyant bilərziyi yadından çıxıb
qolunda qalıb...
Gülgəz nəsə demək istədi, bir söz tapmağa çalışdı, amma Şahnaz xanım
qoymadı:
– Düzdü, – dedi. – Bu arvad düz deyir. Mən Böyük bəyin bacısıyam.
Ikinci oğlan soruşdu:
– Bəy hardadı?
– Bilmirəm.
Gözəl arvad:
– Yalan deyir, – dedi. – Bilməmiş olmaz...
Gülgəz yanıb-yaxıldı:
– Bay səni! Nə imansız arvadsanmış az sən!..
Gözəl arvad qaşını çatdı, hirsli-hirsli:
– Kəs səsini! – dedi. – Hökumətə sataşmaq olmaz!
Əsgərlərdən birincisi yenə güldü və Gözəl arvada dedi:
– Sən nə tez hökumət oldun, ay bacı?..
Və bu vaxt Böyük bəyin imarətində addım səsləri eşidildi və bu səs get-gedə
yaxınlaşmağa başladı.
Əsgər oğlanlar qulaq asdı, ikincisi:
– Kimsə gəlir, – dedi.
Hər ikisi tapançanı çıxartdı. Gözəl arvad gizlənmək üçün ora-bura baxdı:
– Allah, sən saxla! – dedi.
Ayaq səsləri daha da yaxınlaşdı. Əsgərlər pusquda dayandı. Şahnaz xanım
ayaq üstə quruyub qalmışdı. Gülgəz qorxudan tir-tir əsirdi. Gözəl arvad özünə yer
tapa bilmirdi.
Qapı döyüldü. Qapı bir də döyüldü. Sonra qapı açıldı.
Şahnaz xanım heç cınqırığını da çıxarmadı. Əsgərlər təəccüblə komandirə
baxdı. Gözəl arvadın matı-qutu qurudu. Gülgəz özünü saxlaya bilmədi:
– Bıy, qağa, başına dönüm, sən göydən düşdün, nədi?
Nicat Şahnaz xanıma baxdı:
|