Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aman ovçu, vurma məni …-2
<< 1 / 2 / 3 >>
VIII


    Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq kağız-kuğuza baxırdı.
    Qüdrət içəri girib:
    – Bəy, – dedi. – Solaxay Həsənalı sizi görmək istəyir.
    Böyük bəy başını kağız-kuğuzdan ayırıb:
    – Nə deyir? – soruşdu.
    – Bilmirəm, bəy, yəqin oğlundan ötrü gəlib.
    Böyük bəy ayağa qalxıb otaqda var-gəl elədi, sonra:
    – Qoy gəlsin, – dedi.
    Qüdrət bir az tərəddüd elədi, soruşdu:
    – Yaraq-yasağını açdırımmı?
    Böyük bəy dedi:
    – Yox, qoy gəlsin!
    – Baş üstə.
    Qüdrətin otaqdan çıxmağı ilə Solaxay Həsənalının içəri girməyi bir oldu. Bu ucaboy, arıq kişinin günəşdən, dağ havasından yanmış üzündə sakit və məğrur bir ifadə vardı.
    – Salaməleyküm, bəy.
    Böyük bəy Solaxay Həsənalıya sərt bir nəzər yetirdi və kişinin salamını almayıb:
    – Nə var? Niyə gəlmisən? – soruşdu.
    Solaxay Həsənalı:
    – Uşağın işi üçün gəlmişəm, bəy, – dedi və əlindəki tüfəngi qapının yanında yerə söykədi.
    – Uşağın? Uşaq olan kəs də eylə qələt edər?!
    Solaxay Həsənalı təmkinini pozmadı:
    – Başa düşməyib, bəy.
    Böyük bəy:
    – Eybi yoxdu, başa salarlar, – dedi və keçib yazı mizinin arxasında oturdu, mizin üstündəki qutudan bir siqaret çıxarıb yandırdı.
    Solaxay Həsənalı dedi:
    – Bəy, sən özün yaxşı bilirsən ki, bizim nəsildən dələduz çıxmayıb. Dosttanışlarımızın arasında da bir nəfər dələduz tapılmaz. Nicat özü də ağlı başında uşaqdu... Insan səhv eləyəndə eləyir, bəy...
    – Dələduz tapılmaz deyirsən, dost-tanışının arasında sənin?
    – Xeyr, bəy, tapılmaz!
    – Bəs Bahadır kimin dostudu? Qaçaq Bahadır? Yoxsa padşahın əleyhinə çıxmaq, günün günorta çağı naçalnikin kabinetinə soxulub onatılanı boğazına dirəmək səncə dələduzluq deyil?
    Solaxay Həsənalı eyni təmkinlə:
    – Xeyr, bəy, – dedi. – Dələduzluq deyil. Naçalnik, Bahadırın atasını bihörmət eləyəndə boğazına tapança dirərlər də.
    – Hə? Qulağınıza səs dəyib yoxsa?
    – Nə səs?
    Böyük bəy əlindəki siqareti büllur külqabıya sıxıb söndürdü və hirslə:
    – Yaxşı bilirsən nə səs! – dedi. – Sizlər tülküdən də çox bilirsiz!
    Solaxay Həsənalının sifətindən bir qəzəb kölgəsi keçdi, amma özünü saxladı, təmkinini pozmadı.
    – Böyük bəy! – dedi. – Mən sənin evinə oğlumun təvəqqəsi üçün gəlmişəm. Belə sözlərə dözmək mənim şanıma şayəstə deyil! Danışığına fikir ver!
    Solaxay Həsənalının hər bir sözü xəncər kimi kəsirdi.
    Böyük bəy ayağa qalxdı:
    – Sənin oğlun cinayətkardı, Həsənalı kişi...
    – Nə üçün?
    – Çünki öz yerini bilməyib, çünki mənə silahlı müqavimət göstərib, seçmə atlarımı qanına qəltan eləyib, adamlarımı yaralayıb!
    – O, sənin bacını zorla aparmayıb.
    – Bunu ədalət məhkəməsi həll eləyəcək. Naçalnik burda yoxdu, gələn kimi oğlunu verəcəyəm onun sərəncamına.
    – Axır sözündü, bəy?
    – Qurtardıq, Həsənalı kişi!
    Solaxay Həsənalı sol əlini tüfəngə apardı və tüfəngi yerdən qaldırıb:
    – Böyük bəy! – dedi. – Ağa Məhəmməd şah Qacar Qarabağa hücum eləyəndə mənim babam Güzdəkli Bayandur sənin babanı bütün əhli-əyalı ilə birlikdə ölümdən qurtarıb. Bunu bütün Qarabağda bilməyən yoxdu.
    Böyük bəy:
    – Bunu mən də bilirəm. – dedi. – Sən də yaxşı bil ki, Həsənalı kişi, ikinci dəfə belə bir hadisə baş versə, Güzdəkli Bayandurun nəvəsinə öz borcumu qaytarram! Oğlunu buraxsam, bütün mahalda biabır ollam, tay-tuşlarım mənə tənə eləyib gülər. Oğlun mənim ad-sanıma, əsil-nəcabətimə toxunub! Oğlun cəzasına yetməlidi!
    Solaxay Həsənalı daha qəzəbini boğa bilmədi, kişinin ağzı-gözü əyildi:
    – Əsil-nəcabət böyük sözdü, bəy! – dedi. – Mənim babalarım üstündə durduğumuz bu torpağın yolunda canlarından keçib! Amma sənin babaların bu torpağı qəsb eləməyə gələnlərin qabağına düşüb bələdçilik eləyib!
    Bu sözlər Böyük bəyi sarsıtdı və bəy bir müddət donuq nəzərlərlə Solaxay Həsənalıya baxdı, sonra boğuq səslə:
    – Bir də ayağın mənim evimə dəyməsin! – dedi.
    Solaxay Həsənalı əlini qapıya atdı:
    – Mənim oğlum bir stəkan bulaq suyu deyil, birnəfəsə başına çəkəsən!
    – Əlindən gələni əsirgəmə, Solaxay Həsənalı!
    – Baxarıq!
    – Baxarıq!
    Solaxay Həsənalı bəyin qapısını ardınca çırpıb iri addımlarla birinci mərtəbəyə düşdü, həyətə çıxdı və yaşına yaraşmayan bir çevikliklə həyətdə yiyəsini gözləyən kəhər atın belinə sıçrayıb, çapıb getdi...
    ...Fəxrəndə xanım yataq otağının pəncərəsindən çapıb gedən atlını gördü və çiyninə, döşünə tökülmüş uzun saçlarını yığmadan başını darayan qulluqçu qızı kənara itələyib yataq otağından çıxdı, uzun yataq libasının ətəkləri ayağına dolaşadolaşa
    Böyük bəyin otağına girdi və hiddətindən alışıb yana-yana:
    – Niyə buraxdın onu? – soruşdu. – Evdəki qulluqçu-nökərin hərəsinə bir qızıl onluq bağışlamışam ki, ağızlarını mumlasınlar, amma bütün Şuşa əhli bu saat Şahnazın ovçuya qoşulub qaçmasından danışır. Sənin bacın Yunis bəyi də tay-tuş yanında xar elədi! Niyə salamat buraxdın bu quzğunu, it atasını?! Böyük bəy arvadına yaxınlaşıb əllərindən tutdu:
    – Sakit ol, Fəxrəndə xanım, – dedi. – Solaxay Həsənalı mənim qapıma təvəqqəyə gəlmişdi. Qapıya gələn adamı yola salmağı da bacarmaq lazımdı.
    Fəxrəndə xanım sakitləşə bilmirdi:
    – Ərəbzənki kimi yaraq-yasağın içində idi, demirdin vurar səni, bizi başsız qoyar?
    Böyük bəy gülümsədi:
    – Vurmadı ki!..
    Fəxrəndə xanım:
    – Yumşaqsan, Böyük, çox yumşaqsan, – dedi. – O gədə ölməlidi! Eşitdinmi?
    Bu ləkə qanla yuyulmalıdı. Yoxsa bəylər, ağalar bir tərəfə, heç nökər-qulluqçunun da gözünə baxa bilmərik, camaatın üzünə çıxa bilmərik. Qoy görsünlər ki, Böyük bəyə sataşmaq nə deməkdi!
    – Sakit ol, Fəxrəndə. Sənin sözündə bir həqiqət var. Mən kəndləri gəzib əlsizayaqsızlara kömək edirəm. Kəndlilərin zəhmətini asanlaşdırmaq üçün maşınlar gətirdirəm. Mil düzünə su çəkdirmək istəyirəm. Ancaq, görünür, biz bir əlimizdə kitab, digərində qılınc tutmalıyıq.
    – Allaha çox şükür, – dedi. – Nəhayət, qəti bir fikrə gəlib çıxdın.
    – Fəxrəndə, mən hiss eləyirəm ki, hər tərəfi inqilab əhvali-ruhiyyəsi bürüyüb.
    Qəzetlərdən də bunu hiss eləyirəm, Bakıdan, Peterburqdan aldığım xəbərlərdə də bunu görürəm, lap elə bu – Solaxayın danışığında da bunu hiss elədim. Bu, dəhşətli işdi, Fəxrəndə. Böyük-kiçik olmayandan sonra, hörmət də götürüləcək, aləm qarışıb məzhəb itəcək. Bu gün mənim bacımı götürüb qaçmağa cəsarət eləyən rəiyyət, sabah bütün zadəgan sinfinin üstünə çomaq qaldıracaq. Bunun qarşısını almaq lazımdı.
    Fəxrəndə xanımın gözləri mehribanlaşdı, bir az doluxsundu:
    – Allaha çox şükür, Böyük, – dedi. – Çox şükür Allaha!..
    ... Kəhər at isə Şuşadan çıxıb Topxana meşəsinə girdi, kol-kosların, ağacların arasından çapdı, dərə keçdi, təpə aşdı...
    ...Qaçaq Bahadırın gözətçilərindən biri qaya arxasından çıxıb onlara tərəf çapan atlını gördü, beşaçılan tüfəngi belindən aşırıb fit çaldı. Bir neçə gözətçi qaçaq qayaların arxasından başını qaldırıb atlıya tərəf baxdı və birdən qaçaqlardan biri ayağa qalxdı, əlini gözünün üstünə qoyub atlıya bir də baxdı, sonra:
    – Əyə, Solaxay Həsənalıdı! – dedi. – Biriniz düşün aşağı, kişiyə bələdçilik eləyin. Biriniz də Bahadıra xəbər verin, qonağı gəlib.
    Solaxay Həsənalı kəhər atın yalına yatıb çapırdı.

IX


    Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağbağat arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində idi.
    Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu. Qaçaqlar Böyük bəyin imarətini dövrəyə aldı...
    Və elə bil, bu qəfil nal səslərini, at fınxırtısını gözləyirmiş kimi, zirzəminin bir küncündə oturub belini divara söykəmiş Nicat yerindən sıçradı, qulağını zirzəminin qapısına söykədi, qulaq asdı...
    ...Qaçaqlardan biri atın üstündən Böyük bəyin həyət hasarına atıldı, hasardan həyətə tullandı, darvazanın lomunu çəkib çıxartdı, darvazanın enli qapıları taybatay açıldı və çiyninə yapıncı salmış, yaraqlı-yasaqlı Qaçaq Bahadır içəri birinci çapdı; qalan atlılar da başçılarının dalınca Böyük bəyin həyətinə çapdı...
    ...Və bu dəm Qüdrət özünü hövlnak zirzəminin üstündən yerə atdı:
    – Qaçaqlardı! – qışqırdı. – Qaçaqlar gəlib! – Sonra əlindəki beşatılan tüfənglə həyətə dolmuş qaçaqların qaraltısına dalbadal atəş açdı.
    Ara qarışıb, məzhəb itdi.
    Böyük bəyin adamları kimisi zirzəminin damından, kimisi birinci, ikinci mərtəbənin aynabəndindən, kimisi də pəncərələrdən qaçaqları gülləyə tutdu.
    Atlar kişnədi, qaçaqlar tüfəng oynatdı, kimi ikinci mərtəbənin aynabəndindən, pəncərələrindən başı üstə yerə gəldi, kimi atdan yıxıldı.
    Böyük bəyin imarətinə vurnuxma düşmüşdü, qulluqçular çığırışa-çığırışa orabura qaçdı, nökərlər əlinə tüfəng aldı. Böyük bəy özü təpiklə vurub yataq otağının qapısını açdı, elə gecə paltarında da ikinci mərtəbənin həyət pəncərəsinə tərəf atıldı, əlindəki tüfəngin qundağı ilə pəncərə şüşəsini vurub sındırdı və tüfəngi döşünə sıxıb dalbadal atmağa başladı.
    Çörəkçi Gözəl arvad çarpayısının üstündə oturub dili-dodağı əsə-əsə pıçıldayırdı:
    – Allah, sən saxla!.. Allah, sən saxla!..
    Fəxrəndə xanım əynindəki gecə köynəyində, uzun saçları döşünə-başına tökülmüş halda özünü o pəncərəyə, bu pəncərəyə vururdu, səsi gəldikcə qışqırırdı:
    – Qüdrət! Qüdrət! O gədəni vur! Öldür ovçunu, Qüdrət! Qoyma diri qala onu! Öldür onu, Qüdrət! Qüdrət!..
    Fəxrəndə xanım özünə yer tapa bilmirdi, elə bil, qəfəsə salınmış heyvan idi, bütün gözəlliyini, qadınlığını, xanımlığını yadından çıxarmışdı, əl-ayağına dolaşan nökər-qulluqçuların arasından özünü o pəncərəyə, bu pəncərəyə atırdı, səsi boğulanacan qışqırırdı:
    – Qüdrət! Qüdrət! Öldür ovçunu! Öldür!..
    Qüdrət isə, əlbəttə, xanımın sözlərini eşidirdi, amma böyük tut ağacının enli gövdəsi yanında yerə sinib zirzəminin qapısına tərəf atılmağa macal tapmırdı – qaçaqların gülləsi, elə bil, dolu idi, zirzəminin həndəvərini dəlik-deşik edirdi. Böyük bəy gülləsi qurtarmış tüfəngi hiddətlə yerə çırpdı. Güllə səsləri yavaş-yavaş seyrəldi və bu zaman Nicatın var gücü ilə zirzəminin qapısını döyəcləməyi aydınca eşidildi.
    Qaçaq Bahadır zirzəmiyə tərəf çapdı, atdan sıçrayıb qapının qıfılına iki güllə sıxdı, sonra iki güclü təpiklə qapını açdı, var səsilə:
    – At çəkin bura! – bağırdı, sonra zirzəmidən özünü çölə atan Nicata: – Atlan! – dedi və özü də atının belinə sıçradı.
    Nicat zirzəminin qabağına at çəkib gətirən qaçağa məhəl qoymadı, yüyürüb özünü Böyük bəyin imarətinə saldı, əlini çırpa-çırpa, təpiklə qapıları bir-bir açdı: bütün otaqlar bomboş idi və nəhayət, Nicat çarpayıda oturub öz-özünə:
    – Allah, sən saxla!.. Allah, sən saxla!.. – pıçıldayan çörəkçi Gözəl arvadı gördü.
    – Şahnaz hardadı?
    Qorxudan gözləri bərələ qalmış Gözəl arvad:
    – Burda yoxdu, qadan alım, – dedi. – Kəndistana göndəriblər onu, dərdin ürəyimə! Dünən axşam yola saldılar onu!
    Və bu zaman at nallarının səsi aləmi ağzına götürdü. Qaçaqlardan biri darvazadan həyətə çapdı:
    – Kazaklar!
    Qaçaq Bahadır atı birbaşa Böyük bəyin imarətinə çapdı, atlı-atlı da pilləkənləri qalxıb dəhlizə girdi, ona tərəf yüyürən Nicata:
    – Tez elə! – qışqırdı və yenə də çapıb dəhlizdən həyətə düşdü.
    Nicat imarətdən çıxıb yəhərli atın belinə atıldı, yüyəni qaçaqdan aldı və Qaçaq Bahadırın ardınca çapdı. Bahadır darvazadan birinci çıxdı, sonra Nicat, sonra da o biri qaçaqlar çapıb darvazadan çıxdı.
    Otuz-qırx kazak atlısı qaçaqların ardınca düşdü və atışma təzədən qızışdı, qaçaqlardan, kazaklardan bir neçəsi Şuşanın küçələrinə sərilib qaldı...
    Böyük bəy özünü Qüdrətin çəkib gətirdiyi atın üstünə atdı:
    – Atlanın! Kim salamatdısa atlanın! – dedi. – Hamısını qırmaq lazımdı! Yurdlarını kor qoymaq lazımdı!
    Qaçaqlar isə onları qovan kazakları bir-bir yerə sərə-sərə Topxana meşəsinə tərəf üz qoymuşdu...
    ...Böyük bəyin seçmə atları özlərini kazaklara çatdırdı və atışma daha da şiddətləndi, daha da qızışdı.
    Böyük bəy ayağını üzəngiyə basıb, atın belində dikəldi:
    – Qüdrət! – qışqırdı. – Qüdrət, min qızıldı ovçunun başı! Min qızıldı qiyməti!.
    ...Ehtirasdan və hiddətindən bığlarını gəmirən Qüdrətin xallı atı, axır ki, kazaklardan və Böyük bəyin atlılarından ayrıla bildi, irəli çıxdı, dalbadal çapan Qaçaq Bahadırla Nicata yaxınlaşmağa başladı. Qaçaq Bahadır hərdən arxaya güllə atırdı, amma Qüdrət gah sola, gah sağa burulub bu güllələrdən yayınırdı: Nicat silahsız idi.
    Bu dəfə Qüdrət qabaqdakı atlıları gülləyə basdı və birdən-birə də Qaçaq Bahadırın çapdığı atın qabaq ayaqları büküldü və at boynu üstə çevrilib yerə sərildi, ağzından qan açıldı. Qüdrətin gülləsi ciyərini deşib keçmişdi, amma Qaçaq Bahadırın belə işlərdə, görünür, səriştəsi çox idi, bir göz qırpımında sıçrayıb ayağa qalxdı, sol əli ilə yapıncını boynundan qoparıb yerə atdı, sağ əli ilə tüfəngi qaldırdı, gözünün birini qıyıb tələsmədən, arxayın nişan aldı və Qaçaq Bahadırın tətiyi çəkməyi ilə az qala çapıb ona çatmış Qüdrətin başının geri getməyi bir oldu: Qaçaq Bahadırın gülləsi Qüdrətin düz alnının ortasını deşib, beynini göyə sovurdu. Qüdrət bir motal tuluğu kimi yerə düşüb qaldı. Xallı at bu vurhavurdan baş götürüb çapdı.
    Kazaklar Qaçaq Bahadırı atsız gördü; atsız gördü, yəni köməksiz gördü, «qolu-qanadı sınmış» gördü, quzğun kimi üstünə çapdı və Qaçaq Bahadır da eyni təmkinlə, eyni arxayınlıqda ayaq üstə dayanıb təkəlli tutduğu tüfəngi atırdı. Kazaklardan biri yerə sərildi, ikincisi, üçüncüsü yerə sərildi, amma kazaklar da çox idi və indicə Qaçaq Bahadıra yetişəcəkdilər.
    Yasavul:
    – Jivım! – bağırdı. – Jivım yeqo!
    Və bu dəm Nicatın atı şahə qalxdı və Nicatın dartdığı yüyənin tarımlığından iki dal ayağı üstə geri döndü və atın geri dönməsi ilə də Nicatın geriyə, Bahadıra tərəf çapmağı bir oldu.
    Qaçaq Bahadır əvvəlcə əlindəki tüfəngi Nicata atdı, sonra özü Nicatın qabağına yüyürə-yüyürə bir göz qırpımında atın tərkinə atıldı və bu müddətdə Nicatın əlindəki tüfəng iki dəfə dalbadal açıldı və az qala, onlara çatan iki kazak da bir-birinin ardınca yerə sərildi...
    ...Qaçaqlar özlərini Topxana meşəsinə verdilər və sıx, uca ağaclar arasında görünməz oldular...
    Yasavul:
    – Nazad! – qışqırdı və bu dəfə kazakların atı şahə qalxdı, kazaklar meşəyə girməyib geri döndülər.
    Böyük bəy:
    – Qorxaqlar! – qışqırdı. – Muzdurlar! Gədə-güdədən qorxan acizlər! Söz pəhləvanları.
    Yasavul Böyük bəyə tərəf çapdı:
    – Bek, oni v tom lesu – kak rıba v vode! Zastrelyat vsex nas kak zaysev!
    Böyük bəy hiddətindən titrəyə-titrəyə öz atlılarına tərəf çöndü:
    – Gedək! – dedi. – Dalımca! Solaxay Həsənalının evinə gərək od vurub yerləyeksan eləyim!
    ...Və Böyük bəyin atlıları çapa-çapa kazaklardan ayrılıb Şuşaya tərəf üz qoydu...
    ... Və həmin aydın gecənin macərası Solaxay Həsənalının ev-eşiyinin, bağbağatının göyə qalxan alovu ilə axıra yetdi; alov dillərinin işığında həyət-bacadakı arvad-uşağın ərşə çıxan naləsi ilə, bütün bu yerləri yandırıb külə döndərən əli məşəlli atlılarının əməlinə baxa-baxa:
    – Odlayın! Odlayın bu quldurlar yuvasını! – deyən Böyük bəyin sözləri ilə axıra yetdi.

X


    Gün Topxana meşəsində təkcə yarpaqların üstünə düşürdü; ağacların qolbudağı o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam idi.
    Iki atlı yavaş-yavaş yanaşı addımlayırdı.
    Qaçaq Bahadır:
    – Qal, – dedi. – Qal mənimlə. Qal mənimlə bu köpək uşağının, bu tacirdarğaların, bu kazakların anasını ağlar qoyaq!
    Nicat:
    – Sonra? – soruşdu. – Sonra nə olsun? Kazak azdı? Naçalnik, pristav olmağa adam azdı? Bunlar gedib, onlar gələcək, nə qazanassan? Onun anasını sən ağlar qoyassan, sənin atlılarından da beşinin anası ağlar qalacaq. Bu cür gəlib, amma bu cür gedə bilməz, Bahadır! Ilanı gərək başından əzəsən!
    – Haradı yolun?
    – Horadizə düşüb, ordan Bakıya gedəcəyəm.
    Qaçaq Bahadır:
    – Vağzalda tutarlar səni, – dedi. – Böyük bəy bütün Qarabağ mahalında səni axtartdırır.
    – Maşinist dostlarım var, aparacaqlar məni.
    – Böyük bəyin əli uzundu, Bakıda da çatar sənə.
    – O uzun qolları kəsməkdən ötrü gedirəm Bakıya, Bahadır!
    Qaçaq Bahadır atın başını çəkib dayandı. Nicat da atını saxladı. Bir müddət bir söz demədilər, bir-birilərinə baxdılar. Sonra Qaçaq Bahadır:
    – Yolun sayalı olsun, qardaş! – dedi. – Dünyanın işləridi, sən gedəsi oldun, mən qalası. – Sonra Qaçaq Bahadır başını qaldırıb Topxana meşəsini ağac-ağac, kolkol gözdən keçirtdi. – Mənimki bu Topxana meşəsidi. Nə qədər burdayam, nə qədər at belindəyəm, nə qədər tüfəng tutur əlim, nişan seçir gözüm, atışacağam bu köpək uşağıyla! Nə hökumət olur-olsun, atdan düşdü yoxdu, qardaş. Bütün dünyanın hökumətləri mənim düşmənimdi! – dedi Qaçaq Bahadır. – Yaxşı yol sənə! – Və Qaçaq Bahadır geri döndü, çapıb Topxana meşəsində görünməz oldu.
    Tək atlı isə yavaş-yavaş dağlardan endi və bu dəm bu tək atlının hər bir hərəkətində bir hüzn, bir kədər var idi, bütün bu yerlərdən ayrılıb getməyin hüznü, kədəri.

İKİNCİ HİSSƏ

I


    Yenə Cıdır düzü idi və yenə də bir neçə il bundan əvvəlki kimi hardansa uzaqlardan həmin xanəndənin səsi gəlirdi:
    Deyirlər Qarabağ bir cənnət imiş,
    Bəslərmiş qoynunda mələklərini.
    Məndə qüdrət hanı qələm çalmağa,
    Tərif eləməyə ancaq birini...
    Yenə də Məlikşahnəzər kahasının üst tərəfində xalça salınmışdı və yenə də bu xalçanın rəngbərəng naxışları, elə bil, öz rəngini bir-bir bütün ətrafdakı gül-çiçəkdən almışdı.
    Şahnaz xanım Məlikşahnəzər kahasının lap qabağına gəlib Topxana meşəsinə baxırdı.
    Gülgəz Cıdır düzündə kəklikotu qoymamışdı, ətəyini doldurub qaça-qaça Şahnaz xanımın yanına gəldi:
    – Oh, ay xanım, – dedi. – Yenə ora baxırsan? Vallah, sənin bu işlərin məni salıb qorxuya, heç yata bilmirəm gecə...
    Şahnaz xanım gözlərini Topxana meşəsindən çəkmədi:
    – Niyə?
    – Elə bil o Topxana meşəsi ovsunlayıb səni, ay xanım...
    Şahnaz qulluqçu qıza bir söz demədi, elə bil, özü özü ilə danışdı:
    – Elə bil, bu Topxana meşəsi də bizdən həmişəlik üz döndərib... Elə bil, çoxçox uzaqdadı, soyuqdu, küskündü...
    Gülgəz doğrudan-doğruya vahimələnmişdi və qız içini çəkib dedi:
    – Düz dörd ildi belə sözlər danışırsan, ay xanım, vallah, tay qorxumdan meşəyə gedə bilmirəm... – Sonra Gülgəz birdən-birə sevincək oldu. – Bilirsən, ay xanım, bəyin bayaqkı qonaqlarından biri deyirdi ki, Fitilbörkdə bir oğlan görüb, lap qağam Nicata oxşayırmış...
    Şahnaz xanım bir söz demədi. Gülgəz and-aman elədi:
    – Xanım, nənəmin canı üçün bu dəfə doğru deyirəm!
    Şahnaz xanım qulluqçu qıza baxdı:
    – Bəs bir söz danışmayıblar?
    – Yox, danışmayıblar. Deyir elə yaxşı geyinmişdi ki, inanmadım o ola...
    Axmaq kişi, guya ki, Nicat qağam yaxşı geyinə bilməzmiş... Vallah, xanım, sağsalamatdı qağam!..
    – Bilirəm, əlbəttə, sağ-salamatdı! – dedi Şahnaz xanım və elə dedi bu sözləri, elə bil, Gülgəzi yox, özünü inandırmaq istəyirdi bu sözlərə. – Elə igid oğlan itibbatmaz! Amma niyə bir yol tapıb məktub göndərmir mənə, bir xəbər çatdırmır mənə?..
    Gülgəz:
    – Eh... – dedi. – Allah Böyük bəyə insaf versin...
    Və qız bu cür hayıfsılanan kimi də, Şahnaz xanımın üzü sərt bir ifadə aldı:
    – Bu nə sözdü, ay qız? – dedi. – Indi də bir o qalıb ki, sənin kimisinin biri Böyük bəyin qarasına danışsın?
    Gülgəz qorxdu əməlli-başlı və yazıq qız tez özünü yığışdırıb:
    – Bağışla, ay xanım, – dedi. – Qələt elədim... Əlbəttə, Böyük bəy istəsəydi, məni də elə qovardı ki, izim-sorağım da tapılmazdı. Amma sənə görə məni də saxladı evində...
    Şahnaz xanım yumşaldı:
    – Yaxşı, – dedi. – Mən yadımdan çıxardım o sözləri.
    – Allah canına sağlıq versin, ay xanım, sənsiz mənim bir günüm olmasın, yetim qızam. Inşallah, qağam gəlib çıxar, yetişərsiniz bir-birinizə! Mənə də Allah birini yetirər. – Gülgəz birdən-birə göyə baxdı: göy tərtəmiz, mavi və sonsuz idi. Sənə qurban olum, ay Allah, tez ol, dayna!.. Elçi daşına baxmaqdan gözümün kökü saraldı ki...
    Şahnaz xanım özünü saxlaya bilməyib güldü:
    – Bəs tez-tez qabağına çıxan o dərzi oğlan necə oldu?
    Gülgəz:
    – Eh... – dedi. – Qoy iynəsini taxsın yaxasına! Dalından dəydim onun, xanım. Arvad kimi şeydi... Kişi gərək kişi olsun, Nicat qağam kimi!.. Oh, xanım, vallah, hər şey yaxşı olacaq, təki tez ərə gedək!..
    Şahnaz xanım bu dəfə gülmədi, dərindən nəfəs alıb:
    – Nə yaxşı ki, sən varsanmış... – dedi və yeriyə-yeriyə Məlikşahnəzər kahasının üstündən aşağı düşüb, Böyük bəyin imarətinə tərəf addımladı...
    ...Böyük bəy əyninə sadə libas geyib əlinə böyük bağ qayçısı almışdı və həyətindəki gül kollarını, ağac budaqlarını qayçılayıb nizama salırdı. Bu dörd ildə Böyük bəy heç dəyişməmişdi, təkcə saçları daha tamam-kamal ağarmışdı. Böyük bəy darvazadan həyətə girən Şahnaz xanımı görəndə ağacların arasından çıxdı.
    – Salam, bacı.
    – Əleykəssalam.
    Böyük bəy gəlib artırmanın qabağındakı skamyada əyləşdi və əlindəki qayçını qabağındakı mizin üstünə qoyub:
    – Gəl otur, – dedi. – Gün çıxandan bağbanla birlikdə işləyirik.
    Şahnaz xanım gəlib qardaşı ilə üzbəüz oturdu:
    – Yaxşı eləyirsiz, işləmək kökəlməyinizin qabağını alır.
    – Elədir, işləyəndə özümü çox yüngül hiss eləyirəm.
    Bu vaxt Fəxrəndə xanım da imarətdən çıxıb, Böyük bəylə Şahnaz xanıma yaxınlaşdı, salamlaşıb mənalı-mənalı Böyük bəyə baxdı, sonra əlindəkn qəzetləri Şahnaz xanıma uzatdı:
    – Al, sənin qəzetlərin gəlib.
    Böyük bəy bir az yana çəkilib arvadına yer göstərdi:
    – Gəl əyləş, Fəxrəndə. – Sonra gülümsəyib: – Bağışlayın ki, yanınızda belə bir qiyafədə oturmuşam, – dedi. – Libas sadə olanda, elə bil, adam da özünü yüngül hiss eləyir. – Sonra Şahnaz xanımın baxdığı qəzetlərə işarə eləyib zarafatyana: – Bu bolşevik mətbuatını oxumaqdan yorulmadın, bacı? – soruşdu.
    Şahnaz xanım da eyni zarafatyanalıqla bir-bir qəzetlərin başlığına baxdı:
    – «Azərbaycan», «El həyatı», «Al bayraq»... Görürsünüz ki, qardaş, heç biri bolşevik qəzeti deyil...
    Böyük bəy qəzetlərdən birini açıb məqalələrin altındakı imzaları oxudu:
    – Üzeyir Hacıbəyli... Hacı Ibrahim Qasımov... Ruhulla Axundov... – Böyük bəy birdən-birə əsəbiləş acgözlüyüib qəzeti mizin üstündə bir tərəfə atdı və həmin sadə libasının döşündən qızıl papirosqabını çıxarıb açdı, bir papiros yandırdı. – Müsavat hökumətinin gözü kordu, görmür ki, bunlar hürriyyət, bərabərlik, demokratiya deyədeyə əslində kommunizmi təbliğ edirlər! Şahnaz xanım qardaşının könlünü almaq istədi:
    – Hərənin bir əqidəsi var də, qardaş...
    Böyük bəy dedi:
    – Sən elə bilirsən ki, bunlar bir əqidə sahibidi?
    Fəxrəndə xanım kinayə ilə söz atdı:
    – Üzeyir bəyin millətin maariflənməsində haqqı var...
    Böyük bəy, elə bil ki, arvadının sözlərindəki kinayəni hiss eləmədi:
    – Bəs o birilər? – soruşdu. – Bunlar bolşeviklərə satılmış avantüristlərdi! Bunlar cəmiyyətdə istədikləri mövqeyi qazana bilmədikləri üçün, həyatın dibində çapaladıqları üçün, aristokratiyaya, var-dövlət sahibi olan ağıllı şəxslərə kin-küdurət bəsləyir... Müsavat liderləri isə, qırqovul kimi başlarını kola soxub, üzr istəyirəm, quyruqlarından xəbəri yoxdu! Heylə olmasaydı, doktor Nəriman bəy kimi kommunistlərin açıq-açığına meydan sulamalarına yol verilməzdi. Nikolayı taxtdan elə bu saldı! Gördünüzmü ingilisləri? Ermənini rusa qatdı, rusu müsəlmana qatdı, hamısını bir yerə yığıb, Şaumyanını da, Məşədi bəyini də, Ivanını da Ağcaqum səhrasında güllə-borandan keçirdi!..
    – Yazıq Mir Həsən bəy də onların arasında idi, qardaş...
    Fəxrəndə xanım bu dəfə kinayəsiz, açıq-aşkar bir hirslə:
    – Mir Həsən bəy dinc oturaydı, Şuşada balalarımıza dərs deyəydi, cavan yaşında qanına qəltan olmayaydı! Qudurğanlara qoşulanda, dinsiz-imansızlara qoşulanda axırı belə olar!
    Şahnaz xanım Fəxrəndə xanımla mübahisə eləmədi, qardaşından soruşdu:
    – Sizcə Müsavat nə etməlidi, qardaş?
    Böyük bəy, elə bil, özü də özünə bu sualı vermişdi və cavabını da çoxdan hazırlamışdı:
    – Bir gün, bir saat belə itirmədən xaricdən kömək istəmək lazımdır. Birinci növbədə Ingiltərədən! Firənglər özləri təxribat carçısıdı, almanlar da bu saat öz haylarındadı. Naxçıvan tərəfdə Türkiyə ilə sərhədi açmaq lazımdı. Dünya əfkarümumiyyəsini ayağa qaldırmaq lazımdı! Müsavat liderləri isə, başda Məhəmməd Əmin cənabları olmaqla, arxayın oturub süsən-sünbül oxuyurlar. – Sonra Böyük bəy papirosu külqabıya sıxıb söndürdü və ayağa qalxdı. – Yaxşı, siyasətdən bəsdi daha. Gəlin bir az gəzişək. Bu ab-hava ilə, bu təbiətlə bu söhbət heç uyuşmur bir-birinə...
    Və Böyük bəy, Fəxrəndə xanım, Şahnaz xanım həyətdəki hündür tut ağaclarının, qoz ağaclarının arası ilə gəzişməyə başladı; Böyük bəy nə isə dedi, Şahnaz xanım güldü, Fəxrəndə xanımın da dodağı qaçdı...
    ...Bu zaman naçalnik Kəriş bəy başının dörd-beş atlısı ilə çapa-çapa Molla
    Nəsrəddin yolundan çıxıb Daşaltı tərəfdən Şuşaya qalxdı...
    ... Bu dörd ildə Böyük bəyin imarətində təzə adam peyda olmuşdu. – Qüdrətin kiçik qardaşı Hümmət böyük qardaşının yerini tutmuşdu; Hümmət tələsik imarətdən çıxıb həyət darvazasına tərəf qaçdı, tələsik də darvazanın qapılarını taybatay açdı.
    Kəriş bəy başının atlıları ilə içəri çapdı:
    – Bəy evdədi?
    Hümmət:
    – Bəli, naçalnik! – dedi və Kəriş bəyin atının boynunu tutdu.
    Kəriş bəy atdan yerə atılıb yüyəni Hümmətə verdi və iti addımlarla imarətə tərəf getdi...
    ... Hümmət tələsik özünü bağçada gəzişən Böyük bəygilə yetirdi:
    – Ağa, naçalnik Kəriş bəy cənabları gəliblər...
    Böyük bəy təəccüb etdi:
    – Naçalnikdən nə əcəb bu vaxt? – Sonra, istər-istəməz, üst-başına baxdı. – Libasımı dəyişib gəlirəm. Get naçalniklə məşğul ol.
    Hümmət:
    – Işi vacibdi, ağa, – dedi. – Sizinlə tez görüşmək istəyir.
    Böyük bəy, elə bil, nəsə hiss edib, Fəxrəndə xanıma baxdı:
    – Siz gəzişin, – dedi və tələsik imarətə tərəf addımladı.
    Fəxrəndə xanım nigarançılıqla ərinin ardınca baxdı, sonra üzünü Şahnaz xanıma tutub dedi:
    – Bu gecə qardaşın gözünü də yummayıb...
    – Niyə?
    – Bütün Şuşa əhli danışır ki, Böyük bəyin bacısı bir ovçuya aşiq olduğu üçün heç kimə getmir, elçini elçi dalınca geri göndərir... Şahnaz xanım çoxdan bəri ürəyində yığılıb qalmış sözləri, birnəfəsə Fəxrəndə xanımın üzünə çırpdı:
    – Eybi yoxdu, o sağ gəlsə, mənim ərim olacaq, ölmüş olsa, mən onun xatirəsiylə yaşayıb heç kəsə getməyəcəyəm. Qoy desinlər ki, Mehmandar ağanın qızı bir kasıb ovçunun dərdindən qarıyıb evdə qaldı!
    Bu sözlər Fəxrəndə xanıma təsir etdi və bu dörd ildə saçlarına adda-budda dən düşmüş, iri qara gözlərinin qıraqlarında güclə seziləcək qırışlar əmələ gəlmiş bu qadın dərin bir mütəəssirliklə:
    – Böyük bəy həmişə sənə ata, mən də həmişə ana-bacı olmuşam, – dedi. –
    Adam anasıyla, böyük bacısıyla belə danışmaz... – Və Fəxrəndə xanım tələsik addımlarla uzaqlaşdı. Şahnaz xanım bu hündür ağaclar arasında, bu böyük bağda tək qaldı...
    ...Kəriş bəy Böyük bəyin otağında var-gəl edirdi, addım səsləri eşidib, qapıya tərəf baxdı. – Böyük bəy tələsik içəri daxil oldu:
    – Salam, Kəriş bəy, xeyir ola?
    Kəriş bəy Böyük bəyin əynindəki bu qəribə libasa fikir vermədən birbaşa mətləbə keçdi:
    – Dünən Müsavat nazirləri hökuməti bolşeviklərə təhvil veribdi. Gəldim sizə deyim ki, nə qədər camaat xəbər tutmayıb, özünüz barədə bir tədbir görəsiz.
    Kəriş bəyin sözləri Böyük bəyi tamam sarsıtdı və bəy cibindən bir papiros çıxarıb yandırdı:
    – Mən bunu gözləyirdim, – dedi.
    Kəriş bəy yenə də var-gəl edə-edə:
    – Vaxt itirmək olmaz, bəy, – dedi. – Qırmızıların on birinci ordusu Bakını alıb, ordadı, yeriyəcək ağzı bu tərəfə.
    Böyük bəy əlindəki papirosu hirslə yerə çırpdı:
    – Bəs siz onları necə qarşılayacaqsınız? Siz, Müsavat naçalnikləri?
    Kəriş bəyin sifəti sərt bir görkəm aldı və yerində dayanıb sərt də dedi:
    – Böyük bəy, boş mübahisənin yeri deyil. Mən sizinlə bir süfrədə duz-çörək kəsmişəm, bununçün da özümə borc bildim ki, sizi şəxsən xəbərdar edim!
    Böyük bəy özünü ələ aldı:
    – Bağışlayın, bəy, – dedi. – Bəs, siz özünüz nə eləmək fikrindəsiz?
    – Atlılarım sizin həyətdə gözləyir məni. Yarım saatdan sonra gedirəm Araz qırağına – öz kəndimiz Hacımahmudluya.
    – Sonra?
    – Sonra da baxarıq işin gedişatına... Lazım gəlsə, keçərəm Arazın o tayına.
    Rus ordusu sərhədi pozub Arazı keçməz. Iran, hər halda, Irandı...
    – Demək qaçırsınız?
    Kəriş bəyin sifəti yenə də sərt bir görkəm aldı:
    – Başqa nə etmək olar, bəy? Rusiyanın hırnan-zırı qanmayanları ayaq açıb üstümüzə yeriyir. Bizim millətin satqınları da onlara bələdçilik edir!..
    – Hökuməti şəxsən kimlərə təhvil veriblər?
    – Hökuməti Müsavatdan təhvil alanlardan mənə ikisi məlumdu: Həmid Sultanov, Çingiz Ildırım.
    Böyük bə, az qala, qəhqəhə çəkib güldü:
    – Qubadlı Ildırım bəyin oğlu Çingiz Ildırım?! – dedi. – Kommunist imiş demək! Öz xadimlərinin kim olduğunu bilməyən hökumətin aqibəti, əlbəttə, belə olar! – Və Böyük bəy qəfildən əlini iri yazı mizinin ortasına çırpdı. – Yox, mən qaçmayacağam.
    Kəriş bəy istehza ilə dedi:
    – Kəhrizli Əhməd bəyin qızı Ayna xanım da beş yüz atlı ilə Bərdənin yolunu kəsib, gözləyir ki, bolşevikləri Qarabağa buraxmasın...
    Bu xəbər, bu istehza ilə deyilmiş sözlər, elə bil, bir dirək oldu Böyük bəy üçün, yapışdı ondan:
    – Afərin, Ayna xanım! Kişi qızıdır! Siz müsavatçılarsa qaçın gizlənin, aralıq sakitləşəndən sonra hərəniz qolunuza bir qırmızı bağlayıb çıxarsınız ortalığa!
    Kəriş bəy acıqlı-acıqlı:
    – Mən belə sözlərə dözmərəm, bəy! – dedi. – Inciklik düşər araya! Vaxtı deyil! Əgər bir su səni aparırsa, ona sel deməyi bacarmaq lazımdı!
    Böyük bəy qışqıra-qışqıra:
    – Yox, Kəriş bəy! – dedi. – Yox! Bolşevik hökuməti axıra qədər davam gətirməyəcək! Rusiya camaatı acından qırılır! Xaricdən heç kim kömək eləmir. Təkcə lütlərlə dövlət yaratmaq olmaz! Ona görə də bizim müqavimətimiz məqsədəuyğundur. Biz, imkan düşdükcə, bolşeviklərin qabağını kəsib onları içimizə buraxmamalıyıq. Biz Bakı neftinin Rusiyaya daşınmasına mane olmalıyıq. Bu saat Rusiyaya neft hava, su kimi lazımdı! Mən bilirəm ki, siz deyən selin qabağında dayanmaq çətindi. Ona görə də əl-ələ vermək lazımdı!..
    – Mənasız işdi, bəy!
    – Niyə? Niyə? Nə üçün?
    – Çünki Lenin deyir: torpaq kəndlinin olmalıdı! Bilirsiniz bu nə deməkdi? Bəy, ac – qılınca çapar! Min illərdən bəri həsrətində olduğu torpağı kəndliyə boyun olandan sonra, onun qabağında da durmaq olmaz! Mən gedirəm, bəy, qoy Allah özü sizə kömək olsun!..
    ...Kəriş bəy başda olmaqla atlılar çapıb həyətdən çıxdı...
    ...Fəxrəndə xanım başıalovlu Böyük bəyin otağına girdi:
    – Bu nə xəbərdi, Böyük?
    Böyük bəy arvadını qorxutmasın deyə özünü ələ aldı, imkan daxilində, mülayim və sakit danışmağa çalışdı:
    – Düzdü, Fəxrəndə, bolşeviklər hökuməti yıxıblar Bakıda. Naçalnik Kəriş bəy buna görə gəlmişdi. Başımıza çarə qılmağımızı təklif edirdi.
    – Bəs sən nə qərara gəldin?
    Böyük bəy daha özünü saxlaya bilmədi qışqıra-qışqıra:
    – Vuruşacağam! – dedi. – Axır nəfəsimə kimi vuruşacağam! Bolşevikləri buraxmayacağam Qarabağa! Hümmət! Hümmət!
    Hümmət tələsik içəri girdi:
    – Bəli, ağa, nə buyurursunuz?
    – Gədələrdən üç-dörd nəfərini götürüb çaparsan Şahsevən Vəli bəyin evinə. Mənim adımdan deyərsən ki, Araz qırağındakı bəylərin hər biri yüz atlı ilə birigün səhər tezdən Bərdədə hazır olsun. Nə qədər patron ehtiyatları var, nə qədər yaraqyasaq var, götürsünlər! Di tərpən!
    Hümmət otaqdan çıxa-çıxa:
    – Baş üstə, – dedi...
    ...Hümmət başının üç-dörd atlısı ilə birlikdə çapıb bəyin həyətindən çıxdı...
    ...Rəngi-ruhu qaçmış Fəxrəndə xanım soruşdu:
    – Atlıları Bərdəyə niyə çağırırsan?
    Böyük bəy, elə bil ki, daha bu dəqiqənin özündən vuruşda idi, ehtirasdan və hirsdən yana-yana qızdırmalı-qızdırmalı dedi:
    – Kəhrizli Əhməd bəyin qızı Ayna xanım beş yüz atlı ilə Bərdədədi. Fikrim budu ki, onun atlıları ilə birləşib Yevlaxa gedək. Orda Gəncə, Şəmşir bəyləri ilə birləşək. Mən bu saat Kürdüstana çapıb Soltan bəylə görüşəcəyəm. Soltan bəy min beş yüz atlı çıxara bilər. Sonra Qazağa, o tərəfdən Qubaya, Lənkəran tərəfə, Şamaxıda Mehdi bəyə çapar göndərmək lazımdı. Gürcü menşevikləri ilə əlaqəyə girməyə çalışacağam, belə bir gün onları da gözləyir! Daşnaklardan kar aşmaz! Hə, başımıza çarə qılmalıyıq, düzdü! Nə qədər ki, Rusiyada bolşevik hökuməti hələ yerini möhkəmləndirməyib, başımıza çarə qılmalıyıq! Sonra gec olacaq! Bakıda düzəlmiş bolşevik hökumətinin bütün üzvlərini divara dirəyib bir-bir güllələyəcəyəm!..
    Fəxrəndə xanım Böyük bəyə yaxınlaşıb iki əli ilə də ərinin güclü qollarından yapışdı:
    – Böyük bəy! Mən sənin o vuruşlarına indidən xeyir-dua verirəm!
    Böyük bəyin gözləri doldu və o, Fəxrəndə xanımı bərk-bərk bağrına basıb:
    – Sağ ol, Fəxrəndə! – dedi. – Başqa cürə ola da bilməzdi. Sənin damarlarından gəncəli Cavad xanın qanı axır...
    ... Böyük bəy başının on-on beş atlısı ilə çapıb darvazadan çıxdı. Fəxrəndə xanım da, Şahnaz xanım da, evin bütün qulluqçu-qaravaşı, hamı Böyük bəyin ardınca su atdı...
    ...Böyük bəyin atlıları Şuşadan çıxıb Laçın yoluna düşdü və çapa-çapa Turşsu dağları arasında gözdən itdi.

II


    Qırmızı bayraq dalğalanırdı və bu bayrağı əlində tutmuş döyüşçü çapdıqca qırmızı bayraq qalan atlıların arasından keçib irəli çıxdı; qırmızı bayraq yol göstərirdi və bu yol indi Şuşa qalasına idi. Qırmızılar hücuma keçmişdi və bu dəm Əsgəran qalasının həndəvərində at kişnərtisi, səs-küy, güllə-boran ərşə qalxmışdı. Böyük bəyin atlıları davam gətirə bilmirdi.
    Atının ayaqları qırılan kim, bir gülləyə hədəf olub yerə sərilən kim, vuran kim, vurulan kim...
    Böyük bəy atırdı, Yunis bəy atırdı, Hümmət atırdı.
    Mirzə bəy bir qaya dibinə qısılıb atın cilovunu bərk-bərk əlində tutub saxlamışdı və özünü güllə qabağına verməyib bütün bu həngamənin, bu qanlı vuruşun nə ilə qurtaracağını gözləyirdi.
    Qırmızıları saxlamaq mümkün deyildi.
    Nicat Ovçuoğlu çapa-çapa əlini yuxarı qaldırıb qışqırdı:
    – Irəli! Irəli!
    Və bu çağırışdan sonra, elə bil, qırmızıların atları daha yeyin getdi, güllələri daha sərrast oldu.
    Birdən-birə Nicat Ovçuoğlunun altındakı atın qabaq ayaqları büküldü və düz alnından dəyən güllə atı yerə sərdi və Nicat Ovçuoğlu da bir göz qırpımında atın belindən yerə sıçrayıb:
    – Irəli! Irəli! – qışqırdı.
    Başına «Budyonnı papağı» qoymuş əsgərlərdən biri komandirin yanında atının cilovunu çəkdi və ağzından köpük tökülən at şahə qalxdı. Əsgər atın belindən atılıb:
    – Min, komandir. – dedi. – Atalar üçdən deyib, üçüncü atdı dəyişirsən!
    Nicat Ovçuoğlu atın belinə sıçradı və yenə də çapa-çapa:
    – Irəli! Irəli! – qışqırdı...
    ...Böyük bəy gülləsi qurtarmış «Mauzeri» yerə çırpdı:
    – Qıracaqlar hamımızı... – dedi. – Qıracaqlar... – Sonra ayaqlarını üzəngiyə basıb atın belində dikəldi və qışqırdı: – Çəkilin. Qurtarın canınızı! Salamat qalanlar Turşsu meşəsinə gəlsin!..
    Və Böyük bəy başının bir dəstə atlısı ilə sıldırım qayalar arası, daş-kəsək arası kəsə yolla Şuşaya tərəf çapmağa başladı.
    Bir dəstə qırmızı atlı onların ardınca düşdü.
    Bayaq öz atını komandirə verən cavan əsgər indi başqa bir atda Böyük bəyi qovurdu və Böyük bəy də, bu «Budyonnı papaq»lı cavan əsgər də güllələrdən yayına-yayına bir-birinə atırdı.
    Böyük bəy yenə də arxaya qanrılıb əlindəki tüfəngin tətiyini bir çəkdi, iki çəkdi, tüfəng açılmadı, bu dəfə də güllə qurtarmışdı.
    Cavan əsgər bunu başa düşdü və daha da bərk çapmağa başladı. Böyük bəy tüfəngi yerə atıb iki əlilə də cilovdan tutdu və atın yalına yatıb özünü qurtarmaq istədi, amma Böyük bəyin axırı yetmişdi deyəsən – cavan əsgər ona çataçatda idi. Və bu zaman bu sıldırım qayalar arasında qəfil bir güllə açıldı, cavan əsgər bir anlıq atın üstündə dikəldi, tüfəngi əlindən yerə düşdü, cilov əlindən çıxdı, iki əli ilə də başının arxasını tutdu, sonra bərəlmiş gözləri ilə qandan qızarmış əllərinə baxdı və bundan sonrasına vaxtı qalmadı, qızmış atın belindən sürüşüb böyrü üstə yerə sərildi və az qala, hədəqəsindən çıxacaq gözləri naməlum nöqtədə həmişəlik donub qaldı.
    Arxadan çapıb gələn Hümmət indicə nişan alıb atdığı tüfəngi atın qarınaltı qayışına keçirdi və vurulmuş cavan əsgərin yanından ötüb çapa-çapa da Böyük bəyə yaxınlaşdı.
    Böyük bəy:
    – Sağ ol! Sağ ol, Hümmət! – dedi və iki əlilə də üst-başını yoxladı, bir şey tapmayıb, barmağındakı böyük almaz qaşlı üzüyü çıxarıb Hümmətə tərəf atdı: – Sənindi bu!
    Hümmət üzüyü göydə tutub ovcunda sıxdı, sonra ovcunu açıb gün işığında par-par yanan almaza baxdı və dedi:
    – Buna görə çox sağ olun, bəy! Amma buna görə qurtarmadım sizi!
    Böyük bəyin gözlərində bir sevinc qığılcımı parladı və bəy fəxrlə nökərinə baxıb:
    – Bilirəm, Hümmət! – dedi. – Qeyrətli qardaşlarsınız siz! Amma bu da lazımdı. Görürsən, dünya qarışıq dünyadı indi. Bir saatdan sonra nə olacaq, bilmək olmaz. Balalarına xərclik elə.
    Və hər iki atlı çapıb sıldırım qayalar arasında gözdən itdi.
    ...Qırmızılar isə, «Ağa körpüsü»ndən keçirdi və daha onların qabağını heç kim kəsmirdi...
    ...Qırmızı bayraqlılar aramla, tələsmədən irəliləyirdilər...

III


    ...Axşam düşmüşdü və həmin axşam Böyük bəyin imarətində təkcə bir işıq yanırdı və indi Fəxrəndə xanımla Şahnaz xanım bu təkcə işığın – onluq lampanın arxasında üzbəüz oturmuşdu.
    Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə həyəcan, bir intizar, bir xof vardı.
    Birdən həyətdə səs-küy eşidildi, at ayaqlarının səsi gəldi, darvaza açılıbbağlandı və Gülgəz qaça-qaça içəri girdi:
    – Böyük bəydi, xanım. Gəldi Böyük bəy!
    Fəxrəndə xanım da, Şahnaz xanım da ayağa qalxdı və xanımların qalxmağı ilə də Böyük bəyin tələsik içəri girməyi bir oldu.
    Fəxrəndə xanım:
    – Böyük! – dedi.
    Şahnaz xanım:
    – Qardaş! – dedi.
    Böyük bəy əyninə «çərkəzka» geymişdi və bu saat bəyin üst-başı çirkin-pasın içində idi və belə bir görkəm Böyük bəyə heç yaraşmırdı; bəy qızdırmalı-qızdırmalı:
    – Həyəcanlanmayın! – dedi. – Qorxmayın. Fəxrəndə, qorxma. Bacım, heç bir şey olmayıb. Geri çəkilmək hələ məğlub olmaq deyil. Mən hələ qayıdacağam. Bolşeviklərə deyiləsi sözüm çoxdu hələ. Güllə ilə deyəcəyəm bu sözləri. Inanın, and olsun Allaha, dünənə qədər elə bilirdim ki, məndən çox nifrət eləmək mümkün deyil bolşeviklərə. Amma bu gün, indi, dünənkindən min dəfə, milyon dəfə artıq düşmənəm onlarla. Biz Qarabağ dağlarına çəkilirik, bir az qüvvə toplamaq üçün!.. Bir az nəfəsimizi dərmək üçün!.. Çoxdular!.. Vuruşandılar!.. Öldü var, döndü yoxdu deyəndilər... Fəxrəndə, gecə ikən ələ keçən nə varsa götür, Şahnazla birlikdə get Araz qırağında Şahsevən Xurşud bəyin evinə. On atlı seçmişəm, aparacaq sizi. Mən sizə orda baş çəkəcəyəm.
    Fəxrəndə xanım ayaq üstə titrəyə-titrəyə:
    – Mən sənsiz qala bilmərəm, Böyük! – dedi. – Nə götürəcəyəm mən! Bu malikanəni qoyub sənsiz neyləyəcəyəm mən? Sənsiz yuxumu gedər gözümə, Böyük? Səni and verirəm əmdiyin südə, sən hara, mən də ora!
    Böyük bəy:
    – Dağa-daşa düşmək çətin olar sənə, – dedi.
    Fəxrəndə xanımın boğazının damarları şişdi və xanım ayaq üstə güclə duradura:
    – Böyük! – qışqırdı. – Böyük!..
    Böyük bəy arvadının əlini sıxdı:
    – Yaxşı, – dedi, sonra yenə özündən çıxdı: – Məlunlar! Ac-yalavaclar!
    Evimizdən, babalarımızın min illik torpağından didərgin saldılar bizi! Yox, bu evə qayıdacağam mən, qayıdacağam! Sən hələlik burda qal, Şahnaz, hələlik. Gözüm üstündə olacaq, adamlarımın yarısını burda, sənin yanında qoyacağam. Palpaltarlarını dəyişib səni qoruyacaqlar. Lazım olsa, tez qaçıracaqlar səni. Yoxsa ki, səhər-axşam at belində, bu meşə sənin, o meşə mənim gəzmək sənin kimi bir qız xeylağına şayəstə deyil. Nökər-naibdən kimi istəyirsən?
    – Bir Gülgəz qalsa bəsdi. Başqa adam lazım deyil.
    Böyük bəy yana-yana:
    – Yox, – dedi. – Bir qulluqçu ilə səntək xanım keçinə bilməz. Aşpaz Hürü arvad, faytonçu Həbib, bir də bağban Muradxan dayı da qalar. Muradxan dayı etibarlı adamdı. Bəs... – Böyük bəy Fəxrəndə xanıma baxdı. – Bəs o çörəkçi Gözəl arvad hanı?
    Fəxrəndə xanım:
    – Bilmirəm, – dedi. – Bu gün sübh tezdən yoxa çıxıb...

IV


    Səhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı.
    Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi. Səhər tezdən idi, Şuşa təzəcə yuxudan ayılmışdı, amma elə bil ki, günün günorta çağı idi, böyük-kiçik hamı həyətlərdə, küçələrdə idi və ən qəribəsi də bu idi ki, elə bil, bu boyda Şuşada, o Şuşada ki, Qafqaz Parisi deyərdilər ona, bir nəfər də olsun bəy geyimli-kecimli, xanım geyimli-kecimli adam yox idi, hamısı şəhər alverçiləri idi, şəhər sənətkarları idi, adi şəhərlilər idi.
    Qalayçı qalayını çəkirdi, nalbənd eşşək nallayırdı, bağırsağçı bağırsaq aşılayırdı, sərrac yəhər düzəldirdi, misgər qazanla məşğul idi, palanduz palan tikirdi; xalçasatan idi, şirnisatan idi, çörəksatan idi, çəkmə-çust satan idi, müştəri gözləyirdi.
    Əslində bu dəm bütün Şuşa gözləyirdi.
    Kimsə:
    – Gəlirlər!.. – qışqırdı.
    Aləm bir-birinə dəydi. Camaat Şuşanın aşağısındakı «Ərimgəldi»yə yığışdı, «Xan qızı» bulağı boş qaldı, qızlar və o cümlədən, Gülgəz də camaata qoşulub şəhərin aşağı başına qaçışdı.
    Əvvəlcə at ayaqlarının tappıltısı, araba təkərlərinin cırıltısı eşidildi, sonra qırmızı bayraq göründü, sonra şeypur dilə gəldi və Nicat Ovçuoğlunun başçılığı ilə qırmızı əsgərlər dəstə-dəstə «Ərimgəldi»dən keçib Şuşaya daxil oldu... Bütün Şuşa tamaşaya çıxmışdı, kimi maraqla baxırdı, kimi məhəbbətlə baxırdı, kimi də paltarını dəyişsə də, gözlərinin ifadəsini dəyişə bilməmişdi, nifrətlə baxırdı...
    ...Gülgəz tələsik darvazadan içəri girib boş səhəngi bir tərəfə atdı və qaça-qaça Böyük bəyin imarətinə tərəf gəlib aşağıdan-yuxarı ikinci mərtəbəyə qışqırdı:
    – Gəldilər! Gəldilər, ay xanım!..
    Şahnaz xanım əlindəki kitabı bir tərəfə atdı, cəld ayağa qalxıb otağından çıxdı, tələsik pilləkənləri aşağı enib həyətə çıxdı:
    – Nədi? Nə olub? – soruşdu.
    – Gəldilər! Gəldilər, ay xanım!
    – Kim gəldi?
    – Bolşeviklər!
    Şahnaz xanım bir müddət susdu, sonra dedi:
    – Bəs, sən niyə sevinirsən, ay axmaq?
    Gülgəz təəccüblə Şahnaz xanıma baxdı:
    – Boy, ay xanım, bəs, onlar bizim hökumətimizdi də!.. Bizimkilərdi!..

V


    Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.
    Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.
    Çöldə bir yağış yağırdı ki, tut ucundan qalx göyə.
    Gülgəz:
    – Vallah, ay xanım, – dedi. – Heç gözüm alışmır e sənin bu görkəminə...
    Şahnaz xanım da, Gülgəz kimi, əyninə qulluqçu paltarı geymişdi. Şahnaz xanım bu sözlərdən, elə bil, pərt oldu və elə bil, bu sözlər Şahnaz xanımı daha da sıxdı:
    – Sənin işlərindi də... – dedi.
    – Yox, ay xanım, nənəmin canıyçün, Şuşadakı bütün xanımlar bu saat qulluqçu paltarı geyib... Ay xanım, vallah, lətifəsi sənə gəlməsin, böyük şeymiş geyim-kecim. Bayaq Şahbaz bəyin arvadı Pəri xanımı gördüm, Allah haqqı, nənəmin canıyçün, elə bil, ömür-billah qulluqçu-qaravaş olub! Pəri xanım e!..
    Şahnaz xanım əynindəki nimdaş paltarlara baxdı:
    – Vaxtında Yunis bəyə getsəydim, indi bu günə qalmazdım... Indi Parisdəydim, Brüsseldəydim, Allah bilir ki, haralardaydım...
    Gülgəz, elə bil, qulaqlarına inanmadı:
    – Hayıfsılanırsan, xanım?
    Şahnaz xanım öz-özüylə danışırmış kimi:
    – Bəzən hayıfsılanıram, – dedi. – Amma çifayda ki, ağıl deyirdi get Yunis bəyə, amma ürək qoymurdu. Ürək ovçu oğlandan ayrı dura bilmirdi...
    Gülgəz gizli bir sirr açırmış kimi:
    – Ay xanım, – dedi. – Bilirsən nədi? Bolşeviklərin böyüyünün adı
    Ovçuoğludu, özü də deyirlər buralıdı...
    Şahnaz xanım ayağa qalxdı:
    – Görmüsən onu?
    – Yox, ay xanım, böyüklərini görməmişəm... Bilirsən, ay xanım, deyirlər ki, bunnan sonra biz nə dedik, odu. Bunnan sonra bəy, xan, xanım olmayacaq. Bulaqdakı qulluqçular danışırdı ki, çoxu ağası Böyük bəylə bir yerdə Turşsu meşəsinə çəkilib. Xanımlar da qulluqçu paltarı geyib, kimi cəhrə əyirir, kimi corab toxuyur, deyəcəklər bolşeviklərə ki, ağamız xanımla qaçıb, biz də oturub sizin yolunuzu gözləyirik... Deyirlər ki, bu gün-sabah meşədən gəlib bolşevikləri qovacaqlar. Eh, Allah vurmuşdu onları, nə hünərin yiyəsidirlər ki, gəlib bu qədər qoşunu qırsınlar burda!
    Şahnaz xanım qulluqçu qıza çıxmırdı:
    – Kiri, ay qız!
    Gülgəz isə tələsik qulaqlarını şəkləyib:
    – Bu nə səsdi, ay xanım? – soruşdu.
    Və bu dəfə yağış şırıltısı arasından darvazanın döyəclənməyi lap aydın eşidildi.
    – Qapını döyürlər, ay xanım, gəlirlər deyəsən... Bəlkə açmayım?
    – Açmazsan, sındırarlar. Yeri get aç.
    Gülgəz ayağa qalxdı...
    ...Və başına şal tutub yağışın altında qaça-qaça Böyük bəyin həyət darvazasıia tərəf gəldi:
    – Kimdi? – soruşdu.
    – Açın! Hökumət adamlarıdı...
    ...Iki cavan oğlan və onların yanında bir arvad içəri girdi. Gülgəz arvada məhəl qoymadı, qaranlıqda onu tanımadı, başlarına «Budyonnı papağı» qoymuş uzun şinelli əsgərlərə:
    – Gəlin, – dedi. – Heç kim yoxdu evdə, ağayla xanım qaçıb, iki qulluqçu qalmışıq...
    ...Bu gecə qonaqları Şahnaz xanım oturan otağa girəndə, Gülgəz onluq lampanın işığında qonaqlarla gələn arvadı – çörəkçi Gözəli tanıdı:
    – Boy... başıma xeyir... Ay arvad, sən indi də bolşevik olmusan?
    Gözəl arvad özünü darta-darta:
    – Mən arvadlarla iş aparanam, – dedi. – Yalançının biri yalançı! Bolşevik hökumətini aldatmaq olmaz! – Sonra üzünü əsgərlərə tutub: – Bu birisi qulluqçu-zad deyil, – dedi. – Böyük bəyin bacısıdı.
    Oğlanlardan biri güldü:
    – Onsuz da, xanım paltarını dəyişəndə brilyant bilərziyi yadından çıxıb qolunda qalıb...
    Gülgəz nəsə demək istədi, bir söz tapmağa çalışdı, amma Şahnaz xanım qoymadı:
    – Düzdü, – dedi. – Bu arvad düz deyir. Mən Böyük bəyin bacısıyam.
    Ikinci oğlan soruşdu:
    – Bəy hardadı?
    – Bilmirəm.
    Gözəl arvad:
    – Yalan deyir, – dedi. – Bilməmiş olmaz...
    Gülgəz yanıb-yaxıldı:
    – Bay səni! Nə imansız arvadsanmış az sən!..
    Gözəl arvad qaşını çatdı, hirsli-hirsli:
    – Kəs səsini! – dedi. – Hökumətə sataşmaq olmaz!
    Əsgərlərdən birincisi yenə güldü və Gözəl arvada dedi:
    – Sən nə tez hökumət oldun, ay bacı?..
    Və bu vaxt Böyük bəyin imarətində addım səsləri eşidildi və bu səs get-gedə yaxınlaşmağa başladı.
    Əsgər oğlanlar qulaq asdı, ikincisi:
    – Kimsə gəlir, – dedi.
    Hər ikisi tapançanı çıxartdı. Gözəl arvad gizlənmək üçün ora-bura baxdı:
    – Allah, sən saxla! – dedi.
    Ayaq səsləri daha da yaxınlaşdı. Əsgərlər pusquda dayandı. Şahnaz xanım ayaq üstə quruyub qalmışdı. Gülgəz qorxudan tir-tir əsirdi. Gözəl arvad özünə yer tapa bilmirdi.
    Qapı döyüldü. Qapı bir də döyüldü. Sonra qapı açıldı. Şahnaz xanım heç cınqırığını da çıxarmadı. Əsgərlər təəccüblə komandirə baxdı. Gözəl arvadın matı-qutu qurudu. Gülgəz özünü saxlaya bilmədi:
    – Bıy, qağa, başına dönüm, sən göydən düşdün, nədi? Nicat Şahnaz xanıma baxdı:


<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 605 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more