Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aman ovçu, vurma məni …-3
<< 1 / 2 / 3 >>


    – Xoş gördük, – dedi.
    Şahnaz xanım heyrət, maraq və kədərlə, elə bil ki, birdən-birə başqa bir dünyadan peyda olmuş bu adama baxdı, onun uzun şinelini, belindəki tapançanı, başındakı ortası qırmızı ulduzlu kepkasını gözdən keçirtdi:
    – O ayaq səslərini eşidən kimi, ürəyimə damdı, ürəyimə damdı ki, sənsən. Gülgəz:
    – Ay qağa, – dedi. – Yoxsa o Ovçuoğlu dedikləri sənsən?!
    Nicat gözlərini Şahnaz xanımdan çəkmədi, necə baxırdısa, elə-eləcə də baxabaxa:
    – Hə, mənəm, – dedi:
    Gülgəz özünü saxlaya bilməyib, əlini şappıltıyla baldırına çırpdı:
    – Oy, qurban olum qağama! Gör necə böyük adam olub?
    Əsgərlər bir-birinə baxdı, sonra ikisi də otaqdan çıxdı. Gözəl arvad da onların ardınca sivişib çıxdı.
    Nicat dedi:
    – Maşallah, heç dəyişməmisən...
    Şahnaz xanım diqqətlə, bir görməmişliklə Nicata baxa-baxa qeyri-şüuri soruşdu:
    – Doğrudan?
    Gülgəz Şahnaz xanıma baxdı, Nicata baxdı, sonra bərkdən gülə-gülə:
    – Mən getdim kəklikotu yığmağa! – deyib gülə-gülə də otaqdan çıxdı.
    Şahnaz xanım:
    – Sən çox dəyişmisən... – pıçıldadı.
    – Qocalmışam?
    – Yox, qocalmamısan... Yox. Qorxuram mən səndən...
    Nicat bir söz demədi və bu zaman Şahnaz xanım birdən-birə özünü onun üstünə atdı:
    – Əzizim!.. – dedi. – Iki gözüm!.. – dedi. – Həyatım mənim!.. Sənsiz bir günüm, bir gecəm olmayıb bu illər ərzində!... – dedi. Nicatın üz-gözünü öpdü, oğlanın qüvvətli qolları arasında dünyada hər şeyi yadından çıxardı, dünyanın ən bəxtəvər adamı oldu və bu bəxtəvər pıçıltıyla da: – Nicat, – dedi, – tapançanı çıxart, məni vur, – dedi.
    Nicat dodaqlarını qızın saçlarında gəzdirə-gəzdirə:
    – Nə üçün? – soruşdu.
    Şahnaz xanım eyni bəxtəvərliklə:
    – Ölmək istəyirəm... – dedi. – Bax, bu saat, bu dəqiqə ölmək istəyirəm. Bu dəqiqəni özümlə həmişəlik aparmaq istəyirəm...
    Nicat yenə eyni zarafatla soruşdu:
    – Səni vurdum, bəs özüm?
    – Özün yaşa... – Şahnaz xanım Nicatın üz-gözünü öpə-öpə, nəfəsi tıncıxatıncıxa:
    – Hə, özün yaşa, – dedi. – Çox yaşa sən. Işin çoxdu sənin. Qocalıb belin büküləndə gələrsən.
    – Hara?
    – O biri dünyaya... Mənim yanıma...
    – Yox, mən o vaxta qədər sənsiz qala bilmərəm!
    Birdən Şahnaz xanım başını Nicatın sinəsindən qaldırıb düz gözlərinin içinə baxdı:
    – Zarafatdı, hə?
    – Yox! – dedi Nicat və bu bir kəlmə sözün qətiyyəti araya çökmüş səssizliyin hakimi oldu.
    – Bax, inanaram ha...
    – Inan, Şahnaz!
    Şahnaz xanım:
    – Sən mənim... sən mənim adımı necə mehriban pıçıldadın... – dedi və dəli bir ehtirasla oğlanı öpməyə başladı. – Mənim əzizim, mənim ovçum... Nə eləyirsən, elə!.. Kim olursan, ol!.. Qardaşımın qatili ol!.. Gözümün düşməni ol!.. Səninəm mən!.. Ölsəm də, qalsam da səninəm... Sənin! Yox, yox, ölmək istəmirəm daha... Xoşbəxtəm, bəxtəvərəm mən! Bu gecədən sən ərimsən mənim! – Sonra bərkdən qışqırdı: – Gülgəz! Gülgəz!
    Gülgəz yüyürə-yüyürə içəri girdi.
    Şahnaz xanım eyni qızdırmalı həyəcanla:
    – Tez samovarı eyvana çıxart! Yandır bütün şamları! Qorxma yağışdan! Plov qazanını as! Qonşudan çağır Axund ağanı. Nicata ərə gedirəm mən!
    Gülgəz sevinə-sevinə:
    – Allah xeyir versin, xanım! – dedi, sonra əlavə elədi. – Amma Axund ağa qaçıb axı...
    Şahnaz xanım qəribə bir təəccüblə Nicata baxdı:
    – Bəs Axundsuz necə olacaq?
    Nicat gülümsədi:
    – Eybi yoxdu. Bizim polkda qırmızı molla var.
    Şahnaz xanım:
    – Qırmızı molla? – soruşdu, sonra birdən-birə bərkdən gülə-gülə: – Hə! – qışqırdı. – Qoy Şahnaz xanımın kəbinini qırmızı molla kəssin! Qoy Böyük bəyin bacısına, Mehmandar ağanın qızına qırmızı molla xeyir-dua versin!..
    Nicat:
    – Sakit ol, – dedi. – Sakit ol.
    Gülgəz də bilmirdi ki, sevinsin, ya da qorxsun.

VI


    Bütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.
    Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.
    Nicat budəfəki camaatı yola salandan sonra, mizin üstündəki balaca zəngi götürüb səsləndirdi və elə bu səsə bəndmiş kimi, cavan əsgər içəri girdi:
    – Eşidirəm, yoldaş komissar.
    – Qaryagin tərəfdən nə xəbər var?
    – Dünən gecə bizim hissələr Qaryagindən ötüb Cəbrayılla Qubadlı qəsəbələrinə daxil oldu. Hələlik təzə bir xəbər yoxdu.
    Nicat yerindən qalxıb divardan asılmış böyük xəritənin qabağına gəldi:
    – Bəs Zəngilan?
    – Hələ bir məlumat yoxdu. Hacımahmudlu Kəriş bəy Horadiz tərəfdə Arazı keçmək istəyəndə bizimkilər tutublar. Burdadı indi.
    – Tək qaçırmış?
    – Üç-dörd bəylə mal-qaranı, qoyun-quzunu qabaqlarına qatıb, qaçırmaq istəyirmişlər o taya, iyirmi araba yükü xalı-gəbə, qızıl-gümüş aparırmışlar özləriylə.
    – Gətirin onu bura.
    Nicat öz yerinə keçməmişdən əvvəl pəncərədən Xəznə qayasına baxdı. Kəriş bəy əli arxasında içəri girdi və bəyin duruşunda, baxışında bir istehza vardı; islanmışın yağışdan qorxusu yoxdu. Kəriş bəy də bunu yaxşı başa düşürdü və bunu başa düşdüyü üçün də özünü kişi kimi aparırdı. Nicat cibindən maxorka kisəsi çıxarıb papiros bükdü.
    Kəriş bəy komissarın əlindəki papirosa işarə elədi:
    – Hökumət üzvü olanda da maxorka?
    Nicat gülümsədi:
    – Eybi yoxdu, vaxt gələr, bahalı papiros da çəkərik. Qaça bilmədiz, hə, bəy?
    – Zəmanə sizin zəmanədi indi...
    – Yaxşı, bu mal-qaranı ki, götürüb aparırdız, demirdiz, bəs, nəylə dolanacaq arvad-uşaq?
    – Bəs, siz onlara yağ-bal verməyəcəksiz? Süd gölündə üzdürməyəcəksiz?
    Əlbəttə, belə olmayacaq! Olmayacaq belə! Onsuz da, acından öləcəklər hamısı! Rusların qabağına düşüb viran elədiniz yurdumuzu. Atasını yandırdınız Vətənin, elin, obanın. O vətənin ki, – Kəriş bəy iki barmağını düz tutub hirslə, az qala, öz gözlərinə soxdu, – bax, bu iki gözümü də verərəm onun yolunda, «uf» demərəm!
    Nicat Ovçuoğlu papirosu külqabıda sıxıb söndürdü və dedi:
    – Bəs biz ki, bu qədər pisik, siz də vətəni beləcə istəyirsiz, onda niyə vətəni də, eli-obanı da qoyub Arazı keçib qaçırsız?!
    Kəriş bəy bir söz demədi və bu zaman cavan əsgər hövlnak içəri girib:
    – Yoldaş komissar, bir nəfər hay-küy salıb yaraqlı-yasaqlı içəri girmək istəyir.
    – Kimdi?
    – Kim olduğunu demir. Hündürboy, zəhmli kişidi.
    – Buraxın içəri. Bunu isə aparın.
    – Yoldaş komissar, tüfəngli-zadlı buraxaq?
    – Əməl edin, yoldaş Valeh!
    Cavan əsgər Kəriş bəylə birlikdə otaqdan çıxdı və onların çıxmağı ilə də
    Solaxay Həsənalının içəri girməyi bir oldu.
    Nicat tələsik yerindən qalxıb kişinin əlindən yapışdı.
    – Xoş gördük, ata! Başa düşdüm ki, sənsən! Necəsən, ata?
    Solaxay Həsənalının sifətində bir tük də tərpənmədi.
    – On gündü gəlmisən, indi soruşursan? Yoxsa, Gülablını tay şəninə sığışdırmırsan?
    Nicat gülümsəyib:
    – Inciməyə haqqın var, ata, – dedi. – Sağ-salamat olmağından hal-əhval tutmuşam. Özüm də ha deyirəm indi gedərəm, bir saatdan gedərəm, hər dəfə bir iş çıxır ortaya. Biz bu saat əksinqilabla ölüm-dirim mübarizəsi aparırıq, yəni ki, onların ölümü, bizim diriliyimiz.
    Solaxay Həsənalı əlindəki beşatılanın qundağını yerə söykəyib necə dayanmışdısa elə-eləcə də dedi.
    – Ona görə də oturmusan Böyük bəyin imarətində? Ona görə də Böyük bəyin bacısını almısan?
    Nicat köksünü ötürüb bir müddət susdu və burası tamam aydın idi ki, qarşısındakı atası yox, bir başqası olsaydı, cavabını alardı.
    – Əvvəla burada müvəqqəti qalıram, ata. Ikincisi, indi bu mülk nə mənimdi, nə də Böyük bəyin, xalqındı, məktəb eləyəcəyik buranı. O ki, qaldı... Sən bilirsən ki, mənim onun bacısı ilə münasibətim çoxdanın əhvalatıdı...
    – Heç bir namuslu oğul atasının dədə-baba yurdunu dağıdıb kor qoyan, özünü dost-düşmən yanında xar eləyən namərd düşməninin bacısını almazdı!
    – Qızın nə təqsiri vardı, ata? Bacı qardaşın, özü də Böyük bəy kimi bir qardaşın işinə necə cavabdeh ola bilər?!
    Solaxay Həsənalı qəzəbindən boğula-boğula:
    – Düşmənin böyüyü-kiçiyi yoxdu, – dedi. – Düşmən düşməndi! Bəs, mənim nə günahım vardı? Kişi əcdadının namusunu arvada satmaz!
    – Ata!.. – Nicat özünü güclə ələ aldı. – O qızın ürəyi...
    Solaxay Həsənalı oğlunun sözünü kəsdi:
    – Boşla bu əzginiş sözləri! Kişi söhbəti danış! Arvadın dili şeytan dilidi. Onun felinə düşməmək üçün kişi olmaq lazımdı!
    Nicat dərindən nəfəs alıb:
    – Sağlıq olsun, ata... Vaxt gələr, görərsən ki, yaxşı qızdı o...
    Solaxay Həsənalı birdən-birə maraqlandı:
    – Kəbin kəsdirmisən ona?
    – Əlbəttə.
    – Kim kəsib kəbini?
    – Qırmızı molla.
    Solaxay Həsənalı təhdidlə:
    – Deyəsən, məni dolayırsan, – dedi. – Mollanın da qırmızısı, ağı olur? Hardadı o qırmızı molla?
    – Bizim polkda.
    Bu dəfə Solaxay Həsənalı dərindən nəfəs aldı:
    – Allaha şükür ki, ona bizim molla kəbin kəsməyib! Günü bu gün qov getsin!
    – Bu nə zarafatdı, ata?
    Solaxay Həsənalı qəzəblə:
    – Sən mənim ömrümdə zarafat eləməyimi görmüsən?! – soruşdu. – Dedim ki, qov getsin!
    Nicat həyəcanla:
    – Bu, mümkün olan iş deyil, ata! – dedi.
    – Sən kişisən! Əyər o sənin ürəyinin bir parçasıdısa, o parçanı kəs at, qoy Böyük bəy görsün ki, bir olan Allah nahaq işi qisassız qoymaz! Böyük bəyin ingilis banklarında milyonları var. Gedib yenə kefi istəyən kimi yaşayacaq, mənim qisasımı bəs kim alacaq?! – Solaxay Həsənalı bir müddət susdu, sonra dərin bir kinlə: – Onun bacısını bir qatıra mindir, – dedi. – Göndər hüzuruna. Qoy yansın ciyəri qiyamətəcən!
    Bu dəfə daha Nicatın təmkini tab gətirmədi:
    – Bəsdi, ata! Bəsdi!
    Solaxay Həsənalı hiddətlə guruldadı:
    – Qışqırma! Naməkbəharam! Yoxsa, elə bilirsən ki, qapında soldat durur deyən, səndən qorxub çəkinəcəyəm? Bu gündən sən adlı oğlum yoxdu mənim! Qoy Böyük bəyin yurdunu, yuvasını dağıdıb qapılara saldığı ananın südü sənə haram olsun! Dörd ildi at belindən düşmürəm, dağlar, daşlardı məskənim, Böyük bəyin adamları izləyiblər məni ki, vursunlar. Kaş elə vuraydılar! Solaxay Həsənalı ayağı ilə qapını vurub açdı, əl-ayağa dolaşanları o tərəf-bu tərəfə itələyib həyətə çıxdı, qapı ağzında gözləyən atın belinə sıçrayıb bir cavan oğlan kimi çapdı və Böyük bəyin həyət darvazasından çıxıb getdi...
    ...Valeh komissarın otağına girdi:
    – Yoldaş komissar, üç gün bundan əvvəl üzə çıxıb, guya ki, bizim tərəfə keçən qaçaq Şahmar günün günorta çağı Hüseyn bəyin evinə basqın eləyib, bütün qiymətli şeyləriylə bərabər, iki uşaq anası cavan arvadını da kəbinli-kəbinli zorla götürüb qaçırıb.
    Elə bil, hələ də özünə gəlməyən Nicat Ovçuoğlu bir biganəliklə:
    – Bəs Hüseyn bəy özü hardaymış? – soruşdu.
    – Hüseyn bəy biz gələndə qaçıb. Harda olduğu məlum deyil!
    Və bu vaxt elə bil ki, Nicatın bütün hirsi, kini bir vulkan kimi püskürdü:
    – Yerin dibində də olsa, qaçaq Şahmarı tutub tribunala vermək lazımdı!
    Güllələmək lazımdı belələrini camaatın gözü qabağında! Aydındı?
    Valeh tələsik:
    – Bəli, yoldaş komissar, – dedi, – aydındı!
    Nicat bir balaca özünə gəlib:
    – Bahadırdan nə xəbər var? – soruşdu:
    – Qaçaq Bahadır bu saat öz dəstəsilə Topxana meşəsindədi... Qara camaat onun xətrini istəyir, yoldaş komissar...
    – Bilirəm. Hazırlaş, sabah sübh tezdən onunla görüşməliyik.
    – Neçə atlı götürək?
    – Ikimiz gedəcəyik, sənlə mən. Qorxmursan?
    – Mən yox, yoldaş komissar, sizin həyatınız üçün təhlükəli olar. Hər halda, qaçaq qaçaqdı... Bələdçi də götürməyək?
    – Bələdçi? – Nicat Ovçuoğlu gülümsədi. – Topxana meşəsində mənə bələdçi lazım deyil, Valeh...

VII


    Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı. Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
    – Mən sənin əzablarını hiss edirəm, Nicat, – dedi. – Bütün yoldaşların, dostların kimi, atan da məni düşmən hesab edir. Burax məni çıxım gedim...
    Nicat tamamilə qeyri-şüuri:
    – Hara gedəsən? – soruşdu.
    – Uzaqlara... Heç kəsin məni tanımadığı bir yerə...
    Nicat onun saçlarını qatışdırdı:
    – Uşaqsan sən?.. Yat. Atamdan da incimə.
    – Heç kəsdən incimirəm mən... Amma çıxıb getmək istəyirəm... Baş götürüb qaçmaq istəyirəm... Suçlu adamlar kimi heç kəsin üzünə baxa bilmirəm... Elə bil, nədəsə, təqsirkaram. Bilmirəm nədi bu, Nicat... Adamların baxışı məngənə kimi sıxır ürəyimi... Istəmirəm ki, atanla da düşmən kəsiləsən mənim üstümdə...
    Nicat:
    – Vaxt gələr, – pıçıldadı, – atam da başa düşər öz səhvini. Inqilabın mənasını, qanunlarını hamıya birdən başa salmaq çətin işdi. Qınama atamı. Çar üsul-idarəsi, ağalıq dünyası sümüklərinə qədər yandırıb-yaxıb onu... Fikirləş də, bir... – Nicat yavaş-yavaş qızışırdı. – Öz vətənimizdə vətənsiz idik. Ana dilimiz belə işə keçmirdi. Dövlət işlərinə yaxın buraxmırdılar bizi. Bizim nə xarici siyasətdən xəbərimiz olurdu, nə də daxili siyasətdən. Milli vüqarımızı ayaqlar altına salıb tapdalayırdılar.
    – Indi sizin yaratdığınız təzə dövlətdə bunların hamısına son qoyulacaq?
    – Şübhəsiz! Çünki biz deyirik: bütün cinayətlərin, haqsızlıqların kökü bir sinfin o birisinin üzərindəki ağalığıdı. Biz zəhmətkeş xalqla birlikdə elə bir cəmiyyət quracağıq ki, orada kim zəhmət çəkirsə, o da yaxşı yaşasın. Hər bir vətəndaş öz hökumətinin nə elədiyini, nə işlə məşğul olduğunu bilsin. Örtülü qapılar dalında heç nə həll edilməsin. Istismara son qoyulacaq, Şahnaz! Şahnaz xanım bir müddət heç nə demədi, sonra pıçıldadı.
    – Kaş sənin bu gözəl arzuların bir xam xəyal olmayaydı, Nicat!.. Nicat dərin bir inamla:
    – Vaxt gələcək, özün görəcəksən öz gözlərinlə bu arzuların həqiqət olduğunu.

VIII


    Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.
    Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
    Mirzə bəy:
    – Ağlım kəsmir Bahadırdan bizə bir xeyir gələ! – dedi. – Böyük bəy nahaq göndərdi onun üstünə bizi!..
    Yunis bəy:
    – Qorxursan? – soruşdu.
    Hümmət bu sualdan qımışdı.
    Mirzə bəy:
    – Qorxan gözə çöp düşər deyiblər, Yunis bəy! – dedi. – Mən gədə-güdədən qorxan oğullardan deyiləm! Pişikdən qorxan yuvasından çıxmaz!
    Yunis bəy:
    – Tanıyıram səni! – dedi.
    Bəylər çapa-çapa meşədə görünməz oldu...
    ...Və bu çən-çiskin altında iki atlı da çapa-çapa yuxarı başdan Topxana meşəsinə girdi.
    Valeh:
    – Yoldaş komissar, qaçaq Bahadırı tanıyırsız siz? – dedi.
    Nicat Ovçuoğlu:
    – Uşaqlıq yoldaşımdı mənim, – dedi.
    Hər iki atlı çapa-çapa meşədə görünməz oldu.
    ...Topxana meşəsi sükut içində idi və meşənin bu sükutunda bu dəm, elə bil ki, bir əbədilik vardı, amma birdən-birə qəfil bir səs bu sükutu pozdu:
    – E-he-he-hey!..
    Topxana meşəsi bu səsə əks-səda verdi və bu əks-səda hər tərəfi bürüdü.
    Bəylər aşağıdan çapa-çapa yuxarı qalxırdı və onlar irəlilədikcə o ağacın dalından, bu daşın dibindən bir qaçaq qalxıb tüfəngini tuş tuturdu.
    Bəylər qaçaqların düşərgəsinə yaxınlaşanda, başında motal papaq, çiynində yapıncı bir qaçaq Bahadırı səslədi:
    – Bəylər gəlib, Bahadır!
    Qaçaq Bahadır mağaradan çıxıb bəyləri ayaq üstə qarşıladı.
    Yunis bəy atı irəli sürdü:
    – Məni tanıyırsan, Bahadır, düşmənik sənlə! Dost başa baxar, deyiblər, düşmən ayağa. Indi gözüm gözündədi sənin! Böyük bəy yollayıb bizi! Turşsu meşəsindədi Böyük bəy, atlılarıyla birgə. Bolşeviklər taxtabiti kimi, eli-obanı bürüyüb, Bahadır. Dinsiz, imansızdılar! Hörmət-izzət aradan götürülüb! Namus, qeyrət ayaq altına düşüb! Vətənin, millətin yaman günüdü! Olub-keçənləri yaddan çıxarıb Böyük bəy! Sən də unut! Igid igidə xor baxmaz! Turşsu meşəsinə çağırır səni Böyük bəy, dəstənlə bir yerdə. Bolşeviklərə divan tutmaqdan ötrü! Millət uğrunda! Qeyrət, namus, kişilik yolunda!
    Qaçaq Bahadır yaxınlaşıb Yunis bəyə baxdı, sonra Mirzə bəyə baxdı, sonra yaxınlaşıb o biri bəylərə bir-bir baxdı, Hümmətə baxdı, sonra iti addımlarla geri qayıdıb atının belinə sıçradı. Topxana meşəsində milçək uçsaydı, səsi eşidilərdi.
    Qaçaq Bahadırın atı şahə qalxdı və Qaçaq Bahadır çapıb Yunis bəylə üz-üzə durdu.
    – Tanıyıram səni, Yunis bəy, – dedi Qaçaq Bahadır. – Igidliyinə sənin sözüm yoxdu!
    Sonra Qaçaq Bahadır atın ağzını döndərdi və at yenə də şahə qalxdı.
    Qaçaq Bahadır qışqırdı:
    – Atlanın!
    Qaçaqlar bir göz qırpımında atların belinə sıçradı.
    Qaçaq Bahadır dedi:
    – Qaçaqlar! Bir hökumətlə ki, bunlar vuruşur, – əlini uzadıb Mirzə bəyi göstərdi – o hökumət sizin hökumətdi demək!
    Yenə milçək uçsaydı, Topxana meşəsində səsi eşidilərdi.
    Qaçaq Bahadır dedi:
    – Qaçaqlar! Illərdən bəri arvad-uşaqdan ayrı düşmüsüz, gecə-gündüz at belində mürgüləmisiz, ürəyiniz doludu dərdlə, innən belə istəmirəm ki, qocalıb əldən düşənə kimi at belində qalasız! Məqam yetişib, gün çatıb! Torpaq gözləyir sizi! Arvad-uşaq gözləyir sizi! Gedin yeni hökumətdən aman istəyin! Dağılın, gedin ev-eşiyinizə!
    Araya sükut çökdü. Mirzə bəy açıq-aşkar bir istehza ilə Yunis bəyə baxdı.
    Gözlərini Qaçaq Bahadırdan çəkməyən Hümmət tüfəngə əl atdı. Yunis bəy onun əlindən yapışdı.
    Yaşlı bir qaçaq irəli çapıb:
    – Bəs sən? – soruşdu.
    Qaçaq Bahadır:
    – Daha mənə bənd olmayın. – dedi. – Mən nə eləyəcəyimi sonra fikirləşəcəyəm. Allah kərimdi!
    Qaçaqlar səs-küy saldı:
    – Sənsiz getmirik biz!
    – Sənsiz dağılmırıq!
    – Sən hara, biz də ora!
    Qaçaq Bahadır yəhərin qayışından tüfəngini çıxarıb yuxarı qaldırdı:
    – Qaçaqlar! Qardaşlar! Bugünkü günə qədər qaçaq Bahadırın bir sözünü iki eləməmisiniz! Bu gün də eləməyin, yaraşmaz sizə! – Sonra qaçaq Bahadır əlindəki tüfəngi yerə atdı, patrondaşı da belindən açıb yerə tulladı. – Qaçaq Bahadır yoxdu daha! – Salamat qalın! Niyyət olmasın, qismət olsun, görüşərik, inşallah... Və qaçaq Bahadır düşərgədən uzaqlaşdı.
    Qaçaqlar bəylərin yanından ötüb aşağı düşdü.
    Yunis bəy:
    – Gedək. – dedi. – Xeyir xəbər aparmırıq Böyük bəyə.
    Mirzə bəy alışıb-yanan həris gözləriylə Yunis bəyə baxıb:
    – Siz gedin, – dedi. – Gəlib çatacağam sizə. – Və Mirzə bəy atı mahmızlayıb çapıb gözdən itdi.
    ...Qaçaq Bahadır Topxana meşəsində bir düzənliyə çıxdı və bu düzənlikdən başı qarlı Kirs dağı açıq-aydın görünürdü.
    Qaçaq Bahadır atın cilovunu çəkib dayandı, yapıncısının boyunluğunu açıb çiynindən atın tərkinə saldı, əlində tutduğu sapı sədəflə işlənmiş qamçını təpəsiylə buxara papağını alnının üstündən yuxarı itələdi və başı qarlı Kirs dağına baxdı və elə bil ki, bu dağın böyüklüyü, azadlığı, sərbəstliyi qaçaq Bahadıra da sirayət etdi və qaçaq, güman ki, illərdən bəri hiss etmədiyi bir azadlıqla sinə dolusu nəfəs aldı və elə bu vaxt namərd gülləsi bütün bu yerləri lərzəyə gətirdi. Qaçaq Bahadırın əlləri süstləşib yanlarına düşdü, gözləri hələ də Kirs dağına baxa-baxa böyüyüb az qaldı hədəqəsindən çıxsın, sonra qaçağın beli büküldü, başı atın yalına düşdü.
    Atışmada qaçaqaça adət eləmiş at yerindən götürüldü. Qaçaq Bahadırın əlindən sürüşüb düşən sapı sədəfli qamçı elə-eləcə o düzənlikdə qaldı.
    Mirzə bəy at belində ağaclıqdan çıxıb gülümsəyə-gülümsəyə özündən razı-razı Qaçaq Bahadırı aparan atın ardınca baxdı, sonra indicə pusquda durub atdığı tüfəngi yəhərin qayışına keçirdi...
    ...Yunis bəy uzaqdan güllə səsi eşidib atın cilovunu çəkdi və tələsik də o biri bəylərə:
    – Siz gedin, gəlirəm, – dedi və atı səs gələn tərəfə çapdı...
    ...Yunis bəylə Mirzə bəy Topxana meşəsində üz-üzə gəldi.
    Mirzə bəy nəşəli-nəşəli:
    – Gəbərtdim köpək oğlunu! – dedi.
    Yunis bəy bütün hirs-hikkəsini Mirzə bəyin üstünə tökdü, səhərdən bəri bütün bu əhvalat barədə bir kəlmə də deməyib partlayırdı, axırı ki, bir fürsət düşdü, bir məqam yetişdi, bağıra-bağıra:
    – Silahsıza güllə atdın? – soruşdu Yunis bəy. – Arxadan vurdun onu? Sənin kimi çaqqallara qoşulduq, igidlərə düşmən olduq, axırımız da belə oldu! Ac-yalavac bolşeviklərin əlindən baba yurdumuzda çıraq yandıranımız qalmadı! Tüfəngsizə tüfəng tuşlayan oğraş! Qaldır tüfəngi!
    Dalbadal iki güllə açıldı.
    Mirzə bəy atdan sürüşüb yerə sərildi. Yunis bəy atın ağzını döndərib çapıb gözdən itdi. Mirzə bəyin yalqız atı bu çapaçapdan, bu vurhavurdan xilas olub sakit-sakit ağacların dibini otlamağa başladı.
    ...Nicatın ardınca gedən Valeh:
    – Elə bil, kimsə gəlir, yoldaş komissar, – dedi.
    Nicat cilovu çəkib dayandı.
    Valeh tüfəngi belindən aşırdı. Və elə bu vaxt Qaçaq Bahadırın atı ağaclar arasından çıxıb onlara sarı gəldi. At yavaş-yavaş, ehmalca addımlayırdı. Bahadır üzü üstə eləcə atın yalına düşüb qalmışdı və neçə müddət idi at onu beləcə belində gəzdirirdi. Bahadırın atı Nicatgilə çatıb dayandı və başını aşağı saldı.
    Bir müddət heç kim heç nə demədi, sonra Nicat:
    – Bahadırdı, – dedi. – Düş, Valeh, düş. Düş basdıraq onu. Topxana meşəsi son məskəni olsun Bahadırın...

IX


    Şahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı. Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:
    – Nədi? Nə olub? – soruşdu.
    Gülgəz bir təəccüblə:
    – Heç bir şey, xanım, nə olasıdı ki?
    – Bəs, niyə mənə heylə baxırsan?
    – Nə cür, xanım?
    Şahnaz xanım, elə bil, birdən yuxudan oyandı, yenə pəncərədən Topxana meşəsinə baxdı.
    – Fikir ver, elə bil, Topxana meşəsi tilsim içindədi.
    Gülgəz qorxdu əməlli-başlı:
    – Bismillah de, xanım. Tilsim nədi?.. Dumandı çöküb üstünə...
    – Mənə xanım niyə deyirsən?
    – Bəs nə deyim?
    Şahnaz xanım gülümsədi:
    – Yoldaş de. Yoldaş Şahnaz...
    – Bəsdi, sən Allah... Niyə özünü axı, belə həlak eləyirsən?.. Nə olub axı, ay xanım?
    – Görəsən, Nicat niyə gecikdi?
    – Xəbər göndərib ki, bəlkə gecə gəlmədi...
    Şahnaz xanım qəribə bir təəccüblə:
    – Bəs, mənə niyə bir söz deməyib? – soruşdu.
    Gülgəz çiyinlərini çəkdi:
    – Yəqin qəflətən işi olub də...
    Şahnaz xanım pıçıltıyla təkrar etdi:
    – Qəflətən...
    Gülgəz, elə bil, qorxdu yenə:
    – Heç bilmirəm, axır vaxtlar niyə belə olmusan, xanım...
    Şahnaz xanım birdən-birə vahimələnib:
    – Nə cür axı? Nə cür? – soruşdu.
    – Eyzən fikir-xəyal içindəsən. Hər şeydən şübhələnirsən. Mən dedim sən Nicata gedəndən sonra dünyanın bəxtəvəri olassan... Elə istəyir səni o, ay xanım, elə istəyir!
    Şahnaz xanım, elə bil, öz-özüylə danışırdı:
    – Bəs, mən istəmirəm onu? Amma onu nə qədər öpürəm, oxşayıram onu nə qədər, yaxınlıq eləyirəm nə qədər, ürəyimi sakit eləyə bilmirəm... Bir nigarançılıq boğur məni, Gülgəz...
    Şahnaz xanım qulluqçu qızı qucaqlayıb ağladı.

X


    Valeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi. Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
    – Nə olub?
    – Yoldaş komissar, bu saat xəbər gətirdilər ki, Böyük bəylə Gəncəli Həmid bəyin atlıları Yevlax tərəfdə dəmir yolunu dağıtmaq üçün əli bel tutan kəndliləri silah gücünə yığıb aparıblar...
    Nicat yorğun-yorğun:
    – Bakı ilə, Rusiya ilə əlaqəmizi kəsmək üçün... – dedi, sonra birdən-birə yumruğunu mizə çırpdı. – Bu, axırıncı döyüş olmalıdı!..
    ...Nicat şinelinin kəmərini bağlayıb, evdən çıxaçıxda Şahnaz xanım içəri girdi:
    – Yenə gedirsən?
    – Hə, təcili gedəsi oldum, Şahnaz. Nigaran qalma məndən. Gecə gəlməyəcəyəm.
    Bir müddət sükut çökdü, sonra Şahnaz xanım təkrar elədi:
    – Nigaran qalma məndən... Gecə gəlməyəcəyəm.
    Yenə araya sükut çökdü və Nicat bir anlıq, elə bil, bütün işini-gücünü yadından çıxartdı, arvadına yaxınlaşıb qucaqladı, elə bil, təkcə Şahnaz xanıma yox, özünə də təskinlik verdi:
    – Zamanə belədi, Şahnaz... Tələsiklikdi... Heç nə dayanıb gözləmir... Amma eybi yox... Pis günün ömrü qısa olar.
    – Inanırsan buna?
    Nicat Şahnaz xanımın gözlərinin içinə baxdı:
    – Inanıram. Sən də inan.
    – Hara gedirsən?
    Nicat bir az tərəddüdlə dedi:
    – Gəncə-Qarabağ bəyləri dəmiryol xəttini dağıtmaq istəyirlər.
    Şahnaz xanım ərinin qollarının arasından çıxdı.
    – Gəncə-Qarabağ bəyləri... Başçıları Böyük bəylə Həmid bəy, hə? Biri qardaşım, biri də xalam oğlu. Ərim də onların üstünə gedir... Kimsə ölə bilər, vurula bilər, qanına qəltan olar, ya qardaşım, ya ərim, hə?..
    Nicat:
    – Böyük bəy düşməndi, Şahnaz... – dedi.
    Şahnaz xanım çığırdı:
    – Yox! Böyük bəy qardaşımdı mənim!..

XI


    Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.
    Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.
    – Böyük bəy! – qışqırdı Yunis bəy. – Həmid bəy otuza yaxın atlısıyla qaçıb canını qurtardı. Bir azdan keçəcək Arazı.
    Böyük bəy əl saxlayıb hiddətdən alışıb-yanan gözləriylə altdan-yuxarı Yunis bəyə baxdı:
    – Nə deyirsən, Yunis bəy, mən də qaçıb canımı qurtarım?!
    – Yox, sən Həmid bəy deyilsən! Amma qırğına vermək olmaz bu qədər camaatı! Gözləyənləri var evdə-eşikdə!
    – Bəs bizim, bəs bizim, bəs bizim gözləyənlərimiz yoxdu?!
    Və bu zaman qumbara partladı və hər tərəf toz-torpaq içində görünməz oldu. Böyük bəyin bağırtısı da eşidilməz oldu, sonra yavaş-yavaş sakitlik çökdü, toztorpaq yatdı, üz-gözü çirkin-pasın içində olan Böyük bəy ətrafa baxdı. Yunis bəy arxası üstə qayalığa çırpılıb qalmışdı və onun cəsədi qıpqırmızı qan içində idi, bir az aralıda isə atı yerə sərilmişdi.
    Böyük bəy sürünə-sürünə Yunis bəyə yaxınlaşdı, başını qaldırıb dizlərinin üstünə qoydu, bir müddət bu cavan, yaraşıqlı oğlanın sifətinə baxdı, sonra tozlutorpaqlı ovcu ilə Yunis bəyin gözlərini qapadı...
    ...Valeh qaça-qaça:
    – Yoldaş komissar! – qışqırdı. – Böyük bəy mühasirədən çıxa bilmədi!
    Bizimkilər onu diri tutublar!
    Şəfqət bacısı Nicatın yaralı qolunu sarıyırdı.

XII


    Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.
    Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:
    – Şahnaz! Şahnaz! – deyə səslədi.
    Şahnaz xanım çarpayısından dik atılıb qulaq asdı.
    – Şahnaz! Şahnaz!
    Şahnaz xanım əynindəki gecə köynəyiylə, döşü-başı açıq özünü artırmaya atdı:
    – Kimsən?
    – Aşağı düş.
    Şahnaz xanım bu səsi tanıdı:
    – Fəxrəndə xanım?
    Fəxrəndə xanım çadranı başından atıb soyuqqanlıqla:
    – Sus... – dedi. – Səs salma! Tez ol, aşağı düş...
    Şahnaz xanım tələsik çiyninə şal salıb tələm-tələsik, səssiz-səmirsiz aşağı düşdü, həyətə çıxıb Fəxrəndə xanımla üzbəüz durdu.
    Fəxrəndə xanımın kinli, alışıb-yanan gözləri macal tapıb Şahnaz xanımı bu gecə qaranlığında təpədən dırnağa qədər nəzərdən keçirdi.
    – Ərə getmək düşüb sənə!.. – dedi Fəxrəndə xanım. – Qardaşın həbsxanada tribunal dustağıdı, sən də onun düşməniylə eyş-işrətlə məşğulsan!
    – Böyük bəyi tutublar? Heç olmasa, salamat qalıb, Allaha çox şükür!.. – Sonra elə bil ki, yadından çıxartdı ki, kimlə danışır, tələsik də soruşdu: – Nicat da salamatdı görəsən?
    Fəxrəndə xanım yandı-yaxıldı:
    – Komissar arvadı! – dedi. – Nə insafınız var, nə mürvətiniz! Sən yana-yana məndən qan düşmənimizin halını soruşursan! Ərin çölün düzündə Kəriş bəy kimi adamları güllələdir!.. Bu nə zəmanədi, Allah!.. – Sonra Fəxrəndə xanım özünü ələ aldı. – Qardaşını istəyirsən sən, bilirəm. O da səni istəyir. Bir tikə körpə vaxtından sənə ata da o olub, ana da. Başın ağrıyanda sənin, boğazından onun çörək keçməyib. Indi onu da güllələyəcəklər, Şahnaz! Bura gətirirlər, Qala türməsinə, sonra da Ivanın birinin gülləsinə qurban olacaq...
    Şahnaz xanım soyuqdanmı, həyəcandanmı tir-tir əsə-əsə, elə bil, öz-özünə dedi:
    – Gərək yerə qoyaydı silahı...
    – Böyük bəy ovçu Həsənalının oğluna baş əysəydi, yeddi arxadönənlərinin ruhu ona lənət oxuyardı! Birinci elə mən gülləni öz ürəyimə sıxardım. Amma sən Böyük bəy kimi bir qardaşı öldürmək istəyən, xanimanımızı dağıdıb, bizi zəlil eləyən bir adamla bir yastığa baş qoyursan! Elə bilirsən istəyir o səni? Səni yox, bax, bu əndamını istəyir o! – Fəxrəndə xanım dəli kimi əl atıb Şahnaz xanımın gecə köynəyinin yaxasını cırıb qopardı və qızın sinəsi, döşləri həmin gecə qaranlığında ağappaq ağardı.
    Şahnaz xanım şalı sinəsinə bürüyə-bürüyə, uçuna-uçuna inildədi:
    – Bəsdi!.. Bəsdi!..
    Fəxrəndə xanım hiddətdən, qəzəbdən titrəyə-titrəyə:
    – Ciyərim od tutub yanır mənim! – dedi. – Ərin Böyük bəyi güllələtsə, mən də gedib özümü Xəznə qayasından atacağam, Şahnaz! Bilirsən ki, eləyəcəyəm bunu!
    Qoy səni barmaqla göstərib desinlər ki, qardaşının qatiliylə gecələr kef çəkən bacı, bax, budu! Bizim ruhumuz hər addımda sənin dalınca gəzib lənətləyəcək səni! Şahnaz xanım pıçıltıyla dedi, amma qətiyyətlə dedi, budəmki gücsüzlüyünə, taqətsizliyinə yaraşmayan bir qətiyyətlə dedi:
    – Böyük bəyi xilas eləyəcəyəm həbsdən!.. Nəyin bahasına olursa-olsun!..
    Fəxrəndə xanım bir müddət susdu, bir balaca özünə gəldi, sonra dedi:
    – Səhər saat səkkizdə uçuq kilsənin yanında səndən bir xəbər gözləyirəm.
    Fəxrəndə xanım yenə də çarşabı başına salıb tələsik addımlarla həyətdən çıxdı...
    ...Sübh tezdən uçuq kilsə bomboş idi. Fəxrəndə xanım iki arvadla birlikdə kilsənin bir küncünə qısılıb gözləyirdi. Şahnaz xanım axırı ki, gəlib çıxdı.
    Fəxrəndə xanım səbirsizliklə:
    – Nə oldu? – soruşdu.
    – Nicat Böyük bəyi buraxmağa razı olmadı.
    Fəxrəndə xanım həyəcanla:
    – Razı olmadı?! – dedi.
    Qadınların pıçıltıyla belə danışmaları boş kilsədə əks-səda verirdi.
    Şahnaz xanım:
    – Qulaq as, – dedi. – Bu gün hava qaralandan sonra yaxşı qaçan yəhərli bir at göndərərsiz, Qala türməsinin aşağı başındakı uçurumun yanında Böyük bəyi gözləsin.
    Fəxrəndə xanım həyəcanla:
    – Qaçıracaqlar onu? – soruşdu.
    Şahnaz xanım tələsik:
    – Çalışacaqlar ki, qaçırsınlar.
    – Kimlər? – Fəxrəndə xanım bir ümidlə, bir həsrətlə xəbər aldı.
    Şahnaz xanım qardaşı arvadının sualını cavabsız qoydu.
    – Bizi burda görməsələr yaxşıdı... – Şahnaz xanım iti addımlarla boş kilsədən çıxdı...
    ... Yenə gecə idi və yenə də neçə müddət bundan əvvəlki kimi həmin xanəndənin səsi uzaqlardan eşidilirdi:
    Deyirlər Qarabağ bir cənnət imiş,
    Bəslərmiş qoynunda mələklərini.
    Məndə qüdrət hanı qələm çalmağa,
    Tərif eləməyə ancaq birini...
    Əlbəttə, Nicat bu saat bu uzaqdan gələn səsi eşitmirdi. Nicat elə paltarlıpaltarlı, yorğun-arğın divanın üstündə uzanıb yatmışdı və onun sifətindəki bu yorğun mehriban təbəssüm bu dəm, elə bil, Şahnaz xanımın yaxınlığından, doğmalığından idi.
    Şahnaz xanım divanın kənarında oturub Nicata baxırdı, ərinin üzünü, gözünü, qaşını, alnını, saçlarını sığallayırdı və onun baxışlarında kədərlə, qüssəylə bərabər, bir fəxarət də var idi; elə bil ki, o bu dəm əlçatmaz bir bəxtəvərliyin, əlçatmaz bir gözəlliyin həndəvərində dayanıb təkcə elə baxırdı...
    Xanəndənin o uzaq səsi isə hələ də eşidilirdi:
    Deyirlər Qarabağ bir cənnət imiş.
    Bəslərmiş qoynunda mələklərini...

XIII


    Elə həmin gecə idi.
    Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...
    ...Yapıncısı çiynində, papağını gözünün üstünə basmış, ağzını, burnunu şalla örtmüş bir atlı da Ərimgəldi tərəfdən Qala həbsxanasına çapırdı və bu atlının da yanınca beli yəhərli, qayışı tüfəngli boş bir at çapırdı...
    ...Şahnaz xanım Qala həbsxanasının darvazasına yaxınlaşıb qapının dəmir çəkicini döyəclədi.
    Valeh darvazaya yaxınlaşıb:
    – Kimdi? – soruşdu.
    – Komissarın arvadıdı!
    Valeh Şahnaz xanımın səsini tanıdı, darvazanın qapısını açdı.
    Şahnaz xanım tələsik:
    – Nicatdan izin almışam, Böyük bəylə görüşə gəlmişəm, – dedi.
    Valeh tərəddüd etdi:
    – Yoldaş komissar mənə bir söz deməyib...
    – Mənə inanmırsınız?
    – Inanıram, yoldaş komissar arvadı, amma...
    – Tez edin, mən Böyük bəylə cəmi üç dəqiqə danışıb gedəcəyəm.
    Valeh tərəddüd içində qalıb dayanmışdı.
    – O mənim qardaşımdı axı, bilmirsiz?
    – Bilirəm...
    – Tez eləyin!
    Valeh darvazanın qapısını içəridən bağlayıb:
    – Dayanın burda, – dedi və həbsxananın pilləkəni ilə yuxarı qalxdı.
    Bu üçmərtəbəli kiçik həbsxananın artırmaları həyətə baxırdı və bu kiçik həyət üç tərəfdən də hündür daş hasarla əhatəyə alınmışdı...
    ... Yapıncılı atlı Qala həbsxanasının hasarına çatıb dayandı. Yanındakı boş at da dayandı. Yapıncılı atlı atın belindən kəmənd götürüb hasarın başında çoxdan hədəf elədiyi sal daşa atdı. Kəməndin ucu hasarın başındakı daşı aldı və yapıncılı atlı:
    – Ya Allah! – deyib atın belindən kəməndlə üzüyuxarı qalxmağa başladı...
    ... Valeh pilləkənləri aşağı düşüb:
    – Yoldaş komissar arvadı, – dedi. – Böyük bəy gəlmədi. Deyir sizlə görüşmək istəmir.
    Şahnaz xanım eyni soyuqqanlılıqla:
    – Gedin deyin ki, mən ona çox mühüm bir xəbər verməliyəm.
    Valeh yenə tərəddüd içində dayanıb qaldı. Hiss olunurdu ki, bütün bu əhvalat bu cavan oğlanın xoşuna gəlmir.
    – Xahiş edirəm, Valeh. Valeh ikinci dəfə yuxarı qalxdı...
    ...Yapıncılı adam hasarın üstünə dırmaşdı və oradan aşağı baxdı. Hasarın üstündən həbsxananın zəif işığı altında həyət ovuc içindəymiş kimi görünürdü...
    ...Böyük bəy əlləri arxasında, Valeh də əlində tüfəng onun ardınca pilləkənləri aşağı düşdülər.
    Böyük bəyin ilk sözü bu oldu:
    – Nəyə gəlmisən?
    Şahnaz xanım qardaşına baxdı. Böyük bəy bu aylar ərzində on beş il qocalmışdı, saçı-saqqalı tamam ağarmışdı. Həmişə səliqə ilə geyinən bu kişinin üzgözünü tük basmışdı, pal-paltarı çirkin-pasın içindəydi, amma, başını yenə dik tutmuşdu, addımları, hərəkətləri yenə də əvvəlki kimi sərrast, qəti və sanballı idi. Şahnaz xanım bu dəfə Valehə baxdı və Valeh də bu baxışların mənasını başa düşüb, istər-istəməz, kənara çəkildi, amma əlindəki tüfəngi hazır tutmuşdu. Şahnaz xanım dedi:
    – Bu saat qala uçurumunun yanında yəhərli bir at səni gözləyir, qardaş. Qaç, özünü qurtar. Al bunu. – Şahnaz qoynundan tapança çıxarıb ehmalca Böyük bəyə tərəf tutdu ki, Valeh görməsin.
    Böyük bəy tapançaya baxdı.
    – Mənə acıyırsan, hə? – dedi, Böyük bəy. – Bilirsən ki, güllələyəcəklər məni, qurtarmaq istəyirsən, hə? Niyə qaçım, yenə də on nəfər bolşevik öldürüm, on beş nəfər də qurban verim? Sonrası nə olsun? Get! Görmək istəmirəm səni! Hərdən vaxt tapıb fikirləşirdim sənin haqqında, elə bilirdim ki, yenə də istəyirəm səni, amma indi görürəm ki, kəsib atmışam səni ürəyimdən! Baxa bilmirəm üzünə sənin! Qaçıb Arazı keçim, canımı qurtarım? Qaçardım, bolşeviklərlə bacarmaq mümkün deyil. Gedib o tayda bir gün ağlardım özümə. Fəxrəndə də xoşbəxt olardı... – Daha Böyük bəy özünü saxlaya bilməyib elə danışırdı, elə bil, dünyanın ən pis adamına, dünyanın ən namussuz, ən iyrənc məxluquna söyüş söyürdü. – Amma sənnən almaram o tapançanı. Belə binamusluq yaraşmaz mənə. Məni evimdən-eşiyimdən eləyib çöllərə salan bir adamı gecələr qucağına alan bacının əllərindən iyrənirəm mən!..
    Şahnaz xanım dəhşət içində təkcə elə bunu pıçıldayırdı:
    – Böyük!.. Böyük!.. Böyük!..
    Böyük bəy Valehə üz tutub:
    – Gedək, qarovulçu, gedək – dedi. – Dustağından muğayat ol!
    Böyük bəy həbsxananın pilləkəninə tərəf addımladı.
    Valeh bir dustağa, bir də komissar arvadına baxıb əvvəlcə darvazanın qapısını açdı və Şahnaz xanım da ayaqları ayaqlarına dolaşa-dolaşa həbsxananın həyətindən çıxdı.
    ...Fəxrəndə xanım onlara tərəf gələn Şahnaz xanımı görüb irəli çapdı:
    – Nə oldu, qız? – soruşdu. – Hanı Böyük?
    Şahnaz xanım, elə bil, heç nə eşitmədi, Fəxrəndə xanımın yanından ötüb uçuruma yaxınlaşdı və birdən-birə əlindəki tapançaya baxa-baxa lap astadan oxumağa başladı:
    Aman ovçu, vurma məni,
    Mən bu dağın maralıyam.
    Yaralıyam, yaralıyam,
    Mən bu dağın maralıyam...
    Və elə bu zaman Şahnaz xanım ürəyinin başına sıxdığı tapançanın tətiyini çəkdi.
    Güllə səsi həmin gecənin sakitliyini pozdu.
    Fəxrəndə xanım özünü atdan atıb:
    – Şahnaz! – qışqırdı.
    Şahnaz xanım qaya parçasının üstündə sərilib qalmışdı və ay işığında qızın solğun üzü gülümsəyirdi, dodaqlarının qırağından isə qan süzülürdü...
    ...Pilləkənləri qalxan Böyük bəy güllə səsi eşidib ayaq saxladı. Valeh də geri çönüb güllə səsi gələn tərəfə baxdı.
    Bu dəm hasarın üstündəki yapıncılı adam kəməndi atdı və kəməndin atılmasıyla da Valehin əlinin-qolunun bədəninə sarılıb pilləkənlərdən yerə aşması bir oldu.
    Yapıncılı adam:
    – Haydı, Böyük! – qışqırdı. – Darvazanın qabağında at gözləyir səni!
    Böyük bəy hasarın üstünə baxdı. Yapıncılı adam daha yox olmuşdu. Böyük bəy bir ildırım sürətilə aşağı atılıb əli-qolu bağlı yerdə çapalayan Valehin cibindən açarı çıxardı, darvazaya atılıb qapını açdı və Böyük bəy eşiyə çıxanda artıq yapıncılı adam at belində darvaza önündə idi, yəhərli boş at da yanında. Böyük bəy boş atın belinə sıçradı və hər iki atlı üzüaşağı çapıb ay işığında gümüş kimi ağara-ağara qıjıltıyla axan Daşaltı çayına tərəf getdi...
    ...Çay qırağında yüyənlər çəkildi, qızmış atlar şahə qalxdı və Böyük bəy nəfəsini dərib:
    – Kimsən, igid? – qışqırdı. – Kimsənsə, bu gündən qardaşdan artıqsan mənə!
    – Yox! – Bağırdı yapıncılı adam. – Qanlıyıq biz son nəfəsə qədər! Axır ki, təkbətəkik səninlə!
    Yapıncılı adam əl atıb üzündəki dəsmalı açdı və Böyük bəy yalnız indi
    Solaxay Həsənalını tanıdı.
    Solaxay Həsənalı qışqırdı:
    – Qaldır tüfəngi! Ya sənə verən Allah, ya mənə!
    Böyük bəy tüfəngi atın qayışından dartıb çıxardı. Həmin gecə ay işığında gümüş kimi parıldaya-parıldaya qıjıltıyla axan Daşaltı çayının qırağındakı çınqıllıqda dalbadal iki güllə açıldı və bu güllələrin açılmasıyla da Solaxay Həsənalının atdan aşıb yerə sərilməyi bir oldu.
    Böyük bəy yaxına çapdı.
    Bu vaxt ovçu Həsənalı güclə dirsəklənib dizləri üstə qalxdı. Böyük bəyə ikinci dəfə atmağa imkan vermədi, sol əlindən buraxmadığı tüfəngi qaldırıb tətiyi çəkdi. Həmin gecə dördüncü güllə belə atıldı və Böyük bəyin qolları yanına düşdü, bəy atın belindən sürüşüb üzüqoylu çınqıllığa sərildi.
    Solaxay Həsənalı:
    – Kəramətinə şükür, Ilahi! – dedi və üzüüstə Daşaltı çayına yıxıldı.
    Atlar kişnədi və elə bil, bu kişnərti də Daşaltı çayının qıjıltısına qarışıb axdı.
    Və boş atlar baş alıb çapdı, elə bil ki, sakitliyini güllə deşən bu gecədən qaçıb qurtarmaq istəyirdilər...
    Sonra tamam sakitlik çökdü.
    Sonra, elə bil ki, uzaqlardan bir əks-səda gəldi:
    Aman ovçu, vurma məni,
    Mən bu dağın maralıyam.
    Yaralıyam, yaralıyam,
    Mən bu dağın maralıyam...
    1978.


<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 516 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more