Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Aman ovçu, vurma məni …
AMAN OVÇU, VURMA MƏNİ…
İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında yazılmışdır.
BİRİNCİ HİSSƏ
I


    Şərqə karvan çəkən buludlar altından Topxana meşəsi görünürdü və bu dəm bu meşə sakitliyində elə bil ki, əsrlərdən keçib gələn bir mahnının sədaları eşidilirdi:
    Deyirlər Qarabağ bir cənnət imiş,
    Bəslərmiş qoynunda mələklərini.
    Məndə qüdrət hanı qələm çalmağa,
    Tərif eləməyə ancaq birini.
    Və elə bil ki, bu dəm sədası meşəyə yayılmış bu mahnını kimsə bir nəfər oxumurdu, elə bil ki, bu mahnı Topxana meşəsinin mahnısı idi; elə bil ki, bu qollubudaqlı ağaclar, bu kol-kos, bu sıldırım qayalar həmin mahnının sədalarını gözləyirdi, həmin mahnının dediklərini bəyənirdi, təsdiq edirdi. Bu mahnının sədaları bu cavan qırqovulu da sehrləmişdi və quş böyürtkən kolunun yanında dayanıb, heç nədən çəkinmədən, elə bil ki, yazın bu çağında, günün bu günorta vaxtında təbiətdən pis bir şey gözləmədən, həmin mahnıya qulaq asırdı. Nicatın altındakı səmənd ürgə də bu dəm səssiz-səmirsiz yerində dayanıb başını yuxarı qaldırmışdı və elə bil ki, karvan-karvan şərqə axıb gedən ağ buludlara baxırdı.
    Bu ağ bulud karvanlarında, bu qoca palıdda, bütün Topxana meşəsində bu dəm bir əbədilik var idi.
    Nicat birdən-birə böyürtkən kolunun yanındakı qırqovulu gördü və o saat da cavan oğlanın ovçu təbiəti oyandı, üzənginin üstündə ayağa qalxıb, əlini yuxarı uzatdı, palıddan bir qoza qırıb qırqovula tərəf atdı və atmağıyla da atın yalındakı tüfəngi götürüb sinəsinə sıxmağı bir oldu. Qırqovul ürküb göyə qalxdı.
    Nicat döşünə sıxdığı tüfəngi qırqovulun tuşuyla fırladı və bu zaman qəfil bir güllə səsi Topxana meşəsinin sakitliyini tamam darmadağın elədi və bir göz qırpımında qırqovulun qanadları yanına düşdü, quş bir daş parçası olub yerə dəydi. Nicat əvvəlcə tüfəngə baxdı və elə bil təəccüb etdi ki, bu tüfəng öz-özünə necə açıldı, sonra qaya başında dayanmış atlını gördü və hirs onu boğdu. Səmənd ürgə sahibinə sataşıb ovunu ovlayan atlıya tərəf götürüldü və sıldırım qayaları qalxan səmənd ürgənin ayaqlarının altından qopan çınqıllar aşağıya – əyriüyrü yarğan boyu qıvrıla-qıvrıla axıb gedən və gün altında gümüş kimi parıldayan Daşaltı çayına töküldü.
    Solaxay Həsənalı atın yüyənini dartdı və sıldırım qayanın başında dayanmış kəhər at şahə qalxdı; Solaxay Həsənalı yüyəni sağ əli ilə tutmuşdu, sol əlində tüfəng var idi.
    Səmənd ürgə altdakı qayadan yuxarı çıxdı və Nicat yalnız indi atasını tanıdı, oğlanın tar simi kimi tarım çəkilmiş əsəbləri elə bil birdən-birə süstəldi:
    – Mən də deyirəm kimdi belə, ovuma güllə atır?..
    Solaxay Həsənalı:
    – Əlin iti deyil, gözün iti olsun barı, – dedi və Nicata tərəf çapdı. – Ovçunun ki, ovunu vurdular, demək hələ ovçu deyil.
    Nicat pərt oldu yaman, özünü güclə saxladı ki, artıq-əskik söz deməsin və onun bu vəziyyətini Solaxay Həsənalı da hiss etdi.
    – Amma hirsdə-hikkədə, söz götürməməkdə Güzdəkli Bayandurun nəvəsisən.
    – Sonra kişi gülümsədi və onun sərt sifətindən bir mehribanlıq ötüb-keçdi...
    – Əslində elə Solaxay Həsənalı da sizə çəkib...
    Səmənd ürgə ilə kəhər at birgə addımladı.
    – Get qırqovulu götür, – dedi Solaxay Həsənalı.
    – Mən vurmamışam ki, mən götürüm, – dedi Nicat.
    Solaxay Həsənalı Topxana meşəsinə tərəf baxdı:
    – Onsuz da, Böyük bəyin süfrəsinə qırqovul lazımdı. Bir qırqovul yerinə ikisi hayıf olmasın. Çap get götür.
    Nicat da çönüb Topxana meşəsinə baxdı və elə bil ki, atasının sözləri ağlına batdı.
    Solaxay Həsənalı dedi:
    – Düzdü, adam gərək ağzını ətə, altını ata öyrətməyə, amma Böyük bəy qırqovulsuz keçinmir.
    Nicat yaxşı başa düşürdü ki, atası nə deyir, amma Solaxay Həsənalı daha dolayısıyla yox, elə birbaşa dedi:
    – Sənin tayın deyil Şahnaz. Ona görə yox ki, o bəy qızıdı, bəy bacısıdı, sən ovçu oğlu ovçusan. Güzdəkli Bayandur Böyük bəyin atası Cavanşir bəydən əskik adam olmayıb. Bunu bütün Qarabağ bilir. Güzdəkli Bayandurun iyidliyi dastanlarda söylənilir. Ona görə də yox ki, bəylə bostan əkənin tağı çiynində bitər. Sən tağı çiynində bitənlərdən deyilsən. Ona görə ki, Solaxay Həsənalının gəlini də gərək mərd olsun, ər gəlin olsun, gecə-gündüz at belində dağları, düzləri gəzməyin qədrini bilsin, qiymətini versin...
    – Sən onu tanımırsan... – dedi Nicat.
    Və bu zaman aşağılardan güllə səsi gəldi, hay-küy qopdu. Səmənd ürgə ilə kəhər at atışma gələn tərəfə birgə çapdı. Bir azdan atışma kəsdi, hay-küy yavaşıyıb yox oldu. Topxana meşəsinə, sıldırım qayalara yenə bir sakitlik çökdü və bu sakitliyi yalnız səmənd ürgə ilə kəhər atın ayaq səsi pozurdu.
    Solaxay Həsənalı atın yüyənini çəkdi və kəhər at yenə də şahə qalxdı. Səmənd ürgə də dayandı.
    Ağacların arasından bir eşşək çıxıb yavaş-yavaş addımlaya-addımlaya onlara tərəf gəlirdi.
    Eşşəyin üstündə adam var idi, amma bu adam eşşəyin belində tərsinə oturmuşdu, dalı qabağa idi və onun əl-ayağını kəndirlə bağlamışdılar, başına da qatıq tökmüşdülər.
    Solaxay Həsənalı:
    – Bahadırın işidi, – dedi.
    Nicat:
    – Pristav Mirzə bəydi... – deyə eşşəkdə gələn adamı tanıdı.
    Solaxay Həsənalı gülümsədi və yenə də onun sifətindən bir mehribanlıq ötübkeçdi.
    – Bu iki daşın arasında qatığı hardan tapıblar belə? – Solaxay Həsənalı oğluna baxdı.
     Nicat:
    – Bahadır özüylə götürüb yəqin. Mirzə bəy döşünə döyürdü ki, Bahadırın axırına çatacağam Topxana meşəsində.
    Eşşək eləcə ağır-ağır gəlib onların yanından ötdü. Solaxay Həsənalı eşşəyə tərəf işarə eləyib:
    – Bunların belə günləri də olur... – dedi.
    Eşşək ötəndən sonra üz-gözündən qatıq süzülən Mirzə bəy atlıları gördü və görməyiylə də o boyda kişinin zır-zır ağlamağı bir oldu:
    – Qırdı tökdü hamımızı... – dedi. – Qaçaq Bahadır qırdı tökdü bizi... Nikolay padşahın ölən günləridi... Gəl, a ovçu, a Solaxay Həsənalı, gəl aç düşür məni, belə girməyim Şuşaya, mən də bir kişinin oğluyam, a Solaxay...
    Solaxay Həsənalı daha eşşəyə tərəf baxmadı, yanında dayanmış Nicata dedi:
    – Yeri get aç onu. Biz gördük, bəsdi... – Sonra kəhər atın səmtini çöndərdi və at çapa-çapa Topxana meşəsində gözdən itdi.
    Karvan-karvan buludlar isə elə hey şərqə tərəf axıb gedirdi. Cıdır düzündə gül gülü çağırırdı, bülbül bülbülü.
    Qızlar Məlikşahnəzər kahasının üstündəki çəmənlikdə xalça sərmişdilər. Şahnaz arxası üstə xalçanın üstündə uzanıb, başını mütəkkəyə qoymuşdu, əllərini başının altında çarpazlamışdı, göyə baxırdı. Göy tərtəmiz, buludsuz idi.
    Gülgəz döşəkcənin üstündə oturub dizlərini qucaqlamışdı və bu saat bütün hiss-həyəcanıyla, bütün varlığıyla Cıdır düzünün gül-çiçəyi ilə, dörd bir yanın təmizliyi, paklığı, saflığı ilə nəfəs alan Şahnazdan fərqli olaraq bu qız deyinməkdən yorulub-usanmırdı:
    – Yaman pis arvaddı Fəxrəndə xanımın gətirdiyi o çörəkçi arvad. Gözəldi adı, yalançının başına dəyirman daşı! Mən ölüm, bir gözələ bax da, iti bağlasan qalmaz onnan bir yerdə. – Gülgəz özü öz söylədiklərindən cuşa gəldi, Gözəl arvadı yamsılamağa başladı: «Nədi, balam, Böyük bəyin bu boyda bağ-bağçası azlıq eləyir sizə, gedib Cıdır düzündə xalça açırsız?..». Bir halda ki, Cıdır düzündə bu qədər gül-çiçək vardı, bir halda ki, o beləcə tərtəmiz idi, göz işlədikcə geniş idi, qurtarmaz idi, dünyanın işləri Şahnaz xanmın vecinə deyildi; qayğısız-qayğısız və gözlərini də gömgöy göydən çəkməyib soruşdu:
    – Yoxsa bir şey duyub, ay qız?
    – Nə bilim? – dedi Gülgəz. – Nə bilim, xanım? Pişik kimi şeydi, yerin yeddinci qatından iy çəkir... – Sonra Gülgəz də başını qaldırıb göyə baxdı. Gülgəz də gördü ki, göy necə tərtəmizdi, göz işlədikcə necə qurtarmazdı, Gülgəzin də ürəyinin sarı simi dilə gəldi. – Vallah, xanım, mənim də bəxtim bir gün açılacaq. Uşaqlıqda o qədər eşşəyə minmişəm ki...
    Şahnaz xanım şaqqanaq çəkib güldü və bu saat onun bu gülüşü də bu Cıdır düzünün, bu tərtəmiz göyün bir hissəsiydi.
    Gülgəz dedi:
    – Axı, deyirlər qız uşağı eşşəyə minəndə bəxti açılır. Mütləq açılacaq!
    Görərsən, xanım! Ölmüşdü Xankişi, mənə nə olub bəyəm? – Gülgəz qoynundan kiçik bir güzgü çıxarıb üz-gözünə sığal verdi. – Göz məndə, qaş məndə... Boy məndə – Gülgəz ayağa qalxdı – Intəhası rəngim bir az qaradı... O da keçər. Qoca nənəm deyirdi ki, qara kişmişi cibə tökərlər, ağ ayranı itə...
    Və Gülgəz kiçik aynanı qoynunda gizlədə-gizlədə, Şahnaz uzanmış xalçanın başına fırlana-fırlana, oxuya-oxuya sındırmağa başladı:
    Adım Qara qız,
    Özüm qara qız.
    Eşitmərəm söz...
    Gülgəz oxuyub süzdükcə Şahnaz xanım şaqqanaq çəkdi.
    Və bu zaman səmənd ürgə Məlikşahnəzər kahasının ağzından burulub yuxarı çapdı.
    Gülgəz qaya başına qaçdı, yoxuşu çapan atlını gördü, qışqıra-qışqıra:
    – Gəldi, xanım! – dedi. – Gəldi çıxdı ovçu!..
    Şahnaz xanım o saat göylərdən yerə endi, cəld ayağa qalxıb üst-başını düzəltdi və qaça-qaça qaya başına gəldi.
    Nicat qızların yanında cilovu çəkəndə səmənd ürgə qabaq ayaqlarını qoşa qaldırdı, fınxırıb boynunu dartdı və bu dəm elə bil ki, Nicat Böyük bəyin ovçusu deyildi, birdən-birə nağıllardan peyda olub Cıdır düzünə gəlmişdi.
    Şahnaz xanım:
    – Nə olmuşdu, ovçu Pirim, niyə gecikdin? – dedi.
    Gülgəz:
    – Mən yazıq səhərdən otuz dəfə bura yüyürüb, kahaya boylanmışam, – dedi.
    Nicat atdan sıçrayıb:
    – Quş tapa bilmirdim, – dedi. – Səhər Topxana meşəsində elə duman idı ki, bir addım qabağı görmək olmurdu.
    Şahnaz oğlanın qolundan tutdu:
    – Çıxıb gələydin...
    Nicat Gülgəzə baxdı və elə bil ki, başqa adamın yanında, Şahnazın onun qolundan tutması oğlanı bir balaca karıxdırdı.
    Gülgəz dedi:
    – Necə gələydi?.. Ay xanım, özün bilirsən ki, Böyük bəy qırqovulsuz plov yemir.
    Nicat Şahnaz xanıma baxıb gülümsədi:
    – Deyəsən, axı, bəyin bacısı da qırqovulu az xoşlamır...
    Şahnaz xanım da bu hündürboylu, enlikürəkli, şumal oğlana baxdı, belindəki patrondaşa baxdı və cavan xanımın gözlərində bir qürur duydu. Şahnaz xanım dedi:
    – Mən qırqovulu ona görə xoşlayıram ki, gözəldir... Gün işığında hər tükü bir rəngə çalır. Gözləri yaqut kimi alışıb-yanır.
    Nicat zarafat elədi:
    – Plovda qırqovul tüksüz, başı da kəsilmiş olur.
    Hər zarafatda bir həqiqət var, deyiblər. Şahnaz xanımın gözlərindən ani bir pərtlik, bir kin gəlib keçdi:
    – Sancırsan yenə, ovçu, – dedi və əlini oğlanın qolundan çəkdi. Bu sözləri, əllərini başının altında çarpazlayıb uzun-uzadı göyə baxan o qız demədi, bu sözləri Böyük bəyin bacısı Şahnaz xanım dedi. Gülgəz birdən-birə bilmədi ki, nə eləsin, gah saçına sığal vurdu, kah əyniniətəyini hamarladı.
    Nicat ucundan tutub ucuzluğuna getmədi, səmənd ürgənin o biri tərəfinə keçib, atın yalına bağladığı böyürtkənli uzun sünbülü götürdü – böyürtkənlər bir-bir muncuq kimi səliqə ilə sünbülün samanına keçirilmişdi – və oğlan böyürtkən düzülmüş sünbülü Şahnaza uzatdı:
    – Bu sizin, – dedi. – Sənlə Gülgəzin.
    Şahnaz xanım bircə anın içində yenə dəyişdi:
    – Sənin kimi ceyranı gözündən vuran bir oğlanın, bax, beləcə səliqəsini görəndə az qalır ürəyim dağa dönsün, istəyirəm səni... – Şahnaz xanım sözünü demədi, qulluqçu qıza baxdı. – Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu tapşırmadı?
    Gülgəz:
    – Hə, yadıma düşdü, xanım, – dedi. – Mən qaçdım kəklikotu yığmağa...
    Adım Qaraqız,
    Özüm qara qız,
    Eşitmərəm söz...
    Gülgəz oxuya-oxuya kəklikotu yığmağa qaçdı.

II


    Nicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əminamanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı. Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələgələ də soruşdu:
    – Bir de görüm beş gün idi hara yox olmuşdun?
    Nicat:
    – Bakıya getmişdim... – dedi.
    – Xeyir ola?
    – Bir dostum var orda, onun yanına getmişdim.
    – Nəçidi?
    – Mədəndə işləyir.
    – Axır vaxtlar yaman tez-tez gedirsən Bakıya, – dedi Şahnaz xanım və sövqtəbii bir narahatlıqla oğlana baxdı.
    Nicat söhbəti dəyişdi:
    – Sənin üçün darıxmışdım yaman.
    – Doğrudan? – Şahnaz xanım sidq-ürəkdən sevindi. – Darıxmışdın mənimçün? Heç bilirsən mən nə fikirləşmişəm? Dünən bir roman oxuyurdum, firəng dilindədi, Böyük Parisdən gətirtdirib. Oğlan gecə xəlvətcə qızgilin bağına girir. Bağbanın nərdivanını pəncərənin qabağına qoyub qalxır sevgilisinin otağına...
    Nicat maraqla:
    – Sonra? – soruşdu.
    – Nə sonra? Sonra da balqabaq!
    Nicat güldü:
    – Bunu niyə danışırsan ki?
    – Ona görə danışıram ki, ovçu Pirim, əyər bir qızla bir oğlan bir-birilərini istəyirlərsə, gərək heç nədən qorxmasınlar. Gərək çəkinməsinlər heç nədən! Nicat...
    – Şahnaz xanım bir az tərəddüd etdi, sonra dedi: – Nicat, qoşulub qaçaq!
    Nicat elə bil ki, bütün bu sözləri ciddi qəbul eləmirdi, elə bil ki, bütün bu sözlər gəldi-gedəri bir şıltaqlıqdı.
    – Hara?
    Şahnaz böyürtkənləri bir-bir sünbüldən çıxardıb yeyə-yeyə:
    – Hara istədik, – dedi. – Arazın o tayına. Təbrizdə mənim əmizadələrim var.
    – Bəs onlar deməzlər ki, niyə qoşulub qaçmısan?
    Şahnaz bu dəfə doğrudan zarafata saldı:
    – Deyərəm bir ovçunun dərdindən dəli-divanəydim. Yaşaya bilmirdim onsuz.
    Lap deyərəm, bu məni yox, mən bunu götürüb qaçmışam. Deyərəm Həsənalı bəyin oğludu.
    – Bəyəm mənim atam bəydi?
    – Onlara heylə deyərik. Gəlib yoxlamayacaqlar ki, görsünlər bəydi, ya ovçudu?
    Nicat xalçanın yanında ayaq saxladı və onun beləcə hirslənəcəyini heç Şahnaz da gözləməzdi.
    – Yüz sənin kimi qız olsa, mən yenə əslimi danmaram. Mənim atam Solaxay
    Həsənalı bütün Qarabağda məşhur kişidi! Ovçu olsa da, sənin bəylərindən əskik adam deyil!
    Səmənd ürgə uzaqda başını qaldırdı, elə bil ki, sahibinin səsini dəyişməyindən başa düşdü ki, getmək vaxtıdı.
    Nicat iri addımlarla səmənd ürgəyə tərəf addımladı. Şahnaz yüyürüb oğlanın qolundan yapışdı:
    – Dayan!
    – Burax!
    – Mən ölüm, dayan!
    Nicat ayaq saxladı və qızın üzünə baxmadan:
    – Mən sənə yalvarmamışam, – dedi.
    Şahnaz qızğınlıqla:
    – Bilirəm! – dedi. – Mən özüm səni istəmişəm! Mən özüm sənə vurulmuşam! Sənsiz mənim bir günüm olmasın!
    Və bu vaxt Gülgəz yenə qaça-qaça gəlib qaya başına çıxdı, ordan əl eləyib qışqırdı:
    – Ey-y-y-y! Ay xanım, yenə kəklikotu yığım?
    Şahnaz:
    – Hə, bir az da yığ! – qışqırdı, sonra dedi: – Əyər sən mənim üçün əziz olmasaydın, günün günorta çağı bura gələrdim?
    Qızın belə bir cidd-cəhdi Nicatı hələ də yumşaltmamışdı:
    – Istəyirsən gəlmə.
    Şahnaz:
    – Kobud! – dedi. – Qabanın biri qaba! – dedi. – Gələcəyəm! Bax, səni buna görə istəyirəm! Məğrur ovçu, zalım ovçu. – Sonra ata tərəf gedən Nicatın başına fırlana-fırlana oxumağa başladı:
    Aman ovçu, vurma məni,
    Mən bu dağın maralıyam.
    Yaralıyam, yaralıyam,
    Mən bu dağın, a balam, maralıyam.
    – Məni istəyirsən?
    Nicat başını tərpətdi, yəni ki, hə, istəyirəm.
    Şahnaz dedi:
    – Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?
    Nicat:
    – Yox, – dedi.
    Şahnaz:
    – Ba-a? – dedi, sonra şaqqanaq çəkib güldü və qızın gülüşü bütün Cıdır düzünə yayıldı.
    Yuxarı düzənlikdə kəklikotu yığan Gülgəz belini düzəldib aşağı baxdı, Nicatla xanımı gördü, özünü saxlaya bilməyib çığırdı:
    – Xanım, daha Cıdır düzündə kəklikotu qalmadı. Indi nə yığım?
    Şahnaz da aşağıdan yuxarı qışqırdı:
    – Indi də reyhan yığ!
    Hava birdən-birə dəyişdi. Kirs tərəfdən topa-topa buludlar gəlib göy üzünü aldı.
    Nicat:
    – Yağacaq, – dedi.
    Şahnaz Nicata qısıldı:
    – Mən bayaq zarafat eləmirdim, Nicat, – dedi. – Məni Yunis bəyə vermək istəyirlər. Fəxrəndə xanımın bacısı oğlu Yunis bəyə.
    Nicat Şahnaza baxdı, bir müddət susdu, sonra soruşdu:
    – Bəs sənin fikrin nədi?
    – Qaçaq, Nicat, qaçaq gedək. Mən hərtərəfli fikirləşmişəm, götür-qoy eləmişəm, başqa çarə yoxdu. Yunis bəyə getməyə bilərəm. Böyük qoymaz ki, məni zorla ərə versinlər, amma çifayda? Yunis bəy olmasın, Həsən bəy olsun, Məmməd bəy olsun. Ya gərək ömrümüz boyu beləcə gizlincə görüşək, Gülgəz ətəyini kəklikotuyla doldursun hər dəfə, ya da gərək qoşulub qaçaq. Bir müddət heç biri heç nə demədi, Cıdır düzünün sıldırım qayaları arasında addımladılar; aşağıda, yarğanın dibində Daşaltı çayı qıjıldaya-qıjıldaya, köpüklənəköpüklənə axırdı; buludlar daha günün qabağını tamam-kamal kəsmişdi; Şuşanın məşhur yağışqabağı ilk payız yeli əsməyə başladı.
    Nicat dedi:
    – Qohum-qardaşdan ayrı düşəcəksən.
    – Bilirəm. Qohum-əqrəba içində ən əziz adamım bircə Böyükdü. Yerimizi əvvəlcə bildirməyəcəyəm, amma fürsət düşdükcə ona məktub yazacağam. Böyük məni başa düşəcək, Nicat. Mən onu yaxşı tanıyıram.
    – El-oba nə deyər?
    – Nə deyir, desin! Mən sənin sevgilinəm, istədiyinəm, sən də mənim ürəyim, canım, ciyərim! Bildin? – Şahnaz gizli bir narahatlıqla oğlana baxdı. – Belə deyil? Bəlkə yanılmışam mən bu iki ildə?
    Nicat bu suala özü bildiyi kimi cavab verdi:
    – Bakıya gedək!
    Şahnaz:
    – Hə, qaçırıq?! – dedi. – Allaha çox şükür! Yuxum çin oldu, Nicat. Gecə yuxuda görmüşdüm ki, hər tərəfi su basıb, dünya su içindədi! Bildim ki, su aydınlıqdı! Amma Bakıya niyə? Bakının istisinə, toz-torpağına mən dözə bilmərəm. Düzdü, qonaqlarımız çoxdu Bakıda, Hacı Zeynalabdinin oğlu da Böyüyün dostudu, amma Bakıya yox, uzaqlara gedək... Irana gedək. Mən firəngcə də bilirəm, farsca da, hara getsək sənin dilmancın olaram. Sən də ruscanı yaxşı bilirsən. Avropaya gedək, Firəngistana... Anamdan mənə bir mücrü ləl-cavahir qalıb, vəsiyyət eləyib ki, bu təkcə Şahnazındı, onu da götürəcəyəm...
    Nicat qızın sözünü kəsdi:
    – O mücrünü götürməyəcəksən, Şahnaz. O mücrü də qalacaq sənin çıxıb getdiyin evdə. Sən kefə də getmirsən, Şahnaz, hər şey daşdan çıxacaq. Özü də Bakıya gedəcəyik.
    – Sən nə təhər deyirsən, elə olsun. Amma niyə o toz-torpağın, o nöyütün içinə, hisin-pasın içinə?
    – Əvvəla ona görə ki, Bakıda mənim işlərim var, vaxt gələr, bilərsən. Bu gün xalqa canı yananların, camaatın güzəranını fikirləşənlərin çoxu Bakıdadı. Mənim də dostlarımdı onlar, Şahnaz. Mən mütləq Bakıda olmalıyam...
    Şahnaz, elə bil, öz-özü ilə danışdı:
    – Deyirəm axı, bu niyə belə tez-tez Bakıya gedir... Olmaya sən də Mir Həsən ağa kimi əlahəzrət Nikolayın əleyhinə çıxanlardansan?
    Nicat qızın sualına cavab vermədi:
    – Vaxt gələr, hər şeyi bilərsən, – dedi. – Bir də ki, Şuşadan qaçırıq,
    Qarabağdan qaçırıq, daha bütün Azərbaycandan qaçıb getsək bağrımız yarılar.
    Şahnaz yenə də bayaqkı qürurla, şövqlə bu zalım ovçuya baxdı və:
    – Yaxşı, yaxşı, – dedi, – indi ki, belə oldu, zalım ovçu, mən gözlərimi yumub özümü tapşırıram sənə... Hara istəyirsən apar, amma mənimlə ol, mənimlə ol həmişə, zalım ovçu... Apar məni hara istəyirsən...
    Nicat daha hər şeyi qət etmişdi özü üçün, qızın gözlərinin içinə baxdı:
    – Qəti sözündü? – soruşdu.
    – Qəti... Qəti!.. Qəti!..
    Şahnazın ürəkdən qopub gələn bu pıçıltısı elə bil bütün Cıdır düzünə yayıldı, elə bil bu güllər, çiçəklər də o pıçıltını eşitdi; sonra göy guruldadı, Daşaltı çayı daha artıq bir qıjıltıyla axdı.
    Gülgəz ətəyi kəklikotu ilə, reyhanla dolu yuxarıdan aşağı qaça-qaça Şahnazla ovçunun yanına gəldi, tövşüyə-tövşüyə:
    – Vallah, xanım, – dedi. – Daha reyhan da qurtardı o tərəflərdə. – Sonra Şahnazın əlində böyürtkəni qurtarmış kolu gördü. – Boy, ay xanım, bəs mənə böyürtkən saxlamadın? Nicat qağa ikimizə gətirmişdi axı...
    Şahnaz birinci dəfə görürmüş kimi əlindəki kola baxdı:
    – Bağışla, ay qız, – dedi. – Heç bilmədim necə yedim hamısını. – Sonra bərkdən güldü və bu gülüşdə zarafatdan, məzəli bir peşmançılıqdan başqa da nəsə vardı.
    Nicat:
    – Axşam sənə bir sap böyürtkən yığıb gətirrəm, – dedi.

III


    Böyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və bu bağda armud, alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı. Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb yerə tökülməyi bir oldu. Fəxrəndə xanım əlindəki tüfəngi aşağı saldı. Yunis bəy:
    – Vallah, xala, – dedi. – Qarabağın çox igidləri gərək atmağı səndən öyrənsin!
    Sonra Yunis bəy əyilib yerdə düzülmüş boşqablardan ikisini götürdü və cəld hərəkətlə boşqabları bir-birinin dalınca göyə tolazladı və Fəxrəndə xanım da bir göz qırpımında tüfəngi döşünə sıxıb iki güllə ilə göydəki boşqabları dalbadal çilik-çilik elədi.
    Yunis bəy özünü saxlaya bilməyib bir uşaq fəxarəti ilə:
    – Afərin, xala, vallah afərin! – dedi.
    Çörəkçi arvad Gözəl də meydana tərəf gələ-gələ ağacların arasından göydə çilik-çilik olan boşqabları gördü və öz-özünə:
    – Allah, sən saxla! – dedi. – Arvad deyil, sifətinə baxırsan, mələkdi, amma özü şiri-nərdi!.. – Sonra ağacların arasından çıxdı, çönüb ona tərəf baxan Fəxrəndə xanımı him-cimlə çağırdı.
    Fəxrəndə xanım tüfəngi Yunis bəyə verib Gözəl arvada yaxınlaşdı və Gözəl arvad da can-dildən Fəxrəndə xanımın qulağına nəsə pıçıldamağa başladı. Yunis bəy arvadlara baxdı, sonra əyilib üst-üstə yığılmış boşqablardan birini götürdü, var gücü ilə göyə vızıldatdı, sol əlində tutduğu tüfəngi elə birəlli də yuxarı qaldırıb atdı: boşqab göydə çilik-çilik olub yerə töküldü.
    Fəxrəndə xanım Gözəl arvaddan ayrılıb bacısı oğluna yaxınlaşdı, iyirmi üçiyirmi dörd yaşlarında bu gözəl oğlanı təpədən dırnağacan süzüb:
    – Bax, atmaq buna deyərlər, Yunis! Sənin damarlarından Cəfərqulu xanın qanı axır, belə də olsun gərək! – dedi.
    Boşqablar yenə bir-bir göyə tolazlandı və göydə də bir-bir çilik-çilik olub yerə töküldü.

IV


    Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:
    – Mənim əziz bacımın kefi necədi? – soruşdu.
    Böyük bəyin ağayana və nəzakətli davranışı, üzündəki şux ifadə həmişə Şahnazın ürəyinə bir sevinc, bir fərəh gətirirdi.
    Şahnaz:
    – Şükür Allaha, qardaş, – dedi. – Yaxşıyam, dünən axşam gəlib-gedən çox idi, heç soruşa bilmədim ki, Peterburq səfərin necə keçdi?
    Böyük bəy bacısının qoluna girib həyət boyu addımlamağa başladı və addımlaya-addımlaya da dedi:
    – Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu saat qazan kimi qaynayır.
    Hər tərəfdə bir inqilab havası var.
    – Bəs, görəsən, əlahəzrət imperator nə fikirdədi?
    – Kim bilir? Hökumətin başı bu saat Cahan müharibəsinə qarışıb, mən bir ciddi tədbir hiss eləmədim. Bir də ki... – Böyük bəy bir müddət sözünə ara verdi, gözlərini qıyıb batmaqda olan günəşin qırmızı şəfəqlərinə baxdı, sonra dedi: – Deyəsən, ikibaşlı qartalın caynaqları korlaşıbdı, bacı. O cür iğtişaşların kökünü birdəfəlik kəsmək üçün Bonapart kimi amansız olmaq lazımdı. Əlahəzrət isə məşhur inqilabçıları həbs eləyib üçillik sürgünə göndərir. – Böyük bəy dərindən nəfəs aldı. – Rusiyanın taxt-tacı sarsılır, bacı. Bakının özündə də ali hökumət adamları, qubernator cənabları çox narahatdı.
    Şahnaz açıq-aşkar narahat oldu:
    – Bakıda da?
    – Bəli... Qəzetlərdə oxumursan? Orda da tez-tez nümayişlər baş verir. Rus erməniyə qarışıb, erməni axmaq müsəlmana qarışıb, aləm dəyib bir-birinə. Sahibkarlar güzəştə getməyə məcbur olur... Yaxşı, siyasətdən danışdıq, bəsdi, inşallah, yaxşı olar hər şey, de görüm sən nə fikirdəsən?
    – Nə barədə?
    – Biz Yunis bəyin elçilərinə cavab verməliyik.
    Şahnaz birdən-birə qızardı, özünü naqolay hiss elədi:
    – Mən hələ qəti bir qərara gəlməmişəm, qardaş, – dedi.
    Bu dəm Böyük bəy Şahnazın böyük qardaşından daha çox qızın atasına oxşayırdı:
    – Məncə, Yunis bəy pis cavan deyil. Bilirsən ki, onun atası Qarabağın ən mötəbər bəylərindəndi. Ana babası Cəfərqulu xan tarixi bir şəxsiyyətdi. Düzdü, təhsili mən istədiyim deyil, realnı məktəbi qurtarmaqla kifayətlənib, amma nəcib oğlandı, zirək adamdı.
    Şahnaz belə bir söhbətə görə böyük qardaşını, sənin yanında bir az sıxıla-sıxıla:
    – Yunis bəyin ləyaqətli bir cavan olmağına mənim sözüm yoxdu... – dedi. – Amma izin versəydin, bir az da fikirləşərdim...
    Böyük bəy gülümsədi:
    – Eybi yoxdu, düşün, bacım... Təki axırı yaxşı olsun. Fəxrəndə xanımın da arzusu sizin izdivacınızdı.
    – Bilirəm...
    – Budur, özü də gəlir...
    Fəxrəndə xanım onlara yaxınlaşdı. Görünür, Şahnazın otuz beş yaşında, çox yaraşıqlı, təhsil görmüş, təkəbbürlü bu qadından bir o qədər də xoşu gəlmirdi və buna görə də cavan xanım onlardan ayrılmaq istədi:
    – Icazənizlə mən gedim.
    Böyük bəy bu gedişin fərqinə varmadı:
    – Buyur, – dedi. – Ancaq dediyim məsələ barədə yaxşı fikirləş.
    Şahnaz qardaşıgildən ayrılıb gedə-gedə:
    – Baş üstə, – dedi.
    Fəxrəndə xanım Şahnazın ardınca baxdı:
    – Yoxsa mane oldum söhbətinizə?
    Böyük bəy mehriban-mehriban gülümsədi:
    – Əsla. Biz Yunis bəy barədə danışırdıq. Gedək o dikdirdəki kürsülərdə əyləşək, Fəxrəndə xanım. Görürsən günəş necə qürub eləyir? Altı il Parisdə təhsil aldım, amma elə bir gün olmadı ki, Şuşadan ötrü burnumun ucu göynəməsin. Hara gedirəm, gedim, Peterburqa, Cenevrəyə, Istanbula, xəyalım həmişə bu yerləri gəzir. Banklara girib-çıxıram, alış-veriş danışıqları aparıram, yüksək rütbəli dövlət adamları ilə görüşürəm, ancaq ürəyim həmişə burdadı, burda, sizin yanınızda... Həyətdəki dikdirdən, böyük tut ağacının altından alışıb-yanan üfüq lap aydın, maneəsiz görünürdü, sıx meşəli uca dağlar, Cıdır düzünün sıldırım qayaları da buradan aydın görünürdü və bu dəm elə bil ki, təkcə günəş batmırdı, bu sıx meşələr, bu uca dağlar, sıldırım qayalar da yuxuya hazırlaşırdı.
    Böyük bəy tut ağacının altındakı kürsüdə oturub ayağını ayağının üstündən aşırmışdı, Fəxrəndə xanım ərinin yanındakı kürsüdə əyləşmişdi və Böyük bəydən fərqli olaraq bu qadının fikri-zikri bu saat bu qürubdan, bu yerlərin qəribə sakitliyindən uzaqlarda idi. Fəxrəndə xanım soruşdu:
    – Şahnaz nə deyir?
    Böyük bəy gülümsədi:
    – Bir az da fikirləşmək istəyir...
    – Neynək, qoy fikirləşsin... Amma bu gün qəribə bir söz eşitmişəm.
    Böyük bəy gözünü üfüqdən çəkib Fəxrəndə xanıma baxdı.
    Fəxrəndə xanım dedi:
    – Deyir, Şahnaz bizim ovçu oğlanla tez-tez görüşür, dayanıb saatlarla söhbət eləyir.
    – Kim deyir?
    – Çörəkçi arvadın sözüdü.
    Böyük bəy açıq-aşkar hirslənib yerində qurcalandı:
    – Qələt eləyir, deyir. Şahnaz təhsil görmüş açıq təbiətli bir qızdı. Onun
    Solaxay Həsənalının oğlu ilə başqa nə haqq-hesabı ola bilər?
    – Ovçu çox gözəl oğlandı...
    Böyük bəy ayağa qalxıb yanpörtü arvadına baxdı:
    – Nə olsun?
    – O, hər bir qızın, xanımın xoşuna gələ bilər...
    – Yəni, Bəhmənmirzənin nəvəsi, Böyük bəyin bacısı o günə qalıb ki, gədənin birinə aşiq olsun?
    – Atalar məsəlidi, Böyük, deyir qızı öz başına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya. – Fəxrəndə xanım da ayağa qalxdı. – Üşüdüm, gedək. – Və malikanəyə tərəf gedə-gedə də xəbər verdi: – Səhər darğa gəlmişdi...
    – Nə deyirdi?
    – Kəndlilərdən bir neçəsi bizim hissəmizi verməkdən boyun qaçırır...
    – Nə deyib boyun qaçırırlar?
    – Deyirlər ki, məhsul yaxşı olmayıb...
    – Bəhanədir! Havadan iy çəkiblər, Rusiyadakı, Bakıdakı iğtişaşın təsiridi, gəlib çıxır buralara da yavaş-yavaş...
    Fəxrəndə xanım ürəkdən ah çəkdi:
    – Sabir kimi, Mirzə Cəlil kimi əhli-qələm kənd camaatını yoldan sapdırıb bizim əleyhimizə qaldırır. Üzr istəyirəm, Böyük, amma siz ziyalı bəylər də ağzınıza su alıb susursunuz...
    Böyük bəy fikirli-fikirli:
    – Fəxrəndə xanım, – dedi. – Mərhum Mirzə Ələkbər də, Mirzə Cəlil də qiymətli adamlardı. Əgər onlar Avropada olsaydılar, bu saat kürreyi-ərz onların hər bir kəlamını qızıla tutmuşdu.
    – Zadəganları, ruhaniləri ələ saldıqlarına görə?
    – Yox, – millətin tərəqqisinə çalışdıqlarına görə. Mən özüm də millətin inkişafı naminə avamlığın, cəhalətin, acgözlüyün qamçılanması tərəfdarıyam... Mən millətimizin cəsur oğulları ilə fəxr edirəm. Parisdə Qarabağ atlıları cıdıra çıxanda bütün əhli-şəhər onların tamaşasına dururdu. Gözəl firəng xanımları onların üstünə gül-çiçək yağdırırdı... Ancaq burası da bir həqiqətdi ki, bütün ölkələrdə olduğu kimi, bizim kənd əhlində də nankorluq var... Nə qədər güzəştə getsən, deyəcək ki, azdı.
    – Məsələ də bundadı, Böyük... Üzr istəyirəm səndən, amma bir az yumşaqsan sən, evdə də, çöldə də...
    Bu vaxt Gülgəz malikanənin ikinci mərtəbəsindəki eyvana çıxıb onları səslədi:
    – Xanım, çay hazırdı.
    Böyük bəy:
    – Gedək içəri, – dedi.

V


    Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə Isaq-Musaq quşu aramla səslənirdi.
    Böyük bəyin malikanəsi də yuxu içində idi. Şahnaz otağından çıxıb qaranlıqda əli, ayağı bir şeyə ilişməsin deyə, ehtiyatla yeriyə-yeriyə birinci mərtəbəyə düşdü və burda onu gözləyən Gülgəzə pıçıltı ilə dedi:
    – Pəncərəni aç, bu tavakababları itlərə at ki, başları qarışsın.
    Gülgəz boşqabı Şahnazdan alıb:
    – Boy, bir belə tavakababın hamısını itlərə atım? – dedi.
    Şahnaz eyni pıçıltı ilə:
    – At! – dedi.
    Və bu zaman qulluqçular otağında yatmış Gözəl arvad, yerdən salınmış yorğan-döşəyin içində vurnuxdu, gözlərini açıb bir müddət həyət pəncərəsinə tərəf baxdı, bir şey hiss eləməyib yenə də gözlərini yumdu. Gülgəz isə tavakababları bir-bir pəncərədən atırdı. Böyük bəyin həyət itləri yeməyin üstünə tökülüşmüşdü. Şahnaz o biri əlindəki boğçanı Gülgəzə verdi, özü qabağa düşdü:
    – Gedək.
    Gülgəz əlindəki boğçanın vəznini yoxlayırmış kimi bir-iki dəfə silkələdi, sonra heyrətlə pıçıldadı:
    – Xanım, bu boyda ev-eşikdən elə bu boğçanı götürürsən, vəssalam?
    Şahnaz acıqlı-acıqlı:
    – Çərənnəmə, – dedi. – Sus-s... gedək.
    Gülgəz malikanədən çıxıb bağçada Şahnazın ardınca gedə-gedə hıçqırmağa başladı. Şahnaz geri çevrilib:
    – Niyə ağlayırsan? – soruşdu.
    Gülgəz:
    – Mən sənsiz burda necə qalacağam, xanım? – dedi. – Bundan sonra dərdimisərimi kimə deyəcəyəm, kimlə danışıb güləcəyəm? Məni də apar özünlə.
    – O sonranın işidi. Gedək.
    Şahnaz qabağa düşüb kola-kosa ilişməsin, səs-küy salmasın deyə ehtiyatla addımlayırdı və bu vaxt Gözəl arvad öz otağında yenə ayıldı, taybatay açılmış pəncərədən itlərin hənirtisinə qulaq asdı, nə fikirləşdisə, hövlnak ayağa qalxdı, şal götürüb gecə köynəyinin üstündən çiyninə saldı və otaqdan çıxdı. Səmənd ürgə Böyük bəy imarətinin daş hasarı qabağında başını aşağı salıb dinməz dayanmışdı, elə bil, uzun səfərqabağı dincini alırdı və at birdən qulaqlarını şəklədi, başını yuxarı qaldırdı və bu zaman qızlar darvazanın bala qapısından eşiyə çıxdılar. Nicat əlində tutduğu cilovu dalınca dartıb qızlara yaxınlaşdı, boğçanı Gülgəzdən alıb, yəhərdən asdı və Gülgəz yenə də hıçqırdı. Şahnaz:
    – Uşaq olma, ay qız, – dedi. – Qoy bir az keçsin, xəlvətcə dalınca bir adam yollayacam.
    Nicat:
    – Yolçu yolda gərək, – dedi. Şahnaz bu aysız-ulduzsuz gecə qaranlığında Nicatın gözlərinin içinə baxdı və daha bu baxışın sahibi, elə bil, başa düşmüşdü ki, söhbət firəng romanından yox, ölümdən gedir.
    Nicat sol ayağını üzəngiyə basıb səmənd ürgənin üstünə atıldı, sonra əyilib Şahnazın belindən yapışdı və qızı bir göz qırpımında tərkinə aldı və səmənd ürgə də elə bu himə bəndmiş kimi yerindən götürüldü. Gülgəzin içini çəkə-çəkə pıçıldaması uzaqlaşan at nalının səsinə qarışdı:
    – Yaxşı yol, a xanım!.. Xoşbəxt olasız, qoşa qarıyasız!..
    Sonra Gülgəz başqa bir səs də eşitdi, çönüb darvazadan həyətə tərəf boylandı və qız yerində donub qaldı: qaranlıqda bir çıraq işığı sürətlə darvazaya yaxınlaşırdı. Fəxrəndə xanım əlində çıraq tutub qabaqda, Gözəl arvad da onun dalınca gəlirdilər və Fəxrəndə xanım darvazadan eşiyə çıxıb, Gülgəzi görəndə birinci sualı bu oldu:
    – Burda nə qayırırsan, qız? Niyə ağlayırsan?
    Gülgəz heç bilmədi ki, ağzını necə açdı:
    – Allah ölənlərinə rəhmət eləsin, xanım, qoca nənəm yadıma düşüb, məni yaman çox istəyirdi, indi istəməsin... – Və qız bu dəfə səsini içinə salmayıb zırhazır ağlamağa başladı.
    Fəxrəndə xanım:
    – Axmağın biri! – dedi. – Qoca nənən gecənin bu vaxtı niyə yadına düşüb? Bəs eşiyə niyə çıxmısan? Təksən burda? – Əlindəki lampanı qaldırıb o tərəf-bu tərəfə baxdı. – Təksən, soruşuram? – Gülgəzdən cavab gəlməsə də, elə bil Fəxrəndə xanım hər şeyi başa düşdü. – Bəs Şahnaz hardadı?
    Gülgəz içini çəkə-çəkə:
    – Bilmirəm, xanım, – dedi. – Nənəmin canı üçün heç nədən xəbərim yoxdu!..
    Və qız bu sözləri elə dedi ki, daha Fəxrəndə xanımın şəkk-şübhəsi qalmadı ki, nəsə bir iş var bu işin içində, qulluqçunun saçından yapışıb bərk-bərk dartdı və darta-darta da:
    – Xəbərin var, ləçər! – dedi və qızın üzünə bir sillə vurdu, sonra yenə saçını elə dartdı ki, Gülgəzin başı silkələndi, haray-həşiri aləmi başına götürdü.
    Böyük bəy təngnəfəs darvazadan çölə çıxdı:
    – Nə olub? Nə hay-küydü?
    Fəxrəndə xanımın halı özündə deyildi, hirs-küdurətdən elə bil ki, heç kimi tanımırdı, heç kimi görmürdü və ərinə məhəl qoymayıb yenə qulluqçunun sifətinə bir sillə vurdu:
    – Hardadı Şahnaz?
    Gülgəz hönkürə-hönkürə:
    – Getdilər... – dedi.
    Fəxrəndə xanım qızın saçlarını buraxdı. Ərinə sarı çönüb:
    – Qız o gədəyə qoşulub qaçıb, Böyük! – dedi.
    Araya bir anlıq sükut çökdü, sonra Böyük bəy birdən özünə gəlib, təpiklə darvazanın bala qapısını vurub açdı və imarətinə tərəf qaça-qaça qışqırdı:
    – Qüdrət! Qüdrət!
    Qüdrət hay-küyə yuxudan oyanmışdı, əyin-başını düymələyə-düymələyə imarətdən çıxıb onlara tərəf qaçırdı, ağasının səsinə hay verdi:
    – Bəli, ağa! Nə olub?
    Böyük bəy özünə yer tapa bilmirdi, hirsindən dili topuq çalırdı və hövlnak yuxudan oyanıb həyətə tökülüşən nökər-qulluqçular yəqin ki, ağalarını belə hirslihiddətli görməmişdilər.
    Böyük bəy qışqırdı:
    – Tez gədələri oyat, atlansınlar! Mənim də atımı yəhərləyin! Tez! Tüfənglənin!
    Fəxrəndə xanım da əlindəki çıraqla ətrafı işıqlandıra-işıqlandıra:
    – Qüdrət! – qışqırdı. – Qüdrət, Yunis bəyi çağır! Yunis bəy də atlansın! – Sonra Fəxrəndə xanım güclə özünü yetirib ayı kimi ağına-bozuna baxmadan kolunkosun içindən keçən, ağacların qol-budağını sındıran Böyük bəyin ətəyindən yapışdı. – Sən getmə, Böyük, sən dayan! Gədə qovmaq sənə yaraşmaz! Sakit ol, Yunis bəy o it oğlunun ölüsünü, ya dirisini sürükləyib gətirəcək bura!..
    ...Və bu dəm səmənd ürgə də, səmənd ürgənin belindəki iki nəfər də o hayküydən xəbərsiz sıldırım qayaların, sal daşların arası ilə Şuşadan üzüaşağı, arana çapırdı və bu dəm bu zülmət qaranlıqda bir işıq kimi o gözəl mahnı da onlarla birlikdə çapırdı:
    Aman ovçu, vurma məni,
    Mən bu dağın maralıyam...
    Yaralıyam, yaralıyam,
    Mən bu dağın maralıyam.
    Səmənd ürgə eniş-yoxuşa düşəndə, hərdən Şahnazın səsi qırılırdı, at belində yırğalandıqca, səsi titrəyirdi, amma mahnısını oxuyurdu, iki əlilə də Nicatın belindən yapışıb, üzünü onun geniş kürəyinə sıxmışdı və qızın saçları elə şivə qarası idi ki, yaylığının altından çıxıb havada dalğalandıqca bu zülmət gecə qarasından da seçilmirdi.
    Əvvəlcə, deyəsən, səmənd ürgə hiss elədi ki, gecənin bu qaranlığında, bu daşın, qayanın arasında tək çapmır; arxadan gələn var, fınxırdı, boynunu daha da qabağa uzatdı və daha da bərk çapmağa başladı, sonra ovçu geri qanrılıb gözünü qıydı, elə bil ki, bu qaranlıqda nəsə görəcəkmiş, sonra da təkcə bunu dedi:
    – Bərk tut!
    Şahnaz özünü oğlanın kürəyinə daha da kip sıxdı.
    – Bərk tutmuşam, bərk tutmuşam mən, çap! Çap, gözünə dönüm sənin!
    Səmənd ürgə isə çap ki, çapırdı və daşa, çınqıla dəyən nal səsi, atın tövşüməsi bu dəm bu qayalıqda yeganə səs idi, amma bir müddətdən sonra, elə bil, uzaqlardan bu ayaq səslərinin əks-sədası eşidilməyə başladı və get-gedə bu əks-səda artdı, yaxınlaşdı.
    Nicat:
    – Qovurlar bizi! – dedi. Şahnaz hər şeyi başa düşmüşdü, odur ki, bir söz demədi, bərk-bərk oğlanın belini sıxdı, geniş kürəyinə qısıldı.
    Nicat:
    – Ikimizi qaçıra bilməyəcək ürgə, – dedi. – Qarabağın ən yaxşı atları Böyük bəyin tövləsindədi. Şahnaz heç nə demədi.
    Nicat:
    – Vermərəm səni! – dedi. – Vermərəm səni onlara! Vermərəm! – dedi və boynunu atın yalına əydi.
    Şahnaz:
    – Vermə! – dedi. – Vermə məni onlara! Çap, zalım ovçu! Çap, mənim əzizim, mənim ovçum, mənim kişim!..
    ...Altı-yeddi atlı idi – Yunis bəy idi, Qüdrət idi, Böyük bəyin başqa igidləri idi, çapırdılar, yel olub səmənd ürgəyə çatmaq istəyirdilər, qaranlıqda gözlərindən qığılcım parlayırdı və birdən Qüdrətin iti gözləri səmənd ürgənin üstündəki iki nəfərin hələ xeyli uzaq kölgəsini seçdi.
    – Onlardı! – qışqırdı Qüdrət. – Onlardı! – Sonra bir göz qırpımında tüfəngi belindən aşırıb bu yatmış qayaları birdən-birə lərzəyə gətirdi.
    Yunis bəy birinci çapırdı, sol əli ilə tüfəngini yuxarı qaldırdı və Qüdrətə tərəf qanrılıb:
    – Atma! – qışqırdı və qışqıra-qışqıra bir də təkrar elədi: – Atmayın! – Sonra sol əlində yuxarı qaldırdığı tüfəngi hamının gözü qabağında yerə tulladı və iki əliylə də atın boynunu qucaqlayıb: – Mən yuxarıdan getdim, Qüdrət, sən aşağıdan çap! – dedi.
    Atlılar iki dəstəyə haçalandılar. Yunis bəylə iki atlı yuxarıdan çapdı, Qüdrətlə üç atlı aşağıdan...
    ...Nicat:
    – Atmırlar. – dedi. – Sənə görə atmırlar. – Sonra qanrılıb geri baxdı.
    Qüdrət lap yaxında çapırdı, bir azdan Qüdrət də, atlıları da səmənd ürgəyə çatasıydı.
    Nicat cilovu sol əlində tutdu, sağ əliylə atın belindəki tüfəngi çıxartdı və aşağı əyilə-əyilə:
    – Atları vuracağam... – dedi.
    Güllənin açılması ilə Qüdrətin atının üzüstə yerə sərilməsi bir oldu, sonra ikinci güllə açıldı və ikinci atın qabaq ayaqları büküldü, üçüncü güllə açıldı, dördüncü güllə yenə də bir atlını atdan yerə atdı.
    Şahnaz:
    – Vur, – dedi. – vur, vur, vuran əlinə qurban olum mən, zalım ovçu, vur, vur, vur!.. – Və Şahnaz bu axırıncı sözləri hıçqıra-hıçqıra dedi, ağlaya-ağlaya dedi, qorxudanmı ağladı Şahnaz, Qarabağın ən gözəl atlarıyçınmı heyfsiləndi, qaramı basdı Şahnazı, bilmirəm, amma qız atın belində ləngər vurdu, əli-ayağı süstəldi, az qaldı bu vurhavurda sürüşüb yerə düşsün. Nicat sol əli ilə cilovu buraxıb qızın çiynini qamarladı, özünə tərəf çəkdi və elə bu dəm yanpörtü çapa-çapa onlara yaxınlaşan Yunis bəyin atdığı kəmənd səmənd ürgənin boynuna dolandı, atın ağzı yuxarı getdi, qabaq ayaqlarının ikisi də dizdən büküldü və at boynu üstə yerə sərildi, səmənd ürgənin boynu həmin qaranlıq gecədə tükürpədici bir «xırç» eləyib sındı. Nicatın bir ayağı atın altında qalmışdı, sol əli ilə özündən getmiş Şahnazı tutmuşdu, sağ əli atın yalını döyəcləyirdi:
    – Qalx! – deyirdi. – Qalx! Qalx!
    Hər şey məhv olub getmişdi, hər şey qurtarmışdı və hər şeyin beləcə tamamkamal bitməsi bu dəm Nicatın sifətində, hərəkətində, səsində öz əksini tapmışdı.
    Ovçu atın yalını döyəcləyə-döyəcləyə:
    – Qalx! – deyirdi. – Qalx! Qalx!..
    ...Böyük bəylə Fəxrəndə xanım atlıları darvazanın qabağında qarşıladı. Yunis bəy qabaqda gəlirdi, huşunu itirmiş Şahnaz onun qucağında idi, Yunis bəy kəməndin bir ucunu atının yəhərinə bağlamışdı, o biri ucu ilə Nicatın əl-qolunu sarımışdı və onu dalınca çəkib gətirirdi.
    Qüdrət başqa bir atda oturmuşdu. Üçüncü adam da atlı idi. Qalanlar piyada gəlirdilər.
    Fəxrəndə xanım əlindəki lampanı qabağa tutdu:
    – Allaha çox şükür! – dedi, sonra birdən-birə irəli yeriyib ovçunun qabağında dayandı və həmin qaranlıq gecədə bir qəfil sillə səsi cingildədi.
    Nicat gözünü də qırpmadı, necə dik dayanmışdı, eləcə də Fəxrəndə xanımın gözlərinin içinə baxdı, gülümsədi və dedi:
    – Əlin ağırıymış yaman, xanım, yazıq Gülgəzin halına... Fəxrəndə xanım əlindəki lampanı aşağı saldı.
    Böyük bəy Yunis bəyin qabağına yeridi:
    – Qıza bir şey olmayıb ki?
    Yunis bəy:
    – Bir az əzilib yəqin, – dedi. – Və qızı ehmalca atın üstündən Böyük bəyə uzatdı və Böyük bəy də Şahnazı qucağına alıb darvazadan içəri girdi.
    ...Bayırın o zülmətindən sonra Böyük bəyin imarətindəki çilçıraqlar göz qamaşdırırdı. Böyük bəylə Fəxrəndə xanım pilləkənlərlə tələsik ikinci mərtəbədən birinciyə endi. Qüdrətlə Gözəl arvad dəhlizdə onları gözləyirdi.
    Fəxrəndə xanım Gözəl arvadın ovcuna bir qızıl onluq basdı:
    – Al, – dedi. – Bir daş altda, bir daş üstə.
    Gözəl arvad:
    – Allah köməyin olsun, xanım, – dedi. – Bir daş altda, bir daş da üstə.
    Fəxrəndə xanım:
    – Yeri get yıxıl yat, – dedi və Gözəl arvad da o saat öz otağına getdi.
    Böyük bəy:
    – Qüdrət, o gədə hardadı? – soruşdu.
    – Zirzəmiyə salıb ağzını bağlamışıq.
    – Tapşır ona göz olsunlar. Özün göz ol ona, özün! Naçalnik burda yoxdu, gələn kimi o haramzadəni göndərəcəyəm Qala həbsxanasına. Elə edərsən ki, orda başını əksinlər, rədd olsun. Eşitdin?
    Qüdrət atının heyfini almağa elə belə bir fürsət gözləyirmiş kimi dedi:
    – Istəyirsən elə burda...
    Fəxrəndə xanım Böyük bəyə baxdı.
    Böyük bəy:
    – Yox, burda olmaz, – dedi. – Necə deyirəm heylə edərsən!
    – Baş üstə, ağa!
    Böyük bəy Qüdrətdən çox Fəxrəndə xanıma dedi:
    – Həbsxana rəisi belə işlərdə təcrübəli adamdı...
    Qüdrət başı ilə ağasının dediklərini təsdiq elədi:
    – Bilirəm...
    – Gedə bilərsən.
    Qüdrət imarətdən həyətə çıxdı. Böyük bəylə Fəxrəndə xanım bir müddət birbirlərinə baxdılar, sonra Böyük bəy gözlərini Fəxrəndə xanımdan ayırıb iki əlini də yuxarı qaldırdı:
    – Ilahi, sən özün bilirsən ki, mən heç vaxt heç zaman sənin qanunlarına zidd getməmişəm! Ancaq nankorları, kəmfürsətləri, azğınları məhv eləmək lazımdı!
    – Şükür!.. – Fəxrəndə xanım pıçıldadı.
    Böyük bəyin belə bir duruşu və dediyi bu sözlər onun avropasayağı qiyafəsinə heç uyuşmurdu.

VI


    Indi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.
    Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.
    – Mənim mədəniyyətim sənə əl qaldırmağa yol vermədi. Ancaq Allaha çox şükür ki, mən səni yolda tutdura bildim. Əgər sən o gədə ilə bir yastığa baş qoymuş olsaydın, inan Allaha, ürəyimi daş eləyib səni tikə-tikə doğrardım. Şahnaz gözlərini Xəznə qayasından çəkdi, birdən-sifəti alışıb-yandı, qardaşına ötkəm bir nəzər salıb:
    – O, gədə deyil, qardaş! – dedi. – Mən də onu istəyirəm!
    Böyük bəy şüşəbəndin ortasında ayaq saxladı, diqqətlə bacısına baxdı və ən qəribəsi də bu oldu ki, qızın belə bir ötkəmliyi, elə bil, onu birdən-birə yumşaltdı; bacısına yaxınlaşıb, çoxdan bəri həsrətindəymiş kimi, saçlarını oxşadı:
    – Sənin cəsarətin mənim xoşuma gəlir, – dedi Böyük bəy. – Bu cəhətdən sən rəhmətlik nənəmiz Xanbikəyə oxşamısan. O da qabağındanyeyən arvad deyildi... Ancaq, Şahnaz, bacım, inan ki, sənin ürəyindəki hisslər müvəqqəti aldanışdır. Başqa cürə ola bilməz. Sən onu istəyə bilməzsən.
    – Nə üçün?
    – Çünki sən xan qızısan, ancaq o, Solaxay Həsənalının oğludu! Ovçu oğlu ovçudu! Gec-tez onsuz da bu fərq özünü göstərəcək. Şahnaz yenə Xəznə qayasına tərəf baxdı və elə bil, özü özü ilə dərdləşdi:
    – Bəs, sən Firəngistandan gələndən sonra saatlarla fikirlərin azadlığından danışırdın... Jan Jak Russodan, insanların bərabərliyindən, qardaşlığından danışırdın...
    – Qardaşlığı, bərabərliyi bizim peyğəmbərimiz də buyurub. Ancaq peyğəmbər ağanın ağa, rəiyyətin də rəiyyət olduğunu rədd etməyib! Zəif ağıllar həmişə güclü ağıllara tabe olub. Güclü gücsüzə kömək eləməlidi və sən də yaxşı bilirsən ki, mən heç vaxt kömək əlimi məzlumdan əskik etməmişəm. Ancaq, bacım, bu o demək deyildir ki, rəiyyətlə ağa bir-birinin tay-bərabəridi... – Böyük bəy pəncərəyə yaxınlaşıb eşiyin ağaclarına, kol-kosuna, uzaqdakı göy dağlara, Xəznə qayasına baxdı və elə bil ki, bu yaşıllıq, bu təmizlik, bu genişlik Böyük bəyin ürəyinə bir səmimiyyət gətirdi, bir etiraf istəyi gətirdi. – Fikirləşirsən yəqin ki, qardaşının bərabərlik, demokratiya haqqındakı sözləri də onun firəng modasında tikdirdiyi libaslar kimi bir şeydi... Belə deyil... Mən Firəngistanda təhsil alanda demokratiya, bərabərlik, insanpərvərlik haqqında eşitdiklərimə, doğrudan da, inanırdım. «Yaşasın azad respublika!» – deyirdim. Viktor Hüqoya pərəstiş edirdim. Ancaq... ancaq təhsili bitirib qayıdanda, Yevlaxda qabağıma gələn üçatlı faytonumuza əyləşib Şuşaya tərəf yollananda özümü elə rahat hiss elədim ki... Bu Topxana meşəsinə baxanda, bu bərəkətli torpaqlara baxanda fəxr elədim ki, bunlar hamısı bizimdi. Fəxr elədim ki, mən rəiyyət yox, ağayam. Damarlarımdan axan qanımla hiss elədim bunu, çünki ağalıq bizim qanımızdadı...
    Bu vaxt birdən-birə Şahnaza bir hönkürtü gəldi və qız hönkürə-hönkürə yerindən qalxıb özünü bəyin ayaqlarına atdı:
    – Buraxdır onu, qardaş! Onu Qüdrətin umuduna qoyma!
    Böyük bəy əvvəlcə özünü tamam itirdi:
    – Dur ayağa! Qalx! – dedi və əyilib bacısını qaldırdı və bu gözlənilməz hərəkətin qəfilliyindən sonra özünə gələ-gələ: – Gədənin birindən ötrü qardaşının da olsa, ayağına yıxılmaq sənə yaraşmaz, – dedi. – Kəndistana göndərirəm səni bir neçə aylığa, get, dincəl orda!
    Və Böyük bəy iti addımlarla şüşəbənddən çıxıb pilləkənlərlə aşağı endi. Böyük bəyin kip örtmək istədiyi dodaqları səyriyirdi.
    Şahnaz isə, elə-eləcə şüşəbənddə dayanıb uçunurdu.

VII

    Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.
    Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
    – Getməyəcəksən! – Qışqırdı. – Buraxmaram səni!
    Yunis bəy, elə bil, dolmuşdu, içəridən partladı:
    – Şahnazı istəyirəm, öküz kimi böyürürəm onun həsrətindən gecələr, xala,
    Qarabağın bütün gözəlləri bir heçdi gözümdə, xala, amma daha ala bilmərəm mən onu, yoxsa papaq gəzdirməyim başımda gərək, ləçək taxım!.. Gədənin birinin tərkinə minib gecəyarısı evdən qaçan qızı sən də gərək mənə layiq bilməyəsən, xala!
    Fəxrəndə xanım tövşüyə-tövşüyə:
    – Uşaqsan sən hələ, uşaqsan! – dedi. – Bəs bu mal-dövlət nə olsun?! Bu imarətlər, bu torpaqlar kimə qalsın?! – Sonra Fəxrəndə xanım əlini qoynuna atıb boynundan asdığı daş-qaşları qopardı və bunları az qala Yunis bəyin gözünə soxdu:
    – Bəs bu ləl-cavahir nə olsun?! Uşağım olmur mənim! Allah-taala bir uşağı çox görür Böyük bəyə! Nə olsun bəs bunlar, kimə qalsın? Gədə-güdəyəmi qismət olsun? Yetim-yesirmi yeyib kef çəksin, hər dəfə də dədəmizin goruna söysün?!
    Yunis bəy xalasının ovcundakı ləl-cavahirə baxdı:
    – Çəkisi ağırdı onların, xala, – dedi. – Düz deyirsən! Amma indi onların çəkisi qeyrətsizliyin çəkisidi! Mən bu yükü daşıya bilmərəm, xala, ölərəm o yükün altında, canım çıxar mənim!
    Və Yunis bəy atı çapıb darvazadan çıxdı, çapa-çapa da Şuşanın sal daşlar döşənmiş küçələrindən ötüb Ərimgəldidən keçdi, aran yolunda gözdən itdi.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 1101 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more