Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-6

      “Mozart”ın rusdilli, “elitar” müştərilərini fərqləndirən cəhətlərdən biri də, dünya şöhrətli konyunktura adamı Paolo Koelhonun yaradıcılığı üzrə “mütəxəssis” olmaları və hamı bir nəfər kimi Əlkimyagəri oxumalarıdır. Aralarından bəziləri Viktor Pelevinin də bir neçə əsərini oxuyub ki, “intellektualizmdə” bir pillə onlardan yuxarıda dayananlarla ayaqlaşa bilsinlər. Rəna demişkən, bütün dünyada Paolo Koelho mənasız adamların, qlamur vurğunlarının, psevdointellektual və latent pederastların kumiridir. Bu da bir daha “Mozart”da öz təsdiqini tapır. Koelho bura yığışanların hamısını dəli eləyərək, öz müstəsnalığına, dərinliyinə və kosmosu qavrama istedadına inandırıb. Sənan, “metro qarşısında limon satan qaraçının intellekti nə qədərdirsə, bu rusdillilərin də intellekti o qədərdir” deyir. Mən isə düşünürəm ki, Madonna ən sevdiyi yazıçının Koelho olduğunu bildirməsəydi, bəlkə də onun belə böyük oxucu ordusu olmazdı.
     Yenə də bu kafeyə toplaşanların məzəli söhbətlərini eşitmək çox əyləncəlidir. Stulun belinə yaslanıb saçlarını arxadan yığan Rəna mənə göz vurdu:
     -Əla söhbət gedir. Fikir ver.
     Hörüklü saçlarına sarı-qırmızı muncuqlar düzmüş fındıq burunlu qız - qısa saçlı, boynundakı zəncirdə oxatan bürcünün rəmzi sallanan rəfiqəsinə:
     - Руфатик с третьего подъезда İnfiniti купил. Видела? – soruşdu.
     - Да, блин. Папинкин сынок.
     - Но он такой милый. Чем-то Губина мне напоминает.
     - Андрея Губина?
     - Ну да!
     - Да лааана тебе, Губин… Фу.
     Tam qarşımızdakı masada isə iki cavan oğlan arasında qızğın mübahisə gedir.
     - Хорош пиздеть и разоряться, как баба на молоканке!
     - Чувак, чес слово я Славу уже и так и эдак продвигаю, но не зовут бля!
     - Если игру провалим, Рошка нам этого не простит. И без того в последние дни сам не свой.
     - А чё случилось-то?
     - А хуй его знает. Слухи разные ходят…
     Oğlanlardan sarışın olanını tanıdım. “Что? Где? Когда?» oyunlarının aktiv iştirakçısıdır. Söhbət də görünür komandanın kapitanı Rövşən Zabitoğlundan və oyuna cəlb etmək istədikləri, Slava adlı adamdan gedir. Qəfil, ikisi də üzlərini bizə tərəf çevirdilər. Rəna menyunu vərəqləyirdi deyə, onlarla göz-gözə gəlmək mənim payıma düşdü. Baxışlarımı üzlərindən ayırmadan, siqareti külqabına sərtcə basıb söndürdüm. “Tanımadıqları adamların kafeyə gəlmələri onları narahat edir, ona görə belə əsəbidirlər”. Mənim də onlara tərs-tərs baxdığımı və gözümü çəkmək niyyətində olmadığımı görüb, son dəfə Rənanı süzdülər və üzlərini çevirdilər. Sarışın oğlan qırmızı şərabdan bir qurtum içib:
     - Слушай, эти чушки уже на наш островок покушаются - dedi. - Вчера заходили двое. Блин, два часа на своем ебаном азибижанском пиздели.
     - Да, не говори! Прикинь, мало того, что на азибижанском пиздят, так еще и книжки рассматривают.
     Rəna başını qaldırıb təəccüblə onlara, sonra da mənə baxdı:
     - Bunlar nə gicdəyir?
     - Əşi fikir vermə, – dedim. – Onlara baş qoşanın ağlı yoxdu.
     - Azərbaycan dilində danışdıq deyə əsəbiləşdilər?
     - Hə də. Bilmirsən bunların qarın ağrısını?
     Rəna güldü və başını buladı:
     -Tay demirlər ki, rus dilindən dərs keçərəm onlara.
     - Əslində problem onların rus dilində danışmaqları deyil, rus dilində düşünmələridir.
     - Yaxşı yadıma düşdü. Rusdilli qızların azərbaycandilli qızlardan yaxşı sevişdiyini sən demirdin?
     - Düz deyil bəyəm? - sakit tərzdə soruşdum. - Rusdillilərin nəyi də olmasa, qızlarının sevişməsindən yoxdur. Bu işi əla bacarırlar. Texnikanı bilirlər. Ehtiraslıd ırlar.
     -Yaxşı da! Sənə nə rusdilli, nə qeyri rusdilli? Şorgözün yekəsisən.
     Sənan içəri girib oyan bu yana baxdı. Bizi görüb gülümsədi. Yanımıza yaxınlaşdı.
     - Axşamınız xeyir. Nə yaxşı Rəna da gəlib! - Sənan sevgilimin əlini sıxdı. - Son vaxtlar az-az görüşürük. Günah Muraddadı.
     Rəna yanındakı stulu Sənan üçün çəkib:
     - Buyur əyləş - dedi. - Muradın sifətini heç mən düz-əməlli görmürəm.
     - Bəsdirin - dedim. - Gəlin sifarişləri verək. Acından ölürəm - əlimi qaldırıb Yelenaya bizə yaxınlaşması üçün işarə elədim.
     -Qəzetdə nə var nə yox? - Rəna maraqlandı.
     Sənan menyunun içkilər olan hissəsini açdı.
     - Qəzetin vəziyyətini hər gün səhifələrində görmək olur. Sizdə nə var nə yox e? Sən ondan danış.
     Qaş-qabağı yer süpürən Yelena masamıza yaxınlaşıb əsəbi əda ilə:
     - Eşidirəm, - dedi və bloknotunu açıb yazmağa hazır vəziyyətdə dayandı.
     Rəna ilə mən toyuq salatı, klub-sendviç və Kola sifariş verdik. Sənan isə beş-altı saniyəlik tərəddüddən sonra yaşıl çay istədi. Yelena sifarişləri yazıb gözdən itən kimi, Sənan soruşdu:
     -Nə olub buna?
     - Quduzlaşıb - dedim. - Fikir vermə. O gün Gürcüstan reportajını oxudum. Əla yazmışdın.
     Sənan siqaret yandırıb başını yırğaladı.
     - İnanırsan, əməlli-başlı Avropa qurublar gürcülər. Heç deməzsən ki, bir-neçə il əvvəl bu ölkə Qafqazın ən geridə qalmış ölkəsi; korrupsiya, adam oğurluğunda lider olub. İnan ki, Tiflisdə mən ancaq utanmaqla məşğul idim. Ay kişi, bu Azərbaycana görə nə qədər utanmaq olar axı? Portretlərə görə utan, rüşvətə görə utan, gömrüyə görə utan, vergiyə görə utan, polisə görə utan, bu debil rusdillilərə görə utan. Utanmaqdan yorulmuşam vallah! Bayaqdan söhbətlərini bitirib jurnal vərəqləyən oğlanlar, çönüb biz tərəfə baxdılar. Bu saat nəsə deyəcəklərini, dava salacaqlarını düşündüm. Amma nifrət dolu olsa da gözləri, etiraz etməyə cəsarətləri çatmadı. Sənan da onların əyilən sifətlərini görüb özündən razı halda:
     - Bax belə - dedi. - Bir nəfər də gürcü görmədim ki, öz dilində danışmaqdan utansın.
     Mövzunu dəyişmək və yaranan gərgin havanı yumşaltmaq üçün dedim:
     -Mənim də yanıma bu gün kim gəlsə yaxşıdı? Rəna da, Sənan da maraqla mənə baxdılar. Hətta mənə elə gəldi ki, rusdillilər də qulaqlarını şəklədilər.
     -Kim? - Sənan soruşdu.
     -Səyavuş Orucun qızı. Bizdə müalicə olunacaq.
     Rəna:
     -Ooo. Kefdəsən ki - dedi və gözlərini qıydı. Qısqananda həmişə belə istehzalı danışır və gözlərini qıyır.
     -Nə mənada?
     -Yaxşı pul verər yəqin.
     -Əşi, tüpürüm ona da, puluna da. Özü də belələri xəsis olur.
     Yelena Sənanın çayını, bizim də salatlarımızla kolanı gətirdi, tez-tələsik çıxıb getdi.
     Rəna koladan bir qurtum içdi:
     -Niyə elə deyirsən. Pasient pasientdir.
     Üzümə yorğun ifadə qatıb sifətimi turşutdum:
     -Amma bu xəstə çox danışır e.
     - Nə deyir ki? - Sənan gözlərini bərəldib maraqlandı.
     - Mənə deyir ki, siz fərqlisiniz, mənə yaltaqlanmırsınız filan. Guya onun da bundan xoşu gəlibmiş.
     Rəna Sənana baxıb, ondan sözlərinə təsdiq gözləyirmiş kimi:
     -Ola bilər də. Burda nə var axı? Düz demirəm? - soruşdu.
     Sənan tərəddüd etmədən Rənayla razılaşdı:
     - Hə də. Niyə də olmasın. Ömür boyu çevrəsində yaltaqlar görüb, indi də sənin kimisinə rast gəlib çaşıb.
     -Yaxşı da! Öz dediklərinizə inanırsınız?
     Salatdan balaca bir tikə götürüb ağzıma qoydum. Rəna ilə Sənan israrla Səyavuş Orucun qızı haqqında danışmağımı tələb edirdilər. Məndən əl çəkməyəcəklərini başa düşüb, əhvalatı əvvəldən sona qədər onlara nəql etdim. Şeylanın əynindəki paltardan, ağzının qoxusunacan. Dişlərindəki problemdən, mənimlə etdiyi söhbətlərəcən. Dodaqlarını boyamasından, S-Class-a minib getməsinəcən.
     Sənan çay fincanını iki ovucu ilə tutub gözlərini uzaq bir nöqtəyə zilləmişdi.
     -Həə, maraqlı tipajdır. Görək sabah nə olacaq. Danışarsan bizə. Rəna onunla razılaşdı:
     -Hə, hə mütləq. Bir az atası haqqında danışdır onu. Görək nə deyir. Mənə maraqlıdır, Səyavuş kimi mənasız, boş adam, evdə necə ərdir, atadır.
     Gülümsünüb başımı buladım:
     -Ölürsünüz də qeybət üçün.
     Sənan:
     - Qeybət niyə olur? İctimai fiqurlar haqqında danışmaq qeybət sayılmır - etiraz etdi və Rənaya göz vurdu, - Nətəhər qızdı? Gözəldi?
     - Hə, gözəl demək olar - istifimi pozmadan dedim, - Amma maraqsızdır.
     -Niyə? - Sənan soruşdu.
     - Özündən çox razı, çox arxayındır. Amma bunlar üçün əsas görmürəm.
     -Yəni primitivdir?
     - Səthidir desək daha doğru olar. Əşi varlı, şıltaq qızlar necə olur? Bax elə. Onların arasından bircə nəfər normalı çıxıb ki?
     Sənan çayını bitirib bir siqaret yandırdı.
     -Çox çəkirsən - Rəna süni qayğıkeşliklə dedi.
     -Olsun da. Onsuzda hamı gec-tez öləcək. Nə isə əşi. Səyavuş Oruc özü nədir ki, qızı da nə olsun. Toğrul neyniyir? Görüşüb eləyirsiz?
     -Görüşürük arada bir - dedim. - Son vaxtlar başı qarışıqdı.
     -Evlənmir bəs?
     Rəna ilə baxışdıq.
     -Çətin məsələdir - dedim.
     Sənan nəsə fikirləşib, təəssüflə başını endirib-qaldırdı.
     -Bəlkə bu yaxınlarda oturaq? Çoxdandır görmürəm onu. Maraqlı oğlandır.
     “Oturmaq” bizim leksikonumuzda kafelərdən birinə doluşub kabab yemək, araq içməkdir.
     - Razıyam - dedim. - Həkim kimi də gözəl həkimdir.
     - Amma ilişib qalıb da. - Rəna dedi və özü də bir siqaret yandırdı.
     Toğrulun kimə və necə ilişməsi barədə məlumatlı olan Sənan:
     -Hələ də o qızın dalınca sürünür? - soruşdu.
     -Təəssüf - dedim.
     - Nə isə. Bu günlərdə oturaq qəşəngcə vuraq. Hətta rayonlardan birinə də gedə bilərik.
     Rəna gözlərini qıyıb siqaretin külünü çırpdı:
     -Yenə pyaniskəliyə başlayırsınız?
     Sənan qaşlarını çatdı:
     - Biz pyaniskə deyilik. Pyaniskə arağı duzlu xiyarla vuran adama deyirlər. Biz isə eşşəkcən yeyirik. Araq heç təsir eləmir bizə.
     Rəna bərkdən güldü:
     -Onda onu içməyin mənası nədi?
     -Heç - dedim. - Elə belə. Məqsəd söhbət eləməkdi. Özü də sən içəndə, bizdən pis içmirsən. Təklifini bəyəndim - Sənana baxıb dedim. - Hara gedə bilərik?
     -Şəkiyə getmək olar. Elə Toğrulun maşını ilə. Danış onunla, razıdırsa bir gün təyin edib çıxaq.
     Rəna bir Sənana baxdı, bir mənə:
     -Həç mənə təklif eləmirlər e, bunlara bax.
     Əlini ovcuma götürüb dodaqlarıma yaxınlaşdırdım:
     - Özün dedin ki, pyaniskəliyə gedirsiniz. Sənin sərxoş kişilərin patriarxal məclisində nə işin var?
     Rəna əlini dartıb çəkdi, siqaretdən bir qullab aldı.
     -Toğrul Zümrüdsüz heç yana addım atan deyil. Zümrüd gələsi olsa, mən də gələcəm!
     Söhbətimizi maraqla dinləyən Sənana baxdım. Ondan reaksiya gözlədiyimi görüb dilləndi:
     - Danışdıq. Amma Zümrüd çətin ki, bizimlə yola çıxsın. Sözlərinizdən belə məlum olur ki, ifritənin biridi. Amma işdi-şayət gələsi olsa, hamımız qatarla gedərik.
     Hardansa peyda olan Yelena klub sendviçləri masanın üstünə qoyub, bir göz qırpımında buxarlandı. Aydındır - bizim yanımızda çox dayanmaq istəmir. Halbuki, bayaqdan fikir verirəm, obiri müştərilərin yanına yaxınlaşanda gülümsəyir, hətta onlarla söhbət də edir. Sənan da bu ayrıseçkiliyi fərq etmişdi.
     -Bunun ədasına, forsuna bax. Qancıq!
     Rəna gülüb siqaretini söndürdü. Sendviçdən dişləm alıb, çeynəyə-çeynəyə:
     - Əsəbiləşmə - dedi. - Ölkədə bu qızdan daha ciddi problemlər var.
     -Haqlısan. Hər şey kökündən dəyişməlidi. Bayaq qul bazarının yanından keçirdim. Ürəyim ağrıdı, inanırsız? Bu arvad hara baxır, nə işlə məşğuldur, niyə bu qədər zülm eləyir camaata? Bu suallara cavab tapa bilmirəm.
     - Qənirənin heç xəbəri var ki, ölkədə nə baş verir? - dedim. - Öz kefindədi.
     -Latın Amerikası diktatorlarından biri haqqında nə vaxtsa oxumuşdum ki, o, hər dəfə saraydan çıxanda əyanlarına sadə camaatı yolun üstündən yığışdırmağı tapşırırmış. Kasıb cildində insan, dilənçi görəndə onu qaşınma tuturmuş. Özü də elə ki, bu diktator küçəyə çıxırmış, ətrafda bir ins-cinsin olmaması azmış kimi, üstəlik, gözlərini də möhkəm-möhkəm yumurmuş. Səbəbini soruşanda da deyirmiş ki, “Ay axmaqlar, ikiqat ehtiyatlı olmağın nəyi pisdir?”
     Rəna fikirli-fikirli:
     -Hərdən öz qadınlığımdan utanıram - dedi. - Qənirənin yerinə mən utanıram! Elə sənin dediyin tipli diktatordur da bu arvad. Xalqı yolun üstündən yığışdırırsan, həqiqətə gözlərini yumursan, beləcə, ölkədə hər şey çox gözəl olur. İnsanlar xoşbəxtdir! Sanki, sən demişkən nə qul bazarları var küçələrdə, nə dilənçi ordusu. Nə şüşə silən, limon satan uşaqlar, nə də övladına toy etmək üçün pul tapa bilməyib intihar edən atalar. Bu Qənirə özünü elə aparır ki, elə bil hamının üzündən sevinc yağır, ürəklər də ona qarşı sevgi hissi ilə döyünür.
     Rusdilli oğlanlar bizim nə və kim haqda danışdığımızı başa düşüb, dərhal hesabı istədilər. Yan masada oturan saçları muncuqlu qız da onlar kimi edib, Yelenaya əli ilə “hesabı gətir” işarəsini verdi. Yelena, müştərilərin bizim üzümüzdən belə tez çıxıb getmək istədiyini başa düşüb, nifrətlə bizə baxdı və hesabı gətirmək üçün mətbəxə keçdi. Sənan isə kafedə yaranan gərginliyi vecinə almadan davam etdi:
     -Bütün diktatorlar öz aləmində belə bir xoşbəxt ölkəyə rəhbərlik edirlər də! Bir gün də xalq hüquqsuzluqdan, ədalətsizlikdən cana doyub saraylara hücum çəkəndə onların həqiqətə qarşı yumulmuş gözləri dəhşətdən bərələ qalır. Hər şey o qədər anidən baş verir ki, dönüb ətrafdakılardan “bu ac, qəzəbli insanlar hardan çıxdı?” soruşmağa macal tapmırlar. Bu xalq da bir gün belə ayağa qalxacaq.
     Hesabı ödəyib qaçan rusdilli müştərilərdən sonra, bizimlə kafedə tək qalan Yelena mətbəxə girib qapını çırpdı.
     -Bu da bunların rusdilliliyi - deyən Rəna qəhqəhə ilə gülməyə başladı.
     -İndi başa düşürsünüz - Şeyla, Zümrüd kimilərə niyə nifrət edirəm? - soruşdum. - Potensial Qənirə Milli olduqlarına görə.
     Rəna masanın üstündəki əlimi nəvazişlə balaca ovcunun içinə alıb sıxdı.

Gecə


     “Rənanı çox sevirəm”.
     Son zamanlar, bunu tez-tez ürəyimdə təkrarlamağımın səbəbi Rənanın mənim üçün adiləşə biləcəyindən qorxmağımdır. Ya da aşiq olduğumu bir daha, bir daha özümə etirafımdır.
     Bilmirəm.
     Rənanın mənim üçün adiləşməsi, maraqsızlaşması - münasibətlərimizin sonunu gətirə bilər. Mənsə ondan ayrılmaq istəmirəm. Onun yanında özümü geniş, isti bir qanadın altındakı körpə quş kimi hiss edirəm. Bu da təbiidir. Bütün kişilərin, o cümlədən mənim də ehtiyacımız qadın nəfəsi, qadın qayğısıdır. Həftənin yalnız iki-üç gününü Rənanın evində keçirib, daha artığından çəkinməyim bu səbəbdəndir yəqin. Evinə dadanmaqdan, ondan bezməkdən qorxuram. Mənim eşq üçün yararsız, ümidsiz, bədbin və pinti evimə bircə dəfə ayaq basmayıb Rəna. Onu evimə dəvət etməməklə çoxmu xətrinə dəyirəm görəsən? Mən olsaydım inciyərdim. Deməli o da inciyir. Bir gün ürəyimdə Sevildən başqa qadının olmadığını başa düşəcək, məndən bezəcək deyə qorxuram. Olacağa çarə yoxdur.
     “Mozart”da çox oturmadıq. Təxminən yarım saat sonra Sənan gəzişməyi təklif etdi. Əsəbindən donuz kimi pörtmüş Yelenaya hesabı ödəyib, gülüşə-gülüşə kafeni tərk edən son müştərilər olduq. Saat on birə işləyirdi. Küçələrdən yığışan maşınların tüstüsü çəkilir, şəhərin tozanağı aram-aram boz asfalta yatırdı. Azacıq da olsa, nəfəs almaq yüngülləşmişdi.
     Bu dəfə siyasətdən danışmadıq. Mövzumuz axırıncı Hollywood filmləri, yeni kitablar, hətta qadın ətirləri idi. Əlindən tutduğum sevgilimin gülümsəyən, ağıllı üzünə arada bir nəzər salaraq, bir saat boyunca Nizami küçəsini o baş-bu baş arşınladıq. Sənanın əmisi oğlu Nurəddin zəng vurub Sahil metrosunun qabağında onu gözlədiyini xəbər verəndə, saat on ikiyə qalırdı. Sənanla metroya qədər gəlib, əmisi oğlu ilə görüşdük. Nurəddin ölkənin tanınmış sığorta şirkətlərindən birində avtomobil sığortası üzrə mütəxəssis işləyir. Təzə Toyota Camry-sindən düşüb bizimlə hal-əhval tutandan sonra:
     -Gəlin sizi də aparım - dedi.
     Bilirdim ki, Rəna belə tez ayrılmağımızı istəməz. Hətta gecəni bir yerdə keçirəcəyimizi düşünür bəlkə də. Mən isə çox yorğun olduğumdan, təcili yatağa girib “sönmək” haqda fikirləşirdim. Xəcalətimdən Rənanın üzünə baxmadan Nurəddinə:
     -Sizin üçün zəhmət olacaq - dedim.
     Nurəddin qollarını aralayıb incimiş halda:
     -Siz nə danışırsınız! Buyurun, əyləşin. - dedi.
     -Onda əvvəl xanımı düşürdək.
     -Problem deyil, buyurun.
     Rəna ilə arxa oturacağa oturub, yol boyu susduq. Rəna məndən aralı otursa da, sağ əlimin barmaqları ilə oynayırdı. Sənanla Nurəddin isə bizi unudub, evlənməyə hazırlaşan qohumları haqda danışmağa başladılar. “Cehiz”, “mənzil”, “mebel”, “təmir”, “toy”, “qancıq qayınana” kimi rabitəsiz sözlər qırıq-qırıq çatırdı qulağıma. İnşaatçılar metrosunun yanındakı doqquz mərtəbəli binalara yaxınlaşanda, Rəna:
     -Burdan sağa zəhmət olmasa - dedi və qulağıma, - Bəlkə gələsən? - pıçıldadı.
     -Yox, çox sağ ol. Evə getsəm yaxşıdır. Yorğunam. Rəna qürurludur, bilirəm. Təklifini bir daha təkrarlamayacaq, israr etməyəcək. Elə də oldu. Sadəcə çiyinlərini dartıb gülümsədi. Dəvətini qəbul etmədiyim üçün incidiyi hiss olunurdu. Özümə nifrət etdim. Onu bərkdən qucaqlayıb öpdüm və qulağına: “Sabah gələcəm. Bu günsə sənə inciməyi qadağan edirəm” dedim. Pıçıltım onu qıdıqladığı üçün yavaşca gülüb boynunu məndən qaçırtdı və qabaqda oturanlarla vidalaşdı.
     -Dostlar sağ olun. Görüşərik.
     Rəna bloka sarı gedir, mənsə arxadan onun heyran qaldığım yerişinə tamaşa edirəm. Bu ifadəli, aristokrat yerişi onu necə də fərqləndirir, cazibəli edir.
     Sənan üzünü arxaya çevirib:
     -Sən də evə gedirsən? - soruşdu.
     Gözlərimi pəncərədən ayırıb bir Sənana, bir Nurəddinə baxa-baxa:
     -Nurəddinə əziyyət olmaz ki? - soruşdum.
     Nurəddin tez-tez başını buladı.
     -Əziyyəti zadı yoxdur. O nə sözdü! Hara gedirik?
     Sənan mənim əvəzimə:
     -Bayıla sür - deyib təzədən mənə baxdı, - Yaxşısan?
     Bir az təəccüblə:
     -Hə - dedim. - Nədir ki?
     - Heç, elə belə soruşdum. Son vaxtlar çox gərginsən elə bil.
     -Yox əşi. - deyib, gözlərimi yumub-açdım.
     Sənan təzədən üzünü qabağa çevirdi.
     -Yayda mitinqlər başlayır. Bu il son şansımızdı - şüşəni açıb siqaret yandırdı. Elə bil, bu sözləri demək üçün, bayaqdan Rənanın maşından düşməsini gözləyirdi. Halbuki, Rəna bu söhbətlər üçün sino gedir. Heç şübhə etmirəm ki, mitinqlər başlasa, ön cərgələrdə polislə toqquşanlardan biri də Rəna olacaq.
     İlin sonunda, noyabr ayında keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası yayda başlamalı olsa da, müxalifət indidən aktiv hazırlıqlar görür. Əslində, hamı seçkilərin formal xarakterli olduğunu, iqtidarın 20 ilə yaxındır etdiyi kimi, bu seçkiləri də saxtalaşdıracağını yaxşı bilir. Odur ki, müxalifətin hazırlıqları təbliğata yox, hakimiyyətin silahlı dəstələrinə müqavimətə yönəlib. 2005-cü ildə olduğu kimi, bu il də hamının ümidi Demokratik İslahatlar Partiyası və lider Niyazi Salayevdir. İllərdir televiziya efirindən məhrum edilən Niyazi Salayevin öz elektoratı ilə ünsiyyət qurmaqda yeganə vasitəsi - iki-üç müxalif qəzetdir. Salayev də son bir aydır, bu qəzetlər vasitəsilə ümidlərinin böyük olduğunu, xalqın qələbə çalacağını və iqtidarın mütləq devriləcəyini vəd edir. Sənanın da dəyişikliyə ümidi var. Doğrusu, mənim də. Sırf ümidsiz yaşamaq ağır olduğuna görə, rejimin çökəcəyinə ümid bəsləyirəm.
     Başımı oturacaqla qapı arasındakı küncə dirəyib qaranlıq küçəyə baxa-baxa:
     - Bircə şeydən qorxuram - dedim. - Bu il də “son şansımız” deyə-deyə özümüzü çox ümidləndirsək, sonra yenə alınmasa, beş il əvvəlkindən beşbetər sına bilərik.
     Biz birinci şansımızı, 2005-cü ilin prezident seçkilərində itirdik. Niyazi Salayevin seçkilərdə açıq-aşkar səs çoxluğu ilə qalib gəlməsinə baxmayaraq, Qənirə Millinin prezidentliyində və rejimin davamlılığında maraqlı olan hakimiyyətdaxili qüvvələr, mafioz klanlar onu ölən ərinin kreslosuna oturtmaq naminə, ən qəddar üsullarla mitinqlərin qarşısını aldılar. “İkinci meydan hərəkatı” adını alan hadisələr ifrat yoxsulluq, hüquqsuzluq və ədalətsizlik həddinə çatdırılmış xalqın uzun illər gözlənilən hayqırtısı idi. Əllərində “Niyazi Salayev prezident!”, “Rədd olsun Milli! Yaşasın Niyazi!” plakatları ilə meydana çıxan; korrupsiyadan, avtoritarizmdən, qəsbdən və zorakılıqdan bezmiş insanların üstünə daxili qoşunlar, polis və dazbaş idmançılar hücum etmişdi. Xalqın Azadlıq meydanından yığışmadığını görən iqtidar, bu dəfə insanların üstünə texnikanı sürdü. Gecənin bir yarısında silahlı xüsusi təyinatlılar, BTR-lər, hətta tanklar meydana girərək xalqı güllə-baran etdi. Xəbərdarlıqsız atəş açıldı və... nəticədə 131 nəfər qətlə yetirildi. Bunlardan on altısı yeniyetmə, səksən beşi kişi, qalanları isə qadınlar idi. Ölənlər ölmüş, yerdə qalan dirilərə isə divan tutulmuşdu. Həbs olunan 1136 nəfər mitinq iştirakçısından yüzlərləsinin dırnaqları qopardılmış, gözləri oyulmuş, qabırğaları sındırılmış, arvadları və qızları gözlərinin qabağında zorlanmışdı.
     O saatlarda isə bütün telekanallarda Qənirə Milli danışırdı. Milli, “... Bunlar terrorçudur, silahları var. Hamısı xaricdən, Qərbdən maliyyələşir! Bunlar islam ekstremistləridir!” kimi cəfəng, təzadlı bəyanatlar verir, özünü dünyaya güldürürdü. Gözü qana doymayan Qənirə, “ikinci meydan hərəkatının” arxasında “vəhhabilərin”, “şiələrin”, “Əl-Qaidə”nin, Soros Fondunun və son dövrlərdəki siyasi ritorikasının ruhuna uyğun olaraq “ABŞ Dövlət Departamentinin” dayandığını iddia edir və sübut kimi, meydanda öldürülən insanların yanında, guya onlara məxsus silahlar və “Lə iləhə illəllah, Muhammədun rəsulullah” yazılmış yaşıl bayraqlar “tapıldığını” deyirdi.
     Rejimin etiraz edən kütləyə qanlı “cavabından” sonra, BBC müxbirinin Azadlıq meydanından tapdığı isə başqa şey olmuşdu. Qana bulaşmış, görünür oturaq aksiya vaxtı tez-tələsik yazılmış bir məktub. Meydana çıxan ata, məktəbli oğluna bunları yazırdı:
      “Mənim balam, biz azad olmaq uğrunda bu meydana gəlmişik. Biz, azad yaşamaq, şərəflə yaşamaq üçün buradayıq. Sənin, ananın, sinif yoldaşlarının azadlığı uğrunda meydandayıq. Biz istəyirik ki, sən böyüyəndə yaxşı təhsil ala biləsən, sağlam oğlan olasan, xoşbəxt olasan. Atan istəyir ki, ölkəmizdə korrupsiya olmasın, insanlar nahaq həbs olunmasın, evlərini hansısa oliqarxlar sökməsin, onları küçəyə atmasın. Biz qoyun deyilik oğlum, biz insanıq! Əgər biz bir yerdə olsaq, heç kəs bizə heç nə edə bilməz. Biz xalqıq. Bu hakimiyyət rədd olub getməlidir! Əgər evə qayıtmasam, eşitsən ki, atan ölüb, bil ki, sən çox qeyrətli bir kişinin oğlusan. Sən atanla fəxr edə bilərsən. Bu meydana çıxan hər bir kəsin övladı, valideyniilə fəxr edə bilər...” Başqa bir atanın, alnından vurularaq öldürülən Elnur Göyəzənli adlı nümayişçinin sıxılmış ovcunda isə, körpə qızına ünvanlanmış, ürək dağlayan bu məktub tapılmışdı:
      “Ceylancım, sən indi istəsən belə, bu yazını oxuya bilməyəcəksən. Amma illər sonra - artıq A-dan Z-yə bütün hərfləri tanıdığında bu yazını mütləq, həm də mütləq oxumanı istəyirəm.
     Ceylancım, bax, bir atanın övladı üçün buraxa biləcəyi ən böyük, ən dəyərli miras hürr bir ölkədir. Ədalətin və azadlığın qalib gəldiyi bir ölkədir. İnsanların yalanla və yaltaqlıqla deyil, biləyinin və ağlının gücü ilə yaşayacağı bir ölkədir. Və allah şahiddir ki, mən sənin elə bir ölkədə böyüməni, yaşlanmanı nə qədər istərdim. Kimsəyə əyilmədən, alçalmadan həyatda bütün arzuladıqlarını əldə etməni nə qədər istərdim. Amma bunlar yalnız istəməklə olmaz ki, qızım! Həm də savaşmaqla olar. Çırpınmaqla, çabalamaqla olar. Həqiqətin gücünə güc qatmaqla olar.
     Bax, elə ona görə də indi səndən, sənin qayğılarından çox mübarək bir savaşı düşünmək məcburiyyətindəyəm. Bu, həm də sənin uğrunda savaşdı, gözəl qızım, sənin kimi yüz minlərcə çocuq uğrunda savaşdı. Sənin və sənin kimi yüzminlərcə çocuğun gələcəyini oğurlamaq istəyən ədalətsiz və əxlaqsız bir sistemi yıxmaq, sökmək, onun yerində düzlüyün, dürüstlüyün, ləyaqətin, vicdanın hakim olduğu bir rejim qurmaq, yaratmaq uğrunda savaşdı. Elə bir savaş ki, bunun zövqünü, bunun gözəlliyini ruhunu şərə, şeytana satmışlar heç vaxt anlamayacaq. Amma sənin anlayacağına inanıram, ayüzlüm, çox inanıram!
     İndi məni həyatda sevindirən tək şey var, o da sənsən, Ceylancım! Ancaq indi məni həyatda kədərləndirən tək şey varsa, o da sənsən. Bilirsənmi, niyə? Çünki mənəviyyatsızlığın, əclaflığın, riyakarlığın həyat normasına çevrildiyi bir ölkədə dünyaya çocuq gətirməkdən, o məsum çocuğu bu bitib-tükənməz mənəviyyatsızlıqların, əclaflıqların, riyakarlıqların qurbanına çevirməkdən böyük cinayət yoxdur. Amma əgər o cinayətə qol qoyduqsa, bunun bədəlini də ödəyəcəyik. Bu ölkədən hər cür yalanın, yaltaqlığın, simasızlığın, şərəfsizliyin kökünü qazıyacağıq. Ən azı bunun üçün döyüşəcəyik, çarpışacağıq, çırpınacağıq. Sənin və sənin kimi yüzminlərcə günahsız çocuğa azad və abad, ədalətli və əxlaqlı bir ölkə buraxmaq üçün qollarımızı sıvayacağıq, yorulmadan, usanmadan savaşmağa davam edəcəyik. Bu yolun artıq geriyə dönüşü yoxdur, gözəl qızım, əgər ortada çocuqların gələcəyi məsələsi varsa, heç bir yolun geriyə dönüşü olmamalıdır!
     Bax, Ceylancım, mən indi sənə azad və xoşbəxt yaşayacağın ölkə buraxa biləcəyimə yüzdəyüz söz vermirəm. Amma elə bir ölkə uğrunda sonadək savaşacağıma yüzdəyüz söz verirəm. Bir də buna yüzdəyüz söz verirəm: sən heç vaxt saxtakar, rüşvətxor, yaltaq, riyakar, simasız, şərəfsiz bir atanın qızı olmayacaqsan.
     Bir atanın övladına buraxa biləcəyi ikinci ən böyük, ən dəyərli miras da elə budur, qızım!
     Gözlərindən öpürəm”.
     -Bu il də həmin hadisələr təkrar oluna bilməz. Olunsa da artıq Bakı yox, bütün rayon və şəhərlər ayağa qalxacaq - Sənan siqareti pəncərədən tullayıb üzünü mənə çevirdi. - Artıq səbri qalmayıb xalqın. Bu murdar rejim getməlidir. Xalq Qənirə Millini Çauşesku cütlüyünün gününə salacaq. Nurik, burdan sola dön, qabaqdakı zibil qutularının yanında saxla.
     İqtidarın bu dəfə xalqa güllə sıxmayacağına inanmağı çox istərdim. Amma çətinlik çəkirəm. İllər boyu İslam Milli hakimiyyətinin, indi isə hakimiyyətdə qalmaq naminə hər vasitəyə əl atmağa hazır Qənirə Millinin xalqla bircə danışıq dili var - silah! Öldürmək, güllələmək, divan tutmaq, beşiyində boğmaq - bu Milli hökumətinin üslubudur. Çünki bu rejimin opponentləri yoxdur, ancaq düşmənləri var. Bu düşmənlər konkret adı olan siyasətçilər, partiyalar deyil. Düşmən - bütün xalqdır.
     Nurəddin Sənanın göstərdiyi yerdə maşını saxladı.
     - Buyurun Murad bəy. - Sonra da tərəddüdlə dedi, - Sizə bir işim düşüb. Klinikanıza gələ bilərəm?
     - Əlbəttə - dedim. - Bu nə sözdür. Sənandan nömrəmi götürün, istədiyiniz vaxt zəng edin. Bir gün təyin edək, görüşək. Nəsə baş verib?
     - Yox, elə-belə. Bir-iki dişimdə çürümə var.
     - Karies varsa, bu “elə-belə” deyil. Mütləq gəlməlisiniz. Zənginizi gözləyəcəm.
     Nurəddin minnətdarlıqla gülümsədi:
     -Çox sağ olun Murad bəy.
     - Dəyməz qardaş. Sən sağ ol. Sənan, salamat qal.
     Sənan yüz səksən dərəcə çevrilib əlini mənə uzatdı:
     - Oldu qardaş, görüşərik. Özünə yaxşı bax. İnamını da itirmə.
     -Baş üstə - deyib, maşından düşdüm.
     Nə qədər taqətsiz olduğumu indi daha aydın hiss edirdim. Elə bil bir saat qaçmış, ya da futbol oynamışdım. Ayaqlarım sözümə qulaq asmırdı, əzələlərim ağrıyırdı. Gərək idmana gedim, siqareti də azaldım. Liftə minib mərtəbəmə qalxana qədər nəfəsim daraldı. Qapını açıb özümü hövlnak atdım mənzilə. Cəld soyunub qaçdım vanna otağına. Üzümə su vurdum.
     Niyə inad edirəm? Nə üçün mənimlə olmasına icazə vermirəm? Bu qədər eqoist olmamalıyam axı. Rəna hər gün, hər an mənimlə olmaq istəyir, mən isə onu ancaq sevişmək istəyəndə axtarıb tapıram. Bunu başa düşürmü görəsən? Əlbəttə başa düşür. Amma yenə də mənimlədir. Nə tapıb məndə?
     Otağa qayıdıb pəncərəyə yaxınlaşdım, siqaret yandırdım. Yol boyu düzülmüş fənərlərin, zülmət küçəni işıqlandırmağa gücü çatmırdı. Gecələr buralar təhlükəli, narahat olur. İtlərin ulaması fahişələrin çığırtısına, avaraların bağırışması polislərin sirenalarına qarışır. Normal adamı vahimə basmalıdır bu evdə. Amma mən öyrəşmişəm. Hətta o qədər öyrəşmişəm ki, çox vaxt gecənin çökəcəyi, tənha evimə qapanacağım anı səbirsizliklə gözləyirəm. Gözləyirəm ki, günəş öz qovurucu şüaları ilə yer üzünü yandırmağı dayandırsın, təbiətin qürubla fısıldaşması başlasın, bizi işıqdan qoruyan kölgələr, ayın və ulduzların yumşaq sayrışmasında öz valehedici rəqslərinə başlasın. Mən də bax beləcə pəncərəmin qarşısında dayanıb, gecənin simfoniyasını eşidim. Yalnız bu sədalar məni xaosun küt uğultusundan qorumağa qadirdir. Həm də qaranlığa deyilən pıçıltılar mənə cavab olaraq qayıdır. Duyuram bu cavabları. Eşidirəm.
     Gündüzlər hamı eynidir - hərə öz proqramına uyğun rolunu icra edir - gülümsəyir, deyib-gülür, savaşır, sevişir. Gecələr isə maskalar düşür sifətlərdən. Mənim də rollarım var. Sevdiyim və sevmədiyim rollarım. Bu barədə düşünmək üçün ən münbit zamandır gecə. Həyatı dərk etməyə, bilinməyəni bilməyə, əhatə olunmayanı əhatə etməyə çalışanların zamanıdır. Dünyanın bütün gözəllikləri tamamilə yeni, çox fərqli bir qiyafədə qarşımızda durur. Gecə - vərdiş etdiyimiz obrazları dağıdır, onlara yeni çalarlar qatır. Bəs nə üçün gecə ölüm rəmzidir görəsən? Mənim üçün əksinə - gerçəkləşməsi mümkün olmayan ideya və arzuların rəmzdir. Yaradıcılıq və dağıdıcılıq zamanıdır.
     Yaradıcılıq haqda çox düşünürəm, amma heç nə yaratmamışam hələ. Özgürü, oğlumu yaratmışam bircə, o da yanımda deyil. Bax belə. Hə, hə. Ağlamağı sevirəm. Gündüzlər, sentimental olana lağ etmək lazımdır - bunu proqram tələb edir. Gecələr isə, özüm ola bilərəm. Ağlaya bilərəm, kədərlənə bilərəm, qəhərlənə bilərəm. Hər şeyə - övladımın yanımda olmamasına, Qənirə Millinin iyrənc rejiminə, dişlərini müalicə etməyə məcbur olduğum qəhbə Şeylanın nazlı gülüşünə - dözməliyəm. Dözürəm. Çünki, ümidlərimə bağlı olan intizar, bu müvəqqəti varolmanın dəhşətinə dözməyə kömək edir. Özgür. Adı kimi özgür olmasını istəyirəm oğlumun. Onun üçün gələcək qurmalıyam, ölkə qurmalıyam. Həm valideyn instinktim, həm də ağlım, şüurum tələb edir bunu.
     Ah Sevil. Sənsiz necə mənasızdır hər şey. Adamın ailəsi yanında olar, övladı yanında olar. Oğlumu həftədə bir dəfə görməli deyiləm. Mən atayam!
      “İndi düşdü yadına?” deyərdi mənə Sevil burda olsaydı. Deyəydi, amma yanımda olaydı kaş.
     Onunla birlikdə qurduğumuz dünyanı yerlə bir edib getdi. Mən yalnız aşiq deyildim ona, həm də yaxın dost bilirdim. Hər məsələdə məsləhətləşirdim onunla, birlikdə gələcək barədə planlar qururduq. Ağlamaqdan da qorxmurdum onun yanında. Bilirdim ki, ağlayanda yanımda olacaq, göz yaşlarımı siləcək. İndi isə, bütün zəif nöqtələrimi bilən bir insanın məndən uzaqda, başqası ilə olmasını həzm edə bilmirəm. Yox, əlbəttə bu barədə ona danışmayacaq, sirlərimi açmayacaq. Elə qadın deyil. Harda nəyi danışacağını yaxşı bilir. Amma yenə də narahatam. Axmaq fikirlər girir beynimə. Elə bilirəm ən məhrəm sirlərimin daşıyıcısı, başqa bir kişinin qoynunda, mənim sevimli seksual pozalarımı onunla bölüşür. Mən yataqda dahi, sehrbaz deyildim. Sadəcə, bəyəndiyim bəzi şeylər varıydı ki, o da bəyənirdi. Görəsən eyni şeyləri o əclaf kişidən də görürmü?
     Sevilə dair hər xatirə yandırır məni. O gün marketdə onun ən sevdiyi şokolada əl atdım, almaq istədim. Evdə olmadığını yada salanda tutulub qaldım. Onun bişirdiyi xörəklər üçün, sevdiyi mahnılar üçün darıxmışam. Sevil gedəndən sonra, elə bil xəyallarımı da itirmişəm. Gözəl evimizin planlarını kiminlə quracağam indi? Atamdan qalan iki otaqlı mənzilin darısqallığı söhbətləri də aktuallığını itirib artıq. Bu ev indi həddən artıq genişdir mənim üçün.
     Romanlarda, kinolarda ayrılan sevgililərin bir-birlərinə xoşbəxtlik arzulamasından əttökən heç nə yoxdur. Yalandır! Ağ yalandır! Ayrıldığı sevgilisinə başqası ilə səadət arzulayan adam ya saxtakardır, ya da debil. Əslində ikisi də eyni poxdur. O, indi başqasının qoynundadır və mən bunu bilirəm. Yumruqlarımı sıxıb, zırıldamaqdan başqa əlacım qalmayıb. Qürurum və tərbiyəm onun seçiminə müdaxilə etməyə icazə vermir. Amma istəyirəm əzab çəksin, necə ki, mən çəkirəm. İstəyirəm bədbəxt olsun!
     Boşanmış, özü də uşaqlı bir qadını alan ərinə nə deyim bəs? Qəhrəmandır, yoxsa necə?
     İş yoldaşıydılar. Sonra boşandığını eşidib, evlənmək təklif elədi Sevilə. Deməli onu həmişə arzulayıb, istəyib. Sevil də boşanmış qadın statusuna ancaq yarım il dözə bildi. Niyə belə tez ərə getdi? Mənə acıq vermək üçün? Yoxsa Rasimi sevirdi? Necə sevə bilər? Bəlkə də cəsarətinə heyran qalıb, razılıq verib. Doğrusu, mən onun kimi cəsur addım ata bilməzdim. Boşanmış, uşaqlı qadınla evlənə bilməzdim. Bəlkə də evlənərdim. Rasimə bu mənada hörmət edirəm, amma nifrətim daha böyükdür.
     Bəs oğlum? Anasını bağışlayacaqmı? Oğluma “anana nifrət et” deyəcək qədər əxlaqsız deyiləm, amma Özgürün onu bağışlamasını istəməzdim. İstəməzdim ki, atalığına da ata desin. Xeyr, Özgür heç vaxt ona ata deməyəcək. Rasimə nifrət etməsini, onunla yola getməməsini, hər gün acılamasını istəyirəm. İstəyirəm o da bir gün oğluma əl qaldırsın ki, oğraşı döyməyə, sifətinə yumruq vurmağa, ağzını-burnunu əzməyə bəhanəm olsun.
     Amma Rasim çox sakitdir. Oğlumu da çox istəyir. Aşiq olduğu qadının övladını öz övladı kimi sevir. Çox nəzakətli və təmkinli adamdır. Dava etməyə imkan vermir mənə. Bəli, onu döymək üçün mənə fürsət vermir deyə, Rasimə daha çox nifrət edirəm. Nə vaxt baxsan sırtıq kimi gülür. Yumşaq xasiyyəti var. Mənim kimi zəhmli deyil. Qaşqabağım yerlə gedən, Sevili acıladığım günlər olurdu. O da mənə “İtə dönürsən bu evə ayaq basanda. Məni görəndə elə bil ilan görürsən. Bir gün məni itirəndə qədrimi biləcəksən” deyirdi. Elə bilirdim uzaq, çox uzaq perspektiv olan, üfüqdə görünməyən ölümə eyham vurur. Hardan biləydim ki, çıxıb gedə bilər?
     O isə getdi. İndi onun yoxluğu buz kimi soyuqdur. Onun əlindən, səsindən, qəzəbindən başqası yalandır. O, mənim üçün vərdişə çevrilmişdi. Vərdiş sevgidən daha şiddətlidir.
     Çıxıb getdi. Hər şeyi darmadağın etdi. İndi mənim evim, evdən başqa hər şeyə oxşayır. Mətbəxdə, iç-içə qoyulmuş stəkanların çətinliklə bir-birlərindən qopmasından bəlli olur ki, bu evə çoxdandı qonaq gəlmir. Belə də olmalıydı. Axı qadınlar çıxıb gedəndə, arxada nə qədər adamı və əşyanı yetim qoyub gedirlər. Mətbəx şkafı, pərdələr, dəmir qabın içindəki köhnə düymələr, küncdə duran süpürgə, şifonerin dibindəki əski-üskülər, komodun üstündəki daraq da tənha qalıb. Sübhün qaranlığında mətbəxdən gələn taqqırtılar da susub, boşqablar yetim qalıb. Bir qadın gedəndə, saxsıdakı çiçəklərin suyu da unudulur, evi toz basır, hörümçəklər gündə bir tor qurur. Balkon artıq səssiz-səmirsiz, dəhliz kimsəsizdir. Bir qadın gedəndə nə çox adam gedir əslində. Nə çox adamı itiririk. Bir fəhləni, xadiməni, dayəni, fahişəni, mühasibi. Bir ana gedir. Bir dost. Bir sevgili. Sevgili...
     Bax bu dəqiqə telefonu götürüb sənə zəng vursam, səni bütün hüceyrələrimlə, selikli gişam və əzələlərimlə sevirəm deyə hayqırsam inanarsan? Qayıdarsan? Mən axı doğrudan da sevirəm səni.
     İnan ki, sən yanımda olmayanda, elə bil bütün dünya hönkür-hönkür ağlayır. Ona görə ki, bütün dünya əlvan rənglərə boyanmaq, mahnı oxumaq və rəqs etmək üçün sənə möhtacdır.
     Bax, indi otağı arşınlayıram özümə bir məşğuliyyət tapmaq, azacıq fikrimi dağıtmaq üçün. Gəzirəm, amma yer tapa bilmirəm özümə. Hər şey sürüşüb gedir əlimdən və fikirlərimi yalnız sən işğal edirsən. Fikirlər o qədər qorxunc, dəhşətlidir ki, dünyanın ən uzaq nöqtəsinə qaçıb çarəsizliyimdən zarımaq istəyirəm. Bilməyini istəyirəm ki, mən sənin səsindən, sənin səsinəcən yaşayıram. Sən qayıtsan, söz verirəm ki, sənin öpüşündən, sənin öpüşünəcən yaşayacam. Sənə nə qədər möhtac olduğumu soruş, mən də deyim ki, “jaləsində yuyunmaq və gecənin ayazında qızışmaq üçün yaz sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Sən də bu lirik etirafa doyunca gül.
     Düzdür, indi qadınsız deyiləm - Rəna var yanımda. Amma Rənanın mənə heyran olmasında sənin də xidmətlərin var. Axı sən mənə rənglərin və hisslərin yeni dünyasını açmışdın Sevil. Sən mənə sevməyi öyrətmişdin. Sən mənimlə evlənmədən qabaq mənimlə yatağa girmişdin. Qorxmamışdın bundan, narahat olmamışdın. Sən sevirdin və sevginə arxayın idin. Bilirdin ki, sənə xəyanət etməyəcəm, səni atmayacam. Toyumuzda artıq üç həftəlik hamilə idin. Biz qeyri-adi cütlükdük. Bizi qısqanırdılar, paxıllıq edirdilər. Çünki biz ənənəvi ailə deyildik. Sırf uşaq doğmaq xətrinə evlənməmişdik. Hətta bir-birimizə olan sevgimiz, Özgürə olan sevgimizdən də artıq olub həmişə.
     Özü də, nə deyirsən de, mən fədakar ər olmuşam sənə qarşı. Hətta başqa qadınların yanından qayıtdığım gecələrdə, məndən şübhələnməyəsən deyə, taqətim, gücüm olmadığı halda daha ehtiraslı, daha çılğın sevişmişəm səninlə. Bu da mənim verdiyim qurban idi. Bu sözlər həyasızlıqdır? Sənə elə gəlir. Mənimlə yatmaq istəyən qadınları geri çevirə bilməzdim. Sadəcə olaraq bilməlisən ki, mən heç vaxt sənə qəlbimlə, ruhumla xəyanət etməmişəm, aldatmamışam. Yalnız bədənimlə. Bilirəm, küflənmiş bəhanədir, inandırıcılıqdan yoxsundur. Amma bu mənim bəhanəmdir. Bu bəhanəmi, sənə ağır da olsa, qəbul eləməlisən.
     Nə isə. Mən nə sənin nömrəni yığanam, nə də sənə bu sözləri deyən. Saat da iki olub. Yatmaq vaxtıdı.
     Şimşək çaxdı. Səma, iri damcılarla ağlamağa başladı. Bağlı pəncərəmə hücum çəkərək, çərçivə aralarından evə sızmaq istəyən külək, vahiməli uğultu ilə payız simfoniyasını ifa edirdi. Çılpaq ağacların olan-qalan yarpaqları da qopub, vəhşi küləyin qanadlarında məchula sürüklənirdi.
     Nazik, parlaq oraqlı ay, qapqara buludları yarıb, sönük nəzərlərini şəhərə çevirdi.
     Bakı can verirdi.

Ehtiras


     Şeyla astaca qapını döyüb içəri girəndə, əllərimi təzəcə yuyub qurulamışdım. Dəsmalı asıb qapıya çöndüm. Bu gün gələcəyi tamam çıxmışdı yadımdan. Pis bir iş üstündə qəfil yaxalanan nadinc uşaqlar kimi, bir neçə saniyə suçlu-suçlu onun gülümsəyən üzünə baxdım. Bu gün əynində buz mavisi dar cins və çəhrayı köynək vardı. Sükut uzandıqca, gəlişindən narazı olduğumu fikirləşə bilərdi. Gözlərimi üzündən ayırıb, əlimlə bormaşını göstərdim:
     -Buyurun Şeyla xanım.
     Qapını bağladı. Çəkinərək:
     -Yenə həmin sualı verəcəm. - dedi. - Birbaşa kresloya oturum?
     Görəsən nə cavab verim?
     - Özünüz bilərsiniz. İstəyirsinizsə bir az gözləyək, sonra başlayarıq.
     Dodaqlarını büzüb, təbəssüm etdi. Başını buladı:
     -Yox, yox. Vaxt itirməyin mənası nədir?
     Çantasını stolun üstünə qoydu və kresloya oturub, bic-bic gülən gözlərini üzümə dikdi.
     -Özünüzü necə hiss edirsiniz? - yanına yaxınlaşıb soruşdum.
     Bugünkü ətri tamam başqaydı, sanki geyiminə uyğun seçilmişdi - xəfif, şirin və bahar təravətli.
     - Yaxşıyam, sağ olun. Dünən, ağrılarım bir az azalmışdı elə bil. Amma təmizləyəndə yenə də ağrıdır.
     -Əlbəttə ağrıdacaq. Biz hələ nə eləmişik ki? - əlcəkləri taxa-taxa dedim və projektoru yandırıb üzünə çevirdim.
     -Bağışlayın Murad, dünənki sözlərimdən incimədiniz? Sonra fikirləşdim, bəlkə xətrinizə dəyən nəsə demişəm.
     Nə üçünsə təzədən projektoru söndürüb kresloya oturdum. Şeyla bu ani hərəkətimdən xeyli təəccüblənmiş görünürdü. Elə bil onu verəcəyim cavabdan çox, nə üçün oturub yerimi rahlamağım düşündürmüşdü.
     - Şeyla xanım - dedim. - Mən inciyən adam deyiləm. Sadəcə olaraq dünən sizi başa düşmədim.
     Çeynədiyi saqqızı qaba tüpürdü.
     -Niyə? - gözləri parıldadı. Onunla dialoqa girməyim xoşuna gəlmişdi.
     -Çünki, yaltaqlıq söhbətini açacağınızı gözləmirdim.
     -Burda qeyri-adi heç nə yoxdur. Yaltaqlıqdan və yaltaqlardan doğrudan da xoşum gəlmir. Azərbaycanda isə hər kəs yaltaqdır.
     - Maraqlıdır - dedim. - Bu xalqı yaltaq edən, elə sizin hakimiyyətiniz olmayıbmı?
     Şeylanın cavabını gözləmədən qalxıb siyirtməyə yaxınlaşdım. Metrogil Denta gelini, ampulu və şprisi çıxartdım. Son sözlərimə mütləq reaksiya göstərəcəyini bilirdim. Amma Şeyla susurdu. Otaqdakı sükut narahatedici həddə çatanda:
     - Mənimlə razı deyilsiniz? - soruşdum və ampulanın içindəki mayeni şprisə çəkərək ona yaxınlaşdım.
     O isə, cavab vermək yerinə ağzını açıb gözlərini yumdu. Gülə-gülə projektoru yandırdım, ağzına doğru əyildim. Ağız qoxusu dünənkinə nisbətən azalmışdı. İynəni vurandan sonra, geli gətirib qatı mayeni diş aralarına doldurmağa başladım. Şpateli diş ətinə basdıqca, Şeyla yüngülcə zarıyırdı. Proseduranı bitirib projektoru söndürdüm.
     -Bu günlük işimiz bitdi. Bir az oturub gözləməlisiniz.
     Çətinliklə dilləndi:
     -Da.. danısmaq olağ?
     - Bir az gözləyin sonra danışarsınız. Mən heç yerə tələsmirəm.
     Keçib masanın arxasındakı yerimə oturdum, fincandakı soyumuş çaydan bir qurtum içdim. Şeyla məni görmürdü deyə deyəsən diskomfort keçirirdi. Mənsə arxadan üzünün sol tərəfini, arada bir başını çevirəndə isə burnunun ucunu görürdüm.
     O bir qadındır. Səyavuş Orucun qızı olmaqdan savayı heç bir günahı, qəbahəti olmayan qadın. Səyavuşun qızı olmaq qəbahətdirmi? Əlbəttə. Özü də böyük qəbahətdir. Belə bir adamın qızı olmaq, xəcalət çəkmək üçün kifayətdir. Bəlkə də daxilən xəcalət çəkir. Əks təqdirdə mənimlə bu söhbətləri niyə aparsın?
     Səyavuş Oruc bu ölkənin Ghebbelsidir. Üçüncü reyxin Almaniyasında bir yəhudi həkimi Ghebbelsin qızının dişlərini müalicə etsəydi hansı hissləri keçirərdisə, mən də indi həmin hissləri keçirirəm. Gözəl qadındır Şeyla. Amma intellektualizmə çox böyük iddiasının olduğu hiss olunur. Maraqlıdır, nə üçün tiranlar, diktatorlar, hətta onların qulluqçuları pullarına, var-dövlətlərinə baxmayaraq elmə, akademizmə, incəsənətə və mədəniyyətə iddialı olurlar, bu sahələrdə də adlarının çıxmasına can atırlar? Nə üçün malları, mülkləri, hakimiyyətləri ilə kifayətlənmirlər? Nə üçün?
     Ayağa qalxıb ona yaxınlaşdım.
     -Buyurun Şeyla xanım. Tüpürə bilərsiniz.
     Başını əyərək təşəkkür etdi və ona uzatdığım salfeti götürüb, qaba tüpürdü. Dodaqlarını sildikdən sonra ayağa qalxdı, dünən oturduğu kresloya keçdi.
     - Heyf ki, burda siqaret çəkmək olmaz, - sağa-sola baxıb dedi.
     - Olmaz, bəli. Amma direktorumuz sizin çəkməyinizə çətin ki, bir söz desin - qımışaraq dedim.
     Şeyla başını azca yana əyib gözləri gülümsəyərək:
     -Məni sancmaqdan həzz alırsınız? - soruşdu.
     -Mən?! Sizi sancıram?!
     - Bəsdirin Murad. Hər şey aydındır də. Nə isə - köks ötürdü. - Deyirsiniz xalqı bu günə qoyan hakimiyyətdir? Doğrudan buna inanırsınız?
     - Əlbəttə - dedim, keçib yerimə oturdum. Masanın üstündəki kağız qayçısını götürüb oynatmağa başladım.
     - Bu xalq haqqında yüksək fikirdəsiniz. Halbuki, hər xalq öz idarəçilərinə layiqdir.
     -Küflənmiş bəhanədir - dedim. - Klişelərlə danışırsınız.
     Çiyinlərini dartdı:
     - Siz də cığallıq edirsiniz. Klişe olsun olmasın - dediyim həqiqətdir, ya yox? Əsas buna baxmaq lazımdır.
     -Yaxşı - dedim. - Hər xalq öz hakimiyyətinə layiqdir. Amma bir şərtlə - əgər həmin hakimiyyəti özü seçib, iş başına gətiribsə. İkincisi də, tutaq ki, bu xalq doğrudan da sizə müqavimət göstərə, sizi devirə bilmir. Sırf bu səbəbə, xalqa bu qədər zülm eləmək lazımdır?
     -Sizi?! Başa düşmədim - “siz” kimdi?
     -Siz, bu hakimiyyətin nümayəndəsi deyilsiniz?
     -Bu hakimiyyətin nümayəndəsi mənim atamdır. Mən isə Sorbonnada təhsil almış bir Azərbaycan qadınıyam. Avropa dəyərlərinin, demokratiyanın, azadlığın da nə olduğunu yaxşı bilirəm. Şərqi də, qərbi də tanıyıram.
     - Çox gözəl. Sorbonnada təhsil almaq sizə nə verib ki? Təfəkkürünüzdə hansı dəyişikliyə səbəb olub? - hirsimdən yavaş-yavaş gərginləşir, partlama həddinə çatmaqdan qorxurdum.
     Şeyla isə olduqca rahat və özündən arxayın görünürdü. Məni əsəbiləşdirən də elə bu rahatlığı idi. Çantasından çıxartdığı siqareti yandırdı, tüstünü burnundan buraxıb, əda ilə:
     -Siz Bodriyarı oxumusunuz Murad? - soruşdu.
     Oppa! İndi də mənə Bodriyardan dərs keçəcək deyəsən. Deyirəm də, intellektual görünməkdən ötrü ölürlər.
     - Bəzi fikirləri ilə tanışam. Necə bəyəm?
     -Kütlə haqqındakı fikirləri ilə də tanışsınız?
      “VIP” qonaqlar üçün nəzərdə tutulmuş külqabını masanın altındakı rəfdən götürüb qabağına qoydum.
     -Çox sağ olun - deyib, külü çırpdı. - Cavab vermədiniz. Kütlə haqqındakı fikirləri ilə tanış olub-olmadığınızı soruşmuşdum.
     -Şeyla xanım, məni düz başa düşün - mən imtahan verən tələbə, siz isə müəllim deyilsiniz. Belə dialoq olmaz. Sözünüz varsa deyin. Axı bu nə deməkdir? - “Filan şeyi oxumusunuz? Fəşməkan şeyi bilirsiniz?” Bu üslub, öz ağlından şübhəsi olan, təkəbbürlü adamların üslubudur. Ciddi deyil.
     Şeyla rəng verib rəng aldı. Sözüm hədəfə çatmışdı. Bayaqkı arxayınlığından əsər də qalmamışdı. Nazik Slim siqaretini ehtiyatla sümürüb mənə baxdı.
     - Bağışlayın Murad. Deyəsən məni düz başa düşmədiniz. Xətrinizə dəymək istəmirdim.
     Sakitləşdirdim onu:
     -Narahat olmayın. Bodriyardan danışırdınız.
     Yarıya qədər çəkdiyi siqareti əzib söndürdü.
     - Bodriyar yazırdı ki, kütlə ictimai və siyasi olan hər şeyin enerjisini udur, neytrallaşdırır.
     -Hə, noolsun?
     - O olsun ki, kütlə, xalq nə siyasəti yaxşı ötürə bilmir, nə də mənanı. Yəni ki, kütlələrə səslənmək, kütlələrdən nəsə ummaq mənasız işdir, çünki kütlədən cavab gəlmir heç vaxt.
     Dodaqaltı irişib:
     - Yenə də deyirəm - hə, noolsun? Tutaq ki, mən Bodriyarla razı deyiləm. Belə bir haqqım var? Yoxsa?..
     -Niyə razılaşmırsınız?
     -Çünki sərf eləmir.
     Qaşlarını qaldırıb:
     -Maraqlıdır - dedi.
     - Əlbəttə maraqlıdır. Nəzərə alsaq ki, siz də Bodriyarın bu sözlərini, sizə sərf etdiyi üçün əlinizdə bayraq edirsiniz, onda ikiqat maraqlıdır.
     -Nə üçün belə düşünürsünüz?
     Qalxıb pəncərəyə yaxınlaşdım, nəfəsliyi araladım.
     -Bodriyarın başqa hansı fikri ilə tanışsınız?
     Xeyr, qəzəblənmədi. Sadəcə olaraq yalanı aşkara çıxan bir yeniyetmənin təəssüfü, bir az da xəcaləti oxunurdu gözlərində. Qadın olduğu üçün, vəziyyətdən çıxa bilərdi. Çıxdı da.
     Gülə-gülə soruşdu:
     -Cəmiyyətdə atama Ghebbels deyirlər. Düzdür?
     Keçib yerimə oturdum.
     - Düzdür. Amma bunu geniş xalq kütlələri bilmir. Üç-beş intellektualın tapıntısıdır.
     Qaşları çatıldı.
     -Sizcə intellektuallar nə səbəbə bu adı atama yaraşdırıblar?
     -Atanız bizim propaqanda nazirimiz deyil?
     -Bizdə elə nazirlik var?
     - Şərt deyil ki, adı propoqanda olsun. “Milli məsələlər şöbəsi” bəs eləyir. Amma mənim fikrim sizə maraqlıdırsa, atanızın Ghebbelsə oxşadılması, Ghebbelsin ruhuna təhqirdir.
     Şeylaya qarşı içimdəki nifrət qar topu kimi, dəqiqəbədəqiqə böyüyürdü. Amma o, bu dəfə də coşmadı.
     -Niyə? - sakitcə soruşdu. - Hitlerin propaqanda naziri qatilin, cəlladın yekəsi idi. Yəni mənim atam ondan da pis adamdır?
     - Ghebbels qatil, cani olsa da, müəyyən ideologiyaya xidmət edirdi. Öz axmaq ideyalarına səmimi inanırdı. Sizin atanız isə antiqərb, antiatlantimz, antiliberalizm kimi mövzuların hamısını Dugindən , Surkovdan oğurlayıb burada tirajlayır.
     Şeyla gözlərini qıyıb:
     –Başa düşmədim - dedi. İnandım ona. Doğrudan da başa düşməmişdi.
     - Bu hakimiyyət sizin atanızın dili ilə bizə nə deyir? Deyir ki, “bizim öz yolumuz var”. Nə yoldu o elə? Rüşvət yolu, talan yolu, yalan yolu. “Azərbaycanın sivilizasyon seçimi” kimi içiboş ifadələrlə xalqın başını aldadırlar. İnkişafın bir deyil, müxtəlif yollarının olduğunu deyirlər. Yəni, Qərb demokratiyası bizlik deyilmiş, buna xalq da hazır deyilmiş, guya bizim böyük “milli-mənəvi dəyərlərimiz” varmış. Milli-mənəvi dəyərləri nədir bunların? Rüşvət, ağa-nökər münasibəti, yaltaqlıq.
     Şeyla sözümü kəsdi:
     -Bu məsələlərin Duginə, Surkova nə dəxli?
     -Çünki bu rejimin və atanızın “ideoloji nəzəriyyələrinin” müəllimləri Rusiyalı strateqlərdir. Bütün terminləri ruslardan oğurlayıblar. Lap elə Surkovun “suveren demokratiya”sını götürək. Mentalitet də ki, sizə sərf edir, ona görə fırladırsınız bu söhbəti. O cümlədən din mövzusunu da.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.09.2014) | Müəllif: R.C E W
Baxış: 368 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more