Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qatil (Pyes)-3

<< 1 / 2 / 3 >>

ONUNCU ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i.
     Q a d ı n ı n mənzi1i. Axşam. Q a d ı n pəncərənin qabağında dayanıb şüşədən eşiyə baxır. Qapının zəngi ça1ınır. Q a d ı n çevri1ib qapıya tə rəf baxır. Zəng bir də ça1ınır. Q a d ı n asta addım1ar1a gedib qapını açır.
     G ə n c k i ş i n i n s ə s i (qapının ardından). Sa1am!
     Q a d ı n. Sa1am... Gə1din?
     G ə n c k i ş i otağa daxi1 o1ur.
     G ə n c k i ş i. İstəmirdin gə1im? Gə1məsəydim, darıxmayacaqdın mənimçün? Düzünü de.
     Q a d ı n (otaqdakı pəncərəyə tərəf gedərək). Bə1kə də darıxacaqdım...
     G ə n c k i ş i. Görürsən ki!.. Yeməyə bir şey var?
     Q a d ı n. Nə varsa, mətbəxdədi, keç, bax.
     G ə n c k i ş i. Axı, mən istəyirəm, sən gətirəsən... Ona görə yox ki, mən ağayam, sən qu11uqçu. Yox. Ona görə ki... bir hərarət o1sun... Duyğu o1sun... Gətirib qoyasan qabağıma... Öpəsən, oturasan yanımda... Sonra da... sonra da keçək divana!
     Q a d ı n (çevrilib şüşədən eşiyə baxır). Sən özün deyirdin ki, buna 1ayiq deyi1sən...
     G ə n c k i ş i. Hə, mən deyirdim! Bəs, sən nə deyirdin?
     Q a d ı n. Mən? Mən də səndən inciyirdim...
     G ə n c k i ş i. Bax, be1ə!.. (Get-gedə qızışır.) Mən bi1irəm! Sən məndən məhəbbət umursan! Sevgi umursan! Ancaq başa düş! Sən... sən başqa cürə qadınsan... Mən demirəm, sən pissən, nə bilim, nəsən... Bağışla məni, ancaq deyəcəyəm! Sən... hərdən... gərək sənə deməyim, ancaq deyirəm... sən hərdən maraqsız olursan! Mən uzaqdan-uzağa sənə baxanda, başqa cürə fikirləşirdim... Sən həqiqət axtarırsan, bax, mən də sənə həqiqəti deyirəm: sən... hərdən mənim üçün maraqsız olursan... Yadıma bir söz düşür, ancaq yenə deyəcəksən ki, başqalarının fikrini təkrar edir. Hə, təkrar edirəm! Marina Svetayeva deyirdi ki, ilahələr Allahlara ərə gedirdi, qəhrəmanlar doğurdu, ancaq onlar, yəni o ilahələr çobanları sevirdi. Bax, maraqlı onlar idi, çobanları sevən, macəralar axtaran ilahələr!.. Sən ağıllı adamsan, ona görə bunları deyirəm ki, məni başa düşəsən...
     Q a d ı n. Sən ilahə axtarırsan?
     G ə n c k i ş i (gülür). İlahə var ki? Olsa, özü gəlib məni tapacaq! Mən heç kimin qapısını döyən deyiləm!
     Q a d ı n. Bəs, mənim qapımı niyə döydün?
     Pauza.
     G ə n c k i ş i. Sən məni gözləyirdin, ona görə!
     Pauza.
     Gözləmirdin?
     Pauza.
     Q a d ı n. Gözləyirdim...
     G ə n c k i ş i. Bax, belə!..
     Q a d ı n. Bu gün Cəfər Elsevərin telefonunu tapdım, ona zəng çaldım. Hə, düzdü, siz universitetdə bir yerdə oxumusuz... Düz demisən mənə, səni, doğrudan da, universitetdən çıxarıblar... Amma heç bir dava-zad olmayıb... (Gülümsəyir.) Kimsəsiz qız üstündə ədalət savaşı olmayıb... Sən idmançıların soyunma otağından paltar oğurlamısan, ona görə də səni tutublar, universitetdən də qovublar...
     Pauza.
     G ə n c k i ş i. Məni yoxlamağa başlamısan? Yoxla! Məni çox yoxlayıblar...
     Q a d ı n (ona tərəf çevrilərək çılğın). Sən kimsən? Sən qumarbazsan, aferistsən, oğrusan, kimsən sən?
     G ə n c k i ş i (gülümsəyir). Heç özüm də bilmirəm ki, mən kiməm? Vallah, düz sözümdür! Bilirsən, nə fikirləşirəm? Bəlkədə mənim qarşıma sən yox, gərək Messalina çıxaydı və sənin kimi yazıqların, günahsızların... Hə?.. Sənin kimi bədbəxtlərin, şanssızların... Day nə?.. Sənin kimi aldadılmışların... Hə, hə, görürsən, mən özümü təmizə çıxarmıram, aldadılmışların! Sənin kimi aldadılmışların hayıfını məndən alaydı! Ancaq mənim qarşıma sən çıxdın də! Bilirsən niyə?
     Q a d ı n. Yox.
     G ə n c k i ş i. Ona görə ki, Messalina bilir, kimin qarşısına çıxmaq lazımdır! (Var-gəl edir.) Məni yanında saxlamaq əvəzinə, məndən öz işlərin üçün istifadə etmək, mənə şərait yaratmaq əvəzinə, məni yoxlayırsan!.. Dedim də, yoxla! Ancaq bir az dərindən fikirləş! Bilirsən, Madam de Stal kim idi? Bütün Pariji barmağına dolamışdı! Deyirdi ki, mənim sevmədiyim kişilərin arasında ən yaxşısı mənim birinci ərim idi. (Gülür.) O Madam de Stal idi, lotunun biriydi, ancaq sən təmizsən, sənin sevdiyin də mənəm, sevmədiyin də, yaxşın da mənəm, pisin də... Məndən başqa sənin xatirələrin ancaq şagird dəftərləridi, bir də ki, o qəbiristanlıq kimi soyuq məktəbinizdəki müəllimlərin naftalin iyidi! Naftalin iyi təkcə onların kostyumlarından gəlmir, bütün həyatlarından naftalin iyi gəlir, onların bütün xislətlərindən, arzularından, sevinclərindən naftalin iyi gəlir!.. Əslində onlar bütün həyatlarını naftalinə qoyublar ki, güvə yeməsin və onlar tamam mənasız bir ömür sürürlər. O həyatı naftalindən çıxarmaq daha o yazıqlara qismət olmayacaq... Eləcə, boğaza qədər naftalinin içində qalıb, eynəklərinin qalın şüşəsindən, özlərinin yox, başqalarının yaşadığı dünyaya baxacaqlar, miskin həyatlarının sonuna qədər... Ancaq mən sənin həyatını naftalindən çıxartdım. Düz deyirəm, ya düz demirəm?
     Q a d ı n. Düz deyirsən!
     G ə n c k i ş i. Sən ironiya ilə danışırsan?
     Q a d ı n (sakit). Yox. Sən çox düz deyirsən!
     G ə n c kiş i. Görürsən, mən sənin fikirləşdiyin qədər də pis deyiləm. Gəl bura. Gəl mənim yanıma!
     Q a d ı n. Yox. Artıq qurtardı!
     G ə n c k i ş i. Qurtardı? (Gülür.) Hələ hər şey təzə başlayır!
     Q a d ı n. Yox. Doğrudan, qurtardı! Daha mənim heç nəyim qalmayıb. Bankdakı pulum da bitdi! (Gülümsəyir.) Pasportuma baxanda, bank kitabçama da baxmışdın, hə? Baxmışdın ki, görüm bu səfeh müəllimə maaşından qəpik-qəpik qara gün üçün nə qədər yığıb?
     G ə n c k i ş i. Sən məni kim hesab edirsən?
     Q a d ı n (gülümsəyir). Səni kim hesab edirəm? Onsuz da, daha bunun mənası yoxdur...
     G ə n c k i ş i. Deyirsən, «mənim daha heç nəyim yoxdu»?
     Q a d ı n. Bəli...
     G ə n c k i ş i. Var.
     Q a d ı n (gülümsəyir). Nəyim var mənim?
     G ə n c k i ş i. Bəs, mən? Demirdin ki, məndən başqa sənə heç nə lazım deyil?
     Q a d ı n. Deyirdim...
     G ə n c k i ş i. Mən həmin adamam də! Ola bilər, hərdən sənin ürəyinə dəyirəm, lazım olmayan sözlər deyirəm, ancaq mən, sənin gözlədiyin həmin adamam. O yağışlı gecədə mənim sənə dediyim o sözlər, hamısı həqiqət idi. Mən səni dəlicəsinə sevirdim. Əslinə baxsan, elə bu gün də elədir. Gəl bura. Gəl mənim yanıma.
     Q a d ı n Mən səndən xahiş edirəm, daha rola girmə... Mən yorulmuşam, başa düş! Yorulmuşam!
     G ə n c kiş i. Mənə nifrət edirsən, hə? Bilirəm, bilirəm ki, mənə nifrət edirsən. Ancaq elə buna görə də mənə borclu olmalısan! Hə! Hə! Düz deyirəm! Yenə heç olmasa, bir adam var ki, ona nifrət edirsən! Yoxsa, əvvəlki kimi, ölü bir həyat sürəcəkdin! Nə sevməyə bir adamın olacaqdı, nə də nifrət eləməyə! Mən sənin həyatına məhəbbət də gətirdim, nifrət də! Həyat elə budu də! Canlı həyat budu! Fikirləşsən, görərsən ki, düz deyirəm! Ancaq indi hər şeyi məndən əsirgəyirsən. (Yamsılayır.) «Daha heç nəyim yoxdu!» (Əlləri ilə otağın äivarlarını göstərir.) Bəs, bu? Bu boyda evi var, amma (Yamsılayır.) «daha heç nəyim yoxdu!»
     Pauza.
     Q a d ı n (sarsılmış). Sən haradan gəlib mənim həyatıma çıxdın? Axı, dünyada yüz dəfə məndən gözəl, yüz dəfə məndən varlı, əlaqələri məndən yüz dəfə, min dəfə çox qadınlar vardı! Sən nə üçün məhz məni qaraladın? Sən haradan gəlib məni tapdın?
     G ə n c k i ş i. Bilmirsən haradan?
     Q a d ı n (isterik). Yox! Bilmirəm! Bilmirəm!
     G ə n c k i ş i (pəncərənin qabağına gəlir). Özün deyirdin ki, məni sənin ulduzun göndərib! (Hirslə barmağını pəncərəyə tuşlayır.) Bax, o göndərib məni! Bax!
     Q a d ı n. Baxmıram! Baxmıram! Baxmıram! (Otaqda gəzişərək özünü sakitləşdirməyə çalışır.) Gəl belə danışaq səninlə... Sən get... Sən get, bir də bura gəlmə... Get... Mən daha səni görmək istəmirəm... Sən yəqin hələ çox adamlara rast gələcəksən... Bəlkə elə bir adama rast gələcəksən ki, hər şey yaxşı olacaq... Get... Bir də buralara gəlmə...
     G ə n c kiş i. Məni qovursan?
     Q a d ı n. Xahiş edirəm səndən, get... Məndə işin olmasın daha, xahiş edirəm...
     G ə n c k i ş i (onuyamsılayır). «Məndə işin olmasın...» Mən nə edirəm sənə? Döyürəm, söyürəm, nə edirəm?
     Q a d ı n (qışqırır). Get! Gəlmə bura! Gəlmə!
     İşıq sönür.

ON BİRİNCİ ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i, Q o n ş u k i ş i.
     Q a d ı n ı n mənzili. Gecə. Q a d ı n mizin arxasında oturub şagird dəftərlərini yoxlayır, ancaq hiss olunur ki, fikrini bir yerə toplaya bilmir.
     Qalxıb otaqda var-gəl edir, yenə mizin arxasında əyləşir.
     Qapının zəngi çalınır. Q a d ı n başını qaldırıb bir müddət qapıya baxır.
     Zəng bir də çalınır. Q a d ı n qalxıb qapını açır.
     Q a d ı n. Sən yenə gəldin?
     G ə n c k i ş i içəri daxil olur.
     G ə n c k i ş i. Salam...
     Q a d ı n. Yenə gəldin, hə?
     G ə n c k i ş i. Gedim küçədə yatım? (Arxasınca qapını bağlayıb otağa keçir.)
     Q a d ı n. Sən mənim ömrümə yazılmısan?
     G ə n c k i ş i. Bəs sən bilmirsən ki, yazıya pozu yoxdu?
     Kiçik pauza.
     Qulaq as, başıma əla bir fikir girib!
     Q a d ı n. Sənin əla fikrin də olur?
     G ə n c k i ş i (incimiş). Görürsən? Sözümü deməmiş, ağzımdan vurursan, sonra da deyirsən ki, elə oldu, belə oldu!.. Mən nəyəm bəyəm? Yəni elə dəhşətli bir məxluqam ki, bir dənə yaxşı söz deyə bilmərəm? (Var-gəl edir.) Onda sənə başqa ideya verəcəyəm! Pis adamın əla ideyası! (Gülür.) Bir az birtəhərdi, amma əladı! İndi ağlıma gəldi! Bütün problemlərimiz həll olunur! Deyim?
     Q a d ı n. De də...
     G ə n c k i ş i (ayaq saxlayır). Məni götür oğulluğa!
     Q a d ı n (gülümsəyir). Səni oğulluğa götürüm?
     G ə n c k i ş i. Hə! Mən sənə yalan demişəm. Mən məktəbə bir il gec getməmişəm, əksinə, iki il tez getmişəm, beş yaşından. Çünki beş yaşından əlifbanı öyrənmişdim, nağılları oxuyurdum, elə bilirdim ki, bu səfeh dünya da o nağıllar kimi bir şeydi... (Gülür.) Nə isə... Mən onuncu sinifdə oxuyanda on beş yaşım var idi. İnanmırsan?
     Q a d ı n. Niyə inanmıram? İnanıram.
     G ə n c k i ş i. Onda götür məni oğulluğa. Nədi, pisdi? Yoxsa, oğlun olsaydı, məndən yaxşısı olacaqdı? Götür məni oğulluğa... (Sözünü yarımçıq kəsərək diqqətlə Qadına baxır.) Mən də... mən də gedib sizin rayonun Təhsil şöbəsinə şikayət etmərəm ki, keçmiş şagirdinin əxlaqını pozmaqla məşğul olmusan! (Gülür.) Zarafat edirəm... Kim olsam da, bu səviyyəyə enmərəm... Nə bilim? Bəlkə də, enərəm? (Gülür.) İnsan elə əcaib bir məxluqdu ki, ondan nə desən gözləmək olar! Düz demirəm? Sən özün birdən elə bir şey eləyə bilərsən ki, heç ağlına da gəlməz! Hə?
     Q a d ı n (çiynini çəkir). Bəlkə də...
     G ə n c k i ş i. Görürəm!.. Görürəm ki, mənə nifrət eləyirsən!.. Elə!.. Elə bilirsən, belə baxmaqla, məcbur edəcəksən ki, mən vicdan əzabı çəkim? Niyə? Mənim dımağım olmayanlar vəzifə başındadı! Mən gedib adını yaza bilməyənin birinin, dünyadan xəbəri olmayan bir kütün qapısında dayanıb, boynumu bükürəm, bəs vicdan niyə protest eləmir? Onda nə üçün mən vicdan əzabı çəkməliyəm? Mən acından öləndə vicdan əzabı çəkənlər bəs haradaydı?
     Q a d ı n. Sən acından ölmüsən?
     G ə n c k i ş i. Nə bilirsən ki, mənim acından ölən vaxtlarım olmayıb! Hə? Axı, sən nə bilirsən e, mənim haqqımda? Heç nə! (Get-gedə qızışaraq yamsılayır.) «Cəfər Elsevər deyib ki, mən paltar oğurlamışam...» Bəli! Oğurlamışam! Ancaq həyatı (Barmağının ucunu göstərir.), bax, bu qədər babat olan bir adam gedib idman otağından paltar oğurlayar? Əgər, mənim dəhşətli ehtiyacım olmasaydı, belə bir miskin iş tutardım? Bəs bunu niyə fikirləşmirsən? Cəfər Elsevər!.. Cəfər Elsevər neyləyir? Rüşvət alıb qəzetlərə məqalə yazır! Onu ifşa edir, bunu tərifləyir, hamısı da pulla! O əladır, ancaq mən pisəm! Qoy olsun! Götür məni oğulluğa, tərbiyə et! Sənin üçün də yaxşı olar! Tək qalmazsan. Bir yerdə yaşayarıq. Gəlinə tapşıraram, səni incitməsin. İcazə verərəm nəvələri gözməyə apararsan!.. Hə, özünü yaxşı aparsan, evdə tək olanda, sənə icazə verərəm ki, hərdən gəlib girəsən yanıma! (Gülür.) Amma ayda bir dəfədən artıq yox!
     Kiçik pauza.
     Q a d ı n. Sən məndən kimin intiqamını alırsan?
     G ə n c kiş i. Nə?
     Q a d ı n (elə bil, öz-özüylə danışır). Elə hey fikirləşirəm ki, axı, bu məndən kimin intiqamını alır?.. Nəyin intiqamını alır?.. Axı, mən elə bir iş görməmişəm ki, məndən belə intiqam alsın... Axı, nə etmişəm mən bu həyatda? Mən nə görmüşəm ki, nə də edim?
     Kiçik pauza.
     Bura bax, sən öz bədbəxtliyinin, öz acizliyinin intiqamını məndən alırsan?
     G ə n c k i ş i. Nə? (Pərt.) Mən niyə bədbəxt oluram? Gör, kim mənə aciz deyir?! Səndən aciz adam var, dünyada?
     Q a d ı n. Yox.
     G ə n c k i ş i. Bax, belə! Sənin bütün həyatında bircə işıqlı şey olubsa, o da mənəm! Elə bilirsən, görmürəm ki, məndən necə ləzzət alırsan? (Gülür.) Ancaq sən də az aşın duzu deyilsən, ha!? (Qadının qarşısında o baş-bu baş addımlayaraq.) Kim deyər ki, bu biganə, bu yaşlı xanımın, yox, xanımın yox, bu müəllimənin içində, necə bir görməmiş ehtirası var?!
     Q a d ı n (sakit). Deyirsən oğulluğa götürüm səni?
     G ə n c kiş i. Bəli-i-i!..
     Q a d ı n (eyni sakitliklə). Onda bunu yumaq lazımdı...
     G ə n c k i ş i (təəccüblə). Yumaq lazımdı?
     Q a d ı n. Əlbəttə!
     G ə n c kiş i. Vallah, sən mənim fikirləşdiyimdən də ağıllısan! Barışırıq, hə? Məni restorana aparırsan?
     Q a d ı n. Restorana niyə? (Ayağa qalxır.)
     G ə n c kiş i (gülür). Bu fani dünyada restorandan yaxşı yer var?!
     Q a d ı n. Sonra baxarıq... Otur. (Mətbəxə keçir.)
     G ə n c kiş i (Qadının ardınca baxaraq). Doğrudan da, vallah, bu qadınlar bir sirri-xudadı! (Var-gəl edir.) Kim deyə bilərdi ki, Anna Karenina özünü qatarın altına atacaq? (Bərkdən.) Kömək eləyim sənə?
     Q a d ı n (mətbəxdən). Yox...
     G ə n c kiş i. Vallah, bu, yaxşı adamdı... Mən də lap əclafın biriyəm!
     Q a d ı n əlindəki sinidə iki qədəh şampan şərabı ilə içəri girir.
     O-o-o!.. Mən elə bilirdim, zarafat eləyirsən... Bəs, şampanın özü hanı?
     Q a d ı n. Soyuducuda. Əyləş. (Qədəhləri mizin üstünə qoyur və oturur.)
     G ə n c k i ş i. Bunun ayrı ləzzəti var!.. Mən də yapışmışam restorandan! Qozbeli qəbir düzəldər də! (Gülür.) Neyləyim? (Oturaraq qədəhi əlinə alır). İçək, hə? Ana-bala olmağımızın şərəfinə? (Bir neçə qurtum içərək göz vurur.) Ancaq bu gün, deyəsən, ana-bala olmağımızı yaddan çıxaracağıq!.. Sənin sağlığına! (Yenə bir neçə qurtum içir.) Pis sözlər deyirəm... Bağışla məni... Özüm də bilirəm ki, pis sözlər deyirəm... Səninlə çox qəddar zarafat edirəm... Ancaq hər şey keçib-gedir... Sənin də ağrın keçəcək... Bilmirəm, sən görmüsən, yoxsa, yox? Ağacın budağını kəsəndə, bir müddət ağlayır, şirəsi tökülür, ancaq sonra hər şeyi yadından çıxarır, o kəsik yerinin üzünü qabıq örtür, ağac daha da cavanlaşır, sağlam olur!..
      (İçir.) Yaxşı, bağışla də məni...
     Q a d ı n. Gecdir.
     G ə n c k i ş i. Bağışlamaq heç vaxt gec deyil. Sadəcə, bağışlamağı bacarmaq lazımdır!.. Bilirəm, ürəyinə toxunuram sənin... Amma sən məndən uca ol də! Sən yüksəkdə dayan! Sən bağışla!.. Axı, sən də mənim ürəyimə dəyirsən... (İçir.) Yoxsa elə bilirsən, mənim ürəyim daşdandı? Yox... Mənim ürəyim də, təəssüf ki, daşdan deyil... Deyirsən, mən öz bədbəxliyimin intiqamını səndən alıram... Bundan dəhşətli söz olar, mənə deyirsən?..
     Pauza.
     Nə bilim... Amma xoşbəxtlik də çox nisbi bir şeydi... Kimdi xoşbəxt? Göstər mənə!.. Mən, doğrudan, sənin sağlığına içirəm! (İçir.) Vallah, mən səni həqiqətən sevirəm!.. İnanmırsan?
     Pauza.
      (Barmağının ucunu göstərir.) Heç bu qədər də inanmırsan? Hə?
     Q a d ı n başmı bulayır.
     Nahaq! Dünyada pis adam yoxdu! Sadəcə, insanları başa düşmək lazımdı... Sən elə bilirsən ki, məni tanıyırsan? Bəlkə mənim də elə arzularım olub ki, sənin o ulduzlar aləmindən də yuxarıda dayanıb?! Sən nə bilirsən ki, mən ürəyimdə nə çəkirəm? Bəlkə mən özümə səndən də artıq nifrət edirəm? Nə bilirsən? Düz demirəm?
     Q a d ı n (çiyinlərini çəkir). Nə bilim?..
     G ə n c kiş i. Yox, düz deyirəm! Məsələn, mən yüz faiz bilirəm ki, sən pis adam deyilsən!
     Q a d ı n (gülümsəyir). Bilmək olmaz...
     G ə n c kiş i. Yüz faiz!
     Q a d ı n. Bəs, sən?
     G ə n c kiş i. Mən?
     Q a d ı n. Hə. Sən neçə faiz?
     G ə n c kiş i (gülür). Nə bilim?.. Bilmirəm... (Bir az tutulmuş.)
     Q a d ı n. Sənin öz ürəyindən xəbərin yoxdu? Niyə bilmirsən?
     G ə n c k i ş i. Sən elə bilirsən ki, adam öz-özünü tanıyır? Nə isə... Amma onu bilirəm ki, səninlə yaxşı rəftar eləmirəm...
     Pauza.
     Deyəsən sentimental olmuşam... Səndən keçib də, mənə... (Gülür.) Əgər, insan sentimental adamdırsa, deməli, yaxşı adamdır! Hə?
     Q a d ı n (yenə çiyinlərini çəkir). Nə bilim?..
     G ə n c k i ş i. Axı, dedim ki... səndən xahiş etdim ki, məni bağışla də!.. Səni heç belə fikirli görməmişəm... İstəyirsən, diz çöküb ayaqlarını qucaqlayım?
     Q a d ı n. Yox, istəmirəm...
     G ə n c k i ş i. Mən səni tanıyıram, əvvəl-axır bağışlayacaqsan... Lap elə bu gecə bağışlayacaqsan!.. (İçir.) Mən deyirəm də, sənin əlin dadlı əldir!
     Q a d ı n gülümsəyir.
     Şampan da, elə bil, adi şampan deyil. Sən süzmüsən qədəhlərə, ona görə dadlı olub!..
     Q a d ı n gülümsəyir.
     Gəl, hər şeyi təzədən başlayaq! Vallah, yaxşı olar!.. Mən çox şey başa düşmüşəm... Sənin ürəyinə toxunmağıma baxma... Bəlkə də sən düz deyirsən... Həyatda mənimki gətirmədi... Bəlkə elə o kompleksdi, məni məcbur edir ki, səninlə belə rəftar edim? Bəlkə, sənə baxanda, özümü daha dərindən görürəm, özüm özümdən qorxuram, özüm özümü bağışlaya bilmirəm, ona görə belə edirəm? Elə bilirsən, mən heç bir əzab çəkmirəm? Bəlkə mən səndən də çox əzab çəkirəm, nə bilirsən?
     Kiçik pauza.
     Gəl, gəl, təzədən başlayaq! Doğru deyirəm!
     Q a d ı n. Sənin doğru sözün var?
     G ə n c k i ş i (gülür). Niyə yoxdu? (Şampanı axıra qədər içib piyaləni mizin üstünə qoyur.) Mən, deyəsən, sənin yanında o çobana dönmüşəm!?
     Q a d ı n. Hansı çobana?
     Gənc k i ş i. Bir çoban qışqırır ki, ay-haray, sürüyə canavar girib! Camaat axışıb haraya gəlir, görürlər ki, canavar-zad yoxdu. Çoban bir dəfə də hay-küy salır ki, ay aman, sürüyə canavar girib! Camaat yenə axışıb haraya gəlir. Yenə görürlər ki, canavar yoxdu. Bir müddət keçir, çoban üçüncü dəfə təzədən qışqırır ki, ay camaat, kömək eləyin, sürüyə canavar girib! Daha heç kim haraya gəlmir, hamı elə bilir ki, çoban yenə yalandan qışqırır. Ancaq, sən demə, bu dəfə doğrudan da sürüyə canavar giribmiş! Sürünü də dağıdır, o yazıq çobanın da boğazını gəmirir. (Gülür.) İndi, deyəsən, mən də o çobanam!
     Q a d ı n. Mən də canavar!
     G ə n c k i ş i (gülür). Səndən canavar çıxmaz!
     Q a d ı n. Bilmək olmaz!
     G ə n c k i ş i (elə bil, nədənsə şübhələnir). Bilmək olmaz?
     Q a d ı n (başı ilə təsdiq edərək). Hə.
     Pauza.
     G ə n c k i ş i (birdən boğazını tutaraq öyüməyə, yerində qıvrılmağa başlayır). Mənə... mənə nə oldu?.. (Dəhşətlə Qadına baxaraq qışqırır.) Nə etmisən?
     Q a d ı n (sakit). Demirdin ki, sənin qarşına gərək Messalina çıxaydı?
     G ə n c k i ş i (boğula-boğula). Mənə... mənə nə vermisən?
     Q a d ı n (eləcə sakit). Sənin yadından çıxıb ki, mən kimya müəllimiyəm?
     G ə n c k i ş i (iki əli ilə də boğazını tutub ayağa qalxaraq Qadına hücum etmək istəyir). Ay... ay... qancıq! Mənə... mənə əlin qalxdı? Elə bilirsən... elə... bilirsən... (Yerində səndələyir.) Canavar!.. Canavarmışsan... sən!.. Kim deyərdi? Kim deyərdi ki, sən canavarsan?.. (Əlləri ilə kitab rəflərindən yapışır və rəflərlə birlikdə gurultuyla yerə sərilir.) Kömək elə... (Qışqırır.) Mənə kömək edin!.. Həkim çağırın!.. (Yerində qıvrılır.) Qoyma!.. Qoyma ölüm... Sən özünü də məhv edirsən... Qoyma!.. (Xırıldayan səsi ilə var gücüylə qışqırmaq istəyir.) İstəmirəm!.. Ölmək istəmirəm!.. (Ağlayır.) Mən... yaxşı adamam... sən bilmirsən... sən məni tanımırsan... mən yaxşıyam... mən... mən səni sevirəm... Qorxuram!.. Qorxuram!.. Ölürəm... (Güclə xırıldayır.) Kömək... elə... Mən bilmirdim ki... sən beləsən... Bağışla məni... Yazığın... Yazığın gəlsin... (Xırıldayaraq yerində çapalayır və hərəkətsiz donub qalır.)
     Uzun pauza.
     Q a d ı n. Sən düz deyirdin! Sən (Əlinipəncərənin şüşəsinə tərəf qaldırır.) oradan gəlmişdin! Çünki sən mənim taleyimə yazıl- mışdın! Hə, sən oradan gəlmişdin, çünki, bunu da düz deyirdin, yazıya pozu yoxdur! Yəqin... yəqin mən də sənin taleyinə yazılmışdım... (Güclə yerindən qalxıbpəncərəyə yaxınlaşır və şüşələri taybatay açaraq qışqırır.) Amma niyə? Nə üçün?
     Q o n ş u k i ş i (qapı arxasından). Olar? Bu nə səs-küydü belə? (İçəri daxil olur.) Nə olub, məlimə? (Heyrət içində gah Qadına, gah da yerə sərilmiş cəsədə baxır.)
     Q a d ı n (ona tərəf çevrilir, gülümsəyərək sakit). Sizi təbrik edirəm!..
     Q o n ş u k i ş i. Məni?
     Q a d ı n. Hə!..
     Pauza.
      (İki biləyini də Qonşu kişiyə tərəf uzadır.) Axır ki, qatil həbs etdiniz!
     Q o n ş u k i ş i (yerdə uzanmış Gənc kişiyə baxaraq dəhşət içində geriyə addımlaya-addımlaya) İstəmirəm!.. İstəmirəm!.. İstəmirəm!..
     İşıq sönür.

10 – 17 avqust 2002.
Zuğulba.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (31.07.2014) | Müəllif: R.C E W
Baxış: 863 | Reytinq: 4.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more