Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qatil (Pyes)-2

<< 1 / 2 / 3 >>

ALTINCI ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i.
     Q a d ı n ı n mənzili. Günorta. Q a d ı n zümzümə edə-edə tozsilənlə otağı təmizləyir və gəlib mizin yanında dayanır. Mizin üstündəki kağızı götürür.
     Q a d ı n (kağızı gözlərinin qabağında yelləyə-yelləyə). Ey!.. Gözəl məktub! Bax, bu tozsilən dostumuzu görürsən? Bu tozsilən dostumuz o elektrik xəttindən necə enerji alırsa, mən də səndən eləcə enerji alıram! Bildin? Bildin ki, bu gün on beşinci dəfə səni niyə oxuyuram? (Oxuyur.)
     G ə n c k i ş i n i n s ə s i. «Əzizim!.. Sevimlim!.. Həyatım!.. Yavaşca sivişib gedirəm ki, səhər-səhər yuxudan durğuzmayım səni... İndi burdan çıxacağam, bir saniyə... bircə saniyədən sonra yenə səninçün darıxacağam... Yenə fikrim-zikrim sənin yanında olacaq, yenə sənin yanına tələsəcəyəm... Çünki sənin istin bilirsən mənimçün nədir?..»
     Q a d ı n. Dayan, gözəl məktub! Bu sualı bir də ləzzətlə oxuyacağam!
     G ə n c k i ş i n i n s ə s i. «Çünki sənin istin bilirsən mənimçün nədir?..»
     Q a d ı n. Bir də!
     G ə n c k i ş i n i n s ə s i. «Çünki sənin istin bilirsən mənimçün nədir?..»
     Q a d ı n. Nədir? (Gözlərini yumub bir müddət, elə bil, nəyəsə qulaq asır, sonra yenə məktubu oxumağa başlayır.)
     G ə n c k i ş i n i n s ə s i. «Bunu adi sözlə yaza bilmirəm. Təsəvvür et ki, hər tərəfi payız yağışı bürüyüb... Yuvada balaca bir quşcuğaz var... Anası harasa uçub gedib, gəlib çıxmır... O quşcuğaz da hərdən isti yuvasından boylanır... Birdən o balaca quşcuğaz yerə düşür... Yağışın altında tir-tir titrəyən o quşcuğaz üçün o yuvanın istisi nəydisə, sənin istin də mənim üçün, bax, həmin istidi... Mən də həyatım boyu eləcə boylanıb, səni axtarmışam, səni gözləmişəm... Deyəsən, bir az hind filmlərinə oxşadı, hə?»
     Q a d ı n. Yox!
     G ə n c k i ş i n i n s ə s i. «Düzünü de, oxşadı, oxşamadı?»
     Q a d ı n. Oxşasın də! Lap yaxşı! Bunun heç kimə dəxli yoxdu! Qoy oxşasın! (Məktubu öpür.) Belə, gözəl məktub! Mən enerjimi aldım! (Tozsilənə.) Getdik!
     Q a d ı n yenə tozsilənlə otağı təmizləyir. Qapının zəngi çalınır. Q a d ı n sevincək qaçıb qapını açır.
     Q a d ı n. Haradasan?
     G ə n c k i ş i otağa daxil olur.
     G ə n c k i ş i (təzim edərək). Təbrik edirəm!
     Q a d ı n (bir az şaşırmış). Məni?
     G ə n c k i ş i. Hə!
     Q a d ı n. Məni təbrik edirsən? Nə münasibətlə?
     G ə n c k i ş i (təntənəli). Anadan olduğunuz gün münasibətilə! (Qadının yanağından öpür.)
     Q a d ı n (tamam şaşırmış). Oy!.. Bu gün mənim anadan olduğum gündü? (Köks ötürür.) Hə, doğrudan...
     G ə n c k i ş i (başı ilə təsdiq edir). Bəli! Bu gün tək sizin... tək sənin günün deyil... (Əli ilə arxasında gizlətdiyi bir dəstə nərgiz güllərini ona uzadır.) Bu gün, bütün günlərin gözəl bir günüdü...
     Q a d ı n (eləcə şaşırmış halda gülləri alaraq). Bəs, sən bunu hardan bilmisən?
     G ə n c k i ş i. Bu, mənim sirrimdi!..
     Q a d ı n. Sənin belə sirlərin çoxdu? Mənim əzizim! (Özünü saxlaya bilməyib onu qucaqlayır.) Mənim həyatımda birinci, eşidirsən... (Qışqırır.) Birinci!.. Birinci!.. Birinci dəfədir ki, qapım açılır və kimsə mənə gül verir! Hərdən, bayramlarda, Həsənzadənin anası mənə gül gətirirdi, amma o güllər rüşvət kimi bir şey idi... Heç evə də gətirmirdim, qoyurdum, qalırdı məktəbdə, müəllimlər otağında. (Gül dəstəsini iyləyərək.) Nərgiz çıxıb bəyəm? Nə tez!.. Bəs, sən nə bildin ki, mənim ən çox sevdiyim gül də nərgizdi?
     G ə n c k i ş i. Bu da mənim bir sirrimdi!
     Q a d ı n. Sən kimsən? Sən Şaxta babasan?
     G ə n c k i ş i. Yox, mən səni sevən və sənə layiq olmayan birisiyəm...
     Q a d ı n. Sən mənə layiq deyilsən?
     G ə n c k i ş i. Əlbəttə!
     Q a d ı n. Bir də belə söz demə! (Dolabın gözündən güldan götürüb mizin üstünə qoyur və gülləri güldana düzür.) Onda mən elə başa düşəcəyəm ki, sən mənə lağ eləyirsən! Bildin?! Sən məni özünə layiq bilmirsən!
     G ə n c k i ş i. Axı, sən məni hələ yaxşı tanımırsan... Mən nə dediyimi bilirəm!
     Q a d ı n. Bəsdi! Səni... səni tanımıram? Mən səni sənin özündən yaxşı tanıyıram!
     G ə n c k i ş i (gülür). Onda de, görüm, mən kiməm?
     Q a d ı n. Sən mənim əzizimsən!.. Sən mənim sevimlimsən!.. Gəl!.. Gəl otur!.. (Onu mizə tərəf çəkir.) Biz səninlə birlikdə mənim anadan olduğum günü bayram edəcəyik!
     G ə n c k i ş i. Bizim günümüzü!
     Q a d ı n. Hə! Bizim, bizim günümüzü! Biz şampan içəcəyik! Biz keflənəcəyik!
     G ə n c k i ş i. Ancaq mən keflənəndə yaman pis oluram ha!.. (Gülür.)
     Q a d ı n. Məni qorxutmaq istəyirsən? Amma mən qorxaq deyiləm, ha! Beləliyimə baxma! Bu saat şampan gətirirəm! (Mətbəxə getmək istəyir.) Yox, qoy əvvəlcə bir yaxşı geyinim-kecinim!
     Q a d ı n dolabdan paltarlarını götürüb mətbəxə keçir. G ə n c k i ş i kitab rəflərinin qabağında dayanıb baxır, sonra kitablardan birini götürüb vərəqləyir. Paltarını dəyişmiş Q a d ı n, əlində şampan şüşəsi və iki qədəh, mətbəxdən qayıdır.
     Q a d ı n (onun qarşısında fırlanır). Hə, necədi?
     G ə n c k i ş i (heyranlıqla) Mənim... day sözüm yoxdu!..
     Q a d ı n. Milyon il idi bu paltarı geymirdim!.. Deyirsən, yaxşıdı?
     G ə n c k i ş i. Sən tamam başqa adam olmusan!
     Q a d ı n. Hə, düz deyirsən, mən başqa adam olmuşam... Bilirsən, hərdən qorxuram... Qorxuram ki, birdən özüm öz içimdən çıxıb gedərəm...
     G ə n c k i ş i (gülür). Yox, qorxma...
     Q a d ı n. Qorxmayım?
     G ə n c k i ş i. Hə, qorxma! Çünki bir adamın içində, min adam var...
     Q a d ı n. O necə olur elə?
     G ə n c k i ş i. Adam, bilirsən, sandıq kimi bir şeydi. İçində, nə desən, var! Təzə də var, köhnə də var! Qızıl da var, keyfiyyətsiz şeylər də! O sandıqda qorunub saxlanan pal-paltarın hər biri bir dəbdədi, müxtəlifdi, bir-birinə uyuşmayan şeylərdi!.. Ona görə də, bir adamın içində, min adam var!
     Pauza.
     Ancaq sənin içindəkilərin hamısı gözəldir!
     Q a d ı n. Onda, mən sandığa oxşamadım ki!..
     G ə n c k i ş i. Niyə? Sadəcə, sənin içindəkilərin hərəsi bir cür gözəldi! Sən də gözəlsən! Bax, bu günümüz də gözəldi! Sənin əlindəki o şampan da gözəldi! Partladaq?
     Q a d ı n. Qoy, güldana su töküm...
     G ə n c k i ş i. Mən tökərəm. (Əlinäəki kitabı mizin üstünə qoyub güläanı götürür, mətbəxə keçir və oraäan äanışır.) Sənin mətbəxin əməlli-başlı kimya laboratoriyasıdır! Təcrübələri evdən aparırsan məktəbə?
     Q a d ı n. Hə, çox vaxt özüm aparıram! Qabaqlara fikrin getməsin, ey mənim keçmiş şagirdim, sosializmdən kapitalizmə keçdiyimiz bu gözəl zəmanədə məktəbdə kimyəvi maddələr qıtlığıdır! Yavaş ol, a!.. O şüşələrin içində nə maddə desən, var! (Mizin üstünäən kitabı götürüb rəfə qoyur.) Bəlkə sabah Həsənzadənin anasıyla danışım, hə?
     G ə n c k i ş i (mətbəxäən). Nə barədə?
     Q a d ı n. Sənin barəndə.
     G ə n c k i ş i (mətbəxäən). Mənim barəmdə?
     Q a d ı n. Hə, sənin barəndə. Sən nə vaxtacan işsiz qalacaqsan? Əri böyük adamdı, nazir müavinidi, nədi... Arvadı həmişə deyir ki, (Yamsılayır.) «məndən bir şey xahiş edin», «məndən bir şey xahiş edin»... Mən də xahiş edəcəyəm! Sən nə qədər işsiz gəzə bilərsən? Xahiş edəcəyəm ki, sənin iş məsələnə köməklik eləsin.
     G ə n c k i ş i (otağa girib güläanı mizin üstünə qoyur). Nə işə?
     Q a d ı n. Nə bilim? Sən de də...
     G ə n c k i ş i. Tramvay konduktoru!
     Q a d ı n (gülür). Zarafata salma, mən ciddi danışıram... Nə iş xahiş edim ondan?
     G ə n c k i ş i. Mənimçün maraqlıdı ki, sən deyəsən. Məni harada görürsən?
     Q a d ı n. Səni? Bilirsən, mən bu barədə çox fikirləşirəm... Bir əla fikir gəlib başıma!
     G ə n c k i ş i. Nə f'ikir?
     Q a d ı n. Məncə, sənin də ürəyincə olacaq!
     G ə n c k i ş i. Yaxşı, nigaran qoyma da, bizi!
     Q a d ı n. Sənin yerin... (Sözünü saxlayır.)
     G ə n c k i ş i. Hə, haradı mənim yerim?
     Q a d ı n. Kitabxana!
     G ə n c k i ş i. Hara?
     Q a d ı n. Kitabxana! Xahiş edəcəyəm ki, onun o gözəl əri səni kitabxanada işə düzəltsin.
     G ə n c k i ş i. Kitabxanaçı?
     Q a d ı n. Hə!
     Kiçik pauza.
     Düz tapmışam?
     G ə n c k i ş i (ürəkdən gülür). Nə bilim? Baxarıq... Ancaq sən mənə iş tapanacan, şampan soyuyacaq!
     Q a d ı n. Yox, biz qoymayacağıq ki, o soyusun! Gəl! Gəl, otur!
     Gənc kişi gəlib mizin arxasında əyləşir.
      (Şampan şüşəsini ona uzadaraq.) Partlat! Dayan, bir dəqiqə! (Dolaba yaxınlaşıb yeşiyi çəkir, nəsə axtarır, sonra o biri yeşiyi çəkir.)
     G ə n c k i ş i. Nə axtarırsan?
     Q a d ı n. Üzüyümü. Qəribədi... Tapa bilmirəm...
     G ə n c k i ş i. Bəlkə harasa, başqa yerə qoymusan, yadından çıxıb?
     Q a d ı n. Yox! Allah bilir, mən neçə ildi o üzüyü taxmıram...
     G ə n c k i ş i. Bəlkə kim isə götürüb?
     Q a d ı n. Bura kim gəlir ki?
     G ə n c k i ş i. Qonşuların...
     Q a d ı n. Yox. Onlar elə adam deyillər...
     G ə n c k i ş i. Adamları tanımaq olmaz!
     Q a d ı n. Əşşi! Cəhənnəm olsun üzük! (Mizə yaxınlaşır.) Partlat!
     Gənc kişi partıltıyla şampanm tıxacını açır.
     G ə n c k i ş i (qədəhlərə süzə-süzə). Sənin sağlığına! O gün olsun, yüz illiyin olsun!
     Q a d ı n. Oy!.. Məni qorxutma! Yüz nədi?! Sənin sağlığına!
     İçirlər.
     Aha! Deyəsən, dəmlənirəm! Axırıncı dəfə mən nə vaxt içmişəm? Yadıma gəlmir... Bəs sən, mənim qəhrəmanım? Bilirsən də, sən mənim qəhrəmanımsan! Yox, sən mənim igidimsən!..
     G ə n c k i ş i. Əşşi, mən qorxağın biriyəm...
     Q a d ı n. Qorxaqsan?
     G ə n c k i ş i. Hə...
     Q a d ı n. Sən kimdən qorxursan?
     G ə n c k i ş i. Zarafat edirəm...
     Q a d ı n. Yox, de görüm, sən kimdən qorxursan?
     Pauza.
     Əl çəkməyəcəyəm səndən! Özüm də dəmlənmişəm! Deməlisən!
     G ə n c k i ş i (get-gedə artan bir həyəcanla). Ölümdən qorxuram! Ölümdən! Bir vaxt gələcək, mən olmayacağam! Hər şey öz yerində qalacaq, həmin küçələr, həmin binalar, həmin gün, həmin ay! Amma mən yoxam! Bunu fikirləşəndə məni dəhşət basır! Az qalıram, dəli olam! Bir dilənçi ilə mənim aramda heç bir fərq olmayacaq! O da öləcək, heç olacaq, mən də öləcəyəm, heç olacağam! İzim-sorağım da qalmayacaq!
     Pauza.
     Q a d ı n. Axı, bu, tək sənin problemin deyil... Bütün insanların, bütün canlıların, dahilərin, peyğəmbərlərin, hamının taleyidir...
     G ə n c k i ş i. Bu, mənim üçün, təskinlik deyil!
     Q a d ı n. Axı... Axı, hər şey belə mənasız ola bilməz... Hardasa, nəsə var... Mütləq... Gərək belə fikirləşəsən... Axı... Axı, Allah var!
     G ə n c k i ş i. Onu görən olub?!
     Pauza.
     Q a d ı n. Hərdən mənə elə gəlir ki, sən... sən özün qorxulu adamsan...
     Kiçik pauza.
     Yaxşı, bəsdi... Bu nə söhbətlərdi belə, başlamışıq?..
     G ə n c k i ş i. Hə də... (Gülümsəyir.) Həyat onsuz da mürəkkəbdi...
     Q a d ı n. Bir az da biz üstünə qoymayaq! (Qəäəhi qaläırır.) Sən... sən... necə qorxaqsan ki, birdən-birə gəlib... birdən-birə gəlib ciddi bir müəllimənin... çox ciddi bir müəllimənin qapısını döydün?! Hə? (Qəäəhi onun qəäəhinə vurur.) Ey, özünə qorxaq deyən insan! Özünə böhtan atan insan! İndi çox realist bir sağlıq deyəcəyəm. Bunu qaldıraq o günün şərəfinə ki, sənin kimi oğullar Şuşanı qaytaracaq! Qarabağı qaytaracaq! Sənin kimi oğulların şərəfinə ki, düşmən onların qorxusundan, bir də burunlarını Azərbaycan dediyimiz bu məmləkətə soxmayacaq! Çünki siz onun o burnunu dibindən kəsərsiz! İçdik?
     G ə n c k i ş i. İçdik!
     İçirlər.
     G ə n c k i ş i. Deyirsən, özümə böhtan atıram? (Gülür.) Ola bilər... Dostoyevski deyir ki, insan bütün həyatı boyu, əslində, yaşamır, yaranır. Yəni həmişə yaranma prosesində olur.
     Q a d ı n (äivanäa oturaraq). Yenə Dostoyevski?
     G ə n c k i ş i. Dostoyevski mənim Allahımdır!
     Q a d ı n (əli ilə tavanı göstərir). Bəs, onda o Allah sənin nəyindi? Hə, sən dedin axı, onu görən olmayıb...
     G ə n c k i ş i. Sən məni Dostoyevskiyə qısqanırsan?
     Q a d ı n (güclə sezilən bir naz ilə). Ola bilər...
     G ə n c k i ş i. Dostoyevskisiz həyat çox bəsit bir şeydi...
     Q a d ı n. Deməli, Dostoyevskidən əvvəl yaşayanların hamısı bəsit bir həyat sürüb?
     G ə n c k i ş i. Bilmirəm! Bilmirəm, kim, haçan, necə yaşayıb? (Onun üstünə atılır.) Onu bilirəm ki, mən səni Dostoyevskidən çox istəyirəm!
     Q a d ı n. Ola bilməz!
     G ə n c k i ş i. Yüz faiz!
     Q a d ı n. Dayan bir...
     G ə n c k i ş i. Yox, dayana bilməyəcəyəm!.. (Onu qamarlayıb öpməyə başlayır.)
     Q a d ı n (onun qolları arasından çıxaraq). Axı, mənim hələ bir sağlığım qalıb!
     G ə n c k i ş i. Onu, sonra!
     Q a d ı n. Yox! Mən onu indi deməliyəm! Deməsəm, xəyanət olar! (Ayağa qalxıb mizin üstündən qədəhi götürür, pəncərəyə yaxınlaşıb şüşədən göyə baxır və qədəhi qaldırır.) İçək onun şərəfinə!
     G ə n c k i ş i. Kimin?
     Q a d ı n. Gəl bura! Götür qədəhini, gəl bura!
     Gənc kişi qalxıb mizin üstündən qədəhini götürür və ona yaxınla- şır.
     İçək mənim ulduzumun şərəfinə! (İçir.)
     G ə n c k i ş i. Bilirsən, mən bu saat tamam realist bir adamam!
     Q a d ı n. Mənim ulduzumun şərəfinə içmək istəmirsən?
     G ə n c k i ş i (çılğın). Mən özüm bilirəm, nə istəyirəm! (Onu arxadan qucaqlayıb öpməyə başlayır.) Bildin?
     Q a d ı n (gülə-gülə və həyəcanlı). Dayan bir!.. Oy!.. Dayan!.. Dayan, ay realist!..
     G ə n c k i ş i (öpə-öpə). Yox!.. Dayana bilmirəm! Yox!..
     Q a d ı n. Heç olmasa, işığı söndür...
     Gənc kişi əlini qaldırıb işığı söndürür - səhnənin işığı sönür.
     G ə n c k i ş i (qaranlıqdan). Mənim əzizim!.. Mənim sevgilim!.. Gözəlim!..
     Q a d ı n (qaranlıqdan). Oy!..
     G ə n c k i ş i (qaranlıqdan). Yaxşıdı?
     Q a d ı n (qaranlıqdan). Hə!.. Hə!.. Hə!..

II. ULDUZLAR ALƏMİNDƏ
YEDDİNCİ ŞƏKİL


     Q a d ı n, P o l i s (Qonşu kişi), U l d u z (Qonşu qadın), Poçtalyon (Şagird Həsənzadənin anası).
     Ulduzlar aləmi. Səhnə ağ buludlar içindədir və hər tərəfdən ağ hasara alınıb. Ağaclar, güllər, hərdən səhnədə uçuşan gözəl kəpənəklər, tez-tez cəh-cəh vuran quşlar, bir sözlə, səhnədə nə varsa, hamısı ağ rəngdədir. Qadından başqa, qalan iştirakçılarm libası da ağappaqdır. Q a d ı n qapıdan boylanaraq ulduzlar aləminə baxır.
     Q a d ı n. Buradı? Deyəsən, düz gəlmişəm... (Bərkdən.) Ey, bura Ulduzlar aləmidi?
     Pauza.
      (Qapıdan səhnəyə daxil olur.) Oy, nə gözəldir!.. Ağappaq!.. Tərtəmiz!.. Mənə bax də!.. İndiyəcən bura gəlməmişəm... (Heyran-heyran dörd tərəfə baxır.) Belə bir yerə!.. (Bərkdən.) Ey, kim var burda? Heç kim yoxdu... Bəs, ulduzlar haradadı? Onlara nə var e?!. Göylərdə süzürlər özləriyçün... Burda da, gör, necə yer seçiblər özlərinə!.. (Bərkdən.) Ey, kim var burda? Ey!..
     P o l i s (Qonşu kişi) yekə qanadları olan taxta ağ atın belində səhnəyə daxil olur.
     P o l i s. Bu nə səs-küydü belə?
     Q a d ı n (təəccüblə). Siz burda nə gəzirsiz?
     P o l i s. Necə yəni mən burda nə gəzirəm? Mən buranın mühafizə idarəsinin rəisiyəm!
     Q a d ı n. Ulduzlar aləminin?
     P o l i s. Bəli!
     Q a d ı n. Burda da mühafizə idarəsi var?
     P o l i s. Mühafizəsiz yer olar?
     Q a d ı n. Mən... Mən öz Ulduzumu görməyə gəlmişəm.
     P o l i s. Hansıdı sizin Ulduzunuz?
     Q a d ı n. Ulduzların ən gözəli! Ən sevimlisi! Ən xeyirxahı!
     P o l i s. Bildim! Bildim hansıdı! Bildim!
     Q a d ı n. Tanıdız?
     P o l i s. Əlbəttə! Onu tanımağa nə var ki?
     Q a d ı n. Oy, nə yaxşı! Mən onu necə görə bilərəm?
     P o l i s. Gərək Poçtalyona deyəsiz, o, sizin Ulduzunuza xəbər versin.
     Q a d ı n. Bəs, mən Poçtalyonu necə görə bilərəm?
     P o l i s. Gərək mən icazə verim!
     Q a d ı n. Siz?
     P o l i s. Bəli!
     Q a d ı n. Oy, nə yaxşı oldu! Xahiş edirəm icazə verəsiz!
     Xahiş edirəm, mənə icazə verəsiz ki, Poçtalyonu görüm!..
     Pauza.
     Mən çox tələsirəm! Məni orda (Barmağı ilə aşağını göstərir.) gözləyən var!
     Pauza.
     Sizinləyəm! Xahiş edirəm, mənə icazə verəsiz ki, əvvəlcə Poçtalyonu görüm, sonra da öz Ulduzumu!.. Mən tələsirəm!..
     Pauza.
     Axı... Axı, mən sizinləyəm!
     P o l i s (qışqırır). Bilirsiz mənim maaşım nə qədər azdır?!
     Q a d ı n (gözləri bərəlmiş). Nə?
     P o l i s. Hə!
     Q a d ı n. Maaşınız azdı?
     P o l i s. Bəli! Azdı!
     Q a d ı n (şaşırmış). Bəyəm, burda da pul var?
     P o l i s (onu yamsılayır). «Burda mühafizə var?» «Burda pul var?» Pul olmayan yer var?
     Pauza.
     Q a d ı n. Bəs... bəs, mən neyləməliyəm?
     P o l i s (altındakı atı göstərərək). Özüm heç, neçə gündü, bu da acdı!
     Qanadlı ağ atın iri qara gözləri yumulub-açılır və iki böyük gilə göz yaşı yerə düşür.
      (Ata.) Ağlama! (Özü doluxsunur.) Görürsiz?.. (Öz gözlərini silir.)
     Q a d ı n (pərişan). Görürəm... Amma... Axı, mənim sizə verməyə heç nəyim yoxdu...
     P o l i s (atın üstündə səhnə boyu o baş-bu baş addımlaya-addımlaya deyinir). Mənim! Mənim bəxtim qaradı! Mənim yanıma həmişə heç nəyi olmayan gəlir! Bir dəfə görmədim ki, nəsə bir şeyi olan gəlib məndən öz ulduzunu xəbər alsın!
     Q a d ı n. Bəs, onlar bura gəlmirlər?
     P o l i s. Kimlər?
     Q a d ı n. Şey-şüyü olanlar...
     P o l i s. Keflərinə düşəndə, hərdən gəlirlər.
     Q a d ı n. Bəs, niyə sizdən icazə almırlar?
     P o l i s (əli ilə səhnənin yuxarı küncünü göstərir). Onların ora öz yolları var!
     Q a d ı n. Bəs, mən nə edim? (Çılğın.) Xahiş edirəm sizdən!.. Mən onu mütləq görməliyəm!..
     P o l i s (altındakı ata). Ağlama! (Atın gözlərindən yenə iki iri damla göz yaşı düşür.) Görürsünüz?
     Q a d ı n. Görürəm... Ona deyin ağlamasın... Mənim ürəyim birtəhər olur...
     P o l i s. Ağlamasın, bəs, nə eləsin bu bədbəxt? (Ata.) Nə olsun ki, sən də ağsan? Bəxtin ki, qaradı! Yaxşı olardı ki, sən özün kömür kimi qapqara olaydın, amma bəxtin ağ olaydı!
     Pauza.
     Q a d ı n. Mən sizdən xahiş edirəm!.. Məni orda (Barmağı ilə aşağını göstərir.) gözləyən var! Mən tələsirəm!
     P o l i s (ata). Ağlama! Ağlayana pay verən yoxdu!
     Q a d ı n. Xahiş edirəm!..
     P o l i s (ata). Nə etmək olar, əziz dostum? Bizim ürəyimiz yumşaqdır... Nə? Nə deyirsən? (Əyilib qulağını atın ağzına dirəyir.)
     Q a d ı n. Nə deyir?
     P o l i s. Deyir, ona görə bu günə qalmışıq də! (Qışqırır.) Poçtalyon! Poçtalyon!
     Q a d ı n. Çox sağ olun!
     P o l i s. Poçtalyon! (Deyinir.) Bu, gərək, həmişə əda ilə, nazqəmzə ilə gəlsin... (Qışqırır.) Poçtalyon!
     Q a d ı n. Təşəkkür edirəm!
     P o ç t a l y o n (Şagird Həsənzadənin anası) yekə ağ qanadla- rını yelləyə-yelləyə gəlir.
     P o l i s (acıqlı). Aha, gəldi çıxdı!..
     P o ç t a l y o n (tənə ilə). Mənim, başqaları kimi, şəxsi atım yoxdu!
     P o l i s (ata). Bunun xəbəri yoxdu ki, səni də yedirtmək lazımdı!..
     P o ç t a l y o n. Mən özüm gəlirəm! Amma əslində, mənim atım olmalıdı! Çünki Poçtalyon mənəm, başqaları deyil!
     Q a d ı n (heyrət içində). Siz də burdasız?
     P o ç t a l y o n. Mənə nə olub ki?
     Q a d ı n. Yox... (Ətrafa baxır.) Heç bilmirəm, vallah...
     P o ç t a l y o n. Mən burda Poçtalyonam.
     Q a d ı n. Mən öz Ulduzumla görüşməliyəm! (Polisi göstərir.) İcazə almışam!
     P o ç t a l y o n (Polisə baxır). Pah!..
     Q a d ı n. Yox, siz ona elə baxmayın! O çox ürəyiyumşaqdı...
     P o ç t a l y o n (yenə Polisə baxır). Pah!..
     Q a d ı n. Bəli!.. Bəli!..
     P o l i s (Poçtalyona işarə edərəkyavaşdan Qadına). Amma o, mən deyiləm ha!..
     Q a d ı n (Poçtalyona). Mən çox tələsirəm. Məni orda (Barmağı ilə aşağını göstərir.) gözləyən var. Xahiş edirəm, mənim Ulduzuma xəbər verəsiniz!
     P o ç t a l y o n. Növbəyə durun!
     Q a d ı n. Növbəyə?
     P o ç t a l y o n. Bəli!
     Q a d ı n. Bəyəm, mənim Ulduzumla məndən başqa da görüşmək istəyən var? Axı, o, ancaq mənim Ulduzumdu! vP o ç t a l y o n. Nə olsun ki, başqası yoxdu?! Növbə, növbədi! Növbəsiz istəyirsiz? Onda... baxın də...
     Pauza.
     Q a d ı n (əllərini öz bədəninə çəkərək). Mənim heç nəyim yoxdu...
     P o ç t a l y o n. Yoxdu?
     Q a d ı n. Yox...
     P o ç t a l y o n. Onda, növbə!.. (Qanadlarını yelləyib getmək istəyir.)
     Q a d ı n. Dayanın! Mən... (Sözünü saxlayır.)
     P o ç t a l y o n. Hə? Mən nə?
     Q a d ı n. Mən Həsənzadəyə «üç» verərəm...
     Pauza.
     P o ç t a l y o n. «Dörd»!
     Q a d ı n (qızgın). Xeyr! «Üç»!
     P o ç t a l y o n. «Dörd!»
     Q a d ı n (daha da qızğın). Heç vaxt! Mən ona «dörd» vermə- yəcəyəm! (Gəlib Poçtalyonun qabağında dayanıb düz onun gözlərinin içinə baxır.) Heç vaxt! (Barmağını onun gözünün qabağında yelləyir.) Bu, mümkün olan şey deyil! Siz məni məcbur edə bilməzsiz!
     P o ç t a l y o n. «Beş!»
     Q a d ı n. Yox!
     P o ç t a l y o n. Onda xudahafiz!.. (Qanadlarını yelləyib get- mək istəyir.)
     Q a d ı n. Yaxşı... (Doluxsunur.) «Beş...»
     P o ç t a l y o n. Onda gözləyin. Gedim sizin (Xüsusi vurğu ilə.) Ul-du-zu-nu-za xəbər verim! (Polisə baxaraq.) Pah!.. (Qanadlarını yelləyə-yelləyə səhnədən çıxır.)
     P o l i s (ata). Gedək, əziz dostum, gedək! Bizimki bu dəfə də gətirmədi!
     Q a d ı n. Nə üçün gətirmədi? Axı, siz yaxşılıq etdiniz!
     P o l i s. Kimə?
     Q a d ı n. Mənə!
     P o l i s. Bəs, bundan mənə nə?
     Q a d ı n. Sizə? Sizə də bu yaxşılığa görə, mənim ürəyimin dərinindən gələn bir təşəkkür!
     P o l i s. Yaxşı olardı ki, ürəyin dərinliklərindən gələn o cür təşəkkürü sizə verəydilər, amma yaxşılığı mənə eləyəydilər!
     U l d u z (Qonşu qadın) ağ karetada qaça-qaça səhnəyə daxil olur. Karetanı, içində ayaq üstə dayanaraq özü sürür.
     U l d u z (karetanın qapısını açıb içindən çıxaraq). Hanı o?
     Q a d ı n (heyrət içində). Mənim Ulduzum sizsiz?
     U l d u z. Bəli.
     Q a d ı n. Ən gözəl, ən sevimli Ulduz?
     U l d u z. Bəli. Bəli.
     Q a d ı n, elə bil, U l d u z a inanmayaraq P o l i s ə baxır. P o l i s əvvəlcə çiyinlərini çəkir, sonra başı ilə təsdiq edir.
     P o 1 i s (ata). Gedək, əziz və bədbəxt dostum, gedək! (Çapaçapa səhnədən çıxır.)
     Q a d ı n. Axır ki, mən sizi gördüm! Mən sizi çox görmək istəyirdim! Istəyirdim ki... istəyirdim ki, siz nigaran qa1mayasız!..
     U 1 d u z. Mən nigaran qa1mayım?
     Q a d ı n. Hə!..
     U 1 d u z (həyəcanlı). Siz haradan bi1diz ki, mən nigaranam?
     Q a d ı n. Mən hiss edirdim!.. Hiss edirdim ki, nigaransız!..
     Pauza.
     U 1 d u z. Eh!.. (Onu başdan-ayağa qədər süzərək.) Siz mənə necə kömək edə bi1ərsiz?
     Q a d ı n (ruh yüksəkliyi ilə). Mən istəyirəm ki, siz bi1əsiz: mən daha tək deyi1əm! Düzdü, mən çox tək qa1dım... Amma, yadınıza gə1ir, iyirmi beş i1 bundan əvvə1, gecə1ər mən (Barmağı ilə aşağını göstərir.) orda, ba1aca eyvanımızda otururdum, axtarıb sizi tapırdım, gözümü sizə dikirdim, sizin1ə bir yerdə necə arzu1ar edirdik?.. Hansı xəya11ar içində o1urduq? Yadınıza gə1ir? Mən indi, bax, o vaxt1ar arzu etdiyimiz bir sevinc içindəyəm!.. Mənim iyirmi beş i1 bundan əvvə1 sizin1ə söhbət1ərim, mənim arzu1arım, o xəya11ar, 1ap bu gün1ərəcən, e1ə bi1, ancaq gözə1 bir yuxu idi!.. Gözə1 bir yuxu idi, amma... bir az qüssə1i idi... Düzdü, o gözə1 yuxu uzun çəkdi, amma nə o1sun? Indi o yuxu çin o1ub! Mən... mən bunu sizə demə1iydim, ya yox? Demə1iydim! Ə1bəttə, demə1iydim! Mən...
     U 1 d u z (onun sözünü kəsərək). Bir dəqiqə, əzizim! Bir dəqiqə! Bütün bun1ar çox gözə1! Ancaq siz mənə necə kömək edəcəksiz!
     Q a d ı n. Mən bütün bun1arı deyirəm ki, siz daha məndən giz1ənməyəsiz! Axı, mən hiss edirdim ki, siz (Barmağı ilə yuxarını göstərir.) ordan (Yuxarı baxır, sonra ətrafa göz gəzdirir.), yəni ki, burdan aşağıya (Barmağı ilə aşağını göstərir.), mənə baxırsız, mənim gündə1ik həyatımı görürsüz və... və məndən utanırsız! Mən hiss edirdim bunu! Görürdüm! Görürdüm ki, o uzaq arzu1arın puç1uğuna görə, o xəya11arın boş1uğuna görə məndən utanırsız. Amma indi mən istəyirəm ki, siz bu nigarançı1ıqdan çaxasız! Mən... mən doğrudan da xoşbəxtəm!
     U 1 d u z . Mənim üçün çox xoşdur ki, siz xoşbəxtsiz! Nəhayət ki, mən, bütün ulduzluq dövrümdə xoşbəxt bir adam gördüm! Ancaq siz mənə necə kömək edəcəksiz, onu deyin!
     Kiçik pauza.
     Q a d ı n. Dedim də!..
     Kiçik pauza.
     Ulduz. Nə dediz?
     Q a d ı n. Dedim ki, mən xoşbəxtəm...
     U l d u z (az qala isterika ilə). Bəs, mən?! (Ağlayır.) Mən? Sizə nə var ki!.. Siz xoşbəxtsiz! Ancaq məni pensiyaya göndərirlər! Əgər, mən bundan sonra daha gecələr göydə parıldamayacağamsa, onda nəyə lazımam? Heç nəyə! (Daha da bərkdən ağlayır.) Heç kimə! Qoy, lap yalan olsun, ancaq mən (Barmağı ilə aşağını göstərir.) orda kiməsə ümid vermək istəyirəm! Siz orda (Barmağı ilə aşağını göstərir.) elə bilirsiz ki, təkcə sizin arzularınız olur? Siz elə bilirsiz ki, ancaq siz xəyala dala bilərsiz? Ancaq siz təklikdən qorxursuz!
     Q a d ı n (şaşırmış və həyəcanla). Sakit olun...
     U l d u z. «Sakit olun» - demək asandır! Ancaq başa düşmək çətindir! (Ağlayır.) Ordan (Barmağı ilə aşağını göstərir.) baxırsız, deyirsiz, nə var ki, par-par yanır! Əladı! Gözəldi! Başdan-başa romantikadır! Ancaq gəlin, bu romantikanın içinə girin, onda bilərsiz! Onda bilərsiz! Onda... (Zırıldayır.)
     Q a d ı n. Sakit olun... Mən... mən sizinçin nə edə bilərəm?
     U l d u z. Siz - heç nə! O ifritə Poçtalyonun elə acıqlı-acıqlı gəlib məni çağırmağından başa düşdüm ki, ona heç nə verməmisiz! Çünki sizin də arzudan başqa heç bir şeyiniz yoxdur! Siz də (Barmağı ilə aşağını göstərir.) oradakı o çoxlu adamlardan birisiz ki, bütün var-yoxunuz təkcə elə arzudur! Ancaq onu (Barmağı ilə səhnənin yuxarı küncünü göstərir.) təkcə arzuyla yola gətirmək olmaz!
     Q a d ı n (diqqətlə səhnənin yuxarı küncünə baxaraq). Kimdi ki, o?
     U l d u z (heyrətlə). Tanımırsız?..
     Q a d ı n (başını bulayır). Yox...
     Ulduz (öz-özünə). Doğrudan xoşbəxtdir də!.. (Qadına.)
     Baş Ulduz! (Ağlayır.) Mən fikirləşəndə ki, bir də heç vaxt göy üzündə parıldamayacağam, dəhşət məni basır!
     Q a d ı n. Siz axı... siz axı (Əli ilə aşağını göstərir.) ordan görünən kimi deyilsiz... Onda neynirsiz... neynirsiz göy üzündə parıldamağı? Deyirsiz ki, heç olmasa... yalandan ümid verəsiz... Özünüz özünüzü niyə aldadırsız?
     U l d u z. Siz özünüzü aldatmırsız?
     Q a d ı n. Bilmirəm...
     Pauza.
     Amma mən sizə kömək etmək istəyirəm...
     U l d u z. Necə? (Barmağı ilə səhnənin yuxarı küncünü göstərir.) O elə-belə fikrindən dönən deyil!
     Q a d ı n (səhnədə gəzişərək). Nə verim? Nə verim sizə?
     U l d u z. Heç nə!.. Gedin!.. Qayıdın geri! (Ağlayaraq.) Gedin öz arzularınızın yanına... Gedin, girin öz xoşbəxtliyinizin içinə... (Karetaya yaxınlaşır.) Yaddan çıxarın məni!..
     Q a d ı n. Axı, mən sizi yaddan çıxarmaq istəmirəm! (Qışqırır.) İstəmirəm sizi yaddan çıxarım! Eşidirsiz? İstəmirəm!
     U l d u z (karetanın içinə girib qapısını bağlayır). Əlvida!..
     Q a d ı n. Yox!.. Yox!.. Mən sizə üzüyümü verirəm! Aparın, verin ona! Aparın, verin, sizdən əl çəksin! (Barmaqlarına baxır.) Hanı mənim üzüyüm? Hanı?
     İşıq sönür.

III. FƏLAKƏT
SƏKKİZİNCİ ŞƏKİL


     Q a d ı n, G ə n c k i ş i.
     Q a d ı n ı n mənzili. Gecə. Səhnə qaranlıqdır.
     Q a d ı n ı n s ə s i. Hanı? Hanı mənim üzüyüm? Hanı?
     G ə n c k i ş i n i n s ə s i (yuxulu). Nə? Nə olub? Nə hanı?
     Q a d ı n ı n s ə s i. Mənim üzüyüm! Hanı mənim üzüyüm?
     İşıq yanır. Q a d ı n gecə köynəyində divan-çarpayıda oturub. G ə n c k i ş i pijamadadır və ayaq üstə Q a d ı n ı n qarşısmda dayanıb.
     G ə n c k i ş i. Üzüyün?
     Q a d ı n (iki əlilə də gicgahlarını ovuşdurur). Nə?.. Üzük?
     Kiçik pauza.
     G ə n c k i ş i. Sənə nə olub?
     Q a d ı n. Heç... (Diqqətlə Gənc kişiyə baxır.) Mənə nə olub?
     Gənc kişi çiyinlərini çəkir.
     Doğrudan da, mənim üzüyüm haradadı?
     G ə n c k i ş i. Hansı üzük?
     Q a d ı n. Mənim üzüyüm də. Keçən dəfə axtardım, tapma- dım...
     G ə n c k i ş i. Gecənin yarısı neynirsən üzüyü?
     Q a d ı n. Nə bilim...
     Kiçik pauza.
     G ə n c k i ş i. Söndürüm işığı? Yataq...
     Q a d ı n. Yox... Haradadı mənim üzüyüm? (Qalxıb dolabın gözünü açır və axtarır.)
     G ə n c k i ş i. Olmaz ki, bunu sabaha saxlayasan?
     Q a d ı n. Niyə sabaha? Elə indi axtarıram də... (Axtarır.)
     Gənc kişi siqaret yandırır və otaqda var-gəl edir.
     Sən niyə belə əsəbiləşirsən?
     G ə n c k i ş i. Mən? Mən əsəbiləşib-eləmirəm. Ancaq... başa düşmürəm... Gecənin yarısı qışqırıb yuxudan qalxırsan, sonra da durub üzük axtarırsan...
     Q a d ı n. Sən görməmisən o üzüyü?
     G ə n c k i ş i. Mən? Mənim nəyimə lazımdı üzük?
     Q a d ı n. Mən demirəm ki, sənə lazımdı. Soruşuram ki, görmüsən, yoxsa, yox?
     G ə n c k i ş i. Xeyr! Görməmişəm!
     Kiçik pauza.
     Sənin tonun mənim xoşuma gəlmir...
     Q a d ı n. Niyə?
     G ə n c k i ş i. Bilmirəm... Gəl, yataq...
     Q a d ı n. Mən üzüyümü axtarıram... Mən öz üzüyümü axtara bilmərəm?..
     G ə n c k i ş i. Bəlkə polis çağırasan?
     Q a d ı n (gəlib onunla üzbəüz dayanır). Mənə bax!.. Sən polis- dən niyə qorxursan belə?
     Kiçik pauza.
      (Diqqətlə onun gözlərinin içinə baxaraq.) Sənin bədənində bir dənə də yara yeri yoxdu...
     Kiçik pauza.
     G ə n c k i ş i. Mən elə bilirdim ki, sən məni sevirsən... Ancaq sən mənim bədənimi yoxlayırmışsan...
     Q a d ı n (elə bil, onu eşitmir). Sən deyirdin ki, Şuşada yaralanmışam... Amma... (Çiyinlərini çəkir.) Sənin bədənində bir dənə də yara yeri yoxdu...
     G ə n c k i ş i. Bəli! Mən Şuşada kantuziya almışdım! Kantuziyanın isə bədəndə yeri qalmır!
     Q a d ı n. Dünən avtobusla məktəbdən evə gəlirdim. Birdən yadıma düşdü səni harada görmüşdüm! Mən bazara getmişdim. Onda sən qəssab dükanında oturub üç-dörd bazar alverçisiylə nərd oynayırdın. Əsgər paltarında-zadda da deyildin...
     G ə n c k i ş i. Sənə nə olub bu gecə?
     Q a d ı n (elə bil, onu eşitmir). Hətta o zaman mən fikirləşdim ki, bu Kitab hara, qəssab dükanı hara, bazar alverçiləri hara?
     G ə n c k i ş i. Bazar alverçiləri adam deyil?
     Q a d ı n. Yox... Niyə... Amma...
     G ə n c k i ş i (onun sözünü kəsərək qışqırır). Nə olub sənə?
     Q a d ı n. Nə olub? Heç nə olmayıb... Mən gördüyümü deməməliyəm?
     G ə n c k i ş i (əsəbi). Mən deyirdim ki, sənə layiq deyiləm! Sən idin qışqıran ki, yox, belə demə! Belə demə!
     Pauza.
     Q a d ı n. Üzüyü sən götürmüsən?
     Pauza.
     Amma xahiş edirəm səndən, yalan danışma... Yaxşı? Çox xahiş edirəm səndən... Bilirsən... Mən yorulmuşam... Bilmirəm, niyə, amma çox yorulmuşam...
     Pauza.
     G ə n c k i ş i. Mən hər şeyi sənə danışa bilmirəm... Elə şeylər var ki, onu danışmaq çətindir... Mən istəmirəm ki, sən əzab çəkəsən!
     Q a d ı n. Üzüyü sən götürmüsən?
     G ə n c k i ş i (qızğın). Mən nə etməliydim? Mən sənə deməliydim ki, anam acından ölür, məni dolandırırsan, yeməyimi-içməyimi verirsən, anamı da dolandır?! Deyə bilmirdim... Bəli! Anam acından ölürdü! Üzüyü satıb pulunu anama verdim!
     Pauza.
     Q a d ı n. Bəs, sən deyirdin, anam ölüb?!
     G ə n c k i ş i (qızğın). Mənim hər dediyim söz düz olmalıdı?
     Kiçik pauza.
     Bağışla... Gəl yataq, sabah danışarıq... Özün görəcəksən ki, hər şey o qədər də dramatik deyil...
     Q a d ı n (elə bil öz-özü ilə danışır). Hamısı yalan idi... (Xatırlayır.) Bu on səkkiz ildə mən hər gün sizinlə danışmışam... Məni təsəvvüründə canlandırırdın, hə?..
     G ə n c k i ş i. Sən əsəbiləşmisən. Həyəcanlanmısan. Gecənin yarısıdı. Mən də pis iş görmüşəm. Başa düşürəm. Ancaq, gəl yataq, sabah danışarıq. Vəziyyəti daha da dramatikləşdirmə.
     Q a d ı n (elə bil, onu eşitmir). Sən məni pusmusan... Hara gedirəm, nə edirəm, işığım nə vaxt sönür, nə vaxt yatıram, nə vaxt dururam... Görmüsən ki, aha, təkin, yazığın biridi...
     Gənc k i ş i. Bəsdir!
     Q a d ı n. Evdən çıxır, məktəbə gedir, məktəbdən çıxır, evə gəlir... O yağışlı gecəni də xüsusi seçdin, hə? (Gülür.) Xüsusi seçdin ki, təsirli olsun...
     G ə n c k i ş i. Sən heç bilirsən, mənə nələr deyirsən?
     Q a d ı n. Bilirəm...
     G ə n c k i ş i. Bilirsən?
     Q a d ı n. Əlbəttə, bilirəm... O məktub da yalan idi, hə?
     G ə n c k i ş i. Nə məktub?
     Q a d ı n yerində oturub iki əlilə də gicgahlarını tutur. G ə n c k i ş i otaqda var-gəl edir, sonra kitab rəflərinin qabağında dayanıb kitablara baxır. Və bütün bu müddət ərzində onların səsi eşidilir.
     Q a d ı n ı n s ə s i. Ey!.. Gözəl məktub! Bax, bu tozsilən dostumuzu görürsən? Bu tozsilən dostumuz o elektrik xəttindən necə enerji alırsa, mən də səndən eləcə enerji alıram! Bildin? Bildin ki, bu gün on beşinci dəfə səni niyə oxuyuram?
     G ə n c k i ş i n i n s ə s i. «Əzizim!.. Sevimlim!.. Həyatım!.. Yavaşca sivişib gedirəm ki, səhər-səhər yuxudan durğuzmayım səni... İndi burdan çıxacağam, bir saniyə... bircə saniyədən sonra, yenə səninçün darıxacağam... Yenə fikrim-zikrim sənin yanında olacaq, yenə sənin yanına tələsəcəyəm... Çünki sənin istin bilirsən mənimçün nədir?..»
     Q a d ı n ı n s ə s i. Dayan, gözəl məktub! Bu sualı bir də ləzzətlə oxuyacağam!
     G ə n c k i ş i n i n s ə s i. «Çünki sənin istin bilirsən, mənimçün nədir?»
     Q a d ı n ı n s ə s i. Bir də!
     G ə n c k i ş i n i n s ə s i. Çünki sənin istin bilirsən mənimçün nədir?
     Q a d ı n ı n s ə s i. Nədir?
     G ə n c k i ş i n i n s ə s i. «Bunu adi sözlə yaza bilmirəm. Təsəvvür et ki, hər tərəfi payız yağışı bürüyüb... Yuvada balaca bir quşcuğaz var... Anası harasa uçub gedib, gəlib çıxmır... O quşcuğaz da hərdən isti yuvasından boylanır... Birdən o balaca quşcuğaz yerə düşür... Sənin istin mənimçün, bax, yağışın altında tir-tir titrəyən o quşcuğaz üçün o yuvanın istisi nəydisə, həmin istidi... Mən də həyatım boyu eləcə boylanıb səni axtarmışam, səni gözləmişəm... Deyəsən, bir az hind Hlmlərinə oxşadı, hə?»
     Q a d ı n ı n s ə s i. Yox!
     G ə n c k i ş i n i n s ə s i. «Düzünü de, oxşadı, oxşamadı?»
     Q a d ı n ı n s ə s i. Lap oxşasın! Bunun heç kimə dəxli yoxdu! Qoy oxşasın!..
     Kiçik pauza.
     Q a d ı n. Yalan idi... O məktub da yalan idi...
     G ə n c k i ş i. Nə məktub?
     Q a d ı n (gülümsəyir). Uçub getdi... O məktub birdən-birə çox uzaqlara uçub getdi... Qədim məktub!.. Köhnə məktub!..
     G ə n c k i ş i (kitab rəfindəki kitablara baxa-baxa). Bayron deyib ki, köhnə məktubları oxumaq, heç olmasa, ona görə xoş bir işdir ki, onlara cavab vermək lazım deyil...
     Q a d ı n. Sən elə ömrünün sonuna kimi başqalarının sözlərini təkrar edə-edə yaşayacaqsan?
     G ə n c k i ş i. Gəl yataq. Sabah danışarıq.
     Q a d ı n. Sən necə adamsan? (İsterik.) A kişi, bu boyda həngamədən sonra yatmaq olar?
     G ə n c k i ş i (kəskin). Bəsdi mənim üstümə qışqırdın!.. (Ona yaxınlaşır). Sənin dediyin o «başqaları» şagird Həsənzadə deyil, onun anası da deyil, hətta onun atası da!.. Sən yalanı ifşa edirsən, həqiqət sorağındasan, hə? Ancaq nədir həqiqət? Sənin qısqandığın o Dostoyevski, bilirsən, nə deyirdi? Deyirdi ki, əgər, mənə sübut edən olsa ki, İsa başqa şeydi, həqiqət isə tamam başqa bir şey, onda mən həqiqətin yox, İsanın yanında qalacağam... Başa düşdün? Bax, bu da səninçün həqiqətin hörmət-izzəti! Həqiqətin qiyməti! Hər bir insanın öz həqiqəti var! Mənim də içimdə mənim öz həqiqətim var!
     Pauza.
     Q a d ı n (elə bil, öz-özü ilə danışır). O yağışlı gecədə mənim ürəyimdə bir hiss vardı ki, bunlar hamısı bir falşdır... O gecə görüşü də, o sözlər də - hamısı yalançıdır... Amma mən o duyğunu saxlaya bilmədim... Əslində, o duyğunu özüm qovub çıxartdım ürəyimdən... Bu bir ay ərzində o duyğu hərdən baş qaldırırdı, «Ey, mənə bax!» - deyirdi, amma mən o saat onun başından vururdum! O duyğuya deyirdim ki, get, məndən uzaq ol, məndə işin olmasın!.. Qorxurdum o duyğudan, başa düşürsən? Qorxurdum ondan, ona görə də yaxına buraxmırdım!..
     G ə n c k i ş i. Gəl yataq, deyirəm!
     Q a d ı n (elə bil, onu eşitmir). Mən evdə olmayanda, sən hər yeri axtarmısan... Anadan olduğum günü də, pasportumda görmüsən... Köhnə gündəliklərimi çıxarıb oxumusan... Ordan bilmişdin ki, nərgiz güllərini xoşlayıram... Axı... ay çox oxumuş insan... axı, adam başqasının gündəliyini oxumaz... Mən evdə olmayanda, sən siçan kimi otağı axtarırdın, hə?
     G ə n c k i ş i. Bəsdir! Bəs, sən nə edirdin? Mən yatandan sonra, sən də mənim bədənimi yoxlayırdın! Sən məni kitabxanada işə düzəltmək istəyirdin! Çünki səninçün mən kitabxanaçıdan yuxarı deyiləm! Sən məni kitabxana taxtabitilərinin arasında görürdün! (Onu yamsılayır.) «Mənim ulduzum!» «Mənim ulduzum!» Sən öz ulduzunla söhbət edə bilirdin, ancaq burdan-bura mənim ürəyimi sındırırdın! Sənin üçün mən, səni təklikdən xilas edən bir adam idim, vəssalam! İt olsun, qurd olsun, bir adam olsun ki, məni gecələr şagird Həsənzadə ilə söhbət eləməkdən qurtarsın! Yox! Mən kiminçünsə it olmaq, qurd olmaq istəmirəm! Elə bilirsən, sənin sözün var deməyə, ancaq mənimki yoxdu? Bəli! Mən sənin evində qalıram! Mənim pulum yoxdu! Bəli! Sən mənə kostyum almısan! Ancaq hər dəfə o kostyuma elə qürurla baxırsan ki, o qürur məni alçaldır! Sən o baxışlarınla az qalır deyəsən: çıx küçəyə, bütün aləmə car çək ki, ay camaat, bu kostyumu mənə, bax, bu xanım alıb! Çıxım qışqırım?
     Pauza.
     Q a d ı n (sakit). Yox!
     Pauza.
     G ə n c k i ş i (ona yaxınlaşır). Mən deyirdim ki, sabah söhbət edərik... Yataq... (Onu qucaqlamaq istəyir.)
     Q a d ı n (onun qolları arasından çıxmaq istəyir). Yox, istəmirəm!
     G ə n c k i ş i. Məni istəmirsən?
     Q a d ı n. İstəmirəm!
     G ə n c k i ş i. İstəyirsən!
     Q a d ı n. Yox!
     G ə n c k i ş i. İstəyirsən! Axı, görürəm ki, istəyirsən!
     İşıq sönür.
     Q a d ı n (qaranlıqdan). Yox!..
     G ə n c k i ş i (qaranlıqdan). Hə!
     Q a d ı n (qaranlıqdan). Yox!..
     G ə n c k i ş i (qaranlıqdan). İstəmirsən?
     Kiçik pauza.
     Q a d ı n. İstəyirəm...
     Q a d ı n, Q o n ş u q a d ı n.
     Blokda Q a d ı n ı n yaşadığı mənzilin çöl qapı meydançası.
     Q a d ı n pilləkəni qalxıb çantasından çıxardığı açarla qapısını açır. Qonşu qadın əlindəki yekə bazar zənbili ilə, öz qapılarından çıxır.
     Q o n ş u q a d ı n. Salam, məlimə.
     Q a d ı n. Salam! Salam! Necəsən?
     Q o n ş u q a d ı n (əlindəki zənbili göstərir). Görürsən də...
     Q a d ı n (gülümsəyir). Həmin zənbil, həmin küçə, həmin ba- zar...
     Q o n ş u q a d ı n. Hə, məlimə. Həmin zənbil, həmin küçə, həmin bazar...
     Q a d ı n. Amma bilirsən... İnsan, görəsən, niyə naşükür olur? Q o n ş u q a d ı n. Nə?
     Q a d ı n. Deyirəm ki, görəsən, insan niyə naşükür olur? Bəyəm, pis günlər idi? Mən gecə evdə oturub Həsənzadə ilə danışırdım, sən də elə bilirdin ki, mənim başım, bir az, o söz... (Gülür.) Vallah, yaxşı günlər idi!..
     Q o n ş u q a d ı n (çiyinlərini çəkir). Nə deyim, məlimə?..
     Q a d ı n. Qonşular danışır məndən, hə? Deyirlər ki, evinə kişi gəlir?
     Pauza.
     Düzünü de!
     Q o n ş u q a d ı n. Desinlər də!
     Q a d ı n. Axı, nə deyirlər?
     Q o n ş u q a d ı n. Sən dediyini.
     Q a d ı n. «Utanmır!..» «Camaatın gözü qabağında evinə kişi gəlir!..» «Özü də müəllimədir!..» Hə? Belə deyirlər?
     Q o n ş u q a d ı n. Hə. Ancaq mən onların cavabını verirəm! Nə olar yanına kişi gəlir? Kimə mane olurlar? Kimlə işləri var? Kim bilir ki, nə, nədir? Adamın yüz cürə, min cürə dərdi-səri olur! Adam var ki...
     Q a d ı n (gülümsəyərək onun sözünü kəsir). O mahnı necə oldu?
     Faytonçuyam, bəxtim qara,
     Minən deyir, sür bulvara...
     Yaxşı mahnıdı, hə?
     Q o n ş u q a d ı n. Nə bi1im, va11ah...
     Q a d ı n. Çox sağ o1 də!.. Məni müdafiə etdiyin üçün, çox sağ o1! (Qapını açıb içəri girir və arxasınca da qapını örtür.)
     Qonşu qadın örtü1ü qapıya baxıb çiyin1ərini çəkir.
     İşıq sönür.

<< 1 / 2 / 3 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (31.07.2014) | Müəllif: R.C E W
Baxış: 643 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more