Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Poçt şöbəsində xəyal-3
<< 1 / 2 / 3 >>

    Ə d i l ə. Siz də bu soyuq sözləri təkrar etdiniz... Bu sözlər buz kimidir, soyuq, lap soyuq.
    K i ş i. Nə üçün? Nə üçün bu sözlər bu qədər soyuq, bu qədər yaddır sizinçün? Çünki siz qorxursunuz bu sözlərdən. Siz ürəyinizin dərinliklərində hiss edirsiniz ki, bu sözlər həqiqətdir, hiss edirsiniz ki, hər tərəfdə həyat davam edir və bu həyat sevincləri ilə, kədərləri ilə bərabər maraqlıdır, zəngindir, amma sizin yanınızdan ötüb-gedir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz, çünki əslində siz faciəli tənhalıqda deyilsiniz, siz sadəcə olaraq tənhalıq ideologiyasına qapılmısınız.
    Ə d i l ə. Siz birdən-birə nə qədər sərt oldunuz... Mən istəmirəm ki, siz bu qədər sərt, amansız olasınız. Mən istəyirəm ki, biz sizinlə heç nə barədə fikirləşmədən bu küçələri dolaşaq səhərə kimi. (Kişinin əlindən tutur.) Bir-birimizin əlindən tutaq, hiss edək bir-birimizi.
    K i ş i. Bəs səhər? Səhər ki, bu cür çiskinli yaz axşamı olmayacaq. Səhər siz yenə durub işə gedəcəksiniz, yenə işdən qayıdıb evə gələcəksiniz. Yenə gecə yerinizdə uzananda yuxuya getməzdən əvvəl içinizdən bir filosof baş qaldıracaq. Yenə səhər durub işə gedəcəksiniz. Beləliklə, illər ötəcək. Beləliklə, həmin quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtaracaq sizinçün...
    Ə d i l ə. Eybi yox. Mən daha bundan qorxmuram. Mən daha bundan qorxmuram, çünki siz varsınız. Hər gün sizinlə bir yerdə olacağıq. Biz hər gün sizinlə söhbət edəcəyik. Sizinlə yenə də gəzməyə çıxacağıq. Biz yenə də Cıdır düzünə gedəcəyik... Biz sizinlə Gədəbəyə gedəcyik, Yoldaş Təkin atdan yıxıldığı Böyük Qarmurad kəndinin altında ocaq çatıb közə kartof basdıracağıq və
    Yoldaş Təki də birdəfəlik unudacağıq...
    K i ş i. Siz nə üçün riyakarlıq edirsiniz?
    Ə d i l ə (sarsılır). Mən?.. Mən heç vaxt riyakarlıq etməmişəm...
    K i ş i. Məgər bu riyakarlıq deyilmi? Nə üçün siz ən xoşbəxt anlarınızda Yoldaş Təki unutmaq istədiyiniz halda hər gün onunla salamlaşırsınız? Hər gün onun dediklərini edirsiniz, hər gün onun üzünə baxırsınız?
    Pauza.
    Ə d i l ə. Siz artıq məni ittiham edirsiniz... Siz necə də amansız, sərtmişsiniz... Belə olmayın. Xahiş edirəm sizdən... Siz mənim ən çox sevdiyim adamsınız. Mən sizdən inciyə bilərəm... Onda daha hər şey bitər. Axı, biz hələ sizinlə çoxlu-çoxlu görüşəcəyik, qocalıb əldən düşənə qədər... Quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtarana qədər...
    K i ş i. Yox, bu mümkün deyil.
    Ə d i l ə. Mümkün deyil? Nə üçün? Nə üçün mümkün deyil? Məgər siz mənimlə görüşmək istəmirsinizmi? Məgər sizinçün mümkün olmayan şey varmı?
    K i ş i. Mən məktub gözləyirəm. Bu məktub gələndən sonra bir daha görüşməyəcəyik.
    Ə d i l ə. Axı, siz gələcəkdə yenə məktublar alacaqsınız. Bilirəm... Başqa Ədilələrdən... Mən bilirəm, sizin yolunuzu gözləyənlər çoxdur... Bu bizim axırıncı görüşümüzdürmü?
    K i ş i. Bəlkə də...
    Pauza.
    Ə d i l ə. Elə bil mənim ürəyimdə nə isə qırılıb düşüb... Mən ömrümdə özümü bu cür hiss etməmişəm. Mən bilmirəm ki, bu nədir... Mən elə bil ki, təyyarədəyəm... Təyyarə enir-qalxır, enirqalxır... Bu küçələr nə üçün belə boş, kimsəsizdi? Mən bu kimsəsizlikdən vahimələnirəm... (Kişinin qolundan tutur.) Gəlin bir-birimizə qısılaraq gəzək... Bir-birimizi hiss edək. Hiss edək ki, özümüzdən başqa da adam var. Mən nə üçün birdən-birə belə oldum? Nə üçün?
    K i ş i. Nə üçün? Siz mənə sual verirsiniz: nə üçün? Lakin bu gün sualları mən verməliyəm.
    Ə d i l ə. Yox. Mən istəmirəm.
    K i ş i. Siz onsuz da bu sualları özünüzə verəcəksiniz. Siz, bax, bu gün həmin sualları özünüzə verəcəksiniz. Özü də «Nə olsun?» yox, «Nə üçün?»...
    Ə d i l ə (həyəcanla). Indi isə gəzək. Gəzək indi...
    Pauza.
    Qaranlıqdan Xəlilin səsi gəlir.
    Xəlilin səsi. Gəlib çıxdım, mamoçka, darıxmadın ki, canım-ciyərim?
    İ ş ı q s ö n ü r. Səhnə bir anlıq qaranlıq olur.
    Xəlilin səsi.Əşşi, bir qiyamət məclis idi ki... Hayıf sən yox idin, mamoçka, elə qanım qaralmışdı ki...
    Işıq yanır. Ədilə otaqda divanın üstündə oturub. Qarı yenə də səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.
    Xəlil otağa daxil olur.
    X ə l i l. Hayıf, mamoçka, lap hayıf ki, sən getməmişdin... (Ədilə qəribə nəzərlərlə Xəlilə baxır, elə bil baş çıxara bilmir ki, o haradan peyda olub.) Səlim özü sənin şərəfinə sağlıq dedi. Elə yaxşı sözlər dedi ki, mamoçka, lap ürəyim kövrəldi...
    Ə d i l ə. Nə deyirsən?
    X ə l i l. Deyirəm ki... (Diqqətlə Ədiləyə baxaraq) Xəstələnib eləyərsən ha, birdən?
    Ə d i l ə. Hə-ə... (Ayağa qalxır.) Yox, hər şey öz yerindədir.
    X ə l i l. Bir yağış yağır ki, gəl görəsən. Tut ucundan dırmaş yuxarı. Elə yaxşı eləyib getmədin, islanacaqdın əməlli-başlı. (Ədilə səhnədən çıxır və əynində plaş qayıdır. Xəill təəccüblə) Hara belə, mamoçka?
    Ə d i l ə. Gəzməyə gedirəm.
    X ə l i l (heyrətlə). Bu havada gəzməyə gedirsən?
    Ə d i l ə. Hə. Bu havada gəzməyə gedirəm.
    X ə l i l. Onda mən də səninlə gedirəm.
    Ə d i l ə. Yox, mən tək gəzəcəyəm.
    X ə l i l. Axı, mamoçka...
    Ə d i l ə. Dedim ki, mən tək gəzmək istəyirəm. (Səhnədən çıxır.)
    Xəlil onun ardınca baxır.
    Qarı(əlində corab toxuya-toxuya). Bu corabı kiçik oğlumçun toxuyuram. O biriləri etibarsızdırlar. Ən çox onu istəyirəm. Özü də hava kimi ləkəsizdir. Gözlərində elə məhəbbət var ki, səma kimi sonsuzdur.
ALTINCI ŞƏKİL


    Poçt şöbəsi. Günorta olmasına baxmayaraq, içəri girib-çıxan azdır. Hərə öz işi ilə məşğuldur. Ədilə də öz pəncərəsinin qarşısında oturub, hərdənbir ona müraciət edənlərə cavab verir, məktublara baxır və onun bu hərəkətlərində, baxışlarında bir biganəlik hiss olunur.
    Yoldaş Tək yerindən qalxıb Ədiləyə yaxınlaşır.
    Yoldaş Tək(bir neçə anlıq sükutdan sonra). Eh-h...
    Ə d i l ə (başını qaldırıb ona baxaraq). Nə deyirsiniz, Yoldaş Tək?
    Y o l d a ş T ə k. Heç nə. Ah çəkirəm.
    Ə d i l ə. Niyə? (Təəccüblə) Siz də ah çəkə bilirsiniz?
    Y o l d a ş T ə k. Belədir də, yoldaş Ədilə... Təcrübə göstərir ki, mənim kimi mətin adamların da iradəsini sarsıtmaq mümkündür... (Barmağını mürəkkəbə batırıb şüşənin üzərindəki «3»-ün qarşısına «1» əlavə edr.) Belədir... (Ədilə heyrətlə Yoldaş Təkə baxır.) Bəli, yoldaş Ədilə, bəli... Təəccüb edirsiniz ki, Yoldaş Tək nə üçün belə bir bədbin əhvali-ruhiyyədədir?.. Bilirsinizmi mən neçə ildir rabitə sahəsində işləyirəm? Düz qırx bir ildir. Qırx bir il. Mən kənd poçtalyonundan şəhər rabitə şöbəsinin müdirliyinə kimi şərəfli bir yol keçmişəm... Amma nə olsun?
    Ə d i l ə (heyrətlə). Necə? Necə?
    Y o l d a ş T ə k. Deyirəm ki, nə olsun? Bəs mənim gələcəyim? Mənə ancaq siz kömək edə bilərsiniz, yoldaş Ədilə...
    Ə d i l ə. Mən? Bir az açıq danışın də, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Doğrudur. Bu mənə xas olan ən müsbət keyfiyyətlərdən biridir: sözü üzə demək, açıq-açığına. Rabitə nazirliyində bir yer boşalıb, yoldaş Ədilə, yoldaş Məlikovun yeri. Yoldaş Məlikov dünən vəfat edib, qəflətən.
    Ə d i l ə. Yəni rəsmi surətdə vəfat edib?
    Y o l d a ş T ə k. Bəli, lap rəsmi surətdə... Qəzetdə də yazmışdılar. Mən də, özünüz çox yaxşı bilirsiniz, təcrübəli və bacarıqlı rabitə işçisiyəm. Deyirəm bəlkə... Bəlkə bir məndən ötrü yoldaş Məlikməmmədovun qulağına pıçıldayasınız?
    Ə d i l ə (Yoldaş Təkin bədbinliyinin səbəbini yalnız indi başa düşür). A-a-a... Fikirləşərəm,
    Yoldaş Tək.
    Y o l d a ş T ə k. Fikirləşərsiniz?
    Ə d i l ə. Bəli. Onsuz da dünəndən elə hey fikirləşirəm.
    Y o l d a ş T ə k. Dünəndən fikirləşirsiniz? Mənim barəmdə?
    Ə d i l ə. Sizin barənizdə də...
    Y o l d a ş T ə k. Çox sağ olun, yoldaş Ədilə, çox sağ olun. Sizə şəxsi işinizə yazılmaqla təşəkkür elan edirəm.
    Qoca Professor şöbəyə daxil olub, Ədilənin pəncərəsinə yaxınlaşır.
    Q o c a P r o f e s s o r. Salam. Mən Əliquluzadəyəm. Mənə məktub varmı?
    Ə d i l ə (məktublara baxır). Yoxdur.
    Q o c a P r o f e s s o r. Yoxdur? Ola bilməz. Qəti surətdə ola bilməz. Qəti surətdə.
    Ə d i l ə. Dedim ki, yoxdur. (Yenə də bir-bir məktublara baxır). Ə-li-qu-lu-zadə... Yoxdur.
    Q o c a P r o f e s s o r. Arvad sklerozdur. Tamam sklerozdur. Altı gündür Gəncədən gəlmişəm, hələ məktub yazmayıb mənə. Tapşırmışam ki, məktub yaz mənə, nigaran qalmayım, yazmayıb indiyə qədər. Sklerozdur. Tamam sklerozdur. (Lap əsəbi) Boşayacağam gedən kimi.
    Y o l d a ş T ə k. Əsəbiləşməyin, hörmətli yoldaş Əliquluzadə, əsəbiləşməyin. Gələr. Bəlkə elə bu gün gəlib? Gedim görüm təzə məktubları gətiriblərmi?
    Qoca Professor. Mən də sizinlə gedirəm.
    Qoca Professor içəri keçib Yoldaş Təklə birlikdə gedir. Baba yerindən qalxıb Ədiləyə yaxınlaşır.
    B a b a. Bir daha salam, yoldaş Ədilə. (Baba «yoldaş Ədilə» dedikdə Yoldaş Təkin təsiri o saat hiss olunur.) Necəsiniz, yoldaş Ədilə?
    Ə d i l ə. Pis deyiləm, Baba.
    B a b a. Yoldaş Ədilə, bilirsinizmi mən sizin xətrinizi nə qədər çox istəyirəm? Mən sizin üçün canımdan keçərəm, «uf» demərəm.
    Ə d i l ə cavab vermir. Bəli?
    Ə d i l ə. Heç nə. (Ədilənin fikri başqa yerdədir.)
    B a b a. Yoldaş Ədilə, deyirəm bir... Utanıram da e, deməyə... Deyirəm bir... Deyirəm bir məni yoldaş Məlikməmmədova tapşırasınız... Doğruldaram sizin etimadınızı, yoldaş Ədilə. Söz verirəm sizə. (Ədilə cavab vermir, hiss olunur ki, o, daxili gərginlk içindədir, nə barədə isə fikirləşir və bu fikirlər ona rahatlıq vermir.) Vallah, doğruldaram etimadınızı, yoldaş Ədilə!
    Ə d i l ə (başını qaldırıb Babaya baxaraq, son dərəcə səmimi, elə bil, Babanın bayaqdan bəri dediyi sözləri eşitməyib). Bilirsənmi, Baba, nədənsə mənə elə gəlir ki, bax, bu saat nə isə fövqəladə bir hadisə baş verəcək, nə isə qeyri-adi bir iş olacaq?
    B a b a. Nə?
    Ə d i l ə. Səhərdən mənim ürəyim uçunur. Mənə elə gəlir ki... (Sözünü davam etdirməyərək əli ilə başını tutur.)
    Baba Ədiləyə baxıb əlini o tərəf-bu tərəfə yellədir, yəni ki, ay-hay. Qara frak geymiş Skripkaçı əlində skripka səhnəyə daxil olub birbaş Ədiləyə tərəf gedir. Onu hamı görür və hamı da təəccüb dolu nəzərlərlə ona baxır. O, Ədilənin başı üzərində dayanıb skripkasını qaldıraraq çalmağa hazırlaşır. Ədilə başını qaldırıb heyrətlə ona baxır.
    B a b a. Alə! Bu nədir belə? Siz kimsiniz? Neyləyirsiniz belə?
    Qara frak geymiş Skripkaçı cavab verməyərək çalmaq istəyir. (Təşvişlə) Yoldaş Tək! Yoldaş Tək!
    Y o l d a ş T ə k əlində bir qalaq məktub Qoca Professorla birlikdə gəlir.
    Y o l d a ş T ə k. Nədir? Nə olub? (Qara frak geymiş Skripkaçıya baxaraq) Siz kimsiniz?
    B a b a. Cavab vermir. Gəlib bura səhərdən, özü də cavab vermir.
    Y o l d a ş T ə k. Ay yoldaş, siz kimsiniz axı?
    Pauza.
    Bu yoldaşı kim tanıyır?
    B a b a. Deyəsən, artistdir.
    Y o l d a ş T ə k. Siz kimsiniz və nə ixtiyarla kənar adamların girməsi qadağan olan əraziyə girib ictimai müəssisənin işini dayandırırsız? Skripkaçı(elə bil öz-özü ilə danışır). Görünür, daha mənə ehtiyac yoxdur. Mən daha lazım deyiləm. (Skripkasını aşağı salaraq, adamların arasından keçib səhnədən çıxır.)
    Y o l d a ş T ə k (onun arxasınca). Belə də iş olar... Işinizə davam edin, yoldaşlar. (Əlindəki məktubları elə bil ki, hipnoz olmuş Ədiləyə verir.) Buyurun, yoldaş Ədilə, təzə məktublardır. Bəlkə, hörmətli yoldaş Əliquluzadənin də məktubu gəlib.
    Ədilə məktubları alıb bir-bir baxır. Kişi qapıdan içəri girir. Bu adam bizim tanıdığmız Kişinin eyni olsa da, nə iləsə ondan fərqlənir. (Geyimi də başqa cürdür.) Hərəkətləri də başqa cürdür. O, tamamilə adi, real adamdır.
    Şöbədə qoyulmuş mizlərdən birinin arxasında əyləşib nə isə yazmağa başlayır.
    Ədilə(məktublara baxa-baxa birdən sevinclə qışqırır). Bura baxın! Bu məktuba baxın! (Məktublardan birini əli ilə yuxarı qaldırır.) Burada heç nə yazılmayıb. Yazılmayıb ki, kimə çatacaq. Ağappaqdır, görürsünüzmü? Bu onun məktubudur? Bu onun məktubudur! (Ayağa qalxır.)
    Y o l d a ş T ə k (təəccüblə). Kimin?
    Ə d i l ə. Onun. Onun. (Mizin arxasında oturub nəsə yazan Kişini görür, yerindən çıxaraq ona tərəf qaçır.) Sizin məktub gəldi! Sizin məktub gəldi!
    Kişi(təəccüblə Ədiləyə baxır). Mənim məktubum? Nə məktub?
    Ə d i l ə. Bəli, sizin. Buyurun! Bu sizin məktubdur. Görürsünüzmü, üstündə heç nə yazılmayıb.
    Kişi(son dərəcə təəccüblə). Axı, mənə nə məktub gəlməlidir ki? Siz məni hardan tanıyırsınız? Qəribədir... Mənə nə münasibətlə adsız məktub yazmalıdırlar? Mənim adım yoxdu bəyəm?
    Pauza.
    Ə d i l ə (elə bil ki, yuxudan ayılır). Bağışlayın... Bağışlayın... Mən, deyəsən, lap ağlımı itirmişəm... Lap dəli olmuşam deyəsən... Bağışlayın... (Asta addımlarla öz yerinə qayıdır.)
    K i ş i. Bu nə deməkdir? Qəribə adamlar var dünyada... (Oturub yazısına davam edir.)
    Y o l d a ş T ə k. Yoldaş Ədilə, bilmirəm sizə nə olub.
    Ə d i l ə (yerində oturaraq). Heç...
    Q o c a P r o f e s s o r. Vallah, o məktub, deyəsən, mənim məktubumdur... Bir açın baxın görək «Əliqulucan»la başlayır?
    Y o l d a ş T ə k. Bu saat. Məktubu olarmı, yoldaş Ədilə?
    Ə d i l ə. Olar. Əlbəttə olar. (Etinasızlıqla məktubu Yoldaş Təkə uzadır.) Buyurun.
    Y o l d a ş T ə k (məktubu açıb oxuyur). «Əliqulucan, salam».
    Qoca Professor(dərhal məktubu yoldaş Təkin əlindən alır). Verin bura! Adam başqasının məktubunu oxumaz. Görürsünüz ki, mənimdir. Deyirəm, arvad sklerozdur də, zərfin üstündə adımı yazmağı yaddan çıxarıb. Xudahafiz.
    Qoca Professor çıxıb gedir. Ədilə qarşısına bir kağız qoyub nə isə yazır.
    Y o l d a ş T ə k (diqqətlə Ədiləyə baxaraq). Yoldaş Ədilə, xəstə deyilsiniz ki?
    Ə d i l ə (yaza-yaza). Yox, xəstə deyiləm.
    Y o l d a ş T ə k. Həyəcanlanmışdınız bir az...
    Ə d i l ə. Daha həyəcanlı deyiləm. Hər şey öz qaydasındadır.
    Y o l d a ş T ə k. Onda sizə mane olmayım. Oturub rahat-rahat fikirləşin.
    Ə d i l ə (ayağa qalxaraq). Yox, mən gedirəm.
    Y o l d a ş T ə k. Gedirsiniz? Hara gedirsiniz? Evə gedirsiniz? Nə olar, icazə verirəm sizə. Gedin evdə fikirləşin. Cavabını sabah deyərsiniz.
    Ə d i l ə (əlindəki kağızı Yoldaş Təkə uzadaraq). Sabah sizə cavab verə bilməyəcəyəm, Yoldaş Tək.
    Yoldaş Tək (kağızı alıb oxuyur). Bu nədir? Siz işdən çıxırsınız? Nə üçün? Nə oldu?
    Baba(qeyri-adi tərzdə.) Bəs mən?
    Ə d i l ə. Belə məsləhət oldu.
    Y o l d a ş T ə k. Hara gedirsiniz? Daha işləməyəcəksiniz?
    Ə d i l ə. Işləyəcəyəm, əlbəttə. (Bir balaca ironiya ilə) Daha məqsədəuyğun bir müəssisədə işləyəcəyəm, Yoldaş Tək.
    Y o l d a ş T ə k (sarkazmla). Bəlkə gedib zavodda işləyəsiniz?
    Ə d i l ə. Nə olar? Siz ictimaiyyətin mənafeyini hər şeydən yüksək tutmağı bizə öyrətmisiniz.
    Y o l d a ş T ə k. Mən... Bəli. Amma...
    Ə d i l ə. Privet.
    B a b a. Nə?
    Ə d i l ə. Xudahafiz. Yəni ki, adiyu... (Gedir.)
    Pauza.
    Y o l d a ş T ə k. Sən öləsən, fırıldaqlarından baş açmaq olmur də!..
    B a b a. Psixdirlər, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Xeyr lotudurlar, lotu. Baba!
    B a b a. Bəli, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Sənin şüurun nə vaxt inkişaf edib normal hala düşəcək?
    Baba(bir az fikirləşdikdən sonra). Bilmirəm, Yoldaş Tək.
    Y o l d a ş T ə k (barmağı ilə ona işarə edərək). Yaxın gəl. (Baba gəlib lap Yoldaş Təkin burnunun altında dayanır. Babanın qulağına) O, buradan çıxır. Nə üçün? (Baba gözlərini bərəldərək Yoldaş Təkə baxır, yəni ki, bilmirəm. Barmağı ilə Babanın başına taqqıldadır.) Baş deyil e, külqabıdır. (Yenə ağzını Babanın qulağına dirəyir.) Çünki ona yağlı yer boyun olubdur, başa düşdün?.. Yəqin yoldaş Məlikməmmədov şəxsən özü boyun olub. (Ədilə gedən tərəfə işarə edərək). Belə xanımdan kim keçər? Baba(əlini əlinə çəkərək ekstazla). Pəh! Əntiqə şeydir. Sən öləsən... Alaram onun ağrısını!..
    Y o l d a ş T ə k (acıqlı). Baba!
    Baba(tez özünə gələrək). Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Özünü unutma!
    B a b a. Baş üstə, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Get otur yerində!
    B a b a. Baş üstə, Yoldaş Tək! (Qaça-qaça öz yerinə gedir).

YEDDİNCİ ŞƏKİL


    Ədilənin evi. Ədilə divanda əyləşib siqaret çəkir. Yanında çamadan var. Hiss olunur ki, o, getməyə hazırlaşıb, indi yəqin ki, Xəlili gözləyir. Qarı yenə də səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.
    Bayır qapısı açılıb-örtülür. Arakəsmədən Xəlilin səsi gəlir.
    Xəlilin səsi. Ay-na-na-nay-na-nay-na-na-nay-nay-nana-nay-nay-nay-na-na-nay... (Içəri girir.) Boy, mamoçka, sən gəlmisən? Nə tez gəlmisən belə, canım-ciyərim? Qoy bir səni maç eləyim... (Ədiləyə tərəf gedir.)
    Ə d i l ə (ayağa qalxır). Lazım deyil.
    X ə l i l. Əşşi, qoy bir maç eləyim də. (Ədiləni öpmək istəyir.)
    Ə d i l ə (kənara çəkilərək). Yox, Xəlil...
    X ə l i l. Yaxşı, mamoçka, bizimki qalsın gecəyə... Bay, yenə papiros çəkirsən? Ay mamoçka, zərərdi axı... (Mizin üstündəki külqabıya baxır.) Özü də gör neçəsini çəkmisən... Sən mənim ölmüşüm, canına qəsd eləmə, tulla getsin...
    Ə d i l ə. Qulaq as, Xəlil...
    X ə l i l. Sən Xəlilin canı, az çək papirosu, mamoçka... Yəqin tez gəlmisən, darıxmısan, hə? Mən tez-tez gəlirdim ki, bir şey hazırlayım səninçün, işdən qayıdanda əlqaf eləyəsən. (Çamadanı görür.) Bu nə çamadandır belə, mamoçka, indidən hazırlaşırsan kurorta? Ay sənin canını yeyim. Sən mənim canım, qoy bir dəfə maç eləyim səni. (Ədiləyə yaxınlaşıb öpmək istəyir.)
    Ə d i l ə (kənara çəkilərək). Qulaq as, Xəlil, mən gedirəm.
    Kiçik pauza.
    Xəlil(gizli bir təşvişlə). Hara gedirsən, mamoçka?
    Ə d i l ə. Həmişəlik gedirəm, Xəlil.
    Pauza.
    Xəlil(söz ağzından güclə çıxır). Niyə?
    Ə d i l ə. Mən daha xəyanət etmək istəmirəm, Xəlil.
    Pauza.
    X ə l i l. Əgər, əgər sən mənə... xəyanət etmisənsə, mən.. mən bunun üstündən keçərəm...
    Ə d i l ə. Burax bu boş sözləri, sən Allah, yekə kişisən.
    Kiçik pauza.
    Mən özümə xəyanət etmək istəmirəm, başa düşürsənmi, özümə. Daha bu cür yaşamaq mümkün deyil, Xəlil, mən səni istəməsəydim, qətiyyən sevmədiyim bir halda, nə üçün biz səhərdənaxşama kimi bir yerdə olmalıyıq, bir-birimizi aldatmalıyıq, yalandan bir-birimizin üzünə gülməliyik?
    X ə l i l (güclə). Biz yox, mamoçka, sən... sən...
    Ə d i l ə. Mən daha bunu istəmirəm, Xəlil, mən daha istəmirəm. Biz ayrılmalıyıq. Heç olmasa, bir balaca mənəvi hüququmuz olsun deyə, ayrılmalıyıq. Sən də bunu ürəyinə salma, Xəlil.
    X ə l i l. Necə salmayım?.. Necə salmayım... (Isterik) Bəs sən... Bəs sən niyə mənə ərə gəlirdin, indi də məni bədbəxt edirsən? Niyə?
    Ə d i l ə. Sən mənim kimisini həmişə ala bilərsən, Xəlil. Ər həsrətində olan otuz yaşlı Ədilələr çoxdur.
    X ə l i l. Ala bilmərəm, çünki üç ildən sonra məni atıb gedəcək.
    Ə d i l ə. Məsələ səndə deyil, Xəlil. Məsələ ancaq səndə deyil.
    X ə l i l. Mən sənə nə pislik etmişəm, mamoçka?.. Həmişə qayğına qalmışam, həmişə sənin barəndə fikirləşmişəm, həmişə sənin dediyin kimi oturub-durmuşam... Bir dəfə aramızda söz olmayıb, mamoçka, indi niyə belə edirsən?.. Axı... axı, mən yazıq neyləyim? (Gəlib onun əlindən tutur.) Necə şərait deyirsən, sənin üçün yaradaram, Ədiləcan, necə şərait deyirsən. Hər şey alaram səninçün, nə deyirsən eləyərəm. Bax... bax... (Əlini pencəyinin döş cibinə salıb bir kitabça çıxarır.) Bax, Ədiləcan, sənin heç bundan xəbərin yoxdur, sənə deməmişəm bunu indiyə qədər, gizlətmişəm hamıdan... Bax, əmanət kassasında düz üç yüz min pulum var, Ədiləcan, düz üç yüz min manat... bütün ömrüm boyu xırda-xırda yığmışam, hamısını sənə xərcləyərəm, hamısını. Al, istəyirsən al, indidən verim sənə, al qoy öz çamadanına.
    Xəlil kitabçanı Ədiləyə vermək istəyir. Ədilə onun qolunu itələyir, kitabça yerə düşür.
    Ə d i l ə. Burax əlimi, Xəlil, burax. Daha danışma. Sən danışdıqca alçalırsan. (Əlini Xəlilin əlindən çəkmək istəyir.)
    X ə l i l. Yox. Qoymaram səni gedəsən. Qoymaram. Bəs mən? Bəs mən başıbatmış neyləyim? Bəlkə... bəlkə başqa bir adam var?
    Ə d i l ə. Bəsdir dedim. (Əlini dartıb Xəlilin əlindən çıxarır.)
    X ə l i l. Mən hər şeyə razıyam, Ədiləcan, vallah, hər şeyə razıyam... Istəyirsən... istəyirsən həftədə iki gün evə gəlmə... (Ədilənin əlindən tutmaq istəyir yenə.)
    Ə d i l ə (ikrahdan boğularaq). Burax məni. Burax...
    Xəlil Ədiləni buraxmaq istəmir. Ədilə onu itələyir. Xəlil daldala gedərək divanda oturur. Ədilə çamadanını götürüb iri addımlarla səhnədən çıxır. Xəlil başını divanın arxasına dayayaraq gözlərini yumur.
    Q a r ı. Bay sənin.. Ip qurtardı, corabı toxuyub qurtara bilmədim... Belə də iş olar?.. Əh, elə yaxşı oldu. Elə bil on iki ay toxuyuram.. Nə olsun axı? Elə toxu, toxu... Yaxşısı budur durum gedim oğlanlarıma baş çəkim. Durum gedim dördünə də bir-bir baş çəkim. Adımı ana qoymuşam, amma ildə, ayda bir dəfə də onlardan xəbər tutmuram. Onlardan hər şey umuram, amma onlarla maraqlanmıram... On iki nəvəm var, heç üzlərini də görməmişəm... Durub gedib hamısına baş çəkəcəyəm... Elə bu saat durub gedəcəyəm... Səhərdən-axşama kimi corab toxumaqdan bir şey çıxmaz... (Ayağa durub gedir, hiss olunur ki, çoxdandır gəzmir, lap yadırğayıb addımlamağı.)
    Xəlil gözlərini açıb ətrafa baxır, nə isə axtarır. Pencəyinin, şalvarının ciblərini yoxlayır, get-gedə artan təşvişlə divanın üstünü, mizin üstünü, oranı-buranı axtarmağa başlayır. Nəhayət, yerə düşmüş əmanət kitabçasını görüb qaldırır və köynəyinin döş cibinə qoyur. Işıq sönür. Bir neçə anlıq sükutdan sonra qaranlıqda Züleyxanın səsi eşidilir.
    Züleyxanın səsi. Yoldaş Tək! Yoldaş Tək!
    Işıq, qoltuğunda çanta tutub addımlayan Yoldaş Təkin üstünə düşür.
    Y o l d a ş T ə k (çevrilib geri baxaraq). Mənimləsiniz?
    Züleyxanın səsi. Bəli. Sizinləyəm, Yoldaş Tək. Bir neçə dəqiqəlik ayaq saxlayın, xahiş edirəm.
    Y o l d a ş T ə k dayanır. Züleyxa ilə Gülzar qaça-qaça arxadan ona çatırlar.
    Z ü l e y x a (tövşüyə-tövşüyə). Salam, Yoldaş Tək.
    G ü l z a r (tövşüyə-tövşüyə). Salaməleyküm, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Əleyküməsalam.
    Z ü l e y x a. Sizdən bir xahişim var, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Mən heç vaxt başqa vətəndaşların xahişinə biganə olmamışam. Buyurun.
    Z ü l e y x a. Məni Ədilənin yerinə işə götürün.
    G ü l z a r. Deyirlər sizin poçt şöbəsində sehrli hadisələr baş verir. Möcüzələr olur lap.
    Z ü l e y x a. Bəlkə mənim də bəxtim açıldı.
    Y o l d a ş T ə k. Bizim zəmanədə də adam möcüzəyə inanar? (Başını tərpədir.) Ay-ay-ay... Sizin siyasi şüurunuz yaxşı inkişaf etməyib... Yoldaş Ədilə hardadır indi?
    G ü l z a r. Anası ilə bir yerdə qalır.
    Y o l d a ş T ə k. Harada işləyir?
    Z ü l e y x a. Hardasa işləyir, heç bilirik ki?.. Nə oldu, Yoldaş Tək. Məni Ədilənin yerinə işə götürərsinizmi?
    Yoldaş Tək(kiçik bir tərəddüddən sonra). Siz də... Siz də yoldaş Məlikməmmədovu tanıyırsınız?
    Z ü l e y x a. Kimi? Yoldaş Məlikməmmədovu deyirsiniz? Əlbəttə, tanıyırıq. Bəs necə? Biz onunla çox yaxınıq.
    Y o l d a ş T ə k. Doğrudan?
    G ü l z a r. Bəli. Bəli.
    Y o l d a ş T ə k (Züleyxaya). Onda sabahdan çıxın işə. Mənim üçün bundan yaxşı zəmanət ola bilməz. Sabahdan yox, lap elə indidən. Gedək, yoldaşlar...
    Z ü l e y x a. Gedək. Gulya, bəlkə mənim bəxtim açıldı, sonra sən girərsən orda işə.
    Y o l d a ş T ə k. Irəli, yoldaşlar, gələcəyə doğru!
    Y o l d a ş T ə k , Züleyxa və Gülzar gələcəyə doğru qaça-qaça səhnədən çıxırlar.

EPİLOQ


    Poçt şöbəsi. Yenə hərə öz işi ilə məşğuldur. Və hər şey əvvəlki kimidir. Təkcə Ədilənin yerində Züleyxa oturub, hərdənbir ona müraciət edənlərə cavab verir: məktublara baxır, hiss olunur ki, bütün hərəkətləri yavaşyavaş mexaniki hal almağa başlayır, o, nə barədəsə fikirləşir, get-gedə tamamilə fikrə qapılır. Qara frak geymiş Skripkaçı əlində skripka içəri daxil olub birbaş Züleyxaya yaxınlaşır. Onu yenə də heç kim görmür. O, skripkanı qaldırıb Züleyxanın başı üzərində çalmağa başayır. Ağ köynəkli, ağ kostyumlu, qara qalstuklu Kişi yenə də elə bil ki, boşluqdan gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Züleyxaya yaxınlaşaraq üzbəüz dayanır.
    K i ş i. Salam.
    Züleyxa(bir uşaq məftunluğu ilə). Salam.
    Y o l d a ş T ə k (saatına baxıb yerindən qalxır). Baba!
    Baba(yerindən sıçrayıb). Bəli, yoldaş Tək!
    Y o l d a ş T ə k. Tənəffüz vaxtıdır.
    B a b a. Bu dəqiqə, Yoldaş Tək! (Baba gəlib qapının ağzında dayanaraq içəri heç kəsi buraxmır.) Fasilədir, yoldaşlar, olmaz... Fasilədir...
    K i ş i. Mənə məktub var?
    Z ü l e y x a. Sizə? Bu saat baxım... (Böyük bir cəhdlə məktubları bir-bir araşdırır, sonra məyus-məyus). Yox, Sizə məktub yoxdur...
    Pauza.
    Skripkaçı isə çalır. Qoca Professor qapıda görünür.
    B a b a. Olmaz, fasilədir.
    Q o c a P r o f e s s o r. Olmaz? Necə yəni olmaz?.. Pardon! Pardon! Mən professor
    Əliquluzadəyəm. Bir azdan mənim rolum başlayır. Necə yəni olmaz? Pardon! Pardon!
    Y o l d a ş T ə k (Qoca Professoru görüb qapıya tərəf gəlir). Baba!
    B a b a. Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Burax içəri hörmətli yoldaş Əliquluzadəni.
    B a b a. Baş üstə, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Bir azdan onun roludur. Yenə də hörmətli Əliquluzadəni Qəmbərquluzadə ilə dəyişik salacaqlar, onun məktubunu verəcəklər. Hörmətli yoldaş Əliquluzadə yenə də mənə şikayət edəcək. Burax içəri.
    Baba(Qoca Professora). Buyurun içəri, hörmətli yoldaş Əliquluzadə.
    Qoca Professor içəri girib kürsülərdən birində əyləşir və öz rolunu gözləyir.
    K i ş i. Yaxşı baxın, xahiş edirəm.
    Züleyxa yenə canfəşanlıqla məktubları bir-bir araşdırır. Yoldaş Tək səhnənin ortasına gəlir.
    Yoldaş Tək (tamaşaçılara). Vicdanıma and olsun, hərgah mən bütün bu hadisələrdən bir şey anladımsa, ataba-atama lənət. Pəstahadır başdan-ayağa... Siz də durun gedin, dincəlin, özünüzü çox yormayın, Yoldaş Təki də yaddan çıxarmayın. Ümid edirəm ki, yaddan çıxarmazsınız... Rabitə məsələləri ilə əlaqədar işiniz olsa – qəzet abunəsindən tutmuş, Novosibirsk ilə telefon söhbətinə qədər – xahiş edirəm mənim rəhbərlik etdiyim poçt şöbəsinə gəlin. Bizim şöbə ən qabaqcıl şöbələrdəndir. Sizə ən yaxşı xidməti biz göstərəcəyik... (Əli ilə Züleyxagilə tərəf işarə edir.) Həm də ki, görürsünüz də... (Daha tamaşaçılara deməyə söz tapmır.) Belə-belə işlər... Baba!
    B a b a. Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Sən orda... şeyi zad elə...
    B a b a. Baş üstə, Yoldaş Tək!
    Y o l d a ş T ə k (yenə də üzünü tamaşaçılara tutur). Xudahafiz. Gecəniz xeyrə qalsın.
    Səhnə qaranlıqlaşır. Işıq yalnız Züleyxanın və Kişinin üstünə düşür.
    Qara frak geymiş Skripkaçı isə çalır.
Avqust 1970.
Kislovodsk.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 710 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more