Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Poçt şöbəsində xəyal-2
<< 1 / 2 / 3 >>

    K i ş i. Buyurun.
    Y o l d a ş T ə k. Həyatımda ən dəyərli hesab etdiyim hadisə? Bu saat... (Kiçik pauzadan sonra) Bir gün məni nazirliyə çağırıb qəzetlərə abunə yazdırmaqdan ötrü Gədəbəyə ezam etdilər. Baba da mənimlə getmişdi. Bir-iki kəndi gəzib təbliğat aparırdıq, qəzetlərə abunə yazdırırdıq. Gədəbəy, bilirsiniz də, yoldaş... e-e-e... yoldaş, (Ədiləyə baxıb davam edir.) Gədəbəy bildiyiniz kimi dağlıq rayondur, kəndlər dağlardadır. Bütün qüvvələri səfərbərliyə almaq lazım gəlirdi. Kolxozdan hərəmizə bir at almışdıq kəndləri gəzməyə. Bir gün yağış yağırdı möhkəm, amma mən yağışa baxmayaraq. vəzifəmi yerinə yetirirdim. Böyük Qaramurad kəndindən aşağı düşürdük. Birdən mənim atımın ayağının altından bir çınqıl qaçdı, atla birlikdə sıldırımdan yuvarlandıq aşağı... Bir də on gündən sonra, rayon xəstəxanasında özümə gəldim. Bütün bədənim gipsdə idi. Tərpənə bilmirdim. Gözümü açanda Babanı yanımda gördüm. Mənim ilk sözüm bu oldu ki... Yox, yaxşısı budu Baba özü gəlsin desin. (Çağırır.) Baba! Ay uşaq, Baba! Babanın səsi.Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Bura yüyür tez!
    Babanın səsi. Bu dəqiqə, Yoldaş Tək! Baba yüyürə-yüyürə qaranlıqdan çıxır.
    B a b a. Salaməleyküm. (Yoldaş Təkə) Axşamınız xeyir, Yoldaş Tək.
    Y o l d a ş T ə k. Nə, indi bəyəm axşamdır? Görmürsən, günün günorta çağıdır?
    Baba(son dərəcə pərişan). Bağışlayın, bağışlayın, Yoldaş Tək... Vallah, sizi görən kimi gözlərimə qaranlıq çökür, elə bilirəm axşamdır. Bağışlayın...
    Y o l d a ş T ə k. Yaxşı. Indi de, yoldaşlar eşitsinlər: Gədəbəydə atdan yıxılandan on gün sonra ki, birinci dəfə özümə gəlib gözümü açdım, ilk sözüm nə oldu sənə?
    B a b a. Siz dediniz ki, «Baba-a...» Mən də yanınızda oturub ağlayırdım, dedim ki, «Ca-aan... » Dediniz ki, «Baba, kolxoz atının vəziyyəti necədir?..»
    Y o l d a ş T ə k (təntənəli surətdə). Bəli! Mən özümə gələn kimi, birinci növbədə, ictimai əmlakla maraqlandım!
    K i ş i. Deməli, əlli doqquz illik həyatınızda ən dəyərli hesab etdiyiniz hadisə budur?
    Y o l d a ş T ə k (eyni təntənə ilə). Bəli! Mənim üçün aydın oldu ki, artıq siyasi şüurum tamamilə formalaşıb.
    B a b a. Yoldaş Tək üçün, ilk növbədə, ictimaiyyətin mənafeyidir.
    Kişi(Yoldaş Təkə). Siz nə üçün müharibə vaxtı özünüzü xəstəliyə vurub cəbhəyə getmədiniz?
    Y o l d a ş T ə k (özünü tam itirmiş halda). Mən... Xeyr... (Udqunur.) Mən, həqiqətən, xəstə idim... Mənim arayışlarım var... Mən... mən... (Babaya baxır, yəni ki, niyə susmusan.)
    Baba(cəld). Bu, böhtandır! Yoldaş Tək kimi ictimaiyyətçi bir adama qarşı bu...
    Kişi(onun sözünü kəsir). Siz Baba Qasım oğlu Əzimovsunuz. Otuz səkkiz yaşınız var. Evlisiniz. Üç uşağınız var. Poçt şöbəsində işləyirsiniz.
    Baba(təəccüblə). Bəli...
    K i ş i. Bu saat siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız.
    B a b a. Mən danışmalıyam?
    K i ş i. Buyurun.
    Y o l d a ş T ə k. Danış, qorxma.
    Baba(dərhal). Baş üstə, Yoldaş Tək! Bu dəqiqə danışım. Həyatımda ən dəyərli hadisə...
    K i ş i. Yaxşı fikirləşin.
    B a b a. Həyatımda ən dəyərli hadisə... (Yoldaş Təkə müraciətlə) Həyatımda ən dəyərli hadisə nədir, Yoldaş Tək?
    Y o l d a ş T ə k (mənalı-mənalı). Özün fikirləş...
    Baba(dərhal). Bəli, mənim həyatımda ən dəyərli hadisə odur ki, tale məni Yoldaş Təklə rastlaşdırdı! Yoldaş Təkin atalıq qayğısı nəticəsində mən yük daşıyandan poçt şöbəsi müdirinin az qala müavini vəzifəsinədək yüksəlmişəm. (Üzünü Yoldaş Təkə tutaraq) Məni adam eləyən siz olmusunuz, Yoldaş Tək. Əgər siz olmasaydınız, indi Allah bilir, mən hansı tiyanın altında yatırdım.
    Y o l d a ş T ə k (xeyli feyziyab). Mən nə etmişəm ki... Adicə olaraq bir müəssisədə işləyirik...
    B a b a. Siz necə də təvazökarsınız, Yoldaş Tək! Siz mənim üçün bilirsinizmi nə etmisiniz? Siz məni Makarenko üsülü ilə tərbiyə edib yetişdirərək cəmiyyətimiz üçün yararlı bir vətəndaşa çevirmisiniz.
    Y o l d a ş T ə k (eyni feyziyablıqla). Bu mənim vətəndaşlıq borcumdur...
    Kişi(Babaya). Siz nə üçün yuduğunuz cənazələrin paltarlarını oğurlayıb satırsınız?
    Baba(özünü itirmiş halda). Mən... Mən...
    K i ş i. Siz nə üçün dünən axşam, işdən sonra evinizdə oturub çay içərkən arzulayırdınız ki, Yoldaş Tək tez ölsəydi, bəlkə siz də müdir olardınız? Baba(özünü tamam itirmiş halda). Mən... mən... (Şaşqın halda gah Yoldaş Təkə, gah Ədiləyə, gah da Kişiyə baxır.) Yox...
    K i ş i. Gedə bilərsiniz.
    Y o l d a ş T ə k. Mən də, yoldaş e-e-e...
    K i ş i. Bəli, siz də.
    Y o l d a ş T ə k (Babaya). Gedək. (Bir anlıq ayaq saxlayır.) Bağışlayın, sizin familiniz nədir?
    K i ş i. Mənim familim yoxdu.
    Y o l d a ş T ə k. Qəribədir. Çox qəribədir... (Gedə-gedə) Bir belə tamaşaçının qarşısında familini danır...
    Y o l d a ş T ə k ilə Baba gedir.
    Ə d i l ə (dalğın). Gördünüz? Gördünüz ki?..
    K i ş i. Gördüm.
    Kiçik pauza.
    Ə d i l ə (çağırır). Xəlil, Xəliluşka.
    Xəlilin səsi. Nədir, mamoçka, nədir, canım?
    Ə d i l ə. Bura gəl bir dəqiqəlik.
    Xəlil qaranlıqdan çıxıb onlara yaxınlaşır.
    X ə l i l. Nə lazımdır, mamoçka? (Kişini görür.) Salaməleyküm.
    K i ş i. Siz Xəlil Yusif oğlu Kərimovsunuz. Qırx yeddi yaşınız var. Ictimai Təminat Nazirliyində işləyirsiniz. Evlisiniz. Uşağınız yoxdur.
    X ə l i l (pərişan). Bəli, belədir... Təqsir Adınkada deyil, təqsir məndədir...
    K i ş i. Bu saat siz həyatınızda ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız.
    X ə l i l (təəccüblə). Nə münasibətlə?
    K i ş i. Buyurun.
    Xəlil Ədiləyə baxır. Ədilə çiyinlərini çəkir.
    X ə l i l. Buyur deyirsiniz, buyurum də... (Ədiləyə) Mamoçka, onsuz da, sən bilirsən ki, mənim həyatımda ən dəyərli hadisə nədir. Eybi yox, qoy yenə deyim. (Üzünü Kişiyə tutur.) Bütün həyatımda ən dəyərli və yenə də ən dəyərli hesab etdiyim hadisə Ədilə ilə evlənməyimizdir.
    Kiçik pauza.
    K i ş i. Başqa bir hadisə də xatırlaya bilərsinizmi?
    X ə l i l. Başqa hadisə? Deyə bilərəm, əlbəttə, mənim həyatımda dəyərli hadisələr çox olub. Ancaq... (Ədiləyə baxır.)
    K i ş i. Çəkinməyin, danışın.
    X ə l i l. Yaxşı, sizə bir hadisə də danışım. (Ədiləyə) Mamoçka, bilirəm sən xoşlamırsan bu söhbəti, amma gərək danışım də, neyləyim?.. (Üzünü yenə Kişiyə tutur.) Iki il bundan əvvəl, söz vaxtına çəkər, elə bu vaxtlar idi, bizim şöbənin müdiri Kazımov məni yanına çağırıb dedi: «Xəlil, biz səninlə iyirmi dörd ildir ki, bir yerdə işləyirik. Mən səni özümə dost hesab edirəm. Bundan sonra məni, ancaq adımla, elə Səlim deyə çağıra bilərsən». O vaxtdan bəri işçilərimizin yanında da onu adı ilə çağırıram. Çünki dostuq. Çünki o... Kişi(onün sözünü kəsir). Siz Ədiləni sevirsiniz?
    X ə l i l. Onsuz mənim üçün həyat yoxdur.
    K i ş i. Siz öz həyatınızı onun yolunda qurban verərsiniz?
    X ə l i l. Mən dedim ki, onsuz mənim üçün həyat yoxdur. (Gizli bir qorxu ilə) Nə olub ki?
    K i ş i. Sualıma cavab verin: siz onun yolunda öz həyatınızı qurban verərsiniz?
    X ə l i l. Mən... mən dedim ki...
    K i ş i. Gedə bilərsiniz.
    X ə l i l. Baş üstə. (Cəld addımlarla gedir.)
    Ədilə(fikirli). Mənimlə sağollaşmağı da unutdu... Qorxdu... (Fikrindən ayrılaraq) Bağışlayın. Bu saat. (Çağırır.) Zulya!
    Züleyxanın səsi. Nədi, Ada?
    Ə d i l ə. Bura gəl, səninlə işim var.
    Züleyxa qaranlıqdan çıxır.
    Z ü l e y x a. Salam. (Kişiyə işarə ilə, yavaşdan) Ada, nə yaraşıqlı kişidir belə...
    K i ş i. Züleyxa Əli qızı Xəlilova. Otuz iki yaşınız var. Ərdə deyilsiniz. Katibə ilşəyirdiniz, bir aydır işləmirsiniz.
    Z ü l e y x a. Neyləyim, şorgözün biri idi.
    K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız. Buyurun.
    Züleyxa(təəccüblə ona baxır). Zarafat edən adama oxşamırsınız... (Ədiləyə yarızarafatla) Ada, bu yoldaş ciddi danışır? (Ədilə başını tərpədərək təsdiq edir.) Onda Gülyanı da çağırın, bir yerdə danışaq.
    Kişi (Ədiləyə). Çağırın.
    Ə d i l ə (çağırır). Gülya! Gülzar! Gülzarın səsi.Mənimləsən, Ada?
    Ə d i l ə. Hə. Bir dəqiqəliyə bura gəl.
    Gülzar qaranlıqdan çıxır.
    G ü l z a r. Privet. Nə əcəb belə? (Kişiyə işarə edərək, qızlara.) Oy, nə simpatiçnidir...
    K i ş i. Gülzar Əhməd qızı Məmmədova. Otuz bir yaşınız var. Ərdə deyilsiniz. Gecə növbəsində telefonçu işləyirsiniz.
    G ü l z a r. Ada, bu çuvak statistika idarəsindəndir? Xeyir ola?
    Z ü l e y x a. Qulaq as.
    K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız.
    Z ü l e y x a. Eşitdin, Gülya, həyatımızın ən əhəmiyyətli hadisəsini danışmalıyıq. Danışaqmı?
    G ü l z a r. Danışaq.
    Ikisi də bir-birinin əlindən tutub irəli çıxaraq oxumağa başlayırlar.
    Z ü l e y x a. Ən əhəmiyyətlisi? Lap gülmək tutdu bizi. Ha-ha, əcəb gülməli Suallar verirsiniz.
    G ü l z a r. Bizim həyatımızda
    Əhəmiyyətli bir şey
    Tapa bilməzsiniz siz,
    Qoy desin Ada özü...
    Z ü l e y x a. Elə-belə həyatdan
    Istədiyiniz qədər
    Biz danışa bilərik.
    Nağıl kimi axacaq...
    G ü l z a r. Yox, danışmaq nə lazım?
    Durmuşuq qarşınızda.
    Başdan-başa bir heçik,
    Boşdur bütün ömrümüz.
    Z ü l e y x a. Bəlkə biz boş deyilik,
    Bəxtimiz gətirməyib?
    Bizdə təqsir yoxuymuş,
    Həyat özü boşuymuş?
    G ü l z a r. Onda bəs niyə Fira
    O cür gözəl yaşayır?
    Özünə istədiyi vaxt
    Alır krinplin palto da?..
    Z ü l e y x a. Onda niyə Adilin
    O cür gözəl oğlu var?
    Həyat boşdursa əgər,
    Niyə xoşbəxtdir onlar?
    G ü l z a r. Həyat boşdursa əgər,
    Vyetnam niyə vuruşur?
    Həyat boşdursa əgər,
    Aya niyə insan uçur.
    Z ü l e y x a. Həyat boşdursa əgər,
    Niyə yazıb Tolstoy?
    Həyat boşdursa əgər,
    Nəyə gərəkdir yas, toy?
    G ü l z a r. Özümüz boşuq, bəli,
    Həyat burda neyləsin?
    Yoxmuş bəxtimiz heç.
    Indi hıçqıraqmı biz?
    Z ü l e y x a. Bəli, budur payımız.
    Budur qismətimiz, bax.
    Yoxdur başqa çarəmiz,
    Gəl bununla barışaq.
    G ü l z a r. Bizə stilyaqa deyib
    Bir-bir göstərirdilər.
    Stilyaqa adam deyil?
    Harda var belə qanun?
    Z ü l e y x a. Biz stilyaqaydıq, bəli.
    Biz ki, oğru deyildik.
    Biz stilyaqaydıq, bəli.
    Biz ki, quldur deyildik.
    G ü l z a r. Oğru var cibə girir,
    Amma o tək deyildir.
    Hörmət oğrusu da var.
    Ürək oğrusu da var.
    Z ü l e y x a. Biz camaatın ərin
    Əlindən almayırdıq.
    Biz heç kimə yalandan
    Bircə kəlmə satmırdıq.
    G ü l z a r. Biz oğurluq pullara
    Brilyant üzük taxmadıq.
    Biz rüşvət alt paltarı
    Əynimizə taxmadıq.
    Z ü l e y x a. Heç bir fikir çəkmədik,
    Biz zarafata saldıq.
    Onunçun da özümüz
    Bax, aralıqda qaldıq.
    Ikisi də birdən.
    Gəl bununla barışaq,
    Yoxdur başqa çarəmiz.
    Indi bir gün ağlayaq
    Özümüzə hərəmiz.
    Oxuyub qurtardıqdan sonra hər ikisi
    Ədiləyə və Kişiyə sarı dönür.
    G ü l z a r. Kifayətdir?
    Z ü l e y x a. Repertuarımız xoşunuza gəldi?
    G ü l z a r. Bizdən razı qaldınız?
    Z ü l e y x a. Gedək, Gülya. (Kişiyə) Privet.
    G ü l z a r. Xudahafiz. Biz sürüşdük. Getmək istəyirlər.
    K i ş i (sakit). Dayanın.
    Züleyxa (geri çevrilir). Yenə xeyir ola?
    K i ş i (eyni sakitliklə Züleyxaya). Siz nə üçün üçaylıq uşağınızı abort elətdirdiniz?
    Pauza.
    Züleyxa sarsılır.
    G ü l z a r. Oy-y... Mən heç bilmirdim...
    Ə d i l ə (sakit). Mən bilirdim.
    Züleyxa (son dərəcə sarsılmış halda). Çünki, çünki Adil məni almayacaqdı...
    Gülzar(heyrətlə). Oy-y...
    Z ü l e y x a. Çünki... mən Adilçün adicə kef mənbəyiydim... Gedib təmiz ev qızı aldı. Day bilmir ki, həmin təmiz ev qızı onun qulağının dibində nələr edir... Amma mən etməzdim... (Qışqırır.) Etməzdim...
    G ü l z a r. Sakit ol. Zülya... Sakit ol... Kişi(Gülzara). Siz nə üçün dünən axşam öz qoca ananızı təhqir etdiniz?
    Pauza.
    G ü l z a r. Doğrudur. Düz deyirsiniz. Mən dünən anamı təhqir etdim. Özü də bu, ilk dəfə deyil... Çünki... çünki mənim bu günə düşməyimə, heç kimə lazım olmamağıma, arzusuzluğuma, xəyalsızlığıma özümdən çox o təqsirkardır... Çünki... mən cəmi on altı yaşında gecə saat on ikidə evə gələndə o məni tənbehləmirdi, şirin-şirin yatırdı... Satdığı pivədən əldə etdiyi qazanc onu daha artıq maraqlandırırdı... Amma bütün bunlara baxmayaraq, anamı məndən çox istəyən adam yoxdur...
    K i ş i. Gedə bilərsiniz.
    Ikisi də asta addımlarla səhnədən çıxır.
    Ə d i l ə. Sizin onlardan acığınız gəldi? Axı, sizin suallarınıza ən doğru cavabı onlar verdilər.
    Ən doğru cavab: bizim həyatımızda heç bir əhəmiyyətli şey yoxdur. Onlar yalan quraşdırmadılar. Onlar yalandan camaatın vəziyyəti ilə maraqlanmayıblar. Onlar Səlim kimilərini də saya salmırlar. Necə var, bax, eləcədirlər. Buna görə də... (Susur.)
    K i ş i. Buna görə də?
    Ə d i l ə (kiçik pauzadan sonra). Buna görə də bədbəxtdirlər. Dünyanın ən bədbəxt insanları. Arzuları yox... Xəyalları yox... Ona görə dünyanın ən bədbəxt insanları ki, öz bədbəxtliklərini görürlər və bunu qanunauyğun hesab edirlər, bununla barışmağa çalışırlar... Kim bilir, bəlkə də bu daha düzgündür...
    K i ş i. Dünyanın ən bədbəxt insanı olmaqmı?
    Ə d i l ə. Yox... (Kiçik pauzadan sonra) Öz bədbəxtliyinlə barışmaq bəlkə də səni ən bədbəxt yox, nisbətən xoşbəxt edir...
    K i ş i. Deməli, Züleyxa ilə Gülzar sizə nisbətən xoşbəxtdirlər, elədirmi? Siz ki, onlar kimi öz bədbəxtliyinizlə barışmırsınız. Siz ki, daima əzab çəkirsiniz. Siz istəsəniz də barışa bilməzsiniz, çünki bu mümkün deyil.
    Ə d i l ə. Nə üçün?
    K i ş i. Ona görə ki, mən sizi tanıyıram.
    Ə d i l ə. Yox, yox. Biz üçümüz də bədbəxtik: Züleyxa da, Gülzar da, mən də. Çünki həyat qulağımızın dibindən ötüb gedir işinin dalınca... Hər gecə yerimizə uzanırıq, gözümüzü yumuruq, ürəyimizin döyüntüsünü hiss edirik, yuxuya getməzdən əvvəl içimizdən bir filosof baş qaldırır: « – Belə yaşamaq olmaz. Filan işi düz eləmirsən. Niyə o cür etdin? Niyə o sözü dedin? Niyə həyatını təzədən qurmursan? Bu cür ki, sən yaşayırsan, bu – həyat deyil...» Sonra bu filosofun tənələri altında söz verirsən ki, daha belə olmayacaq, əsl həyat yaşayacaqsan. Bu tənələr altında yuxuya gedirsən. Səhər yuxudan durursan və... bu gün də əvvəlki günlərin eyni olur. Yenə əvvəlki həyat tərzi... Yenə Xəlilin xırda sevincləri, bir qara qəpiyə dəyməyən arzuları... Yenə Yoldaş Təkin riyakar sözləri... Yenə Babanın murdar sifəti... Yenə Zülya və Gülyanın miskin qayğıları... Yenə yalançı arzular... Aldadıcı xəyallar... Çünki o filosof ölüb daha... Ölüb, gecəyə qədər. Gecə yerinə girib yatmaq istəyəndə yenə içindən baş qaldıracaq. Baş qaldıracaq ki, sabah açılan kimi yenə ölsün...
    Kiçik pauza.
    K i ş i. Daha kimi çağırırsınız?
    Ə d i l ə. Daha kimi? Kim olacaq, heç kimi. Daha heç kim yoxdur. Gəlin boşlayaq getsin bu bədbəxtlik-xoşbəxtlik söhbətini – boş şeydir. Gəlin bu dağlara tamaşa edək... Görürsünüzmü buludları? Yağış yağacaq. Sonra kəsəcək. Biz islanacağıq, amma eybi yoxdur. Sonra qövsi-qüzehə tamaşa edəcəyik. Sonra qurbağaların quruldamasına qulaq asacağıq... Gəlin heç nə fikirləşməyək. Gəlin bir-birimizə qısılıb tamaşa edək. Gəlin azad, sərbəst, qayğısız olaq... (Əyilib yerdən, guya ki, böcək götürür.) Bunu görürsünüz, uçağandır adı. Qarı nənə də deyirlər. Uşaqlıqda bunu ovcumuzda tutub arzulayırdıq:
    Uçağan, uç, uç, uç,
    Get nənəni gətir... (Əlindəki böcəyə baxaraq) Indi kimi arzulayaq? Kimi arzulayaq ki, uçağan uçub onu bura gətirsin? Heç kimi... Elə bir adam yoxdur mənimçin... (Kişiyə baxaraq həyəcanla) Kimi, hə, kimi?
    Kişi(sakit və ciddi). Siz Ədilə Məlik qızı Kərimovasınız. Otuz üç yaşınız var. Üç ildir ərdəsiniz. Uşağınız yoxdur. Poçt şöbəsində işləyirsiniz.
    Ə d i l ə (ani şaşqınlıqdan sonra). Bəli.
    K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız.
    Ə d i l ə (artıq onun üçün bütün bu təbiət, bu mənzərə yenidən öldü). Yaxşı...
    Pauza.
    K i ş i. Buyurun.
    Ə d i l ə (yavaş-yavaş, sanki özü ilə danışır). Biz hamımız öləcəyik...
    K i ş i. Elədir.
    Ə d i l ə. Yer üzündə nə qədər ki, adam var, hamısı öləcək.
    K i ş i. Elədir.
    Ə d i l ə. Onların yerinə başqa adamlar gələcək. Onlar da öləcək...
    K i ş i. Elədir.
    Ə d i l ə. Mən öləcəyəm. Mənim anam da öləcək. Əgər mənim uşağım olsaydı, o da öləcəkdi. Zulya da öləcək. Gülzar da öləcək. Siz də öləcəksiniz... Heç nə qalmayacaq...
    K i ş i. Elədir.
    Ə d i l ə (çılğın). Bəs niyə siz dəhşətə gəlmirsiniz? Niyə tükləriniz biz-biz olmur? Neyləyirsiniz o məktubu, siz ki, öləcəksiniz?
    Kişi(eyni sakitliklə). Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz hadisəni danışmalısınız.
    Ə d i l ə (özünü ələ alaraq). Bağışlayın... Bağışlayın... məni... Bu saat...
    K i ş i. Buyurun.
    Ə d i l ə. Mənim həyatımdakı ən əhəmiyyətli hadisə... Mən bir gecə, bir soyuq gecə ölümü dərk etdim. Mən dərk etdim ki, xoşbəxt də olsam, bədbəxt də olsam, mənası yoxdur – mən ki, öləcəyəm. «Nə olsun?» – bu ən dəhşətli sualdır. Bu ən dəhşətli şeydir ki, öz otağının buz divarları arasında oturursan və əzabla ölümü dərk edirsən.
    K i ş i. Bu ən dəhşətli şey deyil.
    Ə d i l ə (bəlkə də, Kişinin bu qəti sözlərinə təəccüb edir). Siz ölümü dərk etmisinizmi? Hamı bilir ki, öləcək. Hamı bilir ki, həyat daimi deyil. «Süleymana qalmayan dünya kimə qalacaq» fəlsəfəsini hamı bilir. Lakin bunu dərk etmək, ölümü dərk etmək başqa şeydir. Bu – dəhşətdir. Bu – ən dəhşətli şeydir.
    Kişi(eyni sakitlik və qətiyyətlə). Bu ən dəhşətli şey deyil.
    Ə d i l ə (çılğın). Bəs nədir ən dəhşətli şey? Bilirəm, deyəcəksiniz ki, həyatımız maraqlıdır, kollektivdən ayrı düşmək olmaz... Deyəcəksiniz ki, iradəli olmaq lazımdır, mətanətli olmaq lazımdır... Mən bunların hamısını bilirəm.
    K i ş i. Mən də bunları bilirəm və bilirəm ki, siz də bunları bilirsiniz. Buna görə də mən bunları sizə demirəm.
    Ə d i l ə (mütəəssir). Bəs... bəs nədir sizcə... sizcə nədir ən dəhşətli şey?
    Pauza.
    K i ş i. Təsəvvür edin ki, bir nəfər bütün ömrü boyu səhnədə olub, bütün ömrü boyu artistlik edib. Qocalıb. Onun hörməti də var, məşhurdur, onu sevənlər də çoxdur. Hamı ona öyrəşib, səhnəni onsuz təsəvvür etmirlər. Hər yerdə yazırlar ki, istedadlıdır, hamı deyir ki, o, böyük aktyordur. Bir gün o, alqışlarla keçən tamaşadan sonra evinə gedir. O, yorulub. Yatmaq istəyir. Lakin yata bilmir: birdən-birə, qəflətən, gözlənilmədən dərk edir ki, istedadsızdır. Əsl istedad onda yoxdur. Dərk edir ki, bütün ömrü boyu istedadsız olub. Bax, ən dəhşətli şey budur. Dərk edir ki, məşhurluğu da yalançıdır, hörməti də yalançıdır, ona məhəbbət də müvəqqətidir. Dərk edir ki, hamını aldadır və hamı aldanır. Cavan qızların hər gün ona göndərdiyi məktublardakı sevgi etirafları əslində səmimi deyil və bunu həmin qızlar özləri də başa düşmür. O, hiss edir ki, heç zaman bu qızlardan heç birini xoşbəxt edə bilməz, çünki istedadsızdır, həmin xoşbəxtlik yalançı olar. O, bütün varlığı ilə dərk edir ki, həmişə özünü də aldadıb. Otellonu oynayıb, alqışlar qazanıb, lakin heç zaman özünü əsl Otello hiss etməyib. Hamleti oynayıb, yenə də alqışlar qazanıb, lakin Hamletin hissləri heç zaman onun üçün doğma olmayıb. Bax, burada ölüm təskinlikdir, çünki bu zaman ölüm ən dəhşətli bir şeyə çevrilir. «Nə olsun?» – onsuz da hamımız öləcəyik. Əgər biz bütün həyatımız boyu özümüzü də, başqalarını da aldatmışıqsa – nə olsun? – onsuz da hamımız öləcəyik. Əgər biz öz bədbəxliyimizi görürüksə – nə olsun? – onsuz da hamımız öləcəyik. Biz bədbəxtlər də, başqa xoşbəxtlər də, biz acizlər də, başqa cəsurlar da. Bu zaman ölüm dəhşətdir, çünki ölüm öz istedadsızlığımızı, öz uğursuzluğumuzu görüb dəhşətə gələrkən bizim imdadımıza yetir. Ölüm dəhşətdir, çünki öz qadirsizliyimizi görüb dəhşətə gələndə köməyimizə yetir. Öz puçluğumuzu, öz boşluğumuzu, öz mənasızlığımızı görəndə ölüm ən dəhşətli şeydir, çünki köməyimizə yetir, təskinlik tapırıq – nə olsun? – hamımız öləcəyik. Nə üçün mübarizə edək, nə üçün öz həyatımızı yenidən quraq, nə üçün gecə içimizdən baş qaldıran filosofu səhər öldürməyək, onsuz da öləcəyik. Bax, bu ölüm ən dəhşətli şeydir.
    Ə d i l ə (həyəcanla). Yox... Düz demirsiniz. Düz demirsiniz.
    K i ş i. Nə üçün siz sevmədiyiniz bir adama ərə getmisiniz?
    Kiçik pauza.
    Ə d i l ə. Həqiqəti deyimmi? Yaxşı... Mən sizdən utanmıram... Mən tamaşaçılardan da utanmayacağam... Mən nə üçün sevmədiyim bir adama ərə getmişəm? Çünki mən ondan yaxşısına ərə gedə bilməzdim. Çünki məni alan yox idi. Çünki mən artıq otuz yaşında qarımış bir qız idim. Çünki mən artıq sevgiyə inanmırdım. Çünki mənim sevdiyim oğlanlar yalnız mənim xəyalımda idilər, həyatda belələri yox idi.
    K i ş i. Siz ona görə sevmədiyiniz bir adama ərə getmisiniz ki, daha sizin üçün fərqi yox idi. Siz öz uğursuz həyatınızla barışmışdınız o vaxt. Artıq siz özünüz öz taleyinizə qarşı biganə idiniz. «Nə olsun?» – ya sevdiyin adama ərə get, ya sevmədiyin adama.
    Ə d i l ə. Bəlkə də siz haqlısınız... Bəlkə də... Yoldaş Təkin səsi. Baba!
    İ ş ı q s ö n ü r. Babanın səsi. Bəli, Yoldaş Tək! Yoldaş Təkin səsi. Iş vaxtı qurtardı, saat altıdır. Babanın səsi. Bu saat, Yoldaş Tək. Işıq yananda hamı, o cümlədən, Ədilə öz yerində oturub. Kişi yoxdur. Baba qapının ağzında dayanıb heç kimi içəri buraxmır.
    B a b a. Olmaz, yoldaşlar, olmaz. Iş vaxtı qurtarıb. Saat altıdır.
    Yoldaş Tək yerindən qalxıb Ədiləyə yaxınlaşır.
    Y o l d a ş T ə k. Mən sizə təşəkkür elan edirəm, yoldaş Ədilə!
    Ə d i l ə (fikrindən ayrılaraq, başını qaldırıb bir neçə an Yoldaş Təkə baxır.) Nə deyirsiniz?
    Y o l d a ş T ə k. Mən sizə təşəkkür elan edirəm.
    Ə d i l ə. Nə münasibətlə? Dünən professor məndən şikayət etdiyinə görə?
    Y o l d a ş T ə k. Yox. (Barmağı ilə Ədilənin qarşısındakı şüşəni göstərir.) Mənim haqlı tənqidlərimdən nəticə çıxarıb daha bu «3»ün qarşısında «1» yazmırsınız.
    Ə d i l ə (şüşədəki «3»ə baxır). A-a-a...
    Y o l d a ş T ə k. Bəli, mən öz işçilərimin sağlam hərəkətlərini qiymətləndirirəm.
    Ə d i l ə. Şəxsi işimə yazacaqsınızmı?
    Y o l d a ş T ə k (təntənəli surətdə). Mütləq! Hətta yeri düşəndə yuxarılarda da deyəcəyəm. Onlara yaxınlaşan Baba Yoldaş Təkin son sözlərini eşidir.
    Baba(öz-özünə). Yalançının atası gorbagor olsun.
BEŞİNCİ ŞƏKİL


    Ədiləgilin evi. Axşamçağıdır. Ə d i l ə əynində ev şalvarı və kofta divanda uzanıb jurnallara baxır. Qarı yenə də səhnənin sağ küncündə köhnə bir kürsünün üstündə oturub corab toxuyur. Həmişəki kimi, heç kimə və heç nəyə fikir vermir, fikri yalnız toxuduğu corabdadır.
    Qarı(corab toxuya-toxuya, elə bil, öz-özü ilə danışır). Bu corabı üçüncü oğlum üçün toxuyuram. Ondan əvvəlkilər etibarsızdırlar, həm birinci oğlum, həm ikinci oğlum. Amma üçüncü oğlum ən yaxşı oğlumdur. Ən çox onu istəyirəm. Özü də əlləri torpaq kimi bərəkətlidir, torpaq kimi ətirlidir... (Işinə davam edir.)
    Ə d i l ə jurnalı bir tərəfə ataraq, qalxıb radioqəbuledicini yandırır, sonra söndürür. Bir az evdə var-gəl edib yenə divanda uzanır. Bayır qapısının səsi gəlir: açılıb-örtülür.
    Xəlilin səsi. Aldım, mamoçka, səhərdən növbəyə durmuşam. (Əlində kiçik bağlama səhnəyə daxil olur.) Ay adam düzülmüşdü növbəyə ha... (Radioqəbuledicini yandırır: birinci şəkildəki kimi, yenə də oyun havası çalınır. Xəlil musiqi sədaları altında əllərini qaldırıb oynaya-oynaya gəlir.) Ay-na-na-nanay-nay-na-na-na nay-na-nanay-nay-na-na-nay...
    Ə d i l ə (qalxıb divanda oturaraq). Əşşi, söndür, sən Allah o radionu. Yekə kişisən.
    X ə l i l (oynaya-oynaya Ədiləyə yaxınlaşır). Qoy bir səni maç eləyim.
    Ə d i l ə (onu kənar edib, ayağa qalxır). Qurtar dedim.
    X ə l i l. Yaxşı, yaxşı, mamoçka. (Gedib radioqəbuledicini söndürür.) Vəssalam-şüttamam. (Əlindəki bağlamanı göstərir.) Xurustal vazadır, mamoçka, on iki manat iyirmi doqquz qəpiyə. Qoy açım bax, əntiqə şeydir.
    Ə d i l ə. Lazım deyil, açma.
    X ə l i l (əlindəki bağlamanı aça-aça). Niyə, bax də, mamoçka...
    Ə d i l ə (bir az əsəbi). Dedim ki, açma, baxmıram. Kiçik pauza.
    Ədilə gedib radioqəbuledicini yandırır.
    X ə l i l. On iki manat iyirmi doqquz qəpiyə. Deynən ki, bunu niyə iyirmi doqquz qəpiyə eləyirsən, ya otuz qəpik elə, ya da iyirmi beş. Bir qəpiyi kimdir kassirdən alan?
    Ə d i l ə. Sən kassirin canı, qurtar bu söhbətləri.
    X ə l i l (səmimi surətdə). Sənə nə olub, Ədilə?
    Ə d i l ə (yenə divanda oturaraq bir az mütəəssir). Heç nə, nə olacaq ki?.. (Yenə qalxıb radioqəbuledicini söndürür.)
    X ə l i l. Niyə söndürdün, yaxşı çalırdı ki...
    Ə d i l ə. Farslar deyib: kəm-kəm buxur, həmişə buxur.
    X ə l i l (əlindəki bağlamanı mizin üstünə qoyaraq kövrəlmiş halda). Bəlkə mən getdiyimə görə inciyirsən? Vallah, mamoçka, sənsiz boğazımdan keçən hər tikə mənə haram olur, özün bilirsən. Amma getmirsən də: neyləyim. Bəlkə gedək?
    Ə d i l ə. Yox, həvəsim yoxdur, yorğunam. Sən get, inciyib-eləmərəm, niyə inciyirəm ki? (Xəlilə yaxınlaşıb qalstukunu düzəldir.) Bu qalstuk yaman yaraşır sənə.
    X ə l i l (feyziyab olur). Sən seçmisən də...
    Ə d i l ə. Gərək ikisini alaydıq. Indi moddur, birini də kəsib dəsmal kimi cibə qoyurlar... Çox yaraşıqlıdır.
    X ə l i l. Amma özün getmirsən də... Səlimin bu uşağının ad günündə üç ildir səninlə birlikdə iştirak edirik. Indi heç birimiz getməsək yaxşı olmaz də...
    Ə d i l ə. Əlbəttə...
    X ə l i l. Mən deyərəm, sənin adından da üzrxahlıq edərəm ki, xəstələnib, tez də qayıdaram.
    Ə d i l ə başını tərpədir, yəni ki, hə, belədir.
    Sonra yenə divanda uzanır.
    X ə l i l. Hərçənd Səlim mənim dostumdur, amma kurorta getdiyimiz yerdə on iki manat otuz qəpik bəxşişə vermək də bir şey deyil, öz aramızdır... Düzdür, Səlim bəxşişə-zada fikir verən deyil, amma əliboş getmək də olmaz axı...
    Bayır qapısının zəngi çalınır. Xəlil qapını açmağa gedir.
    Züleyxanın səsi. Salaməleyküm, Xəlil müəllim.
    Gülzarın səsi. Axşamınız xeyir.
    Xəlilin səsi. Salam, salam. Keçin içəri. Adıçka evdədir.
    Züleyxa, Gülzar, ardlarınca da Xəlil səhnəyə daxil olurlar.
    Z ü l e y x a. Yeyo vısoçestvo otdıxayet...
    Ə d i l ə (ayağa qalxır). Gəlin.
    X ə l i l. Elə yaxşı oldu gəldiniz. Mən gedirəm. Adıçka da darıxmaz.
    Z ü l e y x a. Hara gedirsiniz, Xəlil müəllim?
    X ə l i l. Mənim dostum Səlim Kərimovun oğlunun ad günüdür.
    G ü l z a r. Bəs Ada?
    Ə d i l ə. Mən getmirəm, həvəsim yoxdur. Oturun.
    Qızlar otururlar.
    Z ü l e y x a. Qonaqlığa nə həvəs?
    X ə l i l. Nə qədər edirəm, getmir. Sizə bir yaxşı çay dəmləyimmi?
    G ü l z a r. Çox sağ olun, Xəlil müəllim.
    X ə l i l (şalvarının «pistonçik»indən iri saatını çıxarıb baxır). Yaxşı, mamoçka, daha vaxtdır, mən getdim. (Gəlib Ədilənin yanağından öpür.) Sağ ol, darıxma, ancaq sən Allah... Sağ olun. (Bağlamanı götürüb səhnədən çıxa-çıxa) Tez qayıdacağam. Gülzar (Xəlilin ardınca baxa-baxa). Dünyada bu Xəlil müəllimdən yaxşı adam yoxdur. Vallah, qızıldır.
    Ə d i l ə. Neçə dəfə demişəm ki, ona «müəllim» demə.
    G ü l z a r. Bəs nə deyim?
    Z ü l e y x a. Xəliluşka.
    Ə d i l ə (əsəbi). Bununçun gəlmisiz?
    Z ü l e y x a. Yaxşı, yaxşı... (Gülzara işarə edərək, Ədiləyə) Bunun qiymətini heç soruşmursan?
    Ə d i l ə. Hə, doğrudan, Gülya, bu gün axı, sənin imtahanın idi. Neçə aldın?
    G ü l z a r (Iki barmağını yuxarı qaldırıb göstərir). Özü də yağlısından.
    Ə d i l ə (mütəəssir). Yox a?
    Züleyxa(gülür). Neçə dəfə buna deyirəm ki, ay qız, bundan sonra daha səndən instituta girən olmaz. Havayı yerə kağız-kuğuza vaxt sərf eləmə, baxmır.
    G ü l z a r. Yayda əyaniyə verəcəyəm.
    Z ü l e y x a. Qızın yaşda uşaqlarla padruqalıq eləyərsən.
    G ü l z a r. Məni kəsilməyim yandırmır e, Ada, Səadət xanımın mənə «iki» verməyi yandırır. Otuz ildir bizimlə qonşudur. Onun qruppasına düşmüşdüm, elə bil heç məni tanımır, bir dənə zırpı «iki», Solmaz var e, o biri qonşumuz, ona «beş» verdi. Bayaq çıxıb küçədə qabağıma. Deyirəm ki, Səadət xanım, niyə mənə «iki» verdiniz, amma Solmaza «beş», yəni Solmaz məndən yaxşı bilir? Deyir ki, (yamsılayır) Gülzar, bəyəm sən bilmirsən ki, mən səni nə qədər çox istəyirəm? Deyir ki, mən Solmazı görəndə heç salam vermirəm, amma səni görəndə həmişə qucaqlayıb öpürəm. Dedim ki, Səadət xanım, yaxşısı budur ki, siz Solmazı qucaqlayıb öpün, amma «beşi» mənə verin.
    Ə d i l ə (gülür). Yaxşı oxu də...
    G ü l z a r. Oxuyuram də...
    Z ü l e y x a. Düz deyir, Ada, oxumağına oxuyur...
    G ü l z a r. Mürdəşir əliəyri adamların üzünü yusun.
    Z ü l e y x a. Yavaş de, Baba eşidər...
    G ü l z a r. Ada, deyirəm, görəsən, Babanın arvadı onunla necə yatır?
    Ə d i l ə. Mən nə bilim, gecə yanlarında oluram bəyəm?
    Züleyxa (əlini yelləyir). Eh, vse oni k çertovoy materi... durun gedək kinoya. Yaxşı kino gedir, Ada. «Qansterlər və filantroplar». Yaxşı da havadır – çisəkləyir bala-bala. Elə bil yaz axşamıdır.
    G ü l z a r. Hə, geyin, Ada, gedək. Lap o vaxtlardakı kimi. Gedək oturaq, gülək. Ürəkdən gülək. Elə bilək ki, yenə on yeddi yaşımız var. Yadımızdan çıxaraq hər şeyi.
    Z ü l e y x a. Bəlkə mən də rahat yatdım bu gecə, daha krinplin palto yuxuma girmədi...
    G ü l z a r. Əşşi, əl çək, sən Allah bu krinplin paltodan. Dur, Ada, dur geyin.
    Ə d i l ə (bir biganəliklə). Yox, mən getmirəm.
    Z ü l e y x a. Getmirsən?
    G ü l z a r. Biz də Səlim Kərimovun oğlunun den rojdeniyasına getmirik ki...
    Ə d i l ə (eyni biganəliklə). Yox, həvəsim yoxdur, siz gedin. Mən getmirəm.
    Kiçik pauza.
    Z ü l e y x a. Ada, sənə nə olub bu axır vaxtlar? Gəl ciddi danışaq.
    Ə d i l ə (gülümsəyə-gülümsəyə). Ciddi danışmaq sənə yaraşmır. Mənim də ciddi danışmağa həvəsim yoxdur. Gülzar(ironiya ilə). Doğrudan da. Biz nə münasibətlə ciddi danışmalıyıq? Bizə ciddi danışmaq yaramaz. Bizim ciddi danışmağa hüququmuz yoxdur. Biz gərək həmişə üzdən gedək. Biz gərək özümüz də özümüzlə zarafat edək, gərək gizlənək özümüz özümüzdən.
    Z ü l e y x a. Sən Allah, axşam-axşam qanımızı qaraltmayın. (Əsəbi halda) Indi neyləyək, gedək, özümüzü öldürək? Başlamayın faciə oynamağa axşam vaxtı. Heç olmasa tamaşaçılara yazığınız gəlsin. Gülzar(açıq ironiya ilə). Bilin ki, bu saat, haradasa uzaq səhralardan birində, Atakama səhrasında gözəl bir qız bir qurtum suya həsrətdir – şükür edin. Bilin ki, bu saat, haradasa, uzaq ölkələrdən birində bir adada, Nyufaundlend adasında gözəl, zavallı bir qız bir tikə çörəkdən ötrü hər şeyə hazırdır – şükür edin. Bilin ki...
    Ə d i l ə (onun sözünü kəsərək). Gülməli deyil.
    G ü l z a r. Əlbəttə, özümüzü qoyub sözümüzə kim güləcək? Starıye koketki... (Gülür.)
    Z ü l e y x a (Ədiləyə). Məni yandıran odur ki, sən də özünü bizimlə bir cərgəyə qoyursan, özünü bizə tay edirsən, ürəyin açılmır heç vaxt. Bu saat mənim üçün, Ada, ən ali xoşbəxtlik, sizin kimi bir ailə qurub öz xarabamda oturmaqdır. Amma sənin yanına gələndə adamın ürəyi şad olmaqdansa, bütün həyata nifrət edirsən. Bizim də ki, buradan başqa getməyə ayrı yerimiz yoxdur. Nə olub axı, Ada, daha nə istəyirsən?
    Ə d i l ə (əsəbi). Dedim ki, qurtarın bu sual-cavabları!
    Züleyxa(ayağa qalxaraq). Dur, Gülya, dur gedək. (Ədiləyə işarə ilə) Bunun qəsdi ürəyimizi sıxıb suyunu çıxarmaqdır. Özümüz gedək kinoya.
    Gülzar(əvvəlki ironiya ilə). Elə bilək ki, yenə on yeddi yaşımız var. Bığ yeri təzəcə tərləmiş oğlanlarla flirt edək. Ürəkdən gülək.
    Z ü l e y x a. Istəsək də edə bilməyəcəyik, istəsək də ürəkdən gülməyəcəyik. Dodağımız ki, qaçacaq – kifayətdir. Ürəkdən gülmək bizə heç lazım da deyil. Neyləyirik? Nəyimizə gərəkdir?
    G ü l z a r. Doğrudan da. «Gülən adam» deyilik ki. (Ədiləyə) Privet. Bizim adımızdan Xəlil müəllimə üzrxahlıq elə ki, vacib işimiz olduğuna görə onu gözləyə bilmədik.
    Ə d i l ə. Mütləq.
    Gülzar ilə Züleyxa gedirlər. Ədilə otaqda var-gəl edir, pəncərədən baxır, radionu yandırır, yenə söndürür, sonra gəlib divanda oturur. Yavaş-yavaş tamamilə fikrə dalır. Qara frak geymiş Skripkaçı əlində skripka səhnəyə daxil olub, Ədiləyə yaxınlaşır, onun başı üzərində dayanıb çalmağa başlayır. Səhnə qaralır, işıqlananda artıq sağ küncdə oturub corab toxuyan Qarı yoxdur. Birdən Kişi içəri girir. Ədilə onu görcək ayağa sıçrayır.
    Ə d i l ə. Siz gəldiniz? Mən bilirdim ki, siz gələcəksiniz. Mən sizi gözləyirdim. Bilirdim ki, evə də gələcəksiniz. Gəlin, gəlin əyləşin.
    Kişi(gülümsəyir). Siz əsl ev sahibəsinə oxşayırsınız.
    Ə d i l ə. Doğrudan? Mən bu saat əsl ev sahibəsi kimi sizə qulluq edəcəyəm. Qəhvə dəmləyimmi? Ya çay içirsiniz? Bəlkə şampan partladaq? Elə bilək ki, Yeni il gəlib, Yeni il axşamıdır, biz sizinlə ikimiz Yeni ili qarşılayırıq, musiqiyə qulaq asırıq, rəqs edirik, hə?.. Istəyirsiniz siz Şaxta baba olun?
    Kiçik pauza.
    Bəlkə sizin məktubunuz gəlmədiyi üçün dilxor olmusunuz?
    K i ş i. Yox, bu məktub, onsuz da, gələcək – tez-gec. O zaman daha biz görüşməyəcəyik. Çünki daha bir-birimizə lazım olmayacağıq.
    Ə d i l ə. Yox, yox. Istəmirəm. Mən sizdən ayrılmaq istəmirəm. Mən həmişə sizinlə olmaq istəyirəm. Siz olmasanız... Siz olmasanız, artıq hər şey bitər.
    Kişi(gülümsəyir). Yox, belə deyil.
    Ə d i l ə. Mən o məktubu sizə verməyəcəyəm. Mən o məktubu sizdən gizlədəcəyəm. Mən o məktubu cıracağam.
    K i ş i. Yox, siz məktubu cırmayacaqsınız, siz o məktubu gizlətməyəcəksiniz, çünki bilirsiniz ki, mən o məktubu gözləyirəm.
    Ə d i l ə. Düzdür...
    K i ş i. Indi isə geyinin. Geyinin, çıxaq gəzməyə. Mən sizi gəzməyə dəvət edirəm.
    Ə d i l ə. Doğrudan? Mən bu saat geyinərəm. Biz sizinlə yağışın altında gəzəcəyik. Dünyada bizdən başqa heç kim olmayacaq. Təkcə biz olacağıq. Ancaq özümüz (Qaça-qaça səhnədən çıxır və əynində plaş tez də qayıdır.) Gedək. Gedək gəzək. Səhərə kimi gəzək. Unudaq hər şeyi. Elə bilək ki, hər şey həqiqətdir.
    Işıq yavaş-yavaş sönür. Qara frak geymiş Skripkaçı skripkanı ehtiyatla – elə bil qorxur ki, bu saat kimi isə yuxudan oyadacaq – boynundan götürüb barmaqlarının ucunda səhnədən çıxır. Artıq işıq yalnız onların ikisinin üstünə düşür.
    Ə d i l ə (plaşının boynunu qaldırır). Mən həmişə bu cür çiskinli yaz axşamının həsrətində olmuşam. Bax, sizinlə bu cür, ikilikdə, bu cür çiskinli yaz axşamında boş küçələrlə addımlamağın həsrətində olmuşam... Həmişə bu cür havada pəncərənin qabağında durub küçəyə tamaşa edərkən mənə elə gəlib ki, bu sakinlər də, bu daş küçə də həsrətdədirlər... Mənə elə gəlib ki, onlar addım həsrəti çəkir... Biz qoymayacağıq ki, bu gün onlar həsrət çəksinlər... Biz səhərə kimi gəzəcəyik, elə deyilmi?
    K i ş i. Biz söhbət edəcəyik.
    Ə d i l ə (addımlaya-addımlaya). Biz söhbət edəcəyik və səhərə kimi gəzəcəyik. Bizi heç kim gözləmir. Biz heç kimə lazım deyilik. Bizə də heç kim lazım deyil. Bax, beləcə qayğısız, azad, elə hey gəzişəcəyik, səhərə kimi gəzişəcəyik. Unudacağıq ki, bu gəzinti müvəqqətidir. Unudacağıq ki, hər şey müvəqqətidir. Unudacağıq ki, bizim bu gəzintimiz kiminçünsə gülməli görünür, kiminçünsə bu, mənasız bir şeydir...
    K i ş i. Nə üçün bu gəzinti kiminçünsə gülməli görünməlidir?
    Ə d i l ə. Nə üçün? (Ayaq saxlayır.) Nə üçün... Bilmirəm... Mən bu hissi həmişə keçirirəm, bilirsinizmi, həmişə... Necə deyim?.. (Kiçik pauzadan sonra.) Yadınıza gəlirmi, iyun ayında televizorla futbol verilişləri verirdilər. Meksikadakı Dünya birinciliyindən. Futbolçular oynayırdılar, onların oyununu lentə çəkirdilər, səhəri gün televizorla göstərirdilər. Camaat futbola görə toyunu təxirə salırdı ki, adam gəlməz. Şəhərdə kişi gözə dəymirdi, elə bil müharibə vaxtıdır. Hamı televizora baxırdı. Futbol vaxtı artistlərin də qanı qaralırdı – teatr boş olacaqdı. Hamımız oturub televizora baxırdıq. Futbolçular hücum edirdilər, qapıya top vururdular, həsrətlə, həyəcanla topun ardınca baxırdılar. Amma biz həyəcanlanmırdıq, çünki bilirdik ki, top qapıdan keçməyəcək. Çünki hesabı əvvəlcədən bilirdik. Bilirdik ki, neçənci dəqiqədə hansı qapıya top vurulacaq, neçə top vurulacaq, topları kim vuracaq. Bütün bunları dünəndən bilirdik, qəzetdə oxumuşduq, radio ilə eşitmişdik. Biz lentə baxırdıq. Oyunçular isə oynayırdılar və heç nədən xəbərləri yox idi. Qapıya top vurub bir-birlərini qucaqlayırdılar, sevinirdilər, diz üstə çöküb xaç çevirirdilər, amma biz bilirdik ki, bu sevinc çox ömürsüzdür, bir azdan onlar uduzacaqlar. Biz onların taleyindən xəbərdar idik, bilirdik ki, onları nə gözləyir. Bilirdik ki, bu sevinc mənasızdır. Bilirdik ki, o biri komandanın da həyəcanlanması, iztirab çəkməsi yersizdir, çünki bir azdan onlar oyunu udacaqlar. Onlar isə heç nə bilmirdi, onların heç nədən xəbəri yox idi... Bax, mən həmişə bunu hiss edirəm. Mən bunu daima, daima hiss edirəm, həmişə mənə elə gəlir ki, bizim bütün sevinclərimiz, bizim bütün kədərlərimiz kiminçünsə çox cılız görünür. Kiminçünsə bütün bunlar mənasız bir əyləncə təsiri bağışlayır. Günlərin bir günü öləcəyik və bu kədərlərdən, bu sevinclərdən əsər-əlamət qalmayacaq. On il yaşayacağıq, iyirmi il yaşayacağıq, otuz il, qırx il, yüz il; sonra isə, fərq etməz, həmin sevinc də, həmin kədər də çıxıb gedəcək işinin dalınca... Indi isə hər şeyi unudaq... hər şeyi unudaq, dolaşaq bu boş küçələri, gəzək sabaha kimi.
    Kiçik pauza.
    Onlar asta addımlarla gəzişirlər.
    Kişi(əvvəlcə sıxıla-sıxıla danışır, sonra isə tamam açılır). Siz nə üçün bu on ilə, bu iyirmi ilə, bu qırx ilə bir əbədiyyət kimi baxmırsınız?
    Ə d i l ə. Əbədiyyət? Bu söz məni lap əsəbiləşdirir... (Gülür.)
    K i ş i. Qədim bir Şərq əfsanəsi var: bax, bu min verstlərlə hündürlükdə, zirvəsi görünməyən almaz dağdır. Hər min ildə bir dəfə, kiçik bir quşcuğaz bu dağa qonur və dimdiyi ilə döyəcləyədöyəcləyə bu dağı yonur. Sonra yenə uçub gedir. Uçub gedir ki, min ildən sonra bir də gəlsin. Gəlsin yenə də kiçicik dimdiyi ilə döyəcləyə-döyəcləyə almaz dağı yonsun. Quşcuğaz bu almaz dağı tamamilə yonub qurtardıqdan sonra, əbədiyyətin yalnız ilk anı keçəcək...
    Ə d i l ə (kiçik pauzadan sonra). Hər min ildə bir... (Gülümsəyir.) Doğrudan da, hərgah əbədiyyət bu qədər intəhasızdırsa, nə üçün iyirmi il özü də bir əbədiyyət olmasın? Bilirsinizmi nə üçün? Ona görə ki, bu iyirmi ildə Yoldaş Təklər yaşayır... Bu iyirmi ildə Babalar yaşayır... Bu iyirmi ildə Züleyxa kimi, Gülzar kimi bədbəxtlər yaşayır... Onların həyatı əbədiyyət üçün əsas vermir... Bu iyirmi ildə Ədilə kimi arzusuz adamlar yaşayır... Məgər siz onları məhşər ayağına çəkmədinizmi?
    K i ş i. Əgər Ədilə arzusuz olsaydı, biz ikimiz bir yerdə, bu yaz axşamı, bu çiskinli havada, bu boş küçələrdə addımlamazdıq.
    Ə d i l ə (həyəcanla). Bəs, Yoldaş Təkə nə deyirsiniz? Bəs, Babaya nə deyirsiniz? Siz ki, onları sual-cavaba tutdunuz...
    K i ş i. Onları siz çağırmışdınız. Lakin siz başqa adamlar da çağıra bilərdiniz.
    Ə d i l ə (ayaq saxlayır). Başqa adamlar? Kimi? Mən başqa adam tanımıram... Səlim Kərimovu çağıraydımmı, Xəlilin şöbə müdirini? O da belə olacaqdır. Hər dəfə o mənə elə baxır ki, bu baxışların mənasını Xəlildən başqa hamı başa düşür. Müəllimə Səadət xanımı çağıraydımmı? O da belə olacaqdı... Adili çağıraydımmı? O da belə olacaqdı... Ondan da soruşacaqdınız ki, Züleyxa kimi neçə qızı şikəst eləmisən?.. Onları çağıraydımmı?
    K i ş i. Yox.
    Ə d i l ə. Başqa heç kim yoxdur.
    K i ş i. Var. Siz qonşunuz Fazili çağıraydınız. Gecə-gündüz işləyib o boyda ailəni dolandırır, amma evlərindən gülüş əskik olmur. Biz bunun səbəbini ondan soruşardıq. Siz Məsmə müəlliməni çağıraydınız, orta məktəbdə sizə dərs deyən müəlliməni... Qocalıb əldən düşüb, amma məktəbdən əl çəkmir. Biz bunun səbəbini ondan soruşardıq. Siz atanızı çağıraydınız.
    Ə d i l ə. Mənim atam ölüb.
    K i ş i. Biz onun səbəbini ondan soruşardıq. Biz ondan soruşardıq ki, hərgah hər şey bu qədər boş və mənasızdırsa, nə üçün siz, otuz beş yaşlı cavan bir kişi, müharibədə həlak oldunuz? Yəqin ki, o, cavab verərdi...
    Ə d i l ə. Bəlkə də... Bəlkə də o cavab verərdi. Lakin yalnız bu cavabla bizim həyatımız dəyişərdimi?
    K i ş i. Yox, yalnız bu cavabla sizin həyatınız dəyişməzdi. Çünki siz özününz bunu istəmirsiniz. Siz atanızı çağırmazdınız da. Siz Məsmə müəlliməni də çağırmazdınız. Onlar sizə lazım deyil.
    Ədilə nə isə demək istəyir.
    Yox, mənim sözümü kəsməyin. Mən bu gün demək istədiklərimi sizə deməliyəm... (Kiçik pauzadan sonra) Onlar sizə lazım deyil, çünki siz özünüzü təcrid etmisiniz. Sizə elə gəlir ki, artıq həyatın hər üzünü görmüsünüz, artıq hər şey bir heçdir sizin üçün. Əslində isə həyatdan və insanlardan xəbərsizsiniz. Siz həyatdan və insanlardan xəbərsiz olduğunuz üçün hər şeyə mənasızlıq təcəssümü kimi baxırsınız. Lakin bir gün öz pəncərənizdən hər gün gördüyünüz, dəfələrlə gördüyünüz şəhərə nəzər salın. Elə bilin ilk dəfədir bu şəhəri görürsünüz. Bu şəhərdə hər bir damın altında yaşayan adamlar barədə düşünün. Axı, bütün bunlar hamısı, bütün bu həyat, bütün bu insanlar, bütün bu yaşayış mənasız ola bilməz. Siz fikirləşin ki, nə üçün bu adamlar bu evləri tikdirirlər, nə üçün bu adamlar bu fabrikləri, bu zavodları tikirlər, bu buruqları salırlar? Nə üçün bu qədər çalışırlar? Sizin bütün bunlardan xəbəriniz yoxdur. Siz özünüzü cəmiyyətdən təcrid etmisiniz.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 699 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more