Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Poçt şöbəsində xəyal
POÇT ŞÖBƏSİNDƏ XƏYAL
(Yeddi şəkil və epiloqdan ibarət tragikomediya)
İŞTİRAK EDƏNLƏR


    Ədilə.
    Kişi.
    Züleyxa.
    Gülzar.
    Yoldaş Tək.
    Baba.
    Xəlil.
    Qoca Professor.
    Skripkaçı.
    Qarı.
    Diktor.
    Bakı şəhəri, iyulun əvvəlləri.

BİRİNCİ ŞƏKİL


    Ədiləgilin evi. Səhər tezdəndir. Ədilə əynində pijama səhər idmanı edir. Radio son xəbərləri verir. Qarı səhnənin sağ küncündə köhnə kürsünün üstündə oturub yun corab toxuyur. Radionun səsi ilə Qarının danışığı arasında bir təzad var, fəqət onlar bir-birilərinə mane olmurlar.
    Qarı (corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Mənim dörd oğlum var: biri qışda anadan olub, biri yazda olub, biri yayda, biri də payızda. Bu corabı böyük oğluma toxuyuram. Ən yaxşı oğlumdur. Özü də od kimidir. Elə istiqanlı, elə işıqlıdır ki... (Yenə də gözünü corabdan çəkməyərək toxuyur.)
    D i k t o r. Idman xəbərləri. Bu günlərdə bakılı usta Məmmədov yüz metr məsafəni on tam, onda iki saniyəyə qət edərək yeni respublika rekordu əldə etmişdir.
    Ə d i l ə (idman hərəkətləri edə-edə). Malades.
    D i k t o r. Dünən basketbol üzrə ölkə birinciliyi yarışında «Dinamo» komandası öz meydançasında «Spartak» komandasını qəbul etmişdir. Maraqlı keçən bu gərgin oyun 114:103 hesabı ilə meydança sahiblərinin xeyrinə qurtarmışdır. Bu qələbə təsadüfi deyil. Ölkənin ən hündürboylu idmançılarından olan Məlikməmmədovun hündürlüyü 218 santimetrdir.
    Ə d i l ə (idman hərəkətləri edə-edə). Boya bax ha-a-a... (Əlini qaldırıb altdan yuxarı baxır.) Lap paltara şalbandır ki... Məlikməmmədovdan soruşmaq lazımdır görək yuxarılarda nə var, nə yox? (Çarpayıya tərəf gedib məhrəbasını götürür.) Kifayətdir. Kəm-kəm buxur, həmişə buxur. (Telefon zəng çalır.) Ədilə qaça-qaça gedib radionu söndürür və dəstəyi götürür.) Alo.
    K i ş i s ə s i. Salam, Ada. Səsindən o saat tanıdım səni.
    Ə d i l ə (səsi tanıyır). A-a... Privet.
    K i ş i səsi. Sən də məni tanıdın? Görünür, bu üç il bizi yadlaşdırmayıb. Necəsən?
    Ə d i l ə. Bala-bala.
    K i ş i s ə s i (gülür). Ay səni, Ada... Təbrik edirəm, ərə getmisən.
    Ə d i l ə. Mersi.
    K i ş i s ə s i (gülür). Həmişəki Ada... Mən də həmişəlik gəlmişəm daha...
    Ə d i l ə. Gözlərim aydın.
    K i ş i s ə s i (gülür). Heç soruşmursan sənin telefonunu haradan öyrənmişəm?.. Eybi yox, görüşəndə danışaram. Nə vaxt görüşək?
    Ə d i l ə. Qulağının dalını görəndə.
    K i ş i s ə s i. Oho, bu təzə notdur.
    Ə d i l ə. Privet. (Dəstəyi asmaq istəyir.)
    K i ş i s ə s i. Ada, Ada, sən mənə heç nə demək istəmirsən?
    Ə d i l ə. Istəyirəm: idi k çertu. (Dəstəyi asır.)
    Radionu yandırıb məhrəbanı yelləyə-yelləyə səhnədən çıxır.
    D i k t o r. Indi isə oyun havalarına qulaq asın. «Vağzalı». Qarmonda çalır Teyyub Teyyub oğlu.
    Oyun havası çalınır. Səhnənin arxasından, yəqin ki, mətbəxdən Xəlilin səsi gəlir.
    X ə l i l (səhnə arxasından). Mamoçka, durmusan yuxudan? Nə tez belə? Necəsən, canım? Nə istəyirsən alıb gətirmişəm səninçün bazardan.
    Ə d i l ə (səhnə arxasından). Sabahın xeyir.
    X ə l i l (səhnə arxasından). Ay əleyküməssalam. Qoy bir səni maç eləyim.
    Kiçik pauza.
    Ə d i l ə (səhnə arxasından). Bəsdir daha.
    X ə l i l (səhnə arxasından). Ax, sənin canını yeyim. Şəkər kimisən.
    Ə d i l ə (səhnə arxasından). Bəsdir dedim...
    X ə l i l (səhnə arxasından). Baş üstə, mamoçka, bəsdir deyirsən, baş üstə. Farslar deyib: kəmkəm buxur, həmişə buxur.
    Ə d i l ə (məhrəba ilə üzünü qurulaya-qurulaya səhnəyə daxil olur). Yenə gör neçə dəstə şüyüd almısan.
    X ə l i l (səhnə arxasından). Vitamin S-dir də, mamoçka, başdan-ayağa vitamin S-dir. Vitamin S-nin də, bilirsən də, hər şeyə xeyri var. O məsələyə də yaman xeyri var, mamoçka, yaman. Səlim deyirdi, sənə deməmişəm bəyəm?
    Ə d i l ə (çit şirmanın arxasına keçərək paltarını dəyişə-dəyişə). O məsələ barədə üzüqara deyilsən onsuz da...
    X ə l i l (ağzında şüyüd yeyə-yeyə səhnəyə daxil olur). Ay sənə qurban olum, mamoçka. Qoy hələ məzuniyyətə çıxıb kurorta gedək, dincəlim bir az... Onda görəcəksən ki, Xəlil necə xoruzdur.
    D i k t o r. «Qaytağı». Klarnetdə çalır Şəmsi Imanov.
    X ə l i l. Hər şeyi yerbəyer elədim mətbəxdə. Pomidor yaman bahadır: kilosu bir manat altmış qəpiyə. Dünən Səlim deyirdi ki, bir manat əlli qəpiyə alıb kilosunu.
    Ə d i l ə (şirmanın arxasından). Almadın?
    X ə l i l. Aldım, mamoçka, yarım kilo aldım səninçün. Mən bir dənə yeyəcəyəm. Farslar deyib: kəm-kəm buxur, həmişə buxur.
    Ə d i l ə (şirmanın arxasından çıxır, geyinib). Mən getdim, Xəliluşka.
    X ə l i l (təəccüblə). Hara?
    Ə d i l ə. Işə də, necə hara?
    X ə l i l (şalvarının «pistonçik»indən Nuh-Nəbidənqalma bir saat çıxarıb baxır). Hələ bir saatdan çox qalıb ki, işin başlanmağına.
    Ə d i l ə. Elə ancaq çataram.
    X ə l i l. Niyə, ancaq çatarsan, mamoçka, on iki dəqiqəlik yoldur ki...
    Ə d i l ə. Bu yol bezikdirib məni.
    X ə l i l (başa düşmür). Necə yəni bezikdirib?
    D i k t o r. Yenə Şəmsi Imanovun ifasında «Xançobanı» oyun havasına qulaq asın.
    Ə d i l ə. Eyni küçə, eyni səki, eyni binalar; eyni tinlər, eyni tanış sifətlər: hər gün, hər gün... Bu gün dövrə burub başqa küçələrlə gedəcəm işə.
    Kiçik pauza.
    X ə l i l. Yetmiş bir dənə lotereyamız var, mamoçka, ürəyimə damıb ki, maşın udacayıq. Onda hər şey düzələr. Səlim deyir ki...
    Ə d i l ə (onun sözünü yarımçıq kəsib, əlini yelləyir). Mən nə hayda, sən nə hayda... Kiçik pauza.
    X ə l i l. Mən deyirdim tez durmusan bu gün, oturub söhbət edərdik bir az... Heç sənə deməmişəm, dünən Səlim mənim üstümdə mühasibə ağzından çıxanı dedi. Sənə demişdim də, zalım oğlu mənim məzuniyyət pulumdan on iki manat çıxmaq istəyirdi... Hələ məzuniyyətimin vaxtı gəlməyib, indidən.
    Ə d i l ə (təngimiş). Sən Səlimin canı qurtar bu söhbətləri...
    Kiçik pauza.
    Yaxşı, mən getdim.
    X ə l i l. Çörək yemisən heç olmasa?
    Ə d i l ə (yəqin ki, yalandan). Yemişəm, əlbəttə. Sən də bir şey düzəlt özünə, otur yaxşıca ye, sonra get işinə.
    X ə l i l. Əvvəlcə səni ötürəcəyəm.
    Ə d i l ə. Yox, Xəliluşka, sən otur çörəyini ye.
    X ə l i l. Qoy ötürüm səni, canım-ciyərim.
    Ə d i l ə (əsəbi, özünü saxlaya bilmir). Axı, dedim ki, bezikmişəm bu eynilikdən. Axı, səni hər gün nə qədər görmək olar? (Kiçik pauzadan sonra özünü ələ alaraq) Incimə e-e. (Gedib Xəlilin üzündən öpür.) Kəm-kəm buxur, həmişə buxur. (Gedir.)
    Pauza.
    Xəlil gedib radionu söndürür. Qarı isə elə hey toxuyur.

İKİNCİ ŞƏKİL


    Poçt şöbəsi. Günorta. Qızğın iş gedir: işçilərdən kimi sifariş qəbul edir, kimi işıqpulu alır, kimi abunə yazır, kimi möhür vurur, kimi sayğacda hesablayır və s. Işçilər sıra ilə elə oturublar ki, səhnədə həm onlar görünür, həm də poçt şöbəsinə girib-çıxan adamlar. Ə d i l ə üstündə «Dovostrebovaniya» yazılmış şüşənin arxasında oturub. «Dovostrebovaniya» sözlərinin yuxarısında pəncərənin nömrəsi yazılıb: 3. Ədilənin pəncərəsi qarşısında heç kim yoxdur. O, balaca bir kağız parçasını bürmələyərək mürəkkəbə batırır və pəncərədəki «3»ün qarşısına «1» əlavə edir; olur 13. Işçilər arasında var-gəl edən Yoldaş Tək Ədiləyə yaxınlaşır. Dayanıb pəncərənin üstündəki 13-ə baxır.
    Y o l d a ş T ə k. Axı, belə olmaz, yoldaş Ədilə. Axı, adama neçə dəfə deyərlər?
    Ə d i l ə. Nə olub, Yoldaş Tək?
    Y o l d a ş T ə k (barmağı ilə 13-ü göstərir). Yenə bu nədir belə?
    Ə d i l ə. On üç.
    Y o l d a ş T ə k. Görürəm. Soruşuram ki, bu nə biabırçılıqdır yenə? Mənim bütün dediklərim özüm üçün qalır. Hər dəfə mən deyirəm, amma siz yenə də «üçün» qabağına «bir» yazırsınız.
    Ə d i l ə. Taleyimizin rəmzidir də Yoldaş Tək...
     Y o l d a ş T ə k. (barmağı ilə «1»i pozur). Olmaz. Yaramaz belə sözlər və belə hərəkətlər. Yaramaz. Ictimai yerdə, özü də mənim idarəmdə bu cür bədbin əhvali-ruhiyyə yaratmaq olmaz. Siz nə fikirdəsiniz? Mənim rəhbərlik etdiyim müəssisədə bədbinlik? Bir də bu hərəkət təkrar olunsa, töhmət verəcəyəm.
    Ə d i l ə. Şiddətli?
    Y o l d a ş T ə k. Bəli, lap şiddətli. Bilmirəm bu hərəkətinizi dəfələrlə təkrar etməklə siz nə fikirdəsiniz. Birdən yuxarılardan bir yoldaş girdi içəri, onda necə olsun?
    Ə d i l ə. Məlikməmmədovu deyirsiniz?
    Y o l d a ş T ə k. Məlikməmmədov kimdir?
    Ə d i l ə (gülümsəyir). Heç...
    Y o l d a ş T ə k (bir az tərəddüdlə). Yuxarıların adamıdır?
    Ə d i l ə. Lap yuxarıların. (Əli ilə göstərir.) Bax, bundan da yuxarı.
    Y o l d a ş T ə k (nisbətən yumşaq). Lap yuxarıların? Sizinlə tanışdır?
    Ə d i l ə. Bəli. Bu gün səhər tanış olmuşuq.
    Y o l d a ş T ə k tərəddüd içindədir, yenə nə isə soruşmaq istəyir, amma soruşmur.
    Y o l d a ş T ə k (qolunu qaldırıb saata baxır). Baba!
    Baba yuxarı tərəfdəki pəncərələrdən birinin qarşısında əyləşib. Yoldaş Təkin səsini eşidən kimi ayağa sıçrayır.
    B a b a. Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Fasilənin vaxtıdır.
    B a b a. Bu saat, Yoldaş Tək!
    Baba gəlib qapının ağzında dayanaraq içəri adam buraxmır. Baba (içəri girmək istəyənlərə). Fasilədir, yoldaşlar. Olmaz, yoldaşlar, fasilədir...
    Y o l d a ş T ə k yuxarı başa keçib mizin arxasında əyləşir. Eynəyini taxıb qəzetlərə baxır. Poçt şöbəsi yavaşyavaş boşalır. Işçilərdən kimi bir-biri ilə söhbət edir, kimi evdən gətirdiyi naharı çıxarıb yeməyə başlayır və s. Ədilə dirsəklərini qarşısındakı mizə söykəyərək gözlərini naməlum nöqtəyə zilləyib. Gözləri yol çəkir. Sonra yenə barmağı ilə «3»ün qarşısında «1» yazır. Yenə gözlərini naməlum nöqtəyə zilləyir. Züleyxa ilə Gülzar içəri gəlirlər.
    B a b a. Olmaz.
    G ü l z a r. A-a-a... Bizi tanımadınız, Baba müəllim? Salaməleyküm.
    B a b a. Olmaz.
    Züleyxa (Ədiləyə). Ada, bu tipə de bizi buraxsın içəri.
    Ə d i l ə (fikrindən ayrılaraq ayağa qalxır). Baba, bu olmadı ki... (Bərkdən) Yoldaş Tək, Yol...
    Baba(tələsik). Yaxşı, yaxşı. Keçin.
    Züleyxa ilə Gülzar içəri girib Ədilənin yanına gəlirlər.
    Züleyxa və Gülzar(birdən). Privet!
    Ə d i l ə (yanındakı kürsüləri irəli çəkir). Oturun.
    Qızlar otururlar. Sonra Baba da qapıları bağlayıb öz yerinə gedir.
    Z ü l e y x a. Oy, Ada, bir krinplin paltolar gəlib univermağa, bir krinplin paltolar gəlib... Qırmızısı da var, balotnusu da, mışinnı rəngi də...
    Ə d i l ə. Eh, neynirəm krinplini...
    G ü l z a r. Sən lap bir cür olmusan ha, axır vaxtlar... Neynirəm onu, neynirəm bunu, neynirəm kinonu, neynirəm gəzməyi...
    Ədilə çiyinlərini çəkir.
    Z ü l e y x a. Pulum olsaydı, bir dənə balotnusunu alardım özümə. Yadına gəlir neçəyə idi biri əldə? Allah bir Xəlil kimisini də yetirsəydi mənimçün...
    Ə d i l ə. Xəlillə işin olmasın demişəm...
    Z ü l e y x a. Pis söz demirəm ki...
    Gülzar. Eh, bayaq Zülya ilə gedirdik. Adili gördük.
    Z ü l e y x a. Hə, Ada, bilirsən necə yaraşıqlı olub? Bir predstavitelni vidi var ki, gəl görəsən.
    Gülzar(əli ilə göstərir). Bax, bu boyda bir oğlu var, yanında gedirdi. Dayanıb salamlaşdı. Soruşdu ki, nə var, nə yox? Dedim ki, hər şey əvvəlki kimi əladır. Ürəyimdə dedim ki, yalançının atasına lənət. Sənə də salam göndərdi, Ada.
    Z ü l e y x a. Guya ki, böyük iş olub: salam göndərdi. Bizimlə gəzirdilər, kompaniyalarda laqqırtı vururdular, bizimlə tans eləməkdən ötrü bir-birilərinin üstünə bıçaq çəkirdilər, bizimlə küçədə gedəndə özlərini başqalarına göstərib öyünürdülər...
    G ü l z a r. Yəni ki, biz də bir kişiyik...
    Z ü l e y x a. Hə, fors edirdilər, sonra da evlənmək vaxtı gələn kimi, gedib «ev qızı» tapıb alırdılar. Papa qızı... Guya ki, bununla hər şey düzəldi...
    Gülzar (lap qızışıb). Camaat «stilyaqa» deyib bizi bir tərəfə atırdı, yəni ki, sizə bir qoz, day demirdilər ki, biz də adamıq...
    Z ü l e y x a. Biz də ki, naivni uşaq...
    Ə d i l ə. Bəsdirin siz Allah, yenə başlayıb ürəyimizi qısmayın görək, onsuz da bu gün səhərdən ürəyim qısılır.
    Z ü l e y x a. Düz deyir, əşşi... Pust oni idut k çertvoy materi. Görəsən, Fira mənə borc pul verməz?
    G ü l z a r. Fira indi adama salam verir ki, borc da verə?
    Yoldaş Tək yerindən qalxıb bayır qapısına yaxınlaşır. Fikirli-fikirli çölə baxır. Baba da öz yerindən qalxıb ona yaxınlaşır.
    B a b a. Görürsünüz də, hava necə pisdir, Yoldaş Tək?
    Y o l d a ş T ə k (fikrindən ayrılaraq hirslə Babaya baxır). Hava da çox gözəldir, həyat da çox gözəldir, insanlar da çox gözəldir, bircə nadürüst adam varsa, o da sənsən.
    Baba mısmırığını sallayıb gedir.
    Gülzar(Yoldaş Təkə işarə ilə). Ada, deyəsən, yenə də çuvakın ovqatı təlxdir..
    Z ü l e y x a. Nə olub ona?
    Ə d i l ə. Yəqin arvadı yenə evdə kefinə soğan doğrayıb... Istəyirsiniz sizi yenə də tanış edim?
    G ü l z a r. Adamla neçə dəfə tanış olarlar? Indiyəcən üç dəfə tanış eləmisən bizi.
    Z ü l e y x a. Eybi yoxdur, dilxoşluqdur də. Hə, yenə tanış elə bizi, Ada, çağır onu bura.
    Ə d i l ə (Yoldaş Təkə müraciətlə). Yoldaş Tək, Zulyayla Gülya düz bir ildir ki, məni dəng ediblər ki, niyə onları sizinlə tanış etmirəm. (Yoldaş Tək qulaqardına vurub küçəyə çıxmaq istəyir.) Sizinləyəm e, Yoldaş Tək, hara gedirsiniz? Xahiş edirəm, rəfiqələrimlə tanış olasınız.
    Yoldaş Tək istər-istəməz onlara yaxınlaşır, həm də deyəsən bu qızların yanında özünü bir az naqolay hiss edir.
    Züleyxa(cəld ayağa qalxıb ona əl uzadır). Zulya. (Yenə oturur.)
    Yoldaş Tək(istər-istəməz Züleyxaya əl verir). Yoldaş Tək.
    Gülzar da oturur. Yoldaş Tək ayaq üstədir.
    Z ü l e y x a. Sizin nə maraqlı adınız var, lap ictimai mahiyyət kəsb edir: Yoldaş Tək. Çox maraqlı...
    G ü l z a r. Və simvolikdir.
    Ə d i l ə. Elə deyil, Zulya, Yoldaş Təkin adı Yoldaş deyil. Alməmməddir, atasının adı da Gülməmməddir; təxəllüsü də Tək.
    Z ü l e y x a. Yəni ki, bir dənə.
    Y o l d a ş T ə k (eyni ciddiyyətlə). Bəli.
    G ü l z a r. Necə ki, Əliağa Vahid.
    Y o l d a ş T ə k. Bəli.
    G ü l z a r. Yoldaş Tək, siz mənə yaman tanış gəlirsiniz. Deyəsən, mən sizi harada isə görmüşəm.
    Y o l d a ş T ə k. Ola bilər.
    Z ü l e y x a. Mən də sizi haradansa tanıyıram...
    Y o l d a ş T ə k. Ola bilər.
    Ə d i l ə. Dörd il bundan əvvəl 8 Mart bayramı münasibətilə Yoldaş Təkin qəzetdə şəkli çıxıb. Həyat yoldaşı üçün hədiyyə alanda çəkiblər. Yəqin onu görmüsünüz.
    G ü l z a r. Yox, onda mən lap balaca uşaq idim ki, Ada, yadımda qalmazdı...
    Züleyxa (Yoldaş Təkə müraciətlə). Siz vaxtilə kino artisti olmamısınız?
    Ə d i l ə. Yox a-a-a... Yoldaş Tək qocaman rabitə işçisidir. Nazir özü şəxsən Yoldaş Təki tanıyır, bir dəfə də adını çəkib məruzə edəndə.
    Gülzar(nəsə xatırlayırmış kimi). A-a-a... Mən bildim sizi harada görmüşəm.
    Y o l d a ş T ə k (qızları yamsılayaraq). A-a-a... Hər şey gözəldir, hər şey əladır, təkcə məlum deyil ki, kim-kimi dolayır.
    Ə d i l ə (əlini ağzına tutub gülür). A-a-a... Yoldaş Tək, sizdə yumor hissi də varmış ki...
    Y o l d a ş T ə k (son dərəcə ciddi). Kifayətdir, yoldaşlar! (Yəqin ki, qızlardan uzaqlaşmaq xətrinə Babanı səsləyir.) Baba! Ay uşaq, Baba!
    Baba (yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək, bəli buyurun!
    Y o l d a ş T ə k. Haradasan?
    B a b a. Mən elə buradayam, yoldaş Tək! Nə buyurursunuz?
    Y o l d a ş T ə k (buyurmağa söz tapmır). Sən orada... Sən orada şeyi zad elə.
    B a b a. Baş üstə, Yoldaş Tək! (Yenə öz yerində oturur.)
    Y o l d a ş T ə k Ədiləgilin yanından uzaqlaşır.
    Ə d i l ə. Görürsünüz də, camaat necə əmrlər verir: şeyi zad elə. Hər şey belədir...
    Z ü l e y x a. Əcəb də o saat başa düşürlər bu əmrləri: «Şeyi zad elə», «Baş üstə, yoldaş filankəs».
    G ü l z a r. Əntiqə oğlanlardır.
    Z ü l e y x a. Nə çox belə əntiqə oğlanlar, belə əntiqə qızlar. Ona görə də, anam yazıq neyləsin, düz deyir: qalmışıq aralıqda.
    G ü l z a r. Mürdəşir belə əntiqə oğlanların üzünü yusun.
    Ə d i l ə. Yavaş de, Baba eşidər.
    G ü l z a r. Eşitsin də, neyləyim?
    Ə d i l ə. Necə neyləyim? Baba mürdəşirdir.
    G ü l z a r. Nə?
    Ə d i l ə. Mürdəşirdi Baba.
    Z ü l e y x a. Necə yəni mürdəşirdi Baba?
    Ə d i l ə. Mürdəşirdi də. Vaxt tapan kimi qaçıb məsciddə ölüyuyana kömək eləyir.
    Gülzar(vahimə ilə). Vay, mama!
    Z ü l e y x a. Niyə?
    Ə d i l ə. Necə niyə? Pul qazanır də.
    G ü l z a r. Vay... Ada, belə adamla bir yerdə necə işləyirsən?
    Ə d i l ə. Adam kimi.
    G ü l z a r. Qorxmursan?
    Ə d i l ə. Nədən qorxacağam?
    Gülzar(Züleyxaya). Mən sənə deyirəm ki, bu əvvəlki Ada deyil.
    Ə d i l ə. Ona görə ki, Babadan qorxmuram? Babanın nəyindən qorxmalıyam? On il bundan qabaq olsaydı, qorxardım. Çünki dünyadan xəbərim yox idi, kef eləyirdik özümüzçün, gəzirdik, oynayırdıq, oxuyurduq...
    Z ü l e y x a. Day demirdik ki, ətdən olan divara etibar yoxdur.
    Ə d i l ə. Elə bilirsiniz ki, burada işləyənlərin hamısı Yoldaş Təki dolaya bilər? Işçilər tük salırlar Yoldaş Tək adı gələndə. Bilirsiniz necə qorxurlar ondan? Sən dünyanın işinə bax ki, bu da mənə yaltaqlanır...
    G ü l z a r. A-a-a... Nə münasibətlə sənə yaltaqlanır bu?
    Ə d i l ə. Bir-iki ildən sonra pensiyaya çıxacaq. Indidən mənə yaltaqlanır ki, o vaxt Xəlil bunun pensiya işinə kömək etsin. Hərdənbir məndən soruşur ki, (Yoldaş Təki yamsılayır.) Ictimai Təminat Nazirliyində nə var, nə yox, yoldaş Ədilə?..
    G ü l z a r. Yazıq...
    Kiçik pauza.
    Ə d i l ə. Elə biz də yazığıq...
    G ü l z a r. Day demə...
    Z ü l e y x a. Nə olub e, sizə?
    Y o l d a ş T ə k (oturduğu yerdən). Baba!
    Baba(yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Fasilə bitdi.
    B a b a. Bu dəqiqə, Yoldaş Tək.
    Baba gəlib qapını açır.
    G ü l z a r. Yaxşı, Ada, biz getdik.
    Ə d i l ə. Yaxşı, privet.
    G ü l z a r. Hə, yadımdan çıxmışdı, dokumentləri yenə instituta verdim axı... Qiyabi. Ya qismət.
    Ə d i l ə (zarafatla). Allah kərimdir.
    Z ü l e y x a. Biri ah çəkir ki, çoxlu borcum var. Deyirlər: – «Allah kərimdir». Deyir ki, dərd burasındadır Kərimə də borcluyam. (Ayağa qalxır.) Sağ ol, Ada. Krinplin palto alsam, axşam gətirib evdə sənə göstərəcəyəm.
    Ə d i l ə. Yaxşı. Qızlar gedirlər. Yenə iş başlayır. Gəlib-gedən çoxalır. Ə d i l ə bütün işlərini elə bil ki, mexaniki surətdə görür; fikirli və dalğındır. Yoldaş Tək öz yerindən qalxıb ona yaxınlaşır. Tərəddüd içindədir.
    Y o l d a ş T ə k. Deyirsiniz ki, bu gün səhər tanış olmusunuz?
    Ə d i l ə (fikrindən ayrılaraq). Nə?
    Y o l d a ş T ə k. Deyirəm ki, bu gün səhər tanış olmusunuz?
    Ə d i l ə. Kimi deyirsiniz, Yoldaş Tək?
    Y o l d a ş T ə k. Yoldaş Məlikməmmədovu deyirəm də...
    Ə d i l ə. Hə-ə...
    Y o l d a ş T ə k. Deyirsiniz ki, lap yuxarıların adamıdır?
    Ə d i l ə (köks ötürərək). Lap...
    Kiçik pauza.
    Y o l d a ş T ə k (mehriban danışmağa çalışır, amma bu çox süni görünür). Bu gün səhərdən gözümə kefsiz dəyirsiniz, yoldaş Ədilə, bir hadisə baş verməyib ki?
    Ə d i l ə (biganəliklə). Qayınatam vəfat edib, Yoldaş Tək.
    Y o l d a ş T ə k (eynəyini düzəldərək çox ciddi). Yəni lap rəsmi surətdə vəfat edib?
    Ə d i l ə (eyni biganəliklə). Yox, rəsmi surətdə yox...
    Y o l d a ş T ə k (özünü saxlaya bilməyərək – çox da Ədilə bu gün səhər yoldaş Məlikməmmədovla tanış olub). Bura evdən də pisdir! Siz öz analarınızdan betərsiniz, oğlanlarımız bizdən betər olan kimi... (Uzaqlaşır.)
    Iş öz qaydası ilə davam edir. Ə d i l ə əvvəlki kimi mexaniki olaraq ona müraciət edənləri yola salır. Boş vaxtlarında isə yenə gözlərini naməlum nöqtəyə zilləyir, elə bil kimi isə gözləyir...

ÜÇÜNCÜ ŞƏKİL


    Fasilədən bir az keçib.
    Qara frak geymiş bir oğlan əlində skripka, heç kimə və heç nəyə fikir vermədən səhnəyə daxil olub, cəld addımlarla Ədiləyə yaxınlaşır. Ədilənin başı üzərində dayanıb skripkanı qaldırır və çalmağa başlayır. Tamaşaçıdan başqa onu heç kim görmür – nə Ə d i l ə özü, nə yuxarı başda öz yerində oturub sayğacla hesab aparan Yoldaş Tək, nə «posılka»ların üstünə surğucla möhür vuran Baba, nə də digər pəncərələrin qarşısında oturub öz işlərini görən başqa işçilər; aydın məsələdir ki, dəqiqədəbir poçt şöbəsinə girib-çıxan adamlar da onu görmür. Ədilənin gözləri yol çəkir, elə bil bu saat kim isə gəlib düz onün qarşısında dayanacaq və bu «kim isə» qeyri-adiliklər təcəssümçüsü olacaq. Ağ köynəkli, qara kostyum və qara qalstuklu bir Kişi elə bil boşluqdan gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Ədiləyə yaxınlaşaraq üzbəüz dayanır. Tamaşaçıdan və Ədilədən başqa heç kim bu gəlişə etina etmir, çünki heç kim onu görmür.
    K i ş i. Salam.
    Ə d i l ə (bir uşaq məftunluğu ilə). Salam...
    K i ş i. Mənə məktub var?
    Ə d i l ə. Sizə?.. Bu saat baxım (böyük bir cəhdlə «Dovostrebovaniya» məktubları araşdırır, sonra məyus-məyus) Yox, sizə məktub yoxdur...
    Kiçik pauza.
    Skripkaçı yenə çalır.
    K i ş i. Yaxşı baxın, xahiş edirəm.
    Ə d i l ə yenə böyük canfəşanlıqla məktubları bir-bir araşdırır.
    Ə d i l ə (son dərəcə məyus). Yox, yoxdur...
    Kişi(fikirli). Deməli belə...
    Ə d i l ə (kiçik tərəddüddən sonra). Siz məktub gözləyirsiniz. Bu məktub sizin üçün çox vacibdir, elə deyilmi?
    K i ş i. Elədir.
    Ə d i l ə. Siz bu məktubu almalısınız. Mütləq almalısınız. (Yavaş-yavaş artan bir həyəcanla) Siz bu məktubu məndən almalısınız. Bu məktub gələcək.
    Kişi(fikirli). Gəlməlidir. Bilmirəm niyə gecikir...
    Ə d i l ə. Siz darıxmayın. Siz bu məktubu almaq üçün hər gün gələcəksiniz... Hər gün gəlib məndən istəyəcəksiniz bu məktubu, hər gün. Elə deyilmi?
    K i ş i. Elədir.
    Ə d i l ə. Mən bilirəm ki, bu məktub sizin üçün çox vacibdir. Amma bu məktub geciksə də sizə heç nə olmayacaq, siz acıqlanmayacaqsınız, məyus olmayacaqsınız, mənimlə danışacaqsınız, söhbət edəcəksiniz.
    Pauza.
    Siz indi də heç hara getməyəcəksiniz... Biz... biz ən yaxın adamlar olacağıq. (Daha da həyəcanlı.) Biz... biz... biz ən doğma adamlar olacağıq. (Təşvişlə) Elə deyilmi?
    Kişi(gülümsəyərək). Elədir.
    Yavaş-yavaş ətrafda işıq sönməyə başlayır. Qara frak geymiş Skripkaçı da skripkasını boynundan ayırıb asta addımlarla səhnədən çıxır. Işıq yalnız Ədilənin və Kişinin üzərinə düşür, ətraf görünməzdir.
    Ə d i l ə. Mən sizə hər şeyi danışacağam. Heç kimə danışmadıqlarımı, heç kimə demək istəmədiklərimi sizə deyəcəyəm. (Öz yerindən qalxıb Kişiyə yaxınlaşır.) Mən sizdən heç nə gizlətməyəcəyəm. Siz də mənə qulaq asacaqsınız. Siz də mənimlə söhbət edəcəksiniz. Biz birbirimizə inanacağıq. Biz bir-birimizin sirdaşı olacağıq, elə sirdaş ki, indiyəcən heç kimlə bu cür sirdaş olmamışıq. Biz sizinlə gəzməyə çıxacağıq. Biz sizinlə dağları gəzəcəyik, gül-çiçək dərəcəyik, yağışa düşəcəyik. Siz mənim yanımda oturub dumanlı dağlara baxacaqsınız. Siz deyəcəksiniz:
    Dağlar dumana qaldı,
    Otu sarala qaldı.
    Soyuq bulaq, göy çəmən –
    O da marala qaldı.
    Siz deyəcəksiniz, elə deyilmi?
    K i ş i. Elədir. (Kiçik pauzadan sonra) Dağlar dumana qaldı.
    Ə d i l ə. Otu sarala qaldı...
    K i ş i. Soyuq bulaq, göy çəmən...
    Ə d i l ə. O da marala qaldı...
    Pauza.
    Mənim bütün hisslərim sizin yanınızda çılpaq olacaq. Mən bu çılpaqlıqdan utanmayacağam, çünki siz mənim ən doğma adamımsınız. Mən heç vaxt, heç kimə deyə bilmədiklərimi, sizə deyəcəyəm. Axı, mən heç kimə heç nə deyə bilmirəm... Çünki daha heç kim məni başa düşə bilməz... Çünki adamlar mənim üçün yaddır... Çünki daha mən də onlara qarşı biganəyəm...
    K i ş i. Mən bunları bilirəm...
    Ə d i l ə. Bilirsiniz? Əlbəttə, əlbəttə, siz bilirsiniz. (Kişinin əlindən tutur.) Siz hər şeyi bilirsiniz. Siz bütün suallara cavab verəcəksiniz. Siz suallardan qorxmursunuz. Bu suallar gecənin zülmətində yatağınızda uzanarkən sizi didib-dağıtmır, yuxunuzu qaçırtmır. Siz rahat... və azad... sərbəst yatırsınız. Siz xoş yuxular görürsünüz, amma bu yuxular sizin yeganə pənahınız deyil... Siz yuxuda gülümsəyirsiniz, amma bu yuxulu gülüşlər sizin üçün yeganə xoşbəxtlik anları deyil. Cürbəcür suallar sizi məşhər ayağına çəkmir... Siz düşünmürsünüz ki, nə vaxta qədər bu cür davam edəcək? Siz bunu düşünmürsünüz, çünki siz güclüsünüz, çünki siz müdriksiniz, çünki siz cəsursunuz... Rıtsarsınız siz... Sizin həyatınız bu sualları doğurmur. Sizin həyatınız bu suallar üçün əsas vermir. Çünki siz qeyri-adisiniz... (Kişinin əlindən çəkərək səhnənin ortasına gəlir, uzaqlara baxır.) Biz sizinlə səyahətlərə çıxacağıq, gəmi ilə üzəcəyik, təyyarə ilə uçacağıq. Biz sizinlə meşəyə gedəcəyik, ocaq çatacağıq. Axşamlar alaçıqda oturub yağış damcılarının tıqqatıqqına qulaq asacağıq, bu meşə isə qalacaq, bu yağış isə qalacaq. Yaddan çıxaracağıq. Hər şeyi yaddan çıxaracağıq; həyatın qulağımızın dibindən ötüb-keçməsini də, qayğılarımızı da, mənasızlıqları da, pis adamları da, kütbeyinləri də, yazıqları da, xoşbəxt yaşayanları da. Biz ancaq öz aləmimizdə olacağıq: siz, mən, bir də ki, meşə... bir də ki, meşənin qaranlığı... bir də ki, meşədəki ağaclar... bir də ki, bizim balaca alaçığımız... bir də ki, yağış damcılarının tıqqatıqı... bir də ki, tetra quşlarının uzaqdan gələn qurultusu... Bizdən bir az aralı dağ çayı axacaq. Çayın qıjıltısını eşidəcəyik. Sonra qurbağalar səs-küy salacaq. Sonra sükut çökəcək, xoflu bir sükut. Meşənin bu xoflu sükutu bizim ürəyimizi uçundurmayacaq, yox, bu xof bizə səadət gətirəcək. Biz zirvədə olacağıq. Biz bütün daxilimizlə bu səadətin içində itib-batacağıq, başımızı itirəcəyik bu səadətdən. Təkcə bu səadətin içində olacağıq, ən xırda xatirələri belə unudacağıq. Azad olacağıq, tamam azad. Dünyanın ən azad, dünyanın ən sərbəst adamları olacağıq. Heç nə bizi narahat etməyəcək, heç nə bizi sıxmayacaq, heç nə barədə fikirləşib ürəyimizi qısmayacağıq. Səhər tezdən durub dağ çayında çiməcəyik. Bülbüllər oxuyacaq: «Gül, gül, gül. Açıl, açıl, açıl». Sonra yarğan boyu gəzəcəyik. Hər tərəfimiz sarı çiçəklər açmış yonca olacaq, ağ çobanyastığı olacaq, gövdələrini mamır basmış palıd ağacları olacaq. Çiçəklənmiş böyürtkən, itburnu kolları olacaq. Biz isə qoca bir palıd gövdəsinə söykənib dağın döşündəki sarı biçənəyə baxacağıq və sevinəcəyik... Biz sevinəcəyik, elə deyilmi?
    K i ş i. Elədir. Biz tez-tez görüşəcəyik və tez-tez də sevinəcəyik.
    Ə d i l ə. Doğrudan? Siz düz deyirsiniz? Əlbəttə, düz deyirsiniz. Əlbəttə, doğru deyirsiniz. Bir də belə yersiz suallar vermərəm. Biz tez-tez görüşəcəyik, lap tez-tez. Çünki başqa cür mümkün deyil. (Yenə get-gedə həyəcanlanır.) Daha bu cür mümkün deyil, başa düşürsüzmü? Mümkün deyil. Mən daha bu cür yaşaya bilmərəm. Insan nə qədər özünü aldadar? Bu qədər mənasızlıq olarmı? Bu qədər eynilik olarmı? Niyə həyat mənim üçün bu qədər boş keçir? Adam nə qədər xəyala dalar? Adam nə qədər öz-özü ilə danışar? Nə vaxta qədər yalnız öz xəyalında, xəyalən qurduğu aləmdə xoşbəxt olar? Axı, nə vaxta qədər eyni bir sual mənim qulaqlarımı deşəcək: « – Nə olsun?» – Nə vaxta nədər? Axı, artıq buna tab gətirmək mümkün deyil. Mümkün deyil, bilirsinizmi?
    K i ş i. Bilirəm.
    Ə d i l ə. Bilirsiniz, əlbəttə, bilirsiniz. Siz hər şeyi bilirsiniz.
    K i ş i. Biz sizinlə çox söhbət edəcəyik. Mən məktub alana qədər sizinlə görüşəcəyik.
    Ə d i l ə. Siz məktubu alana qədər? Sonra biz daha görüşməyəcəyik? Tələsməyin o məktubu almağa, xahiş edirəm, tələsməyin. Bəlkə sabah gəldi? Yox, siz məktubu alandan sonra da biz birbirimizlə görüşəcəyik, çünki həmin məktubda xoş xəbər olacaq, mən indidən duyuram.
    K i ş i. Yox, həmin məktub gələndən sonra daha biz bir-birimizə lazım olmayacağıq. Bizim görüşməyimizə, söhbətimizə artıq ehtiyac olmayacaq, çünki o məktub gələcək.
    Ə d i l ə. Mən bunu istəmirəm. Istəmirəm bunu.
    K i ş i. Hər şey yaxşı olacaq, siz ki, bunu indidən duyursunuz... (Əlini Ədilənin əlindən çəkir.) Yaxşı olacaq hər şey...
    Ə d i l ə. Siz bunu tamaşaçılar üçün xəbərdarlıq kimi deyirsiniz, ya doğrudan da belə olacaq?
    K i ş i. Doğrudan da.
    Ə d i l ə. Siz gedirsiniz?
    K i ş i. Mən yenə gələcəyəm.
    Işıq yavaş-yavaş yanmağa başlayır. Ə d i l ə öz yerində oturub. Işıq tamam yandıqda artıq Kişi yoxdur; o gedib. Ədilənin pəncərəsinin qarşısında gözünə eynək taxmış, əlində əsa olan Qoca Professor dayanıb.
    Qoca Professor(sol əlində tutduğu məktuba baxaraq). Ay xanım, ay gözəl, ay qəşəng, axı, neçənci dəfədir dedim ki, mənim familyam Əliquluzadədir, siz yenə də nə məktub vermisiniz mənə? Bu məktub ki, (höccələyə-höccələyə oxuyur) Qəm-bər-qu-lu-za-də-yə-dir. Ay balam, mənim Qəmbərquluzadə ilə nə işim var? Axı, mən Əliquluzadəyəm, bayaq Martirosyan, indi də Qəmbərquluzadə...
    Ə d i l ə (elə bil yuxudan ayılır). Nə deyirsiniz? Ah, bağışlayın, üzr istəyirəm, bağışlayın. Nə oldu sizin familiyanız?
    Qoca Professor(heyrətlə Ədiləyə baxaraq). Pardon, pardon! Bu oldu gözgörəsi adam dolamaq. Professor Əliquluzadəni dolamaq olmaz. Mən buna dözə bilmərəm. Pardon! Hanı sizin müdiriniz? Müdirinizi çağırın!

DÖRDÜNCÜ ŞƏKİL

    Poçt şöbəsi. Günorta fasiləsidir. Işçilər istirahət edir: kimi yeyir, kimi söhbət edir, kimi qəzet oxuyur. Yoldaş Tək də, Baba da öz yerlərində oturublar. Ədilə, Züleyxa, Gülzar əyləşib söhbət edirlər. Qarı yenə də səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.
    Qarı(corab toxuya-toxuya elə bil öz-özü ilə danışır). Bu corabı ikinci oğlum üçün toxuyuram. Birinci oğlum etibarsızdır. Amma ikinci oğlum ən yaxşı oğlumdur. Ən çox onu istəyirəm. Özü də su kimidir. Su kimi təmizdir, su kimi mülayimdir, su kimi oxşayır adamı... Bu corabı onunçun toxuyuram... (Işinə davam edir.)
    Z ü l e y x a. Bilmirəm, Ada, sənə nə olub axır vaxtlar...
    Ə d i l ə. Nə olub ki?
    G ü l z a r. Belə birtəhər olmusan e-e-e...
    Ə d i l ə. Necə birtəhər?
    Gülzar çiyinlərini çəkir.
    Z ü l e y x a. Əvvəlki Ədilə deyilsən, deyib-gülən, pişiyi ağaca dırmaşdıran, yüz cür hoqqadan çıxan Ədilə... Əvvəlki Ədilə...
    Ə d i l ə. Əvvəlki Ədilə?
    Kiçik pauza.
    Sən də əvvəlki Züleyxa deyilsən axı, Zülya... Yenə zarafat edirsən, yenə deyib-gülürsən, amma bunlar hamısı sövq-təbiidir, bəlkə də artistlik edirsən, kim bilir? Əvvəlki Züleyxa artıq yoxdur. Əvvəlki Ədilə də yoxdur. Əvvəlki Gülzar da yoxdur.
    G ü l z a r. Bunlar hamısı məlumdur e, Ada, əlbəttə, mən də əvvəlki Gülzar deyiləm. Ola da bilmərəm axı. Mənim indi otuz bir yaşım var, mən necə iyirmi yaşlı Gülzar ola bilərəm? Mən indi iyirmi yaşlı Gülzar kimi gülə bilərəm məgər? Heç vaxt. Əslində, iyirmi yaşlı Gülzarın o cür ürəkdən güldüyünə görə, o cür təmiz, biclikdən uzaq gülüşünə görə, indi mən bu günə düşmüşəm. Heç nə barədə fikirləşmədi iyirmi yaşlı Gülzar, heç nə barədə düşünmədi, boş-boşuna keçirtdi vaxtını, Jan Mareyə vuruldu, Rəşid Behbudovu sevdi, elə bildi ki, elə həmişə belə olacaq, day demədi ki, Zulya demişkən, ətdən olan divara etibar yoxdu... Keçirtdi vaxtını ay nə bilim tansda, kompaniyalarda, ay nə bilim, orada, burada, bu da axırı... Bilmirəm təqsirləndirimmi iyirmi yaşlı Gülzarı ki, niyə mənim indiki günüm üçün ağlamamısan, başqaları kimi (ironiya ilə) ciddi olmamısan, ya deyim ki, əcəb eləmisən, cavanlıqda yaşamısan, kef çəkmisən, lap əlinin içindən də gəlib... Mənim taylarımın az qala ərə verilməli qızları var, bəs mən? Qalmışam aralıqda. Kim alacaq məni? Heç kim. Başım ağarıb daha... Bir azdan pudra-kraska da kömək etməyəcək, olacağam staraya koketka. Amma sən başqa. Ada...
    Ə d i l ə. Mənim nəyim səndən fərqlidir?
    Z ü l e y x a. Hələ bir soruşursan da? Gül kimi evin-eşiyin. Gül kimi ailən, ərin...
    Ə d i l ə. Boşla, sən Allah...
    Z ü l e y x a. Bilirəm, Ada, bilirəm: mən sənin cikinə də bələdəm, bikinə də. Xəlil sən istədiyin, sən arzuladığın adam deyil, sənin qızlıq xəyallarındakı rıtsar deyil...
    Ə d i l ə (əsəbi). Qurtar dedim bu söhbəti. Bunların sənə dəxli yoxdur.
    Z ü l e y x a. Həyat biz arzuladığımızdan çox prozaikdir, Ada...
    G ü l z a r. Sevgi, məhəbbət – hamısı boş şeylərdir. Bunlar iyirmi yaşlı gülzarlar üçündür, sonra yox olub gedir... Indi oturub bunların dərdini çəkməyə dəyməz...
    Ə d i l ə. Nə düşmüsünüz mənim üstümə e?.. Bunları mən hamınızdan yaxşı bilirəm. Amma niyə? Nə üçün belədir?
    Z ü l e y x a. Görürsən, sən soruşursan, soruşursan ki, nə üçün? Görürsənmi sən bu sözləri necə yana-yana deyirsən. Çünki sən bununla barışa bilmirsən. Sən bunu ağlına sığışdıra bilmirsən. Bu barədə fikirləşəndə dəhşət səni basır. Amma nahaq yerə. Sən yenə əvvəlki Ədilə kimi fikirləşirsən, ona görə də indi əvvəlki Ədilə deyilsən. Sən indi daha təcrübəlisən, daha çox görmüsən, odur ki, daha ayıq fikirləşməlisən. Sən indi əvvəlki Ədilənin xəyallarına gülməlisən, özü də lap ürəkdən gülməlisən. O zaman sən yenə də əvvəlki Ədilə kimi qayğısız olarsan. Sənin hər şeyin var, Ada. Bu saat mənim arzuladığım odur ki, Xəlil kimi bir kişi çıxsın qarşıma, evlənib yaşayaq özümüzçün. Mən öz xoşbəxtliyimi, bax, bunda görürəm.
    G ü l z a r. Day demə.
    Ə d i l ə. Əgər bir də Xəlilin adını çəksəniz, mənimkiylə sizinki qurtardı...
    G ü l z a r. Düz deyir, əşşi, başqa söhbət edin bir az ürəyimiz açılsın.
    Z ü l e y x a. Nə başqa söhbət? Dünən Firaya zəng etmişəm ki, mənə bir az borc ver, krinplin palto gəlib, almaq istəyirəm. Deyir ki, Alikin canı üçün, heç bir qəpiyim də yoxdur.
    G ü l z a r. O qədər yalandan Alikin canına and içəcək ki, axırda Aliki də dükandan çıxarıb mitilini atacaqlar bayıra. Bayaqdan öz yerində oturub kağız-küğuzla məşğul olan Yoldaş Tək saatına baxır, sonra başını yuxarı qaldırıb qışqırır.
    Y o l d a ş T ə k. Baba!
    Baba dərhal altındakı kürsünü qırağa çəkib ayağa qalxır.
    B a b a. Bəli, Yoldaş Tək!
    Y o l d a ş T ə k. Fasilə bitdi.
    B a b a. Bu dəqiqə, Yoldaş Tək!
    Baba gəlib poçt şöbəsinin qapısını açır.
    Züleyxa (ayağa qalxır). Yaxşı, biz getdik, Ada.
    Ə d i l ə. Privet.
    Gülzar (ayağa qalxır). Privet. Özünü üzüb əldən salma. Dünya fanidir, ömür bivəfa... (Gülür.)
    Züleyxa ilə Gülzar qapıya tərəf gedirlər.
    Z ü l e y x a. Sağ olun, Baba müəllim.
    G ü l z a r. Gecən xeyrə qalsın, Baba müəllim.
    Baba(Gülzarın qolundan tutur). Gəlin gedin, gəlin gedin.
    Gülzar(səksənərək bərkdən qışqırır). Oy! Əlini çək qolumdan! Tez! Tez!
    Y o l d a ş T ə k (ayağa qalxır). Nə olub, yoldaşlar?
    Z ü l e y x a. Adə, mürdəşir oğlu mürdəşir, uşağın qolundan niyə tutmusan? Şorgözün biri!
    Baba Gülzarın qolunu buraxır. Qızlar gedirlər.
    Baba(hiddətlə). Ah, olaydı məndə ixtiyarınız... Kökünüzü kəsərdim. Findifülüşkalar! Burcudaburcuda getmələrinə bax. (Göstərir.)
    Y o l d a ş T ə k (Babaya yaxınlaşaraq.) Baba, sənə demişəm ki, bu qızlarda işin olmasın?!.
    B a b a. Ay bunlara qız deyənə mən nə deyim. Görmürsünüz, Yoldaş Tək, sizin rəhbərlik etdiyiniz müəssisəyə nə vid-fasonda gəlirlər. Qeyrət məni boğur axı...
    Y o l d a ş T ə k. Eyb etməz, işin olmasın. Bunlar ən qorxulu adamlardır. (Ədiləyə işarə edərək yavaş səslə) Bunu görmürsən?.. Yoldaş Məlikməmmədovun şəxsən özü ilə eşq-məhəbbət macərasındadır, səhərlər onun evindən gəlir...
    Baba(Ədiləyə baxaraq az qala pıçıltı ilə). Yoldaş Məlikməmmədov kimdir, Yoldaş Tək?
    Y o l d a ş T ə k. Lap yuxarıların adamıdır.
    B a b a (Ədiləyə baxa-baxa heyrətlə). Doğrudan?..
    Yoldaş Tək başının işarəsi ilə təsdiq edir. Sonra hərə öz yerinə qayıdır. Adamlar poçt şöbəsinə girib-çıxmağa başlayır. Ədilənin gözləri yenə yol çəkir. Onun bütün hərəkətləri mexanikidir. Qara frak geymiş Skripkaçı əlində skripka içəri daxil olub Ədiləyə yaxınlaşır və skripkanı qaldıraraq düz Ədilənin başı üzərində çalmağa başlayır. Kişi qapıdan içəri girir. Ədilə onu dərhal görür.
    Ə d i l ə (şaşqın). Gəldiniz?..
    K i ş i. Salam.
    Ə d i l ə. Mən qorxurdum ki, siz gəlməyəcəksiniz...
    K i ş i. Mən ki, sizə söz vermişdim.
    Kiçik pauza.
    Mənim məktubum gəlməyib?
    Ə d i l ə. Yox, gəlməyib... Qoyun bir də baxım təzədən. (Məktubları araşdırır.) Yox...
    K i ş i. Eyb etməz. Əslində mən sizi dəvət etməyə gəlmişəm.
    Ə d i l ə (sevinclə). Məni dəvət etməyə? Hara?
    K i ş i. Hara istəyirsiniz. Restorana gedək, oturaq, söhbət edək.
    Ə d i l ə (eyni sevinclə). Restorana?.. Doğrudan? Harada?
    K i ş i. Harada istəyirsiniz.
    Yavaş-yavaş işıq sönür, digər işçilər, gedib-gələnlər, eləcə də bayaqdan səhnənin sağ küncündə oturub elə hey corab toxuyan Qarı görünməz olur. Yalnız Ədilə ilə Kişi və onların yanında durub skripkaçalan ifaçı görünür.
    Ə d i l ə. Harada istəyirəm?.. Gedək... gedək Kislovodska... «Xram vozdux»da oturaq... Yox... «Zamok»da oturaq, çaxır içək... Yox, yox, Şuşaya gedək... Cıdır düzünə... Istəyirsiniz Isa bulağına... Yox, Cıdır düzünə... qoy kəklikotunun iyi burnumuzu deşsin, eybi yox, tab gətirərik. (Gülür.) Daşaltına baxarıq... Qoy gözlərimiz qaralsın, biz heç nədən qorxmuruq. Lap istəsəniz Qırx pilləkənlə aşağı düşərik... Biz uşaqlıqda həmişə yay ayları Şuşaya gedərdik. Onda atam sağ idi... Mən də qayğısız, azad bir qız uşağı... Cıdır düzünə gedib dağlara baxırdım, arzulardım ki, tez böyüyüm, bu dağların qarşısında, bu təbiətin qarşısında qadir olum, ürəyi sevgi ilə dolu olum, qucaqlayım bu dağları, sevincimi bölüşüm kiminləsə... Indi isə... Indi isə yenə uşaq olmaq istərdim... Yenə uşaq arzularımla özümü aldatmaq istərdim... Amma biz bu gün bu barədə danışmayacağıq. Biz Cıdır düzünə gedib yalnız sevinəcəyik... Gedək?
    K i ş i. Gedək.
    Asta addımlarla səhnənin ortasına gəlirlər. Qara frak geymiş Skripkaçı da skripka çala-çala onların ardınca gəlir, sonra onlar danışdıqca barmaqlarının ucunda yavaş-yavaş səhnədən çıxır və skripkanın səsi eşidilməz olur.
    Ə d i l ə. Kəklikotunun iyini hiss edirsinizmi? Biz nağıl içində deyilik ki?... (Dərindən nəfəs alır.) Tab gətirəcəksinizmi bu iyə? (Yenə dərindən nəfəs alır.) O dağlara baxın. Dumanlı dağlar... (Sualdolu nəzərlərlə Kişiyə baxır, elə bil nə isə gözləyir.)
    K i ş i (kiçik pauzadan sonra).
    Dağlar dumana qaldı,
    Otu sarala qaldı.
    Soyuq bulaq, göy çəmən–
    O da marala qaldı...
    Ə d i l ə (onun qoluna girir). Bir dəfə də ora gedərik, bax o dağların təpəsinə qalxarıq. Alaçıq qurarıq orda... Baxın nə qədər gül-çiçək var... Mən bu yerlərdə olmuşam, amma heç zaman belə həzz almamışam... bu sizə görədir... (Dərindən nəfəs alır.) Hop-hop quşlarının səsini eşidirsinizmi? Bilirsinizmi onlar nə deyir? Onlardan birinin adı Isa, o birinin adı Musadır. Elə hey bir-birlərindən soruşurlar: «Isa, tapdın? Musa, yox, Musa, tapdın? Isa, yox...» Onlar iki qardaş idi. Ikisi də çoban idi. Bir gün çox sevdikləri bir quzu itir. Onlar nə qədər axtarırlarsa da quzunu tapa bilmirlər. Allahdan arzu edirlər ki, quş olub quzunu axtarsınlar. Allah da onları quş edir. Amma indiyə qədər axtarırlar, quzunu tapa bilmirlər... Görürsünüzmü, Allah onları o saat quş edir, amma kiçik bir quzunu onlara göstərmir ki, əzablarına son qoysun... Bəlkə quzunu canavar aparıb? Axı, bu dağlar, bu meşələr canavarla doludur... Amma biz söz vermişik ki, bu gün canavarlardan, tülkülərdən, çaqqallardan danışmayacağıq... Biz bu dağlara baxıb sevinəcəyik... (Yenə dərindən nəfəs alır.) Nə üçün insanlar pis qoxuya tab gətirmir, amma kəklikotunun iyinə hamı tab gətirir? Axı, bu düzgün deyil. Gərək pis qoxu pis adamların vecinə olmasın. Gərək pis qoxuya yalnız yaxşı adamlar tab gətirməsin. Əslində gərək pis adamlar xoşlansınlar pis qoxudan... Gərək pis adamlar kəklikotunun iyinə tab gətirməsinlər. Kəklikotunun iyinə ancaq yaxşı adamlar tab gətirə bilər...
    K i ş i. Deməli, dünyada pis adam yoxdur?..
    Ə d i l ə. Pis adam yoxdur? Niyə?
    K i ş i. Çünki hamı kəklikotunun iyinə tab gətirir...
    Ə d i l ə (sərt). Yox, bu düz deyil, mən belə istəmirdim. Bizim qonşuluğumuzda kor bir kişi olurdu: Məmmədbağır kişi. O, deyirdi ki, dünyada pis adam yoxdur, çətini adamları yaxından tanıyana qədərdir, yaxından tanıyandan sonra, fikrinə-zikrinə, güzəranına bələd olandan sonra, baxıb görəcəksən ki heç kim pis adam deyil. Doğrudanmı belədir? Axı, rüşvətxora hansı bəraət ola bilər? O necə yaxşı adam ola bilər? Yaltaq necə yaxşı adam ola bilər? Oğru necə yaxşı adam ola bilər? Doğrudur, hamı kəklikotu iyindən xoşlanır, amma biri yaxşı işlər fikirləşə-fikirləşə, o birisi pis işlər barədə fikirləşə-fikirləşə... Ola bilsin ki, biri heç kimə pislik etmək barədə fikirləşmir, öz mənfəəti barədə fikirləşmir, amma o, bədbəxtdir, deməli, o, artıq adamdır, deməli, lazımsız adamdır; bu gözəlliyə gərək deyil, bu çəmənə, bu dağlara gərək deyil, çünki o özü özünü xoşbəxt edə bilməmişdir... Eşidirsinizmi cırcıramanı? Yazıq adam heç zaman bu gül-çiçək içərisində o cırcırama səsinin məlahətini hiss etməyəcək. O, həmişə öz taleyinin qılıncı altındadır. O, heç kimə pislik etməyib, heç zaman pis bir iş barədə fikirləşmir. Amma bədbəxtdir, yazıqdır, acizdir, deməli, pis adamdır, çünki o gərəksizdir, lazımsızdır. Bədbəxtlər, yazıqlar, acizlər bugünkü cəmiyyətə yad və yabançıdır... Mən də pis adamam.
    Kişi (sakit). Niyə?
    Ə d i l ə (ondan aralanaraq). Çünki mən, bax, bu yerlərdə çox olmuşam, axır vaxtlar da olmuşam, Xəlillə birlikdə. Bu kəklikotu iyindən xoşallanmışam, bax, həmin dumanlı dağlara tamaşa etmişəm, bax, bu Daşaltı çayının qıjıltısına qulaq asmışam, bu cırcırama səsinə valeh olmuşam və bütün bunlar mənə sevinc yox, kədər bağışlayıb. Mən həmişə özüm barədə fikirləşmişəm, öz uğursuz həyatım barədə düşünmüşəm. Bu gözəllik mənə yalnız qəm-qüssə gətirib, deməli, mən pis adamam...
    Kişi (kiçik pauzadan sonra). Bəs nə üçün siz bu gözəlliyə tamaşa edərkən düşünməmisiniz ki, öz uğursuz həyatınızla vidalaşasınız? Nə üçün siz düşünməmisiniz ki, nə vaxta qədər bu gözəllik sizə qəm-qüssə gətirəcək? Nə üçün siz bu gözəlliyə tamaşa etdikdən sonra uğurlu bir həyat yaşamamısınız?
    Ə d i l ə. Çünki, bu, mümkün deyil.
    Kişi (gülümsəyir). Bu bir təskinlikdir, elə deyilmi? Bu bir təskinlikdir ki, öz-özünə deyəsən: «Bu, mümkün deyil».
    Ə d i l ə. Yox, bu bir təskinlik deyil, bu, həqiqətdir. Mənim bütün tanışlarım göz önündədir. Tamaşaçılar da onları görüblər. Onlar üçün də bu, mümkün deyil. Çünki onlar da buna qadir deyil. Istəyirsiniz onlarla sizi tanış edim? Onda görərsiniz ki, mən haqlıyam, ya yox. Istəyirsinizmi?
    K i ş i. Nə olar...
    Ə d i l ə. Doğrudan? Siz onlarla tanış olmaq istəyirsiniz? Mən bilirəm, siz bunu mənim üçün deyirsiniz... Məni öyrənmək üçün deyirsiniz... Onları tamaşaçılara da tanıtmaq istəyirsiniz... Mən razıyam. Bu, doğrudan, çox maraqlı olar. Ancaq onları sizlə necə tanış edim? (Kiçik pauzadan sonra) Qoy onlar həyatlarında ən dəyərli hesab etdikləri bir hadisəni sizə danışsınlar. Bütün sualları siz verin, siz bir növ, hakimsiniz (Işgüzarlıqla) Yaxşı, kimdən başlayaq?
    K i ş i. Yoldaş Təkdən.
    Ə d i l ə. Oldu. (Çağırır.) Yoldaş Tək! Yoldaş Tək! Yoldaş Təkin səsi. Mənimləsiniz, yoldaş Ədilə?
    Ə d i l ə. Bəli, sizinləyəm. Bir dəqiqəlik bura zəhmət çəkin.
    Yoldaş Tək qaranlıqdan çıxıb onlara yaxınlaşır.
    Y o l d a ş T ə k. Salaməleyküm (Kişiyə baxaraq yavaşcadan Ədiləyə) Bu yoldaş kimdir belə?
    Ə d i l ə. O-o-o... Tanımırsınız? (Yoldaş Təkin qulağına nə isə pıçıldayır.)
    Yoldaş Tək(pıçıltı ilə). Yəni lap yuxarıların?
    Ə d i l ə başını tərpədərək təsdiq edir.
    Y o l d a ş T ə k (yenə pıçıltı ilə). Bəlkə yoldaş Məlikməmməf3dedovdur?
    Ə d i l ə. Yox, daha yuxarılardandır. (Barmağı ilə göyü göstərir.) Ordan.
    Y o l d a ş T ə k (heyrətlə kişiyə baxır). Pah atonnan!
    K i ş i. Siz Alməmməd Gülməmməd oğlu Təksiniz. Əsl familiniz Cəbrayılovdur.
    Y o l d a ş T ə k. Bəli, yoldaş... e-e-e... yoldaş... (Ədiləyə baxır, yəni ki, bu yoldaşın famili nədir?)
    K i ş i. Sizin əlli doqquz yaşınız var. Evlisiniz. Üç uşağınız, iki nəvəniz var. Siz poçt şöbəsinin müdirisiniz.
    Y o l d a ş T ə k. Bəli...
    K i ş i. Indi siz bütün həyatınız boyu ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız.
    Y o l d a ş T ə k. Həyatımdakı ən dəyərli hadisəni?
    K i ş i. Bəli.
    Y o l d a ş T ə k (Ədiləyə). Görəsən neyləyir bunu? Xeyirdir?
    Ə d i l ə çiyinlərini çəkir.
<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 733 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more