Sayalı Qurbana ərə gedəndən sonra qəlbində qəribə bir hissin baş qaldırdığını duyurdu. O istəyirdi ki, əri adli-sanlı adam olsun, Sayalını barmaqla göstərib "filankəsin arvadıdır" desinlər. Amma hər dəfə məktub alanda Sayalı məyus olurdu. Qurban hey zarıyırdı.
Sayalı əvvəlcə ürəyində onu asıb kəsir, "tabsız", hətta "qorxaq" deyə qarasına danışırdı. Bəzən də "neyləsin? - deyirdi, - yazıq çöl gorməmişdi". Gah da o, ərinin qayıtmayacağını təsəvvürünə gətirirdi. Belə hallarda körpələrinə baxıb dəhşətə gəlirdi. "Yox, qoy şikest olsun, iraq canından, bir qolu, bir qıçı olmasın, amma qayıdıb evinə gəlsin, balalarını yetim qalmasın" - deyirdi.
Qaranlıq bir qış gecəsində, bu cür qarmaqarışıq fikirlərdən sonra Sayalı yenicə yuxuya getmişdi ki, birdən itlər hürüşdü, sonra qapı döyüldü. O səksəkəli halda soruşdu: "Kimsən?" Bayırdan boğuq səs eşi-dildi: "Mənəm, aç qapını".
Sayalı qapını açanda gözlərinə inana bilmədi. Gələn Qurban idi. Üz-başını tük basmışdı. Şineli palçığa bulaşmışdı. Sarıqlı qolu boynundan asılmışdı. Sayalı ərinin boynuna sarılıb ağladı. Qurban onu sakitləşdirdi.
-Uşaqlar hanı?
-Yatıblar.
Qurban taxtın üstündə yan-yana salınmış yorğan-döşəkdə yatan uşaqlarına yaxınlaşdı. Bir anlığa hər şeyi unudaraq balalanna tamaşa elədi. Özünü saxlaya bilməyib hönkürdü. Uşaqlar oyanıb döyükdülər, gözlərini ovuşdurub mat-mat atalarına baxdılar. Əvvəlcə onu tanıya bilmədilər. Sonra boynuna sarıldılar. Evi marçıltı və gülüş səsləri bürüdü.
Sayalı göz yaşlarını silərək lampanın piltəsini qaldırdı, ocağı qaladı. Ev isindi. Hər şey sakitləşəndən sonra Qnrban qolunu göstərib yaralandığını söylədi.
-Səni təmizmi buraxdılar?
-Yox, qospitala gedirəm. Yolda maşından düşdüm. Uşaqlardan ötrü burnumun ucu göynəyirdi...
Sayalının qaşları çatıldı:
-Hansı qospitala gedəcəksən?
-Nə bilim, hansı olsa. Elə istəyirəm öz rayonumuzdakında yatam...
Səhər onlar birlikdə rayon mərkəzinə, xəstəxanaya getdilər. Cəbhədən yenicə gətirilmiş yaralıları qəbul edirdilər. Qurban da onlara qarışdı... İki gündən sanra Sayalı yenə əri ilə görüşdü. Bu dəfə Qurbanın rəngi daha da ağarmışdı. Gözləri çuxura düşmüşdü. Dili-dodağı təpimişdi.
O, arvadını bir küncə çəkdi.
-Sayalı, ölmüşəm, meyidimi götür, amanın bir günüdür, məni çevir uşaqların başına.
-Nə olnb, a kişi?
Qurban ehtiyatla ətrafa baxdi. Pıçıltı ilə:
-Deyəsən, üstü açılacaq, - o, yaralı qolunu göstərdi, - özüm eləmişəm... Sayalı ilan çalırmış kimi dik atıldı. Bir-iki addım geri çəkilib ərini nəzərdən keçirdi. Qurbanın elə pərişan görkəmi vardı ki, yağının da yazığı gələrdi. Sayali dinmək istədi, bacarmadı. Qəhər onu boğdu.
-Məni çevir uşaqlarının başına, - deyə Qurban yenə xırıldadı.
-Bir xatadır, əlimdən çıxıb. Gör bir təhər kömək eyləyə bilərsənmi... Sayalının bədəninə üşütmə düşdü. Çiynindəki ağ yun şala bərk-bərk bürünərək, dinməz-söyləməz, evinə qayıtdı. Taxtın üstünə döşənib hönkürtü ilə ağladı. Uşaqlar onun başına yığışdılar.
-Ana, nə olub?
-Dədəm getdi?
-Dədəmi ürəyim elə istəyir ki!.. Bəs havaxt gələcək?
-Mən dədəmdən küsmüşəm. Bizi qoyub niyə getdi?
-Doktor qolunu sarıdımı, ay ana?
Sayalı dinmirdi, hönkürtüsünü boğmaq istəyirdisə də bacarmırdı, çiyinləri qalxıb-düşürdü.
Uşaqlar da hönkürüşdülər. Sayalı özünü toplayıb ayağa durdu. Göz yaşını silib uşaqlarına baxdı. Onlar boyunlarını büküb dodaqlarını büzmüşdülər. Lap balaca qızın saçı gözünün üstünə tökülmüşdü. Burnundan selik axırdı. O, balaca yumruqları ilə gözlərini ovuşdururdu.
-Dədəm niyə gəlmədi, ay ana?
Sayalı uşaqlarıni bir xeyli süzdü. Elə bil onlar analarından imdad istəyir, "bizi atasız qoyma" deyirdilər. Sayalı titrədi, uşaqlarının yetim qalacağını düşünüb dəhşətə gəldi.
Qaranlıq qarışdı. Sayalı ocağı qalamadı, lampanı yandırmadı. Uşaqlarına yer saldi, özü isə gəbənin üstünə uzanıb dirsəkləndı. Səhərə qədər gözlərini yuma bilmədi. "Bəs el-oba bilsə buna nə deyər? El içində rüsvay olaram. Camaatın üzünə necə baxacam? Axı mənim bəxtim niyə qaradır?!" O, əvvəlki ərinin necə tutulub aparıldığını gö-zünün qabağına gəlirdi. İkinci dəfə bu cür rüsvay olacağını düşünəndə bədəni əsdi...
Sayalı qapıdakı camışı və gəbələrdən birini satdi. Hərbi xəstəxananın qapısina ayaq döyməyə başladı, çətinliklə də olsa, istədiyi adami tapdı...
Bir aydan sonra Qurban yarım illik möhlət alıb evlərinə qayıtdı. Kənddə ona hörməl etdilər. Hətta arvadlar yığışıb onu sədr seçdilər. Qurban o qalmaqla qaldı.
İlk günlər o hamının hörmətini qazanmağa çalışdi. Əsgər ailələrinə kömək etdi, otu olmayana ot, taxılı olmayana taxıl payladı. Kolxozun sulu yerini əl altından bölüşdürüb istədiyi adamlara payladı. "Qarğıdalı əkin, bostan becərin. - dedi, - birtəhor başınızı dolandirın". Bəzən Sayalı ərinin hərəkətlərinin səbəbini soruşanda "arvad, sən qarışma, deyə Kosaoğlu cavab verirdi, - mən nə elədiyimi bilirəm".
Yavaş-yavaş kənddə Kosaoğlunun başına and içənlər çoxaldı. Arvadların dili ağzına sığmadı: "Allah onun ömrünü uzun eləsin, o olmasa axırımız itərdi".
Kosaoğlu öz hərəkətlərindən məmnun qalır, "belə etməsəm olmaz, - deyirdi, - yoxsa ağzıgöyçəyin biri məsələni öyrənər, gedib xəbər verər. Ondan sonra tribunaldan yaxamı qurtara bümərəm. Bir də ki, mən nə itirirəm, kolxozun varı- dövlətidir, paylayıram".
Aylar keçdikcə Qurban yerini möhkəmlədirdi. Onun qapısına gəlib-gedənlər çoxaldı.
Kazımla Kosaoğlunun dostluğu da elə bu vaxtdan başlamışdı. Soyuq bir qış axşamı Kazım boynunu büküb sədrin evinə gəldi. Onun qabağına çay-çörək qoydular. Ancaq Kazım dilinə heç nə vurmadı. Bunu görən Kosaoğlu:
-Ə, boğazın tikilməyib ha, niyə çörək yemirsən?
-Vallah düz deyirsən, elə boğazım tikilmiş kimidir, bu saat gözümə çörək-zad görünmür.
-Ə, nə olub?
-Qurban qağa, paveska gəlib, deyəsən, əsgər aparacaqlar, - Kazım doluxsundu. - Mənə kömək elə, birtəhər vayonkomla danış, möhlət versin.
Kosaoğlu ona söz verdi, səhəri rayona getdi. Hamıdan xahiş etdi ki, heç olmasa qoyun, kolxozda bir kişi briqadiri qalsın. Bir sədr kimi onun sözünü eşitdilər. Bundan sonra Kazım Kosaoğlunun qarşısında əlibağlı qula döndü. Qurban yavaş-yavaş onu özünə köməkçi etdi. Kolxozun sulu yerindən ona da bir hektar verdi. "Özünə bostan ək" - dedi. Kazım sevinə-sevinə həmin yeri becərdi. Payızda isə qarpızları şəhərə satmağa apardı. Kəndə bir ətək pulla qayıtdı.
Bir gün Kosaoğlu onu yanına çağırdı:
-Bəs mənim payım?
Kazımın məsələni başa düşmədiyini hiss edən Kosaoğlunun qaşları çatıldı: Özünü niyə qanmazlığa qoyursan? Səni əsgərlikdən saxladım, kolxozun yerini verdim, bostan əkdin. Elə bilirsan bunlar müftə başa gəlir? Təkcə sən yox, elə hamınız beləsiniz. Heç olmasa sənə çəkdiyim xərci ödə.
Kazım heç nə demədi. Dinməz-söyləməz evə qayıtdı, bostandan qazandığı pulun yarısını gətirib Kosaoğluna verdi.
Var-dövlət artdıqca Kosaoğlu özünə dost tutmağa çalışır, rayondan kolxoza gələnləri dərhal evinə aparır, onları yedirib-içirməmiş buraxmırdı. Ortada əl iyi kimi fırlanan Kazım gah dükana, gah anbara qaçır, gah da kolxozçuların birinin qapısinı döyüb, "kişinin rayondan qonağı gəlib, bir heyvan ver" - deyirdi.
Bəzi rayon işçiləri bu evə ayaq açandan sonra Kosaoğlu daha da dirçəldi.
Sayalı evinin cah-cəlalmı gördükcə sevinir, Qnrbanın başına pərvanə kimi dolanırdı. Əvvəllər qonaqlara özü qulluq edən Sayalı yavaş- yavaş əlini işdən çəkdi. Nə çox idi qonum-qonşuda bir qann çörək üçün kömək istəyən...
Sayalı nəyinki ev işindən, kolxozun işindən də əl çəkdi. Qurban ona dedi ki, "evdə otur, heç yerə getmə. Görürsən ki, qapımızdan qonaq əksik olmur". Aylar ötdükcə Sayalı ətə dolub qəşəngləşir, ipək paltarın birini soyunub, o birini geyinirdi. Kənddə bir toy, bir məclis onsuz keçmirdi. Oğluna nişan qoyan da, qızını ərə verən də, evinə gəlin gətirən də, əsgərlikdən oğlu gələn də əvvəlcə onunla məsləhtıtləşməliydi, yoxsa Sayalının burun-damağını yığıb-yığışdırmaq olmazdı.
Müharibədən sonra da bu vərdiş bir müddət davam etdi. Onsuz bir iş olanda Sayalı əlini belinə qoyub qışqırırdı: "Nə tez yadından çıxdı? Dava vaxtı səni mən saxlamadımmı? Neçə dəfə qapıma gəldin, çörəkləyib yola saldım. İndi ağzınız genişliyə çıxıb? Qurban olmasa idi heç sümüyün də qalmamışdı. Yoxsa axsaya- axsaya gəlib yalvardığın, məni uşaqların başma çevir dediyin yadından çıxıb?" Kosaoğlu da arvadından geri qalmırdı. Müharibə dövründə kəndə hökmranlıq edən bu adam heç kəsi tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində saxlamağa çalışırdı.
...Çay-çörəkdən sonra Şahnaz süfrəni yığışdirıb qonşu otağa keçdi. Ər-arvad tək qaldı. Qurban gümüş qutusunu çıxardıb sarı saçaqlı tütündən papiros eşdi.
-Bu gədə bizim başımıza oyun açmasa yaxşıdır. Sayalı təəccüblə ərinin üzünə baxdı.
-Hansı gədə?
-Tükəzbanın oğlunu deyirəm. Deyəsən, atası kimi tərsin biridir.
-Elə şey olmaz, a kişi, dünən yolda gördüm, yaman xoşuma gəldi.
Deyəson, mərifətli uşaqdır. Heç inanmazdım ki, dul Tükəzban belə oğul böyüdə.
Kosaoğlu istehza ilə güldü:
-Eləliyinə baxma, şuluq uşaqdır.
-Olmaya aranızda söz olub?
-Yox, - deyə Quıban sakitcə cavab verdi, - hələ heç nə olmayıb.
Amma ağzının havasından görürəm ki, bizimki tutmayacaq. Mən belə fikirləşmirdim.
Bir anlığa aralığa sükut çökdü.
-Bəs necə fikirləşirdin, a kişi?
Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladi, sağ əlini qırxıq başında gəzdirdi.
-Doğrusu, yaman diribaş uşaqdır. Elə bil od parçasıdır. Elə ürəyimə yatırdı ki...
O, papirosunu sümürdü. Gözlərini qıyıb otuzluq lampaya baxdi. Sayalı ərinin fikrini başa düşən kimi oldu. Nədənsə Şahnaz gəlib gözlərinin önündə dayandı.
-Düz deyirsən, əyə, birlik olmasa iş yeriməz. İllah da ki, kənd yerində.
-Nə isə, arvad...yer sal yataq. Yaman yuxum gəlir. Sayali yer saldı. Lampanın piltəsini aşağı çəkdi. Bir azdan Qurban xoruldadı. Sayalı isə gözünü tavana zilləyib, işə necə başlayacağını fikirləşdi...
5
Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - dcyə Gülsümə təskinlik vermişdi. Amma evə gəl- dikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."
O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".
Zeynəb bir yerdə durub sakitləşə bilmirdi. Tez-tez eşiyə çıxır, qapıları taqqıldadır, eyvanda hərlənir və öz-özünə deyinirdi: "Gör bir mənim yol göstərənim kim olub? Xır-xır Kazım! Hamısını da eləyən o Kosaoğludur. Zərər yoxdur. Görünür, o hələ məni yaxşı tanımayıb. Mən onu bir Kosaoğlu elərəm ki, biri də yanından çıxar". Zeynəb içəri girdi, şalını başına örtüb bayıra çıxdı. Çəpori ayaqlayıb qonşu həyətə keçdi, Tükəzban xalanı çağırdı. Arvad eyvanda göründü.
-İmran evdədirmi?
-Yox, səhərdən getdiyidir. İdarədə olar. Neyləyirdin?
-İşim var.
-Gəl otur, indicə gələr, şər qarışır.
-Yox, Tükəzban xala, gözləyə bilmərəm.
O, dönüb aralandı.
Qaranlıq düşürdü. Qapı-bacalarda qaraltılar çoxalırdı. Baltalar taqqildayır, dallarında səbətlə saman gətirən uşaqlar tövlələrə yaxinlaşırdılar. Arvadlar buzovu əmizdirdikdən sonra çəkib mıxa bağlayır, südü evə qoyub qayıdır və qarın üstündə ot yeyən inəkləri haylayıb dama salırdilar. Bəzi qapılarda itlər yal üstündə boğuşurdu. Yavaş-yavaş sazaq başlayır, göy üzündə təkəmseyrək ulduz görünürdü. Dərsdən qayıdan uşaqlar tələsir, özlərini evə salmağa çalışırdılar. Onların bəziləri soyuqdan büzüşür, bəziləri də papaqlarınin qulaqları atıla-atıla qaçırdılar. Pəncərələrdə titrəyən işıqlar çoxalır, bacalardan çıxan tüstü axşam toranlığına qarışıb yox olurdu.
Zeynəb heç nəyə fikir vermədən irəliləyir, öz-özünə Kosaoğlunu asıb-kəsirdi: "Gərək elə hamı Kosaoğlunun qohumu olsun? Kolxozun xeyir-şərində biz də iştirak etsək dünya dağılmaz ki! Elə gərək hər şeyi qamarlayıb özləri götürsün? Kənd onların adına ha yazılmayıb! Daha bəsdir! Hər şeyi açıb lap gözünün içinə deyəcəm. İslanmışın yağışdan nə pakı? Onsuz da mənə dəli Zeynəb deyirlər".
Zeynəb kolxozun xırman yerinə çatdı. Saman tığlarının yanında kişilər çənələrini yabaya söykəyib söhbət edirdilər. Onlar saman keşikçisinə nə isə deyir, o da qışqırırdı ki, olmaz". Başqa vaxt olsaydı Zeynəb bəlkə də dayanıb söhbət edənlərə salam verər, sinə-sinə tayalara yaxınlaşaraq səbətlərini samanla doldurub qaçan uşaqlara acıqlanar və keşikçiyə sataşıb "gözlə özünü də səbətə qoyub apararlar", - deyərdi. Ancaq indi hövsələsi yox idi.
O, xırmandan tələsik keçib idarəyə doğru addımladı. Xəstxananın yanında, əyninə qara xəz palto geyinmiş Şahnazla rastlaşdı. Onlar sakitcə bir-birini başdan-ayağa xeyli süzdülər. Şahnaz birdən qəhqəhə çokdi.
-Ay qız, şala nə yaman bürünübsən?
-Hamı sənin kimi şuba geyinməz ki, Şahnaz xanım!
-Bıy, xətrinə niyə dəyir, sözdür dedim. Bir də şuba geyinmək pis şeydir? Hələ dayıma demişəm birini də alsın. Bunu bildir Bakıya gedəndə almışdı. Elə yaxşı isti olur ki. Bir də, belə paltar geyinəndə hamının gözü səndə qalır. Bütün oğlanlar dalınca baxır. Ağızlarının suyu axır, sən də ki, onlara məhəl qoymayıb yanlarından keçirsən. Bilirsən adama nə ləzzət verir! Yeriyəndə gerək dabanlarını yerə bərk vurasan ki, bədənin titrəyə. Yoxsa elə-belə yeriməkdən nə çıxar?
-Doğru sözündür?
-Bəs nə? Elə dayımın da yaxşı paltardan xoşu gəlir.
-Yəni o da belə şeyləri qanır?
-Mənə deyir, nə qədər sağam, qoymaram ki, korluq çəkəsən, Ürəyin nə istəyir alacam. Nə cür istəyirsən geyin, gəz. Qoy düşmənlər kür olsun. Mən də ki özün bilirsən, gündə bir paltar geyinməsəm ürəyim partlayar. Hələ qoy yaz gəlsin. Elə nazik paltarlar tikdirmişəm ki, baxanda adamın ağlı gedir. Hamısı da təzə fason. Belləri dar, qolları açıq.
Zeynəb dodağını gəmirdi. Bir istədi onun üstünə atılıb boğazından yapışsın və süpürləyib qara bassın, o ki var əzişdirsin. Amma özünü saxladı.
-Sonra neyləyəcəksən?
-Neyləyəcəm? Nə qədər ömrüm var, gəzib dolanacam. Kefimi sürəcəm. Bu dünya bizə qalmayacaq ki... Ay qız, dəli olma, işləmək-zad boş şeydir. Dünyada adama kef qalacaq. Nə qədər ki cavanam, geyinib-kecinəcəm, kişilərə yanıq verəcəm. Yorulanda da çıxıb gözəl-göyçok oğlanlardan birinə gedəcəm. - O, Zeynəbə daha da yaxınlaşdı. - Heç bilirsən bu oğlanlara mən dağ çəkirəm?!
-Sən canın, düzmü deyirsən?
-Özüm ölüm, düz sözümdür. Bura bax, mənə niyə belə baxırsan?
-Deyirem, ay Şahnaz, görəsən səndə bircə tikə ağıl varmı?
-Kimdə, məndə?
-Bəli, səndə! Kosaoğlunun bacısı qızı Şahnaz xanımda.
-Bura bax ey, - deyə Şahnaz ciddiləşdi, - mən səndən ötrü toxa vuran qızlardan deyiləm. Gözünü aç, mənə yaxşı bax. Yoxsa başına bir oyun açaram, adın da yadından çıxar.
Zeynəb eyni sakitliklə soruşdu:
-Nə qayırarsan'?
-Belə dayıma deyərəm...
-Uzun donumu gödək elər?
-Bəs elməz? - Mənim ha?
-Bəli, sənin!.. Sən nəsən ki?
-Əgər o, yaxşı kişidirsə, qoy əvvəlcə bacısı qızının başına ağıl qoysun.
-Mənə nə olub ki, mən ağılsızam?!
-Bəs nə təhər ki... Lap kamal dəryasısan.
-Bura bax, məni dolama!
-Özündən xəbərin yoxdur, ay yazıq, dolanası günlərə qalibsan. Şahnazın burun pərələri genişləndi. Sinəsi enib-qalxdı. Gözləri oynadı.
-Mənə nə olub ki, yazıq oluram? Dayımın canı sağ olsun. Yazıq sənsən, a yetim! Zeynəbin yumruqları düyünləndi. Bir addım irəli gəlib onun gözlərinin içinə baxdı, Şahnazın bədənini titrətmə götürdü. O, geri çəkilib cığıra düşdü və bir ayağını qaçaraq qoydu.
-Bax, əlini-ayağını farağat qoy. Mən sənə toxa vuran qızlardan deyiləm ki, saçından tutub horabel çəkəsən.
-Kəs səsini! Yoxsa bu saat allahın da, bəndənin də hayıfinı səndən alaram. Arsız! Şahnaz ondan aralanıb özünü xəstəxanaya saldı. Zeynəb bir xeyli yerindəcə dayandı. Onun dodaqları səyridi. Gözləri yaşardı. Güclə hirsini boğub özünü ələ aldı, şalını düzəldə-düzəldə xostəxananın yanından ötüb idarəyə yaxınlaşdı. Birbaş Kosaoğlunun yanına getmək istədi. Ancaq partiya təşkilatçısının otağından işıq gəldiyini görüb ayaq saxladı, nəfəsini dərdikdən sonra üst-başını düzəldib içəri girdi. Nəsib dayı qapıya tərəf baxdı. Zeynəb özünü itirən kimi oldu. Qıza elə gəldi ki, hirsli olduğunu, hətta Şahnazla deyişdiyini Nəsib dayı bilir. O, həyəcanını gizlədib sakitləşmək istədisə də bacarmadı, yanaqları daha da qızardı. Zarafatcıl, gülərüz Nəsib dayı Zeynəbi bu vəziyyətdə görüb gülümsündü.
-Qızım, nə yaman bürünübsən, lap qarıya oxşayırsan.
-Soyuqdur.
-Yaxşı, çovğun qoparma görək, şalını aç, otur. Zeynəb peçin yanındakı skamyada əyləşdi. Nəsib dayı Zeynəbi hər dəfə görəndə bir an sakitcə dayanıb, dinməz söyləməz onun üzünə baxardı. Bu vaxt Nəsib dayının sifətində və gözlərində kədər qarışıq bir sevinc sezilirdi. Elə bil ki, kişinin fikri haraya isə, uzaqlara gedirdi. Bəzən Zeynəb ondan bir söz soruşanda Nəsib dayı heç nə eşitmirmiş kimi susur, haçandan-haçana, yuxudan ayılmış kimi, fikrini toplayıb Zeynəbə cavab verirdi. Bu vaxt Zeynəb onun azacıq qızardığını hiss edirdi. Əvvəllər Zeynəb bunun fərqinə o qədər də varmazdı. Sonralar, Nəsib dayının onunla qabaqlaşarkən özünü itirdiyini, hərəkət və baxışlarında bir qəribəlik olduğunu aydınca görməyə başladı. Zeynəb çox zaman ondan qaçmağa çalışırdı. Lakin Nəsib dayı qızı harda görsə dayanıb kefini soruşurdu. O, elə mehriban olurdu ki, Zeynəbin qəlbindəki şübhələr dərhal dağılırdı. İndi də elə oldu. Nəsib dayı bir az sakitcə baxdı. Sonra ayağa durdu. Zeynəbin şalını alıb divardan asdı. Yenə stolun arxasına keçdi. Fikri dağınıq halda kağızları, qəzetləri qurdaladı. Sonra üzünü Zeynəbə tutdu.
-Xeyir ola, a komsomol, bu qarda-boranda Nəsib dayını nə yaxşı yada saldın? Zeynəb onun sualına sualla cavab verdi:
-Deyin görüm, məni manqabaşçılıqdan niyə çıxardıbsınız? Nəsib dayı heyrətlə qaşlarını çatdı.
-Kim çıxardıb?
-Nə bilim kim? Siz, kolxozumuzun böyükləri kimdirsə, onlar.
-Mənim heç nədən xəbərim yoxdur.
-Niyə yoxdur? Bəs kolxoz sədri bir iş görəndə partkomla məsləhətləşmir? İdarə heyətinin üzvlərini yanına çağırıb onların fikrini soruşmur? Yoxsa kefi nə istəyirsə onu da eləyir?
Nəsib dayı Zeynəbin getdikcə həyəcanlandığını, hirsindən ağlayacağını gördü, onu sakitləşdirməyə çalışdı:
-Axı bu xəbəri sənə kim deyib? Belə iş olsa gərək biz səndən əvvəl bilək, yox? Mən bilmirəm, demək, yalandır. Sən də nahaq yerə özünü üzmə.
-Nəsib dayı, sən bilməsən də, mən hər şeyi bilirəm. Bunun hamısını eləyən Kosaoğluyla xır-xır Kazımdır. O, ilana ağı verən kərtənkələ kimi həmişə Kosaoğlunun yanında hərlənir. Bizim kolxoz sədri də onun dediyi ilə oturub- durur. Daha bir fikirləşmir ki, axı adamdan haqq-hesab soruşarlar, yoxsa kim nə istəsə, eləyə bilər?
-Əlbəttə.
Nəsib dayı Zeynəbə yaxınlaşdı. Xeyli, dərin həsrətlə qızın üzünə baxdı. Sifəti mülayim, mehriban və hüznlü bir görkəm aldı.
-Kimin haqqı var sənin təki qızı incitsin? Sən kəndimizin gülüsən. Keçən il kolxozumuzda hamıdan əvvəl planı sən ödədin.
-Elə ona görə du qədrimi bilirsiniz! Biz söz vermişdik ki, gərək bu il rayonda hamını ötək, bizim kimi pambıq becərən olmasın. Qızlar indidən fikirləşirlər ki, çayırı, çör-çöpü necə təmizləyəcəyik, alağı necə vuracağıq, nə vaxt pambığı suvarıb dərimə başlayacağıq, siz də ki, belə... - Zeynəb kövrəldi-
-Bax, buna yoxam. Uşaqlığı burax. Ağlamaq nədir?!
-Neyləyim, Nəsib dayı? Adamı odsuz-ocaqsız yandırırlar! - O birdən- birə sərtləşdi. - Bax, düzünü deyirəm, mənim çox ağlım yoxdur. Özün işə qarış, yoxsa Kosaoğlunu bir Kosaoğlu qayıraram ki, adı da yadından çıxar. Ona de ki, gözünü silsin, mənə düz-əməlli baxsın.
Yoxsa bütün rayonu bura tökərəm. Daha bəsdir. Kəndi barmağına az dolasın!
Zeynəbın sözləri Nəsib dayını düşündürdü. Doğrudan da axır vaxtlar Kosaoğlu özünü pis aparır, heç kimlə hesablaşmır, hətta partiya iclaslarının qərarlarına fikir vermək istəmirdi. Onun bu cür yekəxanalığı, kolxozun idarə heyətinə belə fikir verməməsi Nəsib dayını narahat edirdi. O bir neçə dəfə Kosaoğlu ilə təklikdə söhbət etmiş, bu cür işlərin yaxşı nəticə verməyəcəyini demişdi. Nəsib dayını ən çox təəccübləndirən o idi ki, Kosaoğluna bir söz deyəndə gülür, laqeydliklə "nə qayıracaqlar ki?" - deyirdi.
Nəsib dayı çalışırdı ki, onu başa salsın, külxozun daxilində ikitirəlik və ziddiyyət olmasın. Ancaq deyəsən bu mümkün deyildi.
Zeynəbin dediklərinə diqqətlə qulaq asdıqdan sonra o yenə öz-özündən soruşdu: "Axı bu niyə belə olsun?", lakin cavab tapa bilmədi-Qızım, - deyə nəhayət o, sözə başladı, - sən çıx get evə, işində ol. Heç kəs sənin manqam əlindən ala bilməz. Səni manqabaşçılıqdan çıxartmaq üçün əldə heç bir əsas yoxdur. - O, bir qədər duruxdu.
Azacıq fikrə getdi və sınayıcı nəzərlərlə Zeynəbi süzdü. - Yaxşı, bəs Kazım nə üçün sənin əleyhinə çıxır? O ki keçən il harda olsa, səni tərifləyirdi, briqadanıın gözüdür, deyirdi. İndi nə oldu?
Zeynəb qızardı. Ürküdülmüş kimi yerindən qalxdı. Nəsib dayının üzünə baxmaqdan utanıb başını aşağı saldı. - Mən nə bilim? Nəsib dayı qızın yaralı yerinə toxunduğunu hiss etdi.
-Yaxşı, arxayın ol. Mən özüm hər şeyi ayırd edərəm.
-Bax, sənə ümidliyəm. Mən Kosaoğlunun yanına getsəm, biabırçılıq olar.
-Yaxşı, yaxşı. Bizi qorxutma. Zeynəb şalına bürünüb idarədən çıxdı. Nəsib dayı fikri dağınıq halda bir xeyli onun arxasınca baxdı. Sonra asta-asta otaqda gəzinməyə başladı...
***
Onlar at tövləsinin yanında rastlaşdılar. İmran sahələri gəzməkdən yenicə qayıdırdı. Ayaq tappıltısı eşidan mehtər, dərhal bayıra çıxıb, İmranın atının başını tutmaq istədi.
-Zəhmət çəkmə, Abdı dayı, - deyə İmran cəld yerə sıçradı, qocaya əziyyət verməmək üçün özü atı tövləyə çəkdi, yəhər-yüyənini aldı.
Mehtər qarnı kürəyinə yapışmış atı nəzərdən keçirib başını bnladı:
-A baia, nə gec gəldin? Səhərdən getdiyindir.
İmran, axurda yem axtaran ata baxdı.
-Elədir, atı da əldən salmışam. Abdı dayı, sən allah, onun axurunu dolu elə.
Mehtər dillənmədi.
İmranın çəkmələri, sınqlı gödəkcəsinin ətəyi palçığa bulanmışdı. O, papağını peysərinə itələyib, əlindəki balaca çubuğu oynada-oynada idarayə sarı addımladı. Yolda Zeynəblə qabaqlaşdı.
-Axşamın xeyir, ay qonşu, hara belə? - deyə İmran gülə-gülə ona yaxınlaşdı.
Zeynəb:
-Evə, - dedi, sonra əlavə etdi. - Deyəsən, kefin doxsan doqquzdur.
-Əcəb doxsan doqquzdur! Səhərdən çöllərdəyəm.
-Yazıq arvad eşiyə çıxıb, içəri girməkdən yorulub.
İmran ciddiləşdi:
-Yaxşı, onda istəyirsən bir azca gözlə, idarəyə dəyib qayıdıram.
Bir yerdə gedək.
-Mən də koperativə gedirəm. Orada səni gözləyəcəm. Ancaq tez gəl. Ləngisən, çıxıb gedəcəm...
Zeynəb kooperativdə işini qurtarandan sonra qapıda dayanıb qızlarla xeyli söhbət elədi. İdarəyə doğru baxa-baxa gözlədi. İmranın ləngidiyini görüb, dalınca idarəyə getmək istədi, sonra fikrindən daşındı. "Kosaoğlunun sifətini görməsəm yaxşıdır".
Bir az da keçdi. İmran gəlmədi. Zeynəb təkcə yola düşdü. "Onun ki ağzı qızışdı, gəlib çıxmaz".
O, kəndin ortasından keçən böyük yolla evlərinə tərəf addımladı. Məktəbin yanında Kazıma rast gəldi. Qız Kazımın üzünə baxmadan ötüb keçmək istədi. Ancaq briqadir onu saxladı:
-Yenə nə olub, ay qiz? Haqq-salamı havaxtdan kəsibsən?
-Sən aralıqda quyruq bulamağa başlayandan.
Kazım tutuldu, qaşqabağını salladı.
-Yenə nə olub?
-Mən hardan bilim?
-Doğrudan bilmirsən?
-Çörək haqqı, düz deyirəm.
-Arvad kimi and içməkdənsə, kişi kimi üzə söz danış. Gedib orda-burda qeybət qırıb əl altından iş düzəltmə.
-Mən nə iş düzəltmişəm ki?
-Özün yaxşı bilirsən. Kosaoğlunun çənəsinin altını mən ha kəsdirmirəm.
-Kəsdirəndə nə olar? Kişi ilə şəxsən dostam. Evinə də gedib gəlirəm. Bunun heç kəsə dəxli yoxdur. Bunu şəxsən o, bir də mən bilərəm.
-Kolxozun işini də şəxsən siz həll edirsiniz?
-Bəs kim həll eləyəsidir.
-Məni də manqabaşçılıqdan şəxsən siz çıxardıbsınız?
Kazım ürəyində sevindi: "Belə əl-ayağa düşərsən! Adamı saymayanda başına bu oyunu açarlar! İndi sənin canın mənim əlimdədir! Hara istəsəm sürüyəcəm. Heç atılıb-düşmə". Zahirdə isə özunü bilməməzliyə vurdu.
-Yalan sözdür. Qurban qağa elə iş tutmaz.
-Amma tutub. Burda sənin də barmağın var.
Kazım Zeynəbə daha da yaxınlaşdı. Qaranlıqda onun gözləri parıldadı. Səsinə mülayim, nəvazişli bir ahəng vermək istədi.
-Bura bax, Zeynəb. Mən həmişə sənin tərəfini saxlamışam. Keçən il hər yerdə adını birinciliyə çəkdim. Amma sən mənim qədrimi bilmədin. Axır vaxt adama heç məhəl də qoymursan. Zərər yoxdur, mən yenə sənə kömək elərəm. Qoymaram səni manqabaşçılığından çıxarsınlar. Qurban qağamla şəxsən danışaram.
-Qorxuram, əziyyətə düşəsən.
-Nə əziyyəti var, özün bilirsən ki, Qurban qağam mənim bir sözümü iki eləməz. Kişinin yanında xətir-hörmətim var.
-Allah özü sizi bədnəzərdən saxlasın. Həmişə xətir-hörmütli olun. Biz də sizin kölgənizdə dolanaq.
Kazım Zeynəbin səsində aşkar sezilən kinayəni anlamadı. Xırıltılı səslə gülüb ona daha da yaxınlaşdı.
-Elə əvvəldən beləcə yumşalsan nə olardı ki? Gəl, əl-ələ verib işləyək. Onda Qurban qağamın da gözü üstümüzdə olar.
Hər ikisi susdu. Zeynəb başını aşağı saldı. Kazım bir-iki dəfə udqunub ətrafa boylandi. Nə isə demək istədi. Səsi xırıldayıb tutuldu. Zeynəb gülümsündü. Kazımın gözləri işıldadı. Dişlərini ağardıb hırıldamağa başladı. Zeynəb əvvəlcə astadan. sonra bərkdən güldü, onun qaqqıltısı getdikcə ucalıb ətrafa yayıldı. Əvvəlcə sevinən Kazım yavaş-yavaş ehtiyat eləməyə başladı. Özünü yığışdırıb soruşdu:
-Bura bax, nəyə gülürsən?
-Gülməli adama gülərlər.
-Mən gülməliyom'." - Kazım daha da ciddiləşdi. - Gəl ətəyindən daşı tök, sonra peşman olarsan.
-Bircə onu görməzsən!
Zeynəb dirsəyini göstərdi və dabanı üstündə fırlanıb cəld aralandı. Kazım papağını başına basdı.
-Yaxşı, borc olsun!
Zeynəb itləri duyuq salmaqdan qorxub çəpərin dibi ilə səssizcə yeriyirdi. Döngədəki teleqraf dirəyinin yanına qədər nəfəsini belə dərmədi. Sonra yoldan çıxıb, kəndin aşağısındakı evlərinə doğru uzanan cığıra düşdü və yalnız bu vaxt ayaq saxlayıb ətrafa göz gəzdirdi.
Çöllərdə heç kəs görünmürdü, təkcə aramsız güyüldəyən teleqraf dirəkləri, bir də quru pambıq kollarının uclan nəzərə çarpırdı...
O üç il bundan əvvəl orta məktəbi qurtarandan sonra pambıqda işləməyə başlamış və rayonlararası yarışlara qoşularaq, öz manqası ilə birlikdə hər hektardan qırx beş sentner pambıq verməyi öhdəsinə götürmüşdü. İlk günlərdə öz-özünə inanmamış, sözünün yalan çıxaracağından qorxmuşdu. Ancaq onun manqası sözünə əməl etmişdi. Bu il onlar hər hektardan əlli sentner pambıq yığmaq ümidində idilər. İndi, Zeynəbin arzu ilə yaşadığı bir vaxtda, onu öz manqasından ayırmaq istəyirdilər.
Zeynəb teleqraf dirəyinə söykənib dayandı. Yanaqlarının istiliyini, ürəyinin çırpındığını hiss etdi. Bayaqdan qəlbində coşan qəzəb birdən-birə yox oldu. Nəyinsə intizarını çəkən adam kimi, özünü na- rahat hiss etdi, yalqızlığını yeni görürmüş kimi, ürkək baxışlarla ətrafına boylandı. Səbəbini özü də bilmədən qəlbini bir kədər bürüdü. Vahimələnən kimi oldu.
Birdən o, təəccüblə çiyinlərini çəkərək "mənə nə oldu?" - dedi. Heç nə düşünməmək, tez evə çatmaq üçün addımlannı yeyinlətdi. "Gərək İmranı gözləyəydim. Bəlkə birdən qabağıma it-pişik çıxdı?
O, evlərinə yaxınlaşanda özünü tam yalqız hiss etdi. Birdən-birə onda İmranı görmək arzusu doğdu. Hətta İmranı tapıb "ay yalançı, niyə məni tək qoydun? Bir az tez gəlsəydin xəncərinin qaşı ha düşməzdi" - deyə danlamaq istədi. Azacıq sonra qızın qaşları çatıldı. "Mən lap gülməli olmuşam" - dedi və addımlarını yeyinlətmək istəyirdi ki, birdən arxadan kiminsə gəldiyini hiss edib geri çevrildi.
Qaranlıqda papiros işıldadı, kim isə astadan öskürdü. Zeynəb ürəyinin quş ürəyi kimi çırpındığını hiss etdi. Həmişə sevinəndə olduğu kimi, şıltaqlıq etmək arzusu doğdu. Arxasına baxmadan sürətini artırdı. İmranın yetişdiyini gördükdə saymazyana kənara çəkilərək ona yol verdi. Gələn adamın kim olduğunu bilmirmiş kimi, başını qaldırmadan onun keçib getməsini gözlədi. Lakin İmran dayandı, yavaşca onun qolundan tutub:
-Özünü palçığa salma, - deyə cığıra çəkdi.
Zeynəb qolunu onun əlindən çıxartdı.
-Zəhmət çəkmə, yalançı...
-Özün qaçıbsan. Mənim günahım nədir?
Onlar kəndin ortasından keçən, burulub bağların arasında yox olan arxın kənarına çatdılar. Zeynəb qabağa adlayıb ayaq körpüsünə yaxınlaşdı. Tir islandığından keçmək mümkün deyildi.
-Geri qayıt, sürüşüb yıxılarsan, gedək böyük körpüyə.
Zeynəb ona əhəmiyyət vermədon, körpünün üstünə çıxdı. İki addım atmamışdı ki, ayağı sürüşdü. İmran özünü yetirənə qədər qız buzun üstünə düşdü. Zərbdən sınan buz xırıldadı. Zeynəbin ayaqları islandi. İmran əl atıb onun qolundan yapışdı.
-Sözə niyə baxmırsan?
Zeynəb onun qolunu itələmədi, əksinə, ona qısıldı. İmran qızın ilıq nəfəsini öz özündə hiss etdi. Qızı sinəsinə basacaqmış kimi, özünə doğru çəkib sudan kənara çıxaranda onun titrədiyini duydu. Zeynəb əsəbiliklo gülüb qolunu onun əlindən çəkdi:
-Səndən adama xeyir gələr?
-Mənım günahım nədir, özün tərslik edirsən.
-Bir buna bax, - deyə Zeynəb islanmış ayağını göstərdi.
Onlar arxın yaxası boyunca körpüyə doğru getdilər. Susurdular. Yalnız ayaqlarının altındakı qarın xırıltısı eşidilirdi. Zeynəb körpüyə çatıb məhəccərə söykəndi. Gözlərini buzun arası ilə şütüyüb axan suya zillədi. Birdən başını qaldırıb İmrana baxdı:
-Yadına düşürmü?
İmran ani olaraq ötən günləri xatırladı. Çox vaxt gecə məktəbdən, yaxud klubdan evə qayıdanda onlar burada, körpünün üstündə yanaşı dayanardılar. Sonra Zeynəb yüngül addımlarla, arxın yaxası boyu salınmış bağa girər, ağacların arasında gah xəyal kimi görünür, gah da yoxa çıxardı. İmran sakit dayanıb qızın arxasınca baxar, Zeynəb bağın ayağındakı evlərinə girincəyə qədər onu gözdən qoymazdı. İmran yarpaqların pıçıltısını dinlər, şırıltı ilə axan suda əks edən titrək ulduzlara, saçaq-saçaq olub sallanan söyüd ağaclarının qatı kölgəsinə baxardı. İmran beləcə dayanmağı, təbiətin bu sakit gözəlliyinə tamaşa etməyi xoşlardı. O, şirin xatirələri yadına sala-sala Zeynəbə baxdı:
-Yadımdadır.
-Bəs may bayramı necə? Sən də Gəncədən qonaq gəlmişdin...
-O da yadımdadır.
Onlar yenə susdular. Zeynəb üç il bundan əvvəl keçirilən may bayramını yadına saldı.
Gözəl bir yaz günü idi. Ağaclar, çöllər, çəmənlər bir-biri ilə bəhsə girmiş kimi gül-çiçək açmışdı. Hava elə təmiz, sərin və ətirli idi ki, nəfəs almaqdan doymaq olmurdu. Bütün kənd çay kənarındakı meşəyə toplaşmışdı. Cavanlar atları qoşalaşdırır, xəndəklərdən atlanaraq tel-tel olmuş zəmilərin arası ilə çapıb gözdən itirdilər. Zurnaçılar cuşa gələrək daha da zilə çəkir, cıdıra çıxanların qayıtmasını gözləyirdilər. Oğlanlardan bəziləri atlarını zurnaçıların lap qabağında saxlayırdı. At fınxırır, yerində fırlanıb yüyəni çeynəyir, şahə qalxaraq kişnəyirdi. Al-əlvan geyinmiş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular. Hamı çalıb oynayırdı. Əlində uzun bir tənək çubuğu tutan Kərim dayı:
-Ay uşaq, dala durun, - deyə qışqırıb çubuğu hərləyirdi. Uşaqlar gülüşüb geri çəkilir, meydan böyüyürdü. Kərim dayı əvvəlcə özü qabağa düşür, çiynini çəkib dayanır və birdən əllərini qoşalayıb qaldıraraq silkələnə-silkələnə, sevdiyi "Uzundərə" havasını oynayırdi. Kə- rim dayıdan sonra oğlanlar kəndin naz-qəmzəli, qənirsiz gözəlləri ilə ortada fırlanırdılar. Kəlağayılar dalğalanır, gözlər gülür, yanaqlar qızarırdı. Nədənsə o gün Zeynəb heç ortadan çıxmırdı. Zurnaçıları yormaq istəyirdi. Qızlar yorulub çıxdıqda Zeynəb təzəsini çağırır, arabir də kənarda durub oyunçulara tamaşa edən İmrana gizli-gizli baxırdı. Birdən Zeynəb ona yaxınlaşdı. "Oynamaqdan yoruldum" - deyə dərindən nəfəs aldı. Onlar kənara çəkilib ağacların arasında gəzməyə başladılar. Nədənsə Zeynəb susur, başqa vaxtda dil-dil ötdüyü halda, indi deməyə söz tapmırdı. İmran sükutu pozdu:
-Niyə danışmırsan?
-Nə danışım?
Söbbət baş tutmadı. Onlar yenidən susdular. Bir azdan İmran dilləndi:
-Məktəbi qurtarandan sonra hansı instituta gedəcəksən?
-Heç birinə.
-Niyə, ali təhsil almaq istəmirsən?
-Bilirsən nə var, İmran? - Mən bu qərara gəlmişəm ki, kəndimizdə qalım. Bəziləri var ki, onilliyi qurtarandan sonra nə oxumağa getmək istəyir, nə də işləyirlər. Kərim dayının sözü olmasın, qulluq axtarırlar. Amma mən kolxozda işləyəcəm.
İmran sınayıcı nəzərlo ona baxdı:
-Ancaq hər halda orta təhsil azdır.
Zeynəb onu mənalı-mənalı süzdü:
-Yoxsa ali təhsil almayan qızlar xoşuna gəlmir?
Zeynəb mənasını o qədər də fikirləşmədən dediyi sözdən qızardı. Bunu İmrana sezdirməmək üçün üzünü yana çevirib, yaxındakı çiçəyi qopardı və başını qaldırıb döyükmüş kimi ətrafa baxdı. Dodaqlarını büzüb təəccübləndi:
-Boy, gör hara gəlib çıxmışıq, - dedi, - indi yəqin qızlar məni axtarır... Arxın buzu çatlayıb sındı. Diksinib xəyaldan ayrılan Zeynəb, körpünün üstündə yanında dayanan İmrana baxdı. O da fikirli idi. "Görəsən nə düşünür? Bəlkə mənim onda dediyim sözü yadına salır? Bəlkə doğrudan da ali təhsili olmayan qızlardan xoşu gəlmir? Elə ona görə də..." - bu sözləri xəyalından keçirən Zeynəb çiyninə saldığı şala daha möhkəm büründü...
İşıqlar bir-bir sönür, teleqraf dirəkləri həzin-həzin güyüldəyirdi.
6
Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə- sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəson, qara düşmüş dovşana rast gəlmişdilər.
Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
Tükəzban xala arxa yaxınlaşdı. Səhəngini düşürüb yerə qoydu. Dolçanı buzun sınmış yerindən su ilə doldurub səhəngə boşaltdı. Qabı kənara çəkib ağzını tıxacla bağladı. Getməyə hazırlaşırdı ki, uzun və gen donunun ətəyi yerlə sürünən, başını çalmalamış Gövhər qarı böyürdən çıxdı.
-Ay Tükəzban, sən də mənim kimi sonsuz ha döyülsən, nə vaxta qədər özün su daşıyacaqsan?
Gövhar qarı səhəngi açıb yerə qoydu. "Bəduğur, heç ağzını xeyirliyə açmır, elə bayquş kimi ulayır" - deyə fikirləşən Tükəzban xala acıqlı-acıqlı:
-Sonsuz niyə oluram, - dedi, - sağ olsun İmranım.
-Mən də deyirəm sağ olsun. - O, Tükəzban xalaya bir az da yaxınlaşdı. - Ay qız, kimi gözləyirsən, gözünü allah niyə yumubdur? Bu gözəl-goyçək qızların birini aparıb qoysana evə... Nə vaxla qədər su daşıyıb, ev süpürəcəksən? Dünyanı tutub durmayacaqsan ha, heç olmasa ölməmişdən nəvə gör, ay batmış! Qoy sənin də ətəyini uşaq islatsın.
Qarı xırıltilı səslə güldü. Əgər bu sözləri başqa birisi desəydi. Tükəzban xalanın ürəyinə yatar, bəlkə də o, həmin adamla ağız-ağıza verib danışar, oğlunun toyundan, nəvəsini necə oynamaq istəməsindən söhbət açardı. Amma onun-bunun qapısında qulluqçuluq edən Gövhər qarı ilə bu barədə söhbət eləməyi o, ağlına belə gətirmirdi. Əslinə baxsan, Tükəzban xalanın elə cavanlıqdan Gövhərdon xoşu galməzdi.
Bu qan ilə iki kəlmə danışdı qurtardı: gərək qulaqlarını tutub qaçasan. Tükəzban xala ona ağızucu cavab verdi.
-Hər şeyin vaxtı var.
-Bəs nə vaxt? Oğlun gələndə mən elə bildim toy eləyəcəksən. Elə qulağım səsdəydi, deyirdim bu gün, ya sabah məni çağırtdıracaqsan, məsləhləşəcəyik. İmrana özüm su sonası kimi qəşəng bir qız seçəcəm.
-Özü balaca deyil. Ürəyi kimi istəyər, onu da alar.
-Ay Tükəzban, niyə uşaq kimi danışırsan? Gədə cavandır, beyni qandır, o nə qanır yaxşı-yaman nədir? Gərək ortada mənim kimlə dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. Yoxsa, allah eləməmiş, birdən gedib eləsini alar ki, el içində biabır olarsız. Atalar nahaq yerə deməyib ki, xasiyyətini bilmədiyin atın dalına keçmə. İndi, ağrın ürəyimə, gərək qızın əslini-nəslini biləsən, qohum- əqrəbası ola. Yoxsa bildırçin kimi ortada tullanan saçıkəsik qızlardan birini gətirib qoydun evinə, ondan nə çıxar? İki gündən sonra səni saçlayıb döyər. Yox, ay Tükəzban, İmran yaxşı uşaqdır. Onun boyuna qurban olum. Gül kimi baladir. Əhd elemişəm, gərək qızı ona özüm seçəm. - Qarı, Tükəzban xalanın qaşqabağını tökdüyünü və getmək istədiyini görüb, onun biləyindən yapışdı.
-Bircə sözümə qulaq as! Mən deyənə baxsan, zərər çəkməzsən. Kimin işinə qarışmışamsa, hamısı oğullu, uşaqlı, ev-eşik sahibi olubdur. Yoxsa inanmırsan? Xoşqədəmin oğluna qızı mən tapmadımmı? İndi pis dolanırlar? Alqazaxlıların Mədədini də mənciyəz evləndirmədimmi? Yetimin biri idi, indi dalını dağa söykəyib. Qurban kimi bir kişinin baldızı qızını alıb. Elə yuxarı obadakı Səməd kişinin oğlunu götür, onu da mən adam eləmədimmi? Evində bir cırıq palazı da yox idi, indi sədrin "Pobeda"sında gəzir. Hələ dul Yetərin oğlunu demirəm. Hə, indi nə deyirsən? Sən bir balaca mənə him elə, sonrasıynan işin yoxdur. Ona elə bir qız tapım ki, kəklik kimi səksin. Su içəndə boğazında görünsün.
Tükəzban xala lap darıxdi.
-Ay arvad, qurtar görək, - dedi, - tələsirəm, evdə işim var.
-Bir buna bax ey, beləsinə deyiblər ki, dazın daznan yatdığı, dazın da naz atdığı. Ay qız, evdə körpə uşağın var? Qoy mən də sənəyimi doldurum da.
-Di tez ol.
Gövhər qarı bir-iki dolça su götürüb səhəngə tökdü və dayanıb Tükəzban xalaya baxdı.
-Yoxsa bir gözaltın var, məndən gizlədirsən? Sonra ağlını oğurladıb dağa-daşa əl atarsan ha! İmranı mən səndən də çox istəyirəm.
"Allahın xatası, işə düşmədik... Bu imansız əl çəkməz ki!"
-Tükəzban xala ürəyində deyindi.
-Ay arvad, bircə tez ol!
Gövhər qarı tələsdi, səhəngini hıqqına-hıqqına dalına qaldırıb çatı ilə sandı. Yola düşəndə yenidən başladı:
-Sonra ürəyinə ayrı fikir-zad gələr. Qızım yox, ona verəm, bacım yox, evinizə göndərəm. Mən səndən ötrü deyirəm. Bir olan allah özü şahiddir ki, mən həmişə İmram öz balam hesab eləmişəm. Maşallah, ağıllı-kamallı uşaqdır. Allah bədnəzərdən saxlasın. Tükəzban xala titrək səslə:
-Amin, - dedi.
-İndi mənim dediyim odur ki, özünə layiq bir qızla evlənsin. - O, səsinə daha mehriban ahəng verdi. - Bir-iki gün bundan əvvəl bizim Sayalını gördüm. Onunda İmrandan yamanxoşu gəlir. Deyirdi, yetişmış qızım olsaydı, elə ona verərdim. Tükəzban xala yavaş-yavaş ehtiyat eləməyə başladı:
-Ay arvad, sən allah, belə sözləri danışıb uşağı dilə-ağıza salma.
-Bıy, başıma xeyir! Ay qız, mən nə deyirəm ki? Xalq oğlunun tərifindən xoşlananda, bu da burun-qulaq sallayır. Bircə bunun pirinə təpik atmağına bax. Sayalının ərlik qızı olub, sənin oğluna versəydi, gərək papağını göyə ataydın. Xalq allahdan istəyir ki, elə bir adamnan qohum olsun. Kişinin adını bir karvan dəvə çəkmir, irayonla bir olub az qalır Moskoydan bəri hər yeri ağzına götürsün. Tükəzban xala daha dözə bilmədi:
-İndi məndən nə istəyirsən, ay arvad? Nə Sayalının ərlik qızı var, nə mən ona elçi gedirəm. Daha baş-beynimizi niyə tökürsən? Hər kəs yaxşıdır öz evində. Mənə nə?
-Kiri, kiri, ay qız, bu sözünü eşidən olsa səni qınayar. Onlar doqqaza çatdılar. Tükəzban xala yaxasını qarının əlindən qurtarmaq istədi.
Ancaq Gövhər qarı əl çəkmədi.
-Qoy sizin qapıdan keçib bağların arasıynan evə gedim. Bura kəsədir. Bir də palçığa bata-bata yolnan kim getsin... hə, onu deyirdim. Qoyursan ki, bir sözümü qurtarım!.. Hə...nə olar, Sayalının qızı yoxdur, baldızı qızı var. Maşallah tavus quşuna oxşayır. Cığalarının hər birini bir oğlana dəyişməzsən. Qaşını süzüb gözünü oynadanda adamın canını alır.
Tükəzban xala birdən geri dönüb, Gövhər qannın düz gözlərinin içinə baxdı. Onun dodaqları titrədi:
-Bir də bu sözü ağzına alsan, ağbirçəkliyinə baxmaram. Eşitdinmi. Bir daş altda, bir daş üstə. Yoxsa gen dünyanı başına dar elərəm!
Qarı səsini xırp kəsdi, cücə gözlərini oynadıb mat-mat baxdı. O, elə bilirdi ki, bu sözü eşidən kimi Tükəzban xala onun əl-ayağına düşəcək, "amanın bir günüdür, bunu düzəlt!" - deyəcək. Amma tərsinə oldu.
-Yaxşı, yaxşi, aləmi başına tökmə, görək. Bir sözdür dedim. Xata ha olmadı. Bir də, elə onu sənin oğluna verən vardı.
Onlar həyətə girdilər.
Gövhər qarı hıqqana-hıqqana səhəngini düşürüb pillakəndə oturdu.
-Yaman yoruldum. Bir az dincimi alıb gedəcəm.
Nərgiz münllimə həyətə çıxdı. Əlində balta vardi.
-Qızım, neyləmək fikrindəsən?
-Bir az odun yaracam.
-Sən bacarmazsan. Əlini-ayağını kəsərsən! İmran gəlib özü yarar.
-Zərər yoxdur. Qoy mən də öyrənim.
-Yaxşı, özün bil. Amma ehtiyatlı ol.
Nərgiz müəllimə çardağın altındakı odunlardan birini götürub kötüyün üstünə qoydu. Çətinliklə də olsa yarmağa başladı. Taqqıltını eşidən Zeynəb çəpərin yanında göründü və cəld qarı yara-yara Nərgizə yaxınlaşdı. Bir qədər sakitcə dayanıb müəllimənin odunu necə yarmağına tamaşa etdi.
O hər dəfə baltanı endirəndə odunun bir yerinə dəyirdi. Bunu görən Zeynəb:
-Ay Tükəzban xala, mişarı bəri ver, - dedi və üzünü Gövhər qarıya çevirdi: - Ay imansız, sən burda nə gəzirsən? Yenə hansı küpə girəcəksən?! Qarı qorxusundan səsini çıxartmadı. Zeynəb sualinı bir də təkrar edəndə dilləndi:
-Qoysana bir az nəfəsimizi dərək, ay günü ağ olmuş, yorulmuşam, daha dizlərim taqətdən düşüb...
Zeynəb mişarı götürüb Nərgiz müəllimə ilə üz-üzə dayandı.
-Mişar çəkmək bilirsənmi?
-Bilməsəm də öyrənərəm.
-Başa düşmürəm, şəhər qızlan niyə belə olur? - deyə Zeynəbə güldü.
Onlar mişar çəkməyə başladılar. Elə bu vaxt İmran gəldi. Qızlara tamaşa edib gülümsündü:
-Hə, qoçaqlar, görüm hansınız üstələyəcəksıniz. Nərgiz müəllimə qızarıb başını aşağı saldı.
Zeynəb:
-Evdə sənin kimi kişi olanda, odunu biz yaracağıq da, - dedi.
-Bəh-bəh, ayda, ildə bir dəfə şeytanın ayağını sındırıb iş görürsən, onu da dava-şava ilə.
İmran geri dönərkən, eyvanda oturan Gövhər qarını gördü:
-Xoş gördük, ay nənə, niyə burda oturmusan, keç içəri.
-Sağ ol, ömrün uzun olsun. İndicə durub gedəcəm. Yenə Zeynəbin səsi eşidildi:
-Zarafata salma, gəl odun yar.
|