TOYUĞUN DİRİ QALMASI (Əncir ağacı)
I
«–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiqməşuq
əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı
batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı!
Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun
olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..»
Kənddən Bakıya gedən elektrik qatarının səsi, istər-istəməz, bir müddət
Zübeydənin fikirlərini alt-üst elədi, dağıtdı bu fikirləri və həmin elektrik qatarının
səsi altında Ağagül ömründə birinci dəfə qız öpdü və həmin elektrik qatarının səsi
altında Nisə də portfelini qollu-budaqlı əncir ağacına söykəyib, ömründə birinci dəfə
oğlanla qucaqlaşdı, oğlanla öpüşdü.
Bütün əhvalat da elə buradan başladı.
Elektrik qatarının səsi yavaş-yavaş uzaqlaşdıqca, nar ağaclarının dalında
gizlənib xısın-xısın əncir ağacına tərəf boylana-boylana Ağagüllə Nisənin
öpüşməyinə tamaşa eləyən Zübeydənin beynində «bəh-bəh»lər və «malades»lər də
təzədən baş qaldırdı və bu dəm Nisə bütün ömründə oğlanla birinci dəfəki öpüşdən
sonra gözlərini açanda lap qəfildən, birdən-birə ay işığında nar ağaclarının arasından
boylanıb maraqla, bir az heyrətlə, bir az da həsədlə onlara baxan girdə, ətli sifəti,
yaşına yaraşmayan bir parıltıyla parıldayan yekə qara gözləri gördü:
– Vaxsey! Zübeydə!
Bu ikicə söz pıçıltısındakı qorxu, ürkəklik, elə bil ki, bircə anlığa həmin yay
gecəsinin bürküsündə mürgüləyən əncir, nar, heyva, badam, zeytun ağaclarını,
vağzalın daş hasarı boyu qalxmış meynələri, yelsizlikdən bir yarpağı belə titrəməyən
tutları da diksindirdi və Zübeydə də bu ikicə sözü pıçıldayan səsin xofundan qeyzə
gəldi, nar ağaclarının budaqlarına ilişə-ilişə irəli yeridi.
– Nədi, balam? Nə xəbərdi? Cin-şeytan göründü gözlərüvə?! Nöşü-ü-ü-n?!
Zübeydə bu «nöşü-ü-ün»ü çox mənalı dedi və bu mənanın dalında nə
gizləndiyini həmin yay axşamının istisində əli-ayağı buz kimi soyumuş, ürəyi
uçunan Nisə də, çönüb Zübeydəyə baxa-baxa hələ də özünə gələ bilməyən Ağagül
də yaxşı başa düşdü.
– Cin-şeytandan ki, belə qorxursan, yaxşı, balam, anam-bacım, nöşün
camaatın getdiyi düz yolla, işıqlı yolla evivüzə getmirsən? Hə? Nöşü-ü-ün?..
Hirsindən və pərtliyindən uşaq kimi dodaqları qaçan Ağagül dedi:
– Düz adamsan, sənin burda nə işin var?
Bu dəfə Zübeydənin doğrudan matı-qutu qurudu və arvad sidq-ürəkdən heyrət
elədi:
– A - a - a!.. Adə, qara məni basınca, mən qaranı basım, hə? Keçməz, atam
balası, keçməz! Nolar, camaat durur, biz dururuq! Baxarıq, görərik mən düz
adamam, ya siz düz adamsuz ki, vağzal bağında, əncir ağacının altında, gecənin
xəlvətində... gecənin xəlvətində!.. – Əvvəlcə bütün bu dediklərinin dalınca bir söz
tapa bilmədi, sonra dedi: – Gecənin xəlvətində Leyli-Məcnunluq eləyirsüz! – Sonra
da, elə bil ki, tapıb dediyi bu söz özünün xoşuna gəlmədi, kəsərsiz oldu, dedi: – Əh,
qələt eləyər Məcnun atabaatasıyla, Leyli də ondan beşbetər, vağzal bağına gəlməz!
Gözünün yaşı burnunun ucundan gilə-gilə süzülən Nisə içini çəkə-çəkə:
– Heç kimə demə... – dedi. – Heç kimə demə, qələt eləmişik, Zübeydə...
Zübeydə xala...
Zübeydə əvvəlcə, elə bil, başa düşmədi, eşitmədi bu sözü, sonra qulağına
inanmadı Zübeydə, amma Nisə bir də təkrar elədi ki, qələt eləmişik, Zübeydə xala,
heç kimə demə kənddə, biabır olarıq biz, Zübeydə xala və sözləşmək, sözlə
didişmək həvəsindən Zübeydənin tar simi kimi tarım çəkilmiş bədəni birdən-birə,
bircə anın içində süstəldi, bütün hirsi-hikkəsi, kini-küdurəti çıxıb getdi işinin dalınca
və arvad açıq-aşkar yumşaldı, ürəyində lap kövrəldi də.
Məsələ burasında idi ki, kənddə uşaqdan tutmuş böyüyəcən hamı Zübeydəyə
elə-eləcə Zübeydə deyirdi və bu kənddə birinci dəfə idi ki, kimsə Zübeydəyə
«Zübeydə xala» deyirdi.
– Yanındakını başa sal də... qızım... – dedi Zübeydə. – Başlayıb ki, düz adam
belə gəldi, əyri adam belə getdi, day nə bilim nə...
Nisə daha bir söz demədi, əyilib əncir ağacının dibindən portfelini götürdü və
içini çəkə-çəkə də Zübeydənin yanından ötüb-getdi. Ağagül də qızın dalınca
addımlaya-addımlaya dünyanın ən iyrənc bir məxluquna baxırmış kimi, çimçəşib
nifrətlə yuxarıdan-aşağı Zübeydəyə baxdı və bu baxışların altında Zübeydə yenə də
mindi cin atına, həmişəki Zübeydə oldu, özünü saxlaya bilməyib Ağagülün
arxasınca:
– Ay sən öləsən! – dedi. – Baxarsan!.. – Sonra Nisənin dediyi sözlər də
yadından çıxdı. – Baxarsuz!
I I
Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki,
müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı
bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan
da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap
Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib,
Xəzəri üzüb gedib düşmüşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib
Bakıda satsın (Papaqçı Əlihüseyn şirnikləndirmişdi onu o vaxt, indi gorbagor olub
köpək oğlu!), amma bilməmişdi ki, bir qara daş da dalınca gedir: Bakıdan apardığı
Nuxa krepdeşinini satdığı yerdə (yaxşı deyiblər ki, artıq tamah baş yarar!)
tutmuşdular onu Aşqabad bazarında və amnistiya olmasaydı, bir il iki ay on dörd
gün yox, şəhərlərarası alver üstə düz altıca il yatacaqdı türmədə. Həmin bir il iki ay
on dörd günün elə günü olmadı ki, Zübeydə tövbə eləməsin və papaqçı Əlihüseynin
də atasının goruna söyməsin ki, bir də belə iş tutmayacaq. Belə iş deyəndə ki, yəni,
böyük iş, yəni, qaz vurub, qazan doldurmaq məsələsi. O vaxtdan da xırda-xuruş idi
Zübeydəninki, amma xırda-xuruşun da üzü qara olsun, bude, bu gün günortadan
bazarda idi, günortanın o cırhacırından axşamacan, satdığı da cəmi üç dənə süpürgə
olmuşdu. Bu şoqəribə qalmış süpürgələri Abdulla kişi bekarçılıqdan düzəldirdi və
Zübeydə də kişinin qılığına girib, süpürgələri ucuz qiymətə ondan alırdı və bazara
aparıb satırdı. Dünən lap betər olmuşdu, cəmi iki süpürgə satmışdı və bu axşam da
Zübeydə süpürgə dolu həsir zənbili nar ağacının budaqlarına ilişə-ilişə və ürəyində
də Ağagülün qarasına deyinə-deyinə ağaclıqdan çıxıb vağzal bağının cığırına düşdü;
buna bax də, bir, hələ «ding» eləyib yumurtadan çıxmamış, əncir ağacının altında
qızla öpüşür, amma adama da elə baxır, elə bil ki, gürzə ilana baxır, nədi, balam,
nolub, sancacağam səni, sancmışam səni, nədi axı? Atan səhərdən axşamacan
avtobus sürür buradan Bakıya, Bakıdan bura, yığıb gətirir evə, anan yeyib
harınnıyır, özün də uşağın başını tovlayıb gətirirsən axşamın qaranlığında əncir
ağacının altına, indi nolub, mənəm təqsirkar? Nöşün, lənətüllah, bu da bu tərəfdən
çıxdı qabağıma...
Zübeydə uzaqdan ona tərəf gələn qaraltını, milisioner Səfəri o saat tanıdı,
lənətüllahı da onunçun dedi və içi süpürgə dolu həsir zənbili görüb, milisioner
Səfərin yenə qırsaqqız olmaması üçün, təzədən öyüd-nəsihət verməməsi üçün
yolunu dəyişdi, vağzalın aşağı tərəfindən keçən cığıra döndü ki, Məsməxanımın indi
bağlı olan tərəvəz köşkünün qabağından dövrə vurub evə getsin; yolu xeyli uzandı
və bu da Zübeydəni lap dilxor elədi.
Zübeydə elə bildi ki, milisioner Səfər onu görmədi, amma milisioner Səfərin
də gözləri sərraf gözləri idi, lap uzaqdan Zübeydəni tanıdı, əlindəki həsir zənbili də
gördü, arvadın tez yolunu dəyişib başqa cığıra düşməsinin də səbəbini başa düşdü və
axır vaxtlar, yəni bir xeyli müddət Zübeydəni faydalı əmək yoluna çağıra-çağıra
daha zinhara gələndən sonra, bu tüfeyli arvad barədə sabitləşmiş fikri bir də gəlib
beynindən keçdi: « – Əşşi, qoy cəhənnəm olsun getsin, qozbeli qəbir düzəldər».
Əlbəttə, Zübeydənin xəbəri yox idi ki, milisioner Səfər bu saat onu, ancaq
qəbirdə düzələcək qozbel hesab elədi (xəbəri olsaydı, yenə bir şey bəhanə eləyib
milisioner Səfərin arvadı Zübeydəylə – bu əfəl oğlu əfəlin də arvadının adı Zübeydə
idi – kəndin ümumi hamamında bir dava-şava qoparacaqdı ki, arvadlar onları güçlə
aralayacaqdı!), amma elə-beləcə dilxor idi və dilxor-dilxor da getdi öz xarabasına.
Bayaq vağzal bağından keçib bazardan evə qayıdırdı, cığırın qırağındakı
ağaclıqdan, ancaq onun eşidə biləcəyi bir pıçıltı eşitdi və əlbəttə, Zübeydə də
Zübeydə olmazdı ki, tez, lap bircə göz qırpımında özünü ağaclığa verib
pıçıldaşanların kim olduğunu pusmasın; baxıb gördü ki, bəli, məclis arəstədi, bağça
müəlliməsi Firuzənin qızı Nisə ilə o zəhləsi getmiş Ağabacının oğlu Ağagül
dayanıblar üzbəsurət və pıçıldaya-pıçıldaya eşq-məhəbbətdən dəm vururlar, sonra da
qol-boyun olub öpüşdülər və sonra da qızın gözünə cin-şeytan göründü.
Belə-belə işlər.
Bu tərəfdən də bu milisioner Səfər böyürdən çıxıb, yolunu uzaq saldı; qaragün
oğlu qaragün, altı yekə qızı var, altısı da evdə; bu qızların yükü altda az qalır
boğazının damarları şişib partlaya, papağını da çıxaranda xalis keçəl bülbülə
oxşayır, bircə dənə tük də yoxdu başında; əşşi, özü bilər, sənə nə, sən kimsən, ləçər
arvadı var, qoy o da dərdini çəksin kişisinin...
Düzdü, bir dəfə, lap elə bu yazın sözüdü, milisioner Səfər bazar başında ona
yaxınlaşıb bir söz dedi, həmin söz heç yadından çıxmır, beynində həkk olub qalıb o
söz düz üç aydı, tez-tez yadına düşür və milisioner Səfərin, azı, otuz ildi ona dediyi
sözlər bu bircə cümlənin yanında tamam heç zaddı.
Zübeydə Bakıdakı bir köhnə tanışından zəfəran, sarıkök, cirə, zəncəfil,
yumurta boyamaq üçün rəngbərəng boyalar alıb gətirib kəndin bazarında satırdı,
milisioner Səfəri görüb şey-şüyünü yığışdırdı, bazar başına getdi və on-on beş
dəqiqədən sonra elə oradaca milisioner Səfər təzədən pırtlayıb çıxdı böyürdən, gəlib
Zübeydəylə üzbəüz dayandı və Zübeydə elə bildi ki, milisioner Səfər yenə də bir
neçə il bundan qabaqkı kimi, onu milis idarəsinə aparacaq, amma milisioner Səfər
onu milis idarəsinə aparmadı, arvadın qıpqırmızı xınalı saçlarına, cavanlıqda çox
sinəsinə döyən cayılların ağlını başından eləmiş və indi yavaş-yavaş kiçilən, sulanan
qara gözlərinin kənarındakı qırışlara, lırtlaşmış, buxağı sallanan sifətinə baxdı,
baxdı, elə bil, Zübeydənin cavanlığı gəldi durdu gözlərinin qabağında (qəribəydi ki,
milisioner Səfərin bu baxışlarının altında Zübeydə də birdən-birə öz cavanlığını
yadına saldı, öz cavan sir-sifəti, cavan əndamı gəldi durdu gözlərinin qabağında) və
dedi:
– Özünü o qazanın altında yandırdın ki, içindəki heç kimə lazım deyil...
Milisioner Səfər bu sözləri dedi və çıxıb getdi.
Həmin gün Zübeydə tamam hali-pərişan oldu.
Nə isə, gəldi çıxdı evinə.
Kənddə, ancaq işi düşənin – alanın, satanın, axtaranın, Bakıya ev dəyişənin,
bağ kirayə verənin... – ayağı dəyən bu ev, bu həyət-baca kəndin aşağı başında,
qumluqla qayalığın arasında idi və bu qayalıqdan dənizə yüz əlli-iki yüz metr
məsafə vardı və yay-qış dənizin səsi Zübeydənin radiosuydu, konsertiydi; Bakıya, ya
başqa bir yerə gedəndə, əlbəttə, bu qum üçün də darıxırdı, bu qayalıq üçün də,
həyətdəki bu meynələr üçün, iydə, xartut, ərik, heyva, nar, əncir ağaclarıyçun da
darıxırdı, amma hər şeydən çox, ən birinci, dənizin səsi üçün darıxırdı.
Zübeydənin ikiotaqlı daş evi, mətbəxi, mətbəxin yanında hamamı və hamamın
da yanında içəri tərəfdən divarına yarıyacan çex kafeli düzülmüş tualeti vardı.
Həyətində balaca çarhovuzu vardı və cəmi iyirmi sotluq bu həyətdəki sağlam
ağaclar kəndin az-az həyətlərində vardı və ümumiyyətlə, Zübeydənin evindəki,
həyət-bacasındakı səliqə-sahmanına kənddə onun Ağabacı kimi ən birinci
düşmənlərinin belə, sözü yox idi.
Zübeydə həyətə girən kimi, əlindəki həsir zənbili hirslə darvazanın yanındakı
alça ağacının dibinə atdı və guya, bütün təqsirlər yazıq Abdulla kişidəymiş kimi,
onun qarasına bir-iki yağlı söz dedi, sonra iti addımlarla quyuya yaxınlaşıb bir vedrə
su çəkib çıxardı, sərin sudan bir parç götürüb birnəfəsə başına çəkdi və bu bir parç
sərin quyu suyundan sonra, elə bil, bir balaca sakitləşdi. Vedrənin qalan suyundan
üç-dörd ovuc töküb üz-gözünə çırpdı, bir-iki parç da su doldurub artırmanın sement
döşəməsinə atdı ki, bir az sərinlik olsun.
Quyunun həndəvərində ağcaqanad daha çox idi və Zübeydə vedrəni yerə
qoyub yaş əliylə ətli qollarını, sinəsini şappıldada-şappıldada artırmaya qalxdı, hər
tərəfi açıq artırmanın bir kənarında qurduğu miçətkənin içinə girib palazın üstündən
sərdiyi nazik yay döşəyində uzandı, başını yumşaq mütəkkəyə qoyub, qollarını açdı
və sinədolusu nəfəs alıb bir:
– Oxxay!.. – dedi.
Dənizdən lap yavaş bir uğultu gəlirdi, yel deyilən şey yox idi və dənizin xırda
bir ləpəsi də tərpənmirdi. Artırmada yaş sement döşəmə çox tez qurudu və sərinliyi
də çox tez keçib getdi, elə bil, həyətdə ocaq qalamışdın və hasar boyu əkilmiş
küknar ağaclarının qozalarının səsi də, elə bil, ocaqda yanan odunun şaqqıltısıydı;
küknar qozaları hərdənbir öz-özünə şaqqıldayıb çatlayırdı, sonra bir-bir tuppultuyla
yerə düşürdü.
Zübeydə miçətkənin altından əlini uzadıb taxta kətilin üstündəki bir ləyən
üzümdən bir gilə qoparıb ağzına qoydu, sonra əllərinin ikisini də başının altında
çarpazladı. Üzüm giləsi isti idi və elə bil ki, bütün dadını-tamını itirmişdi.
Ümumiyyətlə, elə bil ki, meyvələr get-gedə dadsızlaşırdı və Zübeydə sidq-ürəkdən
hayıfsılana-hayıfsılana fikirləşdi ki, hanı indi Hövsan soğanı, Corat qovunu, Zirənin
ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı Paçan bağlarının qara şanısı,
Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacıxuna bağlarının sarıgiləsi,
Bilgəhin səhər-səbahi kəhrəba kimi ənciri?..
Zübeydə bunları fikirləşdi, bu meyvələrin, tərəvəzin tamını ağzında hiss elədi
və birdən-birə özü də özünə çox köhnə, qədim bir məxluq kimi göründü.
Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtıyla o qədər o tərəfbu
tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırmışdı ki, axırda özü də çaşbaş qalmışdı;
hər halda, əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də
olmazdı.
Burası da qəribə idi ki, Zübeydə birinci dəfəydi beləcə ciddi surətdə yaş
barədə fikirləşirdi, yəni, yaşını nə üçünsə azaltmaq barədə yox, nə üçünsə çoxaltmaq
barədə yox, elə-belə, səbəbsiz-zadsız, düzünəqulu öz yaşı barədə.
Nə isə, aşıq deyib ki, ya bir başqası, hər halda, kimsə deyib ki, gün keçdi, il
keçdi, cavan olmaram bir də mən. Zübeydə bunu da fikirləşəndən sonra, Molla
Nəsrəddinin bir əhvalatı yadına düşdü: deyirlər ki, bir gün molla ata minmək
istəyirmiş, ayağını üzəngiyə basıb bir güc eləyib, iki güc eləyib, amma ata minə
bilməyib, deyib ki, eh, hardasan, ey cavanlıq, sonra baxıb görüb ki, yan-yörəsində
heç kim yoxdu, deyib: « – Heç cavanlıqda da bir zad deyildin!».
Əşşi, molla da getsin işinin dalınca, o birisi də, sən Allah, qoy uzanmışıq
yerimizdə, qoy bir nəfəsimizi dərək, amma... amma bir məsələ vardı ki, Zübeydə,
misal üçün, Aşqabadın o istisinə düşəndə, dünya-ərzdə Ağagülün heç izi-sorağı da
yox idi, amma indi adama elə baxır ki, elə bil, əfi ilana baxır.
III
Ağagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və
ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün
hansı söz lazımıydısa, o sözü də dedi.
Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik
üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun
qaşqabağına təəccüb elədi. Axır günlər səhər-axşam Ağagülün üzü gülürdü, nə
deyirdin onu eləyirdi, işə-gücə yarıyırdı və Ağabacı belə bir üzüyolalığı təkcə
onunla yozurdu ki, bir azdan oğlu ikiillik əsgərliyə gedəcəkdi, özü də uzağa
gedəcəkdi, Pribaltikaya, buna görə də ikiillik ayrılıqqabağı ipəkdən yumşaq
olmuşdu.
Əlbəttə, Ağabacı bilmirdi ki, məsələ təkcə bunda deyil, ikinci əsas səbəb də
var və bu ikinci əsas səbəb ondan ibarət idi ki, düz iki il dərdindən dəli-divanə
olduğu, dalınca düşdüyü, yayın bürküsündə, qışın boranında, payızın küləyində,
yazın yağışında xəlvətcə qapıları ağzında dayandığı Nisənin daş ürəyi axır ki,
yumşalmışdı və Ağagülün axırıncı məktubuna cavab göndərmişdi və bu cavabdan
sonra düz doqquz gün idi ki, hər gün xəlvətcə görüşürdülər. Nisə həyat və insanlar
barədə, vəfasızlıq və ilqar barədə danışırdı, hərəsinə üç-dörd dəfə baxdığı hind
kinolarını Ağagülə nağıl edirdi, Ağagül də papirosu papiros dalınca tüstülədə80
tüstülədə və çox da ciddi surətdə Nisənin yanınca addımlayırdı, çox zaman da
danışmağa söz tapmırdı.
– Nolub, ədə, papağı nöş tullayırsan? – Bunu heyrətlə oğluna baxan Ağabacı
soruşdu.
Ağagül də:
– Heç, – dedi və yenə də ürəyində yer üzündəki bütün pis adamları, o
cümlədən də Zübeydəni söydü.
Ağabacı ona görə heyrətlə oğlunun halını xəbər aldı ki, başqa vaxt Ağagül
«aerodrom» papağını, az qala, yatanda da başından çıxarmırdı, yayın cırhacırında da
nazik köynəkdə, nazik şalvarda və bu «aerodrom» papaqda gəzirdi, bu papaq
Ağagülün böyük qardaşı Baladadaşın papağı idi və il yarım bundan əvvəl Baladadaş
əsgərliyə gedəndə bu papağı Ağagülə verdi ki, gəzdirsin başında, həmişə qeyrətini
çəksin bu papağın; Baladadaş indi Amur vilayətində əsgər idi və beş-altı aydan
sonra qayıdıb gələcəkdi və Ağagül Baladadaşın papağını kişi kimi gəzdirmişdi
başında, amma indi içəri girən kimi, papağı başından çıxarıb vızıldatdı divanın
üstünə, pis adamların əməli yandırıb-yaxmışdı onu, özü də ayrı cür yandırıbyaxmışdı.
Ağabacı yerindən qalxıb əlini dəsmalla sildi və Ağagülün günorta suyunu içib,
küftəsi ilə kartofunu axşama saxladığı kasanı gətirib qıraqları xırda qırmızı gül
naxışlı, ağ süfrəli mizin arxasında oturmuş Ağagülün qabağına qoydu. Soğan,
vəzəri, reyhan gətirdi, bir dənə sirkəyə qoyulmuş badımcan, çörək gətirdi və Ağagül
də nə anasının üzünə baxdı, nə qabağındakı göy-göyərtiyə, küftəyə baxdı, elə
kortəbii yeməyə başladı.
Ağagül orta məktəbi keçən il bitirmişdi və indi Bakıdakı şoferlər kursunda
oxuyurdu, iki həftədən sonra qurtarırdı kursu və iki-üç həftədən sonra da gedirdi
əsgərliyə, özü də bilirdi hara: vayenkom Mürsəlov demişdi ki, səni göndərəcəyəm
Pribaltikaya, gözəl yerlərdi; yolları da əntiqə, gedib orada canla-başla xidmət
eləyərsən Vətənə.
Nisə gecə məktəbində oxuyurdu, onuncu sinifdə, gündüzlər uşaq bağçasında
işləyirdi, anasının yanında, uşaqlara nəğmə oxumaq öyrədirdi; yeddiillik musiqi
məktəbini də qurtarmışdı Nisə, qarmon çalırdı.
Düz doqquz gün idi ki, Ağagül gecələr məktəbin dalında xəlvətcə Nisəni
gözləyirdi və onlar adamsız yerlərdən keçib vağzal bağıyla evə gəlirdilər, yəni, Nisə
gedirdi öz evlərinə, Ağagül də gəlirdi öz evlərinə. Ağagül istəyirdi Nisəni nişanlayıb
getsin əsgərliyə, amma Nisə deyirdi ki, yox, qayıdıb gələrsən sonra; Nisə bilmək
istəyirdi ki, Ağagülü, həqiqətən sevir, yoxsa yox, özünü bu iki ildə sınamaq
istəyirdi.
Bu gecə Ağagül ömründə birinci dəfə Nisəni öpdü və Nisə də ömründə birinci
dəfə icazə verdi ki, oğlan onu öpsün və Ağagül heç vaxt inana bilməzdi ki, haçansa
bir gün gələcək, bugünkü gün kimi və o, Nisəni xəyal aləmində yox, gecə yuxuda
yox, doğrudan-doğruya öpəcək və əlbəttə, Ağagül heç vəchlə ağlına gətirməzdi ki,
belə bir məqamda Zübeydə kimi dinsizin-imansızın biri gəlib kəsdirəcək başlarının
üstünü.
Nisə vağzal bağıyla gələ-gələ ağlayıb özünü öldürürdü ki, biabır olacağam
bütün kənddə, Zübeydə biabır eləyəcək məni, sonra da dedi ki, Ağagül, qurban olum
sənə, Ağagül, qoyma biabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə
istəyir ver, Ağagül, qoyma məni biabır eləsin, Ağagül qardaşımın üzünə baxa
bilmərəm, heç kimin gözünə görünə bilmərəm. Ağagül də dedi ki, qorxma,
qoymaram, amma bunu deməyə nə var ki, demək asandı, amma Zübeydə kimi bir
ifritənin ağzını yummaq asan iş deyil. Gördüyünün də üstünə yüzünü qoyub səhər
sübhdən bütün kəndə yayacaq, biabır eləyəcək Nisəni bütün aləmdə və Nisə də dərd
eləyəcək bunu ürəyində. Allah bilir neyləyəcək Nisə, nə desən eləyər Nisə, lap
özünə əl də qaldırar, təki qardaşı Atabalanın yanında rüsvay olmasın, təki kəndin
arvadlarının arasında anasının başı aşağı olmasın.
Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib
yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm.
Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun.
IV
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş palpaltarını
çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı
yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını
görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb
ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı
bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü),
evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri,
şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb
becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin
qabağını kəssin.
Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində,
Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə.
Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında
bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu
daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül
gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının
dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir
ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb
(faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli
Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və
müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı
da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə
hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və
ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi.
Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər
yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz
dodaqlarını qaldırıb dişlərini ağardırdı.
At da yazıq, elə Əbdülün özü də yazıq, indi o atın da sümükləri çürüyüb gedib,
Əbdülün də; iyirmi ildən artıq idi Əbdülün öldüyü.
Zübeydə müharibənin axırıncı ili Əbdülə ərə getdi; ərə getdi deyəndə ki,
Əbdülü gətirdi öz evinə, kəbinini də kəsdirdi, vəssalam. Əbdül də, bir növ,
Zübeydənin ev əşyası, həyət-bacanın əmlakı kimi bir şey idi. Zübeydə çox vaxt
Bakıda rəfiqələrinin yanında qalardı, bəzən Tiflisə, Kislovodska, Soçiyə gəzməyə
gedərdi, bəzən aylarla, bax, bu həyətə ayaq basmazdı və Qeysəbdül gözətçilik
eləyərdi buralarda və Qeysəbdül burasını da çox yaxşı başa düşürdü ki, Zubeydə ona
niyə ərə gedib; öz yerini bilən adam idi Qeysəbdül və buna görə də kənd camaatının
onunla işi yox idi, dəyib-dolaşmırdılar ona, sataşıb ələ salmırdılar onu.
Əlbəttə, kənd camaatı əvvəlcə Qeysəbdülü məzəmmət elədi, «gör gedib kimi
alıb» dedi, «o həyasız şəhərdə kefdə-damaqda, Araz aşığından, Kür topuğundan, bu
da, bu başıbatmış da, burada, guya, ərlik eləyir, guya, evin kişisi olub» dedi,
cavanların arasında «xoşqeyrət oğlu, xoşqeyrət!» deyib ürəyində onu söyənlər də
oldu, amma yavaş-yavaş hamının ona yenə də yazığı gəlməyə başladı və bir
müddətdən sonra, elə bil ki, Qeysəbdulün Zübeydəyə heç bir dəxli yoxmuş kimi,
kişinin yanında da arvadının dalınca danışırdılar; kimin ağzına nə gəlirdi elə
Qeysəbdülün yanındaca Zübeydənin qarasına deyirdi və Qeysəbdül heç cınqırını da
çəkib bir kəlmə söz demirdi; ən qəribəsi bu idi ki, Qeysəbdül incimirdi də, elə bil ki,
deyilən hədyanların hamısı ilə razı idi, amma di gəl ki, nə fayda, özündən asılı
deyildi, bütün kürreyi-ərzi Zübeydənin bir dırnağına da dəyişməzdi. Kəndin
arvadları bunu yaxşı bilirdi və belə bir aşiqliyə, belə bir sədaqətə ürəyində paxıllıq
eləyənlər də çox idi; belə bir aşiqlik, sədaqət kənd arvadlarının yanında
Qeysəbdülün hörmətini qaldırıb qoymuşdu dağ başına. Zübeydə kənddə olmayanda,
arvadlar hərdənbir, guya ki, təsadüfən Qeysəbdülün həyətinə gəlirdi, hal-əhval
tuturdu onunla, xörək gətirən, təndir çörəyi yollayan da olurdu və hətta iki-üç
arvadın adını çəkirdilər ki, guya, bu arvadlar sonradan-sonraya Qeysəbdülə aşiq
olublar.
Hə, öz yerini bilən adam idi rəhmətlik Əbdül. Bir dəfə nə üçünsə kənddən
Bakıya, Zübeydənin o vaxtkı yaxın rəfiqəsi Rozagilə zəng eləyib Zübeydəni xəbər
alırmış ki, hardadı, bir aydan artıqdı xəbər-ətər yoxdu ondan, Roza da soruşub ki, «a
kto eyo spraşivayet?», Qeysəbdül də cavab verib ki, «Abdul», Roza bərkdən gülüb
və deyib ki, «eşe ne izvestno, kto koqo abdul!».
Sonralar o məclis olmurdu ki, Roza bu telefon söhbətini danışmasın və əhliməclis
də şaqqanaq çəkib gülməsin. Zübeydənin kefi kök olanda özü də gülürdü,
qanıqara olanda Rozanın abrını bükürdü ətəyinə, «paxıllığından yanıb-yaxılırsan ki,
mənim ərim var, ağzı ətə çatmayan pişik kimi, az qalırsan öləsən, alan yoxdu axı,
səni, qalmısan aralıqda!» deyirdi. Roza qızarırdı, bozarırdı, «zarafat eləyirəm də!»–
deyirdi.
Əlbəttə, Roza düz deyirdi, Roza zarafat eləyirdi, daha belə zarafatlardan başqa
ürəkaçan bir şey yox idi, günlər keçirdi, aylar, illər keçirdi və bu günlər, aylar, illər,
elə bil, öz-özünə açırdı sandığı, tökürdü pambığı və bu sandığın içinə baxanda,
ancaq belə-belə zarafatlar adamın köməyinə gəlirdi.
Əbdül özü zarafat-zad bilməzdi, rəhmətlik çox duzsuz kişi idi, təkcə bircə dəfə
bir duzlu söz demişdi ki, Zübeydə onu heç yadından çıxarmırdı və hər dəfə də
yadına salanda öz-özünə gülürdü: bir yol, əllinci illərin əvvəlləri idi, Bakıdan kəndə
bir nevropatoloq gəlmişdi, hamamdan bir az aşağıda çörəkçi Fətullagilin evini
kirayə edib bütün yayı burda dincəlirdi, Martirosyan idi famili və hamı deyirdi ki,
çox yaxşı həkimdi bu Martirosyan. Bağban Ağasadığın dörd ildən bəri başına hava
gəlmiş oğlu Ələkbəri iki həftənin içində düz-əməlli adam eləyib qoymuşdu camaatın
gözünün qabağına; hə, bir yol Zübeydə də gedib özünü bu həkimə göstərmək istədi,
axır vaxtlar, tez-tez əsəbiləşirdi (elə bil, yavaş-yavaş başa düşmüşdü ki, axırı, bax,
beləcədi, Abdulla kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri bazarda satmaqdı!) və
Zübeydə evdən çıxanda Əbdülə dedi: «– Bakıdan nervi həkimi gəlib bura, gedirəm
onun yanına». Əbdül soruşdu ki, neynirsən onu? Zübeydə dedi ki, necə yəni
neynirsən onu? «Gedirəm, – dedi. – Nervimi düzəltsin». Qeysəbdül ağzını açıb:
«Ba-a-a!.. – dedi.– Zübeydə, nervisiz sənin nə ləzzətin!»
Yazıq Əbdül, Allah rəhmət eləsin sənə... Zübeydə hərdən əsəbiləşəndə,
doğrudan da, turp əkirdi onun başına.
– Zübeydə!..
Zübeydə əlindəki şlanqın ağzını yerə dirəyib bir də qulaq verdi və darvazanın
dalından onu bir də səslədilər:
– Zübeydə!
– Kimdi? – Soruşdu Zübeydə. – Kimdi orda?
– Mənəm!
– Sən kimsən? Allahın bacısı oğlusan? Əstəğfürulla... Aduvu de də!..
– Mənəm, Ağagüldü!
Əslində, Zübeydə bu səsin sahibini o saat tanımışdı və elə bil, səhərdən bəri
gözləyirdi də bu səsin sahibini, çünki əlində şlanq ağacları, gülləri, evin dalındakı
ləkləri sulaya-sulaya arabir hardansa çox dərinlərdən bir hıçqırıq eşidirdi: bu,
Nisənin bayaqkı hıçqırtısıydı və bu hıçqırtıda Zübeydənnn ətini ürpəşdirən bir xof,
qorxu var idi, bir xoşagəlməzlik var idi.
– Nə var, nolub, balam, gecə vaxtı nöş yaduva düşmüşəm belə? Əsfələssafilin
idim bayaq, indi əziz-xələf olmuşam səninçün?
Ağagül nə Zübeydənin bu sözlərinə, nə də ki, bu sözlərdəki eyhama cavab
verdi, səsini çıxarmadı, susub dayandı darvazanın dalında və ürəyində də fikirləşdi
ki, sözlər çıxır bu arvadın ağzından, heç xoruz səsi eşitməmiş sözlər...
Zübeydə tələsmədən əvvəlcə şlanqı quyunun yanına gətirdi, sonra motoru
söndürdü, sonra çarhovuzun krantını açıb əllərini yaxaladı, üz-gözünə su vurub
tərini aldı, sonra çarhovuzun yanındakı badam ağacından asılmış təmiz ağ dəsmalla
qurulandı və bütün bunlardan sonra, nəhayət, darvazaya yaxınlaşıb Ağagülün nə
istədiyini və niyə gəldiyini çox gözəl başa düşə-düşə:
– Nə istəyirsən? – soruşdu. – Nə sözün var mənə, bu gecə vaxtı? – soruşdu və
darvazanın bala qapısını açdı.
Ağagül:
– Işim var sənnən, – dedi və bala qapıdan həyətə girdi.
– Nə işin, balam, sən kim, mən kim? Sənnən mənim nə işimiz?
Ağagül darvazanın üstündə yanan və bu saat bütün ətrafında ağcaqanadlar
uçuşan iki yüz əllilik elektrik lampasının işığında yenə də bu arvadın buxağı
sallanan ətli, girdə sifətinə, xınalı, qırmızı saçlarına, hələ də nəsə sürtdüyü qara
gözlərinə baxıb daha burda çox dayanmamaq üçün və bu arvadı da çox görməmək
üçün birbaş mətləbə keçdi:
– Mənə bax, Zübeydə, bayaq bizi görməyüvü deməginə heç kimə, mənimçün
yox e, Baladadaş canı, mənə nə var, gedirəm, onsuz da, əsgərliyə, Nisəyçün
deyirəm, deməginə heç kimə... Özü də... özü də elə-belə döyül mənnən Nisəninki,
nöşün ki, evləniciyik biz, mən qeyidib gələnnən sonra, alaciyəm onu....
– Hə?.. – dedi Zübeydə. – Allah xeyir versin, alaceysən Firuzənin qızını, əcəb
eliyəceksən, çox mübarək, övlənəcəksüz, oğullu-uşaqlı olasuz, çağırarsuz toyuvuza,
gəlib Allah xeyir versin deyərik, çağırmazsuz, nolar, yenə Allah xeyir versin, atam
balası, mənə nə? Hə? Mənə nöş atçot verirsən, milisioner Səfərəm ki, ya səninçün
mən? Kim kimnən vağzal bağında, əncir ağacının dibində, gecə yarısı neyniyir,
mənə nə? Xalxın işinə nöş burnumu soxuram? Söz gəzdirmək mənim sənətim döyül,
atam balası, hamı bilir ki, söz gəzdirməklə mənim aram yoxdu... – Zübeydə
Ağagülün gözlərinin içinə baxa-baxa bu sözləri dedi, heç gözünü də qırpmadı. –
Yeri get yat, atam balası, gecdi, səhər dura bilməzsən.
Təbii ki, Zübeydənin dediyi sözlərin hamısını əksinə başa düşmək lazım idi və
Ağagül də bunu başqa cür başa düşə bilməzdi: səhərin gözü açılmamış Zübeydə
bütün kəndin arvadlarına ağzına gələni danışacaqdı.
Oğlanın döyüküb iki yüz əllilik lampa işığında ona beləcə yaxından baxması
Zübeydəni bu dəfə doğrudan-doğruya hövsələdən çıxardı və Zübeydə əlini uzadıb
darvazanın bala qapısından yapışdı ki, Ağagülün dalınca bağlasın:
– Yeri, yeri get yat, atam balası...
Bu vaxt həmin bürkülü Abşeron gecəsində birdən-birə bir toyuq qaqqıldadı və
bu toyuq qaqqıltısı sısqa ağcaqanad vızıltısı, elə bil ki, çox-çox uzaqlardan gələn
təmkinli dəniz uğultusu yeknəsəqliyində çox da gözlənilməz səsləndi; Zübeydə
təəccüblə Ağagülün arxasınca boylandı və oğlanın arxada tutub saxladığı torbanı
gördü.
– Bu nədi, adə, belə?
Ağagül:
– Toyuqdu, – dedi, – səninçün gətirmişəm. – Və torbanı Zübeydəyə uzatdı. –
Ala.
Zübeydə:
– A-a-a... – dedi və dodağının qıraqlarındakı qızıl dişləri iki yüz əllilik elektrik
lampasının işığında işıldadı: bu arvadın müftə mala xüsusi həvəsi vardı və müftə şey
hansı əhvalda olursa-olsun, o saat maqnit kimi onu özünə çəkirdi; Zübeydə
gözgörəsi dəyişib başqa adam oldu: – A-a-a... Ağagül, nə zəhmət çəkmisən?..
Ağagül əlində tutduğu torbadan canını tez qurtarmaq üçün bir də:
– Ala... götür... – dedi.
– Xəcalət verirsən də...
Zübeydə torbanı Ağagüldən aldı və əlini içəri salıb toyuğu çıxartdı; qırmızı çil
toyuq işıq üzü görən kimi, bərkdən qaqqanaq çəkib qanadlarını şappıldadaşappıldada
arvadın əlindən buraxılmaq istədi və Zübeydə də çil toyuğu təzədən
torbaya basdı:
– Gör nə hay-həşir qoparır, – dedi və soruşdu: – Anovun xəbəri var?
Ağagül bu suala cavab vermədi və Zübeydə də ikinci dəfə bu sualı təkrar
eləmədi.
Zübeydə:
– Gəl içəri də, burda nöş dayanmısan? – dedi.
Ağagül:
– Yox, çox sağ ol, – dedi və belə başa düşdü ki, işlər düzəlib daha, amma iki
yüz əllilik elektrik lampasının işığında bu arvadın girdə ətli sifətinə, qara gözlərinə
baxanda, ürəyində yenə də bir nigarançılıq baş qaldırdı. – Getdim mən...
– A-a-a... hara gedirsən? Dayan bir, işim var sənnən... – Zübeydə bir əlində
qırmızı çil toyuq, o biri əlilə də Ağagülün qolundan tutub həyətə tərəf çəkdi və
Ağagül də birdən-birə ürəyi döyünə-döyünə, ürkə-ürkə ki, görəsən, Zübeydənin
ağlına nə girib, istər-istəməz, onun dalınca addımladı; bu arvaddan nə desəydin,
gözləmək olardı və kəndin cavanları bir yerə yığışanda cavan oğlanlardan xoşu
gələn qoca arvadlar haqqında o qədər atmaca danışırdılar ki... Amma, elə ki, gəlib
quyunun yanına çatdılar, Zibeydə dedi:
– Ağagül, qadası, yorulmuşam yaman, sən də mənim qərdeşim, götür, bu
şlanqı evin dalındakı ləkləri sula bir balaca, nolar, göy-göyərti istinin ucbatından
yanıb gedir, hayıfdı, Ağagül, götür şlanqı, qadası, götür mən sulaya bilmədim
yaxşı... Əşşi, mənim də day hay-hayım gedib, vay-vayım qalıb də...
Zübeydə əvvəllər özü haqda belə sözlər deməzdi.
Ağagül bu bürkülü yay gecəsi daha nə desən gözləyirdi, amma belə bir təklifi
gözləmirdi; bir arvada baxdı, bir ilan kimi qıvrılıb yerə düşmüş bilək yoğunluğunda
qara şlanqa baxdı, sonra «aerodrom» papağının dimdiyini gözünün üstündən yuxarı
itələdi, ürəyində «Baladadaş, qərdeşüvün ölən günləridi!» – deyib şlanqı yerdən
qaldırdı, evin dalına tərəf addımladı və Zübeydə də o saat quyunun motorunu işə
saldı.
Əlbəttə, hər hansı başqa bir məqam olsaydı, Ağagül tüpürərdi bu həyətə də, bu
şlanqa da, elə bu arvadın özünə də, amma indi Nisənin adı vardı ortada; Nisənin
ağlamağı, qardaşından qorxmağı, kəndin camaatından xəcaləti Ağagülün ürəyində
qubar bağlamışdı bu geçə.
– Yaxşı sula, Ağagül, qadası, ləkləri də tapdalama! – dedi Zübeydə, sonra
artırmaya qalxan taxta pilləkənin altındakı və içinə mismardan tutmuş qoyun asmaq
üçün qarmağa qədər əlinə keçəni doldurduğu zənbillərdən birindən bir ip dartıb
çıxardı, həyətin aşağı başındakı heyva ağacının yanına gəlib qırmızı çil toyuğu
torbadan götürdü və toyuğun bir ayağını iplə cavan heyva ağacının nazik gövdəsinə
bağladı; qırmızı çil toyuq bu dəfə bərkdən qaqqanaq çəkib çırpınmadı, bir-ikicə dəfə
qaqqıldadı, vəssalam, elə bil ki, kimin əlinə düşdüyünü bilirdi və öz acı taleyi ilə
barışmışdı.
Ağagül evin dalındakı pomidor, badımcan ləklərini şlanqla sulaya-sulaya
hirsindən bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu
bibəri, xiyarı da yerlə-yeksan eləmək istəyirdi, amma burasını da yaxşıca başa
düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl, tərtəmiz göy-göyərtinin də heç bir
təqsiri yoxdur ki, dünyada Zübeydə kimi bir ifritə var və Ağagül sidq-ürəkdən qeyzə
gəlmişdi ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndam, ağıllı qızlar var, Nisənin
anası Firuzə xala kimi mehriban bağca müəllimələri var ki, uşaqlara can deyib, can
eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarılar var, amma, bax,
bu ay da, bu ulduzlar da, bu dəniz də lap elə bu göy-göyərti də, bu ağaclar da onlara
təfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da,
pislərə də.
– Ağagül, qadası, naporu bərkdi suyun, şüyüdü, vəzərini yumşaq sula!..
Zübeydənin bostanı balaca idi, yəni bir ailəlik idi, dörd-beş nəfərdən ibarət
bir ailənin süfrəsinə yarayardı və Zübeydə də bütün il boyu öz payını yeyərdi,
qalanını da şoraba qoyub qışda Bakının kolxoz bazarına çıxarardı, ən uzağı dördcə
günə satıb qurtarardı. Zübeydə çox gözəl şoraba qoyurdu, hətta kəndin arvadları da
bunu təsdiq edirdi, onun sirkə-badımcanlarının, həftəbecərlərinin, sirkəsarımsaqlarının,
sirkəyə qoyulmuş xiyar, pomidor, bibərlərinin, həqiqətən, heç bir
əyər-əskiyi olmazdı; hərdən yadına düşəndə və bu işə həvəsi olanda, köhnə,
müharibə illəri rəfiqələrinə üç-dörd banka pay göndərirdi, göndərirdi deyəndə ki,
yəni, özü aparırdı – Şirinxanım üçün, Nazxanım üçün, Dürdanə üçün...
Bu rəfiqələrin hamısı indi qocalmışdı, kimi tək oğluyla yaşayırdı, kimisinin
anası qalırdı hələ, onunla yaşayırdı, Dürdanənin əri varıydı, evlər müdiri işləyirdi və
indi çox mehriban yaşayırdılar, adam baxanda ürəyi açılırdı; Roza harasa köçüb
getmişdi və Zübeydənin çoxdan idi ondan xəbəri yox idi...
Bu rəfiqələrin kimisi öz qocalığı ilə barışmışdı, kimisi hələ də cavanlıq
eşqindəydi və yalan-doğru deyirdilər ki, Şirinxanımın – yaşda Zübeydədən də böyük
idi – hələ də Salamon adlı bir kamançaçalan sevgilisi var, babalı deyənlərin
boynuna...
Əlbəttə, belə bir cavanlıq üç qəpiyə dəyməzdi, çox ağlamalı-gülməli idi və
Zübeydə belə fikirləşirdi ki, getdi o vur-çatlasın, çal-oynasın günləri, getdi və bir də
heç qayıtmaz geri; yaxşı olar qayıtmaz, pis olar qayıtmaz – bunu deyə bilməzdi,
çünki hər halda, yaxşısı çox idi o günlərin, doyunca kef elədilər bu dünyada,
beşgünlük dünyada, Isgəndərə qalmayan dünyada, çaldılar, oynadılar, güldülər,
camaat bir tikə qara çörək tapmayanda, onlar Kislovodskdan vurub Soçidən çıxdılar,
onları sevənlər var idi, onların dərdindən ölənlər var idi, onlardan ötrü gecəningündüzün
hansı vaxtı desən, arvad-uşaqlarını həmişəlik atmağa hazır olanlar var idi,
bir can alan baxışdan ötrü vəzifədən qovulmağa razı olanlar var idi, amma
Zübeydəgil azadlığı, sərbəstliyi sevirdilər və doğrudan da, azad və sərbəst idilər:
amma pisi də vardı o günlərin və bu pis, elə bil, siçan yuvası görmüş pişik kimi
illərdən bəri pusquda durubmuş, yavaş-yavaş baş qaldırırdı, indi adama təsir
eləyirdi, indi adamın ağlına gəlirdi, bəzən adamın lap atasını da yandırırdı... Nə isə...
– Ağagül!... Qurtarmadın oranı, qadası? Çox sucuq eləməginə! – Zübeydə
quyunun motorunu söndürdü və sinəsini, qollarını şappıldadıb ağcaqanadları qovaqova:–
Gəl day, ora bəsdi, – dedi. – Gəl, gəl, bir balaca o hasarın yanındakı ağacları
da sulaginə, bəsdi day... Şlanq ağırdı, qadası, apara bilmirəm ora...
Ağagül heç bir söz demədi, yəni, bərkdən heç bir söz demədi, ürəyində nə
deyirdi, özü bilirdi, şlanqı darta-darta hasar boyu Qeysəbdülün əkdiyi küknarların
yanına getdi və Zübeydə təzədən motorun düyməsini basıb işə saldı.
Əbdül yaxşı kişiydi, yazıq kifiriydi, amma yaxşı adamıydı, kəndin uşağından
tutmuş böyüyünəcən kim desəydi ona ki, ağzındakı dilin lazımdı mənə, çıxarıb
verərdi. Gör bu küknarlar necə böyüyüb, gör necə ildi, Allah, ölüb Əbdül... O öləndə
Ağabacının bu oğlu heç anadan olmamışdı yəqin, amma indi vağzal bağında qızla
öpüşür, özü də vələdüznanın cövhəridi, görmürsən anasından xəlvət bu qırmızı çil
toyuğu necə götürüb gətirib bura?
Əlində şlanq yavaş-yavaş hasar boyu addımlayan Ağagül isə indi onun
hayındaydı ki, görəsən, bu küknar ağaclarının dibini sulayandan sonra nə etməlidi?
Şlanqdan axan su iki yüz əllilik elektrik lampasının işığında küknarın dibində
köpükləndikcə, Ağagül fikirləşirdi ki, birdən sabahdan Nisə daha onunla görüşməz,
bu ifritə arvadın ucbatından əsgərlikqabağı ürəyi düşər partlamaya və bu dəm
Zübeydə də bu göy şalvarlı, nazik sarı köynəkli, «aerodrom», bukle papaqlı oğlana
baxıb, fikirləşirdi ki, Firuzənin, özü də ağıllı Firuzənin göyçək qızı Nisə bu
uzundraz, arıq, üzünə hələ əməlli-başlı tük çıxmamış, seyrək bığlı bu axmaqda nə
görüb? Oğlan gərək yaraşıqlı olsun, oğlan gərək güclü olsun, oğlan gərək kişi olsun
və kişinin də gərək cibi dolu olsun və həmin kişi də gərək qızı elə öpsün ki, bunü
heç kim görməsin; amma birdən-birə Zübeydə burasını da fikirləşdi ki, əvvəla, pul əl
çirkidi, ikincisi də heç kim heç nə görməz, amma Zübeydə görər.
Kəndin arvadları deyirdi ki, Zübeydə bilməyən şeyə qurd düşər. Yəqin belədi
ki, belə deyirlər də... Amma niyə belədi? Bax, bax, bax, bu da birinci dəfəydi ki,
Zübeydə kəndin arvadlarının onun haqqında dediyi sözləri top-tüfəngə tutmurdu,
təsdiq eləyirdi, lap quzu kimi təsdiq eləyirdi və yanıb-yaxılırdı da ki, axı, niyə
belədi?
Qocalıqdandı hamısı, vallah-billah qocalıqdandı. Cavanlığında heç vecinə də
almırdı belə söz-söhbətləri, axı, o kimiydi cavanlığında, kəndin bu qarğa-qurğa
arvadları kimiydi?
Hanı indi o gözəllik, o mərmər sinə, o incə bel ki, iynə deşiyindən keçərdi, o
büllur budlar ki, hər biri bir mitəkkəyə oxşayırdı?
Onda, o zamanlar Zübeydə nə idi, camaatın işinə qarışdı nə idi? Plov yemirdi
ki, qönçə dodaqları yağa batar...
Yavaş-yavaş getdi o günlər..
Yavaş-yavaş xırda bazar alverçisinə döndü.
Hərə bir tərəfə dağıldı, təkcə Şirinxanım fərli çıxdı, qırx yaşında instituta girdi,
oxuyub həkim oldu.
– Qurtardı?
– Nə deyirsən?
– Deyirəm ki, qurtardı, yoxsa hələm genə lazımam? – Ağagül əlində şlanq
axırıncı küknarın dibini sulayıb qurtarmışdı.
Zübeydə:
– Ay çox sağ ol, Ağagül, qadası! – dedi və quyunun motorunu söndürdü.
Ağagül şlanqı yığa-yığa gətirib quyunun yanında yerə atdı və əliylə üzgözünün,
alnının tərini silib birbaşa çıxıb getməyə ürək eləmədi, soruşdu:
– Gedim mən?
– Hə? – Zübeydə o tərəf-bu tərəfə baxdı, həyətin ortasındakı meynə talvarının
üstündən sallanmış və ay işığında hamısı eyni rəngdə qaralan üzüm salxımlarını
görüb: – Ancaq bu salxımlar qalıb, Ağagül, qadası, sovxa o qədər hündürdü ki,
qorxuram yıxılım dərəndə... – Və bu vaxt dünyanın ən qəribə işlərindən biri baş
verdi – Zübeydənin qabağında dayanıb üz-gözündən damcı-damcı tər süzülən bu
cavan oğlana birdən-birə yazığı gəldi. – Yaxşı, lazım döyül, – dedi, – bala, get, get
evinizə, xoş gəldin, yeri get...
Ən qəribəsi isə bu oldu ki, Ağagül hündür talvardan sallanan üzüm
salxımlarına baxdı, qabağında dayanıb lırtlaşmış qolunda, qırışmış sinəsində
şappıltıyla ağcaqanad öldürən və bütün bu həyətdə, bu ağacların arasında, bu
ulduzların altında tamam tək-tənha olan bu arvada onun da birdən-birə yazığı gəldi
və Ağagül özü də buna təəccüb elədi, təəccüb elədi ki, Zübeydə kimi bir zalıma,
dinsizin-imansızın birinə yazığı gəlir.
– Əybi yox, nərdivanı ver, yığım səninçün...
– A-a-a... – Bu dəfə də Zübeydə təəccübləndi və nədənsə, Ağagülün bu həvəsi
onun xoşuna gəlmədi. – Yeri get, atam balası, qorxma, heç kimə heç nə demərəm,
xoş gəldün, lazım döyül.
Həmin bürkülü yay gecəsi dayanıb ay işığında bu uzun, arıq oğlana baxan
Zübeydə birdən-birə, az qala, mehriban bir məxluqa döndü; Ağagülə elə gəldi ki,
əslində dünyada iki Zübeydə var, biri küpəgirən qarıdı, o birisi yazığın biridi; bu
yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən,
su durulur, dibindəki qumu görürsən, sonra yenə kimsə daş atır, su bulanır, dibi
görünmür.
Əlbəttə, Zübeydənin bu dəm belə bir fəlsəfədən xəbəri yox idi və oğlanın da
yenə döyüküb qalmasını nigarançılığa, qorxaqlığa yozdu.
– Demərəm də, – dedi. – Heç kimə demərəm. Yeri get. Xoş gəldün.
Ağagül evin yan divarına söykənmiş nərdivanın dalınca getdiyi üçün bu
axırıncı sözləri əməlli-başlı eşitmədi, nərdivanı gətirib talvara söykədi və Zübeydə
də daha bir söz deməyib artırmadakı böyük emallı ləyəni əlinə aldı və gəlib durdu
talvarın altında, nərdivanın yanında.
Ağagül salxımları bir-bir dərib Zübeydənin yuxarı qaldırıb tutduğu ləyənə
düzə-düzə:
– Sərçə dimdikləyib salxımları, – dedi.
– Nolar?.. – dedi Zübeydə. – Sərçə də Allahın heyvanıdı də...
Ağagül bu arvaddan sərçələrə qarşı belə bir səxavət və xeyirxahlıq gözləmirdi
və talvardan sallanmış salxımlardan toz-torpaq düşmüş gözlərini əli ilə ovuşduraovuşdura
yuxarıdan-aşağı Zübeydəyə baxdı, Zübeydə ləyəni qaldırıb başının
üstündə tutmuşdu və bu dəm onun duruşu, görkəmi Bakının köhnə bağlarındakı
çarhovuzların ortalarında dayanan, köhnəlib və əldən düşmüş, pasmandaya dönmüş
əcaib heykəllərin duruşuna, görkəminə oxşayırdı. Ağagül fikirləşdi ki, onların
kəndindəki bu Zübeydədən bir dənədi.
– Nə vaxt gedirsən əsgərliyə, Ağagül?
– Sentyabrda gedirəm.
– Baladadaş məktub yazır?
– Hə... Salam-duası var...
– Salam göndərən sağ olsun... Allah canını sağ eləsin, sağ-salamat qayıdıb
gəlsin. Uzaqdadı yazıq. Sən Bakının özünə düşsən yaxşı olar, gedib-gələrsən kəndə.
– Pribaltikaya gedirəm.
– Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düşsən lap əntiqə olar. Oraları
gəzəndə, Ağagül, yad eləyərsən məni... Abşeron kimi bir yerdi ora, dəniz qırağında,
kurortdu özü də başdan-ayağa...
Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu
dünyada.
Iki il bundan əvvəl qışda, o tərəflərin qışının lap oğlan çağında pansionata
getmişdi Zübeydə, Yurmalanın Mayori deyilən bir yerinə. Şirinxanım düzəltmişdi
putyovkanı onunçun. Əvvəlcə başına girmişdi ki, sanatoriyaya getsin, amma heç
harda işləmirdi və Şirinxanım da ha əlləşdi, bir şey çıxarda bilmədi, sanatoriya
düzəlmədi, Şirinxanım «yanan» putyovkalardan birini əldə edib Zübeydəni
pansionata göndərdi. Yurmalanın Mayori deyilən yerinə və kəndin arvadları matməəttəl
qalmışdı ki, gör hara gedir Zübeydə, paxıllıqdan yanıb-yaxılanlar da var idi
(Quyuqazan Həsənqulunun arvadı kürən Anaxanım başını bulaya-bulaya deyinirdi:
«Səhərdən axşamacan sovxozda işləyən mən, istirahətə gedən Zübeydə
ciyəriyanmış!»), amma o tərəflərin qışı doğrudan-doğruya çox gözəl idi, pansionat
da çox təmiz, səliqəli idi və ən başlıcası da bu idi ki, heç kim onu tanımırdı, bilmirdi,
cavanlar üçün «tyotya Zubeyda» idi, yaşlılarla həmsöhbət idi, bir Izabella
Xaymovna vardı orda, mehriban arvadıydı çox, yaşı yetmişi keçmişdi, amma pudraboyasından
qalmırdı heç, pansionatdan sonra üç-dörd dəfə məktub yazdı Zübeydəyə,
amma Zübeydə cavab göndərmədi, bircə dəfə şəkərburayla paxlava bişirib yolladı
onunçun Odessaya, amma Izabella Xaymovna elə indiyə kimi hər bayramda bir
«otkrıtka» göndərirdi.
Zübeydə Mayoridə pansionatda qalanda Izabella Xaymovnaya demişdi ki,
bura putyovkanı mənimçün oğlum alıb, yollayıb məni bura ki, bir az işdən-gücdən
istirahət edim, nəvələrin səs-küyündən...
– Düş, ay Ağagül, bala, düş aşağı. Day yoruldum mən, gücüm çatmır, saxlaya
bilmirəm ləyəni day...
Zübeydə içi üzüm dolu ləyəni yerə qoydu və Ağagül də nərdivandan düşüb
əliylə meynənin toz-torpağına bulaşmış sir-sifətinin tərini sildi, nərdivanı aparıb
yerinə qoydu, «aerodrom» papağını çıxarıb bir-iki dəfə çırpdı, təzədən başına qoydu
və:
– Mən getdim, – dedi.
Zübeydə ləyəni aparıb artırmanın sement döşəməsinə qoydu, sol əlini belinə
basdı və belini düzəldib:
– Çox sağ ol, qadası, – dedi. – Get, xoş gəldin, – dedi və birdən-birə istədi ki,
həyətin aşağı başındakı cavan heyva ağacına bağlanmış qırmızı çil toyuğu da
qaytarsın Ağagülə, amma tez də bu fikrindən vaz keçdi: bu fikir necə birdən-birə
gəlmişdisə başına, elə-eləcə də birdən-birə yox olub, getdi. – Toyunda əvəzini
çıxarıq, – dedi. – Allah qoysa... Ilahamin.
Ağagül istədi ki, Zübeydəyə bir də tapşırsın ki, vağzal bağında Nisəylə
öpüşmələrini kəndin camaatına yaymasın, amma daha bir söz demədi, darvazadan
çıxıb bala qapını da ardınca örtdü.
Yavaş-yavaş, lap yavaş-yavaş dənizdən meh əsməyə başlamışdı və
külafirəngidə bu yel daha artıq hiss olunurdu, burada ağcaqanad da nisbətən az idi.
Zübeydə üzümün doşablığını ayırdı, yeməliyini ayırdı, sirkəliyini ləyəndən arıtdayıb
balonlara doldurdu, ləyəni quyunun suyunda yaxaladı və sudan bir parç da götürüb
içdi, sonra gəlib külafirəngiyə qalxdı, yerdən saldığı palazın üstündə oturdu. Yemək
istəmirdi, isti onun iştahını kəsmişdi, elə günorta yediyinin üstündə idi, televizora da
baxmaq istəmirdi, həvəsi yox idi, elə-beləcə külafirəngidə oturub dənizə tamaşa etdi.
Ay dənizə payəndaz salmışdı və bu saat bu payəndaz lap xırdaca-xırdaca
tərpənirdi, bu payəndazın üzündə şövq vuran ay işığı lap xırdaca-xırdaca titrəyirdi;
dəniz belə sakit olanda axır vaxtlar Zübeydəyə pis təsir edirdi, belə bir səssizlik,
sükunət axır vaxtlar bu arvadı sıxırdı, ürəyini qısırdı, əslində elə cavanlıqdan belə
idi, intəhası cavanlıqda bunun fərqinə varmırdı, amma indi özündən asılı deyildi;
Allah hərəni bir cür yaradıb, onu da belə yaratmışdı. Dənizin uğultusu gələndə,
dalğalar özünü qayalara çırpanda, adama elə gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu
ətraf da yaşayır, nəfəs alır sənlə birgə.
Indi dənizin üzü tərtəmiz idi, ay işığında bircə köpük də ağarmırdı və bu
təmizlik, bu sakit, sükunətli təmizlik Zübeydənin ürəyində bu dəm hansı bir incə,
kövrək simisə tərpədirdi, amma bunun nə olduğunu, hansı xatirə olduğunu Zübeydə
yadına sala bilmirdi; bu, vur-çatlasın, çal-oynasın xatirələrindən deyildi, nəsə başqa
bir şey idi.
Birdən, elə bil ki, quyunun dibindən gəlib çıxan dəniz uğultusunun, arabir
Zübeydənin qulağının dibindən ötən ağcaqanad vızıltısının, külafirənginin
qabağındakı xartut yarpaqlarının lap həlim-həlim, lap güclə eşidiləcək xışıltısının
həmin yay gecəsindəki yeknəsəqliyini yenə toyuq qaqqıltısı pozdu, qırmızı çil toyuq,
bir-iki dəfə qaqqıldadı, elə bil ki, bu böyük dünyada toyuqların payına düşən
insafsızlığın qarasına deyindi və Zübeydə də ayağa qalxıb külafirəngidən düşdü,
artırmadakı girdə mizin üstündəki mis qazanın qapağını qaldırdı, qurumasın deyə,
hər gün xüsusi parçaya büküb saxladığı təndir çörəyindən iki fal qoparıb götürdü və
heyva ağacının yanına gəlib çörəyi didə-didə qırmızı çil toyuğun qabağına səpdi.
Qırmızı çil toyuq dimdiyini torpağa dirəyib bir müddət çox müdrik bir
biganəliklə qabağına düşən çörək qırıntılarına baxdı, sonra üzünü yana çevirdi və
Zübeydə də:
– Ba-a-a... Qudurasan qurbağa!.. – dedi. – Yaxşı deyiblər ki, mal yiyəsinə
oxşamasa, haramdı...
Məsələ burasında idi ki, Ağagülün anası Ağabacı, yəni, bu təkəbbürlü qırmızı
çil toyuğun bu gecəyə qədərki sahibi kənddə Zübeydəni istəməyənlərdən ən
birincilərindən idi. Nuh-Nəbidən bu günə kimi, Zübeydənin hər bir hərəkətini, hər
bir söz-söhbətini, yerişini-duruşunu, tanışını-bilişini, geyimini-kecimini amansız
tənqid atəşinə tutanların birincilərindən biri idi və Zübeydənin də bu arvaddan
zəhləsi gedirdi, amma bir iş vardı ki, həmin acıdil, vecsiz, adamayovuşmaz
Ağabacının, qara pıspısaya oxşayan Ağabacının indi Ağagül boyda bir oğlu vardı,
özü də kiçiyiydi Ağagül hələ, ondan böyük bir oğlu əsgərlikdə idi. Ağagüldən kiçik
bir oğlu da var idi – Nuhbala və altı da qızı var idi, nə isə...
Zübeydənin də indi qızları ərə gedə bilərdi və Zübeydənin də belə bir oğlu ola
bilərdi, o oğlan da gedib vağzal bağında gözəl bir qızla öpüşə bilərdi, əsgərlikdən
evə məktub göndərərdi, Zübeydə də elçi gedə bilərdi, gəlin gətirə bilərdi... Yaxşı,
yaxşı, sən o uzundraz Ağagülün canı, başlama özündən hoqqa çıxarmağa, başlama
fikir dəryasına düşüb dərd əlindən üzməyə, yeri get yat, Ağabacı indi dördüncü
yuxusunu alır yəqin, heç fikirləşmir də ki, dünyada Zübeydə adında bir məxluq var...
Elədir ki, var, düzdü, qocalıqdandı bu fikir-zikir hamısı, qocalıqdandı ki, var.
V
Ağagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən
soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında
gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi,
onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra,
gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə
olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa,
quyunun yanında oturub «Isgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü
saxlaya bilməz bu arvad, ifritənin biridi.
Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu
saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə,
doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı,
dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.
Hayıf o toyuqdan.
Məsələ, əlbəttə, təkcə toyuqda deyildi; toyuqları çox idi və bir qırmızı çil
toyuğun azlığı ilə kasıb düşməyəcəkdilər; uzaqbaşı, Ağagül anasına deyəcəkdi ki,
toyuğu Bakıdakı yoldaşlarından birigilə pay aparıb; məsələ onda da deyildi ki,
Ağagül yalan danışacaqdı və yalan danışmaq yaxşı iş deyildi, kişiyə yaraşmazdı –
bir yalan ki, Nisə kimi bir qızın təmiz adını təmiz də saxlamaq üçün idi, o yalanın
eybi yox idi; məsələ onda idi ki, toyuq da gedəcəkdi, Nisə də bədnam olacaqdı kənd
içində...
|