Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Toyuğun diri qalması
TOYUĞUN DİRİ QALMASI
(Əncir ağacı)

I


    «–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiqməşuq əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı! Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..»
    Kənddən Bakıya gedən elektrik qatarının səsi, istər-istəməz, bir müddət Zübeydənin fikirlərini alt-üst elədi, dağıtdı bu fikirləri və həmin elektrik qatarının səsi altında Ağagül ömründə birinci dəfə qız öpdü və həmin elektrik qatarının səsi altında Nisə də portfelini qollu-budaqlı əncir ağacına söykəyib, ömründə birinci dəfə oğlanla qucaqlaşdı, oğlanla öpüşdü.
    Bütün əhvalat da elə buradan başladı.
    Elektrik qatarının səsi yavaş-yavaş uzaqlaşdıqca, nar ağaclarının dalında gizlənib xısın-xısın əncir ağacına tərəf boylana-boylana Ağagüllə Nisənin öpüşməyinə tamaşa eləyən Zübeydənin beynində «bəh-bəh»lər və «malades»lər də təzədən baş qaldırdı və bu dəm Nisə bütün ömründə oğlanla birinci dəfəki öpüşdən sonra gözlərini açanda lap qəfildən, birdən-birə ay işığında nar ağaclarının arasından boylanıb maraqla, bir az heyrətlə, bir az da həsədlə onlara baxan girdə, ətli sifəti, yaşına yaraşmayan bir parıltıyla parıldayan yekə qara gözləri gördü:
    – Vaxsey! Zübeydə!
    Bu ikicə söz pıçıltısındakı qorxu, ürkəklik, elə bil ki, bircə anlığa həmin yay gecəsinin bürküsündə mürgüləyən əncir, nar, heyva, badam, zeytun ağaclarını, vağzalın daş hasarı boyu qalxmış meynələri, yelsizlikdən bir yarpağı belə titrəməyən tutları da diksindirdi və Zübeydə də bu ikicə sözü pıçıldayan səsin xofundan qeyzə gəldi, nar ağaclarının budaqlarına ilişə-ilişə irəli yeridi.
    – Nədi, balam? Nə xəbərdi? Cin-şeytan göründü gözlərüvə?! Nöşü-ü-ü-n?!
    Zübeydə bu «nöşü-ü-ün»ü çox mənalı dedi və bu mənanın dalında nə gizləndiyini həmin yay axşamının istisində əli-ayağı buz kimi soyumuş, ürəyi uçunan Nisə də, çönüb Zübeydəyə baxa-baxa hələ də özünə gələ bilməyən Ağagül də yaxşı başa düşdü.
    – Cin-şeytandan ki, belə qorxursan, yaxşı, balam, anam-bacım, nöşün camaatın getdiyi düz yolla, işıqlı yolla evivüzə getmirsən? Hə? Nöşü-ü-ün?.. Hirsindən və pərtliyindən uşaq kimi dodaqları qaçan Ağagül dedi:
    – Düz adamsan, sənin burda nə işin var?
    Bu dəfə Zübeydənin doğrudan matı-qutu qurudu və arvad sidq-ürəkdən heyrət elədi:
    – A - a - a!.. Adə, qara məni basınca, mən qaranı basım, hə? Keçməz, atam balası, keçməz! Nolar, camaat durur, biz dururuq! Baxarıq, görərik mən düz adamam, ya siz düz adamsuz ki, vağzal bağında, əncir ağacının altında, gecənin xəlvətində... gecənin xəlvətində!.. – Əvvəlcə bütün bu dediklərinin dalınca bir söz tapa bilmədi, sonra dedi: – Gecənin xəlvətində Leyli-Məcnunluq eləyirsüz! – Sonra da, elə bil ki, tapıb dediyi bu söz özünün xoşuna gəlmədi, kəsərsiz oldu, dedi: – Əh, qələt eləyər Məcnun atabaatasıyla, Leyli də ondan beşbetər, vağzal bağına gəlməz! Gözünün yaşı burnunun ucundan gilə-gilə süzülən Nisə içini çəkə-çəkə:
    – Heç kimə demə... – dedi. – Heç kimə demə, qələt eləmişik, Zübeydə...
    Zübeydə xala...
    Zübeydə əvvəlcə, elə bil, başa düşmədi, eşitmədi bu sözü, sonra qulağına inanmadı Zübeydə, amma Nisə bir də təkrar elədi ki, qələt eləmişik, Zübeydə xala, heç kimə demə kənddə, biabır olarıq biz, Zübeydə xala və sözləşmək, sözlə didişmək həvəsindən Zübeydənin tar simi kimi tarım çəkilmiş bədəni birdən-birə, bircə anın içində süstəldi, bütün hirsi-hikkəsi, kini-küdurəti çıxıb getdi işinin dalınca və arvad açıq-aşkar yumşaldı, ürəyində lap kövrəldi də.
    Məsələ burasında idi ki, kənddə uşaqdan tutmuş böyüyəcən hamı Zübeydəyə elə-eləcə Zübeydə deyirdi və bu kənddə birinci dəfə idi ki, kimsə Zübeydəyə «Zübeydə xala» deyirdi.
    – Yanındakını başa sal də... qızım... – dedi Zübeydə. – Başlayıb ki, düz adam belə gəldi, əyri adam belə getdi, day nə bilim nə... Nisə daha bir söz demədi, əyilib əncir ağacının dibindən portfelini götürdü və içini çəkə-çəkə də Zübeydənin yanından ötüb-getdi. Ağagül də qızın dalınca addımlaya-addımlaya dünyanın ən iyrənc bir məxluquna baxırmış kimi, çimçəşib nifrətlə yuxarıdan-aşağı Zübeydəyə baxdı və bu baxışların altında Zübeydə yenə də mindi cin atına, həmişəki Zübeydə oldu, özünü saxlaya bilməyib Ağagülün arxasınca:
    – Ay sən öləsən! – dedi. – Baxarsan!.. – Sonra Nisənin dediyi sözlər də yadından çıxdı. – Baxarsuz!

I I


    Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki, müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib, Xəzəri üzüb gedib düşmüşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib Bakıda satsın (Papaqçı Əlihüseyn şirnikləndirmişdi onu o vaxt, indi gorbagor olub köpək oğlu!), amma bilməmişdi ki, bir qara daş da dalınca gedir: Bakıdan apardığı Nuxa krepdeşinini satdığı yerdə (yaxşı deyiblər ki, artıq tamah baş yarar!) tutmuşdular onu Aşqabad bazarında və amnistiya olmasaydı, bir il iki ay on dörd gün yox, şəhərlərarası alver üstə düz altıca il yatacaqdı türmədə. Həmin bir il iki ay on dörd günün elə günü olmadı ki, Zübeydə tövbə eləməsin və papaqçı Əlihüseynin də atasının goruna söyməsin ki, bir də belə iş tutmayacaq. Belə iş deyəndə ki, yəni, böyük iş, yəni, qaz vurub, qazan doldurmaq məsələsi. O vaxtdan da xırda-xuruş idi Zübeydəninki, amma xırda-xuruşun da üzü qara olsun, bude, bu gün günortadan bazarda idi, günortanın o cırhacırından axşamacan, satdığı da cəmi üç dənə süpürgə olmuşdu. Bu şoqəribə qalmış süpürgələri Abdulla kişi bekarçılıqdan düzəldirdi və Zübeydə də kişinin qılığına girib, süpürgələri ucuz qiymətə ondan alırdı və bazara aparıb satırdı. Dünən lap betər olmuşdu, cəmi iki süpürgə satmışdı və bu axşam da Zübeydə süpürgə dolu həsir zənbili nar ağacının budaqlarına ilişə-ilişə və ürəyində də Ağagülün qarasına deyinə-deyinə ağaclıqdan çıxıb vağzal bağının cığırına düşdü; buna bax də, bir, hələ «ding» eləyib yumurtadan çıxmamış, əncir ağacının altında qızla öpüşür, amma adama da elə baxır, elə bil ki, gürzə ilana baxır, nədi, balam, nolub, sancacağam səni, sancmışam səni, nədi axı? Atan səhərdən axşamacan avtobus sürür buradan Bakıya, Bakıdan bura, yığıb gətirir evə, anan yeyib harınnıyır, özün də uşağın başını tovlayıb gətirirsən axşamın qaranlığında əncir ağacının altına, indi nolub, mənəm təqsirkar? Nöşün, lənətüllah, bu da bu tərəfdən çıxdı qabağıma...
    Zübeydə uzaqdan ona tərəf gələn qaraltını, milisioner Səfəri o saat tanıdı, lənətüllahı da onunçun dedi və içi süpürgə dolu həsir zənbili görüb, milisioner Səfərin yenə qırsaqqız olmaması üçün, təzədən öyüd-nəsihət verməməsi üçün yolunu dəyişdi, vağzalın aşağı tərəfindən keçən cığıra döndü ki, Məsməxanımın indi bağlı olan tərəvəz köşkünün qabağından dövrə vurub evə getsin; yolu xeyli uzandı və bu da Zübeydəni lap dilxor elədi.
    Zübeydə elə bildi ki, milisioner Səfər onu görmədi, amma milisioner Səfərin də gözləri sərraf gözləri idi, lap uzaqdan Zübeydəni tanıdı, əlindəki həsir zənbili də gördü, arvadın tez yolunu dəyişib başqa cığıra düşməsinin də səbəbini başa düşdü və axır vaxtlar, yəni bir xeyli müddət Zübeydəni faydalı əmək yoluna çağıra-çağıra daha zinhara gələndən sonra, bu tüfeyli arvad barədə sabitləşmiş fikri bir də gəlib beynindən keçdi: « – Əşşi, qoy cəhənnəm olsun getsin, qozbeli qəbir düzəldər». Əlbəttə, Zübeydənin xəbəri yox idi ki, milisioner Səfər bu saat onu, ancaq qəbirdə düzələcək qozbel hesab elədi (xəbəri olsaydı, yenə bir şey bəhanə eləyib milisioner Səfərin arvadı Zübeydəylə – bu əfəl oğlu əfəlin də arvadının adı Zübeydə idi – kəndin ümumi hamamında bir dava-şava qoparacaqdı ki, arvadlar onları güçlə aralayacaqdı!), amma elə-beləcə dilxor idi və dilxor-dilxor da getdi öz xarabasına. Bayaq vağzal bağından keçib bazardan evə qayıdırdı, cığırın qırağındakı ağaclıqdan, ancaq onun eşidə biləcəyi bir pıçıltı eşitdi və əlbəttə, Zübeydə də Zübeydə olmazdı ki, tez, lap bircə göz qırpımında özünü ağaclığa verib pıçıldaşanların kim olduğunu pusmasın; baxıb gördü ki, bəli, məclis arəstədi, bağça müəlliməsi Firuzənin qızı Nisə ilə o zəhləsi getmiş Ağabacının oğlu Ağagül dayanıblar üzbəsurət və pıçıldaya-pıçıldaya eşq-məhəbbətdən dəm vururlar, sonra da qol-boyun olub öpüşdülər və sonra da qızın gözünə cin-şeytan göründü. Belə-belə işlər.
    Bu tərəfdən də bu milisioner Səfər böyürdən çıxıb, yolunu uzaq saldı; qaragün oğlu qaragün, altı yekə qızı var, altısı da evdə; bu qızların yükü altda az qalır boğazının damarları şişib partlaya, papağını da çıxaranda xalis keçəl bülbülə oxşayır, bircə dənə tük də yoxdu başında; əşşi, özü bilər, sənə nə, sən kimsən, ləçər arvadı var, qoy o da dərdini çəksin kişisinin...
    Düzdü, bir dəfə, lap elə bu yazın sözüdü, milisioner Səfər bazar başında ona yaxınlaşıb bir söz dedi, həmin söz heç yadından çıxmır, beynində həkk olub qalıb o söz düz üç aydı, tez-tez yadına düşür və milisioner Səfərin, azı, otuz ildi ona dediyi sözlər bu bircə cümlənin yanında tamam heç zaddı.
    Zübeydə Bakıdakı bir köhnə tanışından zəfəran, sarıkök, cirə, zəncəfil, yumurta boyamaq üçün rəngbərəng boyalar alıb gətirib kəndin bazarında satırdı, milisioner Səfəri görüb şey-şüyünü yığışdırdı, bazar başına getdi və on-on beş dəqiqədən sonra elə oradaca milisioner Səfər təzədən pırtlayıb çıxdı böyürdən, gəlib Zübeydəylə üzbəüz dayandı və Zübeydə elə bildi ki, milisioner Səfər yenə də bir neçə il bundan qabaqkı kimi, onu milis idarəsinə aparacaq, amma milisioner Səfər onu milis idarəsinə aparmadı, arvadın qıpqırmızı xınalı saçlarına, cavanlıqda çox sinəsinə döyən cayılların ağlını başından eləmiş və indi yavaş-yavaş kiçilən, sulanan qara gözlərinin kənarındakı qırışlara, lırtlaşmış, buxağı sallanan sifətinə baxdı, baxdı, elə bil, Zübeydənin cavanlığı gəldi durdu gözlərinin qabağında (qəribəydi ki, milisioner Səfərin bu baxışlarının altında Zübeydə də birdən-birə öz cavanlığını yadına saldı, öz cavan sir-sifəti, cavan əndamı gəldi durdu gözlərinin qabağında) və dedi:
    – Özünü o qazanın altında yandırdın ki, içindəki heç kimə lazım deyil...
    Milisioner Səfər bu sözləri dedi və çıxıb getdi. Həmin gün Zübeydə tamam hali-pərişan oldu. Nə isə, gəldi çıxdı evinə.
    Kənddə, ancaq işi düşənin – alanın, satanın, axtaranın, Bakıya ev dəyişənin, bağ kirayə verənin... – ayağı dəyən bu ev, bu həyət-baca kəndin aşağı başında, qumluqla qayalığın arasında idi və bu qayalıqdan dənizə yüz əlli-iki yüz metr məsafə vardı və yay-qış dənizin səsi Zübeydənin radiosuydu, konsertiydi; Bakıya, ya başqa bir yerə gedəndə, əlbəttə, bu qum üçün də darıxırdı, bu qayalıq üçün də, həyətdəki bu meynələr üçün, iydə, xartut, ərik, heyva, nar, əncir ağaclarıyçun da darıxırdı, amma hər şeydən çox, ən birinci, dənizin səsi üçün darıxırdı.
    Zübeydənin ikiotaqlı daş evi, mətbəxi, mətbəxin yanında hamamı və hamamın da yanında içəri tərəfdən divarına yarıyacan çex kafeli düzülmüş tualeti vardı. Həyətində balaca çarhovuzu vardı və cəmi iyirmi sotluq bu həyətdəki sağlam ağaclar kəndin az-az həyətlərində vardı və ümumiyyətlə, Zübeydənin evindəki, həyət-bacasındakı səliqə-sahmanına kənddə onun Ağabacı kimi ən birinci düşmənlərinin belə, sözü yox idi.
    Zübeydə həyətə girən kimi, əlindəki həsir zənbili hirslə darvazanın yanındakı alça ağacının dibinə atdı və guya, bütün təqsirlər yazıq Abdulla kişidəymiş kimi, onun qarasına bir-iki yağlı söz dedi, sonra iti addımlarla quyuya yaxınlaşıb bir vedrə su çəkib çıxardı, sərin sudan bir parç götürüb birnəfəsə başına çəkdi və bu bir parç sərin quyu suyundan sonra, elə bil, bir balaca sakitləşdi. Vedrənin qalan suyundan üç-dörd ovuc töküb üz-gözünə çırpdı, bir-iki parç da su doldurub artırmanın sement döşəməsinə atdı ki, bir az sərinlik olsun.
    Quyunun həndəvərində ağcaqanad daha çox idi və Zübeydə vedrəni yerə qoyub yaş əliylə ətli qollarını, sinəsini şappıldada-şappıldada artırmaya qalxdı, hər tərəfi açıq artırmanın bir kənarında qurduğu miçətkənin içinə girib palazın üstündən sərdiyi nazik yay döşəyində uzandı, başını yumşaq mütəkkəyə qoyub, qollarını açdı və sinədolusu nəfəs alıb bir:
    – Oxxay!.. – dedi.
    Dənizdən lap yavaş bir uğultu gəlirdi, yel deyilən şey yox idi və dənizin xırda bir ləpəsi də tərpənmirdi. Artırmada yaş sement döşəmə çox tez qurudu və sərinliyi də çox tez keçib getdi, elə bil, həyətdə ocaq qalamışdın və hasar boyu əkilmiş küknar ağaclarının qozalarının səsi də, elə bil, ocaqda yanan odunun şaqqıltısıydı; küknar qozaları hərdənbir öz-özünə şaqqıldayıb çatlayırdı, sonra bir-bir tuppultuyla yerə düşürdü.
    Zübeydə miçətkənin altından əlini uzadıb taxta kətilin üstündəki bir ləyən üzümdən bir gilə qoparıb ağzına qoydu, sonra əllərinin ikisini də başının altında çarpazladı. Üzüm giləsi isti idi və elə bil ki, bütün dadını-tamını itirmişdi.
    Ümumiyyətlə, elə bil ki, meyvələr get-gedə dadsızlaşırdı və Zübeydə sidq-ürəkdən hayıfsılana-hayıfsılana fikirləşdi ki, hanı indi Hövsan soğanı, Corat qovunu, Zirənin ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı Paçan bağlarının qara şanısı, Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacıxuna bağlarının sarıgiləsi, Bilgəhin səhər-səbahi kəhrəba kimi ənciri?..
    Zübeydə bunları fikirləşdi, bu meyvələrin, tərəvəzin tamını ağzında hiss elədi və birdən-birə özü də özünə çox köhnə, qədim bir məxluq kimi göründü. Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtıyla o qədər o tərəfbu tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırmışdı ki, axırda özü də çaşbaş qalmışdı; hər halda, əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də olmazdı.
    Burası da qəribə idi ki, Zübeydə birinci dəfəydi beləcə ciddi surətdə yaş barədə fikirləşirdi, yəni, yaşını nə üçünsə azaltmaq barədə yox, nə üçünsə çoxaltmaq barədə yox, elə-belə, səbəbsiz-zadsız, düzünəqulu öz yaşı barədə. Nə isə, aşıq deyib ki, ya bir başqası, hər halda, kimsə deyib ki, gün keçdi, il keçdi, cavan olmaram bir də mən. Zübeydə bunu da fikirləşəndən sonra, Molla Nəsrəddinin bir əhvalatı yadına düşdü: deyirlər ki, bir gün molla ata minmək istəyirmiş, ayağını üzəngiyə basıb bir güc eləyib, iki güc eləyib, amma ata minə bilməyib, deyib ki, eh, hardasan, ey cavanlıq, sonra baxıb görüb ki, yan-yörəsində heç kim yoxdu, deyib: « – Heç cavanlıqda da bir zad deyildin!».
    Əşşi, molla da getsin işinin dalınca, o birisi də, sən Allah, qoy uzanmışıq yerimizdə, qoy bir nəfəsimizi dərək, amma... amma bir məsələ vardı ki, Zübeydə, misal üçün, Aşqabadın o istisinə düşəndə, dünya-ərzdə Ağagülün heç izi-sorağı da yox idi, amma indi adama elə baxır ki, elə bil, əfi ilana baxır.

III


    Ağagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi. Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun qaşqabağına təəccüb elədi. Axır günlər səhər-axşam Ağagülün üzü gülürdü, nə deyirdin onu eləyirdi, işə-gücə yarıyırdı və Ağabacı belə bir üzüyolalığı təkcə onunla yozurdu ki, bir azdan oğlu ikiillik əsgərliyə gedəcəkdi, özü də uzağa gedəcəkdi, Pribaltikaya, buna görə də ikiillik ayrılıqqabağı ipəkdən yumşaq olmuşdu.
    Əlbəttə, Ağabacı bilmirdi ki, məsələ təkcə bunda deyil, ikinci əsas səbəb də var və bu ikinci əsas səbəb ondan ibarət idi ki, düz iki il dərdindən dəli-divanə olduğu, dalınca düşdüyü, yayın bürküsündə, qışın boranında, payızın küləyində, yazın yağışında xəlvətcə qapıları ağzında dayandığı Nisənin daş ürəyi axır ki, yumşalmışdı və Ağagülün axırıncı məktubuna cavab göndərmişdi və bu cavabdan sonra düz doqquz gün idi ki, hər gün xəlvətcə görüşürdülər. Nisə həyat və insanlar barədə, vəfasızlıq və ilqar barədə danışırdı, hərəsinə üç-dörd dəfə baxdığı hind kinolarını Ağagülə nağıl edirdi, Ağagül də papirosu papiros dalınca tüstülədə80 tüstülədə və çox da ciddi surətdə Nisənin yanınca addımlayırdı, çox zaman da danışmağa söz tapmırdı.
    – Nolub, ədə, papağı nöş tullayırsan? – Bunu heyrətlə oğluna baxan Ağabacı soruşdu.
    Ağagül də:
    – Heç, – dedi və yenə də ürəyində yer üzündəki bütün pis adamları, o cümlədən də Zübeydəni söydü.
    Ağabacı ona görə heyrətlə oğlunun halını xəbər aldı ki, başqa vaxt Ağagül «aerodrom» papağını, az qala, yatanda da başından çıxarmırdı, yayın cırhacırında da nazik köynəkdə, nazik şalvarda və bu «aerodrom» papaqda gəzirdi, bu papaq Ağagülün böyük qardaşı Baladadaşın papağı idi və il yarım bundan əvvəl Baladadaş əsgərliyə gedəndə bu papağı Ağagülə verdi ki, gəzdirsin başında, həmişə qeyrətini çəksin bu papağın; Baladadaş indi Amur vilayətində əsgər idi və beş-altı aydan sonra qayıdıb gələcəkdi və Ağagül Baladadaşın papağını kişi kimi gəzdirmişdi başında, amma indi içəri girən kimi, papağı başından çıxarıb vızıldatdı divanın üstünə, pis adamların əməli yandırıb-yaxmışdı onu, özü də ayrı cür yandırıbyaxmışdı. Ağabacı yerindən qalxıb əlini dəsmalla sildi və Ağagülün günorta suyunu içib, küftəsi ilə kartofunu axşama saxladığı kasanı gətirib qıraqları xırda qırmızı gül naxışlı, ağ süfrəli mizin arxasında oturmuş Ağagülün qabağına qoydu. Soğan, vəzəri, reyhan gətirdi, bir dənə sirkəyə qoyulmuş badımcan, çörək gətirdi və Ağagül də nə anasının üzünə baxdı, nə qabağındakı göy-göyərtiyə, küftəyə baxdı, elə kortəbii yeməyə başladı.
    Ağagül orta məktəbi keçən il bitirmişdi və indi Bakıdakı şoferlər kursunda oxuyurdu, iki həftədən sonra qurtarırdı kursu və iki-üç həftədən sonra da gedirdi əsgərliyə, özü də bilirdi hara: vayenkom Mürsəlov demişdi ki, səni göndərəcəyəm Pribaltikaya, gözəl yerlərdi; yolları da əntiqə, gedib orada canla-başla xidmət eləyərsən Vətənə.
    Nisə gecə məktəbində oxuyurdu, onuncu sinifdə, gündüzlər uşaq bağçasında işləyirdi, anasının yanında, uşaqlara nəğmə oxumaq öyrədirdi; yeddiillik musiqi məktəbini də qurtarmışdı Nisə, qarmon çalırdı.
    Düz doqquz gün idi ki, Ağagül gecələr məktəbin dalında xəlvətcə Nisəni gözləyirdi və onlar adamsız yerlərdən keçib vağzal bağıyla evə gəlirdilər, yəni, Nisə gedirdi öz evlərinə, Ağagül də gəlirdi öz evlərinə. Ağagül istəyirdi Nisəni nişanlayıb getsin əsgərliyə, amma Nisə deyirdi ki, yox, qayıdıb gələrsən sonra; Nisə bilmək istəyirdi ki, Ağagülü, həqiqətən sevir, yoxsa yox, özünü bu iki ildə sınamaq istəyirdi.
    Bu gecə Ağagül ömründə birinci dəfə Nisəni öpdü və Nisə də ömründə birinci dəfə icazə verdi ki, oğlan onu öpsün və Ağagül heç vaxt inana bilməzdi ki, haçansa bir gün gələcək, bugünkü gün kimi və o, Nisəni xəyal aləmində yox, gecə yuxuda yox, doğrudan-doğruya öpəcək və əlbəttə, Ağagül heç vəchlə ağlına gətirməzdi ki, belə bir məqamda Zübeydə kimi dinsizin-imansızın biri gəlib kəsdirəcək başlarının üstünü.
    Nisə vağzal bağıyla gələ-gələ ağlayıb özünü öldürürdü ki, biabır olacağam bütün kənddə, Zübeydə biabır eləyəcək məni, sonra da dedi ki, Ağagül, qurban olum sənə, Ağagül, qoyma biabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə istəyir ver, Ağagül, qoyma məni biabır eləsin, Ağagül qardaşımın üzünə baxa bilmərəm, heç kimin gözünə görünə bilmərəm. Ağagül də dedi ki, qorxma, qoymaram, amma bunu deməyə nə var ki, demək asandı, amma Zübeydə kimi bir ifritənin ağzını yummaq asan iş deyil. Gördüyünün də üstünə yüzünü qoyub səhər sübhdən bütün kəndə yayacaq, biabır eləyəcək Nisəni bütün aləmdə və Nisə də dərd eləyəcək bunu ürəyində. Allah bilir neyləyəcək Nisə, nə desən eləyər Nisə, lap özünə əl də qaldırar, təki qardaşı Atabalanın yanında rüsvay olmasın, təki kəndin arvadlarının arasında anasının başı aşağı olmasın.
    Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm. Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun.

IV


    Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş palpaltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.
    Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
    At da yazıq, elə Əbdülün özü də yazıq, indi o atın da sümükləri çürüyüb gedib, Əbdülün də; iyirmi ildən artıq idi Əbdülün öldüyü.
    Zübeydə müharibənin axırıncı ili Əbdülə ərə getdi; ərə getdi deyəndə ki, Əbdülü gətirdi öz evinə, kəbinini də kəsdirdi, vəssalam. Əbdül də, bir növ, Zübeydənin ev əşyası, həyət-bacanın əmlakı kimi bir şey idi. Zübeydə çox vaxt Bakıda rəfiqələrinin yanında qalardı, bəzən Tiflisə, Kislovodska, Soçiyə gəzməyə gedərdi, bəzən aylarla, bax, bu həyətə ayaq basmazdı və Qeysəbdül gözətçilik eləyərdi buralarda və Qeysəbdül burasını da çox yaxşı başa düşürdü ki, Zubeydə ona niyə ərə gedib; öz yerini bilən adam idi Qeysəbdül və buna görə də kənd camaatının onunla işi yox idi, dəyib-dolaşmırdılar ona, sataşıb ələ salmırdılar onu. Əlbəttə, kənd camaatı əvvəlcə Qeysəbdülü məzəmmət elədi, «gör gedib kimi alıb» dedi, «o həyasız şəhərdə kefdə-damaqda, Araz aşığından, Kür topuğundan, bu da, bu başıbatmış da, burada, guya, ərlik eləyir, guya, evin kişisi olub» dedi, cavanların arasında «xoşqeyrət oğlu, xoşqeyrət!» deyib ürəyində onu söyənlər də oldu, amma yavaş-yavaş hamının ona yenə də yazığı gəlməyə başladı və bir müddətdən sonra, elə bil ki, Qeysəbdulün Zübeydəyə heç bir dəxli yoxmuş kimi, kişinin yanında da arvadının dalınca danışırdılar; kimin ağzına nə gəlirdi elə Qeysəbdülün yanındaca Zübeydənin qarasına deyirdi və Qeysəbdül heç cınqırını da çəkib bir kəlmə söz demirdi; ən qəribəsi bu idi ki, Qeysəbdül incimirdi də, elə bil ki, deyilən hədyanların hamısı ilə razı idi, amma di gəl ki, nə fayda, özündən asılı deyildi, bütün kürreyi-ərzi Zübeydənin bir dırnağına da dəyişməzdi. Kəndin arvadları bunu yaxşı bilirdi və belə bir aşiqliyə, belə bir sədaqətə ürəyində paxıllıq eləyənlər də çox idi; belə bir aşiqlik, sədaqət kənd arvadlarının yanında Qeysəbdülün hörmətini qaldırıb qoymuşdu dağ başına. Zübeydə kənddə olmayanda, arvadlar hərdənbir, guya ki, təsadüfən Qeysəbdülün həyətinə gəlirdi, hal-əhval tuturdu onunla, xörək gətirən, təndir çörəyi yollayan da olurdu və hətta iki-üç arvadın adını çəkirdilər ki, guya, bu arvadlar sonradan-sonraya Qeysəbdülə aşiq olublar.
    Hə, öz yerini bilən adam idi rəhmətlik Əbdül. Bir dəfə nə üçünsə kənddən Bakıya, Zübeydənin o vaxtkı yaxın rəfiqəsi Rozagilə zəng eləyib Zübeydəni xəbər alırmış ki, hardadı, bir aydan artıqdı xəbər-ətər yoxdu ondan, Roza da soruşub ki, «a kto eyo spraşivayet?», Qeysəbdül də cavab verib ki, «Abdul», Roza bərkdən gülüb və deyib ki, «eşe ne izvestno, kto koqo abdul!».
    Sonralar o məclis olmurdu ki, Roza bu telefon söhbətini danışmasın və əhliməclis də şaqqanaq çəkib gülməsin. Zübeydənin kefi kök olanda özü də gülürdü, qanıqara olanda Rozanın abrını bükürdü ətəyinə, «paxıllığından yanıb-yaxılırsan ki, mənim ərim var, ağzı ətə çatmayan pişik kimi, az qalırsan öləsən, alan yoxdu axı, səni, qalmısan aralıqda!» deyirdi. Roza qızarırdı, bozarırdı, «zarafat eləyirəm də!»– deyirdi.
    Əlbəttə, Roza düz deyirdi, Roza zarafat eləyirdi, daha belə zarafatlardan başqa ürəkaçan bir şey yox idi, günlər keçirdi, aylar, illər keçirdi və bu günlər, aylar, illər, elə bil, öz-özünə açırdı sandığı, tökürdü pambığı və bu sandığın içinə baxanda, ancaq belə-belə zarafatlar adamın köməyinə gəlirdi.
    Əbdül özü zarafat-zad bilməzdi, rəhmətlik çox duzsuz kişi idi, təkcə bircə dəfə bir duzlu söz demişdi ki, Zübeydə onu heç yadından çıxarmırdı və hər dəfə də yadına salanda öz-özünə gülürdü: bir yol, əllinci illərin əvvəlləri idi, Bakıdan kəndə bir nevropatoloq gəlmişdi, hamamdan bir az aşağıda çörəkçi Fətullagilin evini kirayə edib bütün yayı burda dincəlirdi, Martirosyan idi famili və hamı deyirdi ki, çox yaxşı həkimdi bu Martirosyan. Bağban Ağasadığın dörd ildən bəri başına hava gəlmiş oğlu Ələkbəri iki həftənin içində düz-əməlli adam eləyib qoymuşdu camaatın gözünün qabağına; hə, bir yol Zübeydə də gedib özünü bu həkimə göstərmək istədi, axır vaxtlar, tez-tez əsəbiləşirdi (elə bil, yavaş-yavaş başa düşmüşdü ki, axırı, bax, beləcədi, Abdulla kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri bazarda satmaqdı!) və Zübeydə evdən çıxanda Əbdülə dedi: «– Bakıdan nervi həkimi gəlib bura, gedirəm onun yanına». Əbdül soruşdu ki, neynirsən onu? Zübeydə dedi ki, necə yəni neynirsən onu? «Gedirəm, – dedi. – Nervimi düzəltsin». Qeysəbdül ağzını açıb: «Ba-a-a!.. – dedi.– Zübeydə, nervisiz sənin nə ləzzətin!»
    Yazıq Əbdül, Allah rəhmət eləsin sənə... Zübeydə hərdən əsəbiləşəndə, doğrudan da, turp əkirdi onun başına.
    – Zübeydə!..
    Zübeydə əlindəki şlanqın ağzını yerə dirəyib bir də qulaq verdi və darvazanın dalından onu bir də səslədilər:
    – Zübeydə!
    – Kimdi? – Soruşdu Zübeydə. – Kimdi orda?
    – Mənəm!
    – Sən kimsən? Allahın bacısı oğlusan? Əstəğfürulla... Aduvu de də!..
    – Mənəm, Ağagüldü!
    Əslində, Zübeydə bu səsin sahibini o saat tanımışdı və elə bil, səhərdən bəri gözləyirdi də bu səsin sahibini, çünki əlində şlanq ağacları, gülləri, evin dalındakı ləkləri sulaya-sulaya arabir hardansa çox dərinlərdən bir hıçqırıq eşidirdi: bu, Nisənin bayaqkı hıçqırtısıydı və bu hıçqırtıda Zübeydənnn ətini ürpəşdirən bir xof, qorxu var idi, bir xoşagəlməzlik var idi.
    – Nə var, nolub, balam, gecə vaxtı nöş yaduva düşmüşəm belə? Əsfələssafilin idim bayaq, indi əziz-xələf olmuşam səninçün?
    Ağagül nə Zübeydənin bu sözlərinə, nə də ki, bu sözlərdəki eyhama cavab verdi, səsini çıxarmadı, susub dayandı darvazanın dalında və ürəyində də fikirləşdi ki, sözlər çıxır bu arvadın ağzından, heç xoruz səsi eşitməmiş sözlər...
    Zübeydə tələsmədən əvvəlcə şlanqı quyunun yanına gətirdi, sonra motoru söndürdü, sonra çarhovuzun krantını açıb əllərini yaxaladı, üz-gözünə su vurub tərini aldı, sonra çarhovuzun yanındakı badam ağacından asılmış təmiz ağ dəsmalla qurulandı və bütün bunlardan sonra, nəhayət, darvazaya yaxınlaşıb Ağagülün nə istədiyini və niyə gəldiyini çox gözəl başa düşə-düşə:
    – Nə istəyirsən? – soruşdu. – Nə sözün var mənə, bu gecə vaxtı? – soruşdu və darvazanın bala qapısını açdı.
    Ağagül:
    – Işim var sənnən, – dedi və bala qapıdan həyətə girdi.
    – Nə işin, balam, sən kim, mən kim? Sənnən mənim nə işimiz?
    Ağagül darvazanın üstündə yanan və bu saat bütün ətrafında ağcaqanadlar uçuşan iki yüz əllilik elektrik lampasının işığında yenə də bu arvadın buxağı sallanan ətli, girdə sifətinə, xınalı, qırmızı saçlarına, hələ də nəsə sürtdüyü qara gözlərinə baxıb daha burda çox dayanmamaq üçün və bu arvadı da çox görməmək üçün birbaş mətləbə keçdi:
    – Mənə bax, Zübeydə, bayaq bizi görməyüvü deməginə heç kimə, mənimçün yox e, Baladadaş canı, mənə nə var, gedirəm, onsuz da, əsgərliyə, Nisəyçün deyirəm, deməginə heç kimə... Özü də... özü də elə-belə döyül mənnən Nisəninki, nöşün ki, evləniciyik biz, mən qeyidib gələnnən sonra, alaciyəm onu....
    – Hə?.. – dedi Zübeydə. – Allah xeyir versin, alaceysən Firuzənin qızını, əcəb eliyəceksən, çox mübarək, övlənəcəksüz, oğullu-uşaqlı olasuz, çağırarsuz toyuvuza, gəlib Allah xeyir versin deyərik, çağırmazsuz, nolar, yenə Allah xeyir versin, atam balası, mənə nə? Hə? Mənə nöş atçot verirsən, milisioner Səfərəm ki, ya səninçün mən? Kim kimnən vağzal bağında, əncir ağacının dibində, gecə yarısı neyniyir, mənə nə? Xalxın işinə nöş burnumu soxuram? Söz gəzdirmək mənim sənətim döyül, atam balası, hamı bilir ki, söz gəzdirməklə mənim aram yoxdu... – Zübeydə Ağagülün gözlərinin içinə baxa-baxa bu sözləri dedi, heç gözünü də qırpmadı. – Yeri get yat, atam balası, gecdi, səhər dura bilməzsən.
    Təbii ki, Zübeydənin dediyi sözlərin hamısını əksinə başa düşmək lazım idi və Ağagül də bunu başqa cür başa düşə bilməzdi: səhərin gözü açılmamış Zübeydə bütün kəndin arvadlarına ağzına gələni danışacaqdı. Oğlanın döyüküb iki yüz əllilik lampa işığında ona beləcə yaxından baxması Zübeydəni bu dəfə doğrudan-doğruya hövsələdən çıxardı və Zübeydə əlini uzadıb darvazanın bala qapısından yapışdı ki, Ağagülün dalınca bağlasın:
    – Yeri, yeri get yat, atam balası... Bu vaxt həmin bürkülü Abşeron gecəsində birdən-birə bir toyuq qaqqıldadı və bu toyuq qaqqıltısı sısqa ağcaqanad vızıltısı, elə bil ki, çox-çox uzaqlardan gələn təmkinli dəniz uğultusu yeknəsəqliyində çox da gözlənilməz səsləndi; Zübeydə təəccüblə Ağagülün arxasınca boylandı və oğlanın arxada tutub saxladığı torbanı gördü.
    – Bu nədi, adə, belə?
    Ağagül:
    – Toyuqdu, – dedi, – səninçün gətirmişəm. – Və torbanı Zübeydəyə uzatdı. –
    Ala.
    Zübeydə:
    – A-a-a... – dedi və dodağının qıraqlarındakı qızıl dişləri iki yüz əllilik elektrik lampasının işığında işıldadı: bu arvadın müftə mala xüsusi həvəsi vardı və müftə şey hansı əhvalda olursa-olsun, o saat maqnit kimi onu özünə çəkirdi; Zübeydə gözgörəsi dəyişib başqa adam oldu: – A-a-a... Ağagül, nə zəhmət çəkmisən?..
    Ağagül əlində tutduğu torbadan canını tez qurtarmaq üçün bir də:
    – Ala... götür... – dedi.
    – Xəcalət verirsən də...
    Zübeydə torbanı Ağagüldən aldı və əlini içəri salıb toyuğu çıxartdı; qırmızı çil toyuq işıq üzü görən kimi, bərkdən qaqqanaq çəkib qanadlarını şappıldadaşappıldada arvadın əlindən buraxılmaq istədi və Zübeydə də çil toyuğu təzədən torbaya basdı:
    – Gör nə hay-həşir qoparır, – dedi və soruşdu: – Anovun xəbəri var?
    Ağagül bu suala cavab vermədi və Zübeydə də ikinci dəfə bu sualı təkrar eləmədi.
    Zübeydə:
    – Gəl içəri də, burda nöş dayanmısan? – dedi.
    Ağagül:
    – Yox, çox sağ ol, – dedi və belə başa düşdü ki, işlər düzəlib daha, amma iki yüz əllilik elektrik lampasının işığında bu arvadın girdə ətli sifətinə, qara gözlərinə baxanda, ürəyində yenə də bir nigarançılıq baş qaldırdı. – Getdim mən...
    – A-a-a... hara gedirsən? Dayan bir, işim var sənnən... – Zübeydə bir əlində qırmızı çil toyuq, o biri əlilə də Ağagülün qolundan tutub həyətə tərəf çəkdi və Ağagül də birdən-birə ürəyi döyünə-döyünə, ürkə-ürkə ki, görəsən, Zübeydənin ağlına nə girib, istər-istəməz, onun dalınca addımladı; bu arvaddan nə desəydin, gözləmək olardı və kəndin cavanları bir yerə yığışanda cavan oğlanlardan xoşu gələn qoca arvadlar haqqında o qədər atmaca danışırdılar ki... Amma, elə ki, gəlib quyunun yanına çatdılar, Zibeydə dedi:
    – Ağagül, qadası, yorulmuşam yaman, sən də mənim qərdeşim, götür, bu şlanqı evin dalındakı ləkləri sula bir balaca, nolar, göy-göyərti istinin ucbatından yanıb gedir, hayıfdı, Ağagül, götür şlanqı, qadası, götür mən sulaya bilmədim yaxşı... Əşşi, mənim də day hay-hayım gedib, vay-vayım qalıb də...
    Zübeydə əvvəllər özü haqda belə sözlər deməzdi.
    Ağagül bu bürkülü yay gecəsi daha nə desən gözləyirdi, amma belə bir təklifi gözləmirdi; bir arvada baxdı, bir ilan kimi qıvrılıb yerə düşmüş bilək yoğunluğunda qara şlanqa baxdı, sonra «aerodrom» papağının dimdiyini gözünün üstündən yuxarı itələdi, ürəyində «Baladadaş, qərdeşüvün ölən günləridi!» – deyib şlanqı yerdən qaldırdı, evin dalına tərəf addımladı və Zübeydə də o saat quyunun motorunu işə saldı.
    Əlbəttə, hər hansı başqa bir məqam olsaydı, Ağagül tüpürərdi bu həyətə də, bu şlanqa da, elə bu arvadın özünə də, amma indi Nisənin adı vardı ortada; Nisənin ağlamağı, qardaşından qorxmağı, kəndin camaatından xəcaləti Ağagülün ürəyində qubar bağlamışdı bu geçə.
    – Yaxşı sula, Ağagül, qadası, ləkləri də tapdalama! – dedi Zübeydə, sonra artırmaya qalxan taxta pilləkənin altındakı və içinə mismardan tutmuş qoyun asmaq üçün qarmağa qədər əlinə keçəni doldurduğu zənbillərdən birindən bir ip dartıb çıxardı, həyətin aşağı başındakı heyva ağacının yanına gəlib qırmızı çil toyuğu torbadan götürdü və toyuğun bir ayağını iplə cavan heyva ağacının nazik gövdəsinə bağladı; qırmızı çil toyuq bu dəfə bərkdən qaqqanaq çəkib çırpınmadı, bir-ikicə dəfə qaqqıldadı, vəssalam, elə bil ki, kimin əlinə düşdüyünü bilirdi və öz acı taleyi ilə barışmışdı.
    Ağagül evin dalındakı pomidor, badımcan ləklərini şlanqla sulaya-sulaya hirsindən bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu bibəri, xiyarı da yerlə-yeksan eləmək istəyirdi, amma burasını da yaxşıca başa düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl, tərtəmiz göy-göyərtinin də heç bir təqsiri yoxdur ki, dünyada Zübeydə kimi bir ifritə var və Ağagül sidq-ürəkdən qeyzə gəlmişdi ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndam, ağıllı qızlar var, Nisənin anası Firuzə xala kimi mehriban bağca müəllimələri var ki, uşaqlara can deyib, can eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarılar var, amma, bax, bu ay da, bu ulduzlar da, bu dəniz də lap elə bu göy-göyərti də, bu ağaclar da onlara təfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da, pislərə də.
    – Ağagül, qadası, naporu bərkdi suyun, şüyüdü, vəzərini yumşaq sula!..
    Zübeydənin bostanı balaca idi, yəni bir ailəlik idi, dörd-beş nəfərdən ibarət bir ailənin süfrəsinə yarayardı və Zübeydə də bütün il boyu öz payını yeyərdi, qalanını da şoraba qoyub qışda Bakının kolxoz bazarına çıxarardı, ən uzağı dördcə günə satıb qurtarardı. Zübeydə çox gözəl şoraba qoyurdu, hətta kəndin arvadları da bunu təsdiq edirdi, onun sirkə-badımcanlarının, həftəbecərlərinin, sirkəsarımsaqlarının, sirkəyə qoyulmuş xiyar, pomidor, bibərlərinin, həqiqətən, heç bir əyər-əskiyi olmazdı; hərdən yadına düşəndə və bu işə həvəsi olanda, köhnə, müharibə illəri rəfiqələrinə üç-dörd banka pay göndərirdi, göndərirdi deyəndə ki, yəni, özü aparırdı – Şirinxanım üçün, Nazxanım üçün, Dürdanə üçün...
    Bu rəfiqələrin hamısı indi qocalmışdı, kimi tək oğluyla yaşayırdı, kimisinin anası qalırdı hələ, onunla yaşayırdı, Dürdanənin əri varıydı, evlər müdiri işləyirdi və indi çox mehriban yaşayırdılar, adam baxanda ürəyi açılırdı; Roza harasa köçüb getmişdi və Zübeydənin çoxdan idi ondan xəbəri yox idi...
    Bu rəfiqələrin kimisi öz qocalığı ilə barışmışdı, kimisi hələ də cavanlıq eşqindəydi və yalan-doğru deyirdilər ki, Şirinxanımın – yaşda Zübeydədən də böyük idi – hələ də Salamon adlı bir kamançaçalan sevgilisi var, babalı deyənlərin boynuna...
    Əlbəttə, belə bir cavanlıq üç qəpiyə dəyməzdi, çox ağlamalı-gülməli idi və Zübeydə belə fikirləşirdi ki, getdi o vur-çatlasın, çal-oynasın günləri, getdi və bir də heç qayıtmaz geri; yaxşı olar qayıtmaz, pis olar qayıtmaz – bunu deyə bilməzdi, çünki hər halda, yaxşısı çox idi o günlərin, doyunca kef elədilər bu dünyada, beşgünlük dünyada, Isgəndərə qalmayan dünyada, çaldılar, oynadılar, güldülər, camaat bir tikə qara çörək tapmayanda, onlar Kislovodskdan vurub Soçidən çıxdılar, onları sevənlər var idi, onların dərdindən ölənlər var idi, onlardan ötrü gecəningündüzün hansı vaxtı desən, arvad-uşaqlarını həmişəlik atmağa hazır olanlar var idi, bir can alan baxışdan ötrü vəzifədən qovulmağa razı olanlar var idi, amma Zübeydəgil azadlığı, sərbəstliyi sevirdilər və doğrudan da, azad və sərbəst idilər: amma pisi də vardı o günlərin və bu pis, elə bil, siçan yuvası görmüş pişik kimi illərdən bəri pusquda durubmuş, yavaş-yavaş baş qaldırırdı, indi adama təsir eləyirdi, indi adamın ağlına gəlirdi, bəzən adamın lap atasını da yandırırdı... Nə isə...
    – Ağagül!... Qurtarmadın oranı, qadası? Çox sucuq eləməginə! – Zübeydə quyunun motorunu söndürdü və sinəsini, qollarını şappıldadıb ağcaqanadları qovaqova:– Gəl day, ora bəsdi, – dedi. – Gəl, gəl, bir balaca o hasarın yanındakı ağacları da sulaginə, bəsdi day... Şlanq ağırdı, qadası, apara bilmirəm ora...
    Ağagül heç bir söz demədi, yəni, bərkdən heç bir söz demədi, ürəyində nə deyirdi, özü bilirdi, şlanqı darta-darta hasar boyu Qeysəbdülün əkdiyi küknarların yanına getdi və Zübeydə təzədən motorun düyməsini basıb işə saldı.
    Əbdül yaxşı kişiydi, yazıq kifiriydi, amma yaxşı adamıydı, kəndin uşağından tutmuş böyüyünəcən kim desəydi ona ki, ağzındakı dilin lazımdı mənə, çıxarıb verərdi. Gör bu küknarlar necə böyüyüb, gör necə ildi, Allah, ölüb Əbdül... O öləndə Ağabacının bu oğlu heç anadan olmamışdı yəqin, amma indi vağzal bağında qızla öpüşür, özü də vələdüznanın cövhəridi, görmürsən anasından xəlvət bu qırmızı çil toyuğu necə götürüb gətirib bura?
    Əlində şlanq yavaş-yavaş hasar boyu addımlayan Ağagül isə indi onun hayındaydı ki, görəsən, bu küknar ağaclarının dibini sulayandan sonra nə etməlidi? Şlanqdan axan su iki yüz əllilik elektrik lampasının işığında küknarın dibində köpükləndikcə, Ağagül fikirləşirdi ki, birdən sabahdan Nisə daha onunla görüşməz, bu ifritə arvadın ucbatından əsgərlikqabağı ürəyi düşər partlamaya və bu dəm Zübeydə də bu göy şalvarlı, nazik sarı köynəkli, «aerodrom», bukle papaqlı oğlana baxıb, fikirləşirdi ki, Firuzənin, özü də ağıllı Firuzənin göyçək qızı Nisə bu uzundraz, arıq, üzünə hələ əməlli-başlı tük çıxmamış, seyrək bığlı bu axmaqda nə görüb? Oğlan gərək yaraşıqlı olsun, oğlan gərək güclü olsun, oğlan gərək kişi olsun və kişinin də gərək cibi dolu olsun və həmin kişi də gərək qızı elə öpsün ki, bunü heç kim görməsin; amma birdən-birə Zübeydə burasını da fikirləşdi ki, əvvəla, pul əl çirkidi, ikincisi də heç kim heç nə görməz, amma Zübeydə görər.
    Kəndin arvadları deyirdi ki, Zübeydə bilməyən şeyə qurd düşər. Yəqin belədi ki, belə deyirlər də... Amma niyə belədi? Bax, bax, bax, bu da birinci dəfəydi ki, Zübeydə kəndin arvadlarının onun haqqında dediyi sözləri top-tüfəngə tutmurdu, təsdiq eləyirdi, lap quzu kimi təsdiq eləyirdi və yanıb-yaxılırdı da ki, axı, niyə belədi?
    Qocalıqdandı hamısı, vallah-billah qocalıqdandı. Cavanlığında heç vecinə də almırdı belə söz-söhbətləri, axı, o kimiydi cavanlığında, kəndin bu qarğa-qurğa arvadları kimiydi?
    Hanı indi o gözəllik, o mərmər sinə, o incə bel ki, iynə deşiyindən keçərdi, o büllur budlar ki, hər biri bir mitəkkəyə oxşayırdı?
    Onda, o zamanlar Zübeydə nə idi, camaatın işinə qarışdı nə idi? Plov yemirdi ki, qönçə dodaqları yağa batar...
    Yavaş-yavaş getdi o günlər..
    Yavaş-yavaş xırda bazar alverçisinə döndü. Hərə bir tərəfə dağıldı, təkcə Şirinxanım fərli çıxdı, qırx yaşında instituta girdi, oxuyub həkim oldu.
    – Qurtardı?
    – Nə deyirsən?
    – Deyirəm ki, qurtardı, yoxsa hələm genə lazımam? – Ağagül əlində şlanq axırıncı küknarın dibini sulayıb qurtarmışdı.
    Zübeydə:
    – Ay çox sağ ol, Ağagül, qadası! – dedi və quyunun motorunu söndürdü.
    Ağagül şlanqı yığa-yığa gətirib quyunun yanında yerə atdı və əliylə üzgözünün, alnının tərini silib birbaşa çıxıb getməyə ürək eləmədi, soruşdu:
    – Gedim mən?
    – Hə? – Zübeydə o tərəf-bu tərəfə baxdı, həyətin ortasındakı meynə talvarının üstündən sallanmış və ay işığında hamısı eyni rəngdə qaralan üzüm salxımlarını görüb: – Ancaq bu salxımlar qalıb, Ağagül, qadası, sovxa o qədər hündürdü ki, qorxuram yıxılım dərəndə... – Və bu vaxt dünyanın ən qəribə işlərindən biri baş verdi – Zübeydənin qabağında dayanıb üz-gözündən damcı-damcı tər süzülən bu cavan oğlana birdən-birə yazığı gəldi. – Yaxşı, lazım döyül, – dedi, – bala, get, get evinizə, xoş gəldin, yeri get...
    Ən qəribəsi isə bu oldu ki, Ağagül hündür talvardan sallanan üzüm salxımlarına baxdı, qabağında dayanıb lırtlaşmış qolunda, qırışmış sinəsində şappıltıyla ağcaqanad öldürən və bütün bu həyətdə, bu ağacların arasında, bu ulduzların altında tamam tək-tənha olan bu arvada onun da birdən-birə yazığı gəldi və Ağagül özü də buna təəccüb elədi, təəccüb elədi ki, Zübeydə kimi bir zalıma, dinsizin-imansızın birinə yazığı gəlir.
    – Əybi yox, nərdivanı ver, yığım səninçün...
    – A-a-a... – Bu dəfə də Zübeydə təəccübləndi və nədənsə, Ağagülün bu həvəsi onun xoşuna gəlmədi. – Yeri get, atam balası, qorxma, heç kimə heç nə demərəm, xoş gəldün, lazım döyül.
    Həmin bürkülü yay gecəsi dayanıb ay işığında bu uzun, arıq oğlana baxan Zübeydə birdən-birə, az qala, mehriban bir məxluqa döndü; Ağagülə elə gəldi ki, əslində dünyada iki Zübeydə var, biri küpəgirən qarıdı, o birisi yazığın biridi; bu yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən, su durulur, dibindəki qumu görürsən, sonra yenə kimsə daş atır, su bulanır, dibi görünmür.
    Əlbəttə, Zübeydənin bu dəm belə bir fəlsəfədən xəbəri yox idi və oğlanın da yenə döyüküb qalmasını nigarançılığa, qorxaqlığa yozdu.
    – Demərəm də, – dedi. – Heç kimə demərəm. Yeri get. Xoş gəldün.
    Ağagül evin yan divarına söykənmiş nərdivanın dalınca getdiyi üçün bu axırıncı sözləri əməlli-başlı eşitmədi, nərdivanı gətirib talvara söykədi və Zübeydə də daha bir söz deməyib artırmadakı böyük emallı ləyəni əlinə aldı və gəlib durdu talvarın altında, nərdivanın yanında.
    Ağagül salxımları bir-bir dərib Zübeydənin yuxarı qaldırıb tutduğu ləyənə düzə-düzə:
    – Sərçə dimdikləyib salxımları, – dedi.
    – Nolar?.. – dedi Zübeydə. – Sərçə də Allahın heyvanıdı də...
    Ağagül bu arvaddan sərçələrə qarşı belə bir səxavət və xeyirxahlıq gözləmirdi və talvardan sallanmış salxımlardan toz-torpaq düşmüş gözlərini əli ilə ovuşduraovuşdura yuxarıdan-aşağı Zübeydəyə baxdı, Zübeydə ləyəni qaldırıb başının üstündə tutmuşdu və bu dəm onun duruşu, görkəmi Bakının köhnə bağlarındakı çarhovuzların ortalarında dayanan, köhnəlib və əldən düşmüş, pasmandaya dönmüş əcaib heykəllərin duruşuna, görkəminə oxşayırdı. Ağagül fikirləşdi ki, onların kəndindəki bu Zübeydədən bir dənədi.
    – Nə vaxt gedirsən əsgərliyə, Ağagül?
    – Sentyabrda gedirəm.
    – Baladadaş məktub yazır?
    – Hə... Salam-duası var...
    – Salam göndərən sağ olsun... Allah canını sağ eləsin, sağ-salamat qayıdıb gəlsin. Uzaqdadı yazıq. Sən Bakının özünə düşsən yaxşı olar, gedib-gələrsən kəndə.
    – Pribaltikaya gedirəm.
    – Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düşsən lap əntiqə olar. Oraları gəzəndə, Ağagül, yad eləyərsən məni... Abşeron kimi bir yerdi ora, dəniz qırağında, kurortdu özü də başdan-ayağa...
    Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu dünyada.
    Iki il bundan əvvəl qışda, o tərəflərin qışının lap oğlan çağında pansionata getmişdi Zübeydə, Yurmalanın Mayori deyilən bir yerinə. Şirinxanım düzəltmişdi putyovkanı onunçun. Əvvəlcə başına girmişdi ki, sanatoriyaya getsin, amma heç harda işləmirdi və Şirinxanım da ha əlləşdi, bir şey çıxarda bilmədi, sanatoriya düzəlmədi, Şirinxanım «yanan» putyovkalardan birini əldə edib Zübeydəni pansionata göndərdi. Yurmalanın Mayori deyilən yerinə və kəndin arvadları matməəttəl qalmışdı ki, gör hara gedir Zübeydə, paxıllıqdan yanıb-yaxılanlar da var idi (Quyuqazan Həsənqulunun arvadı kürən Anaxanım başını bulaya-bulaya deyinirdi: «Səhərdən axşamacan sovxozda işləyən mən, istirahətə gedən Zübeydə ciyəriyanmış!»), amma o tərəflərin qışı doğrudan-doğruya çox gözəl idi, pansionat da çox təmiz, səliqəli idi və ən başlıcası da bu idi ki, heç kim onu tanımırdı, bilmirdi, cavanlar üçün «tyotya Zubeyda» idi, yaşlılarla həmsöhbət idi, bir Izabella Xaymovna vardı orda, mehriban arvadıydı çox, yaşı yetmişi keçmişdi, amma pudraboyasından qalmırdı heç, pansionatdan sonra üç-dörd dəfə məktub yazdı Zübeydəyə, amma Zübeydə cavab göndərmədi, bircə dəfə şəkərburayla paxlava bişirib yolladı onunçun Odessaya, amma Izabella Xaymovna elə indiyə kimi hər bayramda bir «otkrıtka» göndərirdi.
    Zübeydə Mayoridə pansionatda qalanda Izabella Xaymovnaya demişdi ki, bura putyovkanı mənimçün oğlum alıb, yollayıb məni bura ki, bir az işdən-gücdən istirahət edim, nəvələrin səs-küyündən...
    – Düş, ay Ağagül, bala, düş aşağı. Day yoruldum mən, gücüm çatmır, saxlaya bilmirəm ləyəni day...
    Zübeydə içi üzüm dolu ləyəni yerə qoydu və Ağagül də nərdivandan düşüb əliylə meynənin toz-torpağına bulaşmış sir-sifətinin tərini sildi, nərdivanı aparıb yerinə qoydu, «aerodrom» papağını çıxarıb bir-iki dəfə çırpdı, təzədən başına qoydu və:
    – Mən getdim, – dedi.
    Zübeydə ləyəni aparıb artırmanın sement döşəməsinə qoydu, sol əlini belinə basdı və belini düzəldib:
    – Çox sağ ol, qadası, – dedi. – Get, xoş gəldin, – dedi və birdən-birə istədi ki, həyətin aşağı başındakı cavan heyva ağacına bağlanmış qırmızı çil toyuğu da qaytarsın Ağagülə, amma tez də bu fikrindən vaz keçdi: bu fikir necə birdən-birə gəlmişdisə başına, elə-eləcə də birdən-birə yox olub, getdi. – Toyunda əvəzini çıxarıq, – dedi. – Allah qoysa... Ilahamin.
    Ağagül istədi ki, Zübeydəyə bir də tapşırsın ki, vağzal bağında Nisəylə öpüşmələrini kəndin camaatına yaymasın, amma daha bir söz demədi, darvazadan çıxıb bala qapını da ardınca örtdü.
    Yavaş-yavaş, lap yavaş-yavaş dənizdən meh əsməyə başlamışdı və külafirəngidə bu yel daha artıq hiss olunurdu, burada ağcaqanad da nisbətən az idi. Zübeydə üzümün doşablığını ayırdı, yeməliyini ayırdı, sirkəliyini ləyəndən arıtdayıb balonlara doldurdu, ləyəni quyunun suyunda yaxaladı və sudan bir parç da götürüb içdi, sonra gəlib külafirəngiyə qalxdı, yerdən saldığı palazın üstündə oturdu. Yemək istəmirdi, isti onun iştahını kəsmişdi, elə günorta yediyinin üstündə idi, televizora da baxmaq istəmirdi, həvəsi yox idi, elə-beləcə külafirəngidə oturub dənizə tamaşa etdi. Ay dənizə payəndaz salmışdı və bu saat bu payəndaz lap xırdaca-xırdaca tərpənirdi, bu payəndazın üzündə şövq vuran ay işığı lap xırdaca-xırdaca titrəyirdi; dəniz belə sakit olanda axır vaxtlar Zübeydəyə pis təsir edirdi, belə bir səssizlik, sükunət axır vaxtlar bu arvadı sıxırdı, ürəyini qısırdı, əslində elə cavanlıqdan belə idi, intəhası cavanlıqda bunun fərqinə varmırdı, amma indi özündən asılı deyildi; Allah hərəni bir cür yaradıb, onu da belə yaratmışdı. Dənizin uğultusu gələndə, dalğalar özünü qayalara çırpanda, adama elə gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu ətraf da yaşayır, nəfəs alır sənlə birgə.
    Indi dənizin üzü tərtəmiz idi, ay işığında bircə köpük də ağarmırdı və bu təmizlik, bu sakit, sükunətli təmizlik Zübeydənin ürəyində bu dəm hansı bir incə, kövrək simisə tərpədirdi, amma bunun nə olduğunu, hansı xatirə olduğunu Zübeydə yadına sala bilmirdi; bu, vur-çatlasın, çal-oynasın xatirələrindən deyildi, nəsə başqa bir şey idi.
    Birdən, elə bil ki, quyunun dibindən gəlib çıxan dəniz uğultusunun, arabir
    Zübeydənin qulağının dibindən ötən ağcaqanad vızıltısının, külafirənginin qabağındakı xartut yarpaqlarının lap həlim-həlim, lap güclə eşidiləcək xışıltısının həmin yay gecəsindəki yeknəsəqliyini yenə toyuq qaqqıltısı pozdu, qırmızı çil toyuq, bir-iki dəfə qaqqıldadı, elə bil ki, bu böyük dünyada toyuqların payına düşən insafsızlığın qarasına deyindi və Zübeydə də ayağa qalxıb külafirəngidən düşdü, artırmadakı girdə mizin üstündəki mis qazanın qapağını qaldırdı, qurumasın deyə, hər gün xüsusi parçaya büküb saxladığı təndir çörəyindən iki fal qoparıb götürdü və heyva ağacının yanına gəlib çörəyi didə-didə qırmızı çil toyuğun qabağına səpdi. Qırmızı çil toyuq dimdiyini torpağa dirəyib bir müddət çox müdrik bir biganəliklə qabağına düşən çörək qırıntılarına baxdı, sonra üzünü yana çevirdi və Zübeydə də:
    – Ba-a-a... Qudurasan qurbağa!.. – dedi. – Yaxşı deyiblər ki, mal yiyəsinə oxşamasa, haramdı...
    Məsələ burasında idi ki, Ağagülün anası Ağabacı, yəni, bu təkəbbürlü qırmızı çil toyuğun bu gecəyə qədərki sahibi kənddə Zübeydəni istəməyənlərdən ən birincilərindən idi. Nuh-Nəbidən bu günə kimi, Zübeydənin hər bir hərəkətini, hər bir söz-söhbətini, yerişini-duruşunu, tanışını-bilişini, geyimini-kecimini amansız tənqid atəşinə tutanların birincilərindən biri idi və Zübeydənin də bu arvaddan zəhləsi gedirdi, amma bir iş vardı ki, həmin acıdil, vecsiz, adamayovuşmaz Ağabacının, qara pıspısaya oxşayan Ağabacının indi Ağagül boyda bir oğlu vardı, özü də kiçiyiydi Ağagül hələ, ondan böyük bir oğlu əsgərlikdə idi. Ağagüldən kiçik bir oğlu da var idi – Nuhbala və altı da qızı var idi, nə isə...
    Zübeydənin də indi qızları ərə gedə bilərdi və Zübeydənin də belə bir oğlu ola bilərdi, o oğlan da gedib vağzal bağında gözəl bir qızla öpüşə bilərdi, əsgərlikdən evə məktub göndərərdi, Zübeydə də elçi gedə bilərdi, gəlin gətirə bilərdi... Yaxşı, yaxşı, sən o uzundraz Ağagülün canı, başlama özündən hoqqa çıxarmağa, başlama fikir dəryasına düşüb dərd əlindən üzməyə, yeri get yat, Ağabacı indi dördüncü yuxusunu alır yəqin, heç fikirləşmir də ki, dünyada Zübeydə adında bir məxluq var... Elədir ki, var, düzdü, qocalıqdandı bu fikir-zikir hamısı, qocalıqdandı ki, var.

V

    Ağagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «Isgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.
    Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı. Hayıf o toyuqdan.
    Məsələ, əlbəttə, təkcə toyuqda deyildi; toyuqları çox idi və bir qırmızı çil toyuğun azlığı ilə kasıb düşməyəcəkdilər; uzaqbaşı, Ağagül anasına deyəcəkdi ki, toyuğu Bakıdakı yoldaşlarından birigilə pay aparıb; məsələ onda da deyildi ki, Ağagül yalan danışacaqdı və yalan danışmaq yaxşı iş deyildi, kişiyə yaraşmazdı – bir yalan ki, Nisə kimi bir qızın təmiz adını təmiz də saxlamaq üçün idi, o yalanın eybi yox idi; məsələ onda idi ki, toyuq da gedəcəkdi, Nisə də bədnam olacaqdı kənd içində...

<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 1416 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more