Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ağ dəvə-2
<< 1 / 2 >>


    M ə m m ə d b a ğ ı r (pərt və həyəcanlı). Elə bilirdim, orada qızıl var...
    Ş i n e l l i k i ş i. Axmaq oğlu, axmaq! (Onu yamsılayır.) «Elə bilirdim... Elə bilirdim...» Qələt eləyirdin, yaramaz oğlu, yaramaz! (Əliabbas kişiyə) Oğlun idiotdu də!.. (Əlindəki Qurana baxır və onu xəlvətxanaya tərəf tullayır.) Qurandan da əl çəkmək lazımdı! Yoxsa, doğrudan da göndərərik sizi Sibirə! (Orqan işçilərinə) Gedək. (Yanından keçərkən barmağı ilə Məmmədbağırı hədələyir.) Səninlə söhbətimiz qalsın sonraya! (Evdən çıxır.) Orqan işçiləri onun ardınca gedirlar. Onlardan biri Əliabbas kişinin yanında bir anlıq ayaq saxlayır. Orqan işçisi(pıçıltı ilə). Zəmanədi də, kişi, Allah bizi bağışlasın... (Evdən çıxır.)
    Pauza.
    Ə l i a b b a s k i ş i (əllərini göyə qaldırır). Ya Allah! Ya Allah! Əgər varsansa, əgər görürsənsə, bunu... (Barmağı ilə Məmmədbağırı göstərir.) bax, bunu cəzasına yetir! Yetir cəzasına! Yetir!
    H ə l i m ə (qorxu içində qışqırır). Əliabbas!.. Əliabbas!..
    Xanım arvad Həliməni qucaqlayır.
    Ə l i a b b a s k i ş i. Yetir! Yetir cəzasına!
    H ə l i m ə. Əliabbas! Tək balamızdı!..
    Ə l i a b b a s k i ş i. Yetir cəzasına! (Daha da bərkdən bağırır.) Cəza ver ona!.. Cəza!..
    H ə l i m ə. Əliabbas!.. Əliabbas!..
    İ ş ı q s ö n ü r.
İKİNCİ HİSSƏ DOQQUZUNCU ŞƏKİL


    B a l a k ə r i m, X a n ı m a r v a d, M i l i s n ə f ə r i. Küçə. Axşam.
    Işıq yalnız Balakərimin üzərinə düşüb.
    B a l a k ə r i m. Yolçu elə bil, yüz illərin susuzluq yanğısı ilə fikirləşirdi ki, min cür bəlalar çəkdim, amma bu da varmış yolumda...
    Bayquş mənəm, bayquş mən,
    Hamı quşdan sayquş mən...
    Nə bəlalı quş oldum,
    Allah,
    Sızıldaram yay-qış mən...
    Səhnə işıqlanır. Şinelli kişi əvvəlki şəkilin davamı olaraq zəndlə Xanım arvada baxır və binanın qapısından içəri girir.
    M i l i s n ə f ə r i. Ay arvad, vallah, sən məni xataya salacaqsan. Bir söz deyən kimi də, dava eləyirsən. Borcum var sənə? Get, get, evinə, xoş gəldin.
    X a n ı m a r v a d. Sən öz işinlə məşğul ol.
    M i l i s n ə f ə r i. Burada durmaqdan nə çıxacaq? Niyə getmirsən?
    X a n ı m a r v a d. Sənin işin deyil!
    M i l i s n ə f ə r i. Gör səninlə bir evdə yaşayanlar nə çəkirlər də!.. Ay arvad, get evinə, bir savadlı adam tap, səninçün ərizə yazsın, göndər bura. Baxarlar ərizənə, çağırarlar səni.
    X a n ı m a r v a d. Sənə borcu qalmayıb.
    Pauza.
    M i l i s n ə f ə r i. Ay tərs müsəlman, bir stəkan çay gətirim?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Burada dayanmaq olmaz! Quran haqqı, sənin üstündə məni işdən çıxaracaqlar. Bir dənə də vıqovor!
    X a n ı m a r v a d. Çox böyük vəzifən var. Heyf!
    M i l i s n ə f ə r i. Nə təhər adamsan sən? Belə də arvad olar? Dilin zəhrimardı vallah. Rəis olmayacaq bu gün.
    X a n ı m a r v a d. Dünən də, srağagün də məni aldatdın.
    M i l i s n ə f ə r i. Get, ay arvad. Vallah, bunun xatası mənim başımda çatlayacaq. Ay arvad, get, rəis iki gün iclasda olacaq. Sən mənim sözümə inanmırsan?
    X a n ı m a r v a d. Birdən gəldi?
    M i l i s n ə f ə r i. Birdən hər şey ola bilər. Birdən mən burada yıxılıb ölə bilərəm, nə olsun? Al, bir tikə çörək ye, ay tərs arvad, səhərdən acsan.
    X a n ı m a r v a d. Çox sağ ol! Özün ye! Get çörəyini ye, nuş olsun! Səndən çox razıyam.
    Yaxçı adamsan sən.
    İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL


    M ü ə l l i f, X a n ı m a r v a d, Sinelli kişi, M i l i s n ə f ə r i. Küçə. Səhər. Işıq yalnız Müəllifin üzərinə düşüb.
    M ü ə l l i f. Arvadlar ya həyətdə bir yerə yığışanda, ya bizim evdə söhbət edəndə tez-tez məhəlləmizin keçmişindən söz salırdılar və mən bilirdim ki, Xanım xalanın Abuzər adlı bir qardaşı olub və həmin Abuzər Fatma xalaya aşiq olub. Amma Fatma xala, Ədilənin anası, Abuzəri bəyənməyib, papaqçı Əbülfətə, yəni, Ədilənin atasına ərə gedib. Əbülfət əminin Ədilədən başqa, dörd qızı var idi. Ədilə isə ən kiçiyi idi. Xanım xala özü arvadların yanında olanda, arvadlar doyunca qeybət eləyə bilmirdilər və qeybət vaxtı hərdənbir qapıya baxırdılar ki, birdən Xanım xala içəri girər. Mən məhəlləmizdəki arvadların hamısının gülməyini də çox görmüşdüm, ağlamağını da. Amma Xanım xalanın ürəkdən gülməyini də xatırlamıram, haçansa ağlamağını da. Təkcə bir dəfə onun gözündə yaş gördüm. Mən Xanım xalanın qardaşının, Abuzərin yalnız şəklini görmüşdüm. Və əvvəlcə elə bilmişdim ki, Qocanın şəklidir. Xanım xaladan soruşmuşdum: «Qocadır?» və Xanım xalanın gözlərindən süzülən o iki gilə göz yaşını onda gördüm.
    Pauza.
    Bütün məhəllə Əbdüləlinin yolunu gözləyirdi. Xanım arvad dördüncü gün yenə də həmin idarənin qabağına getdi. Bütün səhnə işıqlanır. Xanım arvad binanın qarşısında gəzişir. Milis nəfəri köşkün içində termosdan özünə çay tökür.
    M i l i s n ə f ə r i. Gəl sən də bir stəkan isti çay iç, qızış bir az.
    X a n ı m a r v a d. Çox sağ ol, sən özün içginən. M i l i s n ə f ə r i. Mən necə içim? Boğazımdan keçmir axı. Görürəm ki, sən orda səhərdən axşamacan soyuqda ayaq üstə dayanmısan. Necə içim?
    X a n ı m a r v a d. Iç, qardaş, iç. Nuş olsun. Mənə baxma. Ancaq bircə dənə xahişim var sənnən. Buranın böyüyünü göstər mənə.
    M i l i s n ə f ə r i. Görürəm ki, yaman arvadsan, əl çəkən deyilsən. O şinelli kişi var a, maşından düşüb işə gəlir, buranın böyüyü odur. Iki aydı rəis qoyublar. Yaman adamdı! Sən Ətağanın cəddi, arvad, ancaq xatanı məndən uzaq elə. Mən sənə heç nə deməmişəm. Hə?
    X a n ı m a r v a d. Sən nə dedin ki, məndən soruşursan?
    Maşın səsi gəlir. Qapı açılıb örtülür. Şinelli kişi gəlir. Milis nəfəri tələsik köşkdən çıxıb mil dayanır. Xanım arvad tələsik ona yaxınlaşır.
    Dayan bir!..
    Ş i n e l l i k i ş i. (təəccüblə). Nədir? Nə istəyirsən, ay arvad?
    Milis nəfəri həyəcanla Xanım arvada qaş-göz eləyir, yəni ki, sus.
    X a n ı m a r v a d. Sənə sözüm var.
    Ş i n e l l i k i ş i. Nə söz?
    X a n ı m a r v a d. Şikayətim var.
    Ş i n e l l i k i ş i. Kimdəndir şikayətin? (Milis nəfərinə) Bu nə biabırçılıqdır belə?
    X a n ı m a r v a d. O neynəsin? Mən ondan icazə-zad alıram bəgəm? Səndəndür şikayətim.
    Ş i n e l l i k i ş i. Nə?
    X a n ı m a r v a d. Səndəndür şikayətim! Bir də sənün işçiləründən.
    Ş i n e l l i k i ş i. Nə danışırsan, arvad? Özün bilirsən, nə danışırsan?
    X a n ı m a r v a d. Lap yaxçı bilirəm! Dedim ki, səndəndür şikayətim! Adam döyülsən sən bəgəm? Insan döyülsən? Dünyanın ucunu elə o maşınınla tutub gedəcəksən? Bir qulaq as, gör, nə deyirlər sənə də!
    Kiçik pauza.
    Ş i n e l l i k i ş i (milis nəfərinə). Deyəsən, dünən də bu arvad burda durmuşdu.
    Milis nəfəri çiyinlərini çəkir.
    Burax bunu içəri!
    M i l i s n ə f ə r i. Oldu!
    İ ş ı q s ö n ü r.

ON BİRİNCİ ŞƏKİL


    M u x t a r, X a n ı m a r v a d, Ə l ə k b ə r, həmişəki məhəllə əhli. Məhəllə. Səhər.
    Məhəllə əhli hərə öz işi ilə məşğuldu. Kişilər nərd oynayırlar. Meyranqulu nəsə düzəldir. Əliabbas kişi kətildə oturub təsbeh çevirir. Arvadlar zivədən paltar asırlar, həyətdəki krandan su götürürlər. Maşın səsi gəlir. Sonra tələsik səhnəyə gələn Muxtar barmağının işarəsilə Ələkbəri çağırır.
    M u x t a r. Sən burada olursan də?
    Ə l ə k b ə r. Həri.
    M u x t a r. Həri yox, bəli.
    Ə l ə k b ə r. Bəli.
    M u x t a r. Get, o arvadı çağır bura.
    Ə l ə k b ə r. Hansı arvadı?
    M u x t a r. Necə hansı arvad? O arvadı də!
    Məhəllə əhlinin bütün diqqəti Muxtardadır. Xanım arvad əlində bir boğça, evdən çıxıb pilləkənlə aşağı düşür.
    X a n ı m arvad. Nə istəyirsən?
    M u x t a r. Mənə əmr eləyiblər ki, səndən üzr istəyim.
    X a n ı m arvad. Indi mən neyniyim?
    M u x t a r. Mən üzr istəməliyəm.
    X a n ı m a r v a d. Istə də.
    M u x t a r. Üzr istəyirəm.
    X a n ı m a r v a d. Xoş gəldün!
    Muxtar gedir.
     (Boğçadan iki qutab çıxarır.) Ələkbər, al bu qutabları özün ye. Bunları da Əbdüləliynən apar. Maşını qıraqda saxlayacaq, sənə göstərəcək ki, bunları kimə vermək lazımdır. Paydır!
    İ ş ı q s ö n ü r.

ON İKİNCİ ŞƏKİL


    M ü ə l l i f, Ə l ə k b ə r, M i l i s n ə f ə r i, S o n a, A ğ a k ə r i m. Küçə. Sonra Ələkbərgilin evi. Səhər.
    M ü ə l l i f. Əbdüləlini buraxmışdılar və Əbdüləli yenə öz «polutorka»sını sürürdü. Həmin gün mən, əlimdə Xanım xalanın verdiyi boğça, Əbdüləlinin o gözəl «polutorka»sına minib getdim. Əbdüləli maşını böyük bir binanın yanında saxladı və o binanın qabağında gəzişən bir milis nəfərini mənə nişan verdi. Mən, Xanım xalanın boğçası da qucağımda, həmin milis nəfərinə yanaşdım.
    Ə l ə k b ə r (boğçanı ona uzadır). Alın, paydır, Xanım xala göndərib.
    M i l i s n ə f ə r i. Xanım xala kimdi, a bala?
    Ə l ə k b ə r (təəccüblə). Xanım xalanı tanımırsan? Xanım xaladır də...
    Kiçik pauza.
    M i l i s n ə f ə r i. Mənə bax, həmin arvaddı? Hə, yüz faiz odu! O arvad başqa arvaddı! Mən o cürə heç kişi görməmişəm!..
    Işıq yenə yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Həmin gün məhəlləyə belə bir xəbər də yayıldı ki, Muxtarın vəzifəsini aşağı salıblar. Çünki evə maşınsız gəldi. Amma, günlərin bir günü, qara «emaddin» yenə məhəllədə göründü və bu dəfə də xəbər yayıldı ki, güya Muxtar yaxşı işçidir, buna görə də vəzifəsini təzədən böyüdüblər. Sonra da, günlərin bir günü...
    Işıq Ələkbərgilin evində yanır. Sona mizin arxasında ağlaya-ağlaya düyü arıtlayır. Ələkbər qaça-qaça içəri girir.
    Ə l ə k b ə r. Atam gəldi! Atam gəldi!
    A ğ a k ə r i m (içəri girir). Salam-əleyküm!..
    S o n a (tez ayağa qalxır). Xoş gəldün! Xoş gəldün!
    A ğ a k ə r i m (diqqətlə ona baxır). Nə olub?
    S o n a. Heç... Gəl soyun...
    A ğ a k ə r i m. Hə?
    S o n a. Yazıq Kübra, Muxtarın arvadı, dünən rəhmətə getdi...
    Kiçik pauza.
    A ğ a k ə r i m. Bivəfa dünyadı də... Süleymana qalmayan dünya, kimə qalacaq? Allah rəhmət eləsin...
    İ ş ı q s ö n ü r.

ON ÜÇÜNCÜ ŞƏKİL


    B a l a k ə r i m, Ə l ə k b ə r, G ü l a ğ a, S u ğ r a, X a n ı m a r v a d, S o n a, Ə l i a b b a s k i ş i, Q o c a, M e y r a n q u l u.
    Məhəllə. Günorta.
    Balakərimlə Ələkbər həyətin bir küncündə oturub. Meyranqulu taxta mizi təmir edir. Qoca ona kömək edir. Gülağa ilə Suğra əl-ələ tutub bir-biri ilə nəsə danışa-danışa səhnədən keçirlər.
    B a l a k ə r i m. Lap qədim vaxtlarda, Süleyman peyğəmbər var idi, Ələkbər. Bu Süleyman peyğəmbərin bir arvadı var idi. Adı Bilqeyis idi. Çox da sədaqətli arvad idi. Bir də bir dəvəquşusu var idi.
    Ə l ə k b ə r. Onun adı nə idi?
    B a l a k ə r i m. O quşun adı Bubbu idi.
    Ə l ə k b ə r. Bubbu?
    B a l a k ə r i m. Həri, Bubbu. Bu Bubbu quşu Süleyman peyğəmbərlə Bilqeyisin sirlərini birbirlərinə çatdırırdı. Bizim bu Gülağa ki, var a, Ələkbər, bax, həmin Süleymandır. Suğra da Bilqeyisdir. O ki, qaldı Bubbu quşuna, o da, elə Gülağa ilə Suğranın özüdür... Bilirsən, nöşün? Çünki onların bir-birindən sirri yoxdu...
    X a n ı m a r v a d (pəncərədən boylanır). Ələkbər, bir dəyqə qalx yuxarı...
    Ələkbər Balakərimin yanından durub pilləkənlə yuxarı qalxır.
    Xanım arvad əlində kiçik bir qazan eşiyə çıxır.
    X a n ı m a r v a d. Ələkbər, başuva dönüm, bunu apar ver Əliabbas kişiyə... Soruş, görək necədi?...
    Ələkbər qazançanı alıb aşağı düşür. Əliabbas kişinin evi işıqlanır. Ələkbər içəri girir. Qazançanı mizin üstünə qoyur. Ələkbər kişi çarpayının üstündə oturub.
    Ə l ə k b ə r. Bunu Xanım xala göndərib. Özü də soruşur ki, necəsən?
    Ə l i a b b a s k i ş i (öskürə-öskürə). Balam, Iranda adama salam-zad vermirlər?
    Ə l ə k b ə r. Bilmirəm.
    Ə l i a b b a s k i ş i. Niyə, balam? Sən iranlı deyilsən?
    Ə l ə k b ə r. Yox.
    Ə l i a b b a s k i ş i. Bəs haralısan?
    Ə l ə k b ə r. Bizim mələli...
    Ə l i a b b a s k i ş i. Onda, ay bizim mələli, onda əvvəlcə bir Allahın salamını ver, sonra sözüvü de də...
    Ə l ə k b ə r. Salam-əleyküm.
    Ə l i a b b a s k i ş i. Ay baban rəhmətlik! Allah atava da can sağlığı versin. Iranlı olanda nə olar, yaxçı kişidir. Əleykümə salam, kişi qırığı! (Öskürür.) Necəyəm? Hər işim qaydasındadı. Bircə Bəzmi-Süleymanım çatışmır. Bilirsən də, Ələkbər, sənin adaşın Mirzə Ələkbər əhli-qələm olub. Sabir! Eşitmisən?
    Ə l ə k b ə r. Yox.
    Ə l i a b b a s k i ş i. Məktəbə gedəndə biləcəksən. O kişi deyib ki, qoca-müstəğniyi-sərvət də olsa, qolunda bir cocuqca qüvvət olmaz! Başa düşdün? Allah Mirzə Ələkbərə rəhmət eləsün, bilib ki, nə deyir! Allah Mirzə Səttara da rəhmət eləsün, Sabirin dəlisi idi, şerləri dilindən düşmürdü... Çünki elə özü də, Sabir kimi, xalqını sevən adam idi... Ələkbər, indi ki, gəlmisən, qoy sənə bir sirr açım. Bilirsən də, indi XX əsrin birinci yarısıdı. Əsr bilirsən nə deməkdi? O bədbəxt oğlu, bədbəxt Balakərim başa salmayıb sənə, əsr nə deməkdi? Əsr, yəni yüz il deməkdi. Sən XXI əsrdə yaşayacaqsan, onda indiki məndən cavan olacaqsan. Bir də gördün ki, Ələkbər, onda Dəccəl zühur elədi, dedi ki, mən Mehdiyəm. Onda, sən, Ələkbər, bil ki, yalan deyir. O köpəyoğlu Dəccəl Mehdi döyül. Mehdi Sahibi-Əzzaman sonra zühur eliyəcək. Yaxçı, Ələkbər? Allah qoysa, XXI əsrdə mənim bu sözlərimi yaduva salarsan. Onda bəlkə məni də yaduva saldun. Yaxçı, Ələkbər?
    Ə l ə k b ə r. Yaxçı. (Evdən çıxır.)
    X a n ı m a r v a d (pəncərədən boylanır). Nə oldu, Ələkbər, necədi kişi?
    Ə l ə k b ə r (həyətdən). Yaxçıdı, ancaq öskürür.
    X a n ı m a r v a d. Qoca, ay Qoca, gəl bir az keçi piyi götür, get, kişinin belinə sürt, qoy soyuqdəyməsini çəkib canından çıxartsın.
    Qoca pilləkənlə yuxarı qalxır.
    X a n ı m a r v a d (deyinir). Yazıq Həlimə öləndən sonra bu qaragün kişinin işi Allaha qalıb!..
    Işıq yalnız Ələkbərgilin evinə düşür.
    Ə l ə k b ə r. Ana, Məmmədbağır kim olub?
    S o n a. Heç kim, yat!
    Ə l ə k b ə r. Bilirəm, Əlabbas kişinin oğlu olub.
    S o n a. Uşaqsan, uşaq işinnən məşğul olginən də... Demirəm sənə ki, yatginən.
    Işıq sönür.

ON DÖRDÜNCÜ ŞƏKİL


    M ü ə l l i f, Ə l ə k b ə r, Ə l i a b b a s k i ş i, B a l a k ə r i m, I b a d u l l a, S o n a, Ə d i l ə, M e y r a n q u l u, M o l l a Ə s ə d u l l a.
    Məhəllə. Səhər. Yağış yağır.
    Işıq Müəllifin üzərinə düşüb.
    M ü ə l l i f. O gecə axtarışından sonra, Məmmədbağır bir də heç vaxt evlərində qalmadı. Qısa ömründə, bir də heç vaxt Əliabbas kişinin gözlərinə görünmədi. Həmin o yağışlı payız gecəsi baş götürüb evdən gedən oldu. Xəbər gəldi ki, nəşəxorlara, qumarbazlara qoşulub, pul uduzub, vermir, qaçıb haralardasa gizlənir və o axtarışdan iki il sonra, 1929-cu ilin bir qış səhərində məhəllə adamları tut ağacının dibində Məmmədbağırın meyitini tapdılar. Hardasa içib, döyülüb, gecə bu tut ağacının altına gəlmişdi və burada ölmüşdü... Mən, əlbəttə, o gecə axtarışını da görməmişdim, 1929- cu ilin o qış səhərini də görməmişdim. Amma qəribədi, mənə elə gəlirdi, elə bil, bütün bunların, yəni eşitdiyim bu hadisələrin hamısını öz gözlərimlə görmüşəm...
    Səhnə işıqlanır. Məhəllə camaatı Məmmədbağırın meyitinin ətrafına yığışıb. Əliabbas kişi yaxınlaşır. Hamı aralanır. Əliabbas kişi oğlunun meyitinə baxa-baxa bir müddət susur.
    Pauza.
    Ə l i a b b a s k i ş i (əllərini yuxarı qaldırır). Ilahi, şükür kərəminə!.. Şükür kərəminə! Iki il idi bu günü gözləyirdim!.. Şükür!
    Işıq yenə yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Məmmədbağırı məhəllə adamları basdırdı. Əliabbas kişi təziyə saxlamadı və heç kimdən başsağlığı qəbul eləmədi. Həlimə xala elə günə düşmüşdü ki, söz də deyə bilmirdi, sinəsindən ancaq boğuq bir xırıltı çıxırdı... Illər keçdi... Məmmədbağırın dərdi Həlimə xalanı apardı. Əliabbas kişi tək qaldı. Müharibə başlayandan sonra da, günlərin bir günü, Əliabbas kişinin Maştağada yaşayan qızı Nisə xala əri ilə gəlib onu kəndə, öz evlərinə apardılar. Ondan sonra, biz bir daha Əliabbas kişini görmədik.
    Baxın prelüdləri eşidilir.
    Baxın prelüdləri həmişəlikdi. Həmişə insanlarla olacaq. O prelüdləri yüz il bundan əvvəl də çalıblar, yüz il bundan sonra da çalacaqlar. Amma Balakərimin tütəkdə çaldığı havaları bir də heç kim eşitməyəcək. Bax nəhəng idi. Amma Balakərim heç kim idi. Heç kimlərin mahnısı əbədi susur. Bu çox ağırdı...
    Pauza.
    Mən heç cürə yadıma sala bilmirəm ki, müharibənin başlanmağını birinci dəfə nə vaxt eşitdim? Bunu eşidəndə mən nə edirdim? Bəzən mənə elə gəlir ki, bu xəbəri, birinci dəfə, anamdan eşitdim. Bəzən də, mənə elə gəlir ki, Balakərimdən eşitdim və o zaman Balakərimin həmişə yol çəkən gözlərinə dərin bir kədər çökmüşdü. Balakərim danışırdı və o danışdıqca da mən Ağ Dəvənin yanında olurdum. Mən yenə də onunla birgə Ağ Dəvənin yanında, o sehrli Ağ Dəvə aləmində idim.
    Işıq səhnənin bir küncündə oturmuş Balakərimi işıqlandırır.
    Ələkbər onun yanında oturub.
    B a l a k ə r i m. Yolçu fikirləşdi ki, bir vaxtlar ki, hələ Məhəmməd Rəsulüllaha inanmayan adamlar var idi və o adamları da Allah xəlq etmişdi, bəs nə üçün o adamlar Məhəmmədi daşa basıb dişini sındırdı, dodağını parçaladı? O adamlar Məhəmmədə inanmırdı, amma Allah ki, Məhəmmədi tanıyırdı, Allahın ki, elçisi idi Məhəmməd və bir halda ki, belə idi, nə üçün o adamlar əllərini qaldırıb Məhəmmədə daş atırdı? Niyə əlləri qurumurdu? Və ümumiyyətlə, necə olurdu ki, belə bir bəd əməl onların ağlına gəlirdi?
    Işıq Molla Əsədullanın üzərinə düşür.
    M o l l a Ə s ə d u l l a. Alə, Allaha and olsun, bu Balakərim küfr şeylər danışır!.. Alə, buna qulaq asmaq olmaz e!.. Bu köpəyoğlu, deyəsən, əstəğfürullah, Allahı danır... (Gedir.) B a l a k ə r i m. Nə üçün o saat peyğəmbərə inanmırdılar, axı, Allah peyğəmbərin taleyini əvvəlcədən təyin etmişdi və bəyəm Şeyx Ibrahim Əlimuxtar Qəzvini – Allah ona rəhmət eləsin – demir ki, dünyanın ən böyük və ən müdrik kəlamı budur: «Allah bilən məsləhətdi?..».
    Işıq Ibadullanın üzərinə düşür.
    I b a d u l l a. Alə, Balakərim, bu nə nağıldı danışırsan uşağa, alə? Sən dəvə ətinin qutabından danış e, dəvə ətinin qutabından! Tavada cız-cıznan qızara o üz-bu üz, üstünə də sumax töküb ağzın yana-yana yiyəsən dəvə ətinin qutabını. Özü də sənün Ağ Dəvəvün ətindən! Yanında da yüz qram ceyran südü. Sonra bir dənə də yüz.
    Ə l ə k b ə r (ayağa durub qaçaraq Ibadullanın üstünə tüpürür). Sən əclafsan!
    I b a d u l l a. Alə, nə dedün mənə?
    Ələkbər evə qaçır. Işıq yenə yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Neçə aydı ki, müharibə başlamışdı. Oğullar bir-bir məhəlləmizdən gedirdilər. Məhəlləmiz də, həyətimiz də boşalırdı. Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim də getdi. Sonra Suğranın əri Gülağa da, o biri cavanlar da, sonra mənim atam da getdi və qayıtmadı. Məhəlləmizin birinci qaragünlüsü Meyranqulu əmigil oldu. Meyranqulu əmi ağlayıb təkcə bunu deyirdi: « – Mənim şair oğlum!» Meyranqulu əminin oğlu Ibrahim haçansa şair kimi iki misra yazmışdı və mən bu iki misranı gülə-gülə arvadlara deyən Şövkətdən eşitmişdim. Mənasını başa düşməsəm də, o iki misra bizim məhəlləyə oxşamayan hansısa başqa bir aləmdən xəbər verirdi və ilişib həmişəlik mənim hafizəmdə qalmışdı:
    Göy yaxasın açanda, ay göründü...
    Sən yaxanı açanda, günəş göründü...
    Səhnə işıqlaşır. Məhəllədə yasdır. Bir tərəfdə kişilər oturub. O biri tərəfdə arvadlar ağlaya-ağlaya
    Meyranqulugilin evinə girib-çıxırlar.
    M e y r a n q u l u. Mənim şair oğlum!.. Şair oğlum!..
    M o l l a Ə s ə d u l l a. Kəfənsiz gedən növcavan!..
    K i ş i l ə r:
    – Allah rəhmət eləsin!..
    – Allah sənə səbr versin, Meyranqulu!..
    – Allah rəhmət eləsin!..
    M o l l a Ə s ə d u l l a. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Allah baisin cəzasını versin! Allah sizin cavanlarınızın hamısını hifz eliyib güllədən saxlasın! Allah heç bir evi kişisiz qoymasın! Uşaqlar yetim qalmasın! Allah Hitler oğraşın divanını eləsin! Qənimi Əzrayıl olsun! Qəbri od tutub yansın və dili ağzında kömürə dönsün! Allah əziz atamız Stalinin də ömrünü uzun eləsin!
    K i ş i l ə r:
    – Illah-amin!..
    – Elə də olacaq!..
    – Əl-əlbət!..
    M o l l a Ə s ə d u l l a. Meyranqulu oğlu Ibrahim çox yaxçı oğlan idi. Bu cəhətdən Ibrahim peyğəmbərə də bənzəyişi var idi. Babilin padşahı Nəmrud Ibrahimi oda atdırdı, amma od Ibrahim Xəlili götürmədi. Nöşün? Çünki o qədər təmiz idi! Və o yerdə ki, od yanırdı, həmin od qalağı çiçəkli bir bağa döndü.
    Işıq yenə Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Məhəlləyə ikinci dəfə qara xəbər Firuzə xalagilə gəldi və bu dəfə çadır onların evinin qabağında quruldu. Sonra o çadır tez-tez qurulmağa başladı. Bu çadır çöndü oldu Ağ Dəvə, qapıların ağzında qurulub dünyanın dərdli işlərindən xəbər verdi. Həmin çadır bizim məhəllədə ancaq bircə dəfə qurulmadı. Suğranın əri saatsaz Gülağanın qara xəbəri gələndə. Suğra qoymadı. Suğra inanmadı Gülağanın ölməyinə. Mən bir dəfə Balakərimdən soruşdum.
    Işıq Balakərimlə Ələkbərin üzərinə düşür.
    Ə l ə k b ə r. Balakərim, o Ağ Dəvə niyə Hitlerin qapısında yatmır?
    B a l a k ə r i m. Yatacaq, Ələkbər, yatacaq! Farslar bilirsən də, nə deyib, Ələkbər? Farslar deyib ki: «Hər suxən caiz, hər nöqtə məqam darəd».
    Işıq yenə yalnız Müəllifi göstərir.
    M ü ə l l i f. Günlərin bir günü də, xəbər çıxdı ki, Amerikadan bir nəfər Ziba xalagilə gəlib. Özü də o bir nəfər Ziba xalanın oğludur, Amerikada yaşayır. Arvadlar deyirdi ki, Qavril – Ziba xalanın həmin oğlu – gəlib ki, Ziba xalanı Amerikaya aparsın. Deyirdilər ki, Qavrilin Amerikada on otağı var, özü də 21-ci mərtəbədə.
    İ ş ı q s ö n ü r.

ON BEŞİNCİ ŞƏKİL


    S o n a, Z i b a x a l a, S ə f u r ə x a l a, F i r u z ə x a l a, M ə ş ə d i x a n ı m, Q a v r i l, Ə l ə k b ə r.
    Məhəllə. Günorta.
    Arvadlar həyətdədirlər, kimi zivəyə paltar sərir, kimi krantda qab-qacaq yuyur, kimi yorğan sırıyır.
    S ə f u r ə x a l a. Vay, yazıq Ziba, o mərtəbələri necə qalxacaq elə?
    F i r u z ə x a l a. Ağəz, pilləkənlə qalxmırlar ki, maşın qaldırır adamları yuxarı də... Yazıq Ziba, o maşına necə minəcək hər gün, ağəz? Yazıq Ziba çox əziyyət çəkib, səhərdən axşamadək tum satmaqdan beli donqarıb. Qoy, getsin oğluynan, mağıl, heç olmasa, ömrünün axırında oğul-uşaq görsün.
    M ə ş ə d i x a n ı m. Bu ki, belənçinə yaxçı oğul idi, nöş indiyənəcən görünmürdü? Nöş demirdi ki, mənim də anam var, hə? Ağəz, vallah, mən ölü, siz diri, görərsüz, bunu arvadı göndərib bura. Deyib ki, get anovu götür gəl, uşaqlara baxsın.
    S o n a. Sizi bilmirəm, vallah, mən darıxacağam Ziba xalayçun.
    Ziba ilə oğlu gəlir. Ələkbər onların qabağına qaçıb, maraqla Qavrilə baxır.
    Ə l ə k b ə r. Salam!
    Q a v r i l. Salam. Salam.
    Z i b a. Elə yaxçı oğlansan sən, Ələkbər!.. Allah səni həmişə salamat eləsin!.. (Arvadlara) Peyğəmbər haqqı, heç hara getməzdim. Sizi qoyub hara gedirdim? Kimdi məni adam yerinə qoyan, sizdən başqa? Amma nəvələrim var da o xarabada, görmək istəyirəm onları. Nə edim, bəs haçan görəcəyəm? Nəvələrim də, deyir, ingiliscə danışırlar, bəs mən onları necə başa düşəcəyəm? Ay arvadlar, mən sizi qoyub hara gedəcəyəm, başıma haranın daşını salacağam? Allah sizi həmişə salamat eləsin! O xarabada mən nə edəcəyəm? Məni yaddan çıxartmayın... Qayıdıb gələcəyəm mən... Qoy gedib bir o nəvələri görüm...
    Q a v r i l. Allahın köməyilə.
    Ə l ə k b ə r (yavaşdan Sonaya). Ana, azərbaycanca danışır e...
    Z i b a x a l a. Hamınıza məktub yazacağam... Siz də, qurban olum, tək qoymayın məni orda, məktub yazın, Allah sizi həmişə salamat eləsin!
    Qavril doldurma qələmlə ünvan yazır. Ələkbər qələmə baxır. Ziba qələmi Qavrildən alıb Ələkbərə verir.
    Z i b a x a l a. Al, Ələkbər, qoy yadigar qalsın səndə!
    Q a v r i l. Bəs mənim... qələmim?..
    Z i b a x a l a. Ələkbər ağıllı oğlandı! Qoy, onda qalsın!
    Q a v r i l. Bəs...
    Z i b a x a l a (onun sözünü kəsir). Alun, bu da mənim adresim! Özüm də yazacayam sizə!
    Q a v r i l. Allah qoysa... Allah qoysa...
    Işıq Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Ziba xalanın mənə bağışladığı o avtomat qələm mənim bütün içimə bir ruh yüksəkliyi, bir coşğunluq doldurmuşdu. O avtomat qələm bizim evə də bir sevinc gətirmişdi. Anam o avtomat qələmi fəxrlə bizə gələn arvadlara göstərirdi. O qələm bizim evdə bir nikbinlik əmələ gətirmişdi. Mən də gələcəkdə Qavril kimi sürətlə yazacaqdım və mən o qələmi səfərdən qayıdan atama göstərəndə, atam qələmin o tərəfinə-bu tərəfinə baxıb dedi: «Böyüyəndə, bilirsən, nədən yazarsan bu qələmlə?» Mən: «Nədən?» – soruşdum. Atam: «Bax, bizim bu məhəllənin adamlarından!» – dedi... Az sonra atamı da cəbhəyə apardılar...
    İ ş ı q s ö n ü r.

ON ALTINCI ŞƏKİL


    M ü ə l l i f, Ə l ə k b ə r, S o n a, S ə f u r ə x a l a, Ə d i l ə.
    Məhəllə. Günorta. Sonra axşam.
    Ədilə ilə Ələkbər üz-üzə gəlir.
    Ə d i l ə. Ələkbər, necəsən?..
    Işıq Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Ədilə bu sualı elə verdi, elə bil, əslində, başqa şey deyirdi. Deyirdi ki, mənim halım çox pisdi, Ələkbər, mənim ürəyim gülmür, Ələkbər. Mən dünyanın ən bədbəxt adamıyam, Ələkbər, mən yazığam, kimsəsizəm Ələkbər!.. Sonra Ədilə birdən-birə mənə dünyanın ən təsirli sözlərini dedi.
    Ə d i l ə. O sirkin biletlərini yadigar saxlamışam, Ələkbər...
    M ü ə l l i f. Və Ədilənin də, mənim də gözlərim doldu. Bundan sonra mən Ədiləni, bir də heç vaxt görmədim.
    Pauza.
    Kübra xalanın vəfatından bir il keçəndən sonra birdən-birə məhəlləyə belə bir xəbər yayıldı ki, Muxtar özü üçün papaqçı Əbülfətgilə elçi gedib və Ədilənin hərisini alıb, Ədiləni Muxtara ərə verirlər...
    Işıq Ələkbərgilin evinə düşür. Ələkbər nöyüt lampasının yanında oturub. Səfurə xala ilə Sona mizin arxasında əyləşiblər.
    S ə f u r ə x a l a. Muxtar olanda nə olar, balam, kişi döyül bəyəm? Özü də işi elədi ki, fronta getməyəcək! Bir az yaşı çoxdu Fatmanın qızınnan, nolar balam, kişinin yaşı çox olar da, kişi kişidi də, başuva dönüm sənün, nolar qulaqları balaca olanda? Adam öləcək, vallah, insafən Kübraya çox yaxşı baxırdı... Evcanlı kişidi... Düzdü e, Ədilə çox xanım-xatındı, amma gedəcəkdi, misalçün, Xanımın oğluna, nolacaqdı? Qoca hələ gərək frontdan, Allah qoysa, salamat qayıtsın... Sonra yenə hələ oxusun gərək... Ikisi də cavan... Ağəz, evə pul gətirmək hər kişinin işidi bəgəm?.. Bir tərəfdən də Xanım kimi əzazil!
    S o n a. Əzazil niyə olur Xanım xala, ay Səfurə bacı?
    S ə f u r ə x a l a. Indi Xanımı sən mənə tanıdacaqsan?.. Muxtar ayağını bərk basıb yerə. Qoca, Allah eləsin ki, sağ-salamat qayıtsın frontdan, ağıllı uşaqdı, tərbiyəlidi, söz yox. Elə, adamın Allahı var, Xanımın oğlanlarının hamısı tərbiyəlidi, amma, ay başuva dönüm sənün, tək tərbiyə ilə arvad saxlamaq olmaz... Zəmanə pis zəmanədi. Ode, o yazıq Gülağanın axırı nə oldu? Toyuq başı kəsməyə ürəyi gəlmirdi, bir gülləyə qismət oldu cavan canı. Allah bir gün də Hitler köpəyoğluna qismət eləsin o gülləni! Suğra yazığın da ki, sənnən uzaq olsun, düşdüyü günü, Allah heç düşmənə də qismət eləməsin. Cavan yaşında o cürə havalanıb başı...
    S o n a. Axı, könülsevən göyçək olar də, ay Səfurə bacı.
    S ə f u r ə x a l a. Bəsdir, ağəz, uşaq sözü danışma!.. Qızı qoyarsan öz xoşuna, ya halvaçıya gedər, ya zurnaçıya!
    S o n a. Axı, bunu da deyiblər ki, ay Səfurə bacı, qızı otaqlıya yox, papaqlıya verginən də...
    S ə f u r ə x a l a. Nə olub, ağəz Muxtarın papağına? Sənün Fatmadan çox ürəyün yanacaq o qıza? Vallah, gül kimi söz deyir Fatma öz qızına! Deyir ki, bizə bax, ağıllı ol, həmişə kasıb olmuşuq, deyir, bir qarnı ac, bir qarnı tox yaşamışıq, bax, bacılaruva deyir, Allah atovun papaq tikən əllərini salamat eləsin, deyir, yoxsa ki, hamısının uşağı acından ölər. Düz deyir də, Fatma özü, əgər papaqçı Əbülfətə getməsəydi, Xanımın qardaşı o rəhmətlik Abuzərə getsəydi, indi nə olacaqdı? Yetim qalacaqdı bütün uşaqları də...
    S o n a. Allah bilən yaxşıdı, kimin alnına nə yazılıb, odu...
    S ə f u r ə x a l a (ayağa qalxır). Yaxçı, mən getdim...
    S o n a. Sağ ol...
    Səfurə gedir. (Ələkbərə) Dur, biz də yataq...
    Ə l ə k b ə r. Amma işığı keçirmə... Sona qəzet parçası götürüb lampanı silmək istəyir. Sona(qəzetdəki şəkili göstərir). Bax, Fətulla Dadəminin şəkli... Dünyanın işləri niyə belənçinə insafsızdı, ay Allah? Bu dünyanın bütün dərd-səri nöşün elə bizə qalıb? Camaatın oğlu qayıtmır, əri itkin düşür, ancaq qəzetlər yenə Fətulla Dadəmin şəklini çap edir. Fətulla Dadəmi cəbhədəki əsgərlərə məktub yazıb! Fətulla Dadəmi faşist köpəyüşağının əleyhinə çıxış edib! Elə hazır çıxışdansa, məktubdansa, xalqın əri kimi, oğlu kimi gedib özü vuruşsun də faşistlərlə, nöş getmir? Nöş mənim ərim gedib, heç bilmirəm, Allah eləməmiş, başına nə gələcək, mən də başıma haranın külünü tökəcəyəm, ancaq sən nöş burda oturub məktub yazırsan, ay oğraş? Tufu! (Qəzet parçasına tüpürür.)
    İ ş ı q s ö n ü r.

ON YEDDİNCİ ŞƏKİL


    B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a, F a t m a x a l a, X a n ı m a r v a d, başqa məhəllə adamları.
    Məhəllə. Günorta.
    Ibadulla keflidir. Əlində balta var. Balakərim tütək çalır. Ələkbər, həmişəki kimi, onun yanında oturub. Xanım arvad həyətdən keçir.
    I b a d u l l a (onun ardınca). Hə, nə bilmisən sən nemesləri? O əclaf nemeslər mən ölüm, sən öləsən bilmirlər e... Bir-bir çaxacaqlar gülləni o yaxbala oğlanlarıvun başına!
    Ə l ə k b ə r (onun qabağına qaçaraq). Yalan deyirsən, köpəyoğlu!
    I b a d u l l a. Köpəyoğlu sənin o həmşəri atondu! Onun da başına bir dənə güllə çaxacaqlar!
    Ə l ə k b ə r. Yalan deyirsən! Yalan deyirsən! Ibadulla səhnədən çıxır. Səhnə arxasından balta səsi gəlir, Arvadlar bir-bir evdən çıxırlar.
    Ə l ə k b ə r. O neyniyir, Balakərim?
    B a l a k ə r i m. Tut ağacını kəsir...
    Ibadulla gəlir.
    Pauza.
    I b a d u l l a. Nə baxırsuz mənə, dəvə nalbəndə baxan kimi! Onu babam əkib, mən də kəsirəm, sizə nə var?
    Pauza.
    Nə qalır ki, adama, bu tut ağacı da qalaydı. Ode, faşistlər oturublar Voronejdə, kef eliyirlər özləriyçün zarazalar! Çünki bu dünya zaraza dünyadı! Adama qalan kəfəndi, o da məlum döyül, qismət olacaq, ya yox?!
    Ə l ə k b ə r (qışqırır). Sənə qismət olacaq!
    Pauza.
    I b a d u l l a. Elə bilirsüz mən əclafam, hə? (Ələkbərə) Bilirəm, otuz ildən sonra böyük kişi olacaqsan. Onda da, yaduva düşəcək mənim bu ağacı kəsməyim, goruma söyəcəksən mənim. Bir dənə zaraza vardı, deyəcəksən, Ibadullaydı o zarazanın adı, mələmizin tut ağacını kəsdi. Söy! Sümüklərim çürümüş olacaq onda mənim!.. Ancaq bilməyəcəksüz ki, Ibadulla anası ölmüş, bu ağacı kəsdi ki, odun eliyib aparıb satsın, balalarını dolandırsın... Bilməyəcəksüz ki, zaraza Ibadulla döyüldü, dünyaydı zaraza... (Ağlayır.) Niyə bu zaraza dünyada adamlar adam oldu? Niyə pişiklər adam olmadı?..
    Səhnə qaranlıqlaşır. Ancaq Balakəriml ə Ələkbər görünürlər.
    Ə l ə k b ə r. Balakərim, şairləri satmaq olar?
    B a l a k ə r i m. Olar!
    Birdən küt bir səs və qaranlıq içində qışqırıq eşidilir.
    F a t m a x a l a n ı n s ə s i. Vay, evim yıxıldı!..
    Səhnə işıqlaşır. Camaat həyəcan içində səhnənin arxasına qaçır.
    Səs-küy qopur.
    – Ədilə özünü damdan atdı!..
    – Ədilə özünü öldürdü!..
    – Vaxsey!..
    – Vay!..
    F a t m a x a l a (qışqıra-qışqıra səhnəyə daxil olur). Məni öldürəydin, cavan canına qıymayaydın!.. Məni öldürəydin! Məni!.. Məni!..
    Arvadlar ağlayır. Sona Ələkbəri qucaqlayır.
    S o n a. Qorxma... Qorxma, Ələkbər... Qorxma...
    S ə s l ə r:
    – Həkim!..
    – Nəfəs alır!..
    – Maşın!..
    – Maşın!..
    Işıq Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Anam mənim başımı döşünə sıxmışdı. Sonra özü ağlaya-ağlaya mənim üzümü yudu, mənə su içirtdi. Ədilə hələ sağ idi, amma tamam əzilmişdi və onu maşına qoyub xəstəxanaya apardılar. Dörd gündən sonra Ədilə öldü. Ədilə mənim üçün birinci doğma adam idi ki, ölürdü...
    Kiçik pauza.
    O dörd misra indiyə qədər mənim yaddaşımdadı:
    Məktub, səni ad eylərəm,
    Poçta əmanət eylərəm...
    Gedib Qocaya çatmasan,
    Bil ki, qiyamət eylərəm...
    Səhnə işıqlanır. Həyətdən Ədilənin cənazəsini qaldırırlar. Arvadlar ağlaşır. Molla Əsədulla Quran oxuyur.
    Balakərim bir kənarda dayanıb onlara baxır.
    F a t m a x a l a (Xanım arvada). Çağıracaq sənün oğlunu öz yanına, çağıracaq! Sənün oğluvu da aparacaq qara torpağa! Aparacaq öz yanına!..
    Işıq yalnız Balakərimlə Ələkbərin üzərinə düşür.
    B a l a k ə r i m (həyəcan içində). Bir həqiqəti deyən var idi... Pauza. Həqiqəti deyən... Həqiqəti deyən heç vaxt əyninə paltar geyməzdi... Saçını-saqqalını qırxdırmazdı... Dırnaqlarını tutmazdı... Həqiqəti deyənin fikrinə görə, insan gərək olduğu kimi görünəydi... Həqiqəti deyən də insan idi, Ələkbər?
    Ə l ə k b ə r (həyəcanlı). Bilmirəm...
    B a l a k ə r i m. Həqiqəti deyən Ağ Dəvənin belində oturmuşdu... Ancaq, Ələkbər, həqiqəti deyəni heç kim görməmişdi, amma hamı onu tanıyırdı!
    İ ş ı q s ö n ü r.

ON SƏKKİZİNCİ ŞƏKİL


    M ü ə l l i f, B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a, Ə m i n ə x a l a, S u ğ r a, G ü l a ğ a.
    Məhəllə. Günorta.
    M ü ə l l i f. «Hər şey keçib gedir...» O gecə mən, o yazıq tut ağacı barədə fikirləşirdim. Çünki, Ibadullanın dediyi o 30 il sözü mənə, bəlkə də, hər şeydən artıq təsir etmişdi. Otuz ildən sonra mənim 39 yaşım olacaqdı və mən bunu heç cür ağlıma sığışdıra bilmirdim.
    Pauza.
    1943-cü il yanvarın axırları idi. Ibadulla gəlib məhəllənin ortasında dayandı, boğazının damarları şişə-şişə var gücü ilə qışqırdı. Səhnə işıqlaşır.
    I b a d u l l a. Ura-a-a!.. Ura-a-a!.. Ura-a-a!.. Faşistləri qovduq Voronejdən!.. Ura-a-a!.. Faşist oğraşları çıxartdıq Voronejdən!..
    Arvadlar evdən çıxırlar.
    I b a d u l l a. Gördüz?! Gördüz necə qovduq oğraş faşistləri Voronejdən? Gördüz?
    Ə m i n ə x a l a. Sağ ol! Sağ ol, oğlum! (Arvadlara) Mənim balamdı e, mənim balam! Ibadulla, Allah səni mənim başımın üstündən əskik eləməsin!..
    M ü ə l l i f. Əminə xala həmin anda fəxarətlə, qürurla məhəllə arvadlarına baxırdı. Elə bil, Ibadulla təkbaşına, öz qolunun gücünə gedib Voroneji faşistlərdən azad etmişdi...
    Pauza.
    Suğranın, saatsaz Gülağanın arvadı Suğranın qəmli bir gözəlliyi var idi. Gülağanın qara xəbəri gələndən bir müddət sonra, Suğra Gülağanın şəklini albomdan götürdü, fotoqraf Əlinin yanına getdi. Şəkili Təkqol Fotoqraf Əliyə verdi. «Böyüt bu şəkli» – dedi. «Nə boyda böyüdüm?» – Təkqol
    Fotoqraf Əli soruşdu. «Gülağa nə boydaydı, o boyda.» Şəklin arxasında göy mürəkkəblə yazılmışdı: «Mənim gülüm Suğra, baxanda xatırlama, xatırlayanda bax. Gülağa, Bakı, 13 may 1941- ci il.» Təkqol Fotoqraf Əli heç nə demədi, fikirləşdi ki, bu yazıq gəlin doğrudan da dəli olub... Ağlı başında olan adam, adam boyda şəkli neyləyir? Ancaq Təkqol Fotoqraf Əlinin Gülağaya hörməti var idi. Gülağayla qabaqlar çox oturub-durmuşdu, yeyib-içmişdi və Gülağanın ölüm xəbəri Təkqol Fotoqraf Əliyə də çox təsir etmişdi. Və Təkqol Fotoqraf Əli Suğranın sifarişini qəbul etdi, müharibənin o ağır vaxtında xeyli xərc çəkdi və iki gündən sonra böyütdüyü o şəkli özü gətirib Suğraya verdi, bir köpük də pul almadı.
    Işıq Suğragilin evinə düşür.
    S u ğ r a (şəkillə üzbəüz). Yadına gəlir, sən bu şəkili çəkdirəndə, biz hələ evlənməmişdik. Mən Şuşada, hə də, bizim uşaq evində məktəbi təzəcə bitirib Bakıya gəlmişdim... Tikiş fabrikində işləyirdim də, onda... Sonra... Sonra nə oldu? (Gülür.) Sən məni bu otağa gəlin gətirdin... Onda, bax, bu çarpayıda, o qış gecəsində, hə, bütün bədənimlə... bütün içimlə... səni qucaqlamışdım... Mən bilirdim ki, haçansa sənə rast gələcəyəm... Haçansa sən gəlib çıxacaqsan... Onda mən sənin heç adını da bilmirdim, səni sifətdən də tanımırdım... Amma bilirdim ki, rastlaşacağıq...
    G ü l a ğ a (elə bil şəkildən səhnəyə daxil olur). Hə...
    S u ğ r a. Hə, mən səni tanımırdım, amma istiyirsən, sənin də uşaqlığından danışım?
    G ü l a ğ a. Birdən sən cadugər-zad olarsan a-a-a?..
    S u ğ r a. Hə! Bəs sən bilmirsən?
    G ü l a ğ a. Nəyi?
    S u ğ r a (gülür). Mən səni çox istəyirəm də... Ona görə də hər şeyi bilirəm...
    G ü l a ğ a (onu qucaqlayır). Ay şeytan...
    S u ğ r a (onu öpə-öpə). Yalançı bir məktub gəlmişdi mənə...
    G ü l a ğ a. Yalançı deyildi o məktub...
    S u ğ r a (qorxu ilə). Nə?
    G ü l a ğ a. Məni doğrudan da vurmuşdular də...
    S u ğ r a (dəhşətlə). Sən də belə deyirsən?
    Gülağa. Hə, mən ölmüşdüm...
    S u ğ r a (qışqırır). Yox!..
    G ü l a ğ a (onu daha da bərk qucaqlayır). Məni sən təzədən diriltdin də...
    S u ğ r a. Hə...
    G ü l a ğ a (gülümsəyir). Sənin nəfəsin məni çəkib şəkildən çıxartdı... (Saatı götürüb divara vurmaq istəyir.)
    S u ğ r a. Neynirsən?
    G ü l a ğ a. Istəyirəm bu saatı divara vurum.
    S u ğ r a. O biri evimizdə vurarsan. Onsuz da burdan köçəcəyik...
    G ü l a ğ a. Niyə?
    S u ğ r a (gülür). A-a-a... Kim inanar ki, sən şəkildən gəlmisən? Hə? Düz demirəm?
    Gülağa cavab vermir.
    Düz demirəm? De də!..
    Gülağa yox olur.
    Gülağa!.. Gülağa!.. Gülağa!.. (Evdən çıxıb həyətə qaçır.) Yox!.. Yox!.. Yox!.. Yalandı bu!.. Yalandı!.. Yalandı!..
    Arvadlar evdən çıxırlar.
     (Qışqırır.) Qurmayın!.. Çadır qurmayın!.. O qara xəbər yalandı!..
    Ş ö v k ə t Suğranı qucaqlayır.
    Ş ö v k ə t. Gedək bizə. Gedək.
    S u ğ r a. Yox, yas saxlamayın!.. O xəbər yalandı!.. Gülağa ölməyib!..
    Ş ö v k ə t. Yaxçı! Sakit ol. Gedək bizə...
    S u ğ r a. Başa düşürsən, Gülağa ölə bilməz!.. Bu dünyada onun bir günahı vardı? Hə?
    S ə f u r ə x a l a (ağlaya-ağlaya). Yox...
    S u ğ r a. Ona güllə dəyə bilməz! Nə üçün durduğu yerdə ölməlidi? Yox!.. Axı, mən burdayam!.. Mən sağam!.. Gülağa orda necə ölə bilər? Yalandır! Güllə Gülağanı necə tuta bilər? Yalandır! Yalandır! Özü də düz demir! Güllə dəyməyib ona! Özü də düz demir, ölməyib o!..
    Balakərim tütək çalır. Ələkbər anasına qısılıb baxır.
    S u ğ r a. Sağdı Gülağa! (Pıçıltıyla Şövkətə) Gecələr o mənim yanıma gəlir... (Bərkdən) O sağdır! Siz onu görmürsüz, amma o mənim yanıma gəlir!..
    Pauza.
    Elə bilirsiz mən dəli olmuşam? Bax, qar yağır... Hər tərəf qardı... Bax, o, sarı hamamdı. Ora Meyranqulu kişinin evidir. O Sonagilin evidi... Ode, o da Ələkbərdi... Əyər mən dəli olmuşamsa, bunları necə yadımda saxlaya bilərəm?
    Ş ö v k ə t. Gedək bizə!.. Gedək...
    İ ş ı q s ö n ü r.

ON DOQQUZUNCU ŞƏKİL


    S o n a, Ə l ə k b ə r, X a n ı m a r v a d, M ü ə l l i f.
    Məhəllə. Günorta.
    Ələkbərgilin evi. Sona mizin arxasında oturmuş Xanım arvadın qarşısına çay qoyur.
    X a n ı m a r v a d. Mənə deyirlər ki...
    Kiçik pauza.
    Deyirlər ki... Beşmərtəbənin yanındakı məktəbdə süpürgəçi yeri var...
    S o n a. Neyniyəsən?.. Mən də gedib qospitalda qab yuyuram də... Ay Xanım xala, heç olmasa, bir az ağla, bir az ürəyini boşalt. Yoxsa ki, axır vaxtlar heç dinib danışmırsan, adamın ürəyi dözər buna? Hitlerin ölüb-ölənlərinin goru pis günə qalsın! Köpəyoğlunun taxtı tabut olsun, yəhəri qannan dolsun oğraşın!.. Oyun açdı başımıza...
    Işıq Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Və bir gün mən Xanım xalanın gözlərində ikinci dəfə yaş gördüm...
    Işıq Xanım xala ilə Ələkbərin üzərinə düşür.
    X a n ı m a r v a d. Ələkbər, sən heç nigaran qalma... Qayıdıb gələcək altısı da, Ələkbər. Mən axı tanıyıram onları... Gələcəklər altısı da. Heç nə olmayacaq onlara, Ələkbər... Sən nigaran qalma... Səni hələ maşınla gəzdirəcəklər onlar, Ələkbər... Cəfər də gəzdirəcək maşında səni, Ələkbər, Adil də gəzdirəcək, Əbdüləli, Cəbrayıl da, Ələkbər! Ağarəhim də... Sən xəstələnmə, Ələkbər, ancaq xəstələnsən, Qoca sağaldacaq səni, Ələkbər... sıxma ürəyivi! Heç birinə heç nə olmayacaq! Altısı da, qayıdıb gələcək!.. Mən tanıyıram axı, onları, Ələkbər...
    M ü ə l l i f. Xanım xala mənimlə danışırdı, amma əslində, bu sözləri özünə deyirdi...
    Pauza.
    Bir dəfə də dəhşətli bir hadisə oldu... Hamı Xanım xalanın səsinə çölə çıxdı. Xanım xala ikinci mərtəbədəki evlərinin qabağında dayanıb öz-özünə qışqırırdı.
    X a n ı m a r v a d. Fatma! Fatma! Fatma! Ədiləyə denən, çıxıb üzümə tüpürsün! Tüpürsün!.. Tüpürsün!.. Haqqı var!.. Haqqı var!.. Haqqı var!..
    İ ş ı q s ö n ü r.

İYİRMİNCİ ŞƏKİL


    M ü ə l l i f, Ə m i n ə x a l a, I b a d u l l a, Ş ö v k ə t, B a l a k ə r i m, S o n a, Ə l ə k b ə r.
    Məhəllə. Günorta.
    M ü ə l l i f. Müharibə qurtarmaq bilmirdi. Ibadulla axır vaxtlar, demək olar ki, hər gün məhəlləyə gəlirdi. Hər gün də, Əminə xalanın çığırtısı həyət-bacaya yayılırdı. Dalanımızın arvadları, qızları daha əvvəlki kimi həyətdə yığışmırdılar, çünki, hərənin öz dərdi özünə bəs idi. Qara xəbərlər gələn evlərdə qopan vay-şivənin yanında, Əminə xalanın çığırtısı da daha təsir etmirdi.
    Pauza.
    Və günlərin bir günü mən həyətdə oturmuşdum. Atam neçə vaxt idi ki, müharibədə idi, anamın da öz-özüylə danışmağa başladığı günlər idi...
    Ə m i n ə x a l a n ı n s ə s i. Get, köpəyoğlu!.. Çıx get day!.. Canım qurtardı sənnən! Get, köpəyoğlu! Get, bir qara daş da dalunca!..
    Səhnə işıqlanır. Ibadulla qoltuğunda sıxdığı bağlamayla səhnəyə daxil olur. Arvadlardan kimi pəncərədən boylanır, kimi həyətə çıxır.
    I b a d u l l a. Hə, gördüz?! Axırı verdi qızıllarımı, gördüz?! Inanmurduz mənə!.. Getdim mən day!.. Axtarun, taparsuz məni Voronejdə, ay tapduz a!..
    Ə m i n ə x a l a (səhnəyə daxil olaraq). Get, köpəyoğlu!.. Səni görüm qan qusasan!..
    I b a d u l l a. Gördüz?! Aldım axır qızıllarımı bunnan! Mənnən gizlədirdi!.. Bilirdim axı! Bilirdim!.. Gördüz?!. Siz də inanmurduz!..
    Ə m i n ə x a l a. Səni görüm tramvay altında qalasan, köpəyoğlu! Saxladuğun o qəhbəynən bir yerdə!..
    M ü ə l l i f. O zaman mənə elə gəldi ki, bizim o qəmgin məhəlləmizə nəsə çirkab bir su töküldü. Məndə heç vaxt belə bir hissiyyat olmamışdı. Mənə elə gəldi ki, Əminə xalanın özü də başdan-başa o çirkabın içindədir. Ibadullanı isə o vaxtdan sonra mən bir də heç vaxt görmədim...
    Pauza.
    Balakərim gündüzlər məhəllənin kişisiz evlərinə kömək edirdi. Su daşıyırdı, odun yarırdı, mismar tapıb, daş tapıb sökülən, dağılan yerləri özü bildiyi kimi düzəldirdi. Hərdən də Ağ Dəvənin əhvalatlarından danışırdı... Əvvəllər – yəni o gözəl günlərdə ki, hələ müharibə başlamamışdı. Balakərim o tut ağacının altında oturub nəsə danışanda, Şövkət də bir az aralıda öz qapılarının ağzındakı skamyada oturub Ziba xaladan aldığı iri tumları cırtlayanda, Balakərim hərdən oğrunoğrun ona baxırdı, bir-iki dəfə udqunurdu, hərdən elə bil, hər şeyi, məni də, Ağ Dəvəni də yaddan çıxarırdı və həmin anda Şövkət şaqqanaq çəkib gülürdü...
    Işıq Şövkətin və bir küncdə oturub ona baxan Balakərimin üstünə düşür.
    Ş ö v k ə t (Balakərimə baxır). Az aşın duzu döyülsən a, sən!..
    M ü ə l l i f. Balakərim özünü tamam itirirdi, bilmirdi nə eləsin, sözləri çaş-baş salırdı və mən Balakərimin beləcə çaşmasının, beləcə udqunmasının, Şövkətin beləcə şaqqanaq çəkib gülməsinin səbəbini bilməsəm də, hiss edirdim ki, Balakərimin ürəyi necə şiddətlə vurur, az qalır yerindən çıxsın. Müharibə başlayandan sonra isə Şövkət daha o cürə şaqqanaq çəkib gülmürdü və bir dəfə eləcə udquna-udquna ona baxan Balakərimə dedi. Ş ö v k ə t. Neyləyəsən, ay yazıq? Sən də adamsan də... Sən də kişisən də... M ü ə l l i f. Mən birinci dəfə idi ki, Şövkətin səsində eləcə açıq-aşkar bir kədər hiss edirdim...
    Pauza.
    Günlərin bir günü isə...
    Səhnə tam işıqlanır.
    S o n a (qapıdan başını uzadıb çağırır). Ələkbər, ay Ələkbər, bu arvad nöş görünmür?
    Ə l ə k b ə r. Kim?
    S o n a. Xanım arvad də... Nöş görünmür? Get, Ələkbər, get, gör neyniyir arvad?
    Ələkbər pilləkənlə qalxıb Xanım arvadgilin evinə girir.
    Ə l ə k b ə r i n səsi. Xanım xala yatıb...
    S o n a. A-a-a!.. Bu qədər də yatmaq olar bəgəm?
    Ə l ə k b ə r (pilləkənləri düşə-düşə). Yatıb də...
    S o n a. Bunnan çıxmayan iş... (Evdən çıxıb pilləkənlərlə yuxarı qalxır və Xanım arvadın evinə girir.)
    Kiçik pauza.
     (Qışqırığı eşidilir.) Vaxsey!.. Ölüb arvad!.. Xanım xala keçinib!..
    B a l a k ə r i m. Onda təqsir yoxdur. Ağ Dəvə yatmışdı qapısında... Ağ Dəvə...
    M ü ə l l i f. Xanım xala öldü. Səhəri günü Molla Əsədulla qabağa düşdü və məhləmizdə demək olar ki, kişi qalmadığı üçün, arvadlardan ibarət izdiham Xanım xalanı qəbiristanlığa apardı. Həmin dəqiqələrdə mənə elə gəlirdi ki, boş qalmış küçəmiz, dalanımız, məhəlləmiz, qapılar, divarlar, küçəyə döşənmiş qəmbərlər də lal sükut içində ağlayır. Fatma xala da qəbiristanlıqda idi. Mənə elə gəlirdi ki, Ədilə də hardansa baxır və lal bir sükut içində Xanım xalanın ölməyinə ağlayır.
    Pauza.
    1944-cü ilin dekabrında cəbhədən atamın ölüm xəbəri gəldi, dayım evimizi satdı, anamı da, məni də götürüb öz yanına – Bakının tamam başqa bir səmtinə apardı. Biz məhəlləmizdən köçdük. Sonralar, kimsə təsadüfən anama xəbər vermişdi ki, Şövkət Balakərimə ərə gedib, onu öz evinə gətirib və daha icazə vermir ki, Balakərim tütək çalsın...
    Pauza.
    O vaxtdan, mənim o uşaqlıq çağlarımdan çox illər keçib...
    Pauza.
    Onlar – Xanım xalanın oğlanları altı nəfər idi və onların altısı da müharibədən sağ-salamat qayıtmışdı. Indi altısı da, lal bir sükut içində o mərmər başdaşına baxırdılar. Qırx ildən sonra, mən birinci dəfə idi onları beləcə bir yerdə görürdüm... Qırx il bundan əvvəlki kimi... Çox uzaqlarda, əlçatmaz, ünyetməz, əbədi bir uzaqlıqda qalmış Bakı məhəllələrinin birində biz bir yerdə yaşayırdıq...
    Kiçik pauza.
    Həmin sentyabr günü gecə yağış yağırdı. Və mən heç cürə yata bilmirdim, yumşaq kürsüdə oturub... bilmirəm... mürgüləyirdim... ya məni qara basırdı... bilmirəm... Mən karvan gördüm... O karvan ağ dəvələrdən ibarət idi. Karvanda altı ağ dəvə var idi. Hər dəvənin öz sarvanı var idi. O sarvanlar Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə oxşayırdı... Onlar idi... Mən özümü – balaca Ələkbəri də gördüm... Mən hansısa sarvandan yox, bütün karvandan soruşdum: « – Hara?» Karvan cavab verdi: « – Gələcəyə gedirik...» O uşaq – balaca Ələkbər sevinirdi, çünki o uşaq karvanı yola salmırdı, yox, o uşaq həmin Gələcəkdə idi... Gələcəkdə dayanıb uzaqdan görünən karvanı qarşılayırdı... Yola salan isə qalın qaşların altından baxan iri, qara gözlər idi... Xanım arvadın dəvə gözlərinə oxşayan iri, qara gözləri...
    İ ş ı q s ö n ü r.
2002.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.01.2014) | Müəllif: R.C E W
Baxış: 792 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more