Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ağ dəvə
AĞ DƏVƏ
(Proloq və iki hissədən, iyirmi şəkildən ibarət xronika)
İ Ş T İ R A K E D Ə N L Ə R


    M ü ə l l i f. – yaşlı Ələkbər.
    A ğ a k ə r i m.
    S o n a – onun arvadı.
    Ə l ə k b ə r – onların oğlu.
    X a n ı m a r v a d.
    C ə f ə r – Xanım arvadın oğlu.
    A d i l – Xanım arvadın oğlu.
    Ə b d ü l ə l i – Xanım arvadın oğlu.
    Q o c a – Xanım arvadın oğlu.
    C ə b r a y ı l – Xanım arvadın oğlu.
    A ğ a r ə h i m – Xanım arvadın oğlu.
    Ə l i a b b a s k i ş i.
    H ə l i m ə – onun arvadı.
    M ə m m ə d b a ğ ı r – onların oğlu.
    Z i b a x a l a.
    Q a v r i l – onun oğlu.
    Ə m i n ə x a l a.
    I b a d u l l a – onun oğlu.
    G ü l a ğ a.
    S u ğ r a – onun arvadı.
    F a t m a x a l a.
    Ə d i l ə – onun qızı.
    B a l a k ə r i m.
    M e y r a n q u l u.
    Ə z i z a ğ a ə m i.
    A ğ a h ü s e y n ə m i.
    H ə s ə n a ğ a ə m i.
    M o l l a Ə s ə d u l l a.
    S ə f u r ə x a l a.
    M ə ş ə d i x a n ı m.
    F a t m a x a l a.
    F i r u z ə x a l a.
    Ş ö v k ə t.
    M u x t a r.
    Ş i n e l l i k i ş i.
    M i l i s n ə f ə r i.
    O r q a n i ş ç i s i.
    Ə d i l ə n i n r ə f i q ə s i.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1927-1944-cü illər.

P R O L O Q


    M ü ə l l i f, C ə f ə r, A d i l, Ə b d ü l ə l i, Q o c a, C ə b r a y ı l, A ğ a r ə h i m.
    Qəbiristanlıq. Günorta.
    Uzaqdan tütək səsi eşidilir. Tütək səsi getdikcə yaxınlaşır və səhnə işıqlandıqca sol küncün ən uzaq yerində oturub tütək çalan Balakərimin güclə sezilən silueti görünür. Sağ küncdə Müəllif dayanıb və Balakərimə qulaq asır.
    Pauza.
    M ü ə l l i f. Mən iki ildən artıq bir müddət idi ki, həftədə, iki həftədə bir dəfə qəbiristanlığın bu cığırı ilə öz qəbrimə gedirdim. «Mənim qəbrim?». Belə demək olarmı? Niyə olmur? Əgər biz, «mənim oğlum» «mənim anam» deyiriksə, nə üçün «mənim qəbrim» deyə bilmərik?.. Mən bu cığırla da geri qayıdırdım. Həmin çiskinli sentyabr günü mən onları birdən gördüm... Mən öz cığırımda dayanıb Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxırdım... Qəbir daşı ilə üzbəüz dayanmış altı nəfərin silueti görünür. Bir zamanlar o qara mərmər başdaşı olan qəbir yox idi... Mən o qara mərmər başdaşı olan qəbirə – Xanım xalanın qəbrinə baxırdım, o başdaşı ilə üzbəüz dayanmış o altı nəfərə baxırdım və elə bil, əlli il bundan əvvəlki kimi yenə də Balakərimlə üzbəüz oturmuşdum... Elə bil, mən o sentyabr günü birdən-birə qəbiristanlıqda dünyanın ən qəmli havasını eşitdim... Mən qocalmış Cəfərə, qocalmış Adilə, qocalmış Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxa-baxa əlli il bundan əvvəldən gələn o tütək səsinə qulaq asırdım... Bu dəm mən özüm də özümə çox uzaqlardan baxırdım.

BİRİNCİ HİSSƏ
BİRİNCİ ŞƏKİL


    B a l a k ə r i m, Z i b a x a l a, Q o c a, Ə d i l ə, Ə l ə k b ə r, G ü l a ğa , S o n a, M u x t a r, Ə z i z a ğ a ə m i, A ğ a h ü s e y n ə m i, Ə l i a b b a s k i ş i, H ə s ə n a ğ a ə m i, M e y r a n q u l u ə m i, X a n ı m a r v a d, S ə f u r ə x a l a, M ə ş ə d i x a n ı m, F i r u z ə x a l a, Ş ö v k ə t, Ə m i n ə x a l a, I b a d u l l a, C ə f ə r, A d i l, Q o c a, C ə b r a y ı l, A ğ a r ə h i m.
    Məhəllə. Günorta.
    Dalan. Həyət. Evlərin qapısı həyətə açılır. Ikinci mərtəbəyə – Xanım arvadgilin evinə taxta pilləkən qalxır. Əminə xalanın evi onlarla üzbəüzdür. Muxtar da ikinci mərtəbədə yaşayır. Məhəllənin kişiləri sol küncdə oturub çay içir, nərd oynayır. Sağ küncdə arvadlar söhbət edirlər. Ziba xala dalanda tum satır. Məşədixanım dibçəkləri sulayır. Hansı mənzildəki radiodansa konsert sədaları eşidilir. Binanın birinci mərtəbəsində altı qapı, ikinci mərtəbəsində isə dörd qapı var. Zivədən paltarlar asılıb. Sağ tərəfdə çarhovuz, üstündə krant var. Divara nərdivan söykədilib. Ədilə krantdan vedrəyə su doldurur. Ikinci mərtəbədə Qoca əlində kitab, Ədiləyə baxır. Balakərim səkidə, Ələkbər də onunla üzbəüz oturublar. Gülağa arvadı ilə evdən çıxıb harasa gedirlər. Sona əlində boğça, evdən çıxıb hamama gedir.
    B a l a k ə r i m. Yolçu Ağ Dəvənin üstündə səhra ilə gedirdi... Səhra, bilirsən də, nə deməkdi, yəni ki, hər tərəf qum, hara baxırsan – qumdan savayı bir şey görmürsən. Ağ Dəvənin üstündə oturmuş yolçu, hər dəfə, dəvə addım atdıqca yüngülcə yırğalana-yırğalana, iri qara gözlərini qıpqırmızı qızarmış o dan yerinə zilləmişdi. Və fikirləşirdi ki...
    Ə l ə k b ə r. Kim fikirləşirdi?
    B a l a k ə r i m. Necə kim? O iri qara gözləri olan yolçu də!..
    Ə l ə k b ə r. Onun gözləri Xanım xalanın gözləri kimi idi?
    B a l a k ə r i m. Hə... Yolçu fikirləşirdi ki, bu səhranın da, bu dəvə addımlarının da, o qıpqırmızı dan yerinin də indiki yeknəsəqliyi min il bundan əvvəl də belə olmuşdu və min il bundan sonra da belə olacaqdı... Yolçunun bütün fikrini, hisslərini bir təəssüf bürümüşdü və bu təəssüf, elə bil, yolçunu birdən-birə dayaqsız etdi, havadan asılı qoydu... Bilirsən, hər bir adam gərək hərdənbir göylə təkbətək dayansın, göyə baxsın... (Əlini göyə tərəf uzadır.) Bax, o ulduzlara baxsın... O aya baxsın...
    Ə l ə k b ə r (göyə baxaraq). Axı, indi gündüzdü... Indi ay, ulduz yoxdu...
    B a l a k ə r i m. O baxır adamına! Diqqətlə baxsa, günün günorta vaxtı da ayı, ulduzu görəcək!.. Onda özü də biləcək ki, nə qədər balacadır... O ayın, o ulduzların uzaqlığı yanında görəcək ki, nə qədər kiçikdi... O yolçunun bütün varlığı, fikri, hissləri bir möcüzə həsrətində idi. Amma yolçu yaxşı bilirdi ki, heç vaxt möcüzə olmayıb və heç vaxt da möcüzə olmayacaq. Əslində, Musa peyğəmbər də möcüzə görmək istəyirdi. Bəlkə özü bunu heç bilmirdi, amma elə buna görə Tur dağında Allaha çox yalvardı: «Özünü mənə göstər» – dedi. Amma Allahdan aldığı cavab bu oldu: «Sən məni heç zaman görməyəcəksən!». Dünya möcüzəsiz dünyadır, adidir. O zaman yolçu fikirləşdi ki, əslində elə bu adiliyin özü bir möcüzədi, amma bu möcüzədən heç kim baş açmır. Dədələrimiz də bilirsən nə deyib?
    Ə l ə k b ə r. Yox...
    B a l a k ə r i m. Deyib ki, «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya». Bunu deyiblər, özləri də, neçə min ildi köçüb gediblər bu dünyadan. Allah onlara rəhmət eləsin... Maşın səsi gəlir. Sonra maşının qapısı çırpılır və Muxtar səhnədən keçib gedir.
    Ə z i z a ğ a ə m i. Alə, buna bax e, nə salamı var, nə də kalamı! Nə olar ki, orda işləyəndə, alə? Dünən heç nədən Xanımın oğlunu, Əbdüləlini tutub basıb dama. Lap adam da öldürsəydi Əbdüləli, gərək Muxtarın onunla işi olmayaydı!.. Bir mələdə olurlar. Kişiyə yaraşan işdi, alə, bu?
    A ğ a h ü s e y n ə m i. A kişi, Ətağanın cəddinə and olsun, mən də lap məəttəl qalmışam! Alə, belə də iş olar?.. Nə var, nə var, mənim maşınımı ötüb! Alə, bunun da üstündə, mələnin cayılını tutub türməyə basarlar?! Ətağa cəddi, dünyanın lap, day, axırıdı! Xanımın oğlunun, Əbdüləlinin, «polutorka»sı bunun «emadinini» keçib, təkərlərdən də su sıçrayıb bunun maşınına! Nə olsun? Alə, bizə sataşır o, bizə!
    H ə s ə n a ğ a ə m i. Alə, biz ölmüşük bəyəm ki, belə iş görür bu oğraş?! Biz nəyik bəyəm, alə?! Kişi-zad döyülük ki, bu zaraza belə rəftar eləyir biznən?!
    Ə z i z a ğ a ə m i (ah çəkir). Neyniyəsən? Zəmanə bunların zəmanəsidi də! Bu əclaf oğlu hardan köçüb gəldi bizim mələyə? Alə, hökumət bir adam tapmadı, gətirib bu alçağa bizim mələdə ev verdi?!
    Kişilər nərd oynayırlar. Indi də arvadlar danışırlar.
    S ə f u r ə x a l a. Mağıl rahatca evimizdə oturub işimizlə-gücümüzlə məşğul olurduq. Bu köpəyoğlu Muxtar, mərəkə salacaq mələyə. Mən tanıyıram öz kişimi də!.. Bir də gördün, yortdu bıçağı Muxtarın qarnına!..
    F i r u z ə x a l a. Ağəz, hansı daşı tökək başımıza? Öldürəcəklər gecə oğraş oğlu oğraş Muxtarı, balalarımızın gözü türmədə qalacaq...
    M ə ş ə d i x a n ı m. Ağəz, görmürsüz o köpəy oğlunun qulaqlarını? Ağəz, kişinin də elə balaca qulaqları olar? Vay sənin ciyərin yansın, şpion oğlu, şpion! Xanım arvad pilləkənlə həyətə düşür. Arvadlar özünü yığışdırır, bəzisi evə keçir.
    X a n ı m a r v a d. Ay Səkinə, noxudum qurtarıb. Varındısa, bir az əlborcu noxud verginən..
    F i r u z ə x a l a. A-a-a... Bu nə sözdür, ay Xanım xala?! Əlborcu nə deməkdi, ayıb döyül? Əziyyət çəkmə, Ələkbərnən göndərərəm. Ələkbər, gəl, bala, gəl, noxudu verim, apar ver Xanım xalaya.
    Ə l ə k b ə r. Yaxçı. Xanım arvad evə qayıdır.
    Z i b a x a l a. Ələkbər, Ələkbər, sonra gəl bir stəkan tum al!..
    Ə l ə k b ə r. Yaxçı.
    Ş ö v k ə t (Ziba xalaya). Üçünü ver mənə. (Üç balaca kağız bükməsi tumu alır.) Ələkbər, bura gəl. Gəl demirəm?
    Ələkbər qalxıb Şövkətə yaxınlaşır.
    Al, Ələkbər, tök cibinə. Al, bunu da ona ver, Balakərimə. Apar ver.
    Ələkbər tumları götürüb Balakərimin yanına qayıdır.
    Z i b a x a l a. Sağ ol, ay Şövkət, sən olmasan, mən neyniyərəm?!
    Ş ö v k ə t. Amerikadakı oğluva deyərsən, mənə yaxçı şeylər alar!
    Z i b a x a l a. Nöş demirəm? Allah səni saxlasın! Peyğəmbər haqqı, tuma söz yoxdu. Amma, vallah, sən olmasan, mən acından ölərəm.
    Ə l ə k b ə r. Ziba xalanın oğlu doğrudan Amerikadadı?
    B a l a k ə r i m. Həri.
    Ə l ə k b ə r. Sən də gedə bilərsən Amerikaya?
    B a l a k ə r i m. Yox.
    Ə l ə k b ə r. Nöşün?
    B a l a k ə r i m. Çünki onlar Musa peyğəmbərin övladlarıdı...
    Ə l ə k b ə r. Bəs biz kimin övladlarıyıq?
    B a l a k ə r i m. Biz? Bizim peyğəmbərimiz Məhəmməddi.
    Arvadlar evə keçir, Ağakərim gəlir. Ələkbər atasının qabağına qaçır.
    A ğ a k ə r i m. Salam-əleyküm, salam-əleyküm...
    K i ş i l ə r:
    – Salam-əleyküm...
    – Əleyküm-salam...
    – Salam...
    Ə l i a b b a s k i ş i. Ağakərim, yenə Rusetdən gəlirsən?
    A ğ a k ə r i m. Hə, dadaş. Pravadnik adamam, paravoz hara aparır, mən də ora gedirəm...
    Ə l i a b b a s k i ş i. Rusetdə nə var, nə yox?
    A ğ a k ə r i m. Nə olacaq, dadaş, insan elə hər yerdə insandı də...
    Sona əlində boğça evə qayıdır.
    S o n a (Ağakərimə). Xoş gəlmisən... (Evə keçir.)
    A ğ a k ə r i m. Xoş günün olsun...
    Ə l i a b b a s k i ş i. Get, Ağakərim, yorulmusan yəqin. Bir-iki gün istirahət elə...
    A ğ a k ə r i m. Yox, dadaş, növbəmi dəyişiblər, axşam yenə gedirəm birhəftəlik. (Evinə tərəf gedir.)
    Ə l ə k b ə r. Mən Xanım xalaya noxud aparım, gəlirəm. (Gedir.)
    Ə l i a b b a s k i ş i. Ağakərim, ancaq oğlun əntiqə oğlandı. Allah saxlasın!
    A ğ a k ə r i m (ayaq saxlayır). Alah sizin də hamınızdan razı olsun! (Evə girir.)
    Ə z i z a ğ a ə m i. Allah haqqı, yaxçı adamdı bu Ağakərim!
    H ə s ə n a ğ a ə m i. Həri!
    Ələkbər ikinci mərtəbəyə qalxıb, Xanım arvadgilə gedir. Ibadulla gəlir. Hiss olunur ki, keflidi. Heç kimlə görüşmədən krantdan su içir və ikinci mərtəbəyə qalxır.
    Ə z i z a ğ a ə m i. Allah Həmdullaya rəhmət eləsin. Yaxçı ki, vaxtında getdi bu dünyadan, bu zayı, Ibadullanı belənçinə görmədi...
    Ikinci mərtəbədən Əminə xalanın qışqırığı eşidilir.
    Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Adə, gəldün yenə?!
    I b a d u l l a n ı n q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! O qızıllar mənimdi! Ver! Harda gizlətmisən mənim qızıllarımı?
    Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Bir qara daş düşəydi sənün başuva oğul olan yerdə! Nə istəyirsən məndən?! Mən acından günorta dururam, qızıl var məndə? Ay naxələf oğlu, naxələf?! Əlüvü nöş hər yerə vurursan? Ay natəmiz, mən namaz qılmıram bəyəm? Müsülman döyüləm bəyəm mən? Xarabonda arağı içib, donuz əti yeyib, gəlib, murdarlayırsan buraları... (Sınan şüşə səsi gəlir.)
    Ay naxələf! Çıx get burdan də!
    I b a d u l l a n ı n q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! Mənimdi o qızıllar! Atam mənim üçün qoyub gedib o qızılları! Mənimdi o qızıllar! Ver, çıxım gedim!
    Xanım arvad oğulları ilə həyətin ortasına çıxır. Ələkbər də onların yanındadır.
    Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Adə, ay haramzadə nadürüst, atovun ki, bu qədər qızılları vardı, onda nöş düşüb şəhərin küçələrində fayton sürürdü?! Adə, öldürmək istəyirsən məni?! Əminə xala evdən pilləkənə çıxır, Ibadulla da onun ardınca gəlir.
    Ə m i n ə x a l a. Öldürmək istəyirsən məni?! Allah tez eləsin, tez aparsın məni ki, sənin üzündən qurtarsın canım! Tez aparsın Allah məni! Adə, nə istəyirsən məndən?!
    I b a d u l l a. Qızıllarımı istəyirəm!
    Ə m i n ə x a l a. Yoxumdu! Heç nə yoxumdu!
    I b a d u l l a (camaata). Gizlədib, gizlədib məndən! Atam bir ətəy qızıl qoyub gedib mənimçün! Toçnu bilirəm! Gizlədib qızılları... Vermir... Tapa da bilmirəm. Yoxsa, qaldığım o əclaf evdə mənim nə itim azıb?.. Çıxıb gedərdim özümçün Voronejə! (Əminə xalaya) Ver mənim qızıllarımı! Ver!
    X a n ı m a r v a d. Alə, Ibadulla! Ibadulla!
    I b a d u l l a. Nə var, ağəz? Nə Ibadulla, Ibadulla salmısan orda? Nə var?
    X a n ı m a r v a d. Rədd ol burdan!
    Kişilər ayağa qalxır. Ibadulla bir-bir Xanım arvadın oğlanlarına baxır, sonra aşağı düşür.
    I b a d u l l a. Məni adamsız görmüsüz? Qaz kimi bir-birivüzün dalına düzülüb üstümə gəlirsüz? Eybi yox, baxarsuz! Tökərəm üstüvüzə Varonejdəki keruxalarımı, onda baxarsuz!
    Cəfər aşağı düşmək istəyir, Xanım arvad Cəfərə baxır. Cəfər dayanır. Ibadulla həyətdən çıxır.
    Ə m i n ə x a l a. Oğlumdu, özüməm!.. Özümüz bilərik, nəyivüzə qalıb? Sizə nə dəxli var, nöş qarışırsuz xalqın işinə? (Evə keçir.)
    Xanım arvad oğlanları ilə evə qayıdır. Ələkbər aşağı düşür.
    Ə l i a b b a s k i ş i. Bu Ibadulla bədbəxt oğlu, uşaq vaxtı elə yaxçı oğlan idi ki...
    Ş ö v k ə t (bir kənarda tum çırtlaya-çırtlaya). Sonaya nə var ki, bəxtəvər başına, soyuq olanda, istisi yanında, isti olanda, sərini yanında. Gözlərindən görürəm... (Gülür.) Əri səfərdən qayıdıb. Bu da onunçun hamama gedib... (Evə girir.)
    B a l a k ə r i m. Hər bir adam, gərək hərdənbir göylə təkbətək dayansın. Göyə baxsın gərək. Bax, o ulduzlara baxsın. Onda özü də bilər ki, nə qədər balacadır...
    Ələkbər Balakərimin yanında oturur.
    Ə l ə k b ə r. Balakərim, Ağ Dəvədən danış, yolçudan danış...
    B a l a k ə r i m. Hə, Allah rəhmət eləsin. Yolçu dədələrə rəhmət oxuya-oxuya hara baxdı? Səhranın qumluğuna... Yenə də iri, qara gözlərini qaldırıb qıpqırmızı qızarmış dan yerinə baxdı və bu dəfə dan yerin o qırmızısı dünyada tökülən qanlardan xəbər verdi.
    Balakərim tütəyini çalır. Şövkət əlində zənbil evdən çıxır. Balakərim onun ardınca baxır. Səhnənin o biri başında kətil təmir edən Meyranqulu da oğrun-oğrun Şövkətə tərəf baxır. Şövkət zənbildən konfet çıxarıb Balakərimə və Ələkbərə verir.
    Ş ö v k ə t. Alun, yaxçı konfetdi...
    Balakərim tez konfeti götürür. (Ələkbərə) Sən də götür də... Ələkbər utanır və konfeti götürmür.
    Bu hələ konfetin dadını bilmir... (Gülür.)
    Meyranqulu çəkici barmağına vurur.
    Ə z i z a ğ a ə m i (bərkdən). Meyranqulu, yaman işləyirsən a!.. Özündən muğayat ol!..
    M e y r a n q u l u. Əzizağa, mənim indi elə vaxtımdı ki, balı şüşədən yalayıram... Başqa şeyə gücüm çatmır.
    Ş ö v k ə t (Ələkbərə). Eşidirsən nə danışırlar?
    Ə l ə k b ə r. Hə...
    Ş ö v k ə t (gülür). Hə? A-a-a... Çoxbilmişsən e, sən!.. Allah haqqı, mənim də saatım xarab olub. Istəyirəm aparıb verim Gülağaya, düzəltsin, amma qorxuram o ciyəri yanmış arvadından! (Şaqqanaq çəkir.)
    İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL


    S o n a, A ğ a k ə r i m, Ə l ə k b ə r.
    Ələkbərgilin evi.
    Günorta.
    S o n a. Çox uzun çəkdi bu dəfə səfərün... Əldən saldı səni...
    A ğ a k ə r i m. Bilirsən... Səfərdə adamın fikri dağılır... Bu səfərlər olmasa, mənim ürəyim lap partlayar...
    S o n a. Ay Ağakərim, ay qurban olum sənə, ay başuva dönüm, dünyadı də... Sənnən çox gəzən yoxdu ki, dünyada, özün bilirsən bunu də, nöş üzürsən özüvü, nöş xiffət yeyir səni, ay başuva dönüm sənün?.. Ode, hara baxırsan, Fətulla Dadəminin şəkilləridir, o nöşün bəs ürəyini üzmür, özü də, kitab yazandı? Hansı şəklinə baxırsan, elə adamın üzünə hırıldayır... O da sənün kimi Irandan gəlib də... Onun da qohum-əqrəbası Iranda qalıb də... Onu da sovet hökuməti buraxmır də, Irana... Bilirəm e, istəyirsən atovu görəsən, anovu görəsən, məhləvi görəsən... Ancaq, ay Ağakərim, biz varıq axı... Ode, Fətulla Dadəmi, deyirlər, şairləri bir-bir satır, özünə ad qazanır...
    A ğ a k ə r i m. Kiri, ay qız! Bu nə sözlərdi danışırsan, bizi xataya salmaq istəyirsən?!
    S o n a. Xataya nöş salıram, Ağakərim, başuva dönüm, bunu bütün mələ danışır də. Iki gündə bir Muxtargilin evindədi. Bir dəfə də bizə gəlsin də, nöş gəlmir? Uşaqlıqda bir yerdə böyüməmisüz? Fətulla Dadəmi nə qədər yaxçı şairlər var, nə qədər alim adamlar var, hamısını bir-bir güdaza verir, özünə də hörmət qazanır! Onu görüm, tramvay altında qalsın! Bəyəm bizim mələdən o cür qəzəlxan Səttar Məsumu o güdaza vermədi? Day bunu dünyada bilməyən adam yoxdu ki, Ağakərim... Fətulla Dadəminin, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdu! Zəmanə adamıdı də!
    A ğ a k ə r i m. Yavaş danış, ay qız!..
    S o n a. Burda kim var ki, ikimizik də...
    A ğ a k ə r i m (yavaşdan). Indi elə zəmanədi ki, divarların da qulağı var... (Daha da yavaşdan) Indi mən də gedim başlayım adam satmağa?
    S o n a (qorxur). A-a-a... Əstəğfürullah de, Ağakərim! Allah eləməsin...
    A ğ a k ə r i m. Sənin böyüklərlə nə işin var?.. Böyüklərin işinə qarışma. (Pıçıltı ilə) Bu bolşevik hökuməti cəlladdı, baba... Bir tikə çörək tapırıq, şükür!.. Balamız böyüsün...
    S o n a. Illah amin!.. (Qapıdan boylanıb çağırır.) Ələkbər, gəl!.. (Süfrəyə yemək gətirir, boşqab düzür.) Ələkbər gəlir.
    Gəl, otur. Atonnan bir yerdə çörək yeyək.
    Ələkbər mizin arxasında oturur.
    A ğ a k ə r i m (çörəyi götürür). Bismillah...
    Ə l ə k b ə r (yeyə-yeyə). Balakərimçün də xörək çəkərsən, verrəm ona.
    S o n a. Yaxçı. Aparıb verərsən. Ancaq, Ələkbər, sən çox qulaq asırsan e, Balakərimə... O yazıq axı, bir az başdan xarabdı...
    Ələkbər qaşığı yerə qoyur.
    Yəni deyirəm ki, bir az havalıdı də...
    A ğ a k ə r i m (yavaşdan). Bu zəmanədə elə bir az havalı olmaq yaxşıdı...
    S o n a (Ələkbərə). Sən başqa yerdə belə söz danışma ha... Ye xöreyivü, Balakərim yazığa da yaxçı pay çəkəcəyəm. (Ağakərimə) Vallah, sən elə yaxşı yeyirsən ki, Ağakərim, adam elə səhərdən axşamacan sənün yanında oturub tamaşova baxmaq istəyir... Ancaq neyniyəsən?.. Evin kişisinin çörək yeməyini beş gündən bir görürük...
    A ğ a k ə r i m. Pis günümüz belə olsun!...
    S o n a. Illah amin! Allah səni bizə çox görməsin, Ağakərim! Allah həmişə sənin canıvı sağ eləsin!.. Sən ki, gecə-gündüz işləyib bu evi belənçinə dolandırırsan, Allah sənin başundan bir tük əskik eləməsin, həmişə üzün gülsün, könlün də şad olsun!
    Ə l ə k b ə r. Ibadulla yenə gəlib Əminə xalanı incidirdi.
    S o n a. Nankor övladdı da! Allah heç kimə qismət eləməsin!
    A ğ a k ə r i m. Yenə qızıl istəyirdi?
    S o n a. Həri.
    A ğ a k ə r i m. O yazıq arvadda qızıl nə gəzir, baba? Keçəl dərman bilsə, öz başına çəkər də....
    Ə l ə k b ə r. Ana, Şövkət xala deyir ki, saatım xarab olub, vermək istəyirəm Gülağa düzəltsin...
    S o n a. Hə, nə olsun?..
    Ə l ə k b ə r. Mən də deyirəm də, burda nə var ki? Ancaq Şövkət xala gülür.
    A ğ a k ə r i m. Sən ona fikir vermə.
    S o n a. Şövkətdi də!.. Utanmasan, oynamağa nə var?
    İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    M o l l a Ə s ə d u l l a, Ə l ə k b ə r, B a l a k ə r i m, Q o c a, X a n ı m a r v a d, S ə f u r ə x a l a, F i r u z ə x a l a, M ə ş ə d i x a n ı m, S o n a və başqaları.
    Məhəllə. Günorta.
    Balakərim tütək çalır. Ələkbər topla oynayır, top birdən məhəllədən keçən Molla Əsədullaya dəyir.
    M o l l a Ə s ə d u l l a. Ay tüllab! Gözün yoxdu sənün, mən boyda adamı görmürsən? (Həyətdəkilərə) Axşamıvuz xeyir...
    H ə y ə t d ə k i l ə r:
    – Axşamıvuz xeyir, Molla əmi...
    – Axşamun xeyir, Əsədulla...
    – Axşamun xeyir...
    M o l l a Ə s ə d u l l a (gülə-gülə). Alə, buna bax e, nəlbəki boyda boyu var, məni vurur! (Gedir.)
    Ələkbər Balakərimə yanaşır.
    Ə l ə k b ə r. Balakərim, sən bilirsən tüllab nə deməkdir?
    B a l a k ə r i m. Nöş bilmirəm?
    Ə l ə k b ə r. Nədi?
    B a l a k ə r i m. Tüllab ərəb dilində «tələbə» deməkdi.
    Q o c a (onlara yaxınlaşaraq). Yəni ki, Ələkbər, məktəbi qurtarandan sonra, sən də mənim kimi tələbə olacaqsan!
    Ə l ə k b ə r. Axı, mən şofer olmaq istəyirəm! «Polutorka» sürmək istəyirəm. Mənim də maşınım dalanımızın qabağında dayansın, Cəfərin maşını kimi, Əbdüləlinin, Adilin, Cəbrayılın, Ağarəhimin maşınları kimi...
    Q o c a. Yox, Ələkbər, mən bilirəm sən böyüyəndə kim olacaqsan...
    Ə l ə k b ə r. Kim?
    Q o c a. Sən yazıçı olacaqsan, kitab yazacaqsan.
    Ə l ə k b ə r. Mən?
    Q o c a. Hə. Qoy bizim mələdən də bir kitabyazan olsun də!..
    Ədilə evdən çıxıb həyətdəki zivədən paltar yığır. Qoca ona baxır. Ələkbər də həm Qocaya, həm də Ədiləyə baxır. Balakərim tütək çalır.
    X a n ı m x a l a n ı n s ə s i. Ələkbər, gəl, iynəni sapla! Yenə bu şoğəribi saplaya bilmirəm!
    Q o c a. Ələkbər, axşam səni sirkə aparacağam.
    Xanım arvad pilləkənin artırmasına çıxır. Qoca ilə Ədiləni görür. Ədilə tez evə gedir.
    Q o c a. Sirkə getmək istəyirsən?.. Biz sənnən dostuq də, hə?
    Ə l ə k b ə r. Hə!
    Xanım arvad evə keçir.
    Q o c a. Dilimiz bir, sirrimiz bir! Hə?
    Ə l ə k b ə r. Hə!
    Bayaqdan səhnənin bir kənarında oturub tum çırtlaya-çırtlaya söhbət edən arvadlar Ədilənin ardınca baxır.
    S ə f u r ə x a l a. Allaha and olsun ki, mən Səfurə, bu çağacan Ədilə gözəlliyində, onu görüm yanmasın, qız xeylağı görməmişəm!.. Ağıl deyirsən, bunda! Həya deyirsən, bunda! Xanımın bu doxtur oğluynan da ki, Leyli-Məcnundular!
    F i r u z ə x a l a. Ağəz, bilmirsüz bəyəm ki, Xanım arvadda dəvə kini var?! Qoyar bəyəm ki, oğlu gedib Fatmanın qızını gəlin gətirsin evə? Yaduvuzda döyül, rəhmətlik Abuzər, Xanımın qərdeşi, bir vaxtlar Ədilənin anası Fatmaya aşiq idi. Fatma da Abuzəri bəyənmədi! Papaqçı Əbülfətə ərə getdi.
    S ə f u r ə x a l a. Qaragün Fatma, güya ki, bir ağ günə çıxıb, Abuzəri bəyənməyib, papaqçı Əbülfətə ərə gedib!
    F i r u z ə x a l a. Əbülfət qaragün də neyləsin?! Gecə-gündüz papaq tikib o qaragün qızları dolandırır də...
    M ə ş ə d i x a n ı m. Dedilər ki, ay Məcnun, ay başuva dönək sənün, bu Leyli qapqara kifirin biridi, nə görmüsən bunda ki, aşıq olmusan buna? Məcnun bilirsüz nə cavab verdi, ağəz?! Məcnun dedi ki, siz Leyliyə mənim gözümnən baxun... Abuzər boylu-buxunluydu. Allah Qocanın canını salamat eləsin, elə Qoca kimi şəkil bir oğlan idi. Ancaq Fatma qaragünün gözü Əbülfəti seçdi, Abuzəri seçmədi də... Çünki, bu qaragün başıküllü Fatma Əbülfətə baxdı Məcnunun gözüynən... Olan oldu, keçən keçdi də, ağəz, Xanım nə istəyir day bu biçarə uşaqdan?! Bax, mən ölü, siz diri, görərsüz, Xanımın oğlanlarına kim gəlsə, vay halına! Ağəz, Xanımda cəllad ürəyi var...
    S ə f u r ə x a l a. Vallah, Xanımdan ürəyi yumşaq adam yoxdu... Tanımırsuz siz onu...
    Səhnə qaranlıqlaşır. Işıq yalnız Ələkbərgilin evinə düşür.
    Ə l ə k b ə r. Xanım xalanın evində, divardan şəkil asılıb e, o Qocanın şəkli deyil...
    S o n a. Hə, Qocanın şəkli deyil, dayısının, Abuzər nakamın şəklidir.
    Ə l ə k b ə r. Bəs, Abuzərə nə oldu?
    S o n a. Yazıq vərəmlədi öldü... Allah rəhmət eləsin... Torpağı sanı yaşasın, Qoca çox oxşayır ona... Ələkbər.
    Ə l ə k b ə r. Hə.
    S o n a. Ələkbər, mən istəyirəm ki, sən də Qoca kimi oxuyan olasan... Bizim mələdə oxuyan bir Qocadı... Istəyirəm, Ələkbər, sən də elənçinə olasan, Ələkbər...
    Səhnə qaranlıqlaşır və işıq yalnız Balakərimin üzərinə düşür.
    B a l a k ə r i m. Bu, Romeo-Culyet əhvalatıdır. Onları da ataları, anaları qoymadı ki, birbirinə qismət olsunlar, ikisi də öldü. Sonra ataları da, anaları da peşman oldu əməllərindən... Nöşün ki, çox böyük səhv etmişdilər, amma, Ələkbər, sonrakı peşmançılıq fayda verməz...
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    Ə l ə k b ə r, B a l a k ə r i m, S o n a, Ə d i l ə, M ü ə l l i f, Q o c a, X a n ı m a r v a d.
    Məhəllə. Küçə. Axşam.
    Ə l ə k b ə r. Balakərim, ağ dəvədən danış.
    B a l a k ə r i m. Harda qaldıq?
    Ə l ə k b ə r. Yolçu yola çıxmışdı...
    B a l a k ə r i m. Deyirlər, qarğa üç yüz il yaşayır və qara qarğanın gözlərindəki kədər də həmin o üç yüz ilin kədəri idi. Yolçu əgər ağ dəvənin belindən düşüb öz gözlərinə baxa bilsəydi, həmin qara gözlərdə də o qara qarğanın gözlərinin dibinə çökmüş o kədəri görərdi. Amma belə bir iş yolçunun ağlına gəlmirdi. Son vaxtlar yolçu uzaq yola tək çıxmağı xoşlayırdı. Yolçuya elə gəlirdi ki, indiyə qədər ömrünü – uzun ömrünü o özü üçün yox, başqaları üçün yaşayıb. Yolçu fikirləşdi ki, Adəm öz Tanrısını eşitmədi, yoldan azdı və buna görə də Adəmi cənnətdən qovdular, Sərəndibə gəldi və Adəmin ayağının izi indiyə qədər Sərəndibdə qalır. Sərəndib bir cənnət-məkan yerdi, amma Adəmi cənnətdən ora qovdular. Adəm ataya cəza veridilər, yəni ki, Sərəndib bizim üçün, biz adi bəndələr üçün cənnətdir, amma əsl cənnətin yanında ora bir cəza yeridi. Dünyada gözə görünən və görünməyən hər şey də belənçinədir. Bu vaxt Yolçunun beynindən bir misra keçdi: Məni həsrət yaratdı...
    Işıq yavaş-yavaş sönür və o bir misranın əks-sədası eşidilir. Məni həsrət yaratdı...
    Işıq tamam sönür və birdən qaranlıqda Ələkbərin qışqırığı eşidilir.
    Ə l ə k b ə r. Ağ Dəvə keçir mələmizdən!
    Işıq yanır.
    Ağ Dəvə! Ağ Dəvə!
    Sona hövlnak evdən çıxıb Ələkbəri qucaqlayır.
    S o n a. Vallah, Balakərim bu uşağın başını xarab edəcək...
    Işıq yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Qədim bir filosof dünyanın ən müdrik və ən qəmgin sözlərindən birini deyib: «Hər şey keçib gedir... Biz həmin axşam Qocayla sirkə getdik. Mən ömrümdə bu boyda binada, bu qədər adamların arasında olmamışdım. Mən burda olmağımla fəxr edirdim, mən Qocayla fəxr edirdim. Qoca bizim məhəlləmizdə birinci adam idi ki, institutda oxuyurdu, həkim olacaqdı. Analarımız bizə öyüd, nəsihət verəndə, Qocanı misal gətirirdilər. Hətta Muxtar da məhəllədə ancaq Qocaya salam verirdi. Sirkdə tamaşanın başlanmasına az qalmış, mən Ədiləni bir qızla gördüm. Oturmamışdan əvvəl, Ədilənin gözləri yuxarı sıraları axtardı və bizi gördü. Qocanı görən kimi gözlərini çəkdi və onlar yerlərində əyləşdilər. Tez Ədiləni Qocaya göstərmək istədim, amma ehtiyac yox idi, Qoca da Ədiləni görmüşdü. Mən birdən-birə pərt oldum və başa düşdüm ki, Qoca mənə görə yox, Ədiləyə görə sirkə gə lib. Bayaqkı sevincdən, fərəhdən heç nə qalmadı. Tamaşa başlandı. Sonra fasilə oldu. Qoca mənə bir üçkünc məktub verdi ki, Ədiləyə aparım. Mən məktubu Ədiləyə verdim. Səhnə işıqlanır.
    Ə d i l ə (çantasından kiçik bir bağlama çıxarır). Ala, Ələkbər, sənin üçündür bunlar, götür,
    Ələkbər. Qoy ağzın şirin olsun. Heç olmasa, sənin ürəyin şad olsun, Ələkbər. (Çantadan bir məktub çıxarıb ürkə-ürkə ona uzadır.) Bunu da ona ver, Ələkbər. (Məktubu ona verir.)
    Işıq yenə yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Onda 1941-ci ilin yazı idi. Mən hələ payızda məktəbə gedəcəkdim. Amma özüm hərfləri çoxdan öyrənmişdim. Oxuya bilirdim. Qoca kağızın bir üzünü oxuyub, o biri üzünü çevirdi, mən də bütün diqqətimi toplayıb gözlərimin qabağında olan hissəni ürəyimdə höccələyə-höccələyə oxumağa başladım. «Sevimli məktub! Sənə göydə qanad çalan azad quşlardan da artıq bir xoşbəxtlik arzulayıram, əzizim. Bu arzudan sonra ürəyimin ən dərin guşəsində bəslədiyim, qızılgül ətirli salamımı sənə təqdim edirəm.
    Məktub, səni ad eylərəm,
    Poçta əmanət eylərəm.
    Gedib Qocaya çatmasan,
    Bil ki, qiyamət eylərəm...»
    Əlbəttə, mən çox istəyirdim ki, oradakı poçt sözünün əvəzində mənim adım olaydı. Çünki, Ədilə bu məktubu poçta yox, mənə əmanət eləmişdi. Bundan sonrasını oxumağa macal tapmadım, Qoca məktubu ehtiyatla qatlayıb döş cibinə qoydu. Sonra tamaşa qurtardı. Işıq səhnənin sol tərəfini işıqlandırır. Qoca, Ələkbər, bir az kənarda da Ədilə ilə rəfiqəsi dayanıb.
    Q o c a. Hə, necə idi? Xoşuna gəldi sirk?
    Ə l ə k b ə r. Hə.
    Q o c a. Səni tez-tez sirkə gətirəcəyəm. Biz səninlə dostuq, dilimiz bir, sirrimiz birdi də, hə?
    Ə l ə k b ə r (ruh yüksəkliyi ilə). Hə.
    Işıq səhnənin sağ küncündən sürətlə onlara tərəf gələn Xanım arvadın üzərinə düşür.
    X a n ı m a r v a d (qızların qarşısında dayanaraq Ədiləyə). Ay qız, indi də uşağı tovlayıb sirkə gətirirsən? Elə bilirsən, xəbər tutmayacaqdım mən?! Nə ifritəsən, ağəz, sən?! Hə də, əlbəttə, anası gəzən ağacları balası budaq-budaq gəzər də!.. Həyasız!.. Ədilə ağlaya-ağlaya qaçıb səhnədən çıxır.
    X a n ı m a r v a d (Qocaya). Gəl, gəl, düş qabağıma!
    Xanım arvadla başını aşağı sallamış Qoca irəlidə, Ələkbər də onların ardınca uzaqlaşırlar.
    Işıq yalnız Müəllifin üzərinə düşür.
    M ü ə l l i f. Həmin axşam, kimsəsiz, yad bir küçədə Qocayla Xanım xalanın ardınca addımlayırdım. Heç nə fikirləşmirdim. Elə bil, mənim üçün hər şey yox olmuşdu... Qoca özünü saxlaya bilməyib mənə tərəf baxdı. Mən isə ona baxmadım. Mən, əslində, Xanım xaladan yox, Qocadan incimişdim...
    Pauza.
    O ki, qaldı sirkə, Qoca ilə mən bir də heç vaxt sirkə getmədik...
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL


    M ü ə l l i f, S ə f u r ə x a l a, M ə ş ə d i x a n ı m, F i r u z ə x a l a, S o n a, X a n ı m a r v a d, Ş ö v k ə t. Ələkbərgilin evi. Günorta. Işıq, əvvəlki şəkildə olduğu kimi, yalnız Müəllifin üzərinə düşüb.
    M ü ə l l i f. Müharibə başlamazdan əvvəl, məhəllənin arvadları, hərə öz ununu, yağını, başqa azuqəsini götürüb, tez-tez bizim evə yığışardı. Ona görə bizim evə yığışardılar ki, atam çox zaman səfərdə olardı, məhəllə arvadları da bizdə rahat əyləşib düşbərə, qutab, xüsusən Novruz bayramı qabağı şəkərbura, paxlava, qoğal bişirə-bişirə söhbət edərdilər.
    Səhnə işıqlanır.
    S ə f u r ə x a l a. Eh, elə yerlər var dünyada ki, oralarda elə dağlar var ki, nə deyim... Eynulla deyir ki, o dağlarda buz kimi bulaqlar var, ağəz, bir parç götürüb içirsən, adamın bütün dərdinisərini aparır.
    M ə ş ə d i x a n ı m. Mənə lazımdı o bir parç su, çəkim başıma, bəlkə mən də, bir gün görüm. Var elə yerlər, əlbəttə var, nöşün yoxdu?..
    F i r u z ə x a l a. Hafiz deyir, Moskvada indi elə evlər tikirlər ki, day pilləkənləri piyada çıxmırsan. Minirsən maşına, qaldırır səni yuxarı, özü də, pulsuz e, ağəz...
    M ə ş ə d i x a n ı m. Eh, hər şey asılıdı onnan ki, harda səninçün yaxşı keçir. Harda yaxşı keçir səninçün, ora da yaxçı yerdi...
    S o n a. Eh... Ağakərim Rusetin şəhərlərinnən, kəndlərinnən elə şeylər danışır ki, vallah, mən lap məəttəl qalıram! Deyir ki...
    X a n ı m a r v a d. Ayıb döyül sizə? Nöş naşükürlük edirsüz? Nöş şaddığıvuza şıllaq atursuz? Nöş deyinirsüz, ağəz? Bura nöş bələnçinə pis olub sizinçün? Böyütmürsüz uşaqlarıvuzu? Yeməyə çörək tapmursuz, ağəz? Day nöş pis oldu buralar? Hə?..
    Pauza.
    S ə f u r ə x a l a. Allah yoldaş Stalinin canını sağ eləsin! Qurban olaq ona! Allah bizim ömrümüzdən kəsib, onun ömrünə calasun!..
    Kiçik pauza.
    X a n ı m a r v a d. Ağəz, mən Muxtaram səninçün?
    S ə f u r ə x a l a. Allah eləməsin!..
    X a n ı m a r v a d. Onda bəs nöş belə sözlər deyirsən? Mən bəgəm bunu deyirəm?
    S ə f u r ə x a l a. Allah eləməsin...
    X a n ı m a r v a d. Bəs bu nə sözlərdi deyirsən?
    S ə f u r ə x a l a (çiyinlərini çəkir). Mən nə bilim...
    M ə ş ə d i x a n ı m (hiss olunur ki, araya söz qatır). Vallah, Muxtar yaxçı adamdı, kim nə deyir, desin... Kubra qısırdı... Özü də o cürə xəstə, amma Muxtar atmır onu... Vallah Muxtarın yerinə kim olsa... Gedib özünə başqa bir arvad alar, oğul-uşaq sahibi olar... Nolar qulaqları balaca olanda?..
    X a n ı m a r v a d (çımxırır). Yaxçıdı, pisdi, özü bilər, bizə nə? Sizün Muxtarın qulaqlarında nə işivüz var, ağəz?
    Pauza.
    M ə ş ə d i x a n ı m. Elə ki, başa düşdün ki ya, boynunda uşaq var, gərək o saat gözüvü yumasan. Əgər oğlan istəyirsənsə, gərək gözləyəsən ay çıxsın, gözüvü açıb, birinci gərək aya baxasan, yox əgər ki, qız istəyirsən, onda gərək birinci günə baxasan.
    X a n ı m a r v a d. Bəlkə, qışdı, bəlkə gün heç bir həftə çıxmıyıcek, onda bəs necə olsun? Yaya qədər gözünü açmasın?
    M ə ş ə d i x a n ı m. Həri!
    X a n ı m a r v a d. Ağəz, vallah, sən get, ağluva dua yazdır. Yekə arvadsan, bu cür avam sözlər danışıb, nöş camaatın başını doldurursan?!
    F i r u z ə x a l a. Ələkbər, bala, bir stəkan su gətir içim.
    Ələkbər çaydandan stəkana su tökmək istəyir.
    S o n a (hövlnak). Tökmə çaynikdən, tökmə isti suyu yerə! Tökülər cinin üstünə, xataya düşərik.
    X a n ı m a r v a d. Ay aman, bunnar nöş bu günə düşüblər?.. Gör, necə sözlər danışır, uşağı da qorxudur...
    S o n a. Mən neyniyim, ay Xanım xala, camaat belə deyir də...
    X a n ı m a r v a d. Camaat bəlkə başını divara vuracaq, sən də gərək vurasan başuvu divara?!
    Pauza. Yaxçı, mən getdim. (Ayağa qalxır.) Uşaqlar indi qeyidiceklər çörək yeməyə. (Evdən çıxır.)
    M ə ş ə d i x a n ı m. Of-f-f!.. Ağəz, bu arvad döyül e, bir at arabası qurğuşundu! Ağəz, belə də ağır adam olar? Vallah, bilmirsən, bunun yanında nə danışasan?..
    F i r u z ə x a l a. Ağəz, sən bilmirsən ki, neçə gündü Muxtar Əbdüləlini tutdurub ki, nə var, nə var, nöş sənün maşunun mənim maşınımı keçdi. Hər gün də deyirlər ki, buraxaceyik Əbdüləlini, ancaq gör neçə gündü, buraxmırlar. Ağəz, bunun üstündə adam tutdurarlar? Yaxçı eləyib keçib sənün kimi oğraşın maşınını!
    M ə ş ə d i x a n ı m. Hə də...
    S ə f u r ə x a l a (onu yamsılayır). «Hə də...» Bəs indicə Xanım arvadın yanında tərifləmürdün o oğraşı?
    M ə ş ə d i x a n ı m. A-a-a... Yadımdan çıxmışdı... Vallah, bu Xanım arvadın elə bir zəhmi var ki, onun yanında hər şey yadımdan çıxır... Mən də gərək bu Şövkət kimi, onun yanında ağzıma su alıb oturum.
    Ş ö v k ə t (yanında oturmuş Ələkbərə göz vurub diqqətlə onun saçlarına baxır). A-a-a... Bunun başında ağ tük var ki!.. Bəxtəvər, böyüyəndə xoşbəxt olacaq.
    S o n a. Allah ağzundan eşitsin.
    Ş ö v k ə t. A-a-a!.. Özü də üç dənədi ağ tük! Üç dəfə arvad alacaq e, bu!..
    S ə f u r ə x a l a. Bəsdi... Uşağın yanında gül ağzuvu açmaginə.
    Ş ö v k ə t (bərkdən gülür). Ağəz, ay Sona, bu day adamı gözüylə yeyir. Bunu day biziynən hamama aparma.
    S o n a. Xanım xala yoxdu, başladun yenə?
    Ş ö v k ə t. Mən neyniyim?.. Mən başıbatmış şapalaqnan üz qızardıram də. Gərək elə burnumu sallıyım? Öz günümə ağlayım səhərdən axşamacan? Onda yaxşı olaram sizünçün mən? Hə? Belənçinədi?
    Maşın səsi eşidilir. Ələkbər o saat yerindən atılıb evdən çıxır.
    Ə l ə k b ə r. «Poluturkalar» gəldi!..
    İ ş ı q s ö n ü r.

ALTINCI ŞƏKİL


    X a n ı m a r v a d, M u x t a r, Ə l i a b b a s k i ş i, B a l a k ə r i m, M e y r a n q u l u, Ə z i z a ğ a ə m i, A ğ a h ü s e y n ə m i, A d i l, C ə b r a y ı l, Ə l ə k b ə r. Məhəllə. Günorta.
    Balakərim bir küncdə oturub köynəyinin yaxasından çıxartdığı tütəyin o tərəf-bu tərəfinə baxır. Xanım arvadla Muxtar pilləkənin yuxarısındakı artırmadadırlar.
    X a n ı m a r v a d (Muxtarın yaxasından yapışıb dartır). Düş aşağı, düş, düş deyirəm sənə!
    M u x t a r. Ay arvad, əlini çək! Burax! (Böyründəki qoburdan tapança çıxardır.) Burax, arvad!
    X a n ı m a r v a d. Arvad sənsən!
    M u x t a r. Əlini çək, dedim! Xanım arvad əlini çəkib onunla üzbəüz dayanır. Balakərim tütək çalmağa başlayır.
    Ə l i a b b a s k i ş i. Balakərim!
    B a l a k ə r i m. Bəli, dayday.
    Əliabbas k i ş i. Necəsən, Balakərim?
    B a l a k ə r i m. Yaxşıyam, dayday.
    Ə l i a b b a s k i ş i. Çalma, Balakərim, yeri döyül.
    B a l a k ə r i m. Oldu. (Tütəyi köynəyinin yaxasına soxur.)
    Adillə Cəbrayıl artırmaya çıxırlar. Cəbrayıl irəli getmək istəyir. Adil onun əlindən tutub saxlayır.
    M u x t a r. Sən sovet hökumətinə əl qaldırırsan?!
    X a n ı m a r v a d. Sənsən sovet hökuməti? Ala e!.. (Iki əli ilə Muxtarın başına kül ələyir.) Sən öləsən!
    M u x t a r (barmağı ilə hədələyir). Baxarsan! (Yuxarıdan aşağı) Siz də gördüz də! Bu arvad sovet hökumətinə əl qaldırdı! Gördüz ki?
    Pauza.
    Hə?
    Ə l i a b b a s k i ş i. Muxtar naçalnik... Vallah...
    M u x t a r (qəzəblə). Nə vallah? Görmədiz?
    Ə l i a b b a s k i ş i. Vallah, Muxtar naçalnik, biz indiyəcən elə bilirdik ki, sovet hökuməti əziz atamız, yoldaş Stalindi! Indi belə çıxır ki... Nə bilim, vallah...
    M u x t a r (dəhşətlə). Nə?
    Ə z i z a ğ a ə m i. Hə də...
    M e y r a n q u l u. Ancaq indi belə çıxır ki... (Aşağıdan yuxarı baxır.) Vallah, adamın dili də gəlmir deməyə... Belə çıxır ki, bu deyir ki, mən yoldaş Stalindən böyüyəm?
    A ğ a h ü s e y n ə m i. Həri də, belə çıxır... Pay atonan! (Əlini yuxarı qaldırıb Muxtarı göstərir.) Bu nə danışır, alə?!
    Ə z i z a ğ a ə m i. Vallah, adam heç qulaqlarına inanmaq istəmir...
    M u x t a r (tamam şaşırmış). Siz... siz... provakasiya...
    X a n ı m a r v a d. Sən də kişisən?! Tfu!
    Kiçik pauza.
    Sən öləsən, əgər bu gün uşağı buraxdurmasan a, gedib sənün böyüklərün var e, onları tapaceyəm. Gedib girəceyəm onların yanına. Sənün başuva bir turp əkdirəceyəm ki, anondan əmdiyün süd burnundan gəlsin. Yoxsa, elə bilirsən yalvaraciyəm sənə mən? Ay sən öləsən!
    M u x t a r (aşağı). Baxarsız! (Xanım arvada) Görərsən!
    X a n ı m a r v a d. Sən də görərsən! (Oğlanlarına) Əgər süz də buna bir söz desöz, buna əl vursoz, kişi döyülsüz. Mən ölməmişəm hələ. Sən də çal, Balakərim!
    Səhnə qaranlıqlaşır və yalnız tütək çala-çala danışan Balakərim görünür. Onun yanında oturmuş Ələkbər də diqqətlə qulaq asır.
    B a l a k ə r i m. Məni həsrət yaratdı... Bu bir misra yolçunun yorulub əldən düşmüş beyninə kiçik bir yüngüllük gətirməyə başladı... Yolçu özü bilmirdi ki, yatır, ya oyaqdır. Yolçu gözlərini açanda, o ağ buludlar adda-budda göyün üzünə dağılmışdı. Yolçu dodaqaltı duasını pıçıldayıb salavat çevirdi. Və ayağa qalxdı. Ətrafa baxdı və yerində donub qaldı. Ağ Dəvə yox idi. Ağ Dəvəni oğurlamışdılar. Ağ Dəvə özü qalxıb getmişdi. Yolçu o anda bilirsən nə fikirləşdi, Ələkbər?
    Ə l ə k b ə r. Nə?
    B a l a k ə r i m. Yolçu fikirləşdi ki, kaş mən də o Ağ Dəvə ilə bir yerdə bu dünyadan itəydim...
    Işıq sönür.

YEDDİNCİ ŞƏKİL


    X a n ı m a r v a d, M i l i s n ə f ə r i, Ş i n e l l i k i ş i.
    Bakı küçələrindən biri. Səhər tezdən. Böyük bir binanın qarşısında milis postu. Milis nəfəri soyuqdan üşüyə-üşüyə köşkün qarşısında gəzişir. Xanım arvad ora-bura baxa-baxa gəlib köşkün yanında dayanır.
    X a n ı m a r v a d. Salam-əleyküm.
    M i l i s n ə f ə r i. Əleykümə-salam.
    Kiçik pauza.
    Nə istəyirsən, bacı?
    X a n ı m a r v a d. Böyüyüvüz lazımdı mənə.
    M i l i s n ə f ə r i. Kim lazımdır?
    X a n ı m a r v a d. Böyüyüvüz.
    M i l i s n ə f ə r i. Sən bilirsən bura haradı?
    X a n ı m a r v a d. Bilməsəm, gəlmərəm.
    M i l i s n ə f ə r i. Burada hamı mənim üçün böyükdür də. Burada ən kiçik mənəm. Bildin?
    X a n ı m a r v a d. Bildim.
    M i l i s n ə f ə r i. Indi de görüm sənə nə lazımdır?
    X a n ı m a r v a d. Bu binadakıların hamısının böyüyü.
    M i l i s n ə f ə r i. Çağırıb səni?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Qohumunuzdu?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Tanıyır səni?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Sən tanıyırsan onu?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Onda bəs nə istəyirsən?
    X a n ı m a r v a d. Başa düşmədün nə istəyirəm? Bu binadakıların böyüyünü istəyirəm!
    M i l i s n ə f ə r i. Get, ay arvad, get. Bura sənin yerin deyil... Yazığın gəlsin özünə... Sətəlcəm olarsan... Get, işinlə məşğul ol!
    X a n ı m a r v a d. Sənə dəxli yoxdu. Sən get öz işünlə məşğul ol. Onun-bunun qabağında qapı aç!
    M i l i s n ə f ə r i. Nə pis arvadsan sən?!
    X a n ı m a r v a d. Özüm bilərəm! Mən pisəm, sən yaxçı ol!
    Pauza.
    M i l i s n ə f ə r i. Sən nə interesni arvadsan?
    X a n ı m a r v a d. Buraxacaqsan məni içəri, ya yox?
    M i l i s n ə f ə r i. Propuskun var?
    X a n ı m a r v a d. Nə?
    M i l i s n ə f ə r i. Kağızın var, deyirəm... icazən?
    X a n ı m a r v a d. Yox.
    M i l i s n ə f ə r i. Bəs onda nə istəyirsən?
    X a n ı m a r v a d. Buranın böyüyüynən işim var!
    M i l i s n ə f ə r i. Şipyon tutmusan?
    X a n ı m a r v a d. Nə?
    M i l i s n ə f ə r i. Heç nə. Doğrudan işin var sənin?
    X a n ı m a r v a d. Necə yəni doğrudan?! Oyun oynayıram burda səhərdən?
    M i l i s n ə f ə r i. Lap vacib işdi?
    X a n ı m a r v a d. Hə!
    M i l i s n ə f ə r i. Qoy gedim bir dejurnuya zəng edim...
    X a n ı m a r v a d. O kimdi elə?
    M i l i s n ə f ə r i. Dejurnudu də...
    X a n ı m a r v a d. Buranın böyüyüdü?
    M i l i s n ə f ə r i. Yox, ay bacı... Buranın böyüyünə mən zəng eləyə bilərəm? Dejurnu, dejurnudu də...
    X a n ı m a r v a d. Mənə buranın böyüyü lazımdı, ay kişi, başa düşmədin sən?
    Maşın səsi gəlir, sonra qapı açılıb-örtülür, sonra qaranlıq içindən şinelli bir kişi çıxıb onlara tərəf gəlir. Milis nəfəri dik dayanır. Şinelli kişi Xanım arvada baxıb binanın qapısına tərəf gedir və bir də geri çevrilib diqqətlə Xanım arvada baxır.
    İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL


    Ə l i a b b a s k i ş i, H ə l i m ə, M ə m m ə d b a ğ ı r, X a n ı m a r v a d, Ş i n e l l i k i ş i, o r q a n i ş ç i l ə r i.
    On üç il əvvəl. Əliabbas kişinin mənzili. Gecə. Eşikdə yağış yağır. Həlimə yorğan-döşəkdə uzanıb. Əliabbas kişi əsnəyə-əsnəyə stulda oturub. Məmmədbağır nöyüt lampasının işığında qəzet oxuyur. Xanım arvad Həlimənin yatağının kənarında əyləşib.
    X a n ı m a r v a d (ayağa qalxır). Yaxçı day, mən gedim.
    H ə l i m ə. Çox sağ ol, ay Xanım. Allah sənnən razı olsun. Qonşuluqdan əskik olmaginən! Mənim çox əziyyətimi çəkirsən sən.
    X a n ı m a r v a d. Əziyyət yoxdu, ancaq sən də xəstələnmə. Həlimə. Allah sənün oğlanlaruvun altısını da xoşbəxt eləsin!
    Ə l i a b b a s k i ş i. Illah amin!
    X a n ı m a r v a d. Siz də yatun.
    H ə l i m ə. Çox sağ ol.
    Ə l i a b b a s k i ş i (oğluna). Dur, bala, dur, get, sən də yat...
    M ə m m ə d b a ğ ı r. Qəzeti oxuyub, yatıram. (Pəncərəyə tərəf baxır.)
    Ə l i a b b a s k i ş i. Kor eliyirsən gözlərüvü, söndür işığı, get, yat. Çox oxudun, oldun Səttar Məsum, sonrası nə olsun?
    X a n ı m a r v a d. Elə demə, Əliabbas. Oxumayanda bəs kim olacaq?
    Ə l i a b b a s k i ş i. Sözdü, deyirəm də... Adamı yandırır axı... Görmədün, yazıq Mirzə Səttarın qəzəllərindəki güldə, bülbüldə şipyon axtarıb tapdılar? Alə, belə də müsibət olar, ay başuva dönüm?
    Məmmədbağır pəncərəyə tərəf boylanır.
    Sən nə tez-tez pəncərəyə boylanırsan?
    M ə m m ə d b a ğ ı r. Heç...
    X a n ı m a r v a d. Sağ olun. (Getmək istəyir.)
    Qapı bərkdən döyülür.
    Ə l i a b b a s k i ş i (həyəcanla). Gecə vaxtı bu kimdi belə?
    H ə l i m ə (həyəcanla). Xeyir olsun!..
    Ə l i a b b a s kişi. Kimdi?
    Səs.Aç, hökumət adamlarıdı.
    Ə l i a b b a s k i ş i. Hökumət adamları?
    H ə l i m ə. Ay Allah, sənə qurban olum!..
    Ə l i a b b a s k i ş i. Bu saat, bir dəqiqə... Gözlə... (Həliməyə) Dur, dur geyin!.. Cəld ol, geyin...
    H ə l i m ə (ayağa qalxıb yorğana bürünür). Tez aç! Sındıracaqlar qapını.
    Əliabbas kişi qapını açır. Şinelli kişi ilə iki orqan işçisi içəri girir.
    Ş i n e l l i k i ş i. Deməli, qapını hökumətin üzünə bağlayırsan?
    Ə l i a b b a s k i ş i. Niyə bağlayıram? Bağlamıram... Mənim hökumətdən gizli işim yoxdu...
    Ş i n e l l i k i ş i. A kişi, indi üzümüzə duracaqsan? Bağlı deyildi qapı?
    Ə l i a b b a s k i ş i. Gecə qapını bağlayarlar də...
    Ş i n e l l i k i ş i. Bəs niyə açmırdın?
    Ə l i a b b a s kişi. Gecənin yarısı... Arvad-uşaq yorğan-döşəkdə...
    Ş i n e l l i k i ş i. Deməli, arvad-uşağın qaydına qalırsan, amma hökumət adamlarını yağışın altında saxlayırsan, hə?! (Orqan işçilərinə) Bunun nəfəsi də düşmən nəfəsidir! Belələrini az görməmişik! (Xanım arvada baxır.) Bəs bu kimdi belə?
    Ə l i a b b a s k i ş i. Qonşumuzdu...
    H ə l i m ə. Xəstəyəm, məni yoluxmağa gəlib...
    Ş i n e l l i k i ş i (Xanım arvada). Dayan burda! (Əliabbas kişiyə) Qızılları gətir!
    Ə l i a b b a s k i ş i. Nəyi gətirim?
    Ş i n e l l i k i ş i. Qızılları!
    Ə l i a b b a s k i ş i. Hansı qızılları?
    Ş i n e l l i k i ş i. Nikolay qızıllarını! Kasıbları, yoxsulları soyub yığdığın qızılları!..
    Ə l i a b b a s k i ş i. Mən hamamçıyam... Soyğunçu deyiləm...
    Ş i n e l l i k i ş i. Deməli, soymurdun kasıbları?!
    Ə l i a b b a s k i ş i. Özüm-özümü soymayacağam ki! Kasıb elə mən özüməm də...
    Ş i n e l l i k i ş i (orqan işçilərinə). Belələri o qədər acgözdü ki, qızılları özbaşına gətirib hökumətə verməz! Belələri qızılı özlərindən də çox istəyirlər! Proletariat əziyyət çəkir, belələri isə qızılın üstündə oturub onların əməyindən bəhrələnir! (Əliabbas kişiyə) Sən öz xoşunla verməyəndə, elə bilirsən, tapa bilməyəcəyik? (Orqan işçilərinə) Axtarın!
    Orqan işçiləri evi axtarırlar.
    Ş i n e l l i k i ş i. Qızıl hardadır? Yorğan-döşəyi axtarın!
    Ə l i a b b a s k i ş i. Azərbaycanlı döyülsən sən?
    Ş i n e l l i k i ş i. Sənin kimi azərbaycanlı olub, ölkənin bu çətin vaxtında, yetim-yesirdən qızıl gizlətməkdənsə, qaraçı olmaq yaxşıdır! (Yorğan-döşəyə tərəf baxır.)
    H ə l i m ə. Gəlün... Gəlün... Başuvuza dönüm... Gəlün axtarın... Noolar?... Hərə öz işini görür də... Gəlün... Gəlün... Axtarun... Ancaq ciyəriyanmışlar kimdirsə, aldadıb sizi! Bizdə qızıl yoxdu!
    Ş i n e l l i k i ş i. Yorğanı yoxlayın!
    Orqan işçiləri yorğanı Həlimənin əynindən dartırlar. Əliabbas kişi onların üstünə yerimək istəyir. Həlimə onun qabağını kəsir.
    H ə l i m ə. Nolar, yoxluyun... Işivüzdü də... Ancaq Allah haqqı, alladıblar sizi, bu yorğanda da heç nə yoxdu...
    Ş i n e l l i k i ş i. Biz Allaha-zada inanmırıq, arvad!
    H ə l i m ə. Nəyə inanırsız, ona and içim... Bu yorğanda da, bizim evdə də qızıl yoxdu, ay qərdeş... Yalan deyiblər sizə!..
    Orqan işçiləri yorğanın üzünü çırır.
    Ş i n e l l i k i ş i (Məmmədbağıra). Hardadı bəs qızıllar? Səninləyəm! Hanı bəs?
    Pauza.
    Məmmədbağır gedib evin bir küncündə palazı kənara çəkir və döşəmədəki xəlvətxananın qapısını açır, əli ilə oranın içini göstərir.
    M ə m m ə d b a ğ ı r. Bude, burdadı...
    Ş i n e l l i k i ş i (Əliabbas kişiyə). Hə, qızıl yoxdu də, deyirdin?! (Barmağı ilə onu hədələyir.) Ay düşmən element! Sənin yerin Sibirdi, Sibir! Ora da göndərəcəyik səni. (Həliməyə) Səni də! (Xanım arvada) Səni də yoxlayacağıq, görək, kimsən, gecə vaxtı bu düşmənlərin evində neyləyirsən? (Orqan işçilərinə) Çıxardın qızılları ordan!
    Orqan işçisinin biri əyilib xəlvətxanadan bir boğça çıxarırlar. Şinelli kişi cəld boğçanı alıb açır. Boğçanın içindən kitab çıxır. Bu nədi belə?
    H ə l i m ə. Qurandı də, qurban olum sənə.
    Ş i n e l l i k i ş i (əsəbi). Quran? (Məmmədbağıra) Sənin verdiyin siqnalların hamısı belə zay çıxır! Bizi xalqın yanında biabır edirsən! Yaşadığın evdən də xəbərin yoxdur! Hanı bəs, deyirdin atam qızıl gizlədib? Hanı?

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.01.2014) | Müəllif: R.C E W
Baxış: 906 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more