Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-OTEL OTAĞI
OTEL OTAĞI
 
Oqtay Əfəndiyeva
Ağlayın aşinasız, səssiz can verənlərə
Otel odalarında, otel odalarında…
Fazil Nəcib Qısakürək


       Bakı Ali Məktəblərindən birinin müəllimi, filologiya elmləri namizədi Kərim Əsgəroğlu qəflətən ayıldısa da, hələ mürgünün bütün varlığını sıxıb-sıxcalayan məngənəsindən silkinib çıxa bilməmişdi və kip bağlanmış kipriklərini cəhdlə bir-birindən qoparıb gözlərini açanda qarşıdakı iki hündür kreslonun arasında uzun, qumral qadın saçlarını, qadının çiyninə əyilmiş doqquz-on yaşlı oğlanın başını gördü. Onların qarşısında da bir neçə cərgə cüt kürsülər, kürsülərin arasından ya kənarından qadın və kişi saçları, gicgahları, yanaqları, qulaqları, lap qabaqda, sükanın arxasında sürücünün daz peysəri, sürücünün qabağında iri, əynəmli şüşədən isə avtobusun təkərləri altında axıb gedən geniş, hamar yol görünürdü.
       - Bey efendi nə tercih ediyorsunuz, çaymı, kahvemi?
       Kərim başını sağa çevirib bu səsin sahibinə – xidməti paltar geymiş mavi kostyumlu, ağ bluzlu gənc qıza – avtobus stüardessasına baxdı. Sual Kərimə yox, onun kürsü qonşusuna, «Sabah» qəzetini oxuyan dama-dama pencəkli, eynəkli kişiyə verilmişdi.
       - Lütfən çay.
       Stüardessa Kərimin oyandığını görüb ona da müraciət etdi:
       - Çaymı, kahvemi?
       Kərim:
       - Kahve – dedi və əlavə etdi: - Orta.
       O, artıq bilirdi ki, Türkiyədə qəhvə sifariş verəndə hökmən çox şəkərlimi, az şəkərlimi, ya ortamı olduğunu da müəyyənləşdirmək lazımdır.
       Stüardessa:
       - Tamam – dedi və fincanlara çay və qəhvə süzərək hər iki sərnişinin qarşısındakı taxma kiçik masaların üstünə qoydu.
       Kərim hələ tam ayılmamışdı. Bədəninin vərdiş etmədiyi bu yarımoturaq-yarımuzanıq yatmanın fiziki narahatlığı canından çıxmasa da, onun məkansızlıq və zamansızlıq xumarından ayrılmaq istəmirdi. Handan-hana harada olduğunu dərk etməyə başladı. Sanki dərk etdiyini də bir daha təstiqləmək üçün stüardessaya:
       —Xanım əfəndi, — deyə müraciət etdi. Hər suala, hər xahişə məlahətli bir təbəssümlə qarşılıq verən bu «gəlbərili» qızla danışmağın özü Kərimə xoş idi -  İstanbula çoxmu qalıb?
       -Dörd bujuq saat – dedi qız və gülümsündü.
       Kərim gözlərini ovuşdurdu, axır ki, bataqlıq kimi onu içinə çəkən mürgünün cəngindən qurtuldu, qəhvəsindən bir qurtum alıb irəli, sürücünün daz peysərinin sağından və solundan axan yola baxmağa başladı.
       Dan sökülürdü. May gününün səhər erkənliyi ətrafı qızılı-çəhrayı rəngə boyamaqdaydı. Amma qarşıdan gələn avtobuslar, minik, yük maşınları hələ qabaq işıqlarını söndürməmişdilər. Kərimin yadına düşdü ki, çox illər bundan qabaq Azərbaycan yollarında belə səhər üzü söndürülməmiş faralarla şütüyən maşınlar ona gecəni yuxusun keçirmiş adamları xatırlamışdı. «Səhəri diri gözlə açdım» ifadəsi yadına düşdü. «Hər halda bu ifadə mənə aid deyil» - deyə öz içində gülümsündü – elə mışıl-mışıl yatmışdım ki… Görəsən, xoruldamamışam ki… biabır olardıq… oğrun-oğrun qonşusuna baxdı. Qaliba heç bir qonşusunun umurunda deyildi. «Bir həftədir burdayam, artıq mən də Türkiyə türkcəsində düşünürəm. Umurunda deyildi, yəni vecinə deyildi».
       Doğrudan da, eynəkli qonşusu «Sabah»ın idman səhifəsinə elə qapılmışdı ki, çayını belə içmirdi.
       Kərim qəhvəsini içib fincanı üzündən təbəssüm silinməyən stüardessaya uzatdı, stüardessa isə ona kiçik zərf verdi. Kərim zərfi cırdı, odekolon hopdurulmuş yaş kağız salfeti çıxardı, ağzını, üzünü sildi və burnunun çalan qoxuyla ürəyinin sancması eyni anda oldu. Son iki-üç ildə ürəyinin vaxtaşırı qəfil sancmalarına artıq adət eləmişdi, amma bu odekolon qoxusu onda qəribə bir hiss oyatdı: sanki çox-çox uzaqlarda qalmış bir xatirə ani işıq kimi yaddaşında yandı söndü və bu qığılcım o qədər qısa oldu ki, hafizəsində hansı mənzərənin canlandığını tuta bilmədi. Köksünü yüngülvari masaj eləməyə başladı, elə bil hələ də sancan ürəyini tumarlayırdı və guya bu tumardan, bu sığaldan ağrı azala bilərdi. Bu da azacıq mexaniki bir vərdiş olmuşdu: Kərim bilirdi ki, pencəyinin döş cibində saxladığı dərmanlardan bir həb atmasa, ürəyi toxdamayacaq. Amma həb atmağa ehtiyac qalmadı, çünki ürəyi qəfil sancdığı kimi, qəfil də sakitləşdi, eşidilməz, aramlı, sakit döyüntüləri ilə həmişəki var-gəlini davam etdirdi. Yüngülvari nigaranlıq hissi Kərimi sakit buraxırdı və bunun səbəbi odekolonlu salfetdən burnunu çalan qoxu idi. Daha düzü, bu qoxunun oyatdığı, fəqət Kərimin aydınlaşdırıb xatırlaya bilmədiyi anımlar.
       Kürsü qonşusu axır ki, «Sabah»ı oxuyub qurtardı, qəzeti büküb çantasına qoydu və üzünü Kərimə tutub:
       -İstambulda oturuyormusunuz? – deyə xəbər aldı.
       Kərim:
       -Xeyir, - dedi – Türkiyədə müsafirəm. Azərbaycandanam, Bakıda oluram.
       -Oylemi?
       1993-cü ilin may ayında Ankarada keçirdiyi bu dörd gün ərzində belə söhbətlərin hansı məcrada davam edəcəyini Kərim artıq yaxşı bilirdi: «Azərbaycanın durumu şimdi nasıl? Azerbaycan olaylarına çox üzüldüm. Laçını, Şuşanı nasıl verdiniz, neden direnmediniz? Şu Karabak sorumunun bir çözümü yokmu?» və sairə bu səpgidə soruları gözləyirdi. Çoxuna cavabı olmadığı üçün bütün izahlardan, dəlillərdən, bəraətlərdən bıkıb-usandığı, bezdiyi üçün və bu sualların qarşısını almaq məqsədilə özü danışmağa başladı:
       -Ankaraya bir elmi konqreyə qatılmaq üçün gəldim. Məruzəm, yəni konfransım vardı. İndi də bir günlük İstanbula gedirəm. Yarın Ankaraya, ordan da Bakıya dönəcəm, - sözlərinə ara verib istəmədiyi sorularla qarşılaşmamaqdan ötrü özü sual verdi:
       -Siz İstanbulda olursunuz?
       -Evet. Ankaraya tatilə getmişdim. Kız kardeşim orda oturuyor. 
       -Nerede çalışırsınız? – deyə yeni bir sual verdi və qəribədir ki, qonşusu ağzını açmamış sanki artıq cavabı duymuşdu: qonşusunun dama-dama pencəyinin dirsəkləri, ancaq dirsəkləri, bir də yaxalığı mixəyi meşinlə yamanmışdı - bu sayaq pencəkləri Kərim elə düşünürdü – yalnız məmurlar geyinir – müsahiblər, notariuslar, iş gününün çoxunu masa arxasında keçirən və masa ilə təmasdan dirsəkləri süzülən, çirklənən adamlar. Zənnində yanılmayıbmış.
       Qonşusu:
       -Noter məmuruyum, - dedi – əməkli1 olmağıma bir yıl kaldı.
       Kərim daha hansı sualı verəcəyini düşünərkən notarial məmuru?
       -Efendim, bir şeylər söylemek zorundayım, — dedi — kusura bakmayın. Azeri kardeşlərimiz nasıl olur da kentlerini ermənilərə burakıyorlar. Laçını, Şuşayı. Beni dedelerim de Kafkazlardan geldi, Ahıskadan. Bu olaylar çok üzür beni. Nasıl olur da Bosnada halk son damla qanına kadar savaşıyor, torpaqlarını savunuyor.2 Yahud bizim Güney Doğuda türk gencleri canlarından keçir. Ben kürtleri desteklemem, bölücüdürlər, dışarıdan türk düşmanları kışkırtıyor onları, ama hər halda, onlar da savaşıyor, kanm döküyorlar inacları yolunda, yanlış inanc olsa belə ölümə gediyorlar. Azerilər isə savaşmadan, kan dökmeden kentlerini, kasabalarını düşmana burakıyorlar. Bu utanc doğurucu, yüz kızardıcı bir olay deyilmidir, efendim?
       İlahi, neçənci dəfə eyni mövzunu izah etmək, çözələmək lazım gəlir.
       -Bakıya gəldinizmi heç?
       -Hayır, nə yazıq ki gələmədim.
       -Bir gəlin, Şəhidlər xiyabanına aparım sizi. «O vaxt utancı bu sözləriniz üçün Siz duyarsınız» - demək istədi, amma heç tanış olmadığı bu adama ilk söhbətdəcə kobudluq etmək istəmədi, odur ki, ifadəsini yumşaltdı «Orda torpaq uğrunda şəhid olanların yüzlərcə mezarını gördükdə azeri qardaşlarınız üçün utanc duymazsınız».
       Məmurun kürən pırpız qaşlarını, göy gözlərini, yanağındakı iri tüklü xalı sanki ilk dəfə gördü və nədənsə qonşusunu fikrindən daşındırmaq üçün daha ətraflı dəlillər gətirməyə başladı. Uzun-uzadı danışmağa başladı: bu davanın tək bir Qarabağ davası, hətta Ermənistan-Azərbaycan arasında müharibə olmadığından, böyük dövlətlərin gizli əli, açıq maraqlarından danışdı. Savaş döyüş meydlanlarındlan başqa çox uzaq məkanlarda cərəyan edir – dedi – böyük dövlətlərin paytaxtlarında, uluslarası şirkətlərin, mötəbər bankların, silah, neft, narkotik alverçilərin maraqlarının toqquşduqları yerlərdə. Dünya mass-mediyasında, Moskvanın, Vaşinqtonun, Parisin hökumət kabinetlərində, hakimiyyət dəhlizlərində, erməni lobbisinin nüfuzundan, pulundan, sərvətindən, əlaqələrindən, din amilindən — bir sözlə, bütün bu günlərdə dönə-dönə danışdıqlarını bir daha – neçənci dəfə idi – danışdı.
       -Mənim qənəatimə görə, hətta Türkiyə kimi dost və qardaş ölkədə erməni lobbisi Azəri lobbisindən güclüdür, – dedi.
       Qonşusu səbirlə dinləyirdi. Kərim sözünü bitirəndə: 
       -Ola bilir, - dedi. Kuşkusuz haqlısınız. Amma bana görə, hər halda Azərbaycanda koltuq savaşı da bu olaylara bir nedendir.
       Avtobus şosedən sağa burulub üstündə iri mavi neon hərflərlə «Varan» yazılmış dayanacağa yan aldı. Kərim bilirdi ki, şəhərlər arasında gedib-gələn avtobus şirkətlərinin «Varan»ın, «Kamil Koçun», «Ulusoy»un yollarda öz duraqları – dayanacaqları var və Ankara-İstanbul yolunda avtobus yalnız bir dəfə dayanır, deməli, məsafənin yarısını qət ediblər.
       Stüardessa:
       -Lütfen, ine biliyorsunuz, - dedi – Bucuq saatdan sonra İstanbula hereket edeceyiz.
       Avtolbusdan enən Kərim sübh ala-toranlığının ayazında azacıq üşüyən kimi oldu, şirin-şirin gərnəşdi və yol boyu kürsüdə üyüşmüş bədəninin, keyləşmiş ayaqlarının yavaş-yavaş canlandığını hiss etdi – damarlarındakı qan cərəyanı daha iti dövr etməyə başlayırdı.
       -Sabah namazı kılmak istemirdiniz? – pırpız qaşlı qonşusuydu – şurada küçük bir came var – yolçular için.
       Kərim:
       -Təşəkkür edirəm, - dedi.
       Məmur çiyinlərini çəkdi və avtobus sərnişinlərindən bir neçə kişiylə bərabər kiçik yol məscidinə tərəf addımladı. Hamısı müasir sivil paltarlı və qalstuklu kişilər idi. Və Kərim düşündü ki, əski sovet adamının o özü də müasir, müstəqil Azərbaycanın vətəndaşı olsa belə, şübhəsiz əski sovet adamıydı-qəribə psixologiyası var. Keçib getmiş sovet dövründə Kərim və Kərim kimi düşünən bütöv bir nəsil «kommunizm», «proletar beynəlmiləlçiliyi», «imperializm» kimi sözləri, təirləri ancaq ironiyayla, rişxəndlə, daxilən gülə-gülə, ələ sala-sala dillərinə gətirərdilər, yəni bu istilahların haçansa bir reallığı ifadə etdiklərinə inana bilmirdilər, onları sırf təbliğat leksikası kimi qavrayırdılar. İndi budur, bu ölkədə sidq ürəklə səhər namazına gedən bu ziyalıların inamını da ciddi qəbul edə bilmirdi: yəni bəlkə də doğrudan da etiqadları var, amma sübhün bu çağında yarım saatlıq bir dayanacaqda dini ritualın icra edilməsi – Kərimə bir növ üzəgörəlik, zahiri görüntü, nümayiş təsiri bağışlayırdı.
       «Bədbəxt sovet insanı – öz-özünü qınadı – heç nəyə inam qalmayıb, nə sosializmə, nə dinə, nə allaha, nə şeytana… Amma axı milyonlarla insan ya ona, ya buna inanır. Ya da başqa bir şeyə- hər halda nəyəsə, ya kiməsə inanır».
       «Mən də allah inanıram, - deyə özü-özünə cavab verdi. – Amma inam intim, şəxsi bir hissdir, gizli, pünhan qalacaq bir duyğudur, onu belə zahiri rituallarla nümayiş etdirməyə nə hacət var? Nə verir bu? O böyük, əlçatmaz varlığın - «yücə tanrının» - belə zahiri göstərmələrə ehtiyacı varmı?».
       Anasının sözləri yadına düşdü: «ürəyinizi allahla düz eləyin». Doğrudan da belədir. Əgər ürəyin allahla düzdürsə, allah adamısansa, namazın, orucun, duanın Allahın gözündə güman ki, bir elə əhəmiyyəti yoxdur. Türklər demiş önəmli deyil. Məscidə, namaz qılmağa getməməsindən peşmançılıq çəkmirdi. Heç gedə də bilməzdi; Namaz qılmağı bacarmırdı – bu da vardı. «Bu da sovet həyət tərzinin, tərbiyəsinin bir əlamətidir – nə deyirsən de»
       —Karsdanmısınız, efendim?
       Qulağının dibində eşitdiyi bu sualı avtobusun sürücüsü vermişdi. Yoğun rezin borularla avtobusun qabaq şüşəsini sulayır, yuyurdu.
       —Xeyr. Azəri türküyəm. Bakıdanam.
       Sürücü əlindəki şlanqı kənara atdı.
       —Hoş bulduq. Azeri kardeş, - dedi – Azerbaycan bizim canımız. Söyləyə bilermisiniz neredə Azeri ordusuna könüllü yazılmaq olur? Ben də, iki kardeşim də Azerbaycana gedib şu erməni heriflərin dersini vermək isteriz.
       Sürücünün açıq ala gözlərində, baxışlarında bir saflıq, səmimilik vardı, amma bu həftə ərzində müxtəlif variantlarda eşitdiyi bu sözlər Kərimə tənə kimi göründü və başını bulayıb cavab vermədi, birmərtəbəli, şüşə divarın dayanacaq binasına tərəf getdi. Əl-üzünü yumaq üçün tualetə girdi. Divarların döşəməsi ağ kafellə süslənmiş tualet, gur su gələn nikel borulu əl-üz yuyanlar tər-təmiz idi. Yeməkxana, dükan da eləcə səliqəli, sahmanlıydı, silib-süpürülmüşdü, hər yan par-par parıldayırdı. 
       Kərim bu başdan o başa gəzdiyi Azərbaycanın yol kənarındakı yeməkxanalarını xatırladı. Marşrutlu avtobusların çöllübiyabanda, yel vurub yengələr oynayan artırmalar yanında dayandıqları dəqiqələri, üz-gözünü tük basmış, qara ləkəli şalvarının ətəklərini kirli corablarının içinə qalife sayağı salmış, bağları açıq çəkmələri alınandan bəri silinməmiş avtobus sürücüsünün xırıltılı səsi gəldi qulaqlarına: on beş dağğa. Kim geciksə, özündən küssün, gözləyib eləyən döyülük.
       Divarlarının suvağı tökülmüş yeməkxana, sınıq-salxaq masalarının üstündə rəngləri çoxdan solmuş çiriş klyonkalar – dirsəyini qoysan dirsəyin yapışacaq çapma tutqun istəkanlar, çatdaq boşqablar, əyiş-üyüş alüminium çəngəl-qaşıq, açıq qəndqabıların içindəki şəkərlərə qonmuş iri yaşılımtıl çibinlər (çibinlərin əsas qoşunu ç öldə, manqalın yanında, qan-qırmızı ləkəli taxtanın üstündə dəhrəylə çapılan, doğranan çiy ətə qonmuşdu). Diş batmayan əti cəhənglərdə çeynənən kababların ağızdan çıxarılıb elə buradaca, yeməkxana yanında, yulğunların içinə atılan sümükləri və bu sümüklərə cuman, onları eşələyən ac, yava yeməkxana itləri. Azacıq məsafədə aralı taxtalarla ancaq üç tərəfi tutulmuş ayaqyolu, ayaqyolunun adamın burnunu əlli addımlıqdan çalan üfunəti…
       Burdan gündə minlərcə minik maşını ötüb keçir, burda dayanırlar, sərnişinləri rahatlanır, qəlyanıltı edirlər – niyə bəs bir dənə də milçək yoxdur, ac itlər yoxdur, hər tərəf güzgü kimi par-par parıldayır. Bizim də haçansa belə rahat, kürsüləri pərqu döşək kimi yumşaq, resorları adamı beşik kimi yırğalayan avtobuslarımız, belə hamar yollarımız, yol boyunca belə tər-təmiz, səliqəli yeməkxanalarımız olacaqmı?
       Kərim piştaxtaya yanaşdı, şüşə vitrinlərin ardında çeşid-çeşid, görünüşündən, səliqəsindən ləzzəti bilinən yeməklər, məzələr, meyvələr, şirələr, sular, iştah gətirən, pambıq kimi yumşaq çörəklər düzülmüşdü. Məruzəsiyçün 500 min lirə vermişdilər. Bu pula avtobusa bilet almışdı. İstanbulda bir gün yaşamalı, sonra Ankaraya qayıtmalıydı. 10-15 min lirəni səhər yeməyinə xərcləyə bilərdi.
       Sədyarın fikri necə də dəyişdi birdən-birə. Daha doğrusu birdən-birə yox. Səbəbi aydındı. Sədyar iki nəfərdən – Kərimdən və Sədyarın özündən ibarət nümayəndə heyətinin rəhbəri sayılırdı və əvvəl heç cür istəmirdi ki, Kərim İstanbula getsin. Sonra isə az qala təkid etdi: mütləq getməlisən.
       «Qəziyyə məlum!» Sədyarı xatırlayarkən Kərim ayağının narahatlığını da hiss elədi. Çəkmələri sıxırdı. Ayağını sıxan bu nisbətən təzə çəkmələr Sədyarın çəkmələri idi. Sədyar iki (ya bəlkə daha da artıq – Kərim bilmirdi) cüt çəkməylə çıxmışdı səfərə və elə birinci gün Kərimin köhnə ayaqqabılarına baxıb:
       —Ə, yekə kişisən, bu nə çəkmələrdir belə, - dedi. – Al mənimkiləri gey.
       Kərim əvvəl nəm-nüm elədi, amma təzə ayaqqabı almağa imkanı yoxdu, öz çəkmələri isə doğrudan da çox nimdaş idi, hay-hayı gedib, vay-vayı qalmışdı, bu şəkildə adam içinə, məclisə çıxmaq ayıbdı. Sədyar:
       —Sabah məruzən var, al bunları gey – demişdi – Bakıda qaytararsan və Kərimin «ziyalı vasvasılığına» birdəfəlik son qoymaq üçün dostunun köhnə ayaqqabılarını – Kərim duş qəbul edərkən – otelin 12-ci mərtəbəsindən həyətə vızıldatmışdı. Kərim bilmədi hirslənsin, küsüb-incisin ya təşəkkür  eləsin, razılıq etsin, hər nəysə axır geydi bu çəkmələri – yarım ölçü kiçik idi ayaqlarına, yavaş-yavaş açılırdı, rahatlanırdı, amma indi yenə sıxmağa başlamışdı – yəqin avtobusda ayaqları hərəkətsizlikdən bir az şişmişdi.
       Türkiyədə bu günlər sevdiyi yemək böyrək idi – kiçik xəmir lüləsi içində ət, həm də ucuz. Bir böyrək, bir stəkan ayran, çörək götürüb padnosa qoydu, kassaya yanaşdı, on iki min lirə verib masanın ardına keçdi. Yaman acıbmış, böyrəyi ləzzətlə yedi, stəkanı qaldırıb ayrandan bir qurtum aldı və dərhal ürəyinin eynən bayaqkı kimi sancdığını hiss elədi. Qəfilcən yaddaşının ən dərin dərinliklərindən qalxan anımlar – dad, qoxu, xəyali mənzərələrin anımları qarmaq kimi bir-birinə ilişdi və xatirələr balıq dolu tor təkin dartılıb üzə çıxdı… Ayran dadı… Bu eynən əlli il bundan qabaq uşaqlıqda Laçının İstisuyunda içdiyi ayranın dadı idi. Ayran dadı süzmə dadını da yada saldı. İstisuda gecə muxuruların çölündə yan çubuğuyla kədə çubuğunun (sevindi ki, kədə çubuğunun belə adlanmasını da yaddan çıxarmayıb) arasında ip çəkilmişdi, ipdən paltarlar, bir də balaca ağ torba asılmışdı. Torbadan dümağ su damırdı. Səhər torbadan çıxarıb süzmə yeyirdilər və o uşaq illərinin süzməsi bugünkü ayranın təmində idi. Damağında qalmış dadla bərabər burun yaddaşına ömrün o uzaq tayında qalmış qoxular – kəkotunun, kömürlü samovarın, çırtaçırtla yanan arçan odunun qoxuları da qayıtdı və başa düşdü ki, bayaqkı adekolonlu salfet də qəribə, dolayı bir yolla – gen kölgəli cökə ağacının ətrini qaytarıbmış ona. Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı.
       Müharibə təzə qurtarmışdı, atası tərxis olunmuşdu, amma hələ Ukraynadan qayıdıb gəlməmişdi. Anası yayda balaca Kərimin doğulduğu şəhərə – Şuşaya, xalası Səmayəgilə gətirmişdi.Kərimin lap körpə yaşlarından böyrək xəstəliyi vardı və anasına onu Laçının İstisuyuna aparmağı məsləhət elədilər.
       At arabasıyla getdilər – Səmayənən əri Mürsəl (arabanı o sürürdü) anası, bir də balaca Kərim. Arabanın içini yorğan-döşəkli mafraşla doldurmuşdular və Kərimin ağrıları şiddətlənəndə başının altına yastıq qoyub uzandırırdılar. Ağrı keçən kimi başını qaldırır, dolama yollardan ətrafa boylanırdı.
       Ətraf su səltənətiydi – bir-birindən şirin bulaqlar, bir-birindən soyuq, buz kimi dupduru bulaqlar. Mürsəl dayı ilə mərc kəsmişdi, amma Ayğır bulağında əlini yarım dəqiqədən artıq suyun içində saxlaya bilmədi – barmaqları donurdu, hərçənd ki, avqust ayı idi, quyruq doğmamışdı hələ. Yamaclardan saçaq-saçaq şəlalələr sallanırdı, qurumuş suların ağ şırımları görünürdü, torpağın təkindən fəvvarələr fışqırıb qalxırdı. Dağ dolaylarından dolama-dolama burulan torpaq araba yolundan aşağı baxanda dərənin dibindən Sabux çayı görünürdü. Ətrafdakı meşələrin boyaları çökmüşdü çaya – zümrüd rəngindəydi. Sabux çayı ləpələriylə pıçıldaşa-pıçıldaşa axırdı və Mürsəl dayı deyirdi ki, Sabux elə bil tələsir ki, sözünü, sirrini Həkəri çayına çatdırsın.
       İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi və bu su mütləq balaca Kərimi sağaldacaqdı. Mürsəl kişi? – İstəyirsən mərc çəkək - dedi. Mərc çəkməyi yaman xoşlayırdı. – Anayın saatına bax, düz əqrəb əqrəbin üstünə gələndə o ortadakı quyudan su fontan vuracaq. Doğrudan da, su saatda bir dəfə üç-beş dəqiqəlik püskürür, sonra yenə yatırdı. Mürsəl kişi təbiətin dilini bilirdi. Bulud gələndə və anasıgil muxuruda gizlənmək istəyəndə Mürsəl : - Asi olmayın, - deyirdi – yağış yağmayacaq, qısır buluddur. 
       «Asi» niyə deyirdi görəsən? Axı «asi» sözünün ayrı mənası vardı – Kərim sonralar bildi.Amma Mürsəl dayının sözləri də indiki kimi kimi yadındadır: - «Asi olmayın», yəni narahat olmayın, muxuruya girməyin, qısır buluddur, yağmayacaq.
       Mürsəl dayı, o eyvandakı dirəyin yuxarısından niyə qırmızı lent bağlamısan? – Qırmızı bağlamışam, ağrın alım, ki qaranquş orda yuva qurmasın. Dirəyə qırmızı bağlayanda qaranquş yuva bağlamaz.
       Mürsəl dayının irsiyyət nəzəriyyəsi də çox maraqlı idi – Flankəs topal idi, odur ki, keçisinin balası da ağsaq oldu, - deyirdi.
       Səmayə xala da hansı otun, çiçəyin nəyə dərman olduğunu bilirdi, itburnuyla müalicə edirdi balaca Kərimi, əzgil zoğunu qaynadıb qarın ağrısını kəsirdi.
       Xatirələr oyandıqca zirənin dadı düşdü Kərimin yadına, bir az xaşxaş dadırdı. Bir də Səmayə xalanın qızartdığı zoğal soğançasının, asdığı qırxbuğum plovunun dadı düşdü damağına. Bu plov da bir azca anasının bişirdiyi əvəlik çilovunun dadını xatırladırdı, amma əvəlik çilovunun düyüsü tünd boz olurdu, qırbuğum plovunun düyülərisə ağappaq, dipdiri, bircə-bircə idi.
       Mürsəl dayı balaca Kərimi yamanca aparıb gəzdirərdi.
       «Görürsən, bu lilpərdir, həmişə təmiz su qırağında bitər, görürsən, nə iri yarpaqları var, bu da şehdərəndir, yayın ən isti günündə də ləçəyində şeh qalır. Bu sarı ləçəkli zanbaqdır, bu sarı çiçəkli qantəpərdir, bu keçiqulağıdır, bu da quzuqulağı, bu çobanyastığı, bu oymadərən, bu dəliboy, bu pərpətöyün, bu cincilimdir, dəmirov otu – dərmandır, bunu Səmayə xalan yaxşı bilir, bu doydabanıdır, dəvədabanı da deyərlər, bunlar heç - pıtırğandır, dağdağandır. Bax, bunu qopart, al, dişlərini sil, məxmər kimi tiftikli gümüşü ləçəyi qoparıb Kərimə uzadırdı - sil dişlərini, qorxma. Bax, bu qaratikandır, ləçəklərindan arılar bal yığır. Bu arıların balı da şirin olur. Eşidirsən, kəkliklərdir, görürsən, necə qaqqıldaşırlar. Ehtiyatlı ol, gicitkan ayaqlarını dalamasın.Bu, əbrişimdir, bu qovaq, bu qarağac, bu da vələs – bizim tərəflərdə ulas deyirlər. Palıdın kökləri, rişələri on-on beş il torpağın dibinə gedir, sonra boy atır, beş yüz il, min il, ondan da artıq yaşayır».
       «Ağacların sultanı - cökədir - həm kölgəsi meydan, həm altından yaxşı su çıxar, həm də bayaq dedim, arı ondan yaxşı şirə çəkir. Jökənin suyundan, kölgəsindən olmaz».
       Bir də ətrindən, Mürsəl dayı, Allah sənə rəhmət eləsin. Jökənin ətri, Mürsəl dayı, əlli il sonra burda, Ankara-İstanbul şosesinin ortasında gəlib haqladı məni, yaddaşıma bir yığın xatirə qaladı. Neçə ildir rəhmətə getmisən, Mürsəl dayı, Səmayə xala da səndən sonra çox qalmadı, bir bileydiniz nələr oldu, nələr gəldi başımıza.
       Sonralar yaşlı vaxtlarında da Kərim bir neçə dəfə Laçın tərəflərə getdi, Sarıbaba dağlarına, Qırxqız yaylaqlarına, Qaragölə qalxdı: indi buraların yer adları sanki kimsə qulağına bircə-bircə pıçıldayırmış kimi yaddaşında səslənirdi: Yağlı bulaq, Qızılqaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq.
       İndi bütün bu yerlər ermənilərin əlində idi.
       Saatına baxdı. Avtobusun yola çıxmasına on dəqiqə qalırdı. Akvarium - yeməkxanadan çölə çıxdı, gəzinməyə başladı. Hava lap işıqlaşmışdı. Namaz qılanlar yeməkxananın masaları ətrafında oturmuşdular.
       Kərim yeməkxanadan sağa tərəf getdi, dayanacaqla məscid arasındakı boş yerə addımladı. Aşağıya baxdı, sıx ağaclıqların arasından dərənin dibi, ordan axan çay görünüb itirdi. Görünüb itirdi, çünki dərənin lap dibindən bura şosse yolu salınmış dikdirə tərəf didim-didim dümağ duman qalxırdı. Duman bəzi yerlərdə kip döşənmişdi dərəyə – keçə kimi, xalı kimi. Bəzi yerdə topa-topaydı, ağır-ağır uçurdu, bəzi yerdəysə tüstü kimi burula-burula qalxırdı. Çox yerdə didim-didimdir. Elə bil nəhəng bir yun çubuğuyla çırpmışdılar onu və didiklərin arasından sıx ormanlıq, ağaclar qərib-qərib, yetim-yetim boylanırdı.
       Kərim əlini yaxındakı ağacın budağına, yarpaqlarına çəkdi, nəmdilər, amma səhərin şehi deyildi bu, çən düşmüşdü, dumandandı.
       Ankara-İstanbul yolunda «Varan» avtobuslarının dayanacağı deyildi bura, Şuşaydı. Aşağıda üstünü duman almış dərənin di bində axan, səsi bura çatmayan çay da Daşaltı çayı idi. Dərənin hər iki yamacında bitən orman da Topxana meşəsi idi və o, Kərim də Jıdır düzündə Məlik Şahnəzər kahasının ağzında dayanıb sağa – Kirs dağının zirvəsinə baxırdı. Sola – Ərimgəldi səmtinə baxırdı və daha uzaqlara, Bağrıqan dağına baxırdı – etimoloq dostlarından biri bu dağın əsl adının Bağrıqan deyil, Buğra xan olduğunu iddia edirdi.
       Bu topa-topa, didik-didik duman da Şuşanın dumanıydı və bu duman olmasaydı o tayda, sivri yamacda İbrahim xanın sığnağını da görəcəkdi. Bu duman çəkiləndən sonra Qırx pilləkəni də tapacaqdı və pillə-pillə dərənin dibinə düşüb Daşaltının köpüklü suyundan içəcəkdi. İsa bulağının da suyundan içəcəkdi, İsa bulağından ykxarı Süleyman bulağı da vardı və İsa bulağının dadı başqa idi – Süleyman bulağınınkı başqa. Turşsu da vardı, Şirlan da. Şuşa bulaqlarını bir-bir xatırlamağa başladı: adlarını da, dadlarını da: Saxsı bulaq, Yastı bulaq, Çarıx bulaq, Səkili bulaq.
       Qəhər onu boğurdu. Vertolyotda – Anar vertolyota dikuçar deməyi təklif edir – həlak olmuş jurnalist Alının misrasını xatırladı:
       —Dəli bir ağlamaq keçir içimdən.
       Alını şəxsən tanımırdı, televizorda görmüşdü. O vertolyotda – dik uçarda (hm!) həlak olanlardan tək bir Vəlini şəxsən tanıyırdı. Arxivlərdə eyni vaxtda çox işləmişdilər. Nərimanovun sənədləriylə məşğul olurdu Vəli. Nəcib insan idi. Allah rəhmət eləsin. Anam demiş allah adamı idi. Anası barədə düşündü. Beş il bundan qabaq rəhmətə getdi. Bir yandan allah üzünə baxdı. Şuşanın dərdinə dözə bilməzdi.
       Şuşada gəlmişdi dünyaya. Bura folklor ekspedisiyasına gələn Əsgərlə – Kərimin atasıyla tanış olmuşdu. Toylarını da Şuşada, İsa bulağında çalmışdılar. Xan, Zülfü oxuyurmuş toylarında. Babamın, nənəmin məzarları da Şuşadadır. Mürsəl dayının da. Səmayə xalanın da.
       Şuşa qarış-qarış, qoxu-qoxu, səs-səs Kərimin içində canlandıqca elə bil Kirs dağından əsən sərin meh də saçlarını, üzünü oxşayır, üsulluca tumarlayır, ciyərlərinə saf hava doldururdu, elə bil çobanaldadan yağışın, iri, lopa-lopa damlaları isladırdı onu və elə bil kəkotulu, qantəpərli məxməri çayın, moruq mürəbbəsinin dadanı duyurdu damağında, elə bil burnunu yazda çiçəkləmiş iydə ağacının, cökənin, yarpızın qoxuları çalırdı və qulaqlarına Xan qızı bağından Qədirin «Mənsuriyyəsi» gəlirdi. Bu an Şuşanı beş duyumunun beşiylə də hiss edirdi.
       Səmayə xalanın bir oğlu, iki qızı qalmışdı: Adil, Zərifə və Lətifə. Zərifə Bakıda yaşayırdı. Lətifəylə Adil Xocalıda, Kərimin anasının yasına gəlmişdilər, amma hüzrdən sonra get-gəlləri kəsildi, bir-birini itirib-axtarmadılar.
       Düz bir il bundan qabaq – günü də dəqiq yadındaydı – 92-ci il may ayının iyirmisində Bakıda Kərimgilin Musabəyov qəsəbəsindəki mənzillərinin qapısı döyüldü. Astanada tanımadığı bir qadın dayanmışdı. Arıq, solğun, boğulub qaralmış sifətində insan təsəvvürünə sığmayacaq dərdlərin, iztirabların izləri vardı.
       —Tanımadın, Kərim? – dedi – Lətifəyəm də. Mürsəl kişinin qızı.
       Xocalı müsibətini eşidən Kərim Zərifəyə zəng elədi, qonşuları dedi ki, Zərifə iflic olub, dili tutulub, Xocalıdakılardan isə heç bir xəbər yoxdur. Yəqin hamısı tələf olublar. Lətifə sağ imiş.
       Kərim Lətifəni içəri çağırdı, oturtdu. Soruşdu:
       —Zərifə necədir?
       —İndi babatdır. – Yavaş-yavaş, höcələyə-höcələyə danışırdı.
       Kərim bilmədi soruşsun, soruşmasın, sonra qərara gəlib:
       —Adil, - demək istədi. 
Lətifənin sifəti donub qalmışdı, elə bil heç bir hiss-həyəcan ifadə etməyən səslə:
       —Adili ermənilər vurdu, dedi Adili də, Kamalı da – sonra əlavə etdi – uşaqların atasını deyirəm. Uşaqlar deyəndə, bircə qızımız vardı, onu da öldürdülər. Üç yaşında idi…
       Sonsuz, üzücü sükut çökdü. Kərim Lətifəyə baxıb düşünürdü. İztiraba heykəl qoyulsa — bu qadının heykəlini yapmaq lazımdır. Daha doğrusu Lətifənin özü canlı heykəl idi — tələf olmuş ailənin qaxaca, ağaca, daşa dönmüş dərd heykəli. Yenə də skait, heç nə ifadə etməyən səslə danışmağa başladı.
       —Ermənilər dörd gün vaxt verdilər ki, hamı Xocalıdan çıxıb getsin. Aldatdılar bizi. İki-üç saatdan sonra atışma başladı. Özümüzkülər də aldatdı bizi. Arvadlar söz qoyduq ki, mina tarlasına gedək, özümüz partlayaq, tanklarımız üçün yol açaq. Qoymadılar. Aldatdılar bizi. Kamal dedi ki, sən qonşu Bilqeyis arvadla çıx kənddən. Biz burda qalacayıq. Axıracan vuruşacayıq. Razı olmadım. Balacanı—Səmayəni, qızımı deyirəm—Bilqeyis arvada tapşırdım, özüm qaldım. Əvvəlcə Adili vurdular, sonra Kamalı…Eşitdim ki, meşədə Bilqeyis arvadı da vurublar, amma uşağa güllə dəyməyib. Düşdüm meşələrə, iki gün gecə-gündüz axtardım Səmayəni, axır tapdım meyidini. Güllə dəyməmişdi. Donub ölmüşdü. Qarın içində iməkləyib, iməkləyib tifil, sonra donub ölüb. Balaca əlləri eyzən tikan içində idi. Tikanların hamısını bircə-bircə çıxartdım, qəbir qazıb basdırdım balamı.
       —Sayın yolçular, atobusa binmeyinizi rica ediyoruz.
       Kərim kürsüsünə oturan kimi papağını gözünün üstünə çəkdi. Guya ki, yatıb. Heç kəslə danışmaq istəmirdi. Amma İstanbula qədər gözlərinin çimirini almadı.
Avtobus İstanbulun ilk duracağında dayananda qonşusu onun qolunu çəkdi.
       —Bey efendim şuradamı iniyorsunuz?
       —Bura Taksimmi?
       —Hayır əfəndim, Taksim çox ileridə. Burası…
       başqa bir yerin adını dedi. Kərim yaxşı eşitmədi. Hər halda bildi ki, Taksim deyil. Taksimdə enməli idi. Notarial məmuru vizit kartını Kərimə uzatdı.
       —İstanbula yolunuz düşürse müsafirim olarsınız, pek məmnun oluram,— dedi.
       Kərim: «İstanbuldayam da elə — deyə düşündü — doğrudan da qonağın olmağımdan məmnunsansa elə indi əsl məqam deyil bəyəm? Yox, quru nəzakət xatirinə deyirsənsə, yenə canın sağ olsun».
       Məmur avtobusun yuxarı taxçasından «Diplomat» çamadanını götürərək:
       —Söylədiyim laflardan üzülmeyin, rica ediyorum, — dedi — Kusura bakmayın.
Kərim başıyla təsdiq elədi ki, üzülmür.
       — Siz, Azeri kardeşlərimiz hiç darıxmayın — məmur əl çəkmirdi.—Yardımınıza gelib sizi ermenilerden kurtaracayız. 
       Kərim:
       —Pəki,—dedi—siz bizi ermənilərdən qurtarın, biz də sizin yardımınıza gəlib sizi PKK -dan qurtararıq.
       Məmur dinmədi. Başının hərəkətiylə vidalaşıb avtobusdan endi. Avtobus yola düzəldi, körpüdən keçib Asiyadan Avropaya çıxdı, adlman konsulluğunun qarşısında «Varan»ların İstanbul duracağında dayandı.
       Stüardessa:
       — İyi günlər, — dedi— gülə-gülə.
       Kərim çantasını çiyninə salaraq:
       —Allaha ismarladıq, —dedi və avtobusdan çıxdı.

 

***


       Ömrü boyu xəyallarında yaşatdığı, həsrətində olduğu, uzun illər yalnız radio dalğalarından və əlinə ara-sıra keçən kitablardan, jurnallardan, qəzetlərdən tanıdığı bu ölkəyə Kərimin ilk gəlişi idi. Türkiyənin yolunu son illər su yoluna döndərən, həftə səkkiz mən doqquz bura gəlib-gedən həmkarlarından xahiş etmişdi, ona İstanbulun iri xəritəsini gətirmişdilər. Xəritəni çarpayısının başından asmışdı və səhər gözlərini açarkən ilk gördüyü mənzərə İstanbulun Mərmərə dəniziylə, Bosfor boğazıyla, Xaliçlə parçalanmış bölgələri idi və bu bölgələrini, İstanbulun başqa yerlərinin adlarını şer misraları kimi təkrar edirdi: Fənərbahçə, Qaragöy, Qadıgöy, Üsküdar, Bəyoğlu, Qızıltorpaq, Acıbadem, Nişantaş, Bəkiştaş, Kafataş, Şişli, Maçka, Moda, Fateh, Laləli, Ağsaray, Bayazid — xəyalən bu küçələri «addımlayır», Qalata körpüsüylə Sirkiçidən Qaragöyə «keçir», orda vapura «minib» Boğaziçiylə Qız qülləsinin, Heydər paşa vağzalının yanından «üzdükcə» Yəhya Kamalın misralarını pıçıldayırdı:
       Dün kahkaheler yükseliyorkən evinizden
       Bendim keçən ey sevgili sandalla denizden.
       Xəyalən Qadıgöy iskələsində gəmidən enirdi. O iskələyə Nazim Hikmət dəniz dalğası olub çarpıb çırpılmaq istəyirdi — vapura minərkən Memetlə anası, xəyalən Nazimin cevizi bitən Gülxanə parkını, Qapalı çarşını dolaşır, Sahaflarda kitabçıların rəflərində eşələnir. İstiqlal caddəsiylə addımlayır. Çiçək pasajında qəhvə içir, Taksimə çıxır, ordan sivri, dar küçələrlə sahilə enir, Dolmabaxça sarayının yanına gəlir, Atilla İlhanın «Sislər bulvarı» adlandırdığı bir tərəfi sal qala divarları, bir tərəfi ağaclı qaldırımlar, evlər olan xiyabanla Beşiktaşa tərəf gedirdi və Orxan Vəli kimi «sərin-sərin kapalı Çarşını, cıvıl-cıvıl Mahmutpaşanı, güvərçin dolu avluları, doklardan gələn çəkic səslərini, bahar ruzgarında tər qoxulurı dinləyirdi» — «İstanbulu dinləyirdi gözləri qapalı».
       İndi avtobusdan enib xəyalında deyil, gerçəklikdə Taksim meydanına tərəf yuxarı addamladıqca, Atatürk Kültür Mərkəzinin yanına çıxınca ona elə gəlirdi ki, buraları dəfə-dəfə görüb, gəzib. Bəlkə ona görəydi ki, İstanbulu sanki atasının gözləriylə görürdü. Atası əlbəttə Atatürk Kültür Mərkəzini görə bilməzdi. Bu çağdaş şüşə-beton qutu atasının ölümündən çox illər sonra tikilmişdi. Atası 56-cı ildə rəhmətə getmişdi. Amma Taksim meydanının mərkəzində Atatürk abidəsini atasının söhbətlərindən tanıdı. Atası danışırdı ki, İstanbulda azərilər bir-biriylə görüşməyi vədələşəndə görüş yerini məhz burda, heykəlin yanında təyin edərdilər.
       Atası iyirminci illərdə Türkiyədə oxumuşdu, İstanbulda Köprülünün, Zəki Vəlidi Toqanın, Jəfəroğlunun tələbəsi olmuşdu. Çinaraltında Əhməd Haşımın, Orxan Seyfinin, Faruq Nafizin söhbətlərini dinləmişdi.
       Kərim atasından çox şey əxz etmişdi, amma əxz etdiklərinin üçü ən vacibi idi – əsgi əlifbanı öyrətmişdi  Kərimə, «Kitabi Dədə Qorqud»u sevdirmişdi, bir də təklikdə, oğrun-oğrun, xısın-xısın, yan-yörəsinə baxa-baxa (guya ki, Çadrovıdakı balaca otaqlarının hər tərəfində gizlədilimiş mikrofonlara boylanırdı). Türkiyə şairlərinin şerlərini oxuyaraq, ara-sıra İstanbulun ayrı-ayrı yerlərindən danışaraq onu Türkiyəyə heyran etmişdi.
       Hərçənd Kərimin türkoloq olmasını istəmirdi. «Sovet İttifaqında türkologiya həmişə ÇK-nın, QPU-nun, NKVD-nin nəzarəti altında olan bir sahədir. Həmişə də belə qalacaq» - deyirdi.
       Bəzən Kərimə elə gəlirdi, atasının haçansa Qanlıcada yediyi yoğurtun dadını belə duyur damağında. Axşamlar Əsgər Kərimə anasının mixəyi reqlan paltosunun biçimini xatırladan T-6 radio cihazıyla Türkiyəni tutar, son xəbərlərə, bəzən də bitib-tükənməyən uzun havalara qulaq asardı. Bəzən bu uzun havaları lağa da qoyardı. «Mən Türkiyəyə gələndə radioyla bir uzun hava eşitdim, iki il İstanbulda təhsil aldım, geri dönəndə hələ də o havanı oxuyub qurtarmamışdılar».
       Kərim diqqət eləmişdi ki, atası Türkiyəyə qulaq asıb radionu keçirəndə həmişə dalğanı dəyişir, əqrəbi Bakının ya Moskvanın üstünə qoyur. Evlərinə qohum-qonşu gələrdi, ümumən gəlib-gedən çox olardı və 37-ci ildə tutulub sürgün edilmiş atası hər kəsdən şübhələnər, evə gələn hər adamın çuğul, yonca olacağını düşünərdi. «Yonca» da yalnız onların ailəsində, atasıyla anasının dilində işlənən söz idi. «Flankəs deyəsən yoncadır», «hə, yoncaya oxşayır». Kərim çox sonralar bildi ki, yonca hər yerdə bitən bitki olduğu üçün hər söhbətdə qulaqlarını şəkləyib peyda olan NKVD xəbərçilərini ata-anası öz aralarında yonca adlandırırmış.
       Əsgərin ikicə il İstanbulda oxumağı yetər imiş ki, ona «pantürkist» damğası vursunlar, hələ yaxşı qurtarmışdı, güllələnməmişdi. 37-ci ildə Tomska sürgün edilmişdi. Ərəbcəni, farscanı, ruscanı, ingiliscəni və hətta latıncanı mükəmməl bilən Əsgər hansı xoş təsadüfün ya kiminsə gizli xeyirxahlığının ucundan Tomskda müəllimlik edə bilmişdi. Ən məzəlisi o idi ki, bu «pantürkist» və «panislamist» orda marksizm-leninizmin əsaslarından dərs verib.
       Dava başlayanda könüllü getmişdi cəza batalyonuna. Müharibədəaldığı orden, medalların sayəsində 46-cı ildə Bakıya, ailəsinin yanına qayıda bildi. Elə o vaxtlar idi – Kərimin doqquz-on yaşı olardı – bir dəfə Əsgər T-6 radiosuyla Türkiyəyə qulaq asandan sonra nədənsə unutmuş, əqrəbi Moskvanın, ya Bakının üstünə keçirməmişdi. Bunu Kərim etdi: durdu, əqrəbi Bakının üstünə çəkdi. Əsgər bir müddət matdım-matdım oğlunun üzünə baxdı, sonra alnından öpdü: - mənim ağıllı balam - dedi. Ona qədər bircə dəfə oğlunu öpmüşdü: davadan qayıdanda. Kərimə elə gəlir ki, məhz o gündən sonra atayla oğul arasında bir məhrəmlik yarandı, elə bil ilk dəfə ata oğlunun artıq böyüdüyünü, çox şeyi dərk etdiyini anlamışdı. Bəlkə də elə o vaxtlardan Kərimə türk şairlərinin şerlərini oxumağa başlamışdı. Amma o vaxt kimin ağlına gələ bilərdi ki, günlərin bir günü Kərim heç bir «yonca» filan tərəfindən pusulmadan, güdülmədən İstanbul küçələrini belədən-belə hadırlayacaq.
       Əsgəri ikinci dəfə əllinci illərin əvvəlində tutdular. İki gün əvvəl elmi şurada «Kitabi Dədə Qorqud» ifşa olunarkən Çopur Jabbar Əsgəri yaş yuyub quru sərmişdi. Çopur Jabbarın uzun, sivri burnu vardı və b urnunun altında otuzuncu illərin raykom-ispalkom dəbiylə bir barmaq bığ qoymuşdu – elə bil burnunun ucundan üst dodaqlarına tərəf bir gilə qara ç ernil dammışdı.
       Elmi şurada Çopur Jabbar:
       —Yaxanı kənara çəkə bilməyəcəksən, Əsgər – deyirdi – Dədə Qorqudu Azərbaycanda ən çox təbliğ edənlərdən biri sən Əsgər deyildinmi? Kişiliyin, cəsarətin olsun, dur günahlarını boynuna al özün de görək bu dastanın bizə nə dəxli var axı? Bizim dədə-babalarımız bəyəm at əti yeyiblər, qımız içiblər? Sənsən bu sərsəm fikirləri Türkiyədən bura gətirən, orda görünür dərsini yaxşı veriblər. Məqaləndə üç dəfə Kilisli Rifətin adını çəkmisən, yeddi dəfə, özüm saymışam, Köprülünün qarşısında diz çökmüsən, səkkiz dəfə Orxan Şaiqə təzim etmisən.
       Əsgər:
       —Mən ancaq o alimlərə isnad vermişəm, - demişdi, amma özünü saxlaya bilməyib əlavə etmişdi: - get hara xəbər verirsən ver.
       Bir bu sözün qurbanı oldu, bir bu söz yıxdı evini. Bəlkə bu cümləni deməsəydi, ancaq işdən qovacaq, elmi fəaliyyətini yasaq edəcəkdilər. Çopur Jabbarın «stukaç» olması hamıya məlum idi. Amma ilə dəfəydi ki, Əsgər bunu açıq demişdi. Çopur Jabbar:
       —Mən fəxr edirəm bununla, - dedi – fəxr edirəm ki, sənin kimi xalq düşmənlərinin həmişə masqasını yırtıb  ifşa etmişəm, ifşa edirəm və ifşa edəcəm.
       Həmin gecə atası və anası ev kitabxanalarından bir sıra kitabları, o cümlədən rus türkoloqlarından Bartoldun, Qordlevskinin əsərlərini yandırdılar. O yanıq kağız iyi də uzun zaman Kərimin burnundan getmədi və bundan sonra həmişə yanıq kağız iyi o səksəkəli gecəni xatırladırdı. Hələ gənclik illərində İstanbuldan qayıdarkən Əsgər Aşiyandan, Tofiq Fikrətin məzarından bir ovuc torpaq gətirmişdi və onu anasının canamazının içində saxlayırdı. Bu gecə nədənsə o torpağın da bir əşyayi-dəlil olacağından xoflandı, amma onu çölə atmağa da ürəyi gəlmədi, canamazı açıb mənzillərindəki fikus ağacının dibçəyinə səpələdi.
       Əsgəri iki gecə sonra apardılar, iki il sonra isə qayıtdı. Stalin ölmüş, Mircəfər Bağırov tutulmuş Dədə Qorqud «Reablitasiya almışdı». Dünya yavaş-yavaş dəyişirdi. Əsgər Sibirdə saqqal saxlamışdı, orda sinqa xəstələyinə tutulmuşdu, dişləri tökülmüşdü.
       Küçədə Əsgərlə rastlaşıb irişə-irişə üstünə gələn Çopur Jabbarın isə üzünə tüpürmüşdü…
       Çopur Jabbar. Taleyin qəribə naxışları var ilahi, bu həmin o Çopur Jabbardır ki… Kərim fikrinin yüyənini çəkdi. «Boşla, bəsdir sən allah – deyə öz-özünü danladı – heç hənanın yeridir? Taksimdən Boğaza tərəf enarkən bu maqnoliyaların ətri hopmuş mayıs günündə heç Çopur Jabbarın idbar sifətini yada salmağın yeridir:»
       Atası dəyişib tamam başqa adam olmuşdu. Birinci sürgündən, davadan nə qədər nikbin qayıtmışdısa, indi bir o qədər bədbin, yorğun, bezgindi, həmişə fikirli, dalğın, qayğılı… Elə bil əli işdən də soyumuşdu. Daha gecələr yaşıl lampasının işığında saatlarla masa arxasında oturmağa, köhnə kitabların içində eşələnməyə, böyüdücü şüşəsini götürüb solğun əlyazmalarını ələk-vələk eləməyə nə heyi, nə həvəsi qalmışdı. Heç Türkiyə radiosuna da daha qulaq asmırdı. Yalnız bir dəfə, tək bircə dəfə söhbət  İstanbuldan düşəndə Kərimə: - İnşallah bir gün olar, - dedi – sənin də yolun düşər oralara. Bayılacaqsan bu ölkədə. Məst edəcək səni. Elə biləcəksən yuxudasan…
       O gün gəldi. İstanbuldaydı və doğrudan da elə bil məst olmuşdu. Yuxu görürdü elə bil…

 

***


       İnönü stadionunun yanından keçib Boğaz sahilinə çıxdı. Saata baxdı. On bir idi. Universitetə ikidə gedəcəkdi. Ankaradan telefon edib Behicə xanımla belə danışmışdılar. Üstündə «Hürriyət» qəzetinin adı olan skamyaların birində üzü Boğaza əyləşdi. Boğaz içində üzərində «Türk dəniz yolları» yazılmış çox böyük, ağappaq bir gəmi dayanmışdı. İkimərtəbəli vaporlar Asiyadan Avropaya, Avropadan Asiyaya sərnişinlər daşıyırdı. Motorlu kiçik qayıqlar Boğaz boyu pıqqıldaya-pıqqıldaya oradan bura, buradan ora şütüyürdü. Sahildə, lap məhəccərin üstündə torlarını dənizə atmış balıqçılar oturmuşdu. Qonşu skamyada uzun saçları çiyninə qədər sallanmış, saçlarını arxadan lentlə bağlamış gənc oğlanla saçını qısa vurdurmuş gənc qız – hər ikisi mavi cins kostyumlarda idi – qol-boyun olub bir-birinə sarmaşmışdılar. Oğlan fitlə bir melodiya çalırdı. Melodiya Kərimə tanış gəldi və yada salıb təəccüblə dərk etdi ki, Bethovenin 9-cu simfoniyasının finalıdır. Fitlə simfoniya çalındığını bəlkə də ömründə ilk dəfə eşidirdi.
       Atasından tarixə, ədəbiyyata maraq keçmişdisə Kərimə, anasından musiqini sevmək, klasik Avropa musiqisinə və muğamlarımıza bələdlik qalmışdı. Anası peşəkar musiqiçi deyildi, həkimdi, amma əsl şuşalı kimi məlahətli səsi vardı, yaxşı da piano çalırdı. Kərim xatırlayırdı, lap körpə yaşlarında – bəlkə dörd, ya beş yaşındaydı – anasının çalğısını çox xoşlardı. Nədənsə Şopenin «Matəm marşını» daha çox sevirdi. Hərdən anasına yaxınlaşar, üzünü üzünə qoyar: «ana – deyirdi – mənə ölü marşını çal». Səssiz-səmirsiz dinlərdi. Anası: «vallah, deyəsən bu uşaq musiqiçi olacaq» deyərdi. Olmadı.
       Musiqidən qorxurdu. Bəlkə ən çox qorxduğu şeylərdən biri musiqi idi. Həm dəlicəsinə sevirdi musiqini, həm də dəlicəsinə qorxurdu ondan. Çoxlu valları, kasetləri vardı. İşləyəndə, oxuyanda belə fon kimi musiqi çaldırardı – dünyanın ən həzin, ən kövrək, ən nəcib musiqisini – Albinyoninin «Adajiosu», Vivaldi, Bax, Motsart, Prokofyev… Bir də öz musiqimiz – Hacıbabanın muğamları, Rübabənin ifasında Üzeyir bəyin «Leyli Məcnun»u, xalq mahnıları – Bülbül, Rəşid, Akif. Bir də Fidan – Gülçöhrənin ariyası». Dinləməkdən doymurdu. Qorxmurdu da. Bütün bunları ilk dəfə haçan, nə zaman eşitdiyini çoxdan unutmuşdu, amma dinlədikcə hansı emosiyaların, hiss-həyəcanların oyanacağını dəqiq bilirdi – bu sabit emosiyalar idi, sabit musiqi idi, yaddaşında məhrəm olmuş musiqi idi. Rəfdən götürüb çaldıracağı hər hansı tanış musiqidən heç bir nigarançılığı yox idi. Vay o gündən ki, təsadüfən radioda çoxdan unutduğu bir musiqi parçası qəfildən rastına çıxaydı…
       Bəlkə tək bir qoxulardan başqa heç bir şeyin – musiqi kimi oyatmağa qabil olmadığı anımlar, xatirələr, ötüb getmiş günlər, saatlar, sifətlər saniyə içində yaddaşını limhəlim doldururdu və Kərim bilmirdi ki, xatirələrin bu üzücü dəvətindən hara qaçıb canını qurtarsın. Birdən gah atası, anası gah sevdiyi insanlar, itirdiyi dostlar gəlib dururdu gözlərinin qarşısında, bir söz, bir hərəkət, bir təbəssüm təəssüf ifadəsi…
       Divarları əhənglə ağardılmış dümağ bir ev oyanırdı yaddaşında. Molokan kəndi, ilıq ya səhəri, sübh tezdən içdiyi buğlanan süd, gecə itlərin hürüşməsi, göydən salxım-salxım sallanmış iri ulduzlar, ayaqlarına yapışmış pış-pışalar – onları gündüzlər bir-birinə atardılar, iynəcikləriylə paltarlarına ilişib qalardı…
       Tamillayla Kür boyu getmələri – necə də gənc idilər, ilahi, təzə evlənmişdilər, elə bu da toy səyahəti kimi bir şeydi. Tələbə yoldaşları Sədyar, daha doğrusu onun qardaşı təşkil eləmişdi bu səfəri. Neftçalada yaşayırdı Sədyarın qardaşı, adı nə idi, allah, yadıma sala bilmirəm. «Gəlin sizi qayıqla Kürdə gəzdirim» - demişdi toy günlərində. Ərinməyib getmişdilər, lap sütül cavanlar idi, dünya nə veclərinə. Sədyarın qardaşı onları yaxşı qarşılamış, sonra da qayığına mindirib Kür səfərinə çıxarmışdı. Səlyan körpüsündən sonra Kür qıvrım-qıvrım axırdı.
       Kinolenti kimi gözlərinin qarşısından keçib gedir: sahildə on dörd-on beş yaşlı yeniyetmə at çapır, atın belinə yəhərsiz minib, atın dalınca it qaçır. Kürün qırağında balaqları çirməli, ayaqları yalın arvadlar paltar yuyur, yaxalayırdılar, çayda uşaqlar çimir, qışqıra-qışqıra bir-birilərini suya basırdılar. Kürün sahilərində həyat qaynayırdı, çayın özündə isə elə bil ki, Kərimgilin mindikləri burnu kəsik, dibi yastı, təkavarlı qolazdan başqa heç ins-cins yox idi – nə başqa bir qayıq, nə gəmi, nə sal, nə bərə. Üç gün üç gecə çay boyu getdilər, sahil kəndlərində gecələyirdilər, sübh ala-qaranlıqda yenə yola çıxırdılar. Bir kənddə – kəndin də adı yadından çıxıb – Sədyargilin qohumlarıgildə gecələdilər. Sədyargilin qohumları barama saxlayırdı. Baramaya xüsusi otaq ayırmışdılar, bu otağın xüsusi istisi, işıq rejimi olmalıydı. «Barama qurdu dörd dəfə yatıb durmalıdır – deyirdi Sədyargilin qohumu – axırıncı yuxusundan sonra lap böyük iştahla yarpaq yeyir»
       Yarpaq dolması. Kərim ömründə birinci dəfə Sədyargilin qohumugildə yedi o balıqdan bişirilmiş yarpaq doilmasını, belə bişirmə üsülunu da ilk dəfə görürdü: balığın tikələrini yarpağa büküb oda tuturdular, yarpaqlar yanmağa başlayanda demək bişib hazır olub. Bu qoxudan başqa bir iy də gəldi burnuna. Qurumuş baldırğan tumları əziləndə belə tünd iy verirdi. Kür suyunun dadı da yadındaydı – çayın suyunu daşdan süzüb içirdilər.
       Sədyarın qardaşı, qarabuğdayı, gözlərindən cin çıxan oğlan – ilahi nə idi onun adı, lap dilimin ucundadır – sahildə Tamillanı xatadan qurtardı. Meşədə gəzirdilər. Tamilla kirpi görüb ona yanaşmaq, tutmaq istəyirdi. Sədyarın qardaşı tələsik onun qolundan tutub kənara çəkdi: Bu oxlu kirpidir, - dedi – bu bapbalaca, dıqqılı kirpi sən bilən kirpilərdən döyül. Oxunu elə uzağa atır ki, maşının dəmirini, şüşəsini deşir. Adama dəysə yaralaya bilər, özü də zəhərlidir oxları.
       Sədyarın qardaşı, hə Sadıx idi adı, yadıma düşdü, deyirdi ki, bu kirpinin oxları «şarikovı ruçka» kimidir . O vaxtlar «şarikovı ruçkalar» təzə dəbə düşmüşdü. Sadıxla sədyarın ataları vaxtilə Kürdə gəmi kapitanı olub. Sədyarla Sadıxın uşaqlığı da Kürü bu başdan o başa üzən iri çarxlı gəmilərdə keçib – gəmilərin adları da yadında qalmışdı Kərimin - «Çapayev», «Abxaziya». Hətta o da yadındaydı ki, bu gəmilər Sadıxın dediyinə görə çayın axarıyla saatda iyirmi beş, əks istiqamətdə isə saatda iyirmi kilometr sürətlə üzürlər. Bu rəqəmlər niyə belə ilişib qalmışdı Kərimin yaddaşında? Bəlkə də yanılırdı, gəminin sürəti ayrı idi. Amma Kərim mərc çəkə bilərdi ki, bu rəqəmlər dəqiq qalıb yadında. Nədən insan hafizəsi tamamilə gərəksiz şeyləri yaddaşda qoruyub saxlayır, çox vaciblərini isə unudur. Yaddaş hansı qəribə, sehrli sirrləri açılmaz qanunlara tabelir? Sadıx danışırdı ki, vaxtilə böyük yük gəmiləri belə Həştərxandan Səlyana gəlir, Kürə girib Sabirabada, Mollakəndə, Zərdaba, Yevlaxa qədər üzərmiş. Gəmilər gecələr sahilə yaxın üzərdilər, meşələrdən qabanların səsini eşidərdik. Ağdamda Qaxay meşələri çox gözəl idi, amma Kür sahillərinin ən gözəl yeri Saday bəyin meşələri idi. Mingəçevir tikilənə qədər Kür bəzən o qədər qalxırdı ki, Ağcabədiyə qədər qayıqla meşənin içindən keçib gedərdik. Çayın içində də ağaclar basdırardılar, gecələr onlar mayak yerinəydi».
       İkinci gün Kürlə Arazın qovuşduğu yerə gəlib çıxdılar. Bu yeri görmək Kərimlə Tamillanın arzusu idi. Hələ nişanlıykən əhd eləmişdilər ki, mütləq gedib görməlidirlər. Elə bu Kür səfəri – onların toy səfəri də bu söhbətdən başladı və Sədyar «bu mənim boynuma» - dedi, təəssüf ki, özü gedə bilmədi, aspiranturaya hazırlaşırdı, amma qardaşı Sadıxa ismarış göndərdi və Sadıx böyük qardaşının bir sözünə müntəzir idi. Kərimgilə o qədər hörmət elədi ki, bu xəcalətdən ömürləri boyu çıxa bilməyəcəklərini düşündülər. İndi isə az qala Sadıxın adını belə unutmuşdu. «Abxaziya», «Çapayev» gəmilərinin adları, hətta hərəkət sürətləri yadındaydı, amma Sadıxın adını nə çətinliklə xatırladı. Görəsən Sadıx yenə Kürdə üzürmü, avar çəkir, balıq tuturmu? Hər halda indi əllini ötmüş olar. Gərək bir Sədyardan xəbər alam…
       Çayqovuşan qəribə yer idi – Kürlə Araz bir-birinə qovuşsalar da xeyli vaxt bir-birindən ayrı axırdı – rəngləri başqa-başqaydı, hətta adama elə gəlirdi ki, ayrı sürətlərlə axırlar. Gah Araz güc gəlir Kürü itələyir, gah Kür qabarıb Arazı basdalayırdı.
       «Bir kərəm, yadımdadır, Araza da, Kürə də güclü sel gəlmişdi. Çayqovuşanda bir koma var, bax odu ey görürsüz – Sadıq sahil burnundakı bozumtul evi göstərir – su oranı tamam alıb basmışdı, otağın içinəcən dolmuşdu. Sonra ki, su çəkildi, O vaxt lap balaca uşaq idik, gəlib girdik komanın içinə, otaqdan xeyli ölü balıq yığdıq, hərəmiz evə bir zənbil balıq gətirdik. Hardan düşmüşdü bütün bunlar Kərimin yadına bu gün burda. İstanbul səhərində, Boğaz sahilində? Onun anımları çox vaxt musiqidən doğurdu, amma indi Bethovenin fitlə çalınan 9-cu simfoniyası hardan yadına salmışdı o uzaq gəncliklərinin  Kür səfərini – toy səfərini. O gün, o qayıqda, ya da barama saxlanan otaqda bəyəm Bethoven səslənirdi? Yox, doğrudan da anımların, xatirələrin yada salmaq sirrini, yaddaşa qayıtma məntiqini izah etmək mümkün deyil. Əhməd Haşimin misralarını xatırladı:
       «Bizə bir zövqü-təxəttür qaldı bu sönən, kölgələnən dünyadə…»
       Bəlkə Kərimə də bu dünyada qalan xatirələrin zövqü idi ancaq?
       …ya bəlkə o gün Kürdə yosun iyi gəlirdi, bax beləcə ilıq meh əsirdi – narın qoxuları gətirən belə bir meh, keçmişimizi bizə qaytaran bir əsim meh, bir əsim qoxu…

 

***
 

       On üçüncü əsrə aid rus salnaməsində bəhs olunan bir epizod yadına düşdü. İki türk xanı – iki qardaşla bağlı idi bu epizod – Ətrak xanla və Sırçan xanla. Monomax onların üstünə hüum edir, Sırçan Don çöllərinə çəkilir, Ətrak isə Qafqaz dağlarına pənah gətirir, orda hökmdar olur. Ay keçir, il keçir, Monomax ölür və Sırçan xan vətənlərinə dönür, qardaşına xəbər göndərir ki, o da qayıtsın. Qardaşı bu çağırışa məhəl qymur, artıq yeni vətəndə məskən salıb, dövləti, şirkəti, şanı-şöhrəti. Onda Sırçan xan – nə qədər incə bir psixoloq imiş – belə bir fəndə əl atır – musiqiçilərini göndərir qardaşının hüzuruna, «öz havalarımızı çalın Ətraka, kövrələcək, nüssəyə dözə bilməyəcək, qayıdıb gələcək» - deyir. Ancaq Sırçan xan insan qəlbinin, insan yaddaşının daha da dərin qatlarını duyan bir psixoloq imiş. O hətta musiqinin belə oyada bilməyəcəyi hisslərin nədən oyanacağından da agah imiş. Yalnız onların vətənində çöllərdə bitən yovşandan bir çəngə göndərir qardaşına. Bilir ki, bu qoxunun oyadacağı nisgil, qəribsəmə duyğusu hər şeyə üstün gələcək. Maykovun bu salnamədən qdalanmış şeri də var.
       Zoвet k сebe пevцa Сıрчan
       И k bratu шlet eгo с nakazom:
       «On tam boгaт, on царь тex сtran,
       Вladka nado всem Kaвkazom.
       Сkaжi emу, чtob bрoсil всe,
       Чto уmer врaг, чto сpali цepi.
       Чtob шel в naсledie свoe,
       В bloqoуxaющие сtepi!
       Emу ты pesen нaşix сpoй, -
       Koqda ж нa песнь не отзовется,
       Свяжи в пuçok emшan сteпнoй
       И daй emу – и on вernetся».
       Sırçan xan yanılmayıbmış, nə israrlı dəvətlər, nə doğma musiqisinin sədaları Ətrakın ürəyini yumşalda bilməmişdi… Elçilər nəhayət yovşan topasını xana uzadanda saray əhli mat-məttəl qalır. Zəhmiylə hamını lərzəyə salan qüdrətli hökmdar yovşanı əlinə alıb öpür, ağlayır və əyanlarına «əlvida – deyir – daha sizin hökmdarınız deyiləm. Vətənimə qayıdıram».

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.10.2013) | Müəllif: R.C E W
Baxış: 1362 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more