Salnamədə, Maykovun şerində də gətirilən sözləri – Ətrak xanın sözlərini Kərim xəyalən həmişə bir bayatının misralarıyla tərcümə edərdi: «Qürbətdə xan olunca, vətənində dilən gəz».
Yosun iyi, yovşan iyi… Ətrak xan, Sırçan xan, İstanbul, Boğaziçi, Kürlə Arazın qovuşağı… Anımlar zəncirinin bir sonu – axırı varmı?
Bizə bir zövqü-təxəttür qaldı
Bu sönən, kölgələnən dünyadə…
Kərim qarşı sahilə baxır və Aya Sofiyanın günbəzini, məscid minarələrinin siluetlərini tanıyırdı. Bu – Sultan Əhməd camesidir, o biri tərəfdəki Süleymaniyyə? Ya əksinə?
Minarələrin sayı altı idi. Deməli düzdü, Sultan Əhməd – budur. Hardasa oxumuşdu: Sultan memara sifariş verəndə minarələrin «altın» yəni qızıl olmasını istəmişdi. Memar «altını» «altı» deyə başa düşmüş və altı minarə ucaltmışdı. Müqəddəs Məkkədəki məscidin isə dörd minarəsi vardı. sultan özünün, ya qulağı ağır eşidən memarın günahını yumaq üçün Məkkə məscidində də əlavə iki minarə tikdirmişdi...
Musiqidən qorxurdu. Ətrak xandan fərqli olaraq musiqi Kərimi daha çox kövrəldirdi. Srağagün Ankarada az qala biabır olacaqdı.
Erolla Bakıda tanış olmuşdu. «Dədə Qorqud» simpoziumuna gələnlər arasında Erolla və Doğan bəylə daha çox məhrəmləşmişdi. Elə Behicə xanımla da o vaxt tanış olmuşdu.
Erol ayı kimi idi. İri qaməti, gen, bir azacıq maili kürəyi vardı. Sanki bu an qabağa yıxılacaq kimi durumu, yayxana-yayxana yeriyəndə ayaqlarının pəncələrini sola-sağa basması eynən ayının hərəkətlərini, plastikasını andırırdı. Uzun saçları bığına, saqqalına qarışmışdı, üstəlik həmişə tüklü xəz pencək, uzun tiftikli yun cempr geyinərdi, elə bil heç yatanda da əynindən çıxarmırdı bu geyimi, elə bil geyim dəri kimi əndamına çəkilmişdi. Deyirlər ayı bir az mülayim heyvandır, hətta insanı silahsız görəndə ona dəymir, pəncəsiylə öz gözlərini örtür guya ki, görmür. Erolun da belə bir jesti vardı — birdən iri əlləriylə (adamın lap «pəncələriylə» deməsi gəlir gözlərini tutardı, görmək istəmədiyini görməzdi, Özünü görməməzliyə vurardı. Halbuki hər şeyi görürdü, heç nə iti, azacıq qıyıq, özü demiş «qıpçaq gözlərindən» yayınmırdı. Danışmağı da bənzərsiz idi, sanki sözləri ağzında isti tikə kimi soyudur, sonra könülsüz-könülsüz tələffüz edirdi. Amma bu «saqqallı ayının» çox incə, yuxa qəlbi vardı. Tez riqqətlənərdi, kök şişman adamların çoxusu kimi sentimental idi, ciddi dərin bilikli tarixçi olmaqla bərabər, şair kimi duyğusaldı, soryuq mühakimələrdən daha çox hisslərlə yaşayırdı. Kərim kimi o da musiqini sevirdi və Bakı simpoziumunda tanış olduqları günlərdə elmi maraqlar qədər onları musiqiyə aludəçilik də yaxınlaşdırmışdı. Bizim müğənnilərdən Floranın səsini çox bəyənmişdi və Ankaraya konfransa gələrkən Kərim hədiyyə kimi Erola Floranın mahnılarını radioda kasetə yazdırıb gətirmişdi.
Srağagün Erolgildə qonaq idi. Erol kaseti alan kimi qurdu. Kərim Bakıda mahnıları yazdırdıqdan sonra özü dinləməmişdi. Mahnıların hamısı ona tanış idi. Birdən hələ o vaxtacan eşitmədiyi mahnının ilk xalları səslənəndə kaseti götürüb üstündəki yazını oxudu. Javanşir Quliyevin «Şuşa» mahnısı idi səsələnən və Flora xanım yanıqlı səslə Şuşa qarşısındı günahımızdan, hamımızın günahından oxuyarkən Kərim doluxsundu, az qala hıçqıracaqdı. Yaxşı ki, bu an Erol otaqda yoxdu, qəhvə gətirmək üçün mətbəxə keçmişdi. Kərim dərhal özünü ələ aldı. Bircə bu çatmırdı ki, Erol onun ağlamağını görsün. Sabir demişkən: Ağladıqca kişi qeyrətsiz olur.
Nə ağlayırsan burda, Ankarada, böyük, güclü dövlətin arxayın şəhərində, yumşaq kürsülərlə, səsləri hopduran qalın xalılarla döşənmiş otaqda, alaqaranlıq torşerin işığında, bahalı Amerikan siqaretlərini bir-birinə calaya-calaya... Qeyrətin var gedəydin Şuşanın uğrunda döyüşməyə. Özünün-özünə verdiyi bu sual-ittihamlara nə cavab vermək olardı? Yaşının əlli səkkizi haqlaması, diabeti, radikuliti, yüksək qan təzyiqi. Gözü də zəifləmişdi — andıra qalmış diabetin fəsadları... Universitetdə təhsil illərində hərbi təlim saatlarından başqa heç vaxt əlinə silah almamışdı, heç ov tüfəngi də götürməmişdi. Bunlar hamısı belə, amma, amma, amma...
«Döyüşə bilmirdin ölməyə gedəydin Şuşaya». Haçansa vəsiyyət eləmişdi — öləndə məni Şuşada basdırın — demişdi — nənəmin, babamın yanında. Gedəydin, öləydin, basdıraydılar...
Kim basdıracaqdı? Şuşa, onun Şuşası, babasının, nənəsinin, anasının Şuşası düşmən əlindəydi. Ermənilər buraxardılar onu Şuşaya? Ölməyə də buraxmazdılar heç. Ölür getsin ayrı yerdə ölsün...
Ayrı yerdə ölməyə də cəsarəti çatmamışdı. Ürəyi də xiffətdən partlamamışdı. Bura, Ankaraya gəlmişdi, konqresə. Əslində, konqres də bəhanə idi, bura işə düzəlməyə gəlmişdi. Böyük amallar, mühüm milli vəzifələri yerinə yetirmək də deyildi məqsədi. Sadəcə işləyib para qazanmaq istəyirdi — qızına cehiz almaq üçün. Vəssalam. Bir dəst mebel — taxta-tuxta. Həqiqət bu idi. Bu həqiqəti çeşidli yalanlarla, təmtəraqlı sözlərlə bəzəmək istəmirdi. Hər halda öz gözlərində, öz-özüylə təkbətək, başbaşa söhbətlərində. Başqalarına isə izah etmək belə istəmirdi. Kimə nəyi izah etmək olar ki? Kimə izah edə bilərdi ki, otuz il ali məktəb müəllimi ola-ola bir həsirdir, bir Məmməd Nəsir. Kimə başa salmalıydı ki, gözünün ağı-qarası aman-zaman bircə qızı var, qızı bir il bundan qabaq nişanlanıb, nişanlısı yaxşı, tərbiyəli oğlandı, amma yoğun yerdəndi, atası yeni qurulmuş şirkətlərdən birinin rəhbərlərindəndir (ya sahibkarlarındandır — bunlardan Kərim baş çıxara bilmirdi), anasının da forsu adamı yıxır. Bu nigaha o qədər könülləri yox idi, yəqin özlərinə bab olan qudalar umurdular, ürəklərindən ayrı səviyyəli qohumluq keçirmiş. Amma oğlan iki ayağını bir başmağa dirəmişdi və axır valideynləri də balalarının ürəyini qırmadılar. Tamilla deyirdi ki, «biz də qızımıza heç olmasa ən elementar cehiz verməliyik ki, heç vaxt başına qaxınc eləməsinlər». Bütün bunları ürəyində qubar eləyən qızına Tamilla: «Heç fikir eləmə — demişdi — dünya dağılsa da el adətiylə bütün cehizini verəcəyik». Tamillanın sözü sözdü, sözünün üstündə duracaq, amma bu sözü gerçəkləşdirmək Kərimin boynuna düşürdü.
İlk dəfə Bakıda, simpoziumda bu fikir gəldi başına. Daha doğrusu Behicə xanım saldı bu fikri Kərimin başına. Erol da, Doğan bəy də, Behecə xanım da Kərimin məruzəsini çox bəyənmişdilər. Behicə xanım: — Kerim bey, İstanbulda bizim Universitetde Azeri edebiyyatından ders vermek istermidiniz — dedi.
Teklif o qədər gözlənilməz oldu ki, Kərim karıxdı, bir cavab verə bilmədi. Simpoziumdan sonra Sədyar, Kərim, müəllimlərdən bir neçə başqası da vardı. — Türkiyəli qonqaları nahara dəvət elədilər. Sədyarın 8-ci mikrarayonda «Ailə» restoranında tanışı vardı, telefon elədi, sifariş verdi, ora getdilər, Behicə xanım Kərimin yanında oturmuşdu, məclisdə yeganə xanım idi. Hamı dönə-dönə onun sağlığına içir, təmtəraqlı, mübaliğəli sözlər deyirdi. Behicə xanım lap kövrəlmişdi, «heyatımın en mutlu anlarını yaşadım bu akşam» — deyirdi. Bir qədər içmişdi, xumarlanmışdı və Kərəmə şəxsi həyatının incə mətləblərindən danışırdı: Behicə xanımın zil qara saçları, məsum və bir az yazıq, bir az utancaq, çəkingən təbəssümü vardı. Alınmış qaşları dodaqlarıyla eyni biçimdə, eyni naziklikdə idi — sanki qaşlarının çəhrayıya boyanmış, alt-alta düzülmüş təkrarı idi. Dodaqlarını büzməsi də, qaşlarını çatması da eyni emosional ovqatını ifadə edirdi. Ərə getməmişdi. Səbəbini təbii ki, açıqlamadı. Trafik qəzada həlak olmuş ablasının — böyük bacısının qızını saxlayırdı. Qəza zamanı beş yaşında olan qızcığaz sağ qalsa da, beyin zədəsi almışdı. İndi on beş yaşındaydı, ancaq bir neçə kəlmə tələffüz edə bilirdi və fikrini böyük çətinliklə çatdırırdı. Üstəlik qoca, gözləri işıqdan düşmüş anası da Behicə baxdı.
Behicə həyatının bir qəribə səhifəsini də açmışdı Kərimə: Həftənin altı günü Universitetdə dərs deyirdi, həm də ədəbiyyat fakültəsinin böyük başqanı — dekanı idi. Hər həftə cüma ertəsi — şənbə günü dərslərini bitirdikdən sonra gecə qatarıyla Ankaraya gedər, bazar günü axşam yenə də gecə qatarıyla İstanbula qayıdardı. Ankarada elə bir işi, görməli adamları ya görmədiyi yerlər yox idi. Bu səfərin bütün kefi, ləzzəti — yol idi. Gecə qatarında ayrıca kupe, nəfis yol xidməti, vaqon yatağının adamı nənni kimi yırğalayan ahəngi — «həyatımın tək bir lüksü bu» — Behicə xanım, yəni ki, tək bir ləzzəti, keyfi.
Kərim tərəfindən heç bir təşəbbüs göstərilmədisə də Behicə xanım təklifini bir də təkrar etdi:
—Gelin İstanbula, muhakkak bizim Universiteye. Behicə xanım yüngülcə məst olsa da lazım olan sənədlər barəsində Kərimə məlumat verdi: bir diləkcə —yəni ərizə, «özgecmiş» — yəni tərcümeyi-halı, fotolar, diplomların surətləri.
Gecə Tamillayla məsləhətləşdi «heç ağlıva ayrı fikir gətirmə də... Bunun daha oyan-buyanı yoxdur... Bu bir şansdır, baxtımıza çıxıb, mütləq getməlisən».
Lazım olan sənədləri topladı, İstanbula gedən həmkarlardan biriylə Behicə xanıma göndərdi. Həmkarı qayıdarkən «verdim sənədlərini Behicə xanıma, intizarla yolunu gözləyir» — dedi.
Kərim bir dəfə İstanbula, Behicə xanıma telefon etdi, danışa bilmədi. Bir ay sonra baş tutmamış bu danışığın belə böyük hesabı gəldi ki, daha ikinci dəfə zəng etməkdən vaz keçdi. Üç ay bundan qabaq isə belə bir fürsət düşdü: eşitdi ki, Ankarada konfrans olacaq, dekanları Sədyardan xahiş elədi onu da aparsınlar. Sədyar əvvəl bir az nam-nüm elədi, başqasına söz verdiyini bəhanə gətirdi. Amma Kərim də ömründə bəlkə ilk dəfə üzünə saldı, israr elədi: «İt-qurd gedir, mən indiyəcən sərhəddən kənara çıxmamışam. O vaxtlar atama görə qoymurdular. Yeri gəlmişkən onu da deyim, bəlkə bunu heç deməli deyildim, amma məcburam, atam Türkiyə məhəbbətinə görə neçə il sürgün çəkib. Elə mən özüm də bu sarıdan az kötək yeməmişəm. Olmaz axı ki, Türkiyənin cəzasını biri çəksin, səfasını başqası».
Sədyar güldü:
—«Qud bay, ay, oyu» deyirsən?
—Yaxşı, hər şeyi zarafata salma. Jiddi danışıram səninlə.
—Mısmırığını sallama, bir şey fikirləşərik.
Bir ay bundan qabaq Sədyar:
—Qədrimi bilməzsən, — dedi və zərfi Kərimə uzatdı — Bu da sənin dəvətin.
Kərim düşünürdü ki, təki bir Ankaraya düşüm, konfransda məruzə edim, onda hər şey düzələcək. Məruzəsinin böyük maraq doğuracağına zərrəcən şübhəsi yoxdu. Qəti bilirdi ki, məruzədən sonra onu müxtəlif Universitetlərə dəvət edəcəklər, amma o verdiyi sözə xilaf çıxmayacaq, mütləq Behicə xanımın işlədiyi Universitetə gedəcəkdi.
Məruzəsini on il bundan qabaq etdiyi kəşf üstündə qurmuşdu, Mərəzidə Diri baba türbəsinin yanında yol çəkərkən qayanı partlatmışdılar və qayanın altından çıxan daş arxeoloqların diqqətini çəkmişdi. Qəbir daşı deyildi, çox iri idi — müxtəlif yerlərdə tapılmış Oğuz qəbirlərindən də iki-üç dəfə iri idi — üç-dörd metr hündürlüyündə, üstündə anlaşılmaz işarələr vardı. Kərim bu daşı görən kimi elə bil ürəyinə damdı ki, burda nə isə bir sirr var və bu sirri məhz o, Kərim açmalıdır. Daş yaxşı işlənmiş, hamarlanmışdı, geoloqların rəyini, kimyəvi, spektral təhlilər də təsdiq etdi — daşın ən azı iki min yaşı vardı. Yəni daş insan əliylə azı 2000 il bundan əvvəl işlənmişdi.
Kərimi cəlb edən daşın üstündəki işarələr idi. Görünür daşın bütün sahəsi sıx işarələrlə dolu imiş, amma indi hamısı pozulub yox olmuşdu, yalnız yuxarı tərəfində pərakəndə halda səpələnmiş iyirmi-iyirmi beş işarə qalmışdı. Kərim kağız üzərində işarələrin surətini çıxartdı və sonsuz heyrət, sevinc və həyacan içində dərk elədi ki, bu işarələr Orxan kitabələrinin həriflərinə uyğun gəlir. Deməli yazı qədim türk dilində idi. Arada həriflər pozulmuş, itib getmişdi, amma «ay... oy... an... kut... itik... a...r» həriflərini aydınlaşdırdı. İki sözü isə tam oxumaq olurdu «ulu» və «ata». Gecə-gündüz bu həriflər haqqında düşünür, onların hansı sözlərin qəlpələri, qalıqları olduğunu müəyyənləşdirmək üçün müxtəlif fərziyyələr qurur və fərziyyələr əsasında tam bir cümlə, bir ifadə, bir fikir yaratmaq istəyirdi. Nə gecəsi vardı, nə gündüzü, günün on səkkiz saatını bu barədə fikirləşir, yatanda yuxusuna da girirdi bu həriflər. Dönə-dönə Orxan-Yenisey yazılarını ələk-vələk edirdi, qədim türk dili lüğətlərinə baxırdı, başqa mənbələri, qaynaqları araşdırırdı və bir gecə elə bil yuxuda vəhy gəldi Kərimə. Hövlnak oynadı, masaüstü çırağının yandırdı... ürəyi az qala atdanıb köksündən çıxacaqdı. Üstündə daşın surəti olan planşeti çıxardı və sanki öz əliylə yazıbmış kimi çatışmayan hərifləri yerinə qoydu: «Bayat boyundan ulu qorkut ata bitiçki aydır» (yaxud ayıtdı).
Heç bir şəkk-şübhə ola bilməzdi. Daşın üstündə məhz bu cümlə yazılmışdı «Kitabi Dədə Qorqud»dan daha qabaqlar «Bitkiçi (yəni kitabçı, kitab yazan) ulu xan Ata» adlı bir əsərin mövcud olduğunu mənbələr xəbər verirdi. «Kitabi Dədəm Qorqud»un qaynaqları məhz bu kitabda idi və indi Orxan yazılarını xatırladan bu daşdakı yazı Türkologiyada inqilab olacaq bir əsərdən xəbər verirdi. Bu kəşf idi — Tomsenin1 tapıntısından sonra türkolojidə ən böyük kəşf.
Orxan yazılarından on min kilometrlərlə aralı bir yerdə, burda Azərbaycanda həmin əlifbanın nümunəsi, həm də Dədə Qorqudla bağlı danılmaz sənədi tapılmışdı. Bu hər şeyi həll edir və neçə-neçə alimin illər boyu ürəklərində bir güman kimi yaşatdıqları ehtimalı həqiqət kimi təsdiq edirdi. Ən azı iki min il bundan qabaq bu torpaqlarda türk dilində danışan insanlar yaşayıb, bayat qəbiləsi — Qorqudun, Füzulinin əşirəti varmış, həm də bu boyun öz yazısı mövcud imiş və yazılı abidələrini də soraq kimi qoyub gediblərmiş — neçə əsrlər qayanın altında qalıb gizlənmiş soraq, ismarış, təsdiq, sənəd... Sevincinin fərəhini, içini dolduran duyğuları ifadə etməyə Kərim o gecə söz tapmırdı. Axı bu yazılar Orxan kitabələrindən də azı beş-altı əsr qədim idi. Bəlkə bu əlifbanı da elə buralardan, Qafqazdan aparmışdılar o uzaq yurdlarına. Qədim türklərin hərəkət axını bəlkə Şərqdən Qərbə deyil (indiyəcən belə qəbul olunub), Qərbdən Şərqə olub. Təbii ki, o gecə gözünə yuxu getmədi. Elə gecəykən inandığı, bu kəşfin mənasını anlaya biləcək və buna sevincək bir-iki adama telefon etmək istədi. Özünü güclə saxladı. «Gecənin bu çağında... yaxşı deyil...».
Səhər açılar-açılmaz üç-dörd adama zəng elədi, muştuluq istədi. Mirəli Seyidov çox sevindi, o biri ikisi xəbəri sakit qarşıladı, dördüncü isə hətta şübhələrini gizləmədi... «Hələ çox araşdırmalar aparmaq lazımdır» — dedi. Sədyarın: «Ay... oy... qud bay...» zarafatları, Kərimə sataşmaları da o vaxtdan başladı.
Kərim əlavə materiallar toplamağa çalışdı. Bildi ki, elə o həndəvərdə Şamaxının Xınıslı kəndində qədim daş bütlər tapılıb, amma arxeoloqlar bu hekayələri bir otağa yığıb qapısını qıfıllayıblar, açarı da ciblərinə qoyublar, heç kəsə göstərmirlər; Gələcək dissertasiyalarını bədnəzərdən gizlətmək üçün. Kərim bir yol tapdı, açarı cibində gəzdirən arxeoloqun qılığına girdi. Şamaxıda, Akademiyanın evindəki sirli qapını açdırıb bir dəfə, tək bircə dəfə o heykəlləri görə bildi və hətta köhnə «Zenit»iylə ikisinin şəklini də çəkdi. Onunçün artıq heç bir şübhəyə yer qalmadı. İki min il yaşlı bu daş büt-heykəllər də fikrini təsdiq edirdi — onlar Tuvada tapılmış və bütün elm aləminə çoxdan məlum olan qədim Türk heykəllərinin, bütlərinin, balbalların ekiz qardaşı idi — tipaj, üslub, ölçülər — eyni idi.
Məqaləsini «Sovetskaya türkologiya» jurnalında çap etdirdi. Elə bir əks-səda doğurmadı. Yalnız partiya iclasında Çopur Jabbar — partkomları idi — ağzı köpüklənə-köpüklənə alovlu çıxış elədi. Çopur Jabbar kürsüyə qalxanda hərə bir bəhanə ilə birinci sıradan arxa sıralara keçirdi — tüpürüklərin üzərinə sıçrayacağından qorxurdular.
Çopur Jabbar:
—İndi də təzə pantürkistlər peyda olub — deyirdi — Kərəm Əsgər oğlu. Təzə deyəndə çox da təzə deyil, elə nəsillikcə pantürkistdirlər, — atası Əsgərə çaxır atırdı, üzünə tüpürdüyünü unutmamışdı. — Balam bəsdi bu bədbəxt xalqa dədə-baba axtardınız, bəsdi bu yazıq milləti türkün quyruğuna bağladınız. İndi də bu dəb düşüb. Hər yerindən duran dilletant hər yerdə türklərin izini axtarır. Jəsarətiniz olsun, birdəfəlik elmi həqiqəti qəbul edin — X-XI əsrlərə qədər burda türklər olmayıb. Midiyalılar olub, alban tayfaları olub, müxtəlif qəbilələr olub — Azərbaycan xalqının əcdadı da onlardır. Yoxsa biri bir daşın üstündəki ilan-qurbağanı istədiyi kimi yozur, biri nə bilim varsaqdan, sarsaqdan yapışır... Bəsdir bu xalqın taleyilə oynadınız.
Deyib, deyib doydu. Başını əydi Kərimə elə gəldi ki, Çopur Jabbar uzun burnuyla dediklərinin sonuna bir nida işarəsi qoydu — nöqtəsi də bığı.
1984-cü ilin sentyabrında idi Çopur Jabbarın bu tarixi çıxışı. 1988-ci ilin sentyabrında isə... Eh, yenə xatirələr baş alıb gedir, yenə Çopur Jabbar... Adam tapdın haqqında düşünməyə. O vaxt az qala Kərimi partiyadan çıxaracaqdılar. Sədyar qoymadı, qanadı altına aldı. Amma zarafata salıb Kərimi də məzəmmət elədi.
—Sənin də başına iş qəhətdi? Nə yapışmısan bu «qud bay»dan.
—Sən nəyə qud bay deyirsən?
—«Qud bay» ingiliscə «sağ ol» deməkdir. Sənin daşındakı yazını «Qud bay» kimi də oxumaq olar axı. Bəlkə bizim əcdadlarımız ingiliscə danışırmış, hə?
—Bir dəfə cidd ol. Elm ciddilik tələb edir.
—Əksinə sənin elmin ciddi deyil. «Oy»nan, «ay»nan elm yaratmaq olmaz. Həm də nəyinə gərəkdir aparıb bizi türklərə calamaq.
—Bəs səncə biz kimik?
—Qoy oturmuşuq, sən allah, qan çıxmayan yerdən qaşıyıb qan çıxartma. Çopur Jabbar elə bir girəvə axtarır.
Bir neçə aydan sonra Londondan, məşhur türkoloq Jorc Luisdən məktub aldı. «Türkologiya» jurnalında Kərimin məqaləsini oxumuşdu, çox maraqlanmışdı, daşın foto-surətini ona göndərməyi xahiş eləyirdi. «Möhtərəm mister Əsgəroğlu. Fərziyyənizi lazımi elmi aparatla sübut edə biləsəniz — mən isə buna inanıram ki, edəcəksiniz — bu doğrudan da böyük bir kəşf ola bilər, türkologiyada yeni bir dövr açır».
Bundan sonra Kərimə bir az daha ciddi yanaşmağa başladılar, amma sonra hadisələr elə sürətlə getdi, siyasi axınlar hər kəsi elə çuğladı ki, Kərimin kəşfi — ictimai şüurun çoxdan ötüb-keçmiş, heç bir şəkk-şübhə oyatmayan faktı kimi qəbul olundu və unuduldu. O kəşfin mahiyyəti də, Kərimin özü də heç kəsin vecinə deyildi. «Min illərdən bəri türklərin vətəni, Dədə Qorqudların yurdu olan Azərbaycan» — qəzet klişelərinə, qəliblərinə çevrildi. Kərimin axtarışları — guya ki, qəti təsdiq olunmuş aksiomaların lüzumsuz sübutu kimi artıq gərək deyildi. 1988-ci ilin sentyabrında Azadlıq meydanında mitinqdə Çopur Jabbar minlərlə insan qarşısında:
—Bəsdir köklərimizi dandıq, — deyirdi. — Bəsdir türklüyümüzü, həqiqi əcdadlarımızı, soyumuzu, kökümüzü inkar etdik. Kökümüzə qayıtmalıyıq. Azərbaycanlıların türklüyünü şübhə altına alan vətən xainlərinin, milli satqınların ağzını birdəfəlik yummalıyıq. Min illərdən bəri bu yerlər Türk torpaqları, Dədə Qorqud yurdu olub və min illər boyu da türk yurdu, Dədə Qorqud vətəni də olaraq qalacaq.
İztihamın uğultusu, kəsib qurtarmayan alqışları Jabbarın alovlu nitqinə cavab idi. Kərim də bu izdihamın içindəydi və qulaqlarına, gözlərinə inanmırdı. Yuxumu görür?... Bu sözləri deyən həmin o Jabbardır, Çopur Jabbar? «Aman allah, yenə Çopur Jabbar! Meymunu yada salma».
Amma Kərimi ən çox təəccübləndirən, hətta bir az pərişan edən o idi ki, burda Ankarada da məruzəsi böyük reaksiya doğurmadı. Çıxışından sonra yalnız çox qoca bir kişi — bu məşhur qorqudşünas Fəxrəddin bəy idi — çəliyinə dayaqlanaraq Kərimə yanaşdı, təbrik etdi. — ben ömrüm boyu eserlerimde türklərin bu torpaklarda miladdan çox öncə yerleşdiklerini kanıtlamışım — dedi.
Sədyarın məruzəsi qat-qat daha böyük uğur qazandı. Əlifba məsələsindən danışırdı, «X», «Ə» hərflərinin Azərbaycan dilində heç bir əhəmiyyətə malik olmadığını isbat edirdi». «Bu hərflər aynı dil olan Azəri ləhcəsini Türkiyə türkcəsindən ayırır, bu hərflər bizə gərək deyil» — deyirdi. Bu sözlərdən sonra salonda gurultulu alqışlar qopdu.
Ankarada «Stad» otelində Sədyarla bir nömrədə qalırdılar. Kərim Sədyarı uğuruyla təbrik eləyəndən sonra soruşdu:
— Deyirsən dillərimiz arasında heç bir fərq yoxdur?
—Sadyar:
—Əlbəttə, — dedi. — Nə fərqi var ki, səncə?
Kərim:
—İndi aşağıdaydım, — dedi — vestibüldə. Bakıdan turistlər gəlib. Bizim bu oteldə yerləşirlər. Belə bir dialoq eşitdim. İnzibatçı bizim turist qadınlarımızın birinə:
—Sizə iki kişilik oda veriyorum, — deyirdi. Qadın hiddətlə:
—Mənə özgə kişilərlə nöş otaq verirsən, — deyirdi — öz ərimə nə gəlib bəyəm.
İnzibatçı:
—Er nə, kocamı? — deyirdi. Qadın daha artıq qeyzlə:
—Qoca nöş olur, — deyirdi — lap cavan, bığıburma ceyildü.
Sədyar şaqqanaq çəkib güldü.
—Boşla, sən allah, — dedi — Burda belə çıxış eləmək lazımdı, brat. Gördün necə qarşıladılar? Ayrı cür danışarsan bir də çağırmazlar. Amma öz aramızdı, o bardakı qızı gördün. Əntiqə şeydi hə... Hökman tanış olacam onunla. Yaxşı sənin işlərin necə oldu?
—Dedilər YÖK-ə getmək lazımdır. Bəlkə İstanbula getməli oldum. Məruzənin qonorarını aldım, öyrəndim, o baş-bu başa avtobusa çatır. Üç gün də vaxtımız var.
—İstanbulda nə işin var, qağa? Telefonla zəng elə də..
—Görüm də, bir YÖK-ə dəyim. Amma getmək istərdim. Axı İstanbulu görməmişəm. Həm ziyarət, həm ticarət.
Sədyarın heç ürəyindən deyildi bu İstanbul səfəri. Necə olsa, nümayədə heyətinin rəhbəri idi. Məsuliyyət daşıyırdı.
YÖK-də dedilər ki, Unversitetdən Kərim haqqında heç bir kağız-zad gəlməyib. Yaxşı olar ki, Kərim özü İstanbula getsin, məsələni orda aydınlaşdırsın. Kərim xahiş elədi ki, Behicə xanımla telefon eləsinlər, öyrənsinlər. Nəzakətli məmur dəftərçəsinə baxıdı, sonra kodla İstanbula yığıb Behecə xanımı istədi. Məlum oldu ki, Behicə xanım yerində deyil, amma sabah ikidə işdə olacaq. Məmur:
—En iyisi kendinizin İstanbula gedib sorunu cözmənizdir, - dedi – Universite dokumanları bizə iletirse hemen ayarlarız.
İstanbul avtubusuna bilet götürüb otelə qayıtdı. Nömrəyə qalxdı. Sədyarla bayaq barda gördükləri qız qarşı-qarşıya oturub konyak içirdilər. Sədyar Kərimi görüb tükünü də tərpətmədi, nədənsə rusca:
—A vot i naş qeroy, - dedi, Kərimə baxdı – poznakomsya, Nataşa, okazıvaetsa, naşa sooteçestvennisa.
—Da ne Nataşa ə, qovorö cu tebe, Nadə menə zovut, Nadecda.
—Eto yeşo xoroşo. Nadecda vseqda xoroşo. Nado nadeyetsa. Budem nadeyetsa. Nadejda xanum naşa sooteçestvennisa, vernee bıvşiy sooteçestvennisa iz bıvşı Sovetski Soyuz. İz Odessa. Tı seyças qrajdanka kakoqo qosudarstva – Rossiya, Ukraina?
—Kərim fikir verdi ki, artıq «sənlə» danışırlar.
—A ə qracdanka mira, - dedi Nadecda – qde xoroşo, tam i rodina.
—Ay sağ ol, - dedi Sədyar.
—Sağ ol – gto spasibo – dedi Nadecda – znaö, u menə priətelğ bıl qruzin.
Sədyar:
—Mı ne qruzinsı, - dedi – mı azerbaydcane.
—Dlə menə vse kavkazüı na odno liüo, çto azerbaydcanüı, çto qruzinı, çto arməşki. Arməşek ə pravda ne löblö.
—Ay molodes, - dedi Sədyar – pravilno delaeş, davay budem vıpit za tebya, - sonra Kərimə döndü – içəcəksən?
- Yox, bir az işim var. Getməliyəm.
- Hə, onu lap düz eləyirsən, - dedi Sədyar və bic-bic gülümsündü.
-O çem gto vı balakaete? – dedi Nadejda
-O delax, - dedi Sədyar – İstanbula gedəsi olmadın?
-Axşam gedirəm.
Sədyarın gözləri güldü:
-Əla, - dedi – Sağ ol, sənin sağlığına. Budem vıpit za moy druqa. On znaeş kakoy bolşoy uçenı.
—S udovolstviem. A poçemu on uxodit?
—U neqo svidaniya s ministrom. Vernetsa tolko zavtra.
—Jalğ – dedi Nadecda – Uçenıe moə slabostğ. Bolşe vseqo v mucçine ə üenö intellekt.
—Ə toce oçen bolşoy uçennı, - dedi Sədyar – ne veriş, sprosı u neqo, — sonra nədənsə Kərimə üzrxahlıq eləməyə başladı: Bratişka, qınama məni – dedi – Beş günlük dünyadı kasıbçılığımızı eləyirik də.
Bratişka sözünü başa düşən Nadecda:
—Vı çto, v samom dele bratğə? – dedi
—Eşe luçşe çem rodnoy brat, - dedi Sədyar
Kərimin daha səbri tükənirdi, lazım olan sənədləri çantasına atıb xudahafizləşdi. Nömrədən çıxdı, liftin düyməsini basıb gözləyirdi ki, Sədyar dalınca gəldi, cibindən bir ovuc dollar çıxarıb Kərimə uzatdı:
—Götür lazımın olar.
Sədyarın bu üzü də vardı. Pulu da vardı, səxavəti də. Varlığa nə darlıq. Amma o qədər köpüyünü güdən varlılar var ki...Bəlkə ona görə əliaçıqlıq edirdi ki, Kərimin heç vəchlə pulu götürməyəcəyini də bilirdi.
—Sağ ol, varımdı.
—Ə, nə töhür yəni varımdı, guya mən bilmirəm. Götür deyirəm sənə ay qud bay...
—Sağ ol vallah, lazım deyil
—Ə, bəsdi ideal qəhrəman, müsbət sovet adamı oldun. Sovet höküməti də çezdi, onun müsbət adamı da. Bir sən qalmısan, bir də dostun Qiyas Zeynallı. Dünyanı siz düzəldəcəksiniz. Götür deyirəm sənə, bilmirəm bəyəm nəyin var, nəyin yox.
Sədyar bəlkə də istəmədən, qeyri-ixtiyari Kərimin çəkmələrinə, öz ayaqqabılarına baxdı. Kərim qulağının dibinəcən qızardı, yaxşı ki, lift gəlib çıxdı, qapısı açıldı, Kərim cəld içəri dürtüldü və Sədyarın ovcu pul dolu əli uzana qaldı.
***
—Erol qəhvələri gətirəndə «Şuşa» mahnısı hələ bitməmişdi.
—«Şuşa» yeni şarkımı?
Kərim:
—Əvət, yeni, - dedi – lap yeni. Şuşanı itirib üstündə ağlayırıq.
Erol qədəhlərə viski süzdü.
—Buz koyalımmı?
—Qoy
—Soda?
—Xeyr.
Erol:
—Şerefine içmek istiyordum, - dedi – ama biliyormusun neler söyleyeceyem. İçelim Şuşayın şerefine. Şuşayın ermenilerden kurtulması şerefine.
Kerimin yadına düşdü; on-on beş il qabaq Bakıda bir məclisdə idi. Macarıstandan Sədyarın bir qonağı gəlmişdi. Sədyar Kərimin qulağına əyildi:
—İndi bir tost deyəcəyəm, yalnız üçcə kəlmə söz, Tonço (qonağın adı Tonço idi) ağlayacaq. Görəcəksən.
Tonçonun heç ağlıyası görkəmi yox idi, yanındakı qadnlara lətifə danışır, xanımlar da, özü də xımır-xımır gülürdülər.
Sədyar:
—U menya tost, - dedi –proşu vnimaniya.
Hamı diqqət kəsildi. Tonço da lətifəsinə ara verib natiqə baxırdı. Rusca bilirdi Tonço. Sədyar:
—Vıpyem za Transilvaniyu, - dedi
Hamı mat-mat bir-birinə baxdı. Kərimin gözü Tonçoda idi. İnsan sifətinin birdən-birə belə kəskin dəyişdiyini heç vaxt görməmişdi. Tonçonun əvvəl rəngi qaçdı, ağappaq oldu, üzündəki təbəssümün qalıqları silinib getdi, bir an donub qaldı, sonra yavaş-yavaş durdu, səndirləyə-səndirləyə – xeyli içmişdi – masanın o başından bu başına gəldi, Sədyarın qarşısında diz çökdü, əlini öpdü və hönkürüb ağlamağa başladı.
Neçə il keçmişdi, amma bu səhnə indiki kimi Kərimin gözləri önündəydi. Onu bilirdi ki, Transilvaniya macarların Macarıstandan alınıb Rumıniyanın tərkibinə salınmış torpaqlarıdır, amma Macarların belə ənənəvi tostları olduğunu və bu tostun bu qədər təsir gücünə malik olduğunu bilmirdi.
İndi də bizim də aqibətimizdirmi bu - deyə düşünürdü Erolgildə – Şuşanın sağlığına tost deyib ağlamaq?
İçdilər, başqa mahnılar dinlədilər, yenə içdilər, danışdılar, dərdləşdilər. Erolun ata-babası Krım tatarlarından imiş. Erol danışırdı ki, bir neçə il bundan qabaq Daşkənddə olarkən orda krımlı əqrəbalarından birini axtarıb tapıb. Krım tatar şairi imiş, 44-cü ildə doqquz yaşındaykən bütün ailələriylə birlikdə Özbəkistana sürüblər. Erola danışırmış ki, ən son vaxtlara qədər şerlərimizdə «dəniz» sözünü işlətməyə senzura icazə vermirdi. Özbəkiztanda dəniz yoxdur. Dənizdən yazırsansa deməli Qara dənizi, Krımı, vətəni xatırlayırsan. Bu isə yasaqmış. «Pezeveng herifler – Erol ayı kimi fısıldayırdı – nasıl da insanlara bu kadar zor etmək olur?».
- Mutlaka git İstanbula. Amma ben sevmem İstanbulu. Babam da sevmezdi, denizleri sevmezdi. Krımı hatırlatırdı ona.
Hatıralardan kaçardı hər zaman. Bana da belgi ondan keçmiş. Ama biliyormusun bazi istanbullular da Ankarayı hiç sevmez. Yahya Kemalın espirisini duydunmu hiç? Ankaraya gelmiş, İstanbula dönerken soruşmuşdur: Ankaranın nesini beyendiniz? İstambula geri dönmemi – demiş adam.
Erol şaqqanaq çəkib gülür, artıq azacıq keflənib: - İstambulun havası, parası, karısı... – visgidən bir qurtum da alır. – Unutma kardeşim. İstambul bir az Bizansdır...
Avey, ayakkabılarınızı temizletmek istermisiniz?
Qarşısında səkkiz-doqquz yaşlı bir uşaq dayanmışdı, qutusunu kəmərlə buynundan asmışdı, fırçası, boyası da əlindəydi.
Kərim:
-Yox, təşəkkür, - dedi, saatına baxdı. İkiyə on beş dəqiqə qalırdı. Vaxt yetişmişdi.
Universitetə tərəf addımladı.
Universitetin birinci mərtəbəsində geniş foyenin iri pəncərələri Boğaza açılırdı. Pəncərə önündə Samofrakiyalı Nikenin – Zəfər ilahəsinn – başı qopub itmiş heykəli qanadlarını gərmişdi. Foye gənclərlə dolu idi. Oğlanlar və qızlar pilləkənlərin, mühəccərlərin üstündə oturmuş, çöməlmiş, bardaş qurmuşdular. Bəziləri qol-boyun olub ara-sıra öpüşürdü. Heç nə, heç kəsin vecinə deyildi. Demək olar ki, hamısı oğlanlar da, qızlar da siqaret çəkirdi. Bəzən oğlanla qız eyni bir siqareti sümürürdü, növbəylə hərəsi bir qüllab alırdı. Bir dəstə qız da toplanıb kənarda durmuşdu, hamısı uzun paltardaydı, başları örtüklü. Saçlarını, boyun-boğazlarını bürümüşdülər, ləçəyin haləsində yalnız sifəti qalmışdı — alın, gözlər, burun, ağız, çənə... Qulaqları belə qapalıydı. Kərim eşitmişdi ki, bəzi dinçi əcnəbi ölkələr başlarını örtən qızlara xüsusi təqaüdlər ayırır, əgər kiməsə hicabi təbliğ etmisənsə o da, təbliğ edən də əlavə məbləğ alır. Hətta dini adlar daşıyan qızlar — Xatçelər — Xədicələr, Fatimalar, Aişələr də yalnız elm adlarına görə pulla təltif olunur. Doğrudan da belə idimi ya şayiə idimi bu — solların buraxdığı şayiə? Bilmirdi, amma oğlanın dizi üstündə oturub siqaret filəyən qıza baxanda «nə elə, nə də belə» deyə düşündü. Dərhal onu da düşündü ki, yenə içindəki əsgi sovet adamının donuq əxlaq qəliblərindən çıxa bilmir. Hər halda bu qalabalığa göz qoyurdu, bəlkə gənclərin arasında onun gələcək öyrənciləri — tələbələri də vardı. Bakıda uzun illər boyu nəsilbənəsil dərs dediyi tələbələrini xatırladı. Bir vaxtlar yaman fəxr edirdi ki, bəzi keçmiş tələbələri Xalq cəbhəsinin liderləri olub. «Hər halda mənim dərslərimdən də nə isə əxz eləyibmişlər». Praqram dışında tələbələrinə ortaq Türk abidələrindən, Orxan kitabələrindən, Qudatqu Bilikdən, Mahmud Qaşğaridən, Yasəvidən ətraflı danışırdı.
İlk mitinqlərə tez-tez gedərdi. Bir dəfə hətta tribunaya da qalxdı. Mitinqi onun keçmiş tələbələrindən biri aparırdı. Kərimin yaxşı yadındaydı o — ciddi, təmkinli, savadlı oğlan idi. Bir az qaraqabağ idi, adamayovuşmazdı... Doğrudur seminarlara həmişə mükəmməl hazırlaşmış gələrdi, amma dərsdən kənar bir adamla — nə tələbələrlə, nə müəllimlərlə kəlmə kəsməzdi. İndi budur az qala neçə yüz minlik mitinqi aparır, minlərlə par-par parlayan göz ona dikilib. Hər sözünü, hər ifadəsini bircə-bircə dənləyirlər.
O gün tribunada Kərim başqa bir tələbəsinə də rast gəldi. Bu tələbəsini də yaxşı xatırlayırdı. Əl verəndə adamın əlini iki əliylə tutar, itaətlə gözlərinə baxırdı. Nədənsə Kərim adamın əlini ikiəlli sıxanlara həmişə şübhəylə baxmışdı. Zənnində yanılmayıbmış. İsti bir gün idi, bir yandan həyəcan, bir yandan da diabet zəhrimar Kərimin dil-dodağını qurutmuşdu. Tribunanın o biri qırağında «İstisu» şüşələrini gördü, amma adamları yarıb ora keçmək müşkül iş idi, əlini haçansa iki əlli sıxan tələbəsinə: — bala, — dedi, adını unutmuşdu — o sudan mənə bir sətəkan ver.
Kərimə elə gəldi ki, tələbəsi eşitmədi, odur ki, xahişini bir də təkrar etdi.
—Bura su içməyə gəlmisiz? — Kərimin ağzı açıq qaldı, yatsa yuxusuna da girməzdi ki, bu ifrat nəzakətli tələbəsi ona kobud cavab verə bilər. Amma bu da azmış kimi tələbəsi — Burda millətin taleyi həll olunur, — deyə əlavə etdi — bura qeyrət meydanıdır, su dükanı deyil. Mən də su paylayan deyiləm.
Kərimin matı-qutu qurumuşdu. Özünə gələndə yalnız:
—Ay bərəkallah sənin qanacağına, — deyə bildi, amma tələbəsi eşitmədi, artıq arxasını çevirib getmişdi.
İnsan sifətinin dəyişməsini çox görmüşdü Kərim, amma bu sayağını ilk dəfə görürdü. Sonralar bundan betərini də gördü. Sifətlərin yalnız ifadələri yox, sanki cizgiləri də dəyişirdi gözlərinin qabağında. Haçansa ifrat itaətlə baxan gözlərdən kin-küdurət, nifrət yağırdı.
Mitinqi aparan tələbəsi sözü növbəti natiqə verib geriyə çəkildi, Kərimi yalnız indi gördü, ona yanaşdı.
—Xoş gəlmisiniz, — dedi, elə bil Kərim onların evinə qonaq gəlmişdi.
Kərim:
—İslamdan, dinə qayıdışdan danışırsınız, — dedi — bura da Babəkin büstünü qoyursuz. Babək axı İslama qarşı vuruşub. Bu necə uyuşur?
Tələbəsi gülümsündü:
—Siz məsələyə sırf akademik cəhətdən yanaşırsınız, — dedi — Məsələyə isə milli ideologiya baxımından yanaşmaq lazımdır. Biz İslam dininə də arxalanmalıyıq, Babəki də azadlıq simvolu kimi qəbul etməliyik.
—Demək yenə ideologiya?
O gün Əbülfəz də ordaydı, onlara yanaşıb söhbətlərinin axırına qulaq verirdi. Görüşdülər. Əbülfəzlə yaxın olmasa da, onu çoxdan tanıyırdı. Təmizliyinə, əqidə adamı olmasına hörməti vardı. Hərdənbir Əlyazmaları fondunda, Universitetdə, Akademiyada görüşüb hal-əhval tutardılar. Əbülfəz:
—Bu izdiham ki, var burda, — dedi — Bəziləri kütlə deyir, bəziləri xalq, millət deyir, hər halda bu adamlarla danışmağı gərək bacarasan, bəy. Əgər çox yüksək, dərin mətləblərdən danışsan, səni qəbul etməzlər, «o hara, mən hara? Çox yuxarıdan gedir» — deyərlər. Yox, eynən onların səviyyəsində danışsan, yenə qəbul etməyəcəklər, «bunları elə mən də bilirdim də, elə mən də deyə bilərdim» — deyəcəklər. Gərək bir az yuxarıda olsan, ancaq bir azacıq yuxarıda, onda inandıra biləcəksən, onda inanacaqlar.
Əbülfəz indi prezidentdir. Kərim bilmirdi nə dərəcədə bu dediyi meyarlara riayət edə bilir. Çoxdandı görüşməyiblər.
Bir-iki dəfə də mitinqlərə getdi. Danışmağı təklif etsələr də danışmadı. Gur səslə, illah da gurultulu ibarələrlə, şüarlarla danışmağı bacarmırdı.
Mitinqlərin başlanğıcında və sonunda «Koroğlu»nun uvertürası çalınırdı. Bu qəhrəmanlıq musiqisini çağırış rəmzi kimi seçmələri Kərimin ürəyincə idi, amma Xalq cəbhəsinin bəzi xadimləriylə danışanda belə qənaətə gəlirdi ki, onların fikrincə bu uvertüranı da özləri yazıb, Üzeyir bəy yox.
Çopur Jabbarın «tarixi» çıxışını eşidəndən sonra isə daha mitinqlərə getmədi. Amma izdihamın uğultusu uzun zaman qulaqlarından çəkilmirdi. Bir dəfə hətta yuxudan hövlnak oyandı, gecə saat dörd, beşin yarısı olardı, uğultu get-gedə artırdı, elə bil nümayişçilər axını yaxınlaşırdı: nə idi bağırdıqları, yenə «istefa», «istefa»mı? Gecənin bu çağında? Handan-hana başa düşdü: heç bir nümayiş, mitinq filan yox idi. Su borularının səsiydi. Neçə gündür su vermirdilər evlərinə, indi deyəsən suyu buraxmışdılar. Amma su kranlara çatmazdan əvvəl borulardan get-gedə artan bir uğultu gedirdi.
Bir dəfə də getdi Meydana. Səksən səkkizinci ilin noyabrında. Xəstə yatırdı, şəkəri yenə çox artmışdı. Amma Meydanda bir neçə gəncin aclıq elan etdiyini eşidəndə — aralarında tələbələrindən də vardı — dözə bilmədi, Tamillanın bütün etirazlarına baxmayaraq küçəyə çıxdı. Soraqlaşıb tələbəsi qaldığı çadırı tapdı. Soyuq idi. Çadırın içində manqal qalamışdılar. Tələbəsi keçə artırmanın üstündə uzanmışdı. Sifətini saç-saqqal basmışdı, başına yun papaq qoymuşdu, boğazına isti şərf dolamışdı. Ovurdları bir-birinə yapışmış, bənizi qaçmışdı. Kərim uzun-uzadı onu dilə tutdu ki, aclığa son versin, mübarizənin başqa yolları da var... çox danışdı, müxtəlif dəlillər gətirdi. Tələbəsi dinməz qulaq asırdı, bəlkə danışmağa, mübahisə etməyə heyi qalmamışdı, bəlkə Kərimi layiqli müsahib saymırdı, hər halda susmuşdu. Bircə lap axırda, — Yox — dedi və yorğun, batmış boğuq səslə əlavə etdi — müəllim, siz elə yaşamısınız, biz elə yaşamaq istəmirik.
Kərim başa düşdü ki, heç cür onu razı sala bilməyəcək və vaxtilə Abbas Zamanovun ona danışdığı bir söhbəti xatırladı. Otuzuncu illərdə Abbas Zamanov bir müddət opera teatrının direktoru işləyirmiş — dünyanın belə qəribə işləri də olur. Bir iclasda Mərkəzi Komitənin məsul işçisi Üzeyir bəylə bir az sərt danışıb. Üzeyir bəy dərhal ayağa durub otaqdan çıxıb. Məsul işçi özünü itirib: — Abbas — deyib, — get Üzeyir bəyi qaytar.
Abbas Zamanov Üzeyir bəyi pilləkəndə haqlayıb və xahiş edib ki, geri dönsün. «Bir müddət üzümə baxdı, sonra barmaqlarıyla bığını eşib: — Abbas Zamanov — dedi mənə — sən gözünü açıb dünyanı belə görübsən. Amma biz axı ayrı adamlar da görmüşük»...
Abbas müəllim bilmirəm nə münasibətlə bunu danışmışdı, amma Kərimə elə gəldi ki, bu səhnəni öz gözüylə görüb; daha doğrusu elə bil Üzeyir bəyin gözüylə görüb hər şeyi, Üzeyir bəyin daxili nəzərləri qarşısında, xəyalında bu an canlanan tamam başqa sifətləri görüb — Əli bəy, Əhməd bəy, Mirzə Jəlil, Əbdürrəhim bəy, Javid Əfəndi, Əhməd Javad...
Kərim düşündü ki, yalnız müxtəlif xalqlar ayrı-ayrı dillərdə danışmır, çox vaxt eyni bir xalqın müxtəlif nəsilləri də bir-birinin dilini anlaya bilmir.
Behicə xanımın otağını soruşdu, göstərdilər. Qapını açıb içəri girdi. Behicə xanım masının arxasında oturmuşdu, durdu, əlini uzatdı, gülümsündü və ilk dəfə olaraq Kərim diqqət elədi ki, Behicə xanımın yalnız ağzı, dodaqları gülür, gözləri gülmür.
—Hoş gəldiniz, — dedi — ne zaman geldiniz?
—Kərim beş gün qabaq Sədyarla bərabər Ankaraya Konqresə gəldiyini söylədi və çantasını açıb hədiyyəsini — kiçik xalçanı Behicə xanıma təqdim etdi.
—Bunu sizə gətirdim, — dedi — Azərbaycandan bir yadigar.
Behicə xanım bir qədər soyuq ədayla:
—Zehmet çekdiniz, Kerim bey — dedi — buna lüzum yokdu. Bir hafta önce Bakuden bana aynan boylə bir halı getirdilər.
Kərim tutuldu. Nə deyəcəyini bilmirdi. Karıxıb özü də dediklərinin mənasızlığını dərk edərək:
—Əl işidir, — dedi.
Behicə xanım eyni ədayla?
—Halı el işi olur, — dedi və bu əlbəttə belə deyildisə də, Kərimin mübahisə etməyə heç bir həvəsi qalmamışdı.
Behicə xanım xalçanı əliylə uzaqlaşdıraraq:
—Alın bunu lütfen, — dedi — Belki başqa bir tanıdığınıza ikram ediyorsunuz.
Kərim:
—Hədiyyəni qaytarmazlar — dedi; bu kiçik xalçanı təzə ayaqqabı almaq üçün ayırdığı pulun hesabına üstünə əlavə məbləğ qoyaraq aldığını xatırladı.
Artıq ürəyinə dammışdır ki, Bakıdakı məhrəm söhbətləri ruhunda olmayacaq bu görüş. Odur ki, dərhal mətləbə keçdi. YÖK-dəki söhbətindən danışdı və: — buraya sizinlə görüşməyə gəldim, — dedi — dedilər ki, mənim sənədlərimi siz təqdim etməlisiniz.
Behicə xanım:
—Ama biz bu göreve Kazakstanlı bir hocanı davet etdik, — dedi.
—Mənim yeriməmi?
—Yer sizin deyildir ki... Bir yabançı hoca davet etməyə kararlıydıq, düşündük ki, bu kəz Kazakstanlı bir arkadaşı davet edek. Kazaklar da bizim türk kardeşlerimizdir, oyla deyilmi? Türkiyədə kazak edebiyyatını heç tanımazlar.
Kerimin elə bil dili tutulmuşdu. Qarşısında sanki onun Bakıda tanıdığı adam deyildi, tamam başqası idi. Buz kimi soyuq sifət, buz kimi soyuq danışıq tərzi.
...Və həmin anda onu da anladı ki, artıq iş-işdən keçib heç bir şeyi dəyişmək olamaz, hər şey həll olunub.
Necə başa salaydı Behice xanımı ki, neçə aydır bu fikirlə yaşayıb, bütün planlarını, haqq-hesablarını buna əsasən qurub, ailələrinin bütün ümidlərin, bircə qızının gələcək taleyi bu işdən asılıdır. Bunu anlatmaq mümkün idimi, cehiz-filan, taxta-tuxta. Həm də özünü bu qədər alçaldıb bütün bu məsələləri aça bilərdimi? Yalnız:
—Siz özünüz təklif etmişdiniz, — dedi — mən də bütün planlarımı bu təklifə əsasən qurdum.
—Çox üzgünüm. Bu arada bir irtibatımız olmadı. Resmi anlaşmamız filan da yokdu...
Azəri türkcəsində olmayan, amma Türkiyə türkcəsində sıx-sıx işlənən bir söz gəldi ağlına: acımasız. Bu zil qara saçlı, bir-birinə kip kilidlənmiş nazik dodaqlı, gözləri gülməyən qadın nə qədər acımasızdı, bizimcə insafsız, qansızdı. Amma Kərimə qarşı nə qədər acımasız olduğunu özü dərk edirdimi? Bunu ona çatdırmaq üçün nə qədər şeyi anlatmaq gərəkdi — bizim ölkədə Ali məktəb müəlliminin statusundan, real maaşının burdakından nə qədər fərqli olduğundan, haram çörək yemək istəməyən müəllimin, ziyalının sıxıntılarından, onun, Kərimin də artıq məcburiyyət qarşısında qalıb özgəsiyçün pulla dissertasiya yazmasından, daha nə bilim nələrdən söhbət açmaq lazım gəlirdi. Birovuz ayaqqabılarından da söz açaydı gərək, cehizin Azərbaycan mühitində nə qədər əhəmiyyətə malik olduğundan, gəlinin bəlkə bütün gələcək taleyini müəyyənləşdirən amil olmasından uzun bir mühazirə oxumalıydı. Dost-düşməninin Kərimin bu uğursuz təşəbbüsünə münasibətlərini də dilə dilə gətirməliydi — sevinən də olacaqdı, ələ salıb dolayan da, lağa qoyan da, üzündə, ya dalında deyib-gülən də, Tamillaya yanıq verən də... Elə Tamillanın özü nə deyəcəkdi — cəmisi bircə dəfə boğaza yığılıb Kərimə «fərsizin, aciz-avaranın birisən» demişdi, amma demədiyi bütün başqa vaxtlarda da məhz belə düşünmüşdü onun haqqında. Qızının pərtlikdən titrəyən dodaqlarını, doluxsunmuş gözlərini gətirdi xəyalına — bütün bunları necə izah edə bilərdi Behicə xanıma və qururunu qırıb heç izah edərdimi? Bir də bütün bunların axı mətləbə nə dəxli vardı? Heç bir rəsmi təklif, yazlı anlaşma yoxdu ortalıqda. Kefləri belə istəmişdi, ya da püşk Kazakstanlı bir bəxtəvərə düşmüşdü vəssəlam.
Yadına bir rəvayət düşdü. Bir məclisdə xanəndənin oxuması xanın bərk xoşuna gəlir. «Sabah sarayıma gəl, sənə on qızıl bəxşiş verəcəm» — deyir. Səhər xanəndə xanın hüzuruna gəlib vədini yada salanda xan: Yekə kişisən — deyir — dünən sən oxudun mənim xoşuma gəldi, mən də bir sözdü dedim, sənin xoşuna gəldi, day bu gün nə sallana-sallana durub gəlmisən üstümə?
Hələ gör Çopur Jabbar necə onun-bunun yanında Kərimi şəbədəyə qoyub güləcək. Jabbarın nida burnunu xatırlayanda Kərim diksindi: Çopur Jabbar gözlərini düz ona zilləyib baxırdı. Burda, bu otaqda. Hələ içəri girib otağa göz gəzdirəndə Kərimin ötəri baxışlarına tanış bir sifət dəyimişdi. Onda fərqinə varmamışdı. İndi aydın görürdü. Çopur Jabbar idi, kitab rəfində iri fotosundan Kərimə baxırdı. Hələ bir rişxəndlə, istehzayla irişirdi də... Fotonu Behicə xanıma yazmışdı Çopur Jabbar.
—Jabbar — «Jabbar bəy» deməsi lazım idi, amma ona «bəy» deməyə dili gəlmədi — burdaydımı?
—Evet.
—Nə zaman gəlmişdi?
—Şubatdaydı qaliba — Behicə xanımın soyuq baxışlarında bir şübhə çaları da vardı. Kərim üçün hər şey yavaş-yavaş aydınlaşdı, hətta Behicə xanım sualını verməsəydi də məsələ məlum idi.
Behecə:
—Bir soru sora bilirmiyim, Kərim bey? — dedi.
—Buyurun.
—Siz kommunistmisiniz?
—Kommunist idim. Şimdi nə kommunist partiyası var, nə də kommunistlər. Nədən ilgilənirsiniz?
—Hiç.
İstədi deyə ki, şəklini başının üstündən asıb gülməşəkər saydığın Çopur Jabbar da kommunist idi, həm də bizim partkomumuz idi. Həm də o vaxtlar məni pantürkizmdə suçlayaraq partiyadan qovdurmaq, yəni o zamankı meyarlarla məhv etmək, evimi yıxmaq niyyətində idi. Demədi.
İstəyirdi deyə ki, Çopur Jabbar həm də yoncadır, yəni xəfiyyədir, casusdur, əmniyyət ajanıdır. Demədi.
İstədi deyə ki, Çopur Jabbar həm də bütün Azərbaycanda məşhur rüşvətxor kimi tanınır. Demədi.
Atası qoymadı. Elə bil həyatının bu sayaq məqamlarında həmişə atasının səsini eşidirdi qulaqlarında: Unutma ki, sən hansı nəsildənsən, kimin oğlusan, heç bir vaxt alçaq rəqiblərinin səviyyəsinə enmə. Onlarla onların üsullarıyla mübarizə etmə. Etmək istəsən belə heç bunu bacarmazsan da...
Danışırdılar ki, Çopur Jabbar rüşvəti nədənsə qadın tualetinin yanında alır. Bir dəfə Kərim Sədyarla Universitetdən çıxırdı, qabaqlarını yekə qarın bir kişi kəsdi. Rayon adamına oxşayırdı. Sifətində yazılmışdır ki, kalandır. Yəqin ferma müdiriydi, ya da kolxoz, sovxoz sədri.
—Bağışlayın, — dedi — burda arvad tualeti hardadır?
Sədyar gülümsündü:
—Jabbar müəllim lazımdır? — deyə nəzakətlə soruşdu.
Tərs kimi ya bəlkə yerinə düşmüş kimi bu vaxt Çopur Jabbar pilləkənlə düşürdü.
Sədyar gözünü qırpmadan Jabbarın şax üzünə:
—Jabbar müəllim, — dedi — müştəri gəlib — əvvəlki kimi nəzakətlə gülümsündü — arvad tualetini axtarır.
Jabbar qızarmadı, qızarası üzü yox idi, amma Sədyar bir kəlmə cavab da vermədi. Kərim fikir vermişdi ki, Çopur Jabbar bircə Sədyardan silir.
Deyəsən elə o gündən qadın tualeti məsələsi qurtardı. Ondan belə Çopur Jabbar rüşvəti kibritlə almağa başladı. Hər zaçot, imtahan qabağı siqareti damağına qoyub:
—Ə, uşaqlar, kimdə kibrit var, — deyirdi.
Uşaqlar məsələdən agah idilər. Kibritin içinə əllilikdən, yüzlükdən qoyub Jabbara uzadardılar.
—Qoyun cibinizə müəllim, məndə bir qutu da var — Tələbə «bir qutu da var», sözlərini xüsusi vurğuyla deyirdi, yəni görək imtahanda qiymətimiz necə olacaq, dalısına baxarıq.
Bütün bunları deməliydi Behicə xanıma. Demədi. Ayağa durdu.
—Çox üzüldüm, — dedi — amma...
Nə «amma?»... Özü də bilmirdi.
—Hoşca qalın.
—Gülə-gülə...
Allahın bir üzürxahlığını da eləmədi Behicə xanım.
Kərim qapını örtdü. Hələ də gözləyirdi ki, arxadan onu səsləyəcək, «düşündüm, başqa bir variant da ola bilər» deyəcəkdi, Kərimi qaytarcaqdı və bütün işlər düzələcəkdi.
Amma kimsə səsləmirdi onu və dəhliz boyu pilləkənlərə doğru gedərkən Kərim düşündü ki, bu dünyada ən çox nifrət elədiyi iki insan varsa, biri Çopur Jabbardı, biri də indi Behicə xanım oldu.
—Oho, Kərim bəy — fikirlərindən ayrılıb dayandı — pilləkənin başında ağuşunu geniş açmış Doğan bəy dayanmışdı. Türkiyə qaydasıyla o yanağından, bu yanağından öpdü.
—Ne hoş bir rastlantı, ne zaman geldiniz?
Doğan bəyin sifətində elə bir mehribanlıq, elə xoş ilıq bir təbəssüm vardı ki, Kərim hər şeyi açıb danışdı ona.
—Ah kafer kızı, allah belasını versin, — dedi Doğan bey — Siz nə kadar kommunistsinizse ben də o kadar kommunistim. Hayatım boyu kommunistlere nefret etsem də. Biz uzmanız canım, uzmana kiymet vermek gerekdir — Doğan bəy deyəsən Kərimdən də çox hiddətlənmişdi — Efendim bəlamız bu — Türkiye boyle Behece hanımların elinde kalmış. Bana kalırsa onu bölüm başqanı deyil də, heç öyrenci de kabul etmezdim. Yırmı yıl öncə küçük bir roman haqqında 90 sehifelik bir tez yazmış, şimdi gidisini büyük uzman sanıyor. Allah belasını versin. Rektorla konuşun. Rektor çok iyi bir cocukdur. Pek taleranslı bir insan. Sağçı solcu bilmez, uzmana kiymet verer. Sanırım sizi kırmaz. İstersiniz beraber gedelim.
Rektorun qəbul otağına getdilər. İzmirdəymiş.
—Nə zaman dönüyor?
—Yarın sabah. On bucuqda toplantısı var — dedi katibə — 10-da şuraya gəliniz. Sizi muhakkak görüşdürelim.
—Axı mən bu axşam Ankaraya dönmeliyəm.
Doğan bəy:
—Biletinizi idbal edin, — dedi — yarın rektorla görüşüb öyleden sonra dönersiniz Ankaraya. Rektorla muhakkak görüşmelisiniz. Yüze yüz sorununuzu çözer — kanaetindiyim. Nereyə gediyorsunuz? Arabayla burakılım sizi.
Kərim:
—Əgər İstanbulda qalıramsa bir otel bulmalıyam, — dedi və əlavə etdi — ucuz bir otel.
—Təbii. Nə yazık ki, randevum var, getmək zorundayam, beraber yemek yeyerdik.
—Təşəkkür edirəm. Mənə bir otel tövsiyyə edin.
—Gidelim, arabayla Sizi Taksimdə burakalım. Orda da Sıra Selvlər sokakında küçük otellər çokdur. Size müasid ola bilir.
***
Sıra Selvlər küçəsində üç otelə baş çəkdi. Ən ucuz nömrəyə belə pulu çatmırdı. Nəhayət dördüncü bir otelə — «Vardar» otelinə girdi.
—Mənə bir gecəlik oda, — dedi — ucuz olsun.
Qırmızı xidmət pencəyi geymiş inzibatçı:
—Ucuz otaların hepsi verilmiş, — dedi — çok üzgünüm.
Kərim yorğundu, acımışdı, bayıra çıxmaq istəyirdi: burdan çıxıb getməyə taqəti qalmamışdı.
—Üç oteldə oldum, — dedi — burdan getməyim imkansız. Muhakkak bana bir oda bulacaqsınız.
İnzibatçı diqqətlə Kərimə baxdı. Kərim də ona baxırdı — batıq gözləri, gözlərinin altında qara halələr vardı. Yəqin onun da böyrəkləri xəstəydi. İnzibatçı gözünü Kərimə zilləmişdi, hey baxır-baxır, sanki nə isə düşünür, düşünürdü. Nəhayət:
—Bir oda təklif ede bilerim sizə — dedi — amma...
—Nə amma? Bahalı?
—Yok, çok ucuz, en ucuz odamızdı. 50 bin lirə.
—Kabul.
—Ama...
—Nə amma canım? Rahatlıqlarımı yox — tualet, banyo-filan... fark etməz.
—Banyosu yok, ama tualeti var.
—Tamam. Bir gecə banyosuz keçinərəm. Bu sizin əlli min lirəniz. Anahdarı verin.
|