Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-8

     -Oxumusunuz?
     -Əlbəttə oxumuşam.
     -Orada pis bir şeyə rast gəlmisiniz?
     -Əlbəttə rast gəlmişəm.
     -Məsələn Quranda pis olan nədir?
     -Bu barədə danışmağın mənası yoxdur. Çünki, mənim gətirəcəyim istənilən ayə haqqında deyəcəksiniz ki, yox bu belə deyil, bunun mənası başqadır, gərək mütləq təfsir oxuyasınız, sonra söhbəti fırladıb hədislərə gətirəcəksiniz, alim adları çəkəcəksiniz, peyğəmbərin həyatından danışacaqsınız. Bəlkə düz demirəm? Axı siz müsəlmanların ümumiyyətlə polemika mədəniyyətiniz yoxdur. Sizin bütün əks-arqumentləriniz “Sən o ayəni, hədisi, alimin sözünü düz başa düşmürsən” deməkdən ibarətdir. Deyirsiniz ayə bəs eləməz, hədislər də var. Hədisdən danışanda deyirsiniz onu da alim başa salmalıdır, mənası dərindir. Alimlərinizdən misal çəkirik, deyirsiniz ki, yox bu alimi başa düşmək üçün əlli il oxumaq lazımdır, ya da mən bu alimi qəbul etmirəm, başqa alimi qəbul edirəm. Yəni sizi başa düşmək ümumiyyətlə mümkün deyil. İslam belə çətin başa düşülən hadisədirsə, bu dinlə mənim nə işim ola bilər? Quranınızı, hədisinizi, aliminizi başa düşmək bu qədər çətindirsə, Sənan demişkən, bu sizin probleminizdir, bizim yox. Özü də bir dəfəlik qərar verin - dininiz rahat başa düşülən, Quranda yazıldığı kimi “asanlıq” olsun deyə göndərilən dindir, yoxsa cild-cild kitab oxumaqla qavranılan dindir?
     Hiss olunurdu ki, bizim kimi adamlara rast gəlməsi, Mövsümü heç açmamışdı. Adətən dindən uzaq olan azərbaycanlılar, dindarlar qarşısında kompleksə qapılıb, “namaz qılmıram, amma ürəyim təmizdir”, “əsas odur ki, allahdan qorxuram”, “allah mənim ürəyimdədir”, “nə vaxtsa mütləq namaza başlayacam” tipli bəhanələrini işə salırlar. Belələri ilə danışmaq dindarlar üçün çox asandır. Çünki özünü müsəlman sayan, amma ibadət etməyən insana Qurandan, hədisdən danışıb təsir etmək, utandırmaq, hətta dinə gətirmək olur. Amma indi Mövsüm prinsipial ateistlərə, şüurlu surətdə dindən uzaq olan insanlara rast gəlmişdi. Özü də bunlar nə danışdıqlarını yaxşı bilən, mövzudan xəbəri olan, oxumuş adamlardılar.
     -Mən sizinlə qətiyyən razı deyiləm - dedi. - Siz qərəzli danışırsınız. İslam ölkələri pis gündə ola bilər. Mən deyirəm ki, bunda müsəlmanlar günahkardır, çünki Quran heç kimə demir ki, geridə qalmış ol, oxuma, nə bilim terroristlik elə. Amma siz deyirsiniz ki, yox, islam, Quran özü problemlidir. Mən sizdən sübut istəyəndə isə, onsuzda filan şeyi deyəcəksən, belə arqument gətirəcəksən deyirsiniz, mənim yerimə qərar verirsiniz. Məsələn Quranda yazılıb ki “Oxu”! Bu savadlanmağın, təhsilin vacibliyinin sübutu deyilmi? Mən bəyəm sizə deyirəm ki, gedin bu ayənin təfsirinə baxın? Açıq-aydın deyilir ki, oxu! Bunu başa düşməyə nə var?
     Sənan kinayə ilə gülümsünüb başını yırğaladı:
     - Siz hələ də bizim kim olduğumuzu, bizimlə şablonlarla danışmağın, bizi bər-bəzəkli sözlərlə, şirin nağıllarla aldatmağın mümkün olmadığını başa düşməmisiniz deyəsən. O ayədəki oxu, sizin dediyiniz kimi oxumaq, savadlanmaq mənasında işlədilməyib. Bu ayədəki oxu, təkrar et mənasındadır. Cəbrayıl gəlib Məhəmmədə deyir ki, “İqra. Bismi rabbikəlləzi xaləq”. Yəni səni yaradan rəbbinin adı ilə təkrar et. Özünüz deyirsiniz ki, Məhəmməd savadsız olub. Necə oxuya bilərdi? Özü də ki, Cəbrayıl ona hansısa kitab, jurnal göstərirdi ki, ordan nəyisə oxumasını xahiş eləsin? O ayəni “mənim ardımca təkrar elə” şəklində başa düşmək lazımdır. Odur ki, bizə nağıl danışmayın Hacı. Quranda oxumaq, savadlanmaq barədə bircə söz deyilməyib.
     - Necə yəni?! Siz nə danışırsınız?! Bəs “Bilmirsinizsə bilənlərdən soruşun” ayəsini necə yozursunuz?
     -Çox asan. Məsəlçün aybaşı, nə bilim dəstəmaz, xurma, dəvə, çoxarvadlılıq, baş kəsmək, cariyə saxlamaq kimi məsələlərdə sualınız yaranarsa, bilənlərə müraciət edin - yəni əllamələrə, şeyxlərə zada üz tutun. Bu ayənin mənası budur. Yoxsa siz düşünürsünüz ki, bu ayə kompüterini formatlamaq istəyənə deyir ki, “get kompüter ustasının yanına”? Mövsüm indi daha da pərt olmuşdu. Başa düşə bilmirdi, bu nə insanlardır ki, belə dərin mövzulardan baş çıxarırlar. O hardan biləydi ki,
     Sənan Türkiyədə dini təmayüllü İmam-Hatib liseyində təhsil alıb? Hardan biləydi ki, mən İslam mövzusunda qərb orientalistlərinin və elə müsəlmanların özlərinin yazdıqları, Mövsümün özü ağırlığında ədəbiyyat oxumuşam? Toğrulla Rəna isə susur, diqqətlə bizə qulaq asırdılar.
     Mövsüm boğazını arıtlayıb, onsuzda hamar olan saqqalını tumarladı, çox diqqətlə hazırladığı nitqinə başladı.
     -Azərbaycanda da, bütün islam aləmində də müsəlmanların ən vacib məsələsi islamı düzgün təmsil edə bilməmə məsələsidir. Bunu bacara bilməyəndə, cahanşümul din olan islam bax belə başa düşülür, dinimizin xalqa çatdırılmasında problemlər yaranır. Buna görə də müsəlman olduğunu iddia edənlər elmləriylə, mədəniyyətləriylə, həyat tərzləriylə, hərəkətləriylə islamı düzgün təmsil etməlidirlər. Əks halda dinimizə zərbə vururlar. İndi bunu daha açıq-aşkar görürəm. Söhbət bayaq mollalıqdan başladı. Mən də sizə dedim ki, dinimizdə mollalıq yoxdur. Siz isə mənimlə mübahisə edirsiniz. Xristianlıqda vaxtlarını ancaq kilsədə keçirən, ərə getməyən, evlənməyən rahibə və rahiblər var. Bunlar dünyəvi heç bir işə qarışmazlar. Dinimizdə isə hazırda olduğu kimi nə mollalar sinfi, nə də dünyadan əl çəkmək məsələsi var. Peyğəmbərimizin də bildirdiyi kimi, dünya axirətin tarlasıdır.
     Xalq bəzi şeyləri adət halına gətirib. İndi də bu adətləri din bilib yaşadırıq. Əzizlərim, bunlar din yox, xürafələrdir. Sənan qardaş, siz savadlı adamsınız. Gəlin sizin kimi insanlarla əl-ələ verib bu xürafələrdən, bu bidətlərdən azad olaq.
     Sənan heyrətlə Mövsümə baxırdı. Sanki “səhərdən bir Quran söz danışmışam, bunun moizəsinə bax” demək istəyirdi. Bu gün baş verən hadisələr nə qədər ağır olsa da, hamı özündə Sənanın sözlərinə gülüşlə cavab vermək gücünü tapdı. Mövsüm doğrudan da kimə ilişdiyini hələ də anlamamışdı.
     -Hacı, siz deyəsən məni başa düşmədiniz. Bizim islam dinini reabilitasiya etmək, islah etmək kimi niyyətimiz yoxdur. Biz sizin dininizi kökündən rədd edirik, başa düşürsünüz? Bizə sizin xürafələriniz maraqlı deyil. Əsl islam elə Pakistanda, Əfqanıstanda, İranda, nə bilim, Səudiyyədə olan islamdır. Əsl islam elə Budda heykəllərinin partladılmasıdır, baş kəsməkdir, qadınları daşlamaqdır. Özü də ki, bizimlə əl-ələ verib islamı xilas etmək fikri sizin ağlınıza hardan gəldi, başa düşmədim!
     Mövsüm alnındakı tər damcılarını salfetlə sildi. Hamımızın üzünə bir-bir baxdı.
     -Yəni sizin üçün müqəddəs heç nə yoxdur? Belə çıxır? Siz hər şeyi inkar edirsiniz?
     -Nə üçün yoxdur? - dedim. - Əlbəttə var. Sevdiklərimiz, azadlığımız, insansevərliyimiz, təbiətə vurğunluğumuz, övladlarımız... Bunlar bizim üçün çox müqəddəs dəyərlərdir. Amma sizin inandığınız şeyləri inkar edirik, bəli. Özü də inkardan bu qədər qorxmayın. İnkar təzələnməkdir, təmizlənməkdir. Oğuznamədə yazıldığı kimi - “inkar mübarəkdir”.
     -Mən daha sizə nə deyim qardaşlarım?! Allah sizə hidayət versin. - dərin köks ötürən Mövsüm dedi. - Sizin üçün ancaq hidayət diləyə bilərəm. Mən, islamı xürafatdan təmizləyək deyəndə, sizin bir demokrat kimi, bu işdə bizə kömək edə biləcəyinizi nəzərdə tuturdum. Biz də sizin qədər bu rejimə nifrət edirik.
     Son cümləni ehtiyatla, sağa-sola nəzər yetirdikdən sonra dedi. Sənan güldü.
     - Hacı, özünüzü bizə tay tutursunuz? Siz sekulyar, dünyəvi dövlətin əleyhinəsiniz. Ona görə də sizinlə demokratiyadan danışmağa dəyməz. Sizin rejimə nifrət etməyinizlə, bizim nifrət etməyimizin səbəbləri fərqlidir.
     Mövsüm Sənanın sözünü kəsdi:
     - Mənim, müsəlmanların nə dərəcədə demokrat olmağımıza siz qərar verəcəksiniz Sənan qardaş? Demokratiyanı sizdən öyrənməliyik?
     - Xeyr, məndən öyrənmək lazım deyil. Sadəcə olaraq islam və demokratiya anlayışlarının bir-biri ilə barışmaz olduğunu deyirəm. Cəhalətin, zülmün, ədalətsizliyin, qaranlığın hökm sürdüyü islam ölkələrinə baxın. Nə üçün bu ölkələr Qərbdəki sosial ədalətlə idarə olunan, inkişaf etmiş ölkələr kimi ola bilmirlər? Nə üçün 100 minlərlə, milyonlarla ziyalı, ya da azad yaşamaq istəyən adam müsəlman ölkələrindən Qərbə qaçır? Elə qalsınlar öz vətənlərində də.
     Mövsüm həyəcanla qabağa atıldı.
     - Düz deyirsiniz qardaş. Mən bəyəm dedim ki, belə deyil? İslam ölkələrində sosial sistemi bərqərar etmək lazımdır. Dinimiz də bunu buyurur. İslam ölkələrində vəziyyət acınacaqlıdır. Bilirəm.
     -Nəyi bilirsiniz Hacı? - Sənan gözlərini qıyıb soruşdu. - Nəyi bilirsiniz? İslam ölkələrinin problemi Mercedes istehsal edə bilməmələri deyil. Mən bunu demək istəmirəm. İslam ölkələrində, daha doğrusu sizin dininizdə başqa cür düşünmək olmaz, başqa cür yaşamaq olmaz, hərəkət etmək olmaz! Dünyanın belə sürətli tərəqqisi qarşısında islam dünyası öz cəhalətində, öz qaranlığında qalmaqda davam edir. Siz də deyirsiniz ki, problem müsəlmanlardadır. Problem sizin dininizdədir. Ona görə də siz demokrat ola bilməzsiniz Hacı. Heç vaxt!
     Hacı Rənaya, sonra mənə baxıb dedi:
     - Nəinki bizim dinimiz, ümumiyyətlə bütün dinlər dəyərlər üstündə qurulub. Demokratiya isə metodlar üzərində dayanıb. Yəni demokratiya bir dəyər deyil. Dəyərlərin tətbiq edilməsi üçün metoddur. Düz demirəm?
     Sənan özündən arxayın əda ilə:
     - Düz deyirsiniz. Amma siz müsəlmanlar demokratiyadan istifadə edib iqtidara gəldiyinizdə, metod adlandırdığınız həmin bu demokratiyanın məzmun dəyərini dinlə doldurursunuz. Hər cür plüralizmə qapıları bağlayırsınız. Modern dünyanın dəyərləri isə liberalizm, düşüncə azadlığıdır. Demokratiya yolu ilə bu dəyərlər özünü gerçəkləşdirir. Ona görə Qərbin siyasi fəlsəfəsində liberalizm və demokratiya bir yerdə işlədilir. İslam aləmi isə liberalizm sözündən qorxur, ancaq demokratiya sözündən bərk yapışır, yəni siz demişkən metoddan danışır.
     Mövsüm cibindən siqaret qutusunu çıxarıb, bir siqaret yandırdı. Onun çəkməsi mənə təəccüblü göründü. Nədənsə, çəkən olmadığını fikirləşmişdim. Ondan “cəsarətlənib” mən də birini yandırdım. Mövsüm tüstünü burnundan və ağzından buraxıb, çəkməyə təzəcə başlayan yeniyetmələr kimi yüngülcə öskürdü.
     - Sənan qardaş, müsəlmanların öz dinləri, öz dəyərləri var - sulanmış gözləri ilə Sənana baxaraq dedi. - Liberalizm ideologiyadır. Bizimsə islamdan başqa ideologiyamız ola bilməz.
     Sənan başını qaşıyaraq gülümsündü.
     - Səmimi sözləriniz üçün sağ olun. Özü də islam dinində reform qətiyyən mümkün deyil. Siz islah olunmazsınız. Liberal dəyərlərin xristian dünyasında yayılması, insanlara azadlıq gətirməsi xristianlığın kilsəyə həbsi ilə mümkün oldu. Sizin dininizi isə məscidə həbs etmək mümkün deyil.
     - Razıyam - Mövsüm dedi. - İslam dini xristianlıqdan xeyli fərqlənir. Xristianlıqda vəhy yalnız iman məsələləri ilə bağlıdır. İslam isə həm də siyasi bir sistem gətirib. Peyğəmbərimiz dövlət qurub.
     Sənan dodaqlarını büzüb, heyranlıqla Mövsümə baxa-baxa başını yırğaladı.
     -Ay sağ ol Hacı! Bəs mən də bunu deyirəm də səhərdən. İslam dəyərləri pluralizmə qapalıdır, İslam özünü mütləq haqq bilir. Ona görə də islam demokratiyası, əslində dini diktatorluğun metodudur. Necə ki, bu gün İranda məclis var, seçkilər var ancaq azadlıq yoxdur. Nə üçün yoxdur? Çünki azadlıq demokratiyanın mövzusu deyil. Azadlıq liberalizmin mövzusudur. Çünki dinlər Allah mərkəzlidir, liberalizm isə insan mərkəzlidir.
     -Amma şəriət dövləti min dəfə bu murdar rejimdən yaxşıdır.
     -Hacı, İranda da belə düşünürdülər - şəriət Şahın rejimindən yaxşıdır. Axırı nə oldu?
     Mövsüm inadla:
     -Nə oldu? Doğrudan da şahlıqdan yaxşı deyil?
     - Siz müqayisə olunmaz şeyləri müqayisə edirsiniz. Adamı yastıqla boğub öldürsələr yaxşıdır, yoxsa suda batırsalar yaxşıdır?
     Mövsüm, mübahisədə uduzmaqda olduğunu başa düşən, öz məğlubiyyəti ilə barışan, amma inadkarlığından məğlubiyyətini etiraf edə bilməyən adamın laqeyd ədası ilə həvəssiz dilləndi:
     - Bəs sizin demokratlığınız, liberallığınız hara qədərdir Sənan qardaş?
     -Nə mənada?
     - O mənada ki, sabah Azərbaycanda müsəlmanlar güclənsələr, çoxalsalar və demokratik üsulla hakimiyyətə gəlsələr, bununla razılaşarsınızmı?
     Sənan heç tərəddüd etmədən:
     -Yox! - dedi. - Çünki demokratiya, onu məhv etmək istəyən qüvvələrin ondan yararlanaraq iqtidara gəlmələrinin qabağını almaq, özünü qorumaq haqqına malikdir. İranda gördük də, sizinkilər iqtidara gələndən sonra öz müttəfiqlərinin, məsələn solçuların başına nə oyun açdılar.
     Məsələyə aidiyyəti olmasa da Mövsüm:
     -Siz solçusunuz? - soruşdu və bir-bir hamımızın üzünə baxdı.
     Məni gülmək tutdu. Rəna da dodaqlarında donub qalmış təbəssümlə, başını mütəkkəyə atıb gözlərini yumdu.
     -Xeyr - Sənan dedi. - Solçu deyilik. Elə belə insanıq.
     -Bəs islam haqqında bu qədər şeyi hardan bilirsiniz?
     -Heç dəxli var? Mən Türkiyədə təhsil almışam. Ali təhsildən qabaq, İmam-Hatibdə oxumuşam. - Sənan dedi və məni göstərdi. - Murad da kitab oxuyan adamdır. Bir ara meyl salmışdı din mövzusuna. İslam haqqında xeyli ədəbiyyat, məqalə oxudu. Özü də bizim dahi Axundovumuza nə gəlib? Kişi hər şeyi yazıb qoyub da.
     Mövsüm:
     -Aydındır - dedi və susdu. Siqaretini söndürdü.
     -Hacı, bəlkə bizim stola keçəsiniz? - təklif etdim.
     Misvaqlanmış dişlərini göstərib:
     - Çox sağ olun qardaş - dedi. - Onsuzda bir azdan gedirəm.
     Sənan da bizə baxıb:
     - Elə mən də qalxmalıyam - dedi və birdən Mövsümə çönüb soruşdu, - Etiraz etmirsinizsə bir yerdə çıxaq?
     Mövsüm Sənandan belə bir təklif gözləmirdi. Ruhlandı.
     - Əlbəttə Sənan qardaş, şad olaram. Siz hansı tərəfə gedirsiniz?
     -Memar Əcəmi metrosuna.
     Mövsüm sevincək olub:
     - Təsadüfə bax! - dedi. - Elə mən də o tərəfə gedirəm.
     -Çox gözəl. Onda metroyla gedərik.
     -Hə. Bu dəqiqə gəlirəm.
     Hacı Mövsüm ayağa qalxıb kassaya tərəf getdi. Bayaqdan səsi çıxmayan, maraqla söhbətə qulaq asan Toğrul, sifətini turşudub:
     - Hara gedirsən? - soruşdu. - Özü də onunla. Bir az otur, səni maşınla apararam da.
     Sənan gülə-gülə əlini Toğrulun çiyninə qoydu.
     -Redaksiyaya getməliyəm. Sabaha məqaləni yazıb bitirməliyəm. Həcini də ki, gördünüz də. Bir az söhbət elədik, təsir elədi ona. Bir az yol yoldaşı olsaq, beynini təmiz dəyişdirəcəm. Necə deyərlər virus salacam ona.
     Rəna nırç-nırç edib başını buladı:
     -Nə qorxulu adamsan sən!
     Mövsümün yaxınlaşdığını görüb, hamımız susduq.
     -Sənan qardaş mən çıxıram. Gəlirsiniz?
     Sənan cəld ayağa qalxdı.
     -Hə, gedək.
     Çayın pulunu ödəmək üçün əlini cibinə saldığını görəndə, “lazım deyil, bizlikdir” demək istəyirdim ki, Mövsüm onun əlindən tutdu.
     -Hesab çatıb.
     Müsəlmanlarla ateistlərin, inananlarla inanmayanların mübahisələri mənə həmişə mənasız, gərəksiz bir məşğuliyyət kimi görünüb. Çünki, irrasional olanla rasionalın toqquşması heç zaman nəticə verməyib, verməyəcək də. Allaha inanmaq iman məsələsidir - ya inanırsan, ya inanmırsan. Din də həmçinin - ya qəbul edirsən, ya etmirsən. Sənanla Mövsüm molla mövzusunda başlatdıqları mübahisəni demokratiya, liberalizm, dövlətçilik plastına gətirməsəydilər, onlara bu qədər dözə bilməzdim. Uzağı on dəqiqə sonra artıq bu söhbətdən bezəcəkdim. İllər əvvəl özümə söz vermişəm ki, allahın varlığı- yoxluğu mübahisələrindən uzaq olum. Salamatı elə budur.
     Mövsümkimiləri başa düşmək də çətin deyil - insanlar alternativsiz bir cəmiyyətdə yaşayırlar; rüşvətlə, zülmlə, soyğunla, repressiyalarla əhatə olunublar. Mövcud vəziyyətdən narazı olsalar da, çoxunun bu iyrənc rejimə müqavimət göstərəcək cəsarətləri, hətta şüurları yoxdur. Çarəni dinə sığınmaqda, Allaha ümid bağlamaqda tapırlar. Xilas - bəşəriyyətin özü qədər qədim ideyadır. Hamı xilas olmaq, cənnətə düşmək, tanrıya yaxın olmaq, günahlarını əfv etdirmək istəyir. İnsanların əlindən bu inancı almaq, onları ümidsiz qoymaq deməkdir. Millət ola bilməyən, XXI əsrdə hələ də ümmət olaraq qalan; dəyərlər sistemi, mentaliteti islamla yoğurulan azərbaycanlıların dini milli olmasa da, milliliyi dinidir.
     Xalqı uçuruma aparan, onu debilləşdirən mentalitetin də; ölkədə hakimiyyəti zəbt etmiş avtoritar Milli rejiminin də kökündə azərbaycanlıların şübhəyə, tərəddüdə qapalı olması, inkarçılıq damarının yoxluğu yatır.
     Avropadan, Avropa dəyərlərindən danışırıq ağız dolusu. Danışırıq, amma başa düşmürük ki, inkar olmadan Avropaya yaxınlaşmaq da mümkün olmayacaq. Bəli, hər şey kökündən inkar olunmalıdır. Mən buna inanıram. Di gəl ki, Azərbaycan kimi geridə qalmış müsəlman ölkələrində inkar günah sayılır, xəyanət sayılır. Bizim kimi xalqların yaradıcılığında inkar yoxdur, ənənəyə sədaqət var, keçmişə bağlılıq var, bütün iyrəncliklərə bəraət qazandırmaq adəti var. Ən yaxşı halda tənqidə yol veririk. Heç nəyi dəyişdirməyə qadir olmayan tənqidə. Halbuki tənqid olunası, islaha gələsi heç nə qalmayıb ölkədə. Bizimkilər inkarı intihar kimi qavrayırlar nə üçünsə. Son illərdə isə lap gülməli olublar - inkarçıları “nihilist” adlandırmağa başlayıblar. Mənasını bildilər, bilmədilər tutuquşu kimi qəzetlərdən, TV-lərdən təkrarlayıb tirajlayırlar bu sözü. Özləri üçün “nihilizm” fantomu yaradıb bu fantoma inanmağa, ondan qorxmağa başlayıblar. Nə isə. Tanrıya inanmasam da boynuma almalıyam ki, Tanrı bəzi azərbaycanlılara Avropa təfəkkürü verməklə onları əbədi zülmə düçar edir.
     Sənanla Mövsüm bu gündən sonra dostlaşacaqlar. Bundan heç şübhəm yoxdur. Sənan kimisə çənəsinin altında saldı, vəssalam. Bir-birlərinə nömrələrini verəcək, arada zəngləşib görüşəcəklər. Tutduğu yolun səhv olduğunu Mövsümə sübut etmədən, ondan əl çəkən deyil Sənan. “Bəs birdən tərsinə oldu?” düşündüm və bu ehtimala ürəyimdə güldüm. Elə bu məqamda Toğrula zəng gəldi. “Bir dəqiqə” deyib küçəyə qaçdı. Vitrinin qabağında var-gəl edə-edə, əl-qolunu ölçə-ölçə “o”nunla danışırdı. Qoluma söykənib başını çiynimə yaslayan Rəna yorğunluqdan gözlərini yummuşdu. Gözlərini açmadan gülümsədi. Mən də gülümsədim. Toğrul isə gah coşub, gah sakitləşib “ona” nəsə başa salmağa çalışırdı.
     Yadıma düşdü ki, Toğrul bir dəfə olsun bizim yanımızda Zümrüdlə telefonla danışmayıb. Bircə dəfə də! İstər qanı qara olanda, istər sevincindən uçanda - Zümrüdlə mütləq kənarda danışmalı, bütün qulaqlardan uzaq olmalıdır. Onların nə haqda danışdığını eşitmək tabudur. Ona görə də mən hər dəfə Rəna ilə onun yanında çəkinmədən telefonla danışanda, Toğrul narahat olur. Mən də bundan həzz alıram.
     İşimizə bax! Sevginin nəşəsini, ləzzətini biruzə vermək də ayıb sayılır. Eşqin kədərini, acısını bölüşmək, ayrılıq haqda danışmaq, şeirlər yazmaq, mahnılar oxumaq olar. Amma eşqin sevincini paylaşmaq əsla! Əslində bizim ölkədə sevən adamın sevinci də, kədəri də məhəbbətinin erotikasından yox, onun platonik kultundan irəli gəlir. Xalqın mentallığı eşqin coşqusunu təcrid edir, nalayiq bir davranış kimi pisləyir, sevginin şəhvət komponentini istisna edir. Azərbaycan insanının həyatında məhəbbət, özünü sırf ər-arvadlıq borcu - təbii, fizioloji akt kimi, ailənin dünyaya uşaq gətirmə vasitəsi kimi göstərir. Burada da kişilərimiz özlərini elə aparır ki, guya öz halalca arvadları ilə sekslə məşğul olmurlar. Uşaqlar havadan, sudan, uzaqbaşı məsum öpüşdən əmələ gəlir. Ona görə də, nə vaxtsa Toğrul arvadından danışanda “üzr istəyirəm, həyat yoldaşım filankəs” kimi oğraş-oğraş ifadələr işlətsə, təəccüblənmərəm.
     Deyəsən mən mühakimə edirəm axı. Nə borcuma, belə baxanda? Kiməm mən? Kişi həmrəyliyi ilə izah olunacaq qədər asandırmı hər şey? Axı belə olmamalıdır. Kişilər müxtəlif olduğu kimi, tələbləri də müxtəlifdir. Bir qismi güclü qadının sorağındadır, bir qismi zəif, tabe olan qadın axtarır. Amma yenə də ləçər, həyasız qadına dözmək, beləsini sevmək normal hal deyil. Mən bununla heç vaxt barışa bilmərəm. Qadın, qadın olmalıdır, kişinin qanını qaynatmalıdır, ürəyini fəth edə bilməlidir - həyasızlığı ilə yox zərifliyi ilə, qadınlığı ilə.
     ADNA-dakı terror hadisəsi, Hacı Mövsümün gic-gic söhbətləri, indi də Toğrulun məni sövq etdiyi “gender” düşüncələri, bir neçə saat əvvəl klinikada başıma gələnləri mənə unutdurmağa hesablanıb elə bil. Şeyla ilə aramızda olanları isti-isti başa düşməmişdim. İndi isə... yaşadığım qeyri-adi hadisə bütün dəhşəti ilə, yavaş-yavaş çatır mənə. Mən bu cür təsadüfi əlaqələrə öyrəncəli adam deyiləm. Bir qadınla yatmaq, kişinin çiyinlərinə məsuliyyət yükləyir. Xüsusilə də Azərbaycan kimi ölkələrdə. Bəs bu gün yaşananlar? Bu hadisəni Şeylanın şıltaqlığı ilə izah etməliyəm, yoxsa necə? Əvvəla, nə üçün mən? Ona kişi qəhətdir? Nə üçün elə ehtiraslı, yanğılı sevişirdi? O heç sevişmə də deyildi - aylardır kişi üzünə həsrət qalan, vəhşiləşən bir dişinin erkəyə hücumu idi.
     Çiynimə söykənib mürgüləyən Rənadan utanıram indi. Rəna ilə münasibətlərimin heç bir hüquqi müstəvisi yoxdur. Uzağı mənəvi məsuliyyətdən danışmaq olar. Öyrənsə də, bilsə də problem deyil. Yenə də istəmərəm bilsin. Biruzə verməsə də inciyəcək. Səyavuş Orucun qızı ilə sevişməyimi başqa cür yoza da bilər. Elə bilər Şeylaya, onun ailəsinə, imkanlarına yaxın olmaq istəyirəm, merkantil məqsədlər güdürəm. Nəticədə mən nə Brad Pittəm, nə də George Clooney. Qadınların hər addımbaşı “bizi qayır!” deyə üstünə şığıdığı yaraşıqlı metroseksual tiplərdən deyiləm. Amma bu dəfə faktiki belə oldu - ilk dəfə idi ki, bir qadın məni zorlamışdı. Müqavimət göstərə bilərdim? Bəlkə də. Amma qorxdum. O anda, mənə tanış olmayan hisslərin burulğanındaydım. Bilmirəm belə situasiyalarda kişilər özlərini necə aparmalı, nə etməlidirlər?
     Qərar verdim - bu gecə Rənagildəyəm. Hər ikimizin də üzərimizdəki stressi atmağa ehtiyacımız var.
     Toğrul isə hələ də danışır. Daha doğrusu dəqiqələrdir ağaca söykənib Zümrüdə qulaq asır.
     Güzgü effektli pəncərədən məni görmür.
     Mən isə onu görürəm.

Qənirə ana


     Sevişəndən sonra tir-tap yatağa sərilib ağır-ağır nəfəs alanda, tərləyib susayanda çətin bir işin öhdəsindən gəlmiş, fövqəladə missiyanı yerinə yetirmiş qəhrəman kimi hiss edirəm özümü. Hətta hasil olan nəticədən qürur duyuram desəm yeridir. Gülməlidir bilirəm, amma qadını həzzin zirvəsinə çatdırmaq, mənə görə əsl qəhrəmanlıqdır. Orqazma çatan qadınların üzündə yaranan bic, şıltaq, eyni zamanda məsum ifadəyə heyranam. İndi də Rəna pişik balası kimi mənə qısılıb, başını sinəmə qoyub. Mən onun, o da mənim ürək döyüntülərimizi dinləyirik. Mahnılarda qəlblərin “bir vurmasından” oxunsa da, indiyə qədər Rəna ilə mənim ürəklərimiz eyni ritmdə, sinxron döyünməyib.
     Seksdən sonra dəqiqələr boyu sürən sükutu həmişə Rəna pozur - ya kofe içməyi təklif edir, ya da onun üçün siqaret yandırmağımı istəyir. Danışmasa, bax beləcə sinəmdə uzanıb qalsa bəlkə də saatlarla susaram. Nə bilim. Sınamamışam. Axı sevişəndən sonra nə haqda danışmaq olar? Uzaqbaşı, ikinci dəfə təhrik olmaq üçün əllərimi, ya da dilimi işə sala bilərəm.
     Nə üçün qadınlar, kişilərin sevişəndən sonra üzlərini çevirib yatmalarına gileylənir? Nə yalan deyim, məndə də olur hərdən - çox yorğun olanda, üstəlik çılğın bir eşq gecəsi yaşayanda, qadının atəşli yuvasından azad olan kimi, göz qapaqlarım özlüyündən qapanır. Bu gecə isə tələsmirəm yatmağa. Baxmayaraq ki, stressli, yorucu bir gün keçirmişəm - yuxum gəlmir. Nə üçün gəlmədiyini də bilirəm - çünki Şeylanı düşünürəm. Rənaya bu barədə heç nə deməyəcəm, danışmayacam, bölüşməyəcəm onunla. Buna ehtiyac duymuram. Bəs özüm-özümə hesabat verməliyəm ya yox? Bu gün nə etdiyimi, niyə etdiyimi, bu vicdan əzabı və qorxu hissi ilə daha nə qədər yaşayacağımı düşünmüşəmmi? Bəli, qorxu hissi ilə, çünki Şeyla kimi bir qadınla yatmağın məsuliyyəti ağırdır. Gec-tez bunun cəzasını ödəyəcəyimi bilirəm.
     Sabah saat üçdə növbəti prosedura üçün klinikaya gəlməlidir. Nə edim görəsən? Bəlkə başqa həkimə həvalə edim onu? Yox - bununla nə özü, nə də Azər razılaşmayacaq.
     Maraqlıdır, görəsən sabah nə haqda danışacaq mənimlə? Bir-birimizin üzünə necə baxacağıq? Bir qadınla təsadüfən sevişib, səhərisi hər şeyi unutmaq, bu hadisəni bir daha xatırlamamaq mümkündürmü? Bir suala da cavab verməli, özümlə dürüst olmalıyam - bunun davam etməsini istəyirəmmi? Cavabım dünəndən hazırdır - yox, istəmirəm. Qeyri-adi heç nə tapmadım onun sevişmə tərzində - nə nəfəsi, nə döşləri, nə də öpüşməyi yaddaqalan olmadı. Bəlkə də özümü belə spontan əlaqəyə hazırlamamışdım deyə, Şeyla ilə seks olduqca sönük, mexaniki göründü mənə.
     Yuxuya da elə bu düşüncələrlə qərq oldum.
     Filmlərdə səhər obaşdan dodaq-dodağa öpüşən cütlükləri görəndə ürəyim bulanır - guya yuxudan oyananda bunların ağzından iy gəlmir, nəfəsləri gül qoxuyur. Səhər Rəna çiynimə toxunub, sonra da əyilib yanağımdan öpəndə, ağlıma gələn fikir bu oldu. Yuxu sərsəmi olan adamlarda qəribə assosiasiyalar yaranır.
     - Mən getdim işə. Çıxanda qapını çırparsan. Mətbəxdə hər şey hazırdı.
     -Sağ ol - dedim. - Sənə yaxşı yol.
     Qapının örtüldüyünü eşidib saata baxdım - doqquza qalırdı. Yuxum qaçmışdı. Ayağa qalxıb telefonumu açdım, su proseduralarını bitirib mətbəxə keçdim. Qaynadılmış sosiskanın, yumurtanın üstü salfetlə örtülmüşdü. Vam ocaqda pəsdən fit çala-çala çaynik loqquldayırdı. Nescafe hazırlayıb oturdum, sosiskadan bir dişləm aldım. Zəng gəldi.
     Displeydə istənilən adamın adını görməyə hazır idim, bircə Sevilin adından başqa. Amma zəng edən oydu. Səhər-səhər xeyrola? Ürəyim tez-tez döyündü:
     - Sabahın xeyir - səsi rəsmilikdən uzaq, səmimi idi.
     -Sabahın xeyir.
     -Narahat eləmədim? - çəkinərək soruşdu.
     -Yox, nə danışırsan. Oyanmışdım.
     -Bu gün məktəbə gedə bilərsən?
     Həyəcanla:
     -Nəsə olub? - soruşdum.
     -Səhərdən zəng vururam sənə, telefonun bağlıdır. Müəllimə bayaq dedi ki, müdir sizi görmək istəyir. Soruşdum bəs nə olub, dedi Özgür özünü pis aparır, dərslərini oxumur, nə bilim, mübahisə edir. Mən də işə getməliyəm, iclas var bu gün. Dedim atası gələr bir azdan. Sən gedə bilərsən?
     Özümü saxlaya bilməyib, acıqla:
     -Bəs Rasim hardadı?
     - Rasim?! Uşağın atası sənsən, yoxsa Rasim? Sənə maraqlı deyil oğlunun məktəbdə hansı problemləri var?! - təmkinlə danışırdı amma sadaladığı arqumentlər güllə kimi deşib keçirdi beynimi.
     - Axı həmişə məktəbə Rasim gedirdi. Sən də razı olurdun. Ona görə soruşdum. - Yersiz sözlərimdən ötrü peşman olmuşdum. Sevili sancmaq üçün münasib zaman deyildi. Nə axmaq adamam. - Əlbəttə gedərəm, problem yoxdur. Saat neçədə olmalıyam orda?
     -Nə qədər tez getsən, o qədər yaxşıdır.
     -Yaxşı, narahat olma. Bir azdan çıxıram. Zəngləşərik.
     Məktəbə çatanda, saat ona on beş dəqiqə qalırdı. Özgürün sinfinin olduğu ikinci mərtəbəyə yüyürərək qalxdım. Qapıya yaxınlaşanda, sinif rəhbəri Ramilə Qurbanovnanın səsini eşitdim. Rus dili dərsi keçilirdi. Ramilə Qurbanovna, hansısa şairin Bakı haqqında şeirini oxuyur, uşaqlar da onun ardınca təkrarlayırdılar:
     “Нет на свете города мне ближе,
     Хоть немало видел на веку –
     Я хотел бы жить в Париже,
     Если б не было такой земли – Баку!”
     Məni gülmək tutsa da sifətimə ciddilik qatıb aralı qapını taqqıldatdım. Müəllimə məni görüb təlaşlandı:
     - Hə, sizsiniz? Bu dəqiqə. Uşaqlar, sakit oturun indi gəlirəm! Səsiniz çıxmasın!
     Bütün şagirdlər kimi, Özgür də kimin gəldiyini görmək üçün üzünü qapıya çevirdi. Göz-gözə gəldik. Lakin gəlişimə sevinmək yerinə, elə bil məni görüb narahat oldu. Üzündə nigaran ifadə sezdim. Onu belə sınıxmış görmək ürəyimi sızlatdı. “Görəsən nə baş verib?” düşündüm.
     Ramilə Qurbanovna dəhlizə çıxdı.
     -Salam. Zəhmət olmasa müdirin otağına keçək.
     Müdirin otağına qədər dinmədən ardınca getdim. Başını aşağı salıb becid-becid addımlayır, arada yanından ötdüyümüz siniflərin aralı qapılarından içəri göz atmağı da unutmurdu. Kabinetə yaxınlaşanda, qapını döymədən açdı, məni içəri dəvət etdi:
     -Buyurun.
     Şişman məktəb müdiri Sara xanım, bizi görən kimi qabağındakı qalın jurnalı bağladı, eynəyini çıxartdı:
     -Keçin içəri, keçin.
     Səsi soyuq və kobud idi, sifətindən də zəhrimar yağırdı. Məsələdən agah deyildim deyə, Özgürün nəsə ciddi bir şuluqluq etdiyini, kiminləsə dalaşdığını, ya da məktəbdə nəsə sındırdığını düşündüm.
     Sara bizə oturmağı təklif etmədən mətləbə keçdi. Ramilə Qurbanovnaya:
     - Danışın. Danışın, atası da eşitsin - dedi və elə bil müəllimənin nə danışacağını özü də bilmədiyindən, dərin maraq ifadə edən əda ilə kresloda yerini rahlayıb, Ramilə Qurbanovnaya qulaq asmağa hazırlaşdı.
     Bu dəfə əməlli başlı qorxdum. “Yəqin, bağışlanmaz bir günah işləyib. Atasız böyüyən uşaq belə olar da!”
     Ramilə Qurbanovna alçaq səslə, çəkinərək danışmağa başladı:
     -Bilirsinizmi, deməzdim Özgür nadinc, dərslərini pis oxuyan şagirddir. Amma son vaxtlar bizimlə tez-tez mübahisə edir, sözə qulaq asmır, tapşırıqları yerinə yetirmir. Öz davranışları ilə başqa uşaqlara təsir etməsəydi dərd yarı. Amma Özgür onlara da pis nümunə olur.
     Qollarımı aralayıb:
     -Birinci dəfədir eşidirəm ki, Özgür özünü pis aparır - təəccüblə dedim. - Anası həmişə mənə deyir ki, uşaq əlaçıdır, yaxşı oxuyur. Düzdür, hiperaktivliyi var, amma bu, heç vaxt problem olmayıb axı. Özüm də gündəliyinə tez-tez baxıram.
     Sara gözlərini üzümə zilləyib, həvəssiz mırıldandı:
     -Siz həyat yoldaşınızdan boşanmısınız?
     - Bəli. Amma uşağın tərbiyəsi ilə məşğul oluram. Bunun bizim boşanmağımıza dəxli yoxdur.
     Sara pis-pis qımışıb:
     - O sizə elə gəlir ki, yoxdur. Ramilə xanım, davam edin - dedi və üzünü təzədən müəlliməyə çevirdi.
     Ramilə Qurbanovna əzilə-əzilə danışmağa davam elədi:
     - O gün bütün sinfə ev tapşırığı vermişdim. “Qənirə ana” şeirini. Özgür sabahısı gün dərsə hazırlıqsız gəldi. Soruşdum ki, Özgür səndən nə əcəb, dedi ki, mənim Qənirə adlı anam yoxdur, ona görə əzbərləmədim. Vallah çaşdım qaldım. Mən onun anasını da, atasını... üzr istəyirəm, atalığını da tanıyıram, çox mədəni adamlardır. Çətin ki, evdə ona belə tərbiyə versinlər.
     Sara hirslə gözlərini bərəldib, nifrətlə üzümə baxdı:
     - Niyə gülürsünüz, başa düşmədim?! Bu nə deməkdir? - yüksək səslə dedi. - Biz burada ciddi məsələ müzakirə edirik, sizsə gülürsünüz! Oğlunuz məktəbin nizam-intizamını pozur, sinifdə müəllimə ilə mübahisə edir. “Qənirə ana” şeiri təhsil nazirliyi tərəfindən təsdiqlənmiş, dərsliklərə salınmış, məcburi qaydada əzbərlənməli olan şeirdir.
     -Bir dəqiqə - dedim. - Birincisi yavaş danışın, qışqırmaq lazım deyil xanım. İkincisi də ki, Özgür sizə lazım olan cavabı artıq verib - onun Qənirə adlı anası yoxdur. Mən də elə bildim nəsə ciddi bir hadisə baş verib. Bir dənə mənasız şeirin üstündə çağırmısınız məni bura?
     Sara bir müəlliməyə baxdı, bir mənə.
     - Deməli uşağa belə şeyləri siz öyrədirsiniz?!
     - Bəli, bu mənim tərbiyəmdir. - vulkan kimi partlamağa, Saranın nəhəng masasını, kabinetdəki bütün mənasız portret, kitab və suvenirləri qırıb-yıxmağa hazır olsam da, təmkinlə, həm də fəxrlə dedim. - Mənim oğlumun Qənirə adlı anası yoxdur. Heç bir lideri, “xalq və millət anası” yoxdur. Mən öz övladımı bu hakimiyyətə, təhsil sisteminizə və ümumiyyətlə Qənirə Milliyə düşmən ruhda böyüdürəm. Buna sözünüz var?
     Sara rəng verib rəng aldı. Boğulan kimi oldu.
     -Siz, siz nə danışırsınız? Necə yəni...
     -Bax eləcə - dedim və Ramilə Qurbanovnanın yana qaçmış çənəsinə baxdım. - Mənim oğlum sizin gicbəsər şeirlərinizi əzbərləməyəcək! Əgər təzyiq etsəniz, qiymətlərini kəssəniz, hay-küy salaram. Xəbər bütün ölkəyə, dünyaya yayılar, biabır olarsınız.
     Sara qorxdu!
     Qorxdu, çünki ölkədə bircə nəfər belə narazının olduğu bilinməməli, aşkara çıxmamalıdır. Şeir əzbərləmək istəməyən şagirdə məktəbin divarları arasında dözmək olar, amma şeir əzbərləməyən şagirdin və atasının təhsil sistemi ilə mübarizəsinin kütləviləşməsi, bu növ üsyanlara presedent yaradacağı üçün rejimə sərf edən hadisə deyil. “Qənirə ana” şeirini əzbərləməkdən imtina etmiş şagirdə görə rejim, gözünü qırpmadan məktəb müdirini yerindən edə bilər.
     Sara başını endirdi. Ramilə isə qaşlarının altından gah ona, gah da mənə oğrun-oğrun baxırdı. Müdir qərar verməliydi. Elə bir qərar ki, nə mənim, nə də müəllimin yanında biabır olmasın, alçalmasın. Mənim hədəmdən qorxub geri çəkilsə, xəbər həmin andaca məktəbə yayılacaq, Sara müəllim heyəti və şagirdlər qarşısında başı aşağı olacaqdı.
     Nəhayət dilləndi:
     -Biz ölçü götürəcəyik! Siz məni şantaj edə bilməzsiniz! - bunları deyib, iri döşlü sinəsini şəstlə qabağa verdi. Qorxduğu açıq-aydın hiss olunsa da, ötkəm görünməyə məcbur idi. - Bizim məktəbimizdə, dövlətçiliyimizin əleyhinə olan şəxslərin övladları təhsil ala bilməzlər!
     Yaranmış tragikomik vəziyyət, artıq məni sıxmağa başlayırdı.
     - Özünüz bilərsiniz - dedim. - Mən gedirəm. Siz isə sözlərimi unutmayın və oğluma gic-gic şeirlər əzbərlətməyin. Qapını sərt çırpıb kabinetdən çıxdım. Özgürün sinfinə yaxınlaşdıqca, ordan gələn uğultu hər addımda böyüyürdü. Yadıma düşdü ki, müəllimə sinifdən çıxanda biz də belə edirdik, heç vaxt sakit oturmurduq. Oturmamalıydıq da.
     Aralı qapıdan başımı içəri salıb arı yuvasını xatırladan sinifdə oğlumu axtardım. Özgür iki qızın qabağında dayanıb hərarətlə, əl-qolunu ölçə-ölçə onlara nəsə danışır, qızlar da maraqla ona qulaq asırdılar.
     -Özgür!
     Məni görüb qaça-qaça yanıma gəldi. Dəhlizə çıxdıq.
     -Necəsən oğlum?
     - Yaxşıyam ata. - başını aşağı saldı.
     - Sarayla danışdım. Bundan sonra heç kəs sənə heç nə deməyəcək. Qənirə ana şeirini əzbərləmək lazım deyil. Amma dərslərini yaxşı oxumalısan.
     -Bəs mənə iki qoyacaq axı.
     -Qoymayacaq. Danışmışam Ramilə Qurbanovayla.
     -Bəs Rasim?
     Üzümdəki mülayim cizgilər, qəzəbli mimikayla əvəz olundu.
     -Nə Rasim? O nə istəyir?
     - Məni məcbur edir ki, belə şeirləri əzbərləyim. Deyir Qənirə bizim prezidentimizdir, onu çox istəməliyik. O, millətimizin anasıdır.
     -Rasim belə deyir? - yumruqlarımı sıxdım.
     -Hə.
     -Bəs anan nə deyir? - maraqlandım.
     - Mənim yanımda ona heç nə demir. Amma dünən gecə dava elədilər. Otaqdan səsləri gəlirdi. Sonra da Rasim çıxıb getdi.
     - Olsun - dedim. - Sən git sinfə, həftənin axırı görüşərik. Yaxşı? Boynuma sarılıb öpdü məni.
     “Oğlumdan ayrı qalacaq qədər eşşək adamam” düşündüm. “Yad bir kişinin uşağıma atalıq etməsinə necə razı oluram?! Necə?!”
     Pilləkənləri tez-tez düşüb küçəyə çıxdım. Məktəbin hündür, ağır qapısı ardımdan çırpılıb qapanan kimi, əllərim əsə-əsə Rasimin nömrəsini yığdım.
     -Eşidirəm.
     - Sənin eşidən qulağını sikim, göt oğlu göt! Bir də xəbər tutsam ki, uşağa şeir əzbərlədirsən, səni doğrayaram! Bildin?!
     -Danışığuva fikir ver...
     - Kəs səsini qoduğ! Mən sözümü dedim - uşağın atası mənəm! Tərbiyəsi ilə mən məşğul oluram! Bəhanə axtarıram ki, uşağı alım əlinizdən! Götvərən! Qəhbə oğlu qəhbə! Hardasan indi?
     Telefonu söndürdü.
     Nömrəsini təzədən yığdım, götürmədi. İkinci cəhdim də boşa çıxdı.
     Sonda bezib, lakonik mesaj yazdım: “GÖT!”
     İndi mən Rasimi harda tapım salım təpiyimin altına?! Sevilin iş yerinə gedə bilərəm, amma bilmirəm Rasim orda olacaq ya yox. Burada, məktəbin qabağında da gözləmək olar. Doğrudan da! Bəlkə bu gün uşağı Rasim götürəcək? Gərək Özgürdən soruşaydım. Məktəbə gələcəksə, onu burdaca gözləyib əzişdirə bilərəm. Amma uşağın yanında olmaz. Ümumiyyətlə uşağın atalığını döyüb evə yola salmaq, uşağa necə təsir edər görəsən? Əlbəttə pis. Çox pis.
     Məktəbdən yüz metr aralanmışdım ki, Sevil zəng elədi.
     -Utanmırsan? Budur sənin qanacağın, tərbiyən?
     Oğraşa bax, zəng vurub arvadına şikayət eləyib.
     -Nədi? Məndən sənə “sukalıq” eləyib?
     -Murad! Onunla sən yox, mən danışmalıyam! Sənin ona nəsə deməyə ixtiyarın yoxdur!
     Qışqırmağa başladım:
     -Söhbət mənim oğlumdan gedir Sevil! Oğlumdan! Rasim haranın poxudur ki, uşağa mən deyənin tərsini deyir?! Hə?! - Yoldan keçən qucağı körpəli qadın nifrətlə mənə baxıb addımlarını sürətləndirdi. Səsimi bir az alçaltdım - Əgər mən oğluma kiməsə nifrət elə, kimisə sev deyirəmsə, oğraş ərin gərək dilini götünə soxub sakit otursun. Sözümün qabağına söz qoymasın.
     Məhv eləyərəm onu!
     - Sakit ol. - Sevil özü də bunu çox sakit, təmkinli tonda dedi. - Sakit ol. Məsələni çox böyüdürsən. Axşam görüşüb söhbət edərik.
     Sakitləşdim. Sevillə görüşmək perspektivi, məni özümə gətirməyə bəs eləmişdi.
     -Harda görüşək?
     -İşdən neçədə çıxırsan?
     -Həmişəki kimi, altından sonra çıxa bilərəm.
     Məni üzünə həsrət qoyan qadınla görüşmək ehtimalının həzzi başımı gicəlləndirdi.
     -Yeddidə evdə ola bilərsən? - elə bil harasa tələsirdi deyə, sualına tez cavab eşitmək istəyirdi.
     -Hə, ola bilərəm. Necə bəyəm? - Görəsən bunu niyə soruşur?
     -Axşam gələrəm sizə, söhbət edərik.
     Nəfəsim kəsildi, nitqimi itirdim. Necə yəni? Sevil mənim evimə gələcək?! Belə şey olar? Boşandıqdan sonra ilk dəfə! Hətta çıxıb gedəndə, əşyalarını özü yox, anası gəlib aparmışdı evdən. İndi isə Sevil evə gəlmək istəyir.
     -Əlbəttə gələ bilərsən. Amma...
     -Nəsə olub? İstəmirsən başqa yerdə görüşək.
     -Yox, yox. Gərək yır-yığış eləyim.
     - Ehtiyac yoxdu. Nə isə, görüşərik. İndi tələsirəm. Hə! Məktəbin qabağında pusqu qurma. Rasim gəlib uşağı götürəcək. Problem istəmirəm! Axşam söhbət edərik.
     -Narahat olma, burda dayanmaq fikrim yoxdur. İşə getməliyəm.
     -Lap yaxşı - dedi. - Özünə yaxşı bax.
     Toğrul kabinetimdəki “Tefal” markalı elektrikli çaydandan iri fincana su süzüb, bir qaşıq kofe və şəkəri içində qarışdırdı, gəlib qarşıma dikildi. İsti kofedən ehtiyatla bir qurtum içib üzümə baxdı.
     -Nə olub yenə?
     -Heç. Elə belə - gülümsədim.
     -Baş açmaq olmur - kefin kökdü, yoxsa qanın qaradı.
     Baxışlarını üzümdən ayırmadan kresloya əyləşdi. “Şeylanın kreslosuna”.
     -Bu axşam Sevillə görüşəcəm - dedim.
     Toğrul başa düşmədi. Fincanı masanın üstünə qoyub təəccüblə mənə baxdı:
     -Nə olsun ki? Tez-tez görüşmürsünüz bəyəm?
     -Adi görüşdən danışmıram - dedim. - Evimə gələcək.
     -Nə danışırsan? - Toğrul da elə bil həyəcanlandı. Özünü bir az qabağa verib - Aha, danış görüm - dedi.
     -Nə danışım e? Getmişdim bu gün məktəbə, direktorla görüşdüm. Özgür “Qənirə ana” şeirini əzbərləməyib...
     Bütün əhvalatı olduğu kimi ona danışdım.
     - Hə də. Lap yaxşı - dedi. - Gəlsin söhbət eləyin. Sonra da gözlənilmədən - Bəs Şeyla gələcək bu gün?
     -Hə, indilərdə gəlməlidir.
     -Bir söz soruşum. Aranızda nəsə olub?
     Sual elə qəfil verilmişdi ki, çaş-baş qaldım. Toğrul həmişə belə edir. Qorxuram axırda bu parlaq zəkası özünə zərər versin.
     -Nə mənada? - vaxt qazanmaq üçün soruşdum.
     -Hər mənada.
     Gülə-gülə başımı buladım.
     -Sən nə adamsan!
     -Yəni nəsə olub? - gözləri parıldadı.
     Toğruldan gizlətməyin nə mənası var?
     -Aha. Dünən zorlayıb məni.
     -???
     - Hə də - dedim. - Elə o məsələ.
     - Harda?! - gözlərini bərəldib kofedən bir qurtum içdi.
     -Elə burda.
     -Nə danışırsan?! Zarafat eləyirsən?
     -Yox, düz sözümdü. Əşi sonra danışarıq - dedim.
     -Dayan görüm e! - dedi, ayağa qalxdı. - Necə yəni otaqda. Nə vaxt oldu bu?
     -Gündüz. Prosedura gələndə.
     -Əməlli başdı sikişdiniz, yoxsa öpüşmə filan?
     -Nə öpüşmə? Deyirəm zorlayıb məni.
     - Aha. Başa düşdüm - pəncərəyə yaxınlaşıb küçəyə baxdı. - Dünən mən otağa girib sənə terror söhbətini danışanda, pörtüb qalmışdın elə bil.
     -Hissiyatına söz ola bilməz - güldüm.
     - Niyə belə iş tutdun? Bilmirsən axırı pis ola bilər?
     - Eee bəsdir! Heç özüm də bilmədim necə oldu. Birinci axırıncı dəfədir. Bir azdan özü də gələcək - köks ötürüb dedim. - Görüm özünü necə aparır.
     - Dünəndən heç zəng eləməyib? - Toğrul maraqlanıb təzədən yerinə oturdu.
     -Yox, eləməyib.
     -Qəribədir.
     -Nə isə. Sənin işlərin necə gedir?
     Gözlərini azacıq qıyıb:
     - Bütün təzə xəbərlər səndədir. Məndə köhnə hamam, köhnə tas.
     -Ayrılmısınız yenə?
     Ağrılı təbəssümlə:
     - Sənin də intuisiyana söz ola bilməz - dedi. - Hə, ayrılmışıq. İki gün əvvəl telefonu üzümə söndürdü, indi də cavab vermir. Nə isə. Düzələr.
     Aha! Düzələcək, gözlə. Zavallı Toğrul, istəməzdim sənə yazığım gəlsin. Yazıq adam olmağa layiq deyilsən çünki. Amma neyləyim, özümlə bacara bilmirəm - mənim gözümdə sən hiyləgər, məkrli bir qadının könüllü ayaqaltısından başqa heç nə deyilsən. Bu üzdən sənə yazığım gəlir.
     Qapı döyüldü.

Dilemma


     -Salaaam.
     Olduqca xoşbəxt görünən Şeylanın, salamı da sanki musiqili alınmışdı.
     Toğrul təlaşla:
     - Yaxşı, görüşərik - deyib mənə göz vurdu. Otaqdan çıxdı.
     Üzündəki şit, yersiz təbəssümü ilə insanı hövsələdən çıxaran Şeyla qapını örtüb:
     -Vaxtsız gəlmədim ki? Bəlkə nəsə söhbətiniz vardı?
     -Yox - dedim. - Problem deyil.
     Çantasını masamın üstünə qoyub güzgüyə yaxınlaşdı, çeçələ barmağının dırnağı ilə kirpiklərini hamarladı, dodaqlarını bir-birinə sürtdü. Sonra şıltaqlıq saçan gözlərini döyə-döyə mənə baxıb soruşdu:
     -Problem deyil. Poblem yoxdu. Azərbaycanlılar bu sözləri tez-tez işlədirlər, düz demirəm?
     -Nə bilim. Yəqin ki.
     -Həə. Amma problemlər qurtarmır ki, qurtarmır.
     Tələsmədən qapıya yönəldi, cəftəni vurub mənə yaxınlaşdı. Bu yerdə onu saxlamaq, gedib qapını açmaq, ona həddini bildirmək lazım gəldiyini düşündüm, amma yerimdən tərpənməyə güc, cəsarət tapmadım özümdə. Dayandığım yerdə quruyub qalmışdım; onun rahat, sərbəst hərəkətlərinə heyrətlə tamaşa edirdim. Özünü elə aparırdı ki, elə bil yüz ilin tanışlarıyıq. Sonda, özümü toplayıb:
     -Neynirsən? - soruşdum.
     Cavab vermək yerinə, bir göz qırpımında dodaqlarıma öpüş qondurdu.
     “Axı mənim də bir mənliyim var” düşündüm və onu qabaca özümdən uzaqlaşdırıb geri çəkildim.
     Xahiş edirəm, lazım deyil! - üzümü turşutdum.
     İtaətkarlıqla keçib kresloya oturdu, çantasından siqaret çıxartdı və dəxlisiz sual verdi:
     -ADNA-da olanlar haqqında nə fikirləşirsən? Nə hərəkətlərində, nə sözlərində məntiq yox idi. Güclü təsirə malik psixotrop maddə qəbul etmiş, prostrasiya vəziyyətinə düşmüş adama oxşayırdı. Bilmirdim ona qəzəblənim, yoxsa gülüm. Qarışıq hisslər keçirirdim.
     - ADNA-da olanlar? Nə bilim. Ev istəyib, verməyiblər, o da intiqam alıb. Bundan artıq nə deyə bilərəm? Özü də ki... siqareti yandırmağa tələsmə. Gəl proseduranı bitirək, sonra çəkərsən.
     - Baş üstə - deyib, nə üçünsə sevinclə ayağa qalxdı.
     Həvəssizcə iynəni vuranda, ardından da damaqlarına gel sürtəndə ağız qoxusunun ilk günkü qədər şiddətli olduğunu hiss etdim, ödüm ağzıma gəldi. Bayaq dodağımdan öpəndə də narahat olmuşdum. Salfeti ona uzadıb, dodaqlarını silməsinə gözucu tamaşa edərək pəncərənin qabağına keçdim. Qancıq tez rədd olub getsəydi, əla olardı.
     Küçədə gözləyən S-Class Mercedes-in sürücüsü dala-qabağa var-gəl edir, yanğıyla siqaret çəkirdi. Ailəsinə çörək pulu qazanmaq üçün min zülmə qatlaşan, bəlkə də hər gün alçalan orta yaşlı bu kişiyə ürəyim ağrıdı. O, Şeylanın bütün şıltaqlıqlarına vərdiş edib artıq. Bəs mən? Buna məcburammı? Bu qadından nə asılılığım var? O kimdir axı? Üzümü qətiyyətlə ona çevirəndə, artıq ayağa qalxmışdı. Krana yaxınlaşıb dodaqlarına yüngülcə su vurdu, salfetlə qurulayıb zibilqabına atdı.
     - Mən bir azdan çıxmalıyam - dedim və səsimin titrədiyini hiss etdim. Əgər o da hiss edibsə, çox pis.
     Kresloya əyləşdi, ayağını ayağı üstə aşırtdı.
     -Xəstən olmayacaq bu gün?
     - Yox. İşlərim var, çıxmalıyam - təkrarladım. Sözlərimin inandırıcılıqdan uzaq olduğunu özüm də bilirdim. Deməli belə lazımsız yalanlar danışmağı yaxşı bacarmıram.
     Bayaq çəkməyinə icazə vermədiyim siqareti indi yandırdı.
     -İşlərini nə vaxta qurtararsan?
     -Bu gün boş vaxtım olmayacaq. Həyat yoldaşımla görüşməliyəm - bunu elə qürurla dedim ki, elə bil həyat yoldaşımın olması fəxr ediləsi, əlahiddə hadisədir.
     Gülümsədi.
     -Evlisən?
     İndi nə cavab verim?
     - Yox. Boşanmışam. Amma bu gün görüşməliyik. Oğlumuzun bəzi problemlərini həll etmək lazımdır.
     -Oğlun olduğunu bilmirdim.
     “Guya sən nə bilirsən ki, ay qancıq?” düşündüm.
     Ayağa qalxıb masanın altındakı siyirtmədən külqabını özü götürdü. Düşüncəli halda kresloya qayıdıb, ağır-ağır oturdu.
     -Hə, var. Özü də birinci sinfə gedir - dedim.
     - Birinci sinfə gedən uşağın problemləri var? Nə problemi ola bilər axı?
     Əsəbi halda:
     - Səncə nə ola bilər? - soruşdum. - Bu iyrənc rejimdən başqa, kiçikli böyüklü bütün vətəndaşların nə problemi ola bilər? Sifətini büzüşdürdü:
     - Yenə başladın? Səndən uşağın problemi nədir soruşuram, sənsə müxalifətçilik edirsən.
     - Bəs desəm ki, bundan sənə nə var?
     Siqareti tutduğu sağ əli ilə havada jest edib:
     - Onda səndən inciyərəm - dedi. - Yox, zarafatsız soruşuram.
     Köks ötürüb yerimə oturdum, masaya dirsəkləndim.
     - Məktəbdə məcbur edirlər ki, Qənirə Milliyə həsr olunmuş şeiri əzbərləsin. Uşaq da əzbərləmək istəmir.
     -Niyə?
     -Necə yəni niyə? Şeylanın gözlərindəki səmimi ifadədən məlum olurdu ki, “niyə”sini doğrudan da başa düşə bilmir.
     - Çünki onun mənim kimi atası var. İcazə vermirəm!
     - Bəs məktəbdə nə baş verib? İki alıb?
     Sara yadımda düşdü. Əsəbimdən dişlərimi qıcıdım:
     - İki nədir? Direktor uşağı məktəbdən qovmaqla hədələyir! Bir şeirin üstündə!
     Dodaqlarını büzüb bir müddət susaraq üzümə baxdı. Sonda dilləndi:
     -İndidən niyə şikəst edirsən uşağı?
     “Sən bir bunun həyasızlığına bax!” düşündüm.
     - Şikəst?! Uşağı şikəst edən mən yox, sizin sistemdir!
     Siqareti söndürüb ayağa durdu, yanıma gəldi. Masanın küncündə oturub əllərini dizlərinə qoydu.
     -Bu barədə səninlə danışdıq o gün. Mənim fikrimcə indiki rejim Azərbaycana ən sərf edən rejimdir. Bundan yaxşısı qurula bilməz. Sus! İmkan ver sözümü bitirim. Bilirsən necədir? Mən səninlə yaxın olmaq istəyirəm. Bunun üçün ilk addımı özüm atdım. Amma sən məndən qaçırsan elə bil. Dost olmaq istəmirsən.
      “Nə dostluğu? Nə yaxınlığı? Bu nə danışır? Axmaqdır nədir?”
     -Şeyla, biz iki-üç gündür ki, tanışıq. Özü də mənim sevgilim var.
     Barmağını dodaqlarıma qoydu:
     - Hələ sevgilin ola-ola dünən o cür ehtiraslı sevişdin mənimlə? Gör olmasaydı neynəyərdin, dağıdardın ki məni!
     Deyirəm axı, dünənkinin cəzasını mütləq çəkəcəyəm. Bunun adı poxa düşməkdir!
     Bezgin halda ilə dedim:
     - Dünənki hadisə, sənin təşəbbüsün idi, mənim yox. Olan oldu, keçən keçdi. Bu söhbətə qayıtmağın mənası yoxdur. Unudaq getsin.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.09.2014) | Müəllif: R.C E W
Baxış: 650 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more