Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-2

     Doktor Zöhrab o qədər çox danışdı ki, beynim şişdi. Əvvəl gəvəzəliyini optimizminə bağışlamağa hazır idim. Sonra isə özü hər şeyi korladı. Sevilin əri olduğum xəbərinin şokundan ayılmamış, palataya gələn kimi şən hərəkətləri, məzəli söhbətləri ilə mənə toxtaqlıq verməyə çalışdı, sonra da amneziyamın nə vaxta qədər davam edəcəyini dəqiq bilmədiyini deməklə qanımı qaraltdı.
     -Adətən belə yaddaşsızlıq nə qədər çəkir? - soruşdum.
     -Çətin ki, üç aydan çox çəksin, amma bilmək olmur.
     Sonra yeməklə bağlı danışdı. Dedi ki, qidalar mənə az-az veriləcək ki, aylarla boş qalan mədəm tədricən öyrəşsin. Katetoru çıxarmağa isə dərhal razılıq verdi, çünki özüm sidiyə gedə bilərəmmiş. Qəribəsi də o idi ki, mənimlə danışanda istifadə etdiyi bütün terminləri başa düşürdüm, Sevil isə hər dəfə ondan nəsə dəqiqləşdirirdi. Həkim olduğumu deyən Zöhraba inanmamaq üçün artıq heç bir əsasım yoxdur. Özü də indiki vəziyyətimdə hansı peşənin yiyəsi olmağım məni bir o qədər maraqlandırmır. Həkim də ola bilərdim, kosmonavt da. Yarıcanlı, natamam bir insan kimi, məni bircə sual maraqlandırırdı - nə vaxt sağalıb əvvəlki həyatıma qayıdacağam? Zöhrab isə dəqiq heç nə demir. Deyə bilmir.
     Çıxıb getməmişdən əvvəl, dişlərimi qıcıyıb zarımağımı vecinə almayan Zöhrab katetoru dartıb çıxartdı və:
     - Çarpayının altında sidik qabı var - dedi. - Bayıra getmək istəsəniz ya sanitarı çağırın, ya da xanımınızdan kömək istəyin.
     Sevil boynunu büküb dayanmışdı. Zöhrab son cümləsində ona işarə edəndə “əlbəttə, əlbəttə” dedi və mənə gülümsədi. Mən də qarşılığında Sevilə gülümsəyib “nə yaxşı ki, nəcis məsələsində bəxtim gətirib, bağırsaqlarım bomboşdur” düşündüm. Ümid edirəm ki, az-az qidalandığıma görə, bir həftə bayıra getmərəm. O vaxta qədər də yəqin ki, özüm ayağa qalxa bilərəm.
     Zöhrab qapıya yaxınlaşan yerdə, qəfildən yadına nəsə düşübmüş kimi Sevilə:
     - Sevil xanım, yeri gəlmişkən, sanitarlar gecə-gündüz işləyirlər - dedi. - İstəsəniz gedib evdə rahat yata bilərsiniz. Uşaqdan da ayrı qalmısınız neçə gündür.
     Sevil çəkingənliklə divanı göstərib:
     -Narahat olmayın. - dedi. - Burda yerim rahatdır. Uşağa da nənəsi baxır.
     Zöhrab “özün bilərsən” mənasında çiyinlərini çəkib palatadan çıxan kimi, beynimi gəmirən sualı verdim:
     -Sənin uşağın var?
     Deyəsən ağlamamaqla bağlı ona verdiyim “tapşırıq” təsir eləmişdi. Gözləri dolmağa hazır olsa da, Sevil buna cəsarət etmədi. Başını yırğaladı:
     -Hə. Bizim uşağımız var. Oğlumuz.
     -Adı nədir.
     -Özgür.
     - Özgür? - düşüncəli halda dedim və pəncərəyə baxdım. Məni dünyaya, həyata bağlayan sirr kimi düşürdü yadıma nəsə. Külək səngimişdi deyə, küknar da artıq qamətini əymirdi. - Bəs niyə gətirmirsən bura?
     -Necə gətirim? Nə sən hazırsan buna, nə də o. Altı ay ərzində iki dəfə gəlib görüb səni. Gələndə də ağlayır ki, atam niyə oyanmır?
     Bu dəfə Sevillə birlikdə ağlamağa hazır idim. Hiss etdim ki, burnumun içi sızıldayır. Özümü güclə saxlayıb:
     -Başa düşürəm - dedim. - Neçə yaşı var?
     Səkkiz. İkinci sinfə gedir.
     Güldüm.
     -Nə tez evlənmişəm.
     - Tez evlənmisən - dedi və gözlərindəki yaş pərdəsinin arxasından təbəssüm etdi. - Tez evlənmişik.
     Budur, iki damla süzülür yanağından. Mövzunu dəyişmək vaxtıdır.
     Sağ əlimi qaldırmaq istədim. Biləyimi tərpədə bildim ancaq. Sevil bu cəhdimi görüb əlimi tutdu.
     -Ürəyin nəsə istəyir? Bəlkə tualet...
     -Yox, narahat olma. Bir yerdə uzanıb qalmaqdan bezmişəm. Sevil...
     Əlimi bir az da möhkəm sıxdı.
     -Can.
     - Zöhrab demişdi ki, mən həkiməm.
     -Düz deyir. Stomatoloqsan. Yəni diş həkimi - şirin-şirin gülümsəyib alnımda puçurlanmış təri sildi.
     -Nə maraqlı - düşüncəli gözlərlə Sevilin başının üstündən qapıya baxdım.
     Sevil gözlərimin yol çəkdiyini görüb nə haqda düşünə biləcəyimi təxmin etdi.
     -İstəyirsən sənə xəstə dişimi göstərim?
     Ayağa qalxıb üzümə əyildi, ağzını açdı. Üstdəki altıncı böyük kök dişinə barmağı ilə işarə elədi. Diş minası əməlli-başlı zədələnmişdi. Ağır karies.
     -Altıncı dişin təcili müalicə olunmalıdır - dedim.
     -Bax, görürsən - gözləri sevincdən parıldadı. Sonra köks ötürüb - vaxt tapıb həkimə gedə bilmirəm - dedi. - Gözləyəcəm sən özünə gəlib müalicəmlə məşğul olasan.
     -Qəribədir - gözlərimi yumub dedim.
     - Qəribə zad deyil. Peşəkar həkim kimi, intuisiyanla hər şeyi özün başa düşdün. Düzələndən sonra öz işinə qayıdacaqsan - dedi və soruşdu - Yuxun gəlir? Yatmaq istəyirsənsə, yat.
     -Yox əşi, nə qədər yatmaq olar? - gözlərimi açdım. - Bilirsən nə fikirləşirəm? Deyirsən biz bir ailəyik, oğlumuz da var, özü də ikinci sinifə gedir. Amma mən... özümü ata kimi, nə bilim, ailəli adam kimi hiss eləmirəm. Sevil sözlü adama oxşayırdı, amma tərəddüd edirdi. Gözlərini də qaçırtdı məndən.
     -Mənə nəsə demək istəyirsən?
     -Murad biz... biz bir neçə ildi ki, boşanmışıq.
     Gic gülmək tutdu məni. Çətinlik çəksəm də, uğunub getdim. Güləndə sinəm ağrıyırdı. Görünür sınmış qabırğalarımdandır.
     - Nəcə yəni boşanmışıq? Mən sənin kimi gözəl bir qadını niyə boşamalıyam axı?
     Sevil ciddi nəzərlərlə baxdı üzümə.
     - Sən məndən yox, mən səndən boşanmışam. Qapı açıldı, Zöhrab palataya girdi. Əynində xələt yerinə palto var idi. Gözucu ona baxıb, üzümü təzədən Sevilə çevirdim. Onun dediklərini təhlil etməyə, anlamağa çalışırdım. Nə qədər zorlasam da beynimi, yadıma heç nə düşmürdü. Heç nə! Bu vəziyyət mənə çox ağır və ağrılı gəlirdi. Elə bil nəfəsim kəsilirdi, boğulurdum. Necə yəni? Axı necə ola bilər ki, heç nə yadıma düşmür? Bəli, başımda anaya, ataya, övlada dair xatirələr dolaşır. Lakin bu xatirələr axar su içərisində görünən, formasız halda diyirlənən daş kimi tutqun və ağırdır. Kölgələr görünür və yox olur, lakin tam bir sima, bir surət yarada bilmirlər. Duyğularımda da nə isə bir iz var, amma dəqiq xatırlaya bilmirəm.
     Zöhrab yanımıza yaxınlaşıb cihazlara baxa-baxa:
     - Əla! Sabahdan fizioterapiya kursları başlayır - dedi. - Arada uzanan yerdə əl-ayağınızı hərəkət etdirin ki, açılasınız bir az.
     -Bəs evə haçan gedə bilərəm?
     Zöhrab şaqqanaq çəkib güldü.
     - Aa! Maşallah! Sevil xanım, görürsünüz də, gözlərini açın kimi qaçmaq istəyir. Yox əzizim, olmaz! Hələ azı on gün burdasınız. Belə tezliklə hara gedirsiniz?
     -Bədənimi tərpədirəm amma ağrılarım var. Çox narahatam.
     -Bu gündən sizə yüngül ağrı kəsicilər vurulacaq, narahat olmayın. Mən indi gedirəm, növbəm qurtarıb. Bir də sabah görüşəcəyik. Amma nəsə lazım olsa doktor Rafaelə deyə bilərsiniz. Sevil xanım tanıyır onu.
     Sevil başını əyib “bəli, tanıyıram” dedi.
     -Onda sabaha qədər - Zöhrab şən səslə dedi və çıxdı.
     Həkim gedəndən sonra, söhbətin nə haqda gedəcəyini başa düşən Sevilin mövzunu dəyişmək cəhdi baş tutmadı:
     -Acmısansa yeməyi qızdırım - dedi.
     -Məndən nə üçün boşanmısan? - soruşdum.
     Cavab vermək yerinə əyilib dodaqlarımdan öpdü. Mən isə hərəkətsiz uzanmışdım, gözlərimi də qırpmadım.
     Soyuqluğumu görüb:
     -Olar bu haqda sonra danışaq? İndi yeri deyil - dedi.
     -Yaxşı. Onda heç olmasa de görüm, nə vaxt barışmışıq?
     -Əslində aramızda barışıq olmayıb.
     -Biz boşanandan sonra, həyatında başqa kişi olub?
     -Murad, xahiş edirəm!
     Əsəbiləşmişdim. Ayağa qalxıb otağı darmadağın etmək, bağırıb-çağırmaq istəyirdim. Bilmirəm, bəlkə də Sevilə əl qaldırardım. Görəsən həmişə belə əsəbi olmuşam?
     -Yaxşı. Qalsın sonraya - ağır-ağır nəfəs alaraq dedim. - Sən deyən olsun.

Özgür


     Günlər yeknəsəq, darıxdırıcı keçsə də - ağrıkəsici iynələr, tualet proseduraları, ilıq şorbalar, sistemlər - keçmişimlə bu günüm arasında yeganə körpü, yaddaşımın bərpasında tək köməkçim, ötən günlərimə səyahətlərimdə bələdçim olan Sevil hər gün, hər an yanımda idi deyə, yaddaşsız həyatımın boz xəstəxana səhifəsinə rəng qata bilirdim. Yuxuya gedəndə də, gözlərimi açanda da Sevili görürdüm. Beynim yaxşı işləyirdi - hər şeyi aydın, səlis başa düşür, təhlil edirdim. Lakin hafizəm... Hafizəm inadla geri qayıtmaq istəmirdi. Xilas edilmək üçün sahibi tərəfindən tez-tez sulanan, dərmanlar püskürdülən, əlqərəz xüsusi qayğı ilə əhatə olunan solğun dibçək bitkisi hiss edirdim özümü.
     Hər gün fizioterapiya həkimi Esmira xanımın nəzarətində, Sevilin əlindən tutub bir saat dəhlizdə gəzirdim. Belə gəzintilər zamanı ayaqlarımda yüngül sızıldama hiss etsəm də, gəzməkdən zövq alırdım. Elə bil gəzmək üçün, yerimək üçün darıxmışdım. Mənə elə gəlirdi ki, dəhlizdəki pəncərələrdən xəstəxananın həyətinə, gəlib-gedən maşınlara, gəzişən xəstələrə, xəstə yaxınlarına saatlarla baxsam da doymaram. Küçə üçün, insanlar üçün darıxmışdım. Ayağa qalxdığım ikinci günün axşamı nəhayət tualetə də getdim. Bağırsaqlarımın ehtimal etdiyimdən də dolu olması xeyli təəccübləndirmişdi məni. Oradan çıxandan sonra bədənimdə hiss etdiyim yüngüllüyün dünyanın ən gözəl duyğusu olduğunu Sevilə deyəndə, dəhlizdə şaqqanaq çəkməmək üçün özünü güclə saxladı.
     Axşamlar xəstəxananın səsləri susandan sonra, Sevillə palataya qapanıb söhbət etməyin ləzzəti bambaşqa olurdu. Psixikamın qayğısına lazımından artıq qalan, ifrat həssaslıq göstərən Sevili sorğu-suala tutmurdum artıq - özü nəyi lazım bilsə, o haqda danışırdı. Anasından, işindən, rəfiqələrindən söhbət açırdı və nə deyirsə desin, dərin maraqla, acgözlüklə qulaq asırdım ona. Çünki danışdığı hər şey yeni idi mənim üçün. Tez-tez mənə təsəlli verməyi də unutmurdu - hər şey düzələcək, yaxşı olacaq, evə gedəcəyik, yaddaşın bərpa olunacaq... Sevil danışdıqca onun dodaqlarına, üz cizgilərinə, mimikalarına diqqətlə baxır; tanımağa, yaddaşımın qaranlıq, dolaşıq labirintlərində itirdiyim qadınıma yenidən qovuşmağa çalışırdım.
     Dəqiq yada salmasam da, əvvəllər onu hardasa gördüyümdən əmin idim, başa düşürdüm ki, yaxın olmuşuq, bir-birimizə aid olmuşuq. Amma harda, necə, nə zaman? Hər gün bir az daha çox tanıyırdım onu. Tanıyır və sevirdim. Palatada gözümü açıb onu qarşımda gördüyüm andan etibarən bu mülayim, mehriban baxışı öz üzərimdə hiss edəndən bəri qırılmaz tellərlə, ömürlük onu bağlanmışdım. İndi anlayıram ki, bu sirayətedici, cazibədar, adamı əsir edən və bununla da onu çılpaqlandıran anadangəlmə sehrli baxışlar məni keçmişimdə də feyzyab edib.
     Ayağa qalxıb gəzməyə başladığım üçüncü günün axşamı şorbamı içib, bir dənə də kotlet yemiş, Sevili artan iştahamla sevindirmişdim. Bir saata yaxın dəhlizdə gəzişib palataya qayıdandan sonra isə qapını bağlayıb divana oturmuşduq. Nə qədər öpüşdüyümüzü xatırlamıram, amma beldən aşağı heç nə hiss etməməyim, oyanmamağım təlaşa salmışdı məni. Qan-tər içində qalmış, acizlikdən ağlamaq həddinə çatmışdım. İnstinktiv olaraq başa düşürdüm ki, özümü idarə edə bilmirəmsə, yaşamağın da mənası yoxdur. Əziyyət çəkdiyimi, üzüldüyümü görən Sevil isə, məni sakitləşdirir, əlini ehtiyatla qasığımın üstünə qoyaraq qulağıma təsəlli sözləri pıçıldayır, məni öpməyə davam edirdi. İnanırdım ona. Bilirdim ki, ayağa qalxmağı bacardığım, yavaş-yavaş hər şeyi yada salmağa başladığım kimi, kişilik funksiyalarımı da qaytara biləcəyəm. Bu, yalnız zaman məsələsidir.
     Səhər Zöhrab palataya gələndə, artıq oyanmış, Sevilin danışdığı lətifələrə qulaq asırdım. İndi mənə aydın olur ki, o gün bəzi lətifələrin kontekstini anlamadığım üçün gülə bilmirdim, gözlənilən reaksiyanı göstərmirdim deyə, Sevil pərt olurdu. Zöhrab kefimin kök olduğunu görüb gülümsədi. Özümü necə hiss etdiyimi, ağrıyıb-ağrımadığımı soruşdu və Sevilə:
     – Yavaş-yavaş Murada keçmişi haqda danışmağa başlayın - dedi. - Bir ara uşağı da gətirin. Amma qabaqcadan onun haqqında atasına məlumat verin ki, uşaq sonra pərt olmasın, psixikası zədələnməsin - deyib mənə baxdı. - Bəlkə özünüz hiss eləmirsiniz, amma mən görürəm ki, xeyli irəliləyiş var. Belə getsə, çox demirəm, uzağı bir aya, ay yarıma tam düzələcəksiniz. Mənim ağlım isə Sevildə qalmışdı. Zöhrabın tövsiyəsindən sonra, “qalsın sonraya” bəhanəsi nəhayət əlindən çıxacaq və hər şeyi bir-bir mənə danışacaqdı. Yenə də ehtiyatlı olacağını, mənə pis təsir edə biləcək ağır xəbərləri birdən-birə çatdırmayacağını da bilirdim. Olsun. Elə qədərində danışsa da qənimətdir.
     Zöhrab gedənə yaxın palataya gələn tibb bacısı Qəmər, növbəti ağrı kəsicini vurub, yanıma dağ çəkdi. Komadan çıxdığım gündən, nifrət etməyə başladığım birinci adam bu qadın olmuşdu. Ufuldaya-ufuldaya yanımı ovuşdurub qurtarandan sonra, pambığı tumboçkanın üstünə atdım və palatadan çıxan Qəməri burnumun dibində söyüb, üzümü Sevilə çevirdim. Pəncərənin qabağında dayanmış, küçəyə baxırdı. Başımı yastığa atıb dərindən köks ötürdüm. Gözləyirdim özü başlasın danışmağa. Hardan başlayacağını da özü daha yaxşı bilir.
     Diqqətlə ona baxdığımı hiss edib üzünü mənə döndərdi:
     -Səndən ona görə boşanmışdım ki, ailənə vaxt ayırmırdın - nə mənə, nə də uşağa. İstəyirəm bunu biləsən.
     -Nə danışırsan!? - heyrətim gözlənilməz və gülməli alındı deyə, Sevil başını bulaya-bulaya güldü. Mənsə gülə bilmirdim. İstəyirdim bu barədə daha müfəssəl danışsın. Danışdı da.
     Evliliyimizin ilk günlərində ideal bir ər olduğumu, onu çox sevdiyimi, hətta biz evlənəndə artıq Özgürə hamilə olduğunu öyrəndim. Aylar, illər keçdikcə evə, ailəyə qarşı soyuyur; dostlarımla daha çox vaxt keçirirmişəm. Klinikada işləməyə başlayandan sonra isə ümumiyyətlə Sevildən uzaqlaşmışam. Tez-tez dostlarımla görüşür, gecələr evə gec saatlarda, əksər hallarda da içkili gəlirmişəm. Ayıldığım gündən bəri, hər dəfə təzə bir şey eşidəndə beynimi zorlayır, nəsə xatırlamağa çalışıram. Bu dəfə də belə oldu. Amma yadıma heç nə düşmürdü ki, düşmürdü. Sadəcə olaraq rahatlaşmışdım bir az. Deməli başqa qadın, xəyanət məsələsi deyilmiş.
     -Səni aldadırdım?
     Sevil tərəddüdlə:
     - Əlbəttə - dedi. - Bütün kişilər kimi, sənin də ayağın sürüşürdü hərdən. Bunu hiss etsəm də, əlimdə sübut olmurdu deyə, içimdə çəkməyə məcbur olurdum.
     Sevilin dedikləri mənə olduqca mənasız, hətta gülməli göründü. Necə yəni “hiss edirdim amma sübutum yox idi”? Deməli dəqiq bilmədiyi halda, ona xəyanət etdiyimi ehtimal edirdi. Görəsən bütün qadınlar belədir? Hə, mən biləni, daha doğrusu mən xatırlayanı, hamısı bir bezin qırağıdır. Amma bunları Sevilə deyə, səsli düşünə bilməzdim.
     -Bəs uşaq? Onu nə vaxt görə bilərəm? - soruşdum.
     -İstəyirdim sənə sürpriz olsun, amma Zöhrabın sözlərindən sonra deməliyəm - gülümsündü. - Səhər anama zəng eləmişdim. Bu axşam gətirəcək onu. Özgürlə elə görüşməlisən ki, elə bil unudub eləməmisən. Bəlkə doğrudan da görən kimi yadına düşəcək? Bilmək olmaz - kədərli ifadə ilə deyib yanıma gəldi, stula oturdu.
     -Ürəyin nəsə istəyir?
     - Heç nə - dedim. - Söhbət eləmək istəyirəm. Şeydi... nəsə soruşacaqdım axı səndən. Hə, mən harda işləyirdim?
     -Asiadent adlı klinikada.
     -Asiadent... Sağalandan sonra neynəyəcəm bəs?
     Sevil çiyinlərini dartdı.
     - Nə bilim. Əşi ora olmasın, başqa yer olsun. Sənin kimi yaxşı həkim işsiz qalmaz - dedi və əlimi qaldırıb öpdü.
     Dünəndən məni girinc edən sual düşdü yadıma:
     -Qəza haqqında danışa bilərsən?
     Diksinib üzümə baxdı, sonra gözlərini qaçırtdı. Ağır bir xəbər eşidibmiş kimi ovqatı təlx oldu.
     -Deyirəm bəlkə bir az da...
     -Mənə qəzadan danış!
     -Nə danışım? - açıq-aşkar görünürdü ki, əlavə vaxt qazanıb, mənə cavab hazırlamaq üçün vermişdi bu sualı.
     -Necə yəni “nə danışım”? Qəza necə baş verib, harda baş verib? Bunun cavabı başqa nə cür ola bilər?
     Köks ötürüb boynunu bükdü, danışmağa başladı:
     - Dostunun maşınında yüksək sürətlə gedirdiniz. Rayon yolunda sürüşmə olub görməmisiniz, uçurumdan düşmüsünüz.
     -Hansı uçurumdan?
     - Şamaxı yolundakı. Çox hündürdən düşməmişdiniz, amma sürət yüksək olduğuna görə...
     -Şamaxı, Şamaxı...
     -Belə bir şəhər var.
     Tavana baxıb düşündüm:
     - Hə, bilirəm. Bilirəm ki, belə bir şəhər var. Bəs dostum kim idi?
     Sevil təəssüflə dodaqlarını büzüb üzüntü ilə mənə baxırdı.
     -Klinikada bir yerdə işləyirdiniz. Maşını da o gün o sürürdü.
     -Adı nədir?
     -Toğrul.
     Toğrul, Toğrul... Duman pərdəsi ardından bulanıq, çox bulanıq bir üz, ifadə, sözlər... Bilmirəm, bəlkə də o deyil. Bəlkə də tamam başqa bir adama aid qeyri-müəyyən xatirədir, görüntüdür? Yadıma heç nə düşmür. Heç nə! Acizliyimdən yumruqlarımı dişləmək, ağlamaq istəyirəm.
     -Bəs ona nə oldu? - pis xəbər eşitməyə hazır olsam da, yenə də ehtiyatla soruşdum.
     Gözlərimin içinə baxırdı. Nə o, nə də mən gözlərimizi bir-birimizdən qaçırtmırdıq. Sevilin daşlaşmış üzü sonda dilə gəldi:
     -Öldü.
     Deməzdim çox pis oldum, ya da ürəyim ağrıdı. Sadəcə ölüm faktının özü kədərləndirmişdi məni. Deməli Toğrul adında dostum varmış, onunla yola çıxmışmışıq, o da qəzada ölübmüş. Mən isə sağ qalmışam.
     -Yaxın dost olmuşuq?
     Sevil “hə” mənasında başını buladı.
     -Deməli yaxın - gözlərimi yumub fikrə daldım.
     Necə yaxın? Nə qədər yaxın? Mən axı niyə yoruram özümü? Arvadını, uşağını xatırlamayan adam, dostunu necə yada salacaq?
     -Onun da ailəsi varıydı?
     -Anası, atası sağdır. Özü evlənməmişdi. Bir qızla görüşürdü. Yeri gəlmişkən, srağagün sən yatanda polisdən gəlmişdilər. Zöhrab içəri buraxmadı. Dedi hələ tezdir, xəstədən ifadə almaq olmaz. Amma gec-tez gəlib dindirəcəklər səni.
     -Nə deməliyəm onlara?
     -Nə deyə bilərsən ki, əzizim?
     Gülmək tutdu məni. Ümumiyyətlə ayılandan bəri tez-tez gülmək, ya da qəzəblə qışqırmaq keçir könlümdən. Yəni qarışıq emosiyalar içindəyəm. Əlbəttə, düz deyir Sevil - polislərlə nə danışacam, necə danışacam?
     -Bəs sənin yadına heç nə düşmür? - ürkəkcə soruşdu.
     Üzümü ona çevirib ciddi nəzərlə baxdım.
     -Dəqiq deyə bilmirəm - Bir müddət susub düşündüm. Sevil səbirlə gözləyirdi. - Əşi, ona qalsa səni də hardansa yadıma salıram - dedim. - Elə bil çoxdan, nə vaxtsa gördüyüm, amma harda, nə vaxt gördüyümü yada sala bilmədiyim adam kimi. Üzün, yanaqların, gülümsəmən yad gəlmir mənə.
     -Bəs anan, atan?
     -Anam? - əzabla düşündüm. - Hə, amma yadıma yaxşı şeylər gəlmir. Əzab çəkirəm onu düşünəndə. Deyəsən sevmirdim anamı, hə?
     - Sizi atıb gedəndə sən hələ uşaq idin. İki il sonra da özü öldü. İçkidən.
      “Sevil, sən çox qəddarsan” düşündüm.
     - Haqlısan. Yadıma düşür deyəsən - dedim. - Düz deyirsən, atmışdı bizi.
     - Atan necə? - Sevil soruşdu, ardından da gülümsədi. - Deyəsən lap psixiatrlar kimi danışıram.
     - Elə sən mənim psixiatrımsan da, bilmirdin? - deyib əlini tutdum. - Atam da yadımdadır. Yadımdadır ki, çox istəyirdim onu. Amma o da ölüb - son cümləni taleyi ilə barışmış adamlar kimi, çarəsizcə dedim.
     Sevil mənə sarı əyildi. Ehtirasla öpüşməyə başladıq. Danışmaq istəyirdim amma öpüşməkdən də doymurdum. Bəlkə oyanaram, nəhayət onunla sevişə bilərəm deyə ümidlənmişdim yenə. Amma olmadı. Deməli, yaddaşımın təftişinə qayıtmaq lazımdır.
     Sevil başını qaldırıb saçlarını qulaqlarının arxasına yığdı, yenə əlimi tutdu.
     -Deyirsən Toğrulla çox yaxın olmuşuq? - soruşdum.
     -Həddən artıq yaxındınız. - Dizlərinə dirsəklənib üzünü üzümə yaxınlaşdırdı - Bilirsən əzizim... məncə tələsməməlisən yadına salmağa. Vaxtı var. Yavaş-yavaş o da yadına düşəcək. Yadına düşəndə də sənə əzab verəcək. - kədərli təbəssüm ona necə də yaraşır. - Ondansa heç xatırlamamaq yaxşıdır.
     -Başa düşürəm - dedim. - Əzab verəcək. Əlbəttə. Eşidəndə ki, dostun-tanışın ölüb, yaşıdın ölüb, fikirləşirsən ki, deməli sən də ölə bilərsən. Yadımdadı, mən uşaq olanda... Necə də qəribə səslənir, hə?
     -Nə? - Sevil başa düşmədi.
     -“Yadımdadır” deməyim.
     Sevil yanağıma sığal çəkib:
     -Qəribə niyə olur? Sən hər şeyi, hər kəsi yada salacaqsan - dedi. - Hər şey hələ qabaqdadır.
     -Nə isə. Yadımdadır ki, mən uşaq olanda sarsıntı keçirmişdim. Bir uşaq ölmüşdü. Yaşıdım.
     -Məktəb illərindən danışırsan.
     -Doğrudan? Sən də bilirsən bunu?
     Şəfqətlə baxdı üzümə.
     - Danışmısan mənə. Beşinci sinifdə oxuyanda, sinif yoldaşını maşın vurmuşdu. Bu da səni çox sarsıtmışdı. Görürsən, hər şey yavaş-yavaş düşür yadına.
     Yavaş-yavaş. Nədənsə hafizəmin bərpası uşaqlığımdan başlayıb. Əvvəl anam-atam, sonra da sinif yoldaşım. Yadıma düşür bir-bir. Maşının altında qalan oğlan. Adı nə idi görəsən? İlk dəfə onda fikirləşmişdim ki, mən də ölə bilərəm. Amma məni qorxudan ölümün özü deyildi. Məni böyüklərin üzündəki kədər, iztirab qorxudurdu. Onlar ağlamasaydılar, mən də ağlamazdım. İtkinin nə olduğunu başa düşməyəcək yaşda idim deyə, ölümə göstərdiyim reaksiya, yalnız böyükləri təqliddən ibarət olurdu.
     -Mənə oğlumdan danış Sevil.
     Özgür nadinc, hiperaktiv uşaq olsa da, dərslərini yaxşı oxuyan, tərbiyəli şagird imiş. Nadincliklə tərbiyəli olmağı uzlaşdıra bilən oğlumla artıq fəxr edirdim. Sevilin sözlərinə görə, məni “dünyalar qədər” istəyirmiş, pizzanı da çox sevirmiş. Ən böyük əyləncəsi luna-parkda karusellərə minmək və rəsm çəkməkmiş. Sevil deyir ki, səkkiz yaşlı bir uşağı xarakterizə etmək üçün, bu qədər məlumat kifayətdir. Əsas odur ki, bir ailə kimi yaşadığımız illərdə və ayrılandan sonra, onunla necə vaxt keçirdiyimizi, ona hansı hədiyyələri aldığımı bilim. Çünki bu barədə söhbət açılsa, uşaq nəyisə yadına salsa məndən bunun təsdiqini gözləyəcək. Bu məqamda da yaddaşım mənə dönük çıxsa, Özgür pərt ola bilər. Ona görə də, ortaq xatirələrimiz barədə məlumatlı olmalıyam.
     -Hamısı yadında qalacaq? - Sevil gülə-gülə soruşdu.
     -Çalışaram yadımda saxlayım - çaşqın halda dedim. - Səndə şəkili var?
     -Əlbəttə.
     Sevil çantasından çıxartdığı mobil telefonunda bir az qurdalanıb şəkli tapdı və telefonu mənə verdi. Əllərim əsə-əsə cihazı götürüb displeyə baxdım. Şəkildən üzümə yaraşıqlı, zərif üz cizgilərinə malik, iri gözləri olan, saçları az qala çiyinlərinə çatan bir oğlan uşağı gülümsəyirdi. Düşüncəli, ağıllı gözləri olan bu uşağı necə tanımayım? Əlbəttə bu üz, burun, dodaqlar doğmadır, əzizidir mənə. Onları necə unutmaq olar? Gözlərimin yaşlanmasından, dodaqlarımın titrəməsindən utandım.
     Sevil isə xoşbəxt görünürdü. Həyəcanla soruşdu:
     -Deyəsən tanıdın?
     -Hə, tanıdım. Sevil...
     -Ay can.
     -Mən yaxşı ata olmuşam?
     -Olmusan nədir? Sən indi də çox gözəl atasan.
     Özümdən asılı olmadan gözlərim yumulur, bütün ağırlığı ilə üstümə çökən yuxuya müqavimət göstərə bilmirdim. Yəqin iynələrin, dərmanların təsiridir. Sevil yastığımı, ədyalımı düzəldə-düzəldə “Yat, bir az yuxunu al” deyir mənə. Heç özümə də aydın olmayan, başa düşmədiyim sözlər mızıldanıb yuxuya gedirəm.
     Axşam beşdə oyananda başım yüngülcə ağrıyırdı. Bəlkə də həyəcandandır. Həmişəki kimi Sevillə gəzintiyə çıxıb, dəhlizdə bir saata yaxın avaralandıq. Onu da deyim ki, bir az sonra oğlumu görəcəyəm deyə çox ünsiyyətçil olmuşdum. Bu günlər ərzində tanış olduğum bir-iki xəstə ilə ayaqüstü söhbət eləyib, hətta biri ilə Qəmərin qeybətini qırmışdım. Üzbəüz palatada yatan əlli yaşlı Oqtay dayı eyvanda siqaret çəkməyi təklif edəndə isə, gözlərimi qeyri-ixtiyari olaraq Sevilə zillədim. Bu baxışlar, siqaretə münasibətim barədə ona ünvanlanmış səssiz sual idi. Sevil “sən də çəkən olmusan” cavabı ilə məni xeyli təəccübləndirdi. Deməli çəkən olmuşam. Ola bilsin çəkmişəm, amma əlli yaşlı xəstə ilə soyuq eyvana çıxıb, ciyərlərimə tüstü doldurmaq nəsə cəlbedici görünmür mənə. Kişiyə elə belə də dedim. Eynilə mənim kimi avtomobil qəzası keçirən amma yaddaşını itirməyən Oqtay deyəsən ikimizdən də inciyib bizə acıqlı-acıqlı baxdı və eyvana tək çıxdı.
     Sevil gülə-gülə qoluma girib:
     -Nədi? Qəzadan sonra siqareti də atmısan? - dedi.
     - Hə, deyəsən elə olub. Heç dadı da yadımda deyil, inanırsan.
     -Əladır ki.
     - Bilmirəm - tərəddüdlə dedim. - Bəlkə nə vaxtsa yenə çəkməyə başlayaram.
     Sevil ayaq saxlayıb gözlərini süzə-süzə üzümə baxdı:
     - Sən allah lazım deyil. Guya fərli şeydi.
     Hər gün olduğu kimi, bu gün də saat altıdan sonra dəhliz canlandı, səslər səslərə qarışdı - xəstə yaxınlarını içəri buraxmağa başlamışdılar. O əsnada çarpayıda yarı uzanmış vəziyyətdə oturmuşdum, tumboçkanın üstünü sahmana salan Sevillə söhbət edirdim. Mənə işindən, kollektivdən, müdirindən, aldığı maaşdan danışdı, sonra da yanımda qala bilməkdən ötrü götürdüyü məzuniyyətin bir həftə sonra bitdiyini dedi.
     -Sən də o vaxta qədər çıxacaqsan burdan. Narahat olma.
     Sevil nə danışır? Əsla narahat deyildim. Mənim üçün harda olmağın bir o qədər fərqi yoxdur - təki Sevil hər zaman yanımda qalsın, mənə dayaq olsun. Sevirəmmi onu? Bu qeyri-adi duyğunun, Sevili hər gördüyümdə, ona hər toxunduğumda sinəmdə hiss etdiyim şirin sancının sevgidən başqa adı varmı? Nəinki onun qədər, hətta ondan əvvəl kimisə sevdiyimə, bu qədər bağlandığıma, aşiq olduğuma inanmıram, inana bilmirəm. Həyatımda Sevildən başqa bir qadının olması ehtimalı çox gülünc görünür mənə. Ola bilsin yanılıram, həyatımda başqa qadınlar da olub. Lakin indi... indi Sevil mənim hər şeyimdir - sevgilim, anam-atam, dostum, sirdaşım. Doğrudan da, ondan başqa kimim var axı? Heç kimim. Belə çıxır ki, yalqız, kimsəsiz adamam. Valideynlərimin olmamasını başa düşdüm - bəs dostum, yoldaşım? Bunlardan da yoxsunam? Olsun. Onsuzda Sevil mənə bəs eləyir. Həyatımda ondan qeyrisini təsəvvür edə bilmirəm. Amma yenə də... istərdim ki, Sevildən başqası da bu qapını açsın.
     Qapı əvvəl döyüldü, sonra ehtiyatla aralandı. Özgür nənəsi ilə aralı qapıdan içəri boylananda, ürəyim sanki yerindən qopub dabanlarıma endi. İkisi də məni görüb duruxdular. Nədənsə mənə elə gəldi ki, qayınanamın məndən acığı gəlir. Ya da qorxur. Qınamıram onu - yaddaşsız adamlar həqiqətən də qorxulu olurlar. Dünən danışdığın, deyib-güldüyün adam ertəsi gün səni tanımırsa, bunun çox sarsıdıcı, eyni zamanda adamı vahiməyə salan bir hadisə olduğunu təsəvvür etmək çətin deyil. Oğlum isə eləcə donub qalmışdı qapının ağzında - bilmirdi yaxınlaşsın yanıma, yoxsa mənim ona doğru gəlməyimi gözləsin. Ayaqlarımı yerə basıb çarpayıda otura bildim ancaq. Durmağa, addım atmağa taqətim yox idi, ağrılarım başlamışdı yenə. Sevilin telefonundakı şəkildə görüb tanıdığım uşaq idi qarşımda dayanan. İndi daha yaxşı işləyirdi beynim, daha aydın idi şüurum. Mən bu ağıllı gözləri, min gözün içindən seçərdim. Mən bu məsum, utancaq üzü, şabalıdı saçları, ifadəli burnu, al dodaqları altı ay yox, altı il komada qalsaydım da xatırlayardım. Bilirəm ki, onu bağrıma basmaq üçün qapıya cummalı, Özgürümü qucaqlamalı, öpməliydim. Canımdan, qanımdan bir parçanı görürdüm uzun ayrılıqdan sonra. Həyəcanımı cilovlamağa çalışsam da, bu məndə pis alınırdı - titrəyən dodaqlarım, sızıldayan burnum iradəsizliyimin bariz göstəricisiydi. Oturduğum yerdə daş olmuşdum, hərəkət edə bilmirdim. Sevil palataya çökən sükutu pozmaq üçün Özgürə:
     -Gəl də atanın yanına, orda niyə durmusan - dedi.
     Sanki bayaqdan anasından bu sözləri gözləyirmiş kimi, əvvəl ürkək, sonra isə əmin addımlarla yanıma yaxınlaşıb bərkdən sarıldı mənə. Onu qucaqladıqdan sonra anladım ki, bu duyğu da mənə tanışdır, bu qoxu da. Əlbəttə bu, mənim balamın qoxusudur.
     Özümü saxlaya bilməzdim daha - Özgürü möhkəmcə sinəmə basıb səssizcə ağlamağa başladım. Artıq nə Sevili görürdü gözlərim, nə də qayınanamı. Sevillə anası isə həyəcan və təşvişlə baxırdılar mənə. Deyəsən belə bir duyğu selinə qapılacağımı, hisslərimə təslim olacağımı gözləmirdilər. Özgürü yanaqlarından ehmalca tutub özümdən azca araladım. Göz yaşlarımı tez-tələsik silib, gərgin havanı yumşaltmaqdan ötrü:
     -Maşallah, nə böyük oğlan olmusan - dedim.
     Oğrun-oğrun baxır mənə, gözlərini qaçırdır. Onu danışdırmalıyam ki, açılışsın.
     -Necəsən oğlum?
     -Yaxşıyam ata - dedi. Göz-gözə gəldik yenə. - Sən nə çox yatdın.
     -Hə oğlum, bir az çox oldu. Darıxmışdın mənim üçün? Gəl otur yanıma.
     Onu çarpayıya oturdub əllərini əllərimə götürdüm. Sonsuza qədər bax belə oturmağa, oğluma qulaq asmağa, səsini dinləməyə hazır idim.
     -Çox darıxmışdım. Ana deyirdi ki, ata yuxudan duracaq. Amma Rasim deyirdi ki, atan ölür.
     Çaşqın halda Sevilə baxdım. Dodaqlarını büzüb təəssüflə başını buladı. Başa düşdüm ki, uşağa sual verməməliyəm.
     -Yox oğlum, görürsən ki, ana deyən düz çıxdı. - saçlarına sığal çəkdim. - Dərslərini necə oxuyursan?
     -Yaxşı.
     -Mən biləni şəkil də çəkirsən, hə?
     Sevincdən gözləri parıldadı.
     -Hə, ata. O gün zooparka getmişdik, orda qonur ayı var e, onun şəkilini çəkdim. Məktəbdə ən yaxşı rəsm mənim ayım oldu.
     Sevil gülümsünüb:
     -Özgür məktəbin ən yaxşı rəssamıdır - dedi.
     -Doğrudan!? Təbrik edirəm səni - deyib bir daha ona sarıldım. Boynundan öpdüm.
     -Ata, sən burdan haçan çıxırsan?
     -Görək də. Az qalıb. Üç-dörd günə çıxaram.
     -Biz bir yerdə yaşayacağıq? - gözlərini döyə-döyə soruşdu.
     Yenə Sevildən mədəd umarcasına üzünə baxdım. Başını yüngülcə endirib qaldırmasından anladım ki, uşağa müsbət cavab verə bilərəm.
     -Əlbəttə oğlum. Bundan sonra hamımız bir yerdə yaşayacağıq.
     -Ata, mən ad günümə saat istəyirəm. Ana deyir ki, sən hələ balacasan. Amma mən saatı bilirəm axı.
     Martın onu Özgürün ad gündür. Yəni bir aydan az vaxt qalıb. Sevil bunu da demişdi mənə.
     - Mən anayla danışaram, sənə saat alarıq. Ürəyin başqa nə istəyir?
     -Heç nə. Saat istəyirəm.
     Mən bu uşağın körpəliyini də xatırlayıram. Hə, xatırlayıram. Əl boyda, sifəti qırış-qırış, gözləri yumulu uşağı ilk dəfə qucağıma götürəndə şiddətli hisslər keçirmişdim - hələ bir gün, bir saat əvvəl mənə tanış olmayan atalıq duyğusu birdən-birə bürümüşdü bütün varlığımı. Əynində mavi rəngdə çıqqılı kostyum, üstündə də dovşan şəkli. Bu həmin uşaqdır, bizim Özgürümüzdür.
     İki saatlıq ünsiyyət övladımı yenidən həyatımın bir parçasına çevirməyə kifayət edərmi? Doymurdum ondan, ayrılmaq istəmirdim. Amma qayınanam fərqli düşünür - onlar hələ evə çatmalıdırlar, uşaq dərslərini oxumalıdır, sonra yatmalıdır ki, səhər tezdən oyanıb məktəbə gedə bilsin. Özgürün sifətindən görünür ki, getmək istəmir, məmnuniyyətlə gecəni burda, xəstəxanada keçirərdi. Amma məktəb, dərs məsələsində nənəsi ilə həmrəy olmağa borcluyam.
     Üzündən ciddilik və iztirab yağan, mənimlə nəzakətlə, amma soyuq tərzdə sağollaşan qayınanam Özgürü aparandan sonra Sevilin də onları ötürməyə çıxmasını fürsət bilib, doyunca yastığıma ağladım.
     Polislər ertəsi gün, axşam saat yeddidə gəldilər. Gələn iki nəfərdən biri dəhlizdə qaldı, ikincisi isə palataya girib nəzakətlə salam verəndən sonra, Sevilin stuluna oturmaq üçün icazə istədi. “Buyurun, əyləşin” dedim və pəncərənin qabağında dayanıb, bizə qulaq asmağa hazırlaşan Sevilə baxdım. Başı ilə “hər şey qaydasındadı” mənasında işarə elədi mənə. Bundan sonra hər şeyin doğrudan da qaydasında olacağına inanmamaq üçün əsasım qalmırdı.
     Özünü mayor Dadaşov kimi təqdim edən hündürboy, qumral, həddən ziyadə intellekt saçan gözlərə malik polis əməkdaşı:
     - Özünüzü necə hiss edirsiniz Murad bəy? - soruşdu.
     -Sağ olun, pis deyiləm.
     - Bağışlayın sizi narahat edirik, amma həkim dedi ki, sizinlə söhbət etmək olar.
     - Mən sizə qəza barədə bir neçə sual vermək istəyirəm.
     Səsindəki məlahət, nəzakətli davranışları, yaraşığı, boy-buxunu məndə qeyri-adi, izahını tapmaqda çətinlik çəkdiyim hisslər oyadırdı. Hətta, gülməli də olsa, mayor Dadaşov danışdıqca, polisin belə tərbiyəli olmağa haqqının çatmadığını düşünürdüm.
     -Buyurun. Eşidirəm sizi.
     -Əvvəlki quruluşda aparılmış istintaqlar, yumşaq desək şübhə doğurduğundan, biz işlərin hamısına olmasa da, bir qisminə təzədən qayıdırıq. Həmçinin sizin işinizə də - gülümsəyib qovluğu açdı, içindən kağızları çıxartdı. - Qəzanın olduğu gün, mərhum Toğrul Əsədovla hara getdiyinizi, hardan gəldiyinizi xatırlayırsınızmı?
     - Nə bilim - dedim və aciz-aciz mayorun üzünə baxdım. - Yadımda deyil.
     -Ümumiyyətlə heç nə yadınızda deyil? Məsələn Şamaxı rayonu.
     -Y... yox. Doğrudan yadımda deyil.
     Beynimi zorlayıram, gərirəm özümü, yada salmağa çalışıram amma poxa qalmış hafizəm qayıtmır ki, qayıtmır!
     -Komadan çıxandan sonra, olub ki, nəyisə yada salmısınız?
     -Əlbəttə. Uşaqlıq illərimə aid bəzi epizodlar yadıma düşür. Valideynlərim də yadımdadı elə bil. Bu gün də öz oğlumu tanıdım - deyib təbəssüm etdim.
     Mayor da gülümsündü. Gözləri isə... gözlərindəki bu qəribə ifadəni, qığılcımı bilmədim hara, nəyə yozum.
     -Bəs Şeyla adlı qadın yadınızdadır?
     Bayaqdan üzünü pəncərəyə çevirib bayıra baxan Sevil, mayorun növbəti sualını eşidəndə diksinən kimi oldu, tez mənə baxdı. Bu hərəkəti, mayorun da gözlərindən yayınmadı. “Şeyla” adını eşidən Sevilin nə üçün belə əsəbi reaksiya göstərdiyini başa düşmədim. Gözlərimi ondan ayırıb mayorla göz-gözə gəldim.
     -Şeyla? Yox, yadımda deyil. Şeyla kimdir?
     Mayor Dadaşov fit çalmağa hazırlaşırmış kimi dodaqlarını büzüb başını tez-tez yırğaladı:
     - Aydındır. Deməli gözləməli olacağıq. Yoldaşınızda mənim kartım var. Yaddaşınız tam bərpa olunan kimi, xahiş edirəm mənimlə əlaqə saxlayın. Cinayət işi hələ də açıq qalıb - kağızları təzədən qovluğa yığa-yığa dedi. - Ancaq sizin köməyinizlə bu işi bağlaya bilərik.
     -Cənab mayor - qəfildən dedim.
     Bu gün heç bir sualına cavab ala bilməyəcəyini anlayan mayor, artıq getməyə hazırlaşdığı yerdə ona nəsə demək istədiyimi görüb sevindi, bir az da gərginləşdi. Gözlərini maraqla üzümə dikib həyəcanla:
     -Buyurun - dedi.
     -Heç - dedim. - Yox, heç nə - gülümsəməyə çalışdım. - Sonra danışarıq. Özümə gəlim, mütləq danışarıq.
     Mayor məyus olsa da üzə vurmadı və başının hərəkəti ilə razılığını bildirib Sevilə baxdı.
     -Bağışlayın xanım, sizi də narahat etdik.
     Ayağa qalxan Sevil:
     - Yox, yox xoşdur. Heç bir narahatçılıq yoxdur - üzünə mülayim ifadə qatıb dedi.
     - Murad bəy siz də tez sağalın. Ümidvaram tezliklə sizinlə yenə görüşəcəyik. Mayor Dadaşov getdi. Mən isə hələ də onun ardından bağlanan qapıya baxırdım. Yox, bu polisin davranışları, danışığı, üzündəki intellekti bir mənalı olaraq qəribədir, qeyri-adidir.
     Dəqiq bilirəm ki, polis belə olmamalıdır.
     Ənənəyə uyğun olaraq içdiyim toyuq şorbasından sonra Qəmər gəlib iynəmi vurdu. Zalım qızı hələ palatadan çıxmamış, gözlərim yumulmağa başladı. Bu əclaf ağrı kəsici, həm də yuxu gətirir.
     Yanımda oturub əlimi sığallayan Sevildən:
     -Rasim kimdir? - soruşdum.
     -Özgürün atalığı.
     Əlavə nəsə deməyə, dəqiqləşdirməyə halım olmasa da, birtəhər soruşdum:
     -Doğrudan? İndi onunla yaşayırsan?
     -Yox. Əvvəl yaşamışıq.
     - Sevil... Mayor əvvəlki quruluşdan zaddan danışdı. Əvvəlki quruluş nədir?
     -Uzun söhbətdi. Sabah sənə hər şeyi danışaram.

Növbədənkənar inqilab


     Özgürlə dünən görüşsəm də, onun üçün artıq burnumu ucu göynəyir. Düz başa düşmüşəmsə, Sevilin anası onu hər gün bura gətirmək istəmir. Deyir uşaq dərslərini oxumalıdır. Bilmirəm dərs bəhanədir ya yox, amma Sevilin təzədən mənə qayıtması, deyəsən arvadı açmır. Elə bilir normal insan deyiləm, natamamam, ömürlük şikəst qalacam. Həm də ola bilsin qızının tez-tez ər dəyişməsindən xoşlanmır, reputasiyasının bədnam olacağından ehtiyat edir. Təbiidir, anadır, ağlına min cür fikir gələ bilər. Mənimsə bunları düşünməyə nə halım var, nə həvəsim. Bircə onu bilirəm ki, Özgürlə keçirdiyim iki saat məni yenilədi, enerji ilə doldurdu, özümü daha gümrah hiss etməyə başladım, həyatdan bərk-bərk yapışmaq, yaşamaq şövqüm yarandı. Qucağımda mavi kostyumlu, körpə uşağı xatırladığımı eşidən Sevil isə çox sevindi. Dedi ki, doğum evindən çıxanda Özgürün əynində paltar olmasa da, dovşan şəkilli mavi bələk varıydı. Bax belə! Deməli düzəlirəm, qayınanam nahaq yerə narahat olur.
     Bu gün külək əsmir, hava da mülayimdir. Məni çərlədib öldürməyə hesablanmış iyrənc fizioterapiya seanslarından sonra Sevildən xahiş elədim ki, həyətə çıxaq. O da Zöhrabla məsləhətləşib onun razılığını alandan sonra, əynimi isti geyindirib mənimlə həyətə düşdü.
     Xəstəxananın bağı əlahiddə gözəllikdədir. Çılpaq amma məğrur palıdlara qonşuluq edən, yaşıllığı ilə gözoxşayan hündür küknar ağaclarının təravəti ilə ətirlənən təmiz havanı acgözlüklə ciyərlərimə doldurdum. Başım gicəllənsə də, özümü çox yaxşı hiss edirdim. Yanımda mənə arxa duran, məni sevən qadınım var, evdə isə oğlum. Düşündüm ki, komadan ayılıb yanımda heç kəsi görməsəydim necə olardı? Məni tanıyan, sevən, dəyər verən adamlar olmasaydı həyatımda, yaddaşımın bərpasına kim kömək edəcəkdi? Sevil deyir ən yaxın dostumu, Toğrulu itirmişəm. Onu itirdiyimə görə əzab çəkmədiyim üçün çox utanıram. Halbuki vaxt gələcək, dost itkisinin şiddətli yanğısını duymağa başlayıb iztirabdan qovurulacağam. İndi isə...
     İndi isə Sevillə birlikdə üfüqə, Xəzərin bitdiyi yerə tamaşa edirik. Onun yardımı olmadan da gəzə bilərəm, amma istəyirəm bax beləcə qol-qola dayanaq, onunla təmasım olsun. Sevil də elə bil nə düşündüyümü hiss etdi, bir az da mənə qısıldı:
     -Səni çox sevirəm.
     -Mən də səni - dedim.
     -Hava da gözəldir, yox?
     Mövzunu necə də rahat dəyişir.
     - Hə - dedim. - Əladır. Sevil, istəyirəm səninlə söhbət edək.
     -Hə, edək. Mən hazır.
     -Komada olduğum dövrdə nə baş verdi, nə dəyişdi? Hiss edirəm, başa düşürəm ki, çox şey dəyişib. Bu dəniz, bu ağaclar, sən, mən - hər şey, hər kəs eyni qalıb, hə? Amma nəsə dəyişib axı! Düz demirəm?
     Sevil köks ötürüb üzümə baxdı:
     -Xəstəxanada ola-ola bunu hiss etmisənsə, daha mənim sözüm yoxdur.
     - Zarafat eləmirəm. Doğrudan bunu hiss edirəm. Məsəlçün dünən polis əvvəlki quruluşdan danışırdı. Başa düşmədim nə demək istəyirdi. Ümumiyyətlə, elə bil polis də polis kimi danışmırdı. Özünü başqa cür aparırdı.
     - Əslində, sən komada olan vaxt, çox istədiyin bir şey baş verdi.
     Qoca palıdın gövdəsinə yaslanıb, Sevili əllərindən tutdum:
     -O nədir ki, elə?
     -İnqilab.
     -İnqilab?!
     -Hə, inqilab. Xalq ayağa qalxdı, çevriliş oldu, hakimiyyətdəkilərdən qaçan qaçdı, qaça bilməyənlər də türmələrdədi. Ölkəni də indi yeni hökumət idarə edir. Gecə-gündüz bunu arzulayırdınız ki! Yadına düşmür? Demokratiya, azad seçki, korrupsiya, avtoritarizm... Bu sözlər dilindən düşmürdü - Sevil gülümsəyib dedi.
     Ona dəhşət və təəccüblə qulaq asdığımı görüb:
     - İslam Milli, Qənirə Milli. Bu adlar da sənə tanış gəlmir? - soruşdu.
     Duruxdum. Gözlərimi Sevilin üzündən ayırıb yenə dənizə sarı çevirdim. Sanki bu sualın cavabını üfüqdə axtarırmışam kimi, saniyələrcə “İslam Milli, Qənirə Milli” adlarını təkrarladım. Yad deyil. Yox, yad deyil bu adlar mənə. Uzaqlardan, çox uzaqlardan nəsə duyuram. Sevmədiyim, nifrət etdiyim sifətlər, səslər, sözlər... Hələlik yadıma düşən bunlardır. Daha konkret isə, heç nə.
     -İslam Milli, sonra da arvadı Qənirə Milli uzun illər ölkəni idarə etdilər. Hər kəs kimi sən də bu hakimiyyətdən narazı idin, rejimin dəyişməsini istəyirdim. Uzun illər mübarizə apardınız.
     -Apardıq?
     -Müxalifətçi dostlarınla birgə.
     -Bəs Niyazi Salayev? Bu ad yadındadır?
     Yorğun hiss edirdim özümü. Fiziki yorğunluq yox, dəqiqəbədəqiqə məruz qaldığım yeni xəbərlərin, məlumatların yükünü qaldıra bilmirdim artıq. Skamyalar soyuq olmasaydı oturardım. Yorulduğumu Sevil də sezdi.
     -İstəyirsən qayıdaq palataya.
     -Hə, yavaş-yavaş gedək - deyib kürəyimi küknarın rütubətli gövdəsindən araladım. - Toğrul da müxalifətçi idi?
     -Yox, o bu işlərə çox qarışmazdı - Sevil kədərli halda dedi. - Sənin bir yaxın dostun da varıydı, Sənan adında. Bir başqası da varıydı, Araz. Yadına gəlir? Sənan Liberal qəzetində yazırdı.
     - Sənan, Sənan... Ola bilər, hə.
     -Bəs Rəna?
     -Rəna kimdi?
     - O da sizin dəstədən idi. Həm də... onunla sevgiliydiniz - bunu deyib reaksiyamı yoxlamaqdan ötrü gözucu mənə baxdı. Məni isə gülmək tutdu.
     -Sevgilim? Nə sevgili?
     -Ciddi deyirəm. Sevirdiniz bir-birinizi.
     - Qısqanırdın məni? - heç özüm də gözləmədiyim halda soruşdum.
     -Hərdən qısqanırdım.
     Sevilin “hərdən” sözünə vurğu edərək, qətiyyətli intonasiya və sürətlə verdiyi cavab məni daha da çaşdırdı.
     -Günümə bax də. Məni kimə qısqandığını heç özüm bilmirəm. Bəs necə oldu ayrıldıq? - soruşub Sevilin üzünə baxdım.
     -Siz ayrılmadınız. Sizi inqilab ayırdı.
     Sevilin bu sözlərindən sonra bayaqkı optimizmimdən əsər-əlamət qalmadı. Təzədən bədbinliyə yuvarlanıb, düşündüm ki, günlərdir özümə gəldiyim halda, valideynlərimdən və Özgürün körpəliyindən savayı heç nə xatırlaya bilməməyin verdiyi iztiraba dözməkdənsə, təzədən komaya düşmək yaxşıdır. Sevili üzməmək üçün bunları ona deməsəm də, öz içimdə çəkirəm. Ondan eşitdiklərimi - Qənirə Millini, İslam Millini, Rənanı, Sənanı, Arazı, hətta mənimlə qəzaya düşən Toğrulu indi, bu gün yada sala bilmirəmsə, bəs nə vaxt yada salacam? Bəlkə də valideynlərimi yada saldığım kimi, yaxud məktəb illərində keçirdiyim sarsıntını xatırladığım kimi, xatirəmin mütləq uşaqlıq illərinə gedib çıxan uzun bir tarixçəsi olmalıdır? Ya da övlada dair olmalıdır - Özgürdə olduğu kimi. Yenə də sağ olsun Sevil - onun sayəsində “qiyabi” olsa da, bütün dostlarımı bir-bir tanıdım.
     Yox, faciə orasındadır ki, hisslərim də kütləşib. Xəstəxananın həyətində Sevilə qulaq asarkən sifətimin, gözlərimin heç nə ifadə etmədiyindən əminəm. Rəna da, Sənan da meydanda polisin, prezident qvardiyasının güllələrinə tuş gəlibmişlər. Özlərini ölkənin azadlığı uğrunda qurban veribmişlər. Mən isə heç nə hiss etmirəm.
     Sevil “sizi inqilab ayırdı” deyəndə, Rənanın ölüm xəbərini mənə deyəndə ağlamalıydım ya yox? Ağalamalıydımsa niyə ağlamadım? Heç olmasa ürəyimdən kiçicik də olsa bir sancı qopmalı deyildimi? O da olmadı. Sadəcə təəssüf hissi keçirdim - bu qədər. İstənilən adamın ölüm xəbərini eşitdiyim zaman keçirəcəyim təəssüf hissindən nə az, nə çox. Deməli mən hələ də bitkiyəm, natamam insanam, qayınanam da haqlıdır.
     Hava tutuldu birdən, dəniz al rəngə boyandı. Acgöz dəniz sanki günəşin batmasını gözləyir, onu bu saat udmaq üçün dişlərini qıcıyırdı. Günəş isə müqavimət göstərir, şüaları ilə üfüqdə ilişib qalmaq üçün çapalayır, lakin gücü tədricən tükənir deyə, suya qərq olub yavaş-yavaş sönürdü. Gözəldir günəşin ölümünü seyr etmək, sabah onun bir daha doğacağını bilə-bilə. Suda boğulan son şüaların yox olub getməsinə tamaşa etmək heç nə ilə müqayisə olunmayan həzzdir.
     Palataya qayıdandan sonra, Sevilə məni narahat edən sualı verdim:
     -Rənanı çox sevirdim?
     - Hardan bilim ay Murad? - mənə gödəkcəmi çıxarmağa kömək edə-edə dedi. - Biz son dəfə görüşəndə demişdin ki, o qədər də sevmirsən.
     -Necə yəni son dəfə görüşəndə?
     - Sən qəzaya düşməmişdən iki gün əvvəl görüşmüşdük.
     -Səninlə Rəna haqqında da danışırdım?
     -Hə, danışmışdın.
     -Nə münasibətlə? - gülüb soruşdum.
     - Demirəm bəs görüşmüşdük səninlə? Sənin evində. Ayrılandan sonra birinci dəfə gəlmişdim o evə. Söhbət eləmişdik, hətta... sevişmişdik.
     Sevil ehtiyatla məni çarpayıya oturtdu. Qızarmışdı. Bilmədim öz etirafından utanıb, yoxsa soyuqdan istiyə düşdüyü üçün qızarıb.
     - Ərim ola-ola sevişmişdim səninlə - deyib laqeyd tərzdə üzümə baxdı.
     Özümü nasaz hiss edirdim, canıma üşütmə düşmüşdü. Deməli orqanizmim hələ zəifdir. Bəs necə? Altı aylıq komadan sonra insanda müqavimətmi qalar? Hələ bu qədər gəzə bilirəmsə böyük şeydir.
     -Nə olub sənə?
     -Nəsə ürəyim qalxdı - üzümü turşudub dedim.
     -Bəlkə qatıq aldırım?
     -Yox, lazım deyil.
     Uzanıb başımı yastığa atdım, gözlərimi yumdum. Hə, belə vəziyyətdə özümə gəlirəm deyəsən.
     -Səni başa düşə bilmirəm - acıqlı-acıqlı dedim.
     Sevil stula əyləşib nəvazişlə əlimi tutdu, sığallamağa başladı.
     - Fizoterapiya kursun sabah qurtarır. Zöhrab dedi ki, evdə yavaş-yavaş yaddaşın yerinə gələcək, düzələcəksən. Bir-iki günə çıxırsan buradan. Tələsmə, evdə hər şeyi başa düşəcəksən.
     -Necə başa düşəcəm? - göz qapaqlarımı aralayıb Sevilə baxmaq istədim amma gözlərimi ancaq yarıyacan aça bildim. Başıma yenə sancılar saplanırdı - Necə? Mənə elə gəlir ömür boyu elə belə də qalacam. Yaddaşsız. Ot kimi.
     - Axmaq-axmaq danışma! Həkim deyib ki, müvəqqətidi. Səninlə çoxlu söhbət edəcəyik, şəkillərə baxacaqsan, elə öz yazdıqlarını da oxuyacaqsan. Bunlar hamısı sənə kömək edəcək də.
     Dik atıldım. Başımdan gic bir ağrı qopsa da soruşdum:
     -Nə yazmışam ki?
     Sevil təlaşlandı. Yəqin nəyisə düz, ya da vaxtında demədiyini fikirləşdi. Tərəddüdlə:
     -Heç. Gündəlik tutmuşdun. Onu deyirdim.
     Tərs-tərs baxdım ona:
     -Gündəlik tutmuşam? Mən?
     -Hə, burda nə var ki?
     -Yoxsa sən də oxumsan onu?
     Gözlərini məndən qaçırdıb:
     -Yooox. Elə belə vərəqləmişdim - dedi.
     Verdiyim sualdan ötrü peşman oldum. Mənim vəziyyətimdə olan bir adam da gündəlik dərdi çəkər? Oxuyur oxusun da. Əlindən dartıb özümə sarı çəkdim onu.
     - Əcəb eləmisən. Heç təsəvvür eləmirəm, orda nə yazmışam, nə yaza bilərəm.
     Sevil ruhlandı:
     -Oxuyarsan görərsən. Çox marqlıdı. Əgər oxumağı da yaddan çıxarmamısansa.
     Sinəmdə ağırlıq hiss etsəm də qəhqəhəylə güldüm. Dodaqlarını öpməzdən əvvəl:
     - Bəs deyirdin elə-belə vərəqləmisən? - göz vurub soruşdum. - Qapını bağlasan pis olmaz.
     Bilmirəm necə oldu - bu gün beynimdə, ya da fiziologiyamda nə dəyişdi, hansı “klapanlar” işə düşdü ki, sevişməyə belə həvəsli oldum? Sevilin bir toxunuşu bəs elədi ki, alətim maqma püskürməyə hazır vulkana çevrilsin. Arzularım açıq və bəlağətli idi - nə istədiyimi, nəyi necə edəcəyimi dəqiq bilirdim. Dəmir əllərimlə bərk-bərk sarıldım ona, bağrıma basdım. Qışın ətrini aldığım, tamını duyduğum dodaqlarını dəqiqələr boyu, doymadan çılğınca öpüm. Öpüşdükcə, əllərim bədənində gəzişir, vücudunun hansı nöqtələrinə təmasımdan həzz aldığını intuitiv anlamağa çalışırdım. Dumanlanmış gözlərindən, dartınmış bədənindən, sərtləşmiş döş gilələrindən onun da artıq hazır olduğunu başa düşəndə, yalvaran gözlərlə baxdım ona - gözləməyə taqətim qalmamışdı artıq.
     Yaddaşı pozulmuş bir kişi, altı aylıq uzun fasilədən sonra seksi yenidən kəşf edəndə hansı hisslər keçirir? Heç bilmirəm bunu təsvir etməyə qadir qələm tapılarmı dünyada? Bircə onu deyə bilərəm ki, bu əsrarəngiz ayinin iştirakçısı olmaq duyğuların ən gözəli, çox az adama qismət olan əlahiddə hadisədir.
     Sözümün canı - altı ay gözləməyə dəyərdi.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.09.2014) | Müəllif: R.C E W
Baxış: 347 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more