Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-12

     -Hə! Nə olub e?!
     -Dur da, işə gecikirsən axı!
     -Sən kimsən? - səmimi təəccüblə soruşdum.
     -Ölmədim bu günü də gördüm! Qalx ayağa, saat ona işləyir.
     Səsi ilə ətri mənə tanış gələn qadının üzünü aydın görmək üçün, miyoplar kimi gözlərimi qıydım. Bulanıq üzü nigaran görünürdü. Kiməsə oxşadırdım onu. Yox! Ola bilməz! Bunu heç düşünmək istəmirəm, çünki vahimələnə, dəli ola bilərəm.
     - Sən kimsən axı? Zarafatsız. Mən hardayam?! - kal səslə soruşdum.
     Dərindən “ah” çəkib, başını buladı:
     - Bu qədər içmək olar? Deyirəm də, bir azdan nəinki məni, heç özünü də tanımayacaqsan. Dur bir güzgüdə özünə bax, gör nəyə oxşayırsan!
     Artıq əsəbiləşirdim:
     - Eee! Hə, indi durub baxaram! Sən kim olduğunu deyəcəksən ya yox?!
     -Məzələnirsən mənimlə? Rənayam da! İndi də çıxıb işə gedirəm. Yatıb qalsan, sonra da Azərdən söz eşitsən mənlik deyil! Bildin?!
     Nəfəsim kəsildi, tez-tez sağa-sola baxmağa başladım, havalanmış adamlar kimi atılıb yerimdə oturdum. Otaq tanış gəlirdi mənə. Elə bu qadın da. Bu nə deməkdir? Necə yəni Rəna? Yəqin yuxu görürəm. Hə, yuxu görürəm. Özü də yuxunu görə-görə yuxu gördüyümü başa düşürəm. Təcili oyanmalıyam! Amma necə? Necə oyanım?
     Ayağa sıçradım:
     -Rəna!? Hansı Rəna? Sən bəyəm sağsan?
     Qorxu və təlaşla üzümə baxıb:
     - Nə olub sənə?! Dəli olmusan?! - hayqırdı.
     Gözlərimi yumub udqundum. Ağzımdakı əzabverici dad, başımdakı küt ağrı ürəyimi bulandırırdı. Dərindən nəfəs alıb:
     -Bilmirəm - dedim. - Sən axı sağ deyilsən. Mən də yuxu görürəm, hə? İndi oyanacam.
     Gözlərimi açdım. Yenə qarşımda dayanmışdı.
     -Eeehh - dedi. - Yox, hələ ölməmişəm. Amma belə getsə çərlədib öldürəcəksən məni. Elə özünü də. Yox! Lap bu qədər də olmaz. Bu nə doğruçu yuxudur belə? Yoxsa mənimlə zarafat edirlər? Bəlkə Sevil oyun qurub mənə? Ya da mayor Dadaşov? Oyanmasam dəqiq havalanacam. Çarpayının kənarına oturub əllərimlə başımı tutdum. İndi gözlərimi açıb görəcəm ki, öz evimdəyəm, Sevil də yanımdadır. Nə vaxt, necə zarımağa başladığımı özüm eşitməsəç də, Rəna olduğunu iddia edən qadın çıxardığım dəhşətli qırtlaq səsindən əməlli-başlı qorxdu.
     -Nə oldu? - titrəyən əlini çiynimə qoydu. - Həkim çağırım?
     Yox, özümü ələ almalıyam! Özümü ələ almasam, bu dəhşətli yuxunun axınına qapılsam ağlımı itirə bilərəm. Ehtiyatla başımı qaldırıb Rənanın qorxudan bərəlmiş, yaşla dolmuş həyəcanlı gözləri ilə qarşılaşdım. Nədənsə ona yazığım gəldi. Özüm də bilmədim nə üçün soruşdum:
     -Deyirsən dünən çox içmişəm?
     -Görmürsən?! Qurban olum düzünü de, özünü yaxşı hiss edirsən? - əlini alnıma qoydu, fikrə daldı. - Qızdırman yoxdur.
     Tərs-tərs üzünə baxıb, dodaqlarımı yaladım. Su üçün yanırdım. Oyanıb su içsəm, bəlkə də bu kabus yoxa çıxar, reallığa qayıdaram.
     - Oyanmaq istəyirəm - dedim gözlərinə baxaraq. - Sən də Rəna deyilsən. Rəna çoxdan ölüb.
     Əlləri ilə başını tutub üzümə baxa-baxa:
     -Məni qorxudursan axı! Necə yəni ölmüşəm?! Nə danışırsan?! - qışqırdı.
     Qışqırırsa deməli hiddətlənir, sözlərim ona təsir edir. Ölümünü qəbul edə, bununla barışa bilmir. Nəsə deməliyəm, danışmalıyam onunla.
     - Y.. yox. Sözdür də deyirəm, fikir vermə - üzünə baxdım. Bu sözlərdən sonra deyəsən bir az sakitləşdi. - Dünən kiminlə içdiyim yadıma gəlmir.
     - Kiminlə içə bilərsən? Əlbəttə Toğrulla. Yenə Zümrüddən ayrılıb. Bundan sonra işimiz var də, Zümrüdlə barışana qədər, gündə içirdəcək səni. Sonra yenə yadından çıxacaqsan. Sən ona Zümrüddən ayrılanda lazım olursan. Hal-hazırda, bu irreal yataq otağında tamaşa oynanılır. Yuxu deyilsə, deməli tamaşadır. Baş rolları isə Rənanın fantomu və mən ifa edirik.
     - Hə, doğrudan? - özüm də hiss edirəm ki, ağlını itirmiş adamlar kimi danışıram. Onun isə sifəti yenə əyildi, üzümə şübhə ilə baxdı. Çıxıb getməyə tələsmirdi.
     -Bəlkə evdən bir yerdə çıxaq?
     -Yox, sən get, mən özüm çıxaram.
     -Nigaran qalacam səndən.
     -Qalma. Hər şey yaxşıdır.
     - Birinci dəfədi görürəm ki, içki adamı bu hala salır - üzüntülü gözlərini üzümdə gəzişdirib dedi.
     -Olanda olur - dedim və toxtamış kimi baxdım ona. - Sən get, narahat olma.
     Hə, gərək bu getsin ki, mən də nə baş verdiyini anlayım. Kiməsə zəng vurum, danışım. Məsələn Sevilə.
     -Onda sən də dur geyin, işə gecikirsən. Dünən demişdin ki, səhər onun yarısında xəstən olacaq. Nə isə, mən çıxıram. Əl-üzünü yu, çatdıra bilsən mətbəxdə yemək də var, yeyərsən. Mən qaçdım.
     Məni yanağımdan öpüb, son dəfə şübhə ilə üzümə baxdı və getdi. İndiyə qədər heç bir yuxu belə uzun çəkməmişdi. Bunun yuxu olmadığını isə düşünmək belə istəmirəm. Yuxu deyilsə nədir bəs? Bunun bir adı olmalıdır ya yox?
     Qonaq otağına keçdim. Bəli, bura Rənanın evidir. Bu evi yaxşı tanıyıram - servantı, kitab rəflərini, televizor altlığını, divardakı saatı. Rəna ölməyibmi? O ölməyibsə, deməli Toğrul da ölməyib. Deyir dünən Toğrulla içmişəm. Necə içmişəm, harda içmişəm? Yataq otağından telefonumu götürüb Sevilə zəng vurdum. Üç siqnaldan sonra telefonu söndürdü.
     -Sevil söndürmə! Qurban olum söndürmə! - qışqırdım.
     Nömrəsini ikinci dəfə yığmağa hazırlaşanda mesaj gəldi. Qorxa-qorxa açıb oxudum. Sevil yazırdı ki, indi görüşdədir, bir saata boşalar. Məktəbdəki iclas da yadımdan çıxmasın, Rasimin işləri çıxıb, gedə bilməyəcək.
     -Rasim?! Bu nə deməkdir?
     Cavab yazdım: “Nə Rasim, nə məktəb? Sevil, nə baş verir? Nə oldu yenə? Mən Rənanın evində oyanmışam. Təcili görüşməliyik”.
     Mətbəxə girib vərdiş etdiyim mənzərə ilə üzləşdim - masanın üstündə yağ-pendir qabı, qaynadılmış sosiska, yumurta, bankada bal. Elə mətbəxdəcə üzümü yuyub, krantdan axan sudan doyunca içdim. Yeməyə toxunmadan qaçıb əynimi geyindim.
     Tez klinikaya getməliyəm. Görüm məni gözləyən xəstə kimdir? Özümü ələ almalıyam, panikaya qapılmamalıyam. Hər şey yaxşı olacaq. Sonra Sevillə əlaqə saxlayaram, o mənə hər şeyi başa salar.

***


     Pilləkənləri tələm-tələsik düşüb küçəyə çıxdım. Bu binanı da, Rənanın yaşadığı məhəlləni də tanımışdım. Gördüklərimin yuxu yox reallıq olduğuna şübhəm qalmamışdı daha. Səkinin qırağında beş-altı taksi dayanmışdı. Yeyin addımlarla onlardan birinə yaxınlaşıb oturdum, nəfəsim kəsilə-kəsilə Asiadentin yerləşdiyi ünvanı dedim:
     -Muğamat küçəsinə.
     Muğamat 17 - bu ünvan yaxşı yadımdadır. Nə üçün başqa yerə yox, məhz klinikaya? Sevil zənglərimə, mesajıma cavab vermir, qalır Toğrulla görüşmək. Birdən yadıma düşdü ki, Toğrula da zəng vura bilərəm. Telefonu cibimdən çıxarıb nömrəsini yığdım. Birinci siqnal, ikinci siqnal, üçüncü, dördüncü... onuncu. Götürmür. Tfu! Bir yandan əlimdəki telefonu qurdalayır, nömrələr siyahısında zəng vurmağa adam axtarıram, bir yandan da pəncərədən yollara baxıram. Küçələrdə, prospektlərdə hər addımda İslam Milli, Qənirə Millinin portretləri var. Budur, hər gün yolumun üstündə görüb əsəbiləşdiyim şüarlar da yerindədir: “Biz milli-mənəvi dəyərlərimizə bağlı millətik!”, “Xalqımızın adət- ənənələri əbədidir!”, “Ağsaqqallarımıza, ağbirçəklərimizə hörmətlə yanaşaq!”, “Dinimiz ən son və ən gözəl dindir!”, “Göydə Allah, yerdə dövlət başçısı!”. Bütün şüarların altında da “Qənirə Milli” imzası.
     “Deməli dəyişməyib?” düşündüm.
     -Dayı, indi neçənci ildir?
     Şofer güzgüdən mənə elə baxdı ki, elə bil arxada adam yox əjdaha oturub, ağzından da od püskürür. Çəkinərək dedi:
     -İki min onuncu.
     -Bəs ölkədə inqilab olmayıb?
     -Nə inqilabı ay oğul? Nə danışırsan?
     -İndi prezident kimdir?
     -Oğlum sənə nə olub, xəstəsən?
     -Dayı xahiş edirəm! İndi prezident kimdir?
     - Necə yəni kimdir? Millətimizin anası Qənirə Milli. Bilmirsən?
     Klinikaya çatmışdıq.
     -Burda saxlayın.
     Əlimi cibimə atdım, portmaneni çıxartdım. İçindi xeyli pulun olmasına məəttəl qaldım.
     -Borcum nədir?
     -Nə bilim oğlum, nə verirsən ver də.
     Qışqırdım:
     -Dayı borcum nədir?
     -Beş manat - kişi qorxa-qorxa dedi.
     Beş manatlıq əskinazı qabaq oturacağa atıb maşından düşdüm, qaça-qaça klinikaya girdim. Qeydiyyatda oturan qızı da tanıyıram - adı Məlahətdir. Məlahət məni görən kimi gözlərini döyərək nazlana-nazlana:
     -Doktor, xəstəniz bayaqdan gözləyir e - dedi.
     İti addımlarla koridoru keçib öz otağımın qapısına gəldim. Qapının ağzındakı stulda əlli-əlli beş yaşlı qadın oturmuşdu. Məni görən kimi, ağzımı açmağa macal vermədən narazı halda dilləndi:
     -Salam doktor. İyirmi dəqiqədi sizi gözləyirəm. Belə olmaz axı.
     Qadının sözlərini qulaq ardına vurdum. Kabinetimin yanından ötüb, Toğrulun qapısının qabağında dayandım.
     -Xanım bu gün vaxtım yoxdur, sabah gələrsiniz.
     Qadının gözləri nəlbəki boyda açıldı:
     - Doktor, məni ələ salmısınız? Dünən özünüz demədiniz ki, səhər onun yarısında gəlim? Aaa. - Qadın səsini başına atıb qışqırırdı. - Belə də biabırçılıq olar?
     -Həyasızlıq etməyin xanım! Rədd olun!
     Yaşlı bir insanı, özü də qadını belə rahat təhqir edə bilməyimə özüm də təəccübləndim. Əli ilə ağzını tutub, matı-qutu qurumuş halda üzümə baxdı. Sonra ləçərliyə başladı - sifətini şapalaqladı, çığırıb-bağırdı. Mən isə isteriyasına məhəl qoymadan Toğrulun qapısını gurultuyla açıb otağa girdim. Toğrul, üzündə respirator, cavan bir oğlanın dişini yonturdu. Təlaşla otağa girdiyimi görüb diksindi. Bormaşını söndürüb, maskanı sinəsinə endirdi və koridordan gələn qışqırığı nəzərdə tutaraq:
     -Nə olub?! - elə bunu deyə bildi.
     -Bunu sən mənə başa salmalısan.
     Çaşqın halda əllərini aralayıb, mənə tərəf yeridi.
     -Mən başa salmalıyam? Nəyi?
     Qapı açıldı, Azərin qəzəbli səsi eşidildi:
     -Toğrul! Bu nə deməkdir? Nə baş verir?
     Dönüb baxdım. Azər qapıda dayanmışdı, sifəti qıpqırmızıydı. Həyasız arvad da onun çiyninin üstündən içəri boylanır, qışqırmağa davam edirdi. Əlimi “rədd olun” mənasında əsdirib, qapını üzlərinə çırpdım. Toğrulun gənc pasienti kresloda həyəcanla qurdalanır, qorxu dolu gözlərlə mənə baxırdı. Hiss olunurdu ki, dişinin müalicəsini yarımçıq qoyub burdan qaçıb getmək istəyir. Kreslodan qalxmağa cəhd edəndə, Toğrul əli ilə onu saxladı:
     -Narahat olmayın, problem yoxdur.
     Lakin Toğrul qəbul etmək istəməsə də, problem varıydı. Özü də çox böyük problem.
     Təşvişlə soruşdu:
     -Nə olub sənə?
     -İnqilab olmayıb! Eşidirsən!? Sən də ölməmisən!
     Sonrasını xatırlamıram.

2


     Birinci dəfədir parkda yuxuya gedirəm.
     Birinci dəfədir parkda yuxuya gedib belə axmaq yuxu görürəm.
     Səs-küylü, şən körpələrin oynadıqları top diyirlənib ayağıma dəyəndə oyandım. Yaşıl topu uşaqlara tərəf itələyib, gördüyüm dəhşətli kabusun sərsəmliyindən ayılmaq üçün gözlərimi ovuşdurub, boynumu şaqqıldatdım. Görəsən nə qədər yatmışam? Deyilənə görə adama uzun görünən yuxu, iki-üç saniyə də çəkə bilər. Yuxuda məkan çərçivəsi olmadığı kimi, zaman məfhumu da yoxdur.
     Sevilin nömrəsini yığdım.
     -Salam.
     -Salam əzizim, necəsən? - soruşdu.
     -Sağ ol, sən necəsən?
     -Yaxşıyam, mamagildəyəm. Bir-iki saata gəlirəm evə. Neynirsən?
     -Heç, parkda oturmuşam.
     -Nə əcəb?
     -Evdə ürəyim darıxdı.
     -Mayor zəng eləməmişdi?
     -Yox.
     Sevil bir anlıq susdu, sonra nigaran səslə soruşdu:
     -Nə olub sənə? Səsin xoşuma gəlmir.
     -Parkda yatıb qalmışam. Gic bir yuxu gördüm.
     -Nə yuxusu?
     -Gördüm ki, Rənanın evindəyəm. Rəna məni yuxudan oyadır ki, qalx işə getməlisən. Məlum olur ki, hamı sağdır, inqilab da olmayıb, qəzaya da düşməmişəm. Sonra da gedib Toğrulu gördüm klinikada. İnanırsan, elə bil gördüyüm yuxu deyildi, hər şey rəal həyatda baş verirdi. Hələ də özümə gələ bilmirəm.
     -Olan şeydir. İstəyirsən bu saat çıxım gəlim?
     -Yox əşi, işində ol. Onsuzda Asiadentə gedəcəm.
     Sevil təəccüblə:
     -Niyə? Nə işin var orda? - soruşdu.
     -Əvvəl-axır getməliyəm də. Gedim görüm nə var nə yox. Əvvəlki həkimlərdən kim qalıb.
     -Hə də, düz deyirsən, getsən yaxşı olar. Çıxandan sonra mənə zəng elə.
     Eynilə yuxuda etdiyim kimi taksiyə minib həmin ünvanı dedim:
     -Muğamat küçəsinə.
     Gülümsəyərək düşündüm ki, inqilabdan sonra bir çox küçənin adı dəyişdiyi halda, nə üçün Muğamat küçəsi əvvəlki adında qalır? Bəlkə də bu küçənin adı heç vaxt dəyişməyəcək. Qorxunc kabusda keçdiyim küçələrdən, prospektlərdən ötürük yenə də. Amma bu dəfə Qənirə Millinin “aforizmlərinə” rast gəlmirəm - hər yanda Avropa Birliyinin bayraqları;
      “Demokratiya”, “Liberalizm”, “Azadlıq” şüarları var.
     Klinikaya çatanda taksini saxlatdırıb qiymətlə maraqlandım. Sürücü tənbəl əda ilə:
     -Üç manat - dedi.
     Pulu ödəyib maşından düşdüm. Əhvalım düzəlmişdi. Həyatın davam etdiyini, hər şeyin yaxşı olduğunu, hətta daha da yaxşı olacağını düşündüm. Şeyla məsələsi də həll olunacaq, əllərində heç bir sübut yoxdur. Onun müxalifətə işləməsi, nazirin oğlundan uşaq doğması faktı da bu həqiqəti dəyişdirə bilməz - məni tutmaq, məni həbsə atmaq mümkün deyil. Razıyam - həyatda böyük səhvlərim olub. Ən böyüyü isə, tez-tez səhvlərə yol verməyimdir. Bu dəfə də belə oldu. Onunla yaxınlıq qurmamalıydım, istəsəydim vəziyyət bu yerə gəlib çıxmazdı. Bilmirəm, bəlkə də çıxardı. Bildiyim odur ki, məni bu düşünülməmiş, pis əməli törətməyə vadar edən içimdəki dözülməz ağrı olmuşdu. Ruhum bir neçə parçaya bölünmüşdü, hissələr bir-birinə nəzarət etmirdilər. Ola bilsin işlədiyim cinayətə bəraət qazandırmaqla özümə ən böyük pisliyi edirəm - amma bundan sonra ömrümün ən məhsuldar, ən gözəl illərini həbsxanalarda çürütmək fikrindən uzağam.
     Klinikanın qapısından içəri addım atanda, diqqətimi cəlb edən buranın interyerində baş vermiş dəyişikliklər oldu. Akvariuma bənzər qeydiyyat otağında oturan qızı tanımırdım. Mənim divarlara, tavana diqqətlə tamaşa etdiyimi görüb, mülayim səslə:
     -Buyurun, eşidirəm sizi - dedi.
     - Salam - dedim. - Adım Muraddır. Əvvəllər bu klinikada stomatoloq işləmişəm. Azər bəy yerindədir?
     Qızın ağzı qulaqlarına çatdı, mirvari kimi səliqə ilə düzülmüş, dümağ dişlərini nümayiş etdirdi. Əlbəttə - stomatoloji klinikada aparılan müalicənin səviyyəsini, qeydiyyatda oturan xanımın dişlərindən görmək, bununla da həkimlərin peşəkarlığından əmin olmaq lazımdır. Deyəsən Azər adam kimi işləməyi öyrənib.
     -Çox məmnun oldum. Amma Azər daha burda işləmir. İndi klinikanın direktoru başqa adamdır.
     -Eləmi? Bunu bilmirdim. Təzə direktorun kimdir?
     -Şahin Səməd.
     -Onunla görüşmək olar?
     - Əlbəttə. Bir dəqiqə, soruşum görüm vaxtı varmı?
     Qız dəstəyi götürüb direktorun nömrəsini yığdı və bir neçə saniyə sonra gözəl tələffüzlə dedi:
     -Şahin bəy, əvvəl bizim klinikada işləmiş həkim gəlib. Adı Muraddır, sizinlə görüşmək istəyir. Aha... Yaxşı, bu saat. Dəstəyi yerinə qoyub:
     -Buyurun, keçin. Koridorla gedib sola...
     Qızın sözünü kəsdim:
     -Hə, bilirəm. Tanıyıram - gülərək dedim.
     Qız da kimə yol göstərdiyini başa düşüb güldü:
     -Oy, çox üzr istəyirəm.
     - Hər şey qaydasındadır - başımla ona təşəkkür edib dəhliz boyu addımlamağa başladım.
     Divarların mavi rəngi açıq yaşıl rənglə əvəzlənsə də, dəhliz eyni dəhlizdir. Hətta divarlardakı ucuz və zövqsüz peyzaj tabloları da dəyişməyib. Qapıların üstündəki lövhələrdə yazılan adları tanımıram - deyəsən əvvəlki kollektivdən burada heç kim qalmayıb. Dəhlizin sol tərəfində, direktor kabinetini görəndə Azər yadıma düşdü - ehtiyatlı, yaltaq, qorxaq, eyni zamanda da öz yaltaqlığından, qorxaqlığından xəcalət çəkən Azər. İndi isə lövhədə “Şahin Səməd - Müdir” yazılıb.
     Aralı qapını bir az da aralayıb içəri boylandım. Şahin məni görüb ayağa qalxdı:
     -Buyurun Murad bəy. Xoş gəlmisiniz.
     Qırx - qırx iki yaşlı, saçlarına təzəcə dən düşmüş, qara çərçivəli eynəyinin sifətinə olduğundan artıq ağıllı ifadə qatdığının fərqində olan gülərüz direktorun mənə uzanan əlini sıxdım.
     -Salam.
     Mənə kreslonu göstərdi:
     -Salam, salam. Buyurun əyləşin.
     Təklif etdiyi yerə oturub, kabinet sahibinə təşəkkür etdim və soruşdum:
     -Narahat etmədim ki? Bəlkə işiniz varıydı?
     - Yox doktor, nə danışırsınız. Sizi görməyimə şadam. Haqqınızda çox şey eşitmişəm - deyib yerinə oturdu.
     -Ümid edirəm yaxşı şeylər eşitmisiniz - gülə-gülə dedim.
     Şahin də güldü.
     - Əlbəttə Murad bəy - yalnız müsbət şeylər. Ayrı cür ola da bilməz. Necəsiniz, neynirsiniz? Tam sağalmısınızmı?
     - Deməli xəstəliyimdən də xəbəriniz var.
     - Var. Hamımız sizdən ötrü narahat idik. Azər bəy klinikadan getməmişdən əvvəl haqqınızda danışmışdı mənə.
     - Doğrudan? - elə belə, nəsə demək xətrinə soruşdum. - Azər indi hardadır, neynəyir?
     İki ay əvvəl Asiadenti bizə təhvil verib getdi.
      “Biz” deyəndə kimi nəzərdə tutduğunu soruşmaq istəsəm də özümü saxladım.
     - Gedəndə demişdi ki, Gəncədə kabinet açacaq. Ondan sonra görüşməmişik, elə-belə bir-iki dəfə zəngləşmişik. Mən bilən işləri qaydasındadır.
     - Bəs necə oldu ki, buradan çıxıb getdi? Klinikada payı varıydı axı.
     -Düzdür, varıydı. Otuz faizlik payı varıydı, onu da ona ödədik.
     -Aydındı - düşüncəli halda dedim. - İndi işləriniz necə gedir?
     - Yaxşıdır, pis deyil - maraqla məni süzə-süzə dedi. - Eee, mən bilən qəzada dostunuzu itirmisiniz. Allah rəhmət eləsin.
     -Sağ olun - səmimi kədərlə dedim.
     - Onun da gözəl həkim olduğunu eşitmişəm. Nə vaxtdır sizinlə tanış olmaq istəyirdim, amma bilmirdim sağalmısınız ya yox. Eşitmişdim ki, uzun müddət komada qalmısınız. Sonra da amneziya dövrünüz olub.
     -Elədir, qısa müddətlik travmatik amneziya keçirmişəm - başımı yırğaladım.
     - Keçmiş olsun - dodaqlarını büzüb dedi. - İndi özünüzü necə hiss edirsiniz?
     -Yaxşıyam, sağ olun.
     - Eee... Vallah bilmirəm necə deyim - çəkinərək üzümə baxdı, sonra gözlərini qaçırtdı.
     - Buyurun, necə varsa elə də deyin - ona toxtaqlıq verdim.
     Bir az cəsarətləndi:
     -Burda söz-söhbət gəzirdi ki, Səyavuş Orucun qızının da sizin qəzaya düşməyinizlə hansısa əlaqəsi var.
     Gözlərimi bərəldib, eşitdiklərimdən çox təəccüblənmiş və məyus olmuş kimi:
     - Camaatın doğrudan da işi-gücü yoxdur - dedim. - Açığı, mən də bu barədə nəsə eşitmişdim. Boş söhbətlərdir əşi, inanmayın.
     - Haqlısınız - qımışdı. - Bizim millət belədir də - yeməsin, içməsin qeybət qırsın - dedi və birdən ciddiləşib, - Deyirsiniz yaddaşınız tamam düzəlib, hə? - ehtiyatla soruşdu.
     Çiyinlərimi dartıb güldüm:
     - Elədir. Ən azı yaddaşımla bağlı problem yaşamıram.
     -Bəs iş məsələsi necə? Hardasa işləyirsiniz? - özünü bir balaca qabağa verib soruşdu.
     -Yox - dedim və çaşqın halda üzünə baxdım. - Hələ təzə gəlmişəm özümə, qaça-qaç deyil ki.
     -Aydındı - geriyə çəkilib dedi. - Yəqin ki, haçansa işinizə qayıtmaq istəyərsiniz, hə?
     -Əlbəttə - dedim. - Amma hal-hazırda özümü hazır hiss eləmirəm.
     - Sözün düzü, klinikanın peşəkar stomatoloqlara ehtiyacı var. Siz də burada uzun müddət işləmisiniz. Deyirəm, əgər işə başlamaq istəsəniz, qapılarımız üzünüzə hər zaman açıqdır - mülayim tərzdə dedi.
     Şahinin mənə isti, səmimi münasibətindən, üzündən düşməyən təbəssümdən ona qanım qaynamışdı. Mənə işə qayıtmağı təklif etməsi isə, ona qarşı rəğbətimi bir az da artırdı. Sevindim ki, məni nəyin gözlədiyini bilmədən, tərəddüdlə gəldiyim klinikada Şahin kimi mədəni, peşəkar bir insanla tanış oldum. Bayaqdan təsirində olduğum yuxu unudulub getmiş, pis ovqatımdan əsər-əlamət qalmamışdı. Buradan çıxan kimi Sevilə zəng vurub iş təklifi aldığımı ona deyəcəm.
     -Təşəkkür edirəm - utancaqlıqla dedim. - Heç gözləmirdim doğrusu.
     -Siz allah bəsdirin - əlini bulayıb dedi. - Mən öz klinikamı fikirləşirəm, sizi yox - güldü. - Sizin kimi peşəkar həkimin təzədən bura qayıtmasından ancaq klinikamız udacaq. Hə, söhbət elə şirin gedir ki, sizə nəsə təklif eləmək yadımdan çıxdı. Çay içərsiniz?

3


     Oğlum domino daşlarını qarışdırıb, onları növbəti dəfə paylamağa hazırlaşanda, Sevil iki fincan çayla otağa girib mülayim, lakin tələbkar tonla:
     - Özgür, gecdir, yatmaq vaxtıdır. Atan da yorulub. Sabah oynayarsınız - dedi.
     Özgür narazı sifət alıb imdad diləyən gözlərini üzümə dikdi. Əllərimi araladım ki, bəs “mənlik deyil”. İncidi. Daşları tez- tələsik qaba yığıb, yanağımdan quruca öpdü, anasının isə üzünə baxmadan yataq otağına qaçdı. Əslinə qalsa mən də Sevillə söhbət eləmək üçün bayaqdan uşağın yatmasını gözləyirdim. Amma belə olsun, könlü sınsın istəməzdim.
     -Bir az oturaydı da! - pıçıltı ilə dedim.
     - Lazım deyil. Səhər oyana bilmir, gedib məktəbdə yatır. Sən bunun forsuna bir bax! Heç tualetə də getmədi.
     Yanıma oturub çay fincanımı mənə verdi.
     - Bayaq düz-əməlli söhbət eləyə bilmədik. Danış görüm nə olub sənə?
     - Heç nə əşi, nə olacaq. Evdə ürəyim darıxdı, dedim gedim parka, təmiz hava alım. Orda da yuxuya getmişəm.
     -Bilirsən mənə zəng vuranda səsin necə gəlirdi? - alnıma sığal çəkib gülümsədi. - Elə bil xortdan görmüşdün.
     -Xortdan ondan yaxşıdır. Deyirəm sənə yuxu deyildi, real həyatdaydım elə bil. Təsəvvür elə ki, Rəna məni oyadıb deyir işə getməlisən. Sonra onun evindən çıxıb poliklinikaya gedirəm, orda dava salıram. İndi də yadıma düşəndə tüklərim biz- biz durur.
     Sevil mehribanca gülüb başını buladı:
     -Əşi, o qədər belə yuxu görmüşəm ki. Adam ayırd eləyə bilmir yuxudur, yoxsa gerçəklik. Hə, yaxşı yadıma düşdü, o gün hansısa saytda məqalə oxudum ki, bəzi adamlar iki, hətta daha çox paralel həyat yaşayırlar. Məsələn indi oturmusan öz evində, amma ikinci variantda başqa bir yerdəsən.
     -Şəxsiyyət ikiləşməsini deyirsən?
     - Yox, şəxsiyyət ikiləşməsi deyil. Başqa bir adı varıydı - düşüncəli sifət alıb dedi. - Nə isə, taparam oxuyarsan.
     -Deyirsən mənim paralel həyatlarım var?
     - Yox e, elə-belə yadıma düşdü. Səninki adi yuxudur, böyütmək lazım deyil. Şeydir, nəsə soruşacaqdım axı - Sevil alnını qırışdırıb düşündü. - Hə, Dadaşov zəng eləməmişdi bu gün?
     -Səhər soruşmuşdun axı. Dedim ki, yox.
     -Soruşmuşam? Nə bilim e? Elə bilirsən məndə yaddaş qalıb? Bəs nə əcəb səs-səmir yoxdur onlardan?
     -Bilmirəm. Yəqin bu günlərdə zəng eləyərlər. Gərək bir az da qurdalasınlar axı, torbamı yaxşı tiksinlər. Heç gündəliklərin də faydası olmadı, boş yerə verdim oxudular.
     -Sənə elə gəlir ki, faydası olmayıb. Lap yaxşı olub. Bizim məqsədimiz oydu ki, Şeyla ilə arandakı münasibəti çəkinmədən onlara açasan, səmimi olasan. İnsanın özü üçün yazdığı, sən demişkən məhrəm yazılardan daha səmimi nə ola bilər?
     -Görək də. Təki sən deyən olsun. Onlarla axırıncı söhbətdən elə başa düşdüm ki, işimi məhkəməyə yollamayana qədər ürəkləri soyuyan deyil. Elə bil şəxsi qərəzlikləri var mənimlə.
     -Vahabovla görüşəndən sonra səni bir də idarəyə çağırıblar, zəng vurublar? Yox! Sən də bilirsən ki, əllərində sübut yoxdur.
     - Onların əlində yoxdur, düz deyirsən. Bəs mən? Mən ki, cinayəti özümün törətdiyimi bilirəm.
     -Yenə başladın? - Sevil qalxıb yataq otağına boylandı. Qapını örtüb yanıma qayıtdı. - Mən elə bilirdim bu söhbəti bir dəfəlik bağlamışıq. Bir də bu mövzuya qayıdan deyilik.
     - Nə təklif edirsən? Unudum o əhvalatı? Təmiz unudum? Necə? Mağul yaddaşımı itirmişdim, heç nə yadıma düşmürdü. İndi isə hər şeyi, hətta lazım olmayan şeyləri də xatırlayıram. Əlbəttə, bütün pis hadisələr yaddaşımdan silinsəydi, çox yaxşı olardı. Heyf ki, belə olmur - Sevil, üzümə dikilmiş kədərli gözləri ilə, canıyananlıqla qulaq asırdı mənə. - Qatillə yaşamaq çətin deyil ki? - qəfil soruşdum. - Əzab çəkmirsən?
     Üzü birdən-birə ciddiləşdi:
     - Sən qatil deyilsən! - kəskin tərzdə etiraz etdi. - Mən buna inanmıram!
     -Amma onu mən öldürmüşəm - acıyla gülümsədim. - Hər şey yadımdadır. Onu mən öldürmüşəm.
     -Sus, bu barədə heç nə eşitmək istəmirəm! Keçmişdə nə olubsa olub. Bu gün sən başqa, fərqli adamsan.
     -Özünü aldadırsan. Mən dəyişib zad eləməmişəm, elə həmin adamam. Razıyam, yaddaşımı itirmişdim deyə, əlimə yaxşı bəhanə düşmüşdü. “Heç nə yadımda deyil” deyib, məsuliyyəti çiyinlərimdən ata bilərdim. Amma yaddaşım yerinə qayıtdı, sağaldım. Ən xırda detalına qədər də hər şey yadımdadır. Hətta mənə lazım olmayan xırdalıqlar da! Sözümün canı - mən fərqli adam deyiləm, həmin Muradam.
     -Ola bilsin sən hiss eləmirsən, görmürsən. Mən isə dəqiq görürəm ki, sən çox dəyişmisən. Əvvəlki adam deyilsən. Bir ər kimi, ata kimi başqalaşmısan. Yaddaşın düzəlib, lap yaxşı, bunu mən də istəyirdim. Amma qəzadan sonra nə qədər dəyişdiyini məndən soruş.
     Fincanın dibində qalmış ilıq çayı başıma çəkdim:
     -İstəsən də, istəməsən də mən qatiləm. Şeylanı öldürmüşəm. Yox! Sözümü kəsmə. Başa düşmürəm, niyə qulaq asmaq istəmirsən? Niyə? Nə üçün bilmək istəmirsən Gənclikdəki villada nələr oldu? Onun təhqirlərinə dözməyib, bıçağı boğazına necə sancdığımı niyə eşitmək istəmirsən?
     -Sus! Hə, istəmirəm, düz deyirsən, heç vaxt da istəməyəcəm - gözləri qəzəb saçırdı. - Bunlar mənə maraqlı deyil. Axır ki, ailəmiz bir yerdədir, rahat yaşayırıq, nə bilim, ölkədə də vəziyyət düzəlir. Sən isə hər şeyi dağıtmaq istəyirsən. Qatil olduğunu gündə əlli dəfə təkrarla - nəyə nail olacaqsan? İstintaqın əlində dəlil-sübut yoxdur, bu cinayəti sənin boynuna qoya bilməzlər. Sən isə hər şeyi unutmaq əvəzinə, bu söhbəti açıb evdə qan-qaraçılıq salırsan.
     -Sən elə bilirsən mənim bu söhbətlərdən xoşum gəlir? Kim həbsxanaya düşmək istəyər? Əlbəttə heç kəs. Mən də istəmirəm. Amma unuda da bilmirəm! Deməzdim vicdan əzabı çəkirəm, amma biləndə ki, Toğrul da mənim üzümdən ölüb, ürəyim parçalanır, dəli oluram.
     -Sənin heç bir günahın yoxdur! Eşidirsən?!
     Gözlərimi Sevildən qaçırdıb, başımı endirdim:
     -Elə canlı, elə real idi ki.
     -Kim?
     - Toğrul. Yanımdaydı, onu görürdüm, danışırdım. Ondan üzr istəmək, “məni bağışla” demək əvəzinə, üstünə qışqırdım, qorxutdum onu.
     Sevil bir az da mənə yaxınlaşıb təşvişlə:
     - Qurban olum elə danışma, qorxuram - dedi və əlini dizimə qoydu. - Yuxunu niyə bu qədər böyüdürsən?
     - Düz deyirsən, böyütmək olmaz. Amma yadımdan da çıxmır axı. Gözlərimi indi də yummağa qorxuram, birdən yenə keçmişimə qayıdaram, birdən yenə keçmişimdən kimisə görərəm.
     -Bəlkə yaddaş pozğunluğu hələ də qalır?
     -Yaddaş pozğunluğu olan adam keçmişinə aid doğruçu yuxular görür? Belə yaddaş pozulması olar?
     -Onda belə yuxular təkrar olunsa həkimə gedərik, hə? - Sevil tox səslə deyib əlimdən tutdu. - Niyə elə baxırsan? Bir söz de.
     -Deyirsən təkrar oluna bilər?
     -Əşi lap yüz dəfə təkrarlansın. Bir yuxu səni niyə bu qədər sındırır axı? Qəribə adamsan e. Düzəlmisən, hələ bundan da yaxşı olacaqsan. Normal həyata qayıdacaqsan. Özün zəng eləyib demədin ki, Asiadentin təzə müdiri sənə iş təklif edib? Görürsən, hər şeyin vaxtı var.
     Boynundan tutub üzünü üzümə yaxınlaşdırdım, dodaqlarını öpdüm.
     -Sən nə gözəl insansan Sevil. Nə böyük ürəyin var.
     Şıltaq təbəssümlə mənə göz vurub, boşalan fincanı əlimdən aldı:
     -Az danış - yanağımdan öpüb ayağa qalxdı, - Yenə içirsən? Süzüm?
     -Hə, zəhmət olmasa.
     Əyninə bir qədər böyük olan çəhrayı gecəliyində, saçlarını arxadan toplamış Sevil nəhəng, amma şirin dovşana oxşayır. Ona tamaşa etməkdən doymuram. Bəli, mən çox xoşbəxtəm. Son dərəcə xoşbəxt olduğuma inanıram. Biz bir ailəyik. Ailə üzvləri pərən-pərən düşməməli, ayrılamamalı, parçalanmamalıdır. Biz bir-birimizə aidik. Özü də gərək ikinci uşaq barədə fikirləşək. Özgürə bacı lazımdır. Əlbəttə, qardaş da ola bilər, amma bacı olsa lap yaxşı.
     Gərnəşib başımı divanın belinə söykədim, gözlərimi yumdum.

***


     -Deyəsən özünə gəlir!
     Gözlərimi araladım. Toğrulla Azər başımın üstündə dayanmışdılar. Dostumun əndişəli sifətinə həkk olunmuş həyəcan, təşviş ifadəsi yavaş-yavaş çəkilir, mülayim bir sakitliklə əvəz olunurdu. Ehtiyatla üzümə toxunub:
     -Yaxşısan? - soruşdu.
     - Nə olub mənə? - boynumu sağa əyib, başımın altına qoyulmuş balaca, dəri üzlü yastığa gözucu baxdım.
     Azər qamətini düzəldib dərindən of çəkdi, kresloya oturdu.
     - Nə olacaq? Birdən-birə ürəyin getdi. Təcili yardım çağırmalı olduq.
     Hər şey bir-bir yadıma düşürdü: Rənagildən qaça-qaça çıxmağım, taksi ilə klinikaya gəlməyim, kabinetimin qapısında yaşlı qadını acılamağım, Toğrulun otağına girib qışqır-bağır salmağım. Bu, xatırladığım son səhnədirsə, belə çıxır ki, elə o anda huşumu itirmişəm. Amma yadıma düşən başqa səhnə də var! Mən indicə evimdə oturub Sevillə söhbət etmirdimmi? Təzədən səhər parkda gördüyüm yuxuyamı qayıtdım? Gözlərimi Azərdən ayırıb təlaşla Toğrula baxdım.
     -Lazım deyil. Xahiş edirəm lazım deyil.
     Başa düşmədi:
     -Nə lazım deyil?
     - Təcili yardım lazım deyil. Qurban olum, zəng eləyin, gəlməsinlər. Mən yaxşıyam - deyib qalxmağa cəhd etdim.
     Toğrulun üzü yenə ciddiləşdi:
     -Necə lazım deyil? Görmürsən nə vəziyyətdəsən?
     Azər onu təsdiqlədi:
     - Yoxlanılsan yaxşı olar. Belə olmaz axı - narazı halda dedi. - Həkimlərin, xəstələrin qabağında konsert verib, sonra özündən gedirsənsə, deməli psixi problemlərin var.
     Toğrul üzünü cəld ona çevirib, qeyzlə dedi:
     -Azər bəsdir! Sən çıx, özüm onunla söhbət eləyərəm. Təcili yardımı da dala göndər.
     Azər sifətini turşudub nəsə demək istəsə də, tavana baxa-baxa başını bulamaqla kifayətləndi, sonra da əlini “özünüz bilərsiniz” mənasında tərpədib otaqdan çıxdı. Dəhlizdən səsini eşitdim: “Nə yığışmısınız bura! Xahiş edirəm koridoru boşaldın! Hər şey qaydasındadır! Xahiş edirəm!”
     Toğrul, təşvişlə mənə baxırdı.
     -Ayağa durmaq istəyirsən?
     -Hə, pis olmazdı - dərindən nəfəs alıb dedim.
     Toğrulun mənə uzanan əlini tutub asanca yerdən qalxdım və bayaq Azərin oturduğu kresloya əyləşdim.
     - Nə olub sənə? Nə baş verir? - Toğrul yerdən yastığı götürdü, dərman dolabının üstünə qoydu.
     Laqeyd nəzərlərlə otağa göz gəzdirib soruşdum.
     -Xəstən hanı?
     - Əşi nə xəstə? Yeridir? - dedi amma cavabdan qane olmadığımı görüb əlavə elədi, - plombunu qoymaq lazım idi, göndərdim Samirin yanına. Sənin xəstəni də Azər birtəhər dilə tutub yola saldı. Arvad klinikadan şikayət eləməsə yaxşıdır. Deyəsən hansısa məmurun qaynanasıdır.
     Təəssüflə başımı bulaya-bulaya qulaq asırdım ona.
     -Bəlkə Azər düz deyir - dedim.
     Toğrul başa düşmədi:
     -Nəyi düz deyir?
     -Bəlkə doğrudan da psixoloji problemlərim var.
     Toğrul susur, qərarsız görünürdü. Hiss olunurdu ki, əziyyət çəkir. Söhbət onun ən yaxın dostundan getdiyi üçün, bilmir narahatlığımı bölüşsün, yoxsa əksinə - mənə ürək-dirək verib, hər şeyin yaxşı olduğuna inandırsın.
     Nəhayət dilləndi:
     -Bəlkə danışasan nə olub? Dünən çox içmədik ki?
     - Demək istəyirsən çox içdik deyə bu günə düşmüşəm?
     Toğrul çəkingənliklə çiyinlərini dartıb, əllərini araladı.
     -Nə bilim e, bəlkə deyirəm...
     - Sən canın bəsdir, gicdəmə! Bilmək istəyirsənsə, səninlə içməyim heç yadımda deyil! Yorulmuşam artıq! Çox yorulmuşam! Bilmirəm nə baş verir, mənə nə olub. Sənə and içə bilərəm ki, bayaq evdəydim, bax beş dəqiqə əvvəl evdəydim, Sevil də yanımda oturmuşdu, oğlum da getmişdi yatmağa. Səhər parkda yatıb qalmışdım. Yuxu görmüşdüm. Bura gəlib dava salmağım, sənin otağına girib qışqırmağım - elə bilirdim hamısı yuxudur. Sonra parkda oyanıb Sevilə zəng elədim. Qalxıb bir də qayıtdım klinikaya - bu dəfə real həyatda qayıtdım. Azər gedəndən sonra bura gələn təzə direktorla tanış oldum. Sonra evə getdim. Ailəmin yanına. Sevillə çay içirdik, Özgür təzə yatmışdı. Birdən yenə burda ayıldım, gördüm ki, başımın üstündəsiniz. Toğrul, mənə elə baxma! Qurban olum elə baxma, qorxuram. Hə, sənin bu baxışlarından qorxuram. Biz bir yerdə, sənin maşınında qəzaya düşmüşdük. Sən öldün, mən isə sağ qaldım. Altı ay xəstəxanada, komada yatdım. Mən komada olarkən ölkədə inqilab olub, Sənan da, Rəna da meydanda ölüblər. İnqilabdan əvvəlsə mən Şeylanı öldürdüm, sən də onu Şamaxıda basdırmaqda mənə kömək elədin. Bakıya qayıdanda, maşın uçuruma düşdü. Toğrul! Niyə elə baxırsan mənə?!
     Ayağa qalxıb ona doğru iki addım atdım. Kresloya bir az da möhkəm qısılıb, bərk-bərk kreslonun qollarından tutdu. Gərgin idi, gözləri dəhşət saçırdı, titrəmirdi, amma daxilindəki təlatümünü, beynindəki fırtınanı təsəvvür etmək çətin deyildi. Peşman olmuşdum. Toğrul, gördüyüm yuxunun personajı olsa da, ona hər şeyi birdən danışmaq düzgün deyildi. Gərək münasib bir zaman, məkan gözləyəydim, onu hazırlaşdıraydım. Yox! Yuxuda nə zaman, nə məkan? Növbəti dəfə nə vaxt gözlərimi açıb evdə, ya da başqa yerdə oyanacağımı, inqilabdan əvvələmi, inqilabdan sonrayamı düşəcəyimi da bilmirəm axı.
     -Toğrul, xahiş edirəm - əlimi ona uzadıb uzatmamaqda qərarsız idim. Əgər uzatsam, o da diksinib bir az da geriyə çəkilsə, ya da ondan da betəri - qışqırsa, məhv olaram. Bu dəqiqə, onun üçün nə qədər qorxulu olduğumu bilirəm.
     Gözlərini tez-tez qırpmağa başladı. Bəlkə o da yuxu gördüyünü düşünür. Gülməli vəziyyətdir. Qınamıram onu. Gördüklərinədn, eşitdiklərindən vahimələnib. Çox haqlıdır. Yerində kim olsa həyəcan keçirər. İndi də diqqət və təşvişlə mənə baxır. Nəsə demək istəyir.
     -Murad - udqunub dedi. - Xahiş edirəm otur.
     -Əlbəttə - tez keçib kresloya oturdum. - Elə bilirsən dəli olmuşam? Elə bilirsən danışdıqlarım uydurmadır?
     -Heç özüm də bilmirəm nə fikirləşim - çarəsiz adamlar kimi mızıldanıb, əlləri ilə üzünü örtdü, - Bilmirəm nə deyim.
     -Nəsə de, qurban olum. Səndən başqa məni heç kəs başa düşə bilməz.
     -Yaxşı! - birdən toxtayıb, özündən əmin halda dedi. - Gəl bir-bir yada salaq. Deyirsən ki... Yox, alınmır. Bayaq dediklərindən, rabitəsiz sözlərindən heç nə başa düşmədim. Xahiş edirəm, təzədən başlama! Yadımdadır - park, Şeyla, qəza, Sevil, inqilab, Şamaxı. Amma mən heç nə başa düşmədim! Bircə onu bilirəm ki, indi real həyatda olmadığını düşünürsən. Düzdür? Deyirsən ki, real həyat bu deyil. Elə bilirsən yuxu görürsən.
     -Yox, elə deyil. Mən deyirəm ki, real həyatın hansı olduğunu bilmirəm, ipin ucunu itirmişəm. Yuxu ilə real həyatın sərhədləri silinib mənim üçün. Bilmirəm inqilab baş verib, ya yox. Axı necə ola bilər ki, komadan çıxmağım, Sevillə təzədən ailə qurmağım, o boyda hadisələrin hamısı yuxu olsun?! İndi bilmirəm reallıq hardadır - burda, sənin yanında, yoxsa inqilabdan sonrakı həyatımda.
     -Bircə dəqiqə. Mən qəzada ölmüşəm deyirsən? - kinayəsiz, istehzasız soruşdu. Hiss olunur ki, doğrudan da məni anlamağa çalışır, başqa məqsədi yoxdur, sözlərimi də şübhə altına almaq istəmir. Həqiqi dostdan da ancaq bunu gözləmək olar.
     - Uzun söhbətdir. Düz deyirsən, bayaq dediklərimdən nəsə anlamaq mümkün deyil. Çətindir, başa düşürəm. Bilmirəm hardan, nədən başlayım. Çaşıb qalmışam. Gözlərim doldu, ağlamamaq üçün özümü güclə saxlayırdım. Düşdüyüm vəziyyəti Toğrul da görür və hiss edirəm ki, canı yanır, mənə səmimi olaraq yardım etmək istəyir.
     -Deyirsən Rəna da , Sənan da ölüblər? - soruşdu.
     -Hə, inqilabda ölüblər.
     Diqqətlə, gözlərini qırpmadan qulaq asırdı.
     -Deməli ölkədə inqilab olub?
     -Hə, iki min onuncu ilin seçkilərindən sonra.
     -Seçkilərə hələ beş ay qalıb - qətiyyətlə, gözlərini gözlərimdən ayırmadan dedi.
     -Xahiş edirəm, elə baxma mənə. Onsuzda bu dəqiqə özümdən qorxuram, özümü tanıya bilmirəm.
     -Bəs necə baxım sənə? Səni başa düşməyə çalışıram, başqa niyyətim yoxdur. İstəyirəm dediklərini anlayım, hiss etdiklərini mən də hiss edim. Di gəl ki, alınmır. Rəna da, Sənan da sağdırlar, başa düşürsən?! Görürsən ki, mən də sağam. İnqilab filan da olmayıb, çünki dediyim kimi, seçkilərə hələ xeyli vaxt var. İkincisi də ki, bu ölkədə heç vaxt inqilab olan deyil. Azər də öz yerində işləyir, on dəqiqə əvvəl onu özün gördün. Sən də Sevillə bir yerdə deyilsən, çünki dünən biz səninlə içəndə, mən sənə Zümrüddən danışanda, sən də Sevili çox sevdiyini, onu qaytarmaq istədiyini deyirdin. Hətta mən də dedim ki, Zümrüdlə mənim söhbətim yalan olub, sizinki doğru. Yadındadır? Dünən bir yerdəydik səninlə, necə ola bilər ki, yadından çıxıb? Heç üstündən iyirmi dörd saat da keçməyib! İstəyirsən Sənana zəng vuraq. Hə? Onunla da danış, gör nə deyir.
     -Zəng vurub neynəyək? Nə eşidəcəm ondan? - elə yazıq sifət aldım ki, Toğrul ürək ağrısı ilə mənə baxıb:
     -Necə yəni nə eşidəcəksən? Onunla da görüş, otur söhbət elə. Hamımız bir yerdə oturaq. Rəna da gəlsin. Hə?
     - İstəyirsən onları da şoka salım? Onsuzda səhər Rənanın evində oyanıb qızı tanımamışam. Özünə də dedim ki, mən burda nə gəzirəm, sən bəyəm sağsan?
     - Dünən biz içəndən sonra, sən Rənagilə getdin. İçəcəyik deyə, maşını evdə qoymuşdum. Səni taksiyə mindirib yola saldım.
     - Bax görürsən? Dediklərin zərrə qədər də yadımda deyil. İndi onunla görüşüb daha da qorxutmaq istəmirəm. Kim inanar mənə? Sənə dediklərimi onlara da desəm, elə bilərlər başıma hava gəlib.
     -Söhbət inanıb inanmamaqdan getmir. Razılaş ki, sənə inanmaq o qədər də asan məsələ deyil. Amma onlar da səni sevən, sənə qiymət verən adamlardır. Gəl bir yerdə oturub bu məsələni həll etməyə çalışaq. Bir çıxış yolu tapaq. Nə bilim, bəlkə həkimə gedəsən? - son cümləni tərəddüdlə deyib, ehtiyatla mənə baxdı.
     -Həkimə? Ola bilər, niyə də yox. İtirəcəyim nəsə var bəyəm? Sən demişkən, bəlkə köməyi oldu.
     Toğrul sevindi, açıq-aydın hiss olunurdu ki, cavabımdan razı qalıb.
     -Əlbəttə. Yaxşı psixiatr tanıyıram, zəng vuraram lap gedib bu gün görüşərik. - Bir müddət üzümə diqqətlə baxıb susdu. - Bilirsən nə fikirləşirəm? Bu gün baş verənlərdən sonra, Azər ölüsü iki həftəlik icazə verər sənə. Dincəlib özünə gələrsən. Hə, necə fikirdir? Məzuniyyət götür, get bir az istirahət elə. Elə Rəna ilə bir yerdə harasa gedin. Məsəlçün Zaqatalaya, ya da Qaxa.
     -Nə Zaqatala, nə Qax? Sən nə danışırsan? Deyirəm ki, istənilən an təzədən obiri həyatımda oyana bilərəm. Heç bilmirəm bir dəqiqə sonra nə baş verəcək.
     - Yaxşı, onda belə danışaq. Bayaq huşunu itirəndə nə oldu? Nə hiss elədin?
     -Parkda oyanıb, dərhal Sevilə zəng vurdum. Sonra da klinikaya gəldim, buranın Şahin adlı təzə direktoru ilə tanış oldum. Axşam da evə qayıtdım - Sevil də, Özgür də evdəydilər. Sevil mənə çay süzmək üçün otaqdan çıxanda söndüm. Sönüb, təzədən burda ayıldım.
     -Bəlkə burda bayılandan sonra yuxu görmüsən?
     - Bəs səhər Sevili işə yola salandan sonra, evdən çıxıb parka getməyimə nə deyirsən? Axı o da dəqiq yadımdadır. Parkda oturub yuxuya getmişəm. Gözlərimi açıb görmüşəm ki, Rənanın evindəyəm. Gördüklərimin, yaşadıqlarımın hansı yuxudur, hansı reallıq? Görürsən, qayıdırıq yenə əsas suala. Sevil də deyir “yuxu görmüsən”, sən də deyirsən “yuxu görmüsən”. İndi hansınıza inanım?
     -Əlbəttə, mənə görə reallıq sənin indi burada, mənim qarşımda oturmağındır. Mən səndən fərqli olaraq gedib-gəlmirəm, paralel dünyalarda yaşamıram. Dünən mənimlə bir yerdə olmusan, srağagün də mənimlə olmusan - sən, mən, Rəna bir yerdə Pizza yemişik.
     Hövsələsizlik edib sözünü kəsdim:
     -Bəs gündəliklər necə olsun?
     -Hansı gündəliklər? - tərs-tərs baxıb soruşdu. - İşdə bloknota yazdıqlarını deyirsən?
     -Hə, Sevillə ayrılandan sonra gündəlik tutmağa başlamışdım. Komadan çıxandan sonra Sevil onları mənə verdi. Başa düşürsən, komadan sonra bütün yaddaşım silinmişdi. Yaddaşımı bərpa etməkdə bu gündəliklərin mənə çox köməyi oldu.
     -İndi gündəliklər hardadır?
     -Harda olacaq, evdə.
     Fikrə getdi. Sağa-sola baxıb nə deyəcəyini, reaksiyasını müəyyənləşdirməyə çalışırdı və sonda, qorxduğum sözü dedi.
     -Onlara oxumaq olar? İcazə verərsən?
     -Yox - düşünmədən cavab verdim. - Olmaz.
     -Aydındır. Səbəbini də soruşmayacam.
     - Çox sağ ol. İnanıram ki, məndən incimədin.
     -Yox, yox - əllərini bulayıb dedi. - İncimək nədi? Heç olmasa de görüm, Şeylanı öldürdüyünü də yazmısan orda?
     -Gündəliklər, sənə zəng vurmağımla qurtarır. Yadındadır, biz Sevillə boşanandan sonra o, birinci dəfə bizim evə gəlmişdi? Mən də o gedəndən sonra, gecə sənə zəng vurmuşdum?
     - Yadımdadır. Bu söhbət təxminən iki həftə əvvəl olub. Gecə gəldim sizə, bir az evdə oturduq, sonra da getdik viski içməyə.
     Təlaşla qabağa əyilib soruşdum:
     -Nə haqda danışdıq?
     Toğrul çiyinlərini dartdı.
     -Nə bilim, ordan-burdan danışdıq da. Sevil haqqında filan... - Boğazını arıtlayıb, sıxılaraq dedi. - Demişdin ki, sevişmisiniz. Amma inanmırsan ki, bir də sənə qayıtsın. Çox pis olmuşdun.
     -Bəs Şeyla barədə söhbət olmamışdı?
     - Olmuşdu. Şeyla sənə zəng vurub harasa dəvət eləmişdi. Səhər görüşməliydin onunla.
     -Görüşdüm?!
     - Hə, görüşdün. Səhərisi onunla görüşdün, axşam da özün mənə zəng vurub hara getdiyinizi danışdın. Yadında deyil?
     - Nə danışdım? - səsimi ucaldaraq, həyəcandan dodaqlarım əsə-əsə soruşdum. Toğrul bayaqkı kimi tutuldu. Gözlərimi açıb ona inqilabdan, hər kəsin ölməyindən danışdığım dəqiqələrdə keçirdiyi qorxu, həyəcan hissinin eynisini keçirirdi indi.
     -Nə cavab verdin? Dedin ki, gedib bahalı İtalyan restoranında yemək yemisiniz, şərab içmisiniz. Necə bəyəm?
     -Yalan danışırsan! - ayağa sıçrayıb qışqırdım. - Yalan danışırsan! O gün mən onu öldürdüm. Onun evində, Gənclikdəki villasında öldürdüm. Bıçaqla şah damarını kəsdim, sonra da bıçağı ürəyinə soxdum. Sən də mənə cəsədi basdırmağa kömək elədin. Onun meyitini Şamaxıya aparıb Samirin həyətində basdırdıq.
     Toğrul, başını təəssüflə bulaya-bulaya mənə qulaq asırdı. Bircə bunu deyə bildi:
     -Sən... sən nə danışırsan?!
     Telefonumun zəngi çaldı. Diksindim. Cihazı cibimdən çıxarıb displeydə Şeylanın adını oxuyanda ürəyim ağzıma gəldi. Saralan sifətimi Toğrul da gördü. Udqundu və nədənsə pıçıltı ilə soruşdu:
     -Kimdi?
     -Şeyla.
     - Bax, görürsən? - bir daha udqundu. - Cavab ver, cavab ver! Öldürdüyün qadın sənə zəng vurur. Danış, eşit səsini.
     Bəlkə də elə bilir başım xarab olub. Olsun. Onun yerində istənilən adam mənim haqqımda bu cür, bəlkə də daha pisini fikirləşərdi. Qınamıram onu. Düzdür, gərək əsəbiləşməyəydim, üstünə qışqırmayaydım. İndi isə Şeyla zəng eləyir. Toğrul düz deyir, cavab verməliyəm. Görək bu oyun hara qədər davam edəcək? Öz əllərimlə öldürdüyüm adamın mənə zəng vurmasından daha qorxunc, daha dəhşətli nə ola bilər?
     -Alo.
     -Salam. Nə var, nə yox?
     -Sağ ol. Yaxşıyam.
     -Səsinə nə olub? Xəstələnmisən?
     -Heç, yorğunam. Eşidirəm səni.
     - Bu gün üçdə işlərim var, bəlkə deyirəm beşdən sonra gəlim? İşdə olacaqsan? Sonra da gedib bir yerdə oturardıq. Divardakı saata baxdım. On birə qalırdı.
     - Gəl belə eləyək - saat üç üçün sənə zəng vurub dəqiq bir söz deyərəm. Olar? - Toğrulla baxıb dedim.
     - Olar. Onda zəngini gözləyəcəm - şıltaq əda ilə deyib əlavə etdi, - öpdüm səni.
     Ona cavab vermədən, telefonu şalvarımın cibinə atıb təzədən yerimə oturdum. Bağışlanmaq istəyən adamların miskin, yazıq görkəmi ilə Toğrula:
     -Üzr istəyirəm - dedim.
     -Üzr istəmək lazım deyil - gözlərini yumub-açaraq, sakit tərzdə mənə təsəlli verdi. - Amma həkimə mütləq getməliyik. Yox, mən demək istəmirəm ki, dəlisən, ya da nəsən. Qoy həkim də baxsın, bizə bir söz desin. Görək nə olub sənə, bu nə yuxulardı görürsən.
     - Nə isə, ürəyinə salma. Son vaxtlar çox həyəcan keçirirsən, əsəbiləşirsən. Ola bilsin onun təsiridir. Şeyla nə deyirdi? Halsızca:
     - Deyir bu gün üçdə gələ bilməyəcəm, axşam beşdən sonra vaxtım var. Onunla görüşmək istəmirəm, çox qorxuram - dedim.
     - Qorxduğun görünür elə. Rəngin sapsarı olub - Toğrul başını yırğalayıb dedi. - Əksinə, məncə görüşüb danışmalısan.
     -Görüşüb nə deyəcəm ona?
     -Nə bilim? Bu günə qədər özünü necə aparmısansa, indi də elə. Hər halda, “səni öldürmüşəm”, “Şamaxıda basdırmışam” deməyəcəksən ki!? Çətin ki, Şeyla mənim qədər tolerant olsun, səni başa düşsün - gün ərzində ilk dəfə Toğrulun dodaqları xəfifcə qaçdı. Çarəsiz - nə edəcəyini, nə deyəcəyini bilməyən adamın əsəbi gülüşü ilə gülürdü.
     Telefonuma mesaj gəldi. Baxışlarımı Toğrulun üzündən ayırmadan telefonu bir daha cibimdən çıxartdım. Mesaj Rənadan idi. Özümü necə hiss etdiyimi soruşur, məndən nigaran qaldığını yazırdı.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.09.2014) | Müəllif: R.C E W
Baxış: 308 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more