Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yanan ağacın şəfəqləri-2

<< 1 / 2 >>


     Atukvey Okay (sözümü kəsir). Biz yazıçılar da açıq danışmasaq, onda dünyada kim bir-biri ilə açıq danışacaq?
     M ə n . Sən Qana şairisən. Mən sənin şerlərini, poemalarını oxumuşam. Bunların əsas problematikası, Qana, daha geniş mənada Afrika problematikasıdır. Lakin sən ingilis dilində yazırsan. Ona görə də, səndən gizlətmirəm, məncə, yazıçı üçün ən ağır bir sual meydana çıxır: xalq səni başa düşürmü?
     Atukvey Okay (yenə gülümsəyir, amma bu gülüşdə həmişə Okay şövqü yox, əksinə, bir qayğı, hətta bir qüssə var). Bayaqdan sənin bu sualını gözləyirdim...
     Əlbəttə, tamam haqlısan, yazıçı üçün bundan xoşagəlməz sual tapmaq mümkün deyil, daha doğrusu, bu xoşagəlməz sualı doğuran vəziyyətdir. Biri modernistdir (özü də istedadlı modernist!) xalq onu başa düşmür. Biri həddən artıq qəliz yazır xalq onu başa düşmür. Bunlar fərdi nümunədir, axtarış, üslub problemləridir, bunlara dözmək olar. Lakin müsibət bundadır ki, yazdığın dil öz doğma xalqına, haqqında yazdığın, təəssübünü çəkdiyin, gələcəyini düşündüyün xalqa yaddır. Bizdə ingilis dilini yalnız savadlılar, xüsusi təhsil almış adamlar bilir, çünki kolleclərdə, universitetlərdə təhsil ingilis dilindədir. Geniş xalq kütlələri isə, hərə öz milli dilində danışır. Bu, təkcə Qanada yox, bütün qara Afrikada müstəmləkəçilik siyasətinin nəticəsidir. Elə deyilmi?
     Mən. Aydın məsələdir... Canavar ilk növbədə ovunun boğazından yapışıb arteriyasını diddiyi, gəmirdiyi kimi, müstəmləkəçilik də həmişəlik ilk növbədə xalqın dilini əlindən almağa çalışıb. Çünki dilsiz xalq qısıra çevrilir.
     Atukvey Okay. Xalqın da böyüklüyü ondadır ki, bütün əzablara baxmayaraq, dilini qoruyub saxlaya bilir. Düzdür, bu dildə məktəblər yoxdur, mətbuat yoxdur, lakin ana balasına laylanı ingilis dilində yox, bu dildə oxuyur:qa dilində, ti, fanti, eve, mosi dillərində... Amma sənin bayaqkı sualına qayıdaq. Deməli, bizdə vəziyyət belədir. Tarixi şərait elə gətirib ki, mən də, başqa qələm dostlarım da, demək olar ki, bütün qara Afrika yazıçıları da ingilis dilində, yaxud fransız, ispan dilində yazırıq...
     Mən.Yalnız qara Afrika yox. Məsələn, müasir Əlcəzair ədəbiyyatı, əsasən, fransızdillidir.
     Atukvey Okay. Deməli, Əlcəzair yazıçıları üçün də sənin dostun Atukvey Okayın hissləri, düşüncələri doğmadır... Bəs indi biz nə etməliyik? Dəsmal götürüb ağlamaqla kifayətlənəkmi? Heç nə yazmayaq? Biz xalqımızın, Qananın, bütün Afrikanın inkişafının indiki mərhələsində öz əcnəbi dilimizlə də olsa, əlimizdən gələni əsirgəməməliyik. Eyni zamanda, biz, şübhəsiz, milli dillərimizi inkişaf etdirməliyik. Biz çox güclü tərcümə məktəbləri yaratmalıyıq, qa dilində yaranan ədəbiyyat mosiyə tərcümə olunmalıdır, mosidə yaranan ədəbiyyat eveyə, evedəki buleyə və s. Yəni tərcümə də o qədər inkişaf etməlidir ki, Qana ədəbiyyatı öz-özünə qapanmış müxtəlif ədəbiyyatlar toplusundan ayrıca eve ədəbiyyatından, mosi ədəbiyyatından ibarət olmasın, bir-biri ilə üzvi surətdə bağlı olan küll, vahid mənəvi sərvətə çevrilsin. İngilis dili hələlik bu işin öhdəsindən gəlir, yəni vahid Qana ədəbiyyatı yaranır... İngilis dili, nə qədər qəribə də olsa, indiki halda birləşdirir.
     M ə n . Eyni zamanda ayırır, yazıçı ilə öz xalqı arasında sədd çəkir. Mən, əlbəttə, bu məsələnin mürəkkəbliyini başa düşürəm. Amma, bax, sənin qızın hərgah gələcəkdə yazıçı olacaqsa, sən necə istərdin, o öz doğma qa dilində yazsın, yoxsa ingilis dilində?
     Atukvey Okay. Qa dilində, lakin ingilis dilini yaxşı bilmək şərtilə. Həm də o qa dilində mütləq ümumi Qana, ümumi Afrika ədəbiyyatı kontekstində yazsın. Bu gün Afrikada hər hansı bir xalqın mədəniyyəti, o cümlədən, ədəbiyyatı yalnız özündə qapanıb qala bilməz.
     M ə n . Dillərin inkişafında milli məktəblərin, milli təhsilin rolu əsasdır. Sizdə milli dillərdə dərslik yaranırmı və Qana yazıçıları bu işdə iştirak edirlərmi?
     Atukvey Okay. Nümunələr var. Misal üçün, Oqami Adi tvi dilində «Ana dili» dərsliyi yazıb. Klufyu qa dilində dərslik düzəldib. Lakin bu sahədə görüləsi işlər çoxdur. Görüləsi işlər bəyəm hansı sahədə azdır?
     M ə n . Biz səninlə Volta çayına getdik. Akasambo SES-ini gəzdik...
     Atukvey Okay. (bu dəfə həmin şövqlə gülür). Qayıdanda ilan da az qaldı səni çalsın... Azərbaycan ədəbiyyatı sənsiz nə edəcəkdir? Görürsən, Afrikanın ilanı da dostu düşməndən ayırır! Ayağının altından sürünüb getdi. Azərbaycanda kimə danışsan, inanmayacaq... Bir dəfə məni az qalmışdı pələng yesin. Sonra kimə danışdım, inanmadı.
     M ə n . Qana oxucuları gərək o pələngə heykəl qoysun...
     Atukvey Okay. Hə, hə!.. (Gülür). Altında da belə bir yazı: «Mən Atukvey Okayı yemədim...».
     M ə n . «Çünki şerlərini ingilis dilində başa düşmürdüm!»
      (İstidəndir, ya o nəhəng okean dalğalarının yeknəsəq səsindəndir, nədir, ikimiz də çox gülürük. Atukvey Okay o qədər ürəkdən gülür ki, elə bil, doğrudan da, həmin pələngin heykəlinə baxır və o yazını oxuyur.)
     M ə n . Bəlkə qayıdaq Aksombo SES-ə?
     Atukvey Okay. Qayıdaq. Çarə nədir?
     M ə n . Həmin SES-i amerikalılar tikib. Oranın bütün müasir təchizatı Kanadadan gətirilir. Elədirmi?
     Atukvey Okay (ciddi). Elədir.
     M ə n . Bu gün o SES-i qanalılar idarə edir və bunu görmək mənim üçün çox xoş oldu. Adi fəhlədən tutmuş, yüksək ixtisaslı mühəndisəcən, ən yeni kompüterlərlə dil tapan bütün SES işçiləri qanalıdır.
     Atukvey Okay. Mən bununla fəxr edirəm.
     M ə n . Səni yaxşı başa düşürəm. Lakin sənə bir sualım var: gələcəkdə bu cür SES-ləri, ümumiyyətlə, gələcəyin böyük qurğularını qanalıların özlərinin tikməsi üçün müasir Qana ədəbiyyatı nə edir?
     Atukvey Okay. O böyük gələcəyin naminə, biz istəyirik ki, ilk növbədə, xalq öz tarixini tanısın, bilsin və ən əsası isə, özünə inansın. Biz hər şeyi bacarırıq, biz XX əsrin inkişaf etmiş elmini, texnikasını şüurunu ehtiva etməyə, bunlardan nəinki bəhrələnməyə, hətta bunları inkişaf etdirməyə, həyatın hər bir sahəsi ilə bağlı istehsalda, mənəvi inkişafda öz yeni sözümüzü deməyə qadirik bax, xalq gərək buna inansın. Belə bir inam olmadan heç nə mümkün deyil. Xalqın özünü özünə tanıtmaq lazımdır və bu, bizim ədəbiyyatımızın ilkin vəzifəsidir. Biz çalışmalıyıq ki, müstəmləkəçiliyin əsrlər uzunu xalqımızın psixolojisində yaratdığı strepeotipi kiçiklik, acizlik, qadirsizlik duyğusunu, hissini...
     M ə n . ... Hərgah belə demək olarsa, anti-inamını...
     Atukvey Okay. Bax, bax, doğrudur, anti-inamını dağıdaq, dəyişək. Müstəmləkəçilik kitab vasitəsilə bizi qul edib. Biz də kitab vasitəsilə özümüzü azad etməliyik.
     M ə n. Axı, o müstəmləkəçilərin danışdığı dildə, məxsus olduğu xalqda Şekspir, Bayron, Dikkens kitabı olub...
     Atukvey Okay.Elədir, olub. Amma Müstəmləkəçilik Şekspir kitabını, Bayron kitabını bizdən gizlədib, özünə, öz ideologiyasına xidmət edən kitabı beyinlərə yeridib!
     M ə n . Məncə, burada bir məsələni dəqiqləşdirmək lazımdır. Müstəmləkəçilik Şekspir və Bayron kitabını gizlətməyib, çünki olan şeyi gizlədərlər. Məsələ burasındadır ki, Şekspir və Bayron kitabı öz mahiyyəti etibarilə, humanizm və azadlıqsevərliyi etibarilə müstəmləkəçiliyə yad olub. Maddi sərvət ehtirası mənəvi sərvət ehtiyacını qat-qat üstələyib, şərin kitabı yaranıb.
     Atukvey Okay. Səninlə şərikəm.
     M ə n . Sənin dediyin o ümumiləşdirilmiş kitabı mən belə başa düşürəm ki, müstəmləkəçilik orta əsrlər Avropa elminin, texnikasının inkişafının nailiyyətlərini öz kitabına silahına çevirə bilmişdi və həimn qara kitabın köməyi ilə amansız siyasətini yürüdürdü... Bayaqkı sualımı davam etdirmək istəyirəm. Sən kosmonavtlara həsr etdiyin bir şerində yazırsan ki, «Afrika da öz əllərini sizə tərəf uzadır biləklərdə yüz illərin qandal yeri, yaralar hələ sağalmayıb». Bax, həmin yaraların sağalması üçün müasir Qana ədəbiyyatı və şəxsən sən özün, nə edirsən?
     Atukvey Okay. Yazırıq! Yazırıq. Yazırıq.
     M ə n . Bu aydın məsələdir ki, yazıçı ilk növbədə yazmalıdır, amma yazıçı, görünür, həm də sözün geniş mənasında öz xalqının xadimi olmalıdır. Misal üçün, Azərbaycan ədəbiyyatı tarixi bu baxımdan parlaq sənətkar şəxsiyyətlərinə malikdir. Uzağa getməyək, əsasən, bizim əsrin əvvəllərindən etibarən fəaliyyət göstərən, yazıb-yaradan və bu günün özündə bizim hamımız üçün örnək olan böyük qələm sahiblərindən biri Cəlil Məmmədquluzadədir. Əlbəttə, Cəlil Məmmədquluzadə ilk növbədə yazıçıdır, lakin o, eyni zamanda, ilk növbədə həm də öz xalqının böyük ictimai xadimidir. Y axud rus ədəbiyyatını götürək. Məgər Lev Nikolayeviç Tolstoy yazıçı olmaqla bərabər, həm də öz doğma rus xalqının nəhəng xadimi deyilmi? Lev Tolstoy elə təkcə zəhmətkeş xalqın balalarının təhsili naminə sərf etdiyi enerjisi hesabına «Hərb və sülh» kimi, yaxud «Anna Karenina» kimi dahiyanə bir roman yaza bilməzdimi?
     Bu barədə çox danışmaq, saysız misallar gətirmək olar. Və təbii ki, bütün bu fikirlərlə mən yeni Amerika kəşf etmirəm. Bu məlum fikirləri ona görə təkrar edirəm ki, məncə, Qana kimi müstəmləkəçilik buxovlarından azad olmuş və bu gün gələcəyin perspektiv yollannı axtaran, bu yollarla irəliləməyə çalışan bir ölkədə yazıçı, şübhəsiz ki, həm də ictimai xadim olmalıdır. Yazıçılıqla vətəndaşlıq məhfumları bir-birindən ayrılmamalıdır, həm də o vətəndaşlıq yalnız bədii əsərlərdə özünü ifadə etməməlidir, aktiv mənəvi bir qüvvə kimi xalqın, ölkənin həyatına müdaxilə etməlidir.
     Atukvey Okay. Sənətkar-vətəndaş vəhdətinin müasir Afrika ilə bağlı ən parlaq ifadəçilərindən biri Aqostino Neto idi...
     Seneqallı Şeyx Anta Dyub və Semben Usman, yaxud keniyalı Nquqi Va Txionqo, nigeriyalı Çinua Açeba, həbəşistanlı Assefa Qebre Mariam kimdirlər? Ilk növbədə Afrikanın böyük yazıçıları və eyni zamanda, sənin dediyin kimi yenə də ilk növbədə Afrikanın böyük ictimai xadimləri. Müasir Qana ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Maykl Dey-Anan idi. O şair idi, dramaturq idi, tarixçi idi, eyni zamanda, bütün ölkələrdə böyük nüfuz qazanmış ictimai xadim idi. Quruculuq işlərində, siyasət, ictimai, iqtisadi, mədəni islahatların həyata keçirilməsində Kvama Nkrumaya yaxından kömək edənlərdən biri məhz Dey-Anan idi. Meykl Dey-Anan on beş ildir ki, həyatda yoxdur, lakin həmin vətəndaşlıq ənənələri bu gün davam edir. Burada bir məsələ var ki, onu dəqiqləşdirmək istəyirəm. Bu gün Qanada və ümumiyyətlə, bütün qara Afrikada çap olunmaq, kitab nəşr etdirmək çox çətindir. Bu gün Qanada qonorar hesabına yaşayan bircə yazıçı belə yoxdur. Bu, bildiyin kimi, iqtisadi-sosial geriliklə bağlıdır. Bizim Qanada belədir işlər...
     M ə n . Sənə deyim ki, bu cəhət təkcə Qanaya, hətta təkcə qara Afrikaya aid deyil. Misal üçün, mən Tunisdə qonorar hesabına yaşayan, yəni yazıçılıqdan başqa heç bir iş görməyən yazıçıya təsadüf etmədim... Yaxud Türkiyəni götürək. Mən az-çox türk ədəbiyyatına bələdəm, türk yazıçılarını tanıyıram, bir çoxu ilə dostluq edirik. Orada da yalınz iki nəfərdən — Əziz Nesindən və Yaşar Kamaldan başqa sırf qonorar hesabına yaşayan yazıçı yoxdur. Halbuki türk ədəbiyyatı bu gün müasir dünya ədəbiyyatının ön sıralarında addımlayır...
     Atukvey Okay. Düzdür, müasir Amerika ədəbiyyatından, ingilis ədəbiyyatından da bu cür misalları çox gətirmək olar, lakin bizdə, yəni qara Afrikada və o cümlədən, Qanada bu cəhət özünü bir daha bariz şəkildə göstərir. Hərgah mən bu gün bir əsər üzərində işləyirəmsə, nəinki onu çap etdirmək barədə fıkirləşirəm, buna heç ümidim də yoxdur... Yəni əvvəlcədən bilirik ki, əsər çap olunmayacaq, nəşr edilməyəcək, yaxın on ildə çap olunub-olunmayacağından heç danışmağa dəyməz, çünki imkan yoxdur. Lakin, bayaq dediyim kimi, yazırıq, yazırıq, yazırıq və mən bu cür yazıçılığı donkixotluq yox, ən yüksək qiymətə layiq bir vətəndaşlıq kimi qiymətləndirirəm. Sən özün Alute Papu ilə söhbət etdin ki...
     Doğrudan da, bir gün əvvəl yazıçı Alute Papu ilə geniş ədəbi söhbətimiz olmuşdu və Atukvey Okay da bu söhbətdə iştirak edirdi. A.Papu XVIII əsrdə yazıb-yaratmış Antuan Vilhelm Amu haqqmda böyük roman üzərində işləyir. A.V.Amu Qanadan qul kimi Avropaya aparılıb, onu alman knyazlarından birinə bağışlayıblar.
     Lakin Amu uşaqlıqdan fitri istedadı, ağlı ilə müasirlərinin diqqətini cəlb edib, yüz minlərlə bacı-qardaşlarından fərqli olaraq, onun bəxti gətirib, məşhur Vitenberq Universitetində təhsil alıb, astrologiyaya, riyaziyyata, hüquqşünaslığa, fəlsəfəyə, tibbə dair çox əsərlər yazıb və bu əsərlər Avropa ictimai fikrinin inkişafmda nəzərə çarpan rol oynayıb. A.V. Amu Avropanın məşhur universitetlərində professor kimi mühazirələr oxuyub, quldarlığa qarşı mübarizə aparıb, E.Kantla yaxın dost olub, lakin ömrünün sonunda ölmək üçün Qanaya, öz kəndinə qayıdıb və orada vəfat edib. A.Papu neçə illərdən bəridir ki, arxiv materiallarını toplayır. Avropa universitetləri, akademiyaları, kitabxanaları ilə məktublaşır. Bir sözlə, bu yazıçı A.V.Amu haqqında böyük roman yazmağı bütün həyatının məqsədinə çevirib. Lakin... bu romanın çap olunacağı barədə onun heç bir ümidi yoxdur. «Hər halda, yaxşı yazsam, istədiyimə nail olsam, yəqin məndən sonra, Qana inkişaf edəndən sonra çap olunar...»
     M ə n . Səni ki, xaricdə də ingilis dilində çap edirlər. Amerikada kitabın çıxıb... Mənə demisən ki, orada yeni kitabın nəşrə hazırlanır...
     Atukvey Okay. Düzdür, mənim kitablarım xaricdə nəşr olunur, lakin burada da iki mühüm problem var: birincisi, ABŞ-da, yaxud İngiltərədə kitab çap etdirmək heç də asan məsələ deyil və onlar tanımadıqları müəllifləri hansı bir Afrika ölkəsindən hansı bir yazıçınınsa əsərini, demək olar ki, nəşr etmirlər. İkincisi, özlərinin bəyəndiklərini, qəbul etdiklərini, məqbul saydıqlarını nəşr edirlər, öz istəklərinə cavab verəni nəşr edirlər. Biz öz kitabımızı özümüz nəşr etdirməliyik. Bu, təkcə Qananın yox, bütün qara Afrikanın qarşısında dayanan ən mühüm, ən başlıca vəzifələrdən biridir. Hələlik isə biz xalqla ünsiyyətin başqa formalarından da istifadə edirik: görüşlər keçiririk, ən ucqar kəndlərə gedirik, xüsusən, ibtidai məktəblərdə, kolleclərdə əsərlərimizi oxuyuruq, radionun imkanlarından istifadə edirik. Mən Moskvada və Londonda təhsil alıb qayıdandan sonra, xalqla bu cür bilavasitə ünsiyyətə xüsusi fikir verməyə başladım.
     M ə n . Sən tez-tez «Bütün Afrika» ifadəsini işlədirsən. Sənin fıkrincə, misal üçün, Benin, yaxud Toqo ədəbiyyatı ilə Qana ədəbiyyatını nə birləşdirir?
     Atukvey Okay. Qara adam problemi. Hər bir yazıçı öz xalqının problemini qaldırır. Afrika xalqlarını isə keçmişin müstəmləkəçilik zülmü birləşdirir. ABŞ-da zənci yazıçılarının yaratdığı ədəbiyyat da bu mənada Afrika ədəbiyyatı ilə birləşir, çünki o da qara adamın təəssübünü çəkir.
     M ə n . Məncə, bu yerdə aludəçiliyə qapılmaq, həmin aludəçilikdən doğan bir maksimalizmlə ədəbiyyata qiymət vermək düz deyil. Elə buna görə də şəxsən mən neqrityud ideyalarını qəbul edə bilmirəm.
     Atukvey Okay. Mən bu fikirdəyəm ki, neqrityud Afrikanın inkişafında dünənki günün ideologiyası idi və güman ki, dunənki gün üçün lazım olan bir ideologiya idi. Lakin qaraların yaratdığı ədəbiyyat bu gün qaraların təəssübünü çəkir və bu təəssüb hissi həmin ədəbiyyatları birləşdirir: Nigeriya ədəbiyyatını da, Qana ədəbiyyatını da, Keniya ədəbiyyatını da. Bu, dediyim kimi, ABŞ-da yaranan zənci ədəbiyyatına da aiddir.
     M ə n. Mənə elə gəlir ki, sən ədəbiyyatı, əlbəttə, söhbət böyük mütərəqqi ədəbiyyatdan gedir! nahaq yerə iki irqi hissəyə ayırırsan: ağların yaratdığı ədəbiyyat və qaraların yaratdığı ədəbiyyat. Sənin dediklərindən, istər-istəməz, belə çıxır... Və yüz cürə də sual doğur. Məgər elə həmin ABŞ-da «ağ» BiçerStou «Tom dayının koması»nda qara adamın təəssübünü çəkmirmi? Bəs Mark Tven? Mayn Rid? Məgər «ağ» Şekspirin yaratdığı Otello «qara», Yaqo isə «ağ» deyildimi? Bəs Merimenin tamanqosu? Dünya ədəbiyyatının qədim və zəngin tarixi böyu məgər «ağların» yaratdığı ədəbiyyat elə «ağların» da eybəcərliyini azmı göstərib? Məgər tarix boyu «ağlar» yalnız «qaraları»mı istismar edib? Bu məsələyə irqi münasibət bəsləmək olmaz. Yəni qədim Romadan bu tərəfə, qullar və quldarlar dünyası irqi münasibətlərin yetirməsi deyil. Liberiya Qərbi Afrikanın «qocaman» respublikasıdır, elə deyilmi?
     Atukvey Okay. Elədir. Liberiya 1847-ci ildə respublika elan edildi. ABŞ-da azadlıq əldə etmiş keçmiş qullar ora köçürüldü. Sən bununla nə demək istəyirsən?
     M ə n . Onu demək istəyirəm ki, vaxtilə Afrikadan aparılmış həmin keçmiş qullar Liberiyada özlərini amerikalı-liberiyalı adlandırırdılar və yerli xalqı öz irqi qardaş-bacılarını qəddarcasına istismar etməyə başladılar. Burada hansı irqi həmrəylikdən söhbət gedə bilər? Məgər Afrikadakı yerli feodallar, Başçılar öz xalqlarının qula çevrilib Avropaya, Amerikaya aparılmasında ağ müstəmləkəçilərə, quldarlara azmı kömək ediblər, qulluq göstəriblər? Mən hardasa oxumuşam ki, bir şüşə viskidən ötrü hansı yerli feodal isə öz on beş həmvətənini qul verib... Söhbət, təkrar edirəm, irqi münasibətlərdən getmir. Müasir dövrümüzə nəzər salaq. «Qara» Dyuvalyelər haiti xalqının başına nə oyun açırdı? Və «ağ» Q.Qrin həmin xalqın təəssübünü çəkmirdimi? Böyük ədəbiyyat dediyimiz mənəvi sərvət elə ona görə böyükdür ki, o, qaralığından, sarılığından, yaxud ağlığından asılı olmayaraq, əzilən insanın, əzab çəkən milli və mənəvi hüquqları tapdalanan adamın, istismar edilənin təəssübünü çəkib və bu gün də belədir. Ədəbiyyat yarandığı ən ilkin dövrdən etibarən, xeyirlə şərin mübarizəsində həmişə xeyrin müttəfiqi olub. Istedadlı zənci yazıçılarının yaratdığı ədəbiyyatda da əzab çəkən zəncinin taleyinin təsviri ilə bərabər, mənfı zənci surətləri də var və bu tamam təbiidir. C.Bolduinin romanlarını xatırlayaq...
     Atukvey Okay. Hər halda, zəncilərin yaratdığı ədəbi qəhrəmanların yaxşısı da, pisi də zəncidir...
     M ə n . Bu başqa söhbətdir. Bolduinin qəhrəmanı Amerikanın zənci xalqıdır. Abraxamsın qəhrəmanları Cənubi Afrika Respublikasının əzilən, istismar edilən, hüquqları tapdalanan, həm də ağ irqçilər tərəfindən əzilən, istismar edilən, tapdalanan yerli əhalisidir. Atukvey Okayın qəhrəmanları isə Qana xalqınm nümayəndələridir...
     Atukvey Okay. (gülür). Elçinin də qəhrəmanları Azərbaycan xalqının nümayəndələridir, hə?
     M ə n . Əlbəttə. Biz, istər-istəməz, söhbətimizin əvvəlinə qayıtdıq, yazıçı öz doğma xalqını ifadə etməlidir, çünki bəşərilik milliliyin fovqündə deyil. Əksinə, millilik olmayan yerdə bəşərilik yoxdur. Yazıçı, ilk, növbədə öz xalqının aktual problemlərini qaldırmalıdır.
     Atukvey Okay. Bu yerdə mən səninlə tam həmfikirəm. Müasir Qana ədəbiyyatının təcrübəsi də göstərir ki, o əsərlər müvəffəqiyyət qazanır, xalqın ürəyinə yol tapa bilir ki, orada həmin xalqın problemləri qaldırılır, həm də realizm mövqelərindən qaldırılır. Xalqla qələm vasitəsilə danışa bilmək üçün, xalqa qələm vasitəsilə kömək edə bilmək üçün realizmdən başqa bir yol tanımıram. Buna görə də misal üçün, Ayikve Ammanın «Gözəllər hələ doğulmayıb», yaxud «Sağaldanlar» kimi romanları, Kufi Anidohonun, Kobena Evi Akvanın, Kado Çeyin şer və poemaları, Ama Ata Eydünün hekayələri mənim xoşuma gəlir, mən onları məhz Qana ədəbiyyatının nümunələri kimi qəbul edirəm. Mən istərdim ki, misal üçün, A.A.Eydünün «Həyatlarında heç nə dəyişməyənlər haqqında» adlı hekayələr toplusu başqa dillərə də çevrilsin, çünki o hekayələri oxuyan adam sadə, zəhmətkeş qanalıları görəcək, onların daxili aləmini hiss edəcək və mən buna şübhə etmirəm ki, onları sevəcək. Bu hekayələr ilk baxışda çox sadədir, lakin eyni zamanda, konkret və bədiidir. Eyniadlı hekayənin qəhrəmanı zəhmətkeş bir adamdır. Bu hadisə Qana istiqlaliyyət əldə etdikdən sonra baş verir. Həmin zəhmətkeş adam böyük bir binanın gözətçisidir və heç özü də bilmir ki, bu binada kim işləyir, hansı idarə yerləşir. Böyük binaya hər gün mühəndislər, həkimlər, idarə rəhbərləri gəlib-gedir, bəzən bir-birləri ilə qızğın mübahisə edir, bəzən də qucaqlaşıb öpüşürlər. Gözətçi isə günlərlə dinməz-söyləməz öz yerində oturub bu gözəl geyimli, tox, hərəsinin altında cürbəcür maşmlar olan adamlara baxır və günlərin bir günündə birdən-birə onlardan soruşur: «Bəs mənə niyə bir lampa vermirsiniz ki, evimdə yandırım? Belə də istiqlaliyyət olar?». İddiasız hekayədir, amma Qanadakı ictimai mühit kontekstində çox aktualdır.
     M ə n. Sən o gözətçini tanıyırsan, sevirsən, ona görə də o hekayə xoşuna gəlib. Sən istəyirsən ki, o gözətçinin evində həmişə lampa yansın...
     Atukvey Okay. Əlbəttə, onun evi həmişə işıqlı olsun. Gələcəkdə o evdən təkcə lampa yox, gur elektrik işığı gəlsin. Bu məsələ bizi böyük binaya girib-çıxanların hamısını düşündürsün. Biz böyük binaların qabağında öz daxmasında oturmuş o gözətçiləri görək və onların evinin işıqlı olması üçün əlimizdən gələni əsirgəməyək. Hərəmiz nəsə bir iş görək... Necə bilirsən, bizim bu dialoqumuzdan bir şey çıxdı?
     M ə n . Onu gərək oxuculardan soruşaq...
     Mən bu kiçik qeydləri Qana səfərinin ilk gününün xatirəsi ilə başladım və o ilk günün başqa bir xatirəsi ilə də qurtarmaq istəyirəm.
     Həmin ilk günün və ümumiyyətlə, Qana səfərinin mənim üçün ən işıqlı təəssüratlarından biri oa ağacı ilə bağlıdır. Bu böyük ağacın iri və qıpqırmızı gülləri var. O böyük ağaclar Akkranın kasıb küçələrinə bir şövq, bir oynaqlıq gətirir.
     Oa ağacının adının mənası Alovlu ağac, Yanan ağac, Köz kimi Qızaran ağac deməkdir. Sonralar Tema limanında olarkən yerli camaatdan öyrəndim ki, bu ağaca xalq bəzən «Ağ adamın qatili» də deyirlər.
     Ola bilsin ki, ağacın xalq arasındakı bu qəribə adı hansı bir əfsanə, yaxud tarixi hadisə ilə bağlıdır, lakin Qananı gəzdikcə, qısa bir səfərin verdiyi imkan daxilində sadə camaatı tanıdıqca, onların danışığına, hərəkətlərinə, bir-birləri ilə münasibətlərinə fikir verdikcə, musiqilərini dinlədikcə, rəqslərinə tamaşa etdikcə, mənə elə gəlirdi ki, bu adı ağ adama nifrət yox, daxili kinküdurət yox, qəzəb yox, Vüqar yaradıb.
     Əlbəttə, ağ adam xalqı qul edib və o Nifrətə layiqdir. Ağ adam V ətəni əldən alıb, ananı baladan, balanı torpaqdan həmişəlik ayırıb və o xalq Qəzəbi qazanıb.
     Lakin bu ağaca o adı Nifrət və Qəzəb verməyib.
     Xalq o böyük, o iri və qıpqırmızı güllü ağacı ilə fəxr edib, xalq öz Vüqarı ilə ağ adamdan quldardan, istilaçıdan intiqam alıb, bax, mən bu cür gözələm, mən bu cür əzəmətliyəm, bu cür görümlüyəm və qoy mənim bu gözəlliyim, bu qamətim, əzəmətim səni sarsıtsın, sənə əzab versin, səni öldürsün...
     Mən hər dəfə o Yanan ağacı gördükcə, elə bil, xalq təmkininin, xalq müdrikliyinin, eləcə də böyük xalq istedadının rəmzini görürdüm; mənə elə gəlirdi ki, Qananın rəsmi gerbindən, rəsmi bayrağından savayı mənəvi bir timsalı da var, bax, qıpqırmızı şöləylə alışıb yanan o Alovlu ağac.
     O Y anan ağacın əzəməti və gözəlliyi adamın daxilinə elə bir işıq saçırdı ki, istər-istəməz, fiikrləşirdin: yox, o Yanan ağac təkcə Qananın yox, bütün Afrikanın timsalıdır, çünki Afrikanın hər bir ölkəsi küllün bir parçasıdır, bir hissəciyidir.

Avqust, 1986.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 582 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more