Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yanan ağacın şəfəqləri
YANAN AĞACIN ŞƏFƏQLƏRİ
(Qana səfərindən)
1.


     Biz, yəni SSRI Yazıçılar Ittifaqının cəmi iki nəfərdən — M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, ingilisdilli ədəbiyyat üzrə mütəxəssis, tanınmış tənqidçi N.Anastasyevdən və bu sətirlərin müəlliflərindən ibarət kiçik bir nümayəndə heyəti Qananın mədəniyyət naziri Məhəbbət ben Abdullanın şəxsi dəvəti ilə Cənubi Avropanın və bütün Şimali Afrikanın üzərindən uçub bu qədim və zəngin tarixli Afrika ölkəsinin paytaxtı Akkraya endik və elə həmin ilk günün axşamı xüsusi hörmət əlaməti olaraq qa xalqının Başçısı II Amuqi bizi öz iqamətgahında qəbul etdi.
     Demək olar ki, bütün Afrika ölkələrindəki kimi (mən «qara» Afrikanı nəzərdə tuturam), Qanada da Başçı institutu indiyə qədər özünü mühafizə edə bilmişdir və bəzi hallarda hələ də yüksək nüfuza malikdir.
     Müstəmləkəçilik Afrikanı xalqlara görə, milli mənsubiyyətə, yəni milli-tarix məxsusiliyə, ənənələrə, mədəniyyətə, etnik birliyə görə yox, ərazi prinsipi ilə bölüşdürmüşdür və buna görə də bu gün Afrikada bir çox xalqlar didərgin düşmüş, müxtəlif dövlətlər arasında parçalanmışdır, sərhədlər yalnız dövlətləri bir- birindən ayırmır, eyni zamanda bir xalqı iki yerə, hətta bəzən üç, dörd yerə parçalayır. Ayrı-ayrı dövlətlər də, öz növbəsində, çoxxalqlı, çoxmillətlidir.
     Bu baxımdan Qana da istisna deyil və cəmi on bir milyonluq bu ölkədə də müxtəlif xalqlar yaşayır: akan dilli xalqlar (tvi, fanti, akvapim, akim), nzima, baule qonja , qa, adanqme, eve, mosi, qurma, qrusi və s. Bu xalqların da hər birinin öz ənənəvi Başçısı var. Mən burada «Başçı» sözünü şərti işlədirəm. Yerinə görə «hakim», «hökmdar» da işlətmək olar, hətta onların bəzisi «kral» da adlanır. Bu gün Afrika dövlətlərində, o cümlədən, Qanada hakimiyyət mərkəzləşdiyi üçün, Başçılar xalqların daha artıq dərəcədə mənəvi rəhbərləridir, lakin, eyni zamanda, iri torpaq sahibləri, ölkənin nüfuzlu şəxsləridir və mənəvi rəhbərlik etdikləri xalqların adi nümayəndələrinə nisbətən, dünyanın ən fırəvan həyatını yaşayırlar. Olkənin bəzi ərazilərində isə misal üçün, Kumasi əyalətində olduğu kimi, Başçı, həqiqətən, krallardan seçilmir və şah həyatı sürür.
     II Amuqinin titulu «qamanqe»dir və o, Qananın böyük xalqlarından biri olan qaların mənəvi rəhbəridir... Mən «mənəvi» sözünü yazıram və II Amuqinin Akkranın sakit və səfalı hissəsindəki böyük iqamətgahını gözlərimin qabağına gətirirəm, onun naxışları qızılla işlənmiş milli paltarını yadıma salıram, nökərlərini, köməkçilərini, tərcüməçilərini, məsləhətçilərini xatırlayıram və eyni zamanda elə həmin Akkranın özündə çirkab və səfalət içində yaşayan, ölkənin başqa şəhərlərində, qəsəbələrində, kəndlərində əlinə keçən qurd-quşla qarnını doyuzdurmağa çalışan, ağır güzəranının, kasıbçılığın,imkansızlığın başının üstünü almış saysız-hesabsız milçəklərlə bir yerdə yeyib-içən, ağlayıb- gülən, üfunətdə nəfəs alan adamları - qocaları, cavanları, uşaqları xatırlayıram...
     Bu adamların da arasında xalqının nümayəndələri, əlbəttə, çoxdur və qamanqe II Amuqi onların da mənəvi rəhbəridir...
     Gözəl, dərin, ali «mənəviyyat» sözü bu yerdə necə də qeyri-təbii səslənir. Ən kasıb bir nəfər də, hətta dilənçi də öz Başçısına ziyarətə gedəndə hədiyyə aparmalıdır, heç olmasa, bir yeşik kokakolla...
     Məşhur Keniya nasiri və şairi, «Lotos» mükafatı laureatı Medca Mvanqi yazır ki, «Kök Başçılar bizim torpağımızı oğurladı. Kök başçılar bizim öz torpağımızı bizə, o torpağın qanuni sahiblərinə satdı. Kasıblar qanlarını, canlarını qoydular, kök Başçılar isə onlara belə dedilər: «- Sən torpaqdan yaranmısan, torpağa da qayıdacaqsan. Torpaqdan qiymətli nə var! İşlə!»
     Ucuzlaşan isə təkcə dəfn mərasimidir...
     Qamanqe II Amuqenin qəbulunda bizi Sovet İttifaqının Qanadakı mədəniyyət mərkəzinin müdiri O.D. Bulavin və Qana Yazıçılar Sindikatının sədri, yalnız Qananın deyil, ümumiyyətlə, müasir Afrikanın görkəmli şairlərindən və ictimai xadimlərindən biri - Atukvey Okay müşayiət edirdi.
     Qamanqe bizi çox mehriban qarşıladı, adətən, qəbuluna gələn adamlarla bilavasitə yox (belə bir birbaşa ünsiyyət Başçını kiçildir və ona yaraşmaz!), köməkçi vasitəsilə danışsa da, xüsusi hörmət əlaməti olaraq bizə bilavasitə müraciət etdi, bizi salamladı, xoş arzularını bildirdi, dünyanın böyüklüyündən, xalqların müxtəlifliyindən, əmin-amanlıqla yaşamaq ehtirasının isə vahidliyindən danışdı və biz də hərəmiz öz tərəfimizdən onu salamladıq, qa xalqına səmimi diləklərimizi bildirdik və bundan sonra əsas mərasim - şər qüvvələri bizə yaxın buraxmamaq üçün «milli» ritual-cadu mərasimi başladı.
     Köməkçilər bir şüşə şnans (!) gətirdilər, qamanqenin qarşısında təzim edib bir xörəkpaylayan cəldliyi ilə şüşənin ağzını açdılar və qamanqe «milli» ritual-cadu sözlərini qışqırdıqca şnansdan ətrafa tökməyə başladılar, sonra kiçik taxta qədəhi şnansla doldurub qamanqeyə verdilər. Qamanqe ovsunçu ilana baxan kimi, yaxşı məşq edilmiş baxışlarla şnaps dolu taxta qədəhə baxa- baxa, daha artıq bir ehtiras və şövqlə qışqıra-qışqıra «milli» ritual-cadu sözlərini söylədi və şnapsdan bir qurtum içdi, sonra da biz məhkum adamlar kimi, bir-bir ona yaxınlaşmalı və protokol üzrə həmin şnapsı elə həmin qədəhdən dilimizə vurmalı olduq...
     Bilmirəm, qamaqenin icra etdiyi cadu mərasimi bizlə bağlı şər qüvvələrə təsir etdi, ya yox, lakin mən II Amuqeyə - cavan, sağlam, yaraşıqlı (Medca Mvanqinin təsvir etdiyi kök Başçıdan fərqli olaraq!), dövlətli və nüfuzlu adama baxa-baxa, Akkrada yenicə yerləşdiyimiz «Ambassador» mehmanxanasının həyətində özlərinin, yaxud ata-analarının düzəltdiyi sadəlövh suvenirləri satmaqdan ötrü dəridən-qabıqdan çıxan uşaqları, elə bil ki, yenidən görürdüm və doğrusu, o uşaqların güzəranı qamanqenin iqamətgahında olduğum zaman mənim ürəyimi daha artıq sıxırdı. Nə üçün? Bu hissi sözlə dəqiq ifadə etməyə çətinlik çəkirəm... Hər halda, yəqin bir də ona görə ki, o uşaqlar da babaları, nənələri kimi, əsrlərdən-əsrlərə belə bir operettaçılığı həqiqi qəbul edirlər, bu məsxərəyə ciddi mənəvi-ruhi bir istinadgah kimi baxırlar...
     Mən yuxarıda «milli» sözünü, əlbəttə, qəsdən dırnağa aldım və görünür, II Amuqeyin qəbulunda ürəyim elə bir də bu dırnağa görə eləcə sıxılırdı...
     Atukvey Okaydan qamanqenin söylədiyi ritual-cadu sözlərinin qa dilində (Okay milliyyətcə qadır) mənasını soruşdum.
     -Bu sözlərin heç bir mənası yoxdur, - dedi.
     Mən, təbii ki, təəccüb etdim və:
     –Deməli, mənasız söz yığnağıdır? - deyə pıçıltı ilə soruşdum.
     Atukvey çiyinlərini çəkdi və qulağıma pıçıldadı:
     -Ulu babaları deyib, bu da deyir. Bu sözlər qamanqelərdə nəsillərdən nəsillərə keçir... - Və Atukvey Okay - xalqını, vətəni Afrikanı və ümumiyyətlə, bütün insanları və həyatı sevən bu hazırcavab, ayıq adam gülümsədi: - Bu sözlərin mənasının mənası yoxdur...
     -Bu mərasimin nə üçün, deyək ki, kokos qozunun, yaxud palma ağacının şirəsilə yox, məhz şnapslaalmanların milli arağı ilə icra edildiyini soruşanda qamangenin tərcüməçisi:
     -Adət belədir... - dedi və nəzakətlə gülümsədi.
     Mən də qonaq idim və ucundan tutub ucuzluğuna getmədim.
     Həmin gecə Qananın paytaxtı Akkrada, II Amuqeyin iqamətgahında oturmuşdum, xəyal isə məni oradan min kilometrlərlə uzaqlara - Azərbaycana aparmışdı və mən bütün fikrim-zikrim ilə Mirzə Fətəlinin Dərviş Məstəli şahının yanında idim. Dərviş- Məstəli şah XIX əsrdə Qarabağda oturub cadu ilə Parisi partladırdı və buna yalnız Şəhrəbanu xanım inanırdı, sadəlövh dayə Xanpəri və on altı yaşlı Şərəfnisə xanım inanırdı. Dərviş Məstəli şahın sarayı, nökəri-naibi, nüfuzu yox idi və Təklə-Muğanlı obasınm bəyi Hatəmxan ağanın səsini eşidən kimi qorxub qaçırdı...
     -II Amuqeyin isə, əlbəttə, dəfələrlə məşq edilmiş, ölçülüb- biçilmiş duruşu, hərəkəti, sifətinin ifadəsi tam bir arxayınçılıqdan, hətta bir ləyaqətdən xəbər verir (bəlkə o özü özlüyündə doğrudan da ləyaqətli bir adamdır...), çünki Başçıdır, xalqın mənəvi rəhbəridir, xalqın bütün əmlakı, bütün torpağı da, əslində, ona məxsusdur...
     II Amuqey dünyəvi məsələlərdən söhbət açır, nəyin yaxşı, nəyin pis olmağından deyir və mən də avtomatik olaraq bu söhbətdə iştirak edə-edə Qana ilə qonşu ölkələr arasında parçalanmış qa xalqı və ümumiyyətlə, parçalanmış, bölünmüş xalqlar barədə müxtəlif mədəniyyətli ölkələr arasında didərgin düşmüş millətlər barədə düşünürəm...
Aşıq, üzüm bağları,
Düzüm-düzüm bağları.
Bağa baltaçı girdi,
Kəsdi bizim bağları...
     Mən yenə də dırnaq arasındakı «milli»yə qayıdıram. Hərgah son dərəcə zəngin və rəngarəng adət-ənənələrinə malik Afrika xalqının milli mərasimi şnapsla icra edilirsə, bu, əslində, milliyə gülmək, millini ələ salmaq deyilmi?
     Bir neçə gündən sonra, ölkəni gəzərkən Atukvey Okay Başçıların sürdüyü həyat tərzi ilə bağlı bir ehkamı maşında mənə söylədi və həmin ehkam, məncə, çox rəmzidir: yalın ayaqları torpağa dəysə, günahdır.
     Biz ölkənin Akkradan sonra ikinci mühüm siyasi-iqtisadi və mədəni mərkəzi olan Kumasi şəhərinə gedəndə Qanadakı ən nüfuzlu Başçının - aşanti xalqının Başçısının (onun titulu aşante- hendir və o, Kumasi şəhərinin ənənəvi sahibi hesab olunur) sarayında üstü hamar yonulmuş, cilalanmış iri fil dişləri gördüm və soruşanda məlum oldu ki, Başçı hətta çiməndə belə, yalın ayaqlarını yerə qoya bilməz, ona görə də ayaqlarını bu fil dişinin üstünə qoyur.
     Bilmirəm, bəlkə də bu adət hansı bir etiqadla, inamlasa bağlıdır, lakin yuxarıda yazdığım kimi, mənə rəmzi göründü: torpaq məfhumu ilə xalq məfhumu arasında ən sıxı bir əlaqə var və hərgah sən bu gün öz milli mərasimini şnapsla icra edirsənsə, doğrudan da, torpağa yadsan. Hərgah sən ekzotikanı öz məişətinin bir hissəsinə çevirmisənsə, hərgah kosmopolitçilik sənin adət- ənənələrini gülünc bir vəziyyətə salıbsa və bununçun özün münbit bir şərait yaradırsansa, deməli, sən xalqın adından sui-istifadə edirsən.
     Mən yaxşı başa düşürəm ki, xalqın dilini, folklorunu, mədəniyyətini, tarixini, onun məxsusiliyini dərindən öyrənmədən adət-ənənələri barədə, icra etdikləri mərasimlər barədə fikir yürütmək, ümumiləşdirmələr aparmaq, hətta bununla kifayətlənməyib onları rədd etmək mümkün deyil. Lakin bütün bunlarla bərabər, elə xüsusiyyətlər, detallar var ki, onları bircə dəfə sezmək hər şeyin yalançı olduğunu başa düşmək üçün kifayətdir. Mən indi bu sətirləri yazarkən də tam əminəm ki, müstəmləkəçilərlə birlikdə Avropadan gəlmiş şnapsla icra edilən mərasimin ümumiyyətlə, Afrikaya, o cümlədən də qa xalqına dəxli yoxdur. Daha doğrusu, bu mərasim əsl xəlqi adət-ənənələrin eybəcərləşdirilməsi deməkdir.
     Afrikanı talan edən, oranı qul bazarına çevirən əli silahlı qəddar Avropa ilə barbar, tarixən həmişə (və bu gün də!) obıvatel mahiyyətli, seyrçi Avropa da olub. Seyrçi Avropa Afrikaya heyvanxana qəfəslərindəki heyvanlara, botanika bağlarındakı əcaib bitkilərə, sirk tamaşalarına baxan kimi baxıb və buna görə, həmişə də yerli əhalini ucuz ekzotikaya təhrik və sövq edib.
     Bu mənada seyrçi Avropa məhdud mənəviyyata, dünyagörüşünə və naqis bədii-estetik zövqə malik olduğuna görə ekzotikadan həzz alıb və bu ekzotikanı həqiqi Afrika kimi qəbul edib.
     Mən tam əminəm ki, II Amuqeyin icra etdiyi «milli» mərasimin əsas atributuna çevrilmiş şnapsı da həmin seyrçi Avropa gətirib belə bir mərtəbəyə çıxarmışdır. Ən acısı isə, öz Başçısına inanan sadə xalq bu gün eybəcərliyi, bu yalançı milliliyi görmək iqtidarında deyil...
     4 iyun günü Qanada indiki hərbi rejimin hakimiyyətə gəlməsinin ildönümü kimi bayram edilir. Biz də həmin bayram tən- tənələrində iştirak etdik və orada da ölkənin ən nüfuzlu Başçıları hökumətin (və xalqın!) qarşısında şər qüvvələri tilsimə salan həmin mərasimi icra etdilər və yenə də şnapsla...

2.


     Qanaya gəldiyimiz ilk günün axşamı sovet mədəniyyət mərkəzinin işçisi, azərbaycanlı Fikrət Hacıyevlə söhbət əsnasında məlum oldu ki, bizdən bir-iki həftə qabaq ümumittifaq televiziyasının «Heyvanlar aləmi»ndə verilişinin aparıcısı N.N. Drozdov Qanaya gəlibmiş. Fikrət dedi:
     -Drozdov xeyli qurbağa, kərtənkələ tapdı. Amma bir dənə də ilan tapa bilmədi. Ətrafdakı çölləri-düzləri nə qədər axtardısa da, bir şey çıxmadı...
     Əlbəttə, mən təəssüf etdim ki, N.N.Drozdov kimi öz işini sevən adam axtardığını tapa bilməyib, amma ilan adı eşidən kimi, bədənimə, necə deyərlər, bir vicvicə düşdü, çünki ta uşaq çağlarından - gözəl Şuşada böyürtkən yığmağa gedərkən daşların altından, qayaların arasından qəflətən başını qaldırıb buz kimi soyuq gözləri və haça dili ilə dünyaya meydan oxuyan ilanları gördüyüm vaxtlardan etibarən, onlarla aram yoxdur, düzünü desəm isə, ilandan çox qorxuram.
     İkinci günün axşamı isə sovet səfarətxanasının müşaviri Nikolay Anastasyev (bizim Nikolay Anastasyevlə təkcə adaş yox, həm də doğmaca əmioğludurlar) bizi evinə dəvət etdi və orada söhbət əsnasında ev sahibəsi Qalina Anatolyevna dedi ki, bir dəfə həyətdə ilan görüb və bizə məsləhət bildi, hətta tapşırdı ki, ehtiyatlı olaq, xüsusən, əyalətlərdə gəzərkən ayaqlarımızın altına baxaq.
     Hər iki Nikolay Anastasyev belə bir xəbərdarlığa rişxəndlə yanaşdılar, ilanlarla bağlı bir-iki lətifə danışdılar, ev sahibəsi gülə-gülə:
     -Neçə vaxtdı bu ölkədəyəm, həmişə də ora-bura gedirəm, amma arvadımdan fərqli olaraq, bir dəfə də olsun ilan görməmişəm!... - dedi və doğrusu, bu arxayınçılıq mənə də sirayət etdi, mən də ilan qorxusunu yadımdan çıxarıb lətifələrə güldüm, özüm də vasvasılığın sağlamlığa ziyanı barədə bir lətifə danışdım.
     Səhəri gün biz Atukvey Okay, Alpute Papu və sovet mədəniyyət mərkəzinin təzə əməkdaşı Slava Belova (cəmi bir həftə idi ki, Qanada işə başlamışdı) birlikdə məşhur Akasombo SES-ə baxmaq və ümumiyyətlə, o səfalı yerlərlə tanış olmaq üçün Volta çayına tərəf yola düşdük.
     Akasombo SES altmışıncı illərdə K. Nkrumanın şəxsi təşəbbüsü ilə tikilib (tikinti işlərini ABŞ aparıb) və doğrudan da, Afrikanın möhtəşəm qurğularından biridir. Burada yaradılmış göl dünyanın ən böyük süni göllərindəndir və ölkədə kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyəti var.
     Biz SES-i gəzdik, gölün Afrika səması altındakı unudulmaz görkəminə tamaşa etdik, vaxtilə Azərbaycanda olmuş və Göy- gölü görmüş Atukvey Okay bu yerlərin mənzərəsini Göygölün mənzərəsinə bənzətdi, sonra Afrikanın müxtəlif ölkələri boyunca 1600 kilometr uzanıb gedən və özü ilə hər tərəfə bərəkət aparan nəhəng Volta çayının sahilinə endik, nazik, uzun qayıqlarda balıq ovuna çıxmış kənd camaatı ilə görüşdük, hündür bir təpənin üstündə, tipik Afrika meşəliyinin içində Kvama Nkrumanın istirahət evinə (indi burada yeni rəhbərlər istirahət edirlər...) gedib tamaşa etdik və nəhayət, geri qayıtdıq.
     Nahar üçün Voltanın sahilindəki Akuse şəhərində dayandıq və müasir Avropa üslubunda tikilmiş modern bir motelə getdik. Sifarişimizi verib həyətə çıxdıq. N.Anastasyev, A. Okay və A. Papu irəlidə idi, mən isə S. Belovla birlikdə bir az arxadaydım.
     Həyətdə gözəl və səliqəli bir bağça salınmışdı. Mən palma ağacının altındakı kölgəlikdə dayandım, günortanın bürküsündə ürəyə bir sərinlik gətirən yaşıllığa, qəribə Afrika güllərinə tamaşa etməzdən əvvəl, necə oldusa birdən-birə sövq-təbii aşağı baxdım və bu zaman... düz ayağımın yanından (bircə santimetrliyindən!) bir ilan sivrilib sürətlə qabağa, S. Belova tərəf süründü. Mən qışqırdım:
     -İlan!
     N. Anastasyev gülümsəyib mənə tərəf baxdı, yəni ki, dünənki zarafatın davamıdır. Yaxşı ki, S. Belov həmin zarafatlardan xəbərsiz idi, üstünə gələn ilanı gördü və hoppandı. İlan onun ayaqlarının altından keçib otluğa girdi...
     S. Belovun dediyinə görə, bu ilana rusca «pyatminutka» deyirlər, sancsa beş dəqiqədən sonra bu gözəl dünya ilə vidalaşmalı olursan. A. Papu da bu ilanın zəhərinə əlac olmadığını təsdiq etdi.
     Atukvey Okay gülə-gülə, amma, eyni zamanda, aşkar hiss olunan bir fəxarətlə:
     -Afrikanın ilanları da dostu düşməndən seçirlər, dostu çalmırlar! - dedi və ən qəribəsi bu idi ki, o dəm mən də bu sözləri, az qala, ciddi qəbul etdim, elə bil, doğrudan da, o ilan bilirdi ki, mən uzaq Azərbaycandan bu ellərə xoş məramla gəlmişəm...
     Sonralar bu barədə söz düşəndə Atukvey Okay eyni sözləri təkrar edirdi, gülürdü, bir az sükut edib:
     -İnan mənə! - deyirdi.
     Akkra bəlkə də dünyanın milyon nəfər əhalisi olan yeganə şəhərdir ki, burada səhər tezdən yuxudan xoruz banına oyanırsan və bunun özündə də Afrikaya xas olan bir təbiilik, bir iddiasızlıq var. Burada şəhərlə təbiət arasında üzvi bir bağlılıq var və urbanizasiya Akkrada hələ ki, hakimi-mütləq deyil.
     Əlbəttə, bu ondan irəli gəlir ki, Qana inkişafda olan ölkədir. Sənaye, xüsusən, ağır sənaye hələ lazımınca irəliləməyib, əhalinin həyat səviyyəsi bütün qara Afrikada olduğu kimi, inkişaf etmiş (o cümlədən, Afrikanın hesabına inkişaf etmiş) ölkələrə nisbətən çox aşağıdır, lakin bütün bunlarla bərabər, mən hər səhər Afrikadakı o xoruz banında bir təmizlik, paklıq, mərhəmlik, atomlu, raketli, kompüterli mürəkkəb əsrimizdə sözün yaxşı mənasında bir ibtidailik hiss edirdim.
     Soruşsalar ki, Qana xalqının ilk dəqiqədən gözə çarpan əsas xüsusiyyəti hansıdır? - bu sualın cavabında mənim üçün heç bir tərəddüd yeri yoxdur: gülərüzlük, mülayimlik, qarşılıqlı hörmətcillik, nikbinlik.
     Bu xüsusiyyət Qana xalqının müstəmləkəçiliyin və quldarlığın acı sınağından çıxmış fəlakətli tarixi ilə təzad təşkil edir, çünki o məşəqqətli keçmişin dərdinə-sərinə qalsaydı, onda gərək hər bir qanalı (və ümumiyyətlə, hər bir afrikalı!) heç nə etməyəydi, elə oturub yalnız ağlamaqla məşğul olaydı, ürəyini boşaldaydı.
     İnsanlığın ən eybəcər sınaqlarından çıxmış bir xalqın bugünün özündə də yaşamaq şövqünü, gülərüzlüyünü, nikbinliyini hifz eləyib saxlaması, əlbəttə, ən böyük hörmətə layiqdir və o xalqın zəngin mənəviyyatından xəbər verir.
     Atukvey Okay deyir:
     -Bizim xalqımız yeməyə bilər, amma oxumaya, oynamaya bilməz.
     Atlantik okeanının sahilindəki Keyp-Kost şəhərində olarkən sadə, zəhmətkeş xalqın güzəranını gözümüzlə görmək üçün axşamüstü yaxın kəndlərdən birinə getdik. Bu kəndin içində bircə dəfə dolanmaq kifayət idi ki, kasıbçılığın, aclığın, qıtlığın burada necə at oynatdığını, hamilə qadınlardan tutmuş milçəklərin, həşəratın, çirkin-pasın arasında yemək axtaran uşaqlaracan, sümüklərinin üstündən ətsiz dəriləri sallanmış mırıq dişli qocalardan tutmuş şişqarınlı südəmər körpələrəcən, kənd camaatının başına nə müsibət açdığını əyani şəkildə görəsən.
     Amma ən qəribəsi və bəlkə də ən əlamətdarı odur ki, bu gün mən bu sətirləri yazarkən həmin kəndi daxili bir sevinc hissi ilə xatırlayıram və o xoş xatirələr bir ilıqlıq, hətta bir doğmalıq gətirir.
     Kəndin yuxarı başındakı meydanda əyninə cır-cındır geymiş bir dəstə uşaq, kimin nə musiqi aləti vardısa - köhnə turbadan tutmuş tamtamacan, cəmi bircə dənə simi qalmış gitaradan tutmuş bir-birinə döyəclənən adi taxtayacan - bir yerə yığışıb çalmağa başladı.
     Biz bu çalğıçılara yaxınlaşdıq və onların necə ürəklə, necə hərarətlə çalmaqlarına tamaşa etməyə başladıq.
     Əvvəlcə bir-neçə uşaq bizə fikir vermədən ortaya düşüb oynamağa başladı və bir azdan... artıq bütün kənd oynayırdı: uşaq da, cavan da, qoca da, kişi də, qadın da. İş o yerə çatdı ki, biz özümüz də ortaya düşüb oynayası olduq və bizim naşı oyunumuzdan kənd camaatı uğunub getdi, daha artıq bir şövqlə, ehtirasla oynamağa başladı.
     Mənə elə gəlirdi ki, bu, adi oynamaq, adi şənlənmə deyildi; elə bil, bu camaat bütün bədəni ilə, bütün daxili aləmi ilə oynadıqları bu oyunun vasitəsi ilə o səfalətdən, o aclıqdan intiqam alırdı. Başa düşürdüm ki, bax, bu məqamda mən o xalqın ürəyini duymağa başlayıram, elə bil, bu musiqi, bu oyun bizim ürəklərimiz arasında telepatik bir ünsiyyət yaratmışdı və mən hiss edirdim, duyurdum ki, o ac zəhmət adamının da faciəsini, onun atasının, babasının, ulularının da faciəsini indi daha yaxşı anlayıram.
     Gərək nə qədər musiqi duyğusuna, fitri istedada malik olasan ki, heç bir təhsil görmədən, heç bir hazırlıq aparmadan, köhnəlib əldən düşmüş alətlərdə (yəqin ki, bu uşaqlar o alətləri qonşu şəhərin - Keyp-Kostun zibilliklərindən tapmışdı, bu cür həmahəng, bu cür ehtiraslı çala biləsən və küllüklədə hər şeyi unudub bu cür gözəl oynamağı bacarasan.)
     Qana xalqı istedadlı xalqdır və məsələ yalnız onda deyil ki, bu xalqın zəngin folkloru, maraqlı müasir ədəbiyyatı, tarixində öz işıqlı şəxsiyyətləri var; mən daha artıq dərəcədə xalqın fitrətində hiss etdiyim istedadı nəzərdə tuturam.
     Kumasi şəhərində biz folklor konsertinə baxdıq və indi o konsert barədə düşünəndə, elə bil ki, milliyyətindən asılı olmayaraq bütün Qana xalqının özünüifadəsini yenidən hiss edirəm, o xalqın hisslər, həyəcanlar, istəklər dünyasına daxil oluram, çünki burada söhbət şnaps snobçuluğundan yox, həqiqi sənətdən gedir. Həqiqi sənət isə həmişə və həmişə dilində yarandığı, mənəvi aləmindən bəhrələndiyi, hiss-həyəcanları ilə nəfəs aldığı doğma xalqını ifadə etmişdir.
     Kumasi folklor kollektivi bizim anlayışlarla desək, özfəaliyyətdir, lakin onu dinlədikcə, ona tamaşa etdikcə, səhnə ilə tamaşaçı arasındakı şərtilik tamam aradan qalxır və sənə elə gəlir ki, kasıb geyinmiş, kasıb vəsaitli özfəaliyyət artistləri ilə yox, bilavasitə xalqın özü ilə ünsiyyətdəsən, xalqın dediklərinə qulaq asırsan, yəni bu sadə, bu iddiasız kollektiv yüksək bədii-estetik səviyyədə o işi görür ki, bunun üçün əslində gərək konservatoriya bitirəsən, elmi-nəzəri mülahizələrə əsaslanan xüsusi estetik məktəbə mənsub olasan və s. Lakin indiki halda hər şeyi fitri istedad əvəz edir...
     Mən Akkra yaxınlığında Leqon Universitetindəki görüşlərimizi xatırlayıram. Olkədəki üç universitetin ən nüfuzlusu Leqon Universitetidir və burada professor-müəllim kollektivi ilə, eləcə də tələbələrlə görüşlərimiz zamanı N.Anastasyev ingilis dilli ədəbiyyatlar haqqında, mən müasir sovet ədəbiyyatı və onun tarixi barədə mülahizələr oxuyurduq, suallara cavab verirdik və bu zaman mən dönə-dönə belə bir cəhətin şahidi olurdum ki, bütün universitet şəhərciyi öyrənmək, çox şeydən xəbərdar olmaq, çox şey bilmək ehtirası ilə yaşayır. Elmə, müasir informasiyaya bu dərəcədə maraq da, əlbəttə, xalqın o fitri istedadı ilə bağlıdır, bu ehtirası məhz həmin istedad yaradır.
     Akkra Jurnalistlər İnstitutunda (burada Afrikanın başqa ölkələrindən gəlmiş tələbələr də təhsil alır, müəllimlər təcrübə keçir), Kumasi İncəsənət İnstitutunda da, kolleclərdə də görüşlərimiz, söhbətlərimiz, sual-cavablarımız zamanı mən yenə də görüb-götürmək, elmi öyrənmək ehtirasının şahidi olurdum. Elə bil ki, xalqın balaları uzun-uzun yüzilliklər boyu məhrum olduqlarının əvəzini çıxmaq istəyir, vaxt məhdudluğu üzündən tələsir, hər bir sahəni ehtiva etməyə çalışır.
     Yadıma bir hadisə düşür. Bir dəfə mən Qananın yaxınlığında yerləşən Benin Respublikasının qeyri-rəsmi paytaxtı Kotonu şəhərinin təyyarə limanında çox qeyri-adi (yəni mənim üçün qeyri-adi) bir hadisənin şahidi oldum: ən iri reaktiv təyyarələrin enib-qalxdığı bu müasir təyyarə limanının meydançasında, beton döşəmənin kənarlarında irili-xırdalı müxtəlif kərtənkələlər ora- bura qaçışırdı, ağaclara, kol-kosa, divarlara dırmaşırdı, bir sözlə, kərtənkələlər adi həyatlarını yaşayırdı. Onlar nə enib-qalxan təyyarələrin nəhəngliyinə, sürətinə, nə qulaqbatıran səsə, nə maşınlara, nə də insanlara fikir verirdi, bu kərtənkələlər təyyarəyə də, maşınlara da, insanlara da öyrənmişdi və dediyim kimi, eləcə öz həyatlarını sürürdülər.
     Insan isə yalnız öyrəşməklə, alışmaqla yaşaya bilməz və yaşamamalıdır. Insan, deyək ki, kimlərinsə haradasa istehsal etdiyi maşınlara, aparatlara, məişət alətlərinə — XX əsrin müasir texnikasına, siyasi-iqtisadi qanunauyğunluqlarına və eyni zamanda ziddiyyətlərinə adicə olaraq öyrəşib, alışıb və yalnız beləcə bir öyrəşmə, alışma şəraitində rahat həyat sürə bilməz, çünki insan yalnız özü özlüyündə yaşamır, o öz xalqını yaşadır və həmin xalqın təəssübünü çəkmək üçün gələcəyini təmin etmək üçün, bir vətəndaş ehtirası və şövqü ilə müasir texnikanın istehsalında da, siyasi və iqtisadi-sosial azadlıq uğrundakı mübarizədə də bilavasitə iştirak etməlidir, yəni o seyrçi yox, iştirakçı olmalıdır.
     Istedad, öyrənmək və bu iki anlayışla üzvi bir vəhdətdə olan vətəndaşlıq — bu üç cəhətin dialektik bağlılığı, mənə elə gəlir ki, Qananın gələcək inkişaf perspektivlərini yaxşı işıqlandırır. Vətəndaşlığı mən Qanada mücərrəd bir anlayış kimi yox, iş görən, öyrənən, düşünən, mübarizə aparan, götür-qoy edən, çətinliklərə sinə gərən əyani bir qüvvə kimi gördüm və açığını deyim ki, bu, mənim Qana ilə, Qana xalqı ilə bağlı ən işıqlı təəssüratlarımdır.
     Çətinliklər isə, əlbəttə, mövcuddur: siyasi çətinliklər, iqtisadi çətinliklər, təbiətlə bağlı çətinliklər (aylarla yağış yağmır, yağanda da kəsmək bilmir)...
     Mən çətinlikləri xatırladım və qəribədir, bu sözün - «çətinlik» sözünün elə ancaq özü kifayətdir ki, mənfı emosiyalar baş qaldırsın, xoşlamadıqların, narahatlıqların, qəbul etmədiklərin bir-bir xatirəndə baş qaldırsın.
     Mən yalnız bir faktı - Qana səfəri zamanı mənə pis təsir etmiş bir hadisəni söyləmək istəyirəm (o təsirin təəssüflərlə dolu acısını hələ də hiss eləyirəm).
     Orta əsrlərin sonuna doğru quldarlığın geniş yayıldığı dövrdə qul əldə edib Avropaya və xüsusən, Amerikaya yola salmaq, insan alveri ilə məşğul olmaq üçün ingilislər, ispanlar, fransızlar, portəgizlər, isveçlər, hollandlar qara Afrikanın Atlantik okeanı sahillərində qalalar, qəsrlər tikmişdilər. Bu tikililərdə Avropa arxitekturasının inkişaf edib qazandığı bütün nailiyyətlər, Avropa elminin yaratdığı bütün imkanlar - insanın - qara insanın məhkumluğuna xidmət edirdi (bu təzad barədə fıkirləşəndə adam istər-istəməz gəlib Xirosimanın üstünə çıxır, müasir atomların, hidrogenlərin, raketlərin vahiməsini bütün sinirləri ilə duyur.). Bu möhtəşəm qalalar, qəsrlər alınmaz, toxunulmaz, qaçılmaz idi, onlar elə tikilmişdi ki, əlçatmaz, ünyetməz idi, çünki quldarlar, Elxanın (C.Cabbarlı) sözləri ilə desək, «qul alverçiləri, insan tacirləri», yalnız yerli əhalinin qəzəbindən çəkinmirdi (dövrün ən modem topları-tüfəngləri müqabilində oxlar və nizələr nə edə bilərdi?), daha artıq dərəcədə öz avropalı rəqiblərindən, öz quldur və qəddar həmkarlarından qorxurdu.
     Həmin məşhur (və müdhiş) qala-qəsrlərdən biri Qananın Keyp-Kost şəhərindədir və biz o qala-qəsri görmək üçün Keyp- Kosta yollandıq.
     Keyp-Kost əhalisinin sayı yüz mini adlamış iri liman şəhərlərindən biridir, ölkənin üçüncü universiteti, XIX əsrdən qalma orta məktəblərdə buradadır və eyni zamanda, kurort şəhəridir, okean sahillərində gözəl çimərlikləri, motelləri var. Lakin o şəhərin ən unudulmaz təəssüratı, həm də acı təəssüratı oradakı qala-qəsrlə bağlıdır.
     Biz qalanı gəzirdik, qullar (Qana xalqı!) saxlanılan pəncərəsiz, hətta nəfəsliksiz zirzəmilərə, bu zirzəmilərdən birbaşa gəmilərə aparıb çıxaran tunellərə düşürdük və elə bil ki, cəmi yüz əlli il bundan əvvələcən burada heyvan sürüsü kimi saxlanılan insanların iniltisini, əzab-əziyyətini, onlara verilən işgəncəni, başlarına gətirilən müsibəti yenidən gözlərimizlə görürdük. XVI əsrin əvvəllərində ingilislərin tikdiyi bu qəsrin yuxarı mərtəbələrində isə qəsr rəisinin geniş və işıqlı otağı, onun uşaqlarının (!), arvadının ayrıca otaqları, gözəl və zəngin qonaq zalları, keşikçiləri və köşkləri...
     Bunların hamısı indi muzeydir və biz o muzeyi - keçmişin o müdhiş abidəsini gəzə-gəzə qala divarlarının üst qatına çıxdıq. Burada toplar düzülmüşdü və o toplar haçansa qalın daş pəncəra - boşluqlardan atəş açırdı: silahsız xalqa və dənizdən qəsrə hücum etmək istəyən öz qəsbkar avropalı rəqiblərinə...
     Mən həmin qalın pəncərə-boşluqlardan baxırdım və yüz illərlə bundan əvvəl burada baxan keşikçiləri hiss etməyə çalışırdım. Qul üstündə rəqabət, yəqin ki, canavarların şikar üstündəki boğuşmalarına bənzəyir: o şikarı yemək üçün burun-buruna dayanmış, iri və iti dişlərini qıcımış canavarlar ölüm-dirim mübarizəsinə hazırlaşır...
     Hətta bu bənzəyişin özündə də üstünlük canavarın tərəfindədir, çünki canavar özü yaşamaq üçün, yəni sırf cismani mənada yer üzündə qala bilməkdən ötrü o şikarı yeməlidir.
     Mən qala divarlarının üst qatı ilə beləcə addımlayıram və birdən qarşımı kəsirlər:
     -Olmaz!
     Əyninə adi nimdaş paltar geymiş bir zəncidir, amma dünyanın xəfiyyəçiləri irqindən, cinsindən, geyim-gecimindən asılı olmayaraq necə də bir-birlərinə bənzəyirlər!..
     -Hara olmaz? - soruşuram.
     -Burdan o tərəfə keçmək olmaz!
     -Nə üçün?
     -Olmaz!
     -O tərəf bəyəm bu qalanın ardı deyil? - soruşuram.
     -Ikinci hissədir.
     -Bəs nə üçün o tərəfi, ikinci hissəni gəzmək olmaz?
     -Ora həbsxanadır.
     –Nədir?
     -Həbsxana!
     Mən qulaqlarıma inanmıram, bir də soruşuram və eyni cavab alıram:
     -Həbsxana!
     Orta əsrlər Avropa quldarlığının tikdiyi bu qəsr-qalanın yalnız bir hissəsi muzeydir, ikinci hissəsi isə Qanada müasir həbsxanadır...
     Mən eşitdiyimə yenə inanmaq istəmirəm, «ikinci hissəyə» tərəf boylanıram və orada saxlanılan dustaqları gözlərimlə görürəm.
     Əlbəttə, başa düşürəm, hər bir ölkədə cinayətkar var və cinayətkarı da cəmiyyətdən təcrid etmək lazımdır, lakin... gördüyümün acısı hələ də ürəyimdədir...
     Vaxtilə quldarlıq üçün tikilmiş bu qala-qəsrin bir hissəsi bu gün müstəqil Qanada həbsxanaya çevrilib. O acının, o təəssüf hissinin doğurduğu bədbinliyi indinin özündə də hərdən duyuram...
     Keyp-Kost qəsr-qalasında rastlaşdığım bu hadisəni «çətinlik» sözü mənim xatirimə saldı, lakin indi başqa bir xatirənin isti, mehriban nəfəsi elə bil ki, bir hərarət gətirir.
     Rəsmi 4 iyun təntənəsində bizi fəxri qonaqlar üçün ayrılmış tribunaya dəvət etmişdilər. Akkradakı səfırliklərin nümayəndələri, Başçılar, nazirlər, yüksək rütbəli hərbçilərlə tribunada əyləşmişdik və biz hamımız meydandakı hərbi mərasimə tamaşa edirdik. Bu vaxt mən hardansa pıç-pıçı, hənirti eşitdim və təəccüblə ətrafıma baxdım: ətrafdakılar da təəccüblə bir-birlərinə baxırdılar. Nəhayət, məlum oldu ki, bizim əyləşdiyimiz bir neçə mərtəbəli tribunanın altına uşaqlar doluşub və bu bayram təntənəsində iştirak etmək üçün heç bir buraxılışları olmadığına görə, tribunanın altından gizlin-gizlin meydana baxırlar.
     Əllərində hazır avtomat tutmuş kiçik rütbəli hərbi keşikçilər də uşaqları gördü və acıqlana-acıqlana onları tribunanın altından çıxarmağa çalışdı. Hərbçilər uşaqlara açıq-aydın bir mehribanlıqla acıqlanırdılar və mən hiss edirdim ki, onlar uşaqların bu bicliyinə gülməkdən özlərini güclə saxlayırdılar.
     Doğrusu, mənim ürəyimdə o kiçik rütbəli, hərgah belə demək olarsa, o sadə hərbçilərə bir minnətdarlıq hissi yarandı, fikirləşdim ki, əlbəttə, belə də olmalıdır, çünki əlinə keçəni əyninə geymiş, toza-torpağa bulaşmış o uşaqlar Qananın, bütün Afrikanın gələcəyidir.
     Və mən çox istərdim ki, onlar böyüyəndə hərbçi (hətta beləcə kiçik rütbəli ürəyiyumşaq hərbçi də!) yox, fəhlə-vətəndaş olsunlar, xalqlarının fitri istedadını tam şəkildə, həm də əsl vətəndaş kimi ifadə edə bilsinlər, o müdhiş qala-qəsrlər yalnız və yalnız muzeylərə çevrilsin, hissələrə ayrılmasın və o uşaqlar gələcəkdə Qananın işığını bütün Afrikanın üzərinə saçsın və Afrika da gülsün, o təbbəssümün hərarəti ürəklərə yayılsın, zülmət keçmişin buxovları axırıncı həlqəsinə, sonuncu düyününə kimi qırılıb, əriyib yox olsun.

3.


     Müasir Qana ədəbiyyatı ingilis dilli ədəbiyyatdır və onun tarixi XIX əsrin sonlarından başlayır. Düzdür, bu gün Qanada milli dillərdə də yazmaq təşəbbüsü özünü göstərir, lakin ölkənin K.Doudu, R.Armattu, Kobena Evi Akva, K.Arma, E.Saterlend, C.De Qraft, A.Papu, S.Aşonq-Katay və b. kimi aparıcı nasir, şair və dramaturqları yalnız ingilis dilində yazırlar.
     Atukvey Okay müasir Qananın ən görkəmli şairlərindən biridir və onunla birlikdə ölkəni gəzdikcə mən Okayın tələbələr, ziyalılar arasında çox tanınmış olduğunu görürdüm. Qanada belə bir məşhurluq çox şey deməkdir, çünki ölkədə iqtisadi çətinliklər ucbatından çap olunmaq, kitab nəşr etdirmək nadir hadisədir. Televiziya isə gündə iki saat ancaq ölkənin siyasi həyatı ilə bağlı verilişlər və xarici xəbərlər verir. A.Okayın poeziyasının sorağı hətta uzaq əyalətlərin belə kolleclərinə gedib çatıbsa, bu, həmin poeziyanın ürəklərə yol tapmasından xəbər verir.
     Atukvey Okay altmışıncı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu, sonra İngiltərədə Kembric Universitetini bitirib, hazırda London Kral İncəsənət Cəmiyyətinin üzvü, «Lotos» mükafatı laureatı, Qana Yazıçılar Sintikatının sədri, yalnız Qanada deyil, bütün Qərbi Afrikada ən qədim və nüfuzlu universitet sayılan Leqon Universitetinin professorudur, ədəbiyyat nəzəriyyəsindən dərs deyir, eləcə də rus və sovet ədəbiyyatından mühazirələr oxuyur. A.Okay ölkənin tanınmış ictimai xadimi, Asiya-Afrika yazıçılar hərəkatının fəal iştirakçılarından biridir.
     Biz Vinneba şəhərində, okeanın sahilində, palma ağaclarının kölgəliyində oturub buz kimi soyuq ananas şirəsi içə-içə «Literaturnaya qazeta»nın xahişi ilə dialoq keçiririk. A.Okay rus dilini mükəmməl bilir və dialoq bu dildə aparılır.
     Hava istidir, amma okean da dalğalıdır və o iri dalğalar sahilə çırpıldıqca, dünyanın böyüklüyündən, daimiliyindən xəbər verir...
     Mövzu da əbədi bir mövzudur: xalq və ədəbiyyat.
     M ə n . Biz hamımız səni Con Okay kimi tanıyırdıq və məlumat kitablarında da adın Con idi, şerlərin də bu imza ilə çap olunurdu. İndi sənin imzan dəyişib. Con yox, Atukvey Okay olub. Belə bir dəyişmənin rəmzi mənası varmı və mən bilmək istəyirəm, hərgah varsa, bu rəmz ancaq rəmz olaraq qalmır ki?
     Atukvey Okay (gülümsəyir). Bax, beləcə birbaşa mətləbə keçməyə varam... (Ciddiləşir). Verdiyin sual çox ciddidir və mənim üçün çox da mənalıdır, prinsipial əhəmiyyət daşıyır. Mənim əsl adım Con Atukvey Okaydır. Con, bildiyin kimi, Avropadan gəlib, Atukvey isə bizim milli addır. Bizdə adlar, əsasən, ailələrdə uşaqların sayına görə verilir. Atukveyin mənası belədir: Okay ailəsinin ilk oğlu. Buna görə Con adından sonra bu adı da mənim pasportuma yazıblar.
     Düz deyirsən, mənim imzam Con Okay idi, hətta indinin özündə də başqa ölkələrdəki bir çox dost məni Con kimi tanıyır. Lakin günlərin bir günündə nəinki başa düşdüm, inandırıram səni, bütün qanımla, canımla hiss etdim ki, məni bir fəryad kimi, bir adam kimi, Con da çağıra bilərlər, Cozef də, Ernest də, Uilyam də, Mark da, lakin mən hərgah əlimə qələm alıb yazıramsa, hərgah mən, doğrudan da, Qana şairi, Afrika şairiyəmsə, bu şair heç cürə Con ola bilməz. Mənim Con adına da, sadə, zəhmətkeş ingilis xalqına da, böyük ingilis mədəniyyətinə də hörmətim, məhəbbətim var. Lakin mənim öz xalqım var, həm də yalnız mənsub olduğum qa xalqını nəzərdə tutmuram, bütün Qana xalqını, əslində isə bütün Afrika xalqını nəzərdə tuturam. Buna görə də mən şerlərimi Atukvey Okay imzası ilə imzalayıram. Çünki o şerlər yaxşıdırsa da, pisdrsə də Atukvey Okayın şerləridir. O şerləri Con yox, Atukvey yazmışdır. Hər halda, mən çox istəyirəm ki, belə olsun. Bu fikirlər çox sadəlövh səslənmir ki?
     Mən. Məncə yox... Hər halda, mən səni başa düşürəm. Söhbət xalqın hiss-həyəcanlarını, arzu-istəklərin, dərdini və sevincini ifadə edən, xalqın faciəsini görən, göstərən və onun işıqlı gələcəyi naminə yazıb-yaradan sənətkarın həmin xalqla bağlılığından gedir. Həmin xalqa mərhəmliyindən, həmin xalqın adından danışmaq üçün mənəvi haqqından gedir. Əslinə baxsan, sənətkar üçün bu məsələ coğrafi və milli sərhədlər tanımır. Milliyyətindən asılı olmayaraq, xalqının kiçikliyindən- böyüklüyündən, tarixindən asılı olmayaraq, yazıçı - əlbəttə, söhbət konyukturçudan kütləvi məmulat istehsalçısından yox, əsl yazıçıdan gedir, - öz xalqının ifadəçisidir.
     Yeri düşmüşkən, adla bağlı bir məsələnin üzərində dayanmaq istəyirəm. Ad insanı doğma xalqına bağlayan ən adi bir göstəricidir, lakin bu «adi»likdə, eyni zamanda, mühüm milli mahiyyət var. Tnsan adlarmm tarixi, əslində, insanın təmsil etdiyi xalqm tarixidir. Xalqın özünəməxsusluğu, zövqü, psixolojisi şəxs adlarında özünün dialektik ifadəsini tapıb, çünki onun məxsusi, spesifik təfəkkür tərzinin, tarixinin, arzularmm yetirməsidir. Milli adı sevmək, onu qoruyub saxlamaq, onun milli dilini imkanlarmdan istifadə yolu ilə təbii şəkildə inkişaf etdirmək, zənginləşdirmək - xalqa bağlılığın nümunəsidir.
     M.Ə.Sabir yazırdı:
     Tacirlərimiz Sonyalara bənd olacaqmış - Bədbəxt Tükəzbanları neylərdin, Ilahi?!
     Burada «bədbəxt Tükəzban» yalnız konkret bir bədii surətin - azərbaycanlı qadının adı deyildi, hətta bütün «bədbəxt tükəzbanlar»ın da ümumiləşdirilmiş adı deyildi, əslində, xalqm obrazı idi.
     Şəxs adlarmm mahiyyəti yalnız linqivistik, estetik, tarixi, psixoloji məna daşımır, həm də çox ciddi sosioloji mənaya malikdir. Düz səksən bir il bundan əvvəl, 1905-ci ildə Ömər Faiq Nemanzadə «Eşq və məhəbbət» adlı publisistikasmda bu məşhur sözləri yazırdı: «Nədən gözəl, dadlı dilimizi bəyənmirik?... Məmmədləri Mişa, Tsgəndərləri Saşa, Kərimləri Kiruş, Gülsümləri Gülya, Leylaları Lyalyalara çevirməkdən utanaq. Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək...» (Əsərləri, Bakı, 1983, səh.92).
     Mən tez-tez fikirləşirəm: hərgah mənim nənəmin adı deyək ki, Tükəzban, yaxud Fatmanisə olubsa, bu gün mən nə üçün öz qızıma, yaxud nəvəmə həmin adı verməkdən utanmalıyam və Fatmanisə, Tükəzban nə üçün bizim fikrimizdə geriliyin, avamlığm sinoniminə çevrilməlidir?
     Biz Fatma, Tükəzban adlarından utanırıqsa, deməli, xalqımızdan utanırıq və ona heç lazım da deyilik...
     Bu baxımdan dilçi H.Əliyevin «Ədəbiyyat və incəsənət» qəzetində çap olunmuş (1 avqust 1986) məqaləsində verdiyi bu sual çox ciddi mahiyyətlidir və elə bilirəm ki, bizim həyatımızı dərindən düşündürməlidir. Müəllif soruşur: «Cəlil Məmmədquluzadənin, Əbdürrəhimbəyin, Hacıbababəyovun və başqaları kimi çoxlu görkəmli şəxsiyyətlərin nəvə-nəticələri öz balalarına ulu babalarının (Məmmədqulu, Əbdürrəhim, Hacıbaba və s.) adını vermək istərsə, bu istəyin nəyi pisdir və nə üçün pisdir?»
     Lakin biz yenə də Atukvey Okay ilə dialoqumuza qayıdaq.
     Atukvey Okay. Təəssüf ki, dediyin kimi, xalqı ifadə etmək üçün, həmin xalqların sənətkarlarının imkanı eyni deyil. Ozü də yalnız iqtisadi imkanlar yox...
     M ə n . Səninlə şərikəm. Geniş xalq kütləsinin savadsızlığı, yazılı ədəbiyyat ənənələrinin gəncliyi xalqın ümumi dünyagörüşü və s. Lakin mənə elə gəlir ki, bu problemlərin içində ən başlıcalarından biri, bəlkə də birincisi dil problemidir. Səninlə açıq danışmaq istəyirəm...

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.08.2014) | Müəllif: R.C E W
Baxış: 666 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more