Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Uman yerdən küsərlər (Məqalə)
UMAN YERDƏN KÜSƏRLƏR
(Son beş ilin tənqidinə bir nəzər)
1.


     Tənqid yaradıcılığın, olsun ki, daha artıq dərəcədə obyektiv məzmun tələb edən növüdür: ən yaxşı tənqid nümunəsi fərdi qiymət və fərdi bədii estetik zövq, fərdi ideya mövqeyi çərçivələrini dağıtmalı və ictimai fikir səviyyəsinə qalxmalıdır və məhz belə bir ictimai fikir ədəbi prosesə ən intensiv şəkildə müdaxilə etməlidir.
     Biz bu qeydləri yazmağa hazırlaşarkən, məşhur alman yazıçısı Frans Fümanın ADR yazıçılarının VII qurultayında tənqid barədə söylədiyi məruzə ilə tanış olduq. Məruzə vaxtilə «Voprosı literaturı» jurnalında çap olunmuşdu və «Azərbaycan» jurnalı da həmin məruzəni Azərbaycan dilində çap etmişdir. F.Füman da məruzəsində tənqidin ictimai rəy, ictimai fikir olduğunu xüsusi qeyd edərək, bizcə metodoloji baxımdan düzgün bir meyar müəyyənləşdirir: «Bu ictimai rəy və fikir (yəni ədəbi tənqid.) bütövlükdə ya sənətin inkişafına xidmət edir, ya da bu inkişafa əngəl törədir».
     Ədəbi tənqidin effektliliyi üçün müəyyənləşdirilmiş bu meyarın, bizcə, yalnız bir düzəlişə ehtiyacı var: tənqid o zaman ictimai fikrə çevrilir ki, sənətin inkişafına xidmət edəcək bir iqtidara malikdir.
     Hərgah ədəbi tənqid sənətin inkişafına əngəl törədirsə, deməli, o, sözün geniş mənasında ictimai fikrə çevriləcək iqtidarda deyil, olsa-olsa, belə bir dona bürünmək istəyir, ictimai həyatın aktual müddəalarından demaqoqcasına istifadə edir, lakin onun mahiyyətindən kənarda dayanır.
     Son illərin Azərbaycan ədəbi tənqidinə yuxarıda göstərdiyimiz iqtidar baxımından nəzər salsaq, bu tənqidin ikili xarakteri aşkar olar. Belə ki, biz bir tərəfdən yüksək elmi-nəzəri səviyyəli ayrı-ayrı məqalələrə, tənqid faktlarına rast gəlirik və bu məqalələr, müzakirə və elmi mübahisələr məhz ictimai rəy və fikir səviyyəsinə yüksələ bildiyi üçün, yəni belə bir iqtidarda olduğu üçün, ədəbiyyatımızın və ictimai fikrimizin inkişafı və zənginləşməsi naminə az iş görməmişdir. Digər tərəfdən isə, biz, təəssüf ki, tənqid təsərrüfatımızda çoxluq təşkil edən dayaz, bəsit və sönük tənqid yazıları ilə rastlaşırıq ki, onlar fərdi qiymət və bədii- estetik zövq səviyyəsindən yuxarı qalxa bilmir və çox zaman bu fərdi özünüifadələr, hətta fərdi özünütəsdiq dərəcəsinə belə gəlib çatmır və biz, əslində, səriştəsiz, dayaz, mübaliğəli, bəzən kökündən yanlış və metodoloji baxımdan ziyanlı mülahizə və münasibətlərin şahidi oluruq.
     Son illər ərzində Azərbaycan ədəbi tənqidindəki fərəhli cə- hətlərdən biri tənqid kitablarının çapı ilə bağlıdır. F.Köçərlinin «Azərbaycan ədəbiyyatı»nın birinci cildinin, A.Şaiqin «Əsərləri»nin, əsasən, məqalələrdən ibarət dördüncü cildinin, M.Hüseynin «Əsərləri»nin 9-cu və 10-cu cildlərinin, S.Vurğunun Moskvada rus dilində çap olunmuş «Seçilmiş əsərləri»nin 3-cü cildinin, Ə.Nazimin «Seçilmiş əsərləri»nin, M.Arifin «Sənətkar qocalmır», C.Xəndanın «Ədəbiyyatımızın dünəni və bu günü», M.Cəfərin «Həmişə bizimlə», K.Talıbzadənin «Sənətkarın şəxsiyyəti», Ə.Mirəhmədovun «Yazı - talelər, əsərlər», A.Zamanovun «Əməl dostları», Ə.Ağayevin «Əsrin tərənnümü», H.Orucəlinin «Həyati axtarışlar, bədii tapıntılar», M.Əlioğlunun «Amal və sənət», Ə.Hüseynovun «Sənət yanğısı», B.Nəbiyevin «Təzə izlər sorağında», Q.Xəlilovun «İdrak və həyat», Y.Qarayevin «Poeziya və nəsr», T.Mütəllimovun «Sənət qayğıları», X.Əlimirzəyevin «Ədəbi qeydlər» və bir çox digər məqalələr toplusunun, eləcə də S.Əsədullayevin, P.Xəlilovun, Y.Seyidovun, X.Əliyevin, Ç.Hüseynovun, H.Babayevin, Ş.Salmanovun, A.Hüseynovun, C.Abdullayevin, A.Səfiyevin, H.Quliyevin, Z.Qiyasbəylinin və başqa müəlliflərin Azərbaycan sovet ədəbiyyatının problemlərinə, cari ədəbi prosesə həsr olunmuş monoqrafiyalarının çap edilməsi tənqid kitablarının nəşri kimi mühüm bir məsələyə diqqətin xeyli artdığını göstərir. Bu kitabların ən yaxşılarının oxuculara, mütəxəssislərə çatdırılması yalnız ədəbi tənqidimiz üçün deyil, ümumiyyətlə, ictimai fikrimizin inkişafı üçün xeyirli hadisələrdir. Hərgah biz buraya bir sıra müəlliflərimizin ötən dövr ərzində qəzet və jurnallarda çap olunmuş ağıllı, elmi məqalələrini də əlavə etsək, belə bir təsəvvür yaranır ki, bizdə tənqid bir küll halında yaxşı səviyyədədir və gələcəkdə də bu cür davam etdirmək lazımdır. Lakin təəssüf ki, belə deyil.
     Həmin təsəvvür Azərbaycan ədəbi tənqidinin bir küll halında deyil, birtərəfli ifadəsinin, təsirinin nəticəsində yaranmış olardı...
     Bizdə tənqid çox yazılır, hətta deyərdik ki, həddindən artıq yazılır və çox da çap olunur. Hələ bilavasitə ədəbiyyatla bağlı çap orqanlarını demirik, digər mətbuatda da vaxtaşırı məqalələrə, yeni kitablar haqqında resenziyalara rast gəlirik. Bu, əlbəttə, bir tərəfdən yaxşıdır; bu, o deməkdir ki, mətbuatımız yeni kitabları izləməyə, onları geniş oxucu kütləsi arasında təbliğ eləməyə çalışır, günün cari və mühüm təsərrüfat problemləri iqtisadi, siyasi və digər problemləri ilə bərabər, bədii ədəbiyyatdan da sərf-nəzər eləmir. Lakin ikinci tərəfdən, belə bir məqalə və xüsusən, resenziyalar pisdir, çünki burada kəmiyyət tamamilə keyfiyyətin hesabınadır. Bu məsələlər çox zaman ümumi və məlum həqiqətlərin təkrarından, ünvansız narazılıqdan, resenziyalar isə çox dayaz, həm də şit və son dərəcə bayağı təriflərdən ibarətdir. «Ədəbiyyat və incəsənət» qəzetinin gülüş səhifəsində yaxşı bir rubrika var: «tənqid və biblioqrafiya» əvəzinə, «tənqid və bülbüloqrafiya». Təəssüf ki, biz respublika mətbuatında çox zaman «tənqid və biblioqrafiya» nümunəsi yox, məhz «tənqid və bülbüloqrafiya» nümunəsi olan resenziyalarla rastlaşırıq.
     Bu sönük məqalələri və «bülbüloqrafiya» nümunələrini oxuyan səriştəsiz adama belə görünə bilər ki, bizim bütün roman və povestlərimiz, poeziyamız, dramaturgiyamız yalnız və yalnız gözəl əsərlərdən ibarətdir. Əlbəttə, belə olsaydı çox yaxşı olardı, amma təəssüf ki, hələ belə deyil; bizdə zəif roman və povestlər də yazılır və çap olunur, zəif əsərlər də tamaşaya qoyulur, şerlər də mətbuat üzü görür. Lakin bir küll halında tənqid bunları görmür, əslində isə özünü görməzliyə vurur.
     Əlbəttə, biz belə bir ifrat fikirdən çox uzağıq ki, yeni, uğurlu əsərləri tərifləmək lazım deyil. Yüksək bədii səviyyəli əsərlər, təbii ki, öz qiymətini almalıdır. Lakin həmin yüksək bədii səviyyəli əsərlər «bülbüloqrafiya» istilahları ilə deyil, yüksək elmi-nəzəri səviyyəli müsbət qiymətlərini almalıdırlar.
     Son illərdə Azərbaycan ədəbiyyatında müxtəlif janrlarda prinsipial uğurlar əldə edilmişdir, lakin təəssüflə burasını qeyd etməliyik ki, ədəbi tənqid istedadla yaradılmış bu əsərləri bir küll halında eyni istedadla da təhlil və şərh edə bilməmişdir.
     Lakin biz yenə başladığımız söhbətə qayıdaq. Son vaxtlar həm də yalnız respublika mətbuatında deyil, ümumittifaq mətbuatında da «şer axını»ndan, «hekayə axını»ndan şikayətlənirik və haqqımız da var, amma nədən «sönük məqalələr və resenziyalar axını»ndan sərf-nəzər edirik. Halbuki, biz buna tamamilə əminik!
-belə bir fakt ədəbiyyatımızın inkişafına maneçilik törədən kiçik ədəbi bəla deyil.
     Bizdə resenziyaların müxtəlif «janrları» əmələ gəlib ki, bunların da arasında, necə deyərlər, «təsviri resenziyaçılıq» aparıcı mövqe əldə edib. «Təsviri resenziyaçılıq» dedikdə biz bəhs etdikləri əsərlərin adicə olaraq məzmununu danışan yazıları nəzərdə tuturuq və burasını da qeyd etmək istəyirik ki, hətta ayrı-ayrı məqalələr belə, məhz müxtəlif əsərlər haqqında «təsviri resenziyalar» toplusunu xatırladır.
     Bu məqalələr və resenziyalar axınını diqqətlə nəzərdən keçirərkən biz bir maraqlı faktla da rastlaşırıq. Həmin yazıları saysız- hesabsız müəlliflər dəstəsi yazmışdır. Biz ərinmədik və biblioqrafik hesablama apardıq: məlum oldu ki, son beş ildə mərkəzi respublika mətbuatında 1000 (minl)-dən artıq müəllifin resenziyası çap olunmuşdur. Müqayisə üçün deyim ki, Azərbaycan Yazıçılar İttifaqınm 345 üzvü var və bunların böyük əksəriyyəti əsər yazmır. Bəs bu mindən artıq müəllif kollektivi kimlərdən ibarətdir? Şerləri çap olunmayan məhəlli şairlər, hekayə, povest və romanları zəif olduğu üçün rədd edilən yazıçılar, qəribə dramaturqlar, şagirdlər, tələbələr, müəllimlər, həkimlər, mühəndislər, digər ədəbiyyat həvəskarları, dostlar, tanışlar...
     Əlbəttə, oxucu rəyini bilmək maraqlı və əhəmiyyətlidir. Yeri gəlmişkən deyək ki, bizdə oxucu rəyini öyrənmək üçün sorğular təşkil olunmur, oxucu rəyi öyrənilmir və yaxud da çox pis öyrənilir. Əks-təqdirdə kağız qıtlığı çəkdiyimiz və nəşriyyat-poliqrafiya imkanlarımız məhdud olduğu bir zamanda illərlə dükanlarda tozlanıb qalan qalaq-qalaq kitablarımız çap olunmazdı. Lakin biz mövzumuzdan uzaqlaşmayaq. Oxucu rəyini bilmək o vaxta qədər maraqlı və əhəmiyyətlidir ki, bu rəy ədəbi tənqidi əvəz etməsin. Oxucu rəyinin ədəbi tənqidi əvəz etməsi faktı yalnız məyusluq doğurur və ədəbiyyatımızın gələcək sinxron inkişafı ilə əlaqədar narahatlıq yaradır.
     Ədəbi tənqidlə professional tənqidçilər məşğul olmalıdır. Lakin bu gün bizim məhz professional tənqidçilərimiz tənqidlə - günün cari bədii təsərrüfatı ilə ardıcıl və prinsipial surətdə məşğul olmur. Bu gün professional tənqidçilərimiz daha artıq dərəcədə sırf ədəbiyyatşünaslıq elmi ilə məşğuldurlar. Bəziləri isə romanlar yazır...
     Məlumdur ki, V.Belinski də cavanlıqda şerlər yazmışdır, lakin biz bu gün Belinskini həmin şerlərə görə tanımırıq. Bir anlıq təsəvvür edək ki, Belinski məqalə yazmağı bir kənara atıb, orta səviyyəli şer və poemalar yazmaqla məşğul olaydı. O zaman XIX əsr böyük rus ədəbiyyatı tarixinin zənginliyinə nə qədər xələl toxunardı.
     Əlbəttə, biz özü bədii əsərlər yazmağa başlamış tənqidçimizi təəssüf ki, Belinski hesab etmirik, lakin elə bilirik ki, tənqidçi öz məqalələrinin keyfiyyəti üzərində işləsə daha artıq qazanmış olarıq, nəinki bu tənqidçinin zəif bədii əsərlər yazması ilə əldə edirik.
     Burasını da qeyd etmək istəyirik ki, «sönük məqalələr və resenziyalar axını»nda yubiley məqalələri xüsusi yer tutur və bu zaman bir sıra hallarda bədii meyarlar aşağı düşür, yaxşı ilə yamanın fərqi itir.
     Son zamanlar Azərbaycan ədəbiyyatı klassiklərinin yubileyləri ümumxalq bayramlarına çevrilir və belə bir fərəhli cəhət tənqidçilərimizin məsuliyyət hissini nəinki azaltmamalı, əksinə, qat-qat artırmalıdır. Azərbaycan ədəbiyyatının, eləcə də digər ədəbiyyatların böyük nümayəndələrinə həsr olunmuş qiymətli əsərlər az deyil, lakin, eyni zamanda, bizdə pis «yubiley tənqidi»nin nümunələri də az deyil. Biz pis mənada «yubiley tənqidi» deyərkən iki əsas naqis cəhəti nəzərdə tuturuq ki, bunlardan, hətta böyük klassiklərə həsr olunmuş məqalələrin belə aşağı səviyyədə olması, təsadüfi, səriştəsiz, çox zaman namizədlik dissertasiyası müdafiə etmək istəyən və buna görə də məqalə çap elətdirmək məcburiyyətində olan müəlliflər tərəfindən yazılması, ikincisi isə, müasir yazıçılarımıza həsr olunmuş məqalələrdəki qeyri-səmimilik, ölçü hissinin itirilməsi, həqiqətə uyğun olmayan şişirdilmiş qiymətlərin verilməsidir.
     Yaşar Qarayev hesablayıb ki, təkcə 1976-cı ildə «Azərbaycan» jurnalı 25 yubiley məqaləsi çap edib və tənqidçi bu fakta münasibətini bir nida işarəsi ilə bildirir. Bizim təxmini hesabımıza görə isə ötən beş ildə respublika mətbuatında «yubiley tənqidi»nin 800-dən (!) artıq nümunəsi çap olunmuşdur və belə bir hal ona görə bizi narahat edir ki, bəzən yubiley məqaləsini oxuyub heyrətlənirik: biz ki, saysız-hesabsız canlı «klassiklər»in əhatəsində yaşayırmışıq!..
     Bizim aktiv və səriştəli tənqidçilərimizdən Y.Qarayev və Ş.Salmanov müştərək yazdıqları bir məqalədə belə bir maraqlı mülahizə irəli sürürlər: «Bugünkü ədəbiyyatşünaslıqda özünü gös- tərən bir xüsusiyyət - çılpaq, empirik bir faktşünaslıqdan, mənbəşünaslıqdan və arxivşünaslıqdan insanşünaslığa, cəmiyyətşünaslığa hərəkət müşahidə edilir». Və biz görürük ki, doğrudan da belədir. Məmməd Cəfərin, H. Araslının, Ə.Mirəhmədovun, K.Talıbzadənin, A.Zamanovun və bir sıra başqa alimlərimizin, ədəbiyyat xadimlərimizin ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyəti özünün ən yaxşı bəhrələrində, nəticələrində məhz insanşünaslıq və cəmiyyətşünaslıq sahəsindəki fəaliyyət yüksəkliyinə ucalır və yaxşı cəhətdir ki, son illərdə yalnız akademiyanın, universitetin elmi nəşrləri, yalnız elmi kitablar deyil, dövri mətbuatımız da belə bir yüksəliş prosesini əks etdirir. Misal üçün, M.İbrahimovun «Xaqaninin həyatı və estetik idealı», Məmməd Cəfərin «Nizaminin fikir dünyası», yaxud Anarın «Anlamaq dərdi» kimi əsərləri yalnız Xaqaninin, Nizaminin, C.Məmmədquluzadənin yaradıcılığını yüksək elmi-nəzəri səviyyədə öyrənmək və öyrətmək baxımından deyil, problematikanın ümum- bəşəri mahiyyəti və vüsəti ilə, yalnız bəhs olunan bədii təsərrüfatın nəzəri təsnifatı ilə deyil, bu material əsasında, ümumiyyətlə, həyat, yaşayış barədə düşüncələr, fikirlər və münasibətlər ilə diq qətəlayiqdir. Bəzən adicə quru faktların özü də işgüzarlığın, vətəndaşlığın və məqsəd aliliyinin nəticəsində «faktşünaslıq, mənbəşünaslıq və arxivşünaslıq nümunəsi olmayıb, «insanşünaslıq və cəmiyyətşünaslıq» nümunəsinə çevrilə bilir. Mən bu sözləri yazarkən ilk növbədə qocaman ədibimiz Q.Məmmədlinin qiymətli salnamələrini nəzərdə tuturam.
     Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu cəhət tənqidimizdə özünü çox az göstərir; yalnız ayrı-ayrı istisnalara təsadüf edirik.
     Tənqidimizdə çox zaman fikir genişliyi, elmi-nəzəri təfəkkür vüsəti, yaradıcılıq psixologiyasının dərinliklərinə varmaq bacarığı çatışmır, tənqidimiz bəhs etdiyi bədii predmetin, dövrün, psixologiyanın fəlsəfəsini açmaqda çətinlik çəkir. Tənqid özü az düşünür, daha çox bədii düşüncələri təsvir və təsbit edir, çox zaman isə buna heç cəhd də göstərmir.
     Bizdə ayrı-ayrı əsərlərin yüksək səviyyəli təhlili var, lakin ədəbiyyatımızın kardinal problemlərinin, ədəbi prosesdəki təmayüllərin elmi təhlili, demək olar ki, yoxdur və ötən dövr tənqidimizin ən kəsir cəhəti məhz onda ümumiləşdirmə vüsətinin çatışmamasıdır. Bu mənada biz Nizami adına Ədəbiyyat İnstitutunun nəşrə başladığı «Ədəbi proses» kitablarını xüsusi qeyd etmək istəyirik. İndiyə kimi 1976, 1977 və 1978-ci illərin ədəbi prosesini əhatə edən üç kitab çap olunmuşdur, orta və gənc nəslə mənsub Y.Qarayev, Ş.Salmanov, A.Səfiyev, A.Hüseynov, R.Əliyev, V.Yusifli, Ş.Alışanov, N.Babayev kimi istedadlı tənqidçilərin yazdığı bu kitablar son dövr Azərbaycan tənqidində əlamətdar hadisədir. Bu kitablar elmi-nəzəri səviyyə yüksəkliyi, ümumiləşdirmə cəhdi və bacarığı etibarilə, müasir ədəbiyyatımızın bütün janrlarını əhatə etmək baxımından, həm də sistemli səciyyə daşımasına görə ədəbi tənqidimiz üçün yeni və əhəmiyyətli nəşrlərdir. Ötən dövrdə P.Xəlilov, C.Məmmədov, B.Nəbiyev kimi müəlliflərin müxtəlif illərin, ayrı-ayrı mətbuat orqanlarının bədii təsərrüfatına həsr edilmiş icmal-məqalələri də çap olunmuşdur, lakin bütün bunlar «sönük məqalələr və resenziyalar axını» müqabilində çox azdır. Digər tərəfdən isə biz istərdik ki, ümumiləşdirmələr yalnız zaman bölgüləri ilə məhdudlaşmasın. Bədii təmayüllər, estetik keyfiyyətlər, bədii təfəkkürün ifadə formaları, dünyagörüşləri, kəsir və çatışmazlıqları da özünün ümumiləşdirilmiş, həm də yüksək elmi-nəzəri səviyyəli təsnifatını tapsın.
     Son illər ərzində tənqidimizin əsas kəsir cəhətlərindən biri də budur ki, çox zaman, hətta irihəcmli problem məqalələrdə belə Azərbaycan ədəbiyyatı Umumittifaq ədəbi prosesindən təcrid edilir. Azərbaycan ədəbiyyatının problematikası Umumittifaq ədəbi prosesi kontekstində təhlil edilmir və belə hal məhəlli məhdudluğa, özümüzəqapanmaya gətirib çıxarır. Biz bu barədə əvvəllər də yazmış və demişik, əvvəllər də mübahisələr aparmışıq, lakin fakt fakt olaraq da qalır və belə bir naqis cəhəti biz istedadlı və məlumatlı tənqidçilərimizin də əsərlərində görəndə, əlbəttə, daha artıq dərəcədə təəssüf hissi keçiririk.
     Misal üçün, fəal və xeyirli işləyən tənqidçi A.Hüseynov «Gənc nasirlərin yaradıcılığı barədə qeydlər» adlı maraqlı bir məqalə çap elətdirmişdir və biz həmin məqalənin başlanğıcında müəllifin belə bir fikrini oxuyur və onunla tamamilə şərik oluruq ki, «cavanların yaradıcılığına bütünlükdə cəmiyyətimizin və ədəbiyyatımızın irəliləyişi, müasir mərhələdəki yüksəlişi fonunda nəzər salınmalıdır ki, onların əsərlərinin təravəti, estetik dəyəri aşkara çıxarılsın». Lakin... məqaləni, həm də həcmcə çox böyük məqaləni oxuyub qurtardıqdan sonra aydın olur ki, müəllif özü özünün faydalı çağırışına əməl etməmişdir və haqqında söz dediyi cavan yazıçıların yaradıcılığını nəinki Umumittifaq ədəbi prosesindən, hətta Azərbaycan ədəbi prosesindən belə təcrid etmişdir, yalnız bir yerdə yazıçı X.Hasilova ilə fikir mübadiləsinə rast gəlirik.
     Qəribədir ki, bəzən tənqidimizdəki bu çatışmazlığın, naqis cəhətin digər qütbü ilə də rastlaşırıq: Umumittifaq ədəbi prosesi diqqət mərkəzindədir, amma Azərbaycan ədəbiyyatından, demək olar ki, tamam sərf-nəzər edilmişdir və nəticədə biz ünvansız tənqidlə, bəlkə də bünövrəsiz tənqidlə qarşılaşırıq. Misal üçün, hörmətli professor S.Əsədullayevin ədəbi tənqidin yaradıcılıq metodu kimi mühüm bir məsələyə həsr olunmuş «Prometeylə Orfeyin ittifaqı» adlı məqaləsində bir sıra maraqlı nəzəri mülahizələr oxuyuruqsa da, həmin məqalədə Azərbaycan ədəbiyyatı və ədəbi tənqidi naminə yalnız bir yerdə ümumi siyahıda Y.Qarayevin adına, bir yerdə də M.F.Axundovun adına rast gəlirik. Biz çox vacib müasir dövr üçün çox əhəmiyyətli bir məsələyə də toxunmaq istəyirik: Azərbaycan ədəbi tənqidi mərkəzi Ümumittifaq mətbuatı səhifələrindən söz deyə bilmir və bu mühüm işdə tamamilə acizdir. Bəlkə də bu sözlər kəskin səslənir, lakin elə bilirik ki, mövcud məsələ həmin kəskinliyə bəraət qazandırır. Nə üçün ötən dövr ərzində biz «Literatumaya qazeta»nın, «qalın» (və nazik!) Ümumittifaq ədəbi jumallarının səhifələrində bir-iki istisnadan başqa, tənqidçilərimizin ən kiçik məqalələrinə belə təsadüf etmirik? Nə üçün Ümumittifaq mətbuatında əsas etibarilə yalnız bir neçə yazıçımızın məqalələrini oxuyuruq, tənqidçilərimiz isə məqalə çap elətdirə bilmirlər və yaxud buna təşəbbüs göstərmirlər? Nə üçün Azərbaycan yazıçıları haqqında, onların diqqətəlayiq əsərləri haqqında Ümumittifaq mətbuatında nüfuzlu sözü rus tənqidçiləri, digər respublikadan olan tənqidçilər deyir, özümüzünkülər isə susur? Əlbəttə, biz rus və digər respublikalardan olan tənqidçilərə öz dərin minnətdarlığımızı bildiririk, çox sağ olsunlar, lakin nə üçün biz öz tənqidçilərimizlə əlaqədar bu təşəkkür hisslərini yaşamamalıyıq? Nə üçün bizim bir çox tənqidçilərimizin, professorlarımızın Ümumittifaq mətbuatında kiçicik bir yazısına belə təsadüf etmirik?
     Şəxsi görüşlərdə, söhbətlərdə bəzən bu suallara, əslində, obıvatel mahiyyətli cavablar eşidirik: tanış-biliş yoxdur, gediş-gəliş yoxdur, tərcüməçi yoxdur... Lakin belə bir adi mülahizə ağla gəlmir: bəlkə bir çox halda elmi-nəzəri hazırlıq yoxdur, bəlkə Ümumittifaq ədəbi prosesinin qarşıya qoyduğu problemlərə bələdçilik yoxdur, bəlkə əsərlər haqqında söylənən fikir və mülahizələrdə səviyyə yüksəkliyi yoxdur?
     Düzdür, ötən dövr ərzində tənqid məsələlərinə, eləcə də sovet ədəbiyyatının yaradıcılıq problemlərinə həsr olunmuş müşavirələrdə, görüşlərdə S.Əsədullayev, B.Nəbiyev, Y.Qarayev, G.Əlibəyova, H.Quliyev kimi tənqidçilərimiz, son vaxtlar isə cavan tənqidçilərdən A.Məmmədov nisbətən fəal iştirak edirlər, lakin elə bilirik ki, Azərbaycan ədəbiyyatmm nəinki təbliğ olunması və yayılması işində, bu ədəbiyyatın sovet ədəbi prosesinin daxili kütləsinə çevrilməsi, diqqət mərkəzinə gətirilməsi işində həmin fəallıq həm fəaliyyət, həm keyfiyyət, həm də miqyas, əhatəlik baxımından çox azdır.
     Mərkəzi mətbuatla, Ümumittifaq ədəbi prosesi ilə əlaqədar bu məsələlər bizi dərindən düşündürməlidir və bu düşüncələrin əməli, həm də effektli nəticələri olmalıdır, əks-təqdirdə tənqidimizi daha artıq bir özünəqapanma və məhəlli mahiyyət gözləyir.
     Biz yuxarıda bir neçə yerdə elmi-nəzəri səviyyə yüksəkliyindən danışdıq və bu mənada bir cəhətə də toxunmaq istəyirik. Məlumdur ki, tənqidin səviyyəsi bədii əsərə verdiyi qiymətin, ədəbi təqdir və təkdirin nə dərəcədə tutarlı əsaslandırılması ilə müəyyənləşdirilir və bu baxımdan da bizim müasir tənqidimizə ciddi iradlar tutmağa haqqımız var, çünki məhz əsaslandırılmamış iddia və tələblərin, təriflərin kəmiyyət çoxluğu müqabilində əsaslandırılmış ədəbi qiymətlərin kəmiyyət göstəricisi azdır, hətta biz deyərdik ki, çox azdır.
     Saysız-hesabsız resenziyaları oxuyursan və əsaslandırılmamış təriflərə həqiqətən mat qalırsan; bu nədir, məclislərdə söylənən boğazdanyuxarı sağlıqdır, yoxsa tənqid nümunəsidir?
     Bəzən biz iradlarla da rastlaşırıq və üç-dörd cümlədən ibarət bu abzaslar («irad abzasları!») belə bir şablondan ibarətdir: «Lakin əsər nöqsanlardan da xali deyildir. Arzu edirik ki, bu əsərin (romanın, ya povestin, ya poemanın və sairə) gələcək nəşrlərində həmin nöqsanlar (hansılar?) aradan qaldırılsın. Umumilikdə isə, bu nöqsanlar əsərin bədii məziyyətlərinə zərər toxundurmur». Vəssalam!
     Bəzən də «irad abzasları»nı bir neçə dəfə oxuyuruqsa da, bu iradın konkret olaraq nədən ibarət olduğunu heç cürə başa düşə bilmirik. Misal üçün, bir resenziyada oxuyuruq: «...Bəzən Arif Abdullazadənin şerlərində vəznin sərbəstliyi məzmun tutumundan yox, bir növ, müəllifin öz sərbəstliyindən yaranır ki, bu cəhət oxucunu razı salmır».
     Əlbəttə, təəccüblənirik: necə yəni «şerdə vəznin sərbəstliyi» «müəllifin öz sərbəstliyindən yaranır»? Resenziya müəllifi bu qəribə fikrini belə əsaslandırır: «Çünki həm poetik deyim, həm də ümumiyyətlə, poetik dildəki emosionallıq, ekspressivlikdən heç nə qalmır». Bu nə deməkdir? Cümləni ikinci dəfə oxuyuruq, layiq olmadığı halda, onu bir də oxuyuruq və mənasız söz yığımının necə çap olunmasına heyrət edirik.
     Biz söhbətimizə başlayarkən, müasir Azərbaycan ədəbi tənqidinin ikili xarakter daşıdığını söylədik, yəni keyfiyyətsiz, geriçi tənqid yazılarının kəmiyyət çoxluğu müqabilində az miqdarda da olsa, yüksək elmi-nəzəri səviyyəli tənqid əsərlərinə malik olduğumuzu qeyd etdik. Əsas məsələ burasındadır ki, say azlığına görə bu cür məqalələr ümumi tənqid həyatımızda aparıcı mövqe əldə edə bilmir.
     Maraqlı və bəlkə də əlamətdardır ki, ədəbi tənqidimizin ötən dövr ərzindəki bir sıra nailiyyətləri məhz ədəbi tənqidimizin özünün tədqiqinə və təhlilinə həsr olunmuş əsərlərin adı ilə bağlıdır. M.Cəfərin akademik M.Arifin yaradıcılığına, K.Talıbzadənin, Ş.Salmanovun S.Vurğunun tənqidi yaradıcılığına, mərhum Y.Seyidovun M.Hüseynin tənqidi yaradıcılığına həsr olunmuş məqalələri, Ə.Mirəhmədovun, M.Məmmədovun, Y.Qarayevin, Təhsin Mütəllimovun müəyyən dövrlərin və mətbuat orqanlarının tənqid təsərrüfatından bəhs edən problem məqalələri, eləcə də A.Nəbiyevin, T.Hacıyevin, K.Vəliyevin, N.Cabbarovun, V.Yusiflinin, R.Əliyevin, N.Babayevin, K.Abdullayevin tənqid kitabları, monoqrafiyalar haqqındakı resenziyaları, məqalələri tənqidçi tənqidinin yaxşı nümunələridir və tənqidimizin birtərəfli inkişafını göstərən (və ümumi inkişafına sövq edən) əsərlərdir. Həm də bu kimi əsərlər bizi nəinki tənqidimizin imkanları və perspektivləri ilə əlaqədar bədbinliyə qapılmağa qoymur, əksinə, tələblərimizi daha da artırır, çünki, necə deyərlər, uman yerdən küsərlər.
     Bu əsərlərin bəzisi ayrı-ayrı müəlliflərə və kitablara həsr olunsa da, onlarda, ümumiyyətlə, tənqidimizin kardinal problemlərini qaldırmaq təşəbbüsü və bu baxımdan əldə edilən nailiyyətlər, bizcə, xüsusilə, təqdirəlayiqdir. Məmməd Cəfərin mərhum akademik Məmməd Arifin yaradıcılığına həsr olunmuş məqaləsi bu mənada qiymətli nümunədir və tənqidçi Y.Qarayev həmin məqalə ilə əlaqədar haqlı yazır ki, bu əsər «müasir tənqidimiz üçün prinsipial elmi-tərbiyəvi əhəmiyyət daşıyır, bədii yaradıcılıq metodu, sosialist realizmində dünyagörüşünün rolu, üslub müxtəlifliyi, bədii təsdiq və pafosu, satira, realizm və inqilabi romantika məsələləri, müsbət qəhrəman, xarakter və tip, irsə münasibət, tarixilik, ənənə və novatorluq, bədii sənətkarlıq problemləri haqqında hər iki görkəmli münəqqidin nəzəri görüşlərini eyni vaxtda əks etdirir».
     Lakin, təkrar edirik, bu tipli məqalələr, eləcə də yuxarıda haqqında bəhs etdiyimiz ayrı-ayrı uğurlar tənqidimizin ümumi qeyri-qənaətbəxş fonunda azlıq təşkil edir və bu gün bizim çap orqanlarımız, eləcə də elmi müəssisələrimiz, filoloji fakültələr Azərbaycan ədəbi tənqidinin məhz bu qolunu gücləndirməli, onu tənqidimizin inkişaf istiqamətində magistral yola çevirməlidirlər. Bu o deməkdir ki, «sönük məqalələr və resenziyalar axını»nın qarşısı alınmalıdır, redaksiyalar ayrı-ayrı kitabları qeyd etmək xatirinə yox, ədəbiyyatımızın ümumi mənafeyi naminə, tənqidimizin inkişafı naminə sanballı, prinsipial məqalə və resenziyalar çap etməlidir, «çox olsun - nə olur-olsun, prinsipi ilə yox, «çox olmasın, eybi yox, amma yaxşı olsun» prinsipi ilə iş görməliyik; istedadlı gənc tənqidçilərə yüksək tələblərlə yanaşmaqla bərabər, qayğıkeşlik göstərməli, daha artıq etibar etməliyik. Biz yalnız Azərbaycanın deyil, müxtəlif xalqların tənqid tarixinə, sovet tənqidi tarixinə nəzər saldıqda, belə bir cəhəti aydın görərik ki, sağlam elmi müqayisələr, fikir müxtəlifliyindən, bədii-estetik zövqün özünəməxsusluqlarından doğan müzakirələr, heç nədən çəkinmədən, açıq, prinsipial, ədəbiyyata xidmət etmək istəyindən doğan ehtiraslı, yaxşı mənada, kəskin fikir mübadilələri yalnız tənqidin deyil, ümumiyyətlə, dövrün ictimai fikrinin inkişafında mühüm rol oynamışdır və təbii ki, ədəbiyyat da bundan çox qazanmışdır. Hələ böyük Mirzə Fətəli yazırdı: «Fikir azadlığı olduqda, kritikanın qaydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir».
     Bu sözlər bir əsrdən artıq dövr bundan əvvəl deyilmişdir, lakin bu günün özündə belə, biz ədəbiyyatımızın inkişafı naminə onun naqis cəhət və çatışmazlıqlarından azad olması naminə «müxtəlif fikir və rəylərə», təkrar edirik, açıq, prinsipial və sağlam müzakirələrə ehtiyac hiss edirik. Düzdür, son illər bu sahədə bir sıra yaddaqalan disput, müzakirə və ədəbi məclislər keçirilmişdir, lakin bununla kifayətlənmək olmaz, çünki mətbuat səhifələrinə çıxarılan bu cür müzakirələr, mübahisələr xeyirli olur, diqqəti cəlb edir. Misal üçün, «Müasirlik problemi və nəsrin axtarışları» mövzusunda Azərbaycan Yazıçılar İttifaqının, Nizami adına Ədəbiyyat İnstitutunun və «Azərbaycan» jurnalı redaksiyasının birlikdə keçirdikləri yaradıcılıq müşavirəsinin stenoqramı əsasında hazırlanmış materiallar «Azərbaycan» jumalında çap olunub (1977, N 6) və deməliyik ki, bu, ötən illərin ən uğurlu dərclərindəndir. A.Hüseynovun məruzəsində, Y.Seyidovun, S.Əsədullayevin, P.Xəlilovun, Anarın, G.Əlibəyovanın, Y.Qarayevin, Ş.Salmanovun, K.Məmmədovun, X.Əlimirzəyevin, V.Osmanlının, V.Yusiflinin çıxışlarında estetik bir kateqoriya kimi müasirlik baxımından Azərbaycan irsinə nəzər salınır və onun inkişaf qanunauyğunluqları müəyyənləşdirilir, bədii-estetik təmayüllərinin təsnifatı verilir. Bu zaman fikir müxtəlifliklərinin, bədiiyyata münasibət və qiymət müxtəlifliyinin, elmi-nəzəri səviyyə müxtəlifliyinin şahidi oluruq, lakin nəticə etibarilə, bütün bunlardan qazanan bədii ədəbiyyat olur, ictimai fikrimiz olur.
      «Literatumıy Azerbaydjan» jumalı da keçən il yaxşı bir təşəbbüs göstərmiş, bir sıra tənqidçi və yazıçıların iştirakı ilə «Tənqid məsuliyyətli işdir» mövzusunda «Dəyirmi masa» keçirmiş və həmin «Dəyirmi masa» arxasındakı ədəbi söhbəti bütünlüklə dərc etmişdir (1980, N 10). Həmin söhbətin fəal iştırakçılarından biri, professor Arif Hacıyev yazır ki, «Bizdə nasir və şairlər bir tənqidçi kimi jurnal və qəzet səhifələrində daha fəal çıxış edirlər, nəinki professional tənqidçilər».
     Son beş ilin tənqid təsərrüfatmı nəzərdən keçirərkən görürük ki, bu, dəqiq müşahidədir və bizim yazıçılarımız ötən dövrün bir sıra ədəbi faktları barədə, eləcə də ədəbiyyatın aktual problemləri barədə düşüncə və mülahizələrindən ibarət məqalə və resenziyalar ilə çıxış etmişlər və bu əsərlərin arasında yüksək keyfiyyətli yazılar az deyil.
      «Literaturnıy Azerbaydjan»ın keçirdiyi «Dəyirmi masa» arxasında söylənilən mülahizələrə qayıdaq. A.Hacıyev yuxarıda göstərdiyimiz dəqiq müşahidəsindən sonra belə bir fikir irəli sürür: «Bizi sıxan cəhət onlarda (yəni nasir və şairlərdə.) yoxdur, həmin cəhət ki, onun adı nəhəng elmi aparatdır». Sonra müəllif bu fikri belə açıqlayır: «Onlarda (yazıçılarda) sərbəstlik var, gərgin şəxsi maraq var. Onların çıxışlarını oxuyursan və hiss edirsən ki, yazıçı yalnız öz adından yox, öz həmkarının adından, mənsub olduğu nəslin adından danışmağa cəhd edir».
     Doğrusu, bu mülahizələr bizə qəribə göründü.
     Deməli, ədəbiyyat haqqında, müasir bədii təsərrüfat haqqında söz deyərkən özünü sərbəst hiss etmək üçün «nəhəng elmi aparat»a yiyələnməyə ehtiyac yoxdur, ondan sərf-nəzər etmək lazımdır? Şəxsən bizə məlum deyil, nə üçün «nəhəng elmi aparat»a sahib olmuş bir tənqidçi ədəbiyyatdan «gərgin şəxsi maraq hissi» ilə yazmamalıdır? Nə üçün tənqidçi «öz adından yox, öz həmkarlarının adından, mənsub olduğu nəslin adından danışmağa cəhd» etməməlidir? Bəlkə ayrı-ayrı tənqidçilər A.Hacıyevin yazdığı həmin «nəhəng elmi aparat»a layiqincə yiyələnə bilmir, onun üçün vəziyyət belədir?
     Bizcə, səbəb elə məhz bundadır.
     Bəzən tənqidçilərimiz öz yazılarında ona görə sıxılmır, ona görə məhdud qəliblər daxilində qapanıb qalmır ki, elmi-nəzəri hazırlığa malikdirlər və elmi-nəzəri məlumatın məsuliyyəti onları əl-qol açmağa qoymur, yox, ona görə ki, həmin tənqidçi, əksinə, belə bir elmi-nəzəri məlumata, biliyə malik deyil və ayrı-ayrı yazıçılar bu «nəhəng elmi aparat»a daha artıq bələd və sahibdirlər, nəinki bir sıra tənqidçilərimiz. Tənqidimizdə bir küll halında təhlil dayazlığının, ədəbiyyat barədəki düşüncələrdə miqyas və vüsət kasıblığının, resenziyalar axınının əsas səbəblərindən biri də məhz bu elmi-nəzəri məhdudluqdur.
     Bu yerdə biz A.Hacıyevin elə həmin söhbət zamanı söylədiyi başqa bir fikirlə tamamilə şərikik: «Bizim tənqiddə geniş miqyas vüsəti çatışmır. Keçən ili götürək (söhbət 1979-cu ildən gedir). Bizim, necə deyərlər, qalın jumallarımızın səhifələrində ümumiləşdirici məqalələr çıxıbmı? Hər hansı bir tənqidçi ötən on ilin (70-ci illər) nəticələrini ümumiləşdirən bir məqalə yazıbmı?».
     Artıq biz bu barədə danışmışıq. Lakin tənqidimizin bu ciddi kəsir cəhəti barədə bir daha düşünürük və yuxarıda qeyd etdiyimiz bir sıra əsərləri çıxmaq şərtilə və təəssüf hissilə A.Hacıyevin suallarına mənfı cavab veririk. Şair Mənsur Vəkilov A.Hacıyevin bu suallarına qarşı yarızarafat, yarıciddi bir sual: «Belinski həsrə- tindəsinizmi?» sualını verir, lakin bu yerdə yumor hissi bizi tərk etmişdir və bizim üçün Mənsurun sualının yalnız ciddi tərəfi əhəmiyyətlidir, çünki biz bu gün ədəbi tənqidimizdə bir küll halında, ayrı-ayrı müəlliflərin qələminə deyil, ümumilikdə Belinski və Pisarev, Axundov və Köçərli qələminə xas olan miqyas vüsətini görmək istəyirik.

2.


     Yazıçı Anar «Voprosı literaturı» jumalının (1979, N° 12) suallarına cavab verərkən tənqidimiz ilə bağlı maraqlı bir məsələyə toxunur: «Mən və mənimlə bir dövrdə, 60-cı illərin əvvəllərində ədəbiyyata gəlmiş şair və nasirlər bu məsələdən hələ də razı qala bilmirik ki, bizim 60-cı illər nəsri içərisində «öz tənqidçilərimiz» yetişmədi. Bizim yaşıdlarımız içərisində istedadı ilə seçilən tənqidçilər var. Ancaq onlar 60 - 70-ci illər Azərbaycan poeziyası və nəsrində yeni ictimai şüurun, ədəbi zövqün, əxlaqi prinsiplərin tənqiddə ifadəçiləri olmaq istəmədilər və ya ola bilmədilər».
     Biz yazıçının təəssüf hissini başa düşürük. Düzdür, 60-cı illərdə tənqidə Gülrux Əlibəyova, Yaşar Qarayev, yaxud Şamil Salmanov, Araz Dadaşzadə, Akif Hüseynov kimi istedadlı tənqidçilərimiz öz yaşıdlarının, özləri ilə bir vaxtda ədəbiyyata gəlmiş yazıçıların, o cümlədən, Anarın yaradıcılığından da yazmışlar və yaxşı ki, yazmışlar, amma məsələ bunda deyil, «məsələ sosializm realizmi ədəbi metodu daxilindəki bədii-estetik prinsiplər mövqeyinin yaxınlığında, bir-birini davam etdirməsində və tamamlamasındadır».
     Ədəbiyyat tariximizə, həm də uzaq keçmişə yox, sovet ədəbiyyatı tariximizə nəzər salaq: 20-ci illərdə və 30-cu illərin əvvəllərində Səməd Vurğun və Əbülhəsən, Süleyman Rüstəm və Mikayıl Müşfiq, Süleyman Rəhimov və Rəsul Rza, Mirzə İbrahimov və Əli Vəliyevlə birlikdə, Arif və Əli Nazim, Mustafa Quliyev və Hənəfi Zeynallı, Mehdi Hüseyn və Mikayıl Rəfili, Məmməd Kazım Ələkbərli və Xəlil İbrahim kimi, bir az sonralar isə İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi və Əhməd Cəmil ilə birlikdə Məmməd Cəfər və Cəfər Cəfərov, Hidayət Əfəndiyev və Əkbər Ağayev, Orucəli Həsənov və Cəfər Xəndan kimi tənqidçilər Azərbaycan sovet ədəbiyyatına gəlmiş və bu yeni ədəbiyyatın yaranması, formalaşması işində hər biri öz imkanı daxilində, ehtirasla fəaliyyət göstərmişdir.
     20-ci və 30-cu illərin yalnız ədəbi həyatına deyil, ümumiyyətlə, bu illərin hiss və həyəcanlarına, axtarış və amallarına, arzu və istəklərinə bələd olmaqdan ötrü təkcə həmin dövrün bədii təsərrüfatını oxumaq kifayət deyil, eyni zamanda, həmin tənqidçilərin əsərlərini də oxumaq vacibdir və əsas məsələ də, bax, burasındadır.
     Əlbəttə, bu fikirdən belə bir nəticə çıxarmaq mahiyyətə varmamaq olardı ki, guya, Yaşar Qarayev İlyas Əfəndiyevdən, Bəxtiyar Vahabzadədən, yaxud Şamil Salmanov Süleyman Rüstəmdən, Rəsul Rzadan yazmamalıdır, söhbət ondan gedir ki, kimdən yazılmasından asılı olmayaraq, bədii-estetik prinsiplər hər hansı bir başqa dövrdə yox, məhz 60 -70-ci illərdə doğulub formalaşmışdır, bu illərin ictimai fikrinin yetişdiırməsidir, bu illərin ehtiyacından doğmuşdur, həmin o ehtiyacdan ki, eyni zamanda bədii ədəbiyyata özünün bədii ifadəçisi və təsdiqçisi olaraq yeni yazıçılar nəsli gətirmişdi.
     Bu gün Azərbaycan ədəbiyyatında yeni bir nəsil yaranmış və formalaşmışdır. 70-ci illərin ortalarından etibarən fəaliyyətə başlamış və dərhal da ədəbi prosesə daxil olmuş bu nəsil nümayəndələri arasında istedadlı yazıçı və şairlərlə bərabər, Aydın Məmmədov, Kamil Vəliyev, Nadir Cabbarov, Vilayət Quliyev, Nizaməddin Babayev, Şirindil Alışanov, Rəhim Əliyev, İlham Rəhim- li, Vaqif Yusifli, Kamal Abdullayev, Qurban Bayramov, Əsəd Məmmədov, Mikayıl Mirzəyev, Sadıq Elcanlı, Rahid Xəlilov ki- mi istedadlı tənqidçilər də vardır. Elə bilirik ki, yuxarıda haqqında bəhs etdiyimiz bədii-estetik prinsiplər birliyi baxımından bu yeni nəsil daha artıq diqqətə layiqdir və daha düzgün, xeyirli yoldadır. Hərgah Anarı, yaxud Əkrəm Əylislini Yaşar Qarayevsiz, yaxud Şamil Salmanovsuz, eləcə də əksinə, həmin tənqidçiləri həmin yazıçılarsız təsəvvür etmək mümkündürsə, bu gün yaxşı ki, Ramiz Rövşəni, Mövlud Süleymanlını, yaxud Şahmarı, Baba Vəziroğlunu, yaxud Vaqif Cəbrayılzadəni Aydınsız və Kamilsiz, Nadirsiz və Rəhimsiz təsəvvür etmək çətindir və belə bir nəsil bütövlüyü, bizcə, yalnız ayrı-ayrı yazıçıların yaradıcılığının deyil, ümumiyyətlə, milli ədəbiyyatın inkişafında daha effektli rol oynaya biləcəkdir.
     Cavan tənqidçilərin yaradıcılığında xüsusi razılıq doğuran və əlamətdar hesab etdiyimiz cəhətlərdən biri budur ki, onlar bədii- estetik tələb və təhlillərində haqqında danışdıqları əsərlərə respublikamızın bugünkü həyatını səciyyələndirən siyasi-ictimai mühit kontekstində nəzər salmağa çalışırlar. Bu mənada biz, tənqidçi Nadir Cabbarovun məqalələrindən birində söylədiyi fikrə, ümumiyyətlə, onun nümayəndəsi olduğu gənc tənqidçilər nəslinin nəzəri-estetik kriteriyasını müəyyənləşdirən bir məramnamə kimi baxırıq. N.Cabbarov yazır: «Yaxın keçmişin misilsiz yüksəlişlərlə, yabançı antipodlara qarşı kəskin mübarizələrlə əlamətdar olan zəngin tarixi təcrübəsi bədii inikası da yeni tələblər qarşısında qoymuş, onu da özünü toplamağa, səfərbərliyə sövq etmişdir. Təkcə ram edilmiş ilham, iti təxəyyül, kamil yazı texnikası deyil, sosioloq səriştəsi, publisist fəhmi, ictimai psixologiyaya dərin bələdlik, sadəcə, yaradıcılıq stixiyası və peşəkar inersiyası ilə yox, həm də vətəndaş yanğısı ilə, vicdani norma kimi! İndi məsələ belə qoyulur. Fəal həyat mövqeyi, yaradıcılıq axtarışlarının bədii-estetik istiqamətlərini bu gün belə bir ideya-mənəvi kompleks müəyyən edir»‘. Bəzən gənc tənqidçilərin yaradıcılığında, ayrı-ayrı nümunələrdə, olsun ki, təcrübəsizliklə, hissə qapılmaq halları ilə, aludəçiliklə, ehtiyac olmadığı yerdə orijinallıq cəhdləri ilə rastlaşa bilərik, lakin bir küll halında, onların yaradıcılığını məhz «vətəndaş yanğısı ilə vicdani norma» səciyyələndirir və biz belə bir səciyyəni əlamətdar, həm də təbii, qanunauyğun hesab edirik. Onların məqalələrindəki, çıxışlarındakı, ədəbi əxlaqlarındakı tələbkarlıq, ağa ağ, qaraya qara demək cəhdi və bacarığı da razılıq doğurur. Belə bir tələbkarlıq bizim ayrı-ayrı yazıçılarımızı narahat etməməlidir, əksinə, onları dərindən düşündürməlidir. Eyni zamanda, cavan tənqidçilərimiz də belə bir tələbkarlıqları müqabilində durmadan, dönə-dönə öz üzərlərində işləməlidirlər, dünyagörüşlərini, nəzəri- estetik hazırlıqlarını artırmalı və artırmalıdırlar.
     Düz on il bundan əvvəl, Azərbaycan yazıçılarının V qurultayında o vaxtın gənc yazıçıları barədə bəzi haqsız və qeyri- obyektiv tənqidlə bərabər, ümidli sözlər də söyləndi.
     Bu gün biz xüsusi iftixar hissilə qeyd etməliyik ki, on il bundan əvvəlki gənc yazıçılar həmin ümidi bir küll halında doğrultdular. On il bundan əvvəlki gənc yazıçılarımız bu gün yalnız Azərbaycanda deyil, Ümumittifaq miqyasında geniş çap olunur, yaxşı tanınırlar. Onların əsərləri, ədəbiyyat haqqındakı fikir və mülahizələri bu gün ümumsovet ədəbi prosesinin daxili kütləsinə çevrilmişdir. Bu gün onların əsərləri xarici ölkələrdə çap olunur və ədəbi ictimaiyyətin diqqətini cəlb edir.
     İndi həmin gənc yazıçıların yerini yeni yazıçılar nəsli tutmuşdur və biz razılıq hissilə burasını da qeyd etməliyik ki, onların çap olunması üçün indi münbit bir şərait yaranmışdır. Lakin bununla belə, biz gənclərin yaradıcılığına münasibətlə əlaqədar bir neçə söz demək istəyirik.
     Biz, Akif Hüseynovun «Gənc yazıçıların yaradıcılığı barədə qeydlər»indəki çatışmazlıqdan danışdıq, lakin ümumilikdə bu məqaləni, həm də «Azərbaycan» jumalında müzakirə təliqi ilə çap olunmuş bu məqaləni ədəbi tənqidin gənclərin yaradıcılığına münasibəti baxımından düzgün və xeyirli metodoloji prinsiplərə əsaslanan bir yazı kimi qiymətləndiririk. Müəllif məqaləsinin başlanğıcında yazır: «Bədii fikir təravətli poetik nəfəs sevir, onu an- caq keyfiyyət artımı, həyatı daha dolğun, daha inandırıcı təcəssüm etdirmək sahəsindəki nəhayətsiz axtarışlar irəlilədir.
     Əlbəttə, bu sözlər öz-özlüyündə hamımıza məlumdur, lakin indiki yaxşı cəhət burasındadır ki, həmin məlum tezis bütün məqalə boyu R.Rövşən, M.Süleymanlı, A.Məsud və Ə.Əmirovun yaradıcılığı əsasındakı təhlildə özünün nəzəri təsdiqini və təfsirini tapmışdır. Tənqidçi gənclərin yazılarına tələbkarlıqla yanaşır, bu yazıçıların uğurlu cəhətləri ilə bərabər, uğursuz cəhətləri üzərində də dayanır, onlarla mübahisə edir, onlara iradlar tutur və bütün bu ciddi söhbətin arxasında gəncləri başa düşməyə maksimal bir cəhd, ən əsası isə, xeyirxahlıq dayanır.
     Bu cəhətləri ona görə xüsusi qeyd edirik ki, bir sıra məqalələrdə, çıxışlarda, ədəbi söhbətlərdə məhz belə bir xeyirxahlığın çatışmadığı müşahidə olunur.
     İstedadlı gənclik sənətin zirvələrinə doğru keçilmiş yollar- la addımlayır, milli köklərdən, ənənələrdən qüvvət və cəsarət əldə edərək yeni-yeni cığırlar salır; bu həmin ensiz, enişli-yoxuşlu, daşlı-kəsəkli cığırlardır ki, gələcəyin magistrallarına çevrilir və bu xüsusiyyət sənət tarixinin bütün dövrlərinə aiddir, əks-təqdirdə hansı inkişafdan, hansı bədii nailiyyətlərdən danışmaq olardı?
     Biz başa düşürük ki, bu, incə bir məsələdir, xüsusi həssaslıq tələb edən gənclik özündən yaşlıların yaradıcılığını, fəaliyyətini qiymətləndirməyi bacarmalıdır, lakin eyni zamanda, gəncliyin özünü də başa düşməyə çalışmalıyıq. Gəncliyin axtarışları, bəzən uğurlu, bəzən uğursuz tapıntıları bizi əsəbiləşdirməməlidir və biz ayrı-ayrı hallarda olduğu kimi, gəncliyə əməli məsləhətlər vermək, onu inandırmaq əvəzinə, gəncliyi, az qala, inzibati münasibət və istilahlar ilə ittiham etməməliyik.
     Tənqidçi Şamil Salmanov 1978-ci ilin poeziyasına həsr olunmuş məqaləsində gənclərlə əlaqədar, bu tənqidçiyə xas olan bir maksimalizm ilə yazır: «Gənc şairlərin əksəriyyətində poetik cəsarət hissi zəifdir».
     Bu sözlər kəskin deyilmişdir və olsun ki, səhv fikirdir, çünki həmin zəif cəhəti bizim gənc şairlərin əksəriyyətinə şamil etmək düz deyil, lakin istək, arzu baxımından biz bu sözlərə şərik çıxırıq, çünki gəncliyi daha artıq cəsarətlə bədii-estetik axtarışlar aparmağa sövq etməliyik. Gənclik qarşısındakı əsas məqsəd mənsub olduqları milli ədəbiyyatı inkişaf etdirməkdən ibarətdir və biz hamımız yaxşı bilirik ki, bu «əsas məqsəd» asanlıqla əldə edilmir və gənclik özü bunu dərk etsə də, etməsə də, bizim köməyimiz olmadan onların həmin «əsas məqsəd»ə nail olmaqları prosesi ləng inkişaf edəcək, bəlkə də heç özünün son həddinə çatmayacaq və necə deyərlər, zərərdidə də ədəbiyyatımız olacaq.
     Biz qəti əminik ki, məqalələrimizdə, həm də özümüzdən yaşca xeyli kiçik yazıçıların əsərlərindən bəhs edən məqalələrimizdə əsaslandırılmamış, inandırmayan inkarlarla onlara ədəbi kömək edə bilməyəcəyik. Deməli, əsas məqsədimiz kənarda qalacaq, impulsiv nidalarımız əsaslandırılmış təhlillərimizi, tədbirli məsləhət və çağırışlarımızı üstələyəcək.
     Eyni zamanda, bizə elə gəlir ki, gənclərin yaradıcılığı ilə bağlı bir sıra mübahisələrdə, ədəbi söhbətlərdə ciddilik çatışmır, əsərlərin kəsir cəhətləri ətrafındakı mülahizələrdə elmilik çatışmır, dövrün artmış bədii-estetik tələblərinə cavab verəcək nəzəri hazırlıq çatışmır, ümumiləşdirmə vüsəti çatışmır.
     Bu sözləri deyərkən nəyi nəzərdə tuturuq?
     Biz, ümumiyyətlə, cavan nasirlərin yaradıcılığı üçün bu və ya digər dərəcədə kəsir və çatışmazlıq hesab etdiyimiz bəzi prinsipial cəhətlərin üzərində qısaca da olsa dayanmağı məqsədəuyğun hesab edirik, çünki son ədəbi tənqidin xüsusi toxunmadığı bu cəhətlər get-gedə daha artıq nəzərə çarpır və təbii ki, bizi daha artıq narahat edir.
     İlk növbədə, cavan nasirlərin bir küll halında əsərlərində müşahidə etdiyimiz dünyagörüşün məhdudluğu faktına onların diqqətini cəlb etmək istəyirik. Biz bu istedadlı bədii təfəkkürün, şirin təhkiyənin, incə, həzin və sərrast ifadə edilmiş hiss-həyəcanların, yeni söz demək cəhətinin arxasında, bir az kobud da səslənsə, dərin savad duymuruq, dünya ədəbiyyatına, xüsusən, klassik və müasir rus və Qərb ədəbiyyatına bələdçilik görmürük və buna görə də ayrı-ayrı yazılarda, təkrar edirik, həm də istedadlı yazılarda bir primitivlik nəzərə çarpır.
     Flober yazırdı: «Bir kitabı yazmaqdan ötrü min beş yüz başqa kitab oxumaq lazımdır». Bu hələ Flober dövrünün - yüz ildən artıq bir müddət bundan əvvəlin tələbi idi. Bu yüz ildə dünya ictimai fikri, bədii estetik təsərrüfat nə qədər artmışdır, çoxalmışdır. Bu gün, bizcə, böyük Floberin göstərdiyi rəqəm belə az görünür. Bu gün üçqat artıq bir rəqəmə ehtiyac var. Mən hələ gündəlik qəzetləri, qalın-qalın jumalları demirəm...
     Əlbəttə, biz belə bir fikirdən çox uzağıq ki, kitab oxumaq adamı yazıçı edir və nə qədər çox kitab oxuyursansa, bir o qədər yaxşı yazıçı olacaqsan. Belə olsaydı, bu gün kitab ajiotajı dövründə (düzdür, indi çox zaman kitablar ev əşyası kimi alınır, oxumaq üçün yox) yazıçı əlindən tərpənmək olmazdı (hərçənd bu gün də onlar az deyil!). Lakin kitab oxumaq adamın gözünü açır, hər bir kəs, xüsusən, dövrünün bədii-estetik təsərrüfatından xəbərdar olmalı və baş çıxarmalıdır. Əks-təqdirdə öz kitablarında həm forma, məzmun, həm də həyat hadisələri ilə bağlı, mövqe etibarilə əvvəlcə sadəlövhlük dayazlığına, sonra isə cahillik və nadanlıq girdabına yuvarlanmaq perspektivləri daha artıq və daha münbitdir.
     Bəzən hər hansı bir yazıçı haqqında deyirlər ki, filankəs kitabdan gəlir. Bizcə, həmişə olduğu kimi, bu yerdə də məsələni istedad həll edir: istedad azdırsa, onda doğrudan da belədir və nə qədər oxunaqlı, təsirli yazılmış olsa da, versifikasiya səviyyəsi nə qədər yüksək olsa da, «kitabdangəlmə» bir yazı yaşamayacaq; yox, istedad varsa, deməli, belə deyil.
      «Oxumaq, oxumaq və yenə də oxumaq!» - biz, bu böyük məsləhəti və çağırışı bir daha cavan yazıçılarımıza xatırlatmaq istəyirik və tamamilə əminik ki, onlar bu məsləhət və çağırışa nə qədər çox fikir versələr və əməl etsələr, ədəbiyyatımız da bir o qədər qazanacaqdır, çünki ümdə bir cəhət - istedad onlarda şəksizdir.
     Gənclərin diqqətini cəlb etmək istədiyimiz ikinci mühüm cəhət xəlqilik məsələsi ilə bağlıdır. Bizim hamımıza yaxşı məlumdur ki, xəlqilik marksist estetikasının əsas kateqoriyalarından biridir və sovet ədəbiyyatının yaranması, təşəkkül tapması və bugünkü inkişaf mərhələsinə qədəm qoymasında həmin estetik kateqoriyanın böyük rolu olmuşdur. Vaxtilə xəlqilik və yalançı xəlqilik mübarizələri illər keçdikcə öz vulqar-sosioloji təmayüllərindən xilas olaraq əsl ədəbiyyatın, yəni istedadlı ədəbiyyatın mənafeyi naminə az iş görməmişdir.
     Bizim bu gün fəaliyyət göstərən cavan nasirlərimizin əksəriyyəti kəndlərdə, rayonlarda, sadə, zəhmətkeş ailələrdə doğulub boya-başa çatmışlar və ilkin olaraq kitablardan, cizgi filmlərindən, televiziya verilişlərindən yox, bilavasitə həyatın özündən gəldikləri üçün həmin həyata yaxşı bələddirlər. Cavanların ən yaxşı əsərlərini məhz kənd həyatının mənasını, mündəricəsini və problematikasını bir yazıçı kimi dərk etmək və göstərmək səciyyələndirir. Lakin son vaxtlar biz cavanların ayrı-ayrı əsərlərində bu xəlqiliyin zahiri cəhətlərinə aludəçilik müşahidə edirik, burada xəlqilik daxili məzmunda yaranmır, ayrı-ayrı zahiri komponentlərin toplusu kimi özünü göstərir, yəni geniş miqyaslı olmur, dərin qatlardan xəbər vermir. Müxtəlif çiçəklərin adını bilmək, ağacları tanımaq və yaxud nənələrimizin, analarımızın nehrədə yağ çalxamasını istedadla, sevərəkdən təsvir etmək yalnız o zaman bizim həqiqi mənəvi sərvətimizə çevrilə bilər ki, bu biliyin və təsvir qabiliyyətinin arxasında bəşəri hiss və həyəcanlar, insan haqqında, torpaq haqqında, yaşayış haqqında, dəruni düşüncələr, sual və cavablar dayanmış olsun.
     Xəlqilik özünühədəfə çevrildikdə, əsərlərimizdə xəlqilik xəlqilik naminə əldə edildikdə, bu da bir növ saxta xəlqiliyə gətirib çıxarır və gələcəkdə məhz bu cür olmasın deyə, biz cavan yazıçılarımızın diqqətini bu məsələyə cəlb edirik.
     Nəhayət, cavan yazıçılarımızın yaradıcılığı ilə bağlı bir məsələni də onların nəzərinə çatdırmağa ehtiyac hiss edirik. Biz yuxarıda yazdıq ki, cavan nasirlər heç kimə bənzəmək istəmirlər və bu, şübhəsiz ki, təqdir ediləsi bir cəhətdir. Lakin bununla bərabər, biz ayrı-ayrı cavan nasirlərin təhkiyəsində bədii təfəkkür tipajında nisbətən yaşlı yazıçılarımızın, xüsusən, 60-cı illər nəsli deyilən nəslin bəzi nümayəndələrinin təsirini aşkar hiss edirik və ötən dövrün tənqidi də bunu qeyd edib. Lakin indi bizi daha artıq dərəcədə başqa məsələ düşündürür: iş burasındadır ki, son zamanlar cavanların əsərlərini mütaliə edərkən belə bir xoşagəlməz təsəvvür əmələ gəlir ki, onlar özləri bir-birinə bənzəməyə başlayıblar. Cavanların yaradıcılığını bir küll halında götürəndə görürük ki, təhkiyə fərdiliyi çatışmır, hətta biz deyərdik ki, bu təhkiyə konyunkturası əmələ gəlməyə başlayır. Bu, çox ciddi məsələdir və belə bir təhkiyə eyniliyi gələcəkdə, ümumiyyətlə, bədii təfəkkür eyniliyinə gətirib çıxara bilər. Məhz buna görə də bu gün istedadlı cavanlarımızın arasında sırf poetika baxımından gözəl solistlər var, amma ümumilikdə bir orkestr əlvanlığı və miqyası çatışmır.
     Cavanların, xüsusən, lap yenicə yazmağa başlayanların təhkiyəsində biz ən lüzumsuz söz oynatmalarına, sintaksisin bilərəkdən pintiləşdirilməsinə, yalnız personajların dilində deyil, müəlliflərin öz dilində orfoqrafiya lüğətimizdə yazılışı müəyyənləşdirilmiş sözlərin, guya, həyatilik, təbiilik naminə təhrif olunması hallarına da rast gəlirik və elə bilirik ki, təcrübə əldə edildikcə bu yanlış meyllər aradan çıxacaqdır. Lakin bununla biz böyük Mirzə Cəlilin vaxtilə yazdığı və hər bir dövr üçün mənalı səslənən bir kəlamını xatırlatmaq istəyirik: «İndi qələmlə təşəxxüs satmaq vaxtı deyil».
     Biz cavanların yaradıcılığında müşahidə etdiyimiz bu cəhətləri (bunların o qismini cavan şairlərin də yaradıcılığına şamil etmək olar) ümumi şəkildə qeyd etdik, onları konkretləşdirmədik, çünki bu, xüsusi bir mövzudur və ədəbi tənqidi dərindən düşündürməlidir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, son illərin tənqidi bu çatışmazlıqlar üzərində dayanmamışdır və bir sıra hallarda cavanların yaradıcılığındakı çatışmazlıqlar haqqındakı söhbət artıq dərəcədə predmetsiz, təhlilsiz şikayətlərə, necə deyərlər, ədəbiyyat ətrafındakı qeybətlərə çevrilmişdir. Məhz bu mülahizəyə görə də biz ciddiliyin çatışmadığını qeyd etdik.
     Gənclərdən yazarkən, onlara ədəbi məsləhətlər verərkən, ən yüksək elmi-nəzəri səviyyədə dayanmalısan ki, söylədiklərinin effekti olsun, haqqında bəhs etdiyin cavan müəllifi, onun yaşıdlarını, necə deyərlər, papaqlarını qabaqlarına qoyub düşündürə bilsin. Lakin çox zaman cavanların yaradıcılığı haqqındakı tənqiddə belə bir səviyyə yüksəkliyi nəzərə çarpmır, bir sıra hallarda isə, ümumiyyətlə, elmi naqisliklə, nəzəri savadsızlıqla rastlaşırıq.
     Qulu Xəlilov gənc şairlərdən Müzəffər Şükür və Musa Ələk- bərlinin yeni kitablarının çıxması ilə əlaqədar olaraq açıq ədəbi məktub yazıb çap elətdirmişdir. Əlbəttə, uzun illərdən bəri yazan tənqidçinin gənc şairlərə ədəbi məktubla müraciət etməsi çox gözəl faktdır, lakin bir şərtlə ki, həmin məktub uzun illərin də təcrübəsindən doğan bir səriştə ilə, bir müdriklik ilə yazılmış olsun. Lakin, indikı halda, vəziyyət bunun əksinədir. Qulu Xəlilov Musa Ələkbərliyə müraciətlə yazır: «... O cəhət yaxşıdır ki, hər hansı predmet və əşya barədə müəyyən əndazədə danışır, sözçülüyə yol verməməyə çalışırsan. Poetik ölçüləri gözləmək şerlərinin çoxunda bir məziyyət kimi nəzərə çarpır. Obrazlılıq, sözü sə- lis və poetik demək tərzi də xoşa gəlir. Hər şerindən uğurlu mi- sallar gətirmək mümkündür. Ancaq etiraf edim ki, şerlərin bir çoxunda müşahidə var, ideya və qayə var, lakin bunların bədii yekunu zəifdir».
     Göründüyü kimi, burada «bədii yekun» məfhumu öz daxili komponentlərindən təcrid edilmişdir və nəticədə də tənqidçinin göstərdiyi irad göydən asılı vəziyyətdə qalmışdır. Gənc tənqidçi Nizaməddin Babayev Qulu Xəlilovun bu ədəbi məktubundan bəhs edərək, bizcə, qarşıya çox təbii suallar qoyur: «Predmet və əşya barədə müəyyən əndazədə» danışıb, «sözçülüyə yol verməyən», obrazlılığı, sözü «səlis və poetik demək tərzi» ilə seçilən və bütün bir şer texnikasını «ideya və qayə» ilə birlikdə özündə əks etdirən şerlərdə «bədii yekunun zəif» olması nə deməkdir? Şer üçün ideya, qayə və poetik xüsusiyyətlərdən kənarda «bədii yekun necə və harada ola bilər?».
     Gənc tənqidçinin bu cür heyrətlənməsinə təəssüf ki, haqq qazandırmalıyıq və bu fakt bir daha bizə xatırladır ki, gənclərlə əlaqədar (və ümumiyyətlə!) elə yazmalıyıq ki, Nizaməddin Babayev də, onun yaşıdları cavan tənqidçilər də bu yazıları qabaqlarına qoyub cümlə-cümlə öyrənsinlər, gələcəkdə məhz belə səviyyəli məqalələr yazmaq həvəsi ilə alışıb-yansınlar, daha indiki halda olduğu kimi, həm də haqlı surətdə heyrətlənməsinlər.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.06.2014) | Müəllif: R.C E W
Baxış: 685 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more