Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Poeziyamızın bəzi yaradıcılıq problemləri (Məqalə)
<< 1 / 2 >>
POEZİYAMIZIN BƏZİ YARADICILIQ PROBLEMLƏRI
(«Şer axını». Nə etməli?)
1.


     Deyirlər ki, 20-ci illərin əvvəllərində Qarabağın mədəni mərkəzi Şuşa şəhərinə qastrola gəlmiş opera teatrı Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasını göstərməli imiş. Tamaşaya bir saat qalmış Məcnun rolunun ifaçısı nəyə görəsə əsəbiləşir və tamaşanı pozmaq məqsədilə səhnəyə çıxmayacağını söyləyir. Nə qədər edirlərsə də onu yola gətirə bilmirlər. Bu zaman onların yanına gəlib çıxan Ü.Hacıbəyov həmin aktyora deyir:
     -Sən çox da özünə güvənmə ki, səhnəyə çıxmasan tamaşanı saxlayacaqlar. Şuşada hər bulağın başında, hər tutun altında bir Məcnun oturub. Bu saat gedib birini gətirib səhnəyə çıxararıq.
     Bundan sonra aktyor səhnəyə çıxmalı olur, çünki o bilirdi ki, bu sözlərdə həqiqət var, Şuşa cavanlarının əksəriyyəti gözəl səsə malikdir və potensial opera aktyorlarıdır.
     Mən müasir Azərbaycan poeziyası haqqındakı qeydlərimi ona görə bu kiçik hadisədən başlayıram ki, çox zaman həmin hadisəni bir təskinlik kimi xatırlayıram - bizdə şer çox yazılır. «Çox» bəlkə də o söz deyil; bizdə şer həddən artıq yazılır. Həddən artıq yazılır və həddən artıq çap edilir.
     Bu yaxşıdır, yoxsa pis?
     Azərbaycan xalqı dünya mədəniyyətini zənginləşdirmiş böyük və qüdrətli bir poeziyaya malik şair xalqdır. Bu xalqın min ilə yaxın bir dövrdə yetirdiyi Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir kimi dahi sənətkarları, Homer, Dante, Şekspir, Hote, Puşkin kimi dühalarla bərabər, ümumbəşər poetik təfəkkür tarixində silinməz iz qoyub getmişlər.
     Bu baxımdan, yəni ənənə zənginliyi nöqteyi-nəzərindən Azərbaycan sovet poeziyasının yaranma dövründən - 20-ci illərdən etibarən bədii-estetik nailiyyətlər qazanması, inkişaf edərək sovet poeziyasının ən qüvvətli qollarından birini təşkil etməsi təbii və qanunauyğun haldır.
     Sovet poeziyasının H.Cavid, S.Vurğun, M.Müşfiq, Ə.Kərim kimi müxtəlif yazı tərzinə, müxtəlif temperamentə, müxtəlif özünüifadəyə malik klassik nümayəndələri, eləcə də müasir dövrdə yazıb-yaradan və eyni müxtəlifliklə bir-birindən seçilən müxtəlif nəsil nümayəndələrinin ən yaxşı əsərləri zamanın və ictimai quruluşun tələblərinə cavab verən yeni keyfiyyətli poeziya nümunələridir. Ə.Salahzadə, M.İsmayıl, İ.İsmayılzadə, V.Nəsib və b. kimi cavan şairlərin müvəffəqiyyətli şerləri məhz Azərbaycan sovet poeziyasının spesifikasından doğmuşdur.
     Təkrar edirəm: Azərbaycan xalqı şair xalqdır.
     Lakin şair xalq olmaq o deməkdirmi ki, müasir dövrdə hamı şer yazsın?
     Bu zaman şerin-sənətin qiyməti düşməzmi və hamının şer yazıb, şer çap etməsi bu xalqın ümumi şair ruhundan sui-istifadə olmazmı? Eyni zamanda estetik zövqümüzün korşalmasına, estetik hiss və həyəcanımızın kasıblaşmasına dəlalət etməzmi?
     Məncə, məhz belə olar. Bu fikir müasir poeziyamızın, daha dəqiq desək, bugünkü şer təsərrüfatımızın təcrübəsindən doğur.
     Burasını da qeyd edək ki, sənətin «şer axınına» çevrilməsi hadisəsi müasir dövrdə yalnız Azərbaycanla bağlı məsələ deyil. Əyanilik üçün bəzi faktlara müraciət edək.
     V.Roslyakov: «Bu gün şer axını qorxunc miqdara çatıb» («Literaturnaya qazeta», 14 iyul 1971-ci il).
     S.Rossadin V.Roslyakovla mübahisə edərək bu hadisədə heç bir «qorxunc» cəhət görmür («Literaturnaya qazeta», 4 avqust 1971-ci il).
     Litvalı M.Martinaytis S.Rossadinin fikrinə şərik çıxır («Literaturnaya qazeta», 1 mart 1972-ci il).
     Moldav V.Teleuke bunun səbəbini tənqiddə görür («Litera- turnaya qazeta», 1 mart 1972-ci il).
     Belorus şairi P.Pançenko («Literaturnaya qazeta», 15 sentyabr 1971-ci il) və Qaraçay tənqidçisi N.Bayramukova («Literatumaya qazeta», 22 sentyabr 1971-ci il) V.Roslyakovun flkrini müdafiə edirlər və s.
     Bütün bu müəlliflər ilk novbədə öz milli ədəbiyyatlarına isti- nad edirlər. Deməli, «şer axını» prosesi, yuxarıda yazdığımız kimi, yalnız Azərbaycanda deyil, Rusiyada, Litva, Moldaviya, Belorusiyada, Qaraçay ədəbiyyatında, bir sözlə, müasir sovet poeziyasında özünü göstərir.
     İstedadlı Qaraçay tənqidçisi N.Bayramukova düzgün yazır ki, «əlbəttə, şair olmaqdan ötrü xüsusi ali məktəb qurtarmaq, yaxud, ümumiyyətlə, rəsmi surətdə ali təhsil almaq vacib deyil).
     Lakin N.Bayramukovanın bu fikri, heç şübhəsiz, o da demək deyil ki, hər əli qələm tutan (o cümlədən, ali təhsillilər!) şer yaz- malıdır. Daha doğrusu, bu o demək deyil ki, hər əli qələm tutanın yazısı poeziya nümunəsi kimi əfkari-ümumiyə təqdim edilsin.
     Nə üçün vəziyyət belədir? Səbəbi araşdırmaqdan ötrü sosiologiyayamı əl atmalıyıq, psixologiyayamı müraciət etməliyik, pedaqogikayamı, yoxsa elə ədəbiyyatın özünə, ədəbi prosesə?
     Məncə belədir: bizdə şeri çox yazırlar, çünki şer haqqında az yazırlar - həm müstəqim və həm də məcazi mənada.
     Bu o deyən sözdür ki, poeziya haqqındakı məqalələrimiz bir tərəfdən bəhs etdiyi bədii obyektin miqdarına nisbətdə kəmiyyətcə azlıq təşkil edir, digər tərəfdən isə nəzəri-estetik keyfiyyət etibarilə narazı salır; bəzən şer təriflənir, yaxşı şer tənqid olunur; bəzən həm səciyyəvi yaxşı və həm də səciyyəvi pis şerdən sərf- nəzər edilir; bəzən təriflənən yaxşı şerin həmin təriflərlə bədii- estetik kamilliyi açılmır, nəticədə isə təriflə yox, difiramba ilə üzləşirik; bəzənsə tənqid edilən pis şerin məhz nə üçün olduğu və nə üçün tənqid edildiyi qaranlıq qalır.
     Şer isə yazılır. Əlbəttə, bütün bu yazılan şerlərin kəmiyyət çoxluğu keyfiyyət yüksəkliyi arasında vəhdət olsaydı, onda günlərimiz poeziya bayramları içində keçərdi. Təəssüf ki, indiki halda çox yazmaq anlayışı yazmaq anlayışının ekvivalenti kimi işlədilir, «pis» və «çox» qulaqlarımızda sinonim sözlər kimi səslənir.
     Bu gün Azərbaycanda humanitar elmlər sahəsində çalışan çox az adam, humanitar fakültələrdə oxuyan çox az tələbə tapılar ki, şer yazmasın. Mən hələ başqa sahədə çalışanları demirəm (misal üçün, riyaziyyatçı, yaxud geoloqlar; akademiklərdən tutmuş kiçik elmi işçilərədək...).
     Əlbəttə, bu faktı çılpaq şəkildə götürsək, öz-özlüyündə bir o qədər «qorxunc» deyildir. Bu o deməkdir ki, ziyalılar arasında sənətə, sözə maraq var, geniş oxucu kütlələri özlərinə bab poetik hisslərlə yaşayır. Lakin qorxunc deyil o vaxta qədər ki, həmin diletantlıq nümunələri, yuxarıda yazdığım kimi, əfkari-ümumiyə sənət nümunəsi kimi təqdim edilmir.
     Bu cür şerlərdən misallar gətirməyə ehtiyac hiss etmirəm (elə bilirəm ki, onları mətbuat səhifələrində bir dəfə oxumağınız kifayət edər!), həm də gələcəkdə bu tipli bəzi yazılara müraciət etməyə məcbur olacağıq. Yalnız bunu deyim ki, «Oxucularımızın yaradıcılığı», «Dinləyicilərimizin yaradıcılığı», demək olar ki, bütün qəzet və jurnallarımızdakı «İlk şer guşələri» kimi çox zaman əmilərin və xalaların, yaxud hələ 16 yaşı tamam olmamış uşaqların yazılarını çap edən rubrikalar hər gün bizə o qədər şer təqdim edir və bu şerlər əksər hallarda o qədər sönük və mənasız olur ki, hərdən, istər-istəməz, fikirləşirsən: axı, şer sənətdir, diş fırçası, yaxud kokteyl çubuğu kimi XX əsrin kütləvi tələbat məmulatı deyil.
     K.Simonov məqalələrindən birində sərrast yazır: «Şair tərcümeyi-halının başlanğıcı o deyil ki, şair özü nədən başlayır, bu odur ki, şair oxucuları üçün nədən başlayır» («Pravda», 9 mart 1972- cü il).
     Mənə elə gəlir ki, bizim ədəbi tənqidimiz, eləcə də həddi-büluğa çatmamış və yaxud yaşı ötmüş «həvəskarların» olsa-olsa yuxarı sinif şagirdlərinin ilk qələm təcrübəsi səviyyəli (bəzən isə ümumiyyətlə, heç bir səviyyədən sohbət gedə bilməz!) resenziyalarına səhifələrində yer verən hörmətli qəzet və jumal redaksiyaları öz fəaliyyətlərində bu həqiqəti əsas tutmalıdır.
     Yoxsa ki, iş o yerə çatır ki, heç kimə məlum olmayan «şairlərin» yazıları haqqında heç kimə məlum olmayan «tənqidçilərin» verdiyi təhlili mətbuat səhifələrindən oxuyub primitivliyə və dayazlıga heyrət edirik.
     Misal üçün, D.Məftun adlı müəllifin ilk şer kitabçasındakı şerlər bir-bir A.Abdullayev adlı birisi tərəfindən belə «təhlil» edilir: Şairin «Gedirəm» şerinə diqqət yetirək:
Mən getmirəm qəlblərə,
Ürəklərə dağ çəkəm.

     Şair «nahaq qanlar axıdan, göz yaşları tökən, ürəklərə dağ çəkən» imperialistlərin azad xalqlara qarşı törətdikləri ağır cinayətlərə öz etirazını bildirir. Şerin sonunda isə öz məqsədini aydın izah edir:
Mən sülhün bağçasmdan

Gül dərməyə gedirəm.
     Beləliklə, oxucu şairin xeyirxah məqsədini başa düşür (!!- E.)» («Azərbaycan müəllimi», 4 avqust, 1972-ci il).
     Beləliklə Göründüyü kimi, mühüm bir mövzunun çox dayaz, şablon və primitiv ifadəsi olan bu şer tənqid hədəfinə çevrilməkdənsə, öz səviyyəsinə uyğun «təhlilini» tapmışdır. Əlbəttə, söhbət nüfuzlu bir qəzet redaksiyasından getməsəydi, bu «təhlilin» üzərində dayanmağa ehtiyac yox idi. Lakin məsələ də burasındadır ki, ayrı- ayrı redaksiyalar elə bir xarab olmuş Sim-sim qapısıdır, onları açmaqdan ötrü heç bir parol (istedad) lazım deyil, kim istədi girir, kim istədi çıxır.
     Beləliklə Əks təqdirdə biz mətbuat səhifələrində şamaxılı 10-cu sinif şagirdinin sevgi məktubunu oxuyub, özümüzü naqolay hiss etməzdik:
Beləliklə Məndən soruşma gəl, axı nə bilim,
Başqası çirkindir, yoxsa göyçəkdir? (!)
Bu qəlb ki, eşqinlə alışıb, gülüm,
Bu göz özgəni görməyəcəkdir. (!)
 (O. Yusifoğlu, «Soruşma»").

     Göründüyü kimi, 10-cu sinif şagirdinin bu «and-amanında» adi vəzn pozuntusu var. Əlbəttə, vəzni pozmaq olar, amma bu şərtlə ki, ortada düşündürən bir fikir olsun; qoy hətta bəzən dil kələ-kötür olsun, qoy forma cəhətdən axsasın (əlbəttə, bütün bunlar olmasa daha yaxşıdır!), yəni təcrübəsizlik özünü göstərsin, hələlik (hələlik!) eyb etməz, lakin bütün bunların müqabilində, heç olmasa, düşündürən bir mətləb, kiçicik bir tapıntı olsun.
     Bəzən biz düşündürən bir söz, heç olmasa, kiçik bir bədii tapıntı əvəzinə, yeniyetmə həvəskarın başının ağarması, sevgilisinin vəfasızlığı haqqında primitiv və bayağı nəzmlər yazması faktı ilə qarşılaşırıq.
     Hərgah təcrübəli bir şair, deyək ki, Q.Qasımzadə öz ağ saçları haqqında şer yazırsa, bu ağ saçların «bəzisi yada salır ilk məhəbbəti»:
Bəzisi vay səsi, şivən səsidir,
Qara kağızların nişanəsidir.
Bəzisi atamdan ilk yadigardır –
Məzarına düşən birinci qardır -

deyirsə, biz şairin səmimiliyinə inanırıq, bu mövzunu qələmə almasına təbii qanunauyğun bir hal kimi baxırıq. Lakin 17-18 yaşlı bir yeniyetmənin müdriklik iddiası ilə başındakı qapqara saçlara böhtan atıb, «ağ saçlarından» yazması, yaxud «məhəbbətinin» daşlara dəydiyini xüsusi bir həvəs, hətta deyərdim ki, fəxrlə bütün aləmə bəyan etməsi son dərəcə anormal haldır.
     Mənə etiraz edib deyə bilərlər ki, Bayron, Lermontov, yaxud Bordler, Verlen hələ xeyli gənc ikən bu və ya digər dərəcədə ömrün ötüb keçdiyindən, gözəllərin vəfasızlığından, nakam məhəbbətdən və s. yazmışlar.
     Aydındır ki, hər bir dövrün, hər bir epoxanın öz bədii tələbatı var, bir əsr, 50 il, hətta 25 il əvvəlin belə poeziya qəhrəmanları bugünkü həmkarları ilə müqayisədə psixoloji keyfiyyətləriylə, dünyagörüşləriylə, təfəkkür dərəcələriylə xeyli fərqlənirlər. Bu günün poeziya qəhrəmanında dövrün, zamanın mürəkkəbliyindən, ümumi zehni inkişafın əldə etdiyi vüsətdən doğan analitik şüur, analitik hiss-həyəcan, təbii ki, üstünlük təşkil edir (və yaxud etməlidir!).
     Bu fikri daha da aydınlaşdırmaq istəyirəm.
     Hər bir epoxanın, hər bir dövrün sənətkar qarşısında qoyduğu əsas tələb budur ki, o, müasir dünyanı dərk etməlidir. Bu o deyən sözdür ki, sənətkar cəmiyyət və təbiət hadisələrinin yaşadığı dövr üçün səciyyəvi mahiyyətini anlamalı və məhz bu baxımdan bədii təqdir, yaxud təkdiri ilə çıxış etməlidir.
     Dövrün belə bir tələbi sabitdir, dəyişməzdir. Dövr özü isə dəyişir, dövrlər bir-birini əvəz edir, çünki həmişə sadədən mürəkkəbə doğru dialektik inkişafdadır.
     Deməli, dövrün dəyişkən təbiəti nəticəsində, hərgah dünən dünyanı dərk etmək üçün nisbətən az təcrübəli istedadlı bir şüu- run imkanları kifayət idisə, bu gün dünyanı dərk etmək üçün daha təcrübəli, istedadlı bir şüurun imkanları vacibdir. Sabah isə, olsun ki, ancaq qat-qat artıq təcrübəli, istedadlı bir şüur dünyanı dərk edə biləcəkdir.
     Bu gün on yaşlı uşaq bir əsr bundan əvvəlki on yaşlı uşaqdan qat-qat artıq bilir - gündəlik informasiya vasitələri öz işini görür, lakin o, dünyanı bir əsr əvvəlki həmyaşıdından artıq dərk edə bilmir, hətta əksinə, həyat təcrübəsi baxımından ondan geri qalır, çünki bizim müasirimizin gözlərinin qarşısındakı dünya elm və texnikanın, ictimai qanunauyğunluqların sürətli inkişafı sayəsində müqayisəedilməz dərəcədə mürəkkəbdir.
     Mənə elə gəlir ki, müasir dövrdə təbabətin inkişafında, insan ömrünün uzanmasında (bizdə orta göstərici artıq 70 ildir!) bu cəhət də təbii bir faktor kimi çıxış edir.
     Bu gün həvəskar yeniyetmə «ömrün ötən çağlarından» danışır, gözəllərin «qəddarlığından» dəm vurur, dünyanın «vəfasızlığından» şikayətlənirsə - bu, müasir dövrümüz üçün səciyyəvi olmayan və yuxarıda yazdığım kimi, anormal haldır.
     Mən bu məsələ üzərində ona görə belə ətraflı dayanıram ki, son illərdə «həvəskar» şairlərin yazıları - «şer axını» həcm və say etibarilə professional poeziyanı əməlli-başlı sıxışdırır.
     Belə bir prosesinmi deyim, cəhətinmi deyim, naqisliyi musiqimizdə artıq özünü qabarıq şəkildə göstərməkdədir: efirdə də, konsert zallarında da səhər-axşam belə «həvəskar bəstəkar» mahnılarını eşidirik və bədii-estetik zövqümüz bəzən o qədər kütləşir ki, professional musiqidən zövq almaq qabiliyyətimizi itiririk, onu yadırğayırıq, tramvayda da, evdə də, işdə də bu mahnıları zümzümə edirik, fıştırıqlayırıq, halbuki bir sıra hallarda nə Ü.Hacıbəyov musiqisinin mahiyyətinə vara bilirik, nə Q.Qarayevdən xəbərimiz olur, nə D.Şostokoviçdən, nə də ki, İ.Stravinskidən.
     «Həvəskar bəstəkar», «həvəskar şair» - bu nə deməkdir? «Oxucu yaradıcılığı» - bu necə yaradıcılıqdır? «Şair» məfhumu hər bir baxımdan «peşəkar» məfhumu ilə dialektik vəhdətdədir, necə ki, «yaradıcılıq» anlayışı yalnız sənətkarın fəaliyyətindən doğa bilər, yalnız və yalnız ona şamil edilə bilər.
     Mənə sual versələr ki, bəs necə olsun, ilk şeri professional şair çap etdirmir, onu təcrübəsiz şair, yeni yazan şair çap etdirir, ilk şeri isə çap etmək lazımdır, ya yox?
     Əlbəttə, lazımdır, lakin həvəskarlıqla təcrübəsizlik arasında xeyli məsafə və xeyli də fərq var. «Həvəskarlıq» «təcrübəsizliyə» qədərki məsafəni mətbuat səhifələrində deyil, yazı masası arxasında, kitabxanalarda, M.Qorkinin göstərdiyi «universitetlərdə» keçməlidir. Yalnız bu məsafə keçildikdən sonra ilk şer mətbuat üzü görə bilər və mətbuat heç vəchlə bu «çevrilmə prosesini» öz səhifələrində əks etməyə borclu deyil.
     Əgər belə olmasaydı, biz, sözün müstəqim mənasında misralarının biri dağdan, digəri arandan olan mənzum parçalarla rastlaşmazdıq:
Dedilər dağ yaxşı, aran yaxşıdır? (?)
Dedim ki, halımı soran yaxşıdır. (?)
Mənsiz, qarlı dağlar, haran (?!) yaxşıdır?
Bu da yaylaqların xətrinə dəydi. (!!)
 (Ə.Fərzəli, «Xətrinə dəydi»).

     Mən yuxarıda söylədiyim bir fikri daha da aydınlaşdırmaq istəyirəm: şer çox yazılır, çünki şer haqqında az yazılır. «Şer haqqında az yazılır» - dedikdə ədəbi tənqidin yalnız «şer axınına» münasibətini yox, daha artıq dərəcədə professional şerə, yəni müasir Azərbaycan poeziyasına münasibətini əsas götürürəm, çünki «şer axınına» sövq edən mühüm stimullardan biri, heç şübhəsiz ki, professional şerimizin naqislikləridir və hərgah ədəbi tənqid bu naqisliklərə qarşı aktiv mübarizə aparmırsa, istərstəməz, «şer axınına» şərait yaradır.
     Məsələ burasındadır ki, professional poeziyanın naqis cəhətləri «həvəskarlara» asan yollar göstərir və nəticə etibarilə «şer axını» meydana çıxır.
     Məhz bu baxımdan və bu səbəbə görə mən, müasir Azərbay- can poeziyasının bir sıra kəsir cəhətləri və çatışmazlıqları üzərində dayanmağı lazım bilirəm. Belə bir cəhd, təbii ki, poeziyamıza hörmət və məhəbbətin ifadəsidir.
     Biz qeyd etdik ki, poeziya Azərbaycan ədəbiyyatının ən qədim və qüdrətli sahəsidir. Olsun ki, elə buna görə də, müasir poeziyamıza qarşı tələblərimiz daha böyük və daha dərindir.
     Bu böyük tələblər baxımından müasir Azərbaycan poeziyası bir küll halında bizi təmin edirmi? - sualına, görünür ki, qəti bir sözlə («Bəli!», yaxud «Xeyr!») cavab vermək çox çətindir, çünki müvəffəqiyyətlərlə uğursuzluqlar yanaşı addımlayır, zirvələrlə uçurumlar arasındakı sərhəd bir o qədər də böyük deyil, təpəciklər çoxdur...
     Lakin bir cəhət şübhəsizdir - müvəffəqiyyətlərimizin bədii- estetik səviyyəsi yüksəkdir və elə məhz buna görə də uğursuzluqlar daha qabarıq nəzərə çarpır (Yaqo nə üçün bu qədər çirkab içindədir? Çünki Otello daha artıq dərəcədə təmizdir!).
     Müasir Azərbaycan poeziyasını bu müvəffəqiyyətlərlə, bədii- estetik səviyyə yüksəkliyilə bərabər, bir rəngarənglik, əlvanlıq xarakterizə etmədədir - mövzu rəngarəngliyi, forma əlvanlığı, üslublar müxtəlifliyi, poetik təfəkkür fərqi...
     «Müvəffəqiyyətlərlə, bədii-estetik səviyyə yüksəkliyilə bərabər» ifadəsi bəlkə bir o qədər də dəqiq deyilməmişdir, çünki, əslində, müvəffəqiyyətlər müxtəlifliklərin daxili vəhdətindən, harmoniyasından doğur, həmin rəngarənglik və əlvanlıq bu «yüksək səviyyəni» müəyyənləşdirən əsas komponentlərdəndir.
     Kiçik bir ekskurs:
     S.Rüstəmin, B.Azəroğlunun, T.Bayramın yaradıcılığındakı vətəndaşlıq pafosu...
     R.Rzanın, Ə.Kərimin, F.Qocanın, Ə.Salahzadənin poetik düşüncələri, fəlsəfi ümumiləşdirmə bacarıqları, hisslər aləminin mahiyyətinə varmaları...
     Ə.Cəmilin, N.Xəzrinin, C.Novruzun, N.Həsənzadənin, F.Sadığın predmetlər aləminə kövrək münasibəti...
     M.Rzaquluzadənin, T.Elçinin, X.Əlibəylinin, M.Əliyevin, İ.Tapdığın uşaq psixologiyasının dərinliklərinə enmələri...
     B.Vahabzadənin həyat hadisələrini yenidən kəşf etmək, elmi- texniki inkişafı mənalandırmaq cəhdi... M.Rahimin, H.Hüseynzadənin, M.Yaqubun aşiqanəlik əhvali-ruhiyyəsi, təbiəti duymaq və mənalandırmaq bacarığı...
     Və s. və i. a.
     Əlbəttə, bu «qruplaşma» şərtidir. Belə ki, Ə.Cəmilin yaradıcılığında vətəndaşlıq pafosundan, B.Azəroğlunun yaradıcılığındakı fəlsəfi ümumiləşdirmələrdən söhbət açmaq da, yəqin qanuna- uyğun olardı, necə ki, S.Rüstəmin məhəbbət lirikasından, M.Yaqubun təbiət vurğunluğundan, C.Novruzun poetik publisistikasından danışmaq.
     Digər bir ekskurs:
     R.Rzanın, B.Azəroğlunun, F.Qocanın, F.Sadığın sərbəst şerləri...
     N.Xəzrinin, Qabilin, Ə.Kürçaylının, M.Arazın, S.Tahirin, E.Mehdinin, X.Rzanın, T.Bayramın, M.İsmayılın hecası...
     S.Rüstəmin, M.Seyidzadənin, R.Zəbioğlunun əruzu...
     B.Vahabzadənin, C.Novruzun, A.Abdullazadənin destruktiv şer forması...
     Əlbəttə, bu «qruplaşmada» da bir şərtilik mövcuddur. Fəqət o dərəcədə yox, nə dərəcədə ki, mövzu-məzmun «qruplaşmasında»; çünki burada artıq bir spesifika - məxsusilik meydana çıxmışdır. Belə ki, sərbəst şer R.Rza poeziyasının estetik spesifikasını müəyyənləşdirirsə, heca şeri Ə.Kürçaylının, yaxud M. Arazın, S.Tahirin poetik məxsusiliyini təyin edir.
     Nəhayət, üçüncü bir ekskurs:
     Ə.Cəmilin, N.Xəzrinin, C.Novruzun, N.Həsənzadənin, F.Sadığın təhkiyəsindəki poetik sadəlik. . .
     Ə.Salahzadənin, İ.İsmayılzadənin, R.Rövşənin metaforalar aləmi...
     R.Rzanın, Ə.Kərimin, M.Arazın, V.Nəsibin, Ç.Əlioğlunun poetik obrazlar axını...
     S.Rüstəmin, T.Bayramın, S.Sərxanlının poetik sözü müstəqim deməsi... Şübhəsiz ki, bu qruplaşma da şərti xarakter daşıyır və ümumiyyətlə, bütün bu «qruplaşmalar» müasir Azərbaycan poeziyasının tam panoramını vermək fikrilə yox, həmin poeziyanın, yuxarıda yazdığım kimi, rəngarəngliyi, əlvanlığı haqqında təsəvvür yaratmaq üçün gətirilmişdir.
     Əlbəttə, bu rəngarəngliyin və əlvanlığın bütöv vüsətini görməkdən ötrü adını çəkdiyim şairlərin, eləcə də O.Sarıvəllinin, Z.Xəlilin, M.Dilbazinin, N.Rəfibəylinin, İ.Səfərlinin, B.Adilin, Q.Qasımzadənin, M.Gülgünün, Ə.Tudənin, İ.Kəbirlinin, Ə.Ziyatayın, T.Əyyubovun, N.Gəncəlinin, H.Ziyanın, A.Zeynallının, H.Billurinin, D.Ordubadlının, T.Mütəllimovun, R.Heydərin, A.Vəfalının, S.Əsədin, Y.Həsənbəyin, R.Zəkanın, V.Əzizin, A.Abdullanın, A.Əlizadənin, Ş.Aslanovun və bir çox başqalarının poetik «mən»lərinə bələd olmaq lazımdır.
     Tanış olmaq yox, məhz bələd olmaq, çünki bələdlik məfhumu tənqid və təsdiq üçün daha artıq şərait yaradır, məziyyət və kəsirləri daha dəqiq görməyə, istedad dərəcəsini seçməyə kömək edir və yalnız bu zaman məlum olur ki, söhbət şairdən (istedad sahibindən), yoxsa qrafomandan gedir.
     Mənə elə gəlir ki, müasir poeziyamızın naqis cəhətləri dedikdə, bu naqisliklər bir-biri ilə sıx surətdə bağlı iki amillə müəyyənləşir: sırf poetika məsələləri ilə əlaqədar kəsirlər və bir bədii-estetik kateqoriya kimi müasirlik anlayışının dərkindəki və bədiiyyatda əksindəki məhdudiyyətlə əlaqədar kəsirlər.

2.


     1971-ci ildə «Literaturnaya qazeta» öz səhifələrində «Poeziyanın məzmunluğu» mövzusunda çox maraqlı bir müzakirə açmışdı və həmin müzakirə zamanı V.Roslyakovun söylədiyi «əla yazılmış, lakin boş və cılız şerlər» fikri («Literaturnaya qazeta», 14 iyul, 1971-ci il) qızğın mübahisəyə səbəb oldu, bir sıra müəlliflər tərəfindən tənqid atəşinə tutuldu.
     Misal üçün V.Qusev: «Axı, bu nə deməkdir?» - sualını verir və sübut etməyə çalışırdı ki, əla yazılmış şer elə əla şerin özü deməkdir («Literatumaya qazeta», 28 iyul, 1971-ci il).
     N.Korjavin də eyni fikri söyləyirdi: «Belə şerlər (V.Roslyakovun xarakterizə etdiyi şerlər E.), şübhəsiz ki, yoxdur, yalnız əla şerlər əla yazıla bilər» («Literatumaya qazeta», 11 sentyabr, 1971-ci il).
     M.Lisyanski isə V.Roslyakovun bu fikri ilə razı olmasa da yazırdı: «Müasir dövrdə şer axınının versifikasiya səviyyəsi görünməmiş (!-E.) yüksəkliyə qalxıb» («Literaturnaya qazeta», 6 oktyabr, 1971-ci il).
     Mənə elə gəlir ki, bu yerdə M.Lisyanski V.Roslyakovun opponenti yox, müttəfiqi kimi çıxış edir. Doğrudan da, hərgah söhbət sənətdən yox, «şer axınından» gedirsə və bu axının «versifikasiya səviyyəsi görünməmiş yüksəkliyə qalxıb»sa, deməli, qarşımızdakı poeziya nümunəsi yox, pis mənada əsl peşəkarlıq bəhrəsidir.
     Mən V.Roslyakovun söylədiyi fikri məhz bu mənada başa düşürəm və onunla tamamilə şərikəm. Müasir poeziyada, o cümlədən, müasir Azərbaycan poeziyasında bu fikrə illüstrasiya olacaq şer nümunələrinə tez-tez rast gəlmək mümkündür, özü də yalnız «şer axmmdan» - «həvəskarların» yazılarından götürülmüş nümunələrə yox.
     Bizim bir sıra istedadlı şairlərimiz var ki, fitri vergilərinə arxayın olub öz üzərlərində işləmədiklərinə görə yazı mədəniyyəti anlayışmm zahiri cəhətlərini saxlamışlarsa da, daxili məzmununu, daxili sanbalını itirmişlər; dəqiq pərgar, əla keyfiyyətli karandaşla çəkilmiş çevrə, lakin bu çevrənin içi ağappaq, boş... Bu səpkili yazıların «versifikasiya səviyyəsi» «əla» olur, lakin buna baxmayaraq, şer bütünlükdə «boş və cılız» təsir bağışlayır.
     Bizim məşhur şairlərimizdən H.Hüseynzadənin «Soruş» şerini misal gətirmək istəyirəm:
Dedim: - Yol, nə uzandın?
Uzanıb nə qazandın?
Dedi: - İncimə məndən,
Bunu yoxuşdan soruş.
Dedim: - Yoxuş, nə oldu?
Ayaqlarım yoruldu.
Dedi: - Mənə nə var ki,
Torpaqdan, daşdan soruş.
Dedim: - Torpaq, nədir, sən Belə tərslik edirsən?
Dedi: - Bu ağırlığı Qardan, yağışdan soruş.
Dedim: - Qar, dincəl bir az,
Belə bağlamaq olmaz.
Dedi: - Bu vəziyyəti Qış gəlib, qışdan soruş.
Yol güldü, yoxuş güldü, Qar güldü, yağış güldü.
Üstümə birdən-birə Payız güldü, qış güldü.
Dedilər: - Ay Hüseyn,
Bu sirri, bu hikməti Yaş ötüb, yaşdan soruş.

     H.Hüseynzadənin yaradıcılığına xas olan poetika gözəlliyi, axıcılıq, səmimilik bu şerdə də özünü göstərir. Lakin bu şer artıq illərin ağırlığını hiss edən, yaşa dolmuş bir müasir sənətkarın etirafı səviyyəsinə yüksələ bilmişdirmi? Burada müdriklik varmı? Müdriklik və poeziya gözəlliyi - budur əsl poeziya. Müdriklik - məzmun dolğunluğu, fikir sanballığı, hiss-həyəcan vüsətidir. Müdriklik - müasirlikdir.
     Müasir şer, intellektual, analitik şerdir və bu, antik dövrdən, orta əsrlərdən tutmuş hər bir epoxanın sənəti üçün səciyyəvidir. Müasirlik - şerin qəhrəmanı ilə yüksək səviyyəli müasir oxucu arasında təfəkkür dərəcəsinin vəhdəti, bir-birinin tamamlanması deməkdir. Axıcılıq öz-özlüyündə bir heçdir və özünü hədəfə çevirərkən yalnız bədii cəfəngiyyata gətirib çıxarar. Misal üçün, təbiəti tərənnüm edən gözəl şairimiz M.Yaqubun «Cokonda» şerində poetik axıcılıq, texniki səliqə-sahman heç bir irada əsas vermir, lakin bu axıcılıq və bu səliqə-sahman - «versifikasiya səviyyəsinin yüksəkliyi», öz-özlüyündə «əla yazılış» həmin şerdə tamamilə bayağılığa xidmət edir, bu bayağılığa bəzək-düzək verir, sığal çəkir.
     İntibah dövrünün dahiyanə əsəri ilə əlaqədar atom əsrinin şair oğlu nə deyir. Biz Cokondanın «dodaqlarının qızılgül qönçəsi» olduğunu oxuyuruq, «buxağında o güldən bir qırış (?) almasını», eləcə də «bənövşədən utancaq bir duruş almasını» (!) oxuyuruq, daha sonra isə şair deyir:
Səni kim qoyubdur gözlədə-gözlədə, intizar-intizar?
Sən demə ki, dilim yox danışım, dərdləşim,
Gözəllərdə qaydadır Qaşla da, gözlə də danışar,
Cokonda!

     Bundan sonra şeri axıra qədər oxumaq da istəmirsən, çünki bu yazının meşşan ruhu, obıvatel mahiyyəti, bayağılığı həmin məşhur rəsm əsərindən aldığımız estetik zövqü, hissimizi təhqir edir. İstər-istəməz, fikrən şairə müraciət edirsən: «Hörmətli Musa Yaqub! Söhbət Sizin kimi istedadlı, təbii, necə deyərlər, anadangəlmə şairdən gedirsə, hər bir şerinizə bədii-estetik tələbimiz də böyükdür. Uman yerdən küsərlər. Nə üçün Sizin poetik özünüifadənizə yad olan mövzulara əl atırsınız? Axı, bu, Sizin bir şair kimi özünütəsdiqinizə xələl toxundurur».
     Əlbəttə, bütün bunlar o demək deyil ki, şair N.Korjavin kimi birtərəfli hökm verək: «Poeziya hər şeydən əvvəl məzmundur» («Literaturnaya qazeta», 11 sentyabr, 1971-ci il).

     Poeziya, hər şeydən əvvəl, məzmun və yenə də hər şeydən əvvəl, həmin məzmunu şer edən bədii təsvir vasitəsidir. Yəni belə məlum bir həqiqət ki, sənətin qadirliyi məzmunla formanın vəhdətindən, uyarlığından doğur.
     Artıq o vaxtlar çoxdan keçmişdir ki, mövzunun aktuallığı, söylənən fikirlərin məqbulluğu, siyasi-ictimai-etik platformanın əlverişliliyi poetik sönüklüyü adlayıb sənətə meydan oxusun. Bu gün aktual, məqbul və əlverişli qrafoman yazısına heç bir ehtiyac yoxdur və ən başlıcası isə heç bir güzəşt olmamalıdır. Dövrün, zamanın məzmunu dəyişmişdir. Bugünkü oxucunun şüuru formalaşmış, siyasi-ictimai-etik platforması çoxdan müəyyənləşmişdir və artıq naşı qələminin göstərdiyi çılpaq siyasi-etik istiqamət ona lazım deyil.
     Bu gün şairlik sənəti, olsun ki, başqa dövrlərə nisbətən daha artıq mürəkkəb, daha artıq çətin və müşküldür. Bu gün sən təbiəti elə təsvir etməlisən, elə güclü bədii boyalar və tutarlı fikirlər tapmalısan ki, təbiətin fizika ilə, fizikamn fəlsəfəsilə məşğul olan, yerin qatlarından tutmuş sinoptikayacan hər şeyi dərindən bilən, süni yağış yağdıran, süni mayalanma aparan müasir oxucuya təsir edə bilsin, onu fikirlərinin prozasından çıxarıb poeziya aləminə gətirə bilsin.
     Sən ayı-ulduzu elə vəsf etməlisən ki, nəinki evdə oturub televizor vasitəsilə Ay səthinə tamaşa edənlər, hətta kosmosu fəth edən şüurlar da sənin şerini oxuyarkən bu səma cisimlərinə hesablayıcı-elektron maşınların gözü ilə yox, poeziyanın nəzərləri ilə baxa bilsin, yəni poetik söz düstur və formullar müqavimətini sındıracaq qüvvəyə malik olsun.
     Sən öz siyasi-etik-estetik konsepsiyanı, idealını, amal və məsləkini elə yüksək bədiilik və müdrikliklə bəyan etməlisən ki, Osvensim sobalarının tüstüsünü görmüş, professor Petruççinin təcrübələrinin, həkim Bernardın cərrahiyyə əməliyyatlarının şahidi olmuş, başqa sivilizasiyalarla əlaqə yaratmaq barədə real dü- şüncələrə dalmış müasir oxucu sənin poetik sözünə inansın, bu sözə etibar və hörmət etsin, ondan zövq alsın.
     Ə. Naxçıvanlı «Əyilmərəm» adlı şerində yazır:
Polad kimi ortadan
Sınaram, əyilmərəm.
Bilsəm kül olacağam,
Yanaram, əyilmərəm.
Vüqar miras qalıbdır
Mənə mərd babalardan.
Yerimdə heykəl kimi
Donaram, əyilmərəm!

     Əlbəttə, şairin qəhrəmanının əyilməmək əzmi, «mərd babalardan miras qalmış vüqara» xəyanət etməməsi təqdirəlayiqdir, lakin bu əzəmət, bu etiqad öz bədii təcəssümünü tapmışdırmı? Yox, tapmamışdır, bu misralar bizim nəzərimizdə, kobud şəkildə desəm, sadəlövh lovğalıqdan başqa bir şey deyil və məhz buna görə də nida işarəsinə baxmayaraq, burada deyilənlərə tamamilə biganəyik; heç vəchlə əmin deyilik ki, bu şerin qəhrəmanı «polad kimi ortadan» sına bilər, yanıb kül ola bilər, amma əyilməz; biz əmin deyilik, ona inanmırıq, çünki bu misraların bədii siqləti dövrün tələbatı müqabilində bir heçdir.
     Yalnız böyük fikirlərdən, poetik tapıntılardan, yaşayışın məna dərinliklərinə varmaqdan və bütün bunların eyni hüquqlu tərəf müqabili olan yüksək səviyyəli təsvir vasitələrindən doğan bədii siqlətə nail olduqdan sonra, yəni şair sözü ilə oxucu tələbatı arasında vəhdət əldə edildiyi zaman həqiqi poeziya nümunəsi yarana bilər.
     Belə bir vəhdətə nail olmaq üçün, belə bir bədii siqləti əldə etmək üçün mütləq parlaq hadisələrə, mütləq ay süxurlarına və yaxud Qafqaz sıra dağlarına müraciət etmək vacib deyil.
     Şair istedadı, poetik təxəyyül elə bir vergidir ki, ən prozaik həyat hadisələrinə, hətta ən adi əşyalara, gündə təsadüf etdiyimiz məişət detallarına belə bizim görə bilmədiyimiz (lakin bizi düşündürə biləcək!) poetik, bəşəri-fəlsəfi məna verə bilir.
     Mərhum Əli Kərimin məşhur «Daş» şerini, yaxud yenə də bu böyük şairin ölümündən sonra çap olunmuş «Metronun yaylı qapıları» şerini xatırlayaq:
Adam var bu qapıları açar, bir az saxlayar, deyər:
«Birdən arxadan gələnə dəyər»,
Bəzən heç dönüb baxmaz da.
Heç özü bilməz də kimdir:
dostdur, yoxsa düşmən.
Qapını yavaş-yavaş buraxar əlindən.
Eləsi də olur ki, tələsik özünü içəri soxur.
Elə bil, heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki, insanların alnına.
Qapılar açılır, örtülür, gah sürətlə, gah asta:
Gah bu geniş dünyada.
Gah da yerin altında.

     Q.Kozintsevin - bu istedadlı sənətkarın və mütəfəkkirin gündəliyində belə bir cümlə var: «Pastemak şerin məziyyətini deyilməmişin deyilmişdən üstün olmasında görürdü».

     Ə.Kərimin yuxarıdakı şeri, məncə, bu fikri doğuran poeziya nümunələrindəndir və eyni zamanda, poetik deduksiyanın qadirliyini əyani şəkildə göstərir.
     Bu baxımdan V.Sokolovun Y.Yevtuşenkonun yaradıcılığından bəhs edən məqaləsindəki belə bir etirafı mənə qəribə göründü: «O şairlər mənim xoşuma gəlir ki, qarşılarına böyük vəzifələr qoyurlar».
     Hərgah söhbət əsl sənətkardan gedirsə, məgər elə şair, yaxud yazıçı, rəssam, bəstəkar tapmaq mümkündürmü ki, qarşısında «böyük vəzifələr» durmasın? «Böyük vəzifələr» sənətin özünün, o cümlədən də poeziyanın qarşısında durur; intimliyindən, yaxud siyasiliyindən asılı olmayaraq, poeziyanın mahiyyəti böyük vəzifələr tələb edir. Məncə, sənətin bu cəhəti o dərəcədə qanunauyğundur ki, sövqi-təbii səciyyə daşıyır. Mən inanmıram ki, Y.Yevtuşenko, yaxud poeziyasına hörmət etdiyimiz V.Sokolovun özü yazı masasının arxasında əyləşərkən, əvvəlcə qarşılarına «böyük vəzifələr» qoyub, sonra yaxşı şerlərini yazırlar.
     Məhz sənətin mahiyyətindən doğan bu spesifik cəhətlə əlaqədardır ki, böyük sənətkarlar heç zaman heç bir çərçivəyə sığışmır, onların yaradıcılığı hər hansı qəlib daxilinə salına bilmir. Bu dəfə Y.Yevtuşenkonun V.Sokolov haqqındakı məqaləsindən bir sitat gətirmək istəyirəm: «Ola bilsin ki, mənim fikrim bəzi ədəbiyyatşünaslara mübahisəli görünsün (şəxsən mənim üçün burada mübahisəli bir şey yoxdur - E.), lakin mən elə bilirəm ki, böyük yazıçılar, hətta ədəbi döyüşlər zamanı hər hansı məktəbə mənsub olduqları barədə qəti deklarasiyalarla çıxış etsələr belə, heç zaman məktəblər çərçivəsinə sığışmırlar».
     Hərgah şair təfəkkür etibarilə bizim müasirimizdirsə, onun fitri istedadı vəhdət təşkil edirsə, deməli, «böyük vəzifələr» onun misralarının canına hopmuşdur və bu misraları qələmin ucuna gətirən, şairi «məktəblər çərçivəsinə sığışmayan böyük yazıçı» edən əsas amillərdəndir; «böyük vəzifələr» müasirlik kateqoriyasının, müasirlik isə istedad anlayışının komponentlərindəndir.
     Müasirlik bugünkü fəlsəfi-əxlaqi yüksəklik səviyyəsində da- yanmaq deməkdirsə, sənətkar müasirliyi həmin fəlsəfi-əxlaqi yüksəkliyin özünə belə daha ucadan baxmaq deməkdir. Bu ucalığı yalnız xarici effektlə - yeni fakturalı bənzətmələrlə, elmi-texniki tərəqqinin yaratdığı anlayış və istilahları sadalamaqla, müasir informasiya vasitələrinin insan şüuruna görünməmiş hücumunun bəhrəsi kimi faktları, rəqəmləri bir daha təkrar etmək və bununla təsvirini vermək yoluyla əldə etmək mümkün deyildir.
     Y.Vinokurovun «mənə elə gəlir ki, poeziya XIX əsrdə düşünüldüyü kimi, xəyalpərəstlik və fantaziyaya dalmaq deyil, poeziya şair psixikasının dürüst, demək olar ki, elmi dəqiqliklə analizidir, poeziya sənəddir» - sözlərində həm XIX əsrdə, həm də müasir dövrdə poeziyanın predmetilə əlaqədar ifrata varmaq özünü göstə- rirsə də, onun müasir poeziyamızın əsas cəhətini təsvirçilikdə görməsi, «Faktlar, faktlar və yalnız faktlar təsvir edilir. Halbuki faktın mahiyyətini, faktın mənasını vermək lazımdır» - fikri, məncə, tamamilə dogrudur.
     Faktların təsviri, məlumat özünühədəfə çevrildiyi zaman, təbii ki, istənilən emosional qüvvəyə malik olmur, istənilən bədii effekti vermir. Bəzən elə olur ki, ən müasir anlayış və istilahlara istinad edilən, deyək ki, metaforalar üzərində başımızı çatladır, təfəkkürümüzü cəmləşdirib və nəhayət, bu bənzətmənin urbanist mahiyyətli soyuqluğu ilə bərabər primitivliyini (pijonluğu) duyuruq; bir təminatsızlıq çökür ürəyimizə, halbuki sərrast deyilmiş dədə-baba fakturalı bir bənzətmə, deyək ki, O.Sanvəllinin:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni.

     -litotası qarışqanın qocalığına, yağışın qədimliyinə baxmayaraq, bizə təsir edir, çünki islanıb cücəyə dönmüş lirik qəhrəmanın yumor çalarlı poetik əhvali-ruhiyyəsini hiss edirik.
     Təbii ki, mən, mərhum professor Cəfər Xəndanın cavanlıq illərində yazdığı «Kəndə, kəndə və yenə də kəndə!» - çağırışını yeni adaptasiyada meydana atmıram, yəni traktorlardan, avtomobillərdən, təyyarələrdən, süni peyklərdən düşüb qarışqaların belinə minmək təklifini irəli sürmürəm. Əksinə, öz poetik misralarımızda səsdən sürətli təyyarələrə minək (və minməliyik!), kosmosa uçaq (və uçmalıyıq!), Ayda maşın sürək (və sürməliyik!), bədii təsərrüfatımızda kibemetikanın nəfəsi duyulsun, elektron-hesablayıcı maşınlar yaradaq, aydan gətirilmiş süxurları laboratoriya analizlərindən keçirək, bir sözlə, müasir həyatdan geri qalmayaq, lakin bütün bunları süni şəkildə etməyək, bunlar bizim misralarımızda yalançı deyil, həqiqi bədii ifadəsini tapsın. Biz nədən və niyə yazdığımızı bilək, başa düşək. Elmi-texniki inqilab dediyimiz anlayış bizim misralarımızda fəlsəfi-əxlaqi vüsətini, poetik inikasını tapsın, yəni həmin anlayışın mahiyyətini dərk edək, qələmə aldığımız fakturanın adını, xarici görkəmini, dumanlı şəkildə vəzifəsini bilməklə kifayətlənməyib, onları müasir ictimai-fəlsəfi fikirlə, müasir əxlaqla, ictimai formasiyalarla vəhdətdə, qarşılıqlı təmasda götürək və yalnız bundan sonra həmin istilah və anlayışları bədii özünüifadəmizin estetik komponentlərinə çevirək.
     Belə olmadıqda, yəni bədii təfəkkürümüz yuxarıda göstərdiyim mənada müasir şüurun bəhrəsi olmadıqda, bugünkü poeziyamızda belə bir təsnifatla qarşılaşırıq:
     a)müasir fakturadan zahiri istifadə, yalançı müasirlik;
     b)ən adi müasir gerçəklik qarşısında primitiv heyrət, şişirdilmiş dəhşət, yalançı fəlsəfəçilik;
     c)zaman kateqoriyasından, dövrün tələbindən sərf-nəzər etmək, bayağılığa yuvarlanmaq, ara söhbətlərini şerə gətirmək, cananın yanağında xal axtarmaq və yaxud daha bu xalı axtarmadığını fəxrlə bəyan etmək.
     Ən pis cəhət isə budur ki, «a»-nın «a» zövqlü və «a» səviyyəli, «b»-nin «b» zövqlü və «b» səviyyəli, «v»-nin isə «v» zövqlü və «v» səviyyəli auditoriyası yaranmışdır.
     Məhz bu təsnifatın prinsiplərindən çıxış edərək, müasir Azərbaycan poeziyası üçün səciyyəvi saydığım bəzi kəsir cəhətlər üzərində dayanmağa ehtiyac duyuram.

3.


     M.Yaqubun 35 misralıq «Yaşıl pərdələr» şerinin məzmunu bundan ibarətdir ki, «uzanıb yol boyu yaşıl ağaclar», yarpaqlar yolun hər iki tərəfinə «yaşıl pərdə» çəkib və buna görə də biz brakonyerlərin meşəni tələf etdiyini görmürük:
Baltalar, mişarlar yenə işində,
Bulaqlar quruyar,
Cüyürlər mələr.
Eh, yaşıl pərdələr, yaşıl pərdələr...

     Məlumdur ki, təbiətin çirklənməsi, flora və faunanın tələf olması müasir dövrümüzdə hamımızı dərindən düşünməyə vadar edən mühüm ictimai-etik məsələlərdəndir. Şairlərin bu mövzuya müraciət etməsi qanunauyğun və vacibdir, lakin bu şərtlə ki, şair sözü bizim qəlbimizə hakim kəsilsin, elə söz oxuyaq ki, o bizi bəzən qədrini bilmədiyimiz və qiymətləndirmədiyimiz təbiətin qarşısında vicdan əzabı çəkməyə vadar etsin.
     Hərgah biz ağacların adlarını sadalayır və onların qırıldığını bədii-estetik kasıblıqla bir daha oxucunun nəzərinə çatdırırıqsa, meşənin özündən özünə şikayətlənməsindən başqa heç bir bədii- fəlsəfi ümumiləşdirməyə, yadda qalacaq heç bir poetik sözə rast gəlmiriksə, mən öz tərəfimdən M.Yaqubu əmin edirəm ki, onun və bizim çox sevdiyimiz meşənin problemləri haqqında adi qəzet məqaləsi yazmaq daha tutarlı və daha xeyirli olar, nəinki «eh, yaşıl pərdələr, yaşıl pərdələr» kimi acizanə təəssüfümüz.
     Yuxarıda qeyd etmişəm ki, M.Yaqubun təbiəti tərənnüm edən gözəl, təbii və təsirli şerləri çoxdur. Lakin o yerdə ki, bu şair ictimai motivlərə toxunur, fəlsəfəyə meyl edir, sənət haqqında söz deyir, bədii təfəkkür məhdudluğu özünü büruzə verir. Nə qədər təəccüblü də olsa, şair özü «Mənim kainatım» adlı şerində, istər-istəməz, bu fikri doğuran səbəbləri aydınlaşdırır: «dünyaya hayla, harayla gəlmədiyi bir sakit guşəni» poetik dillə təsvir edir, bü «guşə» ilə təmasını yaxşı bir bədiiliklə göstərir, lakin birdən- birə belə bir fikri ümumiləşdirməyə gəlib çıxır:
Hansı çiçəklər ki, burda uyuyar,
O çay ki, yanımdan axar sübhədək;
O yer ki, nəğməmi eşidib duyar,
Mənim kainatım bunlardır demək.

     Deməli, şairin kainatı «sakit bir guşə»dir - onu «duyan» çəmənlik, «burada uyuyan çiçəklər» və «sübhədək axan çay». Bizcə, öz kainatını bu qədər məhdudlaşdırmaq, daha doğrusu, poetik kainatının belə bir məhdudluğundan qorxuya düşmək- dənsə, vəcdə gəlmək, yuxarıda haqqında bəhs etdiyimiz «Cokonda» şerini meydana gətirən səbəblərdəndir. Füzulinin lirik qəhrəmanı deyirdi:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

     Yarın yaşadığı küçəni öz vətəni adlandırmaq Füzuli lirik qəhrəmanının - aşiqin böyüklüyü, nəhəngliyi idi; çünki bu, lokal mahiyyətli bir eşq deyil, həyatın, yaşayışın ülviyyət, paklıq, təmizlik leytmotivi idi; bu, bəşəri məhəbbət idi; bu, aşiqin mənəvi «kainatının» hüdudsuzluğundan doğan bir etiraf idi.
     Bizim müasirimizin isə, təkrar edirəm, kainatı anadan olduğu xüsusi bir «guşədə» «uyuyan» çiçəklər və həmin kiçik coğrafi ərazidə axan çaydırsa-bu çox pisdir; bədii məğlubiyyət üçün münbit zəmin yaradır.
     Məmməd Cəfər Azərbaycan yazıçılarının V qurultayında müasir poeziyamız haqqındakı məruzəsində deyirdi: «Poetik istedadın dərəcəsi dərin idrak qabiliyyəti ilə, mürəkkəb həyat hadisələ- rinə və insan mənəvi aləminə baş vura bilmək qabiliyyəti ilə ölçülür. Şairlik istedadı çoxlarında ola bilər, lakin istedad nəyə sərf olunur? İstedadın dərəcəsi bu sualın cavabı ilə müəyyən edilir. Poetik istedad bir bənövşənin, bir nərgiz gülünün, bir gözəlin təsvirində də özünü göstərə bilər, ancaq əgər bu istedad sözün həqiqi mənasında müasir ictimai həyatın böyük problemlərindən yazmırsa və baş çıxara bilmirsə, böyük istedad sayıla bilməz. Şair sosioloq, psixoloq mütəfəkkir olmalıdır. Əgər o, təfəkkür sahibi deyilsə, onun şerlərindən fayda hasil olmaz».
     M.Cəfərin bu sözləri müasir Azərbaycan poeziyasına yaxından bələdçiliyin, bu poeziyanın kəsir və çatışmazlıqlarını sərrast tənqidçi-alim gözü gilə görməyin bəhrəsidir, çünki həmin sözləri müasir poeziyamızın bugünkü təcrübəsi doğurur və təsdiq edir.
     İstedadı öz təbiətinə müvafiq istiqamətdə inkişaf etdirmək həmin istedad sahibindən geniş dünyagörüş, savad, M.Cəfərin dili ilə desək, təfəkkür tələb edir. İstedadın istiqamətindən sapınmaq, onun təbiətinə yad motivli yad notlara qapılmaq, ögey mövzulara uymaq təcrübəli qələmin məhsulu olarkən belə, bədii məğlubiyyətə gətirib çıxarır.
     Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasında tutduğu mövqe yüksək və mötəbərdir. Bu gün Azərbaycanda onun şerinin auditoriyasına say etibarilə azərbaycanlılardan qat-qat çox olan xalqlara mənsub istedadlı şairlər qibtə edə bilər. Mən bunun şahidiyəm ki, onun çoxtirajlı şer kitabları bizim bir çox digər şairlərimizin kitabları kimi Şəkidən tutmuş Şamaxıyacan, Şuşadan tutmuş Lənkəranacan, Naxçıvandan tutmuş Qubayacan kitab mağazalarında yatıb toz çəkmir, alınır, oxunur, sevilir. Mən bu sözləri aşağıdakı tənqidi mülahizələrimə zireh çəkmək məqsədilə yox, obyektiv gerçəklikdən çıxış edərək yazıram.
     Kütləvilik, bizə məlum olduğu kimi, həmişə keyfiyyətin tam, dəqiq göstəricisi deyildir. Auditoriya geniş olduqca da zövqlər müxtəlif, dünyagörüş müxtəlif, sənətə tələbatın çəkisi, təfsir müxtəlifdir və olsun ki, elə məhz buna görə də bəzən (əlbəttə, həmişə yox!) geniş auditoriyalı «kütləvi» sənətkarların yaradıcılığında ziddiyyətlər, zirvələrlə bərabər çökəkliklər də özünü göstərir.
     Bu cür ziddiyyətlər, yaradıcılıq nailiyyətləri ilə bərabər, bədii məğlubiyyətlərə bəzən B. Vahabzadənin yaradıcılığında da təsadüf edirik.
     Mən eyni bir qəzet nömrəsində çap olunmuş «Tufanlara tapşırmışam və «Elə böyüdük ki...» adlı iki müxtəlif xarakterli şer üzərində dayanmaq istəyirəm. Bu iki şer həm misralarını sərrast deyib, müasir oxucunu həqiqi surətdə düşündürən, ona həqiqi surətdə təsir edən, onu ələ alan istedadlı və bişmiş qələmə malik şair B.Vahabzadəni, həm də süni fəlsəfəçiliyə meyl edən arxaik sözlərlə, mücərrəd anlayışlarla, poetika ilə sadəlövh oxucunu heyrətləndirən, deyilmiş kəlamların variasiyalarıyla çıxış edən şa- ir B.Vahabzadəni bizə təqdim edir. Əlbəttə, bu zaman biz - onun yaxşı şerlərini sevənlər - təcrübəli bir şairin - müasir oxucunun bədii-estetik tələbatını təmin edə biləcək bir şairin - öz poetik istedadından düzgün istifadə etmədiyinə, ilhamını düzgün istiqa- mətləndirmədiyinə yalnız təəssüf edirik. Doğrudan da, hərgah «Tufanlara tapşırmışam...» şeri nə qədər təbiidirsə, yalançı fəlsəfəçilikdən uzaqdırsa, hətta mən deyərdim ki, müasir sənətkarın individual həyat və yaradıcılıq himni səciyyəsindədirsə, «Elə ki...» şerində mücərrəd mühakiməyə və fəlsəfəçiliyə yol verilmişdir; buna görə də, böyük bədii-fəlsəfi iddiada olduğu halda, səviyyəsiz və primitiv görsənir, hərçənd şair bu şeri
İnsanam,
Yox ikən var olmuşam mən.

-kimi gurultulu və tanış (Hüseyn Cavidin «Dünyaları yoxdan yaradan, ey ulu Tanrı» misrasını xatırlayaq) misralarla başlayır, insanın «ən böyük adı» olan «Neçin?» sualını «mübhəm» kimi təmtəraqlı (və arxaik) bir sözlə səciyyələndirir.
     Mən A.Vahabzadə «Tufanlara tapşırmışam...» şerində:
Sığınmadım o bucağa, bu bucağa.
Qalxdım dağa,
Endim düzə.
Gəzə-gəzə
Bu dünyanı
Yaşamadım səyyah kimi.

-deyirsə, bu sözlərin «gəlişi gözəllik» xətrinə yox, həqiqi şair etirafı olduğuna, hər şeydən əvvəl, ilk növbədə həmin şerin bə- dii-estetik sanbalı bizi inandırır; çılğın sənətkar qəlbinin poetic ifadəsi bizi inandırır. B.Vahabzadənin istedadı yalnız bu zaman özünü parlaq şəkildə göstərə bilir. «Elə böyüdük ki...» şerində verilən:
Yer nədir?
Göy nədir?
Bu torpaq nədir?
Ölüm nə?
Həyat nə?
Yaşamaq nədir?
İlk nədir?
Son nədir?
Gün nə?
An nədir?
Gecə nə?
Gündüz nə?
Bu dövran nədir?

-kimi sual-misralar isə onun poetik istedadını əyaniləşdirməyə xidmət etmir. Şair bu suallara cavab axtaran insanın təkamülünü göstərmək istəyirsə də, həmin sualların bugünkü mənası və bu şerdəki bədii qüdrəti zəkanın təkamülünü göstərib müasir oxucuya təsir edəcək, onu düşündürəcək iqtidarda deyil.
      «Neçin?», «nədir?» sualları sənətin yaranma dövründən bu tərəfə bütün böyük sənətkarları düşündürmüşdür. Özü də yalnız sənətkarlarımı? Elmin, texnikanın hər hansı bir sahəsində bu gün əldə etdiyimiz nailiyyətlər məhz həmin suallara verilən cavablar deyilmi? Bu suallarla əlaqədar sənət ictimai quruluşlar (quldarlıq, feodalizm, kapitalizm) arasında, sənət zaman kateqoriyası arasında, sənətkarla təbiət hadisələri (qocalıqdan, ölümdən tutmuş təbii fəlakətlərədək) arasında konflikt qüdrətli ictimai-fəlsəfi poeziya nümunələrinin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, bu sualların bədii həlli ictimai-fəlsəfi fikrin inkişaf göstəricisi səviyyəsinə yüksəlmişdir.
     Heç rəvadırmı ki, hələ altı əsr bundan əvvəl - XIV əsrdə böyük Nəsiminin qələmi ilə «Nədir?» sualını:
Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?
Künbədi-çərxi-fələk, gərdişi-dəvvar nədir?
Bu doquz çərxi-müəlləq nədən oldu tərtib,
Fələk altında dönən kövkəbi-səyyar nədir?
...Dinü imanü namazü həccü ərkanü zəkat,
Zöhdü təqvavü şəriət qamu göftar nədir?
...Odü su, torpağü yel adı nədəndir, adəm?
Ana səcdə nə içün, iblisə inkar nədir?
Günəşin qürsü nədən yer üzünə şölə verir,
Ya bu bir məşələdə nur nədir, nar nədir?
...Ayü gün əxtərü əncüm nədən oldu izhar,
Şöleyi-şəmsü qəmər, pərtəvi-ənvar nədir?

-kimi bədii-fəlsəfi qüdrətə malik bir şəkildə sənət aləminə gətirən Azərbaycan poeziyası bu gün təzədən «Yer nədir?», «Göy nədir?» kimi sualları təkrar etmək məcburiyyətində qalsın?
     Azərbaycan sovet poeziyasında bu xoşa gəlməyən, zərərli təmayül-fəlsəfəçiliyə, təkrar düşüncələrə meyl yeni yazmağa başlayanların da şerində özünü göstərdikdə, bu daha qorxuludur, ona görə ki, həmin təmayül gələcəkdə poeziyamızın xəstə bir qolu kimi inkişaf edə bilər, daha dərin köklər atar.
     Mən bir neçə misal gətirməklə kifayətlənəcəyəm. T.Şahdağlı «Bu ürəklər» adlı şerində yazır:
Bu gün gördüm su buz olub sığışmayıb şüşəyə.
     İbtidai sinif şagirdlərinə də məlum fiziki qanunun nəticəsində əmələ gələn bu «mənzərə» şairin bədii təfəkküründə hansı assosiasiya yaradır? Diqqət edək:
Düşünürəm bəs buz ürəklər necə sığır sinəyə?! (!)
     Bu dəfə sual işarəsilə nida işarəsi xüsusi (və xarakter) bir sə- xavətlə işlədilsə də köməyə çatmır zənnindəyik, çünki «buz ürək- lərin» sinələrə «necə sığışması» barədə şairi düşünməyə məcbur edən obyekt - paralel müqayisə mənasız və təsirsizdir; müəllifi düşündürürsə də, müasir oxucunu qətiyyən düşündürmür. Hələ orasını demirəm ki, burada iki misra «müasirləşdirilərək» səkkiz misra kimi təqdim edilmişdir.
     Müasir insanın ürəyinin «donması», «donub buz olması» barədə düşünmək müasir sənətkarın borcu və vəzifəsidir, lakin təbiidir ki, bu düşüncələr bədii-fəlsəfi sanbala malik olmalıdır, yəni «buz ürəkli», eləcə də «isti ürəkli» müasirlərimizin təfəkkür tərzindən aşağıda durmalıdır; həmin «buzlaşma» prosesinin əsrə xas olan ictimai-əxlaqi səbəbləri araşdırılmalı və bu səbəblər nəticə olaraq öz durğu işarəsini qoymalıdır - istər sual, istər nida, istər nöqtə, istərsə də hamısı bir yerdə, təki əsaslandırılsın, yoxsa ki, «suyun donub şüşəyə sığışmamasını» görüb «fəlsəfi» düşüncələrə qapılmaq özündən bir qarış uzağı görməməkdir ki, aqibəti, gördüyümüz kimi, acınacaqlı olacaq. Yuxarıda yazmışdıq ki, ən adi həyat hadisələri, ən adi detallar böyük fəlsəfi ümumiləşdirmələrə əsas verə bilər, lakin bu şərtlə ki, həmin adiliyin mahiyyətindəki qeyri-adilik tapılsın. Şerin adi bədii obyekti adi də fikir doğuracaqsa, onda belə bir adilik heç kimə lazım deyil.
     Yenə də həmin yeni yazanın «Ən böyük təzad» şerinə diqqət edək:
Dərə ilə dağ,
Qara ilə ağ,
Xəstə ilə sağ,
Təzaddır, təzad.

     Şer belə başlayır, daha sonra müəllif «alovla suyun» da, «şahinlə qu quşunun» da, «düzənlə quyunun» da «təzaddır, təzad» olduğunu göstərərək, şeri bu cür bir bədii ümumiləşdirmə ilə qurtarır:
Lakin iki ad
Ən böyük təzad!
Biri məhəbbət,
Digəri nifrət!

     Bu bənddəki «Lakin iki ad ən böyük təzad!» cümləsində qrammatik diqqətsizliyi bir tərəfə qoyaq, cavan müəllifin nida işarələrini də köməyə çağırıb «şiddətləndirmək» istədiyi bu bədii ümumiləşdirmə bizdə hansı emosiya oyatdı? Nida işarələrinə, gurultuya baxmayaraq, yalnız təəssüf keçiririk. Təəssüf edirik ki, poeziyamızın cavanlardan çox şey umduğu zamanda bu müəllifin bədii təfəkkürü bəsit və çeynənmiş fikirləri təkrarlamaqla xoşhallanacaq səviyyədədir.
     Nə üçün vəziyyət belədir? Bu suala həmin cavanın «Güc vahidi» adlı misal gətirəcəyim üçüncü şeri elə bilirəm ki, bu və ya digər dərəcədə cavab verər. Şer belə başlayır:
Təyyarə var uçuşu İşıqdan da itidir. (?)
Yeri göz qırpımında Nöqtə kimi itirir. (!)

     Bu ilk bəndi oxuduqdan sonra, əlbəttə, bizdə müəllifin imkanları barədə ciddi şübhə oyanır, çünki işığın sürətindən beşinci sinif şagirdinin də xəbəri olduğu halda, müəllif bizi inandırmağa çalışır ki, «təyyarə var, uçuşu işıqdan da itidir»; belə bir təyyarə yoxdur, necə ki, «yeri göz qırpımında nöqtə kimi itirən» təyyarə də mövcud deyil. Şeri oxuyub sona yetdikdən sonra həmin şübhə- nin əsaslı olduğu aşkarlaşır.
     Cavan müəllif «limandan güllə kimi (!) ayrılan» gəminin də, yollarda küləkdən də bərk gedən (adi külək sürətinin saniyədə 8 metr olduğunu nəzərə alsaq, belə çıxır ki, saatda 280 km-dən artıq!) maşının da adını çəkir, həmin super-maşının «yel qanadlı atlını ötüb keçib pərt etdiyini» də yazır, nəhayət, belə bir nəticə çıxarır:
Əsrə bax, at sürəti İndi gülünc görünür. (?)
İnsanlar at minməyə Gör necə də ərinir. (?!)

     Atın sürəti heç kimə gülünc görünmür; atın sürəti atın sürətidir, təyyarəninki təyyarənin, maşınınkı maşının. Bu, gülünc yox, qanunauyğun və çox da təbiidir. Müasir insanın ata minməsinə gəlincə, aydın məsələdir, ərinməkdən söhbət gedə bilməz, tələsməkdən, əsrin səciyyəsindən söhbət gedə bilər - bu bir tərəfə; axı, o nə üçün təyyarəyə, avtobusa, taksiyə yox, ata minməlidir (hərgah atçılıq idman növü ilə məşğul olmursa)? Buna bir lüzum və bunda bir məna varmı ki, cavan müəllif bu dərəcədə heyrətlənir? Nəhayət, son bənd:
Çox da sürətimizdən Atlar geri qalıbdır,
At qüvvəsi yenə də Güc vahidi olubdur.

     Hər şeydən əvvəl, bizə məlum olur ki, müəllifin işıq sürətindən xəbərsizliyi təsadüfi xarakter daşımır, çünki belə bir sonluq ən yaxşı halda cümə axşamları təziyə yerlərində qoca kişilərin hikmətanə sözləri ilə səsləşir. «Yaxşı kişilər yaxşı atları minib getdi...» və s.
     Məhz dünyagörüşünün məhdudluğu, savadsızlıq, arxaik təfəkkür tərzi ədəbiyyata yeni gələnləri yeni də söz demək əvəzinə, boş və primitiv nəsihətlər verməyə təhrik edir:
Ağır otur, ağır tərpən,
Çox danışma az yerinə.
Cavabların olsun sərrast,
Dillən ancaq öz yerinə.
Sözlərini demə quru. (!)
Qəlbin olsun sudan duru.
Mənliyini saxla, qoru,
Ayaqlanma toz yerinə.
(S.Məcnunov. «Yerinə»).

     Yeni çap olunanlardan daha birisinin «lirik qəhrəmanı» üzərində «Bakı - Ağdam» sözləri yazılmış qatarı gördükdə, öz doğma şəhərinə məhəbbətini bildirmək üçün son dərəcə əcaib bir hərəkət edir:
Ağdam, adını gördüm,
Öpdüm beş qara hərfi. (!)
Dodağım rəngli oldu:
Ağdam, dadını gördüm. (!!!)

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.06.2014) | Müəllif: R.C E W
Baxış: 698 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more