Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri
MÜASİR DÖVRDƏ AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİNİN YARADICILIQ PROBLEMLƏRİ


     Bu yaxınlarda Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslıq elmi böyük nümayəndələrindən birini — unudulmaz Yaşar Qarayevi itirdi.
     Bu yazını Yaşarın mənim üçün həmişə əziz olacaq xatirəsinə ithaf edirəm.

BİRİNCİ MƏQALƏ


     Azərbaycan ədəbi tənqidinin kökləri ilkin orta əsrlərdən üzü bu tərəfə yazılmış müxtəlif təzkirə və risalələrə gedib çıxır və bu barədə geniş elmi təsəvvür əldə etmək üçün Kamal Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi» monoqrafiyası (Bakı, «Maarif», 1984) bu gün də zəngin bir mənbə kimi öz qiymətini saxlamaqdadır, ancaq ədəbi tənqidin Azərbaycan ictimai fikrinin milli faktoruna çevrilməsi, öz məxsusi ideya-estetik meyarlarını formalaşdırması və ədəbi prosesin təşkilatçısına çevrilməsi XX əsrin hadisəsidir.
     XIX əsrin ikinci yarısı və xüsusən, XX əsr Azərbaycan sənətinin janrlar müxtəlifliyi və tamamilə, yeni miqyaslar əldə etməsi baxımından, klassik Şərq sənətinə söykənən, qədim və zəngin ənənələrə malik mədəniyyət tariximizdə, bəlkə də, ən əlamətdar bir dövr oldu. Misal üçün, Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının, yaxud Həsən bəy Zərdabi Azərbaycan jurnalistikasının, yaxud Üzeyir Hacıbəyov Azərbaycan opera və operettasının nəinki yaradıcıları oldular, onlar milli sənətimizin məşğul olmadığı bu «yad» janrları mədəniyyətimizin milli faktına çevirdilər.
     Eyni sözləri Azərbaycan ədəbi tənqidi haqqında da demək olar: M.F.Axundovdan sonra Azərbaycan ədəbi tənqidi özünün yalnız risalə və təzkirələrdəki ifadəsi ilə qane olmadı, yavaş-yavaş ədəbiyyatımızın, daha geniş götürsək isə, ictimai fikrimizin milli ədəbi-estetik faktoruna çevrilməyə, müstəqil və professional bir janr kimi meydana çıxmağa başladı.
     XIX əsrin sonu, XX əsrin əvvəllərində professional ədəbiyyatşünas və tənqidçilərin - Abdulla Surun, Firidun bəy Köçərlinin, Kazımoğlunun (Seyid Hüseynin) və başqalarının, eləcə də yaxın keçmişimizdə «mühafizəkar romantik tənqidçilər», «tipik burjua ideoloqları», «komparativizm nümayəndələri», hətta «irticaçılıq ifadəçiləri» elan edilən və bu gün də, hələ layiq olduqları dərəcədə millətə tanıdılmayan Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun simasında Azərbaycan ədəbi tənqidi milli ədəbiyyatın bədii və ictimai təəssübünü çəkən mühüm tribunaya çevrildi.
     Biz XX əsri yola saldıq, ancaq Azərbaycan ədəbi tənqidi üçün XX əsrdən XXI əsrə keçid - yalnız zaman anlayışı ilə bağlı deyil (hər halda, belə olmamalıdır!), bu, həm də, ən sıx surətdə keyfiyyət dəyişikliyi ilə bağlıdır.
     Tənqidimizin inkişafı naminə çox iş görmüş Şamil Salmanov yazır: «Bütün ədəbiyyatımızda, ədəbi fikrimizdə olduğu kimi, tənqidimizdə də böyük, mürəkkəb bir əsr başa çatmışdır; elə bir yüzillik ki, tənqid onun bütün mərhələ və dövrlərində ədəbi prosesin, ədəbi hərəkatın inkişafının ayrılmaz, üzvi hissəsi olmuşdur; tənqid ədəbiyyatın ideyasını, fəlsəfəsini, yaradıcılıq prinsiplərini işləyib hazırlamış, öz konsepsiyalarında və dəyərlərində bunu ifadə etmişdir. Ədəbiyyatın böyük sənət uğrunda mübarizəsinin fəal iştirakçısı olaraq tənqid milli ədəbi prosesin fundamental vəzifələrini həyata keçirmiş, sənət və yaradıcılıq problemlərini həll edə bilmişdir» («Ədəbiyyat qəzeti», 3 may 2002).
     Şamilin bu sözləri prinsip etibarilə doğrudur, ancaq burada ciddi bir məqam da var və mən yuxarıda «keyfiyyət dəyişikliyi» dedikdə məhz bu məqamı nəzərdə tuturdum: bəli, XX əsrdə Azərbaycan tənqidi milli ədəbiyyatın «ideyasını, fəlsəfəsini, yaradıcılıq prinsiplərini işləyib hazırlayıb», amma həmin «işlənib hazırlanma» prosesi zaman etibarilə 70 il hakim sovet ideologiyasının ciddi nəzarəti altında olduğu üçün, bir çox ədəbi cərəyanlar, estetik meyarlar, bədii-fəlsəfi ideya istiqamətləri düşmən elan olunduğuna görə, onlara açıq-aydın bir tendensiyaçılıqla yanaşılmış, onlar ritual ədəbi söyüşlərin obyektinə çevrilmiş, ən yaxşı hallarda isə, onlardan, sadəcə olaraq, sərf-nəzər edilmişdir.
     Buna görə də tənqid «ədəbiyyatın böyük sənət uğrunda mübarizəsinin fəal», amma, eyni zamanda, birtərəfli iştirakçısı olmuşdur; o, Şamilin dediyi kimi, «milli ədəbi prosesin fundamental vəzifələrini» həyata keçirərkən də, «sənət və yaradıcılıq problemlərini» həll edərkən də özünü tam şəkildə ifadə edə bilməmişdir, çünki bunun üçün şərait olmamışdır, hakim ideologiya bu cür «ideoloji sapmaların», hətta «ideoloji təxribatların» qarşısını almaq üçün inzibati-estetik sərhədlər yaratmışdır.
     Sovet ədəbi tənqidi ilə müasir dövrün tənqidi (XXI əsr milli tənqidi!) arasındakı fərq ondan ibarətdir ki, bu gün tənqid ideoloji-inzibati-nəzarətçilik vəzifəsindən azad olub və o, artıq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin nəinki yalnız ideoloji, həmçinin, kənd təsərrüfatı, sənaye, sosializm yarışı və s., və i.a. haqqında qərarlarının ədəbiyyatdakı inikasını tələb etmək məcburiyyətində deyil, onun bilavasitə öz işi ilə — bədii-estetik təhlillə məşğul olması qarşısında heç bir maneə yoxdur. Yaxşı cəhətdir ki, ədəbi tənqidimiz bu gün məsələnin bu cəhətindən tamam sərf-nəzər etmir. Misal üçün, Tehran Əlişanoğlu düz yazır ki, «sovet dövründə tənqidin üzərinə yüklənmiş əlavə missiya — ideoloji nəzarət aradan qalxıbdır» («Bizim əsr», 28 iyun 2002).
     Bəli, bu gün ədəbi tənqid bu vacib cəhətdən sərf-nəzər etmir, amma əyani şəkildə, yəni öz təcrübəsində buna əməl edirmi, müasir ədəbiyyata və ümumiyyətlə, ədəbiyyata, sənətə münasibətində bu cəhəti əsas götürə, həmin «əlavə missiya»dan xilas olmaq üçün özü özünə əlverişli şərait yarada bilirmi?
     Dünən, təsadüfi adamlar elə məhz həmin «ideoloji nəzarət» funksiyasının yaratdığı konyunkturadan istifadə edib ədəbi tənqiddə yer tuturdular və nəticədə, onların vasitəsilə estetik meyarların vulqar sosiologizmlə, demaqoq və yalançı partiya təəssübkeşliyi ilə, inzibati-ideoloji təqdir və təkdirlərlə əvəz olunması, bir çox hallarda, ədəbi tənqidin mahiyyətinə çevrilirdi.
     Bu gün isə, ədəbi tənqiddə həmin konyunkturanı «meydan havası» yaratmağa başlayıb və bu mənada Bəsti Əlibəylinin bir müşahidəsi mənim üçün əlamətdar görünür: «Son illərin ədəbi mühitində 80-ci illərin meydan havalığı var» («525-ci qəzet», 18 may 2002.).
     Mən Bəsti xanımın bu müşahidəsini öz düşüncəmə görə bir az da dəqiqləşdirmək istəyirəm: həmin «meydan havası»ndakı vətəndaşlıq ehtirasının ədəbi tənqiddəki təzahürü get-gedə, elə bil, tamam arxa plana keçir, boş, bəzi hallarda isə zərərli hay-küyçülük ədəbi mühitdə analitik təfəkkürü əvəz etməyə başlayır.
     Bu yaxınlarda mətbuatda Nərgiz Cabbarova imzalı müəllifin belə bir fikri ilə rastlaşdım ki, «o (yəni ədəbi tənqid) öyrətməyə çalışmır, sadəcə, yazılan əsərlərə subyektiv qiymət verir» («525-ci qəzet», 23 iyul 2002).
     «Yazılan əsərlərə» subyektiv qiyməti oxucu verə bilər və professional tənqidçinin də adi oxucudan fərqi elə bundadır ki, oxucunun rəyi - subyektiv qiymətdir, bir fərdi ifadə edir, tənqidçinin isə rəyi - ictimai fikrin rəyi, yaxud da ki, ictimai fikirdəki rəylərdən biri səviyyəsinə qalxmalıdır.
     Həm də, bu kontekstdə oxucunun böyüklüyü, kiçikliyi yoxdur.
     Lev Tolstoy Şekspir haqqında kəskin tənqidi mülahizələr söyləyirdi, «Şekspir nəinki böyük, dahi, heç ən ortabab bir yazıçı da sayıla bilməz» deyirdi və bütün bunlar bir oxucu kimi onun subyektiv fikri idi.
     İvan Turgenyev, əksinə, Şekspir haqqında heyranlıqla danışırdı, amma bu da onun subyektiv oxucu mülahizələrindən artıq deyildi.
     Belinskinin Şekspir haqqında yazdıqları isə, artıq, bir fərdin mülahizələri, təəssüratı deyildi, bu - dünya ictimai fikrinin bir hissəsi kimi, rus ictimai fikrinin rəyi idi, çünki Belinski nə Tolstoy kimi dahi yazıçı idi, nə də Turgenyev kimi böyük nasir idi, o - professional tənqidçi idi və məhz tənqidçi istedadı onu rus ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri etmişdi.
     Ədəbi tənqid xobbi deyil.
     Ədəbi tənqid professionallığın ifadəsidir.
     Bu gün oxuduğumuz, eşitdiyimiz ədəbi mülahizələrin, ədəbi təqdir və təkdirin, ədəbi yanaşmaların, nəhayət, ədəbi zövqün ən yarıtmaz cəhəti də məhz belə bir subyektivlik, yəni qeyri-professionallıq xəstəliyi ilə bağlıdır. Bu gün mətbuat səhifələrində bədii əsərlərə verilən qiymətlər o qədər bayağılaşıb, həvəskarlıq peşəkarlığı, fərdi izhar ümumiləşdirmə bacarığını və təcrübəsini o dərəcədə əvəz edib, təhkiyə elə eybəcər bir vəziyyətə salınıb, əsrlərdən bəri formalaşmış Azərbaycan ədəbi dili elə günə qoyulub ki, hərdən mən fikirləşirəm: bəlkə, yeni bir maarifçilik dalğası tələb olunur ki, tənqidimizi yenidən Azərbaycan ədəbi mühitinin yüz-yüz əlli il bundan əvvəlki maarifçilik mərhələsindən sonrakı məhvərinə döndərə?
     Bəlkə, elə buna görə, müasir tənqidimizin ayrı-ayrı istedadlı nümayəndələri, misal üçün, Tehran Əlişanoğlu, XIX - XX əsr Azərbaycan maarifçilərini yenidən tədqiq etməyə başlayıblar? («Azərbaycan», 2001, N° 4.)
     Məhz həvəskarlığın, subyektivçilik xəstəliyinin peşəkarlığı, yəni elmi-nəzəri səriştəni amansızcasına üstələdiyinə görə, bu gün Azərbaycan ədəbi prosesi özünün ən solğun və təşəbbüskarlıqdan uzaq bir dövrünü yaşayır və biz vəziyyətlə bağlı ciddi və prinsipial mövqe tutmasaq, güman edirəm ki, artıq sabah gec olacaq, indiyə qədər əldə etdiyimiz, nail olduğumuz milli ədəbi-estetik dəyərlər keçmişin qıfılı ilə, bəlkə də həmişəlik bağlanacaq.
     Mən ədəbi prosesin ölgünlüyü, prinsipial ədəbi müzakirələrin, sağlam ədəbi mübahisələrin yoxluğu, bunların ölkəni başına götürmüş cürbəcür səviyyəsiz prezentasiyalar və görüşlərlə, urvatsız mükafatlarla (kimin və hansı təşkilatın ağlına necə gəlirsə, eləcə də bir mükafat təsis olunur!) əvəz olunması, ədəbi prosesin əsas yükünü daşımalı olan ədəbi tənqidin dişsizliyi, stimulsuzluğu və ümumiyyətlə, ədəbi ictimaiyyətin passivliyi, ədəbiyyatın təəssübünü çəkməklə bağlı, elə bil, bütün maraqları itirməsi barədə danışanda, bəzən opponentlərim iki cür bəhanəyə istinad edirlər:
     1.İclasla ədəbiyyat yaranmır;
     2.Ədəbiyyat yoxdur, ona görə də tənqid zəifdir.
     Yadıma gəlir, vaxtilə mən bu tipli «bəraətlərə», «müdafiə mövqeləri»nə cavab vermişdim, amma qısaca da olsa, bir daha cavab vermək istəyirəm.
     1.Bəli, iclaslarda ədəbiyyat yaranmır, ədəbiyyat yazı masasının arxasında yaranır. Ancaq ədəbi müzakirələr, sağlam ədəbi mübahisələr zamanı ədəbiyyatın mənafeyi güdülür, təəssübü çəkilir, bu isə, o deyən sözdür ki, ədəbiyyat ilə ədəbi makulaturanın arasında daha möhkəm bir sərhəd yaranır və xüsusən, bu gün - həmin makulaturanın ədəbiyyat iddiası baş alıb getdiyi bir vaxtda, bəzən isə bayağı zövq nəticəsində, hətta ədəbiyyatı üstələdiyi bir zamanda pinsipial və obyektiv, cəsarətli ədəbi məclislərə («iclaslara»!) ehtiyac, əvvəlki dövrlərə nisbətən qat-qat artıqdır. Eyni zamanda, bu - ədəbi prosesin canlanması üçün katalizator rolu oynamaq baxımından da, güman edirəm ki, vacibdir.
     Aydın məsələdir ki, bunları deməklə, mən yeni Amerika kəşf etmirəm, amma yəqin ki, müxtəlif səbəbləri olan belə bir ədəbi inertlik məcbur edir ki, açıq qapını döyəsən və deyəsən: ədəbi müzakirələrdən, sağlam ədəbi mübahisələrdən, ədəbiyyat mücadiləsindən qorxmayın, boş və mənasız «tədbirlərlə» baş qarışdırmaq olar, amma uzağa getmək olmaz və mən tamam əminəm ki, bu gün ədəbi ictimaiyyətdə (bəlkə də «ədəbi həyatda» desəm, daha düzgün olar) yaranmış xəstəhallığın da əsası elə buradan gəlir.
     2.Ədəbiyyat yoxdursa, deməli, millət yoxdur, çünki bir şer, bir hekayə, bir roman fərdin özünüifadəsidirsə, küll halında ədəbiyyat xalqın özünüifadəsidir. Bu - bir, ikinci isə, hərgah ədəbiyyat yoxdursa, elə bunun səbəbi ilk növbədə ədəbi tənqidin predmeti olmalıdır: nə üçün yoxdur? hansı bədii-estetik səbəblərə görə? hansı ədəbi istiqamətin kütlüyü, hansının itiliyinə görə? və s.
     Baxın, Vaqif Yusifli hesablayıb ki, yalnız bir ildə - 2001-ci ildə «Azərbaycan» və «Ulduz» jurnallarında, «Ədəbiyyat qəzeti»ndə 4 roman, 15 povest, 175 hekayə çap olunub («525-ci qəzet», 26 mart 2002). Saysız-hesabsız digər mətbuat orqanlarında dərc edilənləri, heç kimin, heç bir oxucunun qarşısında heç bir məsuliyyət hiss etməyən nəşriyyatlarda nəşr olunanları da Vaqifin bu siyahısına əlavə etsək və nəzərə alsaq ki, söhbət hələ yalnız nəsrdən gedir, o zaman müasir Azərbaycan ədəbiyyatının kəmiyyət göstəricilərinə dünyanın çox böyük ölkələri həsəd apara bilər. İndi biz bununla fəxr etməliyik? Bu sualın cavabını tənqid verməli deyilmi?
     Yenə Vaqif Yusifli hesablayıb ki, yalnız son bir-neçə ildə, ancaq «Azərbaycan» jumalında 120 gənc şairin 600 - 650 şeri çap edilib («İki sahil», 25 may 2002). Bu nədir, poeziyadır, yoxsa makulatura? Bu sualın cavabını ədəbi tənqid verməyəcəksə, kim verəcək?
     Vaqif elə həmin məqaləsində yazır, hətta şikayət edir ki, «Yazıçılar Birliyinin üzvlərinin sayı 800-ə çatmaqda və yaxud onu ötməkdədir.» Kimdir bu adamlar? Yazıçıdırlar? Onda ədəbiyyatımızın çiçəklənmə dövrüdür. Yox, hərgah yazıçı deyillərsə, niyə, misal üçün, Təbiəti Sevənlər Cəmiyyətinə, yaxud Sağlam Həyat Tərzi Uğrunda Mübarizə Assosiasiyasına yox, Yazıçılar Birliyinə daxil olurlar?
     Bu sualların da cavabını, əlbəttə, ədəbi tənqid verməlidir, çünki nə məhkəməyə şikayət yazmaq mümkündür, nə də prokurora. Bu yerdə ekspert ədəbi tənqiddir. Yazıçılar Birliyinin Nizamnaməsi var və dəstə-dəstə Birlik üzvlüyünə qəbul edilən bu şəxslərin də, şübhəsiz ki, kitablannın, mətbuatda çıxmış yazılarının sayı həmin Nizamnaməyə uyğundur. Amma bunlar nə kitablardır, nə yazılardır? Bunu ədəbi tənqid deməlidir, yoxsa yox?
     Vaqif Yusifli ədəbiyyatımızla bağlı nikbindir: «Bu gün ədəbiyyat, söz sənəti bütün dövrlərdə olduğu kimi, öz başlıca missiyasını yerinə yetirməkdədir. Onun baş qəhrəmanı insandır - hissləri, duyğuları, sevgisi, ağrısı ilə birlikdə» («İki sahil», 25 may 2002).
     Əlbəttə, bu yaxşı haldır ki, ədəbiyyatın baş qəhrəmanı sovet ideoloji buxovları qırıldıqdan sonra, nəhayət ki, tam şəkildə öz yerini tutubdur, daha doğrusu, öz yerini bərpa edibdir.
     Stalin dahiyanə bir siyasi-inzibati intuisiya ilə sovet sisteminin (Stalin sisteminin!) möhkəmlənməsində ədəbiyyat və incəsənətin böyük rolunu özü üçün müəyyən etdi və qısa bir müddətdə ədəbiyyatı və incəsənəti hakim ideologiyanın tərkib hissəsinə çevirdi.
     Dünya tarixində, Şərqdə də, Qərbdə də çox hökmdarlar olmuşdur ki, sənətə, o cümlədən, ədəbiyyata qəyyumçuluq etmişlər və belə bir hökmdar qəyyumçuluğunun müsbət, eləcə də mənfi, hətta komik nümunələri istənilən qədərdir, amma bu qəyyumçuluq, məhz şəxsi qəyyumçuluq səviyyəsindən artıq deyildi və sənətə həqiqi, yaxud da yalançı məhəbbətin ifadəsi idi.
     Stalinin sənətə münasibəti isə tamam başqa və mahiyyət etibarilə yeni, misli görünməmiş bir səciyyə daşıyırdı: Stalin öz hakimiyyətini, quruculuğu ilə məşğul olduğu Sistemi gücləndirmək üçün, sənətdən son dərəcə effektli surətdə sui-istifadə etdi və sənəti, hərgah belə demək mümkünsə, istehsallaşdırdı, sənətkar vəzifəsi təsis etdi və bu vəzifəni partiyanın nomenklaturasına saldı, sənəti qloballaşdıraraq partiyanın kurasiyasına tabe etdi.
     Ədəbiyyatımızın yaxın keçmişində, xüsusən, keçən əsrin 30-40-50-ci illərində, yuxarıda yazdığım kimi, Sov.İKP-nin və SSRI Nazirlər Sovetinin qərarları, «sosializm quruculuğu prosesi»nin traktor, pambıq planı, neft buruğu, Qızıl Meydan, qırmızı qalstuk, MTS, kolxoz, Budyonnının papağı, katyuşa və s. kimi texniki-ideoloji, eləcə də Lenin, balaca Volodya, Stalin (Koba), Çapayev, Katovski, Kirov, Kamo, Pavlik Marozov, Telman, Anjela Devis və s. və i. a. (Azərbaycanda, hətta Beriya haqqında da poema yazılmışdı!) kimi mifik atributları insanı «ədəbiyyatın baş qəhrəmanı» pyedestalında əməlli-başlı sıxışdırmışdı, yəni Sov.IKP və SSRI NS-i, misal üçün, iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi barədə qərar qəbul edirdi və dörd-beş aydan sonra, vaxtından əvvəl doğulmuş uşaq kimi, camış, yaxud inək hansısa romanın, yaxud poemanın qəhrəmanına çevrilirdi.
     Mən, bəlkə də, bir az hissə qapılıram və sovet dövrü ədəbiyyatımızla bağlı rəngləri daha da qatılaşdırıram, amma mahiyyət bu idi. O dövrün mətbuatını vərəqləsəniz dəfələrlə bunun şahidi ola bilərsiz ki, ədəbi tənqid bədii ədəbiyyatdan bu partiya sənədlərinin inikasını tələb edib və bu tələblərə cavab verən «əsərlər» də yaranıb, hətta, nəinki yaranıb, mükafatlandırılıb, dərsliklərə salınıb, sosializm-realizmi ədəbiyyatının şedevrləri elan edilib.
     Mən hələ 35 il bundan əvvəl gənc bir tədqiqatçı kimi həmin dövrün mətbuatını, necə deyərlər, ələk-vələk etmişdim və həmin eybəcər ədəbi mənzərə haqqında monoqrafiya yazmış və bir müddətdən sonra onu Bakıda və Moskvada nəşr etdirə bilmişdim (Bax: Tənqid və ədəbiyyatımızın problemləri, Bakı, «Yazıçı», 1981; ikinci nəşri: Tənqid və nəsr, Bakı, «Günəş», 1999; Pole prityajeniya, Moskva, «Sovetskiy pisatel», 1987).
     Özü də belə bir ədəbi eybəcərlik yalnız Azərbaycan ədəbiyyatında yox, bütün sovet ədəbiyyatında baş verən hadisə idi. Semyon Babayevskinin «Qızıl ulduzlu qəhrəman», yaxud Feodor Qladkovun «Sement» romanlarını xatırlayın (əgər xatırlaya bilsəniz!).
     Əlbəttə, istisnalar var idi, həm də bu istisnalar ikili səciyyə daşıyırdı. Bəzən konyunkturanın tələb etdiyi mövzu, həqiqətən, istedadla yazılırdı və bu gün biz, Vladimir Mayakovskini, aydın məsələdir, həmin dövrün digər konyunkturaçı şairləri ilə eyniləşdirə bilmərik. Başqa bir misal: sovet dövrü elə həmin rus ədəbiyyatında Mixail Şoloxov bolşevik hakimiyyətinin qurulmasından bəhs edən «Sakit Don» romanı kimi XX əsr dünya ədəbiyyatının böyük nümunələrindən birini yaratmışdı, yaxud Mixail Bulqakov Stalin haqqında pyes yazmışdı, amma istedadla yazmışdı. O biri tərəfdən də, yenə Mixail Bulqakov «Ustad və Marqarita» kimi bir roman yazırdı ki, dövrün konyunkturası ilə daban-dabana zidd bir mövqenin ifadəsinə çevrilirdi və zaman da o romanı qoruyub saxlayırdı.
     Bəli, bu gün Sovet imperiyası öz ideologiyası ilə bərabər, tarixin növbəti səhifəsinə çevrildi, dediyim həmin ədəbi eybəcərliklər də gələcək «Əyləncəli ədəbiyyatşünaslıq» kitablarının materialı olacaq və bu gün ədəbiyyat Vaqif Yusiflinin dediyi kimi, insanı «hissləri, duyğuları, sevgisi, ağrısı ilə bərabər» təsvir edir.
     Amma necə təsvir edir?
     Hamlet demişkən, bax, budur məsələ!
     Tənqidin missiyası, bax, məhz bu «necəliyi» aydınlaşdırmaqdır. Belə bir aydınlıq, dəqiqlik ortaya çıxmış olsaydı, inanmıram ki, Vaqif dostumuz bu qədər nikbin olardı.
     Arif Əmrahoğlu jumalistin: «Ədəbiyyatımızın hazırkı vəziyyəti sizi qane edirmi?» - sualına cavab verərkən, prinsipial bir məqamı, məncə, dərindən və dəqiq qeyd edir: «Nəzərə almalıyıq ki, ədəbiyyatımız yeni mənəvi-əxlaqi dəyərləri, həyat tərzi, amalı, idealı, inamı və s. formalaşma prosesi keçirən cəmiyyətdə yaranır» («Paritet», 9-13 may 2002).
     Ədəbiyyat cəmiyyətin güzgüsüdür fikrini əsas götürsək, o zaman Sovet imperiyasının dağılması, müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə, ictimai-sosial sistemin dəyişməsi və erməni təcavüzü ilə bağlı cəmiyyətin yaşadığı sarsıntı, siyasi və mənəvi kataklizm, əlbəttə, ilk növbədə sənətə və konkret olaraq, ədəbiyyata öz ciddi təsirini göstərdi.
     Yenə də Arif Əmrahoğlu başqa bir müsahibəsində deyir: «Ədəbiyyatımız hazırda axtarış və adaptasiya mərhələsini yaşayır» («Kaspi», 7-8 may 2002).
     Düzdür, ədəbiyyat həmişə axtarışda olub və bu gün də onun axtarışda olmasında yeni bir şey yoxdur, amma adaptasiya - Arif bu diaqnozu da dəqiq qoyub.
     Rus dissident ədəbiyyatının tanınmış nümayəndəsi Vladimir Vaynoviç yazır: «Demək olar ki, artıq unudulmuş Vladimir Dudinsev 57-ci ildə, Soljenitsindən xeyli əvvəl, «Yalnız çörəklə deyil» kitabı ilə insanları sarsıtdı, hərçənd o kitabın bədii məziyyətləri yüksək deyil. Lakin o vicdanlı kitab idi və bu, hər şeydən artıq qiymətləndirilirdi. Axı o zaman vicdanlı əsər yazmaq üçün gərək çox cəsur olaydın. Bəs, indi... Yaxşı, vicdanlı yazı yazmısan? Nə olsun? Bu, daha cəsurluq deyil» («Arqumentı i faktı», N° 28, 2002).
     Doğru sözlərdir. Bu gün Vaynoviçin dediyi kontekstdə yalnız vicdanlı əsər yazmaqla kifayətlənmək mümkün deyil, həmin əsər yüksək bədii-estetik səviyyədə yazılmalıdır. Bu gün estetik qadirsizlik, bir az da artıq desəm, qrafomanlıq sovet dövrünə nisbətən özünü daha tez büruzə verir, daha tez görünür, çünki onu hakim ideologiyaya sığınaraq mövzunun aktuallığı ilə ört-basdır etmək, ya da ki, guya, «Ezop dili»dir, yaxud «maskalanmış modernizmdir» adı ilə oxucuya təqdim etmək, oxucunu aldatmaq mümkün deyil. Sovet dövründən fərqli olaraq, bu gün sən sürrealist də ola bilərsən, mücərrədçi də ola bilərsən, primitivist də ola bilərsən - nə istəyirsən ol, amma zəhmət çək, istedadla yaz. Bax, çətin məsələ budur və milli ədəbi tənqidimiz də hansısa realizmin, yaxud modernizmin yox, məhz həmin istedadın keşiyində dayanmağı bacarmalıdır.
     Ancaq tənqid bunu nə zaman bacarar? O zaman ki, Azərbaycan ictimai fikrində, ədəbiyyatımızda özü özünün yerini müəyyənləşdirməyi bacarsın.
     Bu baxımdan yaxşı haldır ki, son zamanlar ədəbi tənqidimiz bəzən müasir ədəbi prosesdə öz yerini tapmağa, bu yeri müəyyənləşdirməyə çalışır, misal üçün, Tehran Əlişanoğlu maraqlı məqalələrindən birini elə belə də adlandırır: «Ədəbi prosesdə tənqidin yeri» («Bizim əsr», 26 və 28 iyun 2002.) və bu tənqidçiyə xas olan polemik ruh, yaxşı faktoloji əsasla bir sıra orijinal fikirlər söyləyir, amma çox təəssüf ki, bu tipli məqalələr bu gün yalnız istisnadır.
     Bu gün tənqidin vəziyyəti ilə bağlı yalnız çayxana söz-söhbətlərində yox, hətta tənqidin özü haqqında yazılmış məqalələrdə də, adda-budda keçirilən ədəbi məclislərdə, müzakirələrdə də əsaslandırılmış elmi-nəzəri iradlar, tələblər əvəzinə, qəribə iddialar, qrafoman tələbləri, obıvatel iradları baş alıb gedir.
     Bu yaxınlarda mən ədəbi tənqidlə bağlı bir ədəbi müzakirənin qoşa qəzet səhifəsi həcmində icmalını oxudum və başlıq da belə idi: «Azərbaycanda ədəbi tənqid yoxdur» («Vətəndaş», 28 iyul - 3 avqust 2002).
     Qəzet həmin müzakirədəki çıxışların qısa xülasəsini dərc etmişdi və doğrusu, mən bütün bunları oxumağa özümü məcbur edəndən sonra, təəssüratım çox ağır oldu. Bu yerdə söhbət qəzetin səviyyəsindən yox, həmin müzakirənin səviyyəsindən gedir, çünki qəzet, sadəcə olaraq, oradakı çıxışları çap edib.
     Əlbəttə, ədəbi müzakirələrdə bir nəfər primitiv danışa bilər, o birisinin səviyyəsi aşağı olar, bir başqası isə səviyyəli danışar - indiki halda söhbət bundan getmir, söhbət ondan gedir ki, bu çıxışların böyük əksəriyyətinin arxasında mən, heç olmazsa, kiçicik ədəbiyyat təəssübkeşliyi belə hiss etmədim. Eyni zamanda, irəli sürülən mülahizələrdəki dayazlıq, bəzən heyrətamiz dərəcəyə çatırdı və onlardan sitat gətirmək də mənasız bir işdir. Bəlkə də, ayrı-ayrı istisnalar tapmaq olardı, amma söhbət küllün, ümuminin yaratdığı təəssüratdan gedir.
     Tənqid ədəbiyyatın müəllimidir. Şagird müəllimdən qat-qat istedadlı ola bilər, amma qiyməti müəllim verir və o, həmin qiyməti verə bilmək iqtidarında olmalıdır.
     Yaxın keçmişimizin tənqid tarixinə nəzər salaq: Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev - bu müəlliflər kimlər idi? Milli tənqidimizin nümayəndələri. Və onlar ayrı-ayrı dövrlərdə Azərbaycan tənqidi haqqında kəskin söz deyiblər, tənqidin zəifliyindən bəhs edib və bu zəifliyi göstəriblər, amma bu zaman qəribə bir paradoks yaranıb: həmin kəskin söz, tənqidin həmin tənqidi elə bir elmi-nəzəri səviyyədə deyilib, təsnifat elə bir elmi-nəzəri səviyyədə aparılıb ki, bir tərəfdən bəhs etdiyi predmetin zəifliyi sübut olunur, o biri tərəfdən isə, onların öz nümunəsi bu predmetin - Azərbaycan ədəbi tənqidinin səviyyəsinin, əslində, yüksək olduğunu nümayiş etdirir, çünki hərgah ədəbi tənqid bu cür yüksək səviyyə və səriştə ilə tənqid olunursa, onun analizi verilir və zəif cəhətləri dəqiq müəyyənləşdirilirsə, deməli, o özü özünü təhlil etməyə və özü özünə qiymət verməyə qadirdir, bu isə o deyən sözdür ki, bütün çatışmazlıqlarına baxmayaraq, tənqid özü öz keşiyində dayanmağa cəhd edir.
     Bu baxımdan, «Azərbaycanda ədəbi tənqid yoxdur» başlıqlı icmalın mənim üçün ağır təəssüratı ondan ibarət oldu ki, ədəbi tənqiddən şikayət edən çıxışların səviyyəsi o qədər aşağıdır ki, öz timsallarında, çox təəssüf, həmin başlığı, az qala, tam təsdiq edirlər...
     Ancaq xoşbəxtlikdən, vəziyyət bu dərəcədə ağır, bu dərəcədə dramatik və ümidsiz deyil, «Azərbaycanda ədəbi tənqid yoxdur» - demək, obyektiv vəziyyəti tam ifadə etmir, Azərbaycanda ədəbi tənqid var, ancaq bu tənqid, elə bil ki, bu gün özünü itirib, şaşırıb, bu gün o, ruhdan düşüb, acizləşib, mənəvi və yuxarıda bəhs etdiyim ictimai stimulsuzluq şəraitində onun öz simasını bərpa etmək şövqü əldən gedib, amma o - var.
     Bu kontekstdə başqa bir müzakirəni xatırlatmaq istəyirəm. Bu ilin əvvəllərində, elə bil ki, 60-70-ci illər ədəbi ənənələrinin yalnız nostalgiyası ilə kifayətlənməyib, bu ənənələri bərpa etmək istəyərək Nizami adına Ədəbiyyat İnstitutu «Ədəbiyyat qəzeti» ilə birlikdə «2001-ci ilin ədəbi yekunları» mövzusunda müşavirə keçirib və bu müşavirənin geniş icmalını («Ədəbiyyat qəzeti», 3 may 2002) oxuduqdan sonra, məndə belə bir təəssürat yarandı ki, tənqidimiz, deyəsən, nəhayət ki, hərəkətə gəlməyə başlamaq istəyir, ən əsası isə, tənqidimiz bu gün həmin ənənələri bərpa etmək, bəlkə də, yeni şəraitdə inkişaf etdirmək, 60-70-80-ci illər ədəbi prosesini, artıq ölüb getmiş bir hadisə yox, bu gün də yaşaya biləcək canlı ədəbi orqanizmə çevirməyin mümkünlüyünü sübut etmək yolunda ilk addımlarını atmaq ərəfəsindədir.
     Bu təəssürat iki müşahidəyə bağlıdır: birinci, ona görə ki, məruzələr tədqiq obyektləri ilə bağlı ortaya qoyulmuş problematikanın sanbalı etibarilə biri az, o biri çox dərəcədə qane edir; ikincisi isə, ona görə ki, Şamil Salmanovun ədəbi tənqid haqqındakı məruzəsi, xüsusən, Yaşar Qarayevin ədəbi tənqidlə bağlı mülahizələri, iradları Azərbaycan tənqidinin bu gün özü-özünü tənqid və təhlil etmək qabiliyyətini hələ də tamam (yerli-dibli!) itirmədiyini göstərir.
     Orasını da qeyd etmək istəyirəm ki, son dövrdə ədəbi proses, elə bil, «ədəbi proses» adı ilə mətbuatı bürümüş səriştəsizlik və primitivlik nümunələrindən ayrılmaq cəhdlərini göstərməyə başlayıb, bu isə o deməkdir ki, ədəbi prosesdə güclə sezilən də olsa, bir canlanma meyli (hələlik yalnız meyli!) hiss edilməkdədir, elə bil ki, ədəbi proses: «Yox, daha belə olmaz!» - deyib özünü silkələmək, özü özünü ətalət və həvəssizlikdən çıxarmaq istəyir.
     Bir tərəfdən Tehran Əlişanoğlu, yaxud Əsəd Cahangir modemizmdən, postmodemizmdən, neorealizmdən, sürrealizmdən, simvolizmdən, ekzistensilizmdən, dekadentizm və başqa «izmlərdən», hətta «neo-60-cılar»dan yazırlar, o biri tərəfdən Rasim Qaraca, yaxud Xanəmir mücərrəd şerlər çap etdirirlər və müasir mətbuatı izləyən ədəbiyyat həvəskarı, yəqin ki, bu siyahıya öz əlavələrini edə bilər və mən bütün bunlarda müasir dövrün - SSRİ-nin süqutundan sonrakı kataklizmdən qurtulmaq tendensiyası görürəm, bədii-estetik axtarışları müşahidə edirəm və bir cəhəti də qeyd etmək istəyirəm ki, göründüyü kimi, söhbət sovet ideologiyasının qadağan etdiyi cərəyan və üslublardan gedir, tənqid, bəlkə də, sövq-təbii, təhtəlşüur olaraq özü öz boşluqlarını doldurmağa təşəbbüs göstərir.
     Bu gün Azərbaycan ədəbi tənqidinin istedadlı cavan (əslində, bir o qədər də cavan olmayan) nümayəndələri vaxtilə «mürtəce burjua təmayüllərinin ifadəsi» elan edilmiş ədəbi-estetik cərəyanları, eləcə də «mürtəce feodalizm münasibətlərinin təzahürü» elan edilmiş, tutaq ki, təsəvvüf, yaxud sufizmi tədqiq obyekti seçirsə - bu, ədəbi tənqidimizin özü özünü tamamlamasına çalışması hadisəsidir və bunu qiymətləndirməyi bacarmaq lazımdır.
     O başqa söz ki, bu zaman biz, bəzən aludəçiliklə rastlaşırıq, ən pisi isə, misal üçün, modemizmin, yaxud başqa bir «izmin» mahiyyətindən xəbəri olmayan kiminsə, müasir konyunkturanın tələbinə uyğun olaraq, modernizmdən, ya da ki, həmin başqa «izmlərdən» yazmasının şahidi oluruq və əslində, primitiv və dolaşıq, hətta tamam mənasız yazılar dünyadan bixəbər qəzet səhifələrinə çıxarılır.
     Tehran Əlişanoğlu son on ilin təcrübəsindən çıxış edərək yazdığı «Ədəbi tənqidin nəzəri-təcrübi funksionallığına dair» (Ədəbi-nəzəri fikir iki əsrin qovşağında, Bakı, «Elm», 2001) adlı maraqlı məqaləsində müasir tənqidin «üç səviyyə, üç növ təzahüründən» ibarət təsnifatını verib və Tehranın təsnifat vahidlərini təxminən belə adlandırmaq olar: «anarxiya tənqidi», «neomaarifçi tənqid» və «tətbiqi tənqid».
     Bu təsnifat milli ədəbi tənqidimizin bu gününü dəqiq və tam ifadə edir.
     «Anarxiya tənqidi» - bu, tənqid məmulatıdır.
     «Neomaarifçi tənqid» - bu, 60-cı illərdən gələn ənənələrin müasir dövrdə ədəbi prosesə, bəlkə də, inersiya ilə müdaxiləsi və bu gün müsbət və mənfi cəhətləri, çatışmazlıqları ilə bir yerdə səriştəli tənqidin simasını müəyyən edir.
     Nəhayət, «tətbiqi tənqid» - bu, 70 illik məcburi fasilədən sonra, özünü bərpa etmək, bədii-estetik və ictimai fikrin, yuxarıda dediyim həmin boşluqlarını doldurmaq istəyinin ifadəsidir.
     Mən tamam əminəm ki, milli tənqidimizin inkişafı «neomaarifçi tənqidin» əldə etdiyi elmi-nəzəri uğurlara, müəyyən etdiyi bədii-estetik dəyərlərə söykənən «tətbiqi tənqid»in inkişafındadır və yalnız bu zaman «anarxiya tənqidi»ni aradan götürmək mümkündür.

İKİNCİ MƏQALƏ


     SSRİ dağıldı.
     Sovet ideologiyası şərəfsizcəsinə iflasa uğradı, sənət, o cümlədən, ədəbiyyatımız ideoloji buxovlardan qurtuldu və təbii ki, biz bir çox milli-mənəvi dəyərlərimizə, ictimai fikir tariximizə, klassik ədəbiyyatımıza yenidən qayıtmalıyıq və buradakı «yenidən» sözünü mən yalnız «təkrarən» anlayışı mənasında işlətmirəm, onu, həm də, deyəcəyimiz «yeni söz» mənasında qəbul edirəm.
     «Yeni söz» - yəni SSRİ tərkibindəki yetmişillik bir dövrdə Azərbaycan elmi tədqiqatının deyə bilmədiklərini demək, görə bilmədiklərini, yaxud görmək istəmədiklərini görmək, bütün bunları mənalandırmaq və milli-bədii «təsərrüfatı» belə bir süzgəcdən keçirməyi bacarmaq, eləcə də, indiyə qədər deyilmişləri (xoşbəxtlikdən, bunlar da çoxdur!) ideoloji çərçivələrdən çıxarmaq, azad etmək, onlara yeni nəfəs vermək - həmin «yeni sözü» mən bu cür təsəvvür edirəm.
     Azərbaycan qəribə məmləkətdir.
     Bu gün münbit zəmin, əlverişli şərait yaranıb ki, Füzuli, M.F.Axundov, Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının bir çox başqa klassikləri daha artıq bir həvəslə öyrənilsin, hakim sovet ideologiyasının 70 il ərzində deməyə imkan vermədikləri indi deyilsin, bu böyük sənətkar və mütəfəkkirlərin milli bədii-estetik təxəyyülün, milli ictimai fikrin tarixində oynadığı rol müəyyənləşdirilsin və s., və i.a., amma siz Azərbaycan mətbuatına baxın və hətta ayrı-ayrı qorxunc siyasi-ictimai mərhələlərdə sovet ideoloji həmlələrinin belə bata bilmədiyi Bakıxanovu, Mirzə Fətəlini, Mirzə Cəlili, hətta Füzulini «ifşa» etmək tendensiyasını aşkar hiss edəcəksiniz.
     Bü gün müasir rus ictimai fikri Qorki və Mayakovski kimi «proletar ədəbiyyatı» nümayəndələrinin müdaifəsinə qalxıb, bu yazıçıların şəksiz istedadını onların konyunktura mühitində oynadığı roldan ayırır, obyektiv olmağa və istedada qiymət verməyə çağırır və bu qiyməti verir, biz isə heç vəchlə Vladimir Mayakovski kimi:
Alın a,
Yana-yana qalın a,
Mən sovet vətəndaşıyam!

     -deməyən Füzulini «ifşa» edirik.
     Nə üçün belədir?
     Doğrusu, bu suala birmənalı cavab vermək mənim üçün çətindir. Kimdir bu adamlar, ədəbi təxribatçılardır? Ola bilsin, amma bu ədəbi təxribatçılar nə üçün belə bir şərəfsiz işlə məşğuldurlar, bunun səbəbi nədir?
     Savadsızdırlar? Axı, onların arasında elələri var ki, savadda ən axırıncı yerdə deyillər, olsun ki, bir az irəlidədirlər.
     Gənclik maksimalizmindən gələn bir cəhətdir? Axı, onların çoxu, gərək ki, bir o qədər də gənc - 20-25 yaşlı - deyil.
     Millətin, milli sənətin düşmənləridir və məqsədli şəkildə belə edirlər? Güman edirəm ki, bu da düzgün cavab deyil, çünki heç kim qarşısına məqsəd qoymaz ki, mən öz xalqımın düşməniyəm və onun ədəbiyyatı ilə düşmənçilik edirəm.
     Vaxtilə proletkultçular ideoloji fanatizmə qapılmışdılar və ya da ki, inqilabi konyunkturadan (savadsızlığın, fanatizmin və qaragüruhçuluğun vəhdətindən!) istifadə edirdilər, bəs, bunlar hansı ideoloji fanatizmə uyublar, yaxud hansı inqilabi konyunkturadan istifadə edirlər?
     Mən, bu tipli «ifşalarda», söylənən bu cür fikirlərdə heç bir ideoloji fanatizm hiss etmirəm, hətta düşünürəm ki, onlar hansısa ideoloji-romantik hissəqapılmadan çox uzaqdırlar. İnqilabi konyunkturaya gəldikdə isə, bunun cizgiləri, çalarları görünsə də, məncə, səbəb bunda da deyil.
     Mənə elə gəlir ki, bu suala cavab vermək üçün, iki cəhət, görünür, daha düzgün, həqiqətə daha yaxın ola bilər.
     Birinci, böhtan atdıqları, təhqir etdikləri böyük qələm sahiblərini - Füzulini, Mirzə Fətəlini, Mirzə Cəlili, Sabiri, sadəcə olaraq, oxumayıblar (necə ki, tərif etdikləri, bəyəndikləri müəllifləri də oxumayıblar!) və o fikirləri də, üzdə olmaq üçün, tutdu-tutmadı, söyləyirlər, yəni sənət qarşısında hansısa bir məsuliyyət hiss etmirlər, yaxud hiss etmək istəmirlər. Belə bir qeyri-ciddilik ötəri bir hadisə ola bilərdi, amma o zaman ki, ikinci cəhət özünü göstərməyəydi.
     İkinci cəhət və ən faciəlisi də budur ki, bu müəlliflər, görünür, həmin böhtan, təhqir və qarayaxmalarla özlərini, ilk növbədə, öz daxili aləmlərində, öz gözlərində təsdiq etmək istəyirlər, çünki onlar, belə məlum olur ki, hər şeydən əvvəl öz gözlərində kiçikdirlər, cılızdırlar və bəlkə heç özlərinin də bundan xəbərləri yoxdur, amma təhtəlşüur surətdə bunu özlərinə dərd edirlər.
     Əlbəttə, belə bir hadisə (əgər mənim gümanlarım doğrudursa!), ilk növbədə, psixoanalitiklərin təhlili üçün obyekt ola bilər, mən isə, yalnız belə bir tam inamımı bildirmək istəyirəm ki, klassiklərə (və ümumiyyətlə, kiməsə!) şər atmaq, onlarla bağlı nalayiq sözlər işlətmək - belə işlərlə məşğul olmaqla özünü təsdiq etmək mümkün deyil, bu, olsa-olsa, illüziyadır, çünki özünü- təsdiqin bünövrəsində həqiqət dayanır. Bu cür özünütəsdiq ilə həqiqi özünütəsdiq arasındakı fərq, həyatdakı məhəbbətlə səhnədəki məhəbbət arasındakı fərq kimi bir şeydir, yəni imitasiyadır.
     Mən bu yay Mirzə Fətəli Axundovu əvvəldən axıra qədər yenidən oxudum və əlimi ürəyimin üstünə qoyub ən səmimi şəkildə deyirəm ki, elə bil, tamam yeni bir yazıçı, mütəfəkkir kəşf etdim və bu kəşf mənim özüm üçün də gözlənilməz oldu, çünki mən Axundovu pis bilmirdim, hələ iyirmi il bundan əvvəl onun 170 illiyində geniş məruzə yazmışdım, sonralar «Fikrin karvanı» kitabı (Bakı, «Yazıçı», 1984) üçün onun haqqında portret-esse yazdım və s.
     Bu gün mənə, misal üçün, tamam aydın oldu ki, «Molla Nəsrəddin» ədəbi məktəbinin, konkret olaraq, Mirzə Cəlil və Sabir üslubunun, bədii-estetik dəst-xəttinin bünövrəsini bilavasitə Mirzə Fətəli qoyub və bu bünövrəni bir sıra elmi tədqiqatlarımızda olduğu kimi, kənarlarda axtarmaq lazım deyil.
     İndiyə qədər Azərbaycan ədəbiyyatşünaslığı «Molla Nəsrəddin» ədəbi məktəbindən, Cəlil Məmmədquluzadə və Sabir yaradıcılığından bəhs edəndə, yalnız tarixi icmal verərkən Mirzə Fətəli satirasını, yəni onun komediyalarını xatırlayırdılar və bu, əslində, Azərbaycan satirasının tarixi olurdu, halbuki, «Molla Nəsrəddin» ədəbi məktəbinin üslub xüsusiyyətləri Füzulinin «Şikayətnamə»sindən üzü bu tərəfə, Vaqif, Zakir və Seyid Əzim də daxil olmaqla, təşəkkül tapmış və formalaşmış Azərbaycan satirasında, tamamilə, yeni estetik bir hadisə idi.
     Bu, ayrıca bir mövzu olduğu və xüsusi elmi tədqiqat tələb etdiyi üçün, mən, dediyim kontekstdə, Axundovun yalnız bir məktub-felyetonu üzərində dayanmaq istəyirəm.
     M.F.Axundov «Vəkili naməlumi-millət» təxəllüsü ilə «Əkinçi» qəzetində iki məktub çap etdirib və onun H.B.Zərdabiyə ünvanladığı birinci məktub belə başlayır:
     «Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy!
     Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən lm öyrənin, elm öyrənin! Çox yaxşı. Sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit! İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi haradan öyrənək və hansı dildə öyrənək?»
     Və müəllif duzlu bir yumor (ağrıyan yumor!) və eyni ironik (kinayəli-pərişan!) təhkiyə ilə məktəblərin, müəllimlərin, dərsliklərin olmadığını yazır və sual verir: «Pəs, nə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər?».
     Daha sonra müəllif yazır: «Elmin mənfəəti o surətdə zahirdir ki, kafeyi-pas Prus xalqı kimi və Yengi Dünya xalqı kimi ünasən və zükurən elmdən bəhrəyab ola! Pəs, bica yerə bizə tənə etmə. Əl çək bizim yaxamızdan!».
     Əlbəttə, dərhal Mirzə Cəlilin, yaxud Üzeyir bəyin felyetonlarını xatırlayırıq, o saat Sabirin tipləri yada düşür və Vəkili-naməlumun nümunə gətirdiyim bu sözləri ilə:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin,
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

     -deyən Sabir tipinin bədii təsviri arasındakı estetik doğmalıq dərhal nəzərə çarpır.
     İkinci məktubunda M.F.Axundov Həsən bəyə təklif verir ki, məktəb açmaqdan ötrü bir «kampaniya» yaratsın və bunun yolunu da göstərir: «Vilayətin mütəməvvillərindən və xalqın məzacında təssərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədri-məclisi-ruhani dəxi bu on iki nəfərin biri olsun».
     Bu iki cümlədə gələcək «MollaNəsrəddin» yanğısının, gələcək «Hophopnamə» iztirablarının ab-havasını duymaq, elə bilirəm ki, çətin bir iş deyil.
     Mən yalnız kiçik bir nümunə gətirdim, ancaq klassik Azərbaycan ədəbiyyatı ilə bağlı nə qədər kəşflər, sovet ideologiyasının ört-basdır etdiyi və bu gün üzə çıxa bilməsi üçün münbit zəmin yaranmış nə qədər bədii-estetik qatlar, laylar hələ də açılmamış qıfıllar arxasındadır.
     Və bu qıfıllar açılmaq əvəzinə, klassiklərimizə qara yaxılır...
     Dünənə qədər, misal üçün, XX əsr ədəbiyyatından və ictimai fikrindən bəhs edən əsərlərdə əsas təqdir və təhlil obyekti böyük ədib və ictimai xadimlərimiz Sabir, Cəlil Məmmədquluzadə, yaxud Nəriman Nərimanov olurdu, qeyri-obyektiv, tendensiyalı, qərəzli təkdir obyektini isə Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, yaxud Məmməd Əmin Rəsulzadə təşkil edirdi, onların əsərlərini oxumayanlar, onların fəaliyyətindən, amal və amacından xəbəri olmayanlar siyasi konyunkturanın sövqü və təhriki ilə bu müəllifləri «tənqid atəşinə» tuturdular.
     Bu gün vəziyyət dəyişib və başqa bir siyasi konyunktura yaranıb: Əhməd bəyin də, Əli bəyin də, Məmməd Əmin bəyin də, Əlimərdan bəy Topçubaşovun da, ictimai fikrimizin bu qəbildən olan və yaxın keçmişə qədər, dediyim kimi, birtərəfli vulqar sosiologizm mövqeyindən «tənqid atəşinə» tutulan digər böyük simaların da yalnız adını eşidib əsərlərini oxumayanlar, yeri düşdüdüşmədi, onlar haqqında yazmaq, onları primitivcəsinə tərifləmək və primitiv də mülahizələr irəli sürməklə məşğuldurlar, yəni sovet vaxtı oxunmayıb söyülənlər bu gün oxunmayıb ləriHənirlər.
     Və bu dəfə Sabir, yaxud Mirzə Cəlil kölgədə qalır, yaxud da bilərəkdən onların üzərinə kölgə salınır, Nəriman Nərimanov haqqında isə, kimin ağlına və ağzına nə gəldi yazır və deyir (bu, mətbuatda artıq bir naşı ritualına çevrilib!).
     Mən bu barədə həm Məmməd Əmin Rəsulzadə haqqında (Bakı, Şərq-Qərb, 1994), həm də Nəriman Nərimanov haqqında (Bakı, Azərnəşr, 1997) yazdığım monoqrafik oçerklərdə bəhs etmişəm və bir daha bunun üzərində dayanmaq istəmirəm, amma bu məsələ də, yəni ədəbi-siyasi konyunkturaya qarşı prinsipial vətəndaş mübarizəsi də, elə bilirəm ki, bu gün Azərbaycan ədəbi tənqidi qarşısında dayanmış ciddi məsələlərdən biridir.
     Bu yerdə bir məsələni də qeyd etmək istəyirəm: hərgah inkar istedadın ifadəsidirsə, istedada söykənir və bədii-estetik stimula çevrilirsə, bu, yaxşı cəhətdir və mənim üçün, Azərbaycan ədəbiyyatında bu tipli inkarın ən bariz nümunəsi Sabir yaradıcılığıdır.
     Böyük Sabir istedadı əruzun ənənəvi mövzusunu bəlkə də təhtəlşüur olaraq qəbul etmədi, başqa sözlə desək, inkar etdi və bu, inkar dediyim həmin bədii-estetik stimula çevrildi ki, onun da nəticəsində Azərbaycan ədəbiyyatında «Hophopnamə» kimi dahiyanə bir kitab meydana çıxdı.
     Yox, hərgah inkarın arxasında heç bir bədii-estetik baqaj dayanmırsa və o daxili qadirsizliyin, yalançı (hay-küyçü!) ədəbiyyat mücadiləsinin, ideoloji dayazlığın (fanatizmin) ifadəsidirsə, o zaman ən aktiv surətdə ədəbiyyata ziyan vurur, onun inkişafının qarşısında yeni bir əngələ çevrilir.
     Biz dünya ədəbiyyatı tarixinə nəzər salsaq, belə bir əlamətdar faktın da şahidi olarıq ki, bu cür inkarçılıq üçün ən münbit zəmin cəmiyyətdə sabitliyin pozulduğu zamanlarda, epoxal, böyük siyasi-ictimai dəyişikliklər dövründə yaranır.
     Misal üçün, rus çarizm imperiyası dağıldı və bu dağıntılar üzərində rus sovet imperiyası yaranmağa başladı və mənəvi-maddi-ideoloji sarsıntılarla dolu həmin mürəkkəb, ziddiyyətli, qorxunc dövrdə - ötən əsrin 20-ci illərində rus sovet proletkultçuluğu meydana çıxdı. Proletkultçular (A.Boqdanov, P.Lebedev-Polyanski, V.Pletnyev və b.) hakim bolşevizm ideologiyasının sövqü ilə «Doloy Puşkina!», «Doloy Tolstoqo!» - deyə ədəbi irslə mübarizəyə başladılar və bir tərəfdən Lenin onları tənqid etdi, o biri tərəfdən isə Leninin və onun silahdaşlarının (Sverdlov, Trotski, Dzerjinski, Zinovyev və b.) yaratmağa başladığı (və Stalinin tamamladığı!) və göz bəbəyi kimi qoruduğu Sistem onları şirnikləndirdi, riyakar, ikiüzlü bir siyasətlə onlar üçün şərait yaratdı, jurnalları nəşr olundu, «nəzəri» məqalələri çap olundu, sonralar isə həmin hakim ideologiya proletkultçuların bir çoxunu güllələdi (mavr artıq xidmətini göstərib qurtarmışdı!) və eyni zamanda onların «Doloy!» - şüarlarının yaratdığı ab-havadan şeytani bir fəhm və ustalıqla istifadə edib, əgər belə demək mümkünsə, bədii-estetik çevrilişə (sui-qəsdə!) nail oldular və nəticə də bu oldu ki, «Gənc qvardiya», yaxud «Qızıl ulduzlu qəhrəman» sovet ədəbiyyatının bədii-estetik keyfiyyət meyarına çevrildi.
     Keçən əsrin iyirminci illərində Azərbaycan proletkultçuları da «Doloy Füzuli!», «Doloy Axundov!» - dedilər və düzdür, başda «Doloy tar!» - deyib yorulmaq bilməyən Mustafa Quliyev olmaqla, sidq-ürəkdən qulluq etdikləri ideologiya (Sistem!) tərəfindən qətlə yetirildilər, amma bizim milli ədəbiyyatda da traktor, kolxoz, sovxoz, Mingəçevir SES-i, barama, pambıq, neft buruğu, Qızıl meydan, Kremlin qırmızı ulduzu, 5 illik plan və s. insanı əvəz etdi və bu ideoloji atributlar insan xisləti əvəzinə bədii ədəbiyyatın tədqiq obyektinə çevrildi, yəni dünya ədəbiyyatı tarixində görünməmiş bir hadisə baş verdi: ideoloji atribut sənətin predmeti oldu.
     Gerçək həyatda insanlar «xalq düşmənləri» kimi ifşa olundu, güllələndi, Sibirin gedər-gəlməz çöllərinə sürgün edildi və ifşa edənlər də ordenlər aldı, deputat təyin edildi, vəzifələr tutdu, milli qəhrəmanlara çevrildi, eynilə bu cür də kitab səhifələrində, teatr səhnələrində personajlar (bədii surətlər!) iki yerə bölündü, bir qismi, yəni «mənfı qəhrəmanlar» «ifşa» olundu, güllələndi, sürgünlərə göndərildi, digər qismi isə, yəni «müsbət qəhrəmanlar» «ifşa» etdi, güllələdi, sürgünlərə göndərdi və Lenin ordeni aldı, Sosialist Əməyi Qəhrəmanı oldu.
     Və sovet ədəbiyyatında əsl absurd teatr situasiyası əmələ gəldi (hərçənd sovet ədəbi tənqidi absurd teatrı yaxına buraxmırdı!): personaj Sosialist Əməyi Qəhrəmanı idisə, pambıq, yaxud neft istehsalı planını 150 faiz (!?) yerinə yetirirdisə, hər qoyundan üç bala (!?) alırdısa, deməli o, güclü bədii surət idi.
     Proletkultçuluq inkannın obyektiv nəticəsi bu idi.
     Mənim bu kiçik tarixi ekskursla demək istədiyim ondan ibarətdir ki, boş, kinli-küdurətli, savadsız, hətta faciəvi inkarçılıq həmişə olub və həmişə də qeyri-sabit cəmiyyətin konyunkturası səviyyəsinə qalxmağa, ictimai fikirdə özünə mövqe qazanmağa çalışıb və bəzən buna nail də olub.
     Bu yerdə, şübhəsiz ki, ədəbi tənqidin missiyasına daha artıq bir ehtiyac duyulur, çünki ədəbi tənqidin missiyası - ədəbiyyatı, onun əldə etdiyi bədii-estetik dəyərləri qorumaqdır, bu isə o deyən sözdür ki, daha doğrusu, o sadə həqiqətdir ki, ədəbi tənqid yaxşıya da, pisə də qiymət vermək iqtidarında olmalı, ədəbiyyatın inkişafı naminə yaxşıdan istifadə etməyi, pisə qarşı isə mübarizə aparmağı, onu ədəbiyyata yaxın buraxmamağı bacarmalıdır.
     Bu gün Azərbaycan ədəbi tənqidi bu iqtidarda və belə bir bacarıqdadırmı?
     Yox.
     İstisnalar var və mən bu barədə Birinci məqalədə də danışdım, amma söhbət istisnadan yox, külldən gedirsə, bəli, bu sualın cavabı mənfidir.
     Bu gün bir sıra hallarda ədəbi tənqidin yerini yazıçılara qarşı nadan və cahil bir kin-küdurətin ifadəsi tutmağa başlayır.
     Vaqif Yusifli məqalələrindən birində («Azərbaycan», 2001, N° 4) özünə xas olan bir səliqə və dürüstlüklə bu nadanlıq makulaturasının icmalını verib və Vaqif qədər səbrli və təmkinli olmadığım üçün, mən yeni bir icmal vermək istəmirəm, maraqlananlar Vaqifin həmin məqaləsini oxuya bilərlər, ancaq özümlə bağlı yalnız bir cümləni (hökmü!) nəzərə çatdırmaq istəyirəm.
     Zümrüd Yağmur adlı bir müəllif yazır: «Elçin «Ölüm hökmü»nü yazanda, nə vaxtsa özünə ölüm hökmünün oxunacağını ağlına belə gətirməyib» («Azadlıq», 24 noyabr 2000).
     Göründüyü kimi, mənə ölüm hökmü oxuyan bu müəllif, əslində, öz üzərinə ağır cinayət işləri üzrə məhkəmədə hakim rolunu götürür və doğrusu, mən bu qorxunc hökmü oxuyandan sonra, sevindim ki, nə yaxşı, bu tipli müəlliflər həqiqi hakim olmayıblar, çünki belə bir killer soyuqqanlılığı ilə ölüm hökmü kəsmək hər adamın hünəri deyil. Bir sözlə, bu yerdə günahsız müqəssirlərin bəxti gətirib və ədliyyəmiz də, yumşaq desəm, bir şey itirməyib, amma orasını da deyə bilmərəm ki, ədəbi tənqidimiz bu cür müəlliflərin simasında nəsə qazanıb...
     Azərbaycan, həqiqətən, qəribə məmləkətdir. Burada tənqidçi ölüm hökmü kəsir. Burada heç nə yazmayıb yazıçı, tənqidçi olursan.
     Dünənə qədər, yuxarıda dediyim kimi, hakim sovet ideologiyası kimisə «klassik» vəzifəsinə, «istedadlı yazıçı», «böyük şair» vəzifəsinə təyin edirdi, bu gün isə Azərbaycanda kim istəyir, özü özünü «yazıçı» vəzifəsinə təyin edir, özü özünü «dissident» vəzifəsinə (guya, sovet sistemi ilə mübarizə aparıb!), «millətçi» vəzifəsinə (guya, sovet vaxtı millət yolunda ölümün gözlərinə baxıb!), «təqiblərə məruz qalmış yazıçı» vəzifəsinə (guya, möcüzə ilə KQB-nin caynaqlarından qurtarıb) və s. və i. a. təyin edir və mətbuat da bütün bu cəfəngiyatı heyranlıqla çap edir.
     Çünki tənqid susur.
     Bu gün Azərbaycanda qəribə bir janr əmələ gəlib: özünütərif janrı və hadisələr bu münvalla inkişaf etsə, bu yeni janr ədəbiyyatımızın milli faktoruna çevriləcək.
     Və çox zaman bu özünütəriflərin arxasında imkan ilə iddia arasındakı komik bir tərs-mütənasiblik dayanır.
     Tehran Əlişanoğlu cavab xarakterli bir yazısında deyəndə ki, «1995-ci ildən başlayaraq, ədəbi prosesdə ən fəal çıxış edən tənqidçilərdən biri mənəm» («Bizim əsr», 5 iyun 2002), bu zaman onun yazdıqları dediklərini təsdiq edir, çünki həmin dövr ərzində Tehranın 400 məqaləsi dərc olunub və bu, çox ciddi bir rəqəmdir.
     Olsun ki, Tehranın, yaxud Əsəd Cahangirin fəallığını, onların indiki dövrdə apardıqları ədəbiyyat mücadiləsini özləri yox, başqaları desəydi, daha yaxşı olardı, amma:
     a.başqaları bunu demir;
     b.onların özləri haqqında dediklərində kəmiyyət ilə keyfiyyət baxımından da tərs-mütənasiblik yoxdur, Tehran da, Əsəd də zəhmətkeş olduqları qədər də zövqlü və hazırlıqlı qələm sahibləridir.
     Hətta bu tənqidçilərin - Tehran Əlişanoğlunun və Əsəd Cahangirin - mətbuatda bir-biri ilə ədəbi mübahisələrini, hansı fiki r ayrılıqlarına görəsə bir-birinə cavab verməsini də mən, tənqidimizin xeyrinə olan, tənqidimizi silkələyən, oyatmaq istəyən, ədəbi prosesi canlandıran bir hadisə hesab edirəm.
     Ancaq ümumi vəziyyət tamam başqa cürdür: özünütəriflərin arxasmda imkan ilə iddia arasındakı komik və komik olduğu qədər də eybəcər bir təzad durur. Bu xəstəliyin virusu o qədər yayılıb ki, bəzən, hətta tanınmış bir yazıçı da özünü saxlaya bilmir, heyran-heyran, əsl narsisist həvəsi ilə özünütəriflə məşğul olur, tarixi keçmişdən daha çox, öz fantaziyasını əsas götürür və bu zaman həmin dediyimiz komik və eybəcər təzad həqiqət ilə deyilənin, olan ilə yazılanm arasmda yaranır.
     Mən yenə əvvəlki fikrimə qayıtmaq istəyirəm. Bəli, Azərbaycan qəribə məmləkətdir.
     Rusiyadan tutmuş Pribaltika ölkələrinəcən, Ukraynadan, Gürcüstandan, Moldovadan tutmuş Orta Asiya respublikalannacan bütün postsovet məkanında «60-cılar»ın yaradıcılığı diqqət mərkəzindədir, onu tədqiq edirlər, bu yaradıcılıq haqqında ədəbi tənqidin və ümumiyyətlə, ictimai fikrin sovet zamanı deyə bilmədiklərini indi deyirlər, onların yalnız ədəbiyyatda yox, XX əsrin sonlarında milli-ictimai fikrin inkişafında, həm də mərhələ səciyyəli inkişafında oynadıqları rolu müəyyənləşdirirlər və s.. Azərbaycanda isə «60-cılar»ı «ifşa» etmək istəyirlər, «Heç biriniz, heç olmasa, Nobel mükafatı adayı da olmadız!» - deyə avam (və gülünc!) bir tənə ilə onları məzəmmət edirlər...
     Ancaq bu barədə növbəti məqalədə.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 706 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more