Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mahmud və Məryəm-2
<< 1 / 2 >>

    M ə r y ə m (atasına tərəf baxaraq yavaşdan). Ata, görəsən ağ keçi indi neyləyir? Adamlardan hürkürdü ağ keçi... Görəsən, öyrəşdi başqalarına...
    K e ş i ş. Insanlar da, heyvanlar da, yer üzünün cəmi məxluqatı hər şeyə öyrənir, adət edir. Dünyada əbədi heç nə yoxdur, qızım. Əbədi yalnız Allahdır və onun təlimidir. Yat, qızım, yat...
    Pauza.
    Yatdı... Bayandur xan Ziyad xanı öldürüb, Gəncə taxtına sahib olub... Bayandur xan, təkcə Ziyad xanın qanı ilə doymayacaq, mən bu dinsiz cəlladları yaxşı tanıyıram, Bayandur xanın adamları Mahmudu tapıb, onu da qətlə yetirə bilər... O zaman... O zaman hər şey qaydasına düşər... (Elə bil, dediyindən qorxur.) Mən Məryəmin ürəyini ağrıdacaq bir ölüm arzu edirəm... Allahı uca tutan, dinə xidmət edən insan, belə qəddar ola bilər?.. Axı, nə üçün, bir insan, başqa bir insana ölüm arzulayır?.. Başqasına, lap dinsiz müsəlman olsun, ona ölüm arzulayan ürək, saf ola bilər? Mən kiməsə ölüm arzulayıram, Müqəddəs Evin qapıları mənim üzümə açılar?..
    Q a d ı n s ə s i. Yat, həyatım, yat... Özünü üzmə, həyatım... Yat... Yat... Yat...
    K e ş i ş (qəfil həyəcanla). Yox, yox, yatmaq yox, qaçmaq lazımdır! Qaçmaq lazımdır! Qaçmaq! Dur, qızım! Qaçmaq, qaçmaq lazımdır! Məryəm! Məryəm!
    İ ş ı q s ö n ü r.
ON SƏKKİZİNCİ ŞƏKİL


    D a n ı ş a n, Q ı s ı r Q a r ı, C e y r a n, C ə f ə r, M a h m u d, S o f i.
    Aylı bir gecə. Çöllük.
    Bir tərəfdə Ceyranın çadırı, o biri tərəfdə Mahmudla Sofi ocaq kənarında oturub.
    D a n ı ş a n. Ziyad xan öldürülmüşdü, amma indi bunun Ceyran üçün heç bir əhəmiyyəti yox idi. Çünki onsuz da, Ceyran, Ziyad xanın tapşırığını yerinə yetirə bilməmişdi və yerinə yetirə bilməyəcəkdi, bu aydın məsələ idi. Ziyad xan öldürülmüşdü, deməli, Ceyran tamam azad idi. Düzdü, Təbrizdə vəd olunmuş mülk də əldən çıxırdı, amma nə olsun, dünyanın axırı deyildi ki... Ceyran hələ cavan idi, gözəl idi, ağıllı idi və hər şey gələcəkdə idi...
    Pauza. Hansı gələcəkdə?
    Pauza.
    Yox, hər şey məhv olub gedirdi... Ceyran heç ağlına belə gətirə bilməzdi ki, bu qədər zəifdir və dünyada hər şey onun üçün bu dərəcədə uğursuzluqla, bu dərəcədə şərəfsizliklə sona yetəcək...
    Pauza.
    Ziyad xanın qətli xəbəri gəlib çatanda, Qısır qarının ağzındakı tək dişi ağardı.
    Qısır qarı. Şükür Allaha, qayıdaq Gəncəyə – öz xarabamıza, day nə ölümümüz var bu çöllərdə. Bir kişi xeylağı ki, adını cavan oğlan qoya, amma sən kimi nazəninin ləzzətini qanmaya, onda kül onun başına...
    Ceyran (hirsli). Bəsdir axmaq qarı, kiri!..
    Qısır qarı(heyrətlə). Az, doğrudan doğruya aşiq olmusan sən? Ceyran. Axmaq qarı! Sən görmürsən ki, onun atəşi necə yandırıb-yaxır məni?! Qısır qarı.Ay Allah!.. Ömrümdə mənim bu səfeh ağlıma gəlməzdi ki, sən də aşiq ola bilərmişsən!
    Ceyran. Ondan danış...
    Qısır qarı.Daha nə danışım? Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, elə bil Yusifdi, Kənandan gəlib... Bayaq çayın yanından keçirdim, gördüm ki, çimir. (Ağzını onun qulağına dirəyib ləzzətlə nəsə deyir.) Hə!.. Hə!.. (Gülə-gülə) Həzrət Abbasın qılıncına gəlim ki, lap zor kişidi!..
    Ceyran. Get, onu yenə çağır bura... Elə elə ki, gəlsin, eşidirsən, qarı, elə elə, gəlsin! Tovla, vəd ver, şirnikdir, nə edirsən et, amma gəlin bura!..
    Qısır qarı gedir. Ceyran pərdənin arxasına keçir və soyunub yuyunmağa başlayır. Mehtər Cəfər çadıra daxil olur və yuyunan Ceyranın kölgəsini görüb dayanır.
    Cəfər (pıçıltıyla). Hər dəfə onu görəndə bütün bədənim titrəyir... Dözə bilmirəm daha, onun o bədəni, onun o sifəti, o gözləri gecə-gündüz məni öldürür... Bir dəfə, bircə dəfə əlimi onun bədənində gəzdirməkdən ötrü, bütün qalan həyatımı verərəm... Məhv oluram... Ölürəm mən...
    M a h m u d. Gedək burdan, Sofi. O qadın məni təqib edir, o qadında bir sehr var, Sofi, mən qorxuram... Mənim cismim məni o qadına tərəf çəkir, Sofi, qaçaq burdan! Rüsvay olaram mən, Sofi, qaçaq!
    S o f i. Hara qaçaq, ay bədbəxt? Ay dünyadan bixəbər, hara qaçaq?!
    Qısır qarı onlara yaxınlaşır. Mahmud, elə bil, özünü itirir.
    Qısır qarı. Boy, başıma xeyir!.. Məni görəndə, elə bil küpəgirən qarı görür! Mən səni bəxtəvər eləmək istəyirəm, ay ağzının dadını bilməyən cavan! Gedək mənimlə, bax, o çadıra. Gözləyir səni, təkcədi. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, bir bədən var onda, elə bil, balıqdı, əlini qoysan, sürüşəcək... Bir döşlər var onda, vallah, mən dünyanın heç bir hamamında o cürə şamamalar görməmişəm. Bir baldırlar var onda, bir bel var onda! Deyir, gəl, götür məni də, səndən başqa bir umacağı ki, yoxdur! Sonra da hara istəyirsən, çıx get də! Özü də çimir indi... Hə, gəl bəri, aparım səni çadıra, özün qurula onu məhrabayla, gəl, gəl bəri!..
    M a h m u d (çılğın). Gedək, gedək burdan, Sofi, gedək!.. (Qaçıb səhnədən çıxır.)
    Qısır qarı.Get, köpək oğlu, get! Bir qara daş da dalınca!.. (Sofiyə) Sən niyə ağzının suyunu axıdırsan?.. Sənin üçün çimir o?
    Səhnə qaralır və işıq yalnız Ceyranın üzərinə düşür.
    Ceyran.
    Ta nəyaba morad xiş beçuş,
    Ta nəsazət zamana ba to, beso...
    D a n ı ş a n. Bu iki misra şair Məsudinin idi: Nə qədər ki, öz muradına çatmamısan, çalış ki, zəmanə sənə saz olmasa da, sən zəmanəyə saz ol... Ceyran nə üçün bu iki misranı xatırladı... Bu sualın cavabını bəlkə heç o özü də bilmirdi... Birdən-birə Ceyranı neçə-neçə illərin yorğunluğu bürüdü, neçə-neçə illərin əzab-əziyyəti, var-dövlət hərisliyi, eyş-işrət həvəsi, neçə-neçə illərin dəli sevdası, elə bil, cındır bir əsgi kimi, onun ayaqlarının altına atıldı... Hər şey mənasız idi, indiyədək yaşanmış həyat da, bundan sonra yaşanacaq həyat da... Elə həmin gecə Ceyran Qısır qarını da, bütün karvanı, nökərləri də çölün ortasında qoyub Mehtər Cəfərə qoşuldu və bir atın belində Mehtər Cəfərin on iki il bundan əvvəl qoyub getdiyi kəndə tərəf çapdılar... Qoy, Ceyranın bundan sonrakı mənasız həyatı mənasız Mehtər Cəfərin mülkiyyətinə çevrilsin... Ceyran belə Ceyran idi... Mahmud isə... Payıza daha bir şey qalmamışdı...
    İ ş ı q s ö n ü r.

ON DOQQUZUNCU ŞƏKİL


    D a n ı ş a n, M a h m u d, S o f i, Q o c a.
    Günorta. Yol.
    D a n ı ş a n. Payıza daha bir şey qalmamışdı, gecələrin ayazı adamı üşüdürdü. Sofi nə qədər etsə də, beynini deşən fikirləri başından qova bilmirdi: bütün bu işlərin axırı nə olacaqdı?.. Mahmudun gözləri güllərə baxırdı, soruşurdu: Məryəmi gördünüzmü? Çöllərə baxırdı, soruşurdu: Məryəmi gördünüzmü? Mahmudun gözləri, Mahmudun baxışları, Mahmudun hərəkətləri qürbət ellərdə ah-zar edə-edə bir keşiş qızını arzulayırdı və hərdən bütün bunlar Sofiyə təsir edirdi... Allahın yağışı yağanda da, Sofiyə elə gəlirdi ki, elə bil yağış yağmır, Mahmudun dərdinə göylər ağlayır. Deyəsən Sofi də dəli olurdu...
    S o f i. Mahmud, o irəlilərdə elə lotular var ki, bizi kişmişin yerinə ciblərinə doldurub yeyərlər, biz orada baş çıxara bilmərik...
    M a h m u d. Mən yolçuyam, Sofi, yollar keçib gedirəm... Səhnəni dolaşa-dolaşa yol gedirlər.
    S o f i n i n s ə s i. Yaxşı, sən yolçusan, yolçu ol, yollara düşmüsən, düş, öz aləmin var, öz məqsədin var, bəs mənim nə təqsirim var?.. Bəs mənim günahım nədir?.. Mənim günahım nədir ki, 46 yaşına çatmışam, amma ömrümdə bir xoş gün yaşamamışam... həmişə əl buyruqçusu olmuşam, başqalarına xidmət etmişəm, bütün həyatımı başqalarına qurban vermişəm... Bəsdi, axmaq Sofi, bəsdi, nə tez başqaları oldu, yad oldu bu adamlar? Ziyad xanın bədəni torpağın altında hələ soyumayıb, düzdü Qəmərbanu, deyirlər, itkin düşüb, amma dünyanın işlərini bilmək olmaz, Sofi!..
    S o f i (Mahmuda). Yorulmadın, övladım? Bəlkə dincələk bir az?
    M a h m u d (elə bil onu eşitmir). Bu təzadlar nədi belə dünyada, Sofi? Bir tərəfdə səfalət, o biri tərəfdə var-dövlət... Bir tərəfdə Firdovsinin zəkası, o biri tərəfdə onu aldadan Sultan Mahmudun nadanlığı...
    S o f i. Bəyəm, indi belədi, bəyəm min il bundan qabaq belə olmayıb? Bəyəm belə olmayacaq min il bundan sonra? Bəyəm Allah özü gündüz ilə bərabər gecə yaratmayıb, Mahmud?.. Bəyəm yaşadan da, öldürən də, o deyil?.. Dərədə, təpədə indi bunların dərdini çəkmək bizə qalıb?
    Qoca əlində bağlama yol keçir.
    M a h m u d (qocanın əlindəki bağlamaya işarə edir). Bu nədi belə?
    S o f i (təəccüblə o tərəf-bu tərəfə baxır). Sən kimlə danışırsan?
    M a h m u d (Sofini eşitməyərək, Qocaya). Nədir bu?
    Sofi heyrətlə ətrafa baxır və heç nə görmür. Qoca yalnız Mahmudun gözlərinə görünür.
    Q o c a. Dörd kitabdı...
    M a h m u d. Sən kimsən?
    Q o c a. Musayam, Davudam, Isayam, Məhəmmədəm...
    M a h m u d. Allahsan?
    Q o c a. Yox, adamam, sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm...
    M a h m u d. Bəs, dərd... dərd əlindən necə çatlamır sinən?
    Q o c a. Sən dərdi görürsən, dərd axtarırsan, hər şeydə, amma mən o dağları da görürəm, bu otları da, çiçəkləri də, görürəm, bu çayı da görürəm, səndə nə yaxşı var, onu da, görürəm...
    Qoca gedir.
    S o f i. Sən indi gərək yorğan-döşəkdə yatasan, bala... Bəsdi, qoymayacağam buradan tərpənəsən. Elə buradaca əylənək bir az, sonra görək başımıza nə gəlir...
    Uzaqdan Xanəndənin səsi gəlir.
    S o f i. Dünyanın nə çox şəhəri, gedib birində məskən salarıq, ev-eşik düzəldərik... Səni evləndirərəm, Mahmud, oğul-uşaq sahibi olarsan, ondan sonra hər şey düzələr...
    M a h m u d (əli ilə uzağı göstərir). Eşidirsən Sofi?
    S o f i. Nəyi?
    M a h m u d. Xanəndənin səsini...
    Sofi təəccüblə Mahmudun göstərdiyi səmtə tərəf baxır və heç nə eşitmir.
    S o f i n i n s ə s i. Lap yaxşı oldu, sənə bu da azdı! Sən iztirab çəkirsən ki, bu yazıq soyuqlayıb, sayıqlıyır, amma o səni ələ salır, sənə bu da azdı! Nə istəyirsən ondan, səfərdən döndərib hara aparacaqsan onu, bəlkə Gəncəyə aparacaqsan ki, Bayandur bəy, kəs bunun başını? Üstəlik mənim də başım peşkəşdir, hə?.. Hansı başqa şəhərə aparacaqsan onu, avam kişi? Sən görmürsən ki, bu bədbəxt elə bir əlacsızlıq içindədir ki, heç bir işıq ucu yoxdu?.. Tutalım ki, getdik o məlun keşişi tapdıq, sonra nə olsun? Keşiş Mahmuda qız verəndi? Kimi var indi Mahmudun ki, qızı keşişdən alıb buna verə? Lap elə bil, tutalım ki, mən əlimi qurşağıma saldım, daş-qaş gücünə keşişi razı saldım, keşiş qızını Mahmuda verdi, sonra nə olacaq?.. Bu divanədi... Divanədi? Bəlkə o Hatifin səsini eşidir, amma sən o səsi eşidə bilmirsən, hə? Olsun! Elə olsun! O, helədi, mən beləyəm! Indi mən bu qədər daş-qaşı götürüb Mahmudla keşişə verməliyəm ki, alın, xərcləyin, mən də ölənə qədər sizin qulunuz olacağam!? Nə üçün? Niyə axı? Niyə? Mən həmişə qaşiyəkeş olmuşam, qoy, indi mənim də yəhərimin örtüyünü gəzdirsinlər!..
    Sofi əli ilə belindəki qurşağı yoxlayır və yavaş-yavaş geri qalmağa başlayır. Mahmud yoluna davam edərək səhnədən çıxır.
    S o f i. Allah qafirüzzənbdir!.. Allah günahları bağışlayandır!..
    Sofi geri çönüb sürətlə səhnədən çıxır.
    İ ş ı q s ö n ü r.

İYİRMİNCI ŞƏKİL


    D a n ı ş a n, I s r a i l, B a y a n d u r I x t i y a r, Yaqub Ə b ü l f ə z, B i r i n c i k i ş i, I k i n c i k i ş i, Ü ç ü n c ü k i ş i, F ə r ə c u l l a h, A z ə r, Aysulu, Ş ö v k ə t I ş b i l ə n və b a ş q a l a r ı.
    Dağın döşündə bir kənd.
    D a n ı ş a n. Həmin kənd dünyanın ən gözəl kəndlərindən biri idi. Bütün dünya susuzluqdan yanıb cadar-cadar çatlayanda, bu kəndin ətrafında hər addımbaşı pıqqıldayan bulaqlar adamın ürəyinə sərinlik gətirirdi, bütün dünya yeməyə çörək tapmayanda, bu kəndin sapsarı buğdası dəyirmanda üyüdülürdü, çuvallar çuval üstə yığılırdı, kəndin camaatı hündürboylu, qolu güclü, arvadlarının döşü südlü camaat idi, işləyən camaat idi, əkirdi, becərirdi, halallıqla da yeyirdi. Bu yerlərdən gəlib-keçən Gözəl Xasiyyətli təxəllüslü ərəb şairi və səyyahı Yəmənli Əbülqasım Talıb əl- Həsən Cəmaləddin Qiyas ibn Ziyad Məhəmməd Kəmaləddin Həmidəxasil öz adından da uzun bir qəsidə yazıb bu kəndi bu dünyanın o dünyadakı cənnətdən da artıq bir cənnəti kimi dillər əzbəri etmişdi. O vaxtlar Azər təzə evlənmişdi və cavan arvadı Aysulu ilə bir yerdə Gözəl Xasiyyətlinin cənnətdən də artıq vəsf elədiyi həmin kənddə yaşayırdı. Azərin bütün gününün əkib-becərmək yorğunluğu Aysulunun təmiz və sağlam yatağında çıxırdı. Aysulunun balıq kimi sürüşən və hamar bədəninin istisi dünyada yaşamağın gözəlliyindən deyirdi. Azərlə Aysulunun birinci oğlu olanda, Azər ilkinə imam Əlinin adını qoydu, «– Adını mən verdim, yaşını Allah versin!» – dedi və həmin gün kəndin bütün camaatı ocaq qaladı, heyvan kəsdi, səhərə kimi çaldı, oxudu. Azərlə Aysulunun ikinci oğlu olanda, Azər bu ikinci oğluna da imam Həsənin adını qoydu, sonra Imam Hüseyn, Zeynalabdin, Məhəmməd Bağır, Cəfər Sadıq, Musayi Kazım oldu. Azər oğlanlarına bir-bir imamların adını qoyurdu. Oğlanlar da, beləcə sağlam, gözəl, ağıllı, mehriban böyüdükcə, yavaşyavaş kəndin camaatına elə gəlirdi ki, elə bil bu oğlanlar imamdırlar, təzədən dünyaya gəliblər, camaatın bu oğlanları sevməsində, oxşamasında bir möcüzə hissi də baş qaldırmağa başladı. Azərlə Aysulunun 8-ci oğlunun adı Imam Rza qoyuldu, sonrakı uşağa Məhəmməd Təqi adı verdilər... Başqa ad verə bilməzdilər, çünki camaat biri-birinə pıçıldayırdı ki, Məhəmməd Təqi də gəldi... Kəndin camaatı Azərin evinə axışdı. Kəndin camaatı heç vaxt Havalı Ibrahimin dediklərinə fikir vermirdi, amma iş elə gətirdi ki, günlərin bir günündə kənd Havalı Ibrahimə inandı... Elə bil bu kəndin camaatı bu xəbəri neçə vaxt idi ki, gözləyirdi.
    Camaat Azərin evinin qarşısına yığışır.
    Yaqub. Ay camaat, sübh tezdən Havalı Ibrahimin gözünün qabağında şimşək çaxıb və qeybdən eşitdiyi səs Havalı Ibrahimə deyib ki, Mehdi Sahibi-Əzzaman sizin kənddə Azərin evində zühur edəcək! Israil. Indiyədək heç zaman Havalı Ibrahimin gözünün qabağında şimşək çaxmazdı, indiyədək heç vaxt Havalı Ibrahim qeybdən gələn səsi bu cür gur, bu cür aydın eşitməmişdi.
    Havalı Ibrahim gəlir və hamı sual dolu nəzərlərlə ona baxır.
    Havalı Ibrahim (qışqırır). Hə!.. Hə!.. Hə!.. (Onu qıc vurur və yerə yıxılıb çapalayır).
    D a n ı ş a n. Kəndin bütün camaatı Azərin evinin qarşısına yığışırdı. Onlar Əlinin, Həsənin, Hüseynin, Zeynalabdinin, Məhəmməd Bağırın, Cəfər Sadığın, Musayi Kazımın, Rzanın, hələ qırx günü çıxmamış Məhəmməd Təqiqin əlindən, ətəyindən öpməyə başladı...
    Danışan bunları söylədikcə, biz də bütün bunları səhnədə görürük.
    Və həmin gündən də o kəndin camaatı Mehdi Sahibi-Əzzamanı gözləməyə başladı...
    Bayandur Ixtiyar (camaatdan ayrılaraq əllərini göyə qaldırır). Tanrı, bizə qəzəbin tutmuş?.. (Həyəcanla) Sən ucalardan ucasan, Tanrı! Kimsə bilməz necəsən, görklü Tanrı! Sən anadan doğmadın, sən atadan doğmadın, kimsə rizqin yemədin, kimsəyə güc etmədin, qamu yerdə əhədsən! Allah, səmədsən! Adəmə Sən tac urdun, şeytana lənət qıldın! Qoru bizi! Qəzəbin tutmasın bizə!
    D a n ı ş a n. Yenə gün keçdi, ay dolandı, Azərin 10-cu oğlu oldu, ona da imam Əli Ənnəqinin adını qoydular. Bundan sonra kəndin bütün camaatı, işini-gücünü buraxıb, On Ikinci Imam Mehdi Sahibi-Əzzamanın yolunu gözləməyə başladı...
    Yaqub. Yaxşı yadıma düşdü, altı il bundan əvvəl inəyim meşədən qayıtmadı, yadınızdadır, gecə gedib gördük ki, canavar inəyi dağıdıb. Bu zülm deyildi, bəs nə idi?
    Israil. Inişil qırt toyuqlarımın çıxartdığı on səkkiz cücədən cəmi yeddisi salamat qaldı... Bu zülm deyil, bəs nədi?..
    Əbülfəz. Ələkbərin oğlunun toyunda...
    Fərəcullah. Dayan, sənin yekə qızın mənim kiçik oğluma daş atmışdı... Uşağın başı yarılmışdı, nə var, nə var, mənim oğlum sənin bostanına daş atmışdı... (Camaata) Belə bir müsibətə dözmək olar?..
    Birinci kiş i. Bu müsibət deyildi ki, Mərdan öz qızını Isgəndərə verməmişdi, amma Əlibala kimi qara pıspısanın birinə vermişdi?..
    Ikinci ki ş i. Bəs buna necə dözmək olar ki, Əlövsətin qapısında dörd sağlam inək saxlanır, amma yeddi uşaq atası Kərimin həyətində cəmi bircə inək var!..
    Üçüncü ki ş i (bərkdən qışqırır). Mehdi Sahibi-Əzzaman gələndən sonra bütün bu haqsızlığa son qoyulacaq!
    Hamı bir-birinə qarışır və ağız deyəni qulaq eşitmir.
    Bayandur Ixtiyar. Camaat, dəli olmusunuz? Ağlınızı başınıza yığın! Özünüz özünüzü tilsimə salmayın, çıxın tilsimdən!
    Kəndin sakinləri onu daşa basır, böyük də, kiçik də, arvad da, uşaq da, daşqalaq edərək onu qovur.
    D a n ı ş a n. Azərlə Aysulunun on birinci uşağı oldu... Naəlac qalıb bu uşağa da on birinci imam Həsən Əsgərin adını qoyurlar... Daha başqa cür mümkün deyildi... Bundan sonra əkinlər əkilmədi, torpaq becərilmədi, o, bunun dalınca dedi, bu, onun dalınca danışdı, ortaya ədavət düşdü, onunla bu qanlı oldu, qonşu qonşunun xeyrinə yaramadı, dayıoğlu, bibioğluya fırıldaq gəldi, qız atanın üzünə ağ oldu, ana çörəyi oğlundan əsirgədi... Bir gecə hardasa yıxılıb ölmüş Havalı Ibrahimin qəbri pir oldu, hamı işini-gücünü bir tərəfə atıb Ibrahim pirindən təvəqqe umdu... Hamı Mehdi Sahibi-Əzzamanın yolunu gözlədi... Kəndə aclıq düşdü, çörək yox idi, camaat gicitkəni soyutma edib yeyirdi... Təkcə Azər işləyib balalarını yedirdirdi və Aysulu bişirdiyi xörəkdən kəndin də ac uşaqlarına verirdi. Kəndin atları, eşşəkləri ac qalıb meşələrdə baxımsız idilər, canavarlar camaatın əfəlləşdiyini görüb tövlələrə soxulurdu, qoyun-keçini tələf edirdi. Kəndin camaatı bir-biri ilə didişirdi. Bu ondan bir ovuc noxud oğurlayırdı, o biri armud üstündə vurub bu birisinin başını yarırdı... Camaat yeməyə şey tapmırdı, amma hər şeyə dözmək olardı, çünki Aysulu yenə boylu idi və Mehdi Sahibi-Əzzamanın zühuruna az qalmışdı!.. Sonra hər şey əla olacaqdı!..
    Aysulu (qorxu içində). Qaçaq burdan, Azər, qaçaq...
    Azər (həyəcanla). Hara qaçaq? On bir uşağı götürüb hara qaçaq? On ikincini gözləyə-gözləyə hara qaçaq?.. Ev-eşiyi atıb, torpağı başsız qoyub hara qaçaq?.. Hara pənah aparaq?.. Axı, nə üçün qaçmalıyıq? Kimə pislik etmişik? Kimə nə boyun olmuşuq?
    Aysulu. Mən qorxuram... Qorxuram!.. Qorxuram!..
    D a n ı ş a n. Həmin gün Azər çöldə işdə idi və birdən-birə o kənddə kiminsə qışqırtısı eşidildi...
    Səs. Ay, camaat! Gözünüz aydın olsun! Aysulunun ağrısı başlayıb! Şövkət Işbilən getdi ki, uşağı tutsun.
    Kəndin sakinləri:
    – Allahımıza qurban olaq!..
    – Lailahəilləllah!..
    – Sahibi-Əzzaman gəlir!..
    – Mehdi gəlir!..
    – Allahımıza qurban olaq!..
    – Sahibi-Əzzaman gəlir!..
    Kəndin sakinləri Azərgilin həyətinə yığılıb həyəcanla gözləyir. Azərin uşaqları da həyətdədir. Çağa səsi eşidilir.
    Kəndin sakinləri:
    – Gəldi!..
    – Gəldi!..
    – Gəldi!..
    – Mehdi!..
    – Mehdi!..
    – Mehdi!..
    Şövkət Işbilən qucağında uşaq içəridən çıxır.
    Kəndin sakinləri:
    – Mehdi!..
    – Mehdi!..
    – Mehdi!..
    Ş ö v k ə t Işbilən (dəhşət içində). Qızdır! (Uşağı yuxarı qaldırır.) Qızdır!..
    Pauza.
    Iblisdir! Şeytandır! (Uşağı bir ət parçası kimi camaatın üstünə atır!) Camaat heyvani bir vahimə içindədir. Azərin uşaqları qorxudan divara qısılıb. Bayandur Ixtiyarın səsi. Axmaq camaat, Havalı Ibrahimin sözünə inanan camaat! Ibrahim tənazülünə dolanan insanlar!.. Indi Havalı Ibrahim o dünyadan tamaşa edib gülür!..
    Qəhqəhə səsi, külək səsi, camaatın, körpənin qışqırığı, Azərin uşaqlarının fəryadı bir-birinə qarışır.
    Kəndin sakinləri (Azərin uşaqlarını bir-birinə göstərərək):
    – Iblisdirlər!..
    – Iblisdirlər!..
    – Iblisdirlər!..
    Kənd sakinləri vəhşi bir uğultuyla körpənin və o biri uşaqların üstünə atılırlar, didib parçalamağa başlayırlar. Aysulu qana bulaşmış ağ gecə köynəyində eşiyə atılır, yerdən dəryazı götürüb ulaya-ulaya ayaqlarının arasından salıb sinəsinə qədər qaldırır, qan onu bürüyür...
    Pauza.
    Kənd sakinləri yerə sərilmiş Aysuluya baxa-baxa, elə bil, yuxudan oyanırlar. Azər onların arasından çıxıb səhnənin ortasına gəlir. Saçları ağappaq ağarıb.
    Bayandur Ixtiyarın s ə s i. Qarşı yatan qara dağlar qarıyıbdı, köşək verməz... Qanlı-qanlı irmaqlar quruyubdu, suyu gəlməz... Şahbaz-şahbaz atlar qarıyıbdı, qulun verməz... Qızıl-qızıl dəvələr qarıyıbdı, köşək verməz...
    İ ş ı q s ö n ü r.

İYİRMİ BİRİNCİ ŞƏKİL


    M a h m u d, D a n ı ş a n, Q ı r m ı z ı t u m a n k i ş i, A y a ğ ı y a l ı n k i ş i, B ı ğ l ı k i ş i, M u x t a r B ə d h e y b ə t, H e y b ə q a d ı n, M ə l ə k P ı r p ı z a q, P a l a n Ö m ə r, A x s a q q a r ı, Q u l M ə h ə m m ə d, S a r ı ş ı n o ğ l a n və b a ş q a l a r ı.
    Çöl. Günorta.
    Bir dəstə səfil insan öz taleyinə doğru gedir. Mahmud da artıq səfil bir qiyafədə onların ardınca addımlayır. Qırmızıtuman kişi səfillərdən birinin əlindən çörək qapıb geri qaçır və Mahmudla üz-üzə gəlir.
    M a h m u d. Nə üçün çörəyi o kişinin əlindən aldın? Sən görmürsən ki, dərd onu nə günə salıb?.. Sən bilirsən dərd nədir?
    Qırmızıtuman kişi ona baxıb gülümsəyir və gedir.
    D a n ı ş a n. O baxışlar Mahmudu sarsıtdı... O baxışlar nə deyirdi? O baxışlarda ağrı vardı... O baxışlardakı gülüş başqa... tamam başqa idi... və əlbəttə, Mahmud o Qırmızıtuman kişinin həmin baxışlarının mənasını başa düşə bilməzdi, çünki Mahmudun, dağların qoynundakı o kənddən xəbəri yox idi... Mahmud nə biləydi ki, o kişinin həmin qırmızı tumanının rəngi arsızlığın rəngi deyildi, insan qanının rəngi idi...
    Pauza.
    O Qırmızıtuman kişi Azər idi... Həmin kənd də dünyanın ən gözəl kəndlərindən biri idi...
    Pauza.
    O bir dəstə səfil insan eləcə yol gedərək səhnədən çıxır.
    Mahmud hara getdiyini bilmirdi, bu çölləri, dağları, təpələri tək dolaşırdı, əslində, Mahmud heç kimi görmək istəmirdi, beləcə tək-tənha olmaq istəyir, amma bu istəkdən, bu hissdən qaçırdı, çünki sövq-təbii duyurdu ki, özünü həmin hissin ixtiyarına versə, onun üçün həyatda hər şey dəyişər, başqalaşar, Mahmud özü də, başqa bir adam olar və o zaman, əlbəttə, yer üzündə Məryəmin daha heç kimi olmaz...
    Pauza.
    Mahmud kolların dibində yeməli pencər axtarır. Iki nəfər o tərəf-bu tərəfə boylana-boylana ona yaxınlaşır.
    Ayağıyalın kişi. Bizimkilər hara getdi?..
    M a h m u d. Yazıq Sofi... Öz həyatını mənim yolumda qurban verdi... Bu səfərin ağırlığına dözə bilmədi... Çaydamı boğuldu, qayadanmı atdı özünü, qurdlara, quşlaramı yem oldu?..
    Bığlı ki ş i. Bunun başı xarabdı!.. Özünün də bir şeyi yoxdu ki, götürək... Gedək.
    Ayağıyalın ki ş i. Yox, bu acından sayıqlıyır... (Mahmuda) Gəl, gəl, qoşul bizə...
    Bayaqkı səfil insanlar ordan-burdan səhnəyə doluşaraq onları dövrəyə alır.
    Qoşul bizə... Bizə...
    M u x t a r B ə d h e y b ə t (diqqətlə Mahmuda baxır). Kimdi bu? (atdanıb-düşməyə başlayır.) Kimdi bu?.. Kimdi bu?.. Kimdi bu?..
    Səfillər də atılıb-düşməyə başlayır.
    S ə f i l l ə r:
    – Kimdi bu?..
    – Kimdi bu?..
    – Kimdi bu?..
    M a h m u d. Gecə-gündüz oda yandım, alışdım, tutdu, yolum-yolum yoldu dərd məni!.. Fələk mənimlə də inad elədi, ağalar!
    S ə f i l l ə r (gülürlər):
    – Ağalar?
    – Bu bizə «ağalar» dedi?
    – Ağalar?
    M a h m u d (elə bil, onları eşitməyərək davam edir). Qəm ilə hicrandı töhvən, söylədi fələk, ağalar!.. Iti qılıncıyla bağrım teylədi, bölük-bölük etdi, böldü dərd məni, ağalar!..
    S ə f i l l ə r (qəhqəhə içində onun ətrafında atılıb düşə-düşə):
    – Ağalar?..
    – Hə, ağalar!..
    – Ağalar!..
    – Ağalar!..
    Cırılmış-yamanmış əbaya bürünmüş Sarışın oğlan Mahmuda yaxınlaşır.
    S a r ı ş ı n o ğ l a n (kəkələyə-kəkələyə yavaşdan). Bə... Bədbəxt in... insan, ə... əcəl dartıb çə... çəkdi səni bu... bura?
    M a h m u d. Gecə-gündüz kəsməz ürəyimin göz yaşı, ağalar!.. Sizin kimi, məni də çöldənçölə saldı dərd, ağalar!.. Məni də, sizin tək, yuvasındakı quş kimi tutdu, dəlik-dəlik etdi, dəldi dərd, ağalar!..
    Səfillər:
    – Dəlidi bu!
    – Dəlidi!
    – Dəlidi!
    M a h m u d. Aman fələk, kömək elə bu gündə! Qarı fələk, bəsdi daş yağdırdın bu insanların başına! Rəhmin gəlsin bu insanlara! Qadir mövla, bu insanların qışını yaz et! Dəli könülləri eşq oduna qala!..
    M u x t a r B ə d h e y b ə t. Ali-əbaya and olsun ki, dəlidi bu!..
    S ə f i l l ə r:
    – Dəlidi bu!..
    – Dəlidi bu!..
    Axsaq qarı. Yox, a!.. Yox!.. (Diqqətlə Mahmuda baxır, axsaya-axsaya başına dolanır.) Ovçudu bu, gözlərindən qan tökülür!..
    S ə f i l l ə r:
    – Bundan qan iyi gəlir!..
    – Div başı kəsib bu!..
    M a h m u d. Insanlar!.. Ağalar!..
    Heybə qadın. Iki şahı verdik danışdırdıq, üç şahı veririk kəsməz! Mələk Pırpızaq. Yox!.. Yox!.. Ovçudu bu, maral gəzir!.. (Qışqıra-qışqıra) Günlərin bir günü, gün tutuldu, gündüz qaranlıq oldu. Məlik Cabbar padşahla, Məlik Səttar padşah əndamları yanmış arvadlarıynan dənizin qırağına çıxdılar ki, görsünlər bu necə işdi? Birdən dəryadan bir balıq çıxdı, bunların dördünü də uddu! Uşaqları qaldı yetim! Biri qız idi. Bilirsiz nə elədi? (Mahmuda) Sənin kimisinin birini gördü. Yapışdı burasından! (Qəfildən əlini atıb Mahmudun ayaqlarının arasından tutur.) Dedi, ovçu ovdan danışmasan, buraxmaram! Sıxacağam!
    S ə f i l l ə r:
    – Sıx!..
    – Sıx!..
    S a r ı ş ı n o ğ l a n (yavaşdan). Bə... bədbəxt oğlu, bə... bədbəxt!..
    – Danışsın!..
    – Ovdan danışsın!..
    M a h m u d. Ova çıxdım bir gün, qabağımdan bir dovşan qaçdı, ayaqları yox idi!..
    S ə f i l l ə r:
    – Hə!..
    – Hə!..
    M a h m u d. Yay götürmüşdüm, ox götürməmişdim. Oxu atdım, dovşanı yerə sərdim!
    S ə f i l l ə r:
    – Hə!..
    – Hə!..
    M a h m u d. Tiyəsi yox bıçağım vardı, cibimdən çıxartdım, dovşanı soydum!..
    M u x t a r B ə d h e y b ə t (az qalır gülməkdən qəşş etsin). Canım, ay dovşan!..
    M a h m u d. Altı yox bir qazan tapdım, dovşanın ətini ora töküb qovurdum!.. Yeddi min yeddi yüz yetmiş yeddi ovçu dostum vardı, hamısını çağırdım, gəldilər! Hamımız yedik, hələ artıq da, qaldı!..
    S ə f i l l ə r:
    – Yeddi min...
    – Yeddi yüz...
    – Yetmiş yeddi!..
    Axsaq qarı. Sonra nə oldu?
    M a h m u d. Artığını bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi! Bu xoruza mindik, yola düzəldik...
    S ə f i l l ə r:
    – Xoruza mindilər!..
    – Xoruza!..
    – Xoruza mindilər!.. Axsaq qarı (Mələk Pırpızağa). Sıx onu! Sıx, qoy dalını danışsın! Bəs sonra nə oldu? Sonra nə oldu?..
    M a h m u d. Qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan...
    Palan Ömər (vahimə içində iki əli ilə çiynində gəzdirdiyi palanı tutur) Yox!.. Yox!.. Yox!..
    Q u l M ə h ə m m ə d. Hə! Hə! Palan! Palan!
    Palan Ömər(vahimə içində). Yox! Yox!
    S ə f i l l ə r:
    – Palan!..
    – Palan!..
    – Palan!..
    Axsaq qarı (Mələk Pırpızağa). Sıx onu! Qoy, desin, palan nə oldu?
    Mələk Pırpızaq. Sıxıram! Bax, belə!..
    M a h m u d (qışqıra-qışqıra). Palanı sökdük! Içindən...
    Palan Ömər. Yox, palanı sökməyin! Palanı sökməyin!.. Sökməyin!..
    Qul Məhəmməd Palan Öməri boğub öldürür.
    Q u l M ə h ə m m ə d. Inni dariballahu qatilün!
    S ə f i l l ə r (Mahmudu göstərərək):
    – Allah yox, bu!..
    – Bu!..
    – Bu!..
    Səfillər Mahmudun üstünə yeriyir.
    M a h m u d (qışqırır). Məryəm!.. Məryəm!.. Məryəm!..
    S a r ı ş ı n o ğ l a n (əbasının altından qılınc çıxarır). Çəkilin!..
    Səfillər dayanır.
    Do... doğrayaram! Çə... çəkilin!..
    Q u l M ə h ə m m ə d (dəhşət içində). Süleyman paşa!
    M u x t a r B ə d h e y b ə t (dəhşət içində). Dəli Süleyman paşa!
    Pauza.
    Səfillər qorxu içində geri çəkilir.
     (Mələk Pırpızağa) Bu... burax onu!..
    Mələk Pırpızaq əlini Mahmudun ayaqlarının arasından çəkir.
     (Mahmuda) Ge... gedək mə... mənimlə!..
    İ ş ı q s ö n ü r.

İYİRMİ İKİNCİ ŞƏKİL


    D a n ı ş a n, M a h m u d, S ü l e y m a n paşa, Ərzurum. Saray. Gecədir.
    Mahmud təkdir.
    D a n ı ş a n. Ərzurum hakimi Süleyman paşa cavan, sağlam, güclü və güclü olduğu qədər də qəddar bir adam idi. Xalq arasında ayaması «Dəli» idi, Dəli Süleyman paşa! Bu adam təğyiri-libas olub gəzməyi, həyatın dibindəki insanların arasında olmağı xoşlayırdı və buna görə də yerə-göyə sığışmayan Osmanlı imperatorluğunun içinə də, çölünə də ən bələd adamlardan biri idi.
    Pauza.
    Mahmud fikirləşirdi ki... Mahmudun səsi. Görəsən, Gəncədə nə var, nə yox?.. Mən heç bilməzdim, nə əzizmiş mənə Gəncə... Xan atam nə edir?.. Anam nə edir?.. Bəs Mirzə Salman?.. Nə amansız səfər oldu, bu səfər? Bəs... bəs, bu səfərin bir mənası vardı?
    Pauza.
    D a n ı ş a n. Mahmud fikirləşirdi ki, bu dünyanın içində ki, belə bir səfillər dünyası da var, onun, yəni Mahmudun, öz xoşbəxtliyi arxasına düşməyinin bir mənası vardımı?.. Sarışın oğlan – Süleyman paşa gəlir və yerə döşənmiş döşəkçələrin üstündə Mahmudla üzbəüz əyləşir. Sarışın oğlan. Nə fi... fikirləşirsən, dostum? Bi... birinci dəfə idi, gö... görürdün o in... insanları, hə?
    Mahmud başı ilə təsdiq edir.
    Dü... dünyanın yarısı bi... bizimdi, ancaq bu aclıq, bu sə... sə... səfalət də bi... bizimlədi... Mi... millət bu cür ə... ə... əzab içindədi... Bi... biz nə edirik? I... iki böyük türk dövləti bi... birləşmək əvəzinə, bir-birini məhv edir!.. Ba... başlarına on iki imam ça... çalması ba... bağlamaqdansa, özlərini qızılbaş a... adlandırmaqdansa, öz xa... xalqlarının qeyrə-ə-ətlərini çəksinlər. Zü... zülqədərlər bir tə... tərəfə ayrılıb, ə... ə... əfşarlar bir tərəfə ayrılıb, qa-a-acarlar ayrı, ru-u-umlar ayrı!.. Ustaclılar şa... şamlıları bə... bə... bəyənmir, şahsevənlər pa... padadarları! Bu a... aclığı, bu sə... səfaləti aradan ancaq o gö... götürər ki, bütün yer ü... üzünün tü... türkləri bir yu... yumruq kimi birləşsin!.. So-o-onra ge... gec olacaq!
    Pauza.
    Gö... görürəm, oxumuş a-a-adamsan... Xa... Xacə Nəsrəddin Tusi «Əxlaqi-Nəsirdə» ya... ya... yazır ki, birlik nə qədər yaxın olsa da o qə... qə... qədər kamildir!
    M a h m u d. Tusi bütün insanları birliyə çağırır, amma sən təkcə türklərin birliyini arzulayırsan...
    Sarışın oğlan. Mə... mənim üçün mi... mi... millətin fövqündə insanlıq yoxdur!.. Mənimçün türklər insa-a-anın fövqündədir! Bi... bildin? Bü... bütün heyvanlar eyni deyil, şirlərlə, pə... pə... pələnglərlə bərabər, soxulcanlar da var!.. Insanlar da e-e-elədir! Bü... bütün yer üzünün tü... tü... türkləri sifətlərinin quruluşundan, a... adətlərindən asılı olmayaraq birləşməlidi!.. Bəs biz nə edirik? U...uzun Həsən osmanlıların ə... ə... əleyhinə yunanlarla ittifaq bağladı! Qa... Qaraqoyunlu ilə Ağqoyunlu bir-birini qı... qı... qırdı! Indi Soltan Səlim nə edir?.. Taxta çıxan kimi tə... tə... təbəliyində olan qırx min qı... qızılbaşı asdırdı! Kimdi qı... qı... qızılbaşlar? Özümüzünkü! Şah Ismayıl nə edir?.. Şi... şi... şiyə qeyrəti çəkir... Türk qeyrəti çəkmək əvəzinə! M a h m u d. Nə qorxulu şeylər söyləyirsən!?
    Pauza.
    Bəs başqa xalqların acları, səfilləri?
    Sarışın oğlan (əsəbi). Başqa xalqlar!.. Ba... başqa xalqlar bizə qu... qu... qul olmalıdır! Biz hələ öz də... dərdimizi çəkə bilmirik, sən başqalarından danışırsan? Mən.. Mən onları qu... qu... qul edəcəyəm! (Hirslə ayağa qalxır.) Çindən tu... tutmuş Aralıq də... dənizinəcən, Sibirdən tutmuş Yəmənəcən bir ərazi bi... bizimdir! Mən bü... bütün türkləri bi... birləşdirəcəyəm! Mə... mə... mənim ömrüm çatmasa, bunu mə... mənim oğlum etməlidi! Onun ömrü ça... çatmasa, onun oğlu etməlidi! Sonra o bi... birisi! Mü... mü... mütləq! Sonra ge... gec olacaq! Bi... bi... biz özümüz qul o... o... olacağıq! Məhv etmək la... la.... lazımdı millətin fövqündəki bə... bəşərilik fəlsəfəsini! Bütün ki... ki... kitabları yandırmaq lazımdı!.. Tusinin də ki... ki... kitablarını! (Hirslə otaqdan çıxır.)
    D a n ı ş a n. Mahmud tək qaldı...
    Mahmud ayağa qalxıb pəncərənin qabağına gəlir.
    Mahmud ulduzlara baxırdı, aya baxırdı. Bütün bu qışqırtılardan, qəhqəhələrdən, hisshəyəcanlardan sonra həmin qaranlıq gecəni ölü bir sakitlik bürümüşdü...
    Mahmud üzüqoylu yerə sərilir.
    İ ş ı q s ö n ü r.

İYİRMİ ÜÇÜNCÜ ŞƏKİL


    D a n ı ş a n. Süleyman paşa Mahmudla Məryəmin toyunu sabaha təyin eləmişdi. Süleyman paşa dünyanın elə bir dəli adamı idi ki, nə ağlına gəlirdi onu da edirdi, ağına-bozuna baxmırdı, özü də tülkü kimi hiyləgər idi, ayıq adam idi, hətta başqasının fikirlərini üzündən oxuyurdu. Baba keşiş ömründə Müqəddəs Evi görməmişdi, amma o gümbəz qaraltısını görən kimi Müqəddəs Evi tanıdı və bu dəm birdən-birə bu kol-koslu, daşlı-çınqıllı dağ yolunda bir pasğa ətri hiss etdi...
    K e ş i ş. Az qalıb... lap az qalıb... Bax, Müqəddəs Evin gümbəzi göründü, Məryəm xilas olacaq, Məryəm qurtulacaq, az qalıb, lap az qalıb. Allahın Müqəddəs Evində mömin bəndələri üçün hər bir dərdə əlac var, Müqəddəs qoca öz məsləhətləri ilə mənə kömək edəcək, çünki Allah nəyə görəsə məndən üz döndərsə də, Məryəmdən üz döndərməz, Müqəddəs Ev, Məryəmi dinsizlər əlindən xilas edəcək... deməli birigün toydu, yox Məryəmi də götürüb Hələbə qaçaram. Səs Mən səndən ayrılmalıyam... mən səndən ayrılmalıyam. (Birdən arxadan bir qapı cırıldayaraq açıldı, oradan zəif işıq düşdü, qırmızı rəngdə və Müqəddəs Qoca göründü.)
    Müqəddəs Q o c a. Hə...
    K e ş i ş. Nə demək istəyirsən, qoca?
    Q o c a. Görürsən, o darvaza sənin üzünə açılır, amma gərək açılmayaydı.
    K e ş i ş. Nə üçün ata?
    Q o c a. Sən iki haqq işini bir-birindən ayırırsan... Elə bilirsən o açılan darvazalar kiməsə xoşbəxtlik gətirib?
    K e ş i ş. Mən xoşbəxtlik axtarıram ata, mən təmizlik istəyirəm...
    Q o c a. Təmizlik, paklık istəyirsən, axı, sən korsan, sən təmizliyi, paklığı necə görə bilərsən...
    K e ş i ş. Mən səni görürəm ata.
    Q o c a. Yazıq insan, miskin insan, ömrünü hədər keçirmiş axmaq bir qocanın simasında təmizlik görürsən. Bu meşələri və günəşi görmürsən... Zavallı insan... təbiət sənə iki göz verib, amma sən kor yaşayırsan və kor da öləcəksən... öləcəksən??? Sən bəyəm ölü deyilsən... ölüsən... ölüsən... ölüsən... Təmizlik axtaran axmaq kor insan, axmaq insan.. ölüsən.. ölüsən. (Qaçıb gedir).
    K e ş i ş. ...Bu nədi belə... Iblisdir bu, Müqəddəs Qocanın qiyafəsinə girib... Iblisdir... Iblisdir... (Baba keşiş evə daxil olur, sonra oradan bir əlində paltarla çıxır, işıqlar sönür.)

İYİRMİ DÖRDÜNCÜ ŞƏKİL


    D a n ı ş a n, M a h m u d, M ə r y ə m, Süleyman Paşa. Saray. Günorta.
    Danışan söylədikcə, biz onun dediklərini səhnədə görürük.
    D a n ı ş a n. Süleyman paşanın sarayında toy idi... Mahmudla Məryəmin toyu... Bir tərəfdə Mahmud əyləşmişdi, o biri tərəfdə Məryəm. Keşiş qızı gözlərini yerə dikmişdi, bənizi solğun idi.
    Pauza.
    Süleyman paşa Mahmudun başına gələnləri öyrəndi və qət etdi ki, yerin dibində də olsa, keşişi və onun qızını tapacaq! Süleyman paşa dediyini edən idi və keşişi tapdırdı! Keşişi Müqəddəs Evin lap yaxınlığında ələ keçirdi. Keşiş Müqəddəs Evə gedə bilmədi. Nə idi keşişin təqsiri ki, onun Allahı belə buyurdu? Süleyman paşa bütün Ərzurum əyalətində türk qızlarının başqa millətə ərə getməyini qəti qadağan etmişdi, amma kişilərin başqa millətlə ailə qurmağına icazə verirdi, çünki türklərin sayını artırmaq lazım idi!
    Pauza.
    Gözəl bir musiqi çalınırdı, amma Süleyman paşa nəsə, narahat idi və gözlərini gəlinin – Məryəmin əynindəki işıq altında işıldayan dona zilləmişdi. Yaxası dörd düyməli o donun işıltısında nəsə qəribə bir qeyri-təbiilik vardı və Süleyman paşa kinli bir qeyzlə keşişə baxdı. Pauza. Süleyman paşanın bütün kəniz-qulluqçuları, rəqqasələri erməni, ərəb, yəhudi qızları idi, çünki o belə hesab edirdi ki, özününkülər, yəni türk qızları oğul tərbiyə edib böyütməlidi, döşlərinin südü ilə balalarına qədim və şərəfli tarixlərinə hörmət və məhəbbət aşılanmalıdır. Çünki bunsuz sabah yoxdur.
    Süleyman paşa. Keşişi bura gətirin. (Zərb çalğısı altında ortaya ərəb rəqqasəsi çıxır və böyük həvəslə oynamağa başlayır, əvvəl Süleyman paşanın qarşısında, sonra Mahmudun, daha sonra Məryəmin qarşısında. Mahmudla Məryəmi yerlərindən qaldırıb arxadakı tülün arxasına keçirirlər. Rəqqasə oynayır.) (Arxa planda tülün arxasında Mahmudla Məryəm qucaqlaşıblar. Birdən Məryəm həyəcanla qışqırır.)
    M ə r y ə m. Mahmud, cır, cır bu paltarı, cır bu donu, qurtar məni, qurtar məni... (Kənardakı camaat bu səsi eşidib pıçıldaşırlar, gülüşürlər. Məryəm arxada qışqırır, zərb daha da, bərk çalır, rəqqasə daha da, şövqlə oynayır. Birdən Mahmudla Məryəmi alov bürüyür onlar qışqırırlar, kömək istəyirlər.)
    C a m a a t. Yanğın, yanğın, yanırlar, yanırlar.
    K e ş i ş. Belə lazım bilmisən, belə də eləmisən. (5-6 dəfə təkrar edir.) (Camaat onları xilas etməyə çalışır. Lakin alov daha da qızışır. Hamı bir-birinə qarışır, tüstü, külək insan səsləri, insan qışqırıqları. Sonra alov sakitləşir, Məryəmlə Mahmud yanıb qurtarırlar. Səhnənin işığı yavaş-yavaş zəifləyir, bir neçə yerdən tüstü qalxır).
    D a n ı ş a n. Hamı yanan odun içinə atıldı ki, onları söndürsün, lakin hamı bu odda yanıb kül oldu. Sonra hər şey bitdi.

EPİLOQ


    D a n ı ş a n. Axşam düşürdü, batan günəşin qıpqırmızı qızartdığı topa-topa buludlar yenə Şərqdən Qərbə axırdı. Təbiət həmən təbiət idi, dörd dəvəlik kiçik bir karvan, qarşıdakı təpənin arxasından çıxıb aramla yoluna davam edirdi. Yaxınlıqda əhənglə günbəzi ağardılmış köhnə bir məqbərə vardı... Mahmudla Məryəmin məqbərəsi. Karvan dayandı. Karvandan üzü rübəndlə örtülmüş bir qadın, gümbəzin yanında oturmuş, saç-saqqalı tamam ağarmış qocaya yanaşdı.
    Q a d ı n. Al bu qızılları.
    Q o c a. Istəmirəm...
    Q a d ı n. Bəs nə istəyirsən?
    Q o c a. Çörək ver.
    D a n ı ş a n. Qocanın gözləri qadına tanış gəldi, amma qadın onu tanımadı... Qoca da, bu qadını tanımadı... Karvan yola düzəldi, qoca həmişəki kimi yenə də, tək qaldı. O kəcavənin içindəki qadın Ceyran idi. Onun kəcavələri həmişə qara rəngdə olardı, o qoca mücavir isə Sofi idi... Sofi hər gün Allahdan ölüm istəyirdi, amma Sofi dünyadakı bütün insanlardan uzun ömür sürdü... Bir gün günün günorta çağı Mücavir dərəsində tufan qopdu, göy guruldadı, hər tərəfə qar yağdı, zəlzələ oldu. Yer iki yerə bölündü, sonra yenə birləşdi, Sofi yarğanın altında qaldı, sonra yenə gül-çiçək baş qaldırdı. Bu tərəflərin adamları danışırdı ki, guya hərdən bu qərib məqbərənin qabağında havadan bir saz peyda olub, öz-özünə çalır və guya haçansa Sazlı Abdulla adlı bir el aşığı varmış və bu saz da, həmin Sazlı Abdullanın sazıymış... Hicri 920-ci ilin camadiül-əvvəl ayının dördü, milad ilə min beş yüz on dördüncü ilin, iyun ayının iyirmi səkkizi idi.
1998.

<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.01.2014) | Müəllif: R.C E W
Baxış: 544 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more