Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Klassik aşıq poeziyasında «Dünya» obrazı-2

<< 1 / 2 >>


     -soruşur və növbəti bəndi «Hanı Molla Pənah, bivəfa cahan?» deyə başlayır və buradakı «bivəfa cahan» ifadəsi «Dünya»nın sinonimi yerini tutur. Məsələ burasındadır ki, «Dünya»nın yuxarıda göstərdiyimiz sinonimləri «Dünya» ilə müştərək yox, hətta ayrıayrılıqda işlədildikdə də kontekstdə nəinki bir-birlərini xatırladırlar, onlar bir-birini əvəz edirlər. Misal üçün, Aşıq Şəmşir qoşmalarından birində deyir:
...Bivəfa ömürə etmə etibar,
Nə də fələyə bel bağlama, bülbül...
     Aşıq Şəmşirin bir gəraylısında isə «Dünya»ya sinonim kimi, «qoca fələk» götürülmüşdür:
İnsan undu, dünya ələk,
Onda gördüm min bir kələk,
Dost dediyim qoca fələk,
Demə adam soyan imiş.
     Başqa bir qoşmasında «fələk» də, «gərdiş» də sinonim kimi, «Dünya» ilə müştərək verilir:
Dünyaya etibar, gərdişə dostluq Sən eyləmə aşikara, dedimmi?
Çoxlarını yola saldı bu fələk,
Onu tutdu səngi-sara, dedimmi?
     Eyni zamanda, «fələk» ilə «Dünya» müstəqil mənalı sözlər kimi də işlənir:
Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı,
Yüz sənin tək ahu gəzən şahmarı
Fələk kəməndinə saldı dünyada.
(Aşıq Ələsgər)
     Qəribədir ki, bəzən fələk «Dünya»dan o qədər ayrılır, müstəqilləşir ki, hətta «Dünya» onun, yəni fələyin dünyasına çevrilir. Aşıq Qurban Ağdabanlı bir divanəsində fələyə müraciətlə deyir:
Sənin bu fani dünyanda gəldi insan, qalmadı,
Neçəsin taxdan saldın, şah Süleyman qalmadı.
     «Dünya» ilə «nəfs» anlayışının sinonim kimi işlədilməsi:
Bu dünya fanidir, səni aldadır,
Sual verib cavab almaq daldadır,
Çoxu köçüb, çoxları da yoldadır,
Nəfsinin əlində tovlanan canım.
(Əlipaşa Fəğani)
     «Dünya» ilə «çərxi-gərdiş» birləşməsinin sinonim kimi işlədilməsi:
Ətrafımda yoxa çıxan dosta bax, yoldaşa bax,
Külüng çalan, dağlar yaran qəhrəmanlar hardadı?
Fərhadları yola salan bu çərxi-gərdişə bax.
(Aşıq Şəmşir)
     «Cahan» sözü «Dünya» obrazını əvəz edir:
İsgəndər Daranı taxtından saldı,
Cahana şah gəldi, sonu nə oldu?
Yarı yolda öldü, Misirdə qaldı,
Qasım kimi yandı, köz oldu getdi.
(Xəstə Qasım)
     Aşıq Şəmşir divanilərindən birini: «Sualıma bir cavab ver, dünya, səndə kar hanı?» deyə «Dünya»ya müraciətlə başlayır və bəndlərdən birində «çərxi-dövran» ifadəsini tam mənada «Dünya»nın sinonimi kimi işlədir:
Bir tərəfdən boşalanda, bir tərəfdən doldurur,
Bir tərəfdən lalə açır, bir tərəfdən soldurur,
Bir tərəfdən hey yaradır, bir tərəfdən öldürür,
Çərxi-dövran, sənin kimi könlü, gözü dar hanı?
     Bəzən təbiətin bir parçası «Dünya» ilə sinonimləşdirilir və qəribədir ki, «Dünya»nın vəfa atributu kimi çıxış edir, vəfasız isə insanın özüdür:
Dünyadan doymazsan yüz il yaşasan,
Dağlar vəfalıdıvəfasız insan.
Əyilib baş-başa dəyəcək, inan,
Şəmşirin dərdini biləndə dağlar.
(Aşıq Şəmşir)

5.


     Sovet yazıçılannın Birinci Ümumittifaq Qurultayında Maksim Qorkinin Dağıstan aşığı, yaradıcılığının son dövrlərində sovetə, partiyaya, beşilliklərə, kolxoza, Oktyabra, Stalinə duzsuz şerlər qoşan Süleyman Stalskini «XX əsrin Homeri» adlandırması və qorxunc Stalin təbliğatının bu yalançı bənzətməni məktəb dərsliklərindən tutmuş sosializm realizmi «nəzəriyyəsi» ilə köklənmiş elmi monoqrafiyalaracan geniş yayması, bir tərəfdən, aşıq poeziyasının mövzusunu bərbad hala salmış, digər tərəfdən isə aşığın özünü sənətkar statusundan çıxarıb ekzotik və səviyyəsiz bir eksponata çevirmişdi.
     Təbiəti etibarilə yad və qeyri-həyati ideolojinin yaratdığı (və tələb etdiyi) qəliblərə, ögey motivlərə heç cürə uyuşmayan aşıq poeziyasının deqredasiyaya uğraması hələ sovet hakimiyyətinin ilk illərindən başlamışdı, aşıq sənəti Sistemin təbliğat plakatına çevrilmişdi və mən Azərbaycan aşıqlarının Birinci (5 may, 1928, Bakı) və xüsusən, İkinci (12 mart, 1938, Bakı) qurultaylarının materialları ilə tanış olduqca, Sistemin aşıq poeziyasına belə bir eybəcər həmləsinin əyani şahidi olurdum.
     Düzdü, hələ Birinci qurultayın ərəfəsində Üzeyir Hacıbəyov «Aşıq sənəti» adlı məqaləsində yazırdı ki, «Aşıq ifaçılıq məharətini sxolastik mühitdə öyrənmir; ona təmiz hava, yaşıl çəmən, çöl çiçəklərinin ətri, uca dağlar, geniş tarlalar, quşların cəh-cəhi, çayların şırıltısı ilham gətirir. Aşıq əsl azad rəssamdır» (Seçilmiş əsərləri. Bakı, «Yazıçı», 1985, səh. 206). Vulqar sosiologizmin hakim ideolojinin qorxunc «nəzəri-praktiki» fəaliyyətinin tərkib hissəsi kimi tüğyan elədiyi bir dövrdə bu sözləri yazmaq, elə bilirəm ki, asan deyildi və elə buna görə də onlar yox dərəcəsində idi və həmin «fəaliyyət» öz işini görürdü.
     Elə həmin «fəaliyyətin» nəticəsi idi ki, İkinci qurultaydakı çıxışların hamısında, eləcə də Mirzə İbrahimovun məruzəsində və ümumiyyətlə, qurultayın ab-havasında Sistem, elə bil ki, minilliklərlə tarixi olan böyük bir sənəti plastilin kimi əzib, yumrulayıb yeni fiqur həmin sənətin mahiyyətinə tamamilə yad olan bir fiqur düzəldirdi.
     Hakim ideoloji aşıq poeziyasına total surətdə müdaxilə edərək, misal üçün, Aşıq Bilalın dili ilə: «Birlik olub, kolxoz olub, bir yeni dövran görünür...», «Bizim Şura vətənində gözəl bir zaman görünür...», «Bizim kolxozun işində hər kəs qəhrəman görünür...» və s. kimi antibədii, aşıq poeziyasına parodiyadan başqa bir şey olmayan səfsəfələr söyləyirdi. Aşıq Əsədin dili ilə: «Yox dərdimiz bu dünyada!»deyə nikbin şüarlar söyləyib «Sovxozu, kolxozu salmaram dildən, Bundan qeyri bir timsaldan danışma!» deyirdi, Aşıq Mirzənin dili ilə «Sənə qurban hər birimiz, Can Moskva, can Moskva!»deyə ehtizaza gəlirdi, «Keçdi bir dövr Lenin aldı üstünü, O çarizmə boran oldu, qar oldu»kimi tartan-partanları «XX əsrin Homeri» olmaq yolundakı mənsəb pillələrinə çevirirdi, iş o yerə çatırdı ki, min illər ərzində Gözələ aşiq olan aşığın lirik qəhrəmanı indi pambığa aşiq olurdu: «Kolxozçu Şeydayam, pambığa aşiq» və Gözəli vəsf eləyən, Gözəlin günəş kimi yer üzünə işıq saçdığını söyləyən klassik aşıq poeziyası Miskin Vəlinin dili ilə: «Zülmətə son qoyan bir işıq saldı, Yer üzünə günəş sayağı Lenin» deyirdi, hətta Aşıq Bəhmənin dili ilə «Vücudnamə»də 37-ci ili tərənnüm edirdi: «Otuz altı, otuz yeddi ildə cəm, Sinifsiz cəmiyyət qurmuşuq möhkəm».
     Bu yerdə qondarma mövzu, əlbəttə, ilk növbədə bədii-estetik səviyyəyə zərbə vururdu, şerin gözəlliyini zamanın konyunkturası əvəz edirdi və Sistemin aşıq sənətində yaratdığı tragik vəziyyəti göstərmək üçün, deyək ki, yuxarıda adını çəkdiyimiz aşıq həmin Aşıq Bəhmən idi ki, bir çox başqa qoşmalarında Gözəllə əsl sənət dilində danışa bilirdi:
Dünya üzündə sən aysan, ülkərsən,
Nabatsan, noğulsan, şirin şəkərsən,
Bir ağca mayasan, gərdən çəkərsən,
Dalınca boylanan nər sənə qurban!
     Hələ müharibədən əvvəl Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündən sonra bəzi aşıqların, o cümlədən, Azərbaycan dilini əməlli-başlı bilməyən və «şerlərinə» qəhrəman seçdiyi Stalinin, Kaqanoviçin, Molotovun arxasında gizlənən lotu Aşıq Avakın təntənəli surətdə ordenlərlə təltif edilməsi uzun müddət aşıq sənətinə çox baha başa gəldi. Xanəndəlikdə bir şey əldə edə bilməyənlər, ya özləri quraşdırdıqları, ya da həm istedad baxımından, həm də maddi cəhətdən müflis şairlərin onların adına quraşdırdıqları «sosialist məzmunlu» kolxozdan, sovxozdan, «rəhbərin başından», MTS-dən, oraq və çəkicdən, kombayndan, komsomoldan, İspaniya respublikaçılarından, Kremldən, Qızıl Meydandan, daha nələrdən və kimlərdən bəhs edən cəfəngiyyatla ortaya düşüb, əyinlərinə kolxoz sədrlərinin «formasını» geyib aşıq adı ilə aşıq poeziyasına xəyanət edir, zərbə vururdular və Sistemin yaratdığı bu iyrənc təmayül, olsun ki, mövzusunu dəyişmişsə də və adda-budda olsa da bu günə kimi davam etməkdədi...
     Azərbaycan folklorşünaslığı yazırdı: «El şairləri aşıqlar V.İ.Leninə, N.Nərimanova, Qızıl orduya, Aprel inqilabına külli miqdarda şerlər həsr etmişlər. Qıraqkəsəmənli Aşıq Məhəmməd (Hələ inqilabdan əvvəl, 1918-ci ildə V.İ.Lenin haqqında ilk qoşma yaratmışdı), Aşıq Bilal, İsmayıl Katib, Xəyyat Mirzə, Çoban Əfqan, Novrəs İman, Şair Vəli, göyçəli Aşıq Məhəmməd, Miskin Əli, Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı, Mirzə Səməd, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Bəhmən sosialist inqilabının qələbəsini, sovet hakimiyyətinin qurulmasını haqq və ədalət divanı, al səhər, işıq, nur kimi mənalandırmış, nisbətən gənc aşıqlar isə öz növbəsində bu azad cəmiyyətə, xoşbəxt dünyaya (!!.) yeni nəğmələr qoşub poetik dillə öz ürək sözlərini, arzularını ümumiləşdirmişlər (Azərbaycan aşıqları və el şairləri, Birinci cild. Bakı, «Elm» nəşriyyatı, 1983, səh. 1314).
     Əsl həqiqət burasındadır ki, «ürək sözlərini, arzularını» aşıq sənətinə yabançı olan belə bir konyuktura ilə eybəcər şəkildə «ümumiləşdirən», əslində, həmin aşıqlar yox, Sistem olmuşdur. Gətirdiyimiz sitatda adları çəkilən aşıqların bir xeyli qismi həqiqi sənətkar idi (və biz bu yazımızda onların əsərlərinin üzərində çox dayanmışıq) və onların arasında, xüsusən, ilk dövrlərdə aldanıb sidq-ürəkdən (imkan daxilində sidq-ürəkdən!) belə bir mövzuda şer söyləməyə çalışanlar da olmuşdur, küyə gedənlər də, mövzu arxasında gizlənənlər də, amma ümumilikdə, bir küll halında «sosialist aşıq şerinin» müəllifi bu aşıqlar yox, Sistem idi Sistemin sövqü, Sistemin təhriki, Sistemin dəhşətli qorxusu.
     Məhz Sistemin həmin sövqü, təhriki və qorxusunun nəticəsi idi ki, hətta
Oldum dilşikəstə, ey boyu bəstə,
Əlim ətəyində, yar, üzmə, üzmə.
Nədir sinən üstə, ləbləri püstə,
Mürvət et canımı, yar, üzmə, üzmə.
     -kimi akvarellə işlənmiş qoşa yarpaqlar müəllifi ustad Hüseyn Cavan da «Partiyanın nəfəsilə çiçəklənir arzular» deyə divanisində bütün bəşərin adından deyirdi: «Bütün bəşər rəhmət oxur Lenin kimi rəhbərə».
     Aşıqların «Ölməz dahi Lenin oldu, İlk ustadın, Oktyabr!», «Rus xalqının oğlu o dahi Lenin, O qaydına qaldı bu böyük elin!», «Xalq içində qazanmısan böyük ad, Partiya göstərib sənə etimad!», «Partiyanın qüvvəti var qolunda, Can qoymusan kommunizmin yolunda!»kimi və bundan da biabırçı «nəğmələri» məktəb dərsliklərinə salındı, səhərdən axşamacan konsert zallarında, efirdə səslənməyə başladı, monoqrafiyalarda, «elmi» məqalələrdə «məzmunca sosialist, formaca milli» mədəniyyətimizin, sənətimizin təntənəsi kimi qiymətləndirildi və təqdim edildi, nomenklaturanın yalançı zövqünü oxşadı.
     Min illər boyunca aşıq poeziyasında durnalar «qatarlanırdı»sa, indi traktorlar qatarlandı: «Sular daşıb qalxdı yenə, Tarlalara axdı yenə, Qatarlanıb çıxdı yenə, Traktorlar düzə, Bir may!». Və millətin böyük aşıq sənətinə dəxli olmayan belə bir «aşıqçılıq fantasmoqoriyası» təbliğ olundu, mükafatlandırıldı, xüsusi canfəşanlıq edən aşıqlar deputat da seçildi ki, daha bundan artıq əbləh dərəcədə siyasi məsxərə təsəvvür etmək çətindir.
     Sistem aşıq poeziyasını və ümumiyyətlə, aşıq sənətini kənd təsərrüfatının, yaxud sənayenin məmulatı kimi bir şeyə çevirmişdi, təsərrüfatda plan əsas idi, keyfiyyətin isə fərqinə varan yox idi, aşıq sənətində də «sosialist mövzusu» əsas idi və istedad, sənətkarlıq heç kimin vecinə deyildi.
     Əslində, folklorşünaslığımızın da yuxarıda misal gətirdiyimiz fikrini, eləcə də bundan qat-qat artıq dərəcədə şit və yalan qiymətləri də alimlərimiz yox, onların qələmi ilə Sistem yazır, Sistem verirdi.
     Bununla mən, təbii ki, belə yazıların müəllifi olan və şəxsən mənim hörmət bəslədiyim folklorşünaslardan, alimlərimizdən, akademiklərimizdən, professorlarımızdan tutmuş aspirantlaracan heç kimə bəraət qazandırmaq fikrində deyiləm, tarix var və hərə öz yazısının cavabdehidir! dediyimiz isə ondan ibarətdir ki, bu fikirləri dövrün kontekstindən çıxarmaq, qorxunc Sistemi unutmaq, onun nələrə qadir olduğundan sərf-nəzər etmək düzgün deyil.
     İş o yerə çatırdı ki, vaxtilə sovet ədəbiyyatşünaslığının elmi nailiyyəti kimi qiymətləndirilən «Aşıq poeziyasında realizm» kitabının müəllifi «dodaqdəyməz», «dildönməz» kimi klassik aşıq poeziyasında nadir və son dərəcə maraqlı (həm də çox çətin! onları yalnız ustad aşıqlar söyləyirdi) şer formalarının yaranmasını «ancaq həyatın və fikrin durğunluğu» ilə izah edir, yazırdı: «...bu cür formaların yaranmasmı keçən əsrlərdə feodal həyatınm durğunluğu (!?.), geniş ictimai mənalı və xüsusən, üsyankar ifşaçı aşıq şerlərinin təqib olunması ilə izah edirik. Çünki «dodaqdəyməzlər», «təcnislər», «müəmmalar» və sairə çox zaman adi forma oyunbazlığına, sözlərin və şerin qol-qabırğasını sındırmağa, fikri, düşüncəni formaya qurban verməyə səbəb olmuşdur» (Mirzə İbrahimov. Aşıq poeziyasında realizm. Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, Bakı, 1966, cəh. 19).
     Əlbəttə, məsələyə bu cür eybəcər vulqar sosioloji baxımdan yanaşsaq, onda baltanı daha dərindən vurmaq olar: ümumiyyətlə, elə şerin özü «fikri, düşüncəni formaya qurban verməkdir», çünki niyə həmin «fikri, düşüncəni» olduğu kimi demirsən, onu qafiyələndirirsən, hecalayırsan, bəndlərə bölürsən, yaxud əruza salırsan, ritmləşdirirsən və s., yəni müəllifin öz sözləri ilə desək, «formaya qurban verirsən?».
     Gecə-gündüz müharibələr getdiyi, çılğın ehtirasların tarixin səhifələrini çevirdiyi, qəhrəmanlıq dastanlarının yarandığı, sənətin Nəsimi, yaxud Füzuli zirvələri fəth edildiyi bir dövrdə hansı «feodal həyatının durğunluğu»ndan söhbət gedə bilər?
     «Geniş ictimai mənalı və xüsusən, üsyankar ifşaçı aşıq şerləri», müəllifin yazdığı kimi, «təqib olunurdu»sa, o zaman «Koroğlu» dastanı necə yaranmışdı?
     «Adi forma oyunbazlığına, sözlərin və şerin (bu da məlum deyil ki, söz ilə şer niyə bir-birindən ayrılır?.) qol-qabırğasını sındırmaq» hallarına, ümumiyyətlə, bədii ədəbiyyatın hansı janrında və formasında desən, rast gəlmək mümkündür və təbii ki, burada söhbət istedadın dərəcəsindən gedir, formanın sövqündən yox.
     Sovet hakim ideolojisi xalqın deyil, kütlənin psixolojisini əsas götürdüyü üçün, sənətin əsrlərin təcrübəsindən doğan estetləşdirilmiş, kütləvi yox, elitar səciyyə daşıyan növlərini qəbul etmir, hətta onları süni surətdə quraşdırılmış «nəzəri əsaslarla» zərərli ideoloji təxribat kimi rədd edirdi və elə bu səbəbdən də həmin kitabda oxuyuruq: «Feodal dünyasına məxsus həyatın durğunluğundan doğmuş formalizm və estetçilik ünsürlərini (!.) çıxanda aşıq poeziyası öz əsas janrlannın forması etibarilə xalqa yaxın, xalq dili və poetik təfəkkürü əsasında inkişaf etmişdir» (Yenə orada, səh. 20).
     Sənətə, o cümlədən, aşıq poeziyasına bu cür naqis, yalançı «nəzəri» bünövrə üzərində bəslənən münasibət təbii olaraq ona xidmət edirdi ki, həmin poeziyanın nailiyyətləri və ondakı realizm, həyatilik bu sayaq meyarlarla müəyyənləşdirilsin: «Əmək cəbhəsində ad-san qazanan qadınların konkret bədii surətini yaradan əsərlərin sayı gündən-günə artdı. Bəsti Bağırovaya, Şamama Həsənovaya, Qızqayıta, Sürəyyaya və kolxoz çöllərinin başqa qəhrəmanlarına həsr olunmuş aşıq şerləri meydana çıxdı» (Yenə orada, səh. 74).
     Bunları oxuyursan, istər-istəməz, Ələsgərin Salatınını, yaxud Molla Cümanın İsmi Pünhanını xatırlayıb aşıq şerinin taleyi ilə bağlı acı bir müqayisəyə qapılırsan, çünki indi felyeton təsiri bağışlayan bu mülahizələr uzun müddət sənətin «inkişafı» üçün məcburi ideoloji-inzibati istiqamətdə addımlamağa göstəriş rolunu oynamışdır.
     Elə bilirəm ki, nə dərəcədə eybəcər bir vəziyyət yarandığını əyani şəkildə görmək üçün, elə bircə bu təhlilə və zövqə diqqət etmək kifayətdir: «...ədəbi janrlarda və növlərdə həyatın, fikrin bədii şəkilə düşməsi, bədii inikası vacib şərtdir. Söz bədii şəkildə deyiləndə təsirli olur, adama ləzzət verir. Məhz bu cür yazılmış açıq siyasi mahiyyət daşıyan, sırf ictimai mənanı əks edən qoşmalarımız az deyil, Aşıq Əhmədin böyük Leninə həsr etdiyi «Olubdur» rədifli qoşması ona görə oxunur ki, aşıq sözü şirin və mənalı deyə bilib» (Yenə orada, səh. 77). Və bu deyilənlərə əyani sübut üçün aşağıdakı bənd misal gətirilir:
Dağların qoynundan qızıl sökənin,
Dəryanın dibindən buruq çəkənin,
İlanlı düzlərdə pambıq əkənin Böyük havadarı Lenin olubdur.
     Əlbəttə, indiki halda məsələ bu nəzm parçasının mövzusunda deyil, Lenin haqqında yaxşı qoşma yazmaq bəlkə də mümkün idi (hərçənd biz belə bir qoşmaya rast gəlməmişik!), məsələ orasındadır ki, Azərbaycan ədəbi tənqidi, ədəbiyyatşünaslığı məhz mövzusuna görə bu parçanı (bədiilikdən uzaq bir parçanı! təkcə elə «Dəryanın dibindən buruq çəkənin» misrası nəyə desən dəyər!) «həyatın, fikrin bədii şəklə düşməsi»nə, «bədii inikasın vacib şərt olmasına», «söz bədii şəkildə deyiləndə təsirli olur, adama ləzzət verir» fikrinin doğruluğuna, aşığın «sözü şirin və mənalı deyə» bilməsinə nümunə göstərir. Faciə bunda idi!
     Lakin biz öz mövzumuza «Dünya» obrazına qayıdaq və Sistemin bu obrazın başına nə oyunlar açdığına diqqət edək.
Böyük Lenin bu dünyanın rəhbəri,
Tökər dəhanından ləli-gövhəri...
     -deyən Aşıq Məhəmməd və başqaları «İsgəndərə qalmayan dünya!» fəlsəfəsinə və «Dünya» obrazının mahiyyətinə daban-dabana zidd olaraq hökmdara «Dünya»nın rəhbəri kimi, mədhiyyələr oxumağa başladılar.
     Klassik aşıq poeziyasında (və ümumiyyətlə, sənətdə!) süniliyə yer olmadığı üçün, burada əsaslandırılmamış, yalançı nikbinlik də olmamışdır və «Dünya» da heç zaman beləcə sosializm realizmi gülüstanına çevrilməmişdi. «Dünya»da tərifə layiq cəhətlər, xüsusiyyətlər, mənəvi və cismani gözəlliklər var (elə Gözəlin özü!), amma onlar «ey xoşbəxt dünya!» kimi yox, eyhamlarla, müqayisələrlə, bənzətmələrlə deyilmiş və bu zaman yüksək poetik səviyyə də əldə edilmişdir. Aşıq Ələsgərin bir qoşmasından aşağıdakı bəndə diqqət edək:
Sürahi gərdənli, qəddi mötədil,
Səni gül yaradıb Cabbari-Cəlil,
Ləblərin şirəsi abi-Səlsəbil,
Ləzzəti dünyada bala əvəzdi.
     Düzdü, biz klassik aşıq poeziyasında bəzən «gözəl dünya» ifadəsinə də rast gəlirik, amma burası da var ki, əksər hallarda həmin ifadənin arxasında bir kədər, hüzn, əfsus ovqatı dayanır, itkidən, gedər-gəlməzlikdən, əlçatmaz, ünyetməzlikdən xəbər verir, bax, bu nümunədə olduğu kimi:
İstər nökər olsun, istər hökmdar,
Dünyada hər kəsin ömür payı var...
Bir gün də gələcək Bilal dili-zar
Bu gözəl dünyadan köçüb gedəcək.
(Aşıq Bilal)
     Burada «Dünya»nın «gözəl» səciyyəsi, əslində, poetik şiddətləndirmə rolunu oynayır, lirik qəhrəmanın haçansa ömrünü başa vuracağının kədərini, qüssəsini artırır, daxili (poetik!) dramatizm yaradır.
     Lakin biz gördük ki, «Dünya» əsas etibarilə dərdin, ələmin, kədərin, bir sözlə, bədbinlik atributlarının göstəricisi, müttəfiqi, tərkib hissəsidir. Ancaq mövzu saxtalaşdırıldıqda, «sosializm realizmi ədəbi metodu» aşıq poeziyasına aktiv surətdə müdaxilə etdikdə «Dünya» da süni şəkildə nikbinləşdirilir, sözün birbaşa mənasında gülüstan kimi səciyyələndirilir. Klassik aşıq sənətini bir sıra poetik incilərlə zənginləşdirmiş Aşıq Hüseyn Bozalqanlı kimi bir ustad belə Sistemin təhriki ilə deyirdi:
Yoldaşlar, fikirverin
Şerimə, dastandı, bilin,
Doqquz yüz qırxıncı ildə
Nə gözəl zamandı, bilin,
Şən həyatda xoş yaşayış,
Səfalı dövrandı, bilin,
Sovetlər sayəsində
Dünya gülüstandı, bilin.
     Müdhiş stalinizm qorxusunun meydana çıxardığı bu cür yalançı aşıq şeri nümunələrində «Dünya»nın gülüstan olması, bu gün, əlbəttə, yalnız parodik bir cəhət kimi qəbul edilir, çünki yüzilliklər boyu təkamül tapıb formalaşmış obrazın mahiyyətinə ziddir, amma hakim sovet ideolojisinin sənətə sahiblik etdiyi zamanda bu tipli parodiyalar qədim xalq sənətinin əldə etdiyi nailiyyətlər kimi qiymətləndirilir və təbliğ olunurdu. «Kədər və qüssə motivlərinə baxmayaraq, şifahi poeziya həmişəki kimi öz mübariz və nikbin ruhunu qoruyub saxlamaqda idi» (Azərbaycan klassik ədəbiyyatı kitabxanası. Birinci cild, Bakı, 1982, səh. 47) deyə ədəbiyyatşünaslıq aşıq poeziyasının xüsusiyyətlərini beləcə qarşı-qarşıya qoyur və hakim ideolojinin, Sistemin qorxusu altında bir cəhəti o biri cəhətin hesabına şişirdirdi, aşığı, hətta ustadı belə, arxasında böyük estetik ənənələr dayanan sənət yolundan sapdırırdı:
Yaradır təzə dünya
Köhnə cahanda Moskva!
(Aşıq Hüseyn Bozalqanlı)
«Dünya» şənləşdirilirdi:
Yoldaşlar yaşasın bu şən dünyada,
Sovet hökmü artsın həddən ziyada...
(Aşıq Əsəd)
     ...Uzaq illərin arxasından isə özü cəmi 29 il ömür sürmüş, amma klassik aşıq poeziyasının tarixinə ustad kimi daxil olmuş Növrəs İmanAşıq Ələsgərin qardaşı Məşədi Salahın oğlu əmisinin ölümünə söylədiyi qoşmadakı bu sətirlər səslənirdi:
Böyük şair bu dünyanın əlindən
Külli şikayətim var, dedi, getdi...
Çünki Xəstə Qasımın dediyi kimi:
Taki mənə mədh eləmə dünyanı,
Ha bu dünya bir bekara dünyadı.
Hələ Adəm ilə Həvvadan qabaq,
Bir üzü ağ, biri qara dünyadı...

6.


     Biz dünyanın faniliyi, onun Gözəl surəti ilə bağlılığı, sinonimləri, vulqar sosiologizmə məruz qalması barədə danışdıq, amma bu obrazın deyim tərzində, məzmununda, estetikasında o qədər müxtəliflik, o qədər rəngarənglik var ki, qısaca da olsa onların üzərində dayanmamaq, onlardan sərf-nəzər etmək mümkün deyil.
     Bu baxımdan bir sıra səciyyəvi və mütəmadi hesab etdiyimiz xüsusiyyətlərin üzərində qısaca dayanmaq istəyirik.
     Yunus İmrə bir qoşmasında: «Bilirəm mən səni yalan dünyasan» deyə sözünü birbaşa, müstəqim hökm şəklində deyir və bundan sonra həmin hökmün poetik «əsasnaməsini» verir:
Şahları taxtından salan dünyasan...
Şahin qanadını yolan dünyasan...
Üzə gülüb, könül qıran dünyasan...
Məsumlar boynunu vuran dünyasan...
Başqa bir gəraylısında isə:

Yeri, yeri, yalan dünya,
Yalan dünya deyilmisən?!
     deyə bədii sualla bilavasitə «Dünya»ya müraciət edir və eyni bədii suallarla da müstəqim dediyi o yalan məfhumunu açıqlayır, sonra da aşağıdakı bənd ilə gəraylını bitirir:
Yunus İmrə, sür səfanı,
Sür səfanı, çək cəfanı!
O Məhəmməd Mustafanı
Alan dünya deyilmisən?
     Bu bir bənddə aşıq poeziyasındakı realizm özünün parlaq bədii inikasını tapmışdır. Məsələ yalnız onda deyil ki, «Dünya»nın faniliyi üçün, adətən, misal gətirilən İsgəndəri, yaxud Fironu, Sənanı, yaxud Leylini Peyğəmbərimiz kimi, ilahi bir şəxsiyyət əvəz edir (və bununla da həmin faniliyin dərəcəsi şiddətlənir!), həm də ondadır ki, «Dünya» yalnız cəfanın yox, eyni zamanda, səfanın məskənidir.
     «Dünya» həm böyükdür, möhtəşəmdir, bütün maddi və mənəvi aləmi əhatə edir, həm də bir sıra hallarda kiçikdir, hətta günün ekvivalentidir, fərdi bir ömrün timsalıdır.
Yunus deyər: neçə-neçə Dünya gəldi, getdi heçə...
     Təbii ki, burada söhbət başqa planetlərdən yox, fərdi ömürdən gedir.
     Yunus İmrədən altı yüz il sonra isə Aşıq Veysəl deyir:
Bir kiçik dünyam var içimdə mənim:
Möhnətim, ziynətim mənə kafidi...
     O kiçik «Dünya»nın özündə belə möhnət ilə ziynət yanaşıdır və «Dünya»nın kiçikliyi də burada, əslində, şərtidi, çünki ruhi, mənəvi «Dünya»dı.
     «Dünya» lirik qəhrəmanın arzularının, istəklərinin, əhdinin, duasının obyektinə çevrilir və bu yerdə «Dünya» obrazı bir mücəssəmədir yaşayış məskənini, çərxi-fələyi, gərdişi, taleyi, fələyi özündə birləşdirir:
Hüseyn, qismət olsa tər qönçə xara,
Şeyda bülbül düşər min ahu-zara,
Dünyada mərd adam düşməsin dara,
Namərdlər comərdə əyilsin gərək! v(Hüseyn Bozalqanlı)
     «Dünya» sadəcə məskəndir, yer kürəsidir, lirik qəhrəmanın həyatını sürdüyü, güzəranını keçirdiyi ümumiləşdirilmiş coğrafi ərazidir və belə məqamlarda o obrazdan daha artıq adi sözdür. Aşıq Ələsgərdən aşağıdakı nümunələrə fikir verək:
Ah-vaynan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm...
     Yaxud:
Ələsgərəm, şad olmadım dünyada,
Səni gördüm, dərdim oldu ziyada...
     Yaxud:
Hatəm nə müddətdi gedib dünyadan,
Bizə səxavəti qaldı ki, qaldı...
     «Dünya» coğrafi ərazi, yaşayış məskənidir və buradakı xüsusiyyətlər, səciyyəvi cəhətlər öz-özlüyündə «Dünya»nın yox, məskunların əməlinin və əxlaqının nəticəsidir, bu yerdə artıq «Dünya» yox, hər bir fərd öz əməlinə cavabdeh olmalıdır, öz qeyrətini çəkməli və adını qorumalıdır:
Dünyada hər kim ki, gözləmir adın,
Şəmşirin zəhləsi ondan gedər hey!
(Aşıq Şəmşir)
     Bəzən «Dünya» yaşayış məskəni kimi daha da konkretləşir, burada ki, bu qədər insan yaşayır, amma lirik qəhrəmanın dərdinə əlac edəcək bir kimsə yoxdur. Bu baxımdan, XIX əsr maraqlı və müəmmalı ustad aşıqlarımızdan Mücrim Kərim Vardaninin bir qoşmasında aşağıdakı bənd bizə səciyyəvi göründü:
Kəriməm, əhvalım xeyli pərişan,
Əritdi cismimi atəşi-hicran:
Hanı bu dünyada yoxdu bir insan
Deyəydi ki, səni yara yetirrəm.
     «Dünya» iqtidardır, mal-dövləti də o verir, taleyi də o müəyyən edir, bir tərəfdən dərdi-səri, qəm-qüssəni, o biri tərəfdən şadlığı, sevinci də o bölüşdürür, gözəllik də, kifirlik də yalnız onun iltifatı ilə bəxş edilir. «Dünya»nın bu çalarına «Dünya» rədifli qoşma və gəraylılarda daha çox rast gəlmək mümkündür:
Kimisi əyninə geyər zər-bafta,
Kimisinə cılxa bez verən dünya!
Kimisi Rəcəb tək binəva gəzər,
Kimisinə qəmzə, naz verən dünya!
(Ehraqlı Rəcəb)
     Bəzən «Dünya» öz bədii yükündən azad edilir və tamam adiləşdirilir, o iqtidardan məhrumdur. Abbas Tufarqanlı: «Adam var ki, çörək tapmaz dünyada, Adam var ki, yağ yeyər, balı bəyənməz» dediyi zaman o çörəyi, yağı, balı insanlar arasında bölüşdürən artıq «Dünya» deyil, insan özüdür, daha doğrusu, insanın yaratdığı cəmiyyətin sosial qanunlarıdır.
     «Dünya» bəzən nəinki iqtidardan məhrumdur, o tamam qüdrətsizdir, fələyin əlində əsir-yesirdir. Fələk istədiyini edir, qadirdir və «Dünya»nı müxtəlif fəlakətlərə, acılara, ağrılara düçar edən də odur. «Dünya» öz-özlüyündə etibarsız deyil, bu etibarsızlığı, vəfasızlığı, faniliyi doğuran fələkdir.
Hanı Nəmrud, hanı Firon, hanı neçə zülmkar?
Hanı loğmani-Ərəstun, qoymaz qala ruzigar.
Hanı İsgəndər, Süleyman, olan sahib-ixtiyar,
Onları da atəşlərə fələk yaxdı dünyada.
(Ağdabanlı Aşıq Qurban)
     «Dünya» poetik qarğış obyektidir.
A bu dünya, görüm səni viran qal,
Səndən üzü gülən az gəlib gedir...
(Çoban Əfqan)
     «Dünya» mənəviyyata, əxlaqa xas cəhətlərin, xislətin təcrübə mərkəzidir və «Dünya»nı gəzmək, əslində, insanın özünü öyrənmək üçündür:
Bu dünyanı mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz...
(Aşıq Ələsgər) Yaxud:
Səyyah tək dolanıb gəzdim dünyanı,
Təcrübə eylədim neçə insanı,
Əsillidən gözlə ədəb, ərkanı,
Bədəsildə həya olmaz, ar olmaz.
(Əmir Əli)
     «Dünya» poetik müqayisə mənbəyidir və həmin müqayisədə faniliyin, etibarsızlığın, cəfanın, eyni zamanda da səfanın, gözəlliyin dərəcəsi müəyyənləşdirilir:
Gəlməyib dünyaya sən kimi dilbər,
Gülbərki ləblərin yaquta bənzər,
Dolanım başma, ey pəripeykər,
Zülfünə sübhlər eyləmə şanə.
(Mücrim Kərim Vardani)
     «Dünya»nın cəfası çoxdur, amma səfası da var və bu nisbətdə, müqayisədə cəfanın çəkisi artıqdı, çünki son söz onundur, aparıcı odur:
Bu dünyanın çox olubdur cəfası,
Cəfasma dəyməz zövqi-səfası...
(Dərviş Mahmud)
     Düzdü, Növrəs İmanın lirik qəhrəmanı:
Gözün açıb, bu dünyaya gələn kəs,
Dünyanm sürməyə xoş səfası var.
     -deyə «Dünya»nın yeni sakinini salamlayır, amma belə bir məqamda özünü saxlaya bilməyib:
Könlünə yar elə bir ilqarlı dost...
Niyə, Nə üçün? Ona görə ki:
Həm zövqü, həm şövqü, həm cəfası var...
     «Dünya»poetik bənzətmələrin başlanğıcıdırvəbu bənzətmələr vasitəsilə daha artıq dərəcədə obrazlaşdırılır, yəni vəfasızdır, fanidir, gəlimli-gedimlidi, eyni zamanda, bəzən işıqlıdı, gözəldi və s. kimi, bilavasitə səciyyələndirilmir, xüsusiyyətləri sadalanmır, ayrıca bir komponent kimi çıxış edir:
Bu dünya karvansaradır,
Hər gələn qonar, əylənməz...
(Abbas Tufarqanlı)
     Yaxud, Sarı Aşığın bu bayatısındakı kimi:
Mən Aşıq həzər dönər,
Dolanar, gəzər, dönər,
Bu dünya bir dəyirman,
Dərdini əzər, dönər.
     «Dünya»nın beləcə obrazlaşmasında bədii-estetik təzad da mühüm rol oynayır:
Qərib kimsənəydi, məkanı Sulduz,
Zülmət dünyasında şöləli ulduz,
Namərd qurğusuyla yaşadı yalqız,
Cismimə od düşdü, alışan oldu.
(Aşıq Alı)
     Bəzən «Dünya» işıqlı mənəvi göstəricidir və bu işığı görməmək artıq «Dünya»nın yox, xislətin təqsiridir, xislətin özündə gərək o işığı, xoş əməlləri, mənalı güzəranı görüb seçmək qabiliyyəti olsun ki, bu da əlbəttə, xislətdən, yəni insanın keyfiyyətlərindən asılıdır. «Dünya»nın mənəvi rəngləri, Xeyir, yaxud Şər timsalı olması xislətin xoşəməlliyindən, yaxud bədəməlliyindən doğur:
Başında yox adamlığın əsəri,
Özün soxar lap hamıdan içəri,
İşıqlı dünyadan olmaz xəbəri,
Xalqa axirətdən, gordan danışar.
(Əmir Əli)
     «Dünya»nın estetik xüsusiyyətlərindən biri də budur ki, bəzən o şişirtmə mücəssəməsinə çevrilir, hiperbolik mahiyyət daşımağa başlayır. «Qaçaq Tanrıverdi» dastanındakı qoşmalardan birində bu misralara diqqət edək:
Bütün dünya dönə tamam qoşuna,
Yarpax, torpax qoşuk ola, qoymaram!
     Bəzən «Dünya»dan şikayət cəmiyyətdən, epoxadan şikayətə çevrilir və ictimai-sosial mahiyyət kəsb edir. Qurbanidən: 473
Dünyada qalmayıb zərrəcə hörmət,
Qardaş qardaşma eylər xəyanət,
Gədalar bəy olub, bəylər rəiyyət,
Ağ pul çevrilib ribayə dönübdü.
     Aşığın lirik qəhrəmanı «Dünya»dan yox, onunla bağlı öz bəxtindən şikayət edir:
Hayana əl atdım, bəd gəldi işim,
Elədin dünyanı dar yenə, baxtım!
(Aşıq Qurban Ağdabanlı)
     Buradakı «Dünya» obrazı çoxcəhətli və elə bilirəm ki, həm də çoxmənalıdır: deməli, «Dünya» indiki kontekstdə, əslində, yaşamalı «Dünya»dı, amma o ayrı-ayrı məqamlarda belə bir gözəlliyini itirir və bu proses dinamik mahiyyətlidir, tez-tez dəyişir («yenə» ifadəsinə fikir verin), bu gün sənə gen olan «Dünya» sabah dar olar, biri gün isə yenə gözəlləşər, çünki «Dünya»nın təbiəti dinamikdir, dəyişkəndir, həm yaxşıya, həm də pisə meyllidir; eyni zamanda, «Dünya»nın qavraması və qiymətləndirilməsi fərdi hiss-həyəcanların nəticəsidir.
     Qurbani başqa bir qoşmasında deyir:
Əgər şahdan bizə qəzəb olmasa,
Qəzəb atəşindən əzab olmasa,
Ortalıqda çuğul, kəzzab olmasa
Dünya bahar olar, boran, qar olmaz!
     Bu obraz ilə bağlı klassik aşıq poeziyasının maraqlı və paradoks səciyyəli xüsusiyyətlərindən biri də odur ki, «Dünya» həmişə vəfasız, ədalətsiz, mənfı keyfiyyətli olmayıb, sadəcə hər bir aşığın zəmanəsində belədir, çünki məhz onun zəmanəsində (deməli, həmişə! daimi!) mərdlər, aqillər, igidlər getdiyi üçün belədir. («Yaxşı atları yaxşı kişilər minib getdi!» ovqatı.) «Dünya»nın keçmişi bu günündən zəngindir, əsrlər boyu yalnız öz müasiri olan lirik qəhrəman üçün gözəl keyfiyyətlərini itirib:
Hanı Vəli görən möhdədillilər,
Hatəm səxavətli, xoş xəyallılar?
Köçübdü dünyadan pürkamallılar,
Gədalar sədd açıb sədalanıbdır.
(Bozalqanlı Şair Vəli)
     Yaxud:
Ey dünya, bostanın, bağın var idi,
Çərxin çırağında yağın var idi,
Yazıq Qurban, cavan çağın var idi,
Görən deyir, budu xətti-çal gəlir.
(Aşıq Qurban Ağdabanlı)
     Biz artıq gördük ki, klassik aşıq poeziyası yüzilliklər boyunca «Dünya»nın faniliyindən, etibarsızlığından, harınlığından demişdir, bu motiv onun üzvi tərkib hissəsi olmuşdur, amma maraqlıdır ki, bəzən bu fikir elə söylənilir, elə bil ki, lirik qəhrəman bunu yenicə kəşf edib:
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazaratı çıxıbdı...
(Aşıq Ələsgər)
     «Dünya» aşığın lirik qəhrəmanının özünü tərifind ə mey ar kimi götürülür.
Bu dünyaya tək gəlmişəm,
Dal ibn Dal kimi.
(Aşıq Hüseyn Şəmkirli)
     Lirik qəhrəman «Dünya»dan inciyir ; XVIII əsrin sonu,
     XIX-əsrin birinci yarısında deyib-söyləmiş ustad Abdulla Padarlının lirik qəhrəmanı, qəribədir, «qara qızlar sürmə çəkib gözünə, gözəllikdə Züleyxanı» bəyənmədikləri, «ayaq üstə sini dibi yalayanların qohum-qardaş, əmi-dayı» bəyənmədikləri, «hampalar incidir çörək verəni, it qudurub qaysavanı» bəyənmədiyi, alacəhrə «cib-cib eləyib» oxumaqda torağayı bəyənmədiyi, «namərdlərin torbası dolu» və «Simurğ qan içində» olduğu bir vaxtda «Ay ağalar, bir zamanə gəlibdi...» deyə «Dünya»dan inciyir:
Bundan sonra dünya axmağa qaldı,
Abdullah da bu dünyanı bəyənməz...
     «Dünya»nın kiçikliyi, darlığı poetik qarğışın tərkib hissəsinə çevrilir. Aşıq Ələsgərlə deyişən Kötüyün qarğışında olduğu kimi:
Qara Kötük deyər, tükənsin sözün,
Builki işlərdən nə qorxub gözün?!
Bir qızındı, bir arvadın, bir özün,
Üç adamla dünya sənə dar olsun!
     Lirik qəhrəman bəzən «Dünya»da qarğıyanı axtarır:
Katibəm, uymuşam bir bivəfayə,
Ömrümü vermişəm badi-fənayə,
Görən bu dünyada mən binəvayə
Kim qarğıdı yarın sitəmkar olsun?
(Mirzə Məhəmməd Katib Qarabaği)
     «Dünya» qarğışın əksi, arzunun, istəyin, xeyir-duanın tərkib hissəsidir:
Sona gərək öz yarından yaşma,
Meylim qonub nazlı yarın qaşına.
Görüm görməyənin gəlsin başına,
O da çəksin bu dünyada, əzizim!
(Aşıq Sona)
     Bəzən «Dünya» öz müstəqim mənasına yaxınlaşır, fiziki cisimlərlə, planetlərlə bir sırada işlənir. Deyişmələrdən birində Ləzgi Əhmədin:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, bu dünyanı gəzər hey? -
     sualına Xəstə Qasım belə cavab verir:
Al cavabın deyim, ay Ləzgi Əhməd,
Aydır, gündür, bu dünyanı gəzər hey!
     Maraqlıdır ki, elə həmin deyişmədə «Dünya» yenə obrazlaşır Ləzgi Əhmədin: «Bu nə qonhaqondur, bu nə köçhaköç?» sualına Xəstə Qasım: «Dünya qonhaqondur, ölüm köçhaköç» deyə cavab verir və burada «gəlimli-gedimli dünya» iki hissəyə çevrilir, «gəlimlilik» «Dünya»nın bədii yüküdü, «gedimlilik» isə ölümün (fələyin).
     «Dünya» yumor tərkibinə çevrilir və bu zaman, hətta bir siçan da «Dünya»nı zindana çevirə bilir:
Dad siçanın əlindən,
Yetişmişik cana, pişik!
Dünyanı bizdən ötəri Döndərib zindana, pişik!
(Aşıq Ələsgər)
     «Dünya» obrazının özündən başqa ən çox işlənən formaları «Bu dünya», qismən də «O düny a »dır. Şirvan mahalından Aşıq Xanmusa adlı bir müasirimizin qoşmasında bu üç formanın üçünə də bir bənddə rast gəldik:
O ucaldır, o qaldırır, yıxır da,
O güldürür, o yandırır, yaxır da.
Başımıza oyun açır axırda,
O dünyası, bu dünyası dünyanın.
     Aşıq Ələsgərin «Olmaz» rədifli qoşmasında iki formanın eyni bənddə işləndiyini görürük:
O dünyanı, bu dünyanı gözləyən,
Həm savabı, həm üsyanı gözləyən,
Namus qədri bilib, nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.
     «Dünya» ilə «Bu dünya»nın müştərək işlənməsi:
Şəmşir, bu dünyada əzəldən bəri
Dünya bəndə salıb çox hünərvəri...
(Aşıq Şəmşir)
     «Bu dünya»nın mahiyyətində nisbi bir konkretlik olduğu üçün, bəzən o müstəqim mənalı bir xüsusiyyəti ifadə edən sözü (sifəti) öz arasına alır və biz onlardan bəzi səciyyəvi nümunələr göstərmək istəyirik.
     «Bu fəna dünya»:
Cümanın sevdası cuş verir dəm-dəm,
Bu fəna dünyada xoş dilə bəndəm,
Qorxuram qönçəmə xar ola həmdəm,
Bülbül tək dolanam bağı sərasər.
(Molla Cüma)
«Bu geniş dünya»:
Bu geniş dünyaya sığmayan könlüm...
(Aşıq Veysəl)
     «Bu gen dünya». Azərbaycanca yazan gürcü aşıqlarından Aşıq Pəktayinin (Zazadze) İncilə, Məryəm Anaya xəyanət etmiş, haqq yolundan sapmış bir nankora müraciətlə söylədiyi qoşmaqarğışında deyir:
Cani dildən qarğeyirəm payımı:
Bu gen dünya gəc başma dar olsun.
     Yaxud:
Bu gen dünya üstümüzə dar ola,
Biz köçərik, yurdumuzda kim qala?
(Xəstə Qasım)
     «Gen dünya» variantında da işlənir:
Olmadı kimsə havadar,
Gen dünya oldu mənə dar...
(Aşıq Əsmər)
     «Bu gen, geniş dünya»:
Ey nazənin, bu gen, geniş dünyada,
Namusu əğyara satmaq nədəndir?
(Qurbani)
     «Geniş dünya» variantı da işlənir:
Elə geniş dünya mənə dar oldu,
Təhəmmülsüz könlüm biqərar oldu,
Günüm zindan, gecələrim zar oldu,
Belə keçdi illərimin düzümü...
(Aşıq Veysəl)
     «Bu acgöz dünya»:
Bu acgöz dünyaya bir eylə nəzər,
Kama çəkdi, neçə canı itirdi.
(Əlimərdanlı Aşıq Nəcəf)
     «Bu qoca dünya»:
Bu qoca dünyanın yoxdur vəfası,
Gah boşalıb, gah da dolan görmüşəm.
(Hüseyn Bozalqanlı)
     «Dünya»nın «Dünyada» şəklində işlənməsi klassik aşıq poziyasında geniş yayılmış variantlardan biridir:
Əzrayıl bir kəsdi, görünməz gözə,
Nə ağıla baxır, nə də ki, sözə,
İndi də gözünü zilləyib bizə,
Tutub mən fağırı qəza dünyada.
(Aşıq Ələsgər)
     «Bu dünyada» forması:
Şərbət görməmişəm mən bu dünyada,
Ləblərinin abi-həyatı kimi:
(Aşıq Hüseyn Şəmkirli)
     «Dünyadı» forması:
Süleymanı yola salan dünyadı,
Ayrılıq təblini çalan dünyadı,
Gözəlliyi əldən alan dünyadı,
Güvəndin hüsnünün gül vədəsində.
(Aşıq Şəmkir)
     «Dünya»nın müstəqim səciyyələndirilən deyim formaları da var: «fani dünya», «namərd dünya», «puç dünya», «qara dünya», «bivəfa dünya», «yalan dünya», «viranə dünya» və s.:
Puç dünya, səndə bir yaranan hanı?
(Aşıq Pəri)
     Yaxud:
Sol əldə kağız var, sağ əldə qələm,
Bir yanda nəşə var, bir yanda ələm,
Ələsgər tək şirinzəban, xoşkəlam
Bivəfa dünyaya gəldi də getdi...
(Aşıq Ələsgər)

7.


     Aşıq sazı sinəsinə sıxıb özünü və özü ilə bərabər, xalqını ifadə etməyə başladığı andan etibarən, «Dünya» obrazı onun lirik qəhrəmanı ilə birgə olmuşdur, onun yaradıcılığında aparıcı bədiistetik mövqe tutmuşdur, onun ovqatını, düşüncəsini, fəlsəfəsini anlamaqda mühüm rol oynamışdır. «Dünya»nın mürəkkəbliyi, ziddiyyəti və çoxmənalılığı, əslində, həyatın, insanın özünün mürəkkəbliyi, ziddiyyəti və çoxmənalılığıdır. «Dünya» mücərrəd və konkretdir, sevimli və iblisanədir, namərddir, fanidir və bütün bu keyfiyyətləri ilə birlikdə aşıq poeziyasında daimidir. Aşıq dünyaya gəlir, yaradır və bütün insanlar kimi, dünyadan gedir və bu gəliş-gediş də daimidir. Qoca Yunus İmrənin dediyi kimi:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!

İyun, 1996. Bakı.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 713 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more