Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Klassik aşıq poeziyasında «Dünya» obrazı
KLASSİK AŞIQ POEZİYASINDA «DÜNYA» OBRAZI
Unudulmaz Aydın Məmmədovun xatirəsinə
1.


     Azərbaycan folklorşünaslığı bu günə qədər «aşıq» sözünün etimolojisi ilə bağlı yekdil bir fikrə gələ bilməmişdir, doğrudur, əsasən, belə bir mülahizə irəli sürülür ki, bu söz ərəb mənşəli «eşq» sözündəndir (F.Köprülzadə) və «eşqə mübtəla olan» mənasındadır, amma nəzərə alsaq ki, alimlərimiz bilavasitə türk özünüifadəsi olan aşıq poeziyasının çox qədimlərə getdiyini göstərirlər (misal üçün, Teymur Bünyadova görə bu poeziyanın dörd min il tarixi var), o zaman belə bir fikir, yəni bu sözün türk mənşəli yox, gəlmə söz olması və yaxud gəlmə sözün təsiri ilə yaranması çox mübahisəli görünür və yəqin elə buna görə də, indiyə qədər də folklorşünaslığımızda müxtəlif fərziyyələr söylənir, variantlar irəli sürülür.
     Variantlardan biri budur ki, əvvəlcə «ozan» sözü işlənmiş, sonra bu söz «aşiq» şəklinə düşmüş, nəhayət, «aşıq» kimi işlənmişdir (Paşa Əfəndiyev). Başqa bir variantda «aşıq» işıqdan, alovdan, nurdan və eyni zamanda, bu məfhumlarla «aşiq»in kontominasiyasından yaranmışdır (akad. V.Qordlevski). Digər bir mülahizəyə görə, «aşıq»ın yaranmasının izahatı dörd sözdən ibarətdir: «aşiq», «işıq», «aşılamaq», «şeyx» (Qara Namazov). Rəhmətlik professor Məmmədhüseyn Təhmasib «aşıq»ın əmələ gəlməsini müasir özbək dilində melodiya, hava, mahnı mənasında işlədilən «aşulə» və müğənniliyi bildirən «aşuləçi» sözlərinə, eləcə də bizim müasir dilimizdəki «aşılamaq» (anlatmaq, başa salmaq, dərk etdirmək mənasında) sözünə istinadən əski türkcədəki «aş»la əlaqələndirir.
     Məhərrəm Qasımlı isə yenicə çapdan çıxmış «Aşıq sənəti» adlı ciddi tədqiqatında (yeri düşmüşkən deyim ki, bu monoqrafiya irəli sürülən fikirlərdəki bir sıra mübahisəli cəhətləri ilə bərabər, elmi-nəzəri səviyyə və mövzuya yanaşmanın, ehtiva dairəsi baxımından müasir ədəbiyyatşünaslığımızın uğurlarından biridir) «aşıq» sözünün indiki anlamda yaranmasını sufi-dərvişlərin şamançılıqdan gələn özünüifadəsi ilə bağlayır və yazır: «Deməli, qam-şaman komplekti yeni tarixi mühitdə «aşıq» adtitulu altında müəyyən evalyusiya və transformasiya keçirərək sufi-dərviş sisteminə çevrilir və yalnız bundan sonra özünün yeni keyfiyyət göstəricisinə sənətkar statusuna doğru gedir»‘
     Bir sözlə, variantlar, fərziyyələr, mülahizələr çoxdur, hətta bu yaxınlarda mən belə bir hipoteza fərziyyə də oxudum ki, sazın qoluna bərkidilmiş aşıqlara rəğmən «bəlkə də «aşıq» sözü uşaqların aşıq deyib oynadıqları qoyun sümüyü ilə bağlıdır?!»
     Folklorşünaslığımız aşıq sənətinin tarixi boyunca «aşıq» anlayışının müxtəlif türkdilli xalqlar, qəbilələr, tayfalar arasında «ozan», «varsaq», «yanşaq», «dədə» və s. kimi sinonimlərinin də işləndiyini söyləyir.
     Bütün bu axtarışların, fikir müxtəlifliyinin əsas səbəbi, şübhəsiz ki, aşıq sənətinin qədimliyi və bədii-estetik spesifikasıdır. Təsadüfi deyil ki, sənətlə bağlı minilliklər boyunca ta ibtidadan gəlib çıxan sinkretizm hadisəsini bu gün Azərbaycan incəsənətində və ümumiyyətlə, Azərbaycan mədəniyyətində yalnız aşıq sənəti yaşadır: ustad aşıq şairdir, bəstəkardır, xanəndədir, saz çalan ifaçıdır, improvizatordur, rəqqasdır, bədii qiraətçidir və bu cəhət aşıq sənətinin köklərinin ibtidai icma dövründən gəldiyini söyləyən mülahizələrə haqq qazandırır.
     Spesifika dedikdə isə, mən, ilk növbədə, bu sənətin uzunuzun əsrlər boyu yazılı ədəbiyyat vasitəsilə yox, xalqın yaddaşında nəsillərdən nəsillərə keçməsini nəzərdə tuturam. Elə bunun da sayəsindədir ki, Yunus İmrəyə, Qaracaoğlana, Qurbaniyə qədərki aşıq poeziyasının nümunələri bu gün, demək olar ki, bizə gəlib çatmamışdır.
     Əlbəttə, bu yerdə söhbət müəllifli poeziya nümunələrindən gedir, müəllifləri əsrlərin yaddaşından silinib getmiş, yaxud əfsanəyə çevrilmiş, dastanlaşmış aşıq poeziyası nümunələri isə bayatılardan tutmuş ağılarımızacan bu gün də xalqımızın mənəvi sərvəti kimi, bizimlə bir yerdədi.
     Düzdür, Yunus İmrəyə qədər və ondan sonra Qurbaniyə qədərki dövr aşıq poeziyası nümunələri, demək olar ki, bizə gəlib çatmayıb, amma elə həmin Qurbani yaradıcılığının yüksək bədiistetik səviyyəsi belə bir əlamətdar cəhəti qeyd etməyə imkan verir ki, bu poeziyanın qədim tarixi və güclü ənənələri olmuşdur, eyni zamanda, görünür, klassik aşıq poeziyamızın çiçəklənmə dövrü orta əsr Azərbaycan tarixinin çox ciddi milli-siyasi təkamül dövrünə təsadüf edir. Söhbət Azərbaycan Səfəvilər dövlətinin yaranmasından gedir.
     Akademik Həmid Araslı «Aşıq yaradıcılığı» əsərində XVI əsri «aşıq şerinin qüvvətli inkişafı» dövrü adlandırır və bu müşahidəsini Şah İsmayıl Xətainin şəxsi fəaliyyəti və təşəbbüsü ilə izah edir: «Səfəvilərin dini görüşünü yaymaq, Səfəvi hakimiyyətini möhkəmləndirmək üçün hər vasitədən istifadə etməyə çalışan Şah İsmayıl Xətai xalq müğənnilərinin nüfuz və qüdrətindən də istifadə etmişdir. Şah İsmayılın uşaqlıq illəri xalq içərisində keçmişdir. Onun şairlik istedadının inkişafında aşıq şerinin böyük təsiri vardır. O, aşıq yaradıcılığına böyük diqqət verir, özü də aşıq şeri üslubunda əsərlər yazırdı»‘.
     Əlbəttə, bu mülahizələr də həqiqətdir, amma bizə elə gəlir ki, onlar klassik aşıq poeziyasının belə bir yeni keyfiyyətli bədiistetik mərhələyə qədəm qoymasının subyektiv səbəblərini izah edir, yəni bu, məsələnin görünən tərəfidir; görünməyən bir tərəf də vardır ki, obyektiv mahiyyətlidir: aşıq yaradıcılığı uzun yüzilliklər boyu xalqın psixolojisinin, məişətinin, güzəranının tərkib hissəsi (yalnız bədii ifadəsi yox!) kimi formalaşdığı, müəyyənləşdiyi üçün, güclü milli dirçəliş dövrü ilə onun da yeni bir mərhələyə qədəm qoyması arasında təbii, dialektik bir qanunauyğunluq var.
     Şah İsmayılın mesenatlığı da, aşıqlardan siyasi məqsədlər üçün istifadə etmək istəyi, nəhayət, həmkarlıq təəssübkeşliyi də yalnız stimul rolunu oynaya bilərdi (oynayırdı da!), amma əsas təhrikedici qüvvə Azərbaycan dövlətçiliyinin yaranması idi. Məhz bu təhrikedici qüvvə güclü təkanla aşıq poeziyasını irəliyə - parlaq XVII əsr dövrünə apardı və qısa bir müddətdə «Dədə Qorqud»dan sonra (böyük bir fasilə ilə!) ikinci möhtəşəm epik dastanımız «Koroğlu» yarandı, məhəbbət dastanının «Aşıq Qərib», «Şah İsmayıl», «Qurbani» kimi inciləri meydana çıxdı, sənət aləminə Sarı Aşıq gəldi, Abbas Tufarqanlı gəldi...
     Mən artıq aşıq poeziyasında sözlərin bir fərdin (müəllifin) yox, xalqın deyiminə çevrilməsi barədə yazdım, eyni zamanda, aşıq sənəti həqiqi xalq sənətidir, bir də ona görə ki, onun xalqı ifadə edən, milli psixolojiyə dialektik surətdə məhrəm olan musiqisi, yəni aşığın fərdi sənətkarın yaratdığı (bəstələdiyi) musiqi də yüzilliklər keçdikcə bilavasitə yaradıcısının yox, xalqın yaratdığı mənəvi sərvətə çevrilmişdir. «Dilqəmi», «Koroğlu», «Ruhani» («Ürfani» də adlanır), «Kərəmi», «Keşişoğlu» və bir çox digər havacatları konkret olaraq kim yaradıb?bu sual yüzilliklər keçdikcə mənasızlaşıb, çünki onlar artıq bir fərdin yox, xalqın yaratdığıdır. Elə bilirəm ki, xalqla sənət arasındakı doğmalığı ifadə etmək üçün, bundan parlaq göstərici tapmaq mümkün deyil.
     Eyni zamanda, belə bir cəhəti də qeyd etmək istəyirəm ki, klassik aşıq poeziyasını klassik Azərbaycan poeziyasından təcrid edilmiş şəkildə öyrənmək də metodoloji baxımdan düzgün deyil. Klassik Azərbaycan poeziyasının Nəsimi, Xətai, Füzuli kimi nəhəngləri ara-sıra Şərq poeziyasına hücum edən sxolastik kanonların fövqündə yazıb-yaradırdılar və buna görə də təbiilik və fitri istedad baxımından yaxın olduğu üçün, klassik poeziyanın ayrı-ayrı məqamlarda klassik aşıq poeziyasına təsiri, əlbəttə, şübhəsizdir (hələ orasını demirik ki, ustad aşıqlarımızın özləri də misal üçün, Aşıq Ələsgər) gözəl qəzəllər yazmışlar.
     Vidadi, Vaqif, Zakir kimi şairlərin isə yaradıcılığı ilə, deyək ki, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Molla Cümə və b. kimi ustad aşıqların poetik yaradıcılığı arasında üzvi bir doğmalıq, bəzən isə hətta eynilik mövcuddur.
     Dediyimiz ondan ibarətdir ki, müxtəlif yaradıcılıq psixolojisinin, dünyagörüşü səviyyəsinin, bədii-estetik özünüifadənin bəhrələri olsalar da, Azərbaycan ədəbiyyatında klassik poeziya ilə klassik aşıq poeziyası bəzi hallarda qələmə verildiyi kimi, qarşıqarşıya duran iki qütbün yox, ana xəttdən ayrılan iki doğma qolun təcəssümüdür.
     Azərbaycanda aşıq poeziyası haqqında çox yazılmışdır, amma eyni zamanda, az yazılmışdır, xüsusən, klassik aşıq poeziyasının sənətkarlıq xüsusiyyətləri, poetikası, bədii-estetik çalarları və özünəməxsusluğu, onu, misal üçün, Yaponiyanın «Kabuki» teatrı, yaxud İspaniyanın romanserosu kimi, milli bədii təfəkkürün (indiki halda Azərbaycan milli bədii təfəkkürünün) faktına çevirən əlamətləri, onun fransız truveri və trubadurluğu, alman minnezingerliyi ilə elmi müqayisəsi çox az öyrənilmiş, az tədqiq edilmişdir, bir sıra hallarda isə tamam bir boşluq hökm sürmədədir.
     Klassik aşıqlarımızın əsərlərinin toplanıb nəşr edilməsində xeyli dərəcədə iş görülmüşsə də, onun bir küll halında ideoloji və elmi-nəzəri təsnifatı, demək olar ki, verilməmişdir, bir sıra tədqiqatlarda isə vulqar sosiologizm təmayülləri elmi münasibəti üstələmişdir və biz gələcəkdə öz mövzumuzla bağlı bu barədə danışacağıq.
     Burasını da demək lazımdır ki, klassik aşıq poeziyamızın poetik formaları və arxitektonikası tədqiqatçılarımız tərəfindən yaxşı öyrənilmişdir və bu, əlbəttə, çox lazımlı bir işdir, amma onun mövzu və məzmununun, fəlsəfəsinin poetik atributları tədqiqatdan və ümumiyyətlə, diqqətdən kənarda qalmışdır.
     Bu poeziyanın poetikasında və fəlsəfi-ideoloji məzmununda çox əhəmiyyətli rol oynayan obrazlardan biri «Dünya» obrazıdır və bu, əlbəttə, təsadüfi deyil. «Dünya»nın obrazlaşma tarixi çox qədim və bəşəri mahiyyətlidir. Misal üçün, «Bibliya»da bəzən «Dünya» obrazlaşaraq Allaha yad olan və ona qarşı aktiv etiraz edən qüvvələrin təmsilçisi kimi sistemə deyilir. «Dünya»nın yüksək bədii-estetik şəkildə obrazlaşması klassik Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan klassik poeziyasında ara-sıra təsadüf olunan bir hadisədir. Ancaq klassik aşıq poeziyasında bu obraz özünün ən kütləvi ifadəsini tapmışdır və həmin poeziyanın estetik-fəlsəfi tərkib hissəsinə, məxsusi faktına çevrilmişdir. Sənətimizin tarixində elə bir ustad aşıq tapmaq çətindir ki, «Dünya»ya xüsusi şer həsr etməsin, yaxud digər şerlərində bir obraz kimi, «Dünya»dan istifadə etməsin və biz bu yazıda həmin poeziyanın obrazlar sistemində «Dünya» obrazının yerini və xüsusiyyətlərini müəyyənləşdirməyə, onun mahiyyətinə varmağa çalışacağıq.

2.


     «Dünya» sirlərlə dolu bir aləmdir, sirr dağarcığıdır («Kimsə bilməz dünya necə qurulmuş...» Aşıq Veysəl, yaxud «Dünya, sənin gərdişindən, Başa varan, görmədim!» Alməmməd) və bu sirri nəinki anlamaq, ümumiyyətlə, ondan baş açmaq və onu dərk etmək mümkün deyil. Düzdü, «Dünya»nı tanımaq, ona bələd olmaq üçün keşməkeşlərdən çıxmalısan, görüb-götürməlisən, başına min bir qəzavü-qədər gəlməlidir və gəlir də bu fikir, yəni «Dünya»nın mürəkkəbliyi, ziddiyyəti, çoxmənalılığı klassik aşıq poeziyasında əsrlərdən əsrlərə keçən ana xətlərdən biridir və həmin fikrin son dərəcə yığcam və elə bilirəm ki, son dərəcə də yüksək poetik ifadələrindən biri qoca Yunus İmrəyə məxsusdur: «Dünya axirət əkini, Əkib götürən bilir».
     Aşıq poeziyasının «Dünya» ilə bağlı əsas qənaəti belədir:
İnsan bu dünyanı tamam eyləməz,
Çoxları cəhd etdi, natamam qaldı.
(Qul Allahqulu)
     Bu baxımdan «Dünya» obrazı həyatın mənası, əhd, vəfa, ilqar, dərd, sevinc, gündəlik güzərandan tutmuş xəyallar, arzular aləminəcən mənəvi (bəzən hətta maddi) dəyərlər ilə bağlı bədii suallar doğurur, cavab isə yoxdur və belə bir «sual-cavabsızlıq» klassik aşıq poeziyasının əsas tendensiyalarından birini təşkil edir. Həmin bədii sualları doğuran zəmin isə, çox vaxt «Dədə Qorqud»dan üzü bəri gələn «Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya» ovqatının, düşüncəsinin, fəlsəfəsinin müxtəlif variasiyalarından ibarətdir.
     Xəstə Qasımın cəmi üç bəndlik «Dünya» rədifli gəraylısı bu baxımdan, elə bilirəm ki, səciyyəvi nümunədir. Gəraylıda: «Gəl bir səndən xəbər alım, Süleymandan qalan dünya, Əzəli gül kimi açıb, Axırında solan dünya» deyə «Dünya»ya müraciət olunur və sonrakı bəndlərin hər birində əvvəlcə bədii suallar verilir, sonra isə həmin dediyimiz zəmin özünü göstərir:
De görüm nəyə talibsən,
Dərsini kimdən alıbsan?
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya.
Xəstə Qasım qalıb naçar,
Bu sirri bəs kimlər açar?
Gələn qonar, qonan köçər,
Hey salarsan talan dünya.
(Xəstə Qasım)
     «Dünya»nın sirlərlə dolu mistik bir aləm olması ilə bağlı bədii-estetik baxımdan ən gözəl bəndlərdən birini, hətta mən deyərdim ki, klassik aşıq poeziyamızın bu səpkili şah bəndini XIX yüzildə Aşıq Bəsti söyləmişdir:
Məleykə boyludu, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi, aldadar səni,
Cavanlıq donunda qalan bu dünya.
     Rəhmətlik Nigar xanım Rəfibəyli yazırdı ki, «zənnimcə bu obrazı yalnız qadın sənətkar kəşf edə bilərdi».
     Doğrudan da, bu misralardakı zəriflik, təbii ana-bala deyim tərzi, sözlərin düzülüşündəki bu kəpənək yüngüllüyü, elə bil ki, yüzilliklər boyu klassik aşıq poeziyasının vəsf eləyib yaratdığı Gözəl varlığının özünüifadəsidir.
     Aşıq Bəstinin lirik qəhrəmanıhəmin Gözəl müxtəlif qoşmalarda, gəraylılarda «Məcnunsuz çöllərin Leylisiyəm mən» deyir, «Ölərəm mən, bu dağlardan getsə lalə» deyir, «Məcnunsuz Leyliyəm, çöllər inanmır», yaxud «Bir qərib yolçuyam, yollar inanmır»deyə şikayətlənir, «Nədəndi yaxşının başın kəsməyə Hazırsan xəncərin tiyəsi kimi?»deyə fələyi məzəmmət edir və elə bil ki, «cadugər dünya» haqqında da həmin bəndi yalnız bu incə məxluq söyləyə bilərdi...
     Maraqlıdır ki, Aşıq Şəmşir bir qoşmasında, çox güman, Bəstinin yaratdığı bu obrazdan istifadə edərək: «Dünyanın yaşı çox, hüsnü cavandı»deyir, amma həmin poetik obraza tamamilə fərqli bir ton verir: «Tərlan qocalsa da, yenə tərlandı».
     Lakin biz öz mövzumuza qayıdaq.
     «Dünya» obrazı bəzən elə bir müraciət obyektinə çevrilir və elə çoxcəhətli səciyyəyə malik olur ki, lirik qəhrəmanın düşüncələrinin, həyat haqqında, yaşayış haqqında fikirlərinin poetik ifadəsi üçün münbit bir şərait yaranır. Borçalı mahalının Quş Muğanlı kəndindən ustad aşıq Xındı Məmmədin bir ustadnaməsi bu mənada maraq doğurur. Səkkiz bəndlik həmin şerdə «Dünya» söz kimi, yalnız birinci bəndin başlanğıcında işlənir, amma lirik qəhrəmanı danışdıran, onu mənəvi-fəlsəfi izhara sövq edən obraz kimi, ustadnamənin əsasını təşkil edir. Ənənəvi «neylədin?» rədif-sualı ilə işlənmiş bu poetik nümunədə maraqlı cəhət orasındadır ki, lirik qəhrəman Adəm və Həvvadan başlayaraq tarixdə, əsatirlərdə, rəvayətlərdə, sənətdə məşhur olan harınlamış despotların, vardövlət sahiblərinin yox, əksinə, İslamın, tarixin, sənətin Həzrət Peyğəmbərimiz kimi, Həzrət Əli, Həzrət Hüseyn kimi, «Məryəm oğlu o İsa», Ömər Xəyyam, Sənan, Yusif, Züleyxa və s. kimi işıqlı şəxsiyyətlər, surətlər haqqında söz açır, bir işıq, ziya nostalgiyası ilə, həzin bir kədər içində öz daxili dünyasını ifadə edir və o işıq, o nostalgiya, o həzinlik «Dünya» obrazının bədii-estetik və fəlsəfi mənasının dərinliklərindən gəlir, onu çoxcəhətli, vüsətli edir. Xındı Məmməd ustadnaməni aşıq poeziyasına xas olan sadəlik və səmimiliklə o işıqlı şəxsiyyətlər və surətlər qalereyasını:
     Borçalının bəlli olan ustadı Şair Nəbi, Ağacanı neylədin? - deyə axırda gətirib öz mahalında sona çatdırır.
     Xəstə Qasım da «Dünya» ilə bağlı tarixə varır:
Necoldu Keykavus, hanı Keyqubad,
Hansı bu dünyadan almışdı murad?
Allahlıq eylədi Fironla Şəddad,
Nəmrudun qalası düz oldu, getdi.
     Aşıq Şəmşir isə bu sənətkara xas olan təbii bir ironiya və xüsusi məhrəmliklə:
Ana dünya, nələr saldın yola sən,
Hanı Məcnun, Əsli, Kərəm, a lələ? -
     deyir.
     «Dünya»nın faniliyi, göstərdiyimiz kimi, onlara qalmayan «Dünya» mənasında tarixin və əfsanələrin qəhrəmanlarının, böyük sənət dühalarının və məşhur ədəbi personajların adlarının çəkilməsi ilə söylənilir, ancaq bəzən maraqlı bir hadisə ilə qarşılaşırıq: dediyimiz faktura aşığın öz dövrünə uyğun olaraq müasirləşdirilir. Aşıq Ələsgərin I Dünya müharibəsi zamanı söylədiyi qoşmadan bir bəndə bu mənada diqqət edək:
Necoldu Serbiya, Çomoqoriya?
Əl-ayaq altında itdi İtalya,
German bir bomba atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.
     «Dünya» daimidir, insan isə gəldi-gedərdir («Dünya bir bostandı, pozular gedər...» (Dəllək Murad), «Qoca dünya çoxun yola salıbdı, Köçən köçüb, köçməyənlər köçəcək...» (Aşıq Alı), buna görə də «Dünya» malına göz dikmək lazım deyil, çünki o varidad bu daimi «Dünya»da qalacaq, sən isə heç nəsiz gedəcəksən və sənə qalan yalnız mənəvi dəyərlər olacaq:
Sirat, sual qabaqdadı,
Nə damaxdı dünyada?
Kəlmeyi-şəhadət lazımdı
Ölən vaxtdı dünyada.
Tut orucun, qıl namazın,
Şükür eylə Allaha.
Qul olma dünya malına,
Qalacaxdı dünyada.
(Aşıq Bilal)
     Düzdü, «Dünya» fanidir, amma eyni zamanda mərdlik, igidlik, etibar, ülfət, söz, saz «Dünya»dan getmir, qalır. Aşıq Hüseyn Şəmkirli (deyilənə görə, Molla Pənah Vaqifin bacısı Zəhranın oğludur) Ələsgərlə deyişməsində deyir: «Mərd igid dünyadan getməz, qaladı...» və elə buna görə də onun lirik qəhrəmanı vəsiyyəti sözə, saza, yəni sənətə edir. «Mən gedərsəm, sazım, sən qal dünyada...».
     Maraqlıdır ki, bəzən «Dünya»da aşığın şöhrəti, sənətin meyarı onun özünün sazı, sözü yox, başqa bir aşıq olur. XVIII əsr ustad aşıqlarımızdan Ağ Aşıq (Aşıq Allahverdi) gəraylılarından birində Aşıq Alıya müraciətlə deyir:
Ağ Aşığm bu dünyada Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.
     Bu baxımdan Aşıq Qurban Ağdabanlının qoşmalarından birində maraqlı bir təzad müşahidə etmək mümkündür:
Kimdi məskən edib qala dünyada,
Düşmüşəm qovğaya, qala dünyada,
Yazıram, yadigar qala dünyada,
Dərdimi dəftərə yaz indən belə.
     Bir tərəfdən «Dünya» fanidir («Kimdi məskən edib qala dünyada?»), o biri tərəfdən isə, əgər yazılan «Dünya»da qalırsa, deməli, ona etibar da var.
     Ümumiyyətlə, sənət və «Dünya» qarşılığı klassik aşıq poeziyasında tez-tez təsadüf olunan bir mövzudur və həmişə də sənətin vəfası «Dünya»nın faniliyinə qarşı qoyulur, eyni zamanda, belə bir motiv arzunu da müşahidə etmək mümkündür ki, bu əbədi fanilik olmasaydı, aşıq daha artıq bir şövqlə yazıb-yaradardı, çalıb-çağırardı. Ustad aşıqlarımızdan Zodlu Usta Abdullanın gəraylılarından birinin lirik qəhrəmanı «Dünya»nın faniliyi müqabilində gözəl xəyallara dalıb («Fələk bir dövran quraydı... Ürəklər yumşaq olaydı», «Bağ, bostanda inci bitə, Bir kökdə yüz tağ olaydı...») və bu romantik xəyalları belə bir sonluqla bitirir:
Dünya cənnət olan zaman Sənətkar da sağ olaydı!
     Klassik aşıq poeziyasındakı bu tipli nümunələrin romantik ədəbiyyatdan fərqi ondadır ki, aşıq özü bu xəyallar utopiyasının (cənnət «Dünya»nın) heç zaman gerçəkləşməyəcək arzu və istəkdən başqa bir şey olmadığını yaxşı bilir.
     Yəqin həmin ayıqlığın (aşıq ayıqlığının!) sayəsindədir ki, bəzən lirik qəhrəman «Dünya»nın etibarsızlığına ironiya ilə, rişxəndlə yanaşır və belə məqamlarda, guya, «Dünya» öz-özlüyündə etibarsızlıq mücəssəməsi deyil, o lirik qəhrəmanın mənəmmənəmliyinin nəticəsində etibarsızlaşıb və günah onun özündədir:
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm!
(Abbas Tufarqanlı)
     O zaman ki, «Dünya» maddi zənginlik, cismani acgözlük ifadə edir, cah-cəlaldan, naz-nemətdən xəbər verir, onda poetik akvarel yağlı boyalara çevrilir, incə qrafika cod fırça ilə əvəz olunur, yəni şerdə işlədilən sözlərin, ifadələrin zərifliyini sərtlik, hətta bir kobudluq əvəz edir:
Dünyanı dördəlli qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək...
     Aşıq Bilalın bu misralarındakı «qamarlamaq» ifadəsinin kobudluğunu şerə gətirən (həm də təbii şəkildə gətirən!) indiki kontekstdə «Dünya»nın daşıdığı mənanın mənfi çalarları, lirik qəhrəmanın «Dünya» ilə bağlı mənfi emosiyalarıdır.
     «Dünya»nın var-dövləti, cah-cəlalı ilə naqis insani hisslər və keyfiyyətlər arasında dialektik bir əlaqə mövcuddur. Həmin var-dövlətə uyanlar, cah-cəlaldan istifadə edənlər, şan-şöhrətə can atanlar, namərdlər, zatı qırıqlar, nadan və cahillərdir, ən yaxşı halda isə sadəlövhlərdir. Hüseyn Bozalqanlının dediyi kimi:
Namərd öldürür acından,
Doymaz dünya xəracından...
     «Dünya»nın min bir naz-neməti var, amma aşığın lirik qəhrəmanı, sözün, sazın adamı, məhəbbət əhli, sevib-sevilən olduğuna görə, özünü bütün bu naz-nemətdən, cah-cəlaldan üstün hesab edir:
Səadət başıma qoyubdu tacı,
Deyiləm zər, gümüş, ləl, qaş möhtacı.
Cəm olsa dünyanın baci-xəracı,
Ondan artıq varlı, hallı gedirəm...
(Aşıq Şəmşir)
     Yəqin elə buna görə də Aşıq Ağacavanla deyişməsində Hüseyn Bozalqanlı tərəf-müqabilini belə hədələyir:
Əlindən alaram telli sazını,
Gen dünya başına dar olar onda...
     Başqa bir qoşmasında isə Aşıq Şəmşirin lirik qəhrəmanı: «Qoy yazım dünyada yadigar olsun»deyir və belə bir mənəvi əxlaq yiyəsi olduğu üçün də oğluna yazdığı poetik nəsihətində:
Qoy səni bir işdən eyləyim halı,
Baldan da şirindi dünyanın malı.
Tamahkar, riyakar çəkər zavalı,
Sən çəkmə bu yolda zəlalət, oğlum.
     deyir («Dünya varı məhəbbətdi, Unudulsa zəlalətdi»; «Bir sözdü dünyada qalan yadigar...»bunlar da qoca Şəmşirin sözləridi!) və yəqin təsadüfi deyil ki, Aşıq Şəmşirin lirik qəhrəmanı divanilərindən birində «Qoca dünyaya inandım, sən bu əqli-huşa bax»deyə özünü tənə edir.
     «Dünya» cah-cəlallıdır, varidatlıdır və həmin cah-cəlala, həmin varidata aldananların, uyanların aqibəti klassik aşıq poeziyasında həmişə nəsihət öməyi kimi çıxış edir, lirik qəhrəmanın haqqa, ədalətə, təmizliyə, toxgözlüyə, mərdliyə, əhdə, ilqara çağırışında əyani illüstrasiya rolu oynayır:
Aldanıb dünyanın cah-cəlalına,
Haram qarışdıran öz halalına.
Xəyanət eyləyən qonşu malına
Haqqın divanında qaldı da getdi.
(Aşıq Ələsgər)
     Düzdür, klassik aşıq poeziyası yüzilliklər boyu «Dünya»nın var-dövlətinə aldanmamağa çağırır, «qoca cadugərdi, aldadar səni» deyə yüksək bədii-estetik səviyyədə xəbərdarlıq edir, amma buna baxmayaraq, onun lirik qəhrəmanı bəzən yenə də aldanır və bunu dərin bir pərişanlıqla etiraf edir:
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı.
Sonradan anladım cahanmış fani,
Bu fanidən keçən Ələsgər mənəm.
     Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu bənd Aşıq Ələsgərin 1934-cü il nəşrindən götürülmüşdür. (Bax: Aşıq Ələsgər. Bakı, Azərnəşr, 1934, səh. 131). Bənd bir sıra sonrakı nəşrlərdə də belə getmişdir... Ancaq 1963-cü il nəşrində həmin bənd aşağıdakı şəkildə verilmişdir:
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı.
Kəlbi-astananam, ya kərəm kani,
Rəhm eylə, bu yazıq Ələsgər mənəm.
      (Bax: Aşıq Ələsgər. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1963, səh. 111). Maraqlıdır ki, bu kitabın sonunda «Aşıq Ələsgərin Naxçıvan səfəri» rəvayəti verilmişdir və orada «bir neçə molla, şeyx, alimlə» görüş zamanı Ələsgərin dili ilə söylənən bənd əvvəlki nəşrlərin eynidir (Bax: səh. 427). 1972ci ildə nəşr edilmiş ikicildlikdə isə həmin bənd artıq üçüncü variantda getmişdir:
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı.
Bağışla taqsırım, ya kərəm kanı,
İrəhm eylə, yazıq Ələsgər mənəm.
      (Bax: Aşıq Ələsgər. Birinci kitab. Bakı, «Elm» nəşriyyatı, 1972, səh. 176). Nəşrin İkinci kitabında verilmiş «Aşıq Ələsgərin Naxçıvan səfəri» rəvayətində isə ilkin variant, demək olar ki, eyni ilə saxlanmışdır, yalnız sonuncu misrada «keçən» sözü «köçən»lə əvəz edilmişdir: «Bu fanidən köçən Ələsgər mənəm» (Bax: İkinci kitab. Bakı, «Elm» nəşriyyatı, 1973, səh. 279).
     Bu məsələni araşdırmaq, əlbəttə, folklorşünaslarımızın işidir, biz isə öz mövzumuza qayıdaq: beləcə axir hesabınıüqbanı unudub «Dünya»nın cifəsinə aldanmaq təsadüfdür, çünki lirik qəhrəmanın Ələsgərin divanilərindən birində dediyi:
Zərrəcə gəlməz eynimə Bu dünyanın cifəsi... -
     sözləri onun üçün qat-qat artıq səciyyəvidir. Yaxud Aşıq Ələsgər Xəstə Həsənəustad Xəstə Qasımın qıfılbəndi öz adına çıxıb plagiatlıqla məşhur olan bu adama göndərdiyi mənzum məktubda:
Dünya cifəsinə sən aldanmısan,
Unutma üqbanı, bu dünyanı at...
     -deyə onu məzəmmət edir.
     Yəqin elə buna görə də Zodlu Usta Abdulla yaxın dostu Aşıq Ələsgərin ölümünə söylədiyi qoşmada belə bir dəruni pərişanlıq keçirir:
Hər kəs özü mətləbini qanmayan,
Dünya cifəsini səhl sanmayan,
Fələk əli dəyib çərxi dönməyən,
Ləzzəti dahanda dad olan varmı?
     «Dünya» firavanlıq, harınlıq timsalıdır, onunla bəhsə girmək, onun qayğısına qalmaq olmaz, o heç kimə qalmayıb («Yedilər, içdilər fani dünyada, aldılar beş arşın ağı, getdilər...»)Abbas Tufarqanlı, heç bir xəstəyə dərman, heç bir yaraya məlhəm olmayıb:
Hər xəstə davasın bolacaq deyil,
Hər yaraya məlhəm olacaq deyil,
Hər kəsə qalmayıb, qalacaq deyil,
Dünya qayğısına düşmə, ey könül.
(Əmir Əli)
     «Dünya»nın dərdini çəkmək lazım deyil, heç olmasa, elə buna görə ki, mənası yoxdu, bununla sən yalnız öz şəxsi dərdini artıracaqsan. Aşıq Qurban Ağdabanlı klassik aşıq poeziyasının malik olduğu güclü bədii ümumiləşdirmə ilə: «Dərdim artdı, bu dağlara tay oldu, Günüm min il, hər dəqiqəm ay oldu. Bağban cəfa çəkdi, əmək zay oldu»deyir və bütün bunları «dünya»nın dərdi, qəmi ilə səciyyələndirir: «Bu dünyanın dərdü-qəmin çəkməkdən».
     Düzdü, bəzən biz klassik aşıq poeziyasında elə nümunələrə rast gəlirik ki, «Dünya»nın faniliyinə qarşı, daha doğrusu, aşıq poziyasında artıq tam şəkildə formalaşmış bu təmayülə qarşı protest edir:
Veysəl der: başını boşuna yorma,
«Dünya fani»deyib çöküb oturma.
Addım at irəli, avara durma,
Yoldaş ol rifaha qarışanlara.
(Aşıq Veysəl)
     Ancaq, bir tərəfdən, görünür, aşıq poeziyasının təbiətinə yad olduğu üçün, bu misralarda Aşıq Veysəlin bir küll halında yaradıcılığına xas olan bədii-estetik gözəllik nəzərə çarpmır, digər tərəfdən isə, «Dünya»nı fani bilməyin geriçilik əlaməti olduğunu söyləyərək, həmkarlarını «rifaha qarışanlara yoldaş» olmağa çağırmaq gələcəkdə vulqar sosiologizmin aşıq sənətinə vuracağı ziyanların, onun məhvərini dəyişmək cəhdlərinin ibtidai başlanğıcıdır. Hətta, «Dünya»nın coğrafi atributları belə: dağ, dərə, aran, çay, meşə, yarğan, döş, zirvə və s. «Dünya»nın faniliyinə münasibətdə aşığın lirik qəhrəmanının müttəfiqidir, nəinki «Dünya»nın təəssübkeşi:
     Bu fani dünyadan bir köç eylərəm,
Aran qəmgin olub, dağ inciməsin.
(Aşıq Alı).
     Klassik aşıq poeziyası öz cövhəri etibarilə nikbin, şux, işıqlı, sağlam Gözələ və təbiətə münasibət baxımından estetik və həyati poeziyadır və oradakı yeganə ümidsizlik xətti «Dünya»nın faniliyi ilə bağlıdır. Olsun ki, burada «ümidsizlik xətti» ifadəsi də yerinə düşmür, çünki çox əlamətdar bir cəhət var ki, «Dünya»nın faniliyi aşığın lirik qəhrəmanını ümidsiz etmir və o yaradıcılığında ümidsizliyə qapılmır, əksinə, bu faniliyə istinad edərək həmişə əməllərin sağlamlığına və işığına, halala çağırır. Hətta bəzən həmin lirik qəhrəman «Dünya»nın fani, riyakar, fitnəkar olduğuna istinad edərək dinləyicisini qorxudur, əgər belə demək olarsa, bədii-estetik şantaja keçir:
Qaldırsam pərdəni, desəm suçunu,
Əcəb bu işimə nə dersən, dünya?
Füsqü fəsad qaplamışdır içini,
Bu çirkin əməli nedersən, dünya?
(Aşıq Veysəl)
     Aşıq Hüseyn Cavan, bir tərəfdən, «Olmaz» adlı gəraylısında «Vəfası yoxdur dünyanın»deyir, o biri tərəfdən isə «Nə çıxar» adlı qoşmasında:
Yamanlıq, yaxşılıq qalar dünyada,
Zülm etməkdən, xəyanətdən nə çıxar? -
     deyə «Dünya»nın yaddaşına istinad edərək, hətta «Dünya»nın yaddaşı ilə qorxudaraq xeyrə çağırır və belə bir ikilik aşıq poeziyasının qədim və zəngin tarixi boyunca həmişə səciyyəvi olmuşdur.
     Bəzən «Dünya»nın vəfasızlığı onun özündən asılı olan bir keyfiyyət deyil, yəni «Dünya» özü də hökmə məruzdu və elə buna görə də Aşıq Şəmşirin lirik qəhrəmanı «Dərman bir səndə var, ali möhtərəm» — deyə Yaradana müraciət edir:
Kömək səndən olur hər müşkül işə,
Salma bu Şəmşiri qorxu, təşvişə.
Gözəl baharımı döndərmə qışa,
Qoy baxsın dünyaya göz, qaydasında.
     «Dünya» qalandı, insan isə gəldi-gedərdi— bəli, bu motiv klassik aşıq poeziyasında yüzilliklər boyunca özünün yüksək bədii-estetik ifadəsini tapmışdır, bu motiv poetik şedevrlər yaratmışdır, amma bununla bərabər, çox qəribə və elə bilirəm, əlamətdardır ki, bu poeziyada ölümdən qorxmaq ovqatı yoxdur, «Dünya» fanidir, «Dünya»nın axırı yoxdur, «Dünya»dan qalan beş arşın bezdir və s. və i. a., eləcə də «Dünya»dan şikayət var, küsmək var, onun işlərinə yanıb-yaxılmaq var, amma qorxmaq yoxdur. Aşıq poeziyası öz qədim tarixində ölümü dərk edib və onu güzəranın atributu kimi qəbul edib, onunla barışıb. Aşıq Ələsgər müxəmməslərindən birində bu fikri tamam müstəqim, birbaşa deyir:
Bilirsən ölüm haqdı,
Bu nə təlaşdı dünyada?
     Bir maraqlı cəhət də diqqəti cəlb edir: bəzən «Dünya» ona görə dözülməz olur, məhbusxanaya çevrilir, zindana dönür ki, bunun mücərrəd, yaxud ümumi yox, konkret səbəbi var: lirik qəhrəmanın məhəbbəti puç olur, onun şövqü, həvəsi itir, gənclik əbədi bir keçmişdə qalıb və gəncliyin bu nostalgiyası onu sıxır, yaxud ona mənəvi dayaq olan kimsə dünyasını dəyişir və s. Aşıq Bəstinin «A Qurban» rədifli qoşması belə bir bədbin, ağrılı-nisgilli bəndlə sona yetir:
Aylarım bəd gəlib, illərim nəsdi,
O azca ülfəti fələk də kəsdi,
Dünya zindan oldu, məhbusu Bəsti,
Yaşamağa yox gümanım, a Qurban.
     Nə üçün belədir? Lirik qəhrəmanı beləcə zinhara gətirən, küskünləşdirən, onu «dünya zindan oldu» deməyə məcbur edən nədir? Əvvəlki bəndə diqqət edək:
Tər şamama bu tağlardan kəsildi,
Ömr ağacı budaqlardan kəsildi.
Tütək səsi bulaqlardan kəsildi,
Hayıf oldu Xan çobanım, a Qurban.
     «Aşıq Ələsgərlə Aşıq Söyün haqqında rəvayət»də Aşıq Söyünün dili ilə belə bir misra işlənir: «Bu dünya bir bağdı, bağbanı iblis», ancaq buna baxmayaraq, yəni bağbanı iblis olan «Dünya»nın hiyləsinə, rəzalətinə, faniliyinə, namərdliyinə, riyasına baxmayaraq, burada kama yetmək də mümkündür, ən istəkli arzuya çatmaq da olur və bu zaman əlamətdar cəhətdir ki, həmin arzu, həmin istək mənəvi dəyərlərlə yox, sırf cismani, realist meyarlarla müəyyənləşir:
Bu dünyanın son çağında,
Xəlvət evin bucağında.
Yatam yarın qucağındaHeç eyləcə damağ olmaz!
(Molla Cüma)
     Lakin, hərgah belə demək olarsa, bu realist xəyalpərvərlik elə həmin ustad Molla Cümaya mane olmur ki, aşığın «Dünya»dakı güzəranını başqa bir qoşmasında bu cürə müəyyənləşdirsin.
Aşıq olan cövrü-cəfaya dözsün,
Ciyərini qara daşdan eləsin:
Dünya nemətindən əlini üzsün,
Özün təmiz çörək, aşdan eləsin.
     Aşıq «Dünya»nın dərdinə-sərinə yaxşı bələddi, ancaq eyni zamanda, aşıq həm də nikbindi, epikuristdi, şux təbiətlidi, onda incə yumor var (xüsusən, deyişmələrdə), hazırcavabdı və ola bilməz ki, o «Dünya»da sevinmək, şadlanmaq üçün bir səbəb görməsin...
     Səbəb var, əlbəttə, amma o səbəb nə ləl-cavahirdi, nə naznemətdi, nə də şan-şöhrətdi, sadəcə olaraq:
Ey ağalar, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin.
Bir əyri çalmalı, xumar gözlünün
Zülfünü dağıdan yellər sevinsin.
(Qurbani)
     Gül təzəcə açırsa, elə bunun özü aşığın lirik qəhrəmanı üçün bir sevinc mənbəyidir, yel Gözəlin saçına toxunursabu özü sevinc üçün kifayətdir və bu yerdə biz aşıq poeziyasında qəribə bir metamorfoza iləplatonik sevinc hadisəsilə rastlaşırıq, aşığın lirik qəhrəmanıbu həyat adamı, bu realist platonik tərənnümçüyə çevrilir.
     Aşığın lirik qəhrəmanı«Dünya»Gözəl; bu klassik üçlük xüsusi söhbət mövzusudur və bu barədə ayrıca danışmaq lazımdır.

3.


     Klassik aşıq poeziyasının yaratdığı və vəsf etdiyi əsas bədii surətlərdən biri və bəlkə də birincisi Gözəldir və o «Dünya» obrazı ilə ən sıx əlaqədədir (yalnız, misal üçün, «dünya gözəli» kimi idiomatik ifadələr mənasında yox: «Dünya gözəlidi, mən mübtəlası, Demərəm əlindən zara gəlmişəm...» Aşıq Alı). Bu ümumiləşdirilmiş Gözəl də birmənalı deyil, çoxxüsusiyyətli, ziddiyyətlidir və «Dünya»dan fərqli olaraq canlı insandır: zahirən gözəldir, sağlamdır, işvə nazlıdır, həm vəfalı, həm də vəfasızdır, həm aldadandır, incidəndir, həm də məsumdur, təmizdir...
     «Dünya» dövlətin, malın, cah-cəlalın, şan-şöhrətin, fitnə-fəsadın, namərdliyin məskənidir, ancaq bütün bu büsat ağıllı-kamallı gözəlin müqabilində bir heçdir və aşığın lirik qəhrəmanı həmin Gözəldən ötrü «Dünya»nın bütün varidatından əl çəkməyə hazırdır:
İstəməm dünyada dövləti, malı,
Hüseyni yandırar ləbinin balı.
Səndə gördüm ağlı, huşu, kamalı,
Tər buxağı, qəddü-dalı, ceyranım.
(Hüseyn Bozalqanlı)
     Aşıq poeziyasının bu tipli nümunələrində Gözəl «Dünya»nın maddi varidatından ayrılır və biz Gözəl ilə «Dünya» malının, şan-şöhrətinin, namərdliyinin qarşı-qarşıya qoyulması hadisəsini müşahidə edirik. Lirik qəhrəman «Dünya»nın faniliyindən şikayət edir, digər tərəfdən isə Gözəli «Dünya»nın külli varına dəyişmir, həm də aşıq poeziyası üçün səciyyəvidir ki, bu zaman bir çox məqamlarda mənəvi gözəllikləri bir tərəfə qoyub real aləmdən cismani-həyati gözəllikdən həzz alır:
Sinən bənzər Savalanın qarına,
Dəyişməm dünyanın külli varına.
Yumruluqda oxşar Kurdaş narına,
Dik məmələr duruşundan bəllidir.
(Aşıq Abdulla)
     «Dünya»nın varidatı, əslində, elə Gözəlin özüdür:
Hüsnü camalına mailəm, gözəl,
Demərəm dünyada varsız mənəm, mən!
(Aşıq Qurban Ağdabanlı)
     Gözələ malik olmaq, onun kamına yetmək, əslində, elə «Dünya»nın özünə sahib olmaq kimi bir şeydir:
Eylərəm varımı cümlə təsəddüq,
Mələkmənzər o sultanə yetişsəm.
Elə billəm bu dünyanı tutmuşam,
Dilbər yanında bir kanə yetişsəm.
(Mücrim Kərim Vardani)
     Və bu zaman «Dünya»nın varidatı, ləl-cavahiri kimi Gözəl də heç kimə qalmır:
«Dünya mənim!»deyənlər də,
Gözəl yarından ayrıldı.
(Əlimərdanlı Aşıq Nəcəf)
     Burası da maraqlıdır ki, Gözəl vəfasız olanda lirik qəhrəman ona «Dünya»nın bir hissəsi, atributu kimi baxır və Gözəlin vəfasızlığı «Dünya»nın vəfasızlığının tərkib hissəsi kimi qiymətləndirilir. Əhdinə, ilqarına «düz durmayan» Gözəl lirik qəhrəmanın «gen dünyasını» nəinki dar edir, hətta onu zindana çevirir: «Deyirdim ölüncə dönməm bu yoldan», yəni Gözəllə əhd-peyman yolundan, məhəbbət yolundan, ancaq Gözəl «Verdiyi ilqara düzgün durmadı» və buna görə də «Gen dünyanı mənə eylədi zindan» (Şair Firudin).
     Gözəlin vəfasızlığı elə bir stress gücünə malikdir ki, «gen dünyanı» lirik qəhrəmanın başına tərsinə çevirir.
Tərsinə baxışlı tərsə ceyranım,
Bəs niyə ilqarın tərsinə döndü?
Tərsə oxuyuram, tərsə yazıram,
Gen dünya başıma tərsinə döndü.
(Bimar Əli)
     Aşığın lirik qəhrəmanı canlı, koloritli, həyati bir insandır və «gen dünyanı» onun başına dar eləmək üçün nəinki Gözəlin vəfasızlığı, sadəcə olaraq onun naz-qəmzəsi, öz cismani gözəlliyini gizlətməsi, əsirgəməsi kifayətdir. Aşıq Ələsgərin bir müxəmməsindən:
Dünya təbdil olubdu,
Gözəl biilqar görünür;
Açılıb mərmər sinə,
Aləmə aşkar görünür;
Örtməynən sən üstünü
Dünya mənə dar görünür...
     Aşıq Şəmşirin lirik qəhrəmanı isə Gözələ müraciət edərək onu dilə tutur, yola gətirmək istəyir: «Bu geniş dünyanı etmə dar mənə, Gəl tök ətəyindən daş, insaf elə...»
     Düzdü, klassik aşıq poeziyasının bir çox nümunələrində eşq, məhəbbət, sevda da qəhrəmanlıq, mərdlik kimi, «Dünya»nın olan-qalan mənasıdır, ancaq eyni zamanda, qəhrəmanlıqdan, mərdlikdən fərqli olaraq, «Dünya»nı lirik qəhrəmanın başına dar edən də elə bu eşq, bu məhəbbət, bu sevdadı:
Dedim, könül, içmə eşqin camını,
İçsən, dünya sənə dar olacaqdı...
(Aşıq Ələsgər)
     O da maraqlı cəhətdir ki, bəzən Gözəl ilə «Dünya» qarşıqarşıya qoyulur və bu zaman lirik qəhrəmanın mövqeyi, münasibəti tamam müstəqim, birbaşadır; hələ bu da azdır. Gözəlin vəfasının dərəcəsini daha qabarıq nəzərə çarpdırmaqdan ötrü «Dünya»nın faniliyi, Gözəlin isə vəfalı olması xüsusi nəzərə çarpdırılır. Aşıq Alı Bəstiyə həsr etdiyi qoşmalardan birində deyir:
Həbibimdi, təbibimdi Bəsti yar,
Uydu könlüm o dildara dolandı:
Vəfasız dünyanın vəfalı yarı,
Əmr elədi, düz ilqara dolandı.
     Eyni zamanda, qeyd edək ki, bəzi hallarda «Dünya»nın vəfasızlığı Gözəlin vəfasızlığı ilə eyniləşdirilir, onun başlanğıcına, səbəbinə çevrilir:
Bu dünya bir bivəfadır,
Gözəldə ilqar əylənməz.
(Abbas Tufarqanlı)
     Az da olsa, hər halda, elə nümunələrə də rast gəlmək mümkündür ki, Gözəlin vəfasızlığı müqabilində «Dünya» vəfasız görünmür, əksinə, tərs mütənasib götürülür:
Ey nazənin, bu gen, geniş dünyada,
Namusu əğyara satmaq nədəndi?
(Qurbani)
     Bəzən Gözəl «Dünya» ilə altemativ bir dərəcəyə gətirilir və üstünlük, təbii ki, Gözələ verilir. Aşıq Ələsgər Göyçə mahalından Həcər xanımla iki məşhur deyişməsinin birində belə söyləyir:
Saxlasan qapında mən ollam nökər,
Dişlərin mirvari, dodağın şəkər.
Səni sevən bu dünyadan əl çəkər,
Daha qeyri təmənnaya düşərmi?!
      (Bu bənd Aşıq Ələsgərin 1963-cü ildə nəşr edilmiş kitabından götürülmüşdür. Bax: Aşıq Ələsgər Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, Bakı, 1963, səh. 171. 1973-cü ildə nəşr olunmuş ikicildliyində isə üçüncü misra, bəndin məzmunundan göründüyü kimi, səhv olaraq «Səni sevən bu dünyada əl çəkər» şəklində getmişdir. Bax: Aşıq Ələsgər. İkinci kitab, «Elm» nəşriyyatı, Bakı, 1973, səh. 104. Bəndin sonuncu iki misrasının bu cür variantı da var: «Səni görən bu dünyadan əl çəkər, Sənnən qeyri təmənnaya düşərmi?»).
     Biz klassik aşıq poeziyasında belə bir «Dünya» Gözəl alternativliyinin müxtəlif çalarlı ifadələrinə təsadüf etdik. Misal üçün, elə qoca Ələsgərin qoşmalarından birindəki bu bəndə fikir verək:
Tovuz kimi xoş bəzənib durubsan,
Ala gözə siyah sürmə vurubsan,
Sağ ol səni, yaxşı dövran qurubsan,
Bu dünyanın sonu puçdu, Güləndam.
     Göründüyü kimi, burada Gözəlin bəzənib-düzənməsi «Dünya»nın puçluğu ilə təzadda verilib.
     Aşıq bir tərəfdən bütün yaradıcılığında yeganə və konkret Gözəldən deyir, onun dərdi ilə yanıb-yaxılır, onun hissiyyatı ilə yaşayır (misal üçün, Molla Cümanın İsmi Pünhanı kimi: «Mən Cümayam, bu dünyanın səfasından keçmişəm, İsmi Pünhan atəşində kabab kimi bişmişəm, Bir bəlaya tuş olmuşam, bəlasına düşmüşəm, Ha çəkirəm tükənməyir, təmizcə qəmdir yüküm.») və «Dünya» ilə qarşı-qarşıya qoyulan da, bəzən «Dünya»nın fitnəfəsadına tuş olan, yaxud yalanlarına, hiyləsinə uyan da həmin yeganə, konkret Gözəl olur, yəni lirik qəhrəman aşığın bütün ömrü boyu yalnız bir Gözəlin aşiqidir; o biri tərəfdən lirik qəhrəman yuxarıda qeyd etdiyim həyati-cismani keyfiyyətlərə malik ümumiləşdirilmiş Gözəldən söz açır və belə bir ümumi keyfiyyətlər prizmasından «Dünya»ya baxır; bir tərəfdən də lirik qəhrəman Don Juandır, məhəbbət əhlidir:
Qurban, bu dünyada gözəl çoxdu, çox,
Hər birindən dəyib sinəmə min ox,
Sızıldar yaralar, eylərəm ox-ox!
Demirsən sinənin dağı nədəndi?
(Aşıq Qurban Ağdabanlı)
     Aşıq Hüseyn Bozalqanlının gəraylılarından birində belə bənd var:
Gördün ki, yarın yar deyil,
Çarəsin qılmaq ar deyil,
Dünya başma dar deyil,
Birini də al üstünə.
     Bizim «Don Juanımız» burada aşıq poeziyasına xas olan incə bir zarafata, yumora keçir və bu cürə həyati nümunələrə klassik aşıq poeziyasında tez-tez təsadüf etmək mümkündü.
     Müşahidə etdiyimiz belə bir cəhət də yəqin əlamətdardır ki, «Dünya» obrazının xüsusiyyətlərindəki ümumiliyin, mücərrədliyin müqabilində Gözəlin xüsusiyyətlərinin, misal üçün, onun vəfadarlığının təsnifatı real, həyati meyarlara istinad edir:
Yar odur ki, bu dünyada yar üçün,
Yaxa yırta, zülf dağıda, yara üz.
(Abbas Tufarqanlı)
     Bütün bunlardan sonra belə bir nəticəyə gəlirsən ki, «Yarsız bu dünyada nə qalam indi?» deyən ustad Aşıq Abbas Tufarqanlının bu sualını bütün aşıq poeziyasına şamil etmək olar, çünki yuxarıda dediyimiz kimi, Gözəlin rolu, çəkisi bu poeziyada aparıcı mövqelərdən biridir və o «Dünya» obrazı ilə üzvi əlaqədədir.

4.


     «Dünya» obrazının klassik aşıq poeziyasındakı rolu o qədər mühümdür və ona artıq o dərəcədə ehtiyac əmələ gəlib ki, bu obraz özünün bir sıra sinonimlərini şerə gətirmişdir: cahan, aləm, çərxi-fələk, çərxi-gərdiş, çərxi-dövran, fələk, gərdiş, nəfs...
     Eyni bənddə «Dünya»«cahan»«aləm» sinonimlərinin işlənməsi:
Dünyanı ləl edib versələr mənə,
Aldanıb eynimə almaram sənsiz:
Cahan mülküm ola, aləm xəzinəm,
Yadıma zər-ziba salmaram sənsiz.
(Aşıq Şəmşir)
     «Dünya» ilə «cahan»ın sinonim kimi bərabər işlənməsi:
Mərhaba, namxuda,
Afərin, əhsən, malades!
Cahanda yoxdu tayın,
Dünyada təksən, malades!
(Aşıq Ələsgər)
     Aşıq Valeh:
Hanı Nəvai, Füzuli, Cami,
Şeyx Sədi, Hilali, Ürfi, Nizami,
Dünya səndə gəşt eyləyib təmami,
Firdovsi tək nəzmi dürrəfşan hanı?

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 794 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more