Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Dolça
DOLÇA
(Bir itin aqibəti haqqında povest)

I


    – Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.
    – Nolar, ay Ağababa, sənsən, mənəm, Nuhbaladı, bir də qızlardı də (guya ki, bunlar çox az adam idi), düşərik aşağı, qırx gündü qalıb sentyabra də, nə var ki, qalarıq aşağıda, xəncərimizin qaşı düşməyəcək ki, nolar, verərik evləri bir mərifətli ailəyə, vəssalam də, nə var axı burda ki, pis gəlir sənə e, başuva dönüm sənin?
    Bu söhbət iki gün idi başlamışdı və bu həmin iki gün idi ki, Ağababanın iş növbəsi deyildi, evdə oturub istirahət edirdi və bütün ömürlərində birinci dəfə idi ortaya elə söhbət düşmüşdü ki, bu söhbətin ucbatından Ağababa sidq-ürəkdən istirahət edə bilmirdi.
    Ağababa «Bakı – Buzovna» marşrut avtobusunu sürürdü. Üç gün işləyirdi, iki gün evdə olurdu və evdə olanda da həyət-bacayla məşğul olurdu, qışda meynələri kəsirdi, yayda tağları sulayırdı və sairə və ilaxır belə işlərlə məşğul olurdu. Son on iki ildə belə idi, yəni marşrut avtobusunda işləyəndən belə idi, amma, ümumiyyətlə, Ağababa düz, qızıl kimi, otuz iki il idi sürücü işləyirdi, on səkkiz yaşından, yəni min doqquz yüz qırx altıncı ildən bu tərəfə, indi də ki, Allaha şükür, yetmiş səkkizinci il idi; «polutorka»lardan başlamışdı, indi «Ikarus» sürürdü və burasını daha dəqiq bilirdi ki, «Ikarus» axırıncı maşınıdı, pensiyasını alıb gəlib oturacaqdı evdə.
    Yorulmuşdu Ağababa.
    – Əgər biz də camaat kimi kirayə versəydik evi yaylarda, gör indi nə qədər qabağa düşərdik! Eyib şey döyül ki, ay Ağababa, öz evimizdi, özümüz tikmişik, halal pulumuza tikmişik, verərik bir ay, iki ay yayda kirayəyə mərifətli bir ailəyə, abırlı adamlara, onlara da yaxşı olar ki, gəlib hava udarlar burda, çimərlər dənizdə, bizə də yaxşı olar ki, əlimizə artıq pul gələr bir az, xərcimizə kömək eləyər, nöş sən axı, buna razı olmursan e, ay başuva dönüm, ay Ağababa? Vallah savab işdi!.. Ağababa bağban Əsədullanın bağışladığı kəhrəbaya oxşayan sarı təsbehi şaqqıldada-şaqqıldada şüşəbəndin açıq pəncərəsi qabağında oturub dənizə baxırdı. Buradan, Ağababagilin şüşəbəndindən baxanda dəniz elə bil əlinin içində idi: Buzovnadan Zuğulbayacan uzanan qayalıq görünürdü, qayalıqdan aşağıda bütün dəniz görünürdü, üfüq xəttinə kimi bir gömgöylük görünürdü, sahil boyu sapsarı qumluq görünürdü; dənizin göylüyü hardasa bir az açıq idi, hardasa bir az tutqun idi və bu göylükdə bu saat bir ucsuz-bucaqsızlar var idi, dibi görünməyən bir dərinlik var idi, bir dünya su var idi və bir də ki, bu göylükdə bir mehribanlıq, ilıqlıq, mülayimlik var idi; dənizdən səs gəlmirdi, dəniz uğuldamırdı və bu səssizliklə lap xırdaca ləpələrin sahilə doğru sakitcə də ləpələnməsi arasında qəribə bir uyğunluq var idi, bu sükut ilə bu ləpələnmə bir-birini tamamlayırdı və bu dəm adama elə gəlirdi ki, dəniz elə həmişə bu cür olur, elə bil heç vaxt heç bir uğultu bu səssizliyi parçalamır, heç bir bozluq heç bir vaxt bu göylüyü boğub, tamam soldurub yox eləmir, bu sakit ləpələr heç bir vaxt dalğaya dönüb köpüklənə-köpüklənə qayalara çırpılmır, elə bil xəzri həmişə beləcə meh olub əsir.
    Səhərdən bəri bir nəfər bu dəniz göylüyündə, bu dəniz səssizliyində çimirdi və həmin bir nəfər çimib qurtarıb, dənizdən doyub sahilə çıxanda məlum oldu ki, bu, bir nəfər yox, iki nəfərdi, bir oğlan, bir qız...
    Ağababa ayağa qalxıb enli kürəkləriylə şüşəbəndin açıq pəncərəsinin qabağını kəsdi, elə bil ki, Ağabacının da səhərdən bəri dənizdə bir adam olub, indi ikiləşən bu oğlanla bu qızı görməyinin qabağını aldı (bu tərəflərin adamları belə iş tutmazdı, həmin oğlanla həmin qız şübhəsiz idi, şəhərdən, Bakıdan gəlmişdi və bazar ertəsinin adamsız dənizində özlərini suya vermişdi), bir müddət Ağabacının təzə kündə açmağına baxdı, sonra birdən-birə hirsli-hirsli:
    – Qurtar! – dedi. – Ölməmişəm hələ mən! Nə qədər ki, sağam mən, bu evdə bir yad adamın bir qara qəpiyi də xərclənməyəcək! Sırğa elə bunu, as qulağundan. Bildün?
    Ağababa bu sözləri dedi və baş barmağı ilə hələ cavan vaxtlarından ağarmış qalın bığını hirslə qaşıdı, sonra otağa keçdi və mizin arxasında oturub divardakı şəklə baxdı.
    Ağababa ona görə belə hirsli danışdı ki, qanı qaraydı, özü də bu qanıqaralıq təkcə ona görə deyildi ki, Ağabacının başına girmişdi ki, gərək bu yay evi kirayə versinlər; bu səssiz-küysüz yay günündə, işləmədiyi bir gündə, heç kimin sataşıbdolaşmadığı bir gündə nəyə görə belə hirsli idi, heç özü də bilmirdi; amma birdənbirə dərd-dur eləməyə ürəyi bir adam istədi. Baladadaş üçün darıxdı, Ağagül üçün darıxdı, sonra qızlar bir-bir gəlib gözünün qabağından keçdi və belə məlum oldu ki, Ağababanın ürəyində nə isə bir nigarançılıq var, özü də bu nigarançılıq lap dərinlərdən baş qaldırır, bir qaranlıqdan, bir dumandan baş qaldırır. Sonra Ağababa şirə baxdı, əlində xəncər tutmuş qəhrəmana baxdı və necə oldusa, kişinin birdən-birə bu şirə yazığı gəldi; bu şir şir olmağına şir idi, amma qəhrəmanın əlindəki xəncərə elə baxırdı, elə bil şir yox, dovşan baxır...
    ...Bu şəkli böyük otağın divarına üç il bundan qabaq Bakıdan gəlmiş bir rassam çəkmişdi. Rəssamı Bakıdan kəndin klubuna çağırmışdılar ki, qırmızı parçaların üstünə şüarlar yazsın və bir də sülhün rəmzi kimi bir göyərçin şəkli çəksin, bu göyərçin şəklini assınlar klubun girəcəyinə, çünki Bakıdan hörmətli bir adam gələcəkdi, klubda iclas eləyəcəkdilər. Həmin rəssam klubda işini qurtarandan sonra, bir xeyli müddət qaldı kənddə, başladı kəndin evlərində otaqların divarlarına pulla şəkil çəkməyə. Kəndə bir dəb düşdü ki, gəl görəsən, kimi göyərçin şəklini çəkdirdi divarına, kimi meşə, gül-çiçək; bağban Əsədulla otağında divar boyu gəmi şəkli çəkdirdi, üstündə də yazdırdı ki, «ADMIRAL NAXIMOV», çünki müharibə vaxtı bu gəmidə vuruşmuşdu; dülgər Müzəffər otağında bütün divar boyu çiyninə şal salmış yarısı balıq, yarısı da sarı saçları suda dalğalanan gözəl bir qız şəkli çəkdirdi və bunun üstündə dülgər Müzəffərin arvadı Zəhra düz qırx gün əri ilə danışmadı, küsü saxladı; quşvuran Fazil bir ovçu şəkli çəkdirmişdi divarına ki, pələngi alnından vurub yerə sərmişdi və quşvuran Fazil belə deyirdi ki, guya, bu ovçunun sifəti öz sifətidi, guya, rəssam ona baxıb, cuşa gəlib, bu şəkli belə çəkib, hamı da Əmirquludan sonra başlamışdı: Əmirqulu həmin rəssamla dostlaşmışdı, tez-tez şirin çaxır içirdilər və içə-içə də Əmirqulu rəhmətlik anasını yadına sala-sala o qədər ağlamışdı ki, axırda həmin rəssam Xeyransa evdə olmayanda gəlib Əmirqulugilin böyük otağının divarında üzünü görmədiyi, heç bir şəkli qalmamış arvadın – Əmirqulunun anasının bütün divar boyu şəklini çəkmişdi və bundan sonra bütün kəndə dəb düşmüşdü. Həmin rəssam gəlib Ağababagilin də böyük otaqlarının divarında bütün divar boyu bir şir, bu şiri öldürən bir igid adam şəkli çəkdi və Ağabacı bir xeyli əli qoynunda bu şəklə baxandan sonra, soruşanda ki, bu nədi belə, dedi ki, gürcülərin çox böyük bir şairi var, Şotadı adı, onun yazdıqlarıdı çəkmişəm sizinçün. Axşam həmin rəssam Əmirqulu ilə şirin çaxır içib yenə gəlib çəkdiyi bu şəklə baxdı, özünü saxlaya bilməyib hönkür-hönkür ağladı, Əmirqulunun da gözləri doldu və hönkür-hönkür ağlayan rəssama baxıb Ağababaya dedi ki, bunun kimi böyük rəssam yoxdu dünyada, amma Bakıda qoymurlar onu qabağa getsin, basırlar başından, çünki adamı yoxdur və arvadı da bu rəssamı atıb gedib başqasına. Bu şəkil kənddə hamının cani-dildən xoşuna gəldi və hamı da bu fikrə gəldi ki, bu şəkil həmin rəssamın şah əsəridi, hətta Zübeydə də bunu danmadı və Ağabacı hamamda bu şəkli tərifləyəndə səsini çıxarmadı; düzdü, qəhrəmanın əlləri birtəhər çıxmışdı və kitabxanaçı Nəcəf deyirdi ki, guya, rəssamlıqda ən çətin iş adam əli çəkməkdi, qəhrəmanın ayaqlarının da biri elə bil bir az uzun idi o birindən, başındakı bilmirdin saçıdı, yoxsa tük papaqdı, amma, hər halda, əvvəllər Ağababanın da çox xoşuna gəlmişdi bu şəkil, amma indi necə oldusa, birdən-birə bu şirə yazığı gəldi, fikrindən keçdi ki, deyəsən, elə bu şir də Əmirqulu kimi bir şeydi...
    ...Ağababanın şirə yazığı gəldi və bu şiri çəkən rəssam da gəldi durdu gözünün qabağında və Ağababanın o rəssama da yazığı gəldi, amma burası lap ağ oldu ki, birdən-birə Əmirquluya da yazığı gəldi, elə bil həmin Ağababa deyildi ki, pəncərədən küçəyə baxıb görürdü ki, Əmirqulu yenə keflənib tut ağacının dibinə yıxılıb, gah insan səsinə oxşayan, gah da insan səsinə oxşamayan səslər çıxarır və ürəyində Əmirqulunu söyürdü: «Köpəkoğlu, xalis əsfələssafilindir!» Nədən idi ki, bu Ağababanın başına belə fikirlər gəlirdi, dünyaya yazığı gəlirdi, ürəyi sıxılırdı və bilmirdi ki, nə eləsin? Bu isti yay günündə otağın bürküsündən idi, ya nədən idi?
    Elə bil ki, Əmirqulu Ağababanın beləcə yumşalmasını gözləyirmiş, küçədən yenə onun səsi gəldi və Ağababa gözlərini şirdən çəkib ayağa qalxdı, küçə pəncərəsinə yaxınlaşıb pərdəni qaldırdı. Əmirqulu, adətən, gündə dörd stəkan şirin çaxır içirdi. Əmirqulunun arvadı bədbəxt qızı bədbəxt Xeyransa kənddəki çaxır dükanında, sonra Vartan Nersesoviçin müdir olduğu böyük mağazada dava salıb, qırğın-qiyamət eləmişdi və indi kənddə heç kim Əmirquluya çaxır vermirdi, odur ki, Əmirqulu gözünə döndüyüm də hər gün xoruz banıyla yuxudan durub birinci marşrut avtobusuna minirdi, gah Maştağada, gah Buzovnada, gah Mərdəkanda, Şüvəlanda iki dolu stəkan (hərəsi 250 q.) şirin çaxırını içirdi, bir də axşam eyni minval ilə iki stəkan şirin çaxırını içirdi və bu dörd stəkan şirin çaxır bütün günü bəs eləyirdi Əmirquluya, samovar üstündəki çaynik kimi həmişə dəmdə olurdu, amma elə ki, artıq içdi, elə ki, öz cədvəlini pozdu, ortada hardansa bir imkan tapıb araq içdi, onda zalım oğlu gəlib yıxılırdı küçədəki bu tut ağacının dibinə. Hərdən Xeyransa abırhəyadan az qala yerə girə-girə Ağababaya deyirdi:
    – Ağababa qədeş, mindirmə bunu maşunuva.
    Amma nə çox bu Abşeron yollarında marşrut avtobuslar, nə çox yüz cürə maşın və Əmirquluyla bu cür mübarizələr bir nəticə vermirdi, bununku o idi ki, kitabxanaçı Nəcəf demişkən, zəng eləyəsən şəhərə, maşınla gəlib götürüb aparsınlar və xəstəliyinə bir çarə qılsınlar, amma Xeyransa, aydın məsələ idi ki, belə təkliflərə razı olmurdu, çünki Xeyransa da bu kənddə bir kişinin qızı idi və camaatın gözü qabağında ərini aparıb şəhərdə dəlixanaya ata bilməzdi. Indi də Əmirqulu küçə tərəfdən evlərinin qabağındakı tut ağacının dibində oturub kürəyini söykəmişdi ağacın gövdəsinə və oxuyurdu özü üçün:
    Mən əntiqə çortdayam!
    Çortdayam, frontdayam!
    Atıram plamyotları,
    Vururam samalyotları.
    Xeyransa evlərinin küçə balkonunda küftə-bozbaş üçün ət döyə-döyə başını ikinci mərtəbədən aşağı uzadıb:
    – Ay sən öləsən! – dedi.
    Əmirqulu hərəsi bir tərəfə axan gözlərini bir anlıq bir yerə cəm eləyib:
    – Mənim canımçün vururam! – dedi. – Lap katyuşa da atıram, mən ölüm, hə!..
    ...Hərdən axşamüstülər, o vaxtlar ki, səhərki iki stəkanın təsiri keçib-gedirdi, axşamkı iki stəkanı isə hələ içməmişdi və başqa da heç nə dilinə vurmamışdı, yəni o vaxtlar ki, Əmirqulu nisbətən ayıq idi, soruşanda ki, bu nə səfeh mahnıdı oxuyursan belə, deyirdi ki, balam, səfeh niyə olur, Xeyransayla bir yerdə yaşamaq elə frontda olmaqdı də...
    ...Ağababa bu dəfə ürəyində Əmirqulunu söymədi, təkcə bunu fikirləşdi ki, Allah adama belə bir ər, belə bir oğul verincə, bir qara daş versə yaxşıdı. Ağababa bu sarıdan narahat olmaya bilərdi, çünki özü toyda-məclisdə, ildə - əyyamda bir dəfə içərdi və oğlanları da bu cəhətdən özünə oxşamışdı, Baladadaşın da, Ağagülün də, Nuhbalanın da yığışıb gedib araq alıb qayalıqlarda içməyi, şəhərdən yeşik-yeşik pivə alıb gətirib küçədə nərd oynaya-oynaya noxudla içməyi, əllərinə keçən pulu aparıb Gümüş Malikin kababxanasında qoymağı yox idi. Ağababa ilə Ağabacının üç oğlu var idi, altı da qızı var idi, üç oğul dalbadal olmuşdu, sonra da altı qız olmuşdu. Böyük oğlanları Baladadaş əsgərlikdə idi, əslində əsgərlik vaxtı qurtarmışdı, hansı kursdasa oxuyurdu, bir azdan sonra qayıdıb gələcəkdi, sonra da yazırdı ki, bir müddət evdə qalıb gedəcəkdi hərbçilərin ali məktəbinə imtahan verməyə. Ikinci oğlan Ağagül də, həmin Ağagül ki, dəllal Zübeydə hamamda söz yayıb ki, guya, onu vağzal bağında bir qızla öpüşən görüb, iki ay idi ki, əsgər getmişdi və Baladadaş kimi o da Amur vilayətində idi. Üçüncü oğul Nuhbala onuncu sinfə keçmişdi, gələn yay məktəbi qurtarıb o da əsgərliyə gedəcəkdi. Nailə doqquzuncu sinfə keçmişdi. Firuzə yeddinci sinfə keçmişdi. Kəmalə altıncı sinfə keçmişdi. Amalə dördüncü sinfə keçmişdi. Dilşad üçüncü sinfə keçmişdi. Sonbeşik Böyükxanım idi və Böyükxanım da ikinci sinfə keçmişdi. Doqquz uşaq idi və Böyükxanım anadan olanda Ağababa bu axırıncı uşağa anasının adını qoymuşdu, yəni ki, ən əziz ad axırıncınındı, amma indi məlum olmuşdu ki, Böyükxanım axırıncı deyil.
    Hələlik doqquz uşaqdı.
    Məsələ burasında idi ki, bir həftə bundan qabaq gecə yerlərinə girəndə
    Ağabacı utana-utana, qızara-qızara demişdi:
    – Ağababa, başuva dönüm, deyəsən, uşaq gözləyirəm...

II


    Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.
    Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
    Dolçanın qapqara gözləri bu dəm günün işığında par-par parıldayırdı və bu gözlərdə bir sevinc var idi, bir şadlıq var idi, elə bil ki, Dolça dünyanın belə bir sakitliyinə, belə bir göylüyünə, belə bir maviliyinə sevinirdi. Dolçanın dörd yaşı var idi və kənddə heç kim baş açmırdı ki, bu itin cinsi nədi...
    ...Ağababa Dolçanı tapan gecə (dörd il bundan qabaq küçüyün Ağababanın dalına düşüb gəldiyi o yağışlı-yağmurlu gecə) qonşuları qaravulçu Həsənulla gəlib itə baxdı və əvvəlcə dedi:
    – Bu mansi-xantı itidi.
    Sonra dedi:
    – Yox, bu komi-mansi itidi.
    Sonra da dedi:
    – Net, net, bu komi-xantı itidi...
    Həsənulla hələ müharibədən əvvəl necə olmuşdusa Xantı-Mansiyə gedib düşmüşdü və Irtışın, Obun sahillərini kənd-kənd gəzib oralarda yaşamışdı. Kənddə danışırdılar ki, o uzaq kəndlərin hər birində Həsənullanın bir arvadı var; Baladadaş məktubla belə bir xəbər göndərmişdi ki, Xantı-Mansidən Amur vilayətinə əsgərliyə gəlmiş bir oğlanla tanış olub və həmin oğlan guya ki, qarovulçu Həsənullanın elə bil ki, burnundan düşüb və ümumiyyətlə, kənddə deyirdilər ki, o tərəflərdə qarovulçu Həsənullaya oxşayan oğlan, qız çoxdu. Müharibədən sonra kəndə müharibədən salamat qalanlar qayıtdı, bir də ki, əllinci illərin əvvəllərində Həsənulla qayıtdı, başında silindr, boğazında qalstuk, əynində şalvarının balağı dar, miləmil kostyum qayıtdı, qarovulçu işləməyə başladı, Bakıdan dul bir arvad alıb gətirdi və bu günə qədər də elə həmin silindr başında, şalvarı yırtılmış həmin kostyumun pencəyi əynində idi.
    Qarovulçu Həsənulla bu kənddə ən birinci it bilicisi hesab olunurdu və həmin yağışlı gecə Ağagül qaçıb qarovulçu Həsənullanı çağırdı. Qarovulçu Həsənulla Azərbaycan dilini yadından çıxarmışdı, rus dilini də əməlli-başlı öyrənməmişdi və danışanda hər iki dili bir-birinə qatırdı (Poçtalyon Fətoş deyirdi ki, o uzaq yerlərdən indi qarovulçu Həsənullaya daha məktub gəlmirdi, əllinci illərdə gələn məktublarda Həsənullanı «Qriqori Mixayloviç» çağırırmışlar: qarovulçu Həsənullanın atasının adı Mehdi idi; amma heç kimin ağlına gəlmirdi ki, poçtalyon Fətoşdan soruşsun ki, balam, sən niyə o məktubları açmısan və o məktublarda yazılanları oxumusan?).
    Qarovulçu Həsənulla küçüyü görən kimi:
    – Moloko! – dedi. – Moloko lazımdı!
    Uşaqlar yastı, mis dolçadakı südü elə dolçadaca gətirib qoydular küçüyün qabağına və qarovulçu Həsənullanın bu dolçadan çox xoşu gəldi:
    – Xoroşi dolça! – dedi.
    Ağababa:
    – Bəs bu küçük necədi? – soruşdu. – Xoroşi küçük?
    Qarovulçu Həsənulla:
    – Da, da, xoroşi dolça! – dedi və elə o gecədən də uşaqlar küçüyün adını Dolça qoydular...
    ...Dolça qaça-qaça qayalığın yanına gəldi və dayanıb bu sal qayalara, yekə qaya parçalarına baxdı və Dolçanın gözlərində bu dəm elə bir şövq vardı ki, gözləri elə parıldayırdı ki, elə bil bu sal daşlarla zarafat eləyirdi, elə bil bu sal daşlara kələk gəlmək istəyirdi ki, siz hara, buralar hara. Bütün bu tərəflərin yiyəsiz qancıq itləri həmişə bu qayalıqda olurdu, yiyəsiz qancıqlar bu qayalıqlarda küçükləyirdi, küçüklərini burada əmizdirirdi və o küçüklər də buralarda böyüyürdü, bəzisi özünə yiyə tapırdı, bəzisi səfil-didərgin olurdu, amma daha bu qayalıqlardan gedirdi, çünki kəndin itləri bir-birini yaxşı tanıyırdı, hərdən bir-biriləri ilə boğuşsalar da, yanlarına başqa it qoymurdu, başqa itlərin hamısını öz ərazilərindən qovurdu.
    Kənd camaatı ancaq erkək it saxlayırdı, kimisinin həyət iti var idi, kimisinin qoyun iti var idi, kimisinin də tulası vardı (Zübeydənin itdən zəhləsi gedirdi və it saxlanan həyətlərin arvadlarına deyirdi ki, ağəz, heyvan saxlamaq istəyirsiniz, gedin qoyun saxlayın, inək saxlayın də, it nədi?). Lazım olanda, qancıq tapılırdı: ya özözünə gecələr bu qayalıqlarda tapılırdı, ya da hərdən kəndin bəzi it yiyələri, quşvuran Fazil kimiləri Bakıda cins qancıq saxlayanlarla sövdələşib sonralar özlərinə də bir-iki küçük götürürdü. Bakıda cins qancıq saxlayanlar yaman dəllal olurdu, özləri kənd-kənd gəzib cins köpək axtarırdı, sonra da cins küçükləri satıb pul qazanırdı. Kənddə bu cür xalis cins köpək üç dənə idi: biri bağban Əsədullanın Alabaşı idi, qoyun iti idi və bağban Əsədulla lap körpəlikdən onun qulağını kəsmişdi ki, yaxşı eşitsin, quyruğunu dibindən kəsmişdi ki, soyuq olanda tüklü quyruğuna qısılıb tənbəl-tənbəl yatmasın; biri quşvuran Fazilin tulası idi – Sarıbaş, indi Dolça ilə qaçıb qayalığa gələn həmin bu Sarıbaş, Fazil onu özüylə ova aparırdı və ömründə bir adam haqqında bir kəlmə yaxşı söz deməyən Fazil sidq-ürəkdən etiraf edirdi ki, Sarıbaş olmasa, onun kimi bir ovçunun da ovçuluğu yarıbayarıdı; biri də ki, Vartan Nersesoviçin ovçarkası Reks idi; qalan itlərin cinsi əməlli-başlı məlum deyildi. Üç gün idi bağban Əsədullanın Alabaşı itmişdi. Kənddə əksərən hamı gecələr itləri zəncirdən açıb buraxırdı və itlər də yay ayları bütün gecəni həyət-bacanı, kəndin küçələrini gəzib-dolaşırdı, dəniz qırağına gəlirdi, bu qayalıqları ələk-vələk eləyirdi, səhər də hansının yiyəsi vardısa, həyətdə damı vardısa, qayıdırdı öz həyətinə, öz damına. Üç gün idi bağban Əsədullanın iti, həmin qulaqsız, quyruqsuz, yekə və yaraşıqlı Alabaşı həyətlərinə qayıtmamışdı və dünən günorta bütün kəndə belə bir xəbər yayıldı ki, bağban Əsədullanın iti qudurub.
    Əlbəttə, nə Tavarın, nə Sarıbaşın, nə də Dolçanın bu xəbərdən xəbəri yox idi və həmin təmiz, sakit yay günü Tavarla Sarıbaş sal daşların dibini, qayaların arasını iyləyə-iyləyə özlərini verdilər qayalığa, Dolça bir az qayalığın aşağısında dayandı, dənizə baxdı, göyə baxdı, göz işlədikcə uzanan bu sarı, narın qumlu sahilə baxdı və elə bil ki, sahilin bu təmiz qumundan, bu bolluca günəşindən, dənizin bu sakitliyindən və bu cür gömgöylüyündən ayrılmaq istəmədi, yenə geri çönüb sahil boyu qaçmağa başladı.
    O sakit yay günü dənizin lap sahilinə bir cüllüt uçub gəlmişdi. Cüllüt Abşeronun bu tərəfində tək-tük görünərdi, həftədə, ayda bir dəfə və bu tərəflərdə ona şorcüllütü deyirdilər, çünki cüllüt, adətən, aşağıda, Məhəmmədli kəndinin yanındakı Duzlu gölün sahilində olurdu.
    Və elə bil ki, uçub bu tərəflərə gəlmiş bu cüllüt də bu boş sahildə tək-tənha qalıb bir ins-cins üçün darıxmışdı və sahil boyu qaçan Dolça gəlib ona çataçatda cüllüt qanad açıb dənizə tərəf uçurdu, bu göylükdə, bu mavilikdə yarımdairə vurub yenə sahilə qonurdu, nəm qumun üstündə hərəkətsiz dayanıb, elə bil ki, Dolçanın qaça-qaça gəlib çatmasını gözləyirdi və elə ki, Dolça yaxınlaşırdı, təzədən havaya qalxıb yarımdairə vurub iyirmi-otuz addım qabaqda sahilə qonurdu və bu minval ilə Dolça çimərliyin boş çətirlərini, bütün görkəmləri ilə adam, uşaq həsrətində olan alıcısız-satıcısız, səssiz-küysüz, iysiz-ətirsiz qutab köşklərini ötüb-keçdi, yelləncəklər tərəfdə cüllütlə siçan-pişik oyununu qurtarıb dövrə vurdu, bu dəfə də yuxarı tərəflə qaça-qaça qayalığa tərəf gəldi.
    Düzdü, bura Bakıdan uzaq idi və Bakının əksər camaatı Şıx çimərliyinə gedirdi, amma şənbə və bazar günləri hava yaxşı olanda, yəni ki, bu cür günlügünəşli olanda bu yerlərdə adam əlindən tərpənmək olmurdu; gələnlərin çoxu xüsusi maşınlarda gəlirdi, xüsusi maşını olmayanlar avtobuslara doluşub gəlirdi və həmin vaxtlar kəndin camaatı da iti açıb buraxırdı, itlər də öz işini yaxşı bilirmiş kimi, birbaşa çimərliyə qaçıb gəlirdi, kolbasa falı, qutab qırığı, toyuq sümüyü, dondurma artığı yeyirdi, ağızları dada gəlirdi, axşamacan çimərlikdə sülənirdi, axşam da çimənlər günün altında xoruz pipiyi kimi qıpqırmızı yanıb, maşına minib çıxıb gedəndən sonra, itlər xeyli müddət sahili gəzib-dolaşırdı, qumun üstünə atılıb qalmış qəzet bağlamalarını, boş şüşələrin, konserv qablarının arasını eşələyirdi. Sonra da kəndin uşaqları sahili daramağa başlayırdı, boş şüşələri yığıb, aparıb Vartan Nersesoviçin dükanına təhvil verirdilər, kağız-kuğuzu yığıb, aparıb təhvil verib, talon alırdılar və bu talonlara gedib Bakıdan kitab alırdılar, sonra da həmin kitabları satıb göyərçinsaxlayan özü üçün göyərçin alırdı, balıqsaxlayan özü üçün balıq alırdı, hind, ərəb kinosu olanda kinoya getmək istəyən gedib kinoya baxırdı. Şənbə və bazar günləri kəndin itləri səhər tezdən bütün günü çimərlikdə olurdu. Bütün itlər, təkcə Dolçadan başqa. Dolçanın şənbə və bazar günləri bu çimərlikdəki kolbasa falından, qutab qırığından, toyuq sümuyündən, dondurma artığından xəbəri olmurdu, çünki Dolçanın yiyəsi Ağababa belə şeylərə çox pis baxırdı. Ağababanın əqidəsinə görə kişi gərək kişi kimi yaşayaydı və kişinin evindəkilər də gərək bu kişiyə layiq olaydı və Ağababanın bu əqidəsi elə möhkəm əqidə idi ki, Dolçanın da taleyinə təsir eləmişdi və ümumiyyətlə, əslində Ağababanın evində on bir ağız yox, on iki ağız var idi – böyüklər, uşaqlar, bir də Dolça. Dolça kolbasanın dadını bəlkə də heç bilmirdi, bilmirdi ki, dünyada belə dadlı bir təam var, çünki Ağababagil kolbasa yemirdi və təbii ki, heç kim gedib Dolça üçün xüsusi kolbasa alıb gətirmirdi (Ağababa deyirdi ki, guya, loğman deyib ki, get bazardan can al, yəni ki, ət al; can olmasa, yarımcan al, yəni ki, yumurta al; o da olmasa, zəhrimar al, yəni qatıq al).
    Adətən, Dolçaya gündə üç dəfə yemək verirdilər, səhər, günorta, axşam və Dolçanın yeməyini Ağabacı özü düzəldirdi: arpa ununu xəmir kimi yoğurub girdələyib küt düzəldirdi, hərdən arpa unu, su və duzdan ibarət yal çalırdı, bir də ki, süfrədən xörək qalırdısa, xörək qalığını Dolçaya verirdilər. Ət sümüyü hərdən olurdu. Ət bişirəndə, Ağabacı, adətən, döyməlik alırdı, çünki döyməlik ətin bərəkəti çox olurdu, ya dolma bişirirdi, ya küftə-bozbaş bişirirdi, ya uşaqların hərəsinə bir kotlet bişirirdi, amma əksərən xəmir xörəyi bişirirdi – düşbərə, qutab, gürzə, xəngəl. Düzdür, xəmir xörəyinin əziyyəti çox olurdu, amma xəmir xörəyinin doydurmağı da yaxşı olurdu və burası da təbiidir ki, döyməlik ətdən Dolçaya bir şey düşmürdü. Bəzən Ağababa səhər durub işə getməzdən əvvəl, lap sübh tezdən, hindən iki dənə yumurtlamayan toyuq, ya da xoruz çıxarıb kəsirdi və o gün Dolçanın kefi kök olurdu, çünki təbii ki, bütün sümüklər Dolçaya qismət olurdu və xüsusən qış günləri olanda, hər tərəfi qar bürüyəndə, Dolça həyətdəki damının içində bir küncə qısılıb toyuq sümüklərini xırçıldada-xırçıldada yeyəndə itin qara gözlərində elə işıqlı, elə ilıq bir ifadə olurdu ki, həmin ilıqlıq qışın soyuğu, çovğunu ilə heç cür uyuşmurdu. Belə vaxtlarda hərdən Ağababa əlinə bel alıb damın həndəvərini qardan təmizləyəndə Dolça ağzındakı toyuq sümüyünü ehmallıca yerə qoyub damdan çıxırdı, qardan seçilməyən ağ başını Ağababanın qılçalarına, ayaqlarına elə sürtürdü ki, heyvanın bu minnətdarlığı Ağababa kimi ömrünü Abşeronun yollarında yaşamış, qara-borana düşmüş, bərkə-boşa düşmüş bir kişini də açıq-aşkar kövrəldirdi...
    ...Onda yazın axırları idi və həmin sonuncu yaz gecələrindən birində, düz dörd il bundan əvvəl birdən-birə göy guruldadı, şimşək çaxdı, bir payız yağışı yağmağa başladı ki, gəl görəsən, bir külək qalxdı ki, belə külək ancaq Abşeronda əsə bilərdi və həmin sonuncu yaz gecələrindən birində Ağababa da, Ağabacı da qorxdu ki, həyətdəki meynələr, əncir, nar, tut əldən getsin, amma yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi; külək isə əsirdi.
    Həmin sonuncu yaz günü Ağababa şüşəbənddə oturub çay içə-içə qaranlıq həyətə tamaşa eləyirdi. Ağacların təzə yarpaqlamış budaqları yağışdan islanıb, qaranlıqda işıldayırdı və yayqabağı birdən-birə aləmi bürümüş bu payız özü ilə bir qəmginlik, bir hüzn gətirmişdi. Birdən-birə Ağababanın ürəyini bir xof bürüdü və Ağababa başa düşdü ki, bu xof doqquz uşağın xofudu; Ağababa birdən-birə uşaqlarını fikirləşdi, Baladadaş, Ağagül, Nuhbala, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım bir-bir gəlib Ağababanın gözünün qabağından keçdi: bunlar nə vaxt böyüyəcək, kim olacaq, qızlar kimə qismət olacaq, yaşayışları, güzəranları necə olacaq, oğlanların axırı gedib hara çıxacaq? Birdən-birə Ağababa bunu da fikirləşdi ki, gün keçəcək, il keçəcək, bu dünyada elə bir vaxt gəlib çatacaq ki, onda yer üzündə nəinki Ağababa, nəinki Ağabacı, bu uşaqların da heç biri olmayacaq, bir gün gələcək ki, indi ağzını açıb çörək istəyən, deyən-gülən, səs-küy salan bu uşaqlar qara torpağa qismət olacaq, yəni böyüyəcəklər, qocalacaqlar və öləcəklər. Bu qəfil fikir bircə anın içində Ağababanın bütün vücuduna soyuq tər gətirdi, kişinin gözləri qaraldı, ürəyi uçundu və Ağababa əlindəki armudu stəkanın çayını yarımçıq qoyub dizləri titrəyə-titrəyə eşiyə çıxdı, heç özü də bilmədi ki, həmin küləkli son yaz gecəsi dəniz kənarına necə düşdü, qayalığın yanına necə gəlib çıxdı.
    Aydın məsələdir ki, birdən-birə Ağababanın başına girən bu fikirdə elə təzə bir şey yox idi, bir gün dünyaya gələn, bir gün dünyadan köçməlidi, burası məlum idi, amma burası da məlum oldu ki, bunu fikirləşəndə, doqquz uşağın doqquzunu da birbir gözünün qabağına gətirəndə və yadına salanda ki, haçansa bir-birindən aralı doqquz da gün olacaq gələcəkdə və o doqquz gün bu doqquz uşağı bir-bir aparacaq qara torpağa, az qalır adamın başına hava gəlsin, hər şey qiymətdən düşür, bu dəniz də, bu qayalıq da, bu qum da, necə ki, həmin küləkli son yaz gecəsi dünya-aləm Ağababanın gözündə bir qara qəpiyə dəyməzdi.
    Sonra Ağababa dənizin kənarı ilə gəzə-gəzə insanlar barədə, dünya barədə çox fikirləşdi, fikirləşdi ki, bu dünya ki, bu qədər fanidir, onda niyə qaraj müdiri Kamalov o cür əclafdı, adam, ayıb olmasın, yanını qaşımaq istəyəndə də əlini uzadır, elə bilir ki, bu saat cibindən pul çıxarıb rüşvət verəcəksən ona və ümumiyyətlə, bu dünya ki, belə fanidir, axırı ki, qara torpaqdı, niyə adamlar birbiriylə dalaşır, söyüşür, yola getmir, bir-birindən ərizə yazır, imzasız məktub yazır (Qışda Rayon Icraiyyə Komitəsindən iki nəfər gəlib Ağababanın həyətini yoxlamışdı, çünki Rayon Icraiyyə Komitəsinə imzasız məktub gedibmiş ki, guya, Ağababa həyətində «parnik» düzəldib, qızılgül becərir və aparıb Moskvada vağzal qabağında satır). Ağababa bütün bunları fikirləşdi, «lənət şeytana!»– dedi, sonra kitabxanaçı Nəcəfin yasda, toyda əzbərdən dediyi şerlərdən iki misra:
    Qoca cadugardı, aldadar səni,
    Cavanlıq donunda qalan bu dünya
    – yadına düşdü və Ağababa bir də baxıb gördü ki, yekə ayaqlarının bərabərində yanınca ağ bir küçük gedir.
    Ağababanın heç xəbəri olmamışdı ki, bu küçük yanına necə düşüb. Kişi ayaq saxladı. Küçük də dayandı. Tükləri tamam islanmış, ayaqları qumlu, küləkdən üşüm-üşüm üşüyən bu küçük dəniz qırağının bu çöllü-biyabanlığında, bu kimsəsizlikdə tək-tənha idi və Ağababa da lap uşaq kimi fikirləşdi ki, ay Allahın yazıq heyvanı, sənin nə günahın var ki, dünyaya gəlirsən və dünyaya gələn kimi də tək-tənha qalırsan, yağışa, küləyə düşürsən və küçük də elə bil ki, bu küləkli qaranlıq gecədə bu dəniz böyüklüyünün, bu yer-göy böyüklüyünün müqabilində özündən başqa yeganə məxluqun ürəyindəki bu mərhəməti hiss elədi, bu dəfə Ağababanın lap ayaqlarına dolaşmağa başladı. Bir müddət beləcə gəzişdilər, sonra Ağababa evə qayıtmaq istədi, böyüklü-kiçikli doqquz balasının yanına qayıtmaq istədi, amma küçük ondan ayrılmadı və əlbəttə, Ağababa o vaxt bilmirdi ki, bu küçük daha öz ömrunü həmişəlik bağlayıb Ağababagilə, bu küçük onların həyətində böyüyəcək, onların iti olacaq, özü də ağıllı it olacaq, adı da Dolça olacaq.
    Ağababa kəndə qalxanda küçüyü azdırmaq istədi, amma mümkün olmadı, küçük bir qarış da uzaq durmurdu, kişi hara gedirdisə, küçük də onun şalvarının balaqlarına dolaşa-dolaşa yanınca gedirdi. Bu küçük gülməli küçük idi və ən qəribəsi bu oldu ki, küçük, Ağababanın başındakı bəd fikirləri tamam dağıtdı, özünün balacalığıyla, inadıyla Ağababanın kefini açdı.
    Ağababa şüşəbəndə girəndə küçük də onunla birlikdə içəri girdi, qızlar küçüyü görüb hay-küy saldı, kimin əlinə nə keçdi gətirib qoydu küçüyün qabağına. Ağagül qaçdı qarovulçu Həsənullanı çağırsın ki, gəlib bu küçüyə baxsın və küçük də dünyanın bu istisindən, dünyanın bu yağışsızlığından, küləksizliyindən ləzzət aldı, hamının xoşuna gəldi və o gündən də oldu bu evin iti...
    ...Qayaların arxasından əvvəlcə Əmirqulunun səsi gəldi:
    – Tapacıyıq onu! Tapacıyıq onu!
    Sonra Əmirqulunun özü göründü – elə bil bu sakit gündə, günün bu cırhacırında səssiz-səmirsiz, gözəgörünməz bir külək əsirdi və bu külək ancaq Əmirquluya təsir edirdi: Əmirqulu zivəyə sərilmiş paltar kimi yellənirdi, sonra əlində tüfəng tutmuş quşvuran Fazil, sonra da bağban Əsədulla göründü, sonra çığırbağırla, hay-küylə onların ardınca gələn bir dəstə uşaq göründü. Əmirqulu əlini yuxarı qaldırıb:
    – Tapacıyıq onu! Tapacıyıq onu! – deyirdi, özü də bu sözləri deyə-deyə, yavaş-yavaş, yellənə-yellənə ayaqlarının altına baxırdı, elə bil Alabaş yox, Xeyransanın nişan üzüyü itmişdi və Əmirqulu da bu üzüyü qumda axtarırdı (Xeyransa hərdən Əmirquluya deyirdi: «– Sənin nişan üzüyünü barmağıma taxdığım gün başıma bir qara daş düşəydi, necə ki, düşüb də elə»). Quşvuran Fazil və butün bu adamların hamısı həmin sakit yay günü Alabaşı axtarırdı.
    Kəndə xəbər yayılmışdı ki, Alabaş qayalıq tərəfdədi və bu gün səhər az qalıbmış milisioner Səfəri qapsın, milisioner Səfərin də belindəki qoburunda tapança yox, həmişəki kimi, günorta yemək üçün yaxmac var imiş, ona görə də iti vura bilməyib (Gizlində xırda alverçiliklə məşğul olan və kənddə milisioner Səfərdən ən birinci zəhləsi gedən Zübeydə bu xəbəri eşidəndə: «–Ay nə olardı! – dedi. – Əsədullanın qudurmuş iti milisioner Səfərin yumşaq yerindən, – Zübeydə həmin yeri adıyla dedi, – bir tikə qoparaydı gərək!»).
    Bağban Əsədulla öz tüfəngini götürmədi:
    – Alabaşı vurmağa əlim gəlməz! – dedi və həmişə belə bir şey axtaran quşvuran Fazilgilə getdi və indi də hamı bir yerdə qayalığa qalxıb Alabaşı axtarmağa başlamışdı.
    Dolça diqqətlə bu adamlara baxdı. Dolça bu adamların hamısını tanıyırdı və quşvuran Fazilin əlində tutduğu bu uzun şeyin də nə olduğunu bilirdi. Dolça bu adamlara baxdı, sonra sakit və gömgöy dənizə baxdı, tərtəmiz göyə baxdı, sarı qumluğa baxdı, təzədən adamlara baxdı və Dolça elə bil ki, bu sakitlik müqabilindəki bu hay-küyə təəccüb elədi, elə bil, adamları başa düşmədi, başa düşmədi ki, niyə bu adamlar bu dənizdə çimmək əvəzinə, bu qumda uzanmaq əvəzinə, bu gündə qızınmaq əvəzinə o uzun şeyi əllərinə alıb beləcə hay-küylə düşüblər qayalığın canına.
    Sonra Dolça nə fikirləşdisə qaça-qaça qayalığa qalxdı, bu adamların dalına düşdü. Əmirqulu əlini yuxarı qaldırıb elə hey:
    – Tapacıyıq onu! Tapacıyıq onu! – deyirdi, amma hələ ki, Alabaşdan bir əsərəlamət yox idi.
    Çılpaq qayalar günün altında elə qızmışdı ki, Dolça bir yerdə dayana bilmirdi, tez-tez ayağının birini götürüb o birini qoyurdu. Bir neçə gün bundan qabaq eləbeləcə istidə birdən-birə hava tutulmuşdu– havanın birdən-birə dəyişməyinə qaldı, Abşerona qaldı! – yağış yağmışdı və qayaların çuxurlarında, ovuqlarında hələ də su qalmışdı və Dolça da belə sucuqlar görən kimi, ora atılırdı, ayaqlarını yaş eləyirdi, bir müddət sucuqda dayanırdı, adamlar qayaların arasını axtara-axtara hay-küylə uzaqlaşanda təzədən onların ardınca qaçırdı.
    – Tapacıyıq onu! Tapacıyıq onu!
    Quşvuran Fazil tüfəngi qaldırıb göyə bir güllə buraxdı və dəniz kənarındakı həmin isti yay gününün hər tərəfi bürümüş sakitliyi birinci dəfə belə pozuldu. Bu qəfil güllə səsindən o tək cüllüt də səksənib havaya qalxdı. Dolça ayağının birini götürüb o birini qoya-qoya qara gözlərini qıyıb göyə baxdı və elə bil təəccüb elədi ki, bir halda ki, göydən heç nə düşmədi, deməli, göydə heç nə yoxdu və hərgah göydə heç nə yoxdusa, onda bu uzun şeyi niyə bu təmiz, bu sakit göyə tuşlayıb partlatdılar? Quşvuran Fazil dedi:
    – Bu tüfənglə ayı vurmuşam e, mən, bir it nədi ki? Bu saat sovuraciyəm beynini göyə!
    Bağban Əsədulla quşvuran Fazilin ardınca gedə-gedə və yazıq Alabaşın aqibətini bildiyi üçün ürəyi də əsə-əsə öz-özünə dedi: «– Bay sənin atova lənət! Atası da elə özü kimi çaqqal idi. Əclaf oğluna elə bil ki, medal verəcəklər it vurmağına görə! Xəncərlə adam başını qoyun başı kimi kəsər, «uf» deməz!» Əmirqulu əlini yuxarı qaldırıb:
    – Tapacıyıq onu! – dedi. – Tapacıyıq onu! – Sonra yellənə-yellənə gedə-gedə də iki əliylə şalvarının belindən tutub yuxarı çəkdi, çünki həmişəki kimi yenə də şalvarı əynindən düşürdü.
    Bu vaxt qabaqdakı sal qayanın arxasından bir it atılıb onlara tərəf qaçdı və quşvuran Fazilin tüfəngi sinəsinə sıxması ilə bağban Əsədullanın əl atıb tüfəngin ağzını yana eləməsi bir oldu və atılan güllə bu dəfə lap sahildə dənizi deşdi. Bağban Əsədulla:
    – Görmürsən başqa itdi?! – qışqırdı. Qaça-qaça özünü qayalığın üstündəki bu adamlara yetirmək istəyən Tavar güllədən hürkdü və bu dəfə, elə bil ki, güllə ona dəymişdi, zingildəyə-zingildəyə bu adamlardan kənara – yuxarı tərəfə qaçmağa başladı; Tavar dəhşətli bir qorxu içində idi.
    Dolça Tavarın qaçmağına baxdı, güllənin dənizi deşdiyi yerə baxdı, sonra teztez ayağının birini götürüb o birini qoya-qoya yenə bu adamların dalına düşdü və elə bu zaman bütün bu tərəfləri adamın tükünü biz-biz eləyən it boğuşmasının səsi bürüdü. Hamı yerində donub qaldı və birdən-birə hər tərəfi bürümüş bu it zingiltisinin, hənirtisinin təsirindən quşvuran Fazilin əlləri titrəməyə başladı və bağban Əsədulla da quşvuran Fazilin titrəyən əllərinə baxıb: «– Ay sən öləsən! – fikirləşdi, – Ayıvurana bax!».
    Əmirqulu bir neçə addım qabağa atdı, özü də daha yellənmirdi, elə bil ki, möcüzə baş vermişdi, bu boğuşma səsi Əmirqulunu ayıltmışdı və günün bu vaxtında, günorta çağı Əmirqulu ayıq idi.
    Quşvuran Fazillə bağban Əsədulla da bir-iki addım qabağa atdı. Uşaqlar səslərini kəsib yerlərindən tərpənmədi. Dolça uşaqlarla böyüklərin arasında dal ayaqları üstə oturub dilini çıxartdı və günün altında ləhləməyə başladı. Quşvuran Fazil çönüb Dolçaya baxdı və təəccüb elədi ki, Ağababanın iti itlər boğuşan tərəfə heç hürmür də.
    Əmirqulu bir-iki addım da qabağa yeridi və bu vaxt sal bir qaya parçasının arxasından görünən Alabaş qıcırtmış dişlərini Sarıbaşın boğazından çəkib Əmirquluya tərəf atıldı. Əmirquludan heyvani bir çığırtı qopdu və qorxudan bircə anın içində gözləri böyüyüb az qaldı hədəqəsindən çıxsın, saçları qabardı və yazıq Əmirqulu həmin heyvani çığırtı ilə çığıra-çığıra da qaçmağa başladı. Alabaşı təkcə yekəliyindən, kəsilmiş qulaqlarından, kəsilmiş quyruğundan tanımaq olardı, yoxsa ki, Alabaş Alabaş deyildi daha, bu üç gündə keçəlləmişdi, pıçalaqlı gözləri iriləşmiş, qıpqırmızı qızarmışdı, baxışlarından dəlilik yağırdı, ağzından köpük axırdı.
    Əmirqulu həmin heyvani səslə qışqıra-qışqıra qaçırdı (uşaqlar bir azdan kəndə belə bir xəbər yaydılar ki, bağban Əsədullanın qudurmuş iti Əmirqulunu qovanda, Əmirqulu qaça-qaça qorxudan Xeyransanı köməyə çağırırmış) və Alabaş az qala ona yetəyetdə bağban Əsədulla quşvuran Fazilin lap qulağının dibində bağırdı:
    – Alə, at də!
    Quşvuran Fazil gözlərini, zingildəyə-zingildəyə yerində qıvrılan Sarıbaşdan çəkib tüfəngi döşünə sıxdı və güllənin açılmağı ilə də Alabaşın göyə atılıb yerə düşməsi bir oldu və bağban Əsədulla bu dəfə, istər-istəməz, fikrindən keçirdi ki, – yaxşı atır köpəkoğlu.
    Alabaş qabaq ayaqlarının dırnağı ilə qayanı cırmaqladı, bir-iki dəfə o tərəf-bu tərəfə qovruldu, sonra qabaq və dal ayaqlarını gücü gəldikcə uzadıb axırıncı nəfəsini buraxdı.
    Ağzının kənarlarından, boğazından, böyründən qan axan Sarıbaş səndələyəsəndələyə ayağa qalxdı, qayanın üstünə düşüb qalmış Alabaşa baxdı, sonra əlində tüfəng tutmuş quşvuran Fazilə baxdı və itin dəhşət, qorxu və ağrı dolu gözlərində birdən-birə bir sevinc qığılcımı parladı və Sarıbaş səndələyə-səndələyə, bədəninin qanı arxasınca zolaq sala-sala yiyəsinə tərəf gəldi. Hamı gözünü Alabaşdan çəkib Sarıbaşa baxırdı və bu dəm bu tərəflər yenə də tamam sakitlik içində idi.
    Quşvuran Fazil:
    – Səndən day it olmaz! – dedi, kənd kişilərinin qaydasını pozub uşaqların yanında çox biədəb bir söyüş söydü və tüfəngi döşünə sıxıb Sarıbaşı düz alnının ortasından vurdu.
    Həmin yay gününün sakitliyini quşvuran Fazilin dördüncü gülləsi beləcə pozdu və səhərdən bəri dal ayaqlarının üstündə necə oturmuşdusa eləcə də oturan Dolça bu dördüncü güllədən sonra ağzını uzadıb quşvuran Fazilə iki dəfə hürdü. Quşvuran Fazil Dolçanın yanından keçəndə hirsindən təpiklə bu iti vurub zingildətmək istədi, amma bu itin Ağababanın iti olduğunu yadına saldı və burasını da fikirləşdi ki, Ağababayla belə zarafatın axırı onunçun yaxşı qurtarmaz. Dolçanı vurmadı, təkcə tüpürdü Dolçaya sarı və bu dəfə bərkdən yox, dodaqaltı çox biədəb bir söyüş söydü.
    Quşvuran Fazil, bağban Əsədulla, uşaqlar qayalıqdan düşüb kəndə tərəf getdi: quşvuran Fazil getdi ki, görsün hirsini kimin üstünə tökür, arvadının, ya qaynının, ya da başqa bir adamın üstünə; bağban Əsədulla getdi ki, evdən bel götürsün, külüng götürsün, gəlib itlərin cəsədini basdırsın ki, günün altında qayalıqda qalıb iylənməsinlər; uşaqlar getdi ki, bütün bu əhvalatı görməyənlərə danışsınlar. Hamı getdi. Təkcə Dolça bayaqdan bəri dayandığı yerdə də dayanmışdı. Dəniz əvvəlki kimi gömgöy və sakit idi. Göy buludsuz, günəşli idi. Sahil yenə bomboş idi. Dəniz günəşdən alışıb-yanırdı. Sahil boyu qumdan ilğım qalxırdı və bu dəm bu sakitlik, rahatlıq içində bayaq açılan o dörd güllə də elə bil ki, çox-çox uzaqlarda qalmışdı, elə bil ki, çox-çox uzaqların söhbəti idi bu, elə bil ki, bu sakitlikdə, bu mülayimlikdə nə güllə açıla bilərdi, nə it boğuşa bilərdi. Dolça yenə göyə, yenə dənizə baxdı, yenə sahilə baxdı və yenə həmin tək cüllütü sahildə gördü, amma Dolça daha cüllütə tərəf qaçmadı.
    O ki qaldı Əmirquluya, Əmirqulunun şalvarı bayaq yaş olmuşdu və Əmirqulu özünü qayalığın aşağısına verdi ki, şalvarını çıxarıb qurutsun, sonra görsün gedib harda başına nə çarə qılır.
    Əmirqulu, axır vaxtlar belə ayılmamışdı, belə ayıq olmamışdı və təbii ki, belə ayıqlığa dözmək müsibəti-kəbir idi.
    Belə-belə işlər, necə deyərlər, kəpənək məni dişlər.

III

    Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.
    Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
    Ağagül belə bir məktub yazmışdı:
    «Qələmi çernildə bir az saxladım,
    Bu qısa məktubu belə başladım.
    Əziz kiçik qardaşım Nuhbala, salamdan sonra bizi xəbər alsan əgər, mən sağ və salamatam və sənin də sağ-salamat olmanı arzu edirəm.
    Nuhbala, sən indi evimizdə bir qardaşsan və sən gərək elə eləyəsən ki, mənim də, böyük qardaşımız Baladadaşın da papağını yerə soxan olmasın, qızların üstündə gözün olsun və sən indi gərək elə eləyəsən ki, onlar çox ədəbli qızlar olsun, necə ki, bizim anamız Ağabacı çox ədəbli arvaddır. (Bu yerdə Ağabacı özünü saxlaya bilməyib dəsmalla gözlərini sildi. «– Ayaqlaruvun altında ölüm sənin, Ağagül» – dedi.)
    Nuhbala, indi sən gərək atamız Ağababaya da çox kömək eləyəsən, çünki o boyda külfəti saxlamaq çox çətindi, özü də atamız Ağababa çox kişi adamdı. (Bu yerdə Ağababanın gözləri doldu və uşaqlar bunu görməsin deyə kişi tez üzünü pəncərəyə tərəf çevirdi ki, guya, dənizə baxır, amma Ağabacı da, uşaqlar da başa düşdü ki, kişi kövrəlib və təbii ki, heç kim bunu üzə vurmadı.)
    Nuhbala, uzaqda olanda çox şey fikirləşir adam. Qayıdıb gələndə mən də qollarımı çirmələyim gərək, pul qazanım gərək, nöşün ki, qızları biz gərək öz adımıza layiq köçürək.
    Nuhbala, qalanını gələn məktubumda yazaram. Uzağı yaxın eləyib evdəkilərin hamısını öpürəm. Məndən atamız Ağababaya, anamız Ağabacıya, Nailəyə, Firuzəyə, Kəmaləyə, Amaləyə, Dilşada, Böyükxanıma salam de.
    Nuhbala, Dolçadan da muğayat ol.
    Imza özüm,
    Qurtardı sözüm.
    Ortancıl qardaşın Ağagül».
    Ağagül əsgər paltarında çəkdirdiyi bir şəkil də qoymuşdu zərfin içinə və həmin şəklin arxasına da qırmızı karandaşla darağın ağzı boyda üç titrək xətt çəkmişdi və bu üç qırmızı titrək xəttin üstündə yazmışdı: «Əziz kiçik qardaşım Nuhbala! Baxanda xatırlama, xatırlayanda bax!». Həmin şüşəbənddə, həmin sakit, təmiz yay gününün axşamı Ağagülün əsgər paltarında çəkdirdiyi şəkil neçənci dəfə bir-bir bacılarının, qardaşının, anasının, atasının əlində gəzdi və Ağababa həmin axşam yenə darıxdı, yerindən qalxıb şüşəbənddən həyətə düşə-düşə günortadan bəri birinci dəfə arvadını dindirdi:
    – Sabah aş bişir!
    Bu o demək idi ki, sabah sübh tezdən Ağababa işə getməzdən əvvəl toyuqlardan ikisini hindən çıxarıb kəsəcəkdi və axşamüstü hamı şüşəbəndə yığışıb aş yeyəcəkdi və Ağabacı Ağababanın payını ayrıca bir qazana çəkib saxlayacaqdı, gecə Ağababa işdən gələndən sonra Ağabacı qazanı qızdıracaqdı, Ağababanın payını çəkib özü də oturacaqdı yanında və kənddəki təzə xəbərləri bir-bir danışa-danışa Ağababanın aş yeməyinə tamaşa eləyəcəkdi.
    Ağabacı:
    – Ağəz, tez olun! – dedi. – Nailə, düyünü gətir! Firuzə, o stəkanı gətir ordan! Dilşad, ləyəni ver!
    Ağabacı aş bişirəndə on-on iki stəkan düyünün aşını bişirirdi, çünki külfət böyük idi, aşın qarası azlıq eləyirdi, uşaqlar isə düyünü çörəklə yemirdi və buna görə də düyü çox olduğu üçün Ağabacı düyünü axşamdan arıtlamağa başlayırdı. Nailə düyünü gətirdi. Firuzə stəkan gətirdi. Dilşad ləyən gətirdi. Kəmalə, Amalə, Böyükxanım da mizin arxasına keçdi. Ağabacı kisədən on iki stəkan düyü götürüb ləyənə tökdü və ləyəni qoydu mizin ortasına. Qızlar da, Ağabacı da hərə bir tərəfdən ləyəndən bir ovuc düyü götürüb tökdü qabağındakı müşəmbənin üstünə. Nuhbala Ağagülün məktubunu zərfin içinə qoydu və zərfi aparıb otaqdakı paltar dolabının, evin qiymətli şeyləri – Ağabacının nişan üzüyü, bir də zümrüd qaşlı üzüyü, Ağababanın partiya bileti, Baladadaşın məktubları, işıqpulunun qəbzləri və bu sayaq başqa şeylər olan gözünə qoydu, sonra Ağagülün əsgər paltarlı şəklini otağın yuxarı başında, divardan asılmış girdə güzgünün yuxarısına, böyük qardaşı Baladadaşın əsgər paltarlı şəklinin yanına keçirdi. Sonra evdən çıxıb həyətin ortasındakı talvara qalxdı, şalvarını, köynəyini çıxarıb yerinə girdi, şalvarının cibindən bir «Avrora» siqareti çıxarıb ovcunun içində gizlincə yandırdı ki, Ağababa görməsin və gizlincə də bir-iki dərin qullab vurub başını yastığa qoydu, göyə baxdı, ulduzlara baxdı, birdən-birə Nuhbala özünü də əsgər paltarında gördü, gördü ki, evlərinə məktub yollayıb və hamı da şüşəbəndə yığışıb onun məktubunu oxuyur, anası Ağabacı dəsmalla gözlərini silib onunçun deyir: «– Ayaqlaruvun altında ölüm sənün, Nuhbala!», atası Ağababa onunçun kövrəlir və sabahkı aş da onun məktubuna görə bişir və bu saat Nuhbalanın belə bir əsgər məktubunu Nərgiz də qardaşlarından qorxa-qorxa, gizlincə-gizlincə oxuyur. Nuhbala bu dəfə siqaretdən lap dərin bir qullab alıb bütün sinəsinə çəkdi.
    Kəndin aşağısında bir sanatoriya tikmişdilər və bu ildən həmin sanatoriya işə başlamışdı, bu ildən də kənddə ağcaqanad azalmışdı, çünki aşağı tərəfdə – qayalıqla kəndin arasındakı qamışlığa vertalyotla dərman səpmişdilər və gör bu dərmandan sonra iş nə yerə çatmışdı ki, Nuhbala həmin bürkülü yay gecəsi miçətkənsiz-zadsız uzanmışdı talvarda və ulduzlara baxa-baxa Nərgiz barədə və ümumiyyətlə, bu dünyanın eşq-məhəbbət məsələləri barədə fikirləşirdi.
    Həmin gecə də günorta kimi tamam sakit idi. Göy aylı-ulduzlu idi və ya da bu sakit gecələrdə həmişəki kimi, dənizə işım-işım işıldayan bir payəndaz salmışdı və xırda ləpələr də o işıq zolağını elə hey sahilə axıdırdı. Kənd hələ yatmamışdı, pəncərələr oyaq idi, darvazaların üstündən, küçələrdəki şalbanlardan asılmış elektrik lampaları yanırdı. Küçələr bomboş idi, hətta cavanlar, yeniyetmələr də vağzal bağına, kinoteatrın, klubun qabağına yığışıb futboldan danışmırdı, meyxana demirdi. Bürkünün əlindən hamı özünü həyət-bacaya vermişdi. Bütün bu tərəflərin sakitliyini hərdən Bakıya gedən və Bakıdan gələn elektrik qatarlarının səsi pozurdu və bir də ki, radio ilə Hacıbaba Hüseynovun muğamat konsertini verirdilər, kəndin ayrı-ayrı evlərindən Hacıbaba Hüseynovun səsi gəlirdi və bu dəm adama da elə gəlirdi ki, kənddə bir neçə müğənni pəsdən xor oxuyur.
    Hacıbaba Hüseynov indi də Füzulinin sözlərinə təsnif oxuyurdu və bu təsnif bu dəm Nuhbalanın ürəyindən xəbər verirdi, amma bu boyda kənddə heç kimin xəbəri yox idi ki, bu sözləri Hacıbaba Hüseynov Nuhbalaya deyir:
    Dil vermə qəmi-eşqə ki, eşq afəti-candır,
    Eşq afəti-can olduğu məşhuri cahandır.
    Əlbəttə, bütün kənd camaatı kimi, Ağababanın da bu işdən xəbəri yox idi və Ağababa bu dəm həyətdə də qərar tuta bilmədi, darvazanın bala qapısını açıb küçəyə çıxdı ki, bəlkə kəndin kişilərindən çöldə-bayırda olanı var, bir az dərd-dur eləsinlər, fikri dağılsın, amma o gecə elə bil ki, Ağababanın üstünə pişik asqırmışdı, kişi küçəyə çıxan kimi, əvvəlcə burnuna spirt iyi gəldi, sonra Əmirqulu tini burulub yellənə-yellənə çıxdı qabağına və Ağababanı görüb dayandı, dayandığı yerdə bir balaca yelləndi, sonra dedi:
    – Yerin məlum, Ağababa, bu saat dəvə qutabı yemişəm bəs deyənəcən, durmuşam ayağa, mən ölüm!
    Ağababa:
    – Əcəb eləmisən, – dedi. – Nuş can!
    Və Ağababa bu sözləri deyib təzədən həyətə girdi.
    Aydın məsələdir ki, Əmirqulu özündən toqquşdururdu, bu kənddə və ümumiyyətlə, bu tərəflərdə axırıncı dəvəni bütün kəndi gəzdirib müştəri yığıb ən tezi iyirmi-iyirmi beş il bundan əvvəl kəsmişdilər və Əmirqulu dəvə qutabını, ancaq yatıb yuxusunda yeyə bilərdi – burası tamam doğru idi, amam burası məlum deyildi ki, Ağababaya nə olub, Ağagülün məktubundakı o gözəl sözlərdən sonra sevinib şad olmaqdansa, elə bil ki, birdən-birə bu böyük külfətin xofu yenə kişini basmışdı; oğlanlar kişi idilər, onlar heç, amma qızlar yenə bir-bir gəlib Ağababanın gözlərinin qabağından keçdi, Nailə də, Firuzə də, Kəmalə də, Amalə də, Dilşad da, Böyükxanım da Ağababanın düz gözlərinin içinə baxdı və bu qədər qız azmış kimi, biri də dünyaya təpik ata-ata gəlhagəldədi; amma nə bilir ki, qız olacaq bu da; qız ya oğlan, Ağababa üçün fərqi yox idi, övlad övlad idi, məsələ bunda deyildi. Bəs nədə idi?
    Kəndin pəncərələri yavaş-yavaş yatmağa başladı. Radionun, televizorun səsi kəsildi. Yarasalar ova çıxdı. Yüngül gilavar əsməyə başladı və bu yüngül külək əncir, meynə yarpaqlarını dənizə tərəf əsdirdi. Və həmin gecə Ağababa Ağabacının yanında yerinə girməzdən əvvəl ağ çit tumanının bağlarını aça-aça:
    – Yaxşı, – dedi. – Necə bilirsən, elə də elə, amma fərli adamlar olsun.
    Ağababa bu sözləri dedi və ürəyində də fikirləşdi ki, hardadı indi fərli adam, sonra yerinə girdi, Ağabacının qılçı qılçına toxundu və bu dəfə fikirləşdi ki, nə fərli adam, fərsiz adam söhbətidi bu, nə olub axı, nə xəbərdi? Ağabacının üzü güldü və arvad rahat bir nəfəs alıb, elə bil ki, öz şəxsi nəfi üçün evi kirayə verirdi, dedi:
    – Sənə qurban olum, ay Ağababa, çox sağ ol!
    Bir azdan Ağababanın xorultusu bütün həyətə yayıldı. Ağababanın xoruldamağı kənddə məşhur idi və bu kəndin heç bir kişisi xoruldamaqda Ağababaya çata bilməzdi. (Bir dəfə qonşuları Xeyransa kəndin arvadlarına şikayət eləmişdi ki, gecələr Ağababanın xorultusunun səsindən yata bilmirəm və Ağabacı da bu sözü eşidib Xeyransa ilə dava eləmişdi ki, səni külbaş Əmirqulunun dərdi qoymasın yatmağa, mənim ərimin xorultusunda nə işin? Amma bu çoxdanın söhbətidi, indi Xeyransa da, Ağabacı da qonşuluqda bir-birlərindən xeyli razı idilər.) Uşaqlar da, Ağabacının özü də Ağababanın xorultusuna elə öyrəşmişdilər ki, Ağababa hərdən gecələr evdə olmayanda, rayona avtobus sürəndə, yəni ki, Ağababanın xorultusu gəlməyəndə yuxuya gedə bilmirdilər; Ağababanın xorultusu gəlməyəndə elə bil ki, bütün bu ev, bu həyət başsız idi, yiyəsiz idi, baxımsız idi. Yay vaxtı Ağababa ilə Ağabacı evin kəllə tərəfindəki balaca artırmada yatırdı və yatmaq vaxtı gələndə uşaqlar həyətin bu tərəfinə ayaq basmazdı. Qızların yeri şüşəbənddəki palazın üstündə salınırdı. Oğlanlar yazın axırlarından həyətdəki talvara qalxırdı və o talvarda indi təkcə Nuhbala qalmışdı və Nuhbala da dünyanın eşq-məhəbbət məsələlərini fikirləşib, fikirləşib bu dəm şirin-şirin yatmaqda idi. Qızlar da hamısı yan-yana uzanıb, üstlərinə də soruq salıb yuxuya getmişdi. Ağabacı gələcək kirayənişinlərini fikirləşirdi və elə bu fikirlərlə də arvadı yuxu apardı... Dolça tut ağacının yanında dayanıb qulaqlarını şəklədi və diqqətlə həyətin aşağı başındakı hasarın dibinə baxdı, sonra yerindən sıçrayıb hasara tərəf qaçdı, amma dovşan Dolçadan tez atılıb yuvasına girdi.
    Son vaxtlar bir tərəfdən xır salanlar, bir tərəfdən də göy alverçiləri, gül alverçiləri öz xüsusi sahələrinə, üzümlüyə, zeytunluğa və ümumiyyətlə, bütün bu tərəfin torpağına o qədər cürbəcür dərmanlar səpmişdi, gübrə vurmuşdu, zəhərli maddələr tökmüşdülər ki, dovşanlar çöllərdən həyətlərə köçmüşdü. Elə bil dovşanlar başa düşmüşdü ki, bu həyətin sahibi, yəni ki, Ağababa halal zəhmətnən dolanan adamdı, dərmanla, zəhərli maddələrlə işi yoxdu, çünki Ağababa nə bazara kisə-kisə göy aparıb satırdı, nə də qış ayları Moskva, Leninqrad vağzallarının qabağında dayanıb qızılgül satırdı. Ağababa dədə-baba qaydasıyla, halallıqla həyətinin torpağını becərirdi və tərəvəzi də, əncir-üzümü də, narı, əriyi, tutu, heyvası, badamı da öz külfətini ancaq görürdü, o ki qaldı qızılgülə, qışda xəşil ilə yemək üçün doşab olanda, səhər-səhər çay-çörəklə yeməyə əncir mürəbbəsi olanda, bir sözlə, Ağabacının bu həyətin barından düzəltdiyi və sairə tədarüklər olanda, qızılgülsüz də keçinmək mümkün idi. Nə isə, dovşanlar elə bil Ağababagili tanımışdı, həyətin aşağı başı başdan-başa dovşan yuvası idi. Əlbəttə, dovşanların ağlı kəsmədiyi bir cəhət də var idi: əvvəla, Ağabacı dovşan ətindən iyrənirdi, deyirdi ki, dovşanın ayaqları pişik ayağına oxşayır və dovşan əti yeməkdənsə, kartof qızardıb yemək yaxşıdı, o biri tərəfdən də Ağababaya belə gəlirdi ki, bu dovşanları öldürüb yuvasını dağıtmaq bu xartutu və yaxud da o heyva ağacını dibindən doğramaq kimi bir şeydi. Dolça isə öz işini bilirdi, dovşanları evin dalındakı bostana yaxın buraxmırdı və dovşanlar da daha Dolçanı tanıyırdı; dovşanlar bilirdi ki, gecə, sakitlik çökəndə, adamlar yox olanda bu ağ it buralarda gəzişməyə başlayacaq və bu ağ it hirsli deyil, qorxulu deyil, hər halda bu ağ it ilə bir həyətdə yaşamaq mümkündü. Milisioner Səfər deyirdi ki, it sahibinin xasiyyəti necədisə, itin də xasiyyəti elə eləcə olur. Milisioner Səfər deyirdi ki, bax, misal üçün, quşvuran Fazilin tulası (bu gün günorta bağban Əsədullanın qudurmuş itinin qapdığı və quşvuran Fazilin vurub öldürdüyü Sarıbaş) xasiyyətdə, hətta görkəmdə də elə bil ki, yiyəsinin burnundan düşüb. (Kəndin uşaqları deyirdi ki, quşvuran Fazil ovladığı quşların başını kəsib Sarıbaşa verirmiş və tula buna elə adət edib ki, ovu tapan kimi, sahibini gözləməmiş başını qoparıb yeyirmiş, quşvuran Fazil də heç nə olmayıbmış kimi, həmin quşları aparıb Bakı bazarlarında camaata satırmış və guya bu işin ucbatından xəstələnənlər də olub Bakıda; bir də deyirdilər ki, quşvuran Fazilin tulası murdar ət yeyir, çünki Sarıbaş səhərdən axşamacan su dümləyirdi.) Milisioner Səfər deyirdi ki, bax, misal üçün, götürək Ağababanın bu ağ itini, doğrudan da bütün xasiyyətini öz yiyəsindən götürüb, çox gözütox itdi.

<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 1943 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more