Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Dolça-2
<< 1 / 2 / 3 >>


    Bostanda yenə yemiş partladı və Dolça qulaqlarını şəkləyib bostan tərəfə baxdı. Bağban Əsədulla Özbəkistandan tezyetişən yemiş növü gətirib əkmişdi həyətində və üzümlər hələ qoralamamış bu yekə sarı yemişlər yetişib yeməli olurdu. Bağban Əsədulla xüsusi hörmət əlaməti olaraq bu tezyetişən yemiş növündən Ağababaya da toxum vermişdi və bu il Ağababanın bostanında toxumu Özbəkistandan gətirilmiş həmin yemişlər sapsarı saralıb böyümüşdülər, yetişmişdilər. Bu yemişlər gecələr, nisbətən sərinlik olanda partapartla partlayıb özözünə parçalanırdı. Dolça əvvəllər başa düşmürdü ki, bu partapart nədi belə, amma sonra başa düşdü ki, yemişlərin işidi bu.
    Sonra Dolça quyunun başındakı şalbandan asılmış elektrik lampasının işığında sürətlə uçub-keçən yarasaya baxdı, sonra odun doğranan kötüyün üstünə qalxdı, oradan hinin damına qalxdı, hinin damından da daş hasarın üstünə çıxdı və dənizə tərəf baxdı.
    Dolça ay işığında işıldayan qara gözlərini bir müddət dəniz tərəfdən çəkmədi. Dolça bəlkə o tək cüllütü yadına saldı, bəlkə dənizlə bağlı yadına düşəcək başqa şeylər var idi? – Hər halda Dolça fikirləşirdi; baxışıyla, duruşuyla fikirləşirdi və beləcə hasarın üstündə dayanıb dənizə tərəf baxdı, sonra başını dəniz tərəfdən çöndərib kəndin yatmış evlərinə baxdı, yenə də qulaqlarını şəkləyib qulaq asdı – sahibinin xorultusundan başqa, hərdənbir tuppatupla yerə dəyən küknar qozalarının tappıltısından başqa, bir də ki, hasarın o tayında, küçədə, «ehsan tutu» deyilən yüz yaşını keçmiş xartut ağacının xışıltısından – yüngül gilavar tutun yarpaqlarını səsləndirirdi – başqa bir səs yox idi. Dolça başını qaldırıb zəndlə «ehsan tutu»nun şaxəli qol-budağına, qaranlıqda bir-birindən seçilməyən, hamısı bir yerdə bütöv bir şey kimi qaralan yarpaqlarına baxdı.
    Kənddə deyirdilər ki, bu tut ağacını yüz neçə il bundan əvvəl Məşədi Muxtar adında bir kişi əkib və guya, bu Məşədi Muxtar milisioner Səfərin arvadının ulu babasıdı; Məşədi Muxtarın Əhməd adında doqquz yaşlı oğlu dənizdə batıb ölüb və Məşədi Muxtar da bu xartutu küçədə əkib, küçədə baxıb-becərib ki, yoldan ötən, ürəyi yanan ağzına bir tut qoysun və Əhmədin ruhu şad olsun. Kənddə bu ağaca «Məşəd Muxtar tutu» da deyirdilər, «Əhməd ağacı» da deyirdilər, amma əksərən «ehsan tutu» deyirdilər. Əlbəttə, Dolçanın bütün bunlardan xəbəri yox idi, amma yayın bu vaxtında, yəni iyulun əvvəllərində gündüzlər bu ağacın böyük kölgəliyi, qol-budağı kəndin uşaqları ilə dolu olardı və bəlkə də Dolça da indi bunu yadına saldı, gündüzün o səs-küyündən, o hay-həşirindən sonra gecənin bu səssizliyinə, tutun bu xışıltısına qulaq asdı və yalnız bundan sonra könülsüz-könülsüz başını çöndərib qayalığa tərəf baxdı, elə bil ki, bayaqdan ora-bura baxmalar, qulaq asmalar bir hazırlıq imiş, əsas qayalıq imiş.
    Dolça gözlərini o tərəf-bu tərəfə dolandırırdı, guya ki, təsadüfən qayalığa nəzər salırdı, sonra da tez gözünü oradan yayındırırdı, elə bil ki, bu qayalıqlarla əlaqədar Dolçanın suçlu bir işi var idi, elə bil nədəsə təqsirkar idi; sonra Dolça iki dəfə yavaşdan qayalığa tərəf hürdü, qabaq ayaqlarını büküb çənəsini hasarın üstünə qoydu və yavaşdan da zingildədi; elə bil ki, Dolça həmin yay gecəsi Alabaşa, Sarıbaşa «əlvida» dedi.
    Sonra Dolça hasardan enib bostana tərəf qaçdı.

IV


    Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:
    – Leyli! Leyli!
    Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu:
    – Nədi. Məcnun?
    Sonra ikisi də bir yerdə oxumağa başladı:
    – Bəs, biz axı, neyləyək?
    Ibn-Səlam elçi gəlir,
    Dərdi kimə söyləyək?
    Oğlan təzədən səsini zildə köklədi:
    – Çiçəyim, mələyim,
    Ey gözəlim mənim, qəşəng Leylam,
    Sənsiz həyatda yaşamaq mənə olar haram!
    Ağabacı bu dəfə özünü saxlaya bilməyib ürəyində fikirləşdi ki, ağıllı olub başqalarının dərdini çəkincə, gic ol, qoy elə hamı sənin dərdini çəksin; kül bunların başına! Ağabacı bunu fikirləşdi, amma məlum olmadı ki, kimin qarasınca deyinir: bu oxuyanların, yoxsa ki, kirayənişinlərin. Dünən gecə yerlərinə girəndə və Ağababa deyəndə ki, bu kirayənişinlərdən gözü su içmir, Ağabacı Ağababanı sakit elədi: «– Armud saplaqsız, adam nöqsansız olmaz, ay Ağababa...» – dedi, amma Ağababa hələ dörd gün idi gündüzlər evdə olmurdu və bu işlərdən bir o qədər də xəbəri yox idi.
    Düz beş gün idi ki, bu konsert davam edirdi, düz beş gün idi ki, bu cır səsli oğlan Leylini çağırırdı və yoğun səsli qız da: «– Nədi, Məcnun?» – deyirdi (Ağabacı da ürəyində: «– Boyuvu elə qara yerə soxum sənün!» – deyirdi), sonra da ikisi bir yerdə oxumağa başlayırdı.
    Düz beş gün idi ki, günorta çağı bu konsert başlayan kimi, yəni Əminə xanım valı patefonun üstünə qoyub səsi axıracan qaldırandan sonra, özü gəlib şüşəbəndin pəncərəsi ağzında dayanıb gilas yeməyə başlayırdı.
    Allah, adam bu qədər gilas yeyər? Bəs, deyirlər gilas adamın qarnını ağrıdır, bəs, bunun qarnına niyə bir şey eləmir? Bu boyda qarına gilas neyləsin? Ağabacı çox çalışırdı ki, ürəyində kirayənişinlərinə qarşı kin-küdurət yaranmasın, amma heç cürə mümkün deyildl.
    Ağabacı kirayənişinləri ilə açıq-aşkar düşmənçiliyə başlamışdı, amma məlum səbəbdən ürəyində düşmənçilik eləyirdi və belə bir minval ilə səsini içinə salıb düşmənçilik aparmaq Ağabacının gününü lap qara eləmişdi (atalar elə bu yerdə deyiblər ki, deyirəm, çölümü yandırır, demirəm, içimi; atalar yaxşı kişi olublar və həmişə də yaxşı sözlər deyiblər).
    Düz beş gün idi ki, Ağabacı ilə Ağababa evlərini kirayə vermişdilər, özləri birinci mərtəbədəki yarımzirzəmi mətbəxə və mətbəxin yanındakı balaca otaqkimiyə (qışda bura odun yığırdılar) köçmüşdülər. Ağababa şüşəbəndin altını brezentlə örtüb bağlamışdı və qızlar burda yatırdı; Ağabacı şüşəbəndin altına palaz döşəmişdi və qızların yerini də palazın üstündən salmışdı. Dünən gecə o qədər isti oldu ki, Ağababa ilə Ağabacı bu istiyə tab gətirmədi və mətbəxdən çıxıb bütün ömürlərində birinci dəfə, yəni ikisi də evdə ola-ola, ömürlərində birinci dəfə bir-birilərindən ayrı yatdı, özü də uşaqlarla bir yerdə yatdı: Ağabacı Ağababanın yerini şüşəbəndin altında o başdan, özününkünü də bu biri başdan saldı, arada da qızlar yatmışdı. Və düz beş gün idi ki, Nuhbala da evə gec gəlirdi, kirayənişinləri yatıb işığı söndürəndən sonra gəlirdi, çünki Nərgiz Nuhbalaya demişdi ki, and iç ki, bütün ömründə məndən başqa heç kimi sevməyəcəksən; Nuhbala da böyük qardaşı Baladadaşın canına and içmişdi ki, qara torpağın altına gedən günə kimi, ömründə Nərgizdən başqa heç kimi sevməyəcək və başqa bir qadın xeylağına gözünün ucuyla da baxmayacaq, buna görə də Nuhbala evə gec gəlirdi, gec gəlirdi ki, talvara qalxanda ikinci mərtəbənin pəncərəsindən Əminə xanımın soyunmağını, südlə dolu inək yelininə oxşayan döşlərini, yekə dalını görməsin, bu arvadın, ərinin yanında otaqda tumançaq gəzməyini görməsin (Nuhbalanın Əminə xanımdan çox, Bəşir müəllimə hirsi tuturdu: «Əri – oğraş, niyə işığı söndürmür, pərdəni çəkmir heç olmasa?!»).
    Dörd nəfər idi, Ağababagilin həyət-bacasında fironluq eləyən bu kirayənişinlər dörd nəfər idi: Bəşir müəllim idi, əlli yaşı olardı, bəlkə əllidən də çox olardı, ortaboylu, qarayanız, qıvrım qara saçlı bir kişi idi, amma sonra məlum oldu ki, saçına da, nazik bığına da rəng qoyur. Ağababa diqqətlə baxanda bunu başa düşdü və bundan sonra Bəşir müəllimin üzünə baxa bilmirdi, bir də ki, Bəşir müəllimdən həmişə ətir iyi gəlirdi. Əminə xanım idi, yaşı qırx olmazdı hələ, yumurta kimi ağappaq idi, saçları xurmayı, gözləri ala idi, özü də ding-ding dingildəyirdi; oğlanları Adil idi, Adik deyirdilər və bu Adik məktəbi bu il qurtarmışdı; qızları Ofelya idi, Ofa deyirdilər, altıncı sinfə keçmişdi və bütün bu ailəni birləşdirən bir şey tamam göz qabağında idi ki, o da bunların hamısının köklüyü idi: ata da kök idi, ana da kök idi, balalar da kök idi, hamısı kök idi. (Əmirqulunun arvadı Xeyransa qonşularının bu kirayənişinlərini birinci dəfə görəndə az qaldı gülməkdən uğunub getsin, çünki bu kök adamları görən kimi, bütün kənddə məşhur olan, kişilərin də öz aralarında deyib-güldüyü, arvadların da öz aralarında deyib-güldüyü bir söhbət yadına düşdü: qarovulçu Həsənulla Irtışın, Obun sahillərindən qayıdıb gələndən sonra, bir müddət tək yaşadı kənddə, sonra evlənmək fikrinə düşdü və kəndin ağsaqqallarından qəssab Ağakişi soruşanda ki, qarovulçu Həsənulla kimi almaq istəyir, qarovulçu Həsənulla demişdi ki, kim olur-olsun, kimi alırsız mənim üçün alın, amma kök olsun! Qəssab Ağakişi kənddəki tay-tuşları ilə klubun həyətindəki çayxanada oturub çay içə-içə: «Alə, – demişdi, – bu üftadə elə bir ailə qurmaq istəyir ki, üssü köklük olsun. Bu arvad istəmir evə, istifadə üçün mal istəyir». Və bu xəbər kəndə yayılandan sonra, məlum məsələdi ki, qarovulçu Həsənullaya gedən bir arvad olmadı və qarovulçu Həsənulla da axırda: «– Çort poberi!» – dedi və gedib Bakıdan dul bir arvad alıb gətirdi, özü də kök arvad.)
    Hə, Ağababagilin kirayənişinlərinin dördü də kök idi, amma əslində onlar dörd yox, beş nəfər idi, çünki bunların bir dostu var idi, adı Kələntər müəllim idi və bu Kələntər müəllim də Allahın hər verən günü Ağababagilin evində idi, yəni ki, kirayənişinlərin yanına gəlirdi. Amma Kələntər müəllim arıq və uzun idi, boğazının hulqumu çıxırdı və uzunluqda, əyri-üyrülükdə bu kişi dəvə boynuna oxşayırdı, həm də yaman qayışbaldır kişi idi.
    Yoğun səsli qız indi də o biri mahnısına başladı və bu mahnı yazılan valın ortası çatdaq olduğu üçün, ortada ilişə-ilişə bütün bu həyət-bacanı başına aldı:
    «Volqa»sı yaşıl oğ-ğ-ğ-lan, Qəni, Qəni!
    Ağzı qızıl diş oğ-ğ-ğlan, Qəni, Qəni!
    Gəl sən mənə sataş-ş-şma.
    Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!..
    «Mürdəşir üzüvü yusun sənin! «Qəni» deyə-deyə qara yerə girəsən elə!» – Ağabacı ürəyində bu sözləri deyə-deyə, yoğun səsli qızın qarasına deyinə-deyinə çayniki elə hirslə samovarın dəmkeşinə basdı ki, çaynik yanı üstə əyildi və qaynar su çaynikdən tökülüb Ağabacının baş barmağını yandırdı. «– Mənə bu da azdı! – dedi öz-özünə Ağabacı. – Guya ki, bunlardan sezonun axırında iki yüz manat alıb bəxtəvər olacağam!»
    Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni...
    Bu dəfə də valdan «Ay can! Ay can!» səsləri gəldi. Bu əldədüzəltmə valları hansı bir toy məclisindəsə yazmışdılar və bu cür valları Bakıdakı «Nərgiz» kafesinin yanında əldə çox baha qiymətə satırdılar, çünki bu cür valların öz azarkeşləri var idi və bu cür azarkeşlərin də cibi həmişə dolu olurdu; Əminə xanım da bu valları «Nərgiz» kafesinin qabağından aldırıb gətirmişdi və ümumiyyətlə, Əminə xanım «Nərgiz» kafesinin qabağında satılan bu cür valların birini də buraxmazdı, hamısını aldırıb səhərdən-axşama kimi ləzzətlə qulaq asardı.
    Sonra həmin cır səsli oğlan yenə qışqıra-qışqıra cavab verdi, guya ki, Qəni bu başıbatmışdır:
    Dəm, dəm olmuşam, ay gözəl,
    Gözləri xumar olmuşam, ay gözəl!..
    Allah lənət eləsin dəllal Zübeydəyə, Zübeydə ürcah elədi bu kirayənişinləri Ağabacıgilə, «– Yaxşı adamlardı – dedi, – çox kulturnu adamlardı!», yalansa bir qara daş düşsün dəllal Zübeydənin başına, kirayənişin tapdığı üçün, Allah bilir, nə qədər almışdı bunlardan, dəysin öz başına, amma bunları gətirib Ağabacıgilə ürcah eləməyi elə bil ki, azmış, beş manat da tutub Ağabacıdan aldı ki, kirayənişin tapmışam səninçün! Lap əcəb elədi dəllal Zübeydə, əlinin də içindən gəldi, çünki dəllal Zübeydə kimi anasının əmcəyini kəsənin sözünə baxanda axırı da belə olar. Sonra Ağabacı fikirləşdi ki, gərək evin kişisi bir nəfər olsun, kişi nə dedi, gərək elə də olsun, necə ki, Ağababa deyirdi ki, kirayənişin lazım deyil bizə, elə də olmalı idi. Dolça birinci gün damın yanında dayanıb bu təzə adamlara baxdı, bu təzə adamların hərəkətinə, danışığına, davranışına fikir verdi və milisioner Səfər düz deyirdi ki, itin xasiyyəti yiyəsinin xasiyyətinə oxşayar, Dolçanın da, deyəsən, elə birinci gündən bu təzə adamlardan gözü su içmədi, bu təzə adamları görəndə üzünü çevirdi, arxasını çevirdi.
    Əlbəttə, bu təzə adamlar Dolçanın onları xoşlayıb-xoşlamamağının dərdini çəkmirdi və ümumiyyətlə, dərd çəkən adamlar qəbilindən deyildi bunlar, bircə Ofelya Dolça ilə dil tapmaq istəyirdi, amma bu da mümkün olmurdu. Ofelya Ağababagilin qızlarına qaynayıb-qarışmırdı və həyət-bacada ayağıyalın, başıaçıq gəzən, istədikləri vaxt çörək yeyən, istəmədikləri vaxt yeməyən, qaynadılmamış, çiy quyu suyu içən, təkbaşına gedib dənizdə çimən bu qızlara Ofelya elə heyrətlə baxırdı, elə bil bu qızlar tamam başqa bir dünyanın adamlarıydı və Ofelya bu qızlarla dil tapmaqdansa, sövq-təbii, Dolça ilə dil tapmaq istəyirdi, Dolça ilə dostlaşmaq istəyirdi və bütün mehrini salmışdı Dolçaya. Ofelya bütün günortanı gilas, gilasın üstündən şokolad, şokoladın üstündən kotlet, kotletin üstündən toyuq, balıq, ərik, qara kürü və sairə və ilaxır bu sayaq şeylər yeyə-yeyə Dolçanın damının yanındakı iydə ağacının kölgəsində dayanıb ya da Ağababanın düzəltdiyi taxta kətillərdən birini gətirib üstündə oturub boynu zəncirli Dolçaya baxırdı.
    Dolça tərtəmiz geyinmiş, saçları səliqə ilə daranıb qırmızı bant taxılmış bu kök qıza fikir vermirdi, qız ona yaxınlaşmaq istəyəndə Dolça hürürdü və Ofelya da o saat qorxub geri çəkilirdi və şüşəbənddən bunu görən Əminə xanım:¸
    – Qudurasan, qurbağa! – deyirdi.
    Əminə xanımın belə deməsinin səbəbi o idi ki, Ofelya evdə şey qoymurdu, hamısını gətirib Dolçanın qabağına atırdı, bütöv kotlet, toyuq budu, küftə, dolma içi atırdı Dolçanın qabağına, amma Dolça bunların heç birini yemirdi və bütün bunları həyətə gələn pişiklər tələm-tələsik yeyib qaçırdı. Ofelya o qədər pərt olurdu ki, az qalırdı ağlasın. Ofelya o qədər əlləşib-çalışırdı, o qədər mehriban danışırdı, o qədər əzizləyirdi, amma bütün bunlardan bir iş çıxmırdı və Dolça nə Ofelyanın üzünə baxırdı, nə də onun verdiyi yeməli şeylərə dilini vururdu.
    Əminə xanım yaxşı xörək bişirirdi və bu xörəklərin yaxşılığı, çox dadlı olmağı qoxusundan məlum edirdi. Kirayənişinlər bu evə köçən gündən gündə bir neçə xörəyin ətri bütün bu həyət-bacanı başına götürürdü: səhər-səhər kəllə-paça, ət blinçiki, tavakabab, günorta və axşam dolma, dovğa, plov, çığırtma, qızartma, bozartma və ən çox da kotlet (Əmirqulunun arvadı Xeyransa deyirdi: «– Çox kalan adamlardı evündə olanlar!». «– Kalandırlar özləriyçün, mənə nə?» – deyirdi Ağabacı və ürəyində də deyirdi ki, alnımıza belə yazılmışmış, bu yay bizimki də belə gətirməliymiş...).
    Daha bir həftədən artıq idi bura köçmüşdülər, amma bu müddət ərzində Əminə xanım bir dəfə də olsun həyətdən eşiyə çıxmamışdı, tualet həyətin aşağı başında olmasaydı, zalımın qızı heç şüşəbənddən də aşağı düşməzdi yəqin. Bəşir müəllim hər gün Bakıdan taksi ilə gəlirdi və səhərlər taksi ilə də şəhərə gedirdi (Ağabacı deyirdi ki, bu kişi ki, bu qədər pul verir taksiyə, elə özünə bir maşın alsın də, Xeyransa da deyirdi ki, ağəz, olmaz yəqin də, qorxur də, məvacibi azdı yəqin, yoxsa nöşün almır?!). Bəşir müəllim hər dəfə də şəhərdən gələndə iki əli də dolu zənbillə gəlirdi və Əminə xanım bu zənbilin içindəkilərdən bir ucdan dadlı xörəklər bişirirdi. Dərslər kəsilmişdi və Nuhbala bütün günü dəniz qırağında olurdu, qapqara qaralmışdı və yazıq biz bildiyimiz səbəbdən gecələr də evə gec gəlirdi, evdəkilər onun üzünü, demək olar ki, görmurdü. Qızlar bu xörək ətirlərinin dərdindən hərə başını götürüb bir rəfiqəsinin evinə gedirdi və Ağabacı da bu gedişlərin səbəbini bildiyi üçün canını dişinə tutub heç bir söz demirdi. Bütün bunlara bəlkə də dözmək olardı, amma bir şeyə dözmək çox çətin iş idi: bu cürbəcür xörəklərin, bu cür ətin müqabilində Ağabacı hər dəfə tavaya kartof töküb qızardanda, badımcan doğrayıb qızardanda, elə bil ki, uşaqlarından xəcalət çəkirdi; indiyəcən Ağababagildə belə şey olmamışdı və bu ən betəri idi.
    Ofelya:
    – Dolça! Dolça! – deyirdi və sidq-ürəkdən elə hey çalışırdı ki, bu ağ itlə dostluq eləsin. – Ala! – Əminə xanımın təzə dana ətindən bişirdiyi kotleti Dolçanın qabağına atırdı, amma Dolça bu dostluğu qəbul eləmirdi ki, eləmirdi. Bir dəfə Ağabacının tükü ürpəşdi, arvada elə gəldi ki, Dolça gözünü Ofelyanın atdığı kotletdən çəkdi, üzünü döndərdi və ağladı.
    Axşam Ağabacı Ağababaya dedi ki, səhər üç toyuq kəssin və sabah bu üç toyuğu bişirib yeyəndən sonra, Ağabacı sümüklərin hamısını bir qaba yığdı və həmin qabı aparıb Dolçanın qabağına qoydu. Dolça da həmin gün bu sümüklərin hamısını xırçıldada-xırçıldada beş dəqiqənin içində yeyib qurtardı. Nə isə, dəsgah idi, Ağababa demişkən, eşşək gətir, mərəkə yüklə.

V


    Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi. Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi. Ağababagilin qızları Adili öz aralarında Abış çağırırdılar, çünki bir axşam Nuhbala Adildən soruşmuşdu ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı haradır? Adil də cavab vermişdi ki, «ABŞ».
    Bəşir müəllimin harada işlədiyi dürüst məlum deyildi və işə kefi istədiyi vaxt gedirdi, amma bir gün Nuhbala evə belə bir xəbər gətirdi ki, uşaqlar deyir ki, guya, Bəşir müəllim Bakıda bazar müdiridir; hər halda, nə Ağababa, nə də Ağabacı bu barədə bir söz soruşmamışdı, çünki Bəşir müəllimin harda işləməsinin onlara dəxli yox idi; çünki Ağabacı da öz ürəyində günləri sayırdı ki, avqustun axırı nə vaxt gəlib çıxacaq və bu kirayənişinlər nə vaxt çıxıb gedəcək, Ağababa da öz ürəyində günləri sayırdı ki, bu əhvalat nə vaxt qurtaracaq.
    Nə qədər ki, Ağababa toy eləyib evlənmişdi, Ağabacı ilə bir yastığa baş qoymuşdu, o vaxtdan Ağababa həmişə evə tələsmişdi və ələlxüsus da – yaş ötmüşdü, ondan idi, ya nə olmuşdusa – axır vaxtlar Ağababa «Bakı-Buzovna» marşrut avtobusunu sürə-sürə gündə altı dəfə o başa, altı dəfə də bu başa kəndlərinin yanından ötüb-keçəndə az qalırdı ki, içi adamla dolu avtobusu başlı-başına buraxıb düşüb getsin evlərinə və Ağabacı sərin quyu suyundan bir dolu vedrə çəkib elə həyətin ortasındaca töksün Ağababanın boyun-boğazına və Ağababa da üz-gözünü əməlli-başlı yuyub bütün bu avtobus haray-həşirini, bu avtobus basırığını yadından çıxarsın, şüşəbənddə oturub armudu stəkanla pürrəng çaydan içə-içə televizora baxsın.
    Sən demə, yaşının bu çağında Ağababanın görəcəyi günlər var imiş. Hələ də, Ağababa gedib işdə xahiş eləyəcəkmiş ki, əlavə növbə versinlər ona, evdə də yalan danışacaqmış, deyəcəkmiş ki, Ağabacı, «naparnikim» xəstələnib, ona görə də əlavə iş veriblər mənə.
    Ağabacı başa düşürdü ki, əslində Ağababa evdən qaçır, amma üzə vurmurdu bunu və Ağabacı özünü tənbeh eləməkdən də yorulub təkcə bununla təskinlik tapırdı ki, başına gələn başmaqçı olar, qələt eləyərəm bundan sonra atabaatamla, ev kirayə vermərəm yayda.
    Əlqərəz, doğrudan uzun əhvalat idi və indi bu əhvalatın başında kabab dəsgahı dururdu.
    Kabab dəsgahı birinci dəfə həmin avqust axşamı başladı, həmin avqust axşamı ki, Əminə xanımın günorta xörəklərinin ətri həyətdən çəkilhaçəkil idi və qızlar da qayıdıb gəlmişdi evə, özləri də yığılmışdı televizorun qabağına. Hələ kirayənişinlər evə köçməmiş Ağababa televizoru şüşəbənddən endirmişdi şüşəbəndin altına. (Bəşir müəllimgilin iki tranzistor televizoru var idi, birini qoymuşdular şüşəbəndə və Əminə xanım bu televizora baxırdı, o biri televizoru ki, yapon televizoru idi, Ofelya özüylə həyətdə gəzdirirdi və Dolça on-on beş dəfə dalını Ofelyaya çöndərəndən sonra, Ofelya naəlac qalıb, bütün bu Abşeronda təkcə qalıb, iydə ağacının altında televizora baxırdı; əlbəttə, bu balaca əl televizoru maraqlı televizor idi və iydə ağacının kölgəsində oturub televizora baxmaq yaxşı iş idi, Ofelya bir dəfə, hətta, Iranı tutmuşdu həmin televizorda, amma Ağababanın qızlarından heç kim gedib Ofelyayla bir yerdə o televizora baxmırdı, Adil də televizora baxmırdı, qalın bir kitabı qabağına qoyub yayın istisində, özü də Abşeronun istisində otaqda oturub tər tökə-tökə, guya ki, imtahana hazırlaşırdı, amma bir də baxıb görürdün ki, düzdü, kitab biçarə Adilin qabağındadı, amma fikri-xəyalı uçub gedib, Allah bilir hardadı, hərdən özünə gəlirdi, kitab əvəzinə divardakı şirə, qəhrəmana baxırdı, yenə də gedirdi uzaqlara; o ki, qaldı Bəşir müəllimə, Bəşir müəllimin televizordan zəhləsi gedirdi və Bəşir müəllimin qəzet-jurnalla da arası yox idi, çünki Bəşir müəllim deyirdi ki, adam gərək «naturalnı» yaşasın, ələlbət belədi!)
    Həmin avqust axşamı Ağabacı da, qızlar da yığışmışdı şüşəbəndin altındakı televizorun qabağına və düzdü, bu televizor köhnə televizor idi, o qədər də yaxşı göstərmirdi. Ağabacının da çox ürəyindən keçirdi ki, bu televizoru dəyişdirsin, təzə bir televizor alsın ki, həm böyük göstərsin, həm də aydın göstərsin, həm də tərpənib adamı dilxor eləməsin, amma indi bunun mətləbə dəxli yox idi, çünki bir azdan xalq çalğı alətləri orkestrinin konserti başlayacaqdı və deyilənə görə bir qız oxuyacaqdı ki, elə bil Zeynəb Xanlarovadır.
    Yüngül bir xəzri başlamışdı.
    Ağabacı televizorun qabağında yerini yaxşıca rahatlayıb böyük bir həvəs və ləzzətlə konsertin başlamasını gözləyə-gözləyə dedi:
    – Yox, ağəz, yox e!.. Ola bilməz! Nə qədər özlərini öldürsələr də, nə qədər yamsılasalar da, Zeynəbə çatan olmaz! Bir dənədi kişinin qızı! Yoxdu onnan day! Bu vaxt Kələntər müəllimin qırmızı «Jiquli»si darvazanın qabağında dayandı və bu dəfə qırmızı «Jiquli»nin içindən Kələntər müəllimdən başqa səs-küylə dörd kişi də çıxdı və bunların maşından çıxmağı ilə ara qarışdı, məzhəb itdi. Kələntər müəllim qışqırdı:
    – Bəşir müəllim! Ay Bəşir müəllim! Gəl gör kimlər gəlib!
    Yekə dalı və yoğun baldırları enli, zolaqlı pijama şalvarının altından titrəyətitrəyə, Bəşir müəllim, bu qədər köklüyünə uyuşmayan bir cəldliklə şüşəbəndin pilləkənlərini aşağı düşdü:
    – Ay xoş gəlmisiniz! Ay həmişə siz gələsiniz? Belə səfa gətirmisiniz, əcəb eləmisiniz! Ələlbət, əcəb eləmisiniz!
    Qonaqlar həyətə girdi və bu qonaqlar, görünür, hardasa yeyib-içib təzədən durub bura gəlmişdilər, çünki bu qonaqlarla bir yerdə spirt və quyruq kababının iyi də Ağababagilin həyətinə doldu; o, zarafat elədi, bu güldü, o biri darvazanın bala qapısından həyətəcən çığırın hər iki tərəfində əkilmiş qərənfillərdən dərdi, bu birisi də ağacdan xartut dərəndə həm ağ köynəyi qıpqırmızı qızardı, həm də tutun budağını qırdı və bütün bu zırıltının müqabilində Ağabacı təkcə ona şükür eləyirdi ki, yaxşı ki, Ağababa evdə yoxdu; Ağababanın ürəyi partlardı, dözməzdi buna, lap qan salardı Ağababa, bədbəxt olardılar.
    Qonaqlar Kələntər müəllimin otaqdan dartıb gətirdiyi Adili görüb:
    – Igid budu? – soruşdular, sonra: – Qoçaq oğlandı – dedilər, sonra özlərindən birini göstərib: – Igid, sən sabah, bax, bu müəllimə, hörmətli Cabbar müəllimə imtahan verəcəksən, – dedilər. – Özün də möhkəm ol, igid! – dedilər. – Qorxma, qorxan gözə çöp düşər! – dedilər.
    Əminə xanım bura köçdükləri vaxtdan birinci dəfə aşağı düşüb şüşəbəndin altına gəldi. Ağabacıdan təcili manqal istədi, şiş, maşa, kömür istədi və eşidəndə ki, Ağabacıgilin nə manqalı, nə şişi, maşası və kömürü var, Əminə xanımın gözü çıxdı kəlləsinə və sidq-ürəkdən heyrət edə-edə:
    – Bay, sənə mən nə deyim, ay arvad! – dedi. – Müharibə vaxtı-zaddı bəyəm? Kabab bişirmirsiniz?
    Heyrətini və sairə şeyləri bu sayaq sözlərlə ifadə etməyə Əminə xanımın vaxtı yox idi və Əminə xanım şüşəbəndin altından çıxıb yekə dalını oynada-oynada tələsik Kələntər müəllimə yaxınlaşdı, Kələntər müəllim məhrəm bir adam kimi, başını aşağı əyib qulağını Əminə xanımın ağzına yaxınlaşdırdı və Əminə xanım da Kələntər müəllimin qulağına tələm-tələsik nəsə pıçıldamağa başladı; Kələntər müəllim diqqətlə Əminə xanıma qulaq asa-asa şüşəbəndin altına, Ağabacıgil tərəfə baxdı, məzəmmətlə başını buladı və tez həyətdən çıxıb maşınına mindi və qırmızı «Jiquli» sürətlə Gümüş Malikin dəniz qırağındakı kababxanasına tərəf götüruldü. Bir azdan bütün bu həyətə, bütün bu tərəflərə bir kabab iyi yayıldı, kabab tüstüsü aləmi basdı və Əmirqulunun arvadı Xeyransa başını pəncərədən çıxartdı ki, görsün bu nə həngamədi belə, sonra başa düşdü ki, iş nə yerdədi və tez də pəncərəni kip-kip bağladı ki, evinə kabab iyi gəlməsin, kabab tüstüsü dolmasın. Kələntər müəllim Gümüş Malikin kababxanasından gətirib həyətin ortasında qaladığı manqalda kabab bişirirdi və çox yağlı qoyun əti olduğu üçün, yağ əriyib cızhacızla közün üstünə tökülürdü və tüstü aləmi bürüyürdü; Kələntər müəllim tüstüdən gözlərinin yaşı axa-axa, Ağabacının içində paltar qaynatdığı yekə qazanın qapağı ilə manqalı yelləyirdi və Adil də bişmiş şişləri bütün həyət boyu, pilləkənlər boyu yağı dama-dama şüşəbəndə qaldırırdı. Şüşəbənddə isə məclis arəstə idi.
    Bəşir müəllim:
    – Ələlbət, bu, erməni konyakıdı! Bu da Çeçen-inquş konyakıdı! Ələlbət,
    Çeçen-inquş konyakıdı! Bu da Dağıstanındı! Dağlar qartalları düzəldib bunu! Ələlbət belədi! – deyirdi.
    Cabbar müəllim:
    – Əşi, bu kişi lap aləmdi ki, – deyirdi.
    Səftər müəllim:
    – Içək aləm kişilərin sağlığına! – deyirdi. – Çünki belə aləm kişilər olmasaydı, bu dünya çox səfeh dünya olardı!
    Əlisahib müəllim millət dərdi çəkirdi və deyirdi ki, Allah, bu millətin axırı nə olacaq, niyə bu millətin bu cür kişiləri bu qədər azdı, o qədər azdı bu cür kişilər ki, çıraqla axtarasan gərək və nə yaxşı iş görüb Kələntər müəllim ki, onları gətirib bura, millətin bu cür kişiləri ilə üzbəsurət oturdub.
    – Süfrəyə bir bax! – deyirdi Əlisahib müəllim. – Gör necə süfrədi, özü də beş dəqiqənin içində! Əşşi, sən bir əliaçıqlığa bax, sən bir nemətlərə bax! Millətin simasıdı bu, millətin!
    Təkcə Fərman müəllim birdən-birə susub heç nə demirdi, tez-tez hıçqırırdı, rəngi-rufu sapsarı saralmışdı və belə məlum olurdu ki, Fərman müəllimin halı xarabdı, ürəyi bulanır.
    Bəşir müəllim:
    – Əminə xanım, zəhmət olmasa, Fərman müəllimə qatıq gətir, ələlbət lazımdı,
    – dedi.
    Cabbar müəllim:
    – Əşşi, bu kişi lap aləmdi, vicdan haqqı, aləmdi. - dedi.
    Kələntər müəllim şişləri bir-bir manqalın üstündən götürüb verirdi Adilə və Adil də şişləri qorxa-qorxa alırdı ki, əli yanar. Kələntər müəllimin kefi doxsan doqquz vururdu və Kələntər müəllim belə bir kefiköklüklə əlini əlinə sürtüb:
    – Nədən qorxursan, ay zalım! – dedi. – Girmisən e, instituta, girmisən, dədə canı! – Sonra Kələntər müəllim Adili lap xətircəm eləməkdən ötrü başı ilə şüşəbəndə işarə elədi. – Ə, sən öl girmisən! Nağdı, qağa, dədə canı! Adil şişlərdən ürəkli yapışdı.
    Kələntər müəllimin gözü şüşəbənddə qaldı və bir müddət elə bil ki, manqalın üstündəki kabablar Kələntər müəllimin yadından çıxdı, çünki Əminə xanım şüşəbənddən həyətə boylanırdı, manqala tərəf baxırdı və Əminə xanımın ipək xalatının açıq yaxasından döşlərinin arası açıq-aşkar görünürdü, sonra Kələntər müəllim özünü ələ aldı birtəhər və yenə də manqalla məşğul oldu. Və Ağabacı həmin axşam o vaxt özünə gəldi ki, qızlar bu kabab iyindən, bu kabab tüstüsündən baş götürüb hərə bir tərəfə getmişdi, televizordakı qız da oxuyurdu təkcə özü üçün, çünki bu dəm bu həyətdə televizorda oxuyan qıza heç kim qulaq asmırdı, sonra Ağabacı zəncirin səsini eşitdi, Dolçanın mırıltısını eşitdi və Ağabacı şüşəbəndin altından başılovlu çıxıb Dolçanın damına tərəf getdi.
    Xəzri kababın iyini, közün üstünə damıb cızıldayan yağın tüstüsünü birbaş boynu zəncirli Dolçanın üstünə aparırdı.
    Dolça elə bil yadından çıxarmışdı ki, zəncir dartmaqla qırılan deyil, boynunu zəncirdən qoparmaq istəyirdi, özünü o tərəfə, bu tərəfə atırdı, mırıldayırdı; Dolçanın tükləri qabarmışdı, ağzından su axırdı, gözləri həm pıçalaqlamışdı, həm də az qalırdı hədəqəsindən çıxsın.
    Ağabacı əlimyandıda Dolçaya yaxınlaşmaq istəyəndə it lap bərkdən mırıldadı və Ağabacı bu neçə illər ərzində birinci dəfə Dolçadan qorxdu, itin qabarmış tüklərinə baxdı, yekəlmiş gözlərinə baxdı, ağzından tökülən suya baxdı, arvada elə gəldi ki, Dolça mırıldamır, yaralanmış canavar kimi ulayır, sonra Ağabacı özünü ələ aldı, cəld əlini atıb zənciri Dolçanın boğazından açdı və Dolça üç böyük sıçrayışla Kələntər müəllimin yanına atıldı, yerində qıvrıldı.
    Kələntər müəllim qazan qapağı ilə manqalı yelləyə-yelləyə ayağını yerə vurdu və Dolçanın üstünə qışqırdı:
    – Sürük burdan!
    Dolça dal ayaqları üstə yerə çöküb başını dik qaldırdı, Kələntər müəllimin düz gözlərinin içinə baxdı və Ağabacıya elə gəldi ki, Dolça bu saat atılıb Kələntər müəllimi qamarlayacaq, amma incəvara Dolça ayağa qalxdı, iki dəfə bərkdən hürdü, manqalın başına dolandı, sonra qaça-qaça darvazanın bala qapısından küçəyə atıldı. Dolça küçə boyu qaça-qaça kənddən çıxdı və dəniz qırağına tərəf baş götürüb getdi, amma dəniz qırağına gəlib çatmadı, necə oldusa qaça-qaça da dövrə vurdu və təzədən kəndə girib gəldiyi küçə ilə də geri qaçdı, darvazanın bala qapısından həyətə girib dayandı, dilini çıxarıb ləhləyə-ləhləyə üstü kabab dolu manqala baxdı. Kabablar manqalın üstə cızhacızla qızarırdı.
    Ofelya:
    – Dolça! Dolça! – qışqırdı. – Dolça şüşəbəndə baxdı.
    Ofelya tələsə-tələsə şüşəbənddən düşüb Dolçaya yaxınlaşdı, lap qabağa gəlməyə ürək eləməyib, Dolçanın üç-dörd addımlığında dayandı və əlindəki boşqabdan bir neçə isti kabab tikəsi götürüb Dolçanın qabağına atdı. Dolça qabağındakı kabab tikələrinə baxdı, kip yumduğu ağzının qıraqlarından su axa-axa Ofelyaya baxdı və birdən-birə bərkdən hürməyə başladı və Ağabacı qorxdu ki, Dolça doğrudan-doğruya bu qızı, ya manqalın yanında əlləşən Kələntər müəllimi, ya da bunlardan başqa bir adamı qapar, amma yenə də incəvara Dolça həyətin dörd tərəfini də hasar boyu qaça-qaça dövrə vurdu və darvazanın bala qapısından çıxıb yenə dəniz qırağına üz tutdu və bu dəfə gecəyə qədər həyətə qayıtmadı. Gecə Dolça həyətə qayıdanda qonaqlar çoxdan çıxıb getmişdi. Manqalın üstünə çoxdan su töküb söndürmüşdülər. Qızlar şüşəbəndin altında yatışmışdılar. Bəşir müəllimgilin işıqları sönmüşdü. Nuhbala ürəyində Bəşir müəllimin atasının goruna söyüb qurtarmışdı və axır ki, talvarda yuxuya gedib yatmışdı. Təkcə Ağabacı gecənin bu vaxtında əlinə bel alıb darvazanın yanında hasarın dibini belləyirdi. Bayaq qonaqlar gedəndə Fərman müəllim işləri xarablamışdı: xeyli qatıq içməyinə baxmayaraq özünü saxlaya bilməyib hasarın dibinə sıfraq eləmişdi və indi də Ağabacı hasarın dibinə torpaq atırdı ki, Ağababa gəlib bu müsibəti görməsin; Ağababa bir günün ərzində ikinci növbəsini də başa vurub indilərdə gəlməli idi. Həmin gecə Ağabacı fikirləşdi ki, bu kirayənişinlərdən alacağı pula nə gəlinləri üçün üzük alacaq, nə də qızları üçün bir tədarük görəcək, çünki Ağabacı fikirləşdi ki, bu cür adamların pulu adama xeyir gətirməz və Ağabacı qəti qərara gəldi ki, həmin pula televizor alacaq, bunların acığına bütün ili oturub yaxşıcayaxşıca televizora baxacaq.
    Həmin gecə Dolça Ağabacıya baxdı, arvadın dodaqaltı deyinməsinə qulaq asdı, gözucu, oğrun-oğrun ikinci mərtəbəyə nəzər saldı, sonra həyətin ağacları arasından keçib aşağı başa getdi.
    Və həmin gecə pişiklər Ofelyanın Dolçanın qabağına atdığı kabab tikələrini ordan-burdan tapıb yedilər və kef elədilər. Dolça pişikləri həyətdən qovmadı və dovşanlarla da işi olmadı, demək olar ki, bütün gecəni hasarın üstündə oturub dənizə və qayalığa tərəf baxdı.
    Həmin kabab dəsgahı birinci oldu, amma axırıncı olmadı. O gündən sonra, az qala hər axşam Kələntər müəllimin maşınında qonaqlar gəldi və Kələntər müəllimin bişirdiyi kababları Adil şüşəbəndə daşıdı; Kələntər müəllimin kefi açıq-aşkar kök idi. (Bir dəfə necə oldusa, Kələntər müəllim Ağabacıgilin yanında Bəşir müəllimlə zarafat elədi, hərçənd Kələntər müəllim başqalarının yanında Bəşir müəllimgillə söhbət eləməzdi və ümumiyyətlə, Kələntər müəllim çoxdanışan adam deyildi; Kələntər müəllim qırmızı «Jiquli»yə işarə edib Bəşir müəllimə dedi: «– Balacadı də maşın, Bəşir müəllim, qonaqlar sığışmır içinə». – Kələntər müəllim belə dedi və güldü; Kələntər müəllim güləndə nazik və uzun boğazının yoğun damarları şişirdi və ağzı o qədər açılırdı ki, ənglərindəki yuyulmamış qızıl dişləri də görünürdü; «– Eybi yox, inşallah, bu yaxınlarda «Volqa» alarsan, qonaqların da sığışar içinə. Ələlbət, alarsan! Qoy uşağın imtahanları qurtarsın...» – Bəşir müəllim də belə dedi və şaqqanaq çəkib o da güldü, amma Ağabacı başa düşmədi ki, burda gülməli nə var və ümumiyyətlə, Bəşir müəllim heç nəyə gülən adam idi.)
    Kababın iyi bu ağacların, bu hasarın, bu divarların canına hopdu və Əmirqulunun arvadı Xeyransa şənbə günü hamamda kəndin arvadlarına şikayət elədi:
    – Kabab iyinin ucbatından axşamlar qapı-pəncərənin hamısını bağlayıram e, ağəz! Əmirqulu yazıq, istidən evdə otura bilmir.
    Dəllal Zübeydə özünü saxlaya bilmədi və qabağındakı başqa bir arvadın – kənd Sovetinin katibi Suğranın belini kisələyə-kisələyə:
    – Bəxtəvər başımıza! – dedi. – Pyaniskə Əmirqulu evdə oturan olub!
    Bu sözün üstündə Xeyransa ilə dəllal Zübeydə elə bir davaya qalxdılar ki, bu yay hamamda belə dava olmamışdı və hamamdakı arvadlar bunları güc-bəla ilə birbirindən araladı. (Belinin kisəsi yarımçıq qalmış kənd Soveti katibi Suğra qışqırdı ki, milsəner çağıraciyəm bura və Xeyransa, xüsusən də, dəllal Zübeydə kənd Soveti katibi Suğranı yaxşı tanıdıqları üçün başa düşdülər ki, Suğranı bu dərəcədə hirsləndirmək olmaz və aralandılar bir-birilərindən.)
    Ağabacı ürəyində: «– Ağəz, siz bir-birivüzü nöş qırırsuz? – dedi. – Görün mən nə çəkirəm e, mən külbaş!»
    Bir axşam da Nuhbala kirayənişinlərin qarasına xoruzlandı və acıqlı-acıqlı Ağabacıdan soruşdu ki, bunlar nə vaxt rədd olub çıxıb gedəcəklər?
    «– Bir qələtdi eləmişəm atabaatamla, Nuhbala! Mənim meyidimi salıb, sonra çıxıb gedəcəklər cəhənnəmlərinə!» – və bunu da Ağabacı ürəyində dedi, amma yavaş-yavaş evin kişilərindən biri olmağa başlayan oğluna belə cavab verdi:
    – Xəstə tələsər, armud vaxtında yetişər, Nuhbala! Az qalıb day, qadası!

VI


    Əminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:
    – Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.
    Bəşir müəllim Ağababaya deyirdi:
    – Əşşi, toyuqların da dadı qaçıb indi. Ələlbət, belədir! Sənin canın üçün, – Bəşir müəllim ətli, qalın dodaqlarını qabağa çıxarırdı, guya ki, Bəşir müəllimin bu sözlərinə etiraz eləyən var – bay, dünya-aləm canına qurban sənin, bizim rayonda toyuqlar vardı, dünyanın hansı rəngini deyirsən, bu toyuqlarda idi. Ələlbət! Indi hərdən yolum düşür o tərəflərə, ələlbət, baxıb görürəm ki, həyət-baca ağappaq inkubator toyuqlarıdı! Noldu, ə, o toyuqlar, pah ataynan! Ə, belə də müsibət olar?! Ə, toyuq da vermişel supu yeyər?!
    Hərdən Bəşir müəllim həyətdəki tutun altındakı taxta skamyada otururdu və qollarını geniş açıb sərinləyirdi. Bəşir müəllimin xüsusi sərinləmə qaydası var idi, o da bundan ibarət idi ki, Bəşir müəllim bir nazik stəkan dolu arağı birdən çəkirdi başına, sonra otururdu həyətdəki taxta skamyada, çünki Bəşir müəllim deyirdi ki, belə isti havalarda gərək adamın xarici kimi, daxili də isti olsun və guya onda adam yaxşıca sərinləyir. Bəşir müəllim çox danışırdı, çünki çox danışmasaydı, skamyanın üstündə beləcə dinc otura bilməzdi.
    Bəşir müəllim Ağababaya deyirdi:
    – Atam, – Allah ölənlərinə rəhmət eləsin, – üç şey vəsiyyət eləmişdi mənə ki, gizlətmək lazımdır. Ələlbət, üç şey! Birincisi bu idi ki, pulunu gizlət! Ələlbət, gizlət, çünki pul düşmən qazandıran şeydi, kimin nəyinə gərəkdi sənin nəyin var?! Ikincisi, ələlbət, arvadını gizlət! Üçüncüsü də bu idi ki, səfərini gizlət! Ələlbət, gizlət! Şamaxıya gedirsənsə, ələlbət, de ki, Şəkiyə gedirəm, qoy səni Şəkidə axtarsınlar, ələlbət, Şəkidə pussunlar səni!..
    Ağababa Bəşir müəllimin üzünə baxa bilmirdi, çünki əvvəllərdə dediyimiz kimi, Bəşir müəllim başına və bığına rəng qoyurdu, özündən də həmişə ətir iyi gəlirdi və Ağababanın belə şeylərdən xoşu gəlmirdi; hər halda, bu rəng və ətir məsələsinin Ağababaya dəxli yox idi, çünki bu, Bəşir müəllimin öz işi idi, özü bilərdi, amma bir iş də var idi ki, bu lap betər idi və bunun dolayı yolla Ağababaya da dəxli var idi, çünki Bəşir müəllim və Bəşir müəllimin arvadı Ağababanın evində yaşayırdılar və onlar gərək bu evdə təmiz yaşayaydılar.
    Ağababa Bəşir müəllimin öz pulunu və səfərini gizlətməsi barədə bir söz deyə bilməzdi, amma o ki, qaldı arvada, Kələntər müəllimin Bəşir müəllimgilə tez-tez gəlib-getməsindən Ağababanın heç xoşu gəlmirdi. Əlbəttə, burası məlum idi ki, Kələntər müəllim ona görə hər gün bura gəlib-gedir ki, Bəşir müəllimin oğlunu instituta düzəldirdi, dostluq xatirinə, ya bir başqa işə görə, özləri bilərdi, bunun Ağababaya dəxli yox idi, amma Kələntər müəllimin hərdən Əminə xanımın arxasınca baxmasından Ağababanın heç xoşu gəlmirdi və burasından da Ağababanın heç xoşu gəlmirdi ki, deyəsən, Əminə xanımın özü də Kələntər müəllimin bu baxışlarının, udqunub-udqunub iri hulqumunun aşağı-yuxarı getməsinin mənasını başa düşürdü.
    Ağababa və ümümiyyətlə, bu tərəflərin kişiləri elə adamlardı ki, hər şeyə dözərdilər, amma namus məsələsində heç bir şeyə dözməzdilər.

VII


    Adil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı çıxmışdı, çünki Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – şuşəbəndə qalxırdı və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və fəxrlə «Abış»a baxa-baxa:
    – Igiddi e, igid! – deyirdi. – Malades! Sonra qırmızı «Jiquli» yerindən tərpənib gözdən itirdi və bir də axşam qayıdırdı və maşının içində yenə də qonaqlar olurdu və bundan sonra başlanırdı kabab dəsgahı.
    Ağabacının qızları axşamlar daha şüşəbəndin altından baş götürüb hərə bir tərəfə qaçmırdı; əvvəla, ona görə ki, onsuz da bunun mənası yox idi, çünki kababın iyi onsuz da həyət-bacadan çəkilib getmirdi; ikincisi də, qızlar öyrəşmişdi daha, hətta, Əmirqulunun arvadı Xeyransa da axşamlar pəncərəni açıq qoyurdu və daha ondan bu barədə bir söz xəbər alan kənd arvadlarına deyirdi ki, varlığa nə darlıq, mən də gündə gedib kabablıq ət ala bilsəydim ki, bütün külfəti görəcək, bollu bişirərdim kababı, heç «uf» da deməzdim, heç fikirləşməzdim də ki, yaxşı düşməz qonşulardan, iyi gedir camaata, getsin də, neyləyim, mənə nə!.. Xeyransa belə deyirdi, amma kəndin arvadları bilirdi ki, Xeyransa belə adam deyil və ümumiyyətlə, bu kənddə belə adam tapılmazdı, heç dəllal Zübeydə də belə iş eləməzdi; kənddə kim kabab bişirsəydi, onda gərək bütün yaxın qonşuların, yaxşılığından, pisliyindən asılı olmayaraq, hamısına, azı, bir şiş-bir şiş pay göndəriləydi, çünki bu kənddə uşağı olmayan təkcə qarovulçu Həsənullaydı, qalan hamının, azı, dörd-beş uşağı var idi və kabab da, məlum məsələdir, elə şey idi ki, iyi aləmi götürürdü.
    Ağabacı ürəyində özünü söyüb-söyüb yorulmuşdu daha, amma hər dəfə Kələntər müəllim həyətdə manqalı qalayanda, Ağabacı, heç olmasa, deyinməkdən özünü saxlaya bilmirdi: «– Insaf deyilən şey yoxdu bunlarda!...» – deyirdi öz-özünə və burası tamam dəqiq idi ki, bundan sonra Ağabacı özünün də, Ağababanın da, uşaqların da gündə bir tikə qara çörəklə acı çay içməyinə razı olardı, amma evini kirayə verməyə razı olmazdı. (Ağabacı guya ki, bütün təqsirlər dəllal Zübeydədəymiş kimi, daha dəllal Zübeydəyə salam vermirdi, dəllal Zübeydəni görəndə üzünü yana çevirirdi və dəllal Zübeydə yanıb-yaxılırdı ki, Ağababanın arvadı da acığını məndən çıxır, elə bil mən təqsirkaram ki, bunlar gündə kabab bişirir, mənə nə, balam, mən qanadıma baxmışdım bəyəm ki, görüm bunlar kabab bişirəcəklər gündə, ya yox? Kirayənişin istəmisən, mən də tapmışam da səninçün, anam, bacım, mən nöş pis oluram arada? O cür ki, Ağababa xoruldayır, kim gəlib qalacaq bunların evində?)
    Ağababa hər şeyi ürəyinə salırdı, üzdə bir söz demirdi, çünki Ağababa görürdü ki, Ağabacı nə günə düşüb və buna görə bu kabab əhvalatına da dözürdü, Əminə xanımın oxutduğu mahnılara da dözürdü, həmişə sakit və təmiz-tariq həyətindəki bu səs-küyə, bu kağız qırıntılarına, kabab sümüklərinə, Bəşir müəllimin əskik işlərinə dözürdü. (Bir gün günün günorta çağı Bəşir müəllim özü həyətdə ocaq qalayıb beşaltı vedrə su qızdırdı ki, Əminə xanım çimmək istəyir, sonra Ağabacıdan böyük paltar ləyəni aldı, şüşəbəndə qaldırdı, vedrələri də bir-bir şüşəbəndə qaldırdı, həmin gün evdə olan Ağababadan iri parç istədi ki, suyu vedrədən götürüb Əminə xanımın başına töksün; Ağababa bir cavab vermədi, amma özünü də saxlaya bilmədi, darvazanın bala qapısını hirslə ardınca çırpıb həyətdən çıxdı; Bəşir müəllim Ağababanın bu hərəkətindən bir mətləb qanmadı və parçı Ağabacıdan istədi, Ağabacı da ürəyində «– Kül belə kişinin başına!» – dedi və həyadan qızara-qızara mis parçı Bəşir müəllimə verdi, Bəşir müəllim də şüşəbəndə qalxıb, soyunub paltar ləyəninin içində oturmuş Əminə xanımın başına su tökməyə başladı.) Nə isə, hərə bir cür dözürdü, çünki atalar deyib ki, pis günün ömrü az olar. Təkcə Dolça bu işlərə nə dözə bilirdi, nə də öyrəşə bilirdi.
    Son on günün ərzində Dolça tamam arıqlamışdı. Dolçanın qabırğalarını saymaq olardı. Dolçanın gözləri elə bil iriləşmişdi və bu gözlərdə bir işıltı əmələ gəlmişdi, amma bu işıltı nəsə xəstə bir işıltı idi, ürək ağrısının, dərdin, qəmin işıltısı idi. Son on gündə Dolça demək olar ki, heç nə yeməmişdi və Ağabacının arpa unundan düzəltdiyi kütlər, yal Dolçanın qabağına necə qoyulurdusa, elə eləcə də qalırdı. Dolça bunlara demək olar ki, dilini də vurmurdu. Ortada bir Dolça həyət bacada göy ot yeməyə başladı və Ağabacı başa düşdü ki, Dolçanın başı ağrıyır. Dolça ayağa qalxıb bərkdən hürə-hürə Ofelyanı da dama yaxın buraxmırdı və Ofelya daha heç iydə ağacının yanına da gələ bilmirdi; Ofelya şüşəbəndin pəncərəsindən boylanıb:
    – Dolça! Dolça! – qışqırırdı və elə şüşəbənddən də Dolçanın qabağına toyuq əti, tavakabab, kotlet atırdı.
    Dolça ayağa qalxıb damın qabağında vurnuxa-vurnuxa bərkdən şüşəbəndə tərəf hürürdü və Əminə xanım da şüşəbənddən boylanıb:
    – Qudurasan, qurbağa! – deyirdi və Ofelyanı şüşəbəndin qabağından çəkirdi. Və bundan sonra Dolça səssiz-səmirsiz damda uzanırdı, başını damın açığından çölə çıxarırdı və heç nə ifadə eləməyən gözləri ilə naməlum bir nöqtəyə baxırdı və bu vaxt Dolçanın gözlərinin işıltısı da sönüb gedirdi; sonra Dolçanın qara gözləri yol çəkirdi, həm də o naməlum nöqtəyə Dolça bütün içindən qalxıb gələn bir qüssə ilə baxırdı.
    Dolça Kələntər müəllimin qırmızı «Jiquli»sini səsindən tanıyırdı və axşamüstü bu səsi eşidən kimi, Dolçanın gözünün işıltısı birdən-birə artırdı, o saat ayağa qalxıb damın qabağında vurnuxmağa başlayırdı, ağzının suyu axırdı və Kələntər müəllim həyətə girən kimi Dolça bu kişini hürməklə qarşılayırdı, Kələntər müəllimin gətirdiyi qonaqların da üstünə bir-bir hürürdü, amma Dolçanın hürməyinə fikir verən olmurdu.
    Kələntər müəllim şüşəbənddən aşağı boylanan Əminə xanıma baxa-baxa Gümüş Malikin manqalını yandıranda Dolçanın gözləri az qalırdı böyüyüb hədəqəsindən çıxsın və bu vaxt manqalın alovu Dolçanın qara gözlərində əks olunurdu. Dolça daha bərkdən hürürdü, boynunun zəncirini dartışdırıb qoparmaq istəyirdi və o zamanlar ki, Ağabacı bundan duyuq düşürdü, gəlib Dolçanın zəncirini boğazından açırdı, Dolça damın qabağından götürülüb manqalın yanına atılırdı, elə bil ki, Kələntər müəllimə yox, kababın aləmi basmış tüstüsünə hürürdü, sonra da baş götürüb həyətdən qaçırdı, kəndi dolanıb yenə də həyətə gəlirdi, yenə də həyətdən çıxıb qaçırdı; Dolça özünə yer tapa bilmirdi.
    Ağababa, adətən, bu vaxtlar evdə olmurdu, amma bir dəfə Ağababa gecə işdən gələndə hamı yatmışdı, hətta, Ağabacı da istidən və əsəbilikdən yorulub əldən düşmüşdü və paltarlı-paltarlı yerində uzanmışdı ki, Ağababanı gözləsin, amma yuxu aparmışdı Ağabacını; Ağababa həyətə girdi və birdən-birə Ağababaya elə gəldi ki, bu həyət onun həyəti deyil, tamam başqa bir həyətdi; həmin ağaclar idi, həmin bina idi, həmin hasar idi, amma bütün bunlar elə bil ki, yad idi və Ağababa axır vaxtlarda birinci dəfə həyəti gəzib dolaşdı, hər ağacını, hər kolunu əli ilə əkib-becərdiyi, hər bir daşına, çöpünə bələd olduğu bu həyət niyə Ağababaya belə gəldi, başa düşmədi, sonra gəlib həyətin aşağı başına – hinin yanına çıxanda gördü ki, Dolça hasarın üstündə dayanıb ona baxır.
    Həmin gecə ay çıxmışdı, ulduzlar çıxmışdı, göyün üzü tərtəmiz idi və bu aydınlıq gecədə Ağababa ilə Dolça bir müddət bir-birinə baxdı. Ağababa Dolçanın gözlərini ömründə bu cür görməmişdi, Dolçanın gözlərində bu qədər kədər, qəm, qüssə olmamışdı; Dolçanın gözlərində bir yazıqlıq, bir əlacsızlıq var idi və ən əsası, Ağababaya ən çox təsir edəni də bu idi ki, Dolçanın gözlərində bu dəm bir üzrxahlıq da var idi, elə bil Dolçanın qara gözləri həmin aydınlıq avqust gecəsində nəyə görəsə bağışlanmasını yalvarırdı, nəyinsə əvvəlcədən xəcalətini çəkirdi. Ağababa səhərə kimi narahat yatdı və Ağababa səhərə kimi ona görə narahat yatdı ki, Dolçanın bu baxışları gözlərinin qabağından getmirdi və Dolçanın bu baxışları Ağababanın ürəyini sıxırdı, kişini darıxdırırdı, ürəyinə bir nigarançılıq salırdı; bu qara gözlər qara rənglərdən, qara daşlardan, qara məktublardan, qara göydən, qara dənizdən xəbər verirdi.
    Və o gecə Dolça hamı yatandan sonra hasarın üstündə uzanıb gözlərini dəniz kənarına, o tərəflərə ki, orada Gümüş Malikin kababxanası var idi, oralara dikmişdi. Gümüş Malikin kababxanası kənddən xeyli aralıda, çimərliyin lap axır başında, qum təpəsinin üstündə idi. Bu kababxanada yay-qış kabab bişərdi və bütün bu tərəflərin yiyəsiz itləri Gümüş Malikin kababxanasının həndəvərində sülənərdi. Sümsük itlər bir tərəfdə durub müştərilərin yeyib-içdikləri süfrəni marıtlayardı və kefi kök müştərilərin onlara atdığı kabab sümüklərini göydə qapardı, təpiyə, söyüşə, atılan daşa, taxtaya məruz qalardı, amma kababxananın həndəvərindən itilib getməzdi. Kəndin itləri bu sümsük itləri yaxın buraxmazdı və bu itlər də ya qayalıqda avaralanardı, ya da qış-yay kababxananın ətrafında olardı. Yay çağları kabab xüsusən çox bişərdi, çünki Bakıdan gələn müştərilər çox olardı və yay çağları bu həndəvərdəki sümsük itlər gözgörəti kökələrdi.
    Dolça səhəri hasarın üstündə beləcə açdı. Səhər Ağababa yerindən qalxıb işə gedəndə Ağabacıya:
    – Dolçaya yaxşı bax, – dedi və hindən üç toyuq çıxarıb kəsdi.
    Həmin gün Ağabacı da, Nuhbala da, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım da bildi ki, bu toyuqlar əslində Dolçaya görə kəsilib və buna görə də günorta toyuqların sümüklərini bir az üzdən yedilər, qığırdaqlar sümüklərin üstündə qaldı, boğazları fəqərə-fəqərə, qabırğa sümüklərini bir-bir təmizləmədilər və bütün bu ləzzətli sümüklərin hamısını Ağabacı xüsusi bir həvəslə dəmir nimçəyə yığıb Dolçaya apardı, nimçəni Dolçanın qabağına qoydu və bu dəm dünyanın ən gözlənilməz hadisəsi baş verdi: Dolça sevinə-sevinə toyuqların qığırdaqlı sümüklərinin üstünə atılmadı, bir müddət gözlərini təəccübdən matı-qutu qurumuş Ağabacının gözlərinin içinə zillədi, sonra könülsüz-könülsüz ayağa qalxdı, nimçəni iylədi və nimçədəki bud sümüklərindən birini götürüb, yuxarısını dişlədi. Ağabacı bu işə məəttəl qaldı.
    Bir azdan tavada qızaran ətin qoxusu həyəti bürüdü. Əminə xanım tavada quzu qabırğası qızardırdı; həm quzu qabırğası qızardırdı, həm də gilas yeyə-yeyə şüşəbəndin pəncərəsindən həyətə baxırdı (Əminə xanım, demək olardı ki, otağa heç girmirdi, gününü elə şüşəbənddə keçirirdi və məsələ təkcə onda deyildi ki, şüşəbənd otağa nisbətən sərin olurdu – bu öz yerində, amma bir səbəb də var idi və o da bundan ibarət idi ki, hərdən otağın divarındakı şirin xofu Əminə xanımı basırdı, «– Gör bir nə çəkiblər də, evin içində, elə bil heyvanxanadı!»).
    Ofelya televizor əlində həyətdə ağacların arasında dolaşırdı və Ofelya gəlib iydə ağacının yanında dayananda Dolça qıza hürmədi, damın yanından ayağa qalxıb mırıldadı, o tərəf-bu tərəfə gəzişdi, sonra yenə damın yanında yerə çökdü. Ofelya gözlərinə inanmadı və Dolçanın ona hürməməyi Ofelyaya elə təsir etdi ki, qız əvvəlcə bilmədi nə eləsin, sonra Dolçanın qara gözlərinə baxdı və bu gözlərdə bir biganəlik gördü; Ofelya belə hiss elədi, amma, əslində, bu dəm Dolçanın qara gözlərində biganəlik yox, bir məğlubiyyət var idi; Ofelya əlindəki televizoru iydə ağacının dibinə atıb qaça-qaça şüşəbəndə çıxdı və Əminə xanımın boşqaba yığdığı qızarmış qabırğalardan üç-dördünü götürüb, əlləri yana-yana aşağı düşdü, iydə ağacının yanına yüyürüb isti qabırğaları, yağı daman qızarmış quzu qabırğalarını bir-bir Dolçaya tərəf atmağa başladı:
    – Dolça! Ala! Ala! Dolça! Ala!
    Birinci tikə Dolçanın qabaq ayaqlarının yanına düşdü və Dolça necə dayanmışdısa elə eləcə başını aşağı əyib qabırğa tikəsinə baxdı, sonra yenə başını qaldırıb Ofelyaya baxdı.
    Dolça hürmədi.
    Dolçanın ağzı açılmışdı, dili ağzından sallanmışdı və ağzından su axırdı.
    Dolçanın qara gözlərində dərin bir kədər var idi.
    Ikinci tikə də Dolçanın sinəsinə toxunub yerə düşdü.
    Üçüncü tikə havada yox oldu və Ofelya əvvəlcə başa düşmədi ki, məsələ nə yerdədi, amma görəndə ki, Dolça tez-tez ağzındakı ət parçasını yeyir, əlindəki axırıncı tikəni də atdı və Dolça bu axırıncı tikəni də göydə qapıb təpişdirməyə başladı.
    Ofelya elə bil ki, ömründə belə sevinməmişdi və sevindiyindən Ofelya bilmədi atdana-atdana şüşəbəndə necə qaçıb çıxdı və qızarmış quzu qabırğasıyla dolu boşqabı necə götürdü.
    Əminə xanım dedi:
    – Az, dəli olmusan, hara aparırsan bunları?
    Ofelya da dedi:
    – Indi ağlayaram, onda bilərsən!
    Ofelya dolu boşqabla yenə iydə ağacının yanına qaçıb gəldi və Ofelya bura gələnə qədər Dolça yerdəki iki tikəni də yemişdi. Dolça dal ayaqları üstə qalxdı və fürsəti fövtə verməyən Ofelyanın bir-bir atdığı isti quzu qabırğalarını göydə qapaqapa, tələm-tələsik yeməyə başladı. Ofelya lap Dolçanın yanına gəldi və Dolça tikələri elə tez-tez, elə acgözlüklə təpişdirib yeyirdi ki, sümükləri elə tez-tez, elə xırçıldada-xırçıldada çeynəyib udurdu ki, ət qurtaranda Ofelya boşqabı Dolçanın qabağına qoydu və Dolça boş boşqabın dibindəki yağı yalamağa başladı. Ağabacı şüşəbəndin altında oturub göy qutabı üçün xəmir yayırdı və Ağabacının gözləri Dolçaya sataşanda, bu dəfə də arvad gözlərinə inanmadı, oxlov əlində quruyub qaldı və Ağabacı bir müddət lal-dinməz oldu, tərpənmədi, kirayənişinlərinin boşqabının dibini yalayan Dolçaya tamaşa elədi, elədi, sonra ürəyi yana-yana öz-özünə: «– Yazıq heyvan!..»– dedi.
    «Volqa»sı yaşıl oğ-ğ-ğlan, Qəni, Qəni!
    Ağzı qızıldiş oğ-ğ-ğlan, Qəni, Qəni!
    Gəl sən mənə sataş-ş-şma,
    Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!...
    Sonra cır səsli oğlan həmişəki kimi, səsini zildə köklədi:
    Dəm, dəm olmuşam, ay gözəl,
    Gözləri xumar olmuşam, ay gözəl!..
    Və həmin gündən sonra Dolça Ağabacının arpa unundan düzəltdiyi kütə, yala bir də heç vaxt toxunmadı, Ofelyanın bir ucdan daşıdığı kotletləri, tavakababları, küftələri, qızarmış ətləri göydə qapıb yeməyə başladı.
    Həmin gündən Dolça Ofelyanın kölgəsi oldu və Ofelyanı görəndə həmişə əlinə baxdı.
    Həmin gündən sonra Ofelya Dolça ilə oynadı, sonra Dolça ilə dalaşdı, sonra Dolçanı ələ saldı, qovdu, Dolçaya güldü, amma Dolça Ofelyadan əl çəkmədi, Ofelya acıqlananda Dolçaya yemək vermədi, Dolça qara gözləri ilə yalvardı, yalmandı, hər dəfə Ofelyanın ürəyini yumşaltdı və dadlı tikələri havada qapıb təpişdirdi. Sonra Dolça daha Kələntər müəllimə də hürmədi, həyətdə kabab bişirən Kələntər müəllimin ayaqlarına dolaşmağa başladı. Kələntər müəllimə yalmandı və Kələntər müəllimin də hərdən ürəyi yumşaldı, şişin ucundan bir tikə çıxartdı, Dolçaya tulladı və Dolça da Kələntər müəllimin atdığı kabab tikəsini göydə qapıb ağzı yana-yana yedi.
    Bir dəfə həm yay axşamının bürküsündən, həm də manqalın istisindən puçurpuçur tər tökən Kələntər müəllimin bu zırıltıda bir tərəfdən də ayaqlarına dolaşan Dolçaya açığı tutdu və təpiklə Dolçanın belindən vurub kənara atdı. Bu vaxta qədər Dolçaya təpik dəyməmişdi və Dolça Kələntər müəllimin təpiyindən zingildəyə-zingildəyə öz damına tərəf qaçdı, bir müddət orda dayanıb Kələntər müəllimə baxdı, «Abış»ın şüşəbənddəki qonaqlara daşıdığı yağı axan şişlərə baxdı, sonra yenə Kələntər müəllimin yanına gəldi və ən nəhayət də Kələntər müəllimin ona atdığı iki tikəni göydə qapıb yeyə bildi.
    Pişiklər daha Dolçanın qorxusundan cürət eləyib bu həyətə gələ bilmədi, hərdənbir gizlincə gələndə də yeməyə bir şey tapmadı, çünki nə olurdusa hamısını Dolça özü yeyirdi.
    Dovşanlar Ağababanın bostanında kef çəkdi, çünki Dolça səhərlər, günortalar və axşamlar Əminə xanımın bişirdiklərindən, Kələntər müəllimin kabablarından o qədər yeyirdi ki, bütün geçəni ağırlaşırdı, damdan bayıra çıxmırdı. Dolça bir neçə günün içində canlandı, ətə-qana doldu, əməlli-başlı kökəlməyə başladı.
    Ağabacı özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdu, amma daha arpa unundan yal çalmırdı, küt düzəltmirdi, çünki, onsuz da, Dolça bunları dilinə vurmurdu.
    Nuhbala da, qızlar da özünü elə göstərirdi ki, elə bil heç nə olmayıb və bu barədə bir-birilərilə bir kəlmə də kəsmirdilər, amma Nuhbala ürəyində bu kirayənişinləri indi lap yeddimərtəbə söyürdü.


<< 1 / 2 / 3 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 872 | Reytinq: 1.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more