Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim
DƏLİXANADAN DƏLİ QAÇIB VƏ YAXUD MƏNİM SEVİMLİ DƏLİM
(Proloq, epiloq və on bir şəkildən ibarət komediya)
İŞTİRAK EDƏNLƏR


    P r o f e s s o r.
    Ş ə f q ə t b a c ı s ı.
    B a ş r e d a k t o r.
    M ə s u l k a t i b – müdrik alkoqolik.
    S i y a s i i c m a l ç ı – Fidel Kastronun və Bill
    Klintonun əslində kim olduğunu yalnız o bilir.
    Ş ö b ə m ü d i r i – tez-tez kosmosa gedib-gəlir, kosmosla daimi telepatiya əlaqəsi saxlayır və bu yaxınlarda Merkuridə çağırılan forumun işində iştirak edəcək.
    P a n t e l e y m o n.
    P o l i k a r p o v i ç – indi rusdur, jurnalistdir, əvvəlki həyatında, XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Təbrizdə yaşayanda isə çox koloritli bir azərbaycanlı olub.
    Ə d ə b i i ş ç i – qurtarmaq bilməyən məşhur «Simuzər» poemasının müəllifi, gələcək qayınanası ilə ədavətdə olan bir şəxs, yaşını və yaraşığını müəyyən etmək isə hörmətli quruluşçu rejissorun öhdəsinə düşür.
    K a t i b ə – bəzən qırqovul olur. Xəstəxana işçiləri. Polis nəfərləri.
    Məkan – Bakı şəhəri.
    Zaman – 1995-ci il.

PROLOQ


    Ruhi xəstəliklər xəstəxanası.
    P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, x ə s t ə x a n a i ş ç i l ə r i.
    Səhnə qaranlıq və sükut içindədir. Birdən-birə həyəcan zəngi çalınır, hay-küy qopur, xəstəxana işçiləri qaranlıq içində ora-bura qaçışır.
    Xəstəxana işçiləri:
    – Yoxdu!..
    – Qaçıb!..
    – Qaçıb!..
    – Burada da yoxdu!..
    – Qapıları bağlayın!..
    – Yoxdu!..
    – Darvazanı bağlayın! Darvazanı!..
    – Ora bax!..
    – Yoxdu!.. Heç harda yoxdu!..
    – Pilləkənin altına baxın!.. Pilləkənin!..
    – Yoxdu!..
    – Qaçıb!..
    – Tualetə baxın!.. Tualetə!..
    – Yoxdu!..
    – Qaçıb!..
    – Qaçıb!..
    Işıq ağ xalatlı Professorun və onun ardınca qaçan Şəfqət bacısının üzərinə düşür.
    P r o f e s s o r (təngnəfəs və həyəcanlı). Qaçdı!.. Qaçdı!..
    Ş ə f q ə t b a c ı s ı (təngnəfəs və həyəcanlı). Siz.. oy... siz özünüzü qoruyun, Professor!..
    P r o f e s s o r. Qaçdı!..
    Ş ə f q ə t b a c ı s ı. Sizə belə həyəcanlanmaq olmaz!..
    P r o f e s s o r. Mənim ən ağıllı dəlim qaçdı!..
    Ş ə f q ə t b a c ı s ı. Əyləşin!.. Əyləşin!..
    P r o f e s s o r. Yox! Azərbaycan elminə ağır itki üz verdi! Mənim xəstəm, mənim ən ağıllı dəlim qaçdı! O respublikamızın ən görkəmli dəlisi idi!
    Ş ə f q ə t b a c ı s ı. Siz özünüzdən... özünüzdən muğayat olun!.. Axı, belə olmaz!..
    P r o f e s s o r. Yox! Onsuz da, daha mənim həyatımın mənası yoxdu! Mən buna tab gətirə bilmərəm! Mənim müalicəm yarımçıq qaldı! Təbabətin tarixində hələ onun kimi qiymətli, onun kimi parlaq dəli olmamışdı! Bəli, o nəinki bizim respublikamızın, bütün keçmiş SSRI-nin ən görkəmli dəlisi idi!
    Ş ə f q ə t b a c ı s ı. Sakit olun! Xahiş edirəm sizdən, Professor!
    Şəfqət bacısı tələsik çantasından həb çıxarır. Professor həbi görən kimi, qaçmaq istəyir. Şəfqət bacısı onu buraxmır və həbi güclə Professorun ağzına basır.
    P r o f e s s o r (boğazında qalmış həbi udmağa çalışaraq). O qayıtmalıdı!.. Mütləq qayıtmalıdı!.. O... o xəstəxanada öz kamerasında... e-e-e... öz palatasında olmalıdı! Nə olur-olsun, biz onu tapmalıyıq! Yer də dağılsa, göy də dağılsa, biz onu tapmalıyıq! Bu xalqın qarşısında, dövlətin, hökumətin qarşısında bizim borcumuzdu!.. Bəşəriyyətin, bəli, bəli, bəşəriyyətin qarşısında bizim borcumuzdu!.. O mənim ən ağıllı dəlim idi, ancaq müalicəsi yarımçıq qaldı... Indi o cəmiyyət üçün çox təhlükəlidi!.. O-o-o!.. Indi o insanlığın başına nə oyunlar aça bilər! Bunu bir mən bilirəm, yaxşı bilirəm!.. O-o-o!..
    Ş ə f q ə t b a c ı s ı. Darıxmayın, Professor! Özünüzü üzməyin! O mütləq tapılacaq! Iynə deyil ki, yerə düşüb itsin?! Dəlidi! Mütləq tapılacaq!
    P r o f e s s o r. Çətin olacaq! Çox çətin olacaq! O çox bicdir!
    Ş ə f q ə t b a c ı s ı. Polisə xəbər vermişik!
    P r o f e s s o r. Aldadacaq! Onun üçün polisi aldatmağa nə var ki!? Onun üçün saxta pasport düzəltmək, yarım stəkan su içmək kimi bir şeydi! O indi çox təhlükəlidi! Çox! Çox hiyləgərdi! Çox! O, hətta, müxalifəti də aldada bilər!
    Ş ə f q ə t b a c ı s ı. Televiziya ilə elan verərik.
    P r o f e s s o r. Bu da kömək etməyəcək! Sifətini dəyişmək onun əlində heç nədi! Mən ancaq özümüzə inanıram! Mən bilirəm o haralara gedə bilər! Biz özümüz, biz özümüz axtarıb onu tapmalıyıq!
    Ş ə f q ə t b a c ı s ı. Əlbəttə! Lap yaxşı! Nə deyirsiniz, edək! Ancaq siz sakit olun! Xahiş edirəm!
    P r o f e s s o r. Siz mənə söz verirsinizmi?
    Ş ə f q ə t b a c ı s ı. Əlbəttə, Professor!
    P r o f e s s o r. Biz onu bir yerdə axtaracağıq!
    Ş ə f q ə t b a c ı s ı. Əlbəttə!
    P r o f e s s o r. Söz verirsiniz?
    Ş ə f q ə t b a c ı s ı. Söz verirəm, Professor! Söz verirəm! Mən həmişə sizinlə olacağam!
    İ ş ı q s ö n ü r.

BİRİNCİ ŞƏKİL


    Redaksiya otağı. Baş redaktor, Məsul katib, Siyasi icmalçı, Şöbə müdiri, Panteleymon
    P o l i k a r p o v i ç, Ə d ə b i i ş ç i, K a t i b ə.
    Qaranlıqda çaxnaşma, səs-küy:
    – Qoymayın!..
    – Şalvarının balağından yapış!
    – Oy!..
    – Burax şalvarımı!..
    – Vay!..
    – Əlvida!.. Əlvida, gözəl insanlar!..
    Işıq yanır. Ədəbi işçi mizin üstünə qoyduğu kürsüyə qalxıb, boğazını çilçıraqdan sallanmış kəndirin halqasina keçirərək özünü asmaq istəyir. Redaksiya işçiləri onu əhatəyə alıb.
    Ə d ə b i i ş ç i (boğazı halqada). Əlvida, dostlar!.. Məni bağışlayın!.. Bəlkə kiməsə bir pisliyim dəyib... Bağışlayın məni!..
    K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Mən bağışlayıram..
    Ə d ə b i i ş ç i. Siz, ey gözəl insanlar, salamat qalın, mən gedər oldum!..
    S i y a s i i c m a l ç ı (tamaşaçılara). Yoxsa ki, mən bilmirəm bu komediyanı kim təşkil edib?!. Yaxşı bilirəm!.. Lap yaxşı bilirəm!..
    Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Az qalıb!.. Gələcəklər... Uçurlar!.. (Pıçıltı ilə.) Brın dır qar... Ar-ar!..
    Ə d ə b i i ş ç i. Of!.. Mənim sinəmdə hələ nə qədər ülvi arzular var idi!.. Mən doğma Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizəni sizə tapşırıb gedirəm!..
    K a t i b ə (zırıldaya-zırıldaya). Getmə!..
    S i y a s i i c m a l ç ı. Ay-hay!.. (Rişxəndlə öz-özünə) Gedir... (Ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa yenə də öz-özünə) Məni aldatmaq olmaz!..
    Ə d ə b i i ş ç i. Qoruyun Azərbaycanımızı!.. Qoruyun müstəqilliyimizi!.. Vətən şirin şeydir!.. (Ağlamsınır.)
    M ə s u l k a t i b. Düzələcək!.. Qorxmayın, hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər şey düzələcək!..
    Ş ö b ə m ü d i r i. Püf!.. Zalım oğlu elə iy verir, elə bil obşi vaqondu! Bu qədər içmək olar?!
    Məsul katib. Bəs neyləyim, oğlum, Şöbə müdiri, mən də gedim özümü asım?
    Ş ö b ə m ü d i r i. Eh... (Əlini yelləyərək yavaşdan) Onsuz da az qalıb! Gəlirlər!.. (Pəncərəyə tərəf baxa-baxa pıçıldayır.) Ar-ar!.. Brın tır par mır qır-qır!..
    Məsul katib. Nə?
    Ş ö b ə m ü d i r i. Heç!.. Siz başa düşən şey deyil!.. (Öz-özünə yavaşdan) Bundan necə də mənfi şüalar gəlir...
    Ə d ə b i i ş ç i. Mən bütün insanları sevə-sevə gedirəm! Sizi də sevərək gedirəm! Mən arzu edirəm ki, siz millət vəkili olasız!
    M ə s u l k a t i b (tamaşaçılara). Əlbəttə, bunun yerinə ordan yağlı bir erkək qoyun asılsaydı, daha yaxşı olardı! Bu şərtlə ki, mənə də yarım kilo müftə ət verəydilər!
    Ə d ə b i i ş ç i. Əlvida!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Ya eto uje videl! Raxmatlik moy sosed, Allax raxmat versin, Mirza Mamed Kuli xan Tabrizi ozun bela pakonçil... Asdı ozun! (Əli ilə boğazını göstərir.)
    Xırt! I net çeloveka!
    K a t i b ə (qışqırır). Kömək edin! Öldürür özünü! Baş redaktoru çağırın! (Ədəbi işçiyə) Bir dəqiqə, bir dəqiqə gözlə, xahiş edirəm, gedim tez Baş redaktoru çağırım!
    Ə d ə b i i ş ç i. Yox! Həyatda məni daha heç nə saxlaya bilməz!
    K a t i b ə (daha da bərkdən qışqırır). Vay!.. Kömək edin!..
    B a ş r e d a k t o r (hövlnak səhnəyə daxil olaraq). Nə olub belə? Yenə nə baş verib? Bu nə hay-küydü?
    K a t i b ə. Özünü öldürür! Görmürsüz, asır özünü!
    B a ş r e d a k t o r. Niyə?
    Ə d ə b i i ş ç i. Mən öz məhəbbətimə qovuşa bilmirəm!
    B a ş r e d a k t o r. Nə?
    S i y a s i i c m a l ç ı (yavaşdan Baş redaktora). Hm... Mən bütün bu əhvalatlar barədə sizinlə xüsusi söhbət edəcəyəm!
    Ə d ə b i i ş ç i. Mənim üçün Sərvinazsız həyat yoxdu!
    B a ş r e d a k t o r. Sərvinaz kimdi?
    Ə d ə b i i ş ç i. Mənim məhəbbətim!
    B a ş r e d a k t o r (dərindən ah çəkir). Vallah, billah, bunların işi Allaha qalıb! (Redaksiya işçilərinə) Bəs, siz görmürdünüz ki, bu çıxıb ordan kəndir asır?
    K a t i b ə. Biz fasiləyə çıxmışdıq. Təkcə Məsul katib otaqda idi.
    B a ş r e d a k t o r (Məsul katibə). Bəs, siz niyə buna imkan verirdiz?
    M ə s u l k a t i b. Mən elə bildim dırmaşıb orda şer yazır!
    Pauza.
    B a ş r e d a k t o r. Orda şer yazarlar?
    Məsul katib çiyinlərini çəkir.
    S i y a s i i c m a l ç ı (istehza ilə). Belə çıxır ki, yazarlar də... (Az qala pıçıltı ilə Baş redaktora) Mənim sizinlə bütün bu əhvalatlar barədə xüsusi söhbətim olacaq!.. Ə d ə b i i ş ç i.
    O mənim günəşim,
    ayım,
    işığım!
    Əqidəm, vicdanım,
    gül yaraşığım!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (yavaşdan öz-özünə). Net, eto ne poeziya! Ya sam, sam doljen pisat! Man! Man ozu yazdı var!.. Man bunlara ozu qostardi var, nastoyaşi poeziya na!..
    K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Ah, yazıq!.. Yenə «Sərvinaz» poemasından oxuyur... Məhəbbətin gücünə bax!.. Son nəfəsdə də dilində sevgilisinin adıdı! Təkcə bizə qismət olmaz! Ah, mənim kor bəxtim!.. (Daha da bərkdən zırıldayır.)
    Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Az qalıb!.. Gəlirlər!.. (Daha da yavaşdan) Nə? Nə soruşursuz? Bu saat məlumat verirəm. (Pıçıltı ilə) Dar qaz baz-baz... Az dardar!..
    Maz fır-fır qır...
    Ə d ə b i i ş ç i. Əlvida, əziz dostlar!.. (Ayağının altındakı kürsünü yıxmaq istəyir.)
    B a ş r e d a k t o r. Bir dəqiqə!..
    K a t i b ə. O əsl məhəbbət aşiqidi! (Bərkdən hönkürür.) Acı taleyim mənim!..
    B a ş r e d a k t o r. Bir dəqiqə! Axı, kimdi sizə mane olan?
    Ə d ə b i i ş ç i. Ürəksiz, şövqsüz, buz qəlbli valideynlər!
    B a ş r e d a k t o r. Valideynlər?
    Ə d ə b i i ş ç i. Bəli! O amansız insanlar!
    Panteleymon Polikarpoviç(diqqətlə Ədəbi işçiyə baxaraq öz-özünə). On oçen paxoj na pakoynoqo, Allax ona raxmat versin, dallak Usta Ibraqima Ardabili, kotorıy sorok let bril moyu qolovu... Tayno pil silno, ruka treslas u neqo, kak rıba, vınutaya iz vodı. Svoloç, Allax raxmat versin, odnajdı manin başını da kasdi, vot zdes. (Öz gicgahının üstünü tamaşaçılara göstərir.) Qan axdı seloye vedro... Neujeli eto on?
    B a ş r e d a k t o r. Axı, niyə? Valideynlər niyə belə edir?
    S i y a s i i c m a l ç ı (istehza ilə tamaşaçılara). Hm... Doğrudan da, görəsən niyə?
    Ə d ə b i i ş ç i. Əlvida!.. (Ayağının altındakı kürsünü kənara itələmək istəyir.)
    K a t i b ə. Pojarnını çağırın! (Qışqırır.) Pojarnı!..
    M ə s u l k a t i b. Oğlum, şair, bir dəqiqə dayan. Hörmətli Baş redaktorumuza səbəbini söylə, qoy məsələdən agah olsun, sonra get də! Vallah, o mənfur sovet hökumətinin vaxtında baş redaktora belə hörmətsizlik etməzdilər! Nə olub axı? Onsuz da, hər şey düzələcək, çətini ölənəcəndi!..
    Ə d ə b i i ş ç i. Yox, mən bunun səbəbini deyə bilmərəm!
    S i y a s i i c m a l ç ı (tamaşaçılara). Əlbəttə, əsl səbəbi deyə bilməz!.. (Ədəbi işçiyə baxaraq öz-özünə.) Kimdi sənə bu icazəni verən?..
    B a ş r e d a k t o r. Niyə deyə bilmirsiz?
    Ə d ə b i i ş ç i. Çünki bu yerdə söz acizdi! Mən bu dərdi sözlə deyə bilmərəm, gərək sazla deyəm, sazla!
    B a ş r e d a k t o r. Mən indi bu iki daşın arasında sazı hardan tapım verim sizə? (Öz-özünə, əsəbi) Vallah, elə mənim də işim qalıb Allah ümidinə! Heç olmasa, bunu normal bir adam hesab edirdim, bu da belə.. Bu cür necə işləmək olar? Bunlar necə insanlardı? Nə olub bunlara, ay Allah? Niyə bu günə düşüb bunlar? Panteleymon Polikarpoviç (bir anlıq romantik xatirələrə dalaraq öz-özünə). Eh... Manda proşlı jiznda uşaq vaxtı qozal tar çalmaq vardı... (Cibindən çıxartdığı dəsmalla gözlərinin yaşını silir və bərkdən burnunu təmizləyir.)
    Ş ö b ə m ü d i r i (əli ilə Panteleymon Polikarpoviçi göstərərək, yavaşdan öz-özünə). Ən çox mənfi şüalar, bax, bu adamdan gəlir!..
    Ə d ə b i i ş ç i. Əlvida!..
    K a t i b ə (qışqırır). Pojarnı!..
    M ə s u l k a t i b. Dayan, oğlum, şair!.. (Baş redaktora işarə ilə) Bu kişi təkbaşına, minbir əzab-əziyyətlə, qısa bir vaxtda bu redaksiyanı təsis etdi, bu çətin vaxtda bizə çörək verdi!.. Bütün fikri-zikri xalqa xidmət etməkdi! Həyatı da, bu iki ayda bizim gözümüzün qabağındadı!.. Aydan arı, sudan durudu!.. Mən otuz doqquz Baş redaktor görmüşəm, amma bu qədər təmənnasız işləyən, millətə xeyir vermək istəyən, əlindən gələni əsirgəməyən...
    B a ş r e d a k t o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil...
    M ə s u l k a t i b (sözünə davam edərək). ... əsirgəməyən, savadlı, dünyadan xəbərdar olan
    Baş redaktor görməmişəm!
    B a ş r e d a k t o r (çox ciddi). Sizdən çox xahiş edirəm! Belə sözlərə ehtiyac yoxdu!
    M ə s u l k a t i b. Ay oğlum, Baş redaktor, mən dəvəsi ölmüş ərəbəm, hay-hayım gedib, vayvayım qalıb, bəs mənim nə ehtiyacım var bu sözlərə? Mənfur sovet vaxtı deyil ki, yalandan tərifləyim, ya da yalandan adamın üzünə durum... Indi demokratiyadı... Olanını deyirəm də!..
    Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Deyəsən, başqa tərəfə döndülər... (Pıçıltı ilə) Qud! Qud! Dır bir mır qor-qor? Aha!.. Aydındır!.. Deməli, hələlik planlar dəyişir. Əla!.. (Pıçıltı ilə) Fi qı tır!..
    Ə d ə b i i ş ç i. Əlvida!..
    K a t i b ə (bərkdən hönkürə-hönkürə). Qoymayın!.. Pojarnı!..
    M ə s u l k a t i b (əsəbi halda ədəbi işçiyə). Heç olmasa, bu son məqamda mərifətin olsun! Dayan, qoy mən danışım, sonra xoş getdin! (Baş redaktora) Bu, səhərdən axşamacan «Simuzər» poemasını bərkdən oxuyur, düzdü, poema hələ yarımçıqdı, amma oradan belə məlum olur ki...
    B a ş r e d a k t o r (onun sözünü kəsərək). Necə? Mən bundan əvvəlki ədəbi işçini güc-bəla ilə işdən azad elədim ki, iş görmək əvəzinə boş-boş şerlər yazır. Indi bir həftədi bunu götürmüşəm işə. Hörmətli ziyalılara müraciət etdim, bunu məsləhət gördülər, operativ jurnalistdi dedilər, indi bu da şair çıxıb?
    K a t i b ə (daha da bərkdən zırıldayır). Bəs, siz məhəbbəti nə bilirsiz?! Panteleymon Polikarpoviç. Net, on ne şair! Nastoyaşi şer man qorsadar siza!
    B a ş r e d a k t o r (Panteleymon Polikarpoviçə). Çto?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Sami uvidete!..
    Ə d ə b i i ş ç i. Əlvida!
    M ə s u l k a t i b (qışqırır). Dayan! (Tələsik Baş redaktora) Deməli, belədi. (Barmağı ilə
    Ədəbi işçini göstərir.) Bunun atası mənfur sovet vaxtı partokrat idi, sonra dönüb cəbhəçi olub. Qızın atası, yəni Simuzərin atası əvvəlcə cəbhəçi olub, sonra keçib kommunistlərin tərəfinə. Indi birbirlərilə düşməndilər... Xüsusən də gələcək qaynanası! (Ədəbi işçiyə) Hə, xudahafiz, day gedə bilərsən!..
    Ə d ə b i i ş ç i. Əlvida! Məni şəklimə baxıb xatırlamayın, xatırlayıb şəklimə baxın!..
    Ürəyimdən axır qanlı sular
    Getdim,Simuzər, əlvida, ey yar!..
     (Ayağının altındakı kürsünü kənara itələmək istəyir.)
    K a t i b ə. Ah, xoşbəxt Simuzər!..
    B a ş r e d a k t o r. Bir dəqiqə!
    Ə d ə b i i ş ç i. Yox, məni fikrimdən döndərmək mümkün deyil!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (diqqətlə Ədəbi işçiyə baxaraq öz-özünə). Da, bu toçno dallak Usta Ibraqim Ardabili, moy parixmaxer! Svoloç, başımı bark kasdi... Qan mnoqo axdı... Ostalsya takim je upryamım oslom! Allax raxmat versin!..
    B a ş r e d a k t o r. Bir dəqiqə!
    Ə d ə b i i ş ç i. Qəti mümkün deyil!
    S i y a s i i c m a l ç ı (istehza ilə öz-özünə). Guya ki, öz fikrilə oturub-durur...
    Ə d ə b i i ş ç i. Əlvida, sevimli günəşim mənim, ayım mənim, sayrışan ulduzlarım mənim, dənizim mənim! Əlvida, əziz Bakım mənim! Şair könlüm sizi də Simuzərlə bərabər sevirdi!
    B a ş r e d a k t o r. Deməli, siz əsl şair deyilsiniz!
    Pauza.
    Ə d ə b i i ş ç i. Nə? Nə dediniz?
    K a t i b ə. Vay!..
    Ə d ə b i i ş ç i. Mən əsl şair deyiləm?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Koneçno...
    Ə d ə b i i ş ç i. Hə?
    B a ş r e d a k t o r. Bəli! Siz əsl şair deyilsiniz! Əgər siz əsl şair olsaydınız, «Simuzər» poemasını yarımçıq qoyub özünüzü asmazdınız!
    Gərgin pauza.
    Ə d ə b i i ş ç i (qəfil bir ehtirasla, şövqlə). Mən onu bitirəcəyəm!.. (Kəndiri çılçıraqdan açmağa başlayır.) Mən «Simuzər»i yarımçıq qoymayacağam! (Kəndiri tamam açıb çıxarır, həlqə boynunda hoppanıb yerə düşür və dərhal da yaradıcılıq fəaliyyətinə başlayır.) Sən mənim... Sən mənim...
    Sən mənim canım, qanım,
    Sevimli, pak nigarım!..
    K a t i b ə. Ah!.. Məhəbbət aşiqi!..
    Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxa-baxa pıçıltıyla). Dar bar? Zar-zar!.. Zar-zar!..
    B a ş r e d a k t o r (əsəbi). Bəsdi! Qurtardı daha bu komediya oyunları! Hərə öz işi ilə məşğul olsun! Mən sizə, hamınıza çox ciddi xəbərdarlıq edirəm! Xalqın, millətin bu günündə biz burda oturub boş-boş işlərlə məşğul ola bilmərik. Buna bizim mənəvi haqqımız yoxdu! Kim şer yazır, işdən sonra gedib yazsın! Kim sevmək istəyir, işdən sonra gedib kimi istəyir, nəyi istəyir, sevsin! Kim özünü öldürmək istəyir, zəhmət çəkib işdən sonra özünü öldürsün. Eşitdiz də?
    Hərə öz yerində oturub kağız-kuğuzla məşğul olmağa başlayır. Kəndir eləcə Ədəbi işçinin boğazındadı və o hələ «Simuzər»namə aləminin sehrindən çıxmayıb, pıçıltıyla barmaqhesabı hecaları sayır. Yalnız Məsul katib Baş redaktoru ötürür və işıq ancaq onların üzərinə düşür.
    M ə s u l k a t i b. Darıxmayın... Düzələcək, hər şey düzələcək..
    B a ş r e d a k t o r (bir ürək yanğısı ilə). Bəs, axı, nə vaxt düzələcək?
    M ə s u l k a t i b. Öləndən sonra!
    B a ş r e d a k t o r (ayaq saxlayır). Nə? Öləndən sonra?
    M ə s u l k a t i b. Bəli...
    B a ş r e d a k t o r. Öləndən sonra nə düzələ bilər?
    M ə s u l k a t i b. Hər şey! Oğlum, Baş redaktor, çətini ölənəcəndi, sonra hər şey düzələcək... (Yavaşdan) Sizdən nə gizlədim... Elə mən də özümü öldürəcəyəm...
    B a ş r e d a k t o r (təəccüblə). Siz özünüzü öldürəcəksiz?
    M ə s u l k a t i b. Bəli. (Ədəbi işçiyə işarəylə) Amma belə yox e-e-e...
    B a ş r e d a k t o r. Siz niyə özünüzü öldürürsiz?
    M ə s u l k a t i b. Əşşi, ay oğlum, Baş redaktor, belə həyat olar, belə yaşamaq olar? Allahın şirin çaxırını da day nisyə vermirlər! Pul yox, para yox, dolanmaq mümkün deyil... Evə gedib zəngi basırsan, arvad-uşaq qapını açıb əvvəlcə əlivə baxırlar, sonra üzüvə... Yaşamağın mənası yoxdu...
    B a ş r e d a k t o r (təsirlənmiş və narahat). Eybi yox... Siz dünyagörmüş adamsız... Həmişə belə davam etməyəcək ki... Səbr edin!..
    M ə s u l k a t i b. Vallah, day səbr edə bilmirəm!.. Yetmiş ildi səbr edə-edə gəlirəm... Mümkün deyil daha!.. Əhmədə borcluyam, Məmmədə borcluyam, Həsənə borcluyam!.. Daha dözə bilmirəm! (Dərindən ah çəkir.) Öldürəcəyəm özümü!
    B a ş r e d a k t o r (ciblərini qurdalayıb bir şey tapmayaraq son dərəcə təsirlənmiş və pərişan). Eybi yox, Allah kərimdi!..
    M ə s u l k a t i b. Dərd burasındadı ki, Kərimə də borcluyam!..
    Baş redaktor matı-qutu qurumuş halda ona baxır. Bəli! Kərimə də borcluyam!
    Bu vaxt işıq Katibənin üzərinə düşür və Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə Baş redaktorla Məsul katibin qarşısından keçib səhnədən çıxır.
    B a ş r e d a k t o r. Bu niyə belə edir?
    M ə s u l k a t i b. Allah bilir...
    B a ş r e d a k t o r (özünü saxlaya bilməyib qışqıra-qışqıra). Boje moy!.. Boje moy!.. (Sürətli addımlarla səhnədən çıxır.)
    İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL


    P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.
    Səhnə qaranlıqdır. Və qaranlıqda səslər.
    P r o f e s s o r u n s ə s i. Yoxdur! Heç harada yoxdur!..
    Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Darıxmayın, Professor! Darıxmayın!..
    Irəlidə Professor və ardınca da Şəfqət bacısı sürətlə səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.
    P r o f e s s o r (təngnəfəs). Yox! Biz onu tapa bilməyəcəyik!..
    Ş ə f q ə t b a c ı s ı (cidd-cəhdlə onu sakitləşdirmək istəyir). Taparıq!.. Taparıq!..
    P r o f e s s o r. Yox! Mən bilirəm! Mən onu yaxşı tanıyıram! O elə gizlənib, elə maskalanıb ki, biz onu tapa bilməyəcəyik! Biclikdə o, şeytana papış tikər!..
    Ş ə f q ə t b a c ı s ı. Taparıq, Professor! Əsəbiləşməyin! Sizə əsəbiləşmək olmaz!
    P r o f e s s o r. Aman Allah! Mənim həyatım birdən-birə necə də mənasız oldu!
    Ş ə f q ə t b a c ı s ı. Yox! Mən qoymaram ki, siz ruhdan düşəsiz! Bədbinliyə qapılasız! Əgər siz belə olsaz, onda biz adi bəndələrin axırı necə olar?!
    Çantasından axtarıb həb çıxarır və Professor həbi görən kimi qaçmaq istəyir, amma Şəfqət bacısı həbi zorla onun ağzına basır. Biz onu tapacağıq!
    P r o f e s s o r (həbi uda-uda). Siz buna inanırsız?
    Ş ə f q ə t b a c ı s ı. Əlbəttə, inanıram!
    P r o f e s s o r. Onda gedək!
    Ş ə f q ə t b a c ı s ı (ruh yüksəkliyi ilə). Gedək, Professor, gedək!..
    P r o f e s s o r (ruh yüksəkliyi ilə). Gedək yenə axtaraq! Hardasan, mənim əziz dəlim!
    Ş ə f q ə t b a c ı s ı. Bəli, Professor! Gedək yenə axtaraq! Biz yorulmayacağıq! Gedək gələcəyə doğru!
    Sürətlə səhnədən çıxırlar.
    İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    Baş redaktorun kabineti. B a ş r e d a k t o r, K a t i b ə, Ş ö b ə m ü d i r i, Ə d ə b i i ş ç i. Baş redaktor yazı mizinin arxasında oturub kağız-kuğuza baxır.
    B a ş r e d a k t o r. Bu dünya niyə bu günə qalıb? Bu insanlara nə olub belə? Kimə zəng eləyirsən, hara müraciət eləyirsən, elə sözlər, elə fikirlər eşidirsən ki, lap mat qalırsan!.. Bəlkə minilliyi dəyişmək ərəfəsindəyik, ona görə də təbiət insanlara təsir edir?.. Deyəsən, mən də yavaşyavaş mistikaya qapılıram... Hər halda, mənim müşahidələrim deyir ki, təkcə bizim gözəl respublikamızda yox, bütün dünyada nəsə bir proses gedir, amma bizim xəbərimiz yoxdu... Biz bunun fərqinə varmırıq... Mən özüm də qabaqlar buna bu dərəcədə fikir verməzdim, amma indi, vallah, adam heç bilmir ki, neyləsin?.. Az qalırsan özündən də şübhələnəsən... (Mizin yeşiyini çəkib güzgü çıxarır və diqqətlə özünə baxır, sonra dilini çıxarır.) A-a-a!... A-a-a!.. (Güzgünü yerinə qoyub zəngin düyməsini basır.)
    Katibə içəri girir.
    K a t i b ə. Bəli.
    B a ş r e d a k t o r. Zəhmət olmasa, Şöbə müdirini çağırın.
    K a t i b ə. Baş üstə!
    Pauza.
    B a ş r e d a k t o r. Bəs niyə gedib çağırmırsız?
    K a t i b ə. Bu saat!
    Pauza.
    Gedirəm... (Qollarını quş qanadı kimi yelləməyə başlayır.)
    B a ş r e d a k t o r (heyrətlə). Siz yenə nə edirsiz? Bu nə oyundu belə?
    K a t i b ə (özünü itirmiş və həyəcanlı). Bağışlayın!.. Üzr istəyirəm... Ancaq...
    B a ş r e d a k t o r (hirsli). Nə ancaq?
    K a t i b ə. Mən... Mən sizə deyəcəyəm... Mən bunu heç kimə deməmişəm, amma sizə deyəcəyəm... Siz elə təmiz insansız... Elə sadəsiz... Elə müdriksiz... Birinci dəfədi mən belə müdir görürəm... Heç... Heç adama baxmırsız da... (Daha artıq həyəcanlı) Mən sizə deyəcəyəm...
    B a ş r e d a k t o r (səbrsiz). Axı, nəyi?
    K a t i b ə. Bilirsiz... Mənə... Mənə elə gəlir ki... Mənə elə gəlir ki... mən quşam!..
    B a ş r e d a k t o r. Nə?
    K a t i b ə. Quş!..
    B a ş r e d a k t o r. Nə quş?
    K a t i b ə. Qırqovul...
    Pauza.
     (Həyəcanlı) Qorxuram!.. Qorxudan ölürəm... Metroya minəndə də, küçəylə gedəndə də, burada da qorxuram... Qorxuram ki, adamlar tutub məni yeyərlər!.. (Kövrəlir.) Pauza.
    B a ş r e d a k t o r (birdən-birə mülayimləşir). Qulaq asın!.. Siz cavan, gözəl bir xanımsız!.. Siz nə üçün quş olursuz, qırqovul olursuz? Axı... axı, sizin atanız insandı, ananız insandı, deməli, siz də insansız! Axı... quşun tükü olar...
    K a t i b ə (tələsik). Yox!.. Yox!.. Mənim tüküm yoxdu! Mən... mən tüksüz qırqovulam!
    B a ş r e d a k t o r (təkidlə). Deyilsiz!.. Qırqovul meşədə olar, çay qırağında olar... Siz bu fikirləri başınızdan çıxarın! Mən başa düşürəm, indi çətin zəmanədi, nəhəng bir imperiya, SSRI deyilən imperiya dağılıb, bu böyük bir kataklizmdir, zəlzələdi, özü də təkcə siyasət aləmində, dünyanın geosiyasi xəritəsində, ictimai həyatda yox, güzəranda da, adi məişətdə də bir zəlzələdir. Ancaq biz öz müstəqilliyimizi qazandıq. Müstəqilliyimiz hələ çox kövrək addımlarını atır, yaşayış çətinləşib, insanların əsəbləri tarıma çəkilib... Amma sizin gələcəyiniz hələ irəlidədi! Siz insanlardan qorxmayın! Əksinə, sevin insanları! Sizin qəlbinizdə gərək məhəbbət olsun!.. Sevgi olsun!.. Əgər belə olsa, onda sizi də sevəcəklər! Sizə də məhəbbət bəsləyəcəklər... Həyat həmişə belə çətin olmayacaq ki!.. Mən dedim, bəli, böyük bir imperiya, ikiüzlü bir cəmiyyət, yalançı və qorxunc bir ideologiya tar-mar olub. Bilirsiz, indi bizim respublika çağa kimi bir şeydi. Onun da ayağı yer tutacaq, o da böyüyəcək, güclənəcək! O zaman siz də daha taleyinizə kor deməyəcəksiz!.. Siz gözəl bir ana olacaqsız! Sizin övladlarınız azad, müstəqil, varlı bir respublikanın vətəndaşları olacaqlar! Bununçün gərək biz hamımız əl-ələ verək, çalışaq!.. Uzaqlaşdırın özünüzdən boş fikirləri! Onlar sizə yaraşmır!..
    K a t i b ə. Siz necə də gözəl sözlər deyirsiz... Adam sizə inanmaq istəyir...
    B a ş r e d a k t o r. Əlbəttə, inanın! Sizin bütün gələcəyiniz hələ irəlidədi!..
    K a t i b ə. Mən daha adamlardan qorxmayım?
    B a ş r e d a k t o r. Əlbəttə, qorxmayın!
    K a t i b ə. Mən daha qırqovul deyiləm?
    B a ş r e d a k t o r. Yox! Siz heç vaxt qırqovul olmamısız! Indi də qırqovul deyilsiz! Siz cavan, gözəl qızsız!
    K a t i b ə (ruh yüksəkliyi ilə). Çox sağ olun! Bu saat gedib Şöbə müdirini çağırım! (Qollarını qaldırıb quş qanadı kimi yelləmək istəyir, amma tez də aşağı salır.) Yox! Mən daha qırqovul deyiləm! (Gedir.)
    B a ş r e d a k t o r. Yazıq qızcığaz... (Qarşısındakı kağız-kuğuza baxır.)
    Şöbə müdiri içəri daxil olur.
    Ş ö b ə m ü d i r i. Salam.
    B a ş r e d a k t o r. Salam. Buyurun, əyləşin.
    Şöbə müdiri Baş redaktorla üzbəüz əyləşib.
    Ş ö b ə m ü d i r i (cibindən blaknot, qələm çıxarır). Eşidirəm sizi. Nə tapşırıqdı?
    B a ş r e d a k t o r. Yox, bu dəfə tapşırıq deyil... Bilirsiz, mən istəyirəm sizinlə ciddi söhbət edim... Indi elə bir zamandı ki, biz gərək ikiqat məsuliyyət hiss edək. Nizam-intizam olmayan yerdə heç nə etmək mümkün deyil. Mən çox təəssüf edirəm ki, bu şablon sözləri sizə deməyə məcburam... Mən sizi ciddi bir adam kimi tanıyıram. Amma bəzən işdən çıxıb gedirsiz, heç kimə də heç nə demirsiz... Dünən də bütün günü işdə olmamısız...
    Ş ö b ə m ü d i r i. Bəli...
    B a ş r e d a k t o r. Yenə də heç kimə heç nə deməmisiz...
    Ş ö b ə m ü d i r i. Tələsik oldu, macal tapmadım...
    B a ş r e d a k t o r. Hara getmişdiz ki?
    Pauza.
    Ş ö b ə m ü d i r i (gərgin). Düzünü deyim?
    B a ş r e d a k t o r. Əlbəttə!
    Ş ö b ə m ü d i r i. Sizə demək olar... Sizdən müsbət şüalar gəlir...
    B a ş r e d a k t o r. Nə?
    Ş ö b ə m ü d i r i. Bəli, sizdən müsbət şüalar gəlir... Sizə demək olar...
    Pauza.
    Ş ö b ə m ü d i r i (başını ehmallıca yuxarıya tərəf tərpədir). Orada idim...
    B a ş r e d a k t o r (bir şey anlamadan). Harada, «orada»?
    Ş ö b ə m ü d i r i. Orada də... (Yenə başını yuxarı atır.)
    B a ş r e d a k t o r (tavana baxır, sonra Şöbə müdirinə baxır, təzədən tavana baxır və yenə heç nə başa düşmür). Siz aydın deyə bilmirsiz ki, harada?
    Pauza.
    Şöbə müdiri ayağa qalxıb Baş redaktora yaxınlaşır və onun qulağına nəsə pıçıldayır.
    B a ş r e d a k t o r (gözləri bərəlmiş haldı). Nə? Şöbə müdiri yenə Baş redaktorun qulağına nəsə pıçıldayır.
    B a ş r e d a k t o r (heyrət və həyəcandan udquna-udquna). Ve... Venerada?
    Ş ö b ə m ü d i r i. Bəli!
    B a ş r e d a k t o r (əli ilə tavanı göstərərək). Yəni o Venerada?
    Ş ö b ə m ü d i r i. Bəli! Bəli!
    Pauza.
    B a ş r e d a k t o r (gizli bir ümidlə). Zarafat edirsiz, hə?
    Ş ö b ə m ü d i r i. Xeyr. Nə zarafat, canım? Belə şeylərlə zarafat eləmək olmaz! Onlar belə zarafatı xoşlamırlar!
    Pauza.
    B a ş r e d a k t o r (əli ilə yuxarını göstərir). Onlar, hə?
    Ş ö b ə m ü d i r i. Bəli, onlar! Sır ba babır far mar-mar...
    B a ş r e d a k t o r. Nə?
    Ş ö b ə m ü d i r i. Far-far qır!.. Siz hələ bunu başa düşməzsiz! Bu sar-sar dilidir!..
    B a ş r e d a k t o r. Sar-sar dili...
    Ş ö b ə m ü d i r i. Bəli, sar-sar dili!.. Fır tır dınq-dınq! Bu, kosmosdan gəlib... Hələlik yer kürəsində bu dili dörd nəfər bilir: biri Rusiyada – Kremldə oturur, amma adını deməyəcəyəm, biri Monqolustanda, biri də mən!
    B a ş r e d a k t o r. Bəs dördüncüsü?
    Ş ö b ə m ü d i r i. Onun yaşadığı yeri demək olmaz. O bu gün növbətçidi... (Səhnənin ortasına tərəf gələrək üzünü tamaşaçılara tutur.) Eh, bədbəxt insanlar... Əgər siz sar-sar dilini bilsəydiniz, həyat sizin üçün nə qədər də asan olardı... Mən bilirəm, sizin dərdiniz-səriniz çoxdu... Dərdiniz-səriniz çoxdu, pulunuz isə yoxdu! Eybi yox, vaxt gələcək, hər şeyi biləcəksiz! Özü də lap az qalıb! (Yenidən qayıdıb Baş redaktorun qarşısında dayanaraq) O zaman sizin üçün də asan olacaq, çünki sizdən müsbət şüalar gəlir. Sar-sar dilini də öyrənəcəksiz! Mən artıq o dilin lüğətinin birinci cildini yazıb qurtarmışam. Min yeddi yüz otuz doqquz səhifədir. Indi ikinci cildin üzərində işləyirəm. Vaxt! Vaxt çatışmır, vaxt!
    B a ş r e d a k t o r (heyrətlə). Min yeddi yüz otuz doqquz səhifə?..
    Ş ö b ə m ü d i r i. Bəli!
    B a ş r e d a k t o r. Gör bu adam nə qədər əziyyət çəkib, Allah!..
    Ş ö b ə m ü d i r i. Bəli! Bu mənim yuxusuz gecələrimin bahasınadı!..
    Pauza.
    Mən başa düşürəm! Siz indi fikirləşirsiz ki, gör boş yerə, havayı yerə nə qədər əzab-əziyyət çəkib... Fikirləşirsiz ki, bunun əvəzinə nə qədər xeyirli işlər görmək olardı!.. Siz elə bilirsiz ki, mən dəli olmuşam... Ancaq az qalıb! Birazdan siz hamınız hər şeyi başa düşəcəksiz! Onda məlum olacaq ki, kim dəliydi, kim ağıllı...
    B a ş r e d a k t o r. Bir azdan nə olacaq ki?
    Ş ö b ə m ü d i r i. Gəlirlər!
    B a ş r e d a k t o r (əlini yuxarı qaldırır). Onlar?
    Ş ö b ə m ü d i r i. Bəli! Artıq uçublar! Tam-bır-dırın qərarı ilə başqa yerə dönüblər, orda işlərini qurtarıb gələcəklər!
    B a ş r e d a k t o r. Tam-bır-dır nədir?
    Ş ö b ə m ü d i r i. Kosmik Milli Məclis.
    B a ş r e d a k t o r. Hansı işlərini görüb gələcəklər?
    Ş ö b ə m ü d i r i. O-o-o!.. Bu uzun söhbətdi!.. Bunu dərk etmək üçün gərək (Yuxarıya işarə edir) onlarla əlaqədə olasız...
    B a ş r e d a k t o r. Siz birinci dəfədi Veneraya uçursuz?
    Ş ö b ə m ü d i r i. Yox, canım... Birinci dəfə nədi?.. On üçüncü dəfədir! Əvvəllər Saturnda yığışırdıq.
    Baş redaktor. Saturn...
    Ş ö b ə m ü d i r i. Bəli. Birisi gün orda yenə görüşüm var... Indidən sizi xəbərdar edirəm, işə gələ bilməyəcəyəm...
    B a ş r e d a k t o r. Kimlədi görüşünüz?
    Ş ö b ə m ü d i r i. Leninlə.
    B a ş r e d a k t o r. Vladimr Iliç Leninlə?
    Ş ö b ə m ü d i r i. Bəli, Valodyayla.
    B a ş r e d a k t o r. Axı, Lenin yetmiş ildən artıqdı ölüb...
    Ş ö b ə m ü d i r i. Xeyr! Sizə elə gəlir ki, ölüb! Siz elə hesab edirsiz! Mən Valodyayla düz on altı dəfə görüşmüşəm! (Mühüm bir xəbər verirmiş kimi, pıçıltıyla) Özü də onun Azərbaycandan xoşu gəlir! Ermənistanı sevmir! Deyir ki, ermənilər... (Əyilib Baş redaktorun qulağına nəsə pıçıldayır.) Bəli!
    B a ş r e d a k t o r. Lap elə belə deyir?
    Ş ö b ə m ü d i r i. Indiyə qədər mənim dilimə yalan gəlməyib! Biləsiz bunu!
    B a ş r e d a k t o r. Sizin arvadınızın bu uçuşlardan xəbəri var?
    Ş ö b ə m ü d i r i. Əlbəttə! Biz ailəvi uçuruq!
    Pauza.
     (Qəflətən pəncərəyə tərəf baxır. Yavaşdan) Par-par mar qır? Dabı! Dabı! Yaxşı. Bu saat... (Baş redaktora) Məni kontakta çağırırlar.
    Baş redaktor taqətsiz halda barmağını yuxarı qaldırır, yəni ki, onlar?
    Bəli, onlar! Mən gedə bilərəm?
    Baş redaktor razılıqla başını tərpədir. Şöbə müdiri gedir və birdən qapının ağzında dayanıb sərt bir hərəkətlə Baş redaktora tərəf dönür.
    Ş ö b ə m ü d i r i. Siz daha hər şeyi bilirsiz! Siz məni işdən də çıxara bilərsiz, əlbəttə! Çünki fikirləşirsiz ki, bunun başı xarab olub! Lenin ölüb, amma bu Leninlə görüşür... Yox, hörmətli Baş redaktor, qəzetimizin hörmətli təsisçisi, ağıllı insan! Həyat yalnız sizin bu miskin yer kürənizdən ibarət deyil! (Istehza ilə) Oksigen olmasa, həyat mümkün deyil... (Gülür.) Nə qədər primitiv bir təfəkkür!.. Yox! Həyat genişdir! Intəhasızdır! Sonsuzdur! Siz insanların ibtidai düşüncə tərzinin fövqündəsiz! Vaxt gələcək, bunu başa düşəcəksiz! Dərk edəcəksiz! Indi isə, eybi yox, məni dəli hesab edin!.. Bəli! Elə bilin ki, mən dəliyəm! Təskinlik tapın!.. (Çıxır.)
    Baş redaktor taqətsiz halda oturduğu kresloya sərilir.
    Pauza.
    Ədəbi işçi qapıdan başını içəri uzadır.
    Ə d ə b i i ş ç i. Icazə olar? (Içəri girir və gəlib Baş redaktorun qarşısında dayanır.) Mən sizə təşəkkür eləməyə gəlmişəm, cənab Baş redaktor. «Simuzər» poeması üzərindəki işimi müvəffəqiyyətlə davam etdirirəm! O artıq epopeyaya çevrilir!
    B a ş r e d a k t o r (tamam taqətsiz). Mübarək olsun...
    Ə d ə b i i ş ç i. Təşəkkür edirəm, cənab Baş redaktor! Mən sizə çox minnətdaram! Təkcə mən yox, gələcəyin bütün oxucuları sizə minnətdardırlar! Mən Simuzərin də minnətdarlığını sizə çatdırıram! Özü xüsusi gəlib sizinlə görüşəcək! Çünki siz olmasaydınız, «Simuzər» poeması yarımçıq qala bilərdi... Tarix isə bunu mənə bağışlamazdı! Mən bura siyasi motivlər də əlavə etmişəm. Azadlıq uğrunda mübarizəmizin etapları! Bizə qarşı siyasi hiyləgərlik işlədən böyük dövlətlərin iç üzü! Kommunistlərin ifşası! Jirinovskinin də payını vermişəm! Ancaq bütün bunlara baxmayaraq, biz qalib gələcəyik! Simuzər də belə düşünür!
    B a ş r e d a k t o r (eyni taqətsizliklə). Çox gözəl...
    Ə d ə b i i ş ç i. Sizi ürəkdən sevindirmək istəyirəm: biz artıq valideynlərimizlə də barışmışıq!
    B a ş r e d a k t o r (taqətsiz). Təbrik edirəm...
    Ə d ə b i i ş ç i. Təşəkkür! Təşəkkür! Təkcə... təkcə qayınanamla barışmaq mümkün deyil! Ah! Bircə onunla dil tapa bilmirik! O bizim həyatımızı məhv edir!..
    B a ş r e d a k t o r (taqətsiz). Birtəhər yola verin...
    Ə d ə b i i ş ç i. Eh!.. Siz xoşbəxtlikdən danışırsız, cənab Baş redaktor! (Qızğın halda) Mümkün deyil!.. Daha nələr etmirik!.. Mən də, Simuzər də!.. Ancaq heç cürə mümkün deyil! Siz mənim qayınanamı tanımırsız!.. Əslində o... (Susur.)
    Pauza.
    Əslində o... (Susur.)
    B a ş r e d a k t o r (səbrsiz). Nə? Əslində o nədi?
    Ə d ə b i i ş ç i. Əslində o... kişidi!
    Pauza.
    Baş redaktor (qəflətən ayağa sıçrayıb qışqırır). Dəlixanadı bura!.. Dəlixana!.. Dəlixana!.. (Qaça-qaça səhnədən çıxır.)
    Ə d ə b i i ş ç i (sidq-ürəkdən təəccüb içində). Buna nə oldu belə?! Mən bunu normal adam bilirdim...
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.
    Səhnə qaranlıqdır. Professorun və Şəfqət bacısının həyəcanlı səsləri eşidilir.
    P r o f e s s o r u n s ə s i. Burada da yoxdur! Mən sizə dedim! Dedim ki, onu tapa bilməyəcəyik! Bu mümkün olan şey deyil!
    Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Əsəbiləşməyin! Xahiş edirəm, yalvarıram sizə, Professor, əsəbiləşməyin!
    Əvvəlcə Professor, sonra da Şəfqət bacısı sürətlə səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.
    P r o f e s s o r. Mən bilirdim! Axı, o dünyanın ən ağıllı dəlisidi!
    Ş ə f q ə t b a c ı s ı. Ah, Professor!.. Sizi bu cürə əzab içində görmək, bilsəydiz, mənim üçün nə qədər ağırdır!.. Ruhdan düşməyin! Biz onu tapacağıq!
    P r o f e s s o r. Daha Elmlər Akademiyası qalmadı, dövlət universitetləri qalmadı, özəl universitetlər qalmadı, siyasi partiyalar qalmadı! Əvəzində isə mənim tədqiqatlarım, mənim müalicəm yarımçıq qaldı!
    Ş ə f q ə t b a c ı s ı. Yox! Heç vaxt! Mən buna imkan verə bilmərəm! Biz onu tapacağıq! Bakı böyük şəhərdir, Professor!
    P r o f e s s o r. Ürəyim deyir ki, mən onu əbədi itirmişəm! Aman Allah, onda mənim həyatımın nə mənası?!
    Ş ə f q ə t b a c ı s ı (sarsılmış halda). Nə mənası? Yəni sizin həyatınızın nə mənası?! Siz nə danışırsız, Professor? Sizin həyatınız bəşəriyyətin sərvətidi! Axı, bunu heç kim bilməsə də, mən yaxşı bilirəm!
    P r o f e s s o r (könülsüz). Lazım deyil...
    Ş ə f q ə t b a c ı s ı. Siz necə də cəfakeşsiniz!.. Necə də sadəsiz! Təvazökarsız! (Birdən-birə ehtizaza gələrək) Mütləq! O mütləq tapılacaq! Yəni biz bir dəlini tapa bilməyəcəyik? Aya uçmayıb ki!..
    P r o f e s s o r (dərindən ah çəkərək). Eh!.. Ondan nə desən çıxar!..
    Ş ə f q ə t b a c ı s ı. Yox! Qoy o dünyanın ən hiyləgər dəlisi olsun! Ancaq biz onu tapacağıq! Göyə də uçsa, yerə də batsa, onu tapacağıq!
    P r o f e s s o r (yeni bir ümidlə). Doğru deyirsiz?
    Ş ə f q ə t b a c ı s ı (alovlu bir ehtirasla). Əlbəttə!
    P r o f e s s o r (əlini ürəyinin üstünə qoyur). Of-f-f!..
    Şəfqət bacısı tələsik çantasından bir həb çıxarır.
    Professor həbi görəndə qaçmaq istəyir, amma Şəfqət bacısı həbi zorla onun ağzına basır.
    Ş ə f q ə t b a c ı s ı. Gedək!.. Gedək onu tapmağa!..
    P r o f e s s o r (boğazındakı həbi udmağa çalışaraq). Gedək...
    Sürətlə səhnədən çıxırlar.
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

    Baş redaktorun kabineti. B a ş r e d a k t o r, K a t i b ə,
    S i y a s i i c m a l ç ı.
    Baş redaktor təkdir və həmişəki kimi, yazı mizinin arxasında oturub.
    B a ş r e d a k t o r (diqqətlə qabağındakı materiallara baxır). Bu nədi belə, ay başına dönüm?! Bu nə yazıdı?.. Qəribədi, vallah, adam bilmir ki, nə eləsin...
    Katibə kabinetə girir.
    B a ş r e d a k t o r. Eşidirəm.
    K a t i b ə. Siyasi icmalçı gözləyir. Sizinlə görüşmək istəyir.
    B a ş r e d a k t o r (qarşısındakı kağızlara baxaraq başını bulayır). Elə mən də onunla görüşmək istəyirəm. Qoy gəlsin.
    Katibə. Baş üstə.
    Pauza.
    B a ş r e d a k t o r. Nə oldu? Eşitmədiz?
    K a t i b ə. Eşitdim.
    B a ş r e d a k t o r. Deyin gəlsin.
    K a t i b ə. Baş üstə.
    Pauza.
    B a ş r e d a k t o r (əsəbi). Nə oldu?
    Katibə hər iki qolunu qaldırıb quş qanadı kimi yelləməyə başlayır. (Özündən çıxır.) Yenə? Yenə başladız? Axı... axı, biz sizinlə danışmışdıq!.. Axı, siz inanmışdız ki, quş deyilsiz!.. Siz söz vermişdiz!..
    K a t i b ə (birdən özünə gələrək). Düzdür!.. Düzdür!.. Mən daha quş deyiləm! Qırqovul deyiləm!.. Qırqovul meşədə olar!.. Çay qırağında olar!.. Əlbəttə!.. Bu saat!.. Bu saat!.. (Qollarını aşağı salıb sevincək kabinetdən çıxır.)
    B a ş r e d a k t o r (dərindən nəfəs alır). Çətindi!... Vallah, çox çətindi...
    Siyasi icmalçı kabinetə girir.
    S i y a s i i c m a l ç ı. Icazə olar?
    B a ş r e d a k t o r. Bəli, buyurun, əyləşin.
    S i y a s i i c m a l ç ı (ona yaxınlaşaraq). Əvvəlcə gəlin salamlaşaq. Mən elə hesab edirəm ki, bu tarixi bir görüşdür! Xəstə tələsər, amma armud vaxtında yetişər! Bax, indi həmin vaxt gəlib çatıb! Armud yetişib!
    B a ş r e d a k t o r (təəccüblə). Hansı armud?
    S i y a s i i c m a l ç ı (diqqətlə Baş redaktora baxaraq əlini uzadır). Salam əleyküm!
    Pauza.
    B a ş r e d a k t o r (ayağa qalxaraq Siyasi icmalçı ilə əl tutuşur). Əleyküm salam...
    Pauza.
    Əyləşin...
    Siyasi icmalçı Baş redaktorla üzbəüz əyləşir.
    Sizin mənimlə söhbətiniz var, demişdiz, yadımdadı... Ancaq istəyirəm əvvəlcə mən bir neçə kəlmə deyim... (Qarşısındakı materiala işarə edir.)
    S i y a s i i c m a l ç ı (Baş redaktorun qarşısındakı elə həmin materiala işarə edərək). Belə hesab edirəm ki, söhbətimiz eyni olacaq...
    B a ş r e d a k t o r. Vallah, bilmirəm siz nə söhbəti deyirsiz, ancaq doğrusu... mən sizin (Yenə qarşısındakı materiala işarə edir.) bu beynəlxalq icmalınızı, bir az yumşaq desəm, yaxşı başa düşmədim...
    S i y a s i i c m a l ç ı (həyəcanla). Armud!
    B a ş r e d a k t o r. Necə yəni armud?
    S i y a s i i c m a l ç ı. Armud də! Soruşmurduz ki, hansı armud?
    B a ş r e d a k t o r. Mən deyirəm ki, sizin yazdığınız bu beynəlxalq icmaldan mən heç nə başa düşmədim!
    S i y a s i i c m a l ç ı. Bəli! Elə mən də onu deyirəm... Bu təbiidir...
    B a ş r e d a k t o r. Necə yəni təbiidir?
    S i y a s i i c m a l ç ı (get-gedə artan bir həyəcanla). Mən haçansa həqiqəti bəşəriyyətə bildirməliyəm, ya yox?!. Bəli! Armud yetişib artıq! Qoy bəşəriyyət bilsin və agah olsun! Bütün bəşəriyyət bunu bilməlidi!
    B a ş r e d a k t o r. Axı, nəyi?
    S i y a s i i c m a l ç ı. Həqiqəti!
    Baş redaktor. Hansı həqiqəti?
    S i y a s i i c m a l ç ı. Həqiqət birdi! Vahiddi! Mən sizə demişdim ki, yanınıza gəlib sizlə xüsusi söhbət edəcəyəm! Bəli! Yetişib armud! Bəşəriyyəti xilas etmək lazımdı! Mən bütün ictimaiyyəti, bütün kütləvi informasiya vasitələrini bu işə cəlb etməliyəm! Həqiqət bomba kimi partlamalıdı! Yoxsa, bəşəriyyət özü partlayıb məhv olacaq!
    B a ş r e d a k t o r. Bir dəqiqə!.. Bir dəqiqə!.. Söhbət sizin yazıdan gedir...
    S i y a s i i c m a l ç ı. Mən indiyədək yazdıqlarımın hamısından imtina edirəm! (Baş redaktorun mizinin üstündəki materialı göstərir.) Bundan başqa! Bu hələ başlanğıcdı! Qalan yazılarımın hamısından imtina edirəm! Indiyədək yazdıqlarımın hamısından!
    B a ş r e d a k t o r. Bir dəqiqə!.. Bir dəqiqə!..
    S i y a s i i c m a l ç ı (macal vermir). Yox! Mən indiyə qədər yalan yazmışam! Yalan yazmağa məcbur olmuşam!
    B a ş r e d a k t o r (qışqırır). Dayanın!..
    Pauza.
    Siz nə üçün özünüzə böhtan atırsız? Bu nə sözlərdi belə? Siz respublikanın ən savadlı siyasi icmalçılarından birisiz! Mən əvvəllər də mətbuatda sizin imzanızı izləmişəm. Hələ sovet vaxtlarında... Düzdü, onda kommunist ideologiyasına xidmət edirdiz, ancaq, hər halda, maraqlı yazırdız... Sonra Azərbaycanın müstəqilliyi uğrundakı publisistikanız... Xalq hərəkatı haqqında yazdıqlarınız... Ağıllı mühakimələr, cəsarət... Bilirsiz ki, sizi də mən özüm axtarmışam. Heç kimin xahişi olmayıb, sizi də mən özüm işə götürmüşəm, belə deyil?
    S i y a s i i c m a l ç ı. Belədir. Ancaq mən əlimə qələm aldığım vaxtdan yalan yazmışam... Müəyyən... e-e-e... müəyyən dairələri azdırmaq istəmişəm... Buna nail də olmuşam!.. Özümü bəşəriyyət üçün qoruya bilmişəm!.. Bu sözləri təvazödən uzaq hesab eləməyin, həqiqət belədir!.. Indi, nəhayət, armud yetişib və mən həqiqəti yazmalıyam! Həqiqəti deməliyəm!
    B a ş r e d a k t o r. Axı, hansı həqiqəti? Səhərdən elə bir ucdan danışırsız, danışırsız!.. Nə olub axı? Budu, mən oxuyuram, heç nə başa düşə bilmirəm!.. Sizin bu yazıdan belə çıxır ki, guya, dünyanın siyasəti Cərculistan adlı ölkədə həll olunur.
    S i y a s i i c m a l ç ı. Bəli!
    B a ş r e d a k t o r. Axı... axı, dünyanın xəritəsində belə bir ölkə yoxdu!
    S i y a s i i c m a l ç ı (həyəcanla gülümsəyərək). Əlbəttə, yoxdu! Xəritədə yoxdu!
    B a ş r e d a k t o r. Bəs, yoxdusa, onda niyə yazmısız?
    S i y a s i i c m a l ç ı. Çünki əslində var!
    B a ş r e d a k t o r (əsəbi halda). Mənə baxın...
    S i y a s i i c m a l ç ı (ona macal vermir). Bəli, var! Onu bəşəriyyətdən gizlədirlər! Xəritədə yoxdu, amma əslində var! O gizli ölkədi!
    B a ş r e d a k t o r. Nə?
    S i y a s i i c m a l ç ı. Gizli ölkə!
    B a ş r e d a k t o r (dərindən köksünü ötürür). Mən eşitmişdim ki, gizli idarə olar, gizli şöbə olar, yaxşı, gizli tapşırıq olar, gizli eşq-məhəbbət olar, ancaq gizli ölkə?
    S i y a s i i c m a l ç ı. Bəli! Bəli! Mən dedim, artıq armud yetişib! Artıq dünya ictimaiyyəti həqiqəti bilməlidi! Dünyanı müxtəlif ölkələr yox, yəni Amerika yox, Rusiya yox, Ingiltərə yox, Vatikan yox, ancaq bir təşkilat idarə edir! Həmin gizli ölkədə, Cərculistanda yerləşən təşkilat! Dünyanın siyasətini də onlar müəyyənləşdirir!
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.01.2014) | Müəllif: R.C E W
Baxış: 822 | Reytinq: 2.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more