Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ədəbiyyatda tarix və müasirlik problemi
ƏDƏBİYYATDA TARİX VƏ MÜASİRLİK PROBLEMİ
Bir neçə söz
1.


     «Tarix» sözünün ən universal mənası yaddaşdır, çağdaşlığa doğru min illər ərzində yol gələn bəşər həyatının proqressiv yekunu olub, milli varlığı, milli mədəniyyətin yaşarlığını müəyyən edir, şərtləndirir. Ədəbiyyat, sənət bu varlıq formalarından biri, bəlkə də birincisidir, xalqın mənəvi-mədəni gen yaddaşıdır. «Müasirlik» kateqoriyasının fəlsəfi-estetik mahiyyəti bilavasitə tarixlə, tarixi yaddaşla bağlıdır.
     Müasirlik lə bir estetik kateqoriyadır ki, illər keçdikcə də öz əhəmiyyətini, aktuallığını itirmir; tarixi məzmuna malik elə bir ideya-bədii keyfiyyətdir ki, dünən olduğu kimi, bu gün də bizim hisslərimizə toxunur, şüurumuza təsir edir, bizi düşündürür.
     Müasirlik ədəbi ənənələrimizin xarakter və mühüm cəhətidir; o, tarix boyu Azərbaycan ədəbiyyatı və incəsənəti üçün doğma olanın, sənət tariximizin ayrılmaz tərkibi olanın göstəricisidir.
     Ədəbiyyatın tarix və müasirliyin qarşılıqlı əlaqəsi və vəhdəti nöqteyi-nəzərindən təhlilə cəlb olunması bütünlükdə bizim mövzumuzun məğzini ifadə edir, kardinal istiqamətlərini göstərir. Bu konseptual baxış elmi araşdırmalar zamanı qarşıya çıxan, Azərbaycan ədəbiyyatının, həmçinin, tərkibi olduğu dünya ədəbiyyatının ən müxtəlif problemlərini əhatələməyə, həlli yollarını görməyə imkan verir.
     Doğrudur, biz heç də o fikirdə deyilik ki, qaldırıldığı vacib həyati və elmi məsələlərin say və sanbalı, əhatə etdiyi problemlərin müxtəlifliyi, cızdığı istiqamətlərin çoxyönlüyü, metodoloji imkanların çoxluğu, təfərrüat zənginliyi ilə səciyyəvi bir yaradıcılıq konsepsiyasını bir məruzə daxilində axıra qədər şərh etmək mümkündür. Xüsusən, o halda ki, burada «tarix və müasirlik»lə yanaşı, bir sıra digər konstruktiv rakurslara da: millilik və ümumbəşərilik, sənət və onun təzahür xüsusiyyətləri, ədəbiyyat tarixinin problemləri və ədəbi tənqidin vəzifələri, ədəbiyyatın vətəndaşlıq missiyası, sənət və sənətkar və s. kimi geniş məkan vardır. Amma biz məruzədə bütövlükdə elmi-tənqidi yaradıcılığımızın mahiyyətinə uyğun, metodoloji cəhətdən ortaq yolu tutur, eyni zamanda söylədiyimiz məqamlara da işıq salan rakursa üstünlük veririk.
     Başlıcaya münasibətdə bütün digər məqamların da konsepsiya daxilində yerini tapacağı da şəksizdir.
     Çağdaş dünya mədəniyyəti kontekstində özünəməxsus yeri olan Azərbaycan ədəbiyyatına bu gün, Azərbaycan xalqının öz müstəqilliyini yaşadığı bir dövrdə yeni baxışın, yeni-yeni yanaşma tərzlərinin vacibliyi, fərdi ədəbiyyat konsepsiyalarının əhəmiyyəti isə özlüyündə aydındır. Xüsusən, o cəhətdən ki, bu günə qədər də milli ədəbiyyatşünaslığımız Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesi daxilində yeri, mənası, məhz «kontekst» münasibətlərinə lazımi diqqət yetirməmişdir. Halbuki, burada öyrəniləsi cəhətlər çox-çoxdur.
     Qədim və zəngin bir tarixə malik Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin tərkib hissəsidir. Özümlü səciyyəyə, məxsusi cəhətlərə malik Azərbaycan ədəbiyyatının tarixi və inkişaf yolu və müasir vəziyyəti eyni zamanda dünya ədəbi prosesinin inkişaf qanunauyğunluqlarına müvafiqdir. Eyni tarix, eyni mədəniyyət qanunları dünyanın hər yerində olduğu kimi, Azərbaycan xalqının da milli-mənəvi varlığının ümumbəşəri keyfiyyətlərini müəyyən edir. Azərbaycan xalqının yetirdiyi milli dühalar, böyük tarixi şəxsiyyətlər həmişə belə düşünmüş, mənsub olduqları xalqın milli xarakter və mənəviyyatını ifadə etməklə yanaşı, onu vahid bəşər mədəniyyətinin ayrılmaz hissəsi hesab etmişlər. Bu xalqın Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və b. kimi ədib və mütəfəkkirləri dünya mədəniyyəti, bədii-estetik və ictimai-fəlsəfi fikrini zənginləşdirdiyi kimi, bu günü də bəşər təcrübəsindən kənar deyil, çağdaş mədəni-tarixi və mənəvi-estetik tələblərə cavab verir. Nəzərdən keçirdiyimiz mövzu, konseptual yanaşma bu baxımdan nə qədər zəruridirsə də, hələ hamısı deyil. Maraqlıdır ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatının zənginliyi, daxili bütövlüyü, özəlliyi birmənalı şəkildə dəfələrlə qeyd olunsa da, hər yeni dövrdə biz onun tarixi səbatı və təzəliyinə valeh oluruqsa da, bir sıra problemlər, o cümlədən, tarix və müasirlik sırasından bir çox köklü məsələlər hələ də həll olunmamış qalır, elmi-nəzəri səviyyədə şərhini gözləyir. Halbuki, hələ böyük Cəlil Məmmədquluzadə yazırdı: «İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən həmin səhvi eləmə».

2.


     Tarixilik və müasirlik, klassika və müasir ədəbiyyat, irs və varislər, ənənə və novatorluq, ədəbiyyatşünaslıq (ədəbiyyat tarixi) və ədəbi tənqid tədqiqatımızın ümumi sərhədləri bu polyar, yaxud xüsusi hallarda polyarlaşdırılmış anlayışların ifadə etdiyi məzmun sferasından keçir. Tədqiqatdan əlavə, uzun illər redaktoru olduğum, çapa hazırladığım, rəy verdiyim və haqqında söz açdığım ədəbiyyatşünaslıq kitabları, habelə, məruzəni hazırlarkən, bir daha nəzərdən keçirdiyimiz mövzu ilə bağlı elmi ədəbiyyat bu qənaətə gəlməyə imkan verir ki, bizdə adı çəkilən kateqoriyalarla bağlı müəyyən araşdırmalar mövcuddur, hələ bəlkə, daha artıq: milli ədəbiyyatşünaslıq və ədəbi tənqidi daha çox ənənə və novatorluq problemi; uzun sürən stalinizm dövründən sonra irsə münasibətdə yeni ədəbi tənqidi meyarların müəyyənləşdiyi 1950 60-cı illərdə klassik və müasir ədəbiyyat arasında qarşılıqlı əlaqə, irs və varislik problemi; 1960 70-ci illərdə milli ədəbiyyatın səylə dünya standartları səviyyəsinə yetməyə can atdığı dövrdə müasirlik və tarixilik məsələsi; bu prosesi intensivləşdirmək zərurətinin nəticəsi olaraq, 1970-ci illərdən ədəbi tənqid və onun ədəbiyyatşünaslıqla əlaqəsi problemi1, daha çox məşğul edir. Ayrı-ayrı zamanlarla bağlı bu elmi-ədəbi mübahisə və araşdırmaların əhəmiyyətini danmadan deməliyik ki, yuxarıdakı anlayış və problemlərin cızdığı adekvat predmetə biz daha universal və daha konkret planda yanaşırıq: tarix və müasirlik.
     «Müasirlik» ümumən ədəbiyyatın və sənətin əzəli qanunlarından olsa da, qeyd etdiyimiz kimi, bir estetik kateqoriya olaraq milli ədəbiyyatşünaslıq və ədəbi tənqiddə xüsusən, 1960 70-ci illərdə fəal mövqe qazanmışdır. M.Arifin, M.Cəfərin, M.Rəfilinin, C.Cəfərovun, K.Talıbzadənin, Ə.Mirəhmədovun, B.Nəbiyevin, Mehdi Məmmədovun, Y.Qarayevin elmi-tənqidi yaradıcılığında2, o cümlədən, mənim ayrı-ayrı məqalələr və ədəbi tənqidlə nəsrin münasibətlərini araşdıran tədqiqatımda «müasirliy»ə bir problem kimi diqqət cəlb olunmuş, bu barədə ayrıca bir monoqrafiya da yazılmışdır3. Bu illərdə ədəbi tənqid və ədəbi proses bütövlükdə müasirlik anlayışının qanadları altında fəallıq göstərmiş4, müasirlik ruhu ilə yaşamağa çalışmış, ədəbi müzakirə və müşavirələr də əsasən bu məqamı vurğulamışdır. «Tarixilik» kateqoriyası «müasirlik»lə bir sırada, əks qütblərdə duran anlayışlardır. Təsadüfi deyil ki, həmin dövrdə «tarixilik» problemi ayrıca elmi-nəzəri problem kimi diqqəti cəlb etməsə də, tarix və klassik irsin müasirlik aspektindən təfsiri aparıcı olmuşdur.
     Klassikanın müasirliyini vurğulayan, şərh edən məqalələr yazılmışdır5. Bununla belə, qeyd etmək lazımdır ki, bütünlükdə müasirlik və tarixilik probleminin elmi-nəzəri həlli milli ədəbiyyatşünaslıqda lokal səciyyə daşımış, empirik-problematik səviyyəni aşmamışdır.
     «Tarix» probleminin milli ədəbiyyatşünaslıqda qoyuluşu «Azərbaycan ədəbiyyatı tarixi» konsepsiyası ilə bağlı olmuş, əsrin əvvəllərindən başlayaraq bir neçə dəfə irəli sürülmüş1, ədəbi və elmi mübahisələr obyekti olmuş2, bir sıra metodoloji nəticələr əldə etməklə yanaşı, problemin aktuallığını daha da nəzərə çarpdırmışdır. Xüsusən, son yetmiş ilin ideoloji və sosioloji məhdudiyyətləri aradan qalxdıqdan sonra, milli tarixə, o cümlədən, ədəbiyyat tarixinin köklü məsələlərinə yenidən diqqətin artması səciyyəvi hesab olunmalıdır. Bu sırada son illərdə yaranmış bir çox məqalələri3, Y.Qarayevin «Tarix: yaxından və uzaqdan» kitabını qeyd etməklə4, yalnız bu gün Vətənə qayıdan mühacirət ədəbiyyatşünaslığımızın problemlə bağlı araşdırmalarını, qaldırdığı məsələlərin əhəmiyyətini göstərmək gərəkdir5. Bu gün zaman dəyişib və ən azı, tarixilik prinsipinin özü tarix və müasirlik məsələlərinə yenidən, daha əsaslı mövqedən yanaşmağı tələb edir, üstəlik elmi-nəzəri fikri tam və bütövlükdə ifadə etmək üçün maksimum şərait, sözün azad nəfəs aldığı mühit yaranmışdır.
     Amma yenə həmin tarixilik nöqteyi-nəzərinə əsasən, bu, bu günə gəlib çıxmamızda və gələcəyə doğru addımlamaq əzmimizdə müəyyən rol oynamış sözün qiymətini azaltmır, çünki o söz məhz dünənin qorxunc siyasi-inzibati-ideoloji beton çərçivələri daxilində oynadığı rola görə, dünənin kontekstində qiymətləndirilməlidir. Lakin mövcud tədqiqat dünənin tarixi səhvlərini, yanlışlarını təhlil və islah etmək vəzifəsini qarşısına qoymur, onun predmeti daha konkretdir: tarixi-mədəni və estetik dəyər kimi ədəbiyyatda tarix və müasirliyin təzahürü, qarşılıqlı vəhdəti və buradan irəli gələn bir sıra metodoloji problemlər.

3.


     Bu gün Azərbaycan xalqının milli müstəqillik və böyük milli oyanış dövrünü yaşadığı bir zamanda tarix və müasirlik mövzusunun bir neçə aspektdən: ictimai-siyasi və mənəvi, elmi-nəzəri və bədii-estetik aktuallığı qeyd olunmalıdır. Yetmişillik mənəvi riyakarlıq məngənəsindən sonra Azərbaycan xalqı Azadlıq və Müstəqillik əzmi ilə əslində, özünü axtarır, milli sərvətlərinə sahib olmaq istəyir.
     Milli sərvətlər maddi ilə yanaşı, həm də mənəvi sərvətlər, Azərbaycan xalqının yüzilliklər ərzində yetirdiyi tarixi-mədəni dəyərlərə, onun ədəbiyyatı və incəsənəti, tarixi təcrübəsi və bu təcrübəyə yiyələnmiş çağdaş ədəbi-bədii intellektidir. Bütün bu məqamlar mövzunun ictimai-siyasi aktuallığını şərtləndirir. Tarix və müasirlik mövzusunun bilavasitə milli ədəbiyyatşünaslıq elminin tarixi gəlişməsində, günün zərurəti kimi aktuallaşdığını artıq qeyd etmişik.
     Aydındır ki, hələ dünənə kimi yazılan «Ədəbiyyat tarixləri»ndə ideoloji yasaqlar, vulqar sosioloji nəzəriyyələrin aşkar izləri vardır. Heç şübhəsiz ki, yeni «Ədəbiyyat tarixləri»miz yazılarkən, onun quruluşu və mündəricatı ideoloji doqmalardan, antiədəbiyyatdan, antiyaradıcılıqdan təmizlənməli, xalqımızın mənəvi sərvətinin bir hissəsinə vurulan sosioloji damğalardan xilas olmalıdır. Azərbaycan ədəbiyyat tarixinin yeni konsepsiyasını işləyib hazırlarkən çağdaş elmi qənaət və prinsiplərə, metodologiyaya olan ehtiyac mövzunun elmi-nəzəri aktuallığını əsaslandırır.
     Ədəbiyyatda tarix və müasirlik məsələlərinin konseptual araşdırılması eyni zamanda ədəbi-bədii prosesi intensivləşdirə bilər. Ədəbiyyatın özül prinsiplərinin, inkişaf mexanizminin izahına dair hər hansı yeniliklə aşılanmış əsər ədəbi tənqid üçün metodoloji əsas olmaqla yanaşı, bədii təcrübənin kamilləşməsinə də təkan verir. Dərk olunmuş bədii proses ədəbiyyatın poetikasının zənginləşməsinin stimulu olur. Mövzunun bədii-estetik aktuallığı bu amillərlə səciyyələnir.
     Tədqiqatın əsas məqsədi ədəbi-tarixi prosesin tədqiqində tarix və müasirliyin dialektikası nöqteyi-nəzərindən milli prioritetlərə söykənən meyar və dəyərlərin aşkarlanması ilə müəyyənləşir.
     Biz uzun illərin elmi araşdırmaları zamanı hasil olmuş qənaətlərimizi ümumiləşdirərək belə bir fərdi ədəbiyyat konsepsiyası kimi təqdim edirik:
     a)«Ədəbiyyatda tarix» xalqın milli-mənəvi, mədəni-estetik təcrübəsinin təzahürü kimi;
     b)«Müasirlik» tarixi dəyərlərin meyarı və əlaməti kimi;
     c)«Tarix»in müasirliyi «müasirliy»in tarixinin başlanğıcı və uyğun olaraq keçdiyi yol kimi;
     ç) Müasirlik kateqoriyasının səciyyəsi və təzahür xüsusiyyətləri.
     Tədqiqatın başlıca yeniliyi bizcə, onun konseptuallığındadır. Biz tarix və müasirlik məsələlərinə, dünya ədəbiyyatının tərkibi olan Azərbaycan ədəbiyyatına bütöv və yeni baxışla nəzər salmağa çalışmışıq. Tədqiqat bizcə, yeni yanaşma tərzi ilə də səciyyələnir: problemə fərqli baxışı üzə çıxarmaq üçün fərdi metodoloji üsullar tətbiq edilir. Nəticədə Azərbaycan ədəbiyyatının bir sıra bugünkü problemlərini müəyyənləşdirməklə, onların həlli yollarını da göstərmək istəmişik.

4.


     Tədqiqatın metodologiyası müasir ədəbiyyatşünaslıqda geniş yayılmış tarixi-tipoloji və tarixi-müqayisəli metodlara əsaslanır. XX əsr estetik-nəzəri fikri, o cümlədən, milli ədəbiyyatşünaslığın elmitənqidi təcrübəsi, bütövlükdə isə qədim və zəngin tarixə malik ictimai fəlsəfi fikir bazası tədqiqatın metodoloji imkanlarını müəyyənləşdirir. Bütün bunlarla yanaşı, tədqiqatda geniş şəkildə uzun illərin elmi-tənqidi fəaliyyəti zamanı əldə etdiyimiz metodoloji qənaətlərə arxalanırıq. Universal səciyyəsini nəzərə alıb, məruzədə bunların əsas aspektləri üzərində dayanmağı lazım bilirik.
     1.Tarixi-mədəni ədəbi prosesin bir qayda olaraq çoxsaylı faktlardan, təmayül və təzahürlərdən keçməsi, obyektiv və subyektiv faktorların qarşılıqlı əlaqə və münasibətində mövcud olması çox zaman hadisələrin obyektivliyini müəyyənləşdirməyi, əsl mahiyyətinə varmağı çətinləşdirir. Nəticədə ədəbi-bədii nümunələrin «bozluğu», bəsit və sönük tənqidi yazıların arasından süzülüb, ədəbi prosesin davam etdiyini, Azərbaycan ədəbiyyatının dəyərli öməklərinin də, onun simasını müəyyən edən əsərlərin də yarandığını müşahidə edirik.
     Birincini qəbul etməmək, ikinciyə əsaslanmaq lazım olduğu özlüyündə aydındır. Amma məlum olur ki, məhz birincini qəbul etmədiyimiz, onunla mübarizə apardığımız təqdirdə, ikinciyə yol aça, onun mahiyyətinə vara bilmirik. Ona görə də biz tədqiqat zamanı, bir-biri ilə qanunauyğun əlaqədə olan hadisələr, kəmiyyət və keyfiyyət, ədəbiyyatda axın və keyfiyyət faktoru, sənət və qeyri-sənət təzahürləri, həyat həqiqəti və bədii həqiqət, sənətin sosial missiyası və dəb, oxucu zövqü və ədəbi tənqid və s. və s. arasında əsli, mahiyyəti aşkarlamaq üçün «ortaq məxrəc», «orta hədd» metodologiyası yeridir, təqlid, yaxud oxşarın varlığını inkar etmədən başlıcanı təsdiq və təsbit edirik.
     Keçmiş məqalələrimdən birində bu kontekstdə gətirdiyim misallardan birini xatırlatmaq istəyirəm. Alman yazıçısı və nəzəriyyəçisi Frans Füman ədəbi tənqidi «ictimai fikir» adlandıraraq qeyd edir ki, «Bu ictimai rəy və fikir bütövlükdə ya sənətin inkişafına xidmət edir, ya da bu inkişafa əngəl tərədin) . Ədəbi tənqidin effektliliyi üçün müəyyənləşdirilmiş bu meyarın, bizcə, bir düzəlişə ehtiyacı var, çünki burada ədəbi tənqid onun «təqlid»i ilə bir ad altında təqdim olunur. Axı, tənqid yalnız o zaman ictimai f ikrə çevrilir ki, o, sənətin inkişafına xidmət edəcək bir iqtidara malikdir. Hərgah ədəbi tənqid sənətin inkişafına əngəl törədirsə, deməli, o, sözün geniş mənasında ictimai f ikrə çevriləcək iqtidarda deyil, olsa-olsa, belə bir dona bürünmək istəyir, ictimai həyatın aktual müddəalarından kənarda dayanır. Qeyd etmək lazımdır ki, bütün tədqiqatımızda bu cür ikili təzahürləri aydınlaşdırmaqda açar rolu oynayan «orta hədd» metodolojisi bütövlükdə Şərq dünyagörüşünə xas bir cəhətdir.
     2.İkinci bir metodoloji aspekt ədəbiyyatşünaslıq ilə ədəbi tənqidin münasibətlərini əhatə edir. Son zamanlar daxili bağlılığı olan bu fənlərin daha da yaxınlaşması, dialektik vəhdəti barədə çox yazılmışdır. Bir metodoloji əsas kimi yanaşdıqda, bu sintez xüsusən real nəticələrə gətirib çıxarır. Təsadüfi deyil ki, son on illər ədəbi tənqidin ədəbiyyatşünaslıq ilə qaynayıb qovuşması əvvəllər az işlənən, lakin ədəbiyyat tariximiz üçün vacib problemlərin həllinə meydan açmış, bir sıra nəzəri problemlər diskussiya hədəfinə çevrilmişdir. Məsələn, Azərbaycan ədəbiyyatında renessans məsələsini bu cür nəzəri problemlərdən hesab edirik. Nəzərdən keçirdiyimiz tarix və müasirlik məsələlərini də bu sırada, həlli ədəbiyyatşünaslıqla ədəbi tənqidin səmərəli işbirliyində olan mövzulardan hesab edirik.
     3.Milli ədəbiyyatı, mədəni-tarixi irsi araşdırarkən riayət edilməsi vacib metodoloji prinsiplərdən biri də onun dünya mədəniyyəti kontekstində öyrənilməsidir. Bunu bəzən düşünüldüyü kimi, sadə ədəbi-mədəni əlaqələr problemi ilə qarışdırmaq olmaz. Məsələn, belə bir misal. Böyük mütəfəkkir M.F.Axundov Platonu, Aristoteli, Koperniki, Nyutonu, Spinozanı, Didronu, Monteskyönü, Holbaxı, Darvini, Hegeli Nizami ilə, Füzuli ilə, Zakir ilə, Vaqif ilə, eləcə də Firdovsi, Cami, Sədi, Hafiz, Rumi ilə müştərək şəkildə öyrənirdi, təqdir və təkdir edirdi və belə bir metodoloji prinsip əslində Axundovun yaradıcılıq, fəaliyyət məramnaməsi idi. Məhz bu məramnamə özünün yüksək bədii səviyyəli, böyük fəlsəfi mündəricəli, əsl vətəndaş qayəli məhsulunu vermişdir.
     Aydındır ki, tarixi-tipoloji metodun əsas mahiyyətini ifadə edən bu prinsip bütünlükdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tədqiqi zamanı da səmərəli nəticələr verir.
     4.Ən nəhayət, hər hansı tədqiqat, xüsusən də tarix və müasirlik məsələlərinin şərhi ədəbiyyatşünas alimdən materiala maksimum həssaslıqla yanaşmağı, elmi obyektivlik prinsipini gözləməyi tələb edir ki, bu da elmi-nəzəri bilik vüsəti, müasir dünyagörüş, başlıcanı ikinci dərəcəli təzahürlərdən ayırmaq, tənqidi seçmə bacarığı deməkdir. Bütün bunlar bizə tarix və müasirlik, milli ədəbiyyatın bu günü və sabahı ilə bağlı bir sıra konseptual məsələləri yığcam bir məruzə daxilində şərh etməyə imkan verir.

1-Cİ HİSSƏ


     Ədəbiyyatda tarix və müasirlik məsələlərinin elmi-konseptual mahiyyətinin şərh olunması həm Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiyasının işlənib-hazırlanmasında, həm də müasir ədəbi prosesin qanunauyğunluqlarının dərki və inkişafına bilavasitə təsir göstərməklə yanaşı, geniş oxucu kütləsində ədəbiyyatın sosial mənasına, ictimai əhəmiyyətinə maraq oyada bilər.
     Azərbaycan ədəbiyyatı tarixini yanlış yanaşmalardan, kənardangəlmə ideoloji və sosioloji nəzəriyyələrin tətbiqindən «xilas etmək» və hətta özlüyündə gərəkli estetik nəzəriyyələrin dəb naminə onu müəyyən qəliblərə salınmasına yol verməmək üçün milli ədəbiyyat tarixinin öz daxili inkişaf qanunauyğunluqlarına müvafiq öyrənmək, daxili strukturunu üzə çıxarmaq vacibdir.

AZƏRBAYCAN ƏDƏBİYYATININ BÜTÖVLÜYÜ


     Azərbaycan mədəniyyəti özünün qədim və zəngin tarixi boyu həmişə küll halında, bütöv olmuşdur və onun inkişaf mərhələləri bir-birinə zidd təmayüllərin təsirindən azad idi. Milli ədəbiyyatımızın daxili bütövlüyünü bütün dərinliyi ilə ilk dəfə hələ M.F.Axundov duyub dərk etmişdi. Məhz bunu anladığına görə rəngarəngliyi və əhatəliyi müqabilində («Dədə Qorqud»a görə, Nizamiyə, Nəsimiyə, Xətaiyə, Füzuliyə, Vaqifə görə!) son dərəcə çətin, mürəkkəb bədii-estetik və ictimai-fəlsəfi vəzifənin öhdəsindən gəlmişdi: yeni mərhələ yaradıb, prinsipial fikri-estetik yeniləşməyə nail ola bilmişdi. Halbuki, ona qədər də adı çəkilən mərhələlərin hər biri Azərbaycan ədəbiyyatının təşəkkül və inkişafının müəyyən tarixi pillələri olub və birmənalı şəkildə daxili bütövlüyünü və səbatını ifadə edib. Min illər bundan əvvəl, o dövrlərdə ki, Firidun bəy Köçərlinin yazdığı kimi, «bizim ulu babalarımız vəhşiyanə qayalar arasında və mağaralar küncündə sükunət edib, daş əsbabü alət vasitəsilə özləri üçün azuqə və ətimə kəsb edirdilər və məzkur alət ilə özlərini xata və bəladan və şərri-ədadan mühafizət qılardılar»‘, ana dilində söylədiyimiz ilk bədii söz yalnız o bir nəfəri, bir fərdi yox, əslində, bütün xalqımızı ifadə etmiş oldu və bu bədii-estetik ümumxalq ifadəsi prosesi ədəbiyyatımızın, sənətimizin qədim və zəngin tarixində dövrlər, mərhələlər, fəlsəfi-estetik təmayüllər bir-birini əvəz etdikcə dəyişməz qaldı. Füzulinin əsərləri yalnız dahi bir şəxsin 1494-cü ildə uzaq İraqda anadan olmuş və 1556-cı ildə də həmin uzaq diyarda Allahın rəhmətinə getmiş Məhəmməd Süleyman oğlunu yox, bütün Azərbaycan xalqını ifadə edir. Füzuli deyəndə ki:
Nə mövcud olmaya əsbabi-dünyadan deyil müşkül,
Bu müşküldür ki, mövcud olmaya bir hakimi-adil.
     Əslində, bu və digər Füzuli kəlamlarını Füzulinin istedadı ilə bütün Azərbaycan xalqı deyirdi. Nəsimi də belə, Xətai də belə, Vaqif də belə, Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər də belə...
     Min ildir ki, Azərbaycan ədəbi fikri bir-bir əsrləri ötərək karvan-karvan bizə tərəf gəlir və onun vahidliyi, bütövlüyü, bölünməzliyi hər bir mərhələdə nə coğrafi, nə də tarixi sərhədlər tanımışdır. Məsələn, üstündən səkkiz yüz il keçdikdən sonra, məhz xələfləri Nizami irsini tarixin dərinliyindən XX əsrə çıxararaq Azərbaycan ədəbiyyatında yerini müəyyən etdilər. M.Rəfilidən M.Cəfərədək alimlərimiz Nizami yaradıcılığında humanizm haqqında fikirləri ilə Azərbaycan ictimai fikrində İntibah dövrünün başladığını və bu fikirlərin sonralar Avropada geniş yayılan humanizm cərəyanı ilə səsləşdiyini inandırıcı bir şəkildə sübuta yetirdilər.
     Azərbaycan nizamişünaslığının böyük nailiyyətləri var və bu nailiyyətlərin elmi-nəzəri səviyyəsi də, mətnşünaslıq araşdırmaları da yüksək və zəngindir. Amma nəzərə alanda ki, bu ədəbiyyatşünaslıq «sovet ədəbiyyatşünaslığı» kontekstində inkişaf edirdi və onun bəlalarından da xali deyildi, burada bariz yanlışlıqları da görməmək mümkün deyil. Azərbaycan sovet ədəbiyyatşünaslığı ədəbi irsə qiymət verərkən, əslində, antielmi mahiyyətli bir modeldən istifadə edirdi. Misal üçün, Nizami böyük şairdir, lakin onun böyük şair olduğunu isbat etmək üçün, o, realizmin nümayəndəsi olmalıdır və o, realizmin nümayəndəsi olduğu üçün, əsərlərində güclü ateizm motivləri tapılmalıdır. Məhz bu yerdə Vətəndən kənarda yaşamağa məcbur olan M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» əsəri yada düşür. 1951-ci ildə qələmə aldığı bu monoqrafiyası ilə o, milli «nizamişünaslığın» köməyinə gəlir.
     Belə bir «sadə həqiqət»i sübut etmək lazım gəlir ki, böyük şair olmaq üçün realizmin nümayəndəsi olmaq vacib deyil və ateist də olmaq lazım deyil.
     Azərbaycan poeziyası özünün qədim və zəngin tarixi boyu böyük ictimai-bəşəri problemlərin qaldırılmasında, insan mənəviyyatının ən dərin qatlarının bədii tədqiqində, mənəvi azadlığa və təmizliyə çağırışında bədii sözün qədrini bilmiş, ondan sənətkar seçməsi və dəqiqliyi ilə istifadə etmişdir. Hələ altı əsr bundan əvvəl Azərbaycan poeziyası böyük Nəsiminin dili ilə sözün hədsizliyindən danışır, insanı təsvir və tərənnüm etmək üçün bu hədsiz sözlərin ən qiymətlilərini seçməyə çağırırdı:
Aqil insan, sözünü müxtəsər et,
Ey Nəsimi, çü bikərandır söz.
     Əsrlər keçir, insan təfəkkürü dünyanın elmi dərkində səsdən iti sürətlə inkişaf edir, məsafələr işıq illəri ilə ölçülür, nüvə protona və neytrona parçalanır və belə bir zamanda Azərbaycan poeziyası Rəsul Rza şeri ilə həmin həqiqəti bir daha təsdiq edir, bu gün də saysız-hesabsız sözlərlə ifadə olunmayanı belə duymaq və duydurmaq əzmində olduğunu göstərir, sözün bütövlüyü dialektik inkarda təsdiq tapır:
Dünyanın söz ehtiyatı nə azdır, az!
Elə şeylər var ki,
Sözlə anlatmaq olmaz.
Gərək özün görəsən, duyasan,
fikrinə toplayıb ürəyinin
başına qoyasan isinsin, əl vuranda
köklənmiş sim kimi dinsin.
     Azərbaycan ədəbiyyatının bütövlüyünü təsdiq edən amillərdən biri də onun hər iki qolunun şifahi və yazılı ədəbiyyatın vahid axarda, eyni kök üzərində tərəqqi etməsidir. Bunun bariz nümunəsi aşıq yaradıcılığıdır. Aşıq sənəti həqiqi xalq sənətidir. Söz kimi, onun xalqı ifadə edən, milli psixolojiyə dialektik surətdə məhrəm olan musiqi, yəni aşığın fərdi sənətkann yaratdığı (bəstələdiyi) musiqi də yüzilliklər keçdikcə bilavasitə yaradıcısının yox, xalqın yaratdığı mənəvi sərvətə çevrilmişdir. Aşıq yaradıcılığı uzun yüzilliklər boyu xalqın psixolojisinin, məişətinin, güzəranının tərkib hissəsi (yalnız bədii ifadəsi yox!) kimi formalaşdığı, müəyyənləşdiyi üçündür ki, XVI əsrdən, güclü milli dirçəliş dövrü ilə onun da yeni bir mərhələyə qədəm qoyması təbii görünür, dialektik bir qanunauyğunluğun nəticəsidir.
     Eyni zamanda belə bir cəhəti qeyd etmək lazımdır ki, klassik aşıq poeziyasını klassik Azərbaycan poeziyasından təcrid edilmiş şəkildə öyrənmək də metodoloji baxımdan düzgün deyil. Klassik Azərbaycan poeziyasının Nəsimi, Xətai, Füzuli kimi nəhəngləri ara-sıra Şərq poeziyasına hücum edən sxolastik kanonların fövqündə yazıb-yaradırdılar və buna görə də təbiilik və fitri istedad baxımından yaxın olduğu üçün, klassik poeziyanın ayrı-ayrı məqamlarda klassik aşıq poeziyasına təsiri şübhəsizdir. Hələ orasını demirik ki, ustad aşıqlarımızın özləri də misal üçün, Aşıq Ələsgər, gözəl qəzəllər yazmışlar. Vidadi, Vaqif, Zakir kimi şairlərin isə yaradıcılığı ilə, demək ki, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Molla Cüma və b. kimi ustad aşıqların poetik yaradıcılığı arasında üzvi bir doğmalıq, bəzən isə hətta eynilik mövcuddur1. Beləliklə, bizim qənaətimizə görə, müxtəlif yaradıcılıq psixolojisinin, dünyagörüşü səviyyəsinin, bədii-estetik özünüifadənin bəhrələri olsalar da, Azərbaycan ədəbiyyatında klassik poziya ilə aşıq poeziyası bəzi hallarda qələmə verildiyi kimi, qarşıqarşıya duran iki qütbün yox, ana xətdən ayrılan iki doğma qolun təcəssümüdür.
     Azərbaycan ədəbiyyatının bütövlüyü də ilk dəfə məhz XIX əsrdə, təhlükə qarşısında qalır. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya ilə birləşməsindən və Cənubi Azərbaycanın İranın tərkibində qalmasından sonra mədəniyyətimizin inkişafında haçalaşma təhlükəsi yarandı. Və məhz M.F.Axundov bu təhlükəni hiss edən və bütün zəkası ilə, vətəndaş enerjisi ilə həmin prosesi qabaqlamaq, onu aradan qaldırmaq üçün çalışan ilk Azərbaycan yazıçısı, ictimai xadimi idi. O, XIX yüzildə Azərbaycan ədəbiyyatının vəziyyətinin diaqnozunu doğru müəyyənləşdirdiyi kimi, vəzifə və perspektivlərini cızanda da qətiyyən yanılmır. M.F.Axundov milli ədəbiyyatın sabahını keçmişindən ayırmadan müasir dünya kontekstinə çıxmaqda görür. Onun konsepsiyası da məqsədi kimi aydın idi: milli ilə bəşəriliyin vəhdəti. Bu, artıq tarixin irəli sürdüyü sırf müasirlik keyfiyyəti idi ki, Azərbaycan ədəbiyyatının sonrakı inkişafına da təkan verdi.

TARİXDƏ ŞƏXSİYYƏT AMİLİ


     Tarix ümumən, Azərbaycan ədəbiyyatının tarixi təcrübəsi də o cümlədən, böyük şəxsiyyətlərin, xalqın milli mədəniyyətlərin tərəqqisində əvəzsiz rol oynadığını göstərir. Dünya ədəbiyyatı və ictimai fikri tarixində elə nadir şəxsiyyətlər vardır ki, onların bədii-estetik və ictimai-fəlsəfi özünütapmaları və özünüifadələri, əslində, məxsus olduqları xalqın mənəvi tarixində epoxal səciyyə daşıyan bir yüksəlişə çevrilir. Geniş mənada götürsək, dünya mədəniyyəti tarixində öz dövrlərinin, mühitlərinin və milli mənsubiyyətlərinin kontekstində, mənsub olduqları xalqların böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Homer nə iş görübsə, Sofokl və Evripid, Firdovsi və Nizami, Dante və Servantes, Şekspir və Füzuli, Vaqif və Puşkin, Balzak və Dostoyevski nə iş görüblərsə, Mirzə Fətəli də həmin işi görüb. Sonrakı dövrlərdə Lev Tolstoy və Cəlil Məmmədquluzadə, Sabir və Nazim Hikmət də, bu sayaq digər nəhəng ədəbi simalar da həmin işi görüblər. Məsələ heç də Mirzə Fətəli ilə Homerin, yaxud Nazim Hikmətlə Füzulinin müqayisəsində deyil, söhbət bu «vergi»lərin öz xalqlarının mənəvi taleyindəki rolundan və payından gedir.
     M.F.Axundovun Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafındakı əvəzsiz rolu, tarixi xidmətləri barədə ədəbiyyatşünaslıq və ictimai fikir tarixçiliyimiz çox yazmışdır. Biz burada həmin «xidmət»in dərin tarixi, məhz buna görə, tarix olduğu qədər də müasir mənasına varmaq üçün çox zaman ziddiyyətli izah olunan səciyyəvi bir məqam M.F.Axundovun «avropaçılığı»na ani bir nəzər salacağıq. Ədibin «Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur» əsərində sadə və iddiasız bir epizod var. Şahbaz bəyin Müsyö Jordanla Parisə getmək istəyini əsərdə hər bir obraz özünəxas, öz dünyagörüşünə uyğun izah edir. Bu epizodun rəmzi mənası üzərində düşünərkən bizə elə gəldi ki, buradakı səfər istəyini, ehtirasını Parisə, yaxud Avropanın hər hansı bir başqa şəhərinə getmək arzusu yaratmayıb, səfər yüksək bədii estetik zirvələrədir, dövrün, zamanın tələblərindən doğan yeni keyfiyyətə, yeni mündərəcəyə, bədii özünüifadəni bədii və milli özünütəsdiqə çevirən işıqlı yollardır.
     Axundovun «avropaçılığı», hərgah belə demək mümkünsə, milli «avropaçılıq» idi. Mirzə Fətəli milli zəmindən ayrılmamaq, milli mədəniyyətə, milli təfəkkür tərzinə, milli psixologiyaya və milli problematikaya yaxından bələd olmaq şərtilə böyük rus mədəniyyətinə, böyük Avropa mədəniyyətinə yiyələnməyə çağırırdı. O, Kəmalüddövlənin dili ilə «indi elm lazımdır və sivilizasyon lazımdır» dedikdə, buradakı «sivilizasyon» milli mənsubiyyətdən və milli simadan təcrid edilmiş bir anlayış deyildi, Şərq və konkret olaraq Azərbaycan mədəniyyətinin, ictimai fikrinin mütərəqqi ənənələrindən bəhrələnən və s. bu ənənələrə əsaslanan, rus, Avropa mədəniyyətinin, elminin böyük nailiyyətlərini milli zəmində inkişaf etdirən bir məfhum idi. Bircə fakta müraciət edək. M.F.Axundov 1850 55-ci illər arasında altı ölməz komediyasını yazmışdır və Azərbaycan ədəbiyyatının ilk dəfə müraciət etdiyi bu janrı həmin ədəbiyyatın milli faktına çevirmişdir. Mirzə Fətəli yaxından bələd olduğu Şekspir, Molyer, Qoqol ənənələrindən ruhlanmış, bu ənənələri ümumazərbaycan ədəbiyyatı, mədəniyyəti kontekstində, Azərbaycan problematikası, Azərbaycan güzəranı daxilində inkişaf etdirmiş və həmin komediyaların dərin mündərəcəsi və kamil poetikası bütün Qərb aləmini heyrətə gətirmişdir. Azərbaycan dilinin müasir dövrdəki inkişafında, sadə və canlı xalq dilinin ədəbiyyata gətirilməsində o ölməz komediyaların rolu misilsizdir. Xalqın bələd olmadığı bir janrın meydana çıxardığı qəhrəmanlar məhz milli tipajlar kimi, həmin xalqın gündəlik həyatına, məişətinə daxil olmuşdur.
     XIX əsr filosofu V.Veydle göstərir ki, tarixi sarsıntıların üç təbəqəsi məlumdur ki, bunları sənətə münasibətdə daha aydın şəkildə hiss etmək olur. Birincisi, inqilablar, müharibələr, xarici basqınlar, xalqların köçü və s. hadisələrdir ki, bütün dövrlərin salnamələrində əks olunur, sənətdə mövzular, material şəklində, həm də nahamvar izini tapır; ikinci növ hadisələr daha dərin gedir, müasirlər bundan xəbər tutmur, təkcə tarixçilər çətinliklə də olsa, onu təsəvvür edirlər. Sənətdə bu üslubların dəyişməsi, zövqlərin siması onunla müəyyənləşir. Amma məhz üçüncü, daha dərin qatda, tarixi faciələr sənətin özünün dərin sarsıntıları ilə üstüstə düşdükdə onun əbədi əsasları tərpənir, bədii yaradıcılığın nüvəsinə qədər işləyir, şəxsiyyət və istedadın həyatında, sənətkarın taleyində əks-səda verir.
     M.F.Axundovun məqsədi özünə də, dostlarına da, düşmənlərinə də tamam aydın idi: «Mənim məqsədim İslam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahın və sərvətinin artması üçün, Vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir».
     Və Axundovdan başlayaraq, xalqın həyatında gedən həmin dərin tarixi sarsıntıları, uyğun olaraq, sənətin bütün sahələrində Azərbaycan xalqının yetirdiyi neçə-neçə dahi şəxsiyyətlər həyatlarında, talelərində yaşadı, xalqın keçmişi və bu günü arasında harmoniya yaratmağa çalışdılar.
     Xalqın xoşbəxtliyi onda idi ki, Mirzə Cəlil istedadı, Sabir istedadı, Üzeyir bəy istedadı yalnız tək-tək adamlarda olduğu halda, bu böyük istedadların özünüifadəsinin əsas daxili kütləsini təşkil edən Vətəndaşlıq, xalqa xidmət etmək ehtirası, gələcəyi görmək və həmin gələcəyə aparan yollar uğrunda mübarizə etmək əzmi bütünlükdə həmin dövrün başqa ziyalılarının, maarifçilərinin əqidəsi və fəaliyyəti üçün də səciyyəvi cəhət idi.
     Əlbəttə, istər həmin dövr, istərsə də, bu dövrdə yaşayan ədib və sənətkarların haqqında «tarixi həqiqətlər» məlum səbəblərdən hələ axıra qədər araşdırılıb başa çatmasa da (bu məhz çağımızın öhdəsinə düşür), bu barədə az yazılmamışdır. Biz bircə cəhəti qabardırıq. Şəxsiyyət amili! Şəxsiyyət adicə insan olmaq və yaxud adicə yazan olmaq demək deyil. Azərbaycan ədəbiyyatının və ictimai fikrinin tarixi sübut edir ki, böyük hərfli Şəxsiyyət böyük hərfli Vətəndaş, Mütəfəkkir, İstedad deməkdir.
     Məhz həmin mütəfəkkir Vətəndaşlıq keyfiyyəti idi ki, əsrin ilk illərindən başlayaraq H.Zərdabi, H.Vəzirov, Ə.Hüseynzadə, Ə.Ağayev. N.Nərimanov, C.Məmmədquluzadə, M.Şaxtaxtlı, M.Ə.Sabir, M.Hadi, Ə.Haqverdiyev, F.Köçərli, Ə.F.Nemanzadə A.Səhhət, A.Şaiq, Ə.Nəzmi, Y.V.Çəmənzəminli, Ş.Minasazov, Ə.Qəmküsar, M.Sidqi, N.Vəzirov və b. bu kimi şəxsiyyətlərlə yanaşı, Ü.Hacıbəylini də Azərbaycan dövri mətbuatına gətirdi. Bizim Ü.Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətində əvəzsiz yeri və rolundan bəhs açan ayrıca monoqrafiyamız var .
     Burada onun timsalında nəzərə çarpdırmaq istədiyimiz cəhət hansıdır: əsrin əvvəllərinin ziyalıları, qələm və fikir sahibləri o qədər universal fəaliyyət göstərirdilər ki, bu hərtərəfliyin ümumi adı, ortaq məxrəci məhz Vətəndaşlıq adlana bilər.
     Bu elə bir dövr idi ki, iki yerə parçalanmış Azərbaycan torpağı və Azərbaycan xalqı bir tərəfdən çarizmin müstəmləkəçilik siyasətinin yaratdığı mənəvi həbsxanada, digər tərəfdən isə İran şahlıq istibdadının yaratdığı zülmət içində ağır güzəran keçirirdi. Cəhalət, nadanlıq, yalançı millətçilik, əlbəttə, bu güzəranın ağırlığını hiss etmirdi, çünki özləri həmin zülmətin daxili kütləsini təşkil edirdilər. Belə bir şəraitdə xalqın içindən çıxıb xalqın düşdüyü vəziyyəti görmək, bu vəziyyətə acımaq, yanmaq, əlbəttə, çox az idi, çünki yalnız görməklə, yalnız acımaqla, yanmaqla nə etmək olar. Həmin ağırlığın, həmin zülmətin aradan götürülməsi uğrunda, o həbsxananın dağılması naminə mübarizəyə qalxmaq lazım idi və bu zaman bu mübarizənin effekti, qadirliyi ondakı vətəndaşlığın dərəcəsi ilə müəyyənləşirdi.
     Üzeyir bəy Vətəndaşlığı əsrin Azərbaycan ictimai fikrində, müstəmləkəçiliyə, cəhalət və nadanlığa qarşı mübarizə baxımından Azərbaycan tarixində «Molla Nəsrəddin» ədəbi məktəbini yetişdirən Vətəndaşlıq idi, xalqın gələcəyi naminə zəmanənin qoluzorlularından, cibidolularından, başıəmmaməlilərindən, Sabir demişkən, «boynuqıraxmallılarından» çəkinməyərək şəxsi firavanlığın, şəxsi rahatlığın, hətta sağlamlığın hesabına yorulmaq bilməyən mübariz bir fəaliyyətə sövq edən Vətəndaşlıq idi.
     Bu hadisənin təbiəti çox zəngin idi: xalqı sevmək, onun dilinə, tarixinə, mədəniyyətinə böyük ehtiram hissi duymaq, xalqın mənəvi azadlığı, onun milli hüquqlarının bərqərar olması naminə heç nəyi əsirgəməmək, mübarizə aparmaq əzmi və ehtirası. Və bütün bunlar qəti surətdə milli məhdudiyyətə gətirib çıxarmırdı, tamam əksinə, bu məhəbbətin və mübarizənin bəşəri vüsətini artırırdı. Üzeyir bəy Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin inkişafı üçün ən münbit bir zəmin kimi, millilik ilə bəşərililiyin vəhdətindən doğmuş bir dünyagörüşünün fəaliyyətini əsas götürürdü və həmin cəhət elə bilirik ki, bu gün öz aktuallığını saxlamaqdadır.

TARİXƏ TARİXİ YANAŞMANIN BƏZİ MEYLLƏRİ


     Məlumdur ki, Azərbaycan ədəbiyyatı və estetik fikri tarixinin elmi-tənqidi şəkildə öyrənilməsi, ilk olaraq, M.F.Axundovun və F. Köçərlinin adı ilə bağlanır. Lakin Azərbaycan ədəbi fikrinin tarixi, əslində, çox qədimdir. Poetika və estetika məsələlərinə həsr olunmuş kitablarda, risalələrdə, təzkirələrdə orta əsr Azərbaycan ədəbiyyatının və ümumiyyətlə, bütün Şərq ədəbiyyatının mühüm elmi-nəzəri problemləri qaldırılır və həll olunurdu. Kamal Talıbzadə düzgün qeyd edir ki, qədim və orta əsrlər Azərbaycan ədəbi f ikri sistemli şəkildə öyrənilməmişdir və belə bir hal bir də ona görə təəssüf və narahatlıq doğurur ki, son illərin tədqiqatı açıq-aşkar sübut edir: Azərbaycan ədəbi fikrinin tarixi hələ müasir filologiyamızm məşğul olmadığı bir çox zəngin faktik materiala, görkəmli şəxsiyyətlərə malikdir.
     Ədəbi və estetik fikir tarixini məhz sistemli öyrənmək zərurətini nəzərə alaraq biz hələ on üç il əvvəl Azərbaycan mütəfəkkirlərinin son yüz əlli ildə tarixi fəaliyyətlərini əks etdirən «Fikrin karvanı» adlı toplu hazırladıq.
     Və bu zaman belə bir cəhət diqqətimizi çəkdi ki, hətta bütün tamlığına, bütövlüyünə baxmayaraq, bu böyük yolda Azərbaycan bədii-estetik fikrini əvvəldən axıra kimi ehtiva etmir. Biz burada belə bir amili vurğulamaq istəyirik: tarix göstərir ki, böyük tarixi hadisələrin və dahi şəxsiyyətlərin fəaliyyəti müqabilində həmişə elə adlar, simalar olur ki, özünəxas, danılmaz xidməti müasirlərinin, hətta uzun müddət xələflərinin diqqətindən yayınır, kölgədə qalır. Azərbaycan ədəbiyyatı tarixi belə adlarla zəngindir. Yaradıcılıqları nisbətən kölgədə qalmış, lazımınca öyrənilməmiş və layiqli qiymətini almamış belə şəxsiyyətlərdən Abdulla Sur, Seyid Hüseyn Kazımoğlu, Bəkir Çobanzadə, Əmin Abid və başqalarını bu və ya digər dərəcədə bura aid etmək olar. Bunlardan bəzilərinə vaxtında diqqət yetirilməməsi birbaşa stalinizm dövrü, repressiya hadisələri ilə bağlıdırsa, digərlərinin taleyi xalqa təmənnasız xidmətin müqabilində əvvəlcədən acı olmuşdur.
     Biz belə tarixi simalara misal olaraq, məsələn, Ömər Faiq Nemanzadəni qeyd edirik. Ö.F.Nemanzadə Azərbaycan mədəniyyətinin o fədailərindəndir ki, bütün ömrünü xalqın inkişafı naminə böyük hərfli Mütəfəkkir-Vətəndaş fəaliyyətinə həsr etmişdir və bu böyük fəaliyyət nə qədər ali, işıqlı olmuşsa, şəxsi həyat bir o qədər acı, uğursuz və etibarsız olmuşdur. Doğrudur, Ömər Faiqin ilk baxışda, zahirdə görünməyən fəaliyyətini silahdaşları, başlıca olaraq, yaxın dostu Cəlil Məmmədquluzadə görür və qeyd edir. «Xatiratım»da Mirzə Cəlil «Şərqi-Rus»da iki şey qazandığını göstərir: «birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, onun varlığı ilə, onun yoldaşlığı ilə, «Molla Nəsrəddin» məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə, «Molla Nəsrəddin» məcmuəsini bina etdik.»‘ Yaxud hələ 1919-cu ildə «Qruziya» qəzetində «Ömər Faiq Əfəndinin adı ətrafında» adlı məqalədə Şərif Mirzəyev adlı müəllif uzaqgörənliklə yazırdı ki, Azərbaycan xalqının «tarixinə «Ömər» deyə daha bir işıqlı ad yazılmışdır və olsun ki, bu ad müasirləri tərəfindən hələ layiqincə qiymətləndirilmir»2.
     Professor Abbas Zamanov yazır: «Ömər Faiqin taleyi elə gətirmişdir ki, onun mətbuatımız tarixindəki yüksək xidmətləri uzun müddət layiqincə qiymətləndirilməmişdir»3. Professor Əziz Mirəhmədov da taleyin bu ədalətsizliyini qeyd edir: «Vaxtilə Faiqin «Molla Nəsrəddin» tarixindəki mövqeyi, «Qeyrət»in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi»4. Bir zaman, hətta Mehdi Hüseyn və Mikayıl Rəfili kimi görkəmli ədəbiyyat xadimləri belə, «Molla Nəsrəddin» jurnalı ilə bağlı bir-biri ilə mübahisə edərkən ən ağır və haqsız sözləri Faiqin ünvanına söyləmişlər. Lakin «Molla Nəsrəddin» məktəbi və bu məktəbin əməlləri Azərbaycan xalqının tarixində elə bir mövqe tutur ki, burada haqsızlığa uymaq, təhriflərə yol vermək, kimisə unutmaq, kiməsə əhəmiyyət verməmək uzun müddət mümkün ola bilməz. Ömər Faiq də bu məktəbin ən görkəmli nümayəndələrindəndir. Ömər Faiq publisistikasının müasirliyi bu gün də hiss olunur. Ö.F.Nemanzadənin timsalı belə bir cəhəti bir daha bizim diqqətimizə çatdırır ki, xalqın sənətkarı, qələm sahibi yazısının janrından, mövzusundan asılı olmayaraq, ilk növbədə həmin xalqın xadimi olmalıdır, həmin xalqın mənəvi marağı ilə nəfəs almalı, bəşəri yüksəkliyə qalxmaqdan ötrü həmin xalqın hörmətini uca tutmağı bacarmalıdır.
     Tarixi şəxsiyyətlərə tarixi yanaşa bilməməyin daha böyük təzadlarına biz, əksinə, tarixi hadisələrin diqqət mərkəzində olan, hələ sağlığında millətinin ağsaqqalı, öndəri, yolgöstərəni kimi tanınmış, lakin mürəkkəb həyat yolu keçmiş bir sıra simaların nümunəsində rast gəlirik. Taleyində acı ilə şirinin həmişə bir-birini təqib qıldığı, ölümündən sonra isə, əvvəlcə adı, sonra yaradıcılıq irsi repressiyaya, təftişə məruz qalmış Nəriman Nərimanovun şəxsiyyəti buna bariz misal olmuşdur. Geniş, usanmaz ictimai-siyasi fəaliyyətindən əlavə, Azərbaycan ədəbiyyatı tarixində özünəxas yer tutmuş N.Nərimanovun yaradıcılığı da, əməlləri də bütün böyük qələm sahiblərinin, bütün böyük Vətəndaşların miras qoyub getdiyi mənəvi sərvət kimi dəfələrlə, o cümlədən, bizim zəmanəmizdə də sınaqlardan çıxmalı olmuşdur.
     Bu mənada uzun illərin ideoloji, qadağan və böhtanlarından sonra yenidən xalqm özünə qaytarılan mənəvi sərvətlər Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, yaxud Əli bəy Hüseynzadə və b. zəngin irsini eyni aqibətin gözləməyəcəyi barədə narahatlıq, bizcə yerindədir. V.Quliyev «Necə varıqsa, elə də olaq» adlı ədəbi qeydlərində yazır: «Niyə Sabirin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun heykəllərini qoyduğumuz, adlarını suvarma kanallarından tutmuş uşaq evlərinə qədər hər yerdə «əbədiləşdirdiyimiz» halda, onların fikirlərindən, ideyalarından uzaq düşmüşük? Kim təminat verə bilər ki, eyni aqibət indi haqqında çox yazılan, bəzən isə əsassız yerə Nəriman Nərimanova qarşı qoyulan Məmməd Əmin Rəsulzadəni, əsərlərini təzə-təzə çap etməyə başladığımız Əhməd bəy Ağayevi, Əli bəy Hüseynzadəni və başqalarını gözləmir?»‘ Aydındır ki, «təminat» ilk növbədə, elmi-nəzəri və ədəbi fikir tərəfindən hazırlanmalıdır.
     Əlbəttə, məsələ burada bircə qarşıqoyma mexanizmində deyil. Bu məhz tarixi düşüncə tərzinə deyil, mifik təsəvvürə, kütlə psixologiyasına xas əlamətdir. Fransız strukturalist filosofu Levi-Strossun göstərdiyi kimi, qara-ağ, sağ-sol, alt-üst və s. kimi binar oppozisiyalar mifdə gerçəkləşir. Bu gün elmi-nəzəri təfəkkürün qarşısında duran daha çətin vəzifə ümumən irsə tarixi yanaşmanın mexanizmini bərpa etmək, elmi prinsiplərini hazırlamaqdır. Ümumiyyətlə, XX əsrin tarixi şəraitində yetişmiş böyük qələm sahiblərimizə heç bir oppozisiyaya uymadan obyektiv qiymət verməyin vaxtı çatışmır. Dünənə qədər bir qismindən danışırdıq, digər qismi isə guya ki, yox imiş; xatırlananda da siyasi damğalar tarixi obyektivliyi, vulqar-sosioloji prinsiplər bədii-estetik və ədəbi-ictimai meyarları üstələyirdi. İndi digər bir təhlükə var: yeri gəldi-gəlmədi, unudulmuşlar haqqında danışmaq və yavaş-yavaş dünənə qədər dissertasiyalar yazıb müdafiə etdiklərimizi unutmaq...».
     Çox mənalıdır ki, irsə münasibətdə hansı metodoloji əsaslara söykənməyi çox vaxt bizə həmin irsin özü söyləyir. Məsələn, 28 Aprelə həsr etdiyi «Qara gün münasibətilə» adlı məqaləsində «M.Ə.Rəsulzadə Nərimanovu və başqalarını kəskin tənqid etməklə bərabər, yazıldığı dövr üçün (məqalə 1936-cı ildə yazılıb) çox müdrik bir fikir söyləyir: «Unutmamalıyız ki, başda yalançı Moskvanın yıldızlı vaizlərinə uyan bu adamlar sonda ağla qaranı seçməyə başlayınca insanda yapılan işin istiqlal deyil, sözün bütün mənası ilə çıxarmaq cəsarətini göstərmişlər; başda müəllim və yoldaş gibi qarşıladıqları şimallıların sonda kolonizator olduqlarını anlamış və bunu onların üzərinə vurduqları sillə ilə bildirmişlərdir».
     Həmin ağla qara arasındakı yol üçün səciyyəvi olan faciəli peşmançılığı, az qala, cismani surətdə hiss etmək üçün Nəriman Nərimanovun Stalinə yazdığı, surətlərini Trotskiyə və Radekə göndərdiyi «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunu oxumaq kifayətdir . Qeyd etmək lazımdır ki, bu və bir çox digər əsərlər uzun illər gizlədildikdən sonra məhz zamanın bizə təqdim etdiyi sənədlərdir. Tarixi dərk etmək üçün sənədlərə, faktlara istinad etməklə bərabər, onu canlı bir orqanizm kimi qəbul edə bilmək də vacibdir. Yeni sənədlər də daxil olmaqla Nərimanov irsi bir küll halında bu gün elə bir təəssürat oyadır ki, obrazlı desək, o, XX əsr tariximizin Kral Liridir. Onun nankor övladları yolunda fəaliyyət göstərdiyi, yaranmasında, xüsusən, ilk mərhələlərdə fəal iştirak etdiyi, inandığı SİSTEM-dir. Və həmin SİSTEM də Nərimanovu ayıltdı, onu faciə qəhrəmanı etdi, sonra da onu məhv etdi.
     Amal, əqidə və əməl mübarizəsində böyük hərfli Gələcək - Rəsulzadənin müttəfiqi idi, tarix bunu parlaq şəkildə sübuta yetirdi.
     M.Ə.Rəsulzadənin dolğun ictimai və quruculuq fəaliyyətini, zəngin ədəbi-siyasi irsini öyrənmədən, onun elmi-nəzəri görüşlərinə bələd olmadan XX əsrin əvvəllərinin aydın mənzərəsini vermək mümkün deyil. İstər M.Ə.Rəsulzadənin, istərsə də həmin dövrün digər görkəmli ədibləri, ictimai və siyasi xadimləri Ə.Hüseynzadənin, Ə.Ağayevin, Ə.Topçubaşovun və b.-nın millimənəvi fikir xəzinəmizi zənginləşdirən böyük irsi kifayət qədər olmasa da, artıq öyrənilməyə başlanmışdır. Biz burada Rəsulzadənin bir ədib kimi ədəbiyyat tariximizdəki fəaliyyətini yada salmaq istərdik.
     Əslində, siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şerdə, sənətdə formalaşmışdı. Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin millilik təlimini, milli simvolikasının əlamətlərini onun həmin dövr poeziyasından toplamaq olar. Gənc Məmməd Əmin hələ sırf maarifçi kimi düşünsə də, böyük tarixisiyasi mübarizələr yoluna onu məhz belə şair narahatlığı və nigarançılığı gətirmişdi.
     Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və məruzələri onun yaradıcılığının mühacirət dövrünə təsadüf edir . 1936-cı ildə Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı», Varşavada «Azərbaycan ədəbiyyatı» məqalələri çap olunmuşdu. 1949-cu ildə Ankarada «Azərbaycan kültür gələnəkləri» əsəri, 1951-ci ildə isə məşhur «Azərbaycan şairi Nizami» monoqrafiyası işıq üzü görmüşdü.
     Sonuncusu sanballı monoqrafiyası ilə Rəsulzadə dünya nizamişünaslığına bir sıra yeni fikirlər, istiqamətlər gətirmişdi.
     Bu əsərlərdə onun sənət görüşlərinin, estetikasının dərinliyini, təkamülünü görürük. O, mədəniyyətə başqa dövrlərin meyarı ilə deyil, milli və tarixi kontekstdə yanaşmağın tərəfdarı idi. Mühacirət dövrünü aydın əks etdirən bu əsərlərdəki xalqa və Vətənə qırılmaz tellərlə bağlılıq Rəsulzadə ədəbi irsinin daha qiymətli bir əlamətidir.
     Ən nəhayət, ədəbiyyatda tarixə, tarixi şəxsiyyətin yeri və roluna yanaşmağın bugünkü ölçüləri barədə qənaətlərimizə yekun olaraq deməliyik ki, ədəbiyyat tariximiz, ümumiyyətlə, ictimai fikrimiz sovet dövründə rəsmi ideologiyanın şişirtdiyi antiədəbiyyatdan, antisənətdən, irsə birtərəfli qiymət vermək təcrübəsindən təmizlənməlidir. «Dədə Qorqud»dan, Nizamidən üzü bu tərəfə böyük abidələrimizə, ədiblərimizə münasibətin özündə də elmi obyektivlik əsas meyar olmalıdır. O da şübhəsizdir ki, bir daha başqa dünyanın, mənəvi sərvətimizin bir təmayülü başqa bir təmayülün hesabına tədqiq və təbliğ olunmamalıdır. Hərgah söhbət XX əsrdən gedirsə, Sabir də, Mirzə Cəlil də, Əhməd bəy də, Üzeyir bəy və Ceyhun bəy də, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov da eyni milli ədəbiyyat və ümumiyyətlə, ədəbiyyat təəssübkeşliyi ilə tədqiq və təhlil olunmalıdır.
     Dünən təkcə «Molla Nəsrəddin» jumalından danışır, yalnız onu yüksək qiymətləndirir, yenə də misal üçün, «Füyuzat» jurnalına isə qara boyalar yaxır, onun «reaksion» simasını ifşa edir, yaxud «Azərbaycan» qəzetinin üzərinə xətt çəkir, onun «burjua» mahiyyətini açıqlayırdıq. Bu gün «Füyuzat»a da obyektiv qiymət vermək, «Azərbaycan»ın da işıqlı ənənələrindən danışmaq zamanı çatmışdır, lakin bu qiymət, bu ədəbi iş heç vəchlə «Molla Nəsrəddin»in kölgədə qalması bahasına olmamalıdır. Bu mənada medalın bir üzünə, sonra da o biri üzünə aludəçiliyin eyni zərərli mahiyyətdə olmasını dərk etmək, yalnız ictimai fikrimizm yox, ümumiyyətlə, mədəniyyətimizin zərərdidə olmasını anlamaq üçün, son yetmiş ilin acı təcrübəsi bizə ibrət olmalıdır.

TARİXİ TİPOLOGİYA VƏ VAHİD DÜNYA ƏDƏBİ PROSESİ


     Biz artıq nizamişünas alimlərimizin «Nizami və İntibah» probleminin tədqiqində olduqca maraqlı qənaətlərə gəldiyini, Qərb və Şərq ədəbi əlaqələrinin zəminində dünya ədəbi prosesinin vahidliyi haqqında mülahizələrin təsdiqləndiyini göstərən amillərin olduğunu qeyd etdik. Biz vaxtilə Yaşar Qarayevin eyni problemi Azərbaycan ədəbiyyatının digər materialları, xüsusilə də realizm estetik cərəyanına münasibətdə araşdırdığı məqalə və kitablarına da diqqət cəlb etmişik.
     Məsələn, alimin hələ «Tənqid: problemlər, portretlər» kitabında müdafiə edilən vahid konsepsiya belə bir həqiqətin təsdiqinə yönəlirdi ki, ən qədim və zəngin mədəniyyətli xalqların realizm tarixinə məxsus əsas məsələlər və tiplər Azərbaycan milli realizminin də tarixinə yad deyil (yalnız az zəngin milli ədəbiyyatlar dünya ədəbi inkişafının vahid tipoloji təsnifinin klassik modelinə çox pis «sığışırlar»!) Y.Qarayev burada və sonrakı kitablarında Azərbaycanda realist milli-ədəbi inkişafın hər cür boya və çalarlarını, mərhələ və tip özünəməxsusluğunu vahid dünya və Şərq ədəbi inkişafının fərdi tipoloji qanunauyğunluqları baxımından araşdırmaqla yanaşı, digər analoqlara, məsələn, Şərq orta əsrlərinin İntibah xarakterinə, mahiyyətcə Qərb səciyyəli XX əsr romantizmi ilə orta əsrlərin klassik romantik poeziyası arasındakı münasibətlərə və s. diqqət yetirirdi.
     Əlbəttə, dünya ədəbiyyatının vahid tipoloji qanunauyğunluqları barədə konsepsiya bizim milli ədəbiyyatşünaslığın xidməti deyil, çağdaş ədəbiyyatşünaslığımızın xidmətidir. Bizi burada obyektiv həqiqətin özü və tarixi analogiya probleminin qoyuluşu maraqlandırır.
     Ümumən bu və ya digər ədəbi-bədii təzahürü şərh etmək üçün analogiyalar üsuluna müraciət etmək geniş yayılmışdır. Məsələn, Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteistliyi Lukretsi Kar ilə İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər. Əlbəttə, bu analogiyalarda bir həqiqət var, lakin həmin həqiqətlə bərabər, mənə elə gəlir ki, Dante də, Petrarka da, Lukretsi Kar da, Cordano Bruno da və Nəsimi də bəşər tarixinin elə parçaları, hissələridir ki, onları bir-biri ilə müqayisə etmək olmaz. Tarixin parçaları, hissələri müqayisəyə sığışmır.
     Tarixin bu səhifələri o qədər işıqlı, o qədər yüksəkdir ki, onlar müqayisəsiz, analogiyasız, öz-özlüyündə insan dühasının qadirliyindən xəbər verir. Nəsimi şəxsiyyəti böyük insan nümunəsi idi və buna görə də Nəsiminin insan haqqında yazdıqları böyük də təsir gücünə malik idi. Uzun-uzadı əsrlər boyu insan özünün kiçikliyini, heçliyini bildirirdi, Nəsimi isə, İnsanı Allah adlandırırdı və Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı.
     Bizə görə tarixi tipologiya bu və ya digər ədəbi-bədii hadisələrin eyniyyətini, oxşarlığını deyil, əksinə, təkrarsızlığını üzə çıxarır, təsdiq edir. Analoqlar təsadüfi səciyyə daşımamalı, yalnız vahid ədəbi-estetik prosesə uyğun, tarixin gəlişməsinin universal qanunlarına əsasən öyrənilməlidir. «Sübh şəfəqi»nin işığı adlı məqalədə Azərbaycan intibahşünaslığının gördüyü işlərə ümumi nəzər salmaqla, biz tədqiqatı daha konkret istiqamətlərdə aparmağın tərəfdarı kimi çıxış edirik: «Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı»‘.
     Məqalədə diqqətimizi cəlb etmiş bir məqam H.Cavidin «Ana» pyesi ilə XVI əsr İtaliya yazıçısı Cambatista Ciraldi Çintionun «Ekatomiiti» (yunan dilində «yüz hekayə» deməkdir) kitabının altıncı dekada, VI novellasının müqayisəsi əsasında bu problemi şərh etməyə çalışırıq. Hər iki əsərin fabulası demək olar ki, eyni olmaqla yanaşı, «Ana» ilə Ciraldinin novellası arasında çox maraqlı, oxşar məqamlar da maraq doğurur. Bunların bəzisi xırda, bəzisi əsaslıdır, hər iki halda diqqəti cəlb edir. Cavid bu novellanı rus dilindəmi oxuyub, həmin novella türk dilindəmi mövcuddur və Cavid Türkiyədə olarkən bu novella ilə orada tanış olub bu məsələlər hələ cavidşünaslığın elmi-nəzəri araşdırmasını gözləyir. Biz süjetlərin dünya xalqları arasında yayılması barəsində istər Vilhelm və Yakob Qrimm qardaşlarının mifoloji nəzəriyyəsi, T.Benfeyin iqtibas nəzəriyyəsi, istərsə də antropoloji nəzəriyyə və bunun akademik V.M.Jirmunski tərəfindən tarixi-mədəni, tarixi-tipoloji və tarixi-genetik cəhətləri əsas götürməklə təfsiri ilə tanış olmuş və Azərbaycan folklorunu öyrənməklə bu qərara gəlmişik ki, belə bir süjet folklorumuzda yoxdur, buradan Cavid yaradıcılığına keçə bilməzdi.
     Cavid, həqiqətən də, Ciraldinin novellası ilə tanış idi. Cavid də bir ədəbi böyük dramaturqlar kimi (Şekspir, Şiller, Lope de Veqa və başqaları), mexaniki yox, yaradıcı yolla getmişdir və İntibah novellası əsasında özünün orijinal səhnə əsərlərini yaratmışdır və biz məhz belə analoqları metodoloji baxımdan əsaslı, vahid ədəbi-bədii prosesin təbii gəlişməsini üzə çıxaran, təsdiqləyən amillər kimi gərəkli hesab edirik. Ciraldinin novellası ilə Cavidin dramı müxtəlif epoxaların, müxtəlif ictimai və bədii-estetik inkişaf mərhələlərinin bəhrəsidir. Və əgər «Ana» əsəri daha canlı, Səlma surəti Liviya surətindən daha təbii və həyati təsir bağışlayırsa, bu ədəbiyyatda Səlmanın təxminən dörd yüz il əvvəlki sələfini heç vəchlə qiymətdən salmır, söhbət Cavidin İntibah novellasına məhz yaradıcı münasibətindən gedir. Bu, həm də ədəbiyyatda tarixlə müasirliyin eyni bir estetik axarda təzahür etdiyini, tarixin müasirliyini təsdiq edən faktdır.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 1138 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more