Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ədəbi proses. Olum ya ölüm? (Məqalə)
ƏDƏBİ PROSES. OLUM, YA ÖLÜM? BİRİNCİ MƏQALƏ


     Azərbaycan yazıçılarının IX qurultayı qurtardıqdan sonra, bu ali (hər halda, ali olmalı idi...) ədəbiyyat toplantısı haqqındakı ilk rəsmi məlumatda deyilirdi: «Qurultayın iştirakçıları son onillikdə Azərbaycan ədəbiyyatının müvəffəqiyyətləri və nöqsanları haqqında ətraflı, müfəssəl danışmışlar» («Kommunist», qəz., 23 mart, 1991) və bu... ağ yalan idi.
     Qurultayda nəinki «ətraflı, müfəssəl» ədəbi söhbət aparıldı, ümumiyyətlə, mətləbə dəxli yox imiş kimi, ədəbi prosesin vəziyyətindən (həm də acınacaqlı vəziyyətindən!) demək olar ki, tamam sərf-nəzər edildi. Bir tərəfdən, «birinin adını çəkərəm, o biri məndən rəncideyi-hal olar, yaxşıya yaxşı deyərəm, pisi yazan məndən inciyər ki, bəs, mən? pisə pis deyərəm, onsuz da ağrıyan başımı daha da ağrıdaram» - komformist siyasəti, digər tərəfdən isə daxili kin-küdurət, intiqamçılıq əhvali-ruhiyyəsi ona gətirib çıxardı ki, o ali (!) məclisdə müasir Azərbaycan ədəbiyyatı haqqında ciddi (heç yarımciddi də...) söhbət getmədi. Müasir ədəbiyyatın problemləri bəzən klassiklərimiz, dastanlarımız haqqındakı ümumi və məlum mülahizələrin, bəzən də mücərrəd və şüarçı ambisiyaların arxasında qaldı. Halbuki ciddi ədəbi söhbətə böyük ehtiyac var idi və o ehtiyac, olsun ki, bu gün - siyasi- ictimai, sosial kataklizm və milli oyanış zamanında əvvəlki dövrlərə nisbətən daha artıqdır.
     Yəqin elə buna görə də qurultayın gedişatından narazılıq müxtəlif mətbuat səhifələrində öz əksini tapdı və bu baxımdan o yazılardan bir qisminin qısa icmalını vermək, elə bilirəm ki, yerinə düşər.
     Vaqif Yusifli «Nə gözləyirdik... Və nə gördük?» adlı məqaləsində yazırdı: «Qurultayda... bir-iki çıxışı istisna eləməklə, ədəbiyyatımızın problemlərindən söz deyilmədi» («İlham», qəz., 2 aprel, 1991).
     «Azadlıq» qəzetindəki qeydlərdə müəllif- «Qurultay Yazıçılar İttifaqının adını dəyişib Azərbaycan Yazıçılar Birliyi qoydu.
     Ad dəyişsə də, məzmun dəyişmədi» - deyə təəssüfünü bildirirdi (28 mart, 1991).
     Vaqif Nəsib «Qurultayda deyə bilmədikləri»ni mətbuatda dedi («Yol», N° 3, 1991), Ağəddin Mansurzadə «ədəbiyyatımızın incə düyünləri açılmadı» - deyə əvvəlcə «Bakı» qəzetində «IX qurultayın işindən yazıçıların əksəriyyətinin narazı qaldığını» bildirdi (26 mart, 1991), sonra isə: «Hörmətli redaktor! Sizə təqdim etdiyim bu yazını Azərbaycan yazıçılarının IX qurultayında edəcəyim çıxışın əsasında qələmə almışam. İki dəfə qurultayın rəyasət heyətinə müraciət etsəm də, mənə söz verilmədi. Düzünü deyim, indi buna heyfslənmirəm. Çünki o cür... qurultayda danışmağın heç bir mənası da yox idi...» - deyə «Yeni fikir»də çıxış etdi (17 aprel, 1991).
     Yenə də «Yeni fikir» dəqiq bir sarkazm ilə yazdı: «Qurultayın getdiyi iki gün ərzində müxtəlif çıxışlarda və məruzələrdə Moskvanın - mərkəzin son illərdə Azərbaycana və burada baş verən hadisələrə ikiüzlü münasibətinin haqlı olaraq tənqid edildiyi məqamlar oldu. SSRİ Yazıçılar İttifaqının Moskvada keçiriləcək növbəti qurultayına nümayəndələr seçilərkən vəziyyət birdən-birə dəyişdi. «Qırmızı imperiya»nı odlu-alovlu tənqid atəşinə tutan bəzi yazıçılar onun paytaxtına - qurultaya getmək üçün canfəşanlıq göstərməyə başladılar» (28 mart, 1991).
     Ələkbər Salahzadə «Ədəbi mühitimizdə sanki hər addım ölçülü-biçili, hər şey təmənnalı; qeyri-adi hadisə, gözlənilməz sevinc qıtlığıdır... Köklü nə dəyişib son illərdə?» - deyə bildirdi: «Mən bu qurultaya getmədim - yazıçı təşkilatımızın bugünkü passivliyinə etiraz kimi, özümə etiraz kimi» («Yeni fikir», qəz., 4 aprel, 1991).
     Azərbaycan Yazıçılar Birliyinin katibliyi bu narazılıqlara «Subyektiv fikirlər və obyektiv həqiqət» başlığı ilə cavab verdi və bütün bu söz-söhbəti ümumiləşdirmək istədi: «Azərbaycan Yazıçılar Birliyi IX qurultaydan sonra adında da, mahiyyətində də Birlik yaratmaq istədiyimiz Ədəbiyyat ocağımız - xalqın mənəvi bütövlüyü, zənginliyi uğrunda, mədəni inkişafı yolunda ardıcıl çalışan, dilimizin, milli heysiyyətimizin, tarixi varlığımızın keşiyində duran, ədəbi nəsilləri, cərəyanları, siyasi fikirləri toplamağa çalışan bir vəhdətdir. İstər İdarə Heyəti və Təftiş Komissiyasında, istər Ağsaqqallar Şurasında və Katiblikdə Kommunist Partiyasının üzvü olan yazıçılar da var, Xalq Cəbhəsinin nüfuzlu xadimləri də, heç bir partiyaya mənsub olmayan və heç bir hərəkata qoşulmayanlar da. Ədəbiyyatda onları vahid amal birləşdirir - xalqa, onun söz sənətinə, dilinə, gələcəyinə xidmət amalı...» («Ədəbiyyat qəzeti», 19 aprel, 1991).
     Lakin bir az keçməmiş «Azadlıq» qəzetinin müəllifi Azərbaycan Yazıçılar Birliyi Katibliyinin cavabına cavab verdi... (9 may, 1991).
     Bu tənqidlərin, bəzən də «giley-güzarlar»ın sayını daha da artırmaq, icmalı genişləndirmək olardı, lakin indiki halda bizi başqa məsələ düşündürür: bütün bu narazılıqların səbəbi. Mən tam əminəm ki, qurultay müasir Azərbaycan ədəbiyyatının, ədəbi prosesin təəssübünü (ünvanlı təəssübünü!) çəkmiş olsaydı, həmin «giley-güzarlar» da ortaya çıxmazdı. Hər halda, o «giley- güzarlar» diqqəti bu dərəcədə cəlb etməzdi, bəzən də lazımsız, xəstə ajiotaj yaratmazdı.
     Qurultay mücərrəd bir məfhum deyil və mən buna da tam əminəm ki, qurultayı tənqid etmək hansısa kənar bir qurumu tənqid etmək ovqatının nəticəsidirsə, onda biz heç nə əldə edə bilməyəcəyik. Qurultay ayrı-ayrı nəfərlərin, indiki halda, yazıçıların toplusudur və yazıçı özünü tənqid etməyi bacarmırsa, özünə, öz fəaliyyətinə tənqidi yanaşa bilmirsə, mənə elə gəlir ki, qurultay tənqid etmək səlahiyyətinə malik deyil.
     Şəxsi məsuliyyət - bu gün ədəbi proses hər bir yazıçıdan, hər bir ədəbiyyat adamından bunu tələb edir. Şəxsi fəaliyyət isə, təbii ki, həmin məsuliyyətin nəticəsidir və həqiqətən, məsuliyyətin nəticəsi olacaqsa, orada diplomatiyaya yer yoxdur, gözəl frazalar söyləyib, əslində, heç nə deməmək (keçmiş SSRİ-nin siyasi liderlərinin tətbiq etdiyi üsul!), klassiklərin, folklorun, ədəbi əlaqələrin arxasında gizlənmək mümkün deyil, çünki ədəbi proses konkretlik tələb edir: yaxşı hansıdır, pis hansıdır? və yaxşı nə üçün yaxşıdır, pis isə nə üçün pisdir?
     Bu konkretlik olmasa, heç bir qurultay, heç bir müşavirə, heç bir qərar ədəbi prosesi dirçəldə bilməyəcək.
     Yazıçıların qurultayından sonra, qəribə bir hadisə müşahidə etmək olardı və yuxarıdakı kiçik icmal da yəqin bu təəssüratı yaradır: qurultayda ədəbi prosesdən yan keçildiyi üçün, bunun özü ədəbi söhbət predmetinə çevrildi, ədəbi prosesdə bir canlanma yaratdı. Lakin qurultay artıq dünənin hadisəsidir və o canlanma da süstləşdi, yeni bir başlanğıc üçün, ədəbiyyat təəssübkeşliyı üçün ədəbi stimula çevrilmədi.
     Bu gün Azərbaycandakı ədəbi prosesin vəziyyəti, şübhə etmirəm ki, bir çoxlarını, o cümlədən də məni ciddi narahat edir, çünki bu proses tamam bir durğunluq içindədir. İstedadlı ədəbiyyat həmişə xalqı ifadə edib, xalq marağının keşiyində dayanıb və hərgah biz bu gün müasir ədəbiyyatımızın problemləri ilə bağlı prinsipial söhbət aparmırıqsa, zərərdidə yalnız ədəbiyyatımız yox, eyni zamanda, xalq olur.
     Qəribədir, «durğunluq dövrü» adlandırdığımız və vulqar sosiologizmin hələ də tüğyan elədiyi yetmişinci illərdə, səksəninci illərin əvvəllərində bizim ədəbi proses qat-qat artıq dərəcədə canlı və maraqlı idi, nəinki bu gün. Ədəbi müzakirələr keçirilirdi, qızğın ədəbi mübahisələr olurdu, fikir mübadiləsi aparılırdı, ədəbi narahatlıq var idi, istedadlı əsərlər müdafiə edilirdi, zəif əsərlər tənqid olunurdu...
     Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm: söhbət «sosializm realizmi ədəbi metodu» ilə bağlı nostalgiyadan, şəxsi iddialar ucbatından hisslərin tarıma çəkilməsindən, rəhmətlik Mehdi Hüseyn kimi, kiminsə ürəyinin partlamasından getmir, yox, sadəcə ədəbiyyatın təəssübkeşliyindən gedir.
     Əlbəttə, zaman çox kəskin dəyişmişdir, bu gün xalqın milli varlığının ifadəsi və müdafiəsi, ərazi bütövlüyünü qorumaq əzmi, tam müstəqillik və sosial ədalət uğrundakı mübarizəsi, ideoloji hegemonluğa qarşı çıxması və həmin hegemonluqdan yaxa qurtarmaq üçün yollar axtarması, elə bil ki, ədəbi prosesi şok vəziyyətinə salıb, lakin bir həqiqət var: xalqın mübarizəsi və inkişafı sinxronluq, hərtərəflilik tələb edir: siyasi mübarizə, iqtisadi mübarizə, ədəbi mübarizə...
     Bəli, bu gün zaman dəyişib və bədii sözü, elmi-nəzəri fikri ifadə etmək üçün, dünən fantastik görünə biləcək bir dövr yaranıb. Həmin dövr azmı çəkəcək, həmişəlikmi olacaq, biz tam müstəqillik əldə edə biləcəyikmi? - bu başqa söhbətdir və hər birimizi dərindən düşündürür, mübarizəyə sövq edir. Lakin bu gün o «fantastika»nın yaranmasında məhz yetmişinci illərin, səksəninci illərin əvvəllərinin ədəbi prosesi, yazıçı sözü az iş görməmişdir və bunu unutmaq olmaz, həm də yalnız ona görə yox ki, nankorluq olar; ona görə ki, inkişaf təbii axarından çıxar.
     İstedadlı qələm dostum Sabir Rüstəmxanlı IX qurultayda «Demokratik hərəkat və ədəbiyyatımız» mövzusunda söylədiyi məruzəsində deyir: «Dünən cəsarətli sayılan söz, bu gün mübarizənin əlifbası qədər adiləşib» («Ədəbiyyat qəzeti», 5 aprel, 1991).
     Şübhəsiz ki, doğru müşahidədir. Lakin burada incə bir mətləb var: «dünən cəsarətli sayılan söz» yaşadığımız dövrün siyasi burulğanları içində bu gün adiləşib, «mübarizənin əlifbasına» çevrilibsə, heç vəchlə dünən deyilmiş o sözün - o lazımlı, vacib sözün, bu günə gəlib çıxmağımızda və gələcəyə doğru addımlamaq əzmimizdə müəyyən rol oynamış sözün qiymətini azaltmır, çünki o söz məhz dünənin qorxunc siyasi-inzibati-ideoloji beton çərçivələri daxilində, dünənin kontekstində qiymətləndirilməlidir.
     Hələ məlum deyil ki, dünən xalqın taleyi barədə, onun bədii- estetik sərvətinin milli mahiyyəti haqqında bu gün «mübarizə əlifbası» təsiri bağışlayan sözü demək böyük cəsarət tələb edirdi, yoxsa, bu gün ondan qat-qat artıq dərəcədə kəskin, heç bir Ezop dilinə, sözaltı mənaya, «qızım, sənə deyirəm, gəlinim, sən eşit» üsuluna müraciət etmədən bütün açıqlığı ilə deyilən söz böyük cəsarət tələb edir?
     Sabir özü hələ 1985-ci ildə Cavad xan haqqında yaxşı bir poema yazmış və çap etdirmişdi (bu faktı məruzəsində də xatırladır). Ola bilsin ki, həmin poema bu gün yazılsaydı, rus istilasına qarşı Cavad xanın simasında xalqımızın qəhrəmanlıq mübarizəsi daha kəskin ifadələrlə, daha dəqiq ünvanlarla, daha konkret istinadlarla təsvir olunardı, amma bu, 1985-ci ildə - Rusiya ilə Azərbaycanın «könüllü birləşməsi» haqqındakı yalanın riyakarcasına xalqın xoşbəxtlik etalonu kimi qələmə verildiyi bir dövrdə, poeziyamızda hələ də «Şimal günəşinin» şölələndiyi, Leninin işıq saçdığı, «böyük qardaşımız»a nidalar söyləndiyi bir zamanda o poemanın meydana çıxmasının əhəmiyyətini (və cəsarətini!) azaldırmı?
     Əlbəttə, yox. Bəlkə də, əksinə.
     Sabir məruzəsinin lap başlanğıcında yazır: «Yazıçı üçün Sözün, İnsanın və Millətin azadlığından böyük arzu və xoşbəxtlik yoxdur».
     İstedadından asılı olmayaraq, əlinə qələm almış hər bir kəs bu f'ikirlə tam şərik olmaya bilməz, çünki Böyük Ədəbiyyatın ən böyük müttəfiqi Azadlıqdır və bu gün İnsan və Millət azadlığını deyə bilmərəm, amma, hər halda, beş il bundan əvvəlkinə nisbətən Söz azadlığı göz qarşısındadır. Lakin bu gün biz həmin «Söz azadlığı»ndan necə və hansı bədii-estetik səviyyədə istifadə edirik? O Sözün təəssübünü çəkməli olan ədəbi proses nə üçün bu gün bu qədər acınacaqlı, məlul bir vəziyyətdədir və nə üçün bu heç kimi narahat etmir? Bu işlə məşğul olmalı təşkilatlar və mətbuat orqanları, ədəbi ictimaiyyət isə özünü elə aparır, elə bil, ədəbi prosesin belə vəziyyətə düşməsinin onlara dəxli yoxdur.
     Əlbəttə, ictimai təşkilatlar, elmi müəssisələr, redaksiyalar əsər yazmır, təşkilat heç bir tənqidçinin əvəzinə oturub məqalə yazmayacaq - bu, sırf fərdi bir hadisədir, lakin təşkilat ədəbi prosesdə iştirak etməlidir, yəni stimul yaratmalıdır, həyəcan təbili vurmalıdır, təşkilati (inzibati yox!) fəaliyyət göstərməlidir və həmin fəaliyyətdə yaxşı ilə pisin fərqinə varmalıdır.
     Bu gün yaxşı ilə pisin fərqinin tamam aradan qaldırılması, bədii-estetik meyarların yox olması yalnız ədəbiyyatımıza, hətta yalnız mədəniyyətimizə yox, bütün mənəviyyatımıza o zərbəni vurur ki, altını hələ çox çəkəcəyik və faciəli təəssüf hissi də dadımıza yetməyəcək.
     Yetmiş illik mənəvi riyakarlıq məngənəsindən sonra, bu gün xalq Azadlıq və Müstəqillik sorağı ilə, əslində, özünü axtarır və öz maddi sərvətlərinə sahib olmaq uğrunda mübarizə aparır. Lakin maddi sərvətlə bərabər, mənəvi sərvət də olmadan Azadlığın və Müstəqilliyin tam və aydın mənzərəsi şəxsən mənim üçün çox dumanlıdır. Mənəvi sərvətə isə qiyməti ədəbi proses verməlidir, yəni pis ilə yaxşını bir-birindən ayırıb, yaxşını xalqın mənəviyyatının bir hissəsinə çevirmək üçün çalışmalıdır.
     Azərbaycan Xalq Cəbhəsinin qurultayı haqqında «Azərbaycan» qəzetində dərc olunmuş məqalədə (müəllifi Mir Şahin) söylənən obrazlı bir fikri mən çox əlamətdar hesab edirəm: «...təkcə Təbriz xalısına və «Sənsiz» romansına görə də Azərbaycan tam istiqlaliyyətə layiqdir» (25 iyul, 1991).
     Müəllif yüz faiz haqlıdır və xalqımızın bu günündə və sabahında da o Təbriz xalıları və «Sənsiz»lər olmasa, istiqlaliyyət də natamam olacaq. Həmin natamamlıq təhlükəsini biz bu gün özümüzdən uzaqlaşdırmalıyıq, çünki sabah gec ola bilər, boşluq yaranar və mənəvi boşluğun zərəri, şübhəsiz ki, dükan-bazar boşluğunun zərərindən qat-qat artıqdır.
     Bunun üçün də bu gün siyasət adamı siyasətlə, iqtisadçı iqtisadiyyatla, yazıçı və tənqidçi isə ədəbiyyatla məşğul olmalıdır və bu o demək deyil ki, mən, deyək ki, yazıçını, yaxud tənqidçini ictimai həyatdan kənara çağırıram. Qətiyyən yox. Əksinə. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, yaxud Firidun bəy Köçərli ilk növbədə böyük Vətəndaş idilər, xalqın maariflənməsi uğrunda, yəni Azadlığı, İstiqlaliyyəti uğrunda mübarizə aparırdılar.
     Nə üçün belə idi?
     Çünki onlar ilk növbədə də böyük yazıçı, ədib idilər.
     B.N.Yeltsinin Məsləhət Şurasının üzvü, rus ziyalıları arasında demokratik hərəkatın öncüllərindən, yazıçı Daniil Qranin müsahibə alan müxbirin: « - Yazıçılar siyasətdə inhisari-xəyala uğramayıblarmı?» - sualına belə cavab verir: « - Elə bilirəm ki, yazıçıların siyasətlə məşğul olmaq vaxtı keçib. Bu gün hüquqşünaslar, iqtisadçı alimlər və peşəkar siyasətçilər daha artıq fayda verər» («Zerkalo», qəz., 1991, N“ 17).
     Mənə elə gəlir ki, bu fikirdə həqiqət var, lakin o dəqiq deyil. Yazıçı xalqının oğludur, onun imkanı və qabiliyyəti varsa, qoy siyasətlə də məşğul olsun, lakin öz bədii istedadının (əgər istedadlıdırsa!), gələcək kitablarının hesabına yox. Bu mənada ki, siyasət ədəbi prosesi əvəz etməməlidir.
     Mən bu sözləri yazır və fikirləşirəm: indi, xalqın bu ağır günündə, günahsız qanlar axıdılan bir zamanda bu söhbətin yeridirmi?
     Bəli, yeridir! Çünki ədəbi proses xalq marağının, xalq təəssübünün fövqündə deyil, ona kənar (və indiki zamanda yad!) bir element kimi baxmaq olmaz. Mən bu gün ədəbi prosesə məhz ümumxalq hərəkatının, dirçəlişimizin və gələcək qələbəmizin tərkib hissəsi kimi baxıram və buna görə də bəzi istedadlı qələm dostlarımın bədbinliyə qapılmasını daxili bir həyəcanla qarşılayıram!

İKİNCİ MƏQALƏ


     «Yeni fikir» qəzetinin müxbiri, professor Tofiq Hacıyevdən soruşur: «- Son vaxtlar nədənsə ədəbi tənqiddən uzaqlaşmısınız. Bunun səbəblərini, eyni zamanda, müasir ədəbi proses barədə mülahizələrinizi öyrənmək istərdik...». Cavab: «- İcazə verin, bu sualı cavabsız qoyum» (17 aprel, 1991).
     Tofiq Hacıyevin də, digər nüfuzlu tənqidçilərimizin də ədəbi tənqiddən uzaqlaşmasının səbəblərini ayırd etmək lazımdır, bu cür sualları bədbinliyə qapılıb, yaxud inciyib, yorulub, cana gəlib cavabsız buraxmaq olmaz. Sual cavabsız qalar, ədəbi tənqid də öz görkəmli yaradıcılarından kənarda qalar və ədəbi proses də yox olar.
     Bu təhlükə, elə bilirəm ki, bu gün çox real bir amansızlıqla özünü göstərmədədir.
     Həm də qəribədir, son vaxtlar tənqidin özü ədəbi ictimaiyyətə bir sıra kitab təqdim edib ki, o kitabların müzakirəsi, onların ətrafındakı fikir mübadiləsi ədəbi prosesin «silkələnməsi», hörümçək toruna bənzəyən ətalət torundan təmizlənməsi üçün müəyyən stimul rolunu oynaya bilər. Məsələn, mən eyni vaxtda nəşr olunmuş yalnız iki kitabın adını çəkmək istərdim: Tofiq Hacıyev. «Şerimiz, nəsrimiz, ədəbi dilimiz», Bakı, «Yazıçı», 1990. Və Cahangir Məmmədov. «Sənətkar sözü, nəsrin gözü», Bakı, «Yazıçı», 1990. Düzdür, hər iki kitaba toplanmış məqalələr əsas etibarilə yetmişinci illərin sonu, səksəninci illərin birinci yarısında yazılmışdır, lakin o məqalələrin nəzəri-estetik səviyyəsinin göstəricisidir ki, onlar kitab halında ayrı-ayrı məqalələr toplusu yox, monoqrafik bir səciyyə daşıyır və aktuallıqlarını saxlayırlar, böyük siyasi-ictimai və sosial təlatüm və sarsıntılardan sonra belə, bu günün bədii-estetik meyarları ilə səsləşirlər.
     Tofiq Hacıyev, bir tərəfdən, «təfəkkürün maddi forması» kimi dilin «epiklik intonasiyası»ndan tutmuş «uşaq dilinin psixologiyası»nacan dil problemlərini nəzəriyyəçi mütəxəssis kimi tədqiqatdan keçirir, bədii əsərin struktur quruluşunu, arxitektonikasından tutmuş «dilinin qayğıkeşliyi»nəcən onun poetikasını araşdırır, digər tərəfdən isə, Azərbaycan folkloruna və klassik ədəbiyyatına dərindən bələd olduğu, tənqidçi bədii zövqündə intuisiya ilə nəzəri qavrayış vəhdət təşkil etdiyi üçün, bütün bunları canlı surətdə aşılayır, onun özünün tənqidçi-alim təhkiyəsi və təhlili başqalarından tələb etdiyi bədii-estetik səciyyəyə cavab verir, yəni tənqidçi imkanı və tənqidçi iddiası arasında təzad yoxdur.
     Cahangir Məmmədovun yeni kitabı isə bizi müasir tənqidimizdəki ciddi və səriştəli «nəsr mütəxəssisi» ilə görüşdürür, onun elmi-nəzəri mülahizələri, qiymətləri, bizim tam qəbul edib- etməməyimizdən asılı olmayaraq, lazımi nəzəri-estetik səciyyə daşıyır, onlar fikir mübadiləsinə, sağlam ədəbi mübahisələrə çağırır. Kitabın ən görümlü cəhətlərindən biri budur ki, o, Azərbaycan nəsrini məhdud coğrafi sərhədlər çərçivəsində yox, ittifaq, bəzən də dünya ədəbi prosesi kontekstində araşdırır və bu mənada, Cahangirin özünün yaradıcılıq miqyası genişdir. Həmin cəhət bu istedadlı tənqidçini bədii-estetik tələblərinin miqyası və ehtiva etmək istədiyi mövzunun, problemin əhatəliliyi baxımından müəyyən coğrafi ərazi prosesinin yox, ümumiyyətlə, müasir ədəbi prosesin nümayəndəsi səviyyəsinə qaldırır.
     Bu kitablar nə üçün müzakirə olunmur, onların üzərindən nə üçün sükutla keçilir (mən ayrı-ayrı resenziyaları nəzərə almıram, söhbət Azərbaycan ədəbi prosesinin canlanmasından gedir!), nə üçün bu canlı kitablarda söylənən mülahizələrin, o cümlədən, mübahisəli mülahizələrin, verilən qiymətlərin, aparılan təhlilin həm müttəfiqləri, həm də opponentləri bir-biri ilə sağlam elmi- nəzəri mübahisəyə girişmir? Ədəbi prosesin təəssubünü çəkməyə daha lüzum yoxdurmu?
     Mən yenə suallar verir və özüm özümü təkrar edirəm, bunu başa düşürəm, amma yenə də bu sayaq suallardan qurtula bilmirəm.
     Orası da maraqlı və yəqin səciyyəvidir ki, Tofiq Hacıyevin kitabı haqqında səriştəli bir məqaləni (həm də gecikmiş məqaləni...) Cahangir Məmmədov yazıb («Şerimiz, nəsrimiz, dilimiz», «Ədəbiyyat qəzeti», 16 avqust, 1991). Həmin məqalədə söylənən bir fikri xatırlamaq istəyirəm: «Bu gün bədii sözlə, onun qiymətləndirilməsində yaranan vaxt boşluğu oxucuda qəribə bir həsrət yaradıb. Siyasətdən yorğun oxucu indi bədii sənətlə bağlı kitablara üz tutmağa başlayıb. Etiraf edim ki, o yorğun oxuculardan biri də mənəm və mən də o ara boşluğunun narahatlığını keçirmişəm. Bu narahatlıqdan, qəzet yorğunluğundan xilas çarəsini mən də təzə kitablarda axtarmışam».
     Tənqidçinin bu etirafı ədəbi prosesimizin gələcəyi ilə bağlı bir ümid qığılcımı yandırır, lakin istər-istəməz fikirləşirsən: bu etirafın arxasında həqiqətənmi fərdi hiss-həyəcan yox, kütləvi ovqat dayanır? O «qəribə həsrət» həqiqətənmi yalnız Cahangiri yox, ümumiləşdirilmiş «oxucunu» səciyyələndirir?
     Təki belə olaydı...
     O ki qaldı oxucunun siyasətdən yorulması məsələsinə, burada bir cəhəti dəqiqləşdirmək istəyirəm. Əgər bu yerdə siyasət ifadəsi ictimai həyatımızdakı milli dirçəliş hərəkatının sinonimidirsə, qoy oxucu o hərəkatdan yorulmasın, həmin hərəkatın bərqərar olması üçün, hərə öz sahəsində əlindən gələni əsirgəməsin, amma bu, bədiiyyatdan, ədəbi prosesdən sərf-nəzər etmək bahasına olmasın. Yuxarıda dediyimiz sinxronluq, bax, bu yerdə öz harmoniyasını, üzvi birləşməsini, vəhdətini tapmalıdır.
     Lakin biz yenə də ədəbi prosesimizin müasir vəziyyətinə qayıdaq.
     Azərbaycan ədəbiyyatşünaslığının ədəbiyyat tariximizin heç bir faktından («mütərəqqi», yaxud qeyri-«mütərəqqi»!) sərf-nəzər etməyərək, şişirtmələrdən, görməməzliklərdən və ört-basdırdan yaxa qurtararaq hərtərəfli inkişafı üçün bu gün, şübhəsiz ki, onun obyektiv elmi metodoloji prinsipləri işlənib hazırlanmalı, dəqiq (və dəyişdirilmiş!) elmi konsepsiyası müəyyənləşdirilməlidir və mən bu barədə ayrıca yazdığım üçün (Bax: «Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri», «Ədəbiyyat və incəsənət» qəzeti, 7 iyun, 1989), indiki halda yalnız onu qeyd etmək istəyirəm ki, həmin yeni metodoloji prinsiplərin, konsepsiyanın tezliklə meydana çıxa bilməsinə məhz ədəbi tənqid şərait yaratmalı və buna sövq etməlidir, yəni bu problemlərin söhbəti ədəbi prosesin tərkib hissəsinə çevrilməlidir.
     Budur, gənc və istedadlı alim Arif Məmmədovun XIX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatını ehtiva edən «Nəsrin poetikası» kitabı nəşr edilmişdir və bu kitabın elmi-nəzəri səviyyəsi, orada qaldırılan ədəbi-estetik məsələlər, verilən qiymətlərin yeni ab-havası, orijinallığı yuxarıda söylədiyimiz baxımdan maraqlı söhbətin, müzakirə və mübahisələrin başlanğıc nöqtələrindən birinə çevrilə bilər. Müəllif «XIX əsrin ikinci yarısı Azərbaycan nəsrində iki meyl aparıcı mövqe qazanır» - deyə qələmə aldığı dövrün dəqiq elmi təsnifatını verir: «Birinci, «Aldanmış kəvakib» povestinin ədəbi ənənəsi davam və inkişaf etdirilir, daha doğrusu, sırf nəsr təmayülü güclənir; ikinci, M.F.Axundovun - «Məktublar» traktatı ilə başlayan ictimai-siyasi və fəlsəfi fikir zənginləşdirilir, yeni, daha müasir mətləblərin cəlb olunması hesabına problematika dairəsi genişləndirilir, aktuallıq, mübarizlik artır və kəskinləşir» (Bakı, 1990, səh. 28). Və kitabda M.F.Axundovdan, C.Məmmədquluzadədən tutmuş Z.Marağayiyə, Ə.Talıbova qədər müxtəlif bədii-estetik və ictimai-fəlsəfi təmayüllərə malik ədiblərimizin yaradıcılığı həmin elmi təsnifatın işığı altında öyrənilir, ədəbiyyatşünaslığımızda, xüsusilə, nəsrlə bağlı çox az işlənmiş poetika problemləri özünün bu və ya digər dərəcədə, amma orijinal, maraqlı, hətta mən deyərdim ki, stereotiplərdən azad yeni təfəkkür tərzi ilə həllini tapır. Ədəbi tənqid isə, demək olar ki, susur...
     Arif kitabının sonunda yazır: «XIX əsrin ikinci yarısı Azərbaycan nəsrinin poetika-sənətkarlıq baxımından, o cümlədən, narratologiya problemi istiqamətində tədqiqi həmin əsərlərin ideya konsepsiyasının və sosial-fəlsəfi, mənəvi-əxlaqi problematikasının daha dərindən dərk olunmasına, qavranılmasına, mənimsənilməsinə əsaslı zəmin və özül olur» (Yenə orada, səh. 128) və onun öz kitabı bu fikri əyani şəkildə təcəssüm etdirir. Maraqlıdır ki, bu monoqrafiya «Giriş»dən göründüyü kimi, səksəninci illərin birinci yarısında yazılmışdır və müəllif kitabı, olsun ki, min bir əzab-əziyyətlə doxsanıncı ildə, özü də cəmi 800 (?) tirajla nəşr etdirmişdir.
     Bəs, ədəbi ictimaiyyətdə nəyə nail olmuşdur?
     Ədəbi prosesin ölgünlüyü ucbatından, nokautedici bir sükuta...
     Bu ölgünlüklə, belə bir sükutla biz hara gedəcəyik, daha doğrusu, hara yuvarlanacağıq?
     Bu gün ictimai-siyasi həyatımızın ən böyük şairi yenə də rəhmətlik Mirzə Ələkbər Sabirdir. «- Nə deyibsə səksən il bundan əvvəl, elə bil, bu gün üçün deyib!» - deyirik, fəhlələrlə görüşlərdən tutmuş parlament iclaslarınacan ondan sitatlar söyləyirik, amma niyə, misal üçün, Məmməd Məmmədovun «Sabir. Mübahisələr, həqiqətlər» (Bakı, «Yazıçı», 1990) kimi maraqlı bir kitabı meydana çıxır, amma ədəbi tənqid yenə də bir neçə resenziyaya baxmayaraq, mahiyyətcə susur. Söhbət bu kitabı tərifləməkdən, ya tənqid etməkdən getmir, söhbət əlamətdar fakta münasibətdən və əslində, elə Sabirin özünə (böyükmüasirimizə!) münasibətdən gedir. M.Məmmədovun kitabında başlığa çıxarılmış həqiqət varmı? Var. Qızğın ədəbi mübahisələr üçün əsas varmı? Var. Bəs, nə üçün susuruq?
     -Görmə! - Bas üstə, yumaram gözlərim.
     -Dinmə! - Mütiəm, kəsərəm sözlərim...
     İstər-istəməz, bu Sabir mükaliməsi yadıma düşdü, amma
     Sabirin o müti qəhrəmanı, heç olmasa, anlayırdı, başa düşürdü... Lakin biz bu gün başa düşürükmü ki, Azərbaycan ədəbi prosesi uçurum qarşısındadır, bu isə milli fəlakətin bir hissəsi, bir parçası deməkdir və gələcəkdə o uçurumun dibindən baş qaldırmaq, dirçəlmək çox çətin olacaq?
     Qocaman Qulam Məmmədli uzun illərin zəhmətindən, əzab- əziyyətindən və bürokratik müqavimətindən sonra «Sizə kim lazımdır?» (Bakı, «Maarif», 1990) adlı biblioqrafik məlumat kitabını nəşr etdirib, lakin ədəbi proses bu nadir nəşrin fərqinə varmır.
     Yaxşı, deyək ki, bizə heç kim lazım deyil, amma dil, ana dilimiz ki, lazımdır! Yüksək və qeyri-yüksək xitabət kürsülərindən ki, özümüzü nümayiş etdirərək bu dilin təəssübünü çəkməyə çağırırıq, bəs, nə üçün, deyək ki, İsmayıl Məmmədovun və Həsrət Həsənovun nəşr etdirdikləri «Azərbaycan dilinin sinonimlər lüğəti» (Bakı, «Yazıçı», 1990) kimi qiymətli bir hadisənin üzərindən keçirik, onu görmürük? Axı, söhbət istedadlı, yaxud istedadsız bir müəllifdən getmir, yaxşı, ya pis bir əsərdən getmir, söhbət Azərbaycan dilindən, yəni milli varlığımızdan gedir. Bəs, nə üçün müzakirə etmirik, diqqət yetirmirik, təhlilini aparmırıq, qiymətini vermirik?
     Yaxud Əziz Əfəndizadə «Orfoqrafiya, orfoepiya lüğəti»ni (kompleks lüğəti) nəşr etdirib (Bakı, Azəməşr, 1989) və aradan keçən bu müddət ərzində o vacib nəsrin elmi-nəzəri təhlili və qiyməti mövzunun tələb etdiyi bir bütövlükdə verilibmi?
     Hərgah biz dilimizin vətəndaşlıq hüququnu əldə etməsi üçün odlu-alovlu nitqlər söyləyib, onun elmi-nəzəri təəssübünü çəkməyəcəyiksə, özümüz hara gedəcəyik və dilimiz nə günə düşəcək?
     Bu sualın mənfi cavabı, yəqin ki, bir çoxları kimi, məni də qorxudur...
     Bəlkə, Azərbaycan ədəbi tənqidinin potensial imkanları elə bir həddə gəlib yetişib ki, daha tutarlı söz demək, orijinal mülahizələr yürütmək imkanı yoxdur? Elə bilirəm ki, belə deyil və bunun belə olmadığını da ilk növbədə tənqidimizin ara-sıra rast gəldiyimiz nümunələri sübut edir. Bu cürə maraqlı nümunələrdən birinin üzərində nisbətən geniş dayanmaq istəyirəm, çünki düşündürür, canlıdır, ədəbi mübahisəyə sövq edir.
     Söhbət Kamal Abdullayevin neçə müddətdən bəri mətbuatda çap etdirdiyi və «ədəbi-bədii esselər» adlandırdığı səmimi ədəbi düşüncələrdən gedir. Həmin düşüncələr, əslində, onun ədəbiyyat haqqında, ümumiyyətlə, sənət haqqında özünün özü ilə söhbətidir. Həmin yazıları mən daha artıq dərəcədə assosiativ ədəbi etüdlər adlandırardım və o etüdlər mənim üçün ilk növbədə ona görə maraqlıdır ki, Kamal yalnız ədəbiyyatı yox, öz daxili aləmini, dünyagörüşünü, ədəbi-estetik meyarlarını, zövqünü təhlil edir, əgər belə demək mümkünsə, sənət zənginliyi içində özünü axtarır. Bu səmimi mülahizələrin bir qismini qəbul edirsən, bir qismini təbii ki, qəbul etmirsən, bir qismiylə də, yuxarıda yazdığım kimi, mübahisə etmək istəyirsən. Misal üçün, Kamal qarşıya belə bir gözlənilməz (və çox maraqlı!) sual qoyur:
      «Ədəbiyyatın mayasında qan durur???»
     Və o suala sual işarələrinin sayı qədər də nida işarəli qəti cavab verir: «Ədəbiyyatın mayasında qan durur!!!»
     Doğrudanmı belədir? Və ümumiyyətlə, metodoloji baxımdan doğru sual-cavabdırmı?
     Kamal aşağıdakı mülahizələrə görə belə bir fikrə gəlib çıxmışdır: «Troya müharibələri baş verməsəydi, qədim yunan qəbilələri bir-birilə ölüm-dirim savaşına çıxmasaydılar, dünya ədəbiyyatı Homeri qazana bilərdimi?
     Oğuz qəbilələri talan və müharibə əhvalı ilə yaşamasaydılar, o müharibələrə girib-çıxmasaydılar, Dədə Qorqud onlara lazım olardımı və bu günə «Dədə Qorqud dastanı» gəlib çıxardımı?
     1812-ci ildə Napoleon Rusiyaya hücum etməsəydi, rus xalqı bu müharibədə itirdikləri ilə yanaşı, həm də külli miqdarda mənəvi dəyərlər əldə eləməsəydilər, dünya ədəbiyyatının möhtəşəm əsərlərindən biri - «Hərb və sülh» yaranardımı?!
     Raskolnikov qoca qarını öldürməliydi ki, Dostoyevski bunu əldə əsas götürüb, ruslara mənəvi əxlaq dərsi verəydi.
     Erməni-azərbaycanlı qırğını baş verməliydi ki, «Kamança» kimi şedevr yaranaydı.
     Və sairə və ilaxır...
     Nə qədər desən, bu siyahını artırmaq olar. Zamanla yaşayan hər bir sənət əsərini bu və ya başqa qırğınla, davayla, müharibə ilə əlaqələndirmək və onun nəticəsi (kursiv bizimdir ) kimi ortaya çıxdığını sübut eləmək mümkündür («Ədəbiyyat qəzeti», 9 may, 1991).
     Kamalın qarşıya qoyduğu bu sualları oxuduqca mən də özüm özümə suallar verirəm: həmin «Troya müharibələri» ilə bərabər, insanlar qədim əsatirləri yaratmasaydı və o əsatirlərdə qədim yunan Allahları - Zevs, Poseydon və Aid dünyanı bölüşdürməsəydilər, «dünya ədəbiyyatı Homeri qazana bilərdimi?» Əlbəttə, «İliada» qəhrəmanlıq dastanıdır, lakin həmin «Troya müharibələri» ilə bərabər, dünyada məhəbbət deyilən mənəvi (və cismani!) zənginlik olmasaydı (yalnız elə ilahə Heranın Zevsi aldatmağını xatırlayaq!), «dünya ədəbiyyatı Homeri qazana bilərdimi?» Sədaqət, xəyanət, qısqanclıq, paxıllıq, xoşbəxtlik, bədbəxtlik və s. kimi mənəvi-etik və psixoloji anlayışlar olmasaydı, «dünya ədəbiyyatı Homeri qazana bilərdimi?»
     Yox!
     Ədəbiyyat həyatın ifadəsidirsə, nə üçün onu biz son dərəcə zəngin və mürəkkəb həyat hadisələrinin yalnız bir hissəciyi ilə - qanla, müharibələrlə məhdudlaşdırmalıyıq?
     Ədəbiyyat yarandığı gündən Xeyir ilə Şərin mübarizəsindən bəhs edir, bu məlumdur, lakin Şər yalnız qan tökməklə məşğul deyil, belə olsaydı, ədəbiyyat çox bəsitləşərdi, yeknəsəqlik içində mənasızlaşardı. Honerilya və Reqana kral Lirin qanını axıtmırdı, lakin onların xəyanəti, nankorluğu, riyakarlığı və belə bir naqis xislət ilə təzadda olan Kordeliya məhəbbəti, bəlkə də, qat-qat artıq dərəcədə faciə yaradır, nəinki qan axıdılması.
     Dünya ədəbiyyatı Homeri yalnız ona görə qazanmayıb ki, Troya müharibələri baş verib, «qədim yunan qəbilələri bir-biri ilə ölüm-dirim savaşına» çıxıblar, daha artıq dərəcədə ona görə ki, «İliada» da, «Odisseya» da həmin Troya müharibələrindən, həmin ölüm-dirim savaşlarından asılı olmayaraq mənəvi zənginliyin və mürəkkəbliyin ifadəsidir.
      «Dədə Qorqud dastanı» da elə, «Hərb və sülh» də elə.
     Olqa da, Maşa da, İrina da («Üç bacı») heç kimi öldürməmişdi, lakin Çexov da onların vasitəsilə Dostoyevski kimi «ruslara mənəvi əxlaq dərsi» verirdi və dolayısı ilə də olsa bu üç bacını Raskolnikova qarşı qoymaq metodoloji cəhətdən nə qədər əsaslıdır?
     Bəli, «Kamança»nı erməni-azərbaycanlı qırğını yaradıb, bəs, «Ölülər» hansı qanın bahasına yaranıb?
     Kamal başqa bir etüdündə yazır: «Bizə nələr barədə düşünmək imkanı verilibsə, demək onların hamısı təbiətdə var».
     Bu yerdə mən Kamalla tam müttəfiqəm və böyük ədəbiyyat da məhz «təbiətdə olanların hamısını» ifadə edir, buna görə də ədəbiyyatın həyati-estetik meyarlarını müəyyənləşdirərkən, «təbiətdə onları» bir-birinə qarşı qoymaq olmaz.
     Mənim üçün maraqlı bir cəhət də bundadır ki, qələm dostum etüdlərində həm özü özünə suallar verir, həm də ədəbiyyatın cavab verdiyi suallar ətrafında düşünür və bu düşüncələr də ədəbi mübahisələrə sövq edir, çünki bəzən burada da, istər-istəməz, «bir-birindən ayırmaq və bir-birinə qarşı qoymaq» hadisəsi ilə rastlaşırıq.
     Kamal yazır:
      «Bütün Azərbaycan sovet poeziyası şairin «Mən kiməm?» sualına vermək istədiyi cavabdır.
     Bütün Azərbaycan sovet nəsri yazıçının «O kimdir?» sualının cavabı üzərində qurulub.
     Əslində isə əksinə olmalı idi. «Mən kiməm?» sualını nəsr qoymalı idi, «O kimdir?» sualını - poeziya.
     Sovet ədəbiyyatında yerləri tərs düşən belə suallar çoxdur. Görəsən, neçə-neçə qeyri-düzgün mənəvi oriyentirləri ucdantutma yaradan və ardıcıllıqla xalqın beyninə yeridən bu ədəbiyyat təmizlənə bilərmi?! Günahını boynuna almağa gücü çatarmı?!»
     Mənə elə gəlir ki, bu etüddə həm ədəbiyyatın özü, həm də onun əbədi mövzusu (predmeti) nahaq yerə bir-birindən ayrılıb və bir-birinə qarşı qoyulub. «Mən kiməm?» «Sən kimsən?» «O kimdir?» Sənət baxımından bu suallar, əslində, eyni mahiyyət daşıyır: insan kimdir? Və bu, əlbəttə, ədəbiyyatın yarandığı gündən etibarən cavab vermək istədiyi ilkin və həmişəlik bir sualdır. Min illərdir ki, ədəbiyyat - poeziya da, nəsr də, dramaturgiya da eyni dərəcədə insanı kəşf etmək istəyir və yetmiş illik sovet ədəbiyyatının, o cümlədən, Azərbaycan sovet ədəbiyyatının da əsas «günahı», yəni sənətin təbiətinə yad olan cəhəti budur ki, o, çox zaman məhz insanı yaddan çıxarıb.
     Nəsrdə də, poeziyada da.
     Poeziya çox zaman insanı kəşf etmək əvəzinə, yəni onun psixolojisinin xislətinin dərin qatlarına enmək, onu məhəbbəti, nifrəti, qəhrəmanlığı, xəyanəti, paklığı və riyakarlığı ilə birlikdə kompleks şəkildə şer sənətinin təhlilindən keçirmək əvəzinə, partiya qərarlarından ilham alıb, ideoloji bütləri tərənnüm edib. Nəsr də həmçinin.
     İnsan süni şəkildə iki yerə ayrılıb: müsbət qəhrəmanlar və mənfi qəhrəmanlar, «bizimkilər» və «qeyri-bizimkilər», yəni düşmənlər.
     Romanın qəhrəmanı pambıq planını yüz əlli faiz yerinə yetiribsə, deməli, o müsbət qəhrəman, yəni yaxşı insan olub. Romanın digər qəhrəmanı partiyanın pambıqçılıq haqqında saysız- hesabsız növbəti qərarlarından birini başa düşməyibsə, daha doğrusu, bu qərardan ehtizaza gəlməyibsə və onu gündəlik həyatının çörək və su kimi tələbatına çevirməyibsə, deməli, o mənfi qəhrəman, yəni pis insan olub. Çox zaman isə romanın qəhrəmanı, ümumiyyətlə, insan yox, fabrik, zavod, kolxoz, MTS olub, partiyanın baramaçılıq haqqında, yaxud neft sənayesinin inkişafı barədə növbəti qərarı olub.
     Ədəbiyyatımız, təkrar edirəm, janrından asılı olmayaraq, bu bəladan, sənətə zidd olan bu təmayüldən və onun qalıqlarından təmizlənməlidir. «Günahı boynuna almaq» işində isə ədəbi tənqid öz sözünü deməlidir, həm də ehtirasla, yana-yana və dünya ictimai fikrinin əldə etdiyi zənginliklərə əsaslana-əsaslana deməlidir, çünki sənəti antisənət yoluna salmaqda tənqidin qara rolu böyükdür.
     Misal üçün, partiya camışçılığın inkişafı ilə əlaqədar qərar qəbul edirdisə, əlbəttə, kolxoz bu qərarı həyata tətbiq etməyə məcbur idi və eyni işi tənqid ədəbiyyatdan tələb edirdi: həmin qərarın işığında camışçılığın inkişafına həsr edilmiş bədii (?!) əsərlər yaranmalı idi.
      «Yaranırdı», təriflənirdi, mükafatlandırılırdı, dərsliklərə də salınırdı...
     İnzibati orqanlar xalq düşmənlərini ifşa edirdi (Cavidi, Müşfiqi, Abbas Mirzəni...), onları amansızcasına güllələyirdi, tənqid isə eyni amansızlığı ədəbiyyatdan tələb edirdi, günahsız insanlar səhnədə də, roman səhifələrində də, şer misralarında da ifşa olunur və amansızcasına güllələnirdi. Güllələyən müsbət qəhrəman - «yaxşı insan!», güllələnən isə mənfi qəhrəman - «pis insan!» olurdu və belə bir ədəbi-bədii riyakarlıq dərsliklərdə bədii-estetik zövq tərbiyə edirdi, bədiiliyin əldə etdiyi nailiyyətlər kimi hələ formalaşmamış beyinlərə təlqin olunurdu. Müəlliflər isə, deputat təyin olunur, pencəklərinin yaxası Lenin ordenindən tutmuş cürbəcür nişanlarla bəzədilirdi və bu da bir siyasi dekorasiya idi.
     Antiədəbiyyat yaradılır və inkişaf etdirilirdisə, təbii ki, antiyazıçı, antişair şirnikləndirilirdi, həmin ədəbi-bədii riyakarlıq məmulatı mükafatlandırıldığı kimi, ədəbi nomenklatura da yaradılırdı və o zaman həmin o deputat nişanlarının, ordenlərin parıltısı sənətkar nüfuzunu əvəz edirdi.
     Mən bu sözləri keçmiş zamanda yazıram, lakin onlar bir qədər az, bir qədər çox dərəcədə yenə də bizimçün səciyyəvidir və sovet ədəbiyyatı, bax, bu cür sənətdən və bu cür nüfuzdan təmizlənməlidir.
     Pavlik Morozov qəhrəman yox, satqındır - sovet ədəbiyyatı bunu deməyi bacarmalıdır.
     Mən artıq neçənci dəfədir ki, sövq-təbii «sovet ədəbiyyatı» istilahını işlədirəm, lakin bunun özü nə deməkdir? «Sovet ədəbiyyatı», yəni nə?
     Ədəbiyyatın yaranmasında əsas faktor dildir, «sovet ədəbiyyatı» deyiriksə, ingilis dili, yaxud puştu dili kimi, «sovet dili» də olmalıdır.
     Belə bir dil yoxdur.
     Sovet ədəbiyyatının faciəsi onun adından başlayır. Sovet İttifaqında yaranan ədəbiyyat var, sovet ədəbiyyatı yoxdur. Rus ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, eston, yaxud qırğız ədəbiyyatı var, «sovet ədəbiyyatı» istilahı isə inzibati-ideoloji yolla yaranmış süni birləşmədir, lakin şərti, rəmzi mahiyyət daşımır, yəni zərərsiz deyil, əksinə, aqressivdir, «formaca milli, məzmunca sosialist» antiestetik prinsipini məhz həmin istilah meydana çıxarmışdır, sosializm realizmi ədəbi metodunun (antimetodunun!) yaradıcısı da o yalançı istilahdır.
     Deyirlər ki, Mixail Şoloxov Nobel mükafatı alarkən, ondan soruşublar: - «Sosializm realizmi nə deməkdir?» Cavab verib: - «A çort yeqo znayet!»
     Lakin məsələnin ikinci bir tərəfi də var: o yalançı istilah yalançı ədəbiyyat da yaratmağa başlayıb və Pavlik Morozov da, Qırmızı Ulduzlu Qəhrəman da bu mənada «sovet ədəbiyyatının» yaratdığı qəhrəmanlardır.
     Kimdir Bulqakov, kimdir Platonov? Əlbəttə, böyük rus yazıçıları, necə ki, Hüseyn Cavid böyük Azərbaycan yazıçısıdır, Muxtar Auezov isə böyük qazax yazıçısıdır.
     Böyük sovet yazıçısı yoxdur, böyük nomenklatura nümayəndəsi var və buna görə də imkan ilə iddia arasında gülünc bir təzad yaranırdı: misal üçün, pis rus yazıçısı Semyon Babayevski, yaxud Anatoli Safronov «ədəbiyyat nomenklaturasına» salındıqları üçün, böyük «sovet yazıçıları» hesab olunurdu.
     Kamal Abdullayevin istedadlı «ədəbi-bədii əsərləri» bizi yaxın keçmişimizin beləcə eybəcər mənzərəsini bir daha xatırlamağa sövq etdi və eyni zamanda, həmin esselər yuxarıda yazdığım kimi, ədəbi tənqidimizin potensial imkanlara, gizlənmiş (və yaxud gizlədilmiş!) enerji mənbəyinə malik olduğundan xəbər verir.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.07.2014) | Müəllif: R.C E W
Baxış: 713 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more