Əsas » Məqalə » Nağıllar

Oxayla Əhməd

Oxayla Əhməd


    Nağıl-noğul bilmirəm, bilsəm də söyləmərəm. Şahdan gəlmiş nökərəm, dinmə, qabırğalarını sökərəm. Sizə hardan söyləyim, kimdən danışım, keçmişlərdə bir kişi var imiş. Bu kişinin gözünün ağı-qarası, aman-zaman bircə oğlu var imiş. Kişi oğlunu çox istəyirmiş, onu əlini ağdan-qaraya vurmağa qoymazmış.
    Kişi kasıbcılıqla dolanırmış. Hər gün gedib dəryaya tor atıb balıq tutar, onları satıb birtəhər başını girləyərmiş. Kişinin oğlunun adı Əhməd idi.
    Bəli, ay dolanır, il keçir, Əhməd on dörd yaşına çatır. Kişi bir gün oğluna deyir:
    - Oğul, mənim heç bir elmdən xəbərim yoxdur, özüm də yazı-pozu bilmirəm. Ona görə də ömrüm-günüm dəryaya tor atıb balıq tutmaqla keçib. İndi görürsən ki, qocalıb əldən düşmüşəm. Daha tor atmağa taqətim yoxdur. Oğul, istəmirəm sən də mənim kimi olasan. Odur ki, səni oxumağa qoymaq istəyirəm. Bəlkə bir elm öyrənib adam olasan. Mənim kim əzab-əziyət çəkməzsən.
    Əhməd dedi:
    - Atayı-mehriban, buyruq sənindi. Nə məsləhət görsən, elə də elərəm.
    Kişi dedi:
    - Bərəkallah oğlum, hazırlaş, bir yaxşı molla tapaq, sənə elm öyrətsin.
    Ata-bala gecəni yatıb sübh tezdən durdular. Çantalarına bir az azuqədən-zaddan qoyub yola düşdülər. Az getdilər, çox getdilər, bu kənd mənim, o kənd sənin, soraqlaşdılar, bir yaxşı molla tapa bilmədilər. Axırda gəlib meşədə bir bulaq başına çatdılar. Kişi dedi:
    - Oğul, çox yorulmuşuq. Həm də acmışıq. Gəl bu bulağın başında bir az çörək yeyib dincələk.
    Ata-bala bir az şordan, çörəkdən yeyib, bulağın suyundan doyunca içdilər.
    Yayın isti günü sərin, buz kimi bulaq suyu kişinin çox xoşuna gəldi. Suyu içib qurtarandan sonra dedi:
    - Oxay, nə qəşənq sudu!
    Elə bu söz kişinin ağzından çıxan kimi suyun ortasından bir kişi çıxıb dedi:
    - A kişi, məni çağırıb neyləyirsən, mənə görə nə qulluq?
    Əhmədin atası sudan çıxan adamı görüb lap məəttəl qaldı. Az qaldı ki, nitqi tutulsun. Hannan-hana özünə gəlib dedi:
    - Ay qardaş, sən kimsən, mən səni nə vaxt çağırdım?
    Sudan çıxan adam dedi:
    - Bəs, Oxay deyən sən deyildin?
    Kişi dedi:
    - Nə olsun ki? Bəyəm oxay demək olmaz?
    Sudan çıxan adam dedi:
    - Elə o oslun ki, mənim adım Oxaydı. Sən məni çağırdın, mən də gəldim.
    Kişi barmağını dişlədi:
    - Demək sənin adın Oxay imiş?
    Oxay dedi:
    - Elədir ki, var. A kişi, de görüm hara gedirsən, məqsədin nədir?
    Kişi dedi:
    - Vallah, hal-qəziyyə belədi, oğlumu oxutmaq üçün molla axtarmağa gedirəm.
    Oxay dedi:
    - Məndən yaxşı molla hardan tapacaqsan? Ver oğlunu oxudum, gələn il gəl apar. O vaxtacan cəmi elmləri öyrənib açarları qoysun cibinə.
    Kişi razı olub oğlunu verdi Oxaya. Bir az da dil-ağız eləyib yalvardı ki, sən Allah, gözümün ağı-qarası bircə oğlum var, ondan yaxşı muğayat ol.
    Oxay dedi:
    - Arxayın ol. Ona elə baxacağam ki, heç ruhu da inciməsin. Nə vaxt oğlunu ürəyin istəsə, gəl bulağın başına. Sudan iç, Oxay de, o saat oğlun yanında hazır olacaq.
    Kişi oğlu ilə öpüşüb xudahafizləşəndən sonra başladı daban alıb evinə sarı qayıtmağa. Oxay da Əhmədi qoltuğuna vurub, bir ismi-əzəm oxuyub, suyun altına qayıtdı. Əhməd bir gözünü açıb gördü ki, bir qalaçanın içindədi. Amma üst-başı islanmayıb, heç elə bil suyun dibinə batan bunlar deyilmiş. Qaldı məəttəl ki, görən bu nə işdi.
    Bunlar qalaçaya çatan kimi Oxay Əhmədi aparıb bir otağa qoydu. Özünə də tapşırdı ki, sənin yerin bura olacaq. Oxay gedəndən sonra Əhməd qapını açıb çölə çıxdı, ətrafa baxanda onu vahimə bürüdü. Gördü ki, böyük bir qalaçanın içindədi. Qalaçanın bir kərpici qızıldan, bir kərpici gümüşdəndi. Bura ləl-cəvahiratdan, mirvari və zərbərcəddən o qədər bəzək-düzək vurulub ki, adam baxanda gözləri qamaşır. Əhməd bir az irəli gedib gördü ki, qalaçanın bir tərəfi tamam bağ-bağçadır. Amma bu bağçada bitən hər şeyin rəngi qırmızıdır. Qalaçanın o biri tərəfinə keçib gördü ki, burda o qədər vahiməli heyvanlar var ki, adam baxanda az qalır ürəyi partlasın. Şir, pələng, əjdaha, ayı, canavar, tülkü, çaqqal, ilan, hər nə desən var. Tez yavaşca burdan da çəkilib, qalaçanın o biri yanına getdi. Gördü ki, burda daşdan, torpaqdan tutmuş suya qədər hər nə varsa, hamısı alışıb yanır. Alov, tüstü, duman asimana qalxır. Tez burdan qaçıb özünü saldı qalaçanın dal tərəfinə. Gördü ki, bura tamam dəryayi-ümmandı. Göz işlədikcə hara baxırsan sudu. Əhməd bir o tərəfə, bir bu tərəfə baxıb gördü ki, suyun qarağında bir boş gəmi var, fikirləşdi ki, deyəsən, Oxay mənim atamı aldatdı, yaxşısı budur, nə qədər ki, başım üstümdədi, elə bu gəmiyə minim qaçım. Əhməd gəmiyə minib başladı getməyə. Yeddi gün, yeddi gecə suyun üzündə yol getdi. Bir də baxıb gördü ki, qabağında elə bir divar durub ki, dibi dəryadadır, başı göyün yeddinci qatına çatır. Diqqət eləyib gördü ki, divar tamam insan kəlləsindən hörülüb. Əhməd divara yaxınlaşan kimi doxsan doqquz yerdən səs gəldi:
    - Ey cavan, özünə yazığın gəlsin, məbada gəmidən düşəsən. Ayağın yerə dəyən kimi, Oxay səni də bizim günümüzə salacaq. Biz də vaxtı ilə sənin kimi cavan idik. Oxay bizi aldadıb öz qalaçasına gətirdi. Sonra hərəmizi bir bəhanə ilə öldürüb bu günə qoydu. Cavan oğlan, indi hara getsən Oxay gəlib səni tapacaq. Xəbər alacaq ki, hara gedirdin? Deyərsən ki, ürəyim darıxdı, dəryanı gəzməyə çıxmışdım. Onda Oxay səni öldürməyib aparacaq yenə qalaçaya. Biz nə qədər elədik, bu qalaçadan qaça bilmədik. Bu qalaçanın sirrini onun qızından başqa heç kim bilmir. Çalış o qızdan sirri öyrən. Əgər öyrənə bildin, sənə ölüm yoxdur. Öyrənə bilməsən, sən də bizim günümüzə düşəcəksən.
    Elə bu vaxt Əhməd gördü ki, dəryanın ortası bulaq kimi qaynadı. Oxay başını qaldırıb sudan çıxdı. Əhmədə acıqlanıb dedi:
    - Sən buralarda nə gəzirsən?
    Əhməd dedi:
    - Gördüm təkcə qalmışam, ürəyim darıxır. Odu ki, gəmiyə mindim ki, bir az dəryada gəzim, ürəyim açılsın.
    Oxay daha Əhmədə bir söz deməyib, yanına salıb gətirdi qalaçaya, özünə də tapşırdı:
    - Əhməd, mənim burada qırx otağım var, darıxanda hərdən bir-ikisini gəzərsən, ürəyin açılar. Al, bu otuz doqquz otağın açarını verirəm sənə. Amma qırxıncı otağı məbada açasan.
    Əhməd açarları alıb qoydu cibinə. Oxay qapıdan çıxan kimi Əhməd başladı otaqları gəzməyə. Otaqların hansını açdısa, gördü burada bir cah-cəlal var ki, heç bir padşahın xəzinəsində olmaz. Quş iliyi, can dərmanı, hər nə desən burada tapmaq olar. Əhməd otuz doqquz otağın hamısın gəzdi. Gəlib qırxıncı otağa çatanda öz-özünə dedi: "Görəsən burada nə sirr var ki, Oxay bu otağın açarını vermədi? Mən gərək buranı açıb baxam, görüm içəridə nə var ki, Oxay onu belə göz bəbəyi kimi qoruyur”.
    Əhməd bu fikirlə qıfılı sındırıb içəri girdi. Gördü ki, qırxıncı otaq onun gördüyü otaqların hamısından seçilir. İçəridə hər nə varsa hamısı zil qaraya bürünüb. Yerə cürbəcür xalılar, gəbələr döşənib. Hamısı da zil qara. Ev tamam almaza tutulmuş şəvə kimi qara qablarla, güldanlarla, şamdanlarla bəzənib. Evin lap başında qara mərmər taxtın üstündə almaz kimi işıq salan bir qız üzüqoylu uzanıb ağlayır. Səsə qız başını qaldırıb baxdı. Əhməd gördü ki, bu elə qızdı ki, yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Alma kimi yanaqları, lalə kimi dodaqları, saçlar qara, qaşlar qara, gözlər qara. Mərmərdən inci dişlər, ağ buxaqdan cücü dişlər, gəl məni gör, dərdimdən öl. Əhməd qızı görən kimi bir könüldən, min könülə ona aşiq oldu. Gözəllikdə Əhməd qızdan heç də geri qalmırdı. Qız da Əhmədi görən kimi onun gözəlliyinə valeh olub, ürəyində ona məhəbbət bağladı. Bir xeyli götür-qoydan sonra Əhməd qızdan soruşdu:
    - Ey nazənin sənəm, bir məni agah elə, görüm sən kimsən, nəçisən, bu qara otaqda tək-tənha neyləyirsən?
    Qız dedi:
    - Ey oğlan, bil və agah ol ki, bura mənim başımın tükü sanı qədər igidlər, pəhləvanlar gəlib, mən heç birisinə sirr açmamışam. Görürəm ki, mərifətli, qabiliyyətli adama oxşayırsan, odur ki, sənə sirr açıram. Mən Oxayın qızıyam. Bu gördüyün qalaça atamındır. Özü də yeddiqat sehrli tilsimdir. Mənim bu qara otaqda olmağımın səbəbi odu ki, atam başımın tükü sanı adamları aldadıb bura gətirib onlara zülm eyləyir. Mən onlara kömək eləməyim deyə, hər yeni adam gətirəndə məni tilsimləyib bu otağa salır. Mən də dərddən-qəmdən bu otağı qara bəzəyib içində oturaram.
    Qız dərdini söyləyə-söyləyə Əhmədlə eşiyə çıxdı. Qalaçanın dörd tərəfini gəzə-gəzə Əhmədə dedi:
    - Əhməd, qalaçanın qabağındakı bu bağçaya qırmızı bağça deyirlər. Burada hər nə əksən qırmızı rəngdə çıxar. Atam bu bağçada o qədər baş kəsib ki, ağaclar, çiçəklər, otlar su əvəzinə qan içib. Odur ki, burada hər nə bitsə qırmızı rəngdə olur.
    Qalaçanın o biri tərəfinə keçib vəhşi heyvanları gördülər. Qız dedi:
    - Bu gördüyün heyvanların hamısı insan idilər. Atam bunları tilsimləyib heyvan şəklinə salıb.
    Sonra gəlib qalaçanın o biri tərəfindəki od-alova baxdılar. Qız dedi:
    - Əhməd, bu gördüyün od-alov atamın öldürdüyü adamların ah-naləsindən, qəzəbindən əmələ gəlib.
    Axırda onlar gəlib dəryanın qırağında dayandılar, qız dedi:
    - Bu dərya günahsız ölənlərin göz yaşlarından əmələ gəlmişdir. Görürəm sən yaxşı oğlansan, sənə yazığım gəlir. İstəmirəm atam səni də bunların gününə salsın. Sənə bir neçə məsləhət verəcəyəm, onları yadında yaxşı saxla. Oxay adamları gətirib əvvəlcə oxudur, gündə onlara bir tilsim öyrədir. Aradan doxsan doqquz gün keçəndən sonra onları imtahan eləyir. Yaxşı bilənləri öldürür, korazehinləri qurda, quşa, heyvana döndərir, heç nə bilməyənləri buraxır. İndi sən atam öyrətdiyi tilsimlərin hamısını yaxşı öyrən. Amma imtahan eləyəndə hər nə soruşsa denən bilmirəm. Ancaq bu yolla onun əlindən qurtara bilərsən.
    Qız Əhmədlə sağollaşıb yenə öz otağına çəkildi. Əhməd isə bundan sonra özünü daha da ehtiyatla aparmağa başladı. Qızın dediyi kimi Oxay hər gün Əhmədə bir cür heyvan cildinə girməyi öyrədirdi. Doxsan doqquz günün içində Əhməd hər şəklə düşməyi öyrəndi. Vaxt tamam olanda Oxay Əhmədi imtahan elədi. Ondan hər nə xəbər aldısa Əhməd dedi:
    - Usta, yadımdan çıxıb, heç nə bilmirəm.
    Oxay Əhmədə hədə-qorxu gəlib bir xeyli döydü, bərkə-boşa çəkdi:
    - Ədə, zalım oğlu, mən sənə bu qədər zəhmət çəkmişəm, heç biri yadında qalmayıb?
    Əhməd dedi:
    - Usta, görmürsənmi heç nə bilmirəm, bir şey bilsəm, canımı qurtarardım da!
    Oxay həqiqətən də Əhmədin heç nə bilmədiyinə arxayın oldu və onu sağ-salamat atasına təhvil vermək qərarına gəldi. Bir neçə gün sonra Oxayın Əhmədin atasına verdiyi vədə tamam oldu. Əhmədin atası bulağın başına gəldi, doyunca sudan içib "Oxay” dedi. Oxay da Əhmədi götürüb bulağın başına gətirdi, atasına dedi:
    - Ay qardaş, havayı əziyyət çəkib oğluna yaxşı molla gəzmə. Oğlun əfəlin biridir. Nə qədər elədim, heç nə öyrənə bilmədi. Mənə belə aciz uşaq lazım deyil. Al apar, bundan oxuyan olmaz.
    Kişi oğlunu götürüb kor-peşman evlərinə tərəf üz qoydu. Əhməd sevindiyindən bilmirdi neyləsin. Bir az gedəndən sonra yolda atasına dedi:
    - Ata, sən qabaqda get, mən bu saat gəlirəm.
    Kişi razı oldu. Əhməd ayaq saxlayıb bir kolun dalına girdi. Cildini dəyişib bir axsaq turac oldu. Başladı atasının qabağından bir o tərəfə, bir bu tərəfə qaçmağa. Kişi çox əlləşdi, amma turacı tuta bilmədi. Turac gedib yenə həmin kolun dibinə girdi. Əhməd yenə adam şəklinə düşüb qayıtdı atasının yanına. Atası dedi:
    - Oğul, mən səndən heç yarımadım. Səni oxutdum ki, bir mirzə olasan, qazanıb gətirəsən, mən də rahat oturub yeyəm. fərasətsiz çıxdın, oxumadın. İndicə qabağımda bir axsaq turac var idi, nə qədər əlləşdim tuta bilmədim. Heç olmasa yanımda olsaydın, onu tutub kəsərdik. Bir günlük azuqəmiz olardı.
    Atasının bu sözünə Əhmədin gülməyi tutdu. Kişi dedi:
    - Bala, niyə güldün, burada gülməli nə var?
    Əhməd dedi:
    - Ata, darıxma, sonra gülməyimin səbəbini deyərəm.
    Yazıq kişi daha nə bilsin ki, Əhməd bütün elmləri, tilsimləri öyrənib. Özünü yoxlayırmış.
    Əhməd dedi:
    - Ata, heç darıxma, sən deyən olacaq, sən evdə oturacaqsan, mən qazanıb səni dolandıracağam.
    Kişi dedi:
    - Ay oğul, axı sən məni nə ilə dolandıracaqsan?
    Əhməd dedi:
    - İndi ki, belə oldu, buradaca deyim, sən də bil. İndi mən bir yaxşı at olacağam. Aparıb məni yüz manata satarsan. Amma məbada yüyənimi satasan ha! Əgər səni aldadıb yüyəni alsalar, onda bir daha mənim üzümü görməyəcəksən.
    Əhməd sözünü deyib qurtaran kimi bir yaraşıqlı köhlən ata döndü. Atası atı çəkə-çəkə apardı düz bazara. At o qədər qəşəng idi ki, üstündə dava düşdü. O dedi mən alacağam, bu dedi mən alacağam. Axırda bir qolu zorlu çıxıb atı kişidən yüz manata aldı. Atı alan nə qədər yalvar-yaxar elədisə də kişi yüyəni satmadı. Bu pulnan onlar bir xeyli dolandılar. Artıq kişi oğlundan razı idi, dolanışıqları da qaydasına düşmüşdü.
    Günlərin birində bunların pulları qurtarmışdı. Əhməd yenə at şəklinə düşdü. Atası atı satmaq üçün bazara çıxardı. Bu dəfə atı alan bir hündürboylu bir dərviş kişini üzdən-gözdən salıb yüyəni də zorla aldı. Sən demə, bu dəfə atı alan Oxay imiş. Kişi evə gələndə Əhmədin sözləri yadına düşdü. İkiəlli başına qapaz vurub dedi:
    - Ay haray, indi mən nə eləyim?! Niyə yüyəni əlimdən verdim?! Mən bir də Əhmədin üzünü görməyəcəyəm.
    Kişi burada tək-tənha qalmaqda olsun, görək Əhmədin başına nə gəldi. Əhməd at cildində başını qaldırıb gördü ki, yüyəni öz ustasının əlindədir. Oxay Əhmədi çəkə-çəkə öz qalaçasına gətirdi. Atın yüyənini qızına verib dedi:
    - Bunu saxla, qoyma qaçmağa, gedim qılıncı gətirim, başını kəsək.
    Qız baxıb gördü ki, bu Əhməddir. Atası onu bu dəfə sağ buraxmayacaq. Qızın bir tərəfdən Əhmədə yazığı gəldi, bir tərəfdən də ürəyində ona məhəbbəti var imiş. Açıq-aşkar onu buraxmağa da atasından qorxurdu. Odu ki, yüyənin altını çəkib boşaltdı, astadan Əhmədə dedi:
    - Əhməd, yüyəni boşaltmışam, başını bircə dəfə tərpətsən açılacaq. Atam gələndə başını tərpədib qaçarsan.
    Qız sözünü qurtarmışdı ki, Oxay əlində sıyırma qılınc gəlib dayandı atın qabağında, dedi:
    - Əhməd, bu yaşa çatmışam, hələ məni aldadan olmayıb. Amma sən aldatdın, dedin ki, heç nə bilmirəm. Sən demə, dərsini əzbərdən bilirmişsən.
    Oxay bunu deyib qılıncı çəkdi ki, Əhmədin boynunu vursun. At başını yuxarı qaldıranda yüyən yerə düşdü. O saat Əhməd bir sehr oxuyub bir dəli ceyran oldu, başladı meşələrlə, dağlarla qaçmağa. Oxay qılıncı yerə atıb bir sehr oxudu, oldu mahir bir ovçu. Ox-yay götürüb düşdü ceyranın dalına. Ceyran qaçdı, ovçu qovdu, dağlar aşdılar, dərələr keçdilər.
    Bulaqdan su içdilər, axırda ikisi də yorulub əldən düşdülər. Əhməd gördü ki, Oxay lap çathaçatdadı, tez bir qızıl balıq olub, özünü verdi dəryaya. Oxay da dönüb bir qoca balıqçı oldu, torunu atdı dəryaya. Balıq qaçdı, balıqçı torunu atdı. Əhməd gördü ki, Oxay onu tez yorub tutacaq. Odur ki, tez bir qoz ağacı olub, bağın bir küncündə bitdi. Oxay isə dönüb oldu bir ala qarğa. Başladı ağacdan bütün qozları daşımağa. Əhməd gördü ki, Oxay ondan yenə əl çəkmir, dönüb bir qızıl alma oldu, sandıqda gizləndi. Oxay iyləyib, çüyləyib, Əhmədin yerini tapdı, sandığı açdı. Əhməd dönüb tez bir alacəhrə oldu, Oxay da dönüb bir çalağan oldu, başladı onu qovmağa. Əhməd qaçdı, Oxay qovdu, biri qaçıb, o biri qovmaqda olsun, gəlib bir şəhərin üstünə çıxdılar. Həmin şəhərin padşahı öz arvadıyla yasəmən bağında oturubmuş. Oxayla Əhməd qovhaqov gəlib bu bağçanın üstünə çatdılar. Əhməd tez bir dəstə qızıl gül olub padşahın arvadının qucağına düşdü. Oxay işi belə görəndə bir dərviş olub başladı padşahın yanında oxumağa. Oxay avazla oxuyub adamı valeh edirdi. Dərviş oxuyub qurtarandan sonra padşah ona hər nə verdisə almadı, dedi:
    - Padşah, indi ki, mənə yaxşılıq eləmək istəyirsən, elə o arvadının qucağındakı bir dəstə gülü versən kifayətdir.
    Padşah nə qədər istədi ki, gülü verməsin, dərviş qırsaqqız olub əl çəkmədi. Axırda padşah pərt olub gülü vermək istədi. Əhməd işi belə görəndə bir vird oxuyub, bir ovuc taxıl olub başladı buğdaları dənləməyə. Oxay buğdanı yeyib qurtardı. Arxayın oldu ki, daha Əhməd ölüb. Demə, buğdanın bir dənəsi padşahın ayağının altında qalıbmış. Əhməd tez bir çaqqal şəklinə düşüb toyuğu da, cücələri də boğub öldürdü, Oxayı cəhənnəmə vasil elədi.
    Əhməd Oxayın tilsimini sındırıb, onu öldürəndən sonra onun qızı yadına düşdü. Öz-özünə dedi: "Bu heç kişilikdən deyil. Oxayın qızı məni ölümdən qurtardı. Qalaçanın bütün sirlərini öyrətdi, böyük yaxşılıqlar elədi, amma mən onun atasını öldürüb özünü tək qoydum. İndi yaxşısı budur, gedib Oxayın qızını tapıb onu əzab-əziyyətdən qurtarım. Özü də gözəl-göyçək qızdı. Əgər mənə gəlməyə razı olsa, onunla evlənib şad-xürrəm ömür sürərəm”. Əhməd bu fikirlə bir vird oxuyub qalxdı göyə. Göyün yeddinci qatıyla uçub gəldi həmin bulağın yanına. Əhməd Oxayın bütün tilsimlərini bilirdi deyə, bulağın başına çatan kimi elə ağzını açmamış qalaçanın qapısı taybatay açıldı.
    Əhməd qalaçadan içəri girib düz getdi qırxıncı otağa. Qapını açıb gözlərinə inanmadı. Otaqdakı qara şeylərin hamısı dönüb al-əlvan, ağappaq olmuşdu. Amma bircə qız başdan-ayağa qara geyinmişdi. Əhməd içəri girib qızla görüşdü, bir xeyli dərdləşəndən sonra soruşdu:
    - Məni bu sirdən agah elə görüm, niyə əvvəl otaq qapqara bəzənmişdi, indi hər tərəf al-əlvandır, özün isə qara geyibsən?
    Qız dedi:
    - Əhməd, hər şey mənə aydındır. Bilirsən, sən Oxayı öldürmüsən. Mən buna bir tərəfdən sevinirəm. Yaxşı oldu, elə o öz cəzasına çatdı. Ona görə də qara bəzədiyim otağı indi əl-əlvan bəzəmişəm. O biri tərəfdən də dərd çəkirəm, necə olsa atadı, ona görə da qara geyinmişəm.
    Qız sözünü qurtarıb o biri otağa getdi, özünə yeddi qat bəzək-düzək verib, zər-zibadan elə paltar geyindi ki, baxanın gözü qamaşırdı. Əhməd baxıb gördü ki, qızın gözəlliyi əvvəl bir idisə, indi min olub. Az qaldı ki, Əhmədin huşu başından çıxsın. Bir könüldən min könülə qıza aşiq oldu, dedi:
    - Ey gözəl sənəm, indi nə deyirsən, mən gəlmişəm səni aparam. Mənə gəlməyə razısanmı?
    Qız dedi:
    - Razıyam, amma mən elə oğlana getmək istəyirəm ki, o mənə vəfalı olsun, igid olsun, həm də ağıllı olsun.
    Əhməd dedi:
    - Məgər mən vəfasızam? Vəfasız olsaydım, Oxayı öldürəndən sonra sənin yanına gəlməzdim. Qoçaq olmasaydım, bütün aləmə qan udduran Oxayı öldürə bilməzdim. Ağıllı olmasaydım, bütün tilsimləri sındıra bilməzdim.
    Qız dedi:
    - Bu sözlərin hamısı doğrudur. Bunları sən özündən ötrü eləyibsən. İndi mən bilmək istəyirəm görüm mənim yolumda neylərsən? Mən sənə o zaman gedərəm ki, gedib ağ divin almalarının sirrini öyrənib, gəlib mənə deyəsən.
    Əhməd əlini gözünün üstünə qoyub dedi:
    - O mənim gözüm üstə.
    Elə o saat qalaçadan çıxıb başladı yol getməyin binasını qoymağa. Az getdi, çox dayandı, çox getdi, az dayandı, gəlib bir meşəyə çatdı.
    Əhmədi meşəlikdə qoyaq, görək qız neylədi. Bu tərəfdən qız göyə qalxıb uça-uça gəldi düz Əhmədin gəlib çıxdığı meşəyə. Qız gözəllikdə misli-bərabəri olmayan bir pəri şəklinə düşüb Əhmədin qabağına çıxdı. Əhmədi görən kimi dedi:
    - Oğlan, soruşmaq ayıb olmasın, haradan gəlib haraya gedirsən?
    Əhməd dedi:
    - Heç, elə-belə, yolumu itirib gəlib bura çıxmışdım.
    Qız dedi:
    - Əhməd, sən məndən heç nə gizlətmə, mən filan padşahın qızıyam. Bütün elmlərdən xəbərdaram. Oxayın qızı səndən intiqam almaq üçün səni gedər-gəlməzə göndərir ki, gedib sehrli almaların sirrini öyrənəsən. Gəl sən bu yoldan dön.
    Əhməd dedi:
    - Ey gözəl pəri, mən Oxayın qızına söz vermişəm. Ölsəm də, qalsam da gedib almaların sirrini öyrənəcəyəm.
    Qız dedi:
    - Əhməd, yoxsa qorxursan ki, Oxayın qızı əlindən çıxar? Mənim haram ondan əskikdir? Razı olsan gedərik bizim şəhərə, orada evlənərik, səni dünya malından qəni edərəm. Atam da qocalıb, onun taxt-tacına sahib olarsan.
    Əhməd dedi:
    - Ey pəri, mənə heç nə lazım deyil. Mən Oxayın qızına söz vermişəm, onu da alacağam.
    Əhməd sözünü qurtarıb heç dalına da baxmadı, başladı yol getməyə. Elə bir az getmişdi ki, qız cildini dəyişib bir pəhləvan oldu. Kəsə yolnan gəlib çıxdı Əhmədin qabağına. Əhməd baxıb gördü ki, ona sarı elə nəhəng pəhləvan gəlir ki, boyu çinar boyda. Hər qolunda da yeddi dəyirman daşı. Daşları elə oynadır, elə bil əlində aşıq oynadır. Pəhləvan Əhmədin yolunu kəsib dedi:
    - Ey cavan oğlan, hara belə?
    Əhməd dedi:
    - Gedirəm sehrli almaların sirrini öyrənəm.
    Pəhləvan bərkdən qəhqəhə çəkib dedi:
    - Ədə, zalım oğlu, mən yekəlikdə pəhləvan gedib o almaların sirrini öyrənə bilmədim. İndi sən bir tikə uşaq necə öyrənəcəksən?
    Əhməd dedi:
    - Öyrənə bilmərəm də, bilmərəm. Bu yolda öldü var, döndü yoxdur.
    Pəhləvandan soruşdu:
    - Bəs yaxşı, ay pəhləvan qardaş, sən hara gedirsən?
    Pəhləvan dedi:
    - Ey cavan, Oxay adlı bir tilsimkarın gözəl-göyçək, ağıllı bir qızı var. Oxayın sağlığında heç kimi o qıza yaxın dura bilmirdi. İndi eşitmişəm ki, Oxay ölüb, gedirəm onun qızını zorla qaçırdam.
    Əhməd dedi:
    - Ey pəhləvan, bil və agah ol, o qız mənim nişanlımdır. Nə qədər mən sağam, heç kim onu qaçırda bilməz.
    Pəhləvan bu sözləri eşidən kimi cin vurdu təpəsinə. Gözləri hədəqəsindən çıxdı. Ağzı köpüklənə-köpüklənə dedi:
    - Ədə, bir buna bax, bir tikə uşaq da mənə meydan oxuyur. Elə bu dəyirman daşının birini üstünə salsam, altında xəşil kimi əzilərsən.
    Əhməd pəhləvanın belə coşduğunu gördükdə qılıncını çəkib dedi:
    - Ey pəhləvan, çox da boy-buxununa, qoluna güvənmə, boş danışmaqdan bir şey çıxmaz. Bu meydan, bu şeytan, kim kimi öldürsə qanı halaldır.
    Qız gördü ki, Əhməd bu sınaqdan da yaxşı çıxdı, dedi:
    - Ey cavan, sənin kimi uşaq-muşaqla vuruşmaq mənə əskiklik gələr. Odur ki, səni öldürmürəm, çıx get.
    Bu sözləri deyib, başını aşağı salıb getdi.
    Əhməd təzədən yol getməkdə olsun, qız bu dəfə də cildini dəyişib qarı şəklinə düşdü. Gedib Əhmədin yolunun qabağındakı xaraba bir qalaçanın qapısında oturdu. Əhməd gəlib qalaçaya çatanda gördü ki, qapıda bir qoca qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Sir-sifətindən zəhrimar tökülür. Qarı Əhmədi görən kimi dedi:
    - Ey bəni-insan, bura quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar. Sən nə cürətlə buralara ayaq basmısan?
    Əhməd dedi:
    - Ey qarı nənə, mən ağ divin sehrli almalarının sirrini öyrənməyə gəlmişəm.
    Qarı bərkdən gülüb dedi:
    - Mənim başımın tükü sanı pəhləvanlar, igidlər gəlib, bu sirri öyrənə bilməyib başlarını qoydular. Gəl görək indi sən neyləyəcəksən.
    Qarı Əhmədi yanına salıb bir otağa apardı. Bir qızıl məcməyinin içində üç dənə qızıl alma gətirdi. Almaların üçü də bir rəngdə, bir ölçüdə, bir boyda idi. Qarı dedi:
    - Oğlan, səninlə əvvəlcə bir şərtim var. O şərtimi yerinə yetirsən, biləcəyəm ki, ağıllı oğlansan. Almaların da sirini öyrənib çıxıb gedəcəksən. Yox, şərtimi yerinə yetirə bilməsən, başını bədənindən ayırıb ananı ağlar qoyacağam.
    Əhməd dedi:
    - Qarı nənə, mən razıyam, de görək, nə deyirsən?
    Qarı dedi:
    - Bu almaların biri birillik, biri ikiillik, biri də üçillikdir. Bu sirri təkcə məndən başqa heç kim bilmir. İndi sən de görüm, bunların hansı birillik, hansı ikiillik, hansı üçillikdir?
    Əhməd dedi:
    - Qarı nənə, bu mənim əlimdə su içimi kimi bir şeydir. Dur bir qab su gətir, bu saat deyim.
    Qarı bir qab su gətirib Əhmədin qabağına qoydu. Əhməd almaların üçünü də suya atdı. Almaların biri o saat suyun dibinə batdı, ikincisi suyun ortasında qaldı, üçüncüsü isə suyun üstündə üzürdü.
    Əhməd dedi:
    - Qarı nənə, suyun dibinə çökən alma təzədir, həm də ağırdır. O birillikdi. Suyun ortasındakı alma bir xeyli qalıb, suyu çəkilib deyə, yüngülləşib. Bu da ikiillikdi. Lap suyun üzündə qalan alma isə quruyub, o üçillikdir.
    Qarı gördü ki, oğlan hamısını düz deyir, odur ki, dedi:
    - Bala, elə o almaların sirri bunda idi ki, sən özün tapdın. Görürəm, çox ağıllı oğlansan, səni öldürmürəm, indi çıxıb gedə bilərsən.
    Əhməd üzünü çevirdi ki, çıxıb getsin, qız cildini dəyişib düşdü əvvəlki şəklinə "Əhməd, Əhməd”, deyib, onu səslədi. Əhməd geri baxıb gözlərinə inanmadı – qarı dönüb Oxayın qızı olmuşdu. O gözünü ovuşdurub qıza dedi:
    - Bu nə əhvalatdır, mən yuxu görürəm, nədi?
    Qız dedi:
    - Əhməd, sən yuxu-zad görmürsən, bu gördüyün qarı mən özüməm. Yolda sənin qabağına çıxan padşah qızı da, pəhləvan da mən özüm idim. Səni sınaqdan keçirirdim. Şükür olsun Allaha, bütün sınaqlardan çıxdın. İndi mən səninəm, nə deyirsən eyləyək.
    Əhməd dedi:
    - Yaxşısı budur, gedək əvvəlcə qalaçadakı adamların hamısını tilsimdən qurtaraq, sonra da gedək gözü yolda qalan atamı sevindirək, toyumuzu edək. Əhmədlə qız qalaçaya gəldilər. Oxayın tilsimə saldığı adamların hamısını dirildib azad elədilər. Bu adamlar hamısı sevindiklərindən Əhmədlə qızın ayağına döşənib dedilər:
    - Siz ki bizi bu tilsimdən qurtardınız, ölənəcən sizə qulluq etməyə hazırıq.
    Əhməd dedi:
    - Bizə heç bir qulluq lazım deyil. Bircə xahişimiz odur ki, indi biz gedirik atamın yanına, orada toy eləyib evlənəcəyik. Siz də bizimlə gedib toyda yeyib, içib şadlıq eləyəsiniz. Sonra da kim hara istəyir, çıxıb gedə bilər.
    Əhmədlə qız Oxayın var-dövlətindən qiymətdə ağır, çəkidə yüngül şeyləri götürdülər, sonra adamlara dedilər:
    - Kim nə istəyirsə, bu xəzinədən götürsün.
    Adamlar da qızıldan, gümüşdən istədikləri qədər götürüb üz qoydular getməyə. Gethaget gəlib çıxdılar Əhmədgilin evlərinə. Əhmədin atası gördü ki, qabaqda oğlu ilə bir gözəl qız, dallarınca da o qədər adam gəlir ki, iynə atsan yerə düşməz. Əhməd gəlib atasının yanına çatdı. Ata-bala görüşüb öpüşdülər, atası dedi:
    - Oğul, bu nə işdir, bu adamlar kimdir, bu vaxtacan haradaydın?
    Əhməd başına gələnlərin hamısını atasına söylədi. Həmən gündən toy tədarükü görməyə başladılar. Qırx gün, qırx gecə elə bir toy oldu ki, ruzigarın gözü indiyə qədər belə bir toy görməmişdi. Oğlanla qız evlənib arzularına çatdılar. Siz də muradınıza çatasınız.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (06.12.2013) | Müəllif: R.C E W
Baxış: 1498 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more