Əsas » Məqalə » Nağıllar

İndoneziya nağılları
İNDONEZİYA NAĞILLARI
YÜZ ƏLLİ TİMSAH VƏ QƏNÇİL


     Qənçil bol sulu, enli çay qırağına yaxın yerdəki hündür təpədə istirahət etməyi çox xoşlayırdı. Bu təpə hər tərəfdən yarğanla əhatə olunmuşdu. Yağış yağanda çayın suyu qalxıb lap təpənin başına qədər çıxırdı, təpənin başında şaxlı-budaqlı fikus ağacı ucalırdı. Ağacın budaqlarının ucu az qala yerə dəyirdi. Ağacın altı isə tər-təmiz olurdu, - elə bil ki, süpürgə ilə süpürülürdü - külək hər gün ağacın altına düşən yarpaqları sovurub yarğana tökürdü.
     Bir dəfə Qənçil, ağacın altında uzanaraq tənbəl-tənbəl göyşəyə-göyşəyə bərk yuxuya getmişdi. Bu vaxt bir yağış tökdü ki, elə bil göydən sel axırdı.
     Çay qalxıb o saat yarğanı basdı. Təpənin ətrafında dəhşətli su burulğanları əmələ gəldi. Çox keçmədən su təpənin başına qalxıb Qənçil yatan yerə çatdı. O, oyanıb çayın belə qalxdığını görərək, bərk qorxdu. Nə eləsin? Tullanmağa yer yox idi, çünki yarğan su ilə dolu idi. Ağaca dırmaşmağı da o bacarmırdı. Suda üzməyə isə ürək eləmirdi, çünki timsahın ağzına düşəcəyindən qorxurdu. O, ancaq suyun tezliklə çəkiləcəyinə ümid bağlamışdı. Qənçil dayanıb bütün bunları fikirləşirdi ki, birdən suyun üzündə timsah başlarını gördü. Hamısından da qabaqdakı qoca Timsah idi. Bu Timsah çoxdan Qənçillə düşmən idi və dişini ona qıcamışdı.
     -Aha, - deyə Timsah qışqırdı, - Qənçil, gör səninlə harda rastlaşmışıq! İndi sən hara qaçacaqsan? Bir bura gəl, tez, tez! Sən harda gizlənəcəksən? Mənim qarnımda gizlənmək istəyirsənmi? Aha, bir qaç görüm, necə qaçırsan! İndi daha əlimdən qurtara bilməyəcəksən! İndi sənin işini bitirərəm, ətinlə də bütün dostlarımın qarnını doyduraram. Sənin sür-sümüklərinin hamısını gəmirərik, kələklərinə görə mən sənin əlindən lap yanıqlıyam. Sənin ətin gərək ki, dadlı olsun: həm yağlı, həm də yumşaq. Kim bilir, bəlkə də sənin ətin dərman kimi faydalıdır.
     Qənçil isə fikirləşirdi ki, daha Timsahın ağzından yaxa qurtara bilməyəcək. Ancaq o yenə də xoşbəxt bir təsadüf olacağına ümidini itirmirdi. Üzünü Timsaha tutub dedi:
     -Mənim sirrimi sənə kim açıb? Kim sənə deyib ki, mənim ətimdən dərman qayırmaq olar? Siz bura gör nə qədər yığışmısız, təkcə məni yemək istəyirsiz! Bu bir şey deyil, axı, mən çox balacayam. Onsuz da sizin qarnınız mənim ətimlə doymayacaq. Əgər siz mənim ətimdən dərman qayırmağı fikirləşmisizsə, o başqa məsələ. Onda əgər burada siz lazım olan qədərsinizsə, məni yeyə bilərsiz!
     -Biz burada səksən timsahıq, - deyə Timsah ona cavab verdi.
     -Əgər məni səksən timsah yesə, onda mütləq onların qarınları sancacaq. Baxıb görərsiz; səhər naxoşlayar, axşam ölərsiz! Ancaq məni yüz əlli timsah birdən yesə, onda dərmanın təsiri olar və onlar uzun illər yaşayıb sağ-salamat ömür sürərlər.
     -Qənçil, sən doğrumu deyirsən?
     -Bəs həddindən artıq içən adamın başma nə gəlir? Həddindən artıq çaxır içəndə zərər verir. Hər halda sərxoş adam çox yaşamır. Ancaq az içən adamın işi başqa olur - onun keyfi kökəlir! Mənim ətim isə hər cür çaxırdan da zəhərlidir: kim qədərindən çox yesə, onun çox yaşamayacağına şübhə yoxdur.
     Timsahlardan biri dedi:
     -Həmişə belədir! Hamı ölüm qabağı çox çərənləyir. Mən indi səni tikə-tikə parçalayıb yeyərəm. Onsuz da bir Qənçillə doymaq olmaz ki?!
     Qənçil o saat onun yanına gəlib dedi:
     -Buyur, məni tikə-tikə doğra! Mənim üçün nə fərqi var ki, məni bir timsah yesin, ya çox timsah yesin! Öz işinizdir! Əgər məni səksən timsah yesə hamısı gəbərəcək. Çayın qırağında özünə yem axtaranların bəxti gətirib, - indi onlara daha mane olan olmayacaq! Nahaq yerə mən sözün düzünü dedim, daha deyilən sözü geri qaytara bilməzsən. Eh, mənim bu zəhrimar dilim dinc durmadı da! Axı, mən nə üçün bu sirri sizə açdım?!
     Qoca Timsah dedi:
     -İndi, mən görürəm ki, sən doğru deyirsənmiş, İndi mən əlli timsah göndərərəm ki, yetmiş timsah da çağırıb gətirsinlər. Onda biz yüz əlli timsah olarıq. O biri timsahlar hərə bir tərəfə gedəndən sonra otuz timsahı da burada səni güdməyə qoyaram. Tez- liklə hamı gəlib yığışar.
     Əlli timsah hərəsi bir tərəfə getdi: bəzisi suya baş vurdu, bə- zisi sahilə çıxdı. Çox keçmədən hamısı qayıdıb gəldi: özlərilə də yetmiş timsah gətirmişdilər. İndi onlar yüz əlli timsah idilər. Hamısı da öz bədheybət ağızlannı açmışdı.
     Qoca Timsah dedi:
     -Qənçil, indi bəs nə istəyirsən? İndi biz burada yüz əlli timsahıq.
     -Əgər siz doğrudan da yüz əlli timsahsınız, nə bir əksik, nə də bir artıq, onda məni yeyə bilərsiz! Ancaq siz burada düz yüz əlli timsahsız?
     -Yüz əlli, nə bir dənə əksik, nə də bir dənə artıq, mən indicə saymışam.
     -Əgər düz saymısansa, bəxtin gətirdi! Yox əgər səhv saymısansa, onda sizin hamınızm işi xarabdır.
     -Yaxşısı budur, sən özün də bir say görək, səhvimiz yoxdur ki?
     -Yox, əşi, mən sizə inanıram! Əgər doğrudan da burada yüz əlli timsahsınız, nə bir dənə əksik, nə də bir dənə artıq, onda, buyurun məni parçalaym!
     -Yox, yox, mən qorxuram! Yaxşısı budur, sən özün bizi təzədən say!
     -İndi ki, siz təkid edirsiz, onda mən sayaram, ancaq gərək elə düzüləsiz ki, mən sizi yaxşı görə biləm. Sudan təkcə başmızı çıxarmağı unudun, hammız bir-birinin yanında, bir-birinə qısılaraq fikusdan o sahilə kimi böyür-böyürə uzanın!
     -Yaxşı, narahat olma! İndi mən onların hamısma əmr edərəm, sən deyən kimi uzanarlar.
     Bundan sonra timsahlar başlarını, bədənlərini, quyruqlarını sudan tamam çıxarıb bir-birinin yanında uzandılar.
     -Tez say, ancaq bax ha, hesabı səhv salma! - deyə qoca Timsah göstəriş verdi.
     Qənçil dedi:
     -Mənə icazə ver, dostlarının üstü ilə gedib sayım! Ancaq onlar məni bunun üçün qanacaqsız saymasınlar.
     Timsah dedi:
     -Eybi yoxdur, eybi yoxdur, bunlar ancaq əsas işimizdən ötrüdür!
     Qənçil timsahların üstündən atıla-atıla keçərək sayırdı: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi... iyirmi dörd... əlli... doxsan... yüz... yüz iyirmi... yüz əlli!
     O bunu deyib sahilə tullandı və dala baxmadan dördayaq qaçdı.

BİR CÜT EV AYAQQABISI


     Biri var idi, biri yox idi, bir cüt geyilib köhnəlmiş ev ayaqqabısı var idi: kişi-ayaqqabı və arvad-ayaqqabı. Əgər bu ayaqqabılara diqqətlə baxsa idiniz o saat aralarında olan fərqi görərdiniz: sağ ayağın ayaqqabısı sol ayağın ayaqqabısına nisbətən enli və böyük idi. Bu da aydındır: axı ayaqqabının sol tayı arvad, sağ tayı kişi idi.
     Bu ayaqqabılar öküz dərisindən tikilmişdi, özü də Lombok adasında yerləşən Sasak məmləkətinin padşahı olan racənin idi. Racə bu ayaqqabıları çox istəyirdi, ona görə də bunları hər gün - səhərdən axşamacan ayağından çıxarmazdı. Yatanda isə ayaqqabıları həmişə götürüb rəfin üstünə qoyurdu. Racə təmizliyi və səliqəli olmağı çox sevirdi.
     Racə yatar-yatmaz siçanlar döşəmənin altından çıxır, qara dəyirmi gözlərini oynadaraq otağın hər yerini gəzib, yeməyə bir şey axtarırdı. Ancaq racənin yataq otağında yeməyə bir şey olmazdı, ona görə də gözlərini ayaqqabılara dikmişdilər. Öküz dərisindən elə dadlı iy gəlirdi ki, yazıq siçanların ağızlarının suyu axırdı!
     Hər iki ayaqqabı nahaq yerə qorxub əsmirdi, ancaq siçanları hürkütmək üçün qaş-qabaqlarını sallayıb acıqla onlara baxırdılar. Siçanlann elə doğrudan da ürəklərinə qorxu düşdü. Ancaq öküz dərisi elə qəşəng cəlbedici iy verirdi ki, siçanlar hər gecə yavaş-yavaş ayaqqabılara yaxınlaşırdılar. Ayaqqabılar isə qorxularından əsirdilər.
     Bir dəfə də, gecə, siçanlar onlara lap yaxınlaşıb hər tərəflərini iylədilər. Səhər açılanda kişi-ayaqqabı arvadına dedi: “Deyəsən, bu siçanlar bizi doğrudan da yemək istəyirlər. İndi onlar özlərini yuvalarına soxmuşlar, çünki hava işıqlaşıb, ancaq hava qaralanda, onlar yuvalarından yenə də çıxacaqlar, onda...”
     Kişi dərindən bir ah çəkdi, arvad da ah çəkdi. Kişi bir az fikirləşib dedi: “Əlbəttə, siçanlar köməksiz, hətta canlarını qurtarmaq üçün qaça bilməyən ev ayaqqabılarından güclüdürlər. Eh, nə yaxşı olardı ki, biz də dönüb siçan olaydıq! Görəsən dua edib allahdan istəyək ki, bizi siçana döndərsin?”
     Arvad-ayaqqabı cavab verdi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol, - istəyirsən ayaqqabı ol, istəyirsən siçan ol. Mənim üçün heç bir fərqi yoxdur, mən həmişə səninləyəm!”
     Belə olan surətdə kişi-ayaqqabı dua edib allahdan xahiş elədi ki, onlar dönüb siçan olsunlar. Allah da xahişlərini qəbul edib, o saat onları siçana çevirdi, onlar da gecələr olduqları rəfdən yerə atıldılar və siçan deşiyində gizləndilər.
     Racə səhər yuxudan ayılıb ayaqqabılarını geymək istəyəndə heç yerdə onları tapmadı. Racə keşikçilərinin əlindən bərk hirsləndi ki, onlar yəqin yatıblar, oğru da gəlib saraya girib. Onlar da and içirdilər ki, heç gözlərini yummayıblar və bircə nəfər adamı da yaxına buraxmayıblar. Racə isə onlara inanmırdı. Bəs ayaqqabılar nə oldu?
     Siçana çevrilən ayaqqabılar indi döşəmənin altında yaşayırdılar, ancaq onların bir balaca dərdləri vardı: indi onlar daha racə yola çıxan vaxt onun ayağında olmurdular. Ancaq axşam olan kimi onlar özlərini xoşbəxt hesab edirdilər, - axı indi onların daha siçanlardan qorxuları yox idi.
     Onlar da o biri siçanlar kimi otaqlarda qaçışıb özlərinə yemək axtarırdılar.
     Bir dəfə yekə bir pişik onların üstünə cumdu. Xoşbəxtlikdən onlar - ər-arvad vaxtında özlərini yuvaya soxa bildilər. Pişik pəncəsinə keçən siçanın fəryadlı ciyiltisini eşidəndə onların qorxudan ürəkləri nanə yarpağı kimi əsdi! Siçan olmaq gör nə qorxuluymuş!
     Kişi dərindən bir ah çəkdi, arvad da ah çəkdi. Kişi dedi: “Əlbəttə iti caynaqları olan bu boyda böyük pişik biz yazıq siçandan çox-çox güclüdür. Ah, nə yaxşı olardı ki, biz də dönüb pişik olaydıq! Görəsən, allahdan xahiş edək ki, bizi pişiyə döndərsin?”
     Arvad siçan cavab verdi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, ya siçan ol, ya da pişik. Mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm!”
     Belə olan surətdə kişi, allahdan xahiş etməyə başladı ki, onları: ər-arvadı pişiyə döndərsin.
     Allahm onlara yazığı gəldi, onlar dönüb pişik oldular. Gecələr siçan ovlayır, gündüzləri də yatıb yuxularını alır və özlərini günə verirdilər.
     Bir dəfə yekə və bədheybət bir it onların dalınca düşüb qovdu. İt bərkdən hürə-hürə qorxularından az qala bağırları çatlayan ər-arvad pişiklərin dalınca dördayaq götürüldü. Onları tutmağa lap azca qalmışdı ki, qabaqlarına bir ağac çıxdı. Pişiklər o saat ağaca dırmaşdı, budağa qısılaraq miyoldamağa və pufuldamağa başladılar. İt, ağacın dövrəsində atılaraq, bunlara hürürdü, pişiklər isə budaqdan bərk-bərk yapışaraq qorxularından əsirdilər. Uzanıb gündə qızınmaq hardan yada düşürdü!
     Kişi pişik dərindən bir ah çəkdi, arvad pişik də ah çəkdi. Kişi dedi: “Görünür ki, it biz bədbəxt pişiklərdən güclüdür. İt olmaq nə yaxşıdır! Gəlsənə allahdan xahiş edək ki, bizi itə döndərsin?”
     Arvad dedi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, istəyirsən siçan ol, istəyirsən pişik, istəyirsən it ol, mənim üçün heç bir fərqi yoxdur, mən həmişə səninləyəm!”
     Belə olan surətdə kişi pişik yenə də allaha müraciət edib xahiş etdi ki, onları itə döndərsin. Onlar da dönüb it oldular: keyfləri necə kök idi! Bütün günü həyətdə atılıb-düşürdülər. İt olmaq nə yaxşıdır!..
     Bu vaxt kəndlilər həyətdə düyü döyürdülər. İtlərin insanla oynamaqdan çox xoşları gəlir, - odur ki, onlar da quyruqlarını bulaya-bulaya kəndlilərə yaxınlaşdılar. Bəxtləri gətirmədi! İnsanlar ağacla onları kötəklədilər, daşa basdılar. Quyruqlarını qısıb hər iki it zingildəyə-zingildəyə nə əkildi! İndi onlar it olmaqlarına görə heç də sevinmirdilər.
      “Görünür ki, insanlar bizdən qat-qat güclüdürlər”, - deyə it dərindən bir ah çəkdi. Onun arvadı da ah çəkdi. Kişi it arvadına dedi: “Sən necə bilirsən, gəlsənə allahdan xahiş edək ki, bizi insana çevirsin? Onda biz heç kəsdən qorxmarıq”.
     Arvad dedi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, istəyirsən siçan, istəyirsən pişik, ya da it, yaxud insan ol - mənim üçün fərqi yoxdur, mən həmişə səninləyəm!”
     Belə olan surətdə it, allaha yalvardı ki, onların insana döndərsin. Allahın onlara yazığı gəldi, onlar dönüb kəndli oldular.
     Onlar nə sevinirdilər! İndi hansı iti keyfləri istəyirdi ağacla döyə bilir və hansı pişik olsa ona “pişt” eləyə bilirdilər. Əgər tələyə siçan düşmüş olurdu, onu o saat vedrəyə - suyun içinə atıb öldürürdülər. Bayram günlərində isə ayaqlarına ayaqqabı geyib gəzməyə gedirdilər. İnsan olmaq çox yaxşı idi!
     Ancaq bu yaxşı günlərin axırı tez gəlib çatdı. Kəndxuda kəndin bütün camaatını yığıb onlara təzə yol salmağı əmr etdi.
     Kəndli gün çıxandan gün batana qızmar günəş altında qəddini düzəltmədən işləyirdi. Onun arvadı ağır daşları daşıyır, o, isə onları linglə parçalayırdı. Yorğunluqdan güclə nəfəs alırdı, tərdə sel kimi axırdı. Bir gün belə, iki gün belə, üç gün belə, dörd gün belə, - ağır işin nə vaxt qurtaracağı məlum deyildi.
     Onlar istidən lap bişirdilər, əldən-dildən düşmüşdülər, bir yandan da kəndxuda at üstündə tez-tez gəlib onların üstünə çığırırdı ki, əlinizdən iş gəlmir, əliniz astadır. Kəndli dərindən bir ah çəkdi, arvadı da ah çəkdi. Kişi dedi: “Kəndxudanm işi yaxşıdır. At üstündə gəzməkdən başqa heç nə eləmir! Belə istidə bizim kimi belini büküb işləmir ki? Gəlsənə allahdan xahiş edək ki, bizi kəndxudaya çevirsin!”
     Vəfalı arvadı dedi: “Mən sənin arvadınam, biz də həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol - istər ayaqqabı, istər siçan, ya pişik, ya it, istər kəndli, ya kəndxuda mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm, səni atmaram”.
     Belə olan surətdə, kişi, allaha yalvardı ki, onu kəndxuda eləsin, çünki daha belə yaşamağa onların taqəti qalmayıb.
     Həmin gün kəndli dönüb kəndxuda oldu.
     İndi o istədiyi kimi yaşaya bilərdi! İndi onun cəld qaçan atı var - səhərdən axşama kimi istədiyi yerə çapa bilər. O, evə qayıdanda qayğıkeş arvadı onun qabağına şirin qəhvə və dadlı qoğallar qoyur. Gecə yerlərinə girəndə ər-arvad xoşbəxtlikdən lap özlərini itirirdilər. İndi ay keyf çəkəcəklər ha!
     Ancaq onların gözünə heç yuxu getməmişdi ki, qapı döyüldü. Racənin elçisi gəlib dedi: “Əmr verilib ki, bütün kəndxudalar təcili surətdə saraya yığışsınlar”. Kəndxuda tələsik geyinib atını yəhərlədi və bütün gecəni atını çapıb yol getdi ki, səhər racənin hüzuruna yetişsin. O, sarayda bir neçə saat hörmətlə başını əymiş halda dayanaraq racənin acıqlı nitqinə qulaq asdı və çəkinə- çəkinə hərdən-bir özünün günahsız olduğunu deyirdi. O bərk yoruldu və ürəyini dərd aldı. Kəndxuda evə, gecədən xeyli keçmiş qanı qara, keyfi pozulmuş halda qayıdıb gəldi.
     Bu əhvalat dəfələrlə oldu... Kəndxuda dərindən bir ah çəkdi, onun arvadı da ah çəkdi. İndi şirin qəhvə və dadlı qoğallar daha onları sevindirmirdi. Kişi dedi: “Görünür ki, racə, bütün kəndxudalardan güclüdür, mən elə bilirəm ki, məni racəyə çevirməyi allahdan xahiş etməliyəm. Bax, onda biz əsl keyf çəkərik!” Arvadı isə ona belə cavab verdi: “Mən sənin arvadınam, biz də səninlə həmişə bir yerdəyik. Sən hara gedirsən və nə olursan ol: istəyirsən ayaqqabı ol, ya siçan, yaxud pişik ol, ya it, ya da kəndli ol, kəndxuda ol, yaxud racə - mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm, səni atmaram”.
     Belə olan surətdə kəndxuda allaha yalvardı ki, onu racə eləsin, çünki daha bu cür yaşamağa onlarda can qalmayıb.
     Ərlə arvad yatdılar, oyananda gördülər ki, onlar saraydadırlar. Racə ilə arvadı nə yaxşı yaşayırlar! Ən dadlı şeylərdən yeyib özləri üçün keyf edirlər. “İndi daha heç kəs bizə mane ola bilməz!” - deyə onlar düşünürlər. Ancaq yox, belə deyilmiş!
     Lombok adasında bu racədən əlavə başqa racələr də var idi. Qonşu hökumətlə vuruşma başlananda bizim racə məğlub oldu. Axı bizim racə yeyib-içib keyf çəkməyə başı qarışdığmdan qoşununu tamam yaddan çıxartmışdı. Odur ki, elə birinci döyüşdə onun əsgərləri dağılışıb qaçdı.
     Düşmən qoşunu hər tərəfdən onun saraymı əhatəyə alanda o başa düşdü ki, daha heç bir şeyə ümid bağlaya bilməz. Bax, indicə arvadı ilə onu əsir tutacaq, olsa-olsa o ancaq düşmənin atının mehtəri ola biləcəkdir. Bu lap dəhşətli olardı! “Bütün dünyada elə bir məxluq yoxdur ki, o, qorxunun nə olduğunu bilməsin”, - deyə racə dərindən bir ah çəkdi. Onun arvadı da ah çəkdi. - Ancaq allah heç kəsdən qorxmur, - deyə racə sözünə davam etdi. - Gəlsənə allahdan xahiş edək ki, məni allaha döndərsin?..” O, bu sözü deyib qurtarmamışdı ki, ər-arvad o saat... geyilmiş ev ayaqqabısma çevrildilər.
     Elə, bu anda qalib gəlmiş racə saraya daxil olub, bir cüt ayaqqabını gördü, o saat götürüb ayağına geydi.
      “Bu ayaqqabılar lap mənim oğurlanan ayaqqabılarıma oxşayır!” - deyərək davada qalib gələn racəyə layiq şəkildə otaqda qürurla var-gəl etməyə başladı. O, ayağındakı sol ayaqqabının sağ ayaqqabıya dediyi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara getsən mən səninləyəm...” sözlərini heç eşitmədi də.

HİYLƏGƏR HACILEYLƏK


     Hacıleylək bərk ac idi. O, səhərdən özünə yeməyə bir şey axtarırdı, ancaq əlinə heç nə keçməmişdi: bütün günü bir qurbağa balası da tuta bilməmişdi.
     Gün batana yaxın, Hacıleylək böyük gölün qırağma gəldi. Bu göl çox qəşəng idi. Yoldan keçənlər bu gölü görəndə bir xeyli vaxt dayanıb onun gözəlliyinə tamaşa edirdilər: gölün suyu göz yaşı kimi dupduru idi, balıqlar da o tərəf-bu tərəfə qaçışırdı.
     Hacıleylək suya girdi ki, balıqlardan tutub yesin, ancaq balıqlar onu görən kimi, dimdiyinə düşməmək üçün o saat gizləndilər. Hacıleylək çox gözlədi ki, bəlkə balaca bir balıq da olsa tuta bilsin. Ancaq nahaq yerə vaxt itirirdi.
     Hacıleylək bir neçə gündən sonra yenə də uçub gölə gəldi. Ancaq bu dəfə o aram-aram sahildə var-gəl etməyə başladı. O, başma vaiz kimi hündür dəyirmi papaq qoymuşdu.
     Balıqlar heyrətlərindən ağızlarmı açaraq Hacıleyləyə maraqla baxırdılar: o, həmişəki Hacıleyləyə oxşamırdı. Balıqlar başa düşmürdülər ki, ona nə olub.
     Balıqlardan biri ürəklənib ona yaxın gəldi, ancaq Hacıleylək heç üzünü də ona çevirmədi.
     O, bir az susandan sonra balıqlara müraciət edərək dedi:
     -Övladlarım, siz daha bundan sonra məndən qorxmamalısız! Mən qərara gəlmişəm ki, ruhani kimi yaşayam və heç kəsə zərər verməyəm.
     Balıqlar bunu eşidib bir ağızdan dedilər:
     -Biz sənə inanırıq, Hacıleylək! Sən gəl bizə ağıl öyrət!
     Hacıleylək də onlara cavab verdi:
     -Övladlarım, mənə bel bağlaya bilərsiz! Mən heç vaxt sizi darda qoymaram. Mən yer üzündəki bütün canlı məxluqatın əsl dostuyam.
     Bir neçə vaxt da gəlib keçdi. Hacıleylək hər gün gölə getməyə öyrəşdi, balıqlar da hər gün onu sevinclə qarşılayırdılar.
     Bir dəfə o sahilə çox qəmgin gəlib balıqların heç birinə baxmadı, heç birilə də danışmadı.
     Ay vaiz, nə olmuşdur? - deyə kiçik bir balıq soruşdu. - Nə üçün sənin gözlərin belə kədərlidir?
     Hacıleylək guya göz yaşından boğula-boğula yavaşdan dedi:
     -Ah, övladlarım! Mən ona görə ağlayıram ki, sizə çox yazığım gəlir. Heç bir çarə fikirləşib tapa bilmirəm. Axı insanlar hazırlaşırlar ki, bu gölü qurutsunlar, ölüm sizin hamınızın başınızın üstünü alıb.
     Balıqlar acı-acı ağladılar. Balıqlardan biri ona yalvarıb-yaxardı:
     -Bəlkə, ağıllı vaiz, sən bir çarə fikirləşib tapdm ki, bizi bu ölümdən xilas etdi?
     Hacıleylək arxayınca dedi:
     -Övladlarım, mən bilirəm, o dağın dalında bir göl vardır. Siz isə ora gedə bilməzsiniz. Mən də ki, sizin hamınızı birdən apara bilmərəm. İstəyirsiz, mən sizi bugündən başlayaraq hər gün bir- bir həmin gölə aparım.
     Balıqlar sevindilər və bir-birlərinin sözünü kəsə-kəsə Hacıleyləkdən xahiş etməyə başladılar ki, onları o gölə tez aparsm.
     Hacıleylək də hər gün dimdiyinə bir balıq alıb dağın dalına uçur. Orada da ovunu yeyirdi.
     Çox keçmədən göldə qoca Xərçəngdən başqa bircə dənə də balıq qalmadı.
     -Oğlum, qulaq as, gör nə deyirəm, - deyə Hacıleylək Xərçəngə dedi, - gəl səni də ora aparım. Axı sənin bütün dostların da oradadır.
     -Mən razıyam, ay vaiz, - deyə Xərçəng cavab verdi, - ancaq mənə icazə ver ki, sənin boynundan yapışım, yıxılacağımdan bərk qorxuram.
     Hacıleylək havaya qalxdı, Xərçəng də bərk-bərk onun boynundan yapışmışdı. Onlar gəlib Hacıleyləyin balıqları yediyi böyük daşın yanına çatanda Xərçəng qalaq-qalaq balıq sümüyünü gördü.
     “Demək mənim də aqibətim belə olmalıdır!” - deyə Xərçəng fikirləşdi, ancaq bircə kəlmə də danışmadı.
     Hacıleylək isə dedi:
     -Oğlum, indi də boynumdan düş aşağı, əl-ayağmı açıb uzat!
     Xərçəng də ona belə cavab verdi:
     -Sənin günahın çox böyükdür, ay hiyləgər Hacıleylək! Özünü xilaskar kimi qələmə verib, bütün balıqları yemisən. İndi də ölmək növbəti sənə çatır!
     Hacıleylək dimdiyini şaqqıldadıb yalvardı:
     -Ay Xərçəng, gəl sən məni bağışla! Mənə rəhmin gəlsin! Mən yaşamağı çox istəyirəm!
     -İndi ki, belədir, - deyə Xərçəng ona cavab verdi, - onda məni qaytar gölə apar.
     Hacıleylək uçub o saat gölə gəldi.
     O, sahilə yerə düşəndə, Xərçəng caynaqları ilə onun boğazını boğub dedi:
     -İndi ölmək növbəsi sənə çatıb!
     Hacıleylək öz hiyləsinə görə bu cür cəzalandı.

ZİRƏK KƏNDLİ


     Yava adasında yoxsul bir kəndli yaşayırdı. Onun azacıq yerində təkcə bircə banan ağacı bitmişdi.
     Bir dəfə kəndlinin daxmasının yanından üç yolçu: rahib, həkim və sələmçi keçirdi. Banan ağacını sələmçi birinci görüb, yoldaşlarına belə dedi:
     -Biz üçük, kəndli isə təkdir. Biz onun şirin bananlarından dərib yesək, o bizə nə edə bilər ki?
     Əli əyri adamlar da kəndlinin gözü qabağında onun yeganə ağacının meyvəsini dərib yeməyə başladılar.
     -Hörmətli ağalar, siz nə edirsiz? - deyə kəndli ümidini itirmiş kimi qışqırdı. - Axı bu mənim bananımdır!..
     -Sənin olanda nə olar ki? - deyə rahib arsız-arsız soruşdu.
     -Banan bizim xoşumuza gəldi, odur ki, yeyirik, - deyə həkim əlavə etdi.
     -Bizə mane olma, yoxsa, işin pis olar! - deyə sələmçi onu hədələdi.
     “Onlar üçdür, mən isə təkəm, - deyə kəndli öz-özünə düşündü. - Güclə, zorla mən onlara qalib gələ bilmərəm. Ancaq belə də durub sakit-sakit onların mənim öz yerimdə ağalıq eləmələrinə baxa bilmərəm!”
     Odur ki, üzünü çağırılmamış qonaqlara tutub dedi:
     -Öz evimdə göylərin elçisini və məşhur həkimi görmək mənim üçün böyük xoşbəxtlikdir. Ancaq mən sizə lap mat qalmışam ki, sizin yanınızda sələmçi kimi alçaq bir adam da vardır. Bir baxın görün, o necə acgözdür: siz bananın birini dərənəcən o, beşini, həm də ən dəymişlərini dərir!
     Rahib qəzəblənib dedi:
     -Acgöz sələmçi, sən göylərin elçisinə qarşı hörmətsizlik etmisən! Əlimiz, ayağımız sənə dəyməmiş, tez buradan rədd ol get!..
     “Onlar üçdür, mən təkəm” - deyə sələmçinin ürəyinə qorxu düşdü və tez qaçıb getdi. Rahib ilə həkim isə əvvəlki kimi banan dərib yeməkdə idilər. Onda kəndli, həkimə bu sözlərlə müraciət etdi:
     -Hörmətli cənab, mənə acığınız tutmasın, ancaq mənə elə gəlir ki, sizin elminiz insan xəstəliklərini müalicə etməyə qadir deyil.
     -Ay qanmaz, sən hara, mənim elmimi başa düşmək hara? - deyə həkim hirsləndi. - Mənim məsləhətimlə çox-çox adamlar sağalıblar.
     -Mənə elə gəlir ki, o adamlar ona görə sağalıblar ki, allah onların sağalmağını istəyirmiş.
     -Allahın buna nə dəxli var? - deyə həkim qışqırdı. - Adam- ları mən sağaldıram, allah yox.
     -Sən nə danışırsan, xəbis?! - deyə rahib hirsləndi. - Sən allahın böyüklüyünü inkar etməyə cürət edirsən!..
     -Müqəddəs ata, o, allahı təhqir etdi! - deyə kəndli rahibin sözünü kəsib dedi. - Bu xəbis özü ilə böyük bəla gətirə bilər!
     -Bu saat gözümüzün qabağından rədd ol! - deyə rahib bağırdı.
     “Onlar ikidir, mən təkəm”, - deyə həkim öz-özünə fikirləşdi, bananı yaddan çıxarıb tez qaçdı.
     Kəndli ilə rahib təkbətək qalanda kəndli rahibdən soruşdu:
     -Bəs sən, cürbəcür müqəddəs qanunlar öyrənən alim, de görüm, o qanunlar başqasının malını mənimsəməyi qadağan etmirmi?
     -Bəli, orası elədir, - deyə rahib onunla razılaşdı.
     -Yaxşı, bəs onda, sənin öz malın olmayan bananı nə üçün dərib yeyirsən?
     Rahib kəndliyə nə cavab verəcəyini düşünürdü ki, kəndli yekə bir dəyənək götürdü, rahibə yolu göstərərək dedi:
     -Müqəddəs ata, get öz yolunla, düz get, bir də bundan sonra mənim ağacıma yaxın düşmə!
     Rahib kəndlinin əlindəki yekə ağaca baxıb baş əydi və tez çıxıb getdi.
     Zirək kəndli çağırılmamış qonaqlarından yaxasını belə qurtardı.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (01.08.2014) | Müəllif: R.C E W
Baxış: 903 | Reytinq: 3.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more