TEATR
(Bir pərdəli hekayə)
Teatr. Səhnədə tamaşa gedir. Bu gün ilk tamaşadır.
Parter yarısına qədər tamaşaçı ilə dolub.
1991-ci ilin qışıdır və zal da soyuqdur.
R e j i s s o r (əsəbi). Alə, bu tərəfdən gəl də, bu tərəfdən!
Musiqi.
Alə! (Əlini səhnəyə tərəf uzadır.)
D i r e k t o r (həmişəki təmkinlə). Yavaş... Camaat eşidir axı...
R e j i s s o r. Neyləyim? Görmürsüz? Mizan pozuldu! O tərəfdən gərək qabağa gəlsin, bu
tərəfdən gəlir. (Kənara) Pyaniskə oğlu, pyaniskə!..
D i r e k t o r. Nə?
R e j i s s o r. Heç... Sənətkaram axı, dözmürəm!..
D i r e k t o r. Yaxşı, yaxşı!.. Bəs mənim yerimə olsan, neyləyərsən? (Kənara) Amma yaman
sənətkarsan, olmaz sənnən!..
A r t i s t. Ah!.. Deməli, sən məni bağışlamırsan, Gülsevinc?!
Q a d ı n a r t i s t. Yox...
Musiqi.
Bacarmıram, Elmurad, bacarmıram! Bu mənim iqtidarım daxilində deyil! (Yavaşdan öz-özünə)
Belə də soyuq olar?
A r t i s t. Ah!..
B i r i n c i q ı z. Adı nə oldu bunun?
I k i n c i q ı z. Hansının?
B i r i n c i q ı z. Oğlanın də?
I k i n c i q ı z. Elmurad. Eşitmirsən?
B i r i n c i q ı z. O-o-o!.. (Gülür.) Atan hardan tapıb bu adı?
I k i n c i q ı z. Tapıb də... Birinci dəfədi belə ad. Özü kəşf edib.
B i r i n c i q ı z. Atan?
I k i n c i q ı z. Əlbəttə!
R e j i s s o r (hövsələsiz). Nə oldu? Nu?
D i r e k t o r. Yavaş.
R e j i s s o r. Görmürsüz? Yadından çıxarıb e, sözləri...
D i r e k t o r (bu dəfə acıqlı). Hər halda, belə olmaz. Mən səni Kukla teatrından ona görə
gətirmədim ki, gərginlik yaradasan. Ona görə gətirdim ki, əsl sənət aləminə girəsən...
R e j i s s o r. Yaxşı... Bağışlayın... (Kənara) Yaman da!.. Kukla teatrından məni ona görə
gətirdin ki, bunu burda heç kim tamaşaya qoymurdu. Eybi yox!.. Budu, qoy baxsın! O özündən
razıdı, görsünlər ki, sənət nə deməkdi!..
D i r e k t o r. Nə deyirsən?
R e j i s s o r. Heç... Sizinlə deyiləm...
A r t i s t. Mən buna dözə bilmirəm, Gülsevinc! Sən hər an mənim beynimdəsən!
M ü ə l l i f (pıçıldayır). Beynimdəsən yox, düşüncəmdəsən...
A r t i s t. Mən harda oluramsa, sənin xəyalınla yaşayıram!
Q a d ı n a r t i s t. Yox, Elmurad, yox... (Yavaşdan) Buzxanadı e, bura, buzxana... Bunnan da
yenə spirt iyi gəlir...
Həzin musiqi.
M ü ə l l i f (pıçıltıyla). «Mən özümlə bacarmıram».
Q a d ı n a r t i s t. Mən özümlə bacarmıram!..
K i ş i. Qazı söndürmüşdün?
A r v a d. Dedim ki, hə də...
B i r i n c i q ı z (həvəslə və tələsik). Qabaq evli olub, ancaq bu qızdan gizlədib. Qabaq görüşüb
bir-birlərini sevəndə, bunun, Gülsevincdi də adı, xəbəri olmayıb ki, Elmuradın sevmədiyi arvadı var.
Indi xəbər tutub bu işdən...
B i r i n c i q ı z. Yox...e, bunu demirəm, artisti deyirəm...
I k i n c i q ı z. A-a-a... Sən də həmişə dinc durmursan a... (Gülür.) Bilmirəm... Atamnan
soruşaram. Doğrudan, əntiqə oğlandı.
B i r i n c i q ı z. Of-f-f!.. (Gülür.)
Ü ç ü n c ü q ı z (pərt halda barmağı ilə sol yarusdakı lojanı göstərir). Ona bax, ata keçdi dala,
yerində başqa kişi oturdu...
I k i n c i q ı z. Əlinlə göstərmə!
Ü ç ü n c ü q ı z. Kimdi o elə?
I k i n c i q ı z. Zamministirdi...
Ü ç ü n c ü q ı z. Cəhənnəmə olsun! Kimin əsəridi? Onun, yoxsa bizim? Bax, ata heç
görünmür...
A r t i s t. Babadağın ətəyindəki o güllü-çiçəkli çəmənlikdə...
M ü ə l l i f (pıçıltıyla). Çəmənlikdə yox, düzənlikdə...
vA r t i s t. ...lalələrə baxıb sevindiyimiz yadına gəlirmi, Gülsevinc? Yoxsa sən o lalələri, o gülçiçək
ətrini, bizim o coşğun...
M ü ə l l i f (pıçıltıyla). Coşğun yox, həzin...
A r t i s t. ...xəyallar aləmimizi unutmusan, Gülsevinc?
G ə l i n (məftun). Gör nə gözəl adları var... Elmurad... Gülsevinc... (Dərindən nəfəs alır.) Eh...
C a v a n. Ay-hay!..
Q a d ı n a r t i s t. Yox, Elmurad, onları unutmaqmı olar? Indi o qırmızı lalələr al qana çevrilib
mənim köksümdən fəvvarə vurur!..
N a z i r m ü a v i n i. Sən də fəvvarə vurmusan a, Ibiş!
M ü ə l l i f (utana-utana). Çox sağ olun!.. Çox razıyam!
N a z i r m ü a v i n i. Nə qədər sənə demişəm ki, mənnən «sizlə» danışma! Beş il bir yerdə
oxumuşuq universitetdə!.. Gördün, dəvət elədin məni, durub gəldim bura. Birinci dəfədi bura
gəlirəm. (Gülür.)
M ü ə l l i f (gülür). Bilirəm...
N a z i r m ü a v i n i. Yadına gəlir, gedib biri dörd köpüyə peraşki alıb yeyirdik küçədə?!
M ü ə l l i f. Necə yadıma gəlmir?
N a z i r m ü a v i n i. (mütəəssir). Eh...
Ü ç ü n c ü q ı z (hıçqıra-hıçqıra ağlayır). Ata əntiqə yazıb! Adam özünü saxlaya bilmir...
Barışacaqlar bunnar?
I k i n c i q ı z. Özün oxuyaydın, biləydin!
Ü ç ü n c ü q ı z. Hardan oxuyaydım?
I k i n c i q ı z. Sənin bütün işlərin belədi e!.. On ildi o pyes evdə atanın stolunun üstündədi...
Ü ç ü n c ü q ı z. Mən nə bilim ki, belə əntiqə şeydi?
B i r i n c i q ı z. O-o-o!.. Ona bax, ode, görürsən? Vəfanın qardaşı da burdadı...
I k i n c i q ı z (arxaya çevrilib, diqqətlə yeddinci sıraya baxır). O deyil...
B i r i n c i q ı z. Hə... Oxşadı ona...
Q a d ı n a r t i s t. Mən o Babadağın ətəyində yüz illərin əlvan naxışlı gəbəsi kimi günəş
altında bərq vuran lalələrə xəyanət edə bilmərəm, Elmurad!..
R e j i s s o r. Malades!
Pauza.
Noldu? Alə, cavabını ver də! Gecikir axı!
D i r e k t o r (acıqlı). Yavaş...
R e j i s s o r. Görmürsüz? Tempdən salır!..
Pauza.
Hə?!
D i r e k t o r (sərt). Camaat eşidir!
R e j i s s o r. Bağışlayın... (Kənara) Özü sənətkar deyil axı, upravdomdu! Hardan bilsin ki,
mən nə çəkirəm. Evdə bişməyib, qonşudan gəlməyib...
D i r e k t o r. Nə deyirsən?
R e j i s s o r. Yox, sizinlə deyiləm...
A r t i s t. Ah, Gülsevinc, sən bu sözlərlə mənim ruhumu da parçalayıb o lalələrin rəngi kimi al
qana boyayırsan...
Həzin musiqi.
Ü ç ü n c ü q ı z (ağlaya-ağlaya). Ata... Ata... Gör bizi necə ağladırsan...
K i ş i. Acmışam...
A r v a d. Sənin qarnıva mən nə deyim?!
Ü ç ü n c ü q ı z (içini çəkə-çəkə). Özü də gör harda oturdu... Heç kim onu görmür...
Başqalarına hər şey olar, biz ancaq öz teatrımızda da gərək görünməyək!.. Yerimizi gərək başqaları
tutsun!..
I k i n c i q ı z. Atadı də... Premyeraya gərək arvadınnan gedəsən, bir yerdə oturasan lojada...
Ü ç ü n c ü q ı z. Ata neynəsin? Mama yenə dava saldı, gəlmədi də...
I k i n c i q ı z (Birinci qız eşitməsin deyə, tələsik). Yaxşı, bəsdi!
Ü ç ü n c ü q ı z. Nə bəsdi? Düz deyirəm də, atanın nə günahı?
Həzin musiqi davam edir.
Q a d ı n a r t i s t. Artıq mən öz qəlbimlə bacara bilmirəm, Elmurad. Mənim qəlbim artıq öz
əlimdə deyil. Mənim qəlbim də başı göylərə dəyən o Babadağın ətəklərində, o al lalələrin
arasındadı...
Ü ç ü n c ü q ı z (içini çəkə-çəkə ağlayır). Gör necə sözlər deyir!.. Mama gərək gələydi... Gəlib
görəydi ki, necə sözlər deyirlər burda!.. Mama...
I k i n c i q ı z (tələsik onun sözünü kəsir). Bəsdi də!
A r t i s t. Yox, yox, Gülsevinc!.. Sənin qəlbin orada o kimsəsiz lalələr arasında qala bilməz!
N a z i r m ü a v i n i. Dərərlər? (Gülür.) Hə, Ibiş?
M ü ə l l i f (gülür). Hə...
N a z i r m ü a v i n i. Yaman şeysən ha!.. Hə?
M ü ə l l i f. Hə...
N a z i r m ü a v i n i. Eh... hanı indi o peraşkilər?
M ü ə l l i f. Getdi day...
N a z i r m ü a v i n i. Yəni, deyirsən, biz də getdik day?
M ü ə l l i f. Sizə nə olub? Maşallah!..
N a z i r m ü a v i n i. Yox... (Gülür.) Arvad deyir ki, laxlamısan!..
Q a d ı n a r t i s t. Mən artıq kimsəsizliyə öyrənmişəm, Elmurad! (Yavaşdan öz-özünə) Elə
direktoru olanın, belə də teatrı olar də, buzxanadı...
A r t i s t. Bəs, mənim ruhum bu məşəqqətlərə dözməyib, cənazəmdən...
M ü ə l l i f (pıçıltıyla). Cənazəmdən yox, cismimdən...
A r t i s t. ...ayrılsa sən özünü günahkar bilməzsənmi, Gülsevinc?!
Q a d ı n a r t i s t. Artıq yetər!
A r t i s t. Yox! Mən hamıdan, hətta özümdən belə gizlətdiyim həqiqətləri bütün çılpaqlığı ilə
sənin ayaqlarının altına atacağam!
C a v a n (özünü saxlaya bilmir). Bu nə gic-gic danışır, alə?
Gəlin (ətrafa boylanır). Yavaş ol... Sən heç nə başa düşmürsən!..
C a v a n. Ay-hay...
R e j i s s o r. Bezdarnı! Min dəfə demişəm ki, bir dizi üstə yerə çök, ikisiynən yox! Pozdu
mizanı!..
A r t i s t. O zaman sən dəhşətə gələcəksən, Gülsevinc!
B i r i n c i q ı z. Mən gülü buna verəcəyəm.
Ü ç ü n c ü q ı z. Buna niyə? Atama!
B i r i n c i q ı z. Yaxşı oynayır.
Ü ç ü n c ü q ı z. Atam yazmasaydı, bu nə oynayacaqdı?
D i r e k t o r. O Məmmədov deyil, gəldi oturdu Ibişin yerində?
R e j i s s o r. Tanımıram...
Pauza.
Öldürür e, öldürür tempi!..
A r t i s t. Axı, mən hər gün hamı ilə birgə olan, fəqət heç kimin olduğum kimi görmədiyi bir
adamam ki, sap-sarı uzanıb gedən səhra ənginlikləri içərisində tək-tənhayam!
M ü ə l l i f (pıçıltıyla). Düz dedi...
D i r e k t o r. Məmmədovdu...
R e j i s s o r. Mən tanımıram.
D i r e k t o r. Gedim görüşüm, yaxşı deyil. Sonra deyəcək ki, saymadılar...
K i ş i. Ayaqqabı day sıxmır ayağını?
A r v a d. Yadıma salma də!..
Q a d ı n a r t i s t. Mən vaxtıyla səni o səhrada görüb seçmişdim, Elmurad!.. Lakin taleyə bax
ki, seçdiyim mənim qəlbimə o al lalələrin kimsəsizliyini qismət etdi!..
C a v a n. Alə, bu nə lalə-lalə deyir? Lalə var indi?
G ə l i n. Bəsdi! Özünü apara bilmirsən!
C a v a n. Düz demirəm? Qızılgülün biri indi iyirmi beş manatadı bazarda!
G ə l i n. Dedim ki, bəsdi də!.. Qulaq as, gör necə sözlər deyirlər! Müəllif, ode, oturub o lojada.
Görürsən? Arxada, qıraqda...
C a v a n. O burnu görünən?
G ə l i n. Gör necə təvazökar adamdı!.. Özünü gözə soxmur...
C a v a n. Sən onu hardan tanıyırsan?
G ə l i n. Mən onuncu sinifdə oxuyanda bizim məktəbə görüşə gəlmişdi. Eh, gör necə adamlar
var dünyada!.. Oturub əsər yazır. Bax, bəxtəvər bu cür adamların arvadı...
C a v a n. Mənə atırsan?
G ə l i n. Sənə niyə atıram?
C a v a n. Nədi onun adı?
G ə l i n. Eşitmədin, Elmurad də! Yəni ki, bütün ellərin muradı!..
C a v a n. Yox e, o burnu görünənin adı? Bunu yazanın?
G ə l i n. Şey.. I-ı-ı... Şey... Qoy proqrama baxım... Hanı proqram? (Axtarır.)
A r t i s t. Sevincgül!
M ü ə l l i f (pıçıltıyla). Gülsevinc...
A r t i s t. Dünyanı bürümüş mənəvi istibdad içində bir kimsəsiz insanı bağışlamaq bu qədərmi
iztirablıdır? (Bu dəfə bir ayağı ilə diz çökür.)
R e j i s s o r. Bax, belə!
Ü ç ü n c ü q ı z. Bu kimdi gəldi girdi lojaya?
I k i n c i q ı z. Deyəsən, buranın direktorudu.
Ü ç ü n c ü q ı z. Ata rayondan gələn qoyunları bunun evinə daşıyırdı?
I k i n c i q ı z. Bəsdi.
Ü ç ü n c ü q ı z. Nə bəsdi? Özümüz yeməyə ət tapmırıq, ata da rayondan qoyun alıb bunun
evinə daşıyırdı. Ona bax, atanın qabağını lap kəsdi, heç görünmür. Svoloç!
I k i n c i q ı z. Söyüş söymə!
Ü ç ü n c ü q ı z. Yaxşı eləyirəm!
I k i n c i q ı z. Ifritə!
Ü ç ü n c ü q ı z. Özünsən!
B i r i n c i q ı z. A-a-a...
Ü ç ü n c ü q ı z. Be-e-e...
R e j i s s o r. Bax, gör necə qaçdı Məmmədovdu-nədi, onun qabağına? (Yamsılayır.) «Gedim
görüşüm, yaxşı deyil...» Nə yaxşı deyil? Səni kimdi adam hesab eləyən? Səni adam hesab
eləsəydilər (əlini səhnəyə tərəf uzadır), belə pyaniskələrin əlində qalmazdıq! Gedib indi fürsət
tapacaq, nəsə bir şey xahiş eləyəcək!..
N a z i r m ü a v i n i. (gülür). Ibişdən muğayat ol a!..
D i r e k t o r (gülür). Bəs, necə? Görmürsüz tamaşaya qoydurdum əsərini?
M ü ə l l i f (arxadan). Mən onnan çox razıyam!
D i r e k t o r. Neçə il idi yatırdı bu əsərin, heç kim də yaxına buraxmırdı? Neçə il idi?
M ü ə l l i f. Düz on il...
D i r e k t o r. Bəs, de də, niyə demirsən?
M ü ə l l i f (tələsik). Dedim də, dedim. Mən sizdən çox razıyam!
N a z i r m ü a v i n i. Ay səni, Ibiş!.. (Başını yelləyib gülür.) Amma əla əsər yazmısan! Sən
arvaddan qorxmursan?
M ü ə l l i f. Arvaddan qorxmayan, kişi deyil!
N a z i r m ü a v i n i. Ba!.. (Bərkdən gülür.) Əla!
D i r e k t o r (gülür). Belə şeyləri yaz də! Yoxsa ki, lalə belə getdi, mən nə bilim nə?!
Q a d ı n a r t i s t. Yox, Elmurad, artıq hər şey əbədi bir keçmişdə qalmışdır!.. (Yavaşdan)
Buzxanadı... (Sol yarusdakı lojada dayanmış direktora ani nəzər salır.) Ona bax!.. Qarnını verib
qabağa, heç nə vecinə deyil... Sənətdən başqa hər şeydən başı çıxır!..
G ə l i n. Sən görmədin proqramı?
C a v a n. Yox.
G ə l i n (axtarır). Bəs hardadı?
A r t i s t. Mən keçmişin xatirələri ilə yaşaya bilmirəm, Gülsevinc! O xatirələr bəzən quduz
canavar kimi mənim boğazımdan yapışıb bütün varlığımı məhv edir! O xatirələr mənim səhvlərimi
bir rüzgar şiddətilə qəlbimə çırpır, məni... məni əbədi bir peşmançılığın mənhus bataqlığından
çıxmağa qoymur.
M ü ə l l i f (pıçıltıyla). Məndə heç bu yoxdu...
Ü ç ü n c ü q ı z (ağlayır). Qurban olum sənə, ata!.. Bunnan sonra köynəklərini özüm
yuyacağam, çay da dəmləyəcəyəm səninçün!..
B i r i n c i q ı z (saatına baxa-baxa). Bəlkə gülləri sən verəsən?
I k i n c i q ı z. Yaxşı deyil axı? Deyəcəklər ki, qızı atasına gül verir.
B i r i n c i q ı z. Kimdi e, burda sizi tanıyan?
Ü ç ü n c ü q ı z (acıqca). Niyə tanımırlar?
R e j i s s o r. Tempi pis olmadı...
K i ş i. Yadımdan çıxdı sənə deyim...
A r v a d. Nəyi?
K i ş i. Süleyman oğlunun toyuna çağırıb bizi...
A r v a d (dilxor). Paho... Nə vaxtdı?
K i ş i. Ayın beşində.
A r v a d. Bir bəhanə tapıb deyəydin də...
K i ş i. Nə deyəydim? (Çiyinlərini çəkir.)
A r v a d. Nə bilim? Bir söz tapaydın də... Bu toylar bizi yıxdı... Nə aparacayıq ora, vallah day
heç nəyim qalmayıb...
N a z i r m ü a v i n i. Ibiş, Məhərrəm yadına gəlir, bizlə oxuyurdu?
M ü ə l l i f (arxadan). Necə gəlmir? Əlbəttə, gəlir!
N a z i r m ü a v i n i. Noldu o? On kruşka pivə içirdi bir dəfəyə. Nə vaxtdı gözümə dəymir...
M ü ə l l i f (arxadan). Rəhmətə getdi də...
N a z i r m ü a v i n i. Ba-a-a?.. Nə vaxt?
M ü ə l l i f. On il olar?
N a z i r m ü a v i n i. On il! Sənin pyesindən əvvəl? (Gülür.) Ay səni, Ibiş!.. Sən çox
yaşayacaqsan! Bilirsən niyə?
M ü ə l l i f. Yox...
N a z i r m ü a v i n i. Çünki sənin kimi adamlar çox yaşayır!
G ə l i n (axtara-axtara). Tapa bilmirəm proqramı...
C a v a n. Eybi yox, lazım deyil... Neynirəm e, adını bilib?
B i r i n c i q ı z (qol saatına baxa-baxa). Nə vaxt qurtaracaq?
I k i n c i q ı z. Bunnan sonra hələ bir pərdə də var...
B i r i n c i q ı z. Vay... Mənə zəng eləyəcəklər e... Mən elə bildim tez qurtaracaq...
Ü ç ü n c ü q ı z (donquldanır). Kimin işi var, gedə bilər!..
I k i n c i q ı z. Bəsdi!
Ü ç ü n c ü q ı z. Sənin padruqan belə olar də!..
R e j i s s o r. Idiot! Yadında saxlamır mizanı!.. Gör hardan keçir?
A r t i s t. Yox, mənim həyatım artıq bu dünyada heç bir məna kəsb eləmir!..
Musiqi.
Ü ç ü n c ü q ı z (həyəcanla). Öldürəcək özünü?
I k i n c i q ı z. Oxuyaydın, görəydin!
Q a d ı n a r t i s t. Biz öz taleyimizlə barışmalıyıq, Elmurad...
Pauza.
A r t i s t. Yox!..
Pauza.
Yox!.. Mən bacarmıram!..
G ə l i n (axtara-axtara). Hara qoymuşam bunu?
C a v a n (hirslə). Əşşi, istəmirəm də, adını bilim! Cəhənnəm olsun o tərəfə!
K i ş i. Indi hamı aparıb pul verir...
A r v a d. Sənin pulun elə çoxdu?
N a z i r m ü a v i n i. Ibiş, özünnən toqquşdurursan bunnarı, ya doğrudan da olan işlərdi?
M ü ə l l i f. Nə bilim, vallah...
N a z i r m ü a v i n i (gülür). A kişi, bəs, sən nə bilirsən?
D i r e k t o r. Fasilədə buyurun çay içək.
N a z i r m ü a v i n i (müəllifə). Çayın yanında bir şey-mey olacaq?
M ü ə l l i f. Vallah, nə bilim? Heç bilmədim...
A r t i s t. Məni bu müdhiş, bu riyakar dünyada yaşadan yalnız sənin məhəbbətindir! Bu dünya
başdan-başa xəyanətlər içində can verən iyrənc bir varlıqdır!
Q a d ı n a r t i s t. Bütün dünya xəyanət etsəydi də, sən gərək xəyanət etməyəydin, Elmurad!
Ü ç ü n c ü q ı z. Düz deyir!
Q a d ı n a r t i s t. Sən özün ellər muradı olduğun halda, mənim muradımı ürəyimdə qoydun!..
Ü ç ü n c ü q ı z. Düz deyir! Qoy bağışlamasın! Xəyanəti bağışlamaq olmaz!
M ü ə l l i f (pıçıltıyla). Dalını demədi...
Ü ç ü n c ü q ı z. Bağışlayacaq?
I k i n c i q ı z. Oxuyaydın, biləydin!
B i r i n c i q ı z (qol saatına baxa-baxa). Hələ çox qalıb?
I k i n c i q ı z. Dedim hələ bir pərdə də qalıb...
B i r i n c i q ı z. Zəng eləyəcəklər e, mənə... Bilirsən kim? (Ikinci qızın qulağına nəsə
pıçıldayır.)
Ü ç ü n c ü q ı z. Adını zamministr qoyub, gəlib atanın yerində oturub. Eşşəyin biri, eşşək! Sən
yazmısan bu cür əsəri?
G ə l i n. Yox, tapa bilmirəm...
C a v a n (hirsli). Indi durub çıxıb gedəcəyəm! Qurtar də!
G ə l i n. Sənnən nə desən çıxar! Bax, adamın ürəyi gərək bunnar kimi olsun e, incə olsun!
Qulaq as, öyrən!
C a v a n. Ay-hay!.. (Əlini yelləyir.)
Həzin musiqi.
Q a d ı n a r t i s t. Əlvida, Elmurad, biz bir daha görüşməyəcəyik! (Yavaşdan) Bunnan lap
boçka iyi gəlir, adamın ürəyi bulanır...
A r t i s t. Yox, Gülsevinc!
R e j i s s o r. Yaxşı dedi!..
A r t i s t. Yox!..
Ü ç ü n c ü q ı z (ağlaya-ağlaya). Sənə belə lazımdı! Vaxtında gərək fikirləşəydin. Öz
məhəbbətinə xəyanət etməyəydin!.. Indi qal yana-yana!..
B i r i n c i q ı z (qol saatına baxa-baxa ikinci qıza). Nolar, sən ver gülü...
I k i n c i q ı z. Yaxşı deyil axı...
Ü ç ü n c ü q ı z (acıqla). Ver bura! Mən verəcəyəm atama! Öz atama verəcəyəm!..
B i r i n c i q ı z (rahat nəfəs alır). Al.
A r v a d. Görəsən, qarderobdan şubamı oğramazlar?
K i ş i. O boyda ölçüdə şubanı kim götürəcək? (Gülür.)
A r v a d. Yaman özündən çıxmısan ha!..
Həyəcanlı musiqi.
Q a d ı n a r t i s t. Əlvida, Elmurad! (Yavaşdan) Dondum... (Səhnədən çıxır.)
A r t i s t. Yox! Gülsevinc! (Onun ardınca qaçır.)
Pərdə enir. Üçüncü qız can-dildən əl çalmağa başlayır.
B i r i n c i q ı z. Mən qaçdım!
G ə l i n. Dur yerə baxaq, tapaq.
C a v a n (tamam özündən çıxmış). Durmuram!
G ə l i n (hirslə). Eşitdiyin bu cür sözlər də sənə təsir etmədi!
30 dekabr 1991.
|