SU
(Absurd)
Unudulmaz Araz Dadaşzadənin xatirəsinə
Su harda – dirilik orda.
(Atalar sözü)
Qadın bir küncdə oturub corab toxuyur və köhnə dəbli mebel elə bil ki, Nuh əyyamından qalıb və gözə
görünməyən hörümçək torları o mebeli bürüyüb – düzülmüş həmin otağın Qadınla üzbəüz o biri küncündə
paslanmış trubası divarın ortasından çıxmış köhnə kran var.
Qadın (corab toxuya-toxuya). Vermirlər, verməsinlər! Cəhənnəmə versinlər! Üç gündü əlimi
yumuram, üzümü yumuram. Yeziddilər də, yezid!
Pauza.
Qadın (corab toxuya-toxuya). Amma hünərin var supulu vermə! Vicdansızlar! Vermirlər,
verməyin! Sizin suyunuz heç mənə lazım deyil! Mən heç rəhmətlik atamdan, o boyda kişidən
minnət götürməmişəm, sizdən götürəcəm? (Bir anlıq toxumağına ara verib, əlini havada yelləyir.)
Ay-hay!.. Yezidsiz siz, yezid! (Yenə corab toxumağında davam edir və bu vaxt krandan səs gəlir.)
A-a-a... Deyəsən, vermək istəyirlər... Onsuz da, açıqdı kran. Özləri bilər. Verirlər versinlər,
vermirlər verməsinlər! Mən day qurtardım! Adam nə qədər su dərdi çəkər? Üç gündü əl-üzümü
yumuram! Əhməd Əli gəlmişdi, gördü də! Mənə nə var? Su gəlmişdi, mən də oturmuşdum, elə bil
ki, iki qaloş bir-biri ilə danışırdı. Biri deyirdi sən keç, o biri deyirdi, yox, sən keç. Mənə nə var ki?!
Özləri bilər! Hansı keçir, keçsin də, öz işləridi! (Krandan damcı-damcı su axmağa başlayır.) O-oo!..
Xoş gəlirsiz! Gözlərimiz aydın olsun! Bəxtəvər elədiz bizi! Ay-hay! Cəhənnəmə gəlirsiz! Gora
gəlirsiz! Elə bilirsiz duracağam? Yox! Onu görməyəcəksiz! Qurtardı! Mənimki məndə, sizinki
sizdə! (Eynəyinin qalın şüşəsi arxasından əlində toxuduğu coraba diqqətlə baxa-baxa) Bunnan
sonra birin də toxuyacağam. Sonra birini də. Sonra da hərəsini üç qış geyəcəm. Bu elədi doqquz qış.
Sonra da Allah kərimdi! Mənimki odu ki, həmişə doqquz qışın hazırlığın görüm. Onnan o tərəfi
düzələr! Nə var ki?! Çətini ölənəcəndi! Ölənnən sonra hər şey düzələcək! (Krandan axan su yavaşyavaş
çoxalır.) Qoy axsın! Nə qədər axır, axsın, durub bağlamayacağam! (Gülür.) Niyə bağlayıram
e?! Su aydınlıq deyil? Qoy axsın də! Nə qədər axır, axsın! Indiyə qədər vermirdilər. Üç gündü nə
əlimi yuya bilirdim, nə üzümü, hələ başqa şeyləri demirəm! Gəldi də, Əhməd Əli gəldi gördü göy
gözləriylə! Bağlamayacam kranı! Qoy axsın. Yezidlər! Suyu əsirgəyirlər adamdan! (Gülür.)
Amma... Amma həmişə on iki imama ağlayanda, gərək bir dəfə də yezidə ağlayasan də!..
(Qabağındakı kiçik qəzet mizinin üstündəki telefon zəng çalır. Hirslə dəstəyi götürür.) Bilirsən nə
var? Su aydınlıqdı, onda cala öz bağına! Bildin?! Maşallah, o boyda bağın var, səhər motoskletdə bu
başından çıxsan, axşam o başına güclə gedib çıxarsan! Mənə nə? (Dəstəyi aparatın üstünə atır.)
Xox! Qorxdum səndən! Su yaranıb axmağa, göz yaranıb baxmağa! Qoy axsın! Heç yerimdən
tərpənən də deyiləm! Bir dəfə, əlli il bundan qabaq, bağımızda balaca hamamımız vardı, orda
çimirdim. Bir də gördüm ki, qonşudakı oğlan dırmaşıb öz hasarlarına, hasarları bizim hamamın
böyründən keçirdi, hə, dırmaşıb hasara, boynunu uzadıb udquna-udquna hamamın yuxarısındakı
balaca pəncərədən mənə baxır. Onda da elə hirsim tutdu ki! Cin vurdu beynimə! Amma özümü o
yerə qoydum ki, guya, onu heç görmürəm. Həmişəkindən də iki dəfə artıq çimdim! O alçağın
acığına! O əzabı ki, o alçaq çəkdi, qışqırıq salıb onu qovsaydım, heç həmin əzabın yüzdə birini də
çəkməyəcəkdi! Ondan sonra görürdüm ki, gizlincə pusur məni, bütün işini-gücünü buraxıb avara
olub. Haçan ki, çimmək üçün hamama girirəm, dırmaşır hasarlarına. Hava da ki, isti, elə olurdu bir
gündə iki dəfə çimirdim, kefim istəyəndə, lap üç dəfə çimirdim. Axmaq oğlu, axmaq, lap ölürdü
ayaq üstündə! Soxulcan kimi, çöpə dönmüşdü! (Kranın suyu şırhaşır axmağa başlayır.) Yox e, yox!
Nə qədər axırsan ax! Yerimdən tərpəndi yoxdu! Əlli il bundan qabaq nənəm oxuyardı ki... Qoy
görüm necədi? Qoy görüm... (Bir anlıq əlini saxlayıb fikirləşir.) Su gəlir... Su gəlir... Necəydi?.. Hə!
Su gələr, axar, gedər,
Bəndləri yıxar, gedər.
Dünya bir akuşkadı,
Hər gələn baxar gedər...
Qoy baxsınlar! Odu, Əhməd Əli gəldi baxdı, getdi, nolsun? Gözləri bərələ qalmışdı, az qala
pırtdıyıb hədəqəsindən çıxacaqdı, nolsun? Mən də baxıram! Nəyim kimdən əskikdi? Heç kimdən
heç nəyim əskik deyil! Bu corabı da özüm geyəcəm! (Şırhaşır krandan axan su əlüzyuyanı tamam
doldurur və yavaş-yavaş döşəməyə tökülməyə başlayır.) Qoy tökülsün! Heç vecimə də deyil! Nə
olacaq? Dünyadan su əskik olacaq! Qurtaracaq dünyanın suyu? Nə qədər tutar bura? (Otağın dörd
tərəfinə də divar boyu aşağıdan yuxarıyacan nəzər salır.) Çox tutsun, min vedrə tutsun! Lap iki min
vedrə! Lap üç min! Nə olsun? Qurtaracaq bəyəm dünyanın suyu? Suçəkən də mən olacam, bərə
gəzdirən də? Xeyr! Qoy axsın!
Pauza
(Telefon yenə zəng çalır. Diksinərək hirslə dəstəyi qaldırır). Hamısı özünsən! (Qışqırır.)
Özünsən! Qurtardı! (Dəstəyi aparatın üstünə atır.) Bəyəm tək elə özüm susamışam? (Döşəməyə
baxır. Krandan axan su yavaş-yavaş döşəməni doldurur. Ayaqları artıq suyun içindədi.) Ayaqlarım
da susayıb, qoy indi qalsın bir az suyun içində, heç nə olmaz! Xəncərinin daşı düşməz! Bir də, axı
nədi e? Nədi? Ayaqlarımın dərdini elə həmişə mən özüm çəkəcəm? It əyyamından qalıblar, özləri
bilər! Vallah, mən day bu ayaqların əlindən zinhara gəlmişəm! Gah ağrıyır! Gah keyiyir! Gah
yerimir! Mən day qurtardım, qurtardım! (Daha artıq bir cidd-cəhdlə corab toxumağa başlayır.) Bir
az soyuqdu, amma eybi yox... Qış deyil ki... Bunnarı düz üç qış geyəcəm. Heç bu ayaqlara da
verməyəcəm, bax belə özüm geyəcəm! Bəsdi özümü ayaqlarıma, əllərimə, gözlərimə nə bilim
nəyimə qurban verdim! Sonra da ikisini toxuyacam, onnarın da hərəsi üç il, elədi doqquz il.
Vəssalam! Əlli il bundan əvvəl bir dəfə çaydan keçirdik. Bax, elə bu ayaqlarımın ucbatından
büdrəyib üzüstə suya yıxıldım. Əlimdə də bir nar varıydı, elə böyüküydü, az qala, qarpız boyda, özü
də qıpqırmızı su götürüb apardı... O narı bir də heç vaxt görmədim... Eh, başım o qədər çəkib ki,
mənim... Birdi, ikidi, beşdi, ondu bəyəm? Deməynən qurtarandı bəyəm? Hansını deyəsən? O nar da
eləcə... Hərdən hiss eləyirdim ki, hardasa yanımdadı, lap yaxındadı, eləcə böyükdü, eləcə
qıpqırmızıdı, amma ha baxırdım, görə bilmirdim. Bir dəfə, əlli il bundan qabaq olardı, birini
gördüm, elə bildim odu, o qədər sevindim ki, az qaldı şadlığımdan ürəyim partdasın!.. Amma sonra
gördüm ki, yox o deyil!.. Eləcə iridi, eləcə qıpqırmızı, adamın ovcuna yox, qucağına sığışan bir
nardı, amma... (Dərindən köks ötürür.) o deyil! Dünyanın ən pis şeyi, bax, beləcə rəncidəhal
olmaqdı! Sevinirsən, ürəyin az qalır sinəndən çıxıb göyə uçsun, elə bilirsən ki, əlli il bunnan qabaq
həmin itirdiyindi, amma sonra baxıb görürsən ki, o deyil... (Döşəmədə su yavaş-yavaş qalxır və artıq
Qadının topuqlarına çatıb.) Amma, sizə düzünü deyim gərək, dünyada ən pis şey, ən pis, ən pis, ən
pis odur ki, evində oturduğun yerdə sənə su verməyələr, əlini-üzünü yumağa da su olmasın.
Dinməzcə oturmusan evində, heç kimdə işin yoxdu, heç kimə bir pislik eləməmisən, heç kimə
deməmisən ki, gözünün üstündə qaşın var, amma sənə su vermirlər! Özü də supulunu verə-verə!
Hamısı onnandı ki, camaat canavar kimi burun-buruna dayanıb. Burun-buruna dayanmayanların da
arasında heç kim heç kimin vecinə deyil. Hamı, bax, mənim bu ayaqlarım kimi, bir-birini incidir! Nə
qədər ayaqqabı almışam bunnara?! Nə qədər uzunboğaz almışam?! Nə qədər şap-şap, nə qədər
səndəl, nə qədər corab?! Nə qədər, hə, nə qədər?! Əhməd Əli görüb də, gözləriylə görüb! Yenə
gəlmişdi, gözləri bərələ getdi! O ayaqqabıların, şap-şapların pulunu saxlasaydım, indi
milyonçuydum! (Bir anlıq əlini saxlayıb, xəyala dalır.) Milyonum olsaydı, gedib bir gəmi alardım...
Əlli ildi gözümü yumub o gəmini görürəm... Öz gəmimdi... Özü də qırmızı rəngdə, qıpqırmızı, o nar
kimi... Gəmini alardım, çıxardım dənizə... Ordan gedərdim okeana... Hara baxırsan dalğalardı... On
mərtəbə evlər boyda dalğalar... Ortada da o qırmızı, qıpqırmızı gəmi üzür... Çay deyil ki, keçəndə
ayağım burxulsun... Gəmidə üzəcəydim... Lap uzaq başı gəmi batacaqdı, batıb öləcəydim, vəssalam!
Nə olsun? Balıqlara yem olardım... Görəsən, balıq bilərdi ki, kimi yeyir? Yəni bu mənada ki, balıq
bilərdi ki, kimi yeyir? Nə fərqi var? Deyirlər ki, balıq balasını da ovlayır. Aman-aman!.. Insandan
murdar bir məxluq var dünyada? Balıq balasını yeyir, insan da o balığı yeyir! Tfu! Lənət olsun sənə,
ey cəmi məxluqatın əşrəfi olan insan, min lənət! Sənə görə də durmayacağam yerimdən! Su-zad boş
şeydir! Sənə görə durmayacağam!
Pauza.
(Corab toxumaqda davam edir). Amma bir şey var ki, balıq həmişə təzədir. Haçan tutursan, tut!
Yayda da, qışda da, payızda da, yazda da, gecə-gündüz, nə vaxt tutsan da, təptəzədir! Amma çox
axmaq heyvandı! Dünyadakı heyvanların ən axmağıdı! Min-min illərdi insan onu qarmaqla tutur,
balıq hələ də başa düşmür, yenə də qarmağa gəlir. Özü gəlir e, öz tamahının ucbatından! Ceyran
həndəvərdə canavar hiss eləyəndə, o saat götürülür! Bilir ki, bu o canavardı ki, min il bundan əvvəl
onun ulusunu yeyib, həmişə də pusqudadı, onu da yemək istəyir, axıracan da belə olacaq! Canavar
pusqudadı, ceyran səksəkədə! Elə canavar özü! Canavar bilir ki, əli tüfəngli insan onun qənimidi.
Siçan pişikdən qaçan kimi, canavar da o tüfəngdən qaçır! Amma balıq?! Min illərdi özü öz xoşuyla
gəlib keçir qarmağa! Ay aman!.. Belə də küt heyvan olar? (Krandan gur axan və köpüklənəköpüklənə
döşəməyə tökülən suya baxır.) Yox e!.. Yox! Yox! Yox! Durmayacağam! Durub
bağlamayacağam! Nə qədər axırsan, ax! Cəhənnəmə ax, gora ax! Xox! Qorxdum səndən! Mən onda
ölmüşdüm, ölmüşdüm gəlib sənə yuxumu danışanda, başa düşdün?! Səfeh idim də, mən nə bilim?!
Deyirdilər ki, adam pis yuxu görəndə səhər durub gərək suya danışsın. Su aydınlıqdı guya! Ay oldu,
ha?! Yaman aydınlıqdı! Olmaz o aydınlıqdan!
Düz əlli il bundan qabağıydı, səhər tezdən yerimdən durdum, gördüyüm o yuxunun
qorxusundan üşünə-üşünə gəlib danışdım onu suya. Sonra nə oldu? Məni də öldürdü, o biri yazıqları
da! (Telefon zəng çalır. Hirslə dəstəyi qaldırır.) Mən deyiləm! Bildin?! Başa düşdün?! Mən yoxam!
Mən ölmüşəm! Əlli ildi bunu başa düşmürsən! Qan də! Qan! Nə vaxt qanacaqsan?! (Dəstəyi hirslə
aparatın üstünə atır.) Hə, sizə nəyi danışırdım? Yuxu, su əhvalatını! Denən, ay səfeh, hər deyilənə
inanarlar? Müsəlmanın sonrakı ağlı də! Eybi yox! Adam başına gələ-gələ öyrənər! Dama-dama göl
olar! (Döşəməyə tökülən su artıq dizlərinə çatıb.) Qalxmayacağam! Bağlamayacam suyu! Bu dizlər
kimindi, bu qıçlar kimindi, mənim deyil? Özüm bilərəm neyləyərəm?! Soyuq-zad deyil! Su pulunu
vermişəm! Kimə nə borcdu? Gül kimi sudu də, nə olub bəyəm? Qoy qalsınlar suyun içində. Toxum
deyil ki, cücərsin! Ayağımdı, qıçımdı, özüm bilərəm, istəyərəm bir il saxlayaram suyun içində!
Mənə deyir ki, sözə bax e (yamsılayır), sənsiz mənim bir günüm olmasın! Yalan deyir e, elə bilir ki,
mən də inanıram. Ay inandım, ha!.. Guya ki, tanımıram səni? Kim idi o qaloşları geyib yayın
cırhacırında dəniz qırağına qaçan?! Bir adam ki, yalın ayağına qaloş geyə, ona inanmaq olar? Kim
inanır, inansın, amma mən inana bilmərəm. Mən dünyagörmüşəm! Mən bu dünyanın hər üzünü
görmüşəm! Yaxşısı pisindən çox olub, pisi də yaxşısından çox olub! Şair demişkən, qoca cadugərdi
bu dünya, həmişə də cavanlıq donunda! Baxırsan, dünyadı də, gözəl, göyçək, adamın tamahı düşür!
Abırlı, həyalı! Məsum! Incə! Nazənin! Amma əslində qoca köpəkdi! Dişlərini qıcıyıb mırıldayır!
Ağzından da iylənmiş su axır! (Otağa dolan su artıq Qadının belinəcən qalxıb.) Ip gör necə islanıb
e!.. Gödələcək quruyanda. Nə olsun, qoy gödəlsin. Onsuz da yuyulacaqdı də.
Pauza.
Ay qoca köpək! Elə bilirsən durub o kranı bağlayacam? Yox! Bağlamayacam! Ipi islatmaqla
məni qorxudacaqsan? Xox! Baxarıq! Supulunu da vermişəm! Bir dənə yaşıl üçlük, bir dənə də göy
beşlik! Qabaqlar ona bir dünya şey almaq olardı. Indi olub heç nə! Indi hər şey heç nə olub!
Qabaqlar, heç olmasa, böyük-kiçik var idi, indi nə var? Heç nə! Hörmət-izzət, hamısı çıxıb gedib
işinin dalınca! Kim kimədi? Dərəbəylikdi! Get dəniz kənarında bir dənə gəmi partlat – heç kimin
vecinə deyil! Hamı oturub evində corabını toxuyur. Yəni o adamlar ki, corab toxuyur, oturub
evində, onnar ki, toxumurlar, yüz cürə pəstəhadan çıxırlar! Balıq tuturlar! Suyu istəyir saf olsun,
istəyir bulanıq, onnar üçün fərqi yoxdu. Əslində heç balıqlar üçün də fərqi yoxdu ki, bulanıqdı su,
yoxsa yox, əlli il bunnan qabaq necə qarmağa keçirdilər, indi də eləcə qarmağa keçirlər... Amma
suda toxumaq çətin olur... (Əlləri artıq suyun altında qalıb.) Eybi yox... Çətinlik görə-görə gəlmişəm
də!.. Min çətinliyim olub bu kaftar dünyada, indi də olsun min birincisi! Əhməd Əlinin də gözləri
elə bərələ qalmışdı. Elə bil, birinci dəfədi belə şeylər görür. (Suyun altında qalmış telefon zəng çalır.
Əli ilə suda axtarıb dəstəyi tapır və qaldırır. Əsəbi.) Sən get öz dərdini çək, bildin?! Özünsən! Mən o
yolları qayıdanda, sən hələ iməkləyə-iməkləyə təzəcə yola düzəlirdin! Mən o işə dördəlli girişəndə,
sən hələ barmağını ağzına soxub əmzik əmirdin! Bildin?! (Dəstəyi suyun içinə atır.) Düz əlli il
bundan əvvəl idi, bir dəfə qoz ağacının altında yatmışdım, yağış yağıb oyatdı məni. Bir damcı düz
dodaqlarıma düşdü. Elə duzluydu, elə sərin idi, indiyəcən dadı damağımdadı! O da gəlib üstümə
qışqırmağa başladı ki, qoz ağacının altında yatmazlar, adam zəhərlənər, başı ağrıyar. Bu baş
kimindi? Mənimdi, yoxsa sənindi? Özüm bilərəm, sənə nə var, hə?! Mən qoz ağacının altında
yatanda başım ağrıyıb eləmir, bildin? Mən qoz ağacının altında yatanda yağış yağır! O yağışın
damlaları elə sərin, elə duzlu olur ki!.. Bunu sən başa düşməzsən! Bir də ki... Bilmirəm heç sizə
deyim, yoxsa yox?.. Bir də ki... mən qoz ağacının altında yatanda səs eşidirəm... Həm səsdi, həm də
elə bil ki, işıqdı... Çox tanış səsdi... Çox doğmadı... Birdən mənə elə gəlir ki... Mənə elə gəlir ki, o
səsi çox qabaqlar eşitmişəm... Əlli il bundan qabaq yox e, çox-çox onnan qabaq... Hələ anadan
olmamışdan qabaq... Hələ dünyaya gəlməmişdən qabaq... O vaxtlar ki, hələ mən yox idim, onda
eşitmişdim o səsi... mən belə bilirəm, mən belə hiss edirəm də!.. Amma kimə deyəsən bunu?
Deyəcəklər ki, dəlidi! Kimə deyəsən? (Əlini sudan çıxarıb barmağını krana tuşlayır.) Bunnara?
Bunnarda insaf var bəyəm? Mürvət var? Pulunu da vermişəm, hər şeyi də yerində. Neçə gündü su
vermirlər, hə? Üç gündən artıqdı! Qoy axsın indi! Xox! Qorxdum sizdən! (Kinayə ilə) Bu saat! Bu
saat durub fincannan boşaldacam buranın suyunu! Gözləyin ha!.. Ay axmaqlar, dənizin də suyunu
çömçə ilə boşaltmaq olar?! Elə bilirsiz ki, toxuya bilməyəcəm, hə? Elə bilirsiz ki, əlim suyun
içindədi, ip islanıb, gözüm görmür, vəssalam də, hə?! Lap yaxşıca toxuyuram! Acığınıza üç il yox,
beş il geyəcəm bu corabları, beş il! O birisini də beş il! O birisini də beş il! Bax, belə! Ölün indi!
Gəbərin! Amma mən ölsəm də toxuyacam!
Pauza.
Mən öləndən sonra da bu corabı toxuyacam, bildiz?! Sizin ağlınız kəsən şey deyil bu! O biri
corabları da toxuyacam! Dənizi isə çömçə ilə boşaltmaq olmaz! Amma bir şeyi də bilin: dənizdə
balıq sevdası olmaz! (Suyun altından telefon zəng çalır. Əli ilə axtarıb dəstəyi tapır və sudan çıxarıb
qulağına tutur.) Hə? Nə danışırsan?! (Daha artıq bir kinayə ilə) Ola bilməz!.. Əşşi, qoy görək!..
(Sakit halda) Bilirsən nə var? Sənə bir söz deyəcəm, papağını qoy qabağına, yaxşıca fikirləş! Qulaq
as: su ki, var, hər şeyi təmizlər! Dünyada elə çirkab yoxdu ki, su onu təmizləməsin! (Dəstəyi suyun
içinə atır.) Getdi düşdü görəsən aparatın üstünə? Qoy yoxlayım. (Əli ilə suyun içində axtarır.) Hanı
bu? Bude... Hə, bude... Yoxsa ki, sənin zəngindən qorxuram?! (Su artıq boğazına qədər qalxıb.)
Dəniz mənim üçün nə boydadısa, bir qazan su da milçək üçün o boydadı! Görürsən ki, o qazandakı
suyun içinə milçək düşüb. Bu dünyada ki, bu qədər zibillik var, bu qədər üfunət var, bu qədər çirkab
var – milçək üçün gözəl zibillik, gözəl üfunət, gözəl çirkab! – niyə bəs o milçək bunnarı qoyur bir
kənara, gəlib özünü atır o qazanın içinə? Niyə? Siz də elə bilirsiz ki, qorxudacaqsız məni, hə? Suyu
verəcəksiz, axacaq, axacaq, axacaq, mən də durub kranı bağlayacam. Hə? Elə helə bilin! Xox! Belə
ki, səxavətliydiz, əvvəldən verəydiz də suyu, niyə vermirdiz? Indi məni qorxutmaq istəyirsiz?
Qorxanam mən? Gəldi də, gəldi gördü Əhməd Əli öz gözləriylə! Rəngi elə qaçmışdı, gözləri elə
bərəlmişdi, elə bil, ağ kağızı sifətinə yapışdırmısan! (Yalnız başı suyun üzərindədir və elə bil ki,
Qadının bədəni heç vaxt olmayıb, təkcə elə başı olub və o baş həmişə elə eləcə tənha bir varlıq kimi
suyun üzərində imiş.) Bir dəfə, əlli il bundan qabaq, elə bil, şeytan yolumdan azdırdı məni, gedib
çıxdım köhnə dəyirmanın xarabalığına, dörd-beş oğlan uşağı yığışmışdı orda, arı bala gələn kimi,
üstümə cumdular, o oramı əlləşdirdi, bu buramı əlləşdirdi, axırda da bir eşşək tapıb məni tərsinə
otuzdurdular o yazıq heyvanın belinə, «çuş!» – deyib dalına bir təpik vurdular. Gəlib evə çıxanda, o
vay-həşirin içində, o qırğın-qiyamətin içində, mənim təkcə bir istəyim var idi: bircə qurtum su içim!
(Qadının başı təəccüblə ətrafa baxır.) Məniydim o? Hanı bəs? Nəyi əlləşdirirdilər eləcə o balaca
uşaqlar? Hanı mənim bədənim? Sudu ki, hər tərəf!.. Mən toxuyacam e, toxuyacam, amma Əhməd
Əli gələndə qapını necə açacaq? (Su yavaş-yavaş dolur.) Sudu... Su... Su... (Artıq ağzı-burnu da
suyun altında qalır, yalnız gözləridi, ətrafa baxır və Qadının ağappaq saçları suyun üzünə yayılır.
Suyun içindən telefonun zəngi eşidilir. Zəng çalır, çalır. Bir azdan Qadının başı suyun içində tamam
yox olur. Telefonun zəngi isə elə hey çalır, çalır.)
S O N
24 sentyabr 1992.
|